İcmalarda özünəinam və inkişafa investisiya!




Yüklə 246.29 Kb.
səhifə1/4
tarix12.03.2016
ölçüsü246.29 Kb.
  1   2   3   4
İcmalarda özünəinam və inkişafa investisiya!



Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
Azərbaycan Kənd İnvestisiya Layihəsi
II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI


İmişli, 10-11 Dekabr 2007




Konsepsiya Sənədi
Biz bu Konfransı nə üçün keçiririk?
Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) Dünya Bankı, Yaponiya Hökuməti, Azərbaycan Hökuməti və faydalanan icmalar tərəfindən təmin olunan maliyyə vəsaiti ilə həyata keçirilən, Azərbaycan hökumətinin dörd illik icma inkişafı və mikro-layihə təşəbbüsüdür. Layihə respublikanın 3 iqtisadi zonasını əhatə edir: Muğan-Salyan, Düzən Şirvan və Naxçıvan. Hər zonaya 7 rayon daxildir:

Muğan-Salyan – Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Cəlilabad, Neftçala, Salyan

Düzən Şirvan – Yevlax, Ağdaş, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Kürdəmir

Naxçıvan – Babək, Kəngərli, Şahbuz, Şərur, Sədərək, Ordubad, Culfa
AzKİL-in əsas komponentləri icma səfərbərliyi, təlimlər, mikro layihələr və şəbəkələşmədən ibarətdir. Layihə zonaları daxilindəki icmalar arasında mübadilə görüşləri, layihə zonaları arasında Qarşılıqlı Görüşlər Sessiyası, Bacarıqların Artırılması üzrə Regional Konfranslar və Milli İcma İnvestisiya Konfransı İcma Şəbəkəsinin illik fəaliyyətləridir. 2006 və 2007-cı illərdə AzKİL Regional Ofisləri 100-dən çox zonadaxili qarşılıqlı görüşlərin keçirilməsinə yardımçı olmuş və hər il Layihə İdarəetmə Qrupu layihənin hər üç zonasının AzKİL tərəfindən maliyyələşdirilən icmaları arasında bir həftəlik Qarşılıqlı Görüşlər Sessiylarını təşkil etmişdir. Bu şəbəkələşmə fəaliyyətləri birbaşa 2036 iştirakçı olmaqla 304 icmanı əhatə etmişdir. İkinci MİİK cari şəbəkə ilinin zirvə toplantısıdır.
İndiyə qədər şəbəkəyə qoşulmuş 304 icmanın nümayəndələri ilə yanaşı, AzKİL bu konfransda İcma İnkişafı tərəfdaşları və potensial donorları bir araya gətirməyə və investisiyaların səmərəli və uyğun istifadəsi barədə təcrübələrin bölüşdürülməsinə, eləcə də icma investisiyalarının sosial, ətraf mühit və texniki aspektlərini müzakirə etməyə təşəbbüs göstərir.

Bu konfrans AzKİL-in İcma Şəbəkəsini hələ fəaliyyət göstərmədiyimiz zonalara kimi genişləndirmək üçün yaxşı bir imkan olacaq.


Məqsədlər:
Konfransın məqsədləri aşağıdakılardır:
  1. Ən yaxşı təcrübələrin bölüşdürülməsi və təşəbbüslərdən qarşılıqlı faydalanmaya yardımçı olmaqla icmalar daxilində bacarıqların artırılması

  2. İnvestisiyaların dayanıqlığı ilə bağlı ehtiyac yönümlü məsələlər barədə müzakirələrin aparılması


  3. İştirakçılara

  • Əməkdaşlıq

  • Öyrənilmiş Dərslər

  • Təcrübədən öyrənmə

  • Əməkdaş və tərəfdaş qurumlara informasiya yayımı

vasitəsilə şəbəkələşmə yaratmaqla kənd investisiyalarının keyfiyyətini yüksəltməyə imkan vermək


Konfransın Təşkili

Konfrans AzKİL tərəfindən maliyyələşdirilir və AzKİL İdarəetmə Qrupu tərəfindən təşkil olunur. Maraqlanan bütün İcma İnkişafı Tərəfdaşları – Səfirliklər, BQHT-lər, Milli QHT-lər və Hökumət qurumları həm-təşkilatçılar kimi konfransa qoşulmağa dəvət olunurlar.



İştirakçılar

Konfrans aşağıdakılar daxil olmaqla Muğan-Salyan, Düzən Şirvan və Naxçıvan iqtisadi zonalarında fəaliyyət göstərən əsas İcma İnkişafı Tərəfdaşlarını və kənd investisiya proqramlarının icraçılarını bir araya gətirəcək:




  • Rayon İcra Hakimiyyətləri

  • Mərkəzi Hökumət

  • Parlament üzvləri

  • Beynəlxalq və Yerli QHT-lər

  • Dünya Bankı

  • Səfirliklər

  • AzKİL

  • İcma və bələdiyyə liderləri

  • İİ Mütəxəssisləri

  • Media


Strukturu
Konfrans plenar sessiyalar, işçi qruplar, konkret vəziyyətlərin təhlili, eləcə də iştiraklı fəaliyyətlər və şəbəkələşmə imkanları daxil olmaqla ənənəvi konfrans fəaliyyətlərindən ibarət olacaq.
Gözlənilən nəticələr


  • Kənd icmalarında sosial investisiyaların səmərəli istifadəsinə ümumi baxış

  • İcma investisiya proqramlarında hökumət strukturlarının rolunun artması

  • Yerli bacarıqların artırılması və investisiyalara icmanın cəlb edilməsi barədə ən yaxşı təcrübələr

  • AzKİL Əməliyyat Zonalarında kənd investisiya təchizatçıları arasında koordinasiya mexanizmi


Konfransın dili
İngiliscə tərcümə mümkün olmaqla konfransın işçi dili Azərbaycan dili olacaq.


GÜNDƏLİK
I Gün

10:30 Qeydiyyat

11:00 Konfransın açılışı
Açılış nitqləri:

1. Kənd Təsərrüfatı Nazirliyi

2. Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

3. Dünya Bankı

4. İmişli İcra Başçısı

5. BQHT
12:20 “İçməli su təminatı” layihəsinin təqdimatı

Yevlax rayonu, Quşçu icması

12:40 “AzKİL – 3 illik fəaliyyət”. Xronoloji film

13:00 NAHAR
14:30 İCMA ŞƏBƏKƏSİNƏ XOŞ GƏLMİSİNİZ
I Sessiya TƏŞKİLATİ BACARIQLARIN ARTIRILMASI
1. Beynəlxalq Sülh Korpusu

2. Suvarma paylayıcı sistem və onun idarəolunmasının

təkmilləşdirilməsi layihəsi

3. “Karvan” Əl İşləri Assosiasiyası

(Eyni vaxtda 3 paralel qrupda icma təqdimatları və mövzu ətrafında müzakirə)

15:30 Çay fasiləsi

15:50 Müzakirələrin şərhi. Sessiyanın yekunu (plenar)
16:20 II Sessiya XİDMƏT TƏCHİZATÇILARI



  1. ELAT” Aqrobiznes Konsaltinq/ Xubyarlı icması (İmişli)

  2. Naxçıvan Aqrobiznes” MMC/ Yarımca icması (Naxçıvan)

  3. Layihə Köməkçi Heyəti / Tofiqi icması (Ağdaş)

(Eyni vaxtda 3 paralel qrupda icma təqdimatları və mövzu ətrafında müzakirə)
17:20 Müzakirələrin şərhi. Sessiyanın yekunu (plenar)
17:50 Günün bağlanışı

II Gün
9:00 Açılış. Gündəliyin oxunuşu.
III Sessiya İCMA MÜHƏNDİSLİYİ VƏ TƏDARÜK
9:10 İcma Layihələri üçün Texniki Norma və Standartlar

Məruzəçi: Kamil Məmmədov – AzKİL-in Baş Mühəndisi
9:30 İcma Təqdimatları:

1. AzKİL/ Qaraxıdır icması (Göyçay)

2. CHF İnternational

3. Texniki Dizayn Şirkətləri

(Eyni vaxtda 3 paralel qrupda icma təqdimatları və mövzu ətrafında müzakirə)
10:20 Müzakirələrin şərhi. Sessiyanın yekunu (plenar)
10:50 Çay fasiləsi


11:10 IY Sessiya ƏTRAF MÜHİTİN QORUNMASI

İcma İnvestisiyalarının Ətraf Mühitə Təsiri

Məruzəçi: Telman Zeynalov – AzKİL LİQ Ətraf Mühit üzrə Mütəxəssis

11:30 İcma Təqdimatları:

1. AzKİL/Qəzli icması (Sabirabad)

2. Azərbaycan Kənd Ətraf Mühit Layihəsi

3. Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi Proqramı

(Eyni vaxtda 3 paralel qrupda icma təqdimatları və mövzu ətrafında müzakirə)
12:30 NAHAR
13:30 Müzakirələrin şərhi. Sessiyanın yekunu (plenar)
14:00 İcmalar tərəfindən hazırlanmış şənlik proqramı

1. Nəsimikənd icması / Saatlı

2. Əhmədabad icması/ Sabirabad

3. Layihə Köməkçi Heyəti /AzKİL
15:00 Konfransın bağlanışı. Yekun nitqləri.
15:30 Konfransın qiymətləndirilməsi.
AÇILIŞ NİTQLƏRİ

___________________________________________________________________________________
Əbülfəz Ağayev

İmişli Rayon İcra Hakimiyyətinin Başçısı
İcazə verin öncə sizin hamınızı salamlayım və xoş gəlmişsiniz deyim. Bu konfransın hazırlığına görə cavabdeh şəxslərə, Razim müəllimə və onun bütün kollektivinə öz minnətdarlığımı bildirirəm ki, məhz bizim İmişli rayonunu seçiblər. Ona görə də mən rayon ziyalıları, rayon əhalisi adından onlara öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Bu həm də ona görə də aktualdır ki, İmişli rayonu Bakı şəhərindən 3 saatlıq bir məsafədə yerləşir. Ucqar bir rayondur, sərhəd rayonudur, cəbhə bölgəsində yerləşən bir rayondur. Bunu nəzərə aldığınız üçün sizə minnətdaram və təşəkkür edirəm ki, məhz ucqarlarda, rayonlarda bu işlərin canlanmasını istəyirsiniz.

Qeyd etmək istəyirəm ki, Kənd İnvestisiya Layihəsi çərçivəsində İmişli rayonunda xeyli işlər görülüb. Hal-hazırda 9 layihə tamamlanıb və digər layihələrin üzərində işlər gedir. Bu tamamlanmış layihələrə və görülmüş işlərin keyfiyyətinə görə AzKİL-in işçi heyətinə və layihənin icraçılarına öz minnətdarlığımı bildirirəm ki, onlar vaxtında, belə keyfiyyətli bir layihə həyata keçiriblər.

Bu tək mənim deyil, eləcə də rayon əhalisinin, icma üzvlərinin və icra orqanlarının minnətdarlığıdır. Əlbəttə bu gün buna böyük ehtiyac var. Çünki bu iş icma ilə, əhali ilə qurulur və onların maraqları əsasında həyata keçirilir. Bu, əhalinin ürəyincə olur, çünki yerdə olan problemləri öyrənmək, onları araşdırmaq, məhz o lazımi problemləri həll etmək əhalinin, xalqın ürəyincədir və bu sahədə görülən işlər İmişlidə öz bəhrəsini verir.

Bu işlər eyni zamanda Prezidentimiz cənab İlham Əliyevin regionların inkişafına yönəlmiş siyasətinə dəstəkdir. Yəni, bu gün dövlət səviyyəsində Prezidentimizin apardığı siyasət nəticəsində regionlar inkişaf edir. Amma icmaların fikrini yerlərdə öyrənmək, kəndlərdə, ucqar nöqtələrdə onları araşdırıb üzə çıxartmaq məhz Dünya Bankının və Azərbaycan Hökumətinin dəstəyi ilə Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilir bu da əlbəttə çox önəmlidir və çox aktualdır.

Əlbəttə, bu layihələr əsasən sosial yönümlüdür, məsələn kənd yollarının, su kanallarının, məktəblərin, tibb məntəqələrinin inkişafına, onların təmirinə, yenidən qurulmasına yönəlmişdir. Mən belə bir təklif edərdim ki, gələcəkdə bu layihələr gəlir gətirən sahələrdə də tətbiq edilsin. Yəni, deyək ki, ayrı-ayrı sahələrdə, ayrı-ayrı regionlarda yun emalı, süd emalı sexi və s. emal sahələrin yaradılması regionların inkişafında, kəndlərimizin inkişafında daha böyük rol oynayardı. Elə bilirəm ki gələcəkdə bu məsələlər nəzərə alınacaqdır.

Biz icra başçılarının vəzifə borcudur ki, yerlərdə icmaların yaradılmasına, bu layihələrin həyata keçirilməsinə dəstək verək və özümüzün vəzifə borcu kimi həyata keçirək. Mən konfransın işinə uğurlar arzulayıram, dəstəyinizə görə saq olun.

Razim Vəliyev
Baş direktor

Azərbaycan Respublikası, Kənd Təsərrüfatı Nazirliyi yanında

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
Hörmətli Əbülfəz müəllim!

Hörmətli konfrans iştirakçıları!


İlk öncə dəvətimizi qəbul edib bu böyük tədbirdə iştirak etdiyinizə görə sizin hamınıza öz minnətdarlığımı bildirirəm.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ölkənin iqtisadi inkişaf strategiyası hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatının dinamik inkişafı Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində hazırda icra olunan bir neçə infrastruktur layihələr buna bariz nümunədir.

Azərbaycan Kənd İnvestisiya Layihəsi Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə hazırlayıb həyata keçirdiyi bir inkişaf layihəsidir. Layihənin əsas məqsədi kənd icmalarının bacarıqlarının artırılması vasitəsi ilə onların infrastruktur xidmətlərə çıxışını yaxşılaşdırmaqdan ibarətdir.

Layihə 2005-ci il Yanvar ayının 18-də qüvvəyə minmiş və öz fəaliyyətini respublikanın 3 iqtisadi zonasında reallaşdırmışdır. Layihənin 3 əsas komponenti var: İnfrastruktur, Bacarıqların Artırılması və Layihə İdarəetməsi. Layihə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunur. Fəaliyyətdə olduğu 3 il ərzində layihənin hər bir komponenti üzrə nəzərdə tutulmuş fəaliyyətlər Layihə İdarəetmə Qrupu və Agentliyin Rəhbərliyi tərəfindən yerinə yetirilmişdir.

Layihənin İnfrastruktur komponenti icmalar tərəfindən təklif olunmuş mikro-layihələrin maliyyələşməsi və icra olunmasını nəzərdə tutur. 2005 - 2007 –ci illər ərzində bu komponent çərçivəsində fəaliyyətlər bütün layihə rayonlarında həyata keçirilmişdir. Komponent üzrə 164 kənddə layihələr tamamlanmış, 79 kənddə isə layihələr tədarük və icra mərhələsindədir. Bu sadəcə rəqəmlər yox, onlarla kənddaxili yolların bərpası və yenidən qurulması, içməli və suvarma suyu ilə təminat, yeni səhiyyə ocaqlarının tikintisi, yeni məktəb və əlavə sinif otaqlarının tikintisi, elektrik təminatı və s. deməkdir.

Layihənin ikinci komponenti Bacarıqların Artırılmasıdır ki, bu komponent çərçivəsində ümumilikdə 351 icmada səfərbərlik təlimləri keçirilmişidir. Bu təlimlərdə icma sakinləri kəndin prioritet ehtiyaclarını müəyyənləşdirmiş və bu ehtiyaclar içərisindən həyata keçirəcəkləri infrastruktur layihəsini seçmişlər. Bu təlimlərdə 81.886 icma sakini (o cümlədən bələdiyyə üzvləri, icra nümayəndələri) iştirak etmişdir. 343 icmada icma layihəsinin hazırlanması və həyata keçirilməsi və s. üzrə bacarıqları artırmaq məqsədilə icmalara təşkilati idarəetmə, icma layihə təklifinin yazılması, tədarük və icma müqavilələri, ətraf mühit mövzuları üzrə təlimlər verilmişdir. Bu təlimlərdə 5411 icma sakini (o cümlədən bələdiyyə üzvləri və icra nümayəndələri) iştirak etmişdir.

İcmalar arasında inteqrasiyanı gücləndirmək və təcrübə mübadiləsi məqsədilə “İcma şəbəkələşməsi” proqramı çərçivəsində zonalarda 91 icmalararası mübadilə səfərləri də təşkil edilmişdir. Bu görüşlərdə 268 icmanı təmsil edən 1334 icma sakini iştirak etmişdir. Bununla yanaşı proqram daxilində I Milli İcma İnvestisiya Konfransı, 100 – dən çox icmanın iştirakı ilə AzKİL və qeyri – AzKİL rayonlarını əhatə edən 2 Zonalararası Mübadilə Görüşləri Sessiyası, hər 3 AzKİL zonasında Ətraf Mühit seminarları, Muğan – Salyan və Naxçıvan zonalarında 3, Düzən Şirvan zonasında 2 Bacarıqların Artırılması Konfransları da keçirilmişdir.
Bunlardan əlavə layihə çərçivəsində 6 İnformasiya seminarı, Layihənin Start Seminarı, 3 “Öyrənilmiş dərslər” seminarı, Xidmət Təchizatçıları və Layihə Köməkçi Heyəti üçün AzKİL təlimləri, Regional Əməliyyatları Ofislərinin işçi heyəti üçün İdarəetmə və Planlaşdırma təlimi, Layihə İdarəetmə Qrupunun və RƏO –nun heyəti üçün Maliyyə idarəetməsi təlimi, Regional Qrant Təsdiqi Komissiyalarının üzvləri üçün təlimlər, Layihə Köməkçi Heyəti üçün təlimçilər üçün təlim keçirilmişdir. AzKİL –in rüblük “İcma şəbəkəsi” bülleteni də buraxılmışdır. Artıq jurnalın 7 nömrəsi çap olunmuşdur. Bundan əlavə AzKİL xronoloji 3 televiziya reklam çarxı hazırlanmış və nümayiş üçün televiziya kanallarına təqdim olunmuşdur.

Ümumilikdə, Bacarıqların Artırılması komponenti üzrə faydalananların sayı 91531 nəfər olmuşdur. Bacarıqların Artırılması komponenti çərçivəsində həyata keçirilən “İcma Şəbəkələşməsi” proqram-paketi barədə sizə sevindirici bir faktı deyim. Layihə rəhbərliyi tərəfindən düşünülmüş bu paket Dünya Bankının müvafiq qurumları tərəfindən yüksək qiymətləndirilmiş və bu təcrübəni hətta digər ölkələrdə həyata keçirilən bu tipli layihələrdə də tətbiq etməyi tövsiyə etmişdir. Əlbəttə buna görə AzKİL-in bütün kollektivini ancaq alqışlamaq olar.

Kənd İnvestisiya Layihəsinin 3-cü komponenti Layihə İdarəetməsidir ki, bu komponent çərçivəsində Layihə İdarəetmə Qrupunun, hər üç layihə zonasında Regional Əməliyyatlar Ofislərinin işçi heyəti, Regional Qrant Təsdiqi Komissiyaları formalaşdırılmış və Layihənin ümumi koordinasiyası üçün İşçi Qrupu yaradılmışdır.

İmişli, Yevlax və Naxçıvan şəhərlərində Regional Əməliyyatlar Ofisləri, Göyçay şəhərində Layihə Köməkçi Heyətinin Ofisi açılmışdır. Bundan əlavə layihənin fəaliyyətində beynəlxalq və yerli məsləhətçilərin də xidmətlərindən istifadə olunur.

Naxçıvan və Muğan - Salyan zonalarında səfərbərlik və təlim xidmətlərini həyata keçirmək üçün layihəyə Xidmət Təchizatçıları cəlb olunmuşdur. Düzən – Şirvan zonasında isə bu xidmətləri yerli fərdi məsləhətçilərdən ibarət olan Layihə Köməkçi Heyəti həyata keçirir.

Bugünkü konfrans indiyə qədər layihə çərçivəsində görülmüş işlərin nəticələri və Kənd İnvestisiya Layihəsi qrantlarının icmalarda bacarıqların artırılması və infrastruktur xidmətlərə çıxışına təsirinin əyani nümayişidir. Konfransın işinə uğurlar arzulayıram.


Mark Vudvard
AzKIL üzrə Tapşırıq Qrupunun Meneceri

Dünya Bankı

Mən, Mark Vudvard, Azərbaycan Kənd İnvestisiya Layihəsi üzrə Dünya Bankı Tapşırıq Qrupunun Meneceriyəm. Tapşırıq Qrupunun Meneceri o deməkdir ki, bu layihəyə nəzarət etmək məsuliyyəti Dünya Bankı tərəfindən mənə həvalə olunmuşdur.

Bugünkü çıxışımda iki məsələ barədə danışmaq istərdim: Birincisi, təşəkkürlərimi çatdırmaq, ikincisi isə Dünya Bankının Azərbaycan hökuməti və layihə ilə necə işlədiyi barədə bir neçə kəlmə demək istərdim.

Beləliklə, sizin hamınıza, Azərbaycan Kənd İnvestisiya Layihəsinin yaxşı nəticələr əldə etməsində əməyi olan bütün şəxslərə təşəkkürümü bildirməklə çıxışıma başlamaq istərdim. Təxminən bir il bundan əvvəl mən Tapşırıq Qrupunun Meneceri vəzifəsinə təyin olunanda layihədə bir sıra gecikmələr var idi. Layihə yaxşı işlər görürdü, lakin eyni zamanda bir sıra problemlər də var idi.

Son bir il ərzində biz möhtəşəm irəliləyişin şahidi oluruq. Gecikmələr aradan qaldırılıb, problemlər həll olunub və elə böyük nəticələr əldə olunub ki, həm Azərbaycan Hökuməti, həm də Dünya Bankının rəhbərliyi bu layihəni Azərbaycanda ən vacib və yüksək səviyyəli bir layihə hesab edir. Layihə belə yüksək qiymətləndirildiyi üçün Azərbaycan Hökuməti Dünya Bankına müraciət etmiş və layihə üçün əlavə maliyyə vəsaiti istəmişdir.

Nəticədə, layihə müddətinin daha üç il uzadılması gözlənilir. Maliyyə cəhətdən layihələrin həcmini ikiqat artırmağı və layihə zonalarına 23 yeni rayon əlavə etməyi gözləyirik. Bu, layihədə və layihə ilə birlikdə işləyən sizlərin hamınızın gərgin və yaxşı işinin nəticəsidir. Buna görə də sizi təbrik etmək və hamınıza Dünya Bankının təşəkkürünü çatdırmaq istərdim.

Toxunmaq istədiyim ikinci məsələ Dünya Bankının bu tip layihələrlə necə işlədiyi barədə bir neçə kəlmə deməkdir. AzKİL Azərbaycan Hökumətinin bir layihəsidir və Hökumət bu layihə üçün Dünya Bankından borc götürmüşdür.

Beləliklə, bizim məsuliyyətimiz ikiqatdır. Bir tərəfdən, biz təmin etməliyik ki, bizim pulumuz yaxşı və məqsədəuyğun istifadə olunur. Digər tərəfdən, verdiyimiz pulun nəticələrə nail olduğuna əmin olmalıyıq.

Layihə vəsaitlərinin yaxşı istifadəsi ilə bağlı bir neçə göstərici vardır. Biz layihə vəsaitlərinin nəzərdə tutulduğu məqsədlər üçün şəffaf şəkildə xərcləndiyini, layihə çərçivəsində tender prosesində müsabiqə yolu ilə seçim keçirildiyini təmin etməliyik. Biz eləcə də pulun istifadəsinin lazımınca izlənə bilməsi üçün müvafiq maliyyə idarəetməsinin olduğuna və müəyyən təhlükəsizlik qaydalarına riayət olunduğuna da əmin olmalıyıq.

Biz həm də layihənin uğurlu icrasının ətraf mühitə ziyan vurmadığına və yaxşı nəticələr əldə edərkən prosesin insanların həyatına zərər vermədiyinə əmin olmalıyıq. Beləliklə, nəzarət zamanı bizim rolumuzun bir hissəsi bütün aspektlərə lazımi qaydada əməl olunduğunu təmin etməkdir. Nəzarətin ikinci hissəsi nəticələr üzərində diqqəti cəmləməkdir ki, bunun da müəyyən göstəriciləri vardır.

Hər şeydən əvvəl, layihə üçün müəyyən məqsədlər müəyyən edilmişdir və biz, bu məqsədlərə nail olunduğunu ölçməyə qadir olmalıyıq. Azərbaycan Kənd İnvestisiya Layihəsinin həyata keçirilməsində məqsəd icma layihələrinə sərmayə qoymaqla əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqdan və infrastruktur xidmətlərindən istifadəni artırmaqdan ibarətdir. Bu o deməkdir ki, biz bütün elementlərə nail olunduğunu qiymətləndirmək və yaxşı nəticələr nümayiş etdirmək mövqeyində olmalıyıq.

Lakin, nəticələri təkmilləşdirmək üçün yollar tapmaq məqsədilə Layihə İdarəetmə Qrupu ilə birgə işləmək də bizim rolumuzun bir hissəsidir. Mənim fikrimcə, bizim ən vacib rolumuz budur. Biz nəzarət məqsədilə hər dəfə bura gələndə (rəsmi olaraq ildə təxminən iki dəfə gəlirik) LİQ ilə irəliləyişləri müzakirə edirik, problemləri müəyyənləşdirməyə və ən əsası problemlərin həll yolunu tapmağa çalışırıq.

Mən iki misal gətirəcəyəm. Təxminən bir il bundan əvvəl aşkar etdik ki, LİQ-in pul axını ilə bağlı problemləri var. Müəyyən bir müddət ərzində layihəyə Dünya Bankı tərəfindən köçürülən pulun məbləğini artırmaqla problemi həll edə bildik və ümid edirəm ki, pulla bağlı problem daha baş vermir.

Gətirmək istədiyim digər nümunə infrastruktur işlərinin keyfiyyəti haqqındadır. Nəzarət missiyası qrupunun tərkibinə bir mühəndis əlavə etmişik ki, layihələrin texniki keyfiyyətinə baxmaq və keyfiyyəti daha da təkmilləşdirmək üçün təkliflər irəli sürmək iqtidarında olaq. Məmnuniyyətlə bildirmək istərdim ki, mühəndis son bir il ərzində işlərin texniki keyfiyyətində çox böyük irəliləyişlər olduğunu söyləyir. Bu çox vacibdir, çünki keyfiyyət yaxşı olmasa infrastruktur davamlı olmayacaq.

Deməli, bu məsələ müvafiq şəkildə həll edilib, lakin bir göstərici də vardır ki, bundan sonra hamınızın onu nəzərə almasını istərdim. İstismar və təmir üçün qoyulan bütün xərcləri tam bilsəniz, infrastrukturunuzun dayanıqlığını daha yaxşı təmin edə biləcəksiniz. Sahə səfərlərimiz və icmalarla görüşlər zamanı icmalar həmişə öz töhfələri və onun nəyə istifadə olunacağı barədə bizə məlumat verə bilirlər. Növbəti addım icmaların bütün xərcləri, o cümlədən yerli Hökumət və müxtəlif nazirliklər tərəfindən qoyulan xərcləri başa düşməsidir. Bu üsulla, siz istismar və təmir xərcləri barədə tam təsəvvürə malik olacaq və gələcək planlaşdırma üçün daha yaxşı imkanınız olacaq.

Bununla da, çıxışımı yekunlaşdırıram. LİQ tərəfindən məndən xahiş olunmuşdu ki, Dünya Bankının rolu barədə bu qısa çıxışı edim. Ümidvaram ki, nəticədə bizim rolumuzu daha yaxşı başa düşdünüz. İcazə verin bir daha təbriklərimi və təşəkkürlərimi çatdırmaqla çıxışımı yekunlaşdırım. Siz hamınız öz icmalarınızda möhtəşəm işlər görmüşsünüz və bu, çox yüksək qiymətləndirilir.


Çox sağ olun.
I SESSIYA

TƏŞKILATI BACARIQLARIN ARTIRILMASI
Təqdimatçı: Pit van Den Bum, Suvarma Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi Layihəsi, Qrup Rəhbəri

Fasilitator: Əli Məmmədli, “ELAT” Aqrobiznes Konsaltinq Mərkəzi

Assistent: Nigar Həsənova, “ELAT” Aqrobiznes Konsaltinq Mərkəzi

10 dekabr 2007 – ci il tarixdə İmişli rayonunda keçirilən II Milli İcma İnvestisiya Konfransında Suvarma Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi (SPSİTL) layihəsinin təqdimatı oldu. Təqdimatı layihənin qrup rəhbəri Pit van Dem Bum apardı. Təqdimat zamanı məlum oldu ki, bu layihə 2003 – cü ildən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi tərəfindən həyata keçirilir. Layihə Suvarma Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi Layihəsidir. Layihə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin ümumi dəyəri 39.1 milyon ABŞ dollarıdır. Dünya Bankı tərəfindən Azərbaycana 35 milyon ABŞ dolları ayrılmışdır. 4.1 milyon isə Azərbaycan Respublikasının payına düşür. Təqdimatçı layihənin komponentləri, məqsədi haqqında danışaraq bildirdi ki layihənin 2 əsas komponenti var.



Layihənin əsas komponentləri:

  • Sudan İstifadəedənlər Birliyinin (SİB) yaradılması, gücləndirilməsi və inkişafı

Bu komponentin əsas məqsədi SİB-lərin dayanıqlığını təmin etməkdir. Bunun üçün müvafiq kurslar təşkil edir, SİB-lər üçün rayon dəstək qrupları yaradılır.

  • Suvarma Drenaj infrastrukturunun bərpası

Bu komponentin əsas məqsədi respublikamızın 11 rayonunda təsərrüfatdaxili suvarma və drenaj şəbəkəsinin bərpasını təmin etməkdir. Bu rayonlara Saatlı, Sabirabad, İmişli, Quba, Xaçmaz, Zərdab, Ağcabədi, Beyləqan, Goranboy, Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonları daxildir.

Layihənin məqsədi

Layihənin əsas məqsədi Sudan İstifadəedənlər Birliyinə yardım etməkdir. Belə ki, yaradılan SİB – lərin normal fəaliyyət göstərməsi və fəaliyyət göstərdikləri ərazidə suvarma və drenaj şəbəkələrinin təmir və bərpa işlərinə köməkdir. Layihə vəsaiti hesabına Araz çayı üzərində 140 min ha əraziyə xidmət göstərən Bəhrəmtəpə hidroqovşağı bərpa ediləcək. Təqdimatçının verdiyi məlumata görə hazırda bir sıra suvarma kanalları, kollektor-drenaj şəbəkələri, müxtəlif hidrotexniki qurğular, nasos stansiyası və subartezian quyuları istismar olunur.



Təqdimatçının layihə haqqında ətraflı məlumatından sonra iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

1) AzKİL – in Ətraf mühit üzrə Məsləhətçisi Telman Zeynalov: Layihənin ictimaiyyətə çatdırılması üçün hansı işlər həyata keçirilib?

Pit van Dem Bum, Suvama Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi Layihəsi, Qrup Rəhbəri: Layihə barədə bukletlər və nizamnamələr hazırlanıb paylanmış, eləcə də radio dalğalarında layihə haqqında məlumat verilmişdir.

2) Yevlax rayon Qaraməmmədli Bələdiyyə sədri İkram Məmmədov: Bu Suvarma Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi layihəsinin dəstəyi ilə Yevlax rayonu ərazisində layihə həyata keçirmək mümkündürmü?

Pit van Dem Bum, Suvarma Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi Layihəsi, Qrup Rəhbəri: Layihə yalnız bərpa işləri aparacaq konkret 11 rayonda deyil, bütün rayonlarda SİB–in yaradılması və inkişafına dəstək göstərəcək. Lakin ilkin mərhələdə yalnız layihə ərazisinə daxil olan bu zonalarda işlər həyata keçiriləcək. Sonrakı mərhələdə başqa rayonlarda yerləşən SİB-lər və sistemlərin bərpası işləri aparılacaq. Eyni zamanda 2-ci mərhələdə layihə meyarlarına cavab verən və ilkin müraciət edən SİB – ə üstünlük veriləcək. Layihə meyarlarına cavab verən SİB- lər məsələn, suvarma drenaj infrastrukturundan uzun müddətli istifadə hüququ olan; SİB üzvlərinin bərpa xərclərinin bir hissəsinin sudan istifadə haqqı kimi ödəməyə razılığı olan və s. daxildir.

3) Göyçay rayon Cəyirli icması, Bələdiyyə sədri Fuad Nəbiyev: Bildiyimiz kimi, AzKİL –in dəstəyi ilə həyata keçirdiyimiz layihələrdə icma töhfəsi var. Bu layihə tərəfindən həyata keçirilmiş bərpa işlərində necə, icmanın üzərinə hansı öhdəliklər düşür?

Pit van Dem Bum, Suvarma Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi Layihəsi, Qrup Rəhbəri: Bu layihədə fərqli olaraq vəsait SİB tərəfindən su istifadəçilərindən toplanır və nağd pul kimi deyil, suvarma haqqı kimi toplanılacaq. Belə ki, təsərrüfat daxili şəbəkələrin bərpası başa çatdıqdan 5 il sonra 4 il müddətində bərpa olunmuş layihədən mənfəət əldə etmiş su istifadəçilərindən xərclərin bir hissəsinin qaytarılması tələb edilir.

Təqdimatçı: Gülşən Əliyeva, “Karvan Əl İşləri Assosiasiyası”nın Direktoru

Fasilitator: Yəməntac Əmirova, Naxçıvan Aqrobiznes MMC

Assistent: Almaz Məmmədova, MS RƏO
AzKİL-in “İcma Şəbəkələşməsi ”proqramı çərçivəsində 10-11 Dekabr, 2007-ci il tarixdə İmişlidə keçirilən II Milli İcma İnvestisiya Konfransının I günündə, I sessiyada 3 müxtəlif təqdimat oldu. Onlardan biri də “Karvan” Əl İşləri Assosiasiyasının Nümayəndəsi Gülşən xanımın təqdimatı oldu.
Assosiasiyanın direktoru Gülşən xanım assosiasiya haqqında məlumat verərək bildirdi ki, bu assosiasiya 2001-ci ildə CHF Təşkilatı tərəfindən yaradılmışdır və 400 nəfərdən artıq üzvü vardır. 2006-cı ildə BMT Qafqaz-2 Festivalında sərgi nümayiş etdirmişdir. Bu təşkilat Məcburi Köçkün qadınların həyat tərzi və güzəranını yaxşılaşdırmaq məqsədilə yaradılmışdır. Belə ki, assosiasiyanın əsas məqsədi Məcburi Köçkün qadınların həyat səviyyəsini qismən yaxşılaşdırmaq, onları düşdükləri çətin vəziyyətdən çıxarmaq, qədim əl işlərini yaşatmaq, təkmilləşdirmək və gənclərə bu qədim sənətin sirlərini öyrətməklə onu yaşatmaqdır. Gülşən xanım qeyd etdi ki, qadınlarda bu bacarıqlar mövcud olsa da onlar pərakəndə formada fəaliyyət göstərirdilər, məhz CHF təşkilatının maliyyə dəstəyi və köməkliyi ilə aşağıdakı fəaliyyətlər həyata keçirilmişdir:

  • Ofis təşkil edildi;

  • Fond yaradıldı;

  • Üzvlər cəlb olundu;

  • Malların maliyyə uçotu işi təşkil olundu;

  • Beynəlxalq və daxili sərgilər keçirildi;

  • Malların müxtəlif yerlərdə və bazarlarda satışları təşkil olundu;

Fəaliyyətə başlamazdan qabaq CHF təşkilatı qadınlara Bacarıqların Artırılması sahəsində müxtəlif təlimlər vermiş və təcrübələr əldə etməsinə köməklik etmişdir:

  • Məlumatların toplanması;

  • Əlaqələrin qurulması;

  • Sənətkarlardan xalçaçılıq sahəsində bacarıqların öyrənilməsi;

  • Təbii boyalarla iplərin boyanması bacarıqlarının əldə edilməsi;

  • Marketinqin təşkili;

  • Biznesin qurulması;

Təqdimatçı bildirdi ki, assosiasiyada müxtəlif fəaliyyətlər aparılır. Belə ki toxuculuq, tikiş işləri, taxta üzərində oyma işləri, müxtəlif kurslar, qadın salonları fəaliyyət göstərirlər. Altı rayonda öz fəaliyyətini davam etdirən assosiasiya üzvləri müxtəlif sərgilərdə öz məhsullarını nümayiş etdirərək alıcı toplamaq qabiliyyətinə malikdirlər. Əvvəllər pərakəndə şəkildə fəaliyyət göstərən qadınların satışla bağlı bir çox problemləri olurdu. Onlar toxuduqları məhsulları bazara apararkən həm əlavə xərcin yaranması, həm də vaxt itkisinə səbəb olurdu. Assosiasiyanın yaranması qadınları bu problemdən azad etdi. İndi satış üzrə mütəxəssis tərəfindən bu işlər uğurla həyata keçirilir. Assosiasiyanın Bakı şəhərində müxtəlif yerlərdə mağazaları fəaliyyət göstərir. Müxtəlif çeşidli məhsullar “Dərgah” mağazasında alıcılara təklif edilir. Öz xüsusi nişanları ilə seçilən “Karvan” Əl İşləri Assosiasiyasının məhsulları dünyanın bir çox yerlərində keçirilən sərgilərdə birinci yer tutmuşdur. Türkiyədə keçirilən və BMT-nin təşkil etdiyi “Qafqaz-2” sərgisində də assosiasiyanın məhsulları nümayiş etdirilmişdir. Həmin sərgidə Quba xalçaçılıq fabrikinin direktoru Humay xanımla tanış olan Gülşən xanım yeni əlaqələrin qurulması üçün imkanlar əldə etmişdir. İndi assosiasiyanın üzvləri Quba xalça fabrikindən sifariş qəbul edir və toxunmuş məhsulların satışını həmin fabrik öz öhdəsinə götürür.

Satışdan gələn gəlirdən 10 % pul assosiasiyanın büdcəsinə verilir ki, bu da ofis xərcləri, avadanlıqların alınması, təmiri və digər xərclərin ödənilməsi üçün istifadə edilir. Assosiasiyanın tərkibində kredit proqramı da fəaliyyət göstərir. CHF təşkilatı assosiasiyaya birdəfəlik geri qaytarılmamaq şərti ilə vəsait vermişdir ki, həmin vəsait bu gün də kredit kimi üzvlərə verilir.

Təqdimatçı bildirdi ki, xammal üzvlər tərəfindən əldə edilir və təbii üsulla boyanır. Təbii otlardan hazırlanmış boyalar yüksək keyfiyyəti ilə seçilir. Yurdumuzun zəngin təbiətinin olduğunu vurğulayan təqdimatçı otların əldə edilməsində heç bir çətinliyin olmadığını bildirdi.

Gülşən xanım bildirdi ki, qədim əl işlərini yaşatmaq və təkmilləşdirmək üçün gəncləri kurslara dəvət edirik. Ustalar tərəfindən toxuculuğun sirləri gənclərə həvəslə öyrədilir.


Təqdimatçının “Karvan” Əl İşləri Assosiasiyası haqqında məzmunlu təqdimatından sonra qrupda iştirak edənlərdə maraqlı suallar yarandı və Gülşən xanım öz növbəsində bu sualları cavablandırdı.
1) Sabirabad rayon, Osmanlı icması Bəylər Məmmədov: Xalça toxunması və yaxud əşyaların düzəldilməsi üçün xammalı və alətləri haradan əldə edirsiniz?
Gülşən Əliyeva: Assosiasiyaya cəlb olunmuş qadınlar təşəbbüskarlıq göstərərək icma üzvlərindən yaşlı adamların evlərindən, muzeylərdən alətlər, əşyalar əldə etmiş, sonradan isə Assosiasiyanın əldə etdiyi gəlir hesabına lazımi avadanlıqlar alınmışdır.
2) AzKİL-in Direktoru Sübhan Əsgərov: Sizin təqdimatınızdan məlum oldu ki, 7-8 ildir fəaliyyət göstərirsiniz. Sizin gördüyünüz işlər qadınların vəziyyətini yaxşılaşdırırmı və bununla bağlı qiymətləndirmə aparmışsınızmı?
Gülşən Əliyeva: Ümumiyyətlə, bu fəaliyyətin ilk əvvəl köçkün düşmüş qadınlara çox müsbət psixoloji təsiri olmuşdur. Ehtiyac içində olan qadınlar həm də o zaman mənəvi cəhətdən də gərgin vəziyyətdə idilər, ona görə də onlarda maraqların ortaya çıxarılması, onların bacarıqlarına dəyər verilməsi və hətta onların işlərindən əldə edilən gəlir hesabına maddi-rifah hallarında dəyişikliklərin olması əhalidə bu qadınların işinə hörmət və inamı artırmışdır.

3) Qazax rayonu, Qurban Babayev: Təbii boyaqları haradan alırsınız?
Gülşən Əliyeva: Torpağın bəxş etdiyi boyalardan və CHF təşkilatının açdığı boyaq sexi vasitəsilə əldə edilir.
4) DB-nın Tapşırıq Qrupunun üzvü İmocen Veyd: CHF bu assosiasiyanı yaratmaq üçün sizə nə kimi bacarıqlar verib və nə kimi öyrənilmiş dərslər əldə edilib?
Gülşən Əliyeva: Təlimlər verilib, Britaniyadan Məsləhətçi Qrupu dəvət olunub və onlar əl işlərinə dizayn verilməsi, xalçaçılığın ümumi ənənələrinin yaşanması, məlumatların toplanması yolları və təbii boyaqların alınması yolları haqqında məsləhətlər veriblər.

Öyrənilmiş Dərslərə gəldikdə isə xalçaçılıq nümunələrini uzun illər yaşatmaq üçün bizim geniş əlaqə sistemimiz olmalıdır və biz öz təcrübələrimizi yaymaq və yeniləşdirmək üçün bu sahədə əlaqələrimizi gücləndirməliyik.


5) Naxçıvan MR, Yarımca icması, Kənan Məmmədov: Satış mərkəziniz və satdığınız malların üzərində sizin assosiasiyanı əks etdirən etiket varmı?
Gülşən Əliyeva: Bəli, satış mərkəzimiz Bakı şəhərində “Dərgah” mağazasıdır.
6) “Ümid” Humanitar Sosial Dayaq Mərkəzinin nümayəndəsi Sabirə Mehdiyeva: Gənclərlə hansı istiqamətdə işlər görürsünüz? Qızları necə cəlb edirsiniz?
Gülşən Əliyeva: Assosiasiyanın fondundakı vəsait hesabına kurslar təşkil olunmuşdur, bu kurslara gənclər, o cümlədən qızlar cəlb edilir. Kurslarda onlara milçə vasitəsi ilə corab, paltar toxumaq və taxta məmulatlarından müxtəlif suvenirlərin hazırlanması öyrədilir.
7) DB-nın Tapşırıq Qrupunun Sosial İnkişaf üzrə mütəxəssisi Satoşi İşihara: Yerli Bələdiyyə və İcra Orqanları sizin işinizə hansı köməklik və dəstəyi verir?
Gülşən Əliyeva: Bələdiyyə və İcra nümayəndəliyi mənəvi dəstək göstərirlər.
8) AzKİL-in Direktor Müavini, İcma İnkişafı Meneceri, Gülbəniz Qənbərova: Siz bu layihənin, yaxud həyata keçirdiyiniz işlərin dayanıqlığını necə təmin edirsiniz?
Gülşən Əliyeva: Təbii ki, şəffaflığı qorumaqla. Bundan başqa CHF tərəfindən bütün üzvlərə işlərini davam etdirmək və gəlir əldə etmək məqsədi ilə 2% şəklində kreditlər verilir, belə olduqda daha çox üzvlər cəlb olunur, eyni zamanda maddi-rifah halları yaxşılaşdırılır.
Beləliklə, maraqlı keçən müzakirələrin sonunda təkliflər də verildi. Bu da ondan ibarət oldu ki, indiki dövrdə reklam xidmətlərindən istifadə etmək və fəaliyyətlərin kataloqda əks etdirilməsi vacib elementdir. Belə olan təqdirdə “Karvan” Əl İşləri Assosiasiyasının milli ornamentə söykənən işləri haqqında daha çox məlumat əldə edilər və daha çox alıcı cəlb edilmiş olar.

Müzakirələrin yekununda AzKİL-in Direktoru Sübhan Əsgərov konfransın əsas məqsədinin insanları bir-birinə tanıtmaq və onlarda bacarıqları ortaya çıxarmaq olduğunu vurğuladı. O, qeyd etdi ki, assosiasiyanın əl işlərini əks etdirən sərginin bu gün təşkil edilməsi daha yaxşı olardı.



Təqdimatçı: Karli Ecinqton, Beynəlxalq Sülh Korpusunun (BSK) Göyçay rayonundakı

əməkdaşı, Embler, BSK İmişli rayonundakı əməkdaşı

Fasilitator: Aidə Babayeva, “ELAT” AKM Baş Səfərbərçi

Assistent: Əşrəf Nəsirov, Muğan-Salyan RƏO İİ İşçisi

Təqdimatçı Karli Ecinqton Beynəlxalq Sülh Korpusu haqqında məlumat verərək bildirdi ki, Amerika müstəqil təşkilatı olan BSK Conef Kennedi tərəfindən yaradılıb.

BSK-nın yaradılmasında məqsəd dunyanın her yerindən Amerikaya gələn insanların dünyaya sülhü yayması olmuşdur. Hazırda BSK-nın 180 min könüllüsü dünyanın 138 ölkəsində fəaliyyət göstərir. Eləcə də, 2003-cü ildən Azərbaycanda BSK-nın 180 nəfər könüllüsü fəaliyyət göstərmişdir ki, hazırda 48 kişi, 37 qadın olmaqla 85 nəfər könüllü Azərbaycanda fəaliyyət göstərir. Bunlardan 41 nəfəri ingilis dilinin tədrisi, 30 nəfəri icmanın iqtisadi inkişafı, 14 nəfəri isə gənclərin inkişafı ilə məşğuldur.

BSK Azərbaycanda üç əsas istiqamətdə fəaliyyət göstərir:



  • 2003-cü ildən - Azərbaycanda ingilis dilinin tədrisi

  • 2005-ci ildən – İcmanın İqtisadi İnkişafı

  • 2007- ci ildən – Gənclərin inkişafı

Bu fəaliyyətləri göstərməkdə əsas məqsədlər:



  • Dünya arenasına çıxmaq üçün gənclərə ingilis dilinin öyrədilməsi - bu zaman ingilis dilinin öyrənilməsi metodologiyası, resurslardan, kitab və audo kasetlərdən istifadə qaydaları öyrədilir.

  • İcmanın İqtisadi İnkişafı proqramında könüllülər şəhər, rayon və kəndlərə gedirlər. İcmanın İqtisadi İnkişafını təmin etmək üçün, onun problemlərini, resuslarını öyrənib müəyyən layihələr həyata keçirirlər.

  • Gənclərin inkişafı proqramında isə onlara ingilis dilinin öyrədilməsi, gələcəkdə sahibkar kimi fəaliyyət göstərmək üçün səmərəli proqramlar və sağlam ailə qurmaq yolları öyrədilir.

Bu proqramlar 4 səviyyədə inkişaf etdirilir:



  • Fərdi

  • Xidmət təchizatçıları

  • Təşkilatlar

  • İcmalar

Proqramların həyata keçirilməsi zamanı könüllülər 8029 fərdə, 142 təşkilata, 1023 Təchizat qurumuna köməklik göstərməklə 100-dən artıq layihə həyata keçirmişlər. Bu layihələrə misal olaraq ingilis dilli yerli yay düşərgələrinin təşkili, ingilis dilində Azərbaycan tamaşalarının hazırlanması, kimsəsiz uşaqlara könüllülərin xidmət göstərməsi, qadınların əl işlərinin təşkili və bazara çıxarılması və digər layihələri qeyd etmək olar.
Təqdimatdan sonra sual-cavab sessiyası keçirildi.
1) İmişli rayonu, Mürsəlli icması, İldırım müəllim: BSK hansı ölkələrdə fəaliyyət göstərir?
Karli Ecinqton: Onu deyə bilərəm ki, Cənubi Qafqazda BSK Azərbaycan və Gürcüstan respublikalarında fəaliyyət göstərir. Ermənistan respublikasında isə bizim fəaliyyət göstərməyimizə şərait olmadığı üçün orada işləmirik.
2) Biləsuvar rayon, Aşağı Cürəli icması, Fazil Musayev: BSK könüllülərini icmalara hansı qaydalarda dəvət etmək olar?
Karli Ecinqton: Könüllüləri icmalara dəvət etmək üçün BSK-nın Bakı ofisinə müraciət etmək lazımdır. Bundan sonra əməkdaşlarımız icmaya səfər edir və icmada könüllülərin fəaliyyət göstərməsinə şəraitin olması yoxlanılır və bunun üçün rəsmi zəmanət alınır.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə