Imishli com saytı təqdim edir. QƏŞƏm nəCƏfzadə ŞerləR (Müxtəlif) qoşMA




Yüklə 100.54 Kb.
tarix22.04.2016
ölçüsü100.54 Kb.
Imishli.com saytı təqdim edir.

QƏŞƏM NƏCƏFZADƏ


ŞERLƏR (Müxtəlif)


QOŞMA

Zəminin başındakı arx


Zəmiyə başlıqdı.
Çiçəklər quzuların mövsümüdür,
Quzular çiçəklərin mövzusudur.

Çölün ortasında arxac


bərəkəti təsdiqləyir.

Qoyun çobanın əl ağacının


ən qalın kölgəsidir.
Ağac qoyunların 
ogey atasıdır,
Çoban qoyunların evidir.

Yoncanın başında bağlanan at


yoncanın zindanıdır.
Atın da zindanı
onu minib çapmayandır
Atın da evi çobandır.

Arxın başındakı söyüd


yerdən qalxan buluddu.
Buludun da evi arxdakı
mürgüləyən sulardı.

Obanın yaraşığı itdi,


İtin yaraşığı pişikdi.
Qızın yaraşığı oğlandı,
Gəlinin yaraşığı
doğmaqdı.

Çobanın dövləti itdi


Itin gülməyi çobandı.
Otların evi 
qoyunların ağzıdı.

Atın təri çöllərin dincəlməyidi,


Qəşəmin ayaqları
atın belində bir topa buluddu.
 



***


GƏRAYLI

Könül, bu bulağın başında əylən 


Gör sular nədən oynar.
Sular qırmızı köynəkdi
İçində bədən oynar.

Könül dedi: qoy bulaqdan soruşum


Bulaq, içində oynayan nədi?
-Nəfəsimdi
-Bəs niyə dartınır?
- Əsirimdi
- Bulaq, bəs səhəngin hanı?
- Sındırdılar
- Kim sındırdı?
- Kauçuk qablar
- Orda nə işiniz vardı?
- Bizi qablara doldurdular¬ ¬
Yaşıl köynəyimiz cırıldı
Qulplu-qulplu sənəyimiz sındı
Atların dodaqları yandı
Bənd-bənd ovuclar dağıldı
Nə yaxşı qızların şəklini gizlətdik.
Gedən bədənimiz oldu,
Qalan ruhumuz.
Ruhumuzu torpağın altda gizlətdik.
-Nəyə görə?
- Əmanətdi
- Kimin əmanəti?
-El əmanəti
- Hanı el?
- Çoxdandı el gəlmir?
- Danışma bulaq,
Mən Qəşəməm eeeyyy…
başıma oba gəldi.
 



***


BAYATI

Əzizinəm qayanın ovuğuna dolmuş


tozun üstündə bitən çiçək,
ləçəklərini arı yelləsin.
Əzizinəm itkin düşmüş çiçəyi üçün
zarıyan arı,
İynəni çiçəklər öpsün.

Əzizinəm ağacın koğuşunda


balalayan quş,
Balan sarı dimdiyini
Bir dən bilib dimdiklər.
Əzizinəm ağaclarda
bulud-bulud yuvalar,
Barmaqlarım dən-dən 
yuvalara tökülər.

Əzizinəm o qızın


gözünün ucunda kədər
Oğrun sevgi yeridi.
Əzizinən o qədər ağladı o qız
Axırda üzündə üzü çürüdü.

Əzizinəm çiçəklərin üstündə qan-


xonça kimi,
Əzizinəm qan da durub
yarası üçün ağlar,
Əzizinəm bu dərdi qanan yox,
ay aman!

Əzizinəm generalın döşündə


bir medal yeri,
Əzizinəm ananın köksündə
bir bala yeri,
Əzizinəm ot basmış
bir Şuşa yeri,
Əzizinəm Xocalıda
bir körpə yeri.

Əzizinəm Qəşəmi güllə ağlasın,


ay aman!
 



***


ÇÖL HAQQINDA MÜXƏMMƏS

Qoyunlar göy otların üstə bitər hər səhər


Çoban yığar otların üstündən qoyunları.
Qoyunların dalınca otlar arxaca gələr
Hər otun ağzında bir qoyun qalxar yuxarı,
Hər çiçəyin başında bir quzu mələr, mələr.

Biçinçilər ot biçər


Ot biçməzlər bəlkə də,
Otların üstündən qoyunları dərərlər,
Otların üstündən qoyunları yıxarlar
Qoyunların üstündə çobanları ölərlər.

Göy otları qoyunlar dişləriylə çağırar,


Çöllər kəmənd atar
göy otları
qoyunların dişinə.
Qoyunlar da dartar çölü
dişinin altına salar,
Saldımı içinə bir yaşıl çölü çəkər
Çöllər axşamacan qoyun oxuyar.

Çiçəklər nəfəs alar atların dodağından


Çölün eyni açılar atların ayağından 
Köbələklər tökülər atların dırnağından
Qarışqa yorğan salar qırxbuğum yarpağından
Səhərəcən Muğanı atlar Muğam oxuyar.

 



***


MƏKTUB YAZMAQ

Məktub yazmaq zəmini suvarmaqdı,


Həriflər sümbüldü,
Sümbül torpağın barmaqlarıdı
“Mən burdayam!”- işarəsi.

Məktub yazmaq corab toxumaqdı,


İp həriglər
tezliklə ayağa dolar.
Ayağa dolmaq
uzun bir yolu başlamaqdı,
Yerimək ayağı
yollara yazmaqdı.

Məktub yazmaq


kənddə yaşayan sonbeşik qızdı,
Həm də
məktub yazmaq vaxt tutmaqdı-
Qız vaxt göndərər şəhərə-
Vaxtı olmayan sevgilisinə.

Məktub yazmaq


yazının üzünü köçürmək kimi
ürəyin üzünü köçürməkdi.
Məktubu əldən-ələ
yavaş ötürün
qanı tökülər.
 



***


FƏHLƏ AVTOBUSU

Hər səhər hər kişi öz arvadının yanından


durub işə yollanar.
Avtobusu qadın ətri bürüyər.
Bəlkə də hər kişinin boynunda
bir cüt qadın əlləri sürünər
Sürünər düşər aşağı
Elə bil ki yorğan altda gizlənər.
Buna bax, heç üzünü qırxmayıb,
Əsəbindən arvadı bəlkə yatmayıb gecə.
Üzündə arvadının əsəbini daşıyır
Heç kəs görməsin deyə
sıxılıbdı bir güncə.
Bəlkə arvadı peşiman,
Durmayıbdır yataqdan
Ayağını uzadar
Ərinin boş yorğanının altına.
Orda qalan istidən
ayağıyla götürüb
öz yerinə gətirər.
Gözünü yumub
istini qucaqlayır
öz əri kimi. 

Avtobusda kişilər


dizlərinin üstə
qoyub iri əllərini.
Mənə elə gəlir ki,
hər kişinin əlləri
Öz evinin mətbəxinə oxşayır.
Barmaqlar mətbəxt mebelləri-
Baş barmaq alt gözüdü
Çeçələ barmaq lap yuxarı mərtəbə.
Hər axşam arvadları
mətbəxin barmaq gözlərindən
Yağ götürər
Duz götürər
Birin açar
Birin örtər.
Bir barmaqdan nəsə alar
Bir barmağa nəsə qoyar.
Hər kişinin əlləri
öz evinin mətbəxidi.
 



***


MÜHARİBƏ, AYAQQABI, ÖLÜM

Müharibə hisslərin təzahürüdür


Güllələrin nəğməsi bədii üslubdur
Əsgərlər surətlə ötən fikirlərdir
Qan - bir dəqiqəlik pauzadır.

Bir dəfə ölmüş əsgərin


ayaqqabısına baxdım,
içi hələ soyumamışdı.
Düz dayanmışdı
ayaqların xatirəsi önündə.
İnsanın öldüyünü ən çox bildirən
ayaqqabılardır.
Ona görə
tətik çəkən barmaqdakı
nişan üzüyü
hər dəfə barmağa yalvarır ki,
nə olar, məni dəmirə sıxma.
Əsgərin səngərdə nə çəkdiyni
ən birinci ayaqdan soruş.
Bəzən ayaqqabıların çirkli
olması içdəki gərginliklərin
cırmaq yerləridi.
Bir sözlə,
ayaqqabı insanın
ən qəmli fotosudur.
 



***


İT ÖLÜSÜ

Kimsə bu yolun başında


it cəsədinin üstünü örtməz.
Axşam itin üstünü
təkcə öz səsi örtər.
Səsi yüz yol dövrə vurar başına
ölüsünü də diri itə oxşadar.
Səs düşən tək
it yalmana-yalmana
bürünər öz səsinə.
Bəlkə də bu yerdən xoşu gəlməz
səsi götürüb getmək
istəyər öz cəsədini.
Qonşu itlər hər axşam
ayqalarını maşa tək
qoyarlar bu səsin qırağına.
İtliyini itirməsin deyə
bu səsə səhərəcən hürərlər.
Birdən qayıdıb bu səs də
it kimi onlara hürər.
Döyüşdə ölən əsgərin
üstünü ilk dəfə
öz səsi örtər.
Məncə, səsi bədənindən
tez tanıyarlar,
Bəlkə də heç tanımazlar.
 



***


PARK

Sanki bu park 


Bir şəkil lövhəsidir 
Asılıb şəhərin yaxasından.
Skamyalar yaşıl,
Üstündəki adamlar,
Xüsusən qızlar, oğlanlar 
Onun meşə yuxularıdır.
Skamyalar vaxt küləyində 
adamlardan bərk - bərk yapışıb.
Qadın əllərindən tutduğu uşaqla
müvazinətini saxlayıb.
Bax, o tələbəyə oxşayan qız da
ürəyindəki fikirdən 
ikiəlli tutub,
dayanıb dümdüz.
Ağaclar baxışlarıyla durub.
Bir az da dərindən düşünsən 
insan baxışları ilə 
əkilib bu ağaclar. 

Hərdən tamaşaçı külək 


yelləyir bu lövhəni.
Ancaq qadın körpəsindən 
elə bərk - bərk yapışıb ki,
heç hara getmək istəmir.
Heyif, zaman 
sərgi salonunun müdiri kimi 
bu lövhəni
bir vaxt yığışdıracaq.
 



***


ASFALT

Qara bulud kimi qalxar bu asfalt,


Qara yoxuş kimi göyə dirənər.
Maşın təkərinin xırçıltısıyla
yollar ətəklənər.
Sonra ayağından
təkər arşını ilə
kilometrlər kəsilər.
Bəlkə də qara asfalt
tərs qoyulmuş güzgüdür.
Şütüdükcə maşınlar
o üzünü qaldırar.
Bəlkə bütün yolların
yol olub keçilməsi
güzgünü o üzünə
qaldırıb çevirməkdi .
Gün batar,
Asfalt qara axşama dönər
Maşınlar gedər - gedər
Çevirərlər axşamı
Çıxarlar bir səhərə.
Adam adamı sevər
Sevib çevirər.
Bu üzündən o üzünə
çevirəndə asfaltı,
ya adamı,
o üzərindən yol başlanar yenə
o üzü bu üzə çevirməyə.
Bəlkə də həyat ömür boyu
o üzündən bu üzünə
çevirməkdi bir şeyi.



***


ÇİMƏRLİK

Çimərlik yenə də fikir kimi çabalayır,


Uşaqlar açıq, qapalı
hecalar kimi bir - birinin
çiynindən tutub
atılıb düşürlər.
Bir - birinin üstünə çilənən sular
nöqtə, vergüllər
kimi hər uşaqdan sonra
qoyulur, məncə.
Sahildəki paltarlar
itirilmək qorxusundan azad deyil.
Ona görə də nadinc küləklərin
çimdikləməsini bəhanə edib
daha da atılıb düşürlər ki,
özlərini sahiblərinə göstərsinlər.

Sinəsinin qıvrım tüklərini


sığallayan kişi də elə hey gözünün
ucuyla qadın paltarlarına
baxmaqdadır.
Ancaq o kişi bilmir ki ,
bu paltarların
nə qolu, nə ayağı
nə dodağı
nə də o kişiyə bu saat
lazım olan bir şeyi var.
Olsa - olsa bu nazik yupqada
dolu qadın budlarının
yaddaşı durur.
Bu yaddaşı da duymaq üçün
sürücü olasan gərək,
daha kamaz şoferi yox.
 



***


METRODA

Uşaqlar sinif otaqlarında 


partalara doluşan kimi
adamlar qatarın oturacaqlarına 
dolur.
Elə bil elektirik məftillərinin
üstündə quşlar oturur.
Tək-tək ayaq üstündə qalanları
müəllimə bənzətmək olar.
Müəllim ürəyində dərsi soruşur
Hərə ürəyində dərsini danışır.
Stansiyalar tənəffüsdü
Göründümü
Adamların bəziləri tələsik
çölə dolur.
Elə bil quşlar məftillərin
üstündən “pırr” eləyib uçur.
Ən uzun dərs “Bakı soveti”ndən
“Həzi Aslanov”a qədərdi.
Ən qısa dərs
“Bakı soveti”ndən “Sahil”ə kimi.
Qatarda hamı mehriban və tanışdı.
Bəlkə ona görə hamıya mənsub
eyni vaqonun içindəyik.
Eyni uğultuya qulaq asırıq
Eyni tutacaqdan tutmuşuq.
Qatar səbəbsiz dayanan kimi
Eyni şəkildə qorxuruq.
Qızlar ayaq üstə daha gözəldi
Yer versən gözəllik əziləcək.
Ayaq üstə güclə dayanan qadının
əlində tutduğu uşaq
alma zəmbilinə oxşayır.
Hamı düşüncəlidir,
Hamı maaş haqqında fikirləşir.



***


MÜASİRLİK

Köhnə “Sovet küçəsi”ndə


Bakı ölür.
Əvvəl Böyük Vətən müharibəsi
qırmışdı buranı.
Şəkil asılmış mismar
Mismar vurulmuş divar
Divar vurulmuş keçmiş
yıxılır.
Müasirlik keçmişə dağ çəkir.
Heç vaxt görünməyən evlərin içi
İndi çöl kimi görünür.
Evlər sökülür,
Elə bil adamlar sökülür.

Sahibi məhləyə atılmış köhnə yataq


dəstindən utanır.
Gecə xatirələrinin üstü açıqdı.
Bu xatirələri cavan uşaqlar da
oxuya bilir.
Ona görə də kişi götürüb baltanı
əzir divanı.
Tikə-tikə doğrayır ki,
nəyə oxşayır oxşasın
təki yataq dəstinə oxşamasın.

Yıxılmış divarın birini qaldırsan


Bakıdı.
Götürüb bir taxtanı aşırsan
kişidi.
Ekskvatorun qaşıq çalovu ilə
qarışdırdığı mətbəx qadındı.

Qalın divarları toza çevirib


söz-söz yığırlar maşına.
Qədim qapıları, pəncərələri,
piləkənləri addım-addım, tay-tay,
göz-göz yığırlar maşına.
İndi maşında göyçək
qadın ayaqları ağarır.
Zir-zibilin içindən ay parçası tək
qadın əlləri yellənir.

Yer kimi tərpəndi maşın


“Sovetsk”ini boşaltdılar
Bayıldakı neft gölməçələrinə,
Üstündə bic doğulan evlər tikdilər.

Gərək müasirlik belə etməsin,


Özünə bəraət kimi
keçmişi bir az qorusun.

Amma müasirlik


arı kimi vızıldayır.



***


NAMİZƏDLİYİM - 2005

Bu payız seçkilər yağışlar kimi yağdı,


Reklam şəkilləri göbələklər kimi bitdi,
Satıcılar şəklimi dükanın qapısına
kleyləmişdi,
Traktorlar şəklimi şüşəsinə sərmişdi
Sara xala sənə səs verəcəyəm demişdi,
Sonrası nə oldu, bilmədim.

Bu payız Fərhad Əliyevi tutdular,


Rəsul Quliyev Bakıya gəlmədi.
Adamlar çox suallar verdilər:
“Kəndimizə qaz çək”- dedilər.
Adamlarla pendir - çörək kəsdim,
Dost oldum
Milli Məclisdə: - “nə işim var” - dedim.

Kəddə çıxışlarım yarpaqlar kimi yağdı,


Adamlar fikirlərimi evlərinə daşıdılar.
Kəndin palçıqları şalvarıma əl çaldılar
Ayaqqabımın üstünə baş qoydular.
Fermada qoyun - quzuların yanında qaldım
Səhərə yaxın alnımdan bir quzu öpdü.
Bir yovşan burnumun ucunda durdu
Qırxbuğum bığını burdu,
Arxımız çiçəklədi
Sənə səs verəcəyik dedilər,
Sonrası nə oldu, bilmədim.

Adamların içindən səs çıxmadı,


Adamların içində səs qalmamışdı. 
Adamların içində səs tapa bilmədim.
Adamların içindən səsi
bir ay bundan qabaq
çıxartmışdılar,
Səssiz yaşayırdılar.
Mən onlara səs verdim,
Yenə də 
Sizləri sevirəm dedim.
 



***


AXŞAM ƏHVALATLARI
Əvvəl əllərim tökülər cibimə
Sonra barmaqlarım buğda
kimi səpilər.
Dolar barmaqlarım 
validol şüşəsinin
yarımçıq yerinə,
Üzümdə stenakardiyanın
sifəti.
Əvvəl dərmanı
əllərim içir.
Tərləmiş əllərim
soyuq dərman şüşəsini
bir az sərinlədir.

Maaş azlığı qədər əsəb


Şuşa müharibəsi qədər təzyiq,
Başımı qaldırar ayağa
Təkcə kasıblıq
başımı salar aşağı.

Hərdən də başımı itirib


cibimi tapmayanda
arvadım bir əlində su,
bir əlində dərman
dalımca gəzir.



***


HƏBSXANA ETÜDLƏRİ

Həbsxanada yatan kişilər deyil


Ən çox onların uşaqlarıdı,
Xüsusən bələkdə yatan körpələridi.
Həbsxanada döyülən kişilər deyil
Ən çox onların qadınlarıdı,
Ən çox da döyülən qadınların 
gözləridi.

Kişilərin adam öldürməyinin


səbəbini
məhkəmələr öyrənmir heç vaxt,
Bəlkə də ən çox qatil ölənlərdi.
Qadınlar kişilərin söyüş yeridi
Buna görə adam öldürməyə dəyər,
Amma yenə polis
adam öldürəni tutacq.

Hər günün sonunda qaranlıqlar


dustaq kameralarından
çıxır bayıra,
Qaranlıqlar hər dustağı evinə gətirər.
Kişilərin nələr çəkdiklərini
qadınları ulduz işığında 
apaydın oxuyarlar.
Həbsxananın dadını
nisyə aldıqları ən ucuz
papirosun iyindən duyarlar.
Hər dustaq arvadına yazdığı
kiçik bir kağız parçasıyla
özünü çölə çıxardar.
Hər gecə həbsxana məftillərinin
üstündə mürgüləyən
qadınların yuxusuna
müstəntiqlər hücum çəkər.

Həbsxanalar insanları


daha da ən qəddar qatilə çevirər.
 



***


QUL SAATLARI

Katibələr idarə müdürlərinin


qapılarıdı,
Əgər yanlarında əl boyda
güzgüləri olmasaydı
deyərdim adam deyillər.
Nidaya oxşamasaydılar,
deyərdim sualdılar.
Səsləri olmasaydı,
deyərdim göbələkdilər.
Pəncərənin önünə
dibcəkləri düzərlər,
Samovar orkesterin 
sədaları altında süzərlər.
Bütün günü qulaqlarında
telefon olar,
Həmişə qulaqlarından
sevilərlər.
Elə bil otaqları 
gözəllik sərgiləridir,
Müdirlər bu gözəlliyin
arxasında rahatca
gizlənirlər.
Şikayətə gələnlər
katibələrdə həlak olurlar.
Müdirlər katibələrə
yalançılıq öyrədirlər.
Yaşlananda işdən çıxarırlar.
Gözəlliyin cəzası
həmişə ağır olur, xanım!
 



***


YA ALLAH

Adam öləndə 


ilk dəfə üstündən adı düşür,
Adamların dilləri uzanar
o adı götürməyə,
Amma gecikərlər.

Günlər külək kimi əsər 


Əlində yarpaq kimi ürəyimiz yellənər,
Neçə sinə yüyürər bir ürəyi tutmağa
Amma gecikərlər.

Məncə, yıxılan adam


göyün əlindən düşür.
Əlindən düşəni götürməyə,
amma göylər gecikməz.
 



***


QOLLARIM YAŞIL İŞIQ

Qollarım uzanıb sənə,


Durma tozlu yolların arasında.
Gecə işıqlarının qara telində.
Yolların sərhəd açığında,
Durma.

Qollarım yaşıl işıq


Durma yalançı quşların yağış havasında.
İnamın uçurum körpüsündə,
Durma.

Qollarım yaşıl işıq 


Durma insanın ölmək həvəsində.
Atılan daşların
Geri qayıtmaq yolunda,
Durma.
 



***


DİVAR

Ay divar,


Lay divar,
Mən qacsam boyınca qurtararsanmı?!
Dalımca qırmızı bir güllə düşüb,
Məni evimizə apararsanmı?!

Bir gün söykəyərlər üzümü sənə, 


Arxam güllə divar, üzüm sən divar. 
Bəlkə də gözümə tökülmək ücün, 
Canından bir ovuc torpağm qopar.

...Ancaq səni hörən ustanın əli, 


Qoyular alnıma, deyər, can bala! 
Yolunun ağzına mən divar hördüm, 
Bəlkə hörməsəydim qacardın, bala!

Üzümə tutaram o divar əli, 


Gedərəm, sonunda evim görünər. 
Harda divar görsəm qacaram, Allah, 
Orda mənim ölüm yerim görünər.

Qacaram,
Cıxar qabağıma bir divar adam, 


Məni söykəyərlər divar adama. 
Bilərəm yol yoxdu burdan o yana, 
Bir daşı da yoxdu əlimə kecə,
Bir andı da yoxdu, adam and icə, 
Bilmirsən ürəyi harasındadı...
Mənə elə gəlir türmədəkilər, 
Məsələn, o günü ağlayan qadm 
Türmə divannın dalında deyil, 
Adam divannm arxasındadı.

Ay divar,


lay divar,
Bir gün söykəyərlər üzümü sənə.
Canından bir kərpic düşər üstümə.
Divar aşiqiyəm, sonra üzümü
Qoyaram qəbrimin divarlarma,
Otların kökləri icər səsimi.
 



***


KƏND TABLOSU

Itimiz kəndə oxşar


Qaçışı ata bənzər.
Bir üzündə ular
Bir üzündə ləhlər.

Burnunun ucunda arxac oturar,


Dişində qonşumuzun
oğlunun qanı dadar.
Burnunun ustündə
atımızın nalı var.
Ağzında 
nənəmin bişirdiyi
yal daşar.
Başında, belində
qardaşımın əli var.
Qaçsa
qalxar ayağında
yol duman-duman,
Açılar ayağında 
çöl pərdə pərdə.
Hav- hav hürər,
Şap- şap yal içər.
Gözünün üstünə gecə düşər,
Burnunun ucunda ay doğar.
Kefi kök olanda
çöllərin çöpünü sular.

Bir gün itimiz


qonşu kənddən qancıq sevdi.
Görüm o qancığı ölsün
İtimizin başına zəncir keçirtdi.
Zəncir onun sevgisiydi,
Başının bəlasıydı.
Sevəndən burnunun üstündə
ağac yeri var,
Hər axşam burnunun qanını yalar.
Gələrəm üstümdə şəhərə hürər,
Hürər boynumdakı
qırmızı qalustuka.
Hürər qapımızdakı
dikdaban ayaqqıbıya.
Əlimin içində ətiri yalar,
Elə bil əlimdən fətiri alar.

Deyirəm nə olaydı


Barı heç olmasa o qancıq
İtimizin boynundakı 
zənciri bir görəydi.
Itimiz də o günü 
Birccə görüb öləydi.
 



***


İSTANBUL MƏKTUB KİMİDİ

İstanbul məktub kimidi,


Binalar - nidalar
Küçələr - tire, suallar
İçində hər cür qarışıq hadisələr
Kanalzasiyalar
Bəd xəbərlər
Aclar, harınlar o qədərdi ki,
Istanbul heç məktuba oxşamaz.

Məktub uğurlu hadisədi,


Məhəbbət vədəsidi.
Böyük şəhərlər
heç vaxt sevgini anlamaz.
Şəhər məğrurluğu
yaşıl ağacların
nəfəslərini sıxıb öldürər.
Ayaq üstə düyğusuz fit çalan
ağac cənazələri,
küləyi bir anlıq əyləndirmək istər.

Kənd desən, yeri var


Yüz vərəqlik kənd
Böyük şəhərin esgizləridi.
İstanbul ən maraqlı romandı,
Kənd bu romanın “ardı var” deməkdi.
Ona görə də kənd məktublar
İstanbulun kənarında 
dincini alar.
İstanbulun kənarı kənddi
Hələlik romanın birləşməyən
səhifələridi.

Bir sözlə, İstanbulun


özü də qabaqlar kənd olub,
Üzərində o qədər düzəlişlər
eləyiblər ki, qapqaradı. 



***


UNUTDUĞUM

Gəncə unutduğum vaxtdı,


Yolu avtobusdu - qırmızı,
İnstitutu - dördillik
Fontanı - bir axşamlıq
Davası - bir küçəlik...

Həmişə vağzalında payız olar


Bakı qatarı külək gedər.
Adamlar vaqona yarpaq dolar
Adamlar tələsər qaçar
Vaxt vağzalı 
payız kimi qovurar.

Unvermağı bir köynəklik


Qaranlıqda lələləri bir bıçaq.
Göy gölündə vaxt donub
Gəlin gedək vaxt oyadaq.

Hər biçağın ağzında bir qız var


Hər qızın adında bir tələbə.
Hər qorxunun dalında bir kənd var
Kənd titrəyir döngələrdə hələ də.

Bir kölgəlik ağacı yadımdadı,


Kölgənin yarısını quşlar
özləriylə götürdülər,
Yarısını da yarpaqlar
aşağı endirdilər.
Onda biz 
Ağacın altında iki nəfər idik
Ağac bizə baxıb gülümsünürdü.

Gəncə unutduğum vaxtdı,


Məni ora nə avtobus aparar,
nə qatar.
 



***


SİNDROM

Şəhərdə ayağım oynar


Atımızın üzəngisi 
havada oynar deyə.
Üzəngini tuta bilməz
Yüz yerdən ayaq gələ.
Yüz il ayağım oynar
Keçməz o üzəngiyə.

Atımız köks ötürər


İçindən bir yol keçər.
Ayaq üzəngidən çıxsa
Ayağından yol çıxar.

Ayağım üzəngidən


Əlim üzüldü vaxtdan.
Atımız qovar vaxtı
Elə bil ki vaxt tutar.

Ayağımı üzəngiyə


Vaxt qaldırar-
Hanı vaxt?
Vaxt gəlib keçib çoxdan.

Ayağım oynar


Aya, ilə dəyə-dəyə.
Amma çata bilməz
o üzəngiyə.

Bəlkə nə vaxtsa


başımın içində
basdırmışam ayağımı
Indi dartıb çıxarda bilmirəm
başımdan ayağımı.
 



***


ŞƏHƏR AĞACLARI

Şəhərdəki ağaclar


oxumağa gələn tələbəyə bənzər.
Yoxsul əyin - başları
Adamın ürəyin üzər.

Elə bil şəhər torpağında


kirayə qalır bu yazıqlar.
Heç də ağaca oxşamırlar,
Yarpaqları güclə
ağaca oxşadar.

Elə bil ağacın


Torpaq anlayışı yox.
Bəlkə kənd bu ağacları
əsgərliyə göndərib,
Amma əsgərlərin
bir baxanı yox.

Bu il də su vermədilər


Kölgələri korluq çəkdi.
Kölgəni özüylə
apardı sular.
Ağac küçələrdən
əlini çəkdi.

Dərindən fikir versən,


Bu ağaclar çox mərtəbəli
binadı.
Gözlərini yumub açınca
ağaclar bina olar.

Meşə gərəkdi ağlasın,


Bu ağacın içində
əsir düşmüş 
bir damcı suyu-
Aşağı – yuxarı yüyürər
Qan təzyiqi kimi.
Yarpaq yox çıxmağa,
Meyvə yox görünməyə
Kölkə yox
bir uşağı çimizdirməyə.
Hündür binalara baxıb
ağacın başına sıçrayar
içindəki su.
 



***


HAYIF

Əlimin qırışında 


Yeriyən vaxta hayıf.
Saçımın yatışında 
Taxta hayıf.
Köynəyimin rəngi ilə
Solur vaxt
Ayaqqabım tozlandıqca
Ölür vaxt
Hayıf, hayıf deyən
Dilinə hayıf.

Dodağın tərpənəndə


Təbəssüm qaymaqlı
Vaxta hayıf
Bir dəfə mənim olmağın
Yadıma düşdü
Ömrümün içində 
“O vaxta” hayıf.

Bu havadan bir


Şırım aç
Bu küçədən yol salginən,
Ürəyimdə xalın yoxdu
Ürəyimə xal salginən,
Ürəyimə düşməyən 
Xalına hayıf.
 



***

 

FOTOQRAFLAR


İclaslardan çıxıb qaçmaq nə gözəldi,


Bir arzum var, özümü
balıq kimi havanın ayağı altına atmaq.
Havanın ayağı ağacın ayağıdırsa,
yellənçəyə də minmək olar.
Amma fotoqraflar maniə olur,
Varlı-hallı kişilərin
qabağında əyilə-əyilə
şəkil çəkirlər,
Yol tapmıram keçməyə.
Keçsəm məni qıyıq gözləriylə
nazirlərin qulağına tikərlər.
İclasın sonu lap dəhşətdi,
Dəvətli - dəvətsiz adamlar
Ən çox da xanımlar
cumurlar vəzifəli adamlarla
şəkil çəkdirməyə.
Fotoaparatlar anları qaycı kimi kəsir
Qnların qışqırtısı
yağış kimi yağır salona.
İndi mən necə keçim?
Bir də görürsənki üç-dörd dənə baş
nazirin kürəyinin dalından
baxır irəli.
Onların parıldayan gözləri
nazirin çiynindən yağış 
damlaları kimi görünür.
Arada publisistik kitablarını
nazirin əlinə doldururlar.
Yol tapmıram keçməyə,
İndi tənginəfəs yellənir
Ağacda hava yellənçəyim.
 



***


BİRLƏŞMƏ

Yağışdan sonra göy qurşağının


nə demək olduğunu anlamadığın kimi
məni də anlamazsan.
Təbiət bu cür hadisələrlə doludu.
Ona görə də hər şey qəribə və gözəldir.
Göbələklər nə üçün doğulduqlarından
xəbərsizdi.
Amma kim onlara dedi ki,
çıxın insan axtarın.
Heç vaxt məni anlamağa çalışma
Mən riyaziyyat deyiləm.
Guya biz bu gözəl işığın içində
sönmüş insan bəbəklərini
anlayırıq.
Ancaq işıq xoşumuza gəlir
Gözümüzə çəkirik.
Suların içində insan bəbəklərinin
hissələri mövcuddur.
Amma elə həvəslə içirik!
Bəlkə su deyil bizi özünə çəkən
Həsrət qaldığımız
doğmalarımızın 
bədən hissələridir.
 



***


SİRR

Bədənimiz gizli bir siirin üstünü örtən qapıdı


Qolumuz o siirin altına qoyulmuş tirdi
Ayağımız dərinlikdi
Gözlərimiz quyudu 
O siiri gizlətmək üçün. 
Yaşamaq enerjisi 
Hər an o sirrin 
Açılmasına hazırlaşmaqdı. 
O sirr əyninə insan geyinib, 
İnsanın özü də bilmir ki,
gizlətdiyi nədir.
Yarpaq bilmir ki, onu açan vaxt 
özü yıxdı.
O sirrin açılmaq məqamı 
darıxmaqdı.
 



***


BİR KİŞİ

Bakı sovetinin düz qabağında 


Bir kişi qəflətən,birdən
Düşdü ürəyinin əlindən.

Canı pırıltı ilə


Uçub getdi əyləşdiyi budaqdan.

Qaldı qayıq tək yerdə


Bir budaq bədən.

Əlindəki qəzeti vərəqləyirdi,


Şəfqət bacısı tək
İlıq, nazlı bir külək
Ölümün səbəbini axtarırdı elə bil.

Corabının dabanı deşilmişdi,


Bir evin qırılmış pəncərəsi tək.
Bəlkə ordan əsən, soyuq, qar, külək
Vurub salıbmış onu
Ürəyinin əlindən.

Çıxartdılar cibindən,


Ağappaq dəsmalını 
Sərdilər ağ üzünə.
Dəsmal qadın əlləri tək titrəyirdi,
Təzəcə ütülənmişdi
Sağlığına qismət.

Kim bilir,


Bəlkə qaçıb, qaçıb o zalım
Bir əl boyda dəsmalın 
Altında gizlənibmiş.
 



***


AH İŞARƏSİ

Bakıda hər bina kənddi,


Elə bu binanı götürək
Bizim kəndçilərdi.
Görən itlərini 
Hara bağlıyıblar.
Sürülərini hansı 
Yamaca ötürüblər.
Qızları hansı
Bulağa gedirlər.
İtləri hansı
Tərəfə hürürlər.

Bu bina kəndimizdi


Bəs qoyunu, quzusu hanı?
İnəyi, buzovu, iti
Taxılı, yoncası hanı?

Pəncərələr çölə bənzər


Gözlər çölü dolanıb gəzər.
Qocalar baxışlarını 
Göz yaşlarıyla yuyub
Çölə sərər.

Bu binanı bir it ulayır


Bu bina o qədər hündürdü ki,
Elə bil çöl ah çəkib.



***


İYDƏ AĞACI

Mənə elə gəlir ki, sən bu iydə ağacının


xatirəsisən.
Ancaq sonralar sən bu iydə ağacını
niyə unutdun, bilmədim?
Saçlarının kök, ayaqlarının
budaq olduğunu bilirəm.
Ayaqların buludlardan su içir,
Saçların az qala yerə dəyir.
Az qala kölgəndə boğulaq.
Sonralar sən iydə ağacı olmadın,
Üstündə çiçəklər açmadı,
Ətrin ürəyimə sevgi daşımadı,
Səni düşünə bilmədim, çiysən.
Səni düşünəndə mənə soyuq dəydi.
Düşündüm ki,sən iydə
ağacının heç tozu da deyilsən.

Əgər sən iydə ağacısansa,


gərək üstünə gələn
arılardan xəbərin ola.
Barı heç olmasa,
Bulud tək altına düşən
qapqara bir kölgədə 
əl boyda işığın ola.
 



***


QADIN

Uşaq bilmir anasının döşündəki


süd vəzinin xərçəngi durub baxır ona.
Uşaq ananın bir döşünü əmir,
O birini əlləriylə oynadır.
Xərçəng açılmış uşaq əllərinə
oxşadığından,
ana bundan xəbərsizdi.
Xərçəngin beyinə “mən burdayam”
xəbərdarlığını,
Ana hələ də uşağın diş yerinin ağrısı
kimi başa düşür.
Uşağın südlü dodaqları
xərçəngin millimetrliyindədi.
Heç olmasa əclaf xərçəng
Uşağın südlü dodaqlarına
bağışlamır ananı.
Qadın heç ərinə də göstərmədiyi döşlərini
həkimlərə göstərir.
Həkimlərin dodağını büzməyi,
Ya tələsik başqa həkimi çağırmağı
xərçəngə işarədir.
Döşlər kəsilməlidir.
Qadın deyir, verin son dəfə uşağı əmizdirim,
Uşaq dodaqlarının tamı
Hələ də döşlərindədir.
Xərçəng pusquda dayanmış kimi
deyilənləri eşidir,
Qaçır bədənin aşağı tərəfinə.
Analar ən birinci döşlərindən ibarətdir,
Nə olur, Allahım
Xərçəng harada olursa-olsun
Təkcə qadının döşlərində olmasın.
Südlü döşləriylə həyatdan yapışır qadın!
 



***


PROBLEM

Hər bir insanın çəkdiyi əzab


özünün yaratdığı problemə görədir.
Bu gün yaşamaq,
adicə adam kimi görünmək belə
sabahkı işinə düyün
vurmağa oxşayır.

Hər gün özüm-özümlə qabaqlaşıram


Özümü yaxşı tanıyıram: əclaf ! 
Səhər unversitetdə yenə özümlə
görüşəcəyəm.
Səhərki adam qırx ildir
həmin pəncərənin önünə yol gəlir ki,
qabağıma çıxsın.
Bu adam ən gözəl problemdi
Başın işləsin gərək.
Mən bu problemi qırx ildir
təmiz insan qanından 
hazırlamışam.

 



***


ŞƏKİL

Sən şəkilsən,


Bakının döşündən asılı şəkil.
Küçəsindən, divarından
Yellənən şəkil.
Bir kişinin qollarından
asılan şəkil.
Elə mən də kəndimizdən
Bakıya gələn bir şəkiləm.
İndi Bakıda insana bənzəyən
şəkilləri seyr edirəm.
Hamımız şəkilik...
Alnımızda Allahın
avtoqrafı:
“Mən sizi sevərək yaratdım.”
 



***


YAZI

Asfalt şəhərin


xatirə dəftəridir.
Mersedes tormoz əsəbləriylə
Neftçilər prospektinin
xatirə dəftərini cırdı.
Dəhşətdən qaçmışdı zaman
Elə bil asfaltın altda
maşın vurmuş bir uşağın
xatirə yazısı vardı.
 



***


FƏNAR

Tənha fənar dirəyi


başını aşağı salıb
Elə durub ki,
elə bil 
qaranlıqda
ayağının altına baxır.
Bəlkə də bu tənha fənar
Yatmış bu qara küçənin
gecə lombasıdır,
Gözünün kökü saralıb
Səhəri gözləməkdən.

 



***


SAQQAL MƏSƏLƏSİ

Maşınlar yolları alıb əlimizdən


Hələ səkilərə çıxırlar.
İnsan ayaqlarında yuxulayan səkillər
Maşın təkərlərindən oyanıb
Kənara atılmaq istəyirlər.
Hər dəfə ağaclar daş səkinin
torpaqdan ibarət olduğunu
xatırladır.
Sanki ona yalvarır:
Nə olar tərpənmə, qoy düşünüm!
Orda - burda cücərən otlar
Asfaltın saqqalı kimi bitir.
Asfalt kədərlənir
Keçmişinə saqqal saxlayır.
Amma maşınlar
Saqqalını didir.
Ləçəklərini maşın təkərlərinin
altına sərən sınıxmış çiçək də
elə hey deyir:
Ay aman,
Mən insan ayaqlarını sevirəm!
 



***


İSTİQLALİYYƏT KÜÇƏSİ

Mənim şəklimi çəksən


küçə çıxar,
Mən küçə şəkliyəm.

Məndə göz institutu,


Prezident aparatı,
Bakı soveti metrosu var.

Tanıdığım, tanımadığım adamları


gülərüzlə qarşılayıram.
Yaxşı mağazalarım
kofelərim var.
Qan təzyiqim –
maşınlar və adamlar.

Hesablamalara görə


məndə sevgi yüz faizdi.

Məndə mitinq keçirmək


mümkün deyil,
adam əlindən
yer yoxdu.

Tələbələrin ən düşüncəli küçəsiyəm.


 



***


HƏR KİŞİNİN ÜZÜNDƏ

Hər kişinin üzünə baxanda 


evdə qoyub gəldiyi 
arvad uşaqlarını 
aydın görmək olar.
Məsələn, o kişinin alnındakı 
qırışı kiçik oğlu dişləyib 
xəsəxanada,
sətəlcəmdən yatanda. 
Başındakı ağ tüklər qız uşaqlarının 
çox olmağına işarədir.
Qız uşaqları indi 
harada dayanıblarsa 
oradan işıqları düşür
qara saçlarının üstünə.
Ağ köynəyinin bir düyməsi 
uyğun olmayan sapla 
tikilib.
Bu onu göstərir ki, 
ya arvadı özündən 
on yaş kiçikdi,
ya da maaşının 
az olmağından
arvadı hirsli və narazıdır.
Evini üzündə daşıyırlar 
kişilər.
Bax,indi bu kişinin iki üzü var, 
Xalq dilində desək, iki arvadı.
Hər iki üzündə 
qırmızı qançırların 
olması arvad danlağına 
işarə kimi yozula bilər.
Bir də şalvarın 
ütüsüzlüyü iki arvadın 
mübahisəsi deyilimi? 



***


QATARDA

Mənim ilk dəfə Bakıyla tanışlığım


pravadniklə başladı.
Qatarda
kolpasa iyli
baldırı açıq
rusca danışan qadın
Bakının ilk şəkli idi.

Deyirdilər Bakıda qalmağa yer yoxdu,


Bizim üçün ən böyük qorxu
yatmağa yeri olmamaqdı.
Biz elə bilirdik 
gecələr ancaq yatmaq üçündü.
Sən demə yox,
Həmişə Bakıda səhərdi.
Ancaq kənd çox şirin yatır.
Biz harada qadın görəndə
ilk dəfə ərini düşünürdük.
Sonralar öyrəndik ki
qadınların sahibi olmur.
Birdən pravadnik
məndən nəsə soruşdu
net – dedim,
Gözü kəlləsnə çıxdı.
Yest - dedim,
Qəşş elədi.
Hamı güldü mənə,
Vaqonun pərdələri də
Kitabın vərəqləri də.
Sonra o, məni yanına çağırdı
Bir az kolbasa verdi
Yüz qram da araq.
Kolbosa Bakı dadırdı,
Yüz qrama söykənib
başladım dincəlməyə.
Yüz qram yastıq idi
Yüz qram döşək idi
Yüz qram qadın idi.
İstədim pravadnikin
əlindən tutam,
tutmadım 
Qorxdum ki
əri məni öldürər.


www.imishli.com Bütün hüquqlar qorunur.









Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə