İnformasiya əLDƏ etmək haqqinda azərbaycan respublikasinin qanunu




Yüklə 115.87 Kb.
səhifə2/3
tarix15.04.2016
ölçüsü115.87 Kb.
1   2   3

21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa;

21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə;

21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.

21.3. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməli, həmçinin burada sorğuçunun cavabdan məhkəməyə şikayət etmək hüququnun olduğu öz əksini tapmalıdır.

Maddə 22. İnformasiya sorğusunun təmin edilməsi

22.1. İnformasiya sahibi bu Qanunun 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq informasiyanın əldə olunmasına şərait yaradır, yaxud informasiyanı sorğuçuya təqdim edir.

22.2. Tələb olunan informasiya əldə olunması qanunla məhdudlaşdırılan sənədin tərkibinə daxildirsə, onun ancaq açıq hissəsi təqdim oluna bilər.

22.3. Natamam və ya qeyri-dəqiq informasiya təqdim edən informasiya sahibi sorğuçunun əsaslandırılmış tələbi üzrə informasiyaya ödənişsiz əlavələr edərək onu sorğuçuya çatdırmalıdır.

22.4. İnformasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir.

Maddə 23. İnformasiya sorğusunun aidiyyəti üzrə göndərilməsi

23.1. Sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir.

23.2. Bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan informasiya sahibləri sorğunu aidiyyəti üzrə göndərməyə bilərlər, bu şərtlə ki, sorğu edilən informasiyanın onlarda olmadığı barədə ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq sorğuçuya məlumat versinlər.

Maddə 24. İnformasiya sorğusunun icra müddəti

24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

24.2. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

24.3. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (bayram və istirahət günləri istisna olmaqla) təqdim edilir.

24.4. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

24.5. İnformasiya sorğusunın bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır.

24.6. Bu Qanunun 24.4-cü maddəsində göstərilən hallarda sorğunun icra müddəti çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən təqdim edildiyi günün sonrakı iş günündən, bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan hallarda isə sorğunun baxılma müddəti ilk daxil olduğu tarixdən deyil, göndərildiyi müvafiq informasiya sahibinə daxil olduğu günün sonrakı iş günündən hesablanır.

Maddə 25. İnformasiya sorğusunun icra müddətinin uzadılması

25.1. İnformasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, o, bu Qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq 7 iş günü də uzada bilər.

25.2. İnformasiya sahibi sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir.

Maddə 26. İnformasiyanın əldə olunmasına görə ödəniş

26.1. Sorğuçu informasiya ilə tanış olduqda, əllə üzünü köçürdükdə və ya öz texniki imkanlarından istifadə edərək surətini çıxardıqda, habelə texniki kömək göstərilməyən digər hallarda informasiyanın əldə olunmasına görə haqq ödəmir.

26.2. İctimai informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur.

26.3. İnformasiya xidməti üçün haqq alına bilər, bu şərtlə ki, ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın.

26.4. Müvafiq icra hakimiyyəti orqanı İnformasiya Məsələləri üzrə müvəkkillə razılaşdırmaq şərti ilə:

26.4.1. haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin siyahısını;

26.4.2. informasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş qaydalarını;

26.4.3. informasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə hallarını;

26.4.4. ödəniş zamanı edilə biləcək güzəştin şərtlərini;

26.4.5. bu Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə şərtlərini və qaydalarını müəyyənləşdirir.

Maddə 27. İnformasiya sorğusunun icra olunmuş sayılması

27.1. Aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır:

27.1.1. informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə;

27.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə;

27.1.3. açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə;

27.1.4. informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə.

Maddə 28. İnformasiya sorğusunun icrasının və icrasından imtinanın

qeydə alınması

28.1. İnformasiya sorğusunun icrası və icrasından imtina reyestrdə qeydə alınır.

28.2. İnformasiya sorğusu icra olunduqda və ya icrasından imtina edildikdə reyestrə aşağıdakı məlumatlar daxil edilir:

28.2.1. sorğunun icrasına məsul olan vəzifəli şəxsin adı və soyadı;

28.2.2. surəti, tərcüməsi və ya çıxarışları verilmiş sənədlərin rekvizitləri;

28.2.3. sorğunun icra edildiyi və ya icrasından imtina edildiyi tarix;

28.2.4. sorğunun icrasından imtina üçün bu Qanunla müəyyənləşdirilmiş əsaslar.

IV fəsil

İnformasiyanın açıqlanması

Maddə 29. İnformasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsi

29.1. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır:

29.1.1. ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası;

29.1.2. büdcə proqnozları;

29.1.3. dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr;

29.1.4. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar;

29.1.5. dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar;

29.1.6. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar;

29.1.7. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları;

29.1.8. dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar;

29.1.9. bu Qanunun 9.1-ci maddəsi ilə müəyyənləşdirilən informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar;

29.1.10. normativ hüquqi aktların layihələri – razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan;

29.1.11. normativ hüquqi aktlar – qüvvəyə mindiyi gündən;

29.1.12. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar;

29.1.13. dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar;

29.1.14. ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlərə dair məlumatlar;

29.1.15. dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları – əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən;

29.1.16. dövlətin ictimai əhəmiyyətli konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri – təsdiq olunmağa təqdim edilənədək;

29.1.17. dövlət orqanlarının və bələdiyyələrin vakansiyaları haqqında məlumatlar;

29.1.18. dövlət orqanlarının və bələdiyyələrin mal və xidmətlərinə dair məlumatlar;

29.1.19. dövlət orqanları və bələdiyyələr tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar;

29.1.20. kütləvi tədbirlərin proqramları;

29.1.21. dövlət orqanlarının və bələdiyyələrin göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar – bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək;

29.1.22. dövlət və bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar;

29.1.23. dövlət və bələdiyyə müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;

29.1.24. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin, həmçinin, normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar;

29.1.25. əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər – malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar – şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış;

29.1.26. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar;

29.1.27. əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar – bu dəyişikliklər edilənədək;

29.1.28. məhkəmə aktları;

29.1.29. qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar;

29.1.30. informasiya sahiblərinin reyestri;

29.1.31. ictimai rəy sorğusunun nəticələri;

29.1.32. informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar;

29.1.33. dövlət sirri təşkil edən məlumatların siyahısı;

29.1.34. açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar.

29.2. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz.

Maddə 30. İnformasiyanın açıqlanması üsulları

30.1. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır.

30.2. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar həmçinin:

30.2.1. kütləvi informasiya vasitələrində;

30.2.2. rəsmi nəşrlərdə;

30.2.3. kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;

30.2.4. qanunvericilikdə nəzərdə tutulan başqa üsullarla açıqlana bilər.

Maddə 31. İnformasiyanın açıqlanması üsulunun seçilməsi

31.1. İnformasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın.

31.2. İctimai informasiyanın açıqlanması üsulu xüsusi qanunla və ya beynəlxalq müqavilələrlə nəzərdə tutulubsa, onda ictimai informasiya açıqlanarkən həmin qanunla və ya beynəlxalq müqavilə ilə nəzərdə tutulan üsul tətbiq olunur. Əgər həmin vəzifə, həmçinin, bu Qanunun 29.1-ci maddəsinin tələblərindən irəli gəlirsə, ictimai informasiya İnternet informasiya ehtiyatlarına da daxil edilir.

31.3. İnformasiya sahibi insanların həyatı, sağlamlığı və əmlakı, yaxud ətraf mühit üçün yaranan təhlükə, ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edən digər hadisələr və faktlar barədə informasiyanı, həmin təhlükənin qarşısını almaq və onun mümkün olan nəticələrini azaltmaq məqsədi ilə dövri mətbuatda, teleradio verilişlərində və İnternet informasiya ehtiyatlarında təcili surətdə açıqlamalıdır.

Maddə 32. İnternet informasiya ehtiyatlarının yaradılması vəzifəsi

32.1. Dövlət orqanları və bələdiyyələr bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün İnternet informasiya ehtiyatları yaradırlar.

32.2. Müvafiq icra hakimiyyəti orqanları onların tabeliyində olan dövlət orqanlarının İnternet informasiya ehtiyatları formalaşdırmalarına şərait yaratmalıdırlar. Bu məqsədlə sahə (korporativ), regional və s. formada İnternet informasiya ehtiyatları yaradıla bilər.

32.3. Bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən informasiya sahibləri ictimai informasiyaları açıqlamaq məqsədi ilə İnternet şəbəkəsində ayrı-ayrılıqda və ya birgə informasiya ehtiyatları yarada bilərlər.

32.4. Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Maddə 33. İnternet informasiya ehtiyatlarına verilən tələblər

33.1. Bu Qanunun 9.1-ci maddəsində göstərilən informasiya sahibləri:

33.1.1. İnternet informasiya ehtiyatları ilə tanış olmaq imkanları barədə məlumatı əks etdirən müvafiq ünvanları və ya onlara edilən dəyişiklikləri kütləvi informasiya vasitələrində açıqlamaq yolu ilə ictimaiyyətə çatdırırlar;

33.1.2. İnternet informasiya ehtiyatlarında ən yeni və aktual informasiyaları yerləşdirirlər;

33.1.3. köhnəlmiş, natamam, qeyri-dəqiq və ya çaşqınlıq yaradan informasiyaları İnternet informasiya ehtiyatlarında yerləşdirməkdən imtina edirlər;

33.1.4. İnternet informasiya ehtiyatlarının etibarlı fəaliyyətini təmin edirlər.

33.2. İnformasiya sahibi İnternet informasiya ehtiyatlarında sənədin yerləşdirildiyi vaxtı və digər üsullarla açıqlanması tarixini göstərməlidir.

33.3. Bu Qanunun 9-cu maddəsində göstərilən informasiya sahibləri İnternet informasiya ehtiyatlarında yerləşdirilən ictimai informasiyaların tez və asan əldə edilməsi üçün şərait yaratmalıdırlar.

V fəsil

İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulması

Maddə 34. İnformasiyanın təsnifatı

34.1. Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür.

34.2. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır.

34.3. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur.

34.4. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, habelə fərdi məlumatlar konfidensial xarakter daşıyır.

Maddə 35. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinin əsasları

35.1. İnformasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər.

35.2. İnformasiya sahibi aşağıdakı informasiyaları bu Qanunda göstərilən müddət ərzində xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etməlidir:

35.2.1. cinayət işi və ya inzibati xətalar haqqında iş üzrə toplanmış informasiya – iş məhkəməyə verilənədək və ya işin icraatına xitam verilməsi barədə qərar qəbul edilənədək;

35.2.2. dövlət nəzarəti gedişində toplanan informasiya – həmin məsələ üzrə qərar qəbul edilənədək;

35.2.3. vaxtından əvvəl açıqlanması dövlət siyasətinin formalaşdırılmasına, inkişafına və müvəffəqiyyətlə başa çatdırılmasına mane olan və ya mane ola bilən informasiya – prosesin başa çatması barədə razılaşma əldə edilənədək;

35.2.4. vaxtından əvvəl açıqlanması dövlət orqanı tərəfindən testləşdirmə və ya maliyyə yoxlamasının səmərəliliyinə ciddi təhlükə yaradacaq və ya təhlükə yarada biləcək informasiya - test və ya maliyyə yoxlaması başa çatanadək;

35.2.5. vaxtından əvvəl açıqlanması dövlət orqanında fikir mübadiləsini, məsləhətləşmə prosesini pozacaq və ya poza biləcək informasiya – son qərar qəbul edilənədək;

35.2.6. vaxtından əvvəl açıqlanması dövlət orqanının iqtisadi, pul-kredit və ya maliyyə siyasətinin həyata keçirilməsinə mənfi təsir göstərə bilən informasiya – iqtisadi, pul-kredit və ya maliyyə fəaliyyəti ilə bağlı konkret əməliyyat başa çatanadək;

35.2.7. ədalət mühakiməsinin həyata keçirilməsinə əngəl törədəcək və ya törədə biləcək informasiya – məhkəmə qərarı qəbul edilənədək;

35.2.8. xarici ölkələrdən və ya beynəlxalq təşkilatlardan daxil olan sənədlər – sənədin açıqlanması üçün qarşılıqlı razılıq əldə edilənədək;

35.2.9. ətraf mühit üçün təhlükə yaradacaq və ya yarada biləcək, ətraf mühitin komponentlərinə zərər vuracaq və ya zərər vura biləcək informasiya – bu təhlükəni törədən səbəblər aradan qalxanadək;

35.2.10. açıqlanması informasiya sahibinin qanuni maraqlarına ziyan vurursa, yaxud ictimai funksiyaları yerinə yetirən özəl hüquqi şəxslərlə bağlanan müqavilədə informasiyanın xidməti istifadə üçün nəzərdə tutulması qeyd olunubsa – texniki həllər barədə informasiya.

35.3. İnformasiya sahibləri əsaslandırdıqları hallarda aşağıdakı informasiyaları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilərlər:

35.3.1. bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sahiblərinin əmr, sərəncam və qərarlarının layihələri – əmr, sərəncam və qərarlar qəbul edilməyə təqdim olunanadək;

35.3.2. bu Qanunun 9.3-cü maddəsində göstərilən hüquqi şəxslərin bu Qanunun 9.3.1-ci və 9.3.2-ci maddələrində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə dair aktları və onlara aid sənədlər – bu aktlar qəbul edilənədək və ya imzalananadək.

35.4. Bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş informasiyalar o halda xidməti istifadə üçün nəzərdə tutula bilər ki, informasiyanın yayılmasından dəyə biləcək ziyan həmin informasiyaya olan ictimai marağı üstələsin.

Maddə 36. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsi qaydası

36.1. Xidməti istifadə üçün nəzərdə tutulan sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərinə “Xidməti istifadə üçün” qeydi yazılır. Fərdi məlumatları əks etdirən sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərində “Xidməti istifadə üçün. Fərdi məlumatlar” qeydi aparılır.

36.2. Hər iki halda sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərində məhdudiyyətin qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarix göstərilməlidir.

Maddə 37. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinə qoyulan məhdudiyyətlər

37.1. Bu Qanunun 9.1-ci maddəsində göstərilən informasiya sahibləri aşağıdakı informasiyaları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilməzlər:

37.1.1. ictimai rəy sorğusunun nəticələri;

37.1.2. ümumiləşdirilmiş statistik məlumatlar;

37.1.3. iqtisadi və sosial yönümlü proqnozlar;

37.1.4. vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hadisələr, təbii fəlakətlər və qəzalar barədə;

37.1.5. ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin, mədəniyyətin, iqtisadiyyatın, o cümlədən nəqliyyatın və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;

37.1.6. informasiya sahibinin fəaliyyəti haqqında hesabatlar, o cümlədən vəzifələrin yerinə yetirilməsinin keyfiyyəti və buraxılan nöqsanlar barədə;

37.1.7. dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;

37.1.8. Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin sağlıq durumu haqqında;

37.1.9. dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunçuluğun pozulması faktları;

37.1.10. fərdi məlumatlar istisna olmaqla, dövlət və bələdiyyə qulluqçularının, o cümlədən ictimai funksiyaları yerinə yetirən hüquqi və fiziki şəxslərin işgüzar nüfuzunun ləkələnməsi barədə;

37.1.11. dövlət orqanlarındakı və bələdiyyələrdəki vakansiyalar haqqında;

37.1.12. büdcə vəsaitlərindən istifadə və ölkənin iqtisadi durumu haqqında;

37.1.13. dövlət orqanlarında və bələdiyyələrdə çalışan qulluqçuların vəzifə təlimatları;

37.1.14. dövlətin qiymətli metal və valyuta ehtiyatları barədə;

37.1.15. normativ hüquqi aktlar;

37.1.16. Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarının protokolları və stenoqramları;

37.1.17. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

37.1.18. dövlət sirri təşkil edən məlumatların siyahısı;

37.1.19. qrantlar haqqında;

37.1.20. informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəlikləri haqqında;

37.1.21. dövlət nəzarətinin həyata keçirilməsi və ya intizam qaydasında qəbul edilmiş əmr, sərəncam və qərarlar;

37.1.22. istehlakçıların qanuni maraqlarının müdafiəsi ilə bağlı olaraq malların və xidmətlərin keyfiyyəti haqqında;

37.1.23. məlumatın açıqlanması dövlətin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirmirsə, dövlət orqanları və bələdiyyələr tərəfindən aparılan, yaxud sifariş verilən tədqiqatların və təhlillərin nəticələri barədə;

37.1.24. ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və xərclər barədə;

37.1.25. reyestrdə qeydə alınmayan daxili sənədlər – təbrik məktubları, zəmanətlər, memorandumlar, kütləvi tədbirlərin proqramları, müxtəlif statistik hesabatlar.

37.2. Bu Qanunun 9.3.1-ci maddəsində göstərilən hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə dair informasiyaları, bu Qanunun 9.3.2-ci maddəsində göstərilən hüquqi və fiziki şəxslər isə dövlət və ya bələdiyyə büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiyaları xidməti istifadə üçün məhdudlaşdıra bilməzlər.

Maddə 38. Fərdi məlumatlar

38.1. Əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar.

38.2. Fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır:

38.2.1. qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları və dünya görüşlərini əks etdirən məlumatlar;

38.2.2. etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar;

38.2.3. cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar – açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda;

1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə