İlk yaradılış Allaha həmd olsun. O allaha ki, Qurani Kərimdə bizə buyurur : “ Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq




Yüklə 67.65 Kb.
tarix22.04.2016
ölçüsü67.65 Kb.
İlk yaradılış
Allaha həmd olsun. O Allaha ki, Qurani Kərimdə bizə buyurur : “ - Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!).

- Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır, biləndir!” (əl- Hicr 85-86). Allah Təala öz günahkar qullarını xəbərdar etmək üçün, inanan qullarını müjdələmək üçün göndərdiyi bütün peyğəmbərlərə və son peyğəmbər, peyğəmbərlərin xatəmi Məhəmmədə salam olsun. O Peyğəmbərə ki, Allah Təala ona belə buyurmuşdur: “- (Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar vəd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Quran Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)” (əl-Əhqaf 35).

Hər bir insan üçün bütün bu ətrafında gördüklərinin, səmanın, yerin, günəşin, ayın, ulduzların ilk yaradılışı haqqında müəyyən təəssüratları vardır. Bəzi dərin düşüncəli və elmi olanlar yaradılışın ilk mərhələsinin necə olduğunu özlərində düşünür və fikirləşirlər. Allah Təala buyurur: “- Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır” (Bəqərə: 164).

Biz Qurani Kərimi oxusaq görərik ki, bu ayəni qüvvətləndirən bir çox ayələr vardır, onlardan yenə Qurani Kərimin Yasin surəsində görürük: “ - Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər.
- Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,
- Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər?
- Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)
(Yasin 33-36).

Buna bənzər ayələr çoxdur. Məsələn, Allah təala başqa ayədə belə buyurur: “- Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.


- O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! - Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz! - Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
- Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”
- Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”
(Ali-İmran 190-195).

- Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!

- Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. (ər-Rəd 3- 4).

- Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!
- Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut edən) dəlillər vardır.
(Yunus 5-6).

- O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! - (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır!

- Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra dirildər. (Öyüd-nəshihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır. (Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!)


- Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr).
- Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.
(ən-Nəhl 12-13,65-67).

- Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir.


- Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq: “Ol!” – deyər, o da dərhal olar
(əl-Mumin 67-68).

- Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına! - (Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! (Sad 27,29).

- (Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız.


- Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.

- Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!


- Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!
- Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız), nemətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!

- Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır.


- Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə (İsrafilin suru bir dəfə üfürməsi ilə) çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.
- Göylərdə və yerdə kim (nə) varsa, Onundur. (Mələklər, cinlər və insanlar Allahın bəndələridir). Hamısı Ona boyun əyər!
- Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət (Allahdan başqa heç bir tanrı olmaması, vəhdaniyyət sifəti) yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Allahın sifətləri nə göydəkilərin, nə də yerdəkilərin sifətlərinə bənzəyər.
Allah onların hamısından ucadır). (ər-Rum 19-27).

- Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!


- Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də.
- Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi ?
(Yasin 71-73).

- Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!


- Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!
(əd-Duxan 38-39).

- Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
- O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
- (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
(ət-Tariq 5-7).

- Allah sizə Öz ayələrini, (hökmlərini) bu qaydada aydınlaşdırır ki, düşünüb anlayasınız (əqlinizə batsın). (Bəqərə 242).

İnsanlardan elələri də vardır ki, elmi olmadan bu barədə öz aralarında mübahisə edirlər. Halbuki Allah Təala hər bir işdə olduğu kimi bu iş barəsində də biz qullarını xəbərdar etmişdir. Əslində hər şey açıq aşkar Quran ayələrində bildirilmiş, ayələrdə tapa bilmədiyimiz qismini isə Allah Təala elçisi vasitəsilə bizə çatdırmışdır.

İmran bin Husayn(r.a) dedi: “ Təmim oğullarından bir camaat peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldilər. Peyğəmbər onlara dedi: “ – Ey Təmim oğulları! Sevinin, sizə müjdələr olsun!” Onlar dedilər: “- Bizi müjdələdin, bizə bir şeylər də ver.” Onun üzü dəyişdi. Sonra onun yanına Yəmən əhli gəldi. Peyğəmbər dedi: Ey Yəmən əhli! Müjdəni qəbul edin, onu Təmim oğulları qəbul etmədi.” Onlar dedilər: “ - Qəbul etdik.” Sonra Məhəmməd peyğəmbər(ona Allahın salavatı və salamı olsun) onlara yaradılışın başlanğıcı və ərşin yaradılışı haqqında söhbət açdı. Bu vaxt bir nəfər gəldi ki, “- Ya İmran dəvən açılıb qaçdı”, kaş qalxmayaydım.”

Bunu rəvayət edən səhabə dəvəsinin arxasınca getdiyi üçün Məhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yaradılış barəsindəki söhbətini sona qədər dinləmədiyinə görə təəssüflənir. Başqa bir rəvayətdə İmran bin Husayn bunu açıq aşkar bəyan edir ki, həmin rəvayət belədir: “- Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) dedi: “ – Allah var idi, Ondan başqa heç nə yox idi. Onun ərşi suyun üzərində idi. Zikirdə( Lövhü Məhfuzda) hər şeyi yazdı. Səmaları və Yeri yaratdı.” Sonra bir nəfər məni çağırdı ki, Ya ibn Husayn dəvən getdi, mən qalxıb getdim. Baxdım ki, onun qarşısındakı sərab önümü kəsir. Allaha and olsun ki, mən dəvəmi tərk etməyi çox istədim.”


Tariq b Şihab(r.a) dedi: “ Ömər ibnu-l Xəttab dedi ki; “ (Bir gün) Allahın rəsulu (s.ə.s) aramızdan qalxaraq məxluqatın ilk yaradılışından başlayaraq(keçmiş və gələcək olan bütün hadisələri) cənnət əhlinin cənnətə, cəhənnəm əhlinin cəhənnəmə girməsinə qədər danışdı. Bunu bir qismi öyrəndı, bir qismi unutdu” (Kütüb-i Sitte, Hadis Külliyâtı, 1658).

İbn Məsud (r.a) dedi: “Allahın rəsulu(s.ə.s) buyurdu ki; “ Allah Təala ağılı yaratdığı zaman ona: “Gəl!” dedi, o da gəldi. Sonra “Geri qayıt!” deyə əmr etdi. O da geri qayıtdı. Sonra ağıla belə dedi: “Mən özümə səndən daha sevimli bir şey yaratmadım. Səni nəzdimdə məxluqatın ən sevimli olanına mindirəcəyəm”.


Əbu Hüreyrədən(r.a), peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “ – Mənə göründü ki, Allah Təala dedi ki, Adəm oğlu mənə söyür,halbuki onun Məni söyməsi və Məni yalan hesab etməsi ona yaraşmaz. Onun Mənə söyməsi Mənim övladım olmasını deməsidir, Məni yalan hesab etməsi isə ilk dəfə yaratdığım kimi təkrar yaratmayacağımı deməsidir.”

Abdulmüttəlibin oğlu Abbas(r.a) rəvayət edir ki; “ Bətha adlanan yerdə aralarında Allahın rəsulunun da olduğu bir qrup insanla oturmuşdum. Bu zaman bir bulud keçdi, hamı ona baxdı. Allahın rəsulu(s.ə.s):

Bunun adı nədir, biləniniz varmı?” deyə soruşdu.

“Bəli, bu buluddur!” dedilər. Allahın rəsulu(s.ə.s):

Buna müzn də deyilir” dedi. Oradakılar:

“Bəli, müzn də deyilir” dedilər. Sonra Allahın rəsulu(s.ə.s) buyurdu:

Anan da deyilir”. Səhabələr də:

“Bəli, anan da deyilir” dedilər. Sonra Məhəmməd peyğəmbər(s.ə.s):

Bilirsinizmi göy ilə yer arasındakı uzaqlıq nə qədərdir?” deyə soruşdu.

“ Xeyir, Allaha and olsun ki, bilmirik!” deyə cavab verdilər.

Elə isə bilin, ikisi arasındakı uzaqlıq ya yetmiş bir, ya yetmiş iki və ya yetmiş üç ildir. Onun üzərindəki səmanın uzaqlığı da belədir”.

Allahın rəsulu(s.ə.s) yeddi səmanı sayaraq hər biri arasında bu qədər uzaqlıq olduğunu dedi. Sonra əlavə etdi:

Yeddinci səmanın o tərəfində bir dəniz var. Bunun üst səthi ilə dibi arasında iki səma arasındakı məsafə qədər məsafə var. Bunun da o tərəfində səkkiz ədəd yabanı keçi surətində mələk var. Bunların dizləri arasında iki səma arasındakı məsafə qədər uzaqlıq var. Bunların bellərinin arxasında ərş var. Ərşin də alt tərəfi ilə üst tərəfi arasında iki səma arasındakı uzaqlıq qədər məsafə var. Allah, bütün bunların fövqündədir”.

Bir rəvayətdə belə deyilir ki, bu hədisi Camiul-Usul sahibi Kutub-i Sittəyə (Altı kitaba) daxil olan kitabların heç birinə nisbət etməmişdir.

Qatadə və Abdullahdan gələn başqa bir rəvayətə görə Allahın rəsulu(s.ə.s) səhabələriylə birlikdə oturarkən bəzi buludlar keçmişdi:

Bunun nə olduğunu bilirsinizmi? Bu əl- Anan deyilən buluddur. Allah Təala bunu özünə heç bir ibadət etməyən bir tayfaya göndərərək su ehtiyaclarını görür.” dedi. Bir müddətdən sonra:

Bu səma nədir bilirsinizmi? Bükülmüş bir dalğa, qorunmuş bir tavandır. Bunun üstündə başqa bir səma vardır.” dedi ve beləcə üst-üstə yeddi səmanın olduğunu söylədi. Sonra danışmağa davam etdi:

İkisi arasında nə qədər uzaqlıq var, bilirsinizmi?” deyə soruşduqdan sonra “Beş yüz il!” dedi. Sonra təkrar:

Bunun gerisində nə olduğunu bilirsinizmi? Bunun gerisində su var. Suyun gerisində ərş var. Allah ərşin fövqündədir. Adəmoğlunun hərəkətlərindən heç biri Ona gizli qalmaz” buyurdu, sonra təkrar:

Bu ərz (yer) nədir bilirsinizmi? Bunun altında bir digər yer var, ikisi arasında beş yüz il var”. Beləcə yeddi ərzin varlığını bir-bir saydı ( Kutub-i Sittə, Hadis ansiklopedisi, 1661).

Abdullah ibn Məsuddan(r.a) gələn rəvayətdə Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Allah yeddi səmanı yaratdı. Hər birinin uzunluğu beş yüz il yerimə məsafəsi qədərdir”.

Cubeyr ibn Mutim(r.a) rəvayət edir. Allahın rəsulunun(ona Allahın salavatı və salamı olsun) yanına bir bədəvi gələrək dedi: “ Ya Rəsulallah! Quraqlıqdan insanlar məşəqqətə düşdülər. Ailə uşağımız ziyana uğradı. Heyvanlarımız da həlak oldu. Allaha dua et bizim üçün su göndərsin. Biz Allaha qarşı sənin şəfaətini, sənə qarşı da Allahın şəfaətini tələb edirik!” Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) o adama belə cavab verdi:

Vay olsun sənə! Dediyin sözü dərk edirsənmi? Subhanallah”.

Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) subhanallahı o qədər təkrar etdi ki, bunun təsiri səhabələrin üzündən oxunmağa başlandı. Sonra Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) sözünə belə davam etdi:

Vay sənə məxluqatından heç kimə qarşı Allah şəfaətçi qılınmaz. Allahın şəni belə bir iş etməkdən çox uzaqdır. Bura bax! Sən Allahın əzəmətinin nə olduğunu bilirsənmi? Onun ərşi səmalarının üzərindədir - barmaqlarıyla işarə edərək – eynilə üzərində bir qübbə kimi. Ərş Allahın əzəmətindən inildəyib səs çıxarır, eynilə süvarisi səbəbilə atın səs çıxarması kimi” ( Əbu Davud, Sünnət 19).

Əbu Hüreyrə(r.a) dedi ki, Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) belə dedi: “- Allah yaratmağı təqdir etdikdə ərşin üzərində olan kitabında belə yazdı: Rəhmətim qəzəbimə qalib gəldi.”

Əbu Bəkrə(r.a) dedi ki, Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) dedi: “- Zaman artıq Allahın səmaları və yeri ilk dəfə yaratdığı vəziyyətinə dönüb. İl on iki aydır. Onlardan dördü haramdır. Üçü ard-arda Zilqadə, Zilhiccə, Məhərrəm və Cəmadiyəl axirlə Şaban ayının arasında olan Mudar qəbiləsinin Rəcəb ayıdır.”

Əbu Zər(r.a) dedi: “ – Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) günəşin batdığı vaxt əbu Zərə: “- Bilirsən o hara gedir?” dedi. Mən dedim ki, Allah və rəsulu daha yaxşı bilir. O dedi: “ O gedib ərşin altında səcdə edər və təkrar gəlməsi üçün izn istəyər.Ona izn verilər. Bu aramla günəş səcdə edib izn istədikdə ondan qəbul olunmaz və izn verilməz. Ona deyilər ki, gəldiyin yerə qayıt. O da qərbdən doğar. Bu Allahın: “Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).” ayəsinin ifadəsidir.”

Əbu Hüreyrədən(r.a) Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) dedi: “Günəş və Ay qiyamət günü büküləcəklər”.

Bu barədə Qurani kərimdə Təkvir(Sarınma) surəsi vardır. Bu surədə Allah Təala buyurur: “Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 - Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
2 - Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
3 - Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
4 - (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
5 - Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
6 - Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
7 - Ruhlar (bədənlərə) qovuşacağı zaman”
(Təkvir 1-7 ci ayələr). Bükülmə haqqında digər bir ayə belədir: “- Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik) (Ənbiya 104).

Bizim mövzumuz ilk yaradılışla bağlı olduğu üçün bükülmə haqqında təfsilata girməyəcəyik.

Əbu Hüreyrə(r.a) Rəvayət edir ki, Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) bir gün əlimdən tutdu və mənə belə dedi: “Allah Təala torpağı şənbə günü yaratdı. Ondakı dağları bazar günü yaratdı; ağacları bazar ertəsi günü yaratdı. Məkruhları(xoşa gəlməyən şeyləri) çərşənbə axşamı günü yaratdı. Nuru çərşənbə günü yaratdı və heyvanları cümə axşamı günü yaydı. Adəmi(ə.s) əsr vaxtından sonra, əsr ilə gecə arasındakı gündüzün ən son saatında ən son məxluq olaraq yaratdı” (Müslüm).

Allah Təala buyurur: - (Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir! O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd gündə xəlq etdi)” (Fussilət 9-10).

Başqa bir ayədə deyir: “- Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)! ” (əl-Əraf 54).

Abdullah ibn Abbas(r.a) rəvayət edir; “ Yəhudilər göy gurultusunun nə olduğunu Məhəmməd peyğəmbərdən(ona Allahın salavatı və salamı olsun) soruşdular:

Buludlara hakim olan mələkdir. Yanlarında oddan qamçılar var. Bununla buludları Allahın istədiyi yerə sürər” deyə cavab verdi. Onlar təkrar soruşdular:

“Bəs bu eşidilən səs, o nədir?”

Bu buludların istənilən yerə getmələri üçün onlara edilən bir sövqdür” dedi. Yəhudilər: “Doğru dedin. İndi isə İsrailin, Yaqubun(ə.s) özünə haram etdiyi şey nədir, onu bize de?” dedilər. Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun):

Yəqub(ə.s) (irqun-nə sa deyilən) yerindən başlayıb dizinə, topuğuna qədər enən bir ağrısı var idi. Dəvə ətindən ve südündən başqa özünə uyğun gələn nə yemək, nə içmək var idi. Bu səbəblə o bunları haram etdi.” dedi. Yəhudilər: “Düz dedin” dedilər. (Tirmizi)

Əbu Hüreyrə(r.a) rəvayət edir: “ Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) buyurdu ki: “Cəhənnəm Rəbbinə şikayət edərək dedi ki: “Ey Rəbbim! Bir qismim digər qismimi yeyir.” Bundan sonra ona iki nəfəs icazə verdi. Bir nəfəs qışda, bir nəfəs də yayda. Bax bu yay nəfəsi ən şiddətli şəkildə hiss etdiyiniz hərarətdir. O birisi də ən şiddətli hiss etdiyiniz soyuqdur”. (Buxari)

Aişə(r.a) dedi: “Nəbi (ona Allahın salavatı və salamı olsun) səmada bulud topası kimi işarə görəndə gedər, gələr, girər, çıxar, üzü dəyişilərdi. Səmadan yağış yağdıqda bu halı ondan aparılardı.” Aişə(r.a) bunu ona bildirmişdir. O belə demişdir: “Nə bilim, ola bilsin ki, havanın belə buludlu olması “- Onu (özlərinə vəd olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud (şəklində) gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. (Hud isə onlara belə dedi: ) “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!” (əl-Əhqaf 24) deyən qövmün dediyi kimi ola bilər”.

Abdullah bin Məsud( r.a) dedi ki, Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) sadiq(sözündə doğru), məsduq(doğruluğu təsdiq olunmuş) bizə dedi ki; “Sizdən birinizin ana bətnində yaradılışı qırx gündə toplanır. Sonra o qədər müddətdə(ikinci qırx gündə) ələqə olur. Sonra o qədər müddətdə(üçüncü qırx gündə) müdğə(ət parçası) olur. Sonra Allah bir mələk göndərir. Ona bu dörd kəlimə əmr olunur.Ona(mələyə) deyilir ki, onun əməlini, ruzisini, əcəlini, günahkar və ya yaxşı(itaətkar) olmağını yaz. Sonra ona ruh üfürülür. Sizdən biriniz əməl işlər o vaxta qədər ki, onunla cənnət arasında bir zira(təxminən 50 sm) məsafə qaldıqda ona yazılan onu keçər və cəhənnəm əhlinin əməlini işlər. Yenə əməl edər, onunla cəhənnəm arasında bir zira(50 sm) qaldıqda ona yazılan onu keçər və cənnət əhlinin əməlini işlər.”

Məşhur hədis alimi Şeyx Məhəmməd ibn əl-Hüseyn əl-Acurri bu hədisin şərhində deyir ki: “- Ey istəyən insan bil ki, şübhəsiz Allah Azzə və Cəllə, qulları üçün ruzi işini tamamlamışdır. Hər ruzi tələb edən öz ruzisini yeyər, onda artma olmaz, əksilmə də olmaz, ta ki, əcəli gələnə qədər… Əcəllər də bunun kimi nə artar, nə də əksilər. Allah Azzə ve Cəllə onun xeyirli və şərli əməlini də yazmışdır. Günahkar və ya yaxşı olmağını, yəni cəhənnəmliklərdənmi yoxsa cənnətliklərdənmi olmağını da yazmışdır. Qullar tamamlanmış olan bu işlərdə əməl edərlər. Buna iman etmək vacibdir. Kim buna iman etməzsə kafir olar.” (Seyfullah Erdoğmuş, İmam Acurri Kirk hadis şerhi, Ankara 1999).


Məhəmməd peyğəmbərin bu sözünü doğrulayan ayələr vardır. Bu ayələrin birində Allah Təala buyurur: “- Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.” (əl- Həcc 5)

Burada Allah Təala üç mərhələni zikr etdi, bəzi ayələrdə isə bu mərhələyə əlavələr vardır. Məsələn, Allah Təala Muminun surəsində buyurur ki: “ - Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik).


- Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
- Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!
- (Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz!
- Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!”
(əl-Muminun 12-16).

İbn Rəcəb deyir ki, bu Adəmoğlunun yaradılıb ruh üfürülməsindən əvvəlki yeddi mərhələsidir.

Qatadə(ona Allahın mərhəməti olsun) rəvayət edir: “Bu ulduzlar üç məqsədlə yaradıldı:


  1. Allah onları səmaya bəzək etdi.

  2. Şeytanlara atılan daş etdi.

  3. Gecələri istiqamət təyin etmək üçün işarə etdi. Kim ulduzlar haqqında bunların xaricində bir izah gətirərsə xətaya düşər, nəsibini itirər, mənasız bir yükün altına girər, haqqında elmi olmayan, peyğəmbərlərin və mələklərin belə bilməkdə aciz qaldıqları bir şeyə girmiş olar. Allaha and içərək deyirəm: Allah heç kimin nə həyatını, nə ruzisini, nə də ölümünü hər hansısa bir ulduza bağlı etməmişdir. Əksini iddia edənlər Allah haqqında yalan deyərək iftira edirlər...”

Əbu Musa(r.a) rəvayət edir: “ Allahın rəsulundan(ona Allahın salavatı və salamı olsun) eşitdim, bunu dedi:

Allah Təala Adəmi(ə.s) yer üzünün bütün hissələrindən aldığı bir ovuc torpaqdan yaratdı. Adəmin(ə.s) oğulları da yer üzərinin hissələrinə görə meydana gəldi. Bir qismi ağdır, bir qismi qızılıdır, bir qismi qaradır. Bunlar arasında orta rənglilər də var. Bundan başqa bir qismi itaətkardır, bir qismi üsyankardır, bir qismi pis qəlbli, bir qismi yaxşı qəlblidir.” (Əbu Davud)

Əbu Hüreyrə(r.a) rəvayət edir: “Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) buyurdu ki: “Allah Təala Adəmi(ə.s) yaratdığı və ona ruh üfürdüyü zaman Adəm(ə.s) asqırdı və əlhəmdulillah deyərək Allah Təalaya Onun izniylə həmd etdi. Rəbbi də ona: “Ey Adəm yərhəmukallah(Allah səsnə mərhəmət etsin), yaxın mələklərdən bu oturan qrupun yanına get və “Assalamu aleykum” de!”. Adəm(ə.s) belə etdi və mələklər: “Və aleykum-us-salamu və rahmatullahi və bərəkətuhu!” deyə cavab verdilər. Sonra Adəm(ə.s) Rəbbinə tərəf döndü. Rəbbi ona: “Bu cümlə sənin və övladlarının arasında olan salamlaşmadır” dedi.

Allah Təala əlləri bağlı olduğu halda Adəmə(ə.s) dedi:

İstədiyini seç!” Adəm(ə.s):

Rəbbimin sağ əlini seçdim. Rəbbimin iki əli də sağdır, mübarəkdir” dedi. Sonra Allah Təala sağ əlini açdı. İçində Adəm və onun zürrüyyətinin bənzərləri var idi. Adəm(ə.s) dedi: “Ey Rəbbim! Bunlar nədir?” Allah Təala: “Bunlar sənin zürriyyətindir” dedi.

Hər insanın iki gözü arasında ömrü yazılı idi. Aralarında biri hamısından daha parlaq, daha nurlu idi. Adəm(ə.s): “Ey Rəbbim, bu kimdir?” dedi. Allah Təala:

Bu sənin oğlun Davuddur. Mən ona qırx illik ömür təqdir etdim.” dedi. Adəm(ə.s):

Ey Rəbbim! Onun ömrünü uzat!” tələbini etdi. Rəbbi:

Bu ona təqdir olunmuş olandır” dedikdə Adəm(ə.s):

Ey Rəbbim, mən ona öz ömrümdən altmış il verirəm” deyə israr etdi. Bundan sonra Allah Təala: “Sən və bu tələbin bərabərsiniz” buyurdu. Sonra Adəm(ə.s) cənnətə yerləşdirildi. Allahın istədiyi qədər orada qaldı. Sonra cənnətdən yer üzərinə endirildi. Adəm(ə.s) burada öz əcəlini il bə-il sayıb hesablayırdı. Bir vaxt ölüm mələyi gəldi. Adəm(ə.s) ona: “Tələsdin, tez gəldin. Mənə min il ömür təqdir edilmişdi!” dedi. Mələk: “Yaxşı, amma sən oğlun Davuda(ə.s) altmış ilini verdin” dedi. Beləliklə o bunu inkar etdi, onun zürrüyyəti də inkar etdi. O unutdu, zürrüyyəti də unutdu”. Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) əlavə etdi: “O gündən etibarən yazma və şahidlik əmr edildi. (Tirmizi)

Aişə(r.a) rəvayət edir: “Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) buyurdu ki; “Mələklər nurdan yaradıldılar, cinlər dumanlı bir alovdan yaradıldılar. Adəm(ə.s) də sizə vəsfi ediləndən yaradıldı(yəni torpaqdan).”

Bununla da bizdə ilk yaradılış haqqında müəyyən qədər təəssüratlar oldu. Lakin bu mövzu həm dərin, həm də əsaslı şəkildə öyrənilməsi lazım olan mövzulardandır. Biz çox dərinə getmədən, səthi şəkildə səhih qaynaqlara dayanmağa çalışaraq, ilk yaradılış haqqında sizlərə cüzi də olsa məlumat verdiyimizi düşünürük. Daima sizdən gələn məsləhət və iradları qəbul edərək xətalarımızın çox olduğunu etiraf edirik. Allah Təala bütün günah və xətalarımızı bağışlasın və bizi doğru yolda müvəffəq etsin. Bütün peyğəmbərlərə salam olsun. Allah Təalaya razı olduğu qədər həmd və şükürlər olsun.

Qaynaqlar:




  1. Qurani Kərim(Azərbaycan dilindən tərcüməsiylə). Məhəmmədhəsən Qənioğlu, Tariyel Bilaloğlu, Bakı: Göytürk, 2000.

  2. Qurani Kərim, Vasim Məmmədəliyev, Ziya Bünyadov (elektron kitab).

  3. Buxari Əbu Abdullah Muhamməd b. İsmail, əl-Camiu-s-Sahih, trc. Mehmed Sofuoğlu, İstanbul, 1987.

  4. Muslim Əbu-l-Huseyn b. əl-Həccac əl-Kuşeyri, əl-Cəmiu-s-Sahih, trc. Mehmet Sofuoğlu, İstanbul, ts.

  5. Kutub-i Sitte, Hadis Külliyatı, (elektron kitab).

  6. Seyfullah Erdoğmuş, İmam Acurri Kirk hadis şerhi, Ankara 1999.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə