Ii fəSİl bəDİİ NƏSRİNİn uğurlari




Yüklə 471.63 Kb.
səhifə2/4
tarix22.02.2016
ölçüsü471.63 Kb.
1   2   3   4
2. Povest vƏ romanlarda

müasir hƏyatın in‘ikası
İ.Əfəndiyev nəsrin xırda növlərində, xüsusilə hekayə janrında mühüm uğurlar qazanmasına baxmayaraq, onun XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi səviyyəsinə yüksəlməsində 50-ci illərdən qələmə almağa başladığı və 90-cı illərdə də böyük müvəffəqiyyətlə davam etdirdiyi irihəcmli povest və romanları əsas rol oynamışdır. Uzun illərdən bəri apardığı bədii tədqiqatın və yaradıcı əməyin nəticəsi kimi meydana gələn «Söyüdlü arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasındı üç dost» (1963), «Sarıköynəklə Valehin nağılı» (1976-78), «Geriyə baxma qoca» (1980), «Üçatılan» (1981) və s. povest və romanları təkcə İ.Əfəndiyev yaradıcılığına deyil, eyni zamanda çağ­daş Azərbaycan nəsrinə böyük şöhrət qazandırmışdır. Əgər 50-ci illərdə Azərbaycan yazıçılarının «Abşeron», «Gələcək gün», «Bir gəncin manifesti», «Yerin sirri», «Qı­zıl qönçələr» və bu kimi başqa kitabları müxtəlif dil­lə­rə tərcümə olunaraq Azərbaycan ədəbiyyatını dünya oxucu­la­rına tanıtdırmışsa, 60-70-ci illərdə bu «işi» İ.Əfən­diyevin «Söyüdlü arx», «Körpüsalanlar», «Yun şal», «Su də­yir­manı» kimi əsərləri görmüşdür. Belə ki, yazıçının tək­cə «Söyüdlü arx» povesti rus, Ukrayna, gürcü, latış, Litva, es­ton, çex, slovak və s. dillərə tərcümə edilmiş və ədə­biy­yat həvəskarlarının stolüstü kitablarına çevril­miş­dir.

Müasir Azərbaycan nəsrinin ən gözəl nümunələrindən olan həmin əsərlərdə yazıçının ilk yaradıcılığında , xü­susilə də hekayələrində rast gəldiyimiz insan mə‘nəviy­yatı­nın sənətkarlıqla açılması, öz vətəndaşlıq borcunun vic­danla yerinə yetirib oxucuların ürəyinə yol tapa bilən «kiçik qəhrəmanların» acılı-şirinli həyat tarixçələri, cəmiyyətin irəliləyişinə mane olan antipodlara qarşı mübarizə kimi aktual problemlər epik planda və daha kamil sənətkarlıq məharəti ilə qələmə alınmışdır. Məhz buna görə də həmin əsərlər oxucular və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış, ədəbi tənqid onlara yüksək qiymət vermişdir.

İ.Əfəndiyevin yaradıcılığı üçün bu da bir xarakterik cəhətdir ki, yazıçının hər hansı bir yeni əsəri çap edildikdən , yaxud tamaşaya qoyulduqdan sonra canlı oxucu və tamaşaçı müzakirələrinə səbəb olurdu. Bu da ondan irəli gəlir ki, həmin əsərlərdə qələmə alınan problemlər geniş oxucu-tamaşaçı auditoriyasını narahat edir, onu düşün­dürür, heç kim bu əsərlərdə toxunulan problemlərə laqeyd qala bilmirdi. Ədəbi tənqidin və sənətşünasların tədqiqat obyektinə çevrilən və yüksək qiymətləndirilən bu əsərlər geniş oxucu kütlələrinin iştirakı ilə müzakirə olunur, müxtəlif sahələrdə çalışan , müxtəlif savad və biliyə malik olan oxucular müəlliflə məktublaşır, mübahisə edir, öz təkliflərini bildirirlər. «Söyüdlü arx», «Körpü­sa­lanlar», «Dağlar arxasında üç dost» əsərləri nəşr olun­duqdan, «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unu­da bilmirəm», «Büllur sarayda» və s. pyesləri tamaşaya qoyulduqdan sonra yazıçının mənzilinə dolu çanta ilə gəlib-gedən poçt işçisinin də giley-güzarı dediklərimizə əyani sübutdur. Bu məsələ ilə əlaqədar bir faktı qeyd etmək istərdik: Moskvada Mərkəzi radio ilə «Teatr mikrofon qarşısında» verilişində İ.Əfəndiyevin «Sən həmişə mənimləsən» tamaşası səsləndirilmişdir. S.Vurğun adına Rus Dram Teatrı artistlərinin ifasında getmiş həmin tamaşadan sonra Ümumittifaq radiosu keçmiş SSRİ-nin müxtəlif şəhər və rayonlarında , vilayət və respublikalarında yaşayan onlarla oxucudan 200-dən çox məktub almışdır. Məktub sahibləri hər şeydən əvvəl, bədii cəhətdən və sənətkarlıq nöqteyi-nəzərdən belə bir tə‘sirli əsər yazmış müəllifə öz minnətdarlıq və təşəkkürlərini bildirdikdən sonra, əsərin radio ilə təkrar verilməsini, onun tezliklə rus dilində çap edilməsini, yazıçının başqa əsərlərinin də radio və televiziya vasitəsilə səsləndirilməsini tələb etmişlər. Moskvada nəşr olunan «Televideniye. Radioveşaniye» jurnalı hətta bu verilişlə əlaqədar olaraq dinləyicilərdən alınmış məktubların təhlilinə xüsusi məqalə də həsr etmişdir.71

1958-ci ilin dekabr ayında Azərbaycan yazıçılarının 3-cü qurultayı çağırıldı. Respublikanın ədəbi həyatında mühüm bir hadisə olan həmin qurultaydan sonra ədəbiyyatda müəyyən bir canlanma hiss olunurdu. Ailə -məişət və tərbiyə məsələlərinə daha çox üstünlük verən yazıçılar, obrazların psixoloji təsvirini, müasirlik problemini, müsbət qəhrəman məsələsini ön plana çəkirdilər. Müasir insanın, yeni həyat qurucusunun mükəmməl obrazını yaratmaq Azərbaycan ədiblərinin qarşısında duran əsas problemlərdən idi. M.İbrahimovun «Mədinənin ürəyi», Əbülhəsənin «Ta­ma­şa qarının nəvələri», S.Rəhmanın «Əliqulu evlənir», B.Bayramovun «Mən ki, gözəl deyildim», M.Şamxalovun «Qay­nana» əsərləri dövrün tələblərinə cavab verən kamil sə­nət nümunələri sayılırdı.

Müasir dövrün aktual problemlərini ədəbiyyata gətirməyə daha çox meyl edən İ.Əfəndiyev də bu illərdə müşahidəçi rolunda çıxış edə bilməzdi. Onun qələmə aldığı «Sö­yüdlü arx», «Körpüsalanlar», «Dağlar arxasında üç dost», «Sən həmişə mənimləsən» və s. əsərləri ədibin böyük iste‘­dad sahibi olduğundan xəbər verirdi.

Azərbaycan yazıçıları özlərinin 3-cü qurultayı ərəfəsində sanki yarışa qoşularaq oxuculara bir-birinin ardınca iri həcmli, gözəl nəsr əsərləri təqdim edirlər. Bu illərdə nəşr edilmiş M.İbrahimov «Böyük dayaq», M.Hü­sey­nin «Qara daşlar», Ə.Vəliyevin «Turaclıya gedən yol», İ.Şıx­lının «Ayrılan yollar», B.Bayramovun «Yarpaqlar», H.Se­yidbəylinin «Telefonçu qız», H.Abbaszadənin «Gene­ral», S.Qədirzadənin «Qış gecəsi», İ.Hüseynovun «Yanar ürək» əsərləri respublikamızın ədəbi həyatında böyük nailiyyət idi. Heç təsadüfi deyil ki, yazıçıların 3-cü qurultayında yuxarıda adları çəkilən həmin əsərlərə yüksək qiymət verilmişdir. Bu illərin ədəbi «yarışında» iştirak edən İ.Əfəndiyev də özünün ilk böyük nəsr əsəri olan «Söyüdlü arx»72romanını qurultay ərəfəsində oxuculara təqdim etmişdi. Bunun ardınca yazıçının «Körpüsalanlar» və «Dağlar arxasında üç dost» romanları işıq üzü gördü.

Həmin əsərlər respublikanın ədəbi ictimaiyyəti tərəfindən birmə‘nalı qarşılanmasa da, müəyyən mübahisələrə səbəb olsa da, müasir qəhrəmanın orijinal və mükəmməl bədii surətini yaratmaq nöqteyi-nəzərdən bədii nəsrimizin 50-60-cı illərdə uğurlu addımları hesab edilirdi.

Azərbaycan oxucusuna doğma olan, bütöv bir nəslin tərbiyəsində mühüm rol oynamış «Söyüdlü arx» romanı 50-ci illərin ədəbi prosesində bir hadisə idi. Romanın əsas qəhrəmanları Nuriyyə və Murad öz saf və təmiz məhəbbətləri, zəngin mə‘nəvi dünyaları, işıqlı niyyətləri ilə oxucuların rəğbətini qazanmışdır.

50-ci illərin axırlarında Azərbaycanın kəndlərindən birində gedən yeniləşmə, burada həyata keçirilən quruculuq işləri, təsərrüfat və mədəniyyət sahəsindəki inkişaf, köhnəliklə yeniliyin mübarizəsi «Söyüdlü arx» romanında yüksək sənətkarlıqla təsvir olunmuşdur.

Əsər ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Bu, səbəbsiz deyildi. Çünki kənd həyatını mü­kəmməl bilən və bu mövzuda bir sıra gözəl əsərlər yazan iste‘dadlı yazıçı İ.Əfəndiyev Azərbaycan kəndinin təsvirində yeni deyim tərzindən, şirin təhkiyə üsulundan istifadə edərək, özündən əvvəl kənd həyatından yazan ədiblərdən fərqlənməyə, onları təkrar etməməyə sə‘y göstərmiş, əsərin qəhrəmanı «Nuriyyəni mən cəmiyyətimiz üçün, başqalarının rifahı üçün çalışan bir qız kimi vermək istəmişəm» niyyətinə nail olan müəllif, doğrudan da həssas qəlbin, nəcib və saf duyğuların daşıyıcısı, mə‘nəvi aləmi çox zəngin, heç kimə bənzəməyən və bu bənzərsizliyi ilə də oxucu rəğbətini qazanan kamil qadın obrazını oxuculara təqdim etmişdir. Bu, ədəbiyyatımız üçün də yeni söz, yeni surət idi.

Əsərin quruluşu çox sadə, məzmunu maraqlı və oxunaqlıdır. Roman elə ilk səhifədən oxucunu ələ alır, ondan heç cür ayrılmaq istəmirsən... Körpə yaşlarından ata-ana­sı­nı itirən Nuriyyə uşaq evində böyümüş, teatr institutunu bitirdikdən sonra kəndə işləməyə gəlmişdir. Yazıçı əsərin qəhrəmanı ilə oxucularını belə tanış edir: «Mən teatr institutuna girəndən əvvəl də həmişə aktrisa olmaq xə­yalı ilə yaşayırdım. İnstituta girəndən sonra isə bu arzu məni büsbütün öz hökmü altına aldı. Biz hər dəfə dram teatrının tamaşalarına gedib, hamının tanıdığı, sevdiyi məşhur aktrisanın oyununa baxanda o gecə səhərə qədər özü­mü onun yerinə qoyaraq min cür həyəcan keçirər, bə‘zən xəyalən ifa etdiyim rolun iztirabları ilə göz yaşı tökərdim. Ümu­mi yataqxanada tək qaldığım zamanlar öz-özümə o qədər Gül­tə­kin, Katerina, Ofeliya olmuşdum ki, onların dərdini öz dər­dim kimi hiss edirdim. Bə‘zən mənə elə gəlirdi ki, han­sı zamanda isə mən özüm Gültəkin və ya Dezdemona olmu­şam».73

Teatr institutunu bitirib kənd klubunda müdir vəzifəsində işləyən təmiz niyyətli bu qız xalqımızın ən yaxşı xüsusiyyətlərini özündə birləşdirir. Nuriyyə, həyat hadisələrinə münasibəti, dünyagörüşü, köhnəliyə qarşı fəal mü­barizəsiilə fərqlənməklə bərabər, ilk növbədə öz şəxsi həyatı və xoşbəxtliyi haqqında deyil, kənddə mədəni-ma­arif işlərini qaydaya salmaq, kəndin simasını gözəlləş­dirmək haqqında fikirləşir. Kənd camaatında kitaba, teatra, mədəniyyətə həvəs oyatmağa çalışır. Özünün dediyi kimi, «biz kiçik iste‘dadımızla bu böyük zəhmət adamlarına xidmət edirik». Bu işləri yerinə yetirmək isə, pambıq planını doldurmaqdan qat-qat çətin idi. Lakin Nuriyyə bunların öhdəsindən bacarıqla gələ bilir. Nuriyyə yazıçının təsvirində, bədii keyfiyyətlərilə dövrümüzün ən nəcib insanlarını təmsil edən parlaq bir şəxsiyyətdir. O, sadəliyi, səmimiliyi və fədakarlığı ilə kəndə gələn ilk gündən zəhmətkeşlərin rəğbətini qazanır. İnstitutu qurtarıb şəhərdə qalmaq, görkəmli aktrisa olmaq arzusu ilə yaşayan Nuriyyə Güneyqışlaq kəndinə işə göndərilir. Burada o, beş il əvvəl birinci dəfə rastlaşdığı və tezliklə də itirdiyi Muradla qarşılaşır. Murad o vaxt hərbi vəzifəsi ilə əlaqədar ola­raq tə‘cili e‘zamiyyətə göndərilmiş, Nuriyyə ilə tə‘yin olun­muş görüşə gedə bilmədiyindən onu itirmişdir. Qayıtdıqdan sonra Nuriyyəni xeyli axtarmış, lakin tapa bilməmiş, ümidini itirərək başqa bir qızla Səadətlə evlənmiş, ailə-uşaq sahibi olmuşdur, ancaq xoşbəxtlik üzünə gülməmişdir. İndi yenidən Nuriyyə ilə rastlaşan Murad öz «gü­na­hını» belə izah edir: «Sizdən ayrılan gecə çox uzaq bir sə­fərə göndərdilər... Səkkiz aydan sonra qayıdıb Gəncədəki uşaq evlərinin hamısını gəzdim. Nəhayət, vaxtı ilə siz olan evi tapdım. Dedilər Leninqradda, dağ-mə‘dən insti­tut­un­da oxuyursunuz. İnstitutun direktoruna məktub yazıb ün­vanınızı istədim. Cavab gəldi ki, xəstə olduğunuz üçün ins­titutu tərk edib Azərbaycana qayıtmışdır. Bir neçə gün­lüyə icazə alıb Bakıya gəldim. İnstitutların hamısını gəz­dim, ancaq, doğrusu, teatr institutu heç ağlıma gəlməyib...»74

Muradla yenidən rastlaşdıqdan sonra Nuriyyədə ölmüş kimi görünən köhnə xatirələr təzədən baş qaldırır.Lakin Mu­radın evli olduğunu bildikdən sonra o, öz hisslərini ci­lov­layır. Çünki Nuriyyə öz xoşbəxtliyini başqalarının bəd­bəxtliyi üzərində qurmaq istəmir. O, taleyi ilə barışmalı olur: «bu dünyada hər kəsin xoşbəxt olmağa, həyatdan daha çox pay götürməyə can atması tamamilə qanunidir. Lakin bu xoş­bəxtliyi mən daha səndən istəyə bilmərəm. Buna mənim haqqım yoxdur. Çünki sən onunsan! Siz bir-birini­zin­siniz. Mən isə uzaqdan gəlmiş bir quşam. Bu quşun uçub get­məsi ilə, Səadətin qəzəbi də yaz tufanı kimi sovuşub gedəcək».75

Nuriyyə səadətini əməkdə tapır, kəndin ictimai həyatında, mədəni quruculuğunda fəal və yaxından iştirak edir.

Romanın əsas məziyyətlərindən biri də, orada kəndin ağsaqqalı, kolxoz sədri Nəriman kişi və onun həyat yoldaşı Qərənfil xala kimi maraqlı, dolğun, real bədii obrazların yaradılması ilə bağlıdır. Azərbaycan kəndinin və kənd ailəsinin tipik nümayəndələri olan Nəriman dayı və Qərənfil xala İ.Əfəndiyevin müsbət obrazlar qalereyasında ən parlaq səhifələrdən birini təşkil edir. Xüsusilə, «kənddə böyüyə kiçik, kiçiyə ata olmuş» Nəriman obrazı daha uğurlu çıxmışdır. Yazıçı həmin obrazı yaradarkən birtərəfli hərəkət etmir, onun müsbət xüsusiyyətləri ilə yanaşı mənfi cəhətlərini də göstərir: «Söyüdlü arxı Qüzeyqışlağa qədər uzatmaq məsələsi ortaya çıxanda fikirlər haçalaşır. Təkcə ayrı-ayrı geridə qalmış adamlar deyil, hətta Sosialist Əməyi Qəhrəmanı Nəriman kişi də bu təklifin əleyhinə olur. «Öz kolxozunun» mənafeyini güdməkdə, bir növ «qəribə xüsusi mül­kiyyətçilik» hissi meydana çıxır. Xalq malını göz bəbəyi kimi qoruyan, hamını bir gözdə görən Nərimanı kolxozçular sevirlər. Bununla belə səhv etdiyini görəndə ardınca getmirlər. Bu da diqqətəlayiqdir ki, e‘tiraz səsini hamıdan qabaq sədaqətli arvadı Qərənfil və bacısı oğlu Hümmət ucaldır. Sonra Nəriman kişi səhvini başa düşür, qüzeylilərə kömək də edir».76

Yazıçı, təkcə Nəriman obrazını deyil, eyni zamanda Qərənfil, Səadət, Almurad, Hümmət və başqa surətləri də oxucuya təqdim edərkən həyat həqiqətlərinə sadiq qalır, onları birtərəfli deyil, müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də göstərir.

Lakin bütün bunlarla bərabər, romanda oxucuları razı salmayan, müəyyən mə‘nada qeyri-real məqamlar da vardır. Bu, hər şeydən əvvəl Nuriyyə obrazı ilə, onun məhəbbəti ilə bağlıdır.

Oxuculara müsbət obraz kimi təqdim edilmiş, onların rəğbətini qazanmış Nuriyyə Muraddan sonra kiməsə könül verəcəyini, onun qadını olacağını ağlına belə gətirə bilmirsə, ilk məhəbbətinin istisində qızınırsa, bəs onda necə oldu ki, o qədər də yaxından tanımadığı, özündən 18 yaş böyük olan mühəndisə ərə getdi? Yaxşı olmazdımı ki, Nuriyyə ilə Hümmət arasında səmimi və mehriban münasibət «yaratmış» yazıçı hadisələri başqa bir axarda təsvir edər və Nuriyyəni Hümmət ilə evləndirərdi. Digər tərəfdən, «Sən həmişə mənimləsən»də Həsənzadənin fədakarlıq edib başqa bir şəhərə getməsi oxucular tərəfindən razılıqla qarşılanırsa, Nuriyyənin Güneyqışlağı tərk edib Bakıya qayıtması oxucuların ürəyincə deyildi. Çünki Güneyqışlağın ictimai-mədəni həyatında müəyyən dəyişiklik etmiş Nuriyyə kəndə daha çox lazımdır və burada daha çox xeyir verə bilər.

Yazıçının arxivində axtarışlar apararkən bu məsələylə bağlı bir yazıya rast gəldik. «Söyüdlü arx» romanı əsasında işlənilmiş 29 səhifəlik bu adsız hekayədə, bəl­kə də romanın başqa bir variantında, belə bir qeyd var: Nu­riyyə Bakıda keçiriləcək özfəaliyyət festivalına ciddi ha­zırlaşır. Özü «Aydın» pyesində Gültəkin rolunda uğurla çı­­xış edir. Festivaldan sonra nazir Nuriyyəni öz yanına ça­ğı­rıb ona Dram Teatrında işləməyi təklif edir. Nuriyyə ya­rat­dığı kollektivdən ayrılmaq istəmir, yoldaşları ilə kən­də qayıdır. Bundan 15 gün keçdikdən sonra nazirin imzası ilə Dram Teatrında aktrisa vəzifəsinə tə‘yin olunması haqqında teleqram alır. O, bu məsələni Hümmətlə məsləhət­lə­­şir. Hümmət Nuriyyənin Bakıya getməsini məsləhət görür.77

«Söyüdlü arx» romanının son fəsillərinin aşağıdakı variantda işlənilməsi, bəlkə də, daha məntiqi və oxucuların ürəyindən olardı: Muradla qovuşa bilməyən Nuriyyə Bakıya Dram Teatrına işləməyə gəlir. Bir sıra gözəl rollarda çıxış edir. Hümmət də nazir müavini tə‘yin olunub Bakıya qayıdır. Növbəti tamaşaların birində Hümmət ürəyini ona açır. Xalq artisti Nuriyyə ilə nazir müavini Hümmət evlənib xoşbəxt yaşayırlar...

Əlbəttə, hər bir əsər, onun qəhrəmanı yazıçının öz «övladıdır», onu necə tərbiyə etmək, kimlə evləndirmək, kimə ərə vermək «valideynin» öz işidir. Bu mə‘nada, biz təkcə «Söyüdlü arx» romanında deyil, ədibin bə‘zi başqa əsərlərində də, xüsusən «Körpüsalanlar»da da yazıçı təxəyyülünün «məh­sulu» ilə oxucu arzularının üst-üstə düş­mədiyi müxtəlif məqamlarla rastlaşırıq.

«Söyüdlü arx» romanının arxitektonikasında da müəy­yən çatışmazlıq gözə çarpır.Belə ki, əsərin əsas hissəsindəki hadisələr iki yüz səhifədə, 9-10 ay ərzində cərəyan edir və hadisələr öz məntiqi axarı ilə sadə bir dildə təsvir olunur. Lakin onun son 1-2 səhifəsində hadisələr çox sür‘ətlə «inki­şaf edir». Nuriyyənin mühəndisə ərə getməsi, bir aktrisa kimi inkişaf edib əməkdar artist adını alması, Gültəkin, Ofeliya Dezdemona kimi mürəkkəb rolları oynaması, Nazxanımla Almuradın evlənməsi, Nərimanla Qərənfil xalanın tez-tez Bakıya gəlib Nuriyyəgildə qonaq qalması, Səadətlə Muradın Nuriyyə adlı körpələrinin dün­yaya gəlməsi, Hümmətin nazir müavini tə‘yin olunması, onun gözəl bir qızla evlənməsi və böyük bir roman üçün «xam material» ola biləcək digər hadisələri yazıçı romanın 1-2 səhifəsində yerləşdirmişdir.

İlyas Əfəndiyev həyatda müşahidə etdiyi yenilikləri böyük ustalıqla yaradıcılıq süzgəcindən keçirib onları böyük iste‘dadla oxuculara təqdim etməyi bacaran sənətkarlardandır. Azərbaycan romanının inkişafında böyük xidməti olan yazıçı «Körpüsalanlar»78 romanında əvvəllər yaratdığı qadın surətlərindən tamamilə fərqlənən Səriyyə kimi orijinal bir obraz yaratmışdır. «Körpüsalanlar» romanı əmək adamının canlı, yaddaqalan obrazlarını yaratmaq sahəsində yazıçı axtarışlarının yeni uğurlu nəticəsi idi. Romandakı hadisələrin mərkəzində təzəcə ailə qurmuş gənc ər-arvad - Adillə Səriyyə durur. Adillə Səriyyə yenicə evlənmişlər, inandırmağa çalışırlar ki, bir-bir­lərini sevirlər. Lakin məsələyə dərindən yanaşan müəllif onların qısa həyat yoluna nəzər salmaqla aralarındakı mü­nasibəti aydınlaşdırır... On səkkiz yaşlı Səriyyə təcrü­bəsizdir, həyat haqqında təsəvvürü sadədir. O, ər evində sanki qeyri-adi bir şəraitə düşür. Şəhərin mərkəzində üçotaqlı geniş mənzil, son üslubda bahalı mebellər, torşerlər, daha nələr, nələr... Bir az əvvəl kinoya getmək üçün pul tapmayan Səriyyə indi ehtiyacın nə olduğunu bilmir. Adil gözəldir, onunla yaxşı rəftar edir, hamı ərini tə‘­rifləyərək çox irəli gedəcəyini deyir. Buna baxmayaraq Səriyyə narahatdır, nə isə bir şeyin çatış­madığını dumanlı olsa da hiss edir. Xoşbəxtliyə müxtəlif prizmalardan baxan bu gənclərin məhəbbətlərində sabitlik, bağlılıq hiss olunmur. Adilə görə, xoşbəxt olmaq vəzifə pillələri ilə yuxarı qalxmaqdan ibarətdir. Səriyyənin isə xoşbəxtlik haqqında hələlik tam təsəvvürü yoxdur.

Adil ailədə və işdə yoldaşları ilə mehriban deyil. Səriyyə ərinin yersiz tələb və təhqirlərinə mə‘ruz qalır. Həyat haqqında sadə təsəvvürlərə malik olan bu təcrübəsiz qızın get-gedə gözləri açılır. Yeni adamlarla rastlaşdıqdan sonra, Səriyyə ərini onlarla müqayisə edir, briqada üzvlərinə nisbətən ərinin nə qədər kəm-kəsirli bir adam olduğunu hiss edir, ona münasibəti dəyişir.

Adil təkcə arvadına deyil, eyni zamanda iş yoldaşlarına, briqada üzvlərinə qarşı da kobud və xudbindir, onlarla hesablaşmır, özünü onlardan qat-qat üstün tutur. Səh­vini boynuna almır, briqada üzvlərinin haqlı tələblərini eşitmək istəmir, onların məsləhətlərinə qulaq asmır. Bir mühəndis kimi Adili işin keyfiyyəti deyil, daha çox onu vaxtından əvvəl qurtarıb «hörmət» qazanması maraq­lan­dı­rır. Tikintinin həqiqi sahibi olan fəhlələr isə gördük­ləri işi yüksək keyfiyyətlə yerinə yetirməyə çalışırlar. Buna görə də Adillə kollektiv arasında ziddiyyət yaranır.

Bütün bu hadisələr istehsal kontekstində deyil, insan xarakterlərinin açılması şəklində, bədii təsvir vasitələrilə qələmə alınmışdır.

«Körpüsalanlar» romanının ilk nəşrindən sonra böyük əks-səda doğurmuş, geniş müzakirəyə səbəb olmuşdur. Bunun əsas «günahkarı» əsərin qəhrəmanı Səriyyə obrazı idi. Onun müəyyən hərəkətləri bə‘zi tənqidçi və oxucuları razı salmırdı. Səriyyənin ərinə soyuq münasibəti, başqa kişilərlə ova getməsi, gənclərlə tennis oynaması, şərab içməsi, Qəribcana münasibəti mənfi hallar kimi qiymətləndirilirdi.

Hamıya mə‘lumdur ki, İ.Əfəndiyev yeni hissləri təbliğ edən, canlı, romantik obrazlar yaradan, tə‘sirli lirik səhnələri qələmə alan, müşahidə edib sevdiyi real həyat hadisələrini ədəbiyyata gətirən orijinal bir sənətkardır. Yazıçının lirik planda yazdığı, obrazların əmək prosesində dəyişməsindən, yeni insani münasibətlərin yaranmasından, «mə‘nəvi körpülərin» salınmasından bəhs edən «Körpüsa­lan­lar» romanı da belə əsərlərdəndir. Burada üç gəncin (Səriyyə, Adil və Qəribcan) həyata baxışı, hiss və həyə­can­ları, ailə-əxlaq normaları, vəfa, sədaqət və yoldaşlıq münasibətləri bədii şəkildə təsvir edilmişdir.

Əsərdən mə‘lum olur ki, Baş Yollar İdarəsinin mü­həndisi vəzifəsində çalışan Adillə texnikumunu təzəcə bitirmiş Səriyyə bir-birinə könül verib evlənmiş və qurduqları ailə həyatı ilə razıdırlar. Lakin ailədəki sakit, yeknəsək həyat çevik xarakterli Səriyyəni darıxdırır. Quru, soyuq «iş adamı» olan Adilin laqeydliyi, cansıxıcı rəftarı həyat eşqi ilə alışıb yanan Səriyyəni bezikdirir. Səriyyə qəlbini isindirən, onda yaşamağa, gələcəyə meyli artıran saf, ilıq hissləri buldozerçi Qəribcanda axtarır.

Yazıçı Səriyyənin öz əri Adildən üz çevirməsini, ərinin şöhrətpərəst bir rəis, quru bir idarə rəhbəri kimi rədd edilməsini nə qədər real, təbii bir inkişafda göstərmişsə, onun Qəribcana olan sevgisini, açıq-saçıq mü­na­sibətlərini zəif və sönük boyalarla qələmə almışdı. Səriyyənin Qəribcanla çox sərbəst hərəkətlərində, şit münasibətlərində heç bir ölçü və əndazə nəzərə alınmamışdır. Onların qarşılıqlı məhəbbətlərində daxili möhkəmlik, əxlaq normalarına uyğunluq, ailə səadətinə inam o qədər də hiss olunmur, çünki duyğu və hissləri keçici xarakter daşıyır; qeyri real və birtərəfli şəkildə təsvir olunan məhəbbət macəraları inandırıcı formada işıqlandırılmamışdı.

Adillə Səriyyə arasında yaranan mə‘nəvi uçurum labüd idi, çünki onların həyata baxışlarında, zövq və xarakterlərində ciddi fərqlər vardı və bu çalarlar yazıçı tərəfindən sənətkarlıqla işlənilmişdir. Lakin Səriyyə ilə Qəribcan arasındakı münasibətlərdə belə aydınlıq yoxdur. Mə‘lum olmur ki, Qəribcan Adildən hansı insani keyfiyyətləri, nə kimi mə‘nəvi üstünlükləri ilə fərqlənir və onu Səriyyə ilə hansı məqsəd və niyyətlər birləşdirir?

Təəsüflər olsun ki, əsərdən bu suallara ətraflı və aydın cavab tapmaq olmur. Ona görə də romanın tərbiyəvi-estetik tutumu zəifləyir. Səriyyənin sakit, yeknəsək həyatdan «darıxması» və yeni, gözəl həyat arzulaması keçici hisslər üzərində qurulmasındadır ki, yazıçının çox düzgün olaraq seçdiyi ali niyyəti və məqsədi müəyyən mə‘nada xırdalanır, kiçilir.

Əsərin poetik dili, obrazların canlı təsviri, lirik səhnələrin xoş tə‘siri, romanın ümumi sənətkarlıq məziyyətləri oxucuda müsbət və uğurlu hisslər oyadır. Lakin bütün bunlar, bir sıra tənqidçi və oxucuların qeyd etdikləri kimi, Səriyyə obrazındakı bə‘zi kəm-kəsirlərə, onun yersiz hərəkətlərinə haqq qazandırmır.

Romanın müzakirəsində iştirak edən və əsər haqqında öz mülahizələrini söyləyən M.Cəfər, M.Əlioğlu, Y.Qarayev, Y.İsmayılov, İ.İbrahimov və b. tənqidçilər, eyni zamanda Zeynəb Ramazanova, Kübra Babayeva, Rayihə Xəlilova, Arifə İsmayılova, Nəsibə Məlikova, Gülövşə Məmmədova və digər onlarla oxucu (Bax: «Azərbaycan qadını». - 1961. - №7; №10; 1962 ,№1) «Körpüsalanlar» əsərinin yazıçının yaradıcılığında irəliyə doğru atılmış uğurlu bir addımı olduğunu göstərməklə bərabər, buradakı bə‘zi nöqsanlardan da söhbət açır, Səriyyə obrazı ətrafında müxtəlif mübahisəli fikirlər irəli sürürlər.

Görkəmli tənqidçi M.Cəfər yazdığı məqaləsi ilə79 İ.Əfəndiyevi müdafiə edir, yazıçı ilə yekdil olduğunu söyləyir. «Adildən həqiqi həyat yoldaşlığı, səmimi məhəbbət, rəftar, açıq ürək görməyən Səriyyə əsl səmimiyyəti, mütəqabil sevgini, açıq ürəyi ailədən kənarda axtarmalı olur... Belə hallarda köhnə ailənin dağılması və yenisi ilə əvəz edilməsi heç də yüksək əxlaqi ideyaları tapdalamış olmur, əksinə, onu müdafiə edir». Tənqidçi daha sonra yazır: «Bizi əsas məsələ düşündürməlidir, yazıçı yeniliyi müdafiə edir, yoxsa köhnəliyi, yaxşını müdafiə edir, yoxsa pisi?... Heç şübhəsiz ki, «Körpüsalanlar» yeniliyi müdafiə edən bir əsərdir və onun müəllifində də ümumiyyətlə yenilik hissi qüvvətlidir».

Əgər M.Cəfər yazıçı ilə həmfikirdirsə, Mə‘sud Əli­oğ­lu əksinə, Səriyyənin hərəkətləri ilə barışa bilmir: «Biz­cə Səriyyə mədəni, ağıllı və müasir bir insan kimi öz hərəkətlərində haqlı deyildir!»80 Əsər haqqında, xüsusilə də Səriyyə haqqında oxucu rə‘yləri də müxtəlifdir. Bərdədən ədəbiyyat müəllimi Kübra Babayeva yazır: «...əsərin qəhrəmanı Səriyyə müsbət obraz kimi oxucunu qane etmir, oxucu Səriyyəni sevə bilmir... Doğrudur, yazıçı Səriyyə surəti ilə yeni xüsusiyyətlər vermək istəyir, ancaq bu yenilik, müəllifin verdiyi şəkildə oxucunu tə‘min etmir... Oxucu fikirlə­şir: Səriyyə Qəribcanı xoşbəxt edə biləcəkmi, yoxsa ondan yaxşısını görən kimi başqa sevdaya düşəcək?»81Digər bir oxucunun-Nəsibə Məlikovanın fikri belədir: «Mənim fik­rimcə Səriyyə surətinin əsərə gətirilməsinin gənclərimizin istər əxlaqında, istəsə də gələcəyə baxışında müəyyən rolu vardır. Məgər əsil xoşbəxtlik ərlə dinc yaşamaqdadırmı?! Məncə Qəribcan da, Səriyyə də haqlıdırlar».82

Romandakı bu «naqislikdən» söhbət açan Yaşar Qarayev yazırdı: «Gəncliyin hiss və düşüncə tərzində özünü göstərən bir sıra xüsusiyyətlər mövcud ən‘ənəyə və adətə qarşı «təhlükə», sevgi, nikah və ailə qanunlarının sabitliyi, mü­qəddəsliyi əleyhinə çevrilən e‘tinasızlıq kimi tə‘sir ba­ğış­laya bilərdi. Elə məsələ onda idi ki, İ.Əfəndiyev çox­larının mənfilik kimi, əxlaqi naqislik və saxtalıq kimi qəbul etdiyi bir xüsusiyyətdə /Səriyyə münasibətlərini xa­tır­lamaq kifayətdir/ yeniliyi, əxlaqi tərəqqi və gözəllik əla­mətini tanıyır və ona bir yazıçı kimi vaxtında bəraət verirdi».83

Səriyyə öz hərəkətləri, hadisələrə münasibəti, arzu və istəkləri ilə, haradasa Nuriyyəni xatırladır. Lakin oxucular Nuriyyəni daha səmimi qarşılamış, ona böyük rəğbətlə yanaşmışdılar. Çünki Səriyyəyə nisbətən onun bütün hərəkətləri xoşagələndir, hiss və həyəcanları təmiz və səmimidir, əxlaqi qənaətləri milli ən‘ənələrimizə tam uyğun gəlir. Səriyyə isə öz müstəqil fikri, yolu və dünyagörüşü olan sərbəst bir qadındır. O tapdalanmış yollarla getməyi xoşlamır. Səriyyə nəyə görə belədir? Nə üçün yazıçı onu oxucuya bu cür təqdim edir?

İnsan psixologiyasının, onun mə‘nəvi aləminin mahir tədqiqatçısı olan İ.Əfəndiyev gənc Səriyyənin dəyişmə və həyatı dərk etmə prosesini böyük ustalıqla təsvir edir, onun daxilində baş verən yeniləşməni obyektiv səbəblərlə, həyat hadisələrilə əlaqələndirir.

Səriyyə Adillə həyat qurduqdan sonra, qeyri-adi «işıq­lı aləmə» düşür. Bu aləm ona xoş gəlmir, Səriyyə bu divar­lar arasında özünü narahat hiss edir. Digər tərəfdən, Adildəki xudbinlik, mənsəbpərəstlik, onun bir mühəndis kimi, adi bir insan kimi kollektivdə get-gedə hörmətdən düşməsi Səriyyəni ondan uzaqlaşdırıb briqada üzvlərinə yaxınlaşdırır. Bu, yazıçının bədii novatorluğu idi. Bu yeniliyi isə hamı birmə‘nalı qəbul etmirdi.

İ.Əfəndiyev yaradıcılığının tədqiqatçısı, filologiya elmləri namizədi Yaqub İsmayılov bu mübahisə ilə əlaqədar belə yazır : «Adili atıb Qəribə getdiyi üçün Səriyyəni məzəmmət edənlər , günahkar sayanlar, onun bu hərəkətini kəskin pisləyənlər oldu. Halbuki mahiyyət və nəticə e‘tibarilə Səriyyə öz qərarında haqsız deyildi. Ona görə ki, Adil lovğa, xudpəsənd adamdı, vəzifəyə karyerasını yüksəltmək pilləsi kimi baxır, ictimai işə can yandırmağı da həqiqi vətəndaşlıq borcundan yox, xüsusi niyyət və məqsədindən irəli gəlirdi. Deməli, həqiqətpərəst bir qadın olan, yalana, ikiüzlülüyə, təkəbbürə, lovğalığa nifrət edən Səriyyənin Adil təbiətli, duyğulu, baxışlı bir adamla ömür-gün sirdaşlığı, əqidə və məslək dostluğu baş tutmazdı».84

Oxucunu düzgün tərbiyə etmək, onun əxlaqi-estetik dün­ya­görüşünün formalaşmasında müsbət rol oynamaq kimi bö­yük və şərəfli vəzifəni yerinə yetirən yazıçı müasir gənc­liyin xarakterik xüsusiyyətlərini özündə əks etdirən Səriyyə surətini yaradarkən bu məqamları nəzərə almaya bilməzdi.

İ.Əfəndiyev «Körpüsalanlar» əsəri təzə nəşr olunduğu illərdə, roman haqqında məqalə yazan bə‘zi tənqidçiləri və «bu necə azərbaycanlı qadındır?» - deyə sual verən oxucuları nəzərdə tutaraq göstərmişdir ki, insan var açılmış yolla gedir, insan var ki, yol aça-aça gedir. Mənim qadın obrazlarımın böyük əksəriyyəti yol aça-aça gedən insanlardır... Yol aça-aça gedən qadın obrazlarımı açılmış yolla gedən qadın obrazlarım kimi təqdim və təsvir etsəydim, onların kədəri də, sevinci də, səadəti də saxta, qeyri-səmimi olardı».85

Mürəkkəb bir mexanizm olan insan xarakterlərinin çalarlarını öyrənən, onları tədqiq edib bir-birindən fərq­ləndirməyə çalışan, obrazların daxili aləmindəki ən nəcib hissləri, niyyət və mətləbləri diqqətlə araşdırıb «obraz yaradan» yazıçının qarşısında çox çətin bir vəzifə durur: hər yeni əsərdə təzə söz demək, yaradılan «cavan» surətləri «qoca» obrazlarla «qarışıq salmamaq», təzəcə «dünyaya gələn» qəhrəmanları oxucu və tamaşaçılara sevdirə bilmək bacarığı hər bir sənətkarın fərdi hünəri və yazıçı laboratoriyasının gizli və müəmmalı sirlərindəndir. Kiçik bir sənət əsərinin və ya hər hansı personajın formalaşıb oxucuya təqdim edilməsinə qədər ona sərf olunan əməyi, yuxusuz gecələrin əzabını, yazıçının «xərc­lədiyi» enerjini heç bir ölçü vahidi ilə qiymətləndirmək mümkün deyil. Belə əsərin həqiqi çəkisini, onun «neçəyə başa gəldiyini» yalnız yazıçı özü bilir. Bu mə‘nada yaradılan hər bir yeni əsər, istər həcmcə kiçik, istərsə də böyük olsun, yazıçı ürəyinin bir parçasıdır.

Həm məzmun, həm də forma xüsusiyyətlərinə görə əvvəlki iki romanından əsaslı surətdə fərqlənən «Dağlar arxasında üç dost» İ.Əfəndiyevin yeni yaradıcılıq uğuru hesab edilə bilər. Xarakterlərin dolğunluğu, psixoloji təhlilin genişliyi, obrazların daha geniş planda səciyyələnməsi ilə bərabər, hadisələrin təsviri və təhkiyəsində müəllif müdaxiləsinə geniş yer verilmişdir ki, bu da yazıçının üslubunda bir yenilik idi.

Əsərdə hadisələr Azərbaycanın sərhəd rayonlarından birində, müxtəlif xalqların nümayəndələrinin (azərbay­canlı, ukraynalı, gürcü və b.) əl-ələ verib yeni həyat uğrunda apardıqları mübarizə fonunda təsvir edilir. 60-cı illər ədəbi prosesinin ən yaxşı əsərlərindən biri olan həmin romanda yazıçı xalqlar dostluğunun, yaradıcı əməyin nəyə qadir olduğunu göstərmişdir. Əsərin qəhrəmanları Şahlar, Səlimə, Mikola və başqaları əmək prosesində verilmiş və onlar mübarizədə bərkiyib mətinləşmişlər. Obrazların oxşar, ümumi cəhətləri olsa da, onların hər biri öz istək və arzusu, sevinc və kədəri ilə başqalarından fərqlənən canlı insanlardır. Özünə qarşı çox tələbkar olan azərbaycanlı Şahlar, daha tez hissiyata qapılan ukraynalı Mikola, öz işini sevən, mülayim xarakterli Səlimə və b. obrazların bir-birinə mehriban münasibətləri bir ailənin üzvlərini xatırladır.

Əsərin əsas qəhrəmanlarından biri zootexnik vəzifəsində çalışan Səlimədir. Bacarığı, mərdliyi, əməksevərliyi, zəngin mə‘nəviyyatı, nəcib əməlləri ilə fərqlənən Səlimənin kənddəki fəaliyyəti yalnız zootexnik olması ilə məhdudlaşmır. O, kəndə gəldiyi ilk gündən adamlarla dil tapır, onlarla qaynayıb qarışır. İlk növbədə heyvandarların iş şəraitini yaxşılaşdırmağa çalışır. Orta əsrlərdə olduğu kimi palçığı kürəklə təmizləyən kolxozçuların halına acıyır, onların əməyini fərəhli etmək, əmək məhsuldarlığını artırmaq haqqında düşünür. Eyni zamanda körpələrin acınacaqlı vəziyyətinə də laqeyd qala bilmir, «tövlə ya yasli» məsələsi ciddi bir problem kimi ortaya çıxanda, heç bir tərəddüd etmədən o, uşaqları müdafiə edir və onlara üstünlük verir.

Əsərdə təsvir olunan Şahlar - Səlimə məhəbbət xətti romana oxunaqlıq, gənclik təravəti gətirir. Səlimə məhəbbətində də dönməz və mübarizdir. Bu yolda o, Şahların anası Gülnisə arvadla, eyni zamanda, Çıraq kişinin gözəl qızı, «bir mahalın yaraşığı» olan Güləbətinlə üz-üzə gəlir.

Mübarizə ciddi xarakter alır, lakin Şahlardan üç yaş böyük olan, «əsli-kökü mə‘lum olmayan» Səlimə Şahların anasına qarşı heç bir hörmətsizlik etmir, özünün mədəni davranışı, alicənablığı ilə, el, oba adət-ən‘ənəsi çərçivəsində hərəkəti ilə məhəbbətini müdafiə edə bilir. Səlimə təsərrüfatda olduğu kimi, məhəbbətdə uğrundakı mü­ba­rizəsində də qalib gəlir.

Səlimə əvvəlki iki əsərin qəhrəmanları Nuriyyə və Səriyyəyə bir az oxşayır. Onlar fərdi keyfiyyətlərinə görə bir-birindən fərqlənsələr də, arzu və istəklərində ümumi cəhətlər çoxdur, onlar sanki üç bacıdırlar.

«Dağlar arxasında üç dost» romanı haqqında söhbət açan filologiya elmləri doktoru Yəhya Seyidov bu haqda belə yazır: «Nuriyyə, Səriyyə, Səlimə. Bizim üç müasirimiz. Lakin onların tərcümeyi-halları kimi, xarakterləri də fərqlidir, hər birinin özünəxas əxlaqi qənaətləri, baxışları vardır. Onları birləşdirən ümumi cəhətlər çoxdur: əməyə məhəbbət, vətənpərvərlik, məhəbbətə sədaqət, müstəqillik, şəxsi «məni» təsbit arzusunun gücü... Eyni zamanda özlərinə məxsus təkrarsız xüsusiyyətləri ilə yadda qalan canlı tiplərdirlər».86

İ.Əfəndiyev romanda, ictimai borcu heç vaxt unutmayan, el yolunda yorulmadan çalışan, namuslu, əməksevər insanları tərənnüm etməklə yanaşı, öz həyat «fəlsəfəsi» ilə yaşayan, həyatda yaxşı nə varsa ona tezliklə qovuşmaq: kef çəkmək, sabahkı gün haqqında çox da baş sındırmamaq iddiasında olan, açıq-saçıq təbiətli, «dodaqları təzəcə açılmaqda olan lalə kimi alışıb yanan» Güləbətin kimi gənclərin dolğun obrazını yaratmışdır.

Şahlar-Güləbətin, Səlimə-Gülnisə, Mikola-Marqo, Sə­li­mə-Güləbətin xəttləri romandakı hadisələri daha da ma­raq­lı edən, onun əxlaqi-estetik tutumunu artıran, milli adət-ən‘ənələrin dərindən açılmasına şərait yaradan, ümu­­mi süjet xəttini zənginləşdirən maraqlı hisslərdəndir.

İ.Əfəndiyev istər hekayə və oçerklərində, istərsə də povest və romanlarında müasir həyatın təsviri və tərənnümünü ön plana çəkir. Müasir həyatın in‘ikası, rayon və kəndlərimizdəki mədəni yüksəliş, orada çalışan adamların zəngin mə‘nəvi dünyası yazıçının əsas tədqiqat obyektidir. Yazıçının qələmə aldığı bu yeniliklər «müsbət qəhrəman» və «mə‘nəvi gözəllik» anlayışlarının təsviri ilə məh­dudlaşmır. Bu proses əməkdə, məişət məsələlərində, ictimai münasibətlərdə də uğurla davam etdirilir. «Mə­həbbətdəki yenilik» Səlimə-Gülnisə, Gülnisə-Şahlar xət­lə­rindəki köhnəlik üzərində qələbə kimi böyük ustalıqla təsvir edilmişdir.

İ.Əfəndiyev bə‘zi başqa yazıçıların az toxunduqları, daha dəqiq desək, yazmağa cəsarət etmədikləri bir sıra ictimai problemləri qələmə alır, onları cəsarətlə tənqid və ifşa edir. Onun romanlarında, xüsusilə «Sarıköynəklə Valehin nağılı» əsərində bu məsələlər özünü qabarıq şəkildə göstərməkdədir.

Akademik Bəkir Nəbiyev yazır : «Əlli-altmışıncı illərin dövri mətbuatını vərəqləyəndə görmək çətin deyil ki, resenziyalarda, icmal məqalələrdə və problematik yazılarda ən çox bəhs olunan, üzərinə dönə-dönə qayıdılan və xeyli polemika doğuran əsərlər arasında «Söyüdlü arx», «Körpü­salanlar», «Dağlar arxasında üç dost» romanları mühüm yer tutur... Çox vacib-əxlaqi, mə‘nəvi problemlərin qoyulduğu həmin əsərlərə laqeyd qalan tənqidçi və ədəbiyyatşünas olmamışdı. Səbəb də bu idi ki, İ.Əfəndiyev öz əsərlərində in­­sa­nın borc, vətədaş vəzifəsi, fərd və cəmiyyətin qarşılıqlı münasibətləri, ailə və əxlaq problemləri barədə həmişə təravətli söhbət açır, öz qənaətlərini məhz yeni bədii obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə edirdi».87

Trilogiyanın ayrı-ayrı hissələrini xatırladan «Sö­yüd­lü arx», «Körpüsalanlar» və «Dağlar arxasında üç dost» romanları çap olunduqdan sonra İ.Əfəndiyev oxuculardan yüzlərlə məktub almışdır. Onların bə‘zilərini burada verməyi lazım bilirik.

Ağdam rayonundan Nadir Abdullayev yazırdı: «Söz yox ki, Siz yaxşı yazıçısınız. Sizin hər bir əsəriniz sevilə-sevilə oxunur. Məncə bu, yazıçı üçün ən böyük hədiyyədir. Göy gurultusundan sonra gələn bahar yağışı bərəkətli olduğu kimi Sizin «Söyüdlü arx» və «Körpüsalanlar» əsəriniz uğurlu oldu, səs-küylə qarşılandı... «Yun şal» hekayəniz şirin dillə yazılmış roman tə‘siri bağışlayır...». Mənim 17 yaşım bu yaxınlarda tamam olacaq. Neçə illərdi özümə həqiqi dost, bir rəfiqə axtarıram. Rəfiqə cəhətdən, demək olar ki, təkəm. Lakin bu yaxınlarda, çoxdan bəri axtardığım rəfiqəmi tapdım. «Dağlar arxasında üç dost» romanındakı Səlimə obrazını... Tapdım və necə də sevindim! İndi mən gecələr Səlimə ilə danışır, onunla məsləhətləşirəm. Bizim xasiyyətlərimiz, düşüncələrimiz bir-birinə tam uyğun gəlir... Lakin «bacımın» müəyyən xasiyyətləri olmasaydı Səlimə daha sadə, daha gözəl görünərdi və onda mən də Nuriyyə kimi Səliməni də bacı hesab edərdim. Bərdə şəhəri. Bəturə Səmədzadə». Bakıdan S.Əfən­diyev yazır: «Məncə, hər hansı bir əsər nəşr edildikdən sonra oxucu və tənqidçilərin sükutuna səbəb olursa deməli həmin əsərin müəllifi heç kimə tə‘sir edə və heç kimi «hərə­kətə» gətirə bilməmişdir. Çox şadam ki, Siz bu qrupa mənsub olan sənətkarlardan deyilsiniz». Biləsuvar rayonunun sakini Həsən Əmirovun məktubu «Söyüdlü arx» haqqındadır: «...Bundan sonra yüzlərlə qız Nuriyyəni öz idealı sayacaq, onun kimi sevməyə, onun kimi düşünməyə, ailə xoşbəxtliyini onun kimi qiymətləndirməyə çalışacaqlar. Bəli, Nuriyyə əsl sənətkar qələmindən çıxmış ölməz bir obraz kimi ürəklərdə yurd salacaqdır!» Digər bir oxucu - Telman Tahirov yazıçıya müraciət edərək: «Yaratdığınız Nuriyyə, Səriyyə və Səlimə surətləri çox gözəldir. Ancaq Həsənzadə onlardan daha yüksəkdə durur... Görəsən həyatda belə adamlar varmı? Yoxsa yazıçı bu obrazı özündən uydurmuşdur? Bəli, var, amma təəssüf ki, çox azdır. Həsənzadə kimi adamlarla tanış olduqdan sonra adam qanad açıb uçmaq istəyir». Tacəddin Hicraninin fikri isə belədir: «Sizin bütün əsərlərinizi oxuyuram. Xüsusilə «Söyüdlü arx» romanı məni valeh etmişdir. «Literaturnaya qazeta»da Cəlal Məmmədovun «Nuriyyə» adlı məqaləsini oxuduqdan sonra mən «Söyüdlü arx» romanını və Xəlil Rzanın Nuriyyəyə açıq məktubunu bir də oxudum. Bilmirəm, bəlkə mən zəif təbiətə malikəm, romanın sonluğu məni ağlatdı. Mən qərara gəldim ki, o əsəri ölüncəyə qədər hər il yenidən oxuyacağam... Yazın! Yaxşı yazın! Duzlu yazın! Həmişə yazdığınız kimi yazın!».88

Sənət yollarında inamla addımlayan, ildən-ilə əsərdən-əsərə püxtələşən İ.Əfəndiyev bir-birindən daha oxunaqlı, ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış, müasir həyatdan söhbət açan üç romanını oxuculara təqdim etdikdən sonra, xeyli müddət qələmini dram əsərləri yazmaqla sınağa çəkmişdir. Təxminən 15 illik uzun fasilədən sonra yenidən iri həcmli nəsr əsərlərinə müraciət etmiş yazıçı, bu janrdan heç vaxt aralanmadığını əyani şəkildə sübut etmişdir. 70-ci illərin axırlarında, çağdaş Azərbaycan nəsrinin ən kamil nümunələrindən biri olan «Sarıköynəklə Valehin nağılı» adlı maraqlı romanını çap etdirir. Əsərdə yazıçı 70-ci illərdə respublikamızın ictimai-siyasi həyatında baş verən dəyişilikləri qələmə alır və onları yüksək bədii ustalıqla həll edir. Bir yazıçı kimi İ.Əfəndiyevi bütün yaradıcılığı boyu narahat edən, onun ürəyini təlatümə gətirən, müasir insanın daxili aləmi və mə‘nəvi saflığı kimi problemlər bu romanda da ciddi bir məsələ kimi ön plana çəkilmişdir.

Müəllifin kamilləşmə dövrünün müşahidələrinin nəticəsi kimi meydana gəlmiş romanda dağ rayonlarının birində tikinti sahəsində cərəyan edən hadisələrdən, orada çalışan gənclərin həyatından söhbət açılır. Lakin yazıçının məqsədi sırf istehsalat romanı yaratmaq olmamışdı. O, əsərdə əxlaq və mə‘nəviyyat məsələlərinin şərhinə, insanlar arasında davranış qaydalarının təsvirinə, ictimai borcun yerinə yetirilməsi məsələlərinə geniş yer vermişdir.

Yazıçı, bundan əvvəl yazdığı bir sıra əsərlərində olduğu kimi, bu romanı da birinci şəxsin dili ilə, nağılvari, şirin təhkiyə formasında yazmışdır. Bu sahədə xeyli yaradıcılıq təcrübəsi qazanmış müəllifin yeni müvəffəqiyyəti ədəbi ictimaiyyəti və geniş oxucu kütləsini ürəkdən sevindirmişdir.

Müəllif romanı gənclərin tikinti sahəsindəki fəaliyyətinin təsviri ilə başlayır: «Yenə də maşınları hörgü daşları ilə doldurub, qarlı-buzlu dağ yolu ilə tikməkdə olduğumuz qəsəbəyə yönəldik. Həmişə olduğu kimi, bu dəfə də mən qabaqda gedirdim. Hamı mənimlə ayaqlaşmalı idi. Mən isə eniş-yoxuş, dərə-təpə bilməyib uçurdum. Bunun üçün yoldaşlarımdan məni danlayanlar da olurdu. Gonbul Eldar: «Ə, zalım oğlu,-deyirdi,-sənin eşqin vurubdur başına, dərə-təpə deməyib, hey qaçırsan, bir az yavaş sürsənə! Gör­mür­sən yer-yurd şüşə kimi buz bağlayıb? Maşın sürüşür axı».

Mən də cavabında xəz papağımın dalını qaldırıb oxuyuram:

Cilvələnib nə qarşıda durubsan,

Anam sənə qurban , ay Sarıköynək.

Mələksən,çıxıbsan cənnət bağından,

Heç kəs olmaz sənə tay, Saraköynək.

Sarıköynək nişanlım idi. Ancaq, bu mahnını ona mən qoşmamışdım. Aşıq Ələsgər qoşmuşdu. Deyəcəksiniz bu dəli olub, nədi. Aşıq Ələsgər haçandı köçüb. Heylə olmağına heylədi. Ancaq mənim nişanlımın babası Aşıq Hüseyn ca­vanlığında Ələsgərin şagirdi imiş. Bir toyda sarıköynəkli bir gözəl görüblər. Aşıq Hüseyn fikir verib görüb ki, ustadı bu maral yerişli, mina gərdənli gəlinə hayıl-mayıl olub. Aşıq Hüseyn nağıl eləyirmiş ki, ustad elə həmin toyda o gözəlin şə‘ninə bədahətən bu mahnını qoşub sazla oxudu. Sonra Aşıq Hüseyn də ustadının xatirinə nəvəsinin adını qoyub Sarıköynək».89

Nümunə gətirdiyimiz sitatın bir balaca uzadılmasın­da əsas məqsəd yazıçı sənətkarlığını - az sözlə çox mə‘­na ifadə etdiyini, təhkiyənin şirinliyini, hər bir personajı öz dilində danışdıra bilmək qabiliyyətini göstərməkdən ibarət olmuşdur.

Romanı səhifələdikcə, hələ uşaq yaşlarından ata-anadan yetim qalmış, eyni məktəbdə oxumuş, bir-yerdə boya-başa çatmış Valehlə Sarıköynəyin həyat tarixçəsi gözlərimiz qarşısında canlanır. Gələcəyə böyük ümidlə baxan bu mübariz və yenilməz gənclər bir-birini ürəkdən sevirlər.

Uşaqlıq illərindən həyatın hər üzünü görmüş Valeh haqq-ədalət tərəfdarıdır, xeyirxah, cəsarətli və qorxmazdır. Çoxdan nişanlı qalan Valeh yaxın günlərdə yeni binadan mənzil alıb evlənməyə hazırlaşır. Lakin öz növbəsini çoxuşaqlı ailəsi və hamilə arvadı olan iş yoldaşına verir... Leysan yağış nəticəsində kolxozun sürüsünü sel apararkən Valeh özünü təhlükənin ağzına atır, çobanlara kömək məqsədilə yoldaşlarını səfərbərliyə alır, sürünü xilas edir... Lakin bu mərd və qorxmaz gənc ədalətsizliyin qurbanı olur. Heç bir günahı olmaya-olmaya üç il həbs cəzasına məhkum edilir. «Günahı» isə ondan ibarət idi ki, Məcidovun oğlu Rövşən tərəfindən nahaqdan döyülən Musa kişini onun əlindən almışdır. Valehin müdafiə etdiyi Musa kişi isə qorxusundan məhkəmədə yalan ifadə vermiş, onun üzünə durmuşdu, guya onu döyən Məcidovun oğlu deyil, Valeh özüdür.

Həyatda addımbaşı ədalətsizliklə qarşılaşan Valeh hüquq fakültəsində oxumaq, aramızda olan vicdansızları, əliəyriləri, alçaqları ifşa etmək arzusu ilə yaşayır. Çünki o görür ki, mövcud cəmiyyətdə zəhmət adamının qanını soran, rüşvətxorluq və vicdansızlıqla xoşbəxt güzəran keçirən harınlamış məcidovlar, yusifovlar, cavanşirlər, rövşənlər hələ çox sular bulandıracaqlar.

Valeh həbs edildikdən sonra tək qalan, kimsəsiz Sarı­köynək nanəcib, əyyaş adamlara rast gəlir, təhqir olunur. La­kin büdrəmir, namusunun ləkələnməsinə yol vermir. Bu işdə ona vaqon bələdçisi Ceyran xala, müstəntiq Muradzadə və başqa xeyirxah adamlar kömək edir, həmin nəcib və xeyirxah insanların köməyi ilə Valeh həbsxanadan azad edilir, mü­qəssirlər gec də olsa öz cəzasına çatırlar.

«Sarıköynəklə Valehin nağılı» romanının geniş təh­lilini vermiş tənqidçi Bəkir Nəbiyev ədəbiyyatşünas Y.Se­yi­dovun «Nuriyyə, Səlimə və Səriyyə üç bacıdır» fikrini ya­da salaraq qeyd edir ki, «On üç ildən sonra bu qızların Sa­rı­köynək adlı bir bacısı da dünyaya gəlmiş və hələlik son­beşik olan Sarıköynək yetmişinci illərin ortalarında ya­şa­yan fədakar, əməksevər, namuslu Azərbaycan qızlarının səciyyəvi cəhətlərini ləyaqətlə təmsil etməyə başlamışdır. Gələcəkdə həmin bədii obrazlar ailəsində dünyaya yeni ba­cılar, qardaşlar da gələcək, lakin adi ailələrdən fərqli olaraq, bu ailədəki övladlar bir-birinə bənzəməyəcəklər».90

Müasir həyatın geniş epik lövhələrini təsvir etmiş yazıçı böyük ustalıqla bir-birindən fərqli, həyata münasibəti, xasiyyəti və dünyagörüşü, intellektual səviyyəsi, hətta danışıq tərzi müxtəlif olan bir sıra yaddaqalan, xarakterik obrazlar yaratmışdır. Valehin iş yoldaşları Eldar, Zeynal, Sərdar, öz xeyirxahlığı və mehribanlığı ilə yadda qalan vaqon bələdçisi Ceyran xala, müstəntiq Muradzadə, Sarıköynəyin ev sahibəsi Gülbəyim xala, Musa kişi, eyni zamanda mənfi tiplərdən Məcidov, Yusifov, Cavanşir, Rövşən və başqaları bir-birinə bənzəməyən obrazlardır.

Məcidovun canlı obrazını yaratmaq, onu ifşa etmək üçün İ.Əfəndiyev xeyli əmək sərf etmişdir. Qəddarlığı, ko­budluğu, süründürməçiliyi insanda Məcidova qarşı nifrət oyadır. O özünü kəndin ağası kimi aparır. Həyətində bir- neçə maşın, evində bir-neçə arvad saxlayır. Həyətindən hər gün qalxan kabab tüstüsü bütün kəndə yayılır, «yu­xa­rıların» xoşuna gəlmək üçün hər cür üsullara əl atır. Ata­sından ge­ridə qalmayan Rövşən də adamları təhqir etməkdən, qor­xutmaqdan, hətta döyməkdən çəkinmir. Müəllif ata və oğulun iyrənc hərəkətlərini satirik boyalarla ifşa edir.

Realist nəsrimizin lirik üslubuna daha çox meyl edən İ.Əfəndiyev «Sarıköynəklə Valehin nağılı» romanında da bu yolla gedərək gözəl həyat lövhələri yaratmışdır. Lakin yazıçı birtərəfli təsvirdən qaçmış, həyatda rast gəldiyi nöqsan və çatışmazlıqlardan da , neqativ hallardan da yan keç­məmişdir. Yazıçı, hələ 70-ci illərdə, necə deyərlər kommunist partiyasının qılıncının dalı da, qabağı da kəsdiyi bir dövrdə , böyük cəsarətlə, heç nədən çəkinmədən partiya və dövlət idarələrində rəhbər vəzifələrdə işləyən, öz murdar əməllərini, istək və arzularını iyrənc yollarla həyata keçirən Məcidov və Yusifov kimi partiya xadimlərini, onlara quyruq bulayan bir sıra başqa mənfi tipləri də ifşa etmişdir. İsti və işıqlı kabinetlərdə , geniş otaqlarda oturub xalqa «rəhbərlik» edən, partiya və dövlət adından çıxış edərək xalqın başına olmazın oyunlar açan «rəhbərlərin» fəaliyyətini görməyən, hətta çox vaxt onları tə‘rifləmək yolunu seçən, bu dəhşətli «oyun­la­rı» görə bilməyən bir sıra yazıçılardan fərqli olaraq İ.Əfəndiyev bunları ifşa etmək və xalqa çatdırmağa çalışmışdır. Bu isə, həqiqi mə‘nada vətənpərvər bir sənətkarın vətəndaşlıq borcu, yazıçı cəsarəti idi.

Deyirlər ki, yazıçı xalqdan, həyatdan irəlidə getməli, cəmiyyətdə baş verən hadisələri. qabaqlamalıdır. Bu mə‘­na­da İ.Əfəndiyevi xoşbəxt sənətkar adlandırmaq olar. O, so­vet ictimai quruluşunda, kommunist partiyasında 90-cı il­lərdə baş verəcək dağıntını və parçalanmanı hələ 70-ci illərdə görmüş və uzaqgörənliklə sübut etmişdir ki, ba­şın­da Məcidov, Yusifov kimi dövlət rəhbərlərinin durdu­ğu partiya və siyasi quruluş çox yaşaya və xalqa rəhbərlik edə bilməz. Bu, yazıçının gəldiyi qəti qənaəti idi və onu «Sa­­rıköynəklə Valehin nağılı» romanında cəsarətlə təsvir etmişdir.

İ.Əfəndiyev «Sarıköynəklə Valehin nağılı» romanının Natəvan adına klubda geniş müzakirəsi zamanı çıxışında qeyd etmişdir ki, Məcidov kimi, Yusifov kimi yaramazların ifşası xalqımızın ürəyindəndir. Onlara qarşı zəhmətkeş insanlarda dərin bir nifrət, kin vardır... Günəşin qızmar şüaları altında tər tökən zəhmət adamlarının hesabına sərin talvarlarda əyləşib şampan şüşələri partladan, özü üçün şahanə saraylar tikdirən məcidovlara zərrə qədər güzəşt etməməliyik.91

Ciddi əxlaqi-mə‘nəvi problemlərdən söhbət açan, mü­rəkkəb psixoloji surət və xarakterlər yaradan, müasir hə­yatın müxtəlif lirik və epik lövhələrini təsvir edən bu roman Azərbaycan nəsrinin 70-ci illərdəki ən uğurlu nümunələrindən biridir.



1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə