Ii fəSİL. MÜASİr mətbuatda fakt və hadiSƏLƏRİn analiZİ




Yüklə 203.85 Kb.
səhifə1/2
tarix20.04.2016
ölçüsü203.85 Kb.
  1   2


MÜNDƏRİCAT

GİRİŞ........................................................................................................................ 3


I FƏSİL. CƏMİYYƏTİN İNKİŞAFINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN ROLU........................................................................................ 5

1.1. Kütləvi informasiya vasitələrinin xarakterik xüsusiyyətləri.............................. 6

1.2. Müasir Azərbaycan mətbuatında qəzet tipləri.................................................. 11

1.3. Hadisələrin işıqlandırılmasında istifadə olunan analitik janrlar....................... 15


II FƏSİL. MÜASİR MƏTBUATDA FAKT VƏ HADİSƏLƏRİN ANALİZİ....... 27

2.1. Azərbaycanın müstəqillik qazanmasının 20 ili mətbuatda............................... 27

2.2. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi qəzetlərdə................................................................................................................. 33

2.3. Xocalı soyqırımının XX ildönümü................................................................... 39


NƏTİCƏ.................................................................................................................. 46
XÜLASƏ................................................................................................................. 48
ƏDƏBİYYAT SİYAHISI ...................................................................................... 49

GİRİŞ
Bütün dövrlərdə ölkə daxilində, eləcə də ölkədən kənarda baş verən ictimai-siyasi hadisələr insanların diqqət mərkəzində olmuşdur. Buna görə də onlar müxtəlif vasitələrlə informasiyanı almağa və baş verənləri öyrənməyə çalışmışlar. Mətbuat, eləcə də digər kütləvi informasiya vasitələri (KİV) yarandıqdan sonra isə bu hadisələri cəmiyyətə çatdırmaq vəzifəsini onlar yerinə yetirmişlər. Əlbəttə, bu vəzifə təkcə baş verən proseslər haqqında məlumat verməklə bitməmişdir. KİV-in, daha çox da mətbuatın əsas vəzifələrindən biri ictimai-siyasi hadisələri analitik təhlil etməkdir. Bu vəzifənin necə icra olunması, KİV-in öz tamaşaçı, dinləyici və ya oxucu auditoriyasına necə təsir etməsi isə bir çox araşdırmaların mövzusu olmuşdur. Həmin araşdırmalarda “ictimai-siyasi hadisələr nədir”, “onlar necə işıqlandırılmalıdır” kimi sualların cavabları axtarılmışdır. Amma dəyişən və inkişaf edən XXI əsrdə bu mövzuya yenidən qayıtmaq və bu mövzunu yenidən araşdırmaq lazımdır. Müasir dövrdə baş verən ictimai-siyasi hadisələrin çoxluğu və yuxarıda da qeyd etdiyimiz kimi ictimai-siyasi hadisələri insanların daim diqqət mərkəzində saxlaması, eləcə də ictimai-siyasi hadisələri işıqlandırmaqda mətbuatın daim maraqlı olması bu mövzunu yenidən tədqiq etməyə əsas verir. Odur ki, bu buraxılış işində əksər mətbuat orqanlarının ictimai-siyasi hadisələri necə və hansı yöndən işıqlandırdıqlarına nəzər yetirilir. İki fəsildən ibarət buraxılış işinin birinci fəslində əsasən, KİV-in funksiyaları, hər bir KİV-in özünəməxsus xüsusiyyətləri barədə məlumat verilir. Daha sonra qəzet və digər KİV-in rəqabəti, bu rəqabətdə qəzeti onlardan üstün qılan cəhətləri də aydınlaşdırılır. Bununla yanaşı, müasir dövrün əsas informasiya almaq vasitəsi olan İnternet, onun fərqli cəhətləri və İnternetlə rəqabətdə qəzetin hansı yollarla üstün olacağına da toxunulur. Müasir Azərbaycan mətbuatında qəzet tipləri, onların hazırkı fəaliyyəti də buraxılış işində qeyd olunur. İctimai-siyasi hadisələrin təhlilində istifadə olunan analitik janrlar, onların bugünkü mətbuatdakı yeri və digər məsələlər də öz əksini tapır.

İkinci fəsildə isə əsasən müxtəlif ictimai və ya siyasi hadisələrin mətbuatdakı təhlili verilir. Burada müxtəlif mətbuat orqanlarından götürülmüş nümunələrlə müasir dövrdə ictimai-siyasi hadisələrin qəzetlərdə necə təhlil olunduğu göstərilir. Bu analitik nümunələrdə hansı janra üstünlük verildiyini, hansı nöqsanların və üstünlüklərin olduğunu, hadisələrin daha çox hansı yöndən izah olunduğu açmağa çalışılır.



I FƏSİL

CƏMİYYƏTİN İNKİŞAFINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN ROLU
İnformasiyanın – ölkədə və dünyada baş verən hadisələrin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin (KİV) rolu danılmazdır. KİV mürəkkəb proseslərdə müşahidəçi və iştirakçı rolunu oynamaqla informasiyanın cəmiyyətə çatdırılmasını təmin edir. Elə KİV-in funksiyaları – məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək onların cəmiyyətin inkişafındakı rolunu sübut etməyə yetərlidir.

Məlumatlandırmaq: KİV-in ilkin funksiyası cəmiyyəti informasiya ilə təmin etməkdir. Çünki baş verən hadisələr daim insanların maraq dairəsindədir. Bu marağa laqeydlik isə KİV-in öz vəzifəsindən imtina etməsi demək olardı. Cahangir Məmmədli “Jurnalistikaya giriş” kitabında bu funksiya barədə yazır: “Təsəvvür edin ki, hansısa qəzet, yaxud telekanal informasiyadan imtina etmişdir. Bu qəzetin oxucusu, bu telekanaların auditoriyası güclü xəbər xidməti təşkil etmiş digər qəzet və telekanallardan mütləq sayca xeyli aşağı olacaqdır” [1, 12].

Maarifləndirmək: Jurnalistika nəzəriyyəçiləri KİV-in maarifləndirici funksiyasını xüsusi olaraq qeyd edirlər. Ümumiyyətlə, maarifçilik işi jurnalistikada bir çox vasitə və üsullarla həyata keçirilir. Professor Cahangir Məmmədli “Jurnalistikaya giriş” kitabında bildirir ki, “Məlumatlandırmanın özünü maarifçiliyin tərkib hissəsi hesab etsək, bu üsulların nə qədər geniş olduğunu görərik. Lakin bu funksiya özünü daha çox analitik janrlarda, xüsusilə publisistikada göstərir” [1, 16].

Əyləncə: Əyləncə dedikdə, əlbəttə ki, burada sırf əyləncə kəsb edən televiziya, radio proqramı və ya qəzet materialı nəzərdə tutulmur. Professor Cahangir Məmmədlinin də qeyd etdiyi kimi ən yaxşı əyləncə funksiyası “əyləncə-qavrama” üsulu ilə həyata keçirilir. Məsələn: Qəzet səhifələrindəki krassvordlar insanı əyləndirməklə yanaşı, həm də düşündürür və bilgiləndirir. Əyləncə-qavrama üslubunda olan televiziya və radio proqramlar bu gün dünyada aparıcı efir vaxtına çevrilsə də, Azərbaycan televiziya və radiolarında sırf əyləncə xarakterli verilişlərə daha çox yer verilir. Bunlara televiziyalardakı şou-proqramlarları, radiolardakı “DJ” verilişlərini misal göstərmək olar.


    1. Kütləvi İnformasiya vasitələrinin xarakterik xüsusiyyətləri

Cəmiyyətin informasiya ilə təmin olunmasında KİV özünəməxsus şəkildə öz sözünü deyir. Müasir dövrdə KİV dedikdə isə radio, televiziya, mətbuat (qəzet, jurnal) və İnternet nəzərdə tutulur. KİV-i bir-birindən fərqləndirən, xarakterik xüsusiyyətlərinə ayrı-ayrılıqda nəzər salaq.



Radio: Radionun dinləyici ilə yaratdığı canlı ünsiyyət bütün nəzəri və praktik fikirlərdə onun çox böyük üstünlüyü kimi qiymətləndirilir. “Radiojurnalistika canlı ünsiyyət sahəsində demək olar ki, inqilab etdi. O, sözü, mətni, səsi, müxtəlif təqlidi səsləri, informasiyada, xüsusilə də reportajda vacib element sayılan “interşumu” efirə çıxardı” [1, 109]. Tədqiqatçı Qulu Məhərrəmov radionun özünəməxsus informasiya vasitəsi kimi bir neçə xüsusiyyətini qeyd etmişdir. Bunlardan ən əsası radiodinləyicinin istədiyi vaxt istədiyi dalğaya müraciət etməklə digər informasiya kanalına düşə bilməsidir. Digəri radionun çoxproqramlı informasiya vasitəsi kimi dinləyiciyə maraqlı olmasıdır.

Qeyd olunanlarla yanaşı radionun digər KİV-dən üstün bir cəhəti də var. Bu da informasiyanın dinləyiciyə daha asan və operativ şəkildə çatdırılmasıdır. Radionun hadisə yerindən birbaşa yayımla hadisəni dinləyiciyə çatdırmaq imkanı var. Radiomüxbir baş vermiş hadisə haqqında birbaşa bağlantı ilə və ya sadəcə informasiyanı səsləndirib, “interşum” verməklə dinləyicini məlumatlandıra bilər.



Televiziya: “Mətbuat, radio ilə televiziyanın rəqabəti çox vaxt onların ikinci sırada getmələri ilə nəticələnir. Bu rəqabətdə televiziyanı digər KİV-dən kəskin fərqləndirən əsas amil onda vizuallığın olmasıdır” [1, 116]. Bundan başqa, televiziya eyni bir problemi minlərin, milyonların müzakirə obyektinə çevirə bilmək xüsusiyyətinə malikdir. Bu mənada televiziya cəmiyyətin inkişafında, onun məlumatlandırılmasında xüsusi rol oynayır.

İnternet mediası: İnternet qəzetlərini XX əsrin sonunda, İnternetin geniş yayılması nəticəsində meydana gələn KİV növü kimi dəyərləndirmək olar. İnternetin texniki imkanları qısa zaman içində geniş auditoriyaya qeyri-məhdud həcmli informasiyanın ötürülməsinə şərait yaradır. İnternet qəzetdə çalışan jurnalist (internet jurnalist də deyilir) ənənəvi mətbuatda çalışan jurnalistin üzləşdiyi bir çox problemdən canını qurtara bilir. Bura çoxlu maliyyə vəsaiti tələb edən texniki məsələlər – kağız, poliqrafiya, nəşriyyat xərcləri və s. daxildir.

İnternet jurnalistikasının da özünəməxsus xüsusiyyətləri də var. Hər şeydən əvvəl onu kiçik həcmin jurnalistikası kimi dəyərləndirmək olar. Oxucuların İnternetdə böyük həcmli materialları oxumağa həvəsi yoxdur. Bundan başqa, mətnin qısa hissələrə bölünməsi, hər bölümün öz başlığının olması və başlığın vizual baxımdan cəlbediciliyi vacibdir.



Qəzetçilik: “Jurnalistikanın əsası qəzetçiliklə qoyulduğuna görə jurnalistikanın bu qolunun qanunauyğunluqları və nəzəriyyəsi daha tez işlənməyə başlanmışdır. Qəzet hələ ən qədim formada informasiya – məlumat vermək funksiyası daşımışdır” [1, 97-98]. Bu gün də qəzet həmin funksiyasını yerinə yetirir. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “525-ci” qəzetə verdiyi müsahibələrdən birində bildirir ki, qəzetin missiyası onun funksiyasından həmişə üstün olmuş və böyük məzmun kəsb etmişdir. “Bu mənada qəzet təkcə informasiya ötürücüsü deyil, çox böyük missiya həyata keçirən vasitədir. Qəzet kütləvi şəkildə maarifləndirir – bu mənada qəzet bir müəllimdir. Qəzet tərcümə edir, izah edir, təhlil edir, deməli, qəzet analitikdir, güc, beyin mərkəzidir. Qəzet informasiya yayır, deməli, universal ötürücüdür. Qəzet bədii təfəkkür formalaşdırır, deməli, qəzet ədəbiyyatçıdır. Qəzet siyasi sistemi formalaşdırır, bu mənada qəzet siyasətçidir. Qəzet insanların hüquqlarını müdafiə edir, deməli, o həm də qeyri-hökumət təşkilatıdır, hüquq müdafiəçisidir. Qəzet insan hüquqlarını öyrədir və təbliğ edir, bu mənada qəzet hüquqşünasdır. Qəzet bizi özümüzə tanıdır, bu mənada qəzet psixoloqdur. Qəzet cəmiyyətdə olan neqativ və pozitiv prosesləri əks etdirir, bu mənada qəzet aynadır, güzgüdür. Qəzet mövcud problemlərin həlli yollarını göstərir, qəzet psixoloqdur və s.” [28].

Radio, televiziya, sonda isə İnternet yarandıqdan sonra bir çox mütəxəssislər mətbuatın sıradan çıxacağını bildirdilər. Amma mətbuat digər KİV-lə rəqabətdə uduzmamaq üçün yeniliklərdən istifadə etməyə başladı. Belə ki, qəzet hadisə baş verəndən çox sonra bu barədə oxucuya informasiya verə bilir. Ona görə qəzetdə çalışan müxbirlər radioya məxsus olan canlı ünsiyyəti təmin etmək üçün reportaj janrından istifadəyə başladılar. Qəzetdə reportaj yazan jurnalist çox vaxt felin indiki zaman forması ilə danışaraq oxucunu hadisələrin iştirakçısına çevirməyə çalışdı. “Jurnalistlər nə qədər maraqlı, operativ analitik yazılar yaza bilsələr, yeni janrlar, formalar tapa bilsələr, oxucunu bu vasitələrlə nə qədər çox cəlb etsələr çap mediası o qədər də uzunömürlü olacaq... ” fikirlərini “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu demişdir [28].

Televiziya ilə rəqabətdə isə qəzetlər bu KİV-in bir sıra məhdudiyyətlərindən istifadə edərək uğur qazana bilər. Birincisi, televiziya yalnız kadrlar göstərə bildiyi hadisələrlə işləyir. O, vizual təsvirlərlə təchiz olunmamış materialla işləyə bilməz. Qəzetlərdə isə bəzən şəkil belə vermədən hər hansı hadisə haqqında informativ və ya analitik yazı vermək mümkündür. İkincisi, televiziyanın yarım saatlıq xəbər buraxılışını mətnə köçürsək bu qəzetin bir səhifəsini tuta bilər. Qəzet isə informasiyanı geniş və əhatəli şəkildə oxucuya çatdırmaq imkanına malikdir [4, 54].

İnternetlə rəqabətdə isə mətbuat heç də ondan geri qalmır. İnternetin imkanlarından istifadə edən bir çox qəzetlər özlərinin İnternet variantlarını da yaradıblar. Beləliklə də, əldə etdikləri məlumatları daha geniş auditoriyaya və daha operativ təqdim etmək imkanı əldə ediblər. Amma bütün qeyd olunanlara baxmayaraq İnternetin və onun imkanlarından istifadənin genişləndiyi XXI əsrdə qəzetin uzunmüddətli yaşayacağına ümid edənlər də azdır. Hətta bir çox ekspertlər hesab edirlər ki, qəzetlərin elektron variantı onların çap variantını sırada çıxaracaq. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bu cür düşünənlərin əksinə olaraq “525-ci” qəzetə verdiyi müsahibəsində qəzetin elektron mediadan fərqli və üstün cəhətlərini qeyd edir. O müsahibəsində bildirir ki, on il əvvəl bizdə çap mediasının tirajı necə idisə, indi də təxminən eynidir. Deməli, belə nəticəyə gəlmək olar ki, qəzet mediasına meyl ənənəsi cəmiyyətdə hələ də davam edir və özünəməxsus keyfiyyətlərinə görə çap mediası elektron mediaya uduzursa, bunun əksi olaraq, elektron media da bəzi xüsusiyyətlərinə görə çap mediasından geri qalır. Hikmət Babaoğlu bu sözlərini faktlarla izah edərək bildirir: “Elektron medianı arxivləşdirmək olmur. Bunu etmək istəyəndə mütləq çap mediasına çevrilməlidir. Tutaq ki, bir şəxs elektron mediaya müsahibə vermişdir və o müsahibəni evində arxivləşdirmək istəyirsə printer vasitəsilə çapdan çıxarıb kitab şəklinə salaraq saxlayır. Çünki 5-10 gündən sonra elektron mediada onu tapmayacaq. Başqa bir keyfiyyət isə intellektual keyfiyyətdir. Sosial psixoloqlar təsdiqləyiblər ki, elektron media ilə əldə olunan məlumat qısa zamanda yaddan çıxır. Amma çap mediası vasitəsilə əldə olunan məlumat isə yox. Elektron media bu gün özünün təntənə dövrünü yaşayır, bundan sonra ya enişi olacaq, ya da uzun müddət çap mediası ilə rəqabəti bu səviyyədə qalacaq. Azərbaycanda rəsmi mənbələrdə qeyd olunur ki, İnternet istifadəçiləri 60 faizdən çoxdur. Bir məqama diqqət yetirək, bəs informasiya almaq üçün doğrudanmı 60 faiz elektron mediadan istifadə edir? Əsla belə deyil. Bu rəqəm sadəcə İnternet istifadəçilərinin ümumi sayıdır. İnformasiya almaq məqsədilə isə artıq rəqəmlər çap mediasının xeyrinə dəyişir…” [28] .



Əməkdar jurnalist Natiq Məmmədlinin “525-ci” qəzetdə ona verilən “Elektron əsri olduğu üçün qəzetə, sözə maraq, inam azalır. Belə bir şəraitdə çap mediasının rəqabətə davamlılığını necə qiymətləndirərdiniz” sualına cavabı belə olur: “...internetlə mətbuatı müqayisə edəndə bir nüansı unudurlar. Xəbərin ötürülməsi sürətinin artması qəzetlə rəqabət kimi qələmə verilməməlidir. Qəzet yalnız informasiya ilə işləyən orqan deyil, xəbər bülleteni deyil. Qəzet araşdırmaya, maraqlı publisist yazılarına yer ayrılırsa, xəbəri özünəməxsus formada işləyib ictimaiyyətə çatdırırsa, geniş ictimai müzakirələrə yer verirsə çap mediasının vaxtının keçməsi barədə danışmaq hələ tezdir. Elektron mediadakı rəqabət qəzetlə deyil, xəbərin operativ çatdırılmasına görə xəbər saytları arasında kimin qabağa düşməsi uğrunda gedən rəqabətdir. Bəzən elə olur ki, saytlarda yazılan xəbər operativ olsa da, birmənalı şəkildə “şok” effektə hesablanır, balans pozulur, qərəzli alınır. Biz elə xəbərə istinad etmirik. Bu gün kəmiyyət baxımından rəqabəti hesablayan sayğaclar, “Google”nin statistikası var. Ancaq elektron medianın keyfiyyətinin göstəricisi qəzetlərin, çap mediasının onlara nə qədər istinad etməsi ilə ölçülür. Qəzetlər əgər elektron medianın verdiyi xəbəri mötəbər hesab edərək, ona istinad edirlərsə, bu, həmin elektron medianın nüfuzunun göstəricisidir. Məsələn, informasiya agentliklərindən birində xəbər gedəndə, onlar bizdən xahiş edirlər ki, qəzetdə həmin xəbərdən istifadə edək və yaxud hansısa dövlət qurumu agentlikdə məlumat yerləşdirirsə, eyni xəbərin bizim də qəzetdə çap olunmasını istəyir. Əgər agentlikdə xəbər oxunursa, İnternetə daxil olanların hamısı xəbər oxuyandırsa, o zaman niyə belə xahişlər eşidirik? Qəzetin üstünlüyü nədir? Qəzetin yaxşı abunə sistemi var, satış mexanizmi var. Ola bilsin qəzetin oxucu sayı elektron medianın oxucusundan az olsun. Ancaq qəzetin auditoriyası daha dayanaqlı, etibarlıdır. Konkret olaraq biz qəzetin tarixi imicini korlayaraq hansısa ucuz məlumat yerləşdirmirik. Çünki bilirəm ki, bununla səviyyəli, stabil oxucumun zövqünü korlaya bilərəm... ” [25]
1.2. Müasir Azərbaycan mətbuatındakı qəzet tipləri
Qəzet jurnalistikasının tiplərinin formalaşmasına onun funksiyalarının və cəmiyyətdə oynadığı rolun böyük təsiri var. Adətən, hansısa bir funksiya daha çox aktuallıq kəsb edirsə, buna uyğun olaraq müəyyən tipologiyaya aid qəzetlərə də tələbat artır. Hazırda auditoriyanın marağı daha çox məlumat verən, informasiya çatdıran qəzetlərdir. Amma buna baxmayaraq insanlar baş vermiş hadisələr barədə “niyə” sualının cavabını bilmək, hadisələrin şərhini görmək istəyərkən də mətbuata üz tuturlar. İnternetin inkişaf etdiyi bir dövrdə məlumatı İnternetdən əldə etmək nə qədər asan olsa da, elektron mətbuatda daha çox xəbərin operativ və qısa şəkildə çatdırılmasına önəm verilir. Amma qəzetin informasiyanın geniş və əhatəli şəkildə verilməsi, təfərrüat və ideyalarla işləmək imkanı var. Qəzet oxucuya bir dəfəyə böyük həcmdə olan materialı gözdən keçirmək və onların arasından seçim etmək imkanı verir. Amma bu imkan nə televiziya da, nə də radioda var. Televiziya və radioda dinləyici və ya tamaşaçının informasiyanı istehsalçının ona təqdim etdiyi ardıcıllıqla almaqdan başqa yolu yoxdur.

KİV-in fəaliyyətində auditoriya birinci dərəcəli əhəmiyyət kəsb edir. Professor Cahangir Məmmədli “Jurnalistikaya giriş” kitabında qeyd edir ki, “... qəzetin tirajı onun auditoriya ölçüsüdür. Qəzet yarandığı vaxtdan auditoriya uğrunda mübarizə aparmışdır. Sabit auditoriya qəzetin yaşamasını, uğurunu təmin edən vacib faktorlar sırasındadır. Bunun üçün nəşrin istiqaməti, ünvanlandığı zümrə aydın olmalıdır. Bütün variantlarda qəzet kütləvi auditoriyaya ünvanlanmalıdır. Elektron KİV-in artdığı indiki şəraitdə oxucu auditoriyası uğrunda mübarizə daha kəskin vəziyyət alır. Bazar münasibətləri şəraitində qəzet oxucusunu artırmaq üçün yollar arayır və qəzetin geniş oxucu auditoriyası qazanmasının ilkin şərtlərindən biri hadisələrə, faktlara tənqidi yanaşmaq metodu ilə bağlıdır. Oxucu, adətən daha çox tənqidi materiallara diqqət edir. Digər tərəfdən, qəzetlərin tematika zənginliyinə diqqətinin də auditoriya artımına ciddi təsiri olur. Bundan başqa analitik janrlarının auditoriyaya təsir gücünü hiss edən bir sıra qəzetlər bunu gücləndirməklə məqsədə nail olur” [1, 317-318]. Elə bu səbəbdən də hər bir mətbuat orqanı fəaliyyət göstərərkən öz auditoriyasını seçib, onun tələblərinə uyğun fəaliyyət göstərməyə çalışır. Bu zaman o nə? – mətbuatın məzmunu, nə üçün? – təyinatı, kimin üçün? – oxucu ünvanı, kim? – təsisçi, necə? –texniki xüsusiyyətləri (format tiraj) və s. suallarını qarşıya qoyur və bununla da mətbuat orqanının tipologiyası müəyyənləşir. Mətbuat orqanları isə özünün oxucu auditoriyasından asılı olaraq müxtəlif tipologiyaya bölünür. Mətbuat orqanı fəaliyyət göstərərkən auditoriyanın həm maraqlarını, həm də tələblərini nəzərə alır ki, burada maddi maraq amili də öz sözünü deyir. Amma hər şeydən əlavə mətbu orqan xidmət göstərdiyi auditoriyanı əlində saxlamaq üçün onların tələblərini ödəməlidir [2].



Bu gün Azərbaycan mətbuat sahəsində fəaliyyət göstərən qəzetləri aşağıdakı tipoloji formada qruplaşdırmaq olar:

Rəsmi dövlət qəzetləri: Bu tipli qəzetlərə “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan” misaldır. Bu tipologiyaya aid olan qəzetlər əsasən prezidentin sərəncam və fərmanlarını, prezidentin səfərlərini, dövlət tədbirlərini oxucuya çatdırırlar.

İdman qəzetləri: İdman qəzetləri adından da göründüyü kimi idman sahəsində olan məlumatları cəmiyyətə çatdırmaq məqsədilə yaradılır. Bu gün Azərbaycanda “Futbol+qol”, “Olimpiya dünyası”, “Çempion”, “Komanda” kimi idman qəzetləri var.

Uşaq mətbuatı: Müasir Azərbaycan mətbuatında uşaqlara aid qəzetlər çox azdır. Bu barədə Səməd Məlikzadə yazır: “.... Hazırda respublikamızda nəşr edilən uşaq qəzet və dərgilərini barmaqla saymaq olar – “Savalan”, “Tumurcuq”, “Mənim dostlarım”, “Paralel”, “Mücrü”, “Cik-cik”, ötən il nəşrini dayandırmış “Şəkər villası” və s. (Ona görə “və sair“ deyirik ki, ola bilər ki, elə qəzetlər var ki, bir neçə sayı işıq üzü gördükdən sonra hansı səbəbdənsə fəaliyyətini dayandırıb). Jurnallar isə “Göyərçin”, “Elli”, “Bal bala”, “Körpəm”. Səhv etmiriksə, mövcud uşaq nəşrlərinin sayı, ölkədəki qəzet və jurnalların təxminən heç iki faizi də deyil. Bu isə çox aşağı göstəricidir. Həmin nəşrlərdən bir neçəsi – “Savalan”, “Göyərçin” dövlətin yardımı ilə nəşr edilir. Bəs digərləri? Demək, uşaq mətbuatının da taleyi bazar qanunlarına etibar edilib...” [34]

Hüquq qəzeti: Hüquq qəzeti deyərkən ağıla gələn ilk mətbuat orqanı “Ədalət” qəzeti olur. Bu qəzet müasir mətbuatımızda ən tanınmış hüquq qəzetidir. Amma bu cür qəzetlər də dəyişərək ictimai-siyasi qəzetlərə çevilib. Məhz “Ədalət” qəzetinin nəzərdən keçirdiyimiz 25, 26, 27 oktyabr 2011-ci ildə çıxan və digər saylarında ictimai- siyasi xəbərlərə daha geniş yer ayrıldığını müşahidə etdik. Bu da onu göstərir ki, “Ədalət” qəzeti hüquq qəzeti olsa da, daha çox ictimai-siyasi qəzet kimi fəaliyyət göstərir.

İqtisadiyyat qəzeti: Hazırda “İqtisadiyyat” adlı Azərbaycanda və qismən də dünya iqtisadiyyatında gedən proseslər barədə məlumat verən qəzet fəaliyyət göstərir. 1999-cu ildən bəri nəşr olunan qəzet iqtisadi sahə üzrə ixtisaslaşmışdır. Qəzetin nəzərdən keçirdiyimiz 2-7 mart (2012), 7-15 mart (2012), 16-29 mart (2012), 6-12 aprel (2012) saylarında Azərbaycan və qismən dünya iqtisadiyyatında baş verən proseslərlə yanaşı, reklama da geniş yer verilmişdi. Keyfiyyət baxımından da “İqtisadiyyat” qəzeti digər qəzetlərdən fərqlənir.

Kriminal tipə aid qəzetlər: Kriminal qəzetlərin oxucu auditoriyası kifayət qədər böyükdür. Bu tipologiyaya aid qəzetlərdən biri “1001 Kriminal” qəzetidir.

Reklam qəzetləri: Sayına görə çox olmasalar da, səhifələrinin miqdarına, tirajlarına və keyfiyyətinə görə digər bütün qəzetlərdən üstündürlər. “Super market” və “Birja” qəzetləri reklam qəzetlərinə misaldır. Bu cür qəzetlərdə reklamlar, elanlar verilir.

Mədəni və ədəbi-bədii qəzet tipi: Müasir mətbuatımızda bu tipli qəzetlərin sayı çox deyil. Azərbaycan Yazıçılar Birliyinin rəsmi orqanı “Ədəbiyyat” və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat orqanı “Mədəniyyət” qəzeti bu tipli qəzetlərin ən uzunömürlü olanlarındandır.

İctimai-siyasi qəzetlər: Bu tipologiyaya aid qəzetlər müasir mətbuatımızda üstünlük təşkil edirlər. Müasir mətbuatın təxminən 90 faizini ictimai-siyasi qəzetlər təşkil edir. Bunun əsas səbəbi ictimai-siyasi qəzetlərin oxucu auditoriyasının və mövzuların əhatə çevrəsinin daha geniş olmasıdır. 1988-1992-ci illərdən etibarən nəşr edilməyə başlayan ictimai-siyasi qəzetlər artıq daimi oxucu auditoriyalarını tapıblar. Yeni yaradılan ictimai-siyasi qəzetlər isə oxucu auditoriyasını qazanmaq üçün çalışırlar. Nəzərə alsaq ki, Azərbaycan oxucusu çox vaxt cəmi bir qəzet alır və adətən, bu qəzet onun inandığı və daimi oxucusu olduğu qəzet olur, ondan yeni yaranan qəzetlərin nə qədər mürəkkəb bir vəziyyətlə üzləşdiklərini görərik [3, 32]. İctimai-siyasi qəzetlərə “Respublika”, “Azadlıq”, “Yeni Müsavat”, “525-ci qəzet”, “Ayna-Zerkalo”, “Həftə-içi”, “Bizim yol”, “Bakı Xəbər” və adını qeyd etmədiyimiz bir çox qəzetləri misal göstərmək olar.

Ümumiyyətlə, İctimai-siyasi qəzetlər necə olmalıdır? Hadisələri necə işıqlandırmalıdır? Öyrəndiklərimizdən və digər ölkələrin mətbu orqanlarında müşahidə etdiklərimizdən çıxış edərək auditoriyası geniş olan ictimai-siyasi qəzetlərin vəzifələri barədə bunları demək olar. Burada bir çox vəzifə və funksiyaların sintezindən söhbət gedə bilər. Bu funksiyaların bəziləri əsas funksiyalar kimi dəyərləndirilir. Hansı funksiyanın əsas götürülməsi qəzetdə çap olunan materialların janr xüsusiyyətlərinə də təsir göstərir. Bəzi ictimai-siyasi qəzetlər informativ, digərləri analitik, üçüncülər isə qarışıq janrlara üstünlük verirlər. Qeyd edək ki, oxucu baş vermiş hadisələr haqqında məlumatı daha asanlıqla və operativ olaraq televiziya, radio və ya internet vasitəsilə ala bilər. Amma bu KİV-in operativliyə xidmət etdiyini nəzərə alsaq, o zaman təhlilə, analitikaya geniş yer vermədiklərini aydın olar. Ona görə də oxucu onu maraqlandıran hadisəyə jurnalist, eləcə də digər mütəxəssislərin bilmək üçün qəzetə üz tutur. Məhz bu səbəbdən ictimai-siyasi qəzetlərin öz səhifələrində analitik yazılara yer ayırması daha düzgün olar. Bu həm də oxucu sayının artmasına gətirib çıxarar. Bununla yanaşı, ictimai-siyasi qəzetlər oxucuların ölkədə və dünyada baş verən hadisələr burulğanında azıb qalmaması, düzgün qənaətlərə gəlməsi, həqiqi nəticələr çıxarması üçün ictimai həyatı təsvir etməli, oxucunun müəyyən istiqamətə yönəlməsinə yardımçı olmalıdır. Təbii ki, bu zaman da jurnalistikanın meyarlarına – obyektivliyə, qərəzsizliyə, dəqiqliyə əməl olunmalıdır.


1.3. Hadisələrin işıqlandırılmasında istifadə olunan analitik janrlar
Jurnalistikada bir hadisənin analitik təhlili üçün kifayət qədər imkanlar var. Jurnalistikanın analitik janrları bunu həyata keçirməyə şərait yaradır. Qısa da olsa jurnalistikanın analitik janrlarına nəzər salaq. Bundan əvvəl qeyd edək ki, analitik jurnalistikada hadisənin və faktın təhlili verilir, problem göstərilir, onların həlli yolları ortaya qoyulur. Analitik jurnalistika oxucu auditoriyasının müəyyənləşməsi, bu auditoriyanın hadisə və faktları dərk etməsi, aldığı informasiyaların bu dəfə əsas mahiyyətinə varması kimi maraqlı komponentləri şərtləndirir. Ona görə də analitik janrlara maraq böyük olduğu kimi, onlarla işləyən jurnalistin yaradıcılıq səviyyəsinə də tələb artıqdır.
Analitik müsahibə – Bu gün bütün KİV-də, xüsusilə də qəzetdə tez-tez istifadə olunan janrlardan biridir. Müsahibənin informasiya janrları sırasında da olmasına baxmayaraq analitik janrın bu növündə jurnalist “Niyə”, “Necə” suallarına cavab axtarır. Bu müsahibədə əsas hədəf təhlildir. Jurnalist müsahibinə elə suallar verməlidir ki, o “Hə” və ya “Yox” tipli cavablar verə bilməsin. Çünki bu cavablar faktın təhlilinə kömək etmir. Bununla yanaşı, cavabı jurnalistə aydın olduğu hiss edilən suallara da yer verilməməlidir. İstedadlı jurnalist elə suallar verir ki, respondenti həqiqəti açmağa məcbur olur. Buna görə də analitik müsahibə fikrində olan jurnalist mövzu ilə bağlı kifayət qədər bilgiyə sahib olmalıdır [1, 192].

Müasir dövrdə nəşr olunan bütün qəzetlərdə müsahibə janrına rast gəlmək olar. Bununla yanaşı, hadisələrin şərh edilməsi ilə bağlı mütəxəssislərin jurnalistlərin suallarına verdikləri cavablar da qəzetlərdə oxuculara müsahibə vasitəsilə çatdırılır.

“525-ci” qəzetdə “Milliləşmə və zənginləşmə prosesi daim getməlidir” başlıqlı müsahibəyə nəzər salaq. Mövzu günün aktual ictimai hadisələrin biri – “Adlar və soyadlarla bağlı qanun layihəsi” ilə əlaqədardır. Sualları isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov cavablandırır. Sualla başlayan müsahibədə jurnalistin birbaşa “Nizami müəllim, adlar və soyadlarla bağlı məsələ son günlər aktuallaşıb” – deməsi oxucuda, sanki çaşqınlıq yaradır. Belə bir sual yaranır: “Əvvəl nə baş vermişdi ki, indi bu məsələ aktuallaşıb?” Prosesi izləyənlər, eləcə də müsahibə alan jurnalist üçün bu məsələ nə qədər aydın olsa da, “Ad və soyadlarla bağlı qanun layihəsi” haqqında məlumatlı olmayan oxucu üçün məsələ qaranlıq qala bilər. Odur ki, jurnalistin əvvəldə bu barədə qısa da olsa, xatırlatma xarakterli giriş verməsi məqsədə uyğun olardı.

Bu müsahibənin müsbət cəhətlərinə müsahibin sualları əhatəli və misallarla cavablandırmasıdır. O, ad və soyadlarının dəyişdirilməsinin tarixi və məsələnin bugünkü aktuallığı barədə məlumat verməklə oxucunu tam məlumatlandırır. Xüsusilə, onu qeyd etmək lazımdır ki, Nizami Cəfərov müsahibədə dediyi fikirləri misallarla izah etməklə deyilənləri daha anlaşıqlı edir. Buna misal olaraq:

– Münasibət necədir? (Ad və soyadların dəyişdirilməsinə)

– Münasibət çox yaxşıdır. Etirazlar isə ancaq, belə demək mümkünsə, hələlik bəzi ziyalılarda görürəm ki, onların nə vaxtsa ata- babası “ov”, “yev” qəbul edib, onlar da indi bunu dəyişməyə məcbur deyil ki? Məsələn, əgər Eldar Mansurov – bizim çox gözəl bəstəkarımız, musiqiçimiz, ziyalımız, deyirsə ki, kim dəyişir-dəyişsin, bu soyad forması Mansurov mənə dədə-babalarımdan qalıb, sovet dövrü ilə heç bir əlaqəsi yoxdur, dəyişməsin. Ona kim nə deyə bilər?!

Jurnalistin verdiyi suallara gəldikdə, bir növ oxucunun ürəyindən keçən suallardır. Jurnalist bu sualları verməklə müsahibədə qoyulan mövzunu tam açmış sayılır. Müsahibəni oxuyan oxucu onu maraqlandıran məsələ ilə bağlı ətraflı məlumat alır ki, bu da analitik müsahibənin şərtlərinin tam ödənilməsini göstərir. Məsələn maraqlı suallardan birinə – “Burada (ad və soyadların dəyişdirilməsinə) məcburiyyət tətbiq olunur və ya olunacaqmı” sualı misal ola bilər.

Bundan əlavə, suallardakı səmimilik və sadəlik də özünü büruzə verir. Belə suallardan biri – “Bizim üçün maraqlıdır, siz dəyişəcəksiniz öz soyadınızı?” .

Sonda jurnalist aktual bir məsələyə – adlarla bağlı kitabın hazırlanmasına toxunmaqla müsahibəni yekunlaşdırmışdır [30].

Analitik hesabat – Hesabatın predmeti iclas, qurultay, mətbuat konfransı, məruzə, rəsmi görüşlər, konfranslar ola bilər. Analitik hesabatın xarakterik xüsusiyyəti hadisənin gedişi haqqında yalnız xəbər verməkdən ibarət deyil, analitik hesabat buradakı mülahizə və fikirlərin əlaqəsini, hadisələrin qiymətini, bundan doğan nəticələri, çıxışlarda qoyulan təkliflərin köklərini, ölkənin, regionun, sahənin burada qoyulan problemlərini araşdırmaq, izah etmək vəzifəsini yerinə yetirir [1, 190].

“525-ci” qəzetdə dərc olunan analitik hesabat nümunəsi əsasında bu janrda ictimai-siyasi proseslərin necə təhlil olunduğuna nəzər salaq. “Azərbaycandakı ekoloji vəziyyətlə bağlı hesabat açıqlanıb” adlı hesabat ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında hazırlanan Beynəlxalq Fəaliyyətin Nəticələrinin İndeksindən (Environmental Performance İndex) bəhs edir. Jurnalist həmin sənəd barədə məlumat verərkən bildirir ki: “Sənəddə 132 ölkə arasında 2 istiqamət üzrə – ölkənin ekoloji vəziyyəti və ətraf mühitin mühafizəsi ilə bağlı 10 ildəki fəaliyyətin nəticələrinin qiymətləndirilməsi aparılıb”. Daha sonra qiymətləndirilmənin aparıldığı sahələr barədə məlumat verilir. Qeyd edək ki, hesabatda bir fikir eyni cümlələrlə fərqli yerlərdə təkrar verilir. “Ekoloji fəaliyyətin Nəticələrinin İndeksində ətraf mühitin vəziyyəti və ekoloji vəziyyətin dəyişikliyi 10 sahə üzrə 22 indikator əsasında qiymətləndirilmişdir” – bu jurnalistin səhvi və ya texniki xəta ola bilər.

Hesabatda Azərbaycanın ayrı-ayrı sahələr üzrə tutduğu yerlər də sadalanır. Suyun insan sağlamlığına təsir üzrə ətraf mühitin vəziyyətinin indeksi 111, son 10 ildə Ekoloji İnkişafın göstəricisinin isə 56 olduğunu qeyd etdikdən sonra jurnalist bu sahədə görülən işlər barədə məlumat verməklə analitik hesabatın şərtlərinə əməl etmiş olur. Beləliklə, hesabat təkcə informasiyadan ibarət olmur, eyni zamanda, təhlil, əlavə məlumatlarla da zənginləşir. Bu da oxucuya hesabat və hesabatın mövzusu barədə ətraflı məlumat almaq imkanı verir [26].

Müasir dövrdə bu cür analitik hesabat növlərinə çox az rast gəlinir. Daha çox konfranslardan, brifinqlərdən, iclaslardan yazılan hesabatlara yer verilir ki, bu cür hesabatlarda da jurnalist müdaxilə demək olar ki, hiss olunmur. Jurnalist sadəcə həmin yerlərdə olan çıxışları və çıxışlarda deyilən fikirləri yazmaqla kifayətlənir.



Məqalə – Latın sözü “articilus”dan olub, ilkin mənası “üzv”, “bütovün bir hissəsi” anlamını verir. Elə qəzetdə gedən hər bir yazının da məqalə adlandırılması bununla bağlıdır. Amma məqalə müstəqil bir analitik janr növüdür və onun özünəməxsus xüsusiyyətləri var. Məqalə, mühüm həyati hadisələri, onların qarşılıqlı əlaqəsini, qanunauyğunluqlarını və səciyyəvi cəhətlərini aydınlaşdırmağa, faktların ictimai siyasi mahiyyətini və əməli əhəmiyyətini aşkara çıxarmağa imkan yaradır” [1, 199].

Çağdaş Azərbaycan mətbuatında praktik təhlili, polemik, tədqiqat xarakterli məqalələrə rast gəlmək mümkündür.

Mətbuatımızda məqalənin bütün növlərinə rast gəlmək mümkündür. Biz isə “Bizim dövr” qəzetindəki problem məqalələrdən birinə nəzər salaq. “Şamaxı meşələrində soyqırım” adlı məqalədə Şamaxı və Ağsu meşələrindəki ağacların qırılmasından bəhs olunur. Məqaləni oxuduqdan sonra gözə çarpan bir sıra nöqsanları qeyd etmək istərdim. Məqalədə felin zaman şəkilçisinin “mışdır” formasında seçilməsi məqalənin dilində ağırlıq gətirir. Bəzi məqamlarda məsələn, “Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Arif Şərifovun son dərəcə yarıtmaz fəaliyyətini misal gətirmək olar” bu cümlədəki “yarıtmaz” sözü jurnalistin haqqında danışdığı şəxsə qarşı mövqeyini açıq şəkildə ifadə edir. Məqalənin ortasında jurnalist mövzunu başqa istiqamətə – Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin keçirdiyi Kollegiya iclasına yönəldir. İclas barədə yazan jurnalist burada “Qusar, Qazax, Şamaxı və Gəncə MMBM-lərin direktorlarına töhmət verilmişdir” cümləsində MMBM sözünün açıqlamasını verməmişdir. Bu da bu ixtisarı onun nə anlama gəldiyini başa düşməkdə çətinlik yarada bilər. İclas barədə məlumat verdikdən sonra jurnalist yenidən fikri Arif Şirinovun üzərinə gətirir. Beləliklə, oxucunun diqqəti yayınır. Burada məqalənin əsas şərtlərindən biri – mövzunun konkretliyi pozulur. Məqalədə Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru barədə ekspert rəyini öyrənmək istəyən jurnalist bu məqsədlə Şamaxı rayon Bilici kənd sakini, Azərbaycan Milli Elmlər Akademiyasını Mərkəzi Nəbatat bağının Şamaxı dayaq məntəqəsinin müdiri Əzizbaba Fətullayevin “Dünya” İnformasiya Agentliyinə verdiyi məlumatlardan istifadə edib. Bununla da, oxucunun jurnalistə və məqalədə verilən məlumatlara inamı itir. Çünki jurnalistin Əzizbaba Fətullayevdən müsahibə almaq imkanı olduğu halda, başqa İnformasiya Agentliyinə verilən məlumatı məqaləyə daxil etməklə asan vasitədən istifadə etdiyi oxucuya məlum olur. Eyni zamanda, məqalədə girişdən sonra qədər Arif Şirinovun hədəf obyektində olması və balansı qorumaq üçün jurnalistin məsələ ilə bağlı onun özündən müsahibə almağa cəhd etməsini göstərən bir fikir belə qeyd edilmədiyindən oxucu həmin şəxsə qarşı qərəzli mövqedə olunduğunu düşünə bilər. Jurnalist tənqid etdiyi şəxsi müəyyən məsələ ilə bağlı günahlandırdığı halda oxucuya fakt təqdim etmir. Məqalənin nəticəsində də yenə Arif Şirinov tənqid olunur: “Nazirliyin kollegiya iclasının nəticəsinə görə A. Şirinovun yaxasını son dərəcə yüngül cəza ilə qurtarması belə düşünməyə əsas verir ki, onun öz vəzifəsində qalmasında və meşələrimizə qarşı talançılıq fəaliyyətini davam etdirməsində elə nazirliyin özündə maraqlı olan şəxlər vardır... Hazırda isə müəyyən himayədarların kölgəsi A. Şirinovun əməllərini nazirliyin diqqətindən qaçırmağa hələ ki, kifayət edir”.

Qeyd edək ki, məqalədə jurnalistik səhvlərlə yanaşı, çoxlu orfoqrafik səhvlərə də rast gəlmək mümkündür. Bütün bu nöqsanları nəzərə aldıqda, bu məsələnin bu janr çərçivəsində düzgün təhlil olunmadığı qənaətinə gəlmək mümkündür [10].



Şərh – Şərh yazan jurnalistlər əsasən aşağıdakı məqamları vurğulamaq üçün bu janra üstünlük verirlər.

  • Auditoriyanın diqqətini ciddi ictimai maraq kəsb edən fakta yönəltmək

  • Şərh edilən faktın vacibliyini duymaq və hadisənin səbəblərini açmaq

  • Hadisənin gələcək inkişafını proqnozlaşdırmaq

  • Problemin həlli yollarını göstərmək

Şərhdə həqiqət hansıdır, niyə, vəziyyət nə yerdədir, nə etməli kimi sualların cavabları axtarılır.

Mətbuatda şərh də işləkliyi ilə seçilir. “Bakı xəbər” qəzetində dərc olunan bir şərhin nümunəsində bu janrın xüsusiyyətlərinə nəzər salaq. “Qəbələ RLS barədə Azərbaycanın qiymət siyasəti dəstəklənir” başlıqlı yazıda əvvəlcə mövzu barədə xatırlatma xarakterli giriş verilir. Daha sonra məsələnin mövcud vəziyyəti şərh olunur. Rusiya ilə Azərbaycanın “Daryal” radiolokasiya stansiyası üzrə bağlanan müqavilənin şərtləri barədə məlumat verilir ki, bu da oxucunu baş vermiş problemin hansı səbəbdən yaranması ilə tanış edir. “İndi qüvvədə olan müqavilədə deyilir ki, tərəflərdən biri müqavilənin bitməsinə 6 ay qalmış müqavilədən çıxacağı haqda xəbərdarlıq etmirsə, avtomatik olaraq müqavilə 3 illiyə uzadılır. İndiki 6 aylıq müddət iyunun 9-da qurtarır. Həmin vaxta tərəflər aralarındakı fikir ayrılıqlarını yoluna qoymalıdır”. Şərhdə Rusiyanın da mövqeyinin verilməsi balansın qorunması prinsipinə əməl oldunduğunu göstərir. Rusiyanın Müdafiə Nazirliyindən: “Bakının bu qiyməti heç nə ilə əsaslandırılmayıb və Bakı maliyyə iştahını azaltmasa, biz Qəbələdən gedəcəyik”.

Jurnalist şərhdə oxucunu maraqlandıran bir sual qoymuşdur: “Görəsən, Azərbaycan Qəbələ RLS-in illik icarəsi üçün 300 milyon dollar istəməkdə haqlıdırmı?”. Bu suala jurnalistin özünün yox, ekspertin cavab verməsi oxucunun deyilən sözlərə inanmasını təmin edir. Politoloq Fikrət Sadıxov: “Rusiya tərəfindən səsləndirilən fikirlər yalnız şüuar ola bilər. Xüsusilə indiki şəraitdə – Yaxın Şərq ölkələrində gedən proseslər və İran ətrafında cərəyan edən hadisələr fonunda Rusiya heç vaxt Qəbələ RLS-dən imtina etməz. Bir daha vurğulayıram ki, keçən dövrdə olan qiymət qala bilməz...” Sonda isə jurnalist politoloqun dediklərindən nəticə çıxararaq məsələni belə şərh etmişdir: “Münasibətdən görünür ki, Qəbələ RLS-dən indiki illik icarə haqqı çox aşağıdır və Azərbaycan prinsipiallıq nümayiş etdirib, icarə haqqının qaldırılmasına nail olmalıdır”.

Şərhdə məsələ qoyulur və son məqamda məsələnin həlli yolları, gələcək inkişafı göstərilməklə nəticəyə gəlinir. Bu da jurnalistin şərhin xüsusiyyətlərini yazıda yerinə yetirdiyini göstərir [8].



İcmal – İcmal həm qəzet, həm də digər KİV-də istifadə olunur. İcmal, bir sözlə, müşahidənin və bu müşahidə üzərində mülahizələrin ifadəsidir. İcmal predmetinə görə siyasi, iqtisadiyyat, sosial, beynəlxalq həyat və digər məsələlərlə bağlı ola bilər. İcmalda aşağıdakı parametrlər nəzərə alınmalıdır:

  • Auditoriyanın marağını ictimai həyatda baş verən hadisələrə yönəltmək

  • Oxucunun öz mövqeyinin formalaşmasına kömək etmək

  • Hadisələrin əsas mahiyyətini tutmaq və gerçəklikləri göstərmək

  • Proqnozlar yolu ilə ictimai inkişafın gedişini müəyyənləşdirmək

  • Problemlərin praktik həlli yollarını göstərmək [1, 203]

Bu cəhətlərinə görə icmal şərhə bənzəyir amma onlar arasında bir sıra fərqli məqamlar vardır. Belə ki, icmal şərhdən fərqli olaraq müəyyən zaman kontekstindəki hadisələri təhlil edir. Bu baxımdan icmal gündəlik, həftəlik, aylıq və bəzən illik ola bilər.

İcmal janrına daha çox televiziyada rast gəlmək mümkündür. Janrlar nə qədər də öz başlanğıcını qəzetdən götürsə də, dövrümüzdə onların bir çox növləri KİV-in digər sahələrində işlək olaraq qalmışdır. İcmal janrı da bu gün mətbuatda çox işlədilmir.


Resenziya – Resenziya latın dilindən “baxış, məlumat, rəy” deməkdir. Resenziya ədəbi əsərlər barədə tənqidi fikirdir. O, hər hansı çap məhsulu, kinofilm, incəsənət əsəri, teatr, televiziya, radio proqramları, qəzet məqaləsi haqqında ola bilər. Resenziya yazan müəllifin vəzifəsi resenziya yazılan əsərdə diqqət olunmayan məsələləri qeyd etməkdir. Bunun üçün də resenziya yazan jurnalist geniş biliyə sahib olmalıdır. Ancaq bu zaman o professional resenziya yaza bilər. Resenziyanın əsasını analiz, təhlil təşkil edir. Ona görə də resenziya hərtərəfli, obyektiv olmalıdır.

Resenziya həcminə görə böyük və kiçik, tənqid obyektlərinə görə monoresenziya və poliresenziya ola bilər [1, 195].

Resenziyalar mövzularına görə ədəbi, teatral, kinoresenziya və s. ola bilər.

Müasir mətbuatımızda resenziya nümunələrinə çox rast gəlinir. Biz isə “Azərbaycan” qəzetindəki resenziyalardan birinin nümunəsində analitik janrın bu növünü təhlil edəcəyik. “Dəyərli dərs vəsaiti” adlı bu resenziya akademik Ə.Əmiraslanovun və tibb elmləri doktoru A. Qazıyevin birgə yazdıqları “Onkologiya” dərsliyi barədədir. Resenziyanı akademik, M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağayev yazmışdır. Resenziyada əvvəlcə onkologiya xəstəliklərinin bu günkü vəziyyəti barədə məlumat verilir. Daha sonra dərsliyin əhəmiyyəti, əhatə etdiyi mövzular barədə danışılır. Dərsliyin onkogenezin səbəblərini açıqlamaq baxımından faydası da nəzərə çatdırılır. “Uzun illər onkologiya sahəsində aparılan elmi axtarışlar bədxassəli şişlərin etiologiyası və patogenezi ilə bağlı olmuşdur. Lakin bədxassəli şişlərin etiologiyasında mövcud olan nəzəriyyələrin heç biri ayrılıqda onkogenezin səbəbinə aydınlıq gətirməmişdir. Müəlliflər bununla bağlı qeyd edirlər ki, onkogenez polietioloji bir prosesdir”. Müəllif burada kitabla bağlı məlumat verməklə yanaşı, bir sıra maraqlı qeydlər də edir. “Qeyd etmək lazımdır ki, xərçəng hüceyrələrində adi halda fəaliyyət göstərməyən bir sıra genlərin (onkogenlərin) aktivləşməsi ilə yanaşı, hüceyrədə qanunauyğunsuz mutasiya baş verir. Burada onkogenlərin aktivləşməsi və ya mutasiyanın hansının birinci olması hələlik bəlli deyil”. “Onkologiya ” dərsliyini fəsillər üzrə şərh edən müəllif hər fəsildə onkoligiya ilə bağlı hansı məqamlara toxunulduğunu izah edir. “Kitabdakı onkoloji deotologiyanın özəlliklərinə həsr olunmuş fəsil diqqəti cəlb edir. Xəstə həkim münasibətlərinin etik qaydaları, xərçəngli xəstələrə xəstəlikləri barədə hər hansı bir məlumatın çatdırılması, xəstənin psixoloji baxımdan mühafizə olunmasının və bütün bu amillərinin xəstənin sağalmasında və müalicəsinin davam etdirilməsində nə qədər əhəmiyyət kəsb etməsi gündəlik həkimlik fəaliyyətində nəzərə alınmalıdır” –resenziyada yazılan bu hissə oxucuya xəstə-həkim münasibətləri barədə məlumat verir, onu bu barədə məlumatlandırır.

Sonda müəllif bu kitabın kimlər üçün faydalı olacağı, hansı töhfələri verə biləcəyi barədə qeydlər etmişdir: “... Dərslik tibb kadrlarının yetişdirilməsində, həkimlərin gündəlik fəaliyyətində onkoloji xəstəliklərin diaqnostikasında və müalicəsində çox fayda verəcək” [6].

Jurnalist təhqiqatı – Jurnalist təhqiqatının mövzuları həmişə adi hadisələr olmur. Əsasən, jurnalist cəmiyyəti narahat edən, önəmli faktları araşdırır. Bəzən bu cür təhqiqatlara görə jurnalistlər özləri də təzyiqlərə məruz qalırlar. Onlar aşkara çıxardıqları faktlarla bağlı şərə, böhtana da məruz qala bilərlər. Buna görə də jurnalist bu janrlar işləyən zaman xüsusilə diqqətli olmalıdır. Təhqiqatlar gizli mənbələrin köməyilə aparılır. Mənbələr gizli saxlanılır və ancaq məhkəmənin qərarı ilə açıqlana bilər. Jurnalist təhqiqatı janrının bir neçə xüsusiyyətləri var: Təhqiqatın məqsədi, obyekti, metodu və əldə olunan faktların ifadə üslubu [1, 200-201].

“Azadlıq” qəzetindəki araşdırmalardan birini nəzərdən keçirək. “Qürbətdə vətən dastanı yazan mühacir” başlıqlı yazı Azərbaycan siyasi mühacirətinin II Dünya Müharibəsindən sonrakı dalğasına mənsub olan yazıçı-dramaturq Mirzə Abay Dağlı (Cəmil İbrahim oğlu Ağayev) barədədir. Araşdırma adı altında verilən yazıda əsasən Abay Dağlı haqqında avtobioqrafik məlumatlar verilir. Araşdırma iki hissəyə bölünür. Birinci hissədə onun Azərbaycanda keçirdiyi, ikinci hissədə isə Türkiyədəki həyatı əks olunur. Jurnalist onun yaradıcılığı barədə də məlumat verir və yazdığı əsərləri barədə ayrı-ayrılıqdı məlumat verir.

Araşdırmadan bir hissə: Abay Dağlının “Natəvan” pyesinin mövzusu isə Qarabağda “Xan qızı” ləqəbi ilə məşhur olan şairə Xurşudbanu Natəvanın həyatından alınmışdır. Dramaturq bir tərəfdən yurdunu məhəbbətlə sevən vətənpərvər insan, biri tərəfdən istedadlı şairə kimi təqdim etmişdir”.

Sonluğu jurnalist başqa birinin Abay Dağlı haqqın dediyi fikirlərlə bitirir: “İradəli və ideallarında türkçülüyə sadiq olan Abay Dağlının yeganə arzusu Azərbaycanın istiqlalına qovuşması və türkçülüyə payıdar olmasıdır”.

Bu cür yazılar geniş araşdırma və təhlillər tələb edən araşdırmalar deyil. Daha çox bir insanın ömür yolunu təsvir edən bu yazıda araşdırma meylləri çox az hiss olunur. Bir sözlə, belə araşdırmalar üçün böyük və gərgin jurnalist əməyi tələb olunmur. Bu yazıda Abay Dağlını bilən, onun nəslindən olan insanların fikir və müsahibələri verilsə, daha maraqlı olardı. Oxucu bu cür məlumatları İnternet vasitəsilə ala bilər. Amma jurnalist oxucuya araşdırmalarda elə məlumatlar təqdim etməlidir ki, oxucu bu cür informasiyanı başqa heç bir yerdən ala bilməsin [5].

Korrespondensiya – Korrespondensiyada hər hansı fakt, hadisə geniş təhlilə çevirməklə onun analitik nümunəsi ortaya çıxır. Korrespondensiya sırf qəzet janrıdır. ABŞ telejurnalistikasında hətta informasiya proqramlarında günün vacib prioritet faktı bəzən proqramın dörddə bir vaxtının həsr edildiyi korrespondensiya tipli reportaja həsr edilir [1, 191].

Korrespondensiya sırf qəzet janrı olsa da, qəzetlərlə apardığımız araşdırmalarda bu janrın nümunəsi diqqətimizi cəlb etmədi. Bu janrda jurnalist informasiya mənbəyi rolunda çıxış edir və şərhlərdə öz müşahidələrindən çıxış edir. Bir çox ictimai-siyasi proseslərin əvvəldən sona qədər təsviri korrespondensiyanı xatırlatsa da, həmin yazılarda jurnalist müdaxiləsi hiss olunmadığından onları bu janra misal olaraq göstərmək qeyri-dəqiqlik olardı.



KİV xülasəsi – İcmal və xülasə sözləri mənşəcə bir-birinə çox yaxındır. Xülasə jurnalistikada təsvir, yekun vurmaq, nəticəyə gəlmək kimi qəbul edilir. Qəzetin, jurnalın, ümumiyyətlə, çap məhsulundakı yazıların təhlilinə, qısa şərhinə mətbuat xülasəsi adı verilmişdir. Lakin yeni Azərbaycan jurnalistikasında mətbuat xülasəsi çox azalmışdır. İndi KİV-in xülasəsi kimi yeni anlayış yaranmışdır ki, bu da bu janrın öz obyektini genişləndirməsi, radio və televiziya proqramlarını əhatə etməsi ilə bağlıdır. Hətta müasir dövrdə qəzetlər radio və televiziya proqramlarının, radio və televiziya isə qəzetlərin yaradıcılıq işinə aid xülasələr hazırlayırlar. Xülasənin xülasə-təqdimat və analitik xülasə kimi növləri var. Xülasə-təqdimat yeni nəşrlərin çıxması və istiqaməti barədə məlumat verir. Analitik xülasə isə KİV-in müəyyən mövzu ilə əlaqədar fəaliyyətini təhlil edir.

“Zaman” qəzetində televiziya proqramlarının xülasə-təqdimat forması verilir. Burada televiziya kanallarının bir həftəlik proqramları saatlarına uyğun təqdim olunur. Bunun müsbət cəhəti odur ki, tamaşaçı televiziya anonslarını gözləmədən hansı verilişin hansı gündə və hansı vaxtda efirə gedəcəyini əvvəlcədən bilir.

Digər tərəfdən isə bu teleproqramların analitik xülasəsinə heç bir qəzetdə rast gəlinmir. Bu janr demək olar ki, öz işləkliyini itirib.

II FƏSİL

MÜASİR MƏTBUATDA FAKT VƏ HADİSƏLƏRİN ANALİZİ
Həsən bəy Zərdabi demişdir: “Mətbuat həyatımızın güzgüsüdür”. Onun bu kəlamına əsaslanaraq deyə bilərik ki, hər dövrün öz mətbuat orqanları olmuş və onlar cəmiyyətdə baş verən prosesləri öz səhifələrində əks etdirmişdir. Dövründən asılı olaraq mətbuat orqanları, xüsusilə də qəzetlər müntəzəm və ya fasilələrlə ölkədə və dünyada baş verən prosesləri cəmiyyətə çatdırmışdır. Amma həmin mətbuat orqanları hadisələri yalnız informasiya formasında çatdırmaqla kifayətlənməmiş, həm də onları müxtəlif aspektlərdən şərh və analiz edərək cəmiyyətin həmin hadisələrlə əlaqədar müəyyən mövqe tutmasına, istiqamətlənməsinə kömək etmişdir. Təbii ki, bu işi həyata keçirməkdə jurnalistikanın janrları, o cümlədən operativ-analitik janrlar qrupu böyük rol oynamışdır. Yuxarıda qeyd etdiyimiz kimi xəbər, hesabat, müsahibənin informativ forması vasitəsilə cəmiyyət informasiya ilə təmin edilmişdirsə, analitik janrlar qrupu bu informasiyanın təhlil, analiz və təbliğində öz sözünü demişdir. Hər bir janrın özünəməxsus xüsusiyyətləri olduğundan, bu özünəməxsusluqdan istifadə edən jurnalistlər hadisələrin təhlili zamanı onları müxtəlif aspektlərdən analiz edə bilmişdir.

Bu fəsildə də üç fərqli ictimai-siyasi hadisənin müxtəlif qəzetlərdəki təhlilini araşdıracağıq. Nümunələr əsasında bu ictimai-siyasi hadisələrin necə təhlil olunduğunu, analiz üçün hansı janrlara üstünlük verildiyini görəcəyik.



2.1. Azərbaycanın yenidən müstəqillik qazanmasının 20 ili mətbuatda
Azərbaycanın yenidən müstəqillik qazanmasının 20 illiyi 2011-ci ilin 18 oktyabrında təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə qızıl sikkələr buraxıldı. Müstəqilliyin XX ildönümü ilə əlaqədar mətbuatda da xeyli yazılar getdi. Onlardan bir neçəsini təhlil edib, bu prosesin mətbuatda necə işıqlandırıldığını araşdırdıq.

Kaspi qəzetində “Bir neçə ilə İKT sektorunun gəlirləri enerji sektorundan əldə olunan gəlirlərə yaxınlaşacaq” adlı yazı dərc olunmuşdur. Müsahibə janrında olan yazıda əvvəlcə jurnalist mövzuya giriş verməklə oxucunu mövzudan xəbərdar edir və sualları cavablandıracaq şəxsi təqdim edir. “Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovla söhbətimizdə rabitəmizin müstəqillik illərində keçdiyi yola nəzər salmağa çalışdıq”. İlk suala verilən cavab Azərbaycanın müstəqillik illərində İKT sahəsində qazandığı uğurlar barədə yetərli informasiya əldə etməyə imkan verir. “... 1994-cü ildə “Bakcell” və 1996-cı ildə “Azercell” birgə müəssisələri yaradıldı və Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyuldu. 1996-cı ildə isə “AzEvroTel” və “Ultel” birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başladı. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu. Azərbaycanda radio-televiziya yayımının dünya standartlarına uyğun təşkilindəki uğurlar da məhz müstəqillik illərinə təsadüf edir”. Burada oxucuya İKT sektorunun hazırkı durumu və gələcək inkişafı barədə də məlumat verilməklə yanaşı, dəqiq informasiyalar da qeyd olunur. “Azərbaycanın İKT sektoru hal-hazırda milli iqtisadiyyatın ən sürətlə inkişaf edən ikinci sektorudur. Bu inkişaf tendensiyasının yaxın illərdə də davam edəcəyi gözlənilir və bu isə o deməkdir ki, bir neçə il ərzində İKT sektorundan əldə olunan gəlirlər enerji sektorundan əldə olunan gəlirlərə yaxınlaşacaq, hətta 2018-2020-ci illərdə hər iki sektor üzrə gəlirlər bərabərləşəcək. Qeyri-neft sektorunda İKT sektoru ikinci ən böyük vergi ödəyicisidir”.

Müsahib həyata keçirilən və keçiriləcək layihələr barədə məlumat verir ki, bu da məsələnin geniş şərhi deməkdir. “Mobil rabitə sahəsindəki, daha sonra isə İnternet sahəsindəki uğurlarımızı necə qiymətləndirirsiniz” sualı yerinə düşən sualdır. Çünki bu gün oxucunu maraqlandıran əsas sahələrdən biri də “Mobil Rabitə” sahəsidir. Son sualda isə jurnalist bütün bu məsələlərə yekun vuraraq gələcək planlar haqqında məlumat alır [21].
“Zaman” qəzetində “Sovet respublikasından müstəqil dövlətə doğru” adlı yazı dərc olunmuşdur. Məqalənin əvvəlində hələ 1918-ci il tarixindən, o dövrdə baş verən proseslərdə qısa tarixcə verilir. Daha sonra SSRİ-nin dağıldığı dövrdə Azərbaycanın vəziyyətinə nəzər salınır. “Sovet rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də Bakıda və respublikanın digər yerlərində dinc əhaliyə qarşı qırğın törətdi. Bu, Azərbaycan xalqının istiqlala gedən yolunu kəsmək və gözünü qorxutmaq üçün edilmişdi. Belə bir şəraitdə heç bir rəsmi vəzifə daşımayan Heydər Əliyev xalqının yanında oldu”.

Müəllif SSRİ dağıldıqdan sonra Azərbaycan xalqının və dövlətinin qarşısında duran əsas məsələləri sadalayır və o dövrün ictimai-siyasi durumu haqqında oxucuya məlumat verir. “SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı və dövlətinin qarşısında əsasən aşağıdakı vəzifələr dururdu: Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq və qorumaq; Ermənistanın təcavüzünü dayandırmaq; diktaturadan demokratiyaya, planlı təsərrüfatdan azad bazar iqtisadiyyatına keçmək”.

Müəllif “haradan-haraya gəldik” sualını qoymaqla müasir dövrümüzün ictimai-siyasi həyatına keçid verir, bu günümüzün mənzərəsini yaradır.

Jurnalist hər bir sahə üzrə Azərbaycanın uğurlarını 3-4 cümlə ilə ifadə edir və Azərbaycanın müstəqillik illərində imza atdığı uğurları bir-bir sadalayır. “Müstəqilliyin ilk illərində enerji təchizatı sarıdan problemlərlə üzləşən Azərbaycan enerji təhlükəsizliyini nəinki təmin etdi, eyni zamanda “Qoca dünya”nın – Avropanın, “Yeni dünya”nın – ABŞ-ın, bütövlükdə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri təkcə iqtisadi deyil, siyasi, strateji əhəmiyyət daşıyaraq Azərbaycanın müstəqilliyinin beynəlxalq təminatlarına çevrildilər. Bu kəmərlər Avrasiyanın geosiyasətini dəyişdirdi. TRASEKA layihəsi həyata keçirildi. Böyük İpək yolu işə düşdü.

Ölkənin paytaxt şəhərinin sakinlərinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi istiqamətində ciddi addımlar atıldı. Oğuz-Qəbələ-Bakı su kəməri çəkildi. Azərbaycan su təchizatı sarıdan təhlükəsizliyini təmin etdi ”.

Müəllif məqalədə bir problem qoyur və həmin problemin həlli yolunu da göstərir. O, bir problemin həllinin təkamül və islahatlarda olduğunu bildirir. Bu məqalə analitik təhlildən çox jurnalistin öz fikir və düşüncələri üzərində qurulmuşdur. Amma burada faktlar və bəzən təhlil olunan məsələlər bu məqaləyə analitik xüsusiyyəti qazandırır [24].


“Zaman” qəzetində “Müstəqillik üçün böyük rol oynamış media onun möhkəmlənməsinə də xidmət edir” adlı məqalə dərc olunmuşdur. Məqalə jurnalistin Azərbaycanın müstəqilliyinin 20 ilinin tamam olması və tarixi barədə qısa xatırlatma ilə başlayır. Daha sonra keçirilən konfrans barədə məlumat verilir. “Azərbaycanın qədim şəhəri Gəncədə “Dövlət Müstəqilliyi və Media” adlı konfrans təşkil edildi. Konfransın Gəncədə, xüsusilə Gəncədə yerləşən Kənd Təsərrüfatı Akademiyasının konfrans zalında keçirilməsi bütün iştirakçılar tərəfindən təqdir edildi. Çünki Azərbaycan ilk müstəqilliyi 1918-ci ildə məhz bu şəhərdə, həm də elə bu tarixi salonda elan edilmiş, qurulmuş milli hökumət Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etdiyi 15 sentyabra qədər bu şəhərdə fəaliyyət göstərmişdir”. Burada jurnalist konfransın harada keçirildiyini deməklə kifayətlənmir, eləcə də həmin konfrans keçirilən yerin əhəmiyyəti barədə də oxucuya məlumat verir.

Məqalənin dili çox axıcı və səmimidir. Məqaləni yazan jurnalist müşahidəçidən çox hadisənin iştirakçısı kimi danışır, fikir və təəssüratlarını oxucu ilə bölüşür. Bu cümlədə bunu daha aydın hiss etmək olur: “Gəncə şəhər İcra Hakimiyyəti rəsmlərinin təşkilatçılığı ilə keçirilən gəzinti mənim üçün çox maraqlı oldu. Çünki uzun müddətdən bəri Gəncəni bu qədər yaxından görməmişdim və bu şəhərin çox dəyişdiyinin, gözəlləşdiyinin şahidi oldum”. Amma jurnalist konfransı unudub, Gəncədə aparılan işlər barədə məlumat verməyə başlayır ki, bu da məqalənin başlığı və girişi ilə üst-üstə düşmür. Bununla yanaşı, məqalədə mövzu konkretliyi amili nəzərə alınmamışdır. Gəncənin uzun təsvirindən sonra jurnalist yenidən konfransda müzakirə olunan məsələlərə qayıdır. Bu oxucu fikrini yayındırmaqla yanaşı, janr qarışıqlığı da yaradır. Bu yazıya məqalə də, analitik hesabat da demək mümkündür. Çıxışlara gəldikdə isə Əli Həsənovun fikirləri oxucu üçün daha maraqlı və faydalı ola bilər. Digər qonaqların çıxışlarının sadəcə məzmunu verildiyi üçün oxucu əhəmiyyətli məlumat ala bilmir.

“Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öz çıxışında Azərbaycan mediasının tarixini dörd mərhələyə böldü: çarizm dövrü, Xalq Cümhuriyyəti dövrü, sovet dövrü və müstəqillik dövrü. Müstəqillik dövründə medianın daha çox inkişaf etdiyini, 1998-ci ildə media üzərindən senzuranın götürülməsi ilə bu inkişafın yeni vüsət aldığını bildirən şöbə müdiri onu da əlavə etdi ki, keçmiş sovet məkanında mediaya bu qədər imkan və imtiyaz ancaq Azərbaycanda verilmişdir. Əli Həsənov bu gün medianın ən böyük probleminin onun öz içində olduğunu, yəni cibində jurnalist vəsiqəsi daşıdığı halda, öz peşəsinə hörmət qoymayan, yəni yalan xəbər yazmaqdan çəkinməyən jurnalistlərlə bağlı olduğunu söylədi. Bu işdə media rəhbərlərinə mühüm vəzifələr düşdüyünü deyən Həsənov onları əməkdaş seçimində daha diqqətli olmağa dəvət etdi” [23].
“Bakı Xəbər” qəzetində “Müstəqillik dövründə Azərbaycanın demoqrafik problemləri” adlı analitik hesabat verilmişdir. “Müstəqil Azərbaycan 20 il: dövlət, ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən elmi-praktik konfransdan bəhs edən yazı analitik hesabatın bariz nümunəsidir. Tədbirdə çıxış edənlərin nitqindən verilən sitatlarda dəyərli məlumatlar öz əksini tapmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müstəqilliyin qazanılması tarixi haqqında məlumatından sonra deyilən fikirləri xüsusilə diqqət cəlb edir. “... 2006-cı ildə gender bərabərliyi haqqında qanunun qəbulu dövlətin idarə olunması və qərar qəbul edilməsində qadın-kişi bərabərliyinə, ayrı-seçkilik formalarının aradan qaldırılmasına təminat verir. Məişət zorakılığının qarşısının alınması üçün Milli Məclis qanun qəbul edib. Qadın və ailələrə ən müxtəlif formalarda dövlət dəstəyi göstərilir. Gender büdcəsi dövlət büdcəsinə onun bir hissəsi kimi daxil olub... ”.

Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da qadın siyasəti barədə danışaraq, bu siyasətin tarixi kökləri barədə məlumat verir. Onun qadın siyasətinə yeni bir yanaşması oxucunun bir növ maarifləndirilməsinə töhfə verir. “Qadın siyasəti ailə, qadın və uşaq formulunda qurulub. Şəxsən məni bu formul qane etmir. Bu, faktiki olaraq, İslam mədəniyyətindən gələn düzülüşdür. Bu, o deməkdir ki, ailənin əsasında qadın durur, o da gələcək nəslin davamçısıdır. Mən bu sıraya cəmiyyəti də əlavə edərdim. Düşünmürəm ki, bu gün cəmiyyətimizdə kişilərin xidməti qadınların xidmətin çoxdur...”. Əli Həsənov Xalq Cümhuriyyəti dövründə qadınlara verilən seçki hüququ barədə də məlumat verir.

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə nitqində problemə toxunur və bu problemin həlli yolunu göstərir. “...Azərbaycan qadını ölkədə gedən bütün proseslərdə bərabər hüquqa malikdir, bərabər imkanı əldə etməkdədir, bərabər nəticələrimiz isə hələlik yoxdur. Bizə elə gəlir ki, rəqabət qadınla kişi arasındadır. Amma kişilərin öz aralarındakı rəqabətə diqqət yetirsək görərik ki, qadın və kişi arasındakı rəqabət ondan çox aşağı səviyyədədir. Azərbaycan qadınını təmsilçiliyi bu gün onun istəyinə və bacarığına görədir. Prosesi süni şəkildə sürətləndirmək biz heç bir konkret nəticə verməyəcək ... Amma proses təbii axar ilə getməlidir. Biz yalnız buna stimul verə bilərik”.

Tədbirdə digər bir məsələ isə qızların təhsil sahəsindəki göstərdikləri nəticələrdir ki, bu da TQDK sədri Məleykə Abbaszadənin nitqindən verilən hissədə rəqəm və faktlarla öz əksini tapmışdır. Maraqlı bir təklif Ombudsman aparatının rəhbəri Elmir Süleymanovadan gəlmişdir. O, 2012-ci ilin “Ahıllar ili” olması ilə bağlı prezidentə müraciət etmək istədiklərini bildirir. Konfransın yekunu olaraq hansı nəticələrə gəlindiyi barədə sonluğun olmaması hesabatın yarımçıq təəssürat yaradır. Oxucu konfransın nəticələrindən xəbərsiz qalır [9].


2.2. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi qəzetlərdə
25 oktyabrda Azərbaycan BMT Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçildi. Azərbaycanın rəqibi Sloveniya namizədliyini geri götürdükdən sonra keçirilən səsvermədə Azərbaycan 155 ölkənin səsini topladı. Digər ölkələrdən isə 24-ü bitərəf qaldı, 13 ölkə isə yenə də namizədliyini geri götürən Sloveniyaya səs verdi.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ qurumun daimi üzvləridirlər. Qalan 10 qeyri-daimi üzv isə Baş Assambleya tərəfindən iki illiyə seçilir. Hər il beş ölkə əvəzlənir [32].

Bu barədə qəzetlərin analitik yazılarını araşdırdıq. “Bizim yol” qəzetində “Azərbaycan böyük tribunadan məhrum ola bilər” adlı yazı yer almışdır. Turan informasiya agentliyinin Vaşinqton müxbirinin verdiyi xəbərə görə “Amerika rəsmilərinin və analitiklərinin Azərbaycanın BMT TŞ-na üzv seçilməsi şansına şübhə ilə yanaşırlar” cümləsi ilə başlayan yazıda adı çəkilməyən mənbənin bu fikirləri verilir: “Hesab edirik ki, Azərbaycanın geostrateji mövqeyi və enerji təhlükəsizliyi sistemindəki yeri böyük rol oynayır, lakin insan hüquqlarının pozulması və qeyri demokratik təcrübə şansları sarsıdır”. Bundan başqa yazıda bir çox müsahiblərin fikirləri də qeyd olunur. Amerika universitetinin beynəlxalq münasibətlər üzrə professoru Coşua Goldeşteyn hesab edir ki, “...Lakin Azərbaycan Aİ-nın Şərqi Avropa ölkələrindən olan namizədlərinin rəqibinə çevrilir ki, bu da onun şansını azaldır”. Century Fonundan Ceff Lorenti hesab edir ki, Şərqi Avropa ölkələrinin şanları daha üstündür... ”

Yazıda jurnalistin nəticələr məlum olmamışdan əvvəl yarımbaşlıq olaraq “İtirilmiş şanslar” başlığını seçməsi onun münasibətini əks etdirir. Azərbaycanın sonradan BMT TŞ qeyri-daimi üzv olması jurnalistin yazdığı başlığın tələsik verilmiş qərar olduğunu göstərir.

Yazının müsbət cəhətlərin biri odur ki, burada bir məsələyə müxtəlif siyasi təhlilçilərin münasibəti verilir. Siyasi təhlilçilərdən: “Hesab edir ki, Azərbaycanın BMT TŞ-nın qeyri- daimi üzvü seçilərsə, rəsmi Bakının Beynəlxalq müstəvidə siyasi manevr etmək imkanlarını artıra bilər. Bundan başqa, Qarabağ məsələsi ilə bağlı maraqlarına zidd qərarların qəbulunun qarşısı alına bilər...” Digər müsbət cəhət jurnalistin məsələyə müdaxilə edib, BMT TŞ barədə məlumat verməsidir. Bu da oxucuya əlavə məlumatlar almaqda kömək edir.

Şərhdə “Azərbaycanı Avropaya nə bağlayır” sualına jurnalist müxtəlif aspektlərdən izahat gətirir. Əsasən ekspertlər vasitəsilə hər hansı bir məsələnin şərhini verən jurnalistlərdən fərqli olaraq bu dəfə müəllif özü məsələyə şərh verir. Daha sonra şərh öz istiqamətini dəyişərək Türkmənistanın üzərinə cəmləşir. Bu da oxucunun fikrini bir məsələdən digərinə yönəldir. Nəticədə yazıdakı konkretlik itir [12].

“Bizim yol” qəzetində “Azərbaycan BMT təhlükəsizlik Şurasına üzv seçildi” başlıqlı yazı yer almışdır. Burada proses əvvəldən, yəni Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçkisinə oktyabrın 21-də Baş Assambleyada başlamasından sonuna qədər təsvir olunur. Bəzi məqamlarda jurnalist müdaxiləsi də hiss edilir. Məsələn, bu cümlələrdə jurnalist əlavə informasiya verir: “Namizədlər regional qruplar tərəfindən irəli sürülür. Seçkilər gizli səsvermə ilə seçilir”. Yazıda, həmçinin Baş Assambleyanın nizamnaməsinə uyğun olaraq Azərbaycanın sonuncu dəfə səsə qoyulması məsələsi də izah olunur. “Elə əsas ziddiyyət də, sonuncu formal səsvermədə özünü göstərib. Belə ki, hətta rəqabətsiz şəraitdə Baş Assambleyanın 193 üzvündən 24-ü Azərbaycanın əleyhinə səs verib, daha 13 ölkə isə seçimdə daha aidiyyatı olmayan digər yarışmaçıların adında israr ediblər”. Buna münasibətini bildirən Qərb diplomatlarından biri məsələyə xəbərdə belə şərh verir: “Şüphə yoxdur ki, əleyhdarlar əsasən Avropa İttifaqına üzv dövlətlə idilər. Lakin onların sayı cəmi 27-dir. Azərbaycanı isə 38 ölkə dəstəkləmədi. Bu doğurdan da, BMT tarixində analoqu olmayan səsvermə olub”. Burada həmin Qərb diplomatının adının çəkilməməsi oxucuda şübhə doğura bilər. Ona görə şərhdə müsahiblərin real olduğunu göstərən əsas şərtlərdən birinin, yəni müsahiblərin adlarının qeyd olunması vacibdir.

Yazıda “Nə üçün Avropa İttifaqı Azərbaycanı təhlükəsizlik şurasında görmək istəmədi” sualını avropalı bir diplomat Turanın müxbiri ilə müsahibəsində belə izah edir: “Əvvəla, bu Azərbaycanın beynəlxalq diplomatiyada o qədər də sabit olmayan xarici siyasət kursu və diplomatiyadan düşməsi ilə birbaşa əlaqədardır. Qərb növbəti il təhlükəsizlik şurasında Şərqi Avropa simasında ikinci Pakistan görmək istəməzdi...” Burada yenə də avropalı diplomatın adının qeyd edilməməsi, eləcə də səbəbinin izah olunmaması oxucuda deyilən sözlərə etibarı azaldır. Bundan başqa, jurnalist diplomatın dediyi amma çox da aydın olmayan sözlərə əlavə məlumat verməklə müəyyən qədər açıqlama gətirə bilərdi.

Daha sonra Xarici İşlər Naziri Elmar Məmmədyarova ünvanlanan sual qeyd olunur: “Qarşıdakı aylarda TŞ Fələstin mövzusunu etdikdə Bakı hansı mövqeni ortaya sual qoyacaq?” cavabında: “Ümid edirik ki, gələn il təhlükəsizlik fəaliyyətə başlayacağımız vaxta qədər şura üzvləri Fələstin mövzusunun müzakirəsini bitirəcəklər və Azərbaycan belə məsələlərdə İslam ölkələri təşkilatı ilə məsləhətləşəcək” [11].
Azərbaycanın BMT TŞ üzv olmasıyla bağlı digər bir analitik yazı “Bakı xəbər” qəzetində dərc olunmuşdur. “BMT TŞ üzvlüyünə səsvermələrdə Fransa və Britaniyanın əleyhimizə getməsinin aydın səbəbləri var” adlı yazının giriş hissəsində jurnalist Azərbaycanın BMT TŞ üzv olması barədə qısa xatırlartma verir. Daha sonra şərhin əsas mövzusuna keçilir. Beləliklə, səsvermədə Azərbaycanın əleyhinə olan dövlətlərin – Fransa, Böyük Britaniyanın BMT TŞ daimi üzvlərinin adları çəkilir. Azərbaycanın BMT TŞ üzvlüyünü əngəlləmək üçün cəhdlərindən danışılır.    
“Əldə etdiyimiz məlumata görə, səsvermənin müxtəlif mərhələlərində Azərbaycanın TŞ-yə üzvlüyünü əngəlləmək üçün cəhdlər olub. Bu xüsusda Fransa və Böyük Britaniya xüsusilə seçilib. Məlumatlardan aydın olur ki, “Seçkilərin birinci mərhələsində Fransa və Böyük Britaniya Avropa İttifaqının TŞ-də təmsilçiliyinin genişləndirilməsi məqsədilə Sloveniyaya birbaşa dəstək verib. Lakin bu dəstək nəticənin dəyişməsinə təsir göstərməyib. Seçki mərhələsi sona yaxınlaşdıqca və ölkəmizin TŞ-yə üzv olma ehtimalı yüksəldikcə Fransa və Böyük Britaniya diplomatları açıq fəaliyyətə keçib. Hətta Fransanın BMT-dəki nümayəndəsinin bəzi ölkələrin təmsilçilərinə təsir göstərmək cəhdləri barədə də bəzi məlumatlar üzə çıxır”. Burada jurnalistin əldə etdiyi bilgilərin mənbəyini göstərməməsi etibarlılıq dərəcəsini azaldır. Jurnalistin şərh kimi janrlarda faktlara söykənərək danışması diqqət olunmalı məqamlardandır.

Jurnalist müdaxiləsinə çox az rast gəlindiyi halda bu yazıda jurnalist özü bəzi məlumatları çatdırır. “Düzdür, bunlardan Fransanın ermənipərəst siyasət yürütdüyü bəllidir. Çünki həmin ölkədə erməni diasporunun mövqeyi də, hələ ki, güclüdür. Amma buna baxmayaraq, iqtisadi baxımdan Fransa Ermənistanla müqayisədə Azərbaycandan özü üçün daha çox xeyir götürür”. Bu sözlərdən sonra jurnalist deyilənləri ekspert rəyi ilə daha inandırıcı edir. Bu məsələyə Strateji İnnovasiyalar və texnilogiyalar mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu açıqlama verir. “Burada bir çox, amillər öz sözünü deyib ki, bunlardan ən başlıcası Sloveniyanın Yuqoslaviyanın parçalanmasında Qərbin əsas dayaq rolu oynamasıdır. Burada Böyük Britaniyadan çox Fransadan inciməyin yeri var. Səsvermənin birinci günü Azərbaycana verilən səslərin sayı sürətlə artdı. O zaman güman edilirdi ki, daha bir raund səsvermə keçirilsə, Azərbaycan 2/3, yəni 127 səsi götürəcək. Bu halda iş gününün axırı olduğundan Azərbaycan tərəfin iclasa sədrlik edənə əlavə yarım saat vaxtın ayrılması barədə müraciət etdi. İclasa sədrlik edən Qətərin xarici işlər naziri bildirdi ki, Azərbaycandan qabaq Sloveniya rəsmisi əlavə vaxtın verilməməsi ilə bağlı müraciət edib. Burada belə görünür ki, BMT əlavə vaxt verilməsi proseduru varmış. Bu zaman Azərbaycan Rusiyaya əlavə vaxt istənilməsi ilə bağlı müraciət edib. Rusiya Azərbaycanın sözü ilə belə bir müraciətdə bulunur. Bundan başqa, BMT TŞ-nin üzvü olaraq bəzi məsələləri də öz üzərinə götürür. O zaman BMT TŞ digər üzvü Fransa bu təklifi neytrallaşdırır. Çünki Rusiya daimi üzv olduğundan, artıq Sloveniya yenidən söz deyə bilməzdi. Onun qabağına isə yalnız BMT TŞ üzvü çıxmalı idi. Bu zaman Fransa doğurdan da ölkəmizin təklifinin əleyhinə çıxıb...”



Sonda Mübariz Əhmədoğlu bu məsələyə necə reaksiya verməyin, bu problemi həll etməyin həlli yollarını göstərir və məsələni tam izah edir. Beləliklə, jurnalist şərhin adında da göründüyü kimi BMT TŞ üzvlüyünə səsvermələrdə Fransa və Britaniyanın əleyhimizə getməsinin səbəblərini oxucuya çatdıra bilmişdir [7].

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə