İnformasiya iqtisadiyyatının kateqoriyaları




Yüklə 77.23 Kb.
tarix28.04.2016
ölçüsü77.23 Kb.
İnformasiya iqtisadiyyatının kateqoriyaları
1. İstehsal kategoriyası. İnformasiya məhsulu

2. İnformasiya mübadiləsi

3. İnformasiya ictimai rifah kimi

4. Rifah kategoriyası. Rifah nəzəriyyələri

5.Utilitarist rifah

6. Monetar rifah

7. Kreativ rifah
1. İstehsal kategoriyası. İnformasiya məhsulu.

İnsanı 2 cür obyektlər əhatə edir: maddi obyektlər və informasiya obyektləri. Insan, maddənin formasını dəyişə bilər, lakin onu yarada bilməz. İnformasiya isə insanın ali fəaliyyətinin məhsuludur. Eyni zamanda informasiya ali fəaliyyət resursu kimi çıxış edir, çünki o, bu cür fəaliyyət prosesində istifadə olunur. İnformasiyanı yaratmaq qabiliyyəti insanı heyvandan ayıran ən əsas fərq kimi çıxış edir. Bu qabiliyyət tarixən insanın aydın nitq qabiliyyətinin yaranması əsasında formalaşmışdır. Çünki müasir dövrə qədər informasiyanın əsas forması şifahi informasiya olmuşdur. Şifahi formada informasiya məhsullarına misal olaraq aşağıdakıları göstərmək olar: bədii əsərlər, elmi konsepsiyalar və s. İnformasiyanın digər formaları vizual və səsli informasiyadır.Vizual informasiya məhsullarına misal olaraq bədii portretlər, xoreoqrafik çıxış, heykəltaraşlıq nümunələri, arxitektur qurğuları və s. göstərmək olar. Səsli informasiya məhsullarına simfonik əsərləri, bədii filmlərə yazılan musiqini, nitq intonasiyasını və s. misal göstərmək olar. Bəzi alimlər informasiya məhsullarının ekstrasensor formasının da mövcud olduğunu güman edirlər. Lakin bu hipotez müasir dövr üçün öz təsdiqini tapmadı. İnformasiya məhsullarının xalis formaları ilə yanaşı onların qarışıq formaları da mövcuddur. Məsələn, sözlü-vizual informasiya məhsullarına misal olaraq yazıçı-satirikin estrada çıxışını, sözlü–səsli informasiya məhsuluna misal olaraq müəllifin radioda çıxışını, vizual–səsli məhsula balerinanın çıxışını, sözlü–vizual–səsli məhsula opera tamaşasını misal göstərmək olar.

İnformasiya unikal fərdin ən yüksək fəaliyyətinin məhsulu olduğuna görə o, şəxsiləşdirilmiş və fərdiləşdirilmiş sayılır. İnformasiya şəxsidir, yəni, özünün yaranma anında o, üzərində onun yaradıcısının unikal xüsusiyyətlərini daşıyır. İnformasiya fərdiləşdirlimişdir, yəni, yaranma anında özündə ayrılmaz bir element kimi yaradıcısının adını daşıyır. Zaman keçdikcə informasiya yuxarıda göstərilən xüsusiyyətləri itirə bilər. Bunun əsas səbəbi informasiya məhsulunun ali fəaliyyətin resursu kimi digər fərdlər tərəfindən istifadə olunmasıdır. Nəticədə özündə bir sıra digər fərdlərin xüsusiyyətlərini daşıyan yeni informasiya məhsulu yaradılır. Bununla yanaşı ilkin informasiya məhsulu hissə-hissə və yaxud tamamilə simasızlaşır. İnformasiya məhsulunun simasızlaşdırılma səviyyəsi fərdin hər birinin yaradııcı iştirakından asılıdır.

Şəxsiləşdirilmiş informasiya məhsulunun intensiv və uzunmüddətli istifadəsi nəticəsində, adətən tamamilə simasızlaşdırılmış bir məhsul yaradılır. Belə məhsullara onluq hesablama sistemini, xalq mahnılarını və s. misal göstərmək olar. İnformasiya məhsullarının simasızlaşdırılması, adətən onun fərdisizləşdirilməsiylə müşayiət olunur. Yəni, burada məhsulun mahiyyəti, məzmunu ilə onun yaradıcısının adı arasındakı səbəb nəticə əlaqələri yoxdur. Bundan başqa, informasiyanın məzmunu və onun yaradıcısının adı arasındakı əlaqə təsadüfi hadisələr və ya digər fərdlərin məqsədyönlü fəaliyyətləri nəticəsində yox ola bilər. Təsadüfi fərdisizləşdirilməyə misal olaraq, yanğın nəticəsində hər hansı bir nadir kitabın titul səhifəsinin məhv olması göstərilə bilər. Məqsədyönlü fərdisizləşdirməyə misal olaraq isə başqasının informasiya məhsulunun özünkü kimi təqdim edilməsi göstərilə bilər.

Biliklər, yüksək ictimai tələbatla xarakterizə olunan informasiya məhsullarının məcmusu kimi müəyyən olunur. Biliklərlə əlaqəsi olan informasiya məhsulları ictimai cəhətdən əhəmiyyətli və mühümdür, digər informasiya məhsulları isə az əhəmiyyətlidir. Biliklərin yuxarıda göstərilən təyinatı əhəmiyyətli və az əhəmiyyətli informasiya məhsulları arasında dəqiq sərhəd çəkilməsini qeyri-mümkün edir. Təcrübədə belə bölgü cəmiyyətdə formalaşmış institutlar əsasında həyata keçirilir. Beləliklə, təhsil müəssisəslərində öyrənilən informasiya məhsullarını adətən əhəmiyyətli informasiya məhsullarına aid edirlər. Lakin bu verilən tələb informasiya məhsulunun biliklər sisteminə daxil edilməsi üçün əhəmiyyətli deyil. Ümumtəhsil mərkəzlərində informasiya məhsullarını baza bilikləri adlandırırlar.

Yeni informasiyanı yaradan zaman insan digər insanların ali fəaliyyətlərinin məhsullarından istifadə edir. Insan həmçinin digər növ qeyri-maddi resurslardan olan informasiya verilənlərindən yararlanır. İnformasiya məhsulundan fərqli olaraq verilənlər insanın ibtidai fəaliyyəti və ya süni quruluşun fəaliyyəti nəticəsində meydana gəlirlər. İnformasiya verilənləri hərf, rəqəm, vizual və yaxud səs şəklində çıxış edən abstrakt simvolların nizamlı toplusu formasında təqdim edilə bilər. Buna misal olaraq Marsın səthindən aşağıya düşürülən aparat tərəfindən ötürülən rəqəmli siqnalların ardıcıllığı göstərilə bilər.

İnformasiya verilənləri müxtəlif insanlar tərəfindən onların şəxsi xüsusiyyətlərinə müvafiq olaraq müxtəlif cür interpretasiya oluna bilər.

Şəkil.1. İnformasiya iqtisadiyyatında resurs və məhsulların dövranı.


Informasiya verilənləri yarandığı andan simasızlaşdırılırlar, çünki onlar insanın yaradıcı təsirinə məruz qalırlar. Bu tərəfdən onlar insanın istehsal fəaliyyətinin maddi resursları ilə analoji xarakter daşıyırlar. İnformasiya verilənlərinin və maddi resursların ən mühüm fərqi aşağıdakılardan ibarətdir. Birincisi, informasiya verilənləri onların istifadəsi prosesində məhv olmurlar. İkincisi, informasiya verilənlərinin cəmiyyətdə həcmi qeyri-məhdud olaraq arta bilər.

İnformasiya verilənlərin əldə olunması məqsədilə yaradılan spesifik informasiya məhsulunu informasiya texnologiyası adlandırırlar. İnformasiya texnologiyaları adətən insanların geniş dairəsini mühüm informasiya verilənləri ilə təmin etməyə imkan yaradan informasiya qurğusu şəklində maddiləşirlər. İnformasiya qurğularına tərəzini, saatı, termometri, fotoaparatı, kompüteri misal göstərmək olar.

İnformasiya texnologiyaları insanın ali fəaliyyətinə yaratdıqları informasiya verilənləri vasitəsilə təsir göstərirlər. Yaradıcılıq resursu dedikdə, insanların ali fəaliyyəti prosesində istifadə olunan informasiya məhsulu başa düşülür. İnformasiya verilənləri və yaradıcılıq resursları birlikdə cəmiyyətin informasiya resurslarını əmələ gətirir.
2. İnformasiya mübadiləsi

Hər bir obyektin mövcudluğu özünü onun digər obyektlərlə qarşılıqlı əlaqəsi şəklində biruzə verir. Əgər obyekt tamamilə təcrid olunubsa, yəni, əgər onun möcudluğunu heç nə ilə sübut etmək mümkün deyilsə, bu o deməkdir ki, belə bir obyekt mövcud deyil. Digər obyektlərlə qarşılıqlı təsir prosesində tədqiq edilən obyekt onlara tədricən öz xüsusiyyətlərini aşılayır, yəni onlarda əks olunur. Buna misal olaraq təbaşirin və lövhənin qarşılıqlı təsirini göstərmək olar. Burada təbaşirin hissəcikləri lövhədə əks olunur. Lövhənin üzərində yaranan ağ yerlərdə o, təbaşirin uyğun keyfiyyətlərini əks etdirir. Digər tərəfdən isə təbaşirin üzərində də lövhə ilə təmasdan sonra hamar sərhəd yaranır, ki, o da lövhənin uyğun keyfiyyətlərini qəbul edir. Yalnız qarşılıqlı təsir prosesində obyektlərin unikal xassələri peyda olur. Bu xassələri müəyyən etməyin digər vasitələri isə mövcud deyil. Həmçinin insan da digər insanların qarşılıqlı təsir prosesində mövcud olur. Cansız obyektlər fiziki kontakt vasitəsilə qarşılıqlı təsirə məruz qaldığı halda, yaradıcı fərdlər informasiya mübadiləsi vasitəsilə qarşılıqlı təsirə məruz qalır. İnsanın digər insanlarla qarşılıqlı təsiri prosesində ortaya çıxan unikal xüsusiyyətlər insanın şəxsiyyətini yaradır.



İnformasiya mübadiləsi insanın yaradıcı şəxsiyyət kimi formalaşması üsuludur. İnformasiya mübadiləsi prosesində insan yaratdığı informasiya məhsulları vasitəsilə digər insanlara təsir göstərir və nəticədə onlara öz şəxsi keyfiyyətlərinin bəzilərini aşılayır. Bununla yanaşı fərd digər insanların informasiya məhsullarından istifadəsi prosesində onların təsirinə də məruz qalır. Bu prosesdə o, digər insanların şəxsi keyfiyyətlərini qəbul etməklə dəyişir.

Ünsiyyət birbaşa informasiya mübadiləsidir. Müasir cəmiyyətdə əsas rolu mədəniyyətlə əlaqələndirilmiş informasiya mübadiləsi oynayır. Mədəniyyət, biliklərin mühafizəsini və onlardan müasir, habelə gələcək nəsillərin istifadəsini təmin edən ictimai institutlar sistemidir. Ona görə də biliklər həm də mədəniyyət dəyərləri kimi də qiymətləndirilir. Mədəniyyətin təşkili formalarına ictimai həyatın təhsil, elm, incəsənət və s. kimi sahələri aid edilir.

Beləliklə, mədəniyyətlə əlaqələndirilmiş informasiya mübadiləsi özündə insanın və mədəniyyətin qarşılıqlı təsirini əks etdirir. Cəmiyyətin mədəni dəyərlər sistemini dəyişərkən insan dolayı olaraq digər insanlara təsir edir. Sonuncu öz növbəsində, fərd tərəfindən istehlak olunan mədəni dəyərlərin yaradılmasında iştirak etməklə ona təsir göstərir. Qeyd edək ki, mədəniyyət tərəfindən təyin edilmiş təsir şəxsiləşdirilmiş təsirə məruz qalır. Bu üsulla insanlararası təsirin şəxsiləşdirilmiş xarakteri ünsiyyətin müstəsna xüsusiyyəti sayılmır.
3. İnformasiya ictimai rifah kimi

İnformasiya maddi əmtəələrin malik olmadığı xüsusiyyətlərə malikdir. İnformasiyanın qeyri-əmtəə xüsusiyyətlərinə aşağıdakılar aiddir:



  • Alışdan öncə istehlak etmək imkanı. Bazarın ənənəvi nəzəriyyəsinə əsaslanaraq qeyd etmək olar ki, alıcı əmtəənin əsas istehlak keyfiyyətlərindən tutmuş onun alınması qərarına kimi dəqiq informasiyaya malikdir. Əmtəənin əsas keyfiyyəti müəyyən orijinal ideya, elmi konsepsiya, bədii sujet və melodiyada əks olunub. Alıcının informasiyanın mahiyyəti ilə alış aktından öncəki tanışlığı faktiki olaraq onun bu məhsulu pulsuz əldə etməsi və ondan şəxsi maraqlar naminə potensial istifadə etmə imkanı anlamına gəlir.

  • Satışdan sonra istehlak imkanı. Bazarın ənənəvi nəzəriyyəsinə əsasən, satıcı satılan əmtəədən istifadə etmək imkanından məhrum olur. Lakin informasiya məhsulunun satıcısı satış aktından sonra informasiya məhsulunun mahiyyətindən əvvəlki kimi xəbərdar olur və buna görə də bu məhsuldan özünün yaradıcı fəaliyyətində istifadə edə bilər və ya digər alıcılara sata bilər.

Ənənəvi informasiyanın qeyri-əmtəə xüsusiyyətlərini onun alqı-satqısı ilə məşğul olanların ideal bazar agentləri olması ehtimalı ilə kompensasiya etsək, bu zaman informasiyanı ənənəvi bazarın əmtəəsi kimi nəzərdən keçirmək olar. Bu zaman aşağıdakı şərtlər qəbul olunmalıdır:

  • Alıcı informasiya məhsulunun mahiyyətini kəsb edən keyfiyyətlər barəsində özünün ilkin məlumatlılığını biruzə vermir, ondan satıcının ziyanına istifadə etmir və sonuncu tərəfdən təyin olunmuş dəyəri ona ödəyir.

  • Satıcı satdığı informasiya məhsulunun mahiyyətini kəsb edən xüsusiyyətlər haqındakı məlumatlılığından alıcının ziyanına istifadə etmir, yəni mübadilə aktından sonra o özü bu məhsuldan istifadə etmir və onu digər insanlara satmır.

İdeal bazar agenti haqqında ehtimal, sənaye iqtisadiyyatı nəzəriyyəsinin əsasında duran “iqtisadi insan” haqqında konsepsiyaya ziddir. İqtisadi insan eqoistdir, onun bütün fəaliyyəti gəlirin pul formasında əldə edilməsinə yönəldilir. Buna görə də əmtəənin alıcısı qismində çıxış edərək o, əmtəəni minimal qiymətlə əldə etməyə çalışacaq, satıcı qismində isə mövcud əmtəəni maksimal mümkün məbləğə reallaşdıracaqdır. Sənaye iqtisadiyyatının bu daxili ziddiyyətini aradan qaldırmaq üçün onun tərəfkeşləri ideal bazar agenti haqqında ehtimaldan imtina etmiş və informasiyanı ənənəvi əmtəə kimi deyil, ictimai rifah kimi araşdırmışlar.

İctimai rifah – aşağıdakı üç xüsusiyyətə malikdir:

  1. Rəqabətsizlik. Rifahın istifadəçilərinin sayının artması onun istehlakının individual həcmini heç kəs üçün azaltmır.

  2. İstisnasızlıq. Cəmiyyətin heç bir üzvünü ictimai rifahdan istifadə etmək imkanından məhrum etmək olmaz.

  3. Eyni vaxtlılıq. Cəmiyyətin bütün üzvləri rifahdan eyni vaxtda istifadə etməyə başlayırlar, yəni rifahın faydalı effekti bir anlığa yayılır.

Ictimai rifaha misal olaraq xarici təcavüzkarlardan ölkənin müdafiəsini göstərmək olar. Birincisi, əhalinin sayının artımı hər bir insan üçün xarici təhlükənin artmasına səbəb olmur, yəni verilən xidmətin istehlak səviyyəsi azalmır. İkincisi, bir insan üçün xarici təhlükənin artması ehtimalı cəmiyyətin digər üzvləri üçün də ehtimal kimi dəyişməz olaraq qalırsa, onda həmin ehyimalı yüksəltmək qeyri-mümkündür. Üçüncüsü, xarici təcavüz cəmiyyətin bütün üzvləri üçün eyni vaxtda yaranır və aradan qaldırılır.

İnformasiya məhsulunun ictimai rifah olması üçün lazım olan şərtlər aşağıdakı kimi müəyyənləşir: əvvəlcədən o, onun ilk istehlakçısı kimi çıxış edən konkret bir insanın beynində yaranır. Nəzəri olaraq insan informasiya məhsulunu sirr olaraq qoruyub saxlaya bilərsə, onda insan informasiya məhsulunun yeganə istehlakçısı ola bilər. Təcrübədə informasiya məhsulunun istehlakçılarının sayı və ondan istifadənin intensivliyi aşağıdakı amillərlə müəyyən edilir:



  • İnformasiyaya olan ictimai tələbat. Bu tələbat nə qədər yüksək olarsa digər bərabər şərtlər daxilində informasiyanın istehlakçıları bir o qədər çox olar. Əgər informasiya məhsulu biliklərə aid deyilsə, yəni o az əhəmiyyətlidirsə onda onun ictimai rifaha çevrilməsi ehtimalı çox artır.

  • Fərdlərin davranış xarakteri. Əgər cəmiyyətin bütün üzvlərinin davranışı “iqtisadi insan” və ya “ideal bazar agenti” modelinə uyğundursa, yəni əgər bütün fərdlər bazar tipinə daxildirlərsə onda informasiyanın istehlakı pullu olur və müvafiq olaraq sərbəst istifadə istisnadır. Əgər cəmiyyətin bütün üzvləri onlarda olan informasiyanı təmənnasız olaraq digər fərdlərə ötürməyə hazırdırlarsa, yəni əgər onlar qeyri–bazar tipinə aiddirlərsə, onda informasiyanın istehlakı ödənişsiz, pulsuz olur, onun istehlakçıları öncəki misaldakılardan daha çox olur.

  • Informasiyanın ötürülməsində tranzaksiya xərcləri. İnformasiya məhsulu biliklərə aid olduğu və fərddən fərdə təmənnasız olaraq ötürüldüyü halda belə o, müvəqqəti olaraq cəmiyyətin bəzi üzvləri üçün əlçatmaz olur. Ona görə ki, informasiyanın ötürülməsi müəyyən vaxt sərfiyyatını və material resurslarını tələb edir. Cəmiyyətdə məcmu tranzaksiya xərcləri nə qədər çox olarsa, digər şərtlər daxilində informasiya məhsullarının istehlakçılarının sayı bir o qədər az olar, özü də bu xərclərin kim tərəfindən ödənildiyindən asılı olmayaraq. Bu zaman xərcləri ödəyən tərəf qismində aşağıdakılar çıxış edə bilər: informasiya göndərənlər; onun alıcıları; vasitəçi firmalar; hökümət.

Beləliklə, informasiya məhsulu aşağıdakı hallarda ictimai rifah kimi çıxış edir:

  • İnformasiya məhsulu qismində bilik çıxış etdikdə;

  • İnformasiya ötürülməsində tranzaksiya xərcləri 0-a bərabər olduqda;

  • Cəmiyyətin bütün üzvləri qeyri–bazar tipinə aid olduqda;

  • Cəmiyyət adı altında verilən informasiya məhsulunu yaradıcı fəaliyyətinin resursu qismində istifadə etməyə qadir olan və mədəniyyət sferasında informasiya mübadiləsinin iştirakçıları olan fərdlər çoxluğu başa düşüldükdə.


4. Rifah kategoriyası. Rifah nəzəriyyələri

İqtisad elmində indiyə qədər praktiki tətbiqə yararlı olan və özündə rifahın kəmiyyət ölçüsünü əks etdirən ümumqəbul olunmuş rifah nəzəriyyəsi formalaşmamışdır. İqtisadçıların rifahın tədqiqi ilə bağlı rastlaşdıqları çətinlik onunla izah olunur ki, “rifah” anlayışının özü eyni vaxtda həm iqtisad elminə, həm də etikaya aiddir, buna görə də rifah nəzəriyyəsi açıq aşkar və ya qeyri–aşkar bəzi etik normalara əsaslanır.



Fərdi rifah–insanın həyat dövrünün müəyyən bir periodunu nə dərəcədə “yaxşi” yaşamasını əks etdirən və onun həyat fəaliyyətinin bütün aspektlərini əhatə edən inteqral qiyməti əks etdirir. İctimai rifah da analoji olaraq təyin olunur. Rifahın yuxarıda göstərilən təyinatının hər hansı bir məna kəsb etməsi baxımından insan üçün nələrin yaxşı nələrin pis olduğunu təyin edən etik normaları müəyyən etmək lazımdır. Bu problemi 2 müxtəlif yanaşmalar-fərdi və institusional yanaşmalar çərçivəsində həll edirlər.

1)Fərdi yanaşma–müasir dövrdə iqtisadiyyat elmində üstünlük təşkil edir. Onun mahiyyəti ondadır ki, fərdi rifahın qiymətləndirilməsinin yükü insanın öz öhdəsinə düşür. Digər sözlərlə, ancaq insanın özü onun üçün nəyin yaxşı, nəyin pis olduğunu müəyyənləşdirməyə qadirdir. Bununla yanaşı ehtimal olunur ki, o, öz həyatının istənilən periodunda rifahın kəmiyyətcə qiymətləndirilməsini həyata keçirə bilər. Rifahın fərdi konsepsiyasının əsasında duran etik normalar aşağıdakı obrazda formalaşdırıla bilər. “İnsan üçün rifah onun özünün özü üçün hesab elədiyidir”

2)Rifahın təyinatının institutsional yanaşmasının mahiyyəti ondadır ki, insanın mahiyyəti uzun tarixi dövr ərzində institutların inkişaf analizi ilə müəyyən olunur. Əldə edilmiş mahiyyət əsasında rifah nəzəriyyəsinin əsasını təşkil edən etik kriteriyalar formalaşdırılır.

Fərdi yanaşma insanı cəmiyyətin dərkedilməz və təcrid edilmiş bir element kimi təyinatını verir və insanların ümumi xüsusiyyətlərini ortaya çıxarmağa və hər bir sosial nəzəriyyənin mövcudluğunun amili sayılan əsaslı ümumi nəticələr formalaşdırmağa imkan vermir. İnstitutsional yanaşma isə əksinə öz diqqətini cəmiyyətdə formalaşmış ənənələr, etik normalar, təsəvvürlərə yönəldir. Cəmiyyətdə mövcud olan etik sistemlərdən hər biri rifahın institutsional konsepsiyası üçün əsas sayıla bilər.

Fərdi yanaşmanın çərçivəsi daxilində iki rifah nəzəriyyəsi daha böyük əhəmiyyətə malikdir: utilitarist və monetar (iqtisadi). Onlara növbəti iki punktda baxılacaqdır.
5.Utilitarist rifah

İnsanın utilitarist rifahı onun rifahının subyektiv qiymətləndirilməsidir. O, iki amildən asılıdır. Birinci amil, insanın ali fəaliyyətindən birbaşa asılı olmayan onun hissiyyatlarına əsaslanır və onu emosional amil adlandırırlar. İkinci amil insanın ali fəaliyyəti nəticəsində əldə olunan rasional nəticələrə əsaslanır və ona rasional amil deyirlər.



Qedonizm–zövq almaq hissinin insanın həyat fəaliyyətinin son məqsədi olduğunu təsdiq edən fəlsəfədir. Qedonizm tərəfdarları rifahın emosional amilini mütləqləşdirirlər. Qedonizm ideyaları, İ.Bentar tərəfindən yaradılan utilitarizm nəzəriyyəsinin əsası kimi çıxış etmişdir. Utilitaristlər həzzi insanın təmiz emosional reaksiyasının nəticəsi hesab etmirlər, onlar həzz almağın iki növünün olduğunu bildirirlər. Aşağı həzz hissi–bioloji instinktlərin təmin olunması ilə əlaqədardır, ali həzz hissi isə yaradıcı fəaliyyətin tələbatlarının təmin edilməsi ilə bağlıdır. Bentam həzz almağın 14 növünü vermişdir, bunların içərisində aşağı həzzə ancaq ikisini aid etmək olar: hissiyyatlardan həzz almaq, yüngülləşmədən həzz almaq. Həzz almanın digər növləri insanın birbaşa ali fəaliyyəti ilə əlaqəlidirlər: incəsənət həzzi, dostluq həzzi, yaxşı adın həzzi, xatirənin həzzi, təsəvvürün həzzi, namusun həzzi, xeyirxahlıq həzzi və s.

Müasir iqtisad elmində qedonizm tərəqqi nəzəriyyəsi çərçivəsində tənqidə məruz qalır. Tərəqqi nəzəriyyəsində həzz təbiət tərəfindən bioloji növün davam etdirilməsi məqsədilə heyvanları çoxalmağa və özünü qorumağa stimullaşdıran köməkçi vasitədir. Müasir cəmiyyətdə bioloji instinktlər artıq müsbət əhəmiyyətə malik deyillər, onların həddən artıq stimullaşdırılması ictimai tərəqqiyə mane olur.

Həzzin və rifahın qarşılıqlı əlaqəsi problemi müasir iqtisad elmində üç yanaşma çərçivəsində araşdırılır:

1)Rifah–həzz. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, ali və aşağı həzz almaq hissləri ortaq təbiətə malikdirlər, buna görə də sadəcə olaraq, həzz almağın mənbəyinin nə olduğunu (instinkt, yaradıcı fəaliyyətin təmin olunması və s.) nəzərə almayaraq sadəcə olaraq zövq almaq haqqında danışmaq olar. Aşağı həzz almanın insan tərəfindən hissiyyat səviyyəsində, yəni fizioloji səviyyədə qəbul edildiyindən ona yaxın olan ali həzzalma hissi də həmçinin özündə orqanizmin fizioloji reaksiyasını əks etdirir, baxmayaraq ki, ikinci halda həzz almanın əsas səbəbi qismində ali fəaliyyət çıxış edir. Hər iki həzz növünün cəmi, rifahın inteqral qiymətləndiricisi kimi qəbul edilir. Bununla yanaşı, yeganə rifahı müsbət fizioloji reaksiyadan ibarət olan insan heyvana bənzədilir. Bu üsulla, verilən yanaşmanın tərəfdarları fizioloji və yaradıcı aktivlikdən irəli gələn həzzin ictimai dəyərinin etik tələbindən çıxış edirlər.

2)Rifah –həzz almaq deyildir. Bu yanaşmanın tərəfdarları, həzz və rifah arasında olan sərt səbəb–nəticə əlaqələrini inkar edirlər. Onların fikrincə, nə aşağı, nə də ali həzz alma hissi insan üçün maksimalizasiya obyekti ola bilməz. Heyvan öz təbiətinə uyğun olaraq özünün əsəbi gərginlik səviyyəsini minimallaşdırmağa can atır, aşağı həzz alma hissi isə orqanizmi nisbi rahatlıq, sakitlik vəziyyətinə gətirən və instinktiv arzu həyəcanını aşağı salan xarici təsir reaksiyasıdır. İnsan isə əksinə, yaradıcı fəaliyyət prosesində daimi olaraq əsəbi gərginlik vəziyyətində olur. O, məhsuldar yaradıcı fəaliyyətin çox vacib şərti hesab edilən bu cür gərginlikdən canını qurtarmağa səy göstərir.

3)Rifah–ali həzzdir. Bu yanaşmanın tərəfdarları aşağı və ali həzzləri tamamilə fərqli bir hadisə kimi izah edir və buna görə də öz diqqətini həzzin mənbəyinin xarakterində cəmləşdirir. Normal həyat fəaliyyəti ərzində insanın hiss edə biləcəyi aşağı həzzlərin ümumi kəmiyyəti onun fizioloji quruluşu ilə müəyyən olunur və fiziki və psixoloji ziyan vurmadan təyin olunmuş sərhədləri aşa bilməz. İnsanın aşağı həzzinin maksimizasiya edən varlıq kimi şərhi, faktiki olaraq, narkomaniya, alkoqolizm, tütünçəkmə, seksomaniya və s. kimi neqativ sosial hadisələrin etik doğrultması kimi çıxış edir.

İnsan təbiətinə görə qeyri–məhdud olan ali həzzin maksimizatoru kimi çıxış edir. Ancaq bunun üçün aristotel prinsipini qanuniləşdırmək vacibdir. Bu prinsipə əsasən ali həzz yaradıcı fəaliyyətin ayrılmış hissəsi kimi çıxış edir, yəni belə fəaliyyət hər zaman xüsusi növ həzz əmələ gətirir. Həmçinin fərz olunur ki, ali həzz yaradıcı fəaliyyət prosesində zamana uyğun olaraq bərabər bölüşdürülüb, bu zaman belə fəaliyyətin davamlılığı insan üçün məqsəd göstəricisi və onun rifahının kəmiyyət qiyməti kimi çıxış edir.

İctimai rifah və ya ictimai faydalılıq fərdi rifah anlayışının törəməsi olub utilitarist anlayışdır. Fərz edilir ki, ictimai rifah cəmiyyətin bütün üzvlərinin fərdi rifah qiymətləri məlum olduğu halda ölçülə bilər. Fərdi faydalılıq fərdlərin azad seçimi əsasında təyin olduğuna görə, ictimai faydalılıq hər hansı bir ictimai seçim nəticəsi kimi təyin olunur.
6. Monetar rifah

Bir çox iqtisadçılar pulu rifahın ən yaxşı ölçü vahidi kimi qəbul edərək rifahın monetar konsepsiyasını dəstəkləyirlər. Bu konsepsiyaya görə bazarda mübadilə olunan əmtəələr hər bir insanın rifahının təmin olunmasında həlledici rol oynayır. Bununla yanaşı, əmtəə mübadiləsi aktı ilkin element, ictimai həyatın “atomu” kimi şərh edilir. Rifahın monetar konsepsiyasının əsası öz nəzəriyyələrində faktiki olaraq rifah sözünü işlətməyən klassik məktəbin iqtisadçıları tərəfindən qoyulmuşdur. Onun rolunu isə mübadilə nəticəsində əldə olunmuş əşya ilə sahibin rifahı arasında əlaqəni göstərən mübadilə dəyəri termini oynayırdı. Beləliklə, monetar konsepsiyada mübadilə dəyəri əşyanın digər əşyalara dəyişdirilməsi yolu ilə onun fərdin rifah halını artırması bacarığını xarakterizə edir. Buradan rifahla fərdin pul gəlirlərinin eyniliyi haqda nəticə ortaya çıxır.

Artur Piqunun rifah nəzəriyyəsi müasir iqtisad elmində mərkəzi yeri tutur. Nəzəriyyənin etik əsasında klassiklərin mübadilə dəyəri ilə ictimai dəyərin eyniliyi postulatı (sübutsuz olaraq əsas götürülmüş müddəa) durur. Piqu Smitin əmtəə mübadiləsinin insan münasibətlərinin mahiyyət forması olması baxışları ilə bölüşür, amma şəxsiyyətlərarası qarşılıqlı informasiya təsiri faktiki olaraq onun tərəfindən nəzərdən keçirilmir. Qarşılıqlı təsirin bazar forması ən yaxşı olduğundan əbədi hesab olunur.

Bazar qiymətini ictimai dəyərin universal ölçü meyarı kimi əsas götürən rifahın tədqiqinin monetar yanaşması Piquya rifahın mahiyyəti barədə prinsipial etik problemlərdən yan keçməyə imkan verdi. Əgər Smit mübadilə dəyəri ilə ictimai dəyəri eyniləşdirirdisə, Piqu öz növbəsində monetar rifahla iqtisadi rifahı eyniləşdirirdi.

Piqunun fikrincə rifah iki komponentdən ibarətdir: iqtisadi rifah və qeyri-iqtisadi rifah. İqtisadi rifahın kəmiyyətcə qiymələndirilməsi metodu “Rifahın iqtisadi nəzəriyyəsi” kitabında onun tərəfindən kifayət qədər şərh olunub, lakin qeyri-iqtisadi rifah termininin izahı verilməyib. Belə bir nəticəyə gəlmək olar ki, bu termin rifahın bütün “qeyri-pul” faktorlarını bildirir. Əgər qeyri-iqtisadi rifahın belə izahını qəbul etsək, onda rifahın iki komponentindən hansının daha əhəmiyyətli olması kimi prinsipial sual ortaya çıxır. Əgər iqtisadi rifahın rolu əhəmiyyətli dərəcədə üstünlük təşkil edirsə, onda Piqunun nəzəriyyəsi əsaslandırılmışdır. Yox əgər digərinin rolu üstünlük təşkil edirsə, o yanlışdır. Piqu monetar yanaşmanın etik prinsiplərinə əməl edir, yəni o əmindir ki, iqtisadi rifah ümumi rifahın ən vacib amilidir.

İqtisadi rifahı əhalinin pul gəlirləri və insanlara yaşayış yerləri formasında təqdim olunan xidmətlərin pulla ekvivalentlərin cəminə bərabər olan milli divident hesab etmək təklif olunur.

İnkişaf etmiş ölkələrin müasir iqtisadi təcrübəsində ictimai rifah “adam başına düşən ümumi daxili məhsul (ÜDM)” göstəricisi ilə qiymətləndirilir. Bu metodun nəzəri əsasında Piqunun rifah nəzəriyyəsi durur. Bu nəzəriyyənin daxili ziddiyyətləri bir sıra situasiyalar doğurur ki, nəticədə ictimai rifahın ölçü meyarı kimi ÜDM göstəricisinin tətbiq oluna bilməməsi aydın olur. Belə situasiyaları monetar rifahın paradoksları adlandırırlar. Monetar rifahın aşağıdakı paradokslarını nəzərdən keçirək: gəlirlərin bərabərsizliyi paradoksu, “himayədə olanın ölümü” paradoksu, “xidmətçinin toyu” paradoksu, “kitablar-araq” paradoksu, “yağ-toplar” paradoksu, “məsrəflər-nəticələr” paradoksu.

Gəlirlərin bərabərsizliyi paradoksu. Belə bir gəlir bərabərsizliyi vəziyyətini nəzərdən keçirək ki, bir ev təsərrüfatı bütün milli gəlirlərə malik olduğu halda qalan təsərrüfatların gəlirləri sıfra bərabərdir. Onda varlı təsərrüfatın gəlirlərinin sonrakı artımı adam başına düşən ÜDM-in artmasına gətirib çıxardacaq. Paretoya görə cəmiyyətin vəziyyəti daha yaxşılaşacaq və bu mənada ictimai rifah yüksələcək. Burada Pareto və Piqunun həmrəy olduqları fərdiyyətçilik prinsipləri cəmiyyətin ədalət haqqında kök salmış təsəvvürlərinə zidd gəlir. Aydındır ki, gəlirlərdən məhrum olmuş insanlar digər bərabər şərtlər daxilində varlı təsərrüfatların gəlirlərinin artmasının ictimai rifahın yüksəlməsinə gətirib çıxaracağöna inanmırlar. Bərabərsizliyin dərinləşməsi onlar tərəfindən yaxşılaşma kimi deyil, pisləşmə kimi qəbul olunacaqdır.

Gəlirlərin bərabərsizliyi paradoksu özünü həm də onda göstərir ki, fərdlərin gəlirlərinin nisbətləri subyektiv qiymətləndirmə nəticəsində əldə olunmuş fərdi rifahların müvafiq qiymətlərinin nisbətlərindən kifayət qədər fərqlənə bilər. Rifahın monetar konsepsiyasına görə bir fərdin gəlirləri digərinin gəlirlərindən yüz dəfə çoxdursa, onda onun rifahı da yüz dəfə yaxşıdır. Bu fikir təkcə cəmiyyətdəki mövcud yanaşmalara deyil, həm də neoklassik nəzəriyyənin gəlirlərin marjinal faydalılığının onların artımı ilə azalması haqqındakı fundamental fikirlərə də ziddir.


7. Kreativ rifah

Müəyyən vaxt ərzində fərdin kreativ rifahı həmin müddətdə onun ali fəaliyyətinin ümumi davamlılığına bərabərdir (ing. s. creative - yaradıcı). İctimai kreativ rifah cəmiyyətin bütün üzvlərinin fərdi rifahlarının cəmidir. Kreativ rifah konsepsiyası insanın ali fəaliyyətini tam nemət kimi təsdiq edən etik postulata əsaslanır. Bununla yanaşı bütün digər nemətlərə ikinci dərəcəli, yardımçı nemətlər kimi baxılır. Öz xarakterinə görə kreativ rifah konsepsiyası institusionladır: o, informasiya dövründə üstünlük təşkil edən ictimai təsəvvürləri əks etdirir.

Kreativ rifah nəzəriyyəsinin əsas aspektlərini nəzərdən keçirək:

1. Kreativ rifah yaradıcı əməyin ümumi həcmi kimi. Fərdin kreativ rifahı muzdlu yaradıcı əmək vaxtından və yaradıcı əmək vaxtı kimi şərh edilən yaradıcı asudə vaxtdan ibarətdir.

İnsanın istənilən ali fəaliyyətinə yaradıcı əmək kimi baxılır. Belə ki, əqli prosesləri işəgötürən tərəfindən verilmiş tapşırıqların həllinə aid olanlara və insanın asudə həyatına aid olanlara ayırmaq qeyri-mümkündür. Axı yaradıcı işçi öz asudə vaxtının əhəmiyyətli hissəsini professional funksiyalarının həyata keçirilməsinə sərf edir. Ali fəaliyyətin əmək funksiyaları ilə bilavasitə əlaqəsi olmayan hissəsi isə onlarla dolayı yolla əlaqədardır və buna görə də yaradıcı əmək vaxtına aid olmalıdır.



Misal 1. Mühəndis Sergey şahmat oynayır. Bu məşğuliyyət ali əqli fəaliyyətlə bağlıdır və məqsədyönlü fəaliyyətdir (rəqibi udmaq məqsədi). Bu fəaliyyətin ictimai faydalı nəticəsi Sergeyin həyatının yaradıcı fəaliyyətlə doldurulmasıdır. Məna etibarilə şahmat oyunu bilavasitə informasiya məhsulunun istehsalı prosesidir. Şahmat oynayaraq Sergey işəgötürənin ona tapşıracağı məsələlərin həllində də istifadə edəcəyi əqli bacarıqlarını məşq və inkişaf etdirir. Bundan əlavə onun asudə vaxtını intellektual oyunla doldurması perspektivdə şəxsiyyətin düşgünlüyünə, yaradıcı bacarıqlarının və professional kvalifikasiyalarının itirilməsinə gətirib çıxaran boş vaxt keçirməni istisna edir.

Beləliklə, kreativ rifah yaradıcı əməyin iş vaxtına və asudə vaxtına ayrılır.



2. Kreativ rifah yaradıcı istehlak vaxtı kimi. Fərd öz ali fəaliyyətində özünü inkişaf etdirmək məqsədilə eyni zamanda həm yaradıcı əmək vasitəsi, həm də yaradıcı istehlakın predmeti kimi çıxış edən yaradıcı bacarıqlarından istifadə edir. Bu bacarıqlarını istehlak edərkən fərd eyni zamanda onları təkrar istehsal edir. Bu halda istehlak prosesi eyni zamanda həm əmək prosesidir, həm də əksinə. Beləliklə, fərdin kreativ rifahı yaradıcı əməyin-istehlakın iş vaxtına və asudə vaxtına ayrılır.

3. Kreativ rifah mütləq tələbatın ödənilməsi dərəcəsi kimi. Tələbat ali fəaliyyətdə insanın mütləq tələbatıdır. İkinci dərəcəli tələbatlar sadəcə olaraq ali fəaliyyətə yardımçı olurlar, ancaq öz-özlüyündə mütləq tələbatı ödəmirlər.

Misal 2. Televizor insanın ali fəaliyyətində onun tələbatlarını ödəmir. Bu tələbatların ödənilməsində televizorun rolu onun istifadəsinin orta davamlılığından, televizor proqramlarının keyfiyyət dərəcəsindən, fərdin yaradıcılıq cəhətdən inkişaf səviyyəsindən asılıdır. Ona görə də “televizora tələbat” söz birləşməsi öz mənasını itirmişdir.

4. Kreativ rifah ictimai tərəqqinin ölçü meyarı kimi. İnsanın mahiyyəti onun yaradıcılıq bacarıqlarındadır. İctimai tərəqqinin istiqamətlərini xarakterizə edən sivilizasiyanın inkişafının qlobal tendensiyaları ümumi yaradıcılıq fəaliyyətinin həcminin artırılmasından və məcmu ibtidai fəaliyyətin həcminin ixtisar edilməsindən ibarətdir. İctimai tərəqqinin bütün digər meylləri qlobal təkamül tendensiyalarına nisbətdə ikinci dərəcəlidirlər.

Beləliklə ictimai kreativ rifahın genişləndirilməsi ictimai tərəqqinin istiqamətini müəyyənləşdirir.



5. Kreativ rifah dəyər norması kimi. İnsanın tələbatları məna etibarilə tarixi inkişafın qlobal tendensiyalarının təsiri altında formalaşan ictimai həyatın institusionallaşdırılmış normalarıdır. İctimai tərəqqi ali fəaliyyətin ümumi həcminin artırılmasından asılı olduğundan ona uyğun ictimai davranış norması insan və bütövlükdə cəmiyyət üçün ən faydalı olan fəaliyyət növünü izah edir. Fərdin bu etik normanı dərindən institusionallaşdırması onda ali fəaliyyətə tələbatın formalaşmasına gətirib çıxarır. Əgər bu norma fərd tərəfindən zəif institusinallaşdırılıbsa, o bu cür tələbat hiss etmir.

6. Kreativ rifah şəxsiyyətlərarası qarşılıqlı təsirin nəticəsi kimi. Şəxsiyyətlərarası təsir şəxsi keyfiyyətlərin bir fərddən digərinə ötürülməsi prosesidir. İnsan nə qədər inkişaf etmiş olarsa, onun fərdiləşmə dərəcəsi, öz şəxsi keyfiyyətləri ilə başqalarına təsir etmək və şəxsiyyətlərarası qarşılıqlı fəaliyyətin nəticəsində özünün də dəyişməsi imkanları bir o qədər çox olar. Fərdin yeni şəxsi keyfiyyətlər əldə etməsi ondan yaradıcı səylər tələb edir. Buna görə də şəxsiyyətlərarası qarşılıqlı təsir nəticəsində fərdin inkişafı baş verir ki, bu da yaradıcı rifah üçün ilkin zəmin olur.

7. Kreativ rifah sərbəstlik vaxtı kimi. Sərbəstliyin dolğun olaraq müəyyənləşdirilməsi fərdin subyektiv hisslərinin analizinə əsaslana bilməz. Biri işsizlikdən həzz alır və bu zaman özünü sərbəst hiss edir. Digəri isə işsiz zaman hər hansı yerinə yetirilməmiş istək hiss edir və onun yerinə yetirilməsini isə hər hansı bir işlə məşğul olmaqda görür. Kreativ rifah nəzəriyyəsində insanın sərbəstliyi obyektiv hal kimi başa düşülür və iki aspektdə baxılır. Sərbəstliyin birinci aspektini potensial sərbəstlik adlandırırlar. Bu insanın mümkün seçim variantlarının sayının artırılması sərbəstliyidir. Potensial sərbəstliyi əldə etdikdən sonra insan müəyyən təbii məhdudiyyətlərdən vaz keçir. Bu yolla qədim insan od əldə etməyi öyrəndikdən sonra qida növlərinin sayını artırdı, bu mənada od insana əlavə sərbəstliklər gətirdi. Sərbəstliyin ikinci aspekti insanın seçim etmək bacarıq və istəyi ilə əlaqədardır. Mümkün seçim variantlarının sayının artırılması insanı yeni şərtlər qarşısında qoyur ki, bu zaman o, toplanmış bilik və təcrübəsindən istifadə edərək variantlardan birini seçməli olur. Başqa sözlə insanın seçim variantlarının sayının artırılması nəticəsində o, yaradıcı fəaliyyət göstərmək məcburiyyəti qarşısında qalır. Buna görə də sərbəstliyin ikinci aspektini kreativ sərbəstlik adlandırırlar.

8. Kreativ rifah iqtisadiyyatın mikro-makro səviyyələrində universal məqsədli göstərici kimi. Ənənəvi iqtisadi nəzəriyyədə mikroiqtisadi subyektlərin ümumi göstəriciləri cəmiyyətin ümumi göstəricisinə uyğun gəlmir. Mikrosəviyyədə müxtəlif iqtisadi subyektlər müxtəlif ümumi göstəricilərə malikdirlər. Belə göstəricilərə aiddir: istehlakçı üçün faydalılıq, istehsalçı üçün istehsal həcmi, firma üçün mənfəət. Cəmiyyətin ümumi göstəricisi kimi, adətən, ÜDM qəbul edilir. Beləliklə, ümumi makroiqtisadi göstərici heç bir ümumi mikroiqtisadi göstəricilərlə üst-üstə düşmür. Bu vəziyyət ənənəvi nəzəriyyənin ciddi çatışmazlığıdır, belə ki, iqtisadiyyatın təhlilinin mikro və makrosəviyyələri arasında keçilməz səd yaradır. Kreativ iqtisadi nəzəriyyədə yaradıcı fərd mikroiqtisadiyyatın yeganə subyekti kimi qəbul edilir. Onun məqsədi özünün kreativ rifahının maksimallaşdırılmasından ibarətdir. O, individual göstəricilərin cəmindən ibarət olan ictimai kreativ rifahın maksimallaşdırılması məqsədilə eynidir.

“Dəyər” və “rifah” anlayışları öz aralarında sıx əlaqələdir. Dəyər–predmetin, prosesin və ya hadisənin fərdin rifahının artmasına vasitəçilk etmək qabiliyyətidir. Rifah etik kateqoriya olduğundan dəyər də bu cür olur. Əsas dəyər nəzəriyyələri bunlardır: əmək, subyektiv və kreativ.



Rifahın əmək dəyəri onun istehsalına sərf olunmuş sadə əməyin həcminə bərabərdir. Rifahın əmək dəyəri bütün fərdlər üçün eyni həcmə malik olduğundan obyektivdir. O, sadə əmək vaxtının vahidləri ilə ölçülür. Əmək dəyəri nəzəriyyəsi klassik məktəb iqtisadçılarının (A. Smit, D.Rikardo, R. Maltus, D. Mill və s.) baxışlarının əsasında durur.

Subyektiv dəyər və ya faydalılıq–fərdə nemət tərəfindən verilən rassional faydanın və həzzin inteqral qiymətidir. Eyni nemətin subyektiv dəyəri müxtəlif fərdlər üçün müxtəlifdir. Bununla yanaşı o obyektiv vahidlərlə ölçülə bilər: tələb qiyməti, subyektiv dəyərin pulla qiymətləndirilməsidir. Subyektiv dəyər nəzəriyyəsi Marjinalizm məktəbinin iqtisadçılarının (L. Valras, U. Cevons, K. Menger və s.) baxışlarının əsasını təşkil edir.

Kreativ dəyər. Fərdin verilən nemətin istehlakından irəli gələn ali fəaliyət müddətinin artımına bərabərdir. Kreativ dəyər müxtəlif fərdlər üçün müxtəlif həcmə malik olduğundan subyektivdir. Bununla yanaşı o yaradıcı əmək vaxtının obyektiv əmək vahidləri ilə ölçülür. Kreativ dəyər anlayışı informasiya iqtisadiyyatı nəzəriyyəsinin əsasında durur.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə