İnformasiya əLDƏ etmək haqqinda azərbaycan respublikasinin qanunu




Yüklə 115.87 Kb.
səhifə3/3
tarix15.04.2016
ölçüsü115.87 Kb.
1   2   3

38.2.4. sağlamlıq vəziyyəti haqqında məlumatlar;

38.2.5. şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar;

38.2.6. sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar;

38.2.7. ruhi və fiziki əzablara dair məlumatlar;

38.2.8. vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar.

38.3. Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır:

38.3.1. cinsi həyat haqqında məlumatlar;

38.3.2. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar;

38.3.3. ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;

38.3.4. övladlığa götürmə ilə bağlı məlumatlar.

38.4. Fərdi məlumatlar alındığı və ya sənədləşdirildiyi gündən onların əldə olunmasına məhdudiyyətlər qoyulur.

38.5. İnformasiya sahibi aşağıdakı hallar istisna olmaqla, fiziki şəxslərin sorğuları əsasında onları özləri barəsindəki fərdi məlumatla tanış etməyə borcludur:

38.5.1. yetkinlik yaşına çatmayan şəxsin informasiya ilə tanış olması onun mənşəyi haqqında sirri pozursa;

38.5.2. informasiyanın əldə olunması cinayətin qarşısını almağa, cinayətkarı tutmağa və ya cinayət işində həqiqəti müəyyənləşdirməyə mane olarsa;

38.5.3. digər insanların hüquq və azadlıqlarının müdafiəsi informasiyanın açıqlanmamasını tələb edirsə;

38.5.4. informasiya dövlət təhlükəsizliyi naminə toplanıbsa.

38.6. Aşağıdakı şəxslər bu maddədə göstərilən fərdi məlumatlarla tanış olmaq və ya onu əldə etmək hüququna malikdirlər:

38.6.1. valideynlər və ya qəyyumlar – yetkinlik yaşına çatmayanlar haqqında məlumatlarla;

38.6.2. qəyyumlar – fiziki cəhətdən qüsurlu şəxslər barədə məlumatlarla;

38.6.3. dövlət və bələdiyyə qulluqçuları – xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı məlumatlarla;

38.6.4. fərdi məlumatlarla işləməyə icazə alanlar – yalnız bu icazədə göstərilən məlumatlarla;

38.6.5. normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərin işçiləri və sahibkarlar – yalnız bu xidmətlərin göstərilməsi üçün zəruri olan həddə informasiyalarla;

38.6.6. fiziki şəxslər – özləri barəsindəki informasiyalarla;

38.7. İnformasiya sahibi fərdi məlumatları əldə edən şəxslərin qeydiyyatını aparmalı, həmin qeydiyyatda informasiya ilə tanışlığın və ya onu əldə etmənin məqsədi, vaxtı və üsulu göstərilməlidir.

Maddə 39. Xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın əldə

olunması

39.1. İnformasiya sahibi ictimaiyyətdə maraq doğuran hüquq pozuntusu və ya bədbəxt hadisələrlə bağlı informasiyanı nəticə tam aydınlaşdırılana qədər elə həddə açıqlamalıdır ki, təhqiqatın aparılmasına və ya bədbəxt hadisənin səbəblərinin aydınlaşdırılmasına mane olmasın.

39.2. Bu cür informasiyanın açıqlanma həddinə dair qərar təhqiqatı aparan və ya nəzarəti təşkil edən, yaxud bədbəxt hadisənin səbəblərini aydınlaşdıran vəzifəli şəxs tərəfindən qəbul edilir.

39.3. Bu Qanunun 37-ci maddəsində göstərilən informasiya əldə olunması məhdudlaşdırılan informasiyanın tərkib hissəsinə daxildirsə, o zaman sənədin yalnız əldə olunması məhdudlaşdırılmayan hissəsi açıqlanır.

39.4. Dövlət və bələdiyyə qulluqçuları xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar xidməti istifadə üçün nəzərdə tutulmuş sənədlərlə işləmək hüququna malikdirlər.

39.5. İnformasiya sahibinin rəhbəri kənar şəxslərə xidməti istifadə üçün nəzərdə tutulan informasiya ilə işləməyə icazə verə bilər, bu şərtlə ki, həmin informasiya dövlət orqanlarının və bələdiyyələrin maraqlarına ziyan vurmasın.

Maddə 40. İnformasiyanın əldə olunması üzərində məhdudiyyətin

müddətləri

40.1. Xidməti istifadə üçün nəzərdə tutulan informasiyaların əldə olunmasına qoyulan məhdudiyyət bu məhdudiyyəti doğuran səbəblər aradan qalxdıqda, lakin 5 ildən gec olmayan müddətdə götürülür.

40.2. Fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyət həmin informasiya alınan və ya sənədləşdirilən gündən 75 il müddətinədək və ya şəxsin vəfatından sonra 30 il müddətinədək və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il müddətinədək qüvvədədir.

40.3. İnformasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qüvvədən düşmüş hesab edilməsi informasiyanın daşıyıcısında və reyestrdə qeyd olunur.

Maddə 41. Xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın

qorunması

41.1. İnformasiya sahibi xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın qorunması üçün inzibati və texniki tədbirlər görür.

41.2. Əldə olunması məhdudlaşdırılan informasiya İnternet informasiya ehtiyatlarına daxil edilibsə, bu zaman onun əldə olunmasını mümkünsüz edən tədbirlər görülməlidir.

VI fəsil

Qanunun icrasına nəzarət

Maddə 42. Qanunun icrasına nəzarət


42.1. Bu Qanunun icrasına nəzarəti:

42.1.1. informasiya sahibinin rəhbəri – xidməti qaydada, yuxarı orqan – tabeçilik əsasında;

42.1.2. İnformasiya Məsələləri üzrə müvəkkil – bu Qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir.

Maddə 43. İnformasiya Məsələləri üzrə müvəkkilə aid tələblər

43.1. İnformasiya Məsələləri üzrə müvəkkil (bundan sonra - Müvəkkil) müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi 3 namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir.

43.2. Ali təhsilli, informasiya sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik Azərbaycan Respublikasının vətəndaşı Müvəkkil seçilə bilər.

43.3. Aşağıdakı şəxslər Müvəkkil seçilə bilməzlər:

43.3.1. elmi, pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli vəzifələrdə çalışan, başqa dövlətin qarşısında öhdəliyi olan şəxslər;

43.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya məhkumluğu götürülməmiş şəxslər;

43.3.3. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətli olması məhkəmə tərəfindən təsdiq olunan şəxslər.

43.4. Müvəkkil siyasi fəaliyyətlə məşğul ola, heç bir siyasi partiyanı təmsil edə, heç bir qeyri-hökumət təşkilatının rəhbər orqanlarında vəzifə tuta bilməz.

43.5. Müvəkkil vəzifəyə seçildiyi gündən sonrakı 7 gün ərzində statusuna uyğun olmayan vəzifəni dayandırmalıdır.

43.6. Müvəkkilin səlahiyyət müddəti 5 ildir.

43.7. Müvəkkil bu vəzifəyə dalbadal 2 dəfədən artıq seçilə bilməz.

Maddə 44. Müvəkkilin statusu və Müvəkkil aparatının yaradılması

44.1. Müvəkkil bu Qanunun icrasına nəzarəti həyata keçirmək məqsədi ilə öz aparatını yaradır.

44.2. Müvəkkilin aparatı hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşir.

44.3. Müvəkkilin aparatının strukturu, ştat cədvəli və əmək haqqısı Müvəkkil tərəfindən müəyyənləşdirilir.

44.4. Müvəkkilin aparatı üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş möhürə, blanka və bank hesablarına malikdir.

44.5. Aparat Müvəkkil tərəfindən təsdiq olunan “İnformasiya Məsələləri üzrə Müvəkkilin aparatı haqqında” Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Maddə 45. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi

45.1. Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə aşağıdakı hallarda xitam verilir:

45.1.1. Müvəkkilə aid bu Qanunla müəyyən edilmiş tələblər pozulduqda;

45.1.2. Müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə;

45.2. Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan edildikdə Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:

45.2.1. Müvəkkil vəfat etdikdə;

45.2.2. Müvəkkilin barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

45.2.3. Müvəkkil vəzifəsindən könüllü şəkildə yazılı istefa verdikdə.

45.6. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Maddə 46. Müvəkkilin səlahiyyətləri

46.1. Müvəkkil informasiya sahiblərinin bu Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirmələri üzərində nəzarəti həyata keçirir.

46.2. Müvəkkil şikayət əsasında və ya şəxsi təşəbbüs qaydasında nəzarət icraatı qaldıra bilər.

46.3. Müvəkkil nəzarəti həyata keçirərkən aşağıdakıları aydınlaşdırır:

46.3.1. informasiya sorğusu bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyata alınıbmı;

46.3.2. informasiya sorğusu bu Qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilibmi;

46.3.3. informasiya sorğusunun icrasından imtina bu Qanunun tələblərinə uyğundurmu;

46.3.4. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyət bu Qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilibmi;

46.3.5. informasiya sahibi ictimai informasiyanı açıqlamaq vəzifəsini yerinə yetirirmi;

46.3.6. informasiya sahibi tərəfindən İnternet informasiya ehtiyatlarının yaradılması bu Qanunun tələblərinə cavab verirmi.

Maddə 47. Müvəkkilin vəzifələri

47.1. Müvəkkil:

47.1.1. bu Qanunun müddəalarını ictimaiyyətə çatdırır, informasiya əldə edilməsi ilə bağlı vətəndaşlara hüquqi yardım göstərir;

47.1.2. informasiya sahiblərinə informasiya xidmətlərinin təkmilləşdirilməsi barədə təkliflər verir;

47.1.3. informasiyanın əldə olunmasını daha səmərəli təmin etmək məqsədi ilə informasiya sahibləri ilə sıx əməkdaşlıq edir, bu sahədə çalışan kadrların peşəkarlığını artırmaq üçün müxtəlif maarifləndirici tədbirlər həyata keçirir;

47.1.4. daxil olmuş müraciətləri, ərizə və şikayətləri araşdırır, müvafiq göstərişlər verir;

47.1.5. informasiya əldə etmək üçün verilən sorğunun nümunəvi formasını hazırlayır;

47.1.6. bu Qanunun tələblərindən irəli gələn digər vəzifələri yerinə yetirir.

47.2. Müvəkkil nəzarətin nəticələri barədə şikayət verən şəxsə, informasiya sahibinə və ya informasiya sahibinin tabe olduğu yuxarı orqana məlumat verir.

47.3. Nəzarətin nəticələri, həmçinin, Müvəkkilin İnternet informasiya ehtiyatlarında açıqlanır.

Maddə 48. Müvəkkilin hüquqları

48.1. Müvəkkilin hüquqları aşağıdakılardır:

48.1.1. informasiya sahibindən hesabatlar, izahatlar və sənədlər tələb etmək;

48.1.2. informasiya sahibinin daxili istifadə üçün nəzərdə tutulmuş hesab etdiyi sənədlərlə tanış olmaq;

48.1.3. bu Qanunun tələblərinin pozulması ilə bağlı inzibati hüquq pozuntularına dair materialları informasiya sahibinin tabe olduğu yuxarı orqana və ya məhkəməyə göndərmək.

Maddə 49. İnformasiya sorğusunun icrasından imtina edilməsi və ya

lazımınca icra olunmaması barədə şikayət

49.1. Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Müvəkkilə şikayət etmək hüququna malikdir.

49.2. Müvəkkilə göndərilən şikayətdə aşağıdakılar göstərilir:

49.2.1. şikayət ərizəsi ilə müraciət edən şəxsin adı və soyadı;

49.2.2. poçt ünvanı və ya digər əlaqə məlumatları;

49.2.3. informasiya sahibinə təqdim edilən informasiya sorğusunun məzmunu;

49.2.4. informasiya sorğusu barədə informasiya sahibinin yol verdiyi nöqsanlar barədə ətraflı məlumat;

49.2.5. sorğuçunun informasiya sahibinin qeyri-qanuni fəaliyyətini təsdiqləyən dəlilləri.

49.3. Əgər şikayət ərizəsi ilə müraciət edənin fikrincə informasiya sahibi sorğunun icrasından qeyri-qanuni imtina etmişsə, yaxud qeyri-dəqiq və natamam informasiya təqdim etmişsə, bu halda şikayət ərizəsinə yazılı cavabın, yaxud qeyri-dəqiq və ya natamam hesab edilən sənədin surəti də əlavə edilməlidir.

Maddə 50. Şikayət ərizəsinə baxılması

50.1. Müvəkkil şikayət ərizəsi daxil olduğu tarixdən sonrakı 10 iş günü ərzində şikayəti araşdırır, bununla bağlı informasiya sahibinin fəaliyyətinin qanuniliyini yoxlayır və şikayətçiyə cavab verir.

50.2. Əgər şikayət ərizəsi dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahatlar və sənədlər toplamaq lazımdırsa, Müvəkkil, bu barədə şikayətçiyə yazılı məlumat verməklə, şikayətə baxılması müddətini əlavə olaraq 10 iş günü də uzada bilər.

Maddə 51. Şikayətin təmin edilməsindən imtina

51.1. Müvəkkil aşağıdakı hallarda şikayəti təmin etməkdən imtina edir:

51.1.1. şikayət ərizəsi anonimdirsə;

51.1.2. şikayət konkret informasiya sahibinin fəaliyyəti barədə deyilsə;

51.1.3. şikayət təkrar, əsassız və qərəzlidirsə;

51.1.4. bu iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa;

51.1.5. ərizəçi informasiya sahibinin şikayəti aradan qaldırmaq üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etməyibsə.

51.2. Bu Qanunun 51.1.1-ci maddəsində göstərilən hallar istisna olmaqla, şikayət ərizəsi ilə müraciət edənə imtina barədə əsaslandırılmış cavab verilir.

Maddə 52. Müvəkkilin göstərişləri

52.1. Nəzarət qaydasında araşdırma zamanı Müvəkkil informasiya sahibinə aşağıdakı hallar üzrə müvafiq göstərişlər verə bilər:

52.1.1. informasiya sorğusunu yerinə yetirməkdən qeyri-qanuni imtina edildikdə;

52.1.2. informasiya sorğusu bu Qanunla nəzərdə tutulmuş müddətdə icra olunmadıqda;

52.1.3. informasiya sorğusunu lazımi şəkildə təmin etmədikdə;

52.1.4. açıqlanması bu Qanunla nəzərdə tutulan ictimai informasiyanı açıqlamadıqda və ya lazımi şəkildə açıqlamadıqda;

52.1.5. İnternet informasiya ehtiyatları yaradılmadıqda və ya lazımi səviyyədə yaradılmadıqda;

52.1.6. həqiqətə uyğun olmayan, qeyri-dəqiq və natamam informasiya verdikdə və sorğuçunun bununla bağlı təkrar müraciətinə əməl etmədikdə;

52.1.7. informasiyanın əldə olunmasına qeyri-qanuni məhdudiyyətlər qoyduqda;

52.1.8. əldə olunması bu Qanunla məhdudlaşdırılan informasiyanı açıqladıqda.

52.2. Müvəkkilin göstərişləri bu Qanunda nəzərdə tutulan hallara uyğun olmalı, Müvəkkilin səlahiyyət həddini aşmamalı, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə əsaslandırılmalıdır.

Maddə 53. Müvəkkilin göstərişlərinin icrası

53.1. İnformasiya sahibi Müvəkkilin göstərişlərini aldıqdan sonra 5 iş günü ərzində onun icrası üçün tədbirlər görür və bu barədə Müvəkkilə yazılı şəkildə məlumat verir.

53.2. Müvəkkil informasiya sahibindən aldığı məlumatı özünün İnternet informasiya ehtiyatlarında açıqlayır.

53.3. İnformasiya sahibi Müvəkkilin göstərişlərindən məhkəməyə şikayət vermək hüququna malikdir.

Maddə 54. Müvəkkilin xidməti qaydada nəzarətin təşkilinə dair vəsatəti

54.1. Əgər informasiya sahibi Müvəkkilin göstərişlərini icra etmirsə, o zaman Müvəkkil xidməti qaydada nəzarətin təşkil edilməsi barədə informasiya sahibinin tabe olduğu yuxarı orqan qarşısında vəsatət qaldırır, yaxud toplanmış sənədləri məhkəməyə göndərir.

54.2. Xidməti nəzarəti həyata keçirən yuxarı orqan vəsatəti aldıqdan sonra 15 iş günü ərzində ona baxmalı və nəzarətin nəticələri barədə Müvəkkilə məlumat verməlidir.

Maddə 55. Müvəkkilin qanunun icrası barədə hesabatı

55.1. Müvəkkil hər cari ildən sonra ən geci üç ay ərzində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir.

55.2. Müvəkkilin hesabatında il ərzində görülmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında aparılmış işlərə, görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər hallara dair məlumatlar, habelə Müvəkkilin rəy və təklifləri öz əksini tapır.

55.3. Hesabat müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilir.

55.4. Hesabat Müvəkkilin İnternet informasiya ehtiyatlarında açıqlanır və “Azərbaycan” qəzetində dərc olunur.

VII fəsil

Keçid müddəaları

Maddə 56. İnternet informasiya ehtiyatlarının yaradılması müddəti

56.1. Dövlət orqanları bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün ən qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 1 ildən gec olmayaraq öz İnternet informasiya ehtiyatlarını yaradırlar, bələdiyyələr isə bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün mümkün qədər qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 3 ildən gec olmayaraq öz İnternet informasiya ehtiyatlarını formalaşdıra bilərlər .

56.2. Müvafiq icra hakimiyyəti orqanları tabeçiliklərində olan dövlət orqanlarının öz İnternet informasiya ehtiyatlarını formalaşdırmaları üçün ən qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 2 ildən gec olmayaraq şərait yaratmalıdırlar.

56.3. İctimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər, bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulan informasiya sahibləri öz İnternet informasiya ehtiyatlarını mümkün qədər qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 2 ildən gec olmayaraq yaradırlar.

56.4. İnformasiya sahibləri malik olduqları, fəaliyyət nəticəsində yaratdıqları və ya əldə etdikləri ictimai informasiyaları bu Qanunun 56.1-ci, 56.2-ci və 56.3-cü maddələri qüvvəyə minənədək, qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla açıqlayır və ya informasiya sorğusu əsasında təqdim edirlər.

Maddə 57. Müvəkkilin seçilməsi müddəti

57.1. Müvəkkil bu Qanun qüvvəyə mindikdən sonra, ən geci 6 ay ərzində seçilir.

57.2. Bu Qanunun 26.4-cü maddəsindən irəli gələn tələblər Müvəkkil seçildikdən sonrakı 3 ay ərzində yerinə yetirilməlidir. İnformasiya sahibləri bu Qanunun 57.2-ci maddəsinin tələbləri qüvvəyə minənədək daxili icraat qaydasında informasiya xidmətləri göstərirlər.

57.3. Bu Qanunun 55-ci maddəsinin qüvvəsi Müvəkkilin seçildiyi ildən sonrakı il tətbiq olunur.

Maddə 58. Qanunun qüvvəyə minməsi

58.1. Bu Qanunun 8.1-ci, 8.3-cü, 10.2-ci, 11.1-ci, 12.2-ci, 12.7-ci və 32.4-cü maddələrindən irəli gələn tələblər bu Qanun dərc edildiyi gündən sonrakı 3 ay ərzində həyata keçirilir.

58.2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2005-ci il.
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə