Imishli com saytı təqdim edir. QƏŞƏm nəCƏfzadə hekayəLƏr güLÜMSƏYƏn ağAC




Yüklə 58.67 Kb.
tarix29.04.2016
ölçüsü58.67 Kb.
Imishli.com saytı təqdim edir.

QƏŞƏM NƏCƏFZADƏ


HEKAYƏLƏR

 

 

GÜLÜMSƏYƏN AĞAC



Elə bil Əliş bir udum işığı torpaq altına aparmaq istəmədi. 
Gözlərini açdı.
– Ölürəm aaz, a Telli, gücüm canımdan yavaş-yavaş əkilib gedir. İşdi ölüb-eləsəm, gədəni prokurorluğa qoyarsan ha!
Tellinin üzünün bir tərəfində gün çıxdı, bir tərəfində çay axdı. 
– Ölməzsən, ay kişi, Allah eləməsin. O ili də belə olmuşdun. Yaz gəlir, qan qaynayır.
Əliş dünyanın bir tərəfi kimi böyrü üstə yıxılmışdı. Canından həyat küsmüşdü. Ölüm yeriyirdi canının üstüynən.
– Ağız, yenə deyirəm, bənkdəki pulu götür, gədəni instituğa qoy. Qorxma, mən də tezliklə ayağa qalxacam.
Sonra ürəyində fikirləşdi: «Ay Telli, torpağın üzü soyuq olsa da heç nəyi itirmir…»
– Gələcəm, azz, mən də dalınca gələcəm. Mütləq gələcəm, – dedi. Sonra Tellinin üzünə elə baxdı Ki, Telli o saat başa düşdü. «Yadına gəlir, iydəliyə sənin yanına gəlirdim ha, bax elə».
Əliş canını yer üzündən çəkib apardı. Telli bir yumub, beş tökdü. Bu da dünyanın bir tərəfiydi, göz yaşı üstündə oturan tərəfi. Arvadların səs-küyü qab-qacaq cingiltisi kimi Əlişin böyük qardaşının qulağına dolurdu… Çox çəkmədi ki, arvadlardan bir «qırmızı ismarıc» gəldi: - «İndi ağlayaq, yoxsa sonra?» Əlişin böyük qardaşı elə bir zakaz elədi. Bir saatdan sonra – camaat yığışanda. 
Bir saatdan sonra ağlaşma başlandı. Hər kəs öz ölüsünü ağlayırdı. Heç kəs Əlişi ağlamırdı. Bircə Tellidən başqa.
Birdən Kənd Sovetinin maşınından bir qırmızıpapaq düşdü. Hamının ürəyi düşdü içinə. Məlum oldu ki, Əlişin dostuymuş. O da ağlayırdı.
Başlar torpağa əyilmişdi. Ağlamaq hamını bərabər eləmişdi.
Günlər, aylar, illər Tellini çırpa-çırpa ötürdü.
Telli həmişə qəbristanlığa gedirdi. Elə bil Əlişin qəbri hamilə qalmışdı. Torpağın qarnı başından aşırdı. Sanki qəbir Əlişi doğacaqdı. Telli ağlayırdı: «Dur, ay kişi, dur, nə vermisən torpağa tinini. Ay evin tikilsin, oğlun yekəlib, payız prokurorluğa aparıram».
Torpaq dinmirdi. Telli hiss eləyirdi ki nəsə torpaqda isti bir nəfəs var. Həmişə ağzı üstə yatırdı, torpaqdan Əlişin ətri gəlirdi. Nəsə gecələr sinəsini döyürdü. Telli hiss eləyirdi ki, sinəsini döyən Əlişdi, torpağın altından çıxır. Hiss eləyirdi ki, dünyanın harasında torpaq varsa, orda Əliş var. Deyirdi: «Başına döndüyüm kişi torpağa qarışdı, getdi». Pəncərənin ağzında körpə ağac şitilləri bitmişdi. Elə bil Əliş öləndən sonra çiçəklər, ağaclar, otlar çoxalmışdı. Çiçəklərə, ağaclara, otlara Tellinin qanı qaynayırdı. Çiçəklər, ağaclar, otlar Əliş kimi gülümsəyirdi.
Əlişin balaca oğlu yekəlmişdi, bığ qoymuşdu. Qoluna saat bağlamışdı. Hələ bir dəfə toyda bir şirvan «zakaz» verib qonşunun qızlarını oynatmışdı. Telli elə hey deyirdi ki, səni özüm bu qış prokurorluğa aparacam. Bütün Bəki dədənin tanışıdı.
Bir gün Telligilin qapısının ağzında nazik beton qatı partlamağa başladı. Bir neçə gün sonra çat yerindən körpə bir ağac şitili çıxdı. Tellinin ürəyi üşəndi: «İraq olsun».
Balaca şitil beton qatını yarıb boy atırdı. Şitil gülümsəyirdi, su istəyirdi. Telli onun yanlarını təmizlədi, su tökdü. Ağac evə girib-çıxmağa mane olurdu, gündən-günə böyüyürdü. Ağacın yanından keçəndə Tellinin ürəyi sancırdı. Gecələr elə bir ağac içəri girir, yarpaqlarını Tellinin üzünə qoyurdu. Gündüzlər Tellinin dalınca düşürdü, Tellini çağırırdı.
Bir gün səhər Telli çölə çıxanda gördü ki, ağac gülümsəyir, lap insana oxşayır.
Ağacdan elə bil səs gəlirdi:
– Qorxma, Telli, sənə demədimmi gələcəm.
Telli yüyürüb ağacın boynundan qucaqlayıb hönkür-hönkür ağladı.
– Əliş, Əliş, axır ki, qayıtdın. 
 

***



AY ÜRƏK…

İki ayağını bir başmağa dirədi ki, alacam. Vəssalam!


Arvad çox yalvardı:
– Əşi, müəllim adamsan, motosiklet sənin harana yaraşır? Xalq «Jiquli» alır, «Qaz-24» alır. Sən də durub qocalıqda yorğalıq eləyirsən?
Mümkün olmadı. Mütləq almalıydı. Özü də ilk dəfə tərkinə oğlu Kazımı mindirməliydi. Adlı-sanlı «Volqa»ları ötməliydi. Nərgizgilin çəpərinin yanından sürətlə keçməliydi. 
Birdən nəsə «dızz» elədi. Nərgiz:
– A bala, o kimiydi? – soruşdu.
– Mama, Cəmil müəllimdi, təzə «tırtır» alıb. Yüznən sürür ey!..
Kənddə qıy çıxmışdı ki Cəmil müəllim motosiklet alıb. «Bu gələn Cəmil müəllimdir», «Balam, Cəmil müəllim görünmür, bəlkə avariya-zad eləyib», «Nahaq ikitəkərli alıb, gərək üçtəkərli alaydı »,– söz-söhbəti dillərdə hallanırdı.
Motosiklet almaq onun uşaqlıq arzusuydu.
Çəpərləri, sərhədləri aşıb getmək istəyirdi. Gəncliyində sevdiyi, lakin vüsalına yetmədiyi Nərgizi tərkinə alıb bu dünyadan ilim-ilim itmək istəyirdi. Uçan durnaların cərgəsinə qoşulmaq istəyirdi.
Nərgizgilin çəpərinin yanına çatanda qazı artırdı.
Öyün tikilsin, ay Cəmil müəllim, tozun bizi öldürdü… arvad-uşaqlı kişidir eey. Ay bala, qaç, Cəmil müəllim gəldi!
– Dızz…
Əvvəlcə universitetdə saxlamışdılar. Bir müddət işlədikdən sonra kəndə qayıtdı. Dedi, kənd yaxşıdır. Orta məktəbdə dərs dedi. Arada arvadını boşamaq istədi. Deyirdi: «Könlümə yatmır, vapşe, mən onu sevməmişəm, anam məcbur aldı». Qrup yoldaşlarından ikisi elmlər doktoruydu.
Cəmil müəllim darıxırdı. Sürət onu qane etmirdi. İstəyirdi motosikleti süni peyk olsun, yerin belinə dolansın. Cəmil müəllim darıxa-darıxa əriyirdi, balacalaşmışdı. Yarısı harasa çıxıb getmişdi. Canı jaketinin, köynəyinin boğazından süzülüb çıxmaq istəyirdi. Gözləri irilənmişdi.
Motosiklətə bir təpik vurdu.
– Hı, yerimir.
Kazım motosikleti dikəltdi.
– Niyə yerimir, dədə?
– Yavaş gedir, bala, yavaş.
Cəmil müəllim təzədən motosikletə oturdu. Arvadı yaxına gəldi.
– Ay Cəmil, ayıbdı, axı sən müəllimsən, hamı sənin motosikletindən danışır. Gəl sən də geyin-keçin, qalstuk bağla, get müəllimlərlə yanaşı dur, söhbət elə.
Cəmil müəllim motosikletə qaz verə - verə düşünürdü: «Yox, gedəcəm, sizi qoyub gedəcəm». Birdən darıxdı.
– Gedəcəm, çıxıb gedəcəm!
– Hara edirsən, dədə?
– Cəhənnəmə! 
Motosikletə qaz verdi: «Uç, motosikletim, uç, yerin üstüncə uç».
Eheyy!!!
Hamı Nərgizgilin çəpərinə tərəf yüyürürdü. Motosiklet ağaca dəyib çilik-çilik olmuşdu. Cəmil müəllimə tərəf qaçdılar. Paltosu bomboş idi, Cəmil müəllim içində yox idi, getmişdi, harasa getmişdi. 

 

***



OYUNCAQ MAŞINI

Kərim kişi düzdən bir avtomat tapmışdı. Qoyun otardığı yerdə. Əvvəlcə yaxın getməyə qorxdu, qıçı üşəndi. Onsuz da biri davada şikəst olmuşdu. Avtomatı ikiəlli yerdən götürdü. Andır yaman ağırıydı. Hamı elə bilirdi ki, Kərim nəsə vurub – tülküdən, qazdan. İkiəlli avtomatın xırtdəyindən yapışmışdı. İstədi ki, vurub qırıq-qırıq eləsin. Amma eləmədi. Səngərdə avtomatı başının altına qoyub yatdığı yadına düşdü, avtomatına necə də isnişmişdi onda. Balaca Nəcibə qabağına yüyürdü:


– Dədə, mənə dovşan vurmusan?
– Yox, bala, gör sənə nə gətirmişəm.
Məleykə balkona çıxdı.
– Əşi, o nədir elə?
– Dəmir qırığıdı, arvad. Bu yedi qıçımı. Düzdən tapdım.
Məleykənin sinəsi göynədi. «Yəqin Əlişi də bu yeyib, Surxayı da bu öldürüb, Kərimi də bu kökə salan budu».
Kərim:
– Qorxma, azz, – dedi, – daha bu avtomat ölüdü. Diri döyül ha. Dədəmin canı, düz deyirəm.
Kərim avtomatın «meyidini» qapıdakı tut ağacından asdı. Uşaqları başa salırdı. Bu çaxmağıdı, bu lülədi, burdan atılır, burdan dəyir. Bunnan mənə də vermişdilər davada.
Kənddə qıy çıxmışdı ki, Kərim avtomat tapıb. Adamlar tökülüb gəldi. Hamı təccüb edirdi ki, bizim yerdə avtomat hardandı. Yetmiş yaşlı Məhəmməd kişi camaatı başa saldı ki, dava vaxtı bura bir bölük əsgər gətirmişdilər, təlim keçirdilər, yəqin onlardan düşüb qalıb.
Anaş arvad göynədi:
– Davada adamı bunnan qırırmışdar? Düşürdün, onun qanını içəcəyəm. Balamın kürəyinin əti onun ağzındamı qalıb?
Kərim kişi Anaş arvadı dilə tutdu:
– Onun qanı yoxdu ey, adam döyül ha, qanı ola, dədəmin canı, hə. Dəmirdi, bax, bişmiş qazanın dəmirinnəndi, belə traktor dəmirinnəndi. Onu adamlar bu kökə salıb, bir də, o ölüdü axı.
Kənd Sovet sədri dedi ki, gərək avtomatı rayon polis şöbəsinə aparsınlar. Kərim qoymadı, ağladı, sızladı. – «Özüm aparıb verəcəm», – dedi.
Səhərisi Kərim gördü ki, oğlu Qədir avtomatın boğazına kəndir bağlayıb, yernən sürüyə-sürüyə «düd-düd» eləyir. Aparmaq fikrindən vaz keçdi. «Elə oğluma maşın düzəldəcəm».
Avtomatı əlinə aldı. Içində ölüm vardı elə bil. Davadan sağ qayıdanların ölümü içindəydi, Kərim avtomatı söküb tökdü ki, yüngülləşsin. «Onsuz da balamın oyuncağı olmadı, dükanlarda oyuncaq maşın tapılmadı, hamısını avtomat düzəltdilər, davaya yolladılar. Dədəmin canı, bu avtomat döyül, oyuncaq maşındı, görmürsən necə sürüşür».
O, avtomatı əzib başqa bir kökə saldı. Anaş görsə «maşam» deyərdi, Məleykə görsə «şişim» deyərdi, Səlim görsə traktorun bir yerinə oxşadardı.
– Qədir, ay Qədir.
– Nədi, ay dədə?
– Gəl sür, bala, maşındı. Sənin üçün almışam.
Qədir əvvəlcə «düd-düd» elədi, sonra yolda tozanaq qopardı.
Çəpərin başında kənd sovet sədri ilə bir polis işçisi göründü. Kənd sovet sədri:
Avtomat üçün gəlmişik, – dedi.
– Nə avtomat, avtomat-zad yoxdu.
Qədir maşını sürə-sürə düz gəlib dayandı kənd sovet sədri ilə polisin qabağında. Kənd sovet sədri ilə polis də, camaat da elə hey avtomatı soruşurdu. Heç kəs bilmirdi ki, Kərim kişi avtomatı neyləyib.
 

***




BƏNÖVŞƏ

Hələ axırıncı yüzü içmirdi, qabağına qoyub düşünürdü: «Onsuz da Qasım kişi çıxmadı, bu dünyanın özü kişi deyil, arvaddı. Qasım da onun qarnından çıxıb. Orda-burda «aktiv» deyə-deyə özünü gözə dürtdü. Onun içini mən bilirəm, atası, anası kimdi, mən bilirəm».


Pişik üzünü onun qıçına sürtdü. Qucağına alıb, pişiyi öpdü. «İnsanlarda inam azalıb, heç kəs mənə inanmır, bir söz deyəndə gərək and içəsən, sən öl vurasan, ananı qəbirdən çəkib gətirəsən».
Birdən stəkandakı araqda bir tük göründü, iriləndi və nazik yaşıl ota oxşadı. Bir ay bundan qabaq da belə olmuşdu, içdi, içəndən sonra həmin hadisə baş verdi.
Gördüyü qələm kimi qızlar xoşuna gəlirdi. Yüngülvari evlənmişdi. Bir il yaşadıqdan sonra qadını onu atıb getdi, saxlaya bilmədi. Içgiyə qurşandı, sonra birini möhkəm əzişdirdi. Həbs olundu. Həbsdən qurtardıqdan sonra bir müddət işsiz gəzdi. Və gəlib qırx yaşına çatdı. Qasıma nifrət eləyirdi. Qasım kimi olmaq istəmirdi. «Lüt Qasımı arvadı vəzifəli kişilərlə orda-burda ola-ola kişi elədi, böyütdü».
Hər axşam bu «stalovada» oturar, vurar, evinə gedərdi. Evinin qabağında ağac dirəyini qucaqlar, öpər, öpər, dodaqlarını qanadınca əl çəkməzdi. Sonra aşağı sürüşər, başını quru ağac dirəyinə söykəyib yuxuya gedərdi.
Keçən ildən bəri həmişə araq içində axırıncı yüzün içərisində tükə bənzər şey görünər, sonra yaşıl ota çevrilərdi. Zənn edərdi ki, çox içib. Ona görə də axırıncı yüzü içməz, yerə tökərdi, yaşıl ot da yoxa çıxardı.
İndi intizarla onun yolunu quru ağac dirəyi gözləyir, qara saçları, şümal bədəni darıxırdı. Əsərrənə-əsərrənə gedəndə qabağına çoxlu dirəklər çıxar, ancaq heç birini öpməz, evdəki tənha ağac dirəyi üçün tələsərdi. Hər ikisi sonsuz idi, ağac da, o da. Arağın içindəki ot get-gedə böyüyür, işıqlanırdı. İşıqlana-işıqlana yellənirdi. Keçən ay bir dəfə yüz qramla birlikdə otu da uddu. Ağzı ot tamı verdi, qolları, ürəyi darıxmağa başladı. Qollarının içərisindən uşaq səsi gəlirdi, əzələləri daha da şişdi, qolları özüynən davaya qalxdı. Qoluynan dalaşırdı, ayağıynan dalaşırdı, gözləriynən dalaşırdı. Əvvəl-axır ayaqları, qolları onu yıxdı, yerdə eşələnməyə başladı. Ancaq qolundan gələn səs istiydi, tanışıydı, öz səsinə oxşayırdı. Sonra ayağa qalxıb evlərinə getdi. Ağac sevgilisinə söykənib ağlamağa başladı. Canı ağrıyırdı, hər şeyi yaşıl ot elədi. Bax, onda qonşudan dul Tünzalə yüyürüb onun qollarını ovxaladı.
– Qollarım dağılır, Tünzalə, ayağım çığırır.
– Niyə dağılmasın, ay rəhmətliyin oğlu, yaşın ötüb, evlənmirsən. Neçə ildi canında, qolunda oğlun, qızın darıxır. Axı, oğlun da, qızın da yaşamaq istəyir. Görmürsən qolun nə yoğundu. Vallah, canındakı uşaqlarındı eey, səni rahat buraxmır, onların toylarıdı, gücləridi səni belə yıxıb sürüyən, bu kökə salan. Evlən, uşaqlarını dar məhbəsdən qurtar.
Onda hiss etmişdi ki, Tünzalə necə mehribandı, əlləri necə yumşaqdı. Canı sakit olmuşdu.
İndi yenə axırıncı yüz qram idi. İçində də həmin yaşıl ot. Yox, içməyəcəkdi. Gözləyirdi, görsün bu yaşıl otun axırı nə olur. «Bu dünya Qasım kimilərindi. Yox, elə yaşamaq da bir kişilik deyil. Tünzalə deyirdi ki, evlənməsən, elə bilərsən, canında uşaqların da ölər. Qoy evlənim, uşaqlarım olsun, onları böyüdəcəm. Qoy Qasımın canı çıxsın».
Birdən arağın içindəki yaşıl ot hərəkətə gəldi və sarı quş dimdiyi kimi başını çölə çıxartdı. Bənövşə idi… Qışqırdı: «Bənövşə, bənövşə». Yüz qram arağın içində bənövşə bitmişdi. Saralmışdı… Getdikcə bənövşə başını yuxarı qaldırırdı. Demək keçən dəfə bənövşə yemişdi. Yenə qışqırdı: «Bənövşə, bənövşə». Pişik ona yorğun-yorğun baxırdı, görünür inanmırdı. Stalovanın işçiləri başına toplaşmışdı. Heç kəs bənövşəni görmürdü. Elə yüz qram da yüz qram idi.
– Siz bənövşəni görmürsünüz? Budur eey, mənim arağımın içində. Mən üzəcəyəm onu, əl vurmayın.
O, əl atıb yüz qramın üstündən nəsə götürdü.
– Bu bənövşəni Tünzaləyə aparacağam. Bu gülü onun yaxasına sancacam. Deyəcəyəm: səni sevirəm, sevirəm, sevirəm, mənim uşaqlarım olacaq…
Hamı onun əlinə baxırdı, heç kəs bənövşəni görmürdü. Yüz qram araq stolun üstündə qalmışdı.
 

***




PAPAQ

Nadir yüyürüb məktəb direktoruna dedi ki, fotomüxbir gəlir. Məktəb direktoru da dərs hissə müdirinə tapşırdı ki, hazır olun. Şahmar müəllimi tapın, yuxarıdan tapşırıblar, onun şəklini çəkəçək. Medalı-zadı var. Dərs hissə müdiri dedi ki, Şahmar iki gündür yoxdu.


Daha hamı bildi ki, "şəkilçəkən" məktəbə niyə gəlir, nədən ötrü gəlir. Şagirdlərə başa saldım ki, bu foto-müxbir nə deyən şeydir, Hamı üst-başını, qaş-gözünü düzəltdi.
Direktor bizim hamımızı çağırdı, söhbət elədi, silahlandırdı. Yuxarıdan gəlir - Bakıdan, məşhur fotomüxbirdi. Ona görə də diqqətli olun.
Mən soruşdum:
Görən daha nəyi çəkəcək?
Direktor dedi ki, hər şeyi çəkə bilər, ixtiyarı var, baxır onun gözünə.
Səs gəldi. Maşın məktəbin həyətində dayandı, qapını açıb foto-müxbiri düşürtdülər. Düşən kimi hamımız özümüzü düzəltdik, düz dayandıq. Çünki aparatı elə əlindəydi. Gözləri fındıq boyda idi.
Xalq təhsili şöbəsinin müdiri direktora göz elədi, direktor da bizə göz elədi, biz də başımızla şagirdlərə işarə elədik ki, yəni "Hazır olun, keçin sinfə”. Kişini içəri gətirdik, oturtduq. Mən gördüm ki, kişi bizə çox baxır. Kişinin bizə baxdığını görüb direktor şübhələndi. Biz lap düz dayandıq. Direktor təcili sözə başladı.
—Siz bizim məktəbə xoş gəlmisiniz. Biz sizin adınızı qəzet səhifələrində çox görmüşük. İndi sizin bizim məktəbə gəldiyinizi görəndə sevincimizdən bilmirik nə edək.
Lənət şeytana. Kişi gözlərini bizdən çəkmirdi. Təzədən üst-başımıza əl gəzdirdik. Hər şey öz yerində idi. Təkcə Əlizaminin dodaqları yerində deyildi, qaçmışdı. Kişi düz bizə baxırdı. Foto-müxbir direktorun qulağına nəsə dedi. Direktor da gəlib Əlizaminin qolundan yapışıb çölə çıxartdı, çay dalınca göndərdi. Sən demə, kişi "çay dalınca" göndərməyə cavan kadr gəzirmiş. Direktor him-cimnən bizi başa saldı ki, görürsünüzmü kişinin gözü nə itidir, diqqətli olun. Biz lap "simirna" vəziyyətində dayandıq. Foto-müxbir diplomatının ağzını açıb balaca bir aparatı stolun üstünə qoydu. Əlində gətirdiyi aparatı təzədən qaytarıb diplomata qoymaq istədi, sonra qoymadı, əlində sazladı. Biz bir az qorxduq. Sonra ufuldadı. Üzü bir az mehribanlaşdı. Bizim qırışığımız bir az açıldı. Yorğun-arğın sözə başladı.
—Lap yorulmuşam. Əldən düşmüşəm. Niyə də düşməyim? Otuz beş ildir foto-müxbir işləyirəm. - Biz nəfəsimizi içimizə çəkdik – Dünən rayonda Kərim Kərimoviçlə bir yerdəydik. Axı o mənim dostumdur. Otuz beş ildir dostluq edirik. Dedi, Məmməd, gəl səni aparım "Qarabağ" restoranına. Axı, mənim əslim Şuşalıdır. Getdik. Kabab-zad olmur orda. Dedim Bakı düşbərəsi gətir. Axı, mən Bakıda anadan olmuşam. Dedi, yoxdu. Nəsə 4-5 cür yemək gətirdi, yeyə bilmədik. Elə ac qarına gəldim bura.
Biz burda əsl məsələni başa düşdük. Direktor Əli müəllimi çölə çəkib nəsə tapşırdı. Təzədən içəri qayıtdı.
—Bilirsiniz, bu şəkil məsələsi çox qəliz bir şeydi. Qlavred icazə vermir. Qlavred bilirsiniz nədir?
Əlizamin başını bir az aşağı əyib başa düşdüyünü bildirdi.
—Başa düşməzsiniz.
Əlizamin başını qaldırdı.
—Qlavred bizim atamızı yandırır. Ah, qlavred, qlavred. Qardaş, bizim işimiz necə çətindir. Lap əldən düşmüşəm. 35 ildir əldən-ayaqdan gedirəm. Qəzetdən çıxan çörək daşdan çıxan çörək kimidir.
Daş-çörək məsələsini eşidəndə mən bir az ürəkləndim. Tez Bakıdakı vəziyyəti soruşdum. Bir neçə sənət adamının adını çəkdim.
Kişi əlini dizinə çırpıb qalxdı.
—Başlayaq şəkil çəkməyə, boş-boş sözlərlə özümüzü yormayaq.
Direktorun mənə acığı tutdu. İşarə elədi ki, kişi iş adamıdı. Boş sözlərlə onu narahat eləmə.
Mən "səhvimi" başa düşüb, özümü düzəltdim. 
Birdən müəllimlər otağının qapısı döyüldü. 9-cu sinif şagirdi Ağa Abdullayev məni çölə çağırdı.
Əvvəlçə kişinin qulluğundan ayrılıb getmək istəmədim. Lakin qonaq üzümə elə baxdı ki, sanki mənə baxışları ilə icazə verdi.
"Simirna" vəziyyətində çölə çıxdım. Ağa məni bu vəziyyətdə görüb geri çəkildi. Neyləsin, məni bu görkəmdə görməmişdi.
—Müəllim, xahiş edirəm, hirslənməyin, mənə acığınız tutmasın, üzr istəyirəm dönə-dönə. O Bakıdan gələn kişinin başına qoyduğu nədir? Papaqdı? Elə papaq olar?
Mən üzümü turşutdum. İçəri keçdim. Qonağın başına baxdım. Düzü, papağa-zada oxşamırdı. Lap biabırçılıq idi. Bir parça əski Azərbaycan papağını əvəz etmişdi. Bunu əvvəlcə niyə görməmişdim. Təəççübləndim.
Foto- müxbir:
—Mən iş adamıyam, dinçəlməliyəm, şəkili harada çəkəcəyik,—dedi.
Direktorumuz onu rus dili kabinetinə apardı.
Birdən fotomüxbir dönüb müəllimləri bir-bir nəzərdən keçirməyə başladı. Rus dili müəlliminin yerinə boyca yaraşıqlı olan Azərbaycan dili müəllimini oturtdu uşaqların tən ortasında. Guya rus dili dərnəyidir. Müəllim məşğələ aparır.
Mən dedim:
—Axı Azərbaycan dili müəlliminin rus dili kabinetində rus dili məşğələsi aparmağı tutmur.
Foto-müxbir dedi:
—Ay yoldaş, 35 ildir müxbir işləyirəm. İndi sən məni öyrədəcəksən. Mən yaxşı bilirəm nə nədir, nə nə döyül.
O, aparatı götürüb balaca gözlərini qıydı. Sonra qışqırdı:
—Yox, müəllim, belə olmaz. Qlavred mənim atamı yandırar. Başını bir az yuxarı tut.
Təzədən gözlərini qıydı.
—Müəllim, yuxarı, ay qardaş, başa düşmürsən? Sol çiynini də bir az aşağı.
Yenə təzədən gözlərini qıydı.
Dirsəyini stolun üstünə qoyub uzanan kimi elədi. Ayaqlarının biri sürüşüb qapıya dirəndi. Başını bir az da aşağı əydi. Məzəli bir görkəm aldı. Biz hazır vəziyyətdə idik. Gözlərini təzədən qıydı. Papaqı yerə düşdü. Gözüm papağa sataşdı. Ürəyimdən gizilti keçdi. "Hə, Azərbayçan papağı, sən bu günə qalarmışsan".
O isə qışqırırdı.
—Müəllim, kitaba..., sol çiynini..., qlavred..., ay bala..., ay qızım...
O təzədən lap stolun üstünə uzandı.
—Vallah, belə olmaz. Qlavred çap etməyəcək. Bu şəkildir axı! Kitaba baxın. Bu dərnəkdir. Rus dilinə belə münasibət olmaz axı.
O, özü-özüylə oynayırdı. Hamı onun papağına baxırdı.

 

***

 

QULU



Əziz və sevimli qardaşım Qulu üçün

Poşt Həsən bir kəlmə "olmaz" dedi. Dedi ki, qəzetləri paylamayacaq. "Mühüm" tapşırıq var, qəzetləri dükana verməlidir. Şey büküləcək. Qulu yenə zarıdı:


—Həsən dayı, birini... Qardaşımın şeiri çıxasıdı.
—Hə, Söyünqulunun oğlusan? Amma balacasını verəcəm. Rayonda çıxandan.
—Yox, Həsən dayı, yekəsini... Bakıda çıxandan.
—Olmaz, yekəsindən yaxşı qənd kuloqu çıxır. Olmaz, olmaz, dağılın.
Qulu balaca qəzet aldı. Rayon qəzeti. Qardaşının şeiri çıxmışdı. Oxudu, oxudu və qışqırdı. Elə bil dünyanın balaca kədəriydi Qulu. Qaçırdı. Sevincə toxunmuşdu. Sınmışdı. Qışqırırdı...
—Hamısı dəli olacaq ey,—deyib Qasım yırğalandı.—Vallah, bu kəndin hamsı axırda dəli olacax.
Kamil qaz kimi boynunu irəli uzatdı.
—Nə olub ə?
—Nolacax. Söyünqulunun oğlu dəli olub. Özündən adama söz qoşur, sədrə baxıb, söz oxuyub.
Kamil boynunu geri çəkdi.
—Yox, ə?
—Bə nə. Deyirlər oxuduğu yerdə qız söyürmüş. Onnan olub. Beyni zədələnib. Bakıdan gələn doxtur baxıb deyib ki, sağalan döyül, qulluq eləyin, öləcəy.
Balaca bir uşaq gəlib poşt Həsənin qoltuğundakı qəzetin qulağını dartdı:
—Dədəmin qəzetini ver.
—Dədən neynir ə qəzeti? Dədən odey, qoyunda.
—Özüm oxuyajam, fitboldan-zaddan...
Hesabdar Qasım irəli yeridi. Qoltuğuna qəzet vurmuşdu. "Pravda" idi. Rus dilini bilmirdi. Ancaq həmişə "Pravda" gəzdirirdi. Hələ kənddə adamlar xısınlaşıb demişdilər ki, Qasım böyük adamdır. "Pravda" oxuyur. Moskvada çıxandan.
Qasım qəzetdən rusca bir-iki söz oxuyub dedi:
—Bu həftə fitbol-zad yoxdur.
Uşaq kədərləndi.
Qasım mızıldadı:
—Vallah, bu kəndin hamısı axırda dəli olacax.
Qulu həyətdə şeir oxuyurdu. Çinarların başı üstündən, buludların qoynundan, dağların döşündən süzülüb gedirdi Qulu.
 

***



YANIQ KƏRƏMİ

Qırmızısifət, cantaraq bir kişi qabağa yeridi:


—Ala bu onluğu, mənim üçün bir "Kərəmi".
Aşıq Mahmud onluğu öpüb, alnına sürtdükdən sonra döş cibinə qoydu və hörmətlə məclisdəkilərə baş əydi.
Çoban Əziz yeməkxananın bir güncündə oturmuşdu. Aşıq Mahmud sazı döşünə basdı. "Kərəm gəldi. Kərəm yanırdı, Kərəm sızlayırdı. İki cəllad onu tutmuşdu. Kərəmi yıxdılar. Əvvəl balta ilə bir qolunu, sonra o biri qolunu kəsdilər. Kərəm şikəst oldu".
Əzizi tər basdı. Birdən-birə Mahmudun barmaqları ona balta kimi göründü. Əziz əlindəki şallağı bir dəfə xrom çəkməsinə çəkdi. "Köpəkoğlu".
Kərəmin edamı qurtardıqdan sonra cəllad dönüb yenə aşıq Mahmud oldu.
Məclisin başında oturmuş boynuyoğun, yekəqarın bir kişi qoyun kimi mələdi.
—Ala, mənim üçün 10 minlik "Dilqəmi".
Kişi pulu aşıq Mahmudun alnına yapışdırdı.
"Dilqəmi" dilləndi. Aşıq Mahmudun alnındakı 10 mini görən kimi aşıq Teymur qızmış pələng tək meydana tullandı:
—Ə, balam, biz burda nəyik? Sənətkar-zad döyülük? Özüm oxuyajam bu səfər.
Aşıq Mahmud dedi:
—Ə, Teymur, klentdərimin çoxalan vaxtı qanımı qaraltma. Bir çətən külfətim var.
İkisi də çaldı. "Dilqəmi"ni diddilər, parçaladılar. Birdən aşıq Mahmud aşıq Teymurun üstünə atıldı. Dava düşdü. "Ölürəm-ölürəm" deyən Mahmud pəhləvan kimi gərdiş eləyirdi.
Sifariş verən kişi yanındakının çiyninə vurub dedi: 
—Aşıq Mahmud güc gəlir. Bu davanın qiyməti 10 mindən yuxarıdır. 
Dava getdikçə qızışırdı. Aşıq Mahmudun sazı yerə düşmüşdü. 
Birdən Əzizin gözlərinə sazın simləri üstündə çapalayan Kərəm göründü. Yaralı idi. Birdən Əzizə elə gəldi ki, Kərəm simlərin arasından çıxmaq istəyir. Əziz ayağa qalxdı. Kərəmə sarı yüyürdü. Ha yüyürdüsə, Kərəmə çatmadı. Gözlərini uzatdı, çatmadı. Qollarını uzatdı, çatmadı. Əziz dodaqlarını uzatdı. "Kərəmi"ni, parça-parça olmuş "Kərəmi"ni dodaqlarına götürdü və çölə qaçdı.
 

***



QIRMIZI ÇANTA

Bacıma məktəb çantası almaq istəyirdim. Həmişə bacımın çanta pulu cibimdə darıxırdı. Həmişə o pul bütün pullarımdan seçilərək cibimin bir küncünə toplanırdı. Kim bilir, bəlkə də əcəl neçə dəfə məni bacımın çanta puluna bağışlamışdı.


Əvvəlçə mağazalara baxdım. Xoşuma gələn çanta olmadı ki, olmadı. Özümü bazara verdim. Kök bir arvadın əlindəki qırmızı çanta məni çağırırdı. Lap gözəl çanta idi. Arvada yaxınlaşdım.
—Ay xala, neçəyədi bu çanta?
—Bıy, xalan boyuna qurban, Heç neçəyə. On beşdən satmışam, ona götür.
Düzü, çox baha idi. Öz qiyməti altı manat olardı, ya olmazdı.
—Çox baha verirsən, xala.
—Baha deyil, xala sənə qurban. Üstümüzə o qiymətə çıxır.
Nə qədər çalışdım, çantanın qiymətini yendirə bilmədim. Cibimi tökdüm. Cəmi doqquz manat pulum var idi. Bir manatım çatmırdı.
—Xala, çəmi doqquz manat pulum var. Tələbəyəm, xahiş edirəm, götürün.
—Yox, xala qurban, kəsmə pulumu. Bu gözəllikdə çantanı o qiymətə satsaydım, öz qapımda satardım. Gözlə, pulun düzələndə gəlib alarsan.
—Yoxumdur, xala, olanım budur, doqquz manat.
—Nə üzdü oğlansan, ə. Sən öl, polis çağıraram bu saat.
Mən əsəbləşdim.
—Ay xala, insafın, mürvətin olsun. Heç imanın yoxdu sənin. On manata çanta olar?
O cəld qolumdan tutub, özünə tərəf çəkdi. Yavaşca qulağıma dedi.
—Oğul bala, bilirsən nə var? İnsaf ərə getdi. Qonşumuz idi. Bu geçə qaçırdıblar. Xoşbəxt olsun, qəşəng qızıydı.
Mən donub qalmışdım. Nə İnsaf? İnsaf kimdi? Arvad qolumu buraxmırdı.
—Oğul bala, sonra Mürvəti soruşdun? Mürvət də öldü. Çox yaxşı kişiydi. Bir geçənin içində infarkt oldu. Allah ölənlərinizə rəhmət eləsin, bala.
Mən arvadın əlindən çıxmaqa çalışırdım. O biri arvadlar da mənə baxırdılar. Bilmirdim nə edim? Xəcalət təri məni basmışdı.
—Oğul bala, qaldı ki, İman. Onu da bu yaxınlarda tutdular. Yazıq guppultu ilə getdi. İşlədiyi idarədə gəmi çıxmışdı.
Özümü arvadın əlindən güclə qurtardım. Qırmızı çantanın məhəbbətini ürəyimdən sildim. Bacımın rəngli karandaşları, mürəkkəb ləkəli barmaqları hey fikrimdə dolaşırdı.
Aradan on gün keçmişdi. Avtobusla evimizə gedirdim. Arxadan qoca bir arvadın gileyli səsi eşidilirdi.
—İndiki çavanlarımız qocalara hörmət etmirlər. Anaları yaşındayam. Səhərdən ayaq üstə dayanmışam. Qıçlarım qırılır. Heç birində mərifət yoxdur.
Arxaya çevrildim. O idi. Qırmızı çantanı satan arvad. İstədim deyəm ki, ay xala, mərifəti tutublar. Demədim. Çünki bizimlə Mərifət adında bir oğlan oxuyurdu. Çox yaxşı oğlanıydı. Qoca arvad isə hey danışırdı. Gəncliyin adına min cürə böhtanlar yağdırırdı. Mən qalxıb yerimi ona verməli oldum. Fikirləşdim ki, necə olsa o anadır. Xəstədir bəlkə. Bir sözlə, o hər şeydən əvvəl anadır. Vəssalam. Sonra ürəyimdə buna əks fikir doğdu. Əgər o anadırsa, niyə qırmızı çantanı mənə vermədi. Axı bir manatım çatmırdı. İndi bacımın yanına çantasız qayıdıram. O mənim qabağıma yüyürəcək, məndən çanta istəyəcəkdi. Nə deyəcəyəm ona? Yenə ürəyimdə buna əks fikir doğdu. O, çantanı mənə satmasa da anadır. Hər şeydən əvvəl, ana!


www.imishli.com Bütün hüquqlar qorunur.









Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə