İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə İsmayilov rusiyaya qarşI




Yüklə 86.48 Kb.
tarix22.04.2016
ölçüsü86.48 Kb.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

Birinci bölmə

İSMAYILOV RUSİYAYA QARŞI

(Şikayət № 30352/03)

QƏRAR

Strasburq, 06 noyabr 2008-ci il

Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.

İsmayılov Rusiyaya qarşı iş üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,

Xristos Rozakis, Sədr,

Nina Vajiç,

Anatoli Kovler,

Din Spilman,

Sverr Erik Jebens,

Ciorcio Malinverni,

Qeorqe Nikolau, hakimlər,

və Soren Nilsen, Bölmə Katibi,

16 oktyabr 2008-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

PROSEDUR

1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab AdılYunus oğlu İsmayılovun (“ərizəçi”) Rusiyaya qarşı verdiyi şikayət üzrə (№ 30352/03) iş 02 sentyabr 2003-cü ildə başlanılmışdır.

2. Hüquqi yardımla təmin olunan ərizəçini Moskvada yerləşən qeyri-hökumət təşkilatı olan Beynəlxalq Müdafiə Mərkəzindən cənab M. Raçkovski və xanım O. Preobrazenskaya təmsil ediblər. Rusiya Hökuməti (“Hökumət”) onun İnsan Hüquqları üzrə Avropa Məhkəməsində keçmiş nümayəndəsi cənab P. Laptev tərəfindən təmsil olunub.

3. 20 yanvar 2006-cı ildə Məhkəmə şikayət barədə Hökumətə məlumat verməyi qərara alıb. Həmçinin qərara alınıb ki, işin mahiyyəti məqbuliyyəti ilə eyni vaxtda araşdırılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).

4. Azərbaycan Hökuməti məhkəmə araşdırmalarına cəlb olunmaq hüququndan istifadə etməyib (Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndi).

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçi 1937-ci ildə anadan olub və Moskvada yaşayır.

6. 17 noyabr 2002-ci ildə ərizəçi Bakıdan Moskvaya gəlib. O, Bakıdakı miras evinin satılmasından qalan 21.348 ABŞ dolları (USD) özü ilə gətirib. Lakin gömrük bəyannaməsində o, yalnız 48 USD göstərib, halbuki, Rusiya qanunvericiliyi 10.000 USD keçən hər hansı məbləğin gömrükdə bəyan olunmasını tələb edir. Gömrük orqanları qalan məbləği onun baqajında aşkar edib. Ərizəçi Cinayət Məcəlləsinin 188-ci maddəsinin 1-ci bəndinə əsasən cinayət əməli olan qaçaqmalçılıqda ittiham edilib və pul maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.

7. 08 may 2003-cü ildə Moskvanın Qolovinski rayon məhkəməsi ərizəçini ittiham üzrə təqsirli bilib və altı aylıq sınaq müddəti ilə altı ay azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edib. Onun puluna dair məhkəmə qərara gəldi ki:

“Maddi sübut — Şeremetyevo Gömrük İdarəsinin Mərkəzi kassasında saxlanılan 21.348 ABŞ dolları — Dövlətə verilməlidir.”

8. Apellyasiya şikayətində ərizəçi təqsirsizliyini irəli sürüb və bildirib ki, müsadirə qərarı daxili qanunvericiliyə əsaslanmayıb, ona görə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsi müsadirəni cəza kimi nəzərdə tutmayıb.

9. 29 may 2003-cü ildə Moskva şəhər məhkəməsi apellyasiya qaydasında məhkumluğu qüvvədə saxladı. Pula gəldikdə, bu məhkəmə qeyd etdi ki, birinci instansiya məhkəməsi pulun müsadirəsini cəza kimi qərara almayıb, o, maddi sübutun taleyini həll edib.

10. Ərizəçi Rusiyanın müxtəlif orqanlarına şikayətlər göndərib. O vurğulayıb ki, kasıbçılıq həddindən aşağı vəziyyətdə yaşayıb və bu səbəbə görə anasından miras qalmış Bakıdakı evini satmağı qərara alıb. O, vəsiyyətnamənin və evin alqı-satqı müqaviləsinin surətlərini əlavə edib. O, humanitar əsaslarla qanuni əldə olunmuş pulu geri qaytarmağı xahiş edib.

11. 08 sentyabr 2003-cü ildə Rusiya Federasiyasının Ombudsmanı Moskva şəhər prokurorunun vəzifəsini icra edənə ərizəçinin xeyrinə məktub yazaraq, müsadirə qərarı hissəsində araşdırmaların nəzarət qaydasında yenidən açılması üçün təqdimat göndərməyi xahiş edib. 18 sentyabr 2003-cü ildə Moskva şəhər prokurorunun müavini Ombudsmana cavab verib ki, nəzarət qaydasında araşdırmaların yenidən açılması üçün səbəblər mövcud deyildir, ona görə ki, müsadirə qərarı SSRİ Ali Məhkəməsi Plenumunun 03 fevral 1978-ci il tarixli Qərarının 7-ci bəndi əsasında qanuni olub.

12. 22 oktyabr 2003-cü ildə Ombudsman nəzarət qaydasında araşdırmaların yenidən açılmasını Baş Prokurordan xahiş edib. O, ilkin olaraq yazıb ki, Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq ərizəçinin pulunun maddi sübutların hansı kateqoriyasına aid olduğuna dair hər hansı prosessual sənəddə müddəa yoxdur. Bu səhv maddi sübutun taleyi barədə düzgün olmayan qərarın çıxarılmasına səbəb olub. Ərizəçinin pulu nə cinayətin aləti olub — qaçaqmalçılıq işlərində yalnız gizləyici yerlər belə alət ola bilər nə də bu pul cinayət nəticəsində əldə olunub. Müvafiq olaraq, Cinayət Prosessual Məcəlləsinin 81-ci maddəsinin nə 3 (1) bəndi, nə də 3 (4) bəndi ərizəçinin vəziyyətinə tətbiq edilən olub və pul həmin maddənin 3 (6) bəndinə əsasən qanuni sahibinə qaytarılmalıdır. Əks halda, müsadirə qərarı həmin hüquq pozuntusuna görə ikinci cəzaya defakto çevrilirdi. Nəhayət,Ombudsman SSRİ Ali Məhkəməsi Plenumunun 03 fevral 1978-ci il tarixli Qərarının tətbiqini mübahisələndirib. O vurğulayıb ki, 7-ci bənd “qüvvədə olan qanunvericiliyin” tətbiqini açıq-aydın nəzərdə tutub. Yeni Cinayət Məcəlləsi qaçaqmalçılıq işlərində müsadirəni nəzərdə tutmadığına görə 7-ci bənd tətbiq edilə bilməz.

13. 09 dekabr 2003-cü ildə Baş Prokurorun müavini Ombudsmana cavab verib ki, Ali Məhkəmənin Rəyasət Heyəti artıq qaçaqmalçılıq obyektinin hüquq pozuntusunun aləti kimi qiymətləndirilə bilinməsi və buna görə müsadirəsinin yol verilən olduğu barədə mövqeyini ifadə edib (o, aşağıda 23-cü paraqrafda qeyd olunan Petrenko işi üzrə qərara istinad edib).

14. Ombudsman ərizəçinin və başqa şəxsin xeyrinə konstitusiya şikayəti verib.

15. 08 iyul 2004-cü ildə Konstitusiya Məhkəməsi bu şikayəti qeyri-məqbul elan edib (№ 251-0 saylı Qərardad). Bu məhkəmə qərara gəldi ki, cinayət işində maddi sübut kimi qəbul olunan obyektlərin, o cümlədən hüquq pozuntularının alətlərinin və gəlirlərinin müsadirə olunmasının hüquqi mümkünlüyü Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı BMT Konvensiyası və Cinayətdən Əldə Olunan Gəlirlərin Yuyulması, Axtarışı, Götürülməsi və Müsadirəsi barədə Avropa Şurasının Konvensiyası üzrə Rusiya Federasiyasının öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olub. Bu baxımdan, Cinayət Prosessual Məcəlləsinin 81-ci maddəsi qanunsuz müdaxiləyə icazə verməyib və özlüyündə şikayətçilərin konstitusiya hüquqlarını pozmayıb. Konstitusiya Məhkəməsi aşağıdakı kimi qənaətə gəlib:

“Rusiya Federasiyasının gömrük sərhədindən qanunsuz keçirilmiş obyektlərin statusunun cinayət işlərində müəyyən olunması və cinayət müsadirəsinə məruz qala bilən maddi sübutun mahiyyətinə bu obyektlərin uyğun olub-olmaması barədə qərar ... cinayət işinə baxan ümumi yurisdiksiya məhkəməsi tərəfindən qəbul edilməlidir... Maddi sübutun müsadirəsinə dair qərarın qanuniliyi və onun əsaslandırılması cinayət işi üzrə yuxarı məhkəmələr tərəfindən yoxlanılmalıdır. Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi belə yoxlamanı həyata keçirmək səlahiyyətinə malik deyildir... ”

16. 24 mart 2005-ci ildə Konstitusiya Məhkəməsi, özünün 08 iyul 2004-cü il tarixli qərarına aydınlıq gətirilməsi haqqında Ombudsmanın sonrakı müraciətini rədd edib.

II. MÜVAFİQ BEYNƏLXALQ VƏ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ

17. Transmilli hüquq pozuntularına və həmçinin mütəşəkkil cinayət qrupuna, cinayətdən əldə olunan gəlirlərin yuyulmasına, korrupsiyaya və ədalət mühakiməsinə maneələrə aid Rusiya Federasiyası tərəfindən 26 may 2004-cü ildə ratifikasiya olunmuş BMT Konvensiyası aşağıdakıları nəzərdə tutur:



Maddə 7. Pulların yuyulmasına qarşı mübarizə üçün tədbirlər

“2. Üzv Dövlətlər sərhədlərində pulun və müvafiq satıla bilən əşyaların hərəkətinin aşkar edilməsi və nəzarət altında saxlanılması üçün zəruri tədbirlərin tətbiqini nəzərdən keçirməlidirlər və bunu edərkən, informasiyadan düzgün istifadənin təminatını təmin etməlidirlər və qanuni vəsaitin hərəkətinə heç bir halda maneə törətməməlidirlər. Belə tədbirlər fərdi şəxslərdən və iş adamlarından pulun və müvafiq satıla bilən əşyaların əhəmiyyətli həcminin sərhədkeçmə bəyannaməsinin təqdim edilməsi tələbini daxil edə bilər.”



Maddə 12. Müsadirə və götürülmə

“1. Tərəf Dövlətlər daxili hüquq sistemlərində mümkün olan ən böyük dərəcəyə qədər aşağıdakıların müsadirəsi üçün zəruri olan tədbirləri qəbul etməlidirlər:

(a) Bu Konvensiya ilə əhatə olunan hüquq pozuntularından irəli gələn cinayət gəlirləri və ya belə gəlirlərə müvafiq olan dəyərdə əmlak;

(b) Bu Konvensiya ilə əhatə olunan hüquq pozuntularında istifadə olunan və ya belə istifadəyə təyinatlı olan əmlak, təchizat və ya başqa əşyalar.”

18. Rusiya Federasiyasının Cinayət Məcəlləsi nəzərdə tutur ki, qaçaqmalçılıq, Rusiya Federasiyasının gömrük sərhədindən malların və ya başqa obyektlərin geniş həcminin gömrükdən gizlədilməsi yolu ilə və ya belə malların bəyan olunmaması, yaxud da düzgün bəyan olunmaması ilə törədilən hərəkət olmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (188-ci maddənin 1-ci bəndi).

19. “Xarici valyuta haqqında” Qanun (həmin vaxtda qüvvədə olmuş 09 oktyabr 1992-ci il tarixli 3615-1 saylı Federal Qanun) nəzərdə tutub ki, Rusiyada daimi və qeyri-daimi yaşayanlar gömrük qaydalarına riayət etməklə hər hansı məhdudiyyətlər olmadan Rusiyaya xarici valyuta köçürmək, gətirmək və göndərmək hüququna malikdirlər (6-cı maddənin 3-cü bəndi və 8-ci maddənin 1-ci bəndi).

20. Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsi aşağıdakıları nəzərdə tutur:

Maddə 81. Maddi sübutlar

“1. Maddi sübut kimi hər hansı obyekt tanına bilər, o halda ki:

(1) cinayətin aləti kimi istifadə olunsun və ya cinayətə dair izləri əks etdirsin;

(2) cinayət hərəkətlərinin məqsədi olsun;

(3) cinayətin aşkar edilməsi və ya cinayət işinin hallarının müəyyən olunması üçün istifadə oluna bilən hər hansı başqa obyekt və ya sənəd.

3. Məhkumluq haqqında qərar qəbul edilərkən ... maddi sübutun taleyi həll edilməlidir. Belə işdə-

(1) təqsirləndirilən şəxsə məxsus olan cinayət alətləri müsadirəyə, səlahiyyətli orqanlara verilməyə və ya məhv edilməyə məruz qala bilər;

(2) dövriyyədə olması qadağan olunmuş obyektlər səlahiyyətli orqanlara verilməli və ya məhv edilməlidir;

(3) hər hansı dəyəri olmayan bərpa edilməyən obyektlər məhv edilməlidir;

(4) cinayət yolu ilə əldə olunmuş pul və başqa əmlaklar məhkəmə qərarı ilə Dövlətə verilməlidir;

(5) sənədlər işin materiallarında saxlanılmalıdır...;

(6) hər hansı digər obyektlər qanuni sahiblərinə qaytarılmalı və ya sahiblərin şəxsiyyətinin müəyyən olunması mümkün olmadıqda, Dövlətə verilməlidir...”

Oxşar müddəalar əvvəllər RSFSR-in Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsində əks olunub (bax, Baklanov Rusiyaya qarşı iş üzrə 09 iyun 2005-ci il tarixli Qərar, № 68443/01,§20).

21. “Qaçaqmalçılıq cinayətinə aid məhkəmə təcrübəsi barədə” SSRİ Ali Məhkəməsi Plenumunun 03 fevral 1978-ci il tarixli 2 saylı Qərarı aşağıdakıları nəzərdə tutur:

“7. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, qaçaqmalçılığın obyektləri maddi sübut kimi Dövlətə müsadirəyə məruz qala bilər. Avtomobillər və başqa nəqliyyat vasitələri də, əgər onlar malların və ya başqa vəsaitlərin gizlədilməsi üçün xüsusi gizli yerlərlə təchiz olunubsa, cinayətin alətləri kimi müsadirə oluna bilər...”

22. “İş üzrə maddi sübut kimi tanınan cinayət alətlərinin müsadirəsi barədə” SSRİ Ali Məhkəməsi Plenumunun 16 avqust 1984-cü il tarixli 19 saylı Qərarı aşağıdakıları nəzərdə tutur:

“Etinasızlıq cinayət əməlləri ilə bağlı işlərdə ... RSFSR Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin 1-ci bəndinin tətbiqinin mümkünlüyünə aid sualları nəzərə alaraq, SSRİ Ali Məhkəməsinin Plenumu aydınlaşdırmağı qərara alır ki -

- məhkuma məxsus olan və maddi sübut kimi elan olunan obyektlər RSFSR Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin 1-ci bəndi əsasında yalnız o halda müsadirə oluna bilər ki, ... məhkum və ya başqa iştirakçılar cinayət nəticəsinə nail olmaq üçün onlardan qəsdən alət kimi cinayətdə istifadə ediblər.”

23. Rusiya Federasiyası Ali Məhkəməsinin Rəyasət Heyəti, Baş Prokuror Petrenkoya qarşı işdə (10 iyun 1998-ci il tarixli 446p98pr saylı qərar) xarici valyutanın qaçaqmalçılıqla ölkəyə gətirilməsinə görə cənab Petrenkonun məhkum olunduğu, lakin Cinayət Məcəlləsinin 188-ci maddəsinin müsadirəni cinayət cəzası kimi nəzərdə tutmadığı üçün pulun ona geri qaytarıldığı barədə hökmdən prokurorun protestini təmin edib. Rəyasət Heyəti aşağıdakı qənaətə gəlib:

“Cinayət cəzası kimi əmlakın müsadirəsi maddi sübut kimi tanınan qaçaqmalçılıq obyektlərindən fərqləndirilməlidir. Bu məsələlər hökmdə ayrıca qiymətləndirilməlidir ...

RSFSR-in Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin 1-ci bəndinin, eləcə də CPM-in 83-cü maddəsinin mənasında cinayətin aləti, onun əsas təyinatından asılı olmayaraq, ictimai təhlükəli əmələ nail olmaq məqsədilə istifadə olunmuş hər hansı obyektdir. Müvafiq olaraq, cinayət alətinin anlayışı cinayətin obyektini ehtiva edir.

Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin imperativ elementi gömrük sərhədindən qanunsuz keçirilən qaçaqmalçılığın obyektidir... Məhkəmə ABŞ dollarının cinayətin obyekti olduğunu qeyd edərək, cənab Petrenkonu qaçaqmalçılığa cəhddə təqsirli bilib. Müvafiq olaraq, CPM-in 86-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, maddi sübutun taleyinin həlli tələb olunurdu — belə ki, bu cinayət alətləri barədə qaydalarda təsbit edilib — lakin buna əməl olunmayıb.”



HÜQUQİ MƏSƏLƏLƏR

I. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

24. 1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, hakimiyyət orqanları onun miras qalan evin satılması nəticəsində əldə etdiyi pulu qanunsuz götürüblər. 1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”



A. Məqbuliyyət

25. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-ci bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Daha sonra, Məhkəmə qeyd edir ki, bu şikayət hər hansı başqa əsaslarla qeyri-məqbul deyildir. Bu səbəblərə görə şikayət məqbul elan olunmalıdır.



B. Mahiyyət

1. Tərəflərin dəlilləri

26. Ərizəçi, ilkin olaraq bildirib ki, müsadirə tədbiri qanunsuz olub, ona görə ki, bir tərəfdən, Cinayət Məcəlləsinin 188-ci maddəsi qaçaqmalçılığa görə müsadirəni cəza kimi nəzərdə tutmayıb və digər tərəfdən, Cinayət Prosessual Məcəlləsinin 81-ci maddəsi hakimiyyət orqanlarına yalnız cinayət yolu ilə əldə olunmuş pulun müsadirəsinə icazə verib, halbuki, ondan götürülmüş pul anasının Bakıdakı evinin satılmasından əldə olunan qanuni gəlirlər olub. Ərizəçi vurğulayıb ki, o, cinayət məsuliyyətinə cəlb edilməyib, nə də cinayət fəaliyyətində şübhəli bilinib və Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı BMT Konvensiyası onun işinə aid deyildir. Nəhayət, ərizəçi bildirib ki, müsadirə tədbiri onun üzərinə qeyri-mütənasib yük qoyub, xüsusilə nəzərə alsaq ki, o, artıq cinayət məhkumluğu və azadlıqdan məhrum etmə ilə şərti olaraq cəzalandırılıb.

27. Hökumət bildirib ki, ərizəçinin apardığı pul cinayətin aləti və cinayət işində maddi sübut olub. Bu pul Cinayət Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3 (1) bəndinə və Ali Məhkəmənin Petrenkonun işindəki presedent-hüququna müvafiq olaraq müsadirə edilib. Bu qərar beynəlxalq hüquq prinsiplərinə və xüsusən, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı BMT Konvensiyasının “cinayəti törədərkən istifadə olunan və ya istifadə olunma üçün nəzərdə tutulan cinayət gəlirlərinin və əmlakının, təchizatının və ya başqa vəsaitlərinin müsadirəsinin mümkünlüyünü” əks etdirən 12-ci maddəsinə uyğun olub. Müsadirə tədbiri qanuni əsaslara malik olub və həmçinin ərizəçi üçün əvvəlcədən gözlənilən olub.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Tətbiq olunan qayda

28. 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qaydanı ehtiva edir: birinci bəndin birinci cümləsində əks olunmuş birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini ifadə edir; birinci bəndin ikinci cümləsində göstərilmiş ikinci qayda mülkiyyətdən məhrumiyyəti əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci bənddə təsbit edilmiş üçüncü qayda tanıyır ki, Tərəf Dövlətlər, inter alia, ümumi marağa uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarət hüququna malikdirlər. Lakin bu üç qayda əlaqəli olmamaq mənasında fərqli deyildir. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret hallarına aiddir və buna görə, birinci qaydada əks olunmuş ümumi prinsip baxımından təfsir edilməlidir (bax, yaxın vaxtlardakı mənbə kimi, Broniovski Polşaya qarşı (BP), № 31443/96, § 134, İHAM 2004-V).

29. Hazırkı işdə sözügedən “əmlak” məhkəmə qərarı ilə ərizəçidən müsadirə olunan ABŞ dollarının məbləği olub. Müsadirə qərarının ərizəçinin mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə etdiyini və buna görə, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqini tərəflər mübahisələndirmirlər. Tədbirin Konvensiyanın bu müddəasının birinci və ya ikinci bəndi ilə əhatə olunub-olunmamasının müəyyən edilməsi qalır.

30. Məhkəmə daimi yanaşmasını təkrar edir ki, müsadirə tədbiri mülkiyyətdən məhrum etməyə toxunsa belə, 1 saylı Protokolun 1-ci maddəsinin ikinci bəndinin mənasında mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir (bax, Rila və digərləri İtaliyaya qarşı (qərardad), № 52439/99, 04 sentyabr 2001-ci il; Arkuri və digərləri İtaliyaya qarşı (qərardad), № 52024/99, 05 iyul 2001-ci il; C.M. Fransaya qarşı (qərardad), № 28078/95, 26 iyun 2001-ci il; Kanada Hava Yolları Birləşmiş Krallığa qarşı, 05 may 1995-ci il tarixli qərar, A Seriyaları, № 316-A, § 34; və AQOSİ Birləşmiş Krallığa qarşı, 24 oktyabr 1986-cı il tarixli qərar, A Seriyaları, № 108, § 34). Müvafiq olaraq, Məhkəmə hesab edir ki, eyni yanaşmaya hazırkı işdə riayət edilməlidir.



(b) 1 saylı Protokolun 1-ci maddəsinə uyğunluq

31. Məhkəmə vurğulayır ki, 1 saylı Protokolun 1-ci maddəsinin ilk və ən əhəmiyyətli tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadəyə dövlət hakimiyyətinin hər hansı müdaxiləsi “qanuni” olmalıdır: ikinci bənd tanıyır ki, Dövlətlər “qanunlar” tətbiq etməklə mülkiyyətdən istifadəyə nəzarət hüququna malikdirlər. Bundan başqa, demokratik cəmiyyətin əsaslarından biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Cəmiyyətin ümumi maraqları ilə şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa nail olunub-olunmaması məsələsi yalnız o halda əhəmiyyətli olur ki, sözügedən müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığı müəyyən olunsun (bax, başqa mənbələrlə yanaşı, Baklanov Rusiyaya qarşı, № 68443/01, § 39, 09 iyun 2005-ci il və Frizen Rusiyaya qarşı, № 58254/00, § 33, 24 mart 2005-ci il).

32. Ərizəçinin üzərində aşkarlanmış pul Cinayət Prosessual Məcəlləsinin 81-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq ona qarşı cinayət işi üzrə maddi sübut kimi tanınıb. Bu maddənin 3-cü bəndinə müvafiq olaraq, hökmü elan edərkən, məhkəmə maddi sübutun taleyini həll etməlidir. O müəyyən edib ki, pul Cinayət Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3-cü bəndinin 1-ci yarımbəndində mümkünlüyü təsbit olunan müsadirəyə məruz qala bilən cinayət alətidir. Cinayət Prosessual Məcəlləsinin 81-ci maddəsinin yalnız cinayət yolu ilə əldə olunmuş əmlakların müsadirəsinə icazə verdiyi barədə ərizəçinin dəlillərinin əksinə olaraq, bu müddəa cinayət alətlərinin mənbəyinin qanuni və ya qanunsuz kimi olduğuna dair qiymətləndirilməni nəzərdə tutmayıb. Bəyannamədə göstərilməmiş pulun qaçaqmalçılığın aləti və ya obyekti kimi qiymətləndirilməli olub-olmadığına gəldikdə, Məhkəmə qeyd edir ki, ən azı Petrenkonun işi üzrə Ali Məhkəmənin qərarı ilə (bax, 23-cü paraqraf) “cinayətin aləti” anlayışının təfsiri həm də cinayətin obyektini ehtiva edən kimi Rusiyanın hüququna daxil edilib. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, tədbir, tətbiqində kifayət qədər əvvəlcədən gözlənilən olan əsasa daxili qanunvericilikdə malik olub.

33. Müdaxilənin güdə bildiyi cəmiyyətin ümumi marağına gəldikdə, Məhkəmə qeyd edir ki, Dövlətlər qanuni maraqlara, eləcə də Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı BMT Konvensiyası kimi müxtəlif beynəlxalq müqavilələrin mənasında vəzifəyə malikdirlər ki, sərhədlərindən pulun hərəkətini aşkarlasın və nəzarətdə saxlasınlar, ona görə ki, pulun böyük həcmi pulların yuyulması, narkotik trafiki, terrorizmin maliyyələşdirilməsi və ya cinayətin təşkili, vergidən yayınma və ya başqa ciddi maliyyə cinayətlərinin törədilməsi üçün istifadə oluna bilər. Dövlət sərhədini keçən hər şəxs üçün tətbiq olunan ümumi bəyannamə tələbi pulun ölkəyə aşkarlanmamış daxil olmasının və ya çıxmasının qarşısını alır və gömrük orqanlarına pulun bəyan edilməməsi səbəbindən tətbiq olunan müsadirə tədbiri bu cinayətlərlə mübarizə üçün yaradılmış ümumi tənzimləyici sxemin bir hissəsidir. Buna görə, məhkəmə hesab edir ki, müsadirə tədbiri cəmiyyətin ümumi maraqlarına cavab verib.

34. Bundan sonra, Məhkəmə cəmiyyətin ümumi maraqlarının qorunması üçün hakimiyyət orqanları tərəfindən istifadə olunan vasitələrlə ərizəçinin mülkiyyətdən maneəsiz istifadə hüququnun müdafiəsi arasında mütənasibliyin əsaslı münasibətinin olub-olmamasını və ya başqa sözlə, ərizəçinin üzərinə fərdi və həddən artıq yükün qoyulub-qoyulmadığını yoxlamalıdır.

35. Ərizəçinin təqsirli bilindiyi cinayət əməli apardığı 21.348 ABŞ dollarının nağd şəkildə gömrük orqanlarına bəyan olunmamasını təşkil edib. Qeyd olunması vacibdir ki, xarici valyutanın nağd şəkildə Rusiyaya gətirilməsi hərəkəti Rusiya qanunvericiliyi baxımından qanunsuz olmayıb. Xarici valyutanın sadəcə olaraq daxil edilməsi qanuni deyildir, həmçinin qanuni keçirilə bilən və ya hazırkı işdə olduğu kimi fiziki şəkildə Rusiya gömrük sərhədi vasitəsilə gətirilən məbləğ prinsipcə məhdudlaşdırılmayıb (bax, yuxarıda 19-cu paraqraf). Bu element hazırkı işi gətirilməsi qadağan edilmiş mallara (bax, yuxarıda qeyd olunan, qızıl sikkələrin gətirilməsinin qadağasına aid AQOSİ işi; sanksiya rejiminə düşən Yuqoslaviya hava gəmisinə qadağaya aid Bosfor Hava Yolları Turizm və Ticarət Anonim Şirkəti İrlandiyaya qarşı (BP), № 45036/98, İHAM 2005-VI) və ya qadağan olunmuş maddələrin, yaxud insanların nəqli üçün istifadə olunan avtomobillərə aid (bax, yuxarıda qeyd olunan, Kanada Hava Yolları iş; yuxarıda qeyd olunan, C.M. Fransaya qarşı (qərardad) və Yıldırım İtaliyaya qarşı(qərardad), № 38602/02, İHAM 2003-IV) tətbiq edilmiş müsadirə işlərindən fərqləndirir.

36. Bundan başqa, müsadirə olunmuş nağd pulun qanuni mənbəyi mübahisə olunmayıb. Ərizəçi vəsiyyətnamə və alqı-satqı müqaviləsi kimi pulun anasından miras qalmış Bakıdakı evin satılması ilə əldə olunduğunu göstərən sənədli sübutlara malik olub. Bu əsasla Məhkəmə hazırkı işi əmlakın cinayətdən əldə olunmuş əmlaka müsadirənin şamil edildiyi (bax, Filips Birləşmiş Krallığa qarşı, № 41087/98, §§ 9-18, İHAM 2001-VII), qanunsuz əldə olunması güman olunduğu (bax, hər ikisi yuxarıda qeyd olunan, Rila və Arkuri və Reymondoİtaliyaya qarşı, 22 fevral 1994-cü il tarixli, A Seriyaları, № 281-A, § 29) və ya qanunsuz fəaliyyətdə istifadəsi nəzərdə tutulan (bax, Batler Birləşmiş Krallığa qarşı (qərardad), № 41661/98, 27 iyun 2002-ci il) işlərdən fərqləndirir.

37. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb və sözügedən hadisədən qabaq hər hansı cinayətdə şübhəli bilinməyib və təqsirləndirilməyib. Ərizəçinin üzərinə müsadirə tədbirinin qoyulması ilə hakimiyyət orqanları tərəfindən pulların yuyulması, narkotik trafiki, terrorizmin maliyyələşdirilməsi və ya vergidən yayınma kimi hər hansı başqa qanunsuz fəaliyyətin qarşısının alındığını təsdiq edən heç bir dəlil yoxdur. Onun apardığı pul qanuni əldə olunub və gömrük orqanlarına bəyan olunmaqla bu pulun Rusiyaya gətirilməsinə icazə olub. Belə nəticəyə gəlinir ki, ona aid ola bilən yeganə cinayət hərəkətini bununla bağlı gömrük orqanlarına bəyannaməninedilməməsi təşkil edir.

38. Məhkəmə hesab edir ki, mütənasib qiymətləndirilməsi üçün müdaxilə, pulun yuyulması və ya vergidən yayınma kimi heç zaman müəyyən olunmamış güman olunan hər hansı pozuntunun ağırlığından daha çox bəyannamə tələbinə riayət olunmama adlanan pozuntunun ağırlığına cavab verməlidir. Müsadirə olunmuş məbləğ şübhəsiz olaraq ərizəçi üçün əhəmiyyətli olub, ona görə ki, anasından miras qalmış Bakıdakı evin satılmasından əldə olunan bütün gəliri ifadə edib. Digər tərəfdən, ərizəçinin hakimiyyət orqanlarına vura bildiyi zərər kiçik olub: o, gömrük vəzifələrindən və ya hər hansı başqa rüsumlardan boyun qaçırmayıb, yaxud Dövlətə hər hansı digər maddi zərər vurmayıb. Məbləğ aşkarlanmamış keçdiyi halda, Rusiya hakimiyyət orqanları yalnız pulun Rusiyaya daxil olması informasiyasından məhrum olunardı. Beləliklə, müsadirə tədbiri zərərə görə maddi kompensasiya kimi nəzərdə tutulmayıb — ona görə ki, pulun bəyannamədə göstərilməməsi nəticəsində Dövlət hər hansı itkilərə məruz qalmayıb — ancaq mənasına görə profilaktik və cəzalandırıcı olub (müqayisə et, Bandenun Fransaya qarşı, 24 fevral 1994-cü il, A Seriyaları, № 284, § 47). Lakin hazırkı işdə ərizəçi artıq qaçaqmalçılıq cinayətinə görə sınaq müddəti ilə azadlıqdan məhrum etməyə şərti olaraq cəzalandırılıb. Hökumət tərəfindən inandırıcı şəkildə göstərilməyib və ya mübahisə olunmayıb ki, bu yeganə sanksiya profilaktik və cəzalandırıcı təsirə nail olmaq və bəyannamə tələbinin pozulmasının qarşısını almaq üçün kifayətedici olmayıb. Belə olan halda, əlavə sanksiya kimi müsadirə tədbirinin tətbiqi, Məhkəmənin qiymətləndirilməsində qeyri-mütənasib olub, ona görə ki, ərizəçinin üzərinə “fərdi və həddən artıq yük” qoyub.

39. Buna görə, iş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib.



II. KONVENSİYANIN DİGƏR İDDİA EDİLƏN POZUNTULARI

40. Ərizəçi daha sonra Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən şikayət edib ki, ağlabatan müddətdə ədalətli məhkəmə araşdırılması hüququ və müdafiə üçün şahidlərin dindirilməsi hüququ pozulub. Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinə əsasən, o bildirib ki, onun törətdiyi pozuntu hər hansı ictimai və ya Dövlət maraqlarına zərər vurmayıb. Məhkəmə hesab edir ki, bu şikayətlər sübut olunmayıb və açıq-aşkar əsassız kimi onları rədd edir.

41. Nəhayət, 7 saylı Protokolun 4-cü maddəsinin 1-ci bəndinə əsasən ərizəçi şikayət edib ki, pulun müsadirəsi artıq azadlığın məhrum olunması ilə cəzalandırıldığı hüquq pozuntusuna görə ikinci məhkumluğu təşkil edib. Hər iki sanksiyanın eyni işdə çıxarıldığını nəzərə alaraq, 7 saylı Protokolun 4-cü maddəsi tətbiq edilməzdir. Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəaları ilə ratione materiae uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

42. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

43. Ərizəçi maddi zərərə görə müsadirə tarixində mübadilə dərəcəsi ilə hesablanmış 679.346.73 Rusiya rublu tələb edib. O, həmçinin müsadirə olunmuş pulla Moskvada almaq istədiyi bir otaqlı mənzilə ekvivalent olan mənzilin dəyərini təşkil edən 120.000 EUR tələb edib.

44. Hökumət bildirib ki, tələb olunan məbləğin həddən artıq olduğu açıq-aşkardır.

45. Məhkəmə müəyyən edib ki, məbləğ ərizəçidən 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu ilə müsadirə olunub. Buna görə, Məhkəmə maddi zərərə dair ərizəçinin tələbini qəbul edir və bununla bağlı ona 20.000 EUR ödənilməli olduğunu qərara alır. Lakin Məhkəmə hesab edir ki, mənəvi zərərə görə tələb həddən artıqdır. Ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi əlavə olunmaqla, ərizəçiyə mənəvi zərərə görə 5.000 EUR ödənilməli olduğuna dair qərara gəlir.



B. Xərc və məsrəflər

46. Ərizəçi xərc və məsrəflərə görə hər hansı tələblər irəli sürməyib. Müvafiq olaraq, bununla bağlı hər hansı kompensasiyanın təyin edilməsi üçün əsas yoxdur.



C. Faiz dərəcəsi

47. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.



BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ

1. Yekdilliklə ərizəçinin mülkiyyətdən maneəsiz istifadə hüququnun iddia olunan pozuntusuna aid şikayətini məqbul və şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;

2. Altı səslə bir səsə qarşı iş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alır;

3. Altı səslə bir səsə qarşı qərara alır ki,

(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində maddi və mənəvi zərərə görə Dövlət tərəfindən ərizəçiyə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, 25.000 EUR (iyirmi beş min avro) həll olunma tarixinə tətbiq olunan dərəcə ilə Rusiya rublunda ərizəçiyə ödənilsin;

(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək adi maraq üç faiz əlavə olunmaqla yuxarıdakı məbləğ, üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;

4. Yekdilliklə ərizəçinin ədalətli kompensasiyaya aid qalan tələbini rədd edir.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 06 noyabr 2008-ci ildə göndərilib.

 


Soren Nilsen

Xristo Rozakis

Katib

Sədr

 

HAKİM KOVLERİN FƏRQLİ RƏYİ

Təəssüflər olsun ki, mən Palatanın bu iş üzrə nəticələrini bölüşdürə bilmirəm. Mən “ərizəçinin mülkiyyətinə müdaxilənin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasında qanuni qiymətləndirilməməsinə” dair (Baklanov qərarının 46-cı paraqrafı) Məhkəmənin qənaətə gəldiyi 68443/01 saylı şikayətlə bağlı Baklanov Rusiyaya qarşı iş üzrə 09 iyun 2005-ci il tarixli qərarda oxşar işdə çoxluğun qənaətləri ilə razılaşmadım. Hazırkı işdə Məhkəmə fərqli olaraq qənaətə gəlib ki: “... Məhkəmə hesab edir ki, tədbir, tətbiqində kifayət qədər əvvəlcədən gözlənilən olan əsasa daxili qanunvericilikdə malik olub” (§ 32). Lakin çoxluq üçün “müsadirə tədbirinin tətbiqi Məhkəmənin qiymətləndirməsində qeyri-mütənasib olub...” (§ 38). Nota bene: qanuni, lakin qeyri-mütənasib...

Müdaxilənin qanuniliyinə aid mən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin (“Qaçaqmalçılıq”) və “Xarici valyuta haqqında” Qanununun (qərarın 18-19-cuparaqraflarında göstərilib) müddəalarına istinad edirəm. Bu müddəalar aydın ifadələrlə xarici valyutanın nağd şəkildə ölkəyə daxil edilməsinin hansı hallarda Rusiya qanunvericiliyinə əsasən qanunsuz olduğunu göstərir. Qərar, həmçinin Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin 81-ci maddəsini əks etdirir ki, bu müddəaya görə, cinayətin törədilməsi üçün istifadə olunan hər hansı obyekt maddi sübut kimi tanına və təqsirləndirilən şəxsə məxsus cinayətin alətləri müsadirəyə, səlahiyyətli orqanlara verilməyə və ya məhvə məruz qala bilər (81-ci maddənin 3 (1) bəndi).

Hazırkı qərarın 15-ci paraqrafında qeyd olunduğu kimi, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi 08 iyul 2004-cü il tarixli qərardadında belə qənaətə gəlib ki, Rusiya Federasiyasının gömrük sərhədindən qanunsuz keçirilmiş obyektlərin statusunun cinayət işlərində müəyyən olunması və cinayət müsadirəsinə məruz qala bilən maddi sübutun mahiyyətinə bu obyektlərin uyğun olub-olmaması barədə qərar ... cinayət işinə baxan ümumi yurisdiksiya məhkəməsi tərəfindən qəbul edilməlidir. Bundan başqa, həmin məhkəmə cənab İsmayılovun işində pulun müsadirəsinin hər hansı məhkəmədənkənar yolunu müəyyən etməyib.

Bir çox hallarda bizim Məhkəmə hesab edib ki, daxili qanunvericiliyə riayət olunmanın yoxlanılması üzrə Məhkəmənin səlahiyyəti məhduddur, bu, ilk növbədə milli hakimiyyət orqanlarına, o cümlədən məhkəmələrə aiddir ki, həmin qanunvericiliyi təfsir və tətbiq etsinlər (bax, Çappell Birləşmiş Krallığa qarşı, 30 mart 1989-cu il, A Seriyaları, № 152-A, s. 23;Traktorer Aktiebolaq İsveçə qarşı, 07 iyul 1989-cu il tarixli qərar, A Seriyaları, № 159, s. 23).

Moskvanın Qolovinski rayon məhkəməsi Cinayət Məcəlləsinin 188-ci maddəsinin 1-ci bəndinə əsasən ərizəçini təqsirli hesab edib və milli qanunvericiliyi dəqiq tətbiq edərək qərara alıb ki, qanunsuz nəql olunan pul maddi sübut olmaqla, Dövlətin mülkiyyətinə verilməlidir.

Qeyri-mütənasibliyə gəldikdə, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin 1-ci bəndi beş ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Beləliklə, iki illik şərti cəza həqiqətdə qeyri-mütənasib cəza deyildir, hətta, maddi sübutun müsadirəsi olsa belə. Mən qərarın 35-ci paraqrafında AQOSİ işinə verilmiş təfsirlə razı deyiləm. Qeyd olunan işdə, Komissiya əvvəllər etdiyi kimi, Məhkəmə ümumi ifadələrlə vurğulayıb ki, “bütün Tərəf Dövlətlərdə tanınmış qanunun ümumi prinsiplərinə əsasən qaçaqmalçılıq malları, bir qayda olaraq, müsadirənin obyekti ola bilər” (AQOSİ Birləşmiş Krallığa qarşı, 24 oktyabr 1986-cı il, A Seriyaları, № 108, § 53). Başqa sözlə, Dövlətlərin qiymətləndirmə həddi budilekat məsələdə Məhkəmə tərəfindən tanınıb və bu, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 2-ci bəndinə zidd deyildir.

Baklanov işindəki fərqli rəyimə görə mən, həmçinin işin beynəlxalq aspektlərinə, xüsusən, “müsadirənin” yalnız cəza deyil, həm də “yekun olaraq mülkiyyətin məhrumiyyəti ilə nəticələnən cinayət əməlinə və ya cinayət əməllərinə aid məhkəmə araşdırılmasının bitməsi ilə məhkəmə tərəfindən qərara alınan tədbir” (Avropa Şurasının 08 noyabr 1990-cı il tarixli Konvensiyasının 1-ci maddəsi), yəni preventiv və “pedaqoji” xarakterli tədbir mənasını nəzərdə tutan pulların yuyulmasına dair BMT və Avropa Şurası Konvensiyalarına diqqəti cəlb etdim.

Tam olmamaqla, son olaraq, mən heyrətlənmişəm ki, kimsə gömrük bəyannaməsində yalnız 48 ABŞ dolları göstərməklə və həqiqətdə 21.348 ABŞ dolları aparmaqla, əvvəlcədən düşünülmüş şəkildə gömrük sərhədindən pulu qanunsuz keçirdiyi üçün 25.000 EUR kompensasiya ala bilər... Yeri gəlmişkən, Baklanov işində, ərizəçi asan başa düşülən səbəblərə görə Konvensiyanın 41-ci maddəsinə əsasən tələblərinə müsadirə üçün məbləği daxil etdirməyib.



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə