İKİNCİ Kİtab 1917-ci ildə Bİr neçƏ SÖZ




Yüklə 0.99 Mb.
səhifə1/16
tarix28.02.2016
ölçüsü0.99 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
İKİNCİ KİTAB

1917-ci ildə


BİR NEÇƏ SÖZ

"1917-ci ildə" həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsiləsinin ikinci cildidir. İnqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı fırqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köcüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Oktyabr inqilabı əskimiş həyatı yıxır və onun yerində yeni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət geniş əməkçi kütləsinin arasına yayılaraq yeni adamlar, şura ziyalı və mütəxəssisləri doğurur.

Bu yeni dövrü qismən təsvir edəcək "Tərtər" adlı romandan sonra "Xaricdə" və "Çırpışmalar" (1905-1909-cu illər) yazılacaq ki, roman silsiləsinin dördüncü və beşinci cildlərini təşkil edəcək.
MÜƏLLİF


BİRİNCİ HİSSƏ

1
Qalitsiyanın kiçik bir şəhərində əsgər libaslı iki gənc qarşı-qarşıya gəldi. Bir-birlərini görüb tanıdıqda üzlrində heyrət deyil, sevinc parladı.


  • Ya Allah, Çingiz! - deyən səslə:

  • Ya Allah, Rüstəmbəy! - deyə cavab gəldi. Qucaqlaşdılar, bir neçə dəfə səmimi olaraq öpüşdülər.

  • Çingiz, bizim şəhərə xoş gəlmisən! Səsin Karpatdan gəlirdi. Bura nə əcəb?..

  • Bir balaca işim var. Cəbhəni tərk etmək istəyirəm, buraxmırlar. Məsələnin həlli buradan asılı imiş.

  • Sihhi-trendə imişsən. Yenə oradamısan?

  • -Oradayam.

  • Peterburqun ən yüksək ailələrinə mənsub xanımlar orada xəstə baxıcı imişlər...

Çingiz Rüstəmbəyin zarafatmı qəhqəhə ilə qarşıladı və onun qoluna girərək:

  • Sənin işlərin nə təhərdir? - dedi.

  • Zemqusaram!1 Ordu yanında "Zemokok" müfrizəsi müdiriyəm.

  • Zemqusar olduğunu libasından görürəm. Vəzifən nədir?

  • Düşmən tərəfindən tərk olunmuş silah və əmvali-mənquləni toplayırıq.

  • Düşmən də ki... tərk... etmir, biz tərk edirik... Yoldaşlar səmimi olaraq gülüşdülər və söhbət edə-edə küçəni başa çıxdılar.

Birdən Rüstəmbəy:

  • Çingiz, haraya gedirsən? - dedi.

  • Bu yaxında həkimlər yurdu var, orada qalıram.

  • Yeməyi?

  • Orada verirlər.

  • Bizə gedək. İndi saat 12-dir. Gedək. Bir az söhbət edərik, onacan da yemək hazır olar.

Çingiz çox düşünmədən razı oldu.

  • Evin yaxındadırmı?

  • Burada! - deyə Rüstəmbəy əlini uzatdı. Yandırılmış, uçurulmus evlərin yanı ilə getdilər.

Beş dəqiqə sonra ikimərtəbə evin qarşısında durdular.

  • Burada oluram, deyə Rüstəmbəy evi göstərdi. Buranı soldatlar söküb yandırmışdı. Yenidən təmir etdirdim. Görürsən, pəncərənin çərçivələri təzə ağacdır. Boyası belə yoxdur.



2
Rüstəmbəy Çingizi geniş bir otaqda qəbul etdi. Bir tərəfdə iki səfəri çarpayı, o biri tərəfdə bir masa və bir sandalya vardı. Otağın bütün təfrişatı bundan ibarətdi.

Oturdular.

Çingiz papiros çıxardı və mərmi stəkanından yapılmış külqabını ozünə tərəf çəkib soruşdu:


  • Rüstəmbəy, evdən nə xəbər var?

  • Bir şey yoxdur. Kişi Allahın rəhmətinə getmiş. Şəhər çox bahalıqdır. Buğdanın pudu on manata imiş. Bəzi yerlərdə camaat kooperativ açır, lakin daşımaq vəsaiti olmadığı üçün, mal vaxtında gəlib çıxmır, xülasə, işlər xarabdır.

  • Gələn qəzetlərdən də elə görünür.

  • Qəzet ala bilirsənmi?

  • Təsadüfən, bir-iki nömrə "Kaspi" göndərmişdilər.

İki ildən bəri Qafqaz qəzetlərinə həsrət qalan Rüstəmbəy "Kaspi"dən maraqlandı:

  • Aman, vətəndən təzə bir şey varmı?

  • Təzə nə olacaq?..

Bu əsnada içəri əsgəri qiyafədə şişman bir adam girdi.

  • Bağışlayın, mane olmaram ki?

  • Yox, gətirin, - deyə Rüstəmbəy qələmi mürəkkəbə batırdı.

Gələn müfrizənin mühasibi idi. Rüstəmbəy qol çəkib mühasibi yola saldı və sual nəzəri ilə Çingizi süzdü.

Çingiz papirosunu tüslülədərək davam etdi:



  • Köhnə hamam, köhnə tas. Kars vilayətində dağılmış müsəlman kəndlərinə bir də Şərqi Anadolu əlavə olundu. Qafqazda müharibədən zərər görən müsəlmanların sayı iki yüz mini keçdi. Bakı cəmiyyəti xeyriyyəsi böyük bir təşkilat qurub, dağılan yerlərdə müsəlmanlara kömək etmədədir... Bunlardan başqa, gözə çarpacaq bir şey yoxdur. Şəkər, un, sabun qəhətliyini bilirsən...

  • Bilirəm, - deyə Rüstəmbəy başını tərpətdi. - Ərzaq böhran hər yerdə var... Bilmirəm, bunun axırı necə olacaq.

  • Axırı bəlli.

  • Necə?

  • Necə?.. Cəbhədə müvəffəqiyyətsizlik, daxili hərc-mərc, höku-mət gündə bir dəyişilir, dövlət duması susdurulmuş; hər yerdə narazı-lıq... Bunların nərələrə vara biləcəyi bəlli deyilmi?..



3
İri gövdəli, uca boylu, qıvrım saqqallı bir adam içəri girib:

  • Əfəndimiz həzrətləri, yemək hazırdır, - dedi və çəkildi.

Rüstəmbəy Çingizə:

  • Gedək! - dedi.

Durdular. Az işıqlı koridorda əllərini yudular və xırda bir otağa keçdilər. Rüstəmbəy idarə mühasib və hesabdarını Çingizə təqdim elədi, ağ süfrəli masanın ətrafina toplandılar. Aşçı Nataşa borş gətirdi, hesabdar töküb payladı. Çingiz nəzakət üçün mühasibə yönəldi:

  • İdarənizin binası gözəldir, - dedi. - Ayrıca yemək otağınız belə var.

Mühasib yoğun bığlarını düzəldərək:

  • Rüstəmbəyə mədyunuq. Hər bir rahatlığımızı təmin etmişlər. Baxınız, aşçı qızı özü ilə Odessadan gətirmişdir, gözəl bişirir. Südümüzü təmin etmək üçün inək belə saxlayırıq.

  • İnəyiniz də mi var? - deyə Çingiz heyrət etdi.

  • Var. Ancaq inəyin özünə görə bir tarixçəsi də var. Qışda ot tapılmadığı üçün aclıq çəkmiş inəklər paylanırdı. Rüstəmbəy birini aldı. Heyvan arıqlıqdan yeriyə bilmirdi. Bir ay bəsləndi, sonra süd verməyə başladı. İndi gündə bir vedrə süd verir.

Tam bir məmnuniyyət nümayiş etdirmək üçün mühasib qəhqəhə ilə güldü.

Nataşa bir qab kotlet gətirdi. Masanın üzərinə qoyarkən gözünün yanı ilə Çingizə baxdı, dolğun dodaqlarının bir tərəfi qalxdı, yanaqları qan aldı.

Çingiz Nataşanın halını duymaz kimi söhbətinə davam etdi:


  • Mənzil böhranı burada da varmı? - deyə sordu.

Mühasib həmsöhbətə susamış kimi ayrıca bir ləzzətlə:

  • Təbii, - dedi. - Bir çox idarələr ətraf kəndlərdə yerləşmiş. Şəhər çox balacadır. Bir çox evlər xarab edilmiş. Siz rusların qaydasını bilirsiniz - deyə mühasib qəhqəhə çəkdi sonra sözlərinə davam etdi, - bir evdə yaşarıq, rahat olarıq, gedərkən də pəncərələrini, qapılarını çıxarıb apararıq. Soldat yaşadığı yeri xaraba qoymasa, oradan əl çəkməz!

Mühasib yenə sözlərinə qəhqəhə ilə xitam verdi. Yemək otağından çıxarkən Rüstəmbəy "Voronov" deyə çağırdı. Cavab olaraq həmən evin o biri tərəfindən səs gəldi.

Rüstəmbəy Çingizlə böyük otağa girər-girməz Voronovun iri heykəli qapının arasında göründü:



  • Əfəndimiz həzrətlərinin nə əmri var? - deyə təzim etdi.

  • Get. Pleşşuka söylə, atları qoşub gəlsin.

  • Bu dəqiqə. əfəndimiz həzrətləri! - deyə Voronov qaib oldu.

  • Rüstəmbəy, atları nə edirsən?

  • Gedək. Şəhəri gəzək.

  • Vaxtın varmı?

  • Vaxt çoxdur. Bütün günü burada deyilikmi? Bizim əsil işimiz ıdarədə deyil. Bizim müfrizənin dörd bölüyü var. Bunlar sipər boyu yayılaraq işləyir. Hərəsində iki-üç yüz fəhlə, əlli-altmiş araba var. Bu gün səhər müavinim bölükləri yoxlamağa getmiş. O qayıtdıqdan bir-ıki gün sonra mən gedəcəyəm. İşim bu!

  • İdarədə işiniz olmurmu?

  • Nə iş olacaq ki? Gündə bir neçə kağıza qol çəkirəm, bir neçə əmr yazıram. Düşəndə birbaş mühəndisin ya zemsoyuz müvəkkilinin yanına gedirəm. Vəssəlam.

  • Vallah, yaxşı işdir! Müavinin kimdir? Yaxşı yola gedə bilirsinizmi?

  • Gedirik. Moskvalı bir gəncdir. Qadınlar içində böyük müvəffəqiyyəti var...

Çingiz gülümsündü və müavinin tərcümeyi-halından yaxa qaçırmaq üçün dodaqlarına yeni bir papiros alıb, pəncərəyə çəkildi. Şüşələri tüstü bürüdü.

  • Rüstəmbəy, o boyük bina nədir? - deyə şəhəri göstərdi.

  • Sol tərəfdəkimi? Orada ordu komandanı qalır. Bir dəfə mən də oraya ziyafətə dəvət olunmuşdum...

Çingiz yenə gülümsündü və söhbətin inkişafına meydan vermək istəmədi.

4
Voronov brekin gəldiyini xəbər verdi. Rüstəmbəy və Çingiz paltolarını geyib çıxdılar. İki kəhər qoşulu brek qapının ağzında durmuşdu. Pleşşuk Rüstəmbəyə təzim edərək kənara çəkildi.

  • Işlər necədir, Pleşşuk? - deyə Rüstəmbəy qaldırım üzərindən küçəyə endi, atları və breki diqqətlə süzdü. Üzündə böyük məmnuniyyət duyuldu. Atlar tumarlı idi, dırnaqları boyalı, brek də yuyulub təmizlənmişdi.

Rüstəmbəy:

  • Buyur, Çingiz! - deyə brekin ön tərəfində yer göstərdi.

Çingiz sol tərəfə, Rüstəmbəy sağ tərəfə mindi, Pleşşuk da arxaya çıxdı. Rüstəmbəy cilovları əlinə alıb sürdü.

  • Çingiz!- dedi, - bu şəhərdə bir çox öyrənməli şeylər var. Buralarda əksəriyyət təşkil edən rusinlər də olsa, mədəni simaları görünmür. Hər yerdə polyaklar, polyak panı və onun mədəniyyəti gözə çarpır. Zatən, Qalitsiyanın hər bir nöqtəsində bu hal görünür.

  • Küçələrin adlarına bax - həp polyak tarixi... xülasə, Qalitsiya həyatı mənim üçün bir məktəb oldu - bilmədiyim çox şeyləri öyrəndim. Biz tərəqqimizi dinlə mübarizədə təsəvvür edirik. Halbuki polyak mədəniyyəti ilə kotoliklərin arasında ayrı-qeyrilik görünmür...

Çox da mübahisə sevməyən Çingiz təkidlə:

  • Bizim din başqa, bunlarınkı başqa, - dedi.

  • Başqalıq görmürəm - dinlərin hamısı tərəqqiyə ziddir.

  • Məncə, belə deyil. Bu günkü xristian aləmi mədəniyyətin beşiyi, islam aləmi isə cəhlin mənbəyidir. Nəticə etibarilə mühakimə etsək, dinlərin arasındakı fərq aydın olar.



5
Ətrafın bəxş etdiyi intibalar, yeni mühakimələrə meydan verə biləcək mövzular, yoldaşların mülahizələrinə xitam verdi. Brek ratuşanın2 yanından keçərkən bazarın maraqlı mənzərəsi gözə çarpdı. Uzun pesili3 yəhudilər, həsir şapkalı. tikməli kaftanlı kəndlilər bazara dolmuşdu. Orada-burada rus soldatları, hərbi məmurlar görünmədə idi.

Brek sağ tərəfə çöndü. Küçənin iki yanındakı ev və dükanlar yanmışdı. Müharibə meydanına yaxın yerlərin xaraba olması o qədər təbii idi ki, bu yanıq evlər Çingizin nəzərini cəlb etmədi. Lakin şəhəri ona göstərən Rüstəmbəy bu evlərin yanından sükutla keçə bilmədi:



  • Çingiz, - dedi, - buralar vaxtilə yəhudi məhəlləsi imiş. Ruslar hücum edərkən yəhudiləri talan etmişlər. Kazaklar burada çox adamlar qırmış, deyirlər.

Çingiz çöndü və yanmış məhəllələri maraqla gözdən keçirdi. Rüstəmbəy sözlərinə davam edirdi:

  • İstila olunan torpaqlarda yəhudilərin yaşamasına imkan verməmək bu günkü siyasətin başlıca tələblərindəndir. Bu siyasəti müntəzəm surətdə həyata keçirilər...

  • Axmaq siyasətdir! - deyə Çingiz gülümsədi. - Yəhudi də bildiyini eləyir: inqilab alovunu körükləndirənlərin ön sırasında gedir; dünya bankirləri arasında müəyyən mövqeyə malik olaraq Rusiyanın beynəlmiləl vəziyyətini pozur. Bu gün ruslar cəbhələrdə qırılarkən, yəhudilər əsgərlikdən boyun qaçırır və ticarət vasitəsilə dövlətin bütün faydalarını əlində toplayır... "Qədim millət"lə zarafat olmaz.

Brek kiçik bir qapı yanında dayandı: Buyur! - deyə Rüstəmbəy Çingizi içəri dəvət etdi: - burada bir qəhvə içək.

6
Yanğından saxlanılmış, xırda təmiratla alayarımçıq süs verilmiş bir otağa girdilər. Bura zemstvo məmurları ilə dolu idi. Orada-burada şəfqət bacıları oturmuşdu. Qəhvəxana sahibi xanım polyaklara mənsub nəzakətlə masaları dolaşıb müştərilərlə danısır, onları məmnun etməyə çalışırdı. Rüstəmbəyi tanıyırdı, onu görcək yanaşdı, gorüşüb yer göstərdi. Oturdular.

  • Nə buyuracaqsmız? - deyə gülümsədi, rəngsiz dodaqlarını dili ılə isladıb, əskimiş üzünə təravət vermək istədi.

  • Südlü qəhvə, pasta.

Xanım nəzakətlə baş endirib çəkildi.

Bir neçə dəqiqədən sonra qəhvə hazır oldu.



  • Buyur,- deyə Rüstəmbəy sükutu pozdu. Qəhvə içməyə başladılar. Rüstəmbəy sözlərində davam edirdi, - yoldaşlardan nə var? Mən hər kəslə əlaqəni kəsdim.

  • Bir ay əvvəl Kiyevdə idim. Bəzilərinə rast gəldim. Qulu klinikada işləyir...

Rüstəmbəy:

  • Yox əşi? - deyə onun sözlərini kəsdi. Çingiz vəziyyətini dəyişmədən:

  • Nə yox, əşi? - Qulunu tanımırsanmı? O kişi zor adamdır!

Rüstəmbəy heyrətində davam edərək:

  • Zor da olsa, axır klinikaya düşmək də çətin işdir. Bir çox namizədlər arasında müvəffəqiyyət qazanmaq böyük bir işdir... Deməli, müftə otaq da vermişlər.

  • Təbii!.. Professor Petrovun əlinin altında işləyir və Petrovun vaxtı olmayanda onun xəstələrinə də baxır.

  • Xülasə, yaxşı pul qazanır!

  • Hə, kefi kökdür.

  • Xəlil oradadırmı?

  • Oradadır. Qurtarır.

  • Zemlyaçestvo dururmu?

  • Varmış, dedilər. Amma fəaliyyəti görükmür. Nəşriyyat büsbütün durmuş...

Rüstəmbəy onun sözlərini kəsərək:

  • Deməli, bütün fəaliyyət də bizimlə xitam buldu.

  • Elə, elə! - deyə Çingiz papirosun tüstüsünü havaya sovurub sükuta daldı. Rüstəmbəy də pasta ilə qəhvəyə məşğul bir halda düşüncədə idi.

Birdən Rüstəmbəy fincanı nəlbəkiyə qoydu, gülümsəyib dedi:

  • Fatma xanımla, təbii, məktublaşırsan.

Çingizin dodaqlarında şən bir təbəssüm oynadı:

  • Hərdənbir yazır.

  • Oxuyurmu?

  • Heç bilmirəm necə oldu.

Rüstəmbəy maraqlı bir sima ilə:

  • Vallah, - dedi, - toyunuzu eşitdim. Ancaq adresinizi bilmədiyim üçün daha təbrik məktubu yaza bilmədim. Amma yox sevindim. Gözəl və münəvvər bir ailə təşkil etdiniz... Toyunuz necə keçdi?

  • Nə toy? Axşam tatar mollasının yanına getdik, oradan da Fatmanın çamadan və səbətini faytona qoyub bizə gəldik. Vəssalam!

  • Daha nə olacaq - sadə və gözəl.

Rüstəmbəy məmnun bir halda qəhvəsini bitirib, sandalyanın arxasına söykənib oturdu. Mövzuları tükənmiş kimi görünürdü.

7
Rüstəmbəy Kiyevdəki həbsi xatırlayaraq:

  • Çingiz, - dedi, - siz həbs edildikdən sonra mən Kiyevi tərk etmişdim. Yəqin, bilirsən. Siz buraxılanda da mən orada yox idim. Qafqazda eşitdim, doğrusu çox da heyrət etdim: çünki əvvəl həbsinizə başqa rənglər verirdilər. Jandarm dustağı olduğunuz üçün vəkillər qəti bir söz deyə bilmirdilər. Qanunun üsuli-idarəyə qarşı maddələrinin tətbiqindən qorxurdular. İş bu şəkildə olduğu bir halda necə oldu da sizi iki aydan sonra buraxıb, məktəbdən belə xaric etmədilər?

Çingiz düşünərək bir-iki dəfə adəti üzrə gözlərini qırpıb:

  • Ortalıqda bir şey yoxdu, - dedi. - Bizi vaxtından əvvəl həbs etmələri işimizə yaradı. Qurultayda hələ heç bir qərar çıxarılmamışdı, ələ bir vəsiqə belə keçmədi. Bilirsən ki, qumltaya yenicə toplanmışdıq, polis gəldi.

Rüstəmbəy istehza ilə gölümsəyərək:

  • Bir şeyi də yoxlamaq istəyirdim: deyirlər, istintaq zamanı bəzi yoldaşlar olduqca alçaq və lüzumsuz ifadədə bulunmuşlar. Biri hətta demiş: "Biz ata-babadan taxta qarşı sədaqət göstərmişik. Mən də müti olacağıma söz verirəm..."

Çingiz bunların vaqe olduğunu təsdiq edərək:

  • Bunlar təbiidir, - dedi, - həyatında təşkilat görməyən, siyasi tərbiyəsi olmayan, işləyib bişməyən bir zümrədən nə gözləmək olardı? Hamımız qorxu içində idik. Buna baxmayaraq, özünü itirməyənlər də az deyildi. Xəlil həbsin əvvəlindən axırına qədər soyuqqanlılıqla davrandı; Fatma xanımın cəsarəti jandarmları belə heyrətə salmişdı; Mircəfər kəskin lətifələri ilə müstəntiqlərin hiddətinə səbəb olmuşdu...

Bununla bərabər, Şirinin Qulamrzaya yazdığı bir məktubu gördüm: "Ayaqlarını qucaqlayıb öpürəm, nə edirsiniz edin, məni həbsdən qurtarın!" - deyə yazmışdı. - Çingiz güldü: - Zalım yaman darıxmışdı, - deyə əlavə etdi.

Rüstəmbəy də istehza ilə güldü və bir az düşünüb dedi:



Çingiz təşəkkür ifadə edən bir təbəssümlə:

  • O! - dedi, - hər gün yeməyimiz, vaxtında camaşırımız gəlirdi. Həbsdə heç bir korluq çəkmədik. Zemlyaçestvonun bütün pullarını bizə sərf etmişdilər...

Qəhvəxana xanımı Rüstəmbəyə yanaşıb:

  • Yenə əmriniz varmı? - deyə sordu.

Rüstəmbəy:

  • Yox, sağ olun! - deyə çıxarıb pul verdi.

Xanım nazakətlə:

  • Nə tələsirsiniz? Oturun! - dedi.

Çingiz Rüstəmbəyə:

  • Sagol! - deyib qalxdı.

O axşamı brek Çingizi vağzala gətirdi.

8
Rüstəmbəyin köməkçisi bolükdən döndü. İçəri girdikdə Rüstəmbəyi səfər çarpayısının üstündə uzanmış gördü. Yanında bir çox paytaxt qəzetləri vardı.

Salamına cavab olaraq:



  • Vah, Vanya, gəldin? - deyə qalxıb yastığa söykəndi, - yeni nə var?

Vanyanın gülər üzünə bir qat daha təbəssüm yayılaraq:

  • Gözəllik! - dedi, - işlər yaxşıdır; sizi ikinci bölükdə gözləyirlər. Zina gözəl düşbərə bişirmişdi. Araq da qayırdıq!..

Vanya sözlərinə dadlı qəhqəhə ilə xitam verdi, dolğun qırmızı dodaqları aralanaraq, qırxılmış bığları altından bir srra parlaq dişlər göründü

  • Rüstəmbəy, sizdə nə var? - deyə dadlı bir əda ilə sordu. - Görürəm, çox qəzetiniz var.

  • Heç... cəbhə arxasında işlər fənadır. Bəzi nazirlər çəkilmiş, yerinə yenisi gəlmişdir. Bu "yenilikdən" əfkari-ümumiyyə heç də razı deyil. Ərzaq böhranı günü-gündən şiddətlənir. dükanların qarşısında uzun növbələr əmələ gəlmiş, şəkəri bir çox yerlərdə kartla verirmişlər... Xülasə, işlər fənadır!

  • Bunlar, Rüstəmbəy, yeni xəbər deyil. Kabinetdə də bir nazirin gedib o birisinin gəlməsi ilə iş bitməyəcək... ınqilab olacaq.

  • İnqilabı hər kəs gözləyir, ancaq... zaman məsələsi var: indimi? Düşmənə qələbə çaldıqdan sonramı?

Vanya hiddətlə əllərini çırpdı:

  • Nə düşmən! Hər kəs zara gəlmiş - qoy nə olur, olsun! Fərqi yoxdur, biz müharibəni qazanmayacağıq.

Rüstəmbəy Vanya ilə yan-yana yaşayaraq, heç bir vaxt onunla dərin bir münaqişəyə girişmirdi. Vanya yaşca ondan kiçik, təhsilcə ondan aşağı (Vanya orta məktəbi belə ikmal etməmişdi), məsləkcə də bambaşqa bir adamdı. Rüstəmbəyin mülahizələri bəzən onun sinirlənməsinə səbəb olurdu. Bu dəfə də ümumin təkrar etdiyi "birinci vəzifə düşmən məhv etməkdir" - cümləsi ilə sözə xitam vermək istədi. Lakin Vanya bu sözlərin doğruluğuna inanmayaraq:

  • Yox. Rüstəmbəy, daxili düşməni məhv etməliyik, - dedi. Rüstəmbəy mövzunu dəyişdi:

  • Borisin (bölük müdiri) atları necədir? Yenə manqo xəstəliyi varmı? - deyə sual verdi.

  • Baytar gəlmiş də, iyirmi manqolu at ayırmış, sonra aparmaq istəmiş. Lakin Boris verməmişdir, çünki, deyirlər, atları aparıb cəbhə arxasında satırmışlar. Boris atları ayrıca bağlatdırıb işə buraxmır, Sizdən əmr gözləyir.

Rüstəmbəy qəzetləri yerə qoydu və bir az heyrətlə:

  • Nə əmr? Atları görmədən əmr verə bilərəmmi?

  • İyirmi atı əldən vermək üçün baytarların mülahizəsini dinləməli.

  • Elə isə sabah buradan baytar aparın!

  • Mən də o fıkirdəyəm, yoxsa biz məsul olarıq. Rüstəmbəy yataqdan qalxdı, gərnəşərək masaya yanaşdı:

  • Bölük nərədə dayanmış? - deyə sordu.

  • Yazlavesdə.

  • Uzaqmı?

  • Uzaq deyil, - deyə Vanya iki verstlik xəritənin bir parçasını masanın üzərinə sərdi və barmağı ilə Yazlavesi nişan verdi.

Rüstəmbəy xəritəni diqqətlə süzdü və:

  • Burada monastır da var, - dedi.

  • Ah, gözəl bir polyak monastırı var. Boris hərdən oraya ət almağa gedir.

  • Görməlidir, - deyə Rüstəmbəy maraqlandı.

Polyak mədəniyyətinə qarşı o qədər böyük hörməti vardı ki, onun hər bir təzahürü Rüstəmbəydə maraqdan çox milli həyəcan oyadırdı.

9
Rüstəmbəy bölüyə getmədən əvvəl tövləyə baş çəkmək istədi: arabir oranın təmizliyinə nəzarət edərdi. Tövlə xaraba bir həyətdə yerləşmişdi. Rüstəmbəy içəri girən kimi mehtər, arabaçı şad bir çöhrə ilə onu qarşılayıb təzim etdilər. Rüstəmbəy salam verib onlarla bərabər həyəti dolaşdı. Hər yerə qum səpilmişdi. Təmizliyə riayət olunmasını sevdiyini bütün qulluqçu və işçiləri bilirdi. Tövlə də təmiz idi. Atlar Rüstəmbəyi tanıyırdılar. Başlarını yan tularaq, xəfifcə finxırdılar. Rüstəmbəy onların başlarını tumarladı, yallarım əlləşdirdi və sağrılarını oxşadı. Atlardan birinin ayağı pıçılğan idi, onu soruşdu.

  • Yaxşılasır, - cavabını aldı.

  • Müalicə edirsinizmi?

  • Təbii.

Rüstəmbəy atı tövlədən dışarı çıxartdırıb seyr etdi. Sonra dal ayağını götürüb, yarasına baxdı. Yara üzə düşürdü. Rüstəmbəy:

  • Bağlayın! - deyə atın ayağını yerə qoydu.

  • Pleşşuk, qoş gedək, gec olar.

Plesşuk təvləyə yüyürdü. Bu əsnada mehtər böyük bir vəzifə ifa edər kimi ciddi bir sima ilə Rüstəmbəyə yanaşaraq:

  • Əfəndimiz həzrətləri! - dedi və yan tərəfdəki xaraba evin balkonunu göstərdi, - onlar ikidir. Hər gün yanlarma adam gəlir...

  • Kim?

  • Fahişələr, əfəndimiz həzrətləri. Rüstəmbəyin dodaqları bir balaca qaçdı, sonra yenə adi şəklini aldı:

  • Özünüzü gözləyin, - dedi, - burada xəstəlik çoxdur. Bazarda burnu düşmüs kəndliləri görürsünüz - bu, belə xəstəliyin nəticəsidir. Mehtər ağasının məsləhətinə qarşı təzim edib, məmnun bir halda geri çəkildi.

Qoşulmuş qazalaq Rüstəmbəyi gözləyirdi. Oturdu:

  • Pleşşuk, baytarı götürüb bölüyə getməliyik, ancaq hava soyuqdur, qar da gözlənilir. Bilmirəm kürkü götürəkmi?

Pleşşuk qozladan yarı çönərək:

  • Əfəndimiz həzrətləri, götürməlidir, mütləq götürməlidir! - dedi.

  • Onda idarəyə sür.

Arpadan qızışmış atlar şən bir halda ağalarını apardılar.

10
Yarım saat sonra qazalaq şəhərdən çıxıb gözəl şose ilə cənuba doğru gedirdi. Hava sakin idi, ancaq qar ətrafı ağartmışdı. Rüstəmbəy sarı, uzun yaxalı kürk geymişdi, yanında başlıqlı bir gənc oturmuşdu. Bu, baytar idi. Yoldakı kiçik meşəyə çatana qədər kimsə bir söz söyləmədi. Rüstəmbəy bu yolla ilk dəfə getdiyi üçün ətrafa böyük maraqla tamaşa edirdi. Bir də sipərlərdən bir dovşan çıxıb qarın üzəri ilə qaçdı, birdən tel örgüyə rast gəlib, özünü itirdi, dönüb bir xəndəyə təpildi.

İndiyə qədər sükuta dalan baytar:



  • Ah, dovsan! - deyə içini çəkib, yerində hərləndi, - tüfəng olsaydı atardıq, - dedi.

Rüstəmbəy cavab tapa bilmədi: zatən ov və tüfənglə heç də maraqlanmırdı, ömründə bir güllə belə atmamışdı. Baytar bir az boylandı, ətrafa tamaşa edərək, yenə sükuta daldı.

Qazalaq əski Avstriya sipərlərinin yanından keçirdi, bütün məntəqə oyuq-oyuq idi: düz və təpələrdə sağ yer qalmamışdı. - Hər yer xəndək idi; tel örgülər pozulub orda-burda yıxıq dirəkləri və qırıq məftilləri gözə çarpırdı, yanıq evlərin yıxıq divarları və hisli bacaları görünürdü...

Rüstəmbəy üzünü baylara tutaraq:


  • Müharibə nə dəhşətdir! - dedi, - baxın, abadanlıqlar yıxılmış, vaxtilə məhsul verən tarlalar alt-üst olmuşdur!

  • Doğrudan da elə! Bunları mədəni şəklə salmaq üçün nə qədər vaxt və əmək lazımdır!

İkisi də susdu, sanki müharibənin dəhşətini təsvir etməyə söz bulamadılar. Birdən baytar qayət sakin bir səslə:

  • Bilirsiniz, buralarda yüz mindən artıq rus əsgəri tələf olmuş! Biz texnika ilə deyil, sayımız, adamımızın çoxluğu ilə iftixar edə bilərik. Hər düşmən blindajı qarşısında minlərcə meyit buraxaraq, irəli keçmişik...

Yenə də düşmənə lazımi qələbə çalmırıq, - deyə Rüstəmbəy baytarın sözlərini kəsdi.

  • Elə, elə! Çünki min bir nöqsanımız var: hərbi ləvazimatımız yetmir, "müttəfıqimiz" ingilislərə müraciət edirik, elə mərmilər göndərir ki, topumuza düşmür. Sanki qəsdən məğlub olmamızı istəyirlər. Məmləkətimizin daxili bərbad - duma ilə hökumətin arası gərginləşmiş; mübarizə get-gedə dəhşətli bir şəkil alır... İşə baxan yoxdur. Ərzaq böhranı, nəqliyyat pozğunluğu... Böhranlar ölkəni ağzına almışdır. Belə bir vəziyyətdə qüvvətli, təşkilatlı və vətənpərvər bir düşmən qarşısında durmuşuq. Təbii, düşmən halımızı bizdən gözəl bilir - ərkani-hərbimizdə casusları var, saray belə onlarındır... Nəticədə rus xalqı bu çöllərdə boş-boşuna qırılır...

Baytarın rəngi üzündən götürülmüşdü, dodaqları tilrəyirdi.

  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə