İçindəkilər Noyabrın 24-də msk kiV nümayəndələri üçün brifinq keçirib




Yüklə 42.88 Kb.
tarix20.04.2016
ölçüsü42.88 Kb.
MÜŞAHİDƏ

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həftəlik

Bülleteni

4 (4) noyabr



21 noyabr – 30 noyabr, 2009-cu il

İçindəkilər

  • Noyabrın 24-də MSK KİV nümayəndələri üçün brifinq keçirib

  • Bələdiyyə seçkiləri kampaniyasında namizədlərin rəsmi qeydiyyata alınması mərhələsi başa çatıb
  • Bələdiyyə seçkiləri ilə əlaqədar noyabrın 25-də təşviqat kampaniyasına start verilib

  • 500 məntəqədə "veb-kamera"qurulacaq


  • SMDT Aralıq Hesabatını təqdim edib

  • SMDT bölgələrdə Vətəndaş Forumları keçirib

  • Vətəndaş Həmrəyliyi Partiyası partiya namizədlərin irəli sürülməsi prosesindəki təzyiqləri pislədi

Noyabrın 24-də MSK KİV nümayəndələri üçün brifinq keçirib

MSK-nın sədri dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı xatırladıb ki, seçkilərdə 1718 bələdiyyəyə 15 min 682 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə 4 min 813 seçki məntəqəsi fəaliyyət göstərəcəkdir. Noyabrın 23-ü dairə seçki komissiyalarında qeydiyyatla bağlı müraciətlərə baxılması üçün sonuncu gün idi. MSK-ya daxil olan ilkin məlumatlara görə, 33 min 856 nəfər imza vərəqələrini qaytaran iddiaçı olubdur. 444 namizəd sənədlərin təqdim olunması mərhələsində, 526 nəfər isə qeydiyyata götürüldükdən sonra sənədlərini geri alıbdır. Yekunda 31 min 861 qeydiyyatdan keçibdir. Əlbəttə, bunlar tam məlumatlar deyil Dairə seçki komissiyaların təxminən əksəriyyətindən MSK-a rəqəmlər daxil olub. Ümumilikdə siyahılarında 30 partiyanın adı çəkilir.

M. Pənahov noyabrın 25-dən başlayaraq namizədlərin seçkiqabağı təşviqatına start veriləcəyini də diqqətə çatdırıb. Sonra M.Pənahovun sədrliyi ilə MSK-nın növbəti iclası keçirilib.

Əvvəlcə dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində veb-kameraların tətbiq edilməsinə dair məsələyə baxılıbdır. MSK qərara alıb ki, bələdiyyə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılsın.

Sonra bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən ikisi əsassız hesab olunaraq təmin edilməyib, digərlərinin isə araşdırma müddətinin uzadılması barədə qərar çıxarılıb.

MSK-nın iclasında cari məsələlərə də baxılıb. İclasda Seçki Sitemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. (“Azərbaycan” qəzeti)






Bələdiyyə seçkiləri kampaniyasında namizədlərin rəsmi qeydiyyata alınması mərhələsi başa çatıb.




MSK açıqlamasında məlum olub ki, bələdiyyə seçkilərində 31 861 namizəd iştirak edəcək. Bu namizədlər 1718 bələdiyyədə olan 15 682 bələdiyyə üzvü yerinə iddialıdır. Bələdiyyə üzvlüyünə namizədlərin 16 020 –si ali təhsilli, 166 nəfər natamam ali, 8938 nəfər orta təhsilli, 6737 nəfər orta ixtisas təhsilli şəxslərdir. Seçkilərdə 6222 nəfər qadın bələdiyyə üzvlüyünə namizəd olaraq qatılıb.

Hakim YAP 15 388, Ana Vətən Partiyasının 120, Vətəndaş Həmrəyliyi Partiyasının 223, Müsavat Partiyasının 125, Demokratik Azərbaycan Dünyası Partiyasının 76, Ümid Partiyasının 375, Kommunist Partiyasının 7, Azərbaycan Vətənpərvərlər Partiyasının 4, Sosial Rifah Partiyasının 8, Sosial Demokrat Partiyasının 1, Liberal Demokrat Partiyasının 4, Müasir Müsavat Partiyasının 22, Demokratik İslahatlar Partiyasının 72, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 238, Böyük Quruluş Partiyasının 285, Vətəndaş Birliyi Partiyasının 31, Vətəndaş və İnkişaf Partiyasının 1, Milli Demokrat Partiyasının 10 namizədi rəsmi qeydə alınıb.

Seçkilərə 11 331 nəfər bitərəf qatılıb. Namizədlərin 382 nəfəri isə partiya mənsubiyyətini göstərməyib. Qeyd edək ki, namizədlərin irəli sürülməsi mərhələsində bələdiyyə seçkiləri ilə bağlı 35 076 nəfərin namizədliyi təsdiq edilib. Dairə seçki komissiyalarında müxtəlif səbəblərə görə 3215 nəfərin namizədliyinin qeydə alınmasından imtina edilib. Öz təşəbüssü ilə seçkiyə qoşulanlar arasında da YAP-çılar üstünlük təşkil edir. Onların sayı 17 688-dir. Bununla da bələdiyyə seçkilərində iştirak edəcək hakim partiya təmsilçilərinin sayı 33 mini keçir. Bu siyahıda sayı 11 331 olan bitərəflər isə ikinci yerdə gəlir. Digər partiya mənsublarının sayı isə YAP-çılardan dəfələrlə azdır.

Partiyaların bəziləri namizədlərinin əksəriyyətinin qeydə alınmadığını və təzyiqlərlə seçkidən imtinaya məcbur edildiyini bəyan eləyiblər. Ən çox namizəd seçkidən kənarda saxlanan partiyalar Müsavat və Ümiddir. Müsavat Partiyasının qeydə alınmayan və təzyiqlərlə seçkidən kənarlaşdırılan namizədlərinin sayı 1000-dən yuxarıdır. Ümid Partiyasıdan partiya siyahısı ilə namizədliyi irəli sürülən 2200 nəfər təzyiqlər və şantaja məruz qoyularaq seçki prosesindən uzaqlaşdırılıb. Ümid Partiyasından 900-dən çox bələdiyyə subyekti üzrə 4000 nəfərə yaxın şəxs namizədliyini irəli sürüb. Lakin hakimiyyət dairələrinin müxtəlif təzyiqlər nəticəsində bu gün cəmi 400 nəfərə yaxın namizəd qeydə alınıb.


Bələdiyyə seçkiləri ilə əlaqədar noyabrın 25-də təşviqat kampaniyasına start verilib





Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar noyabrın 25-də təşviqat kampaniyasına start verilib. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinə istinadən verilən məlumata görə, noyabrın 23-ü dairə seçki komissiyalarında qeydiyyatla bağlı müraciətlərə baxılması üçün sonuncu gün idi. MSK-ya daxil olan ilkin məlumatlara görə, 33 min 856 nəfər imza vərəqələrini qaytaran iddiaçı olub. 444 namizəd sənədlərin təqdim olunması mərhələsində, 526 nəfər isə qeydiyyata götürüldükdən sonra sənədlərini geri alıb.  Yekunda 31 min 861 nəfər qeydiyyatdan keçib. Amma bunlar son rəqəmlər deyil. Dairə Seçki Komissiyaların təxminən 80 - dən MSK-a rəqəmlər daxil olub. Ümumilikdə siyahılarda 30 partiyanın adı çəkilir.  Qeyd edək ki, seçkilərdə 1718 bələdiyyə üzrə 15 min 682 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə 4 min 813 seçki məntəqəsi fəaliyyət göstərəcək. Kampaniya 28 gün davam edəcək və səsverməyə 24 saat qalmışa - 22 dekabr saat 08.00-da dayandırılacaq. Kampaniya dövründə namizədlərin qapalı və açıq yerlərdə seçicilərlə görüşlər keçirmək, seçki komissiyaları tərəfindən müəyyən olunmuş yerlərdən təşviqat materialları asmaq, mətbuatda və telekanallarda təbliğat aparmaq, seçicilərə təşviqat materialları paylamaq hüququ var. Bütün namizədlər telekanallarda və mətbuatda təbliğatı ödənişli qaydada apara bilərlər. Ölkə ərazisində yerləşən bələdiyyələrin yarıdan çoxundan namizəd irəli sürdüyü üçün ancaq Yeni Azərbaycan Partiyası İctimai Televiziya və İctimai Radioda, həmçinin dövlət qəzetlərində pulsuz təbliğat aparmaq hüququnu qazanıb. YAP isə təbliğat kampaniyasına partiyanın ehtiyac duymadığını bildirərək, bu hüquqdan imtina edib.

500 məntəqədə "veb-kamera" qurulacaq





Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk öncə dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin səsvermə prosesində seçki məntəqələrində “veb-kamera”lardan istifadə təcrübəsinin tətbiq edilməsi müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən MSK katibi Natiq Məmmədov bildirib ki, seçki prosesinin geniş ictimayyət tərəfindən izlənilməsi bu üçün çox vacibdir. O bu üsulun ilk dəfə Azərbaycanda həyata keçirildiyini deyib.N.Məmmədov bildirib ki, “veb-kameralar” məntəqə seçki komissiyalarının 10 faizindən çoxunda quraşdırılmaqla, ümumilikdə 500 sayda məntəqəni əhatə edəcək. Komissiya üzvləri təklifi müzakirə edərək qəbul ediblər. “Veb-kamera”ların məntəqələrdə quraşdırılması Seçkilər İnformasiya Mərkəzinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və yerli icra hakimiyyətlərinə tapşırılıb.Sonra MSK üzvləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş müraciətlərə baxıblar. (“Səs” İnformasiya Agentliyi)


Azərbaycanda bir qrup qeyri-hökumət təşkilatları azərbaycanlı bloggerlər - Emin Abdullayev (Milli) və Adnan Hacızadənin hüquqlarının qorunması işində göstərilən diqqət və qayğıya görə Almaniya Respublikası Xarici İşlər Naziri, Norveç Xarici İşlər Naziri, Britaniya Xarici İşlər nazir müavini və İsveç Xarici İşlər Nazirliyinə təşəkkürnamə göndəriblər. Təşəkkürnamədə bildirilib ki, ölkədə fundamental insan hüquqlarının pozulması adi hala çevrilib və mövcud demokratik institutlar bu sahədə irəliləyiş əldə etmək üçün öz töhfələrini verməyə çalışırlar. Bu işdə onlara kömək edən təşkilatların işinin yüksək qiymətləndirilməsi təşəkkürnamədə öz əksini tapıbdir. Təşəkkürnaməni 25-dən çox Qeyri-Hökumət Təşkilatları imzalayıb.


SMDT 23 dekabr Aralıq Hesabatını təqdim edib.


SMDT dekabr 23-də keçiriləcək bələdiyyə seçkilərinin birinci mərhələsini – namizədlərin irəli sürülməsi və qeydiyyatını (8 oktyabr – 23 noyabr, 2009-cu il) həyata keçirib. Bu mərhələdə SMDT 95 seçki dairəsində və milli səviyyədə seçkiqabağı siyasi mühit, seçki komissiyalarının fəaliyyəti, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini müşahidə edib. Müşahidə üzrə məlumatlar həmçinin zərurət yarandıqda seçki komissiyalarının üzvlərində, seçicilərdən namizədlərdən və ya onların nümayəndələrindən alınaraq üçüncü şəxslərlə dəqiqlləşdirilib.

SMDT hesab edir ki, bələdiyyə seçkiləri dəyərləndirilərkən, seçki prosesinin bütün mərhələləri – seçkidə sərbəst iştirak imkanları, səsvermə və səslərin hesablanması üzrə ayrlca qiymətləndirmə aparılmalı və bu zaman azad və ədalətli seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəliklərə istinad olunmalıdır.

SMDT narahatlıqla qeyd edir ki, 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin ilk mərhələsində siyasi fəallıq və seçkilərə ictimai maraq 2004-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə xeyli aşağı olub. Eyni zamanda yerli icra hakimiyyətləri seçkilərə qatılmaq istəyən müxalif siyasi partiya fəallarına təzyiqlər etməklə, həm seçkilərə kənar müdaxilələr, həm də seçkilərdə rəqabətin süni olaraq azaldılmasına rəvac veriblər.

SMDT hesab edir ki, Mərkəzi Seçki Komissiyası öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə həyata keçirib. Ancaq namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində Dairə Seçki Komissiyalarının fəaliyyətində ciddi qanun pozuntuları qeydə alınsa da, bunla bağlı MSK-nın reaksiyası adevkat olmayıb.

SMDT qeyd edir ki, Azərbaycan seçki sisteminə vətəndaşların göstərdiyi inamsızlıq bələdiyyə seçkisində daha açıq şəkildə təzahür edib. Bunun əsas səbəblərdən biri bələdiyyələrin səlahiyyətlərinin aşağı olması, müstəqil yerli özünidarəetmə institutu kimi formalaşmaması və yerli icra hakimiyyətlərindən asılı olmasıdır.





SMDT bölgələrdə Vətəndaş Forumları keçirib

Vətəndaş Forumlarında əhalinin seçki proseslərinə marağının azalması vurğulanıb




Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr Bələdiyyə Seçkilərinə hazırlıqla əlaqədar Vətəndaş Forumlarını keçirməyə başlayıb. Bu məqsədlə, SMDT icraçı direktoru Bəşir Süleymanlı Mingəçevir və Göyçay şəhərlərində keçirilən Vətəndaş Forumlarında iştirak edib.

Noyabr 23-də Mingəçevir şəhərində keçirilən Vətəndaş Forumunda bələdiyyə seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi və qeydiyyatı məsələləri müzakirə olunub. Bəşir Süleymanlı bələdiyyə seçkilərində namizədlərin qeydə alınması mərhələsi barədə iştirakçılara məlumat verib. Vətəndaş və İnkişaf Partiyasının Mingəçevir şəhər təşkilatının rəhbəri Natiq Hüseynov seçicilərin bələdiyyə seçkilərinə olan inamsızlığını bələdiyyələrin fəaliyyətsizliyi və icra hakimiyyəti tərəfindən səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqələndirib. Müsavat Partiyasından bələdiyyə seçkilərinə namizəd kimi qeydə alınan Ağahüseyn Mahmudbəyli Müsavat partiyasından olan 6 namizədə güclü təzyiqlərin edildiyi və nəticədə, 4 namizədin öz namizədliyini geri götürdüyünü bildirib. SMDT könüllüsü Bəliyar Baxışov isə bələdiyyələr, eləcə də bələdiyyə seçkiləri ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyacın olduğunu deyib. Vətəndaş Forumunda könüllülər, bələdiyyə üzvləri, siyasi partiya nümayəndələri və QHT üzvləri olmaqla, 22 nəfər iştirak edib.

Noyabr 24-də Göyçay şəhərində keçirilən Vətəndaş Forumunda Bəşir Süleymanlı bələdiyyələr, onlara keçirilən seçkilər, SMDT-nin bu istiqamətdə fəaliyyəti və müşahidəçilik institutunun müsbət tərəfləri barədə iştirakçılara məlumat verib. Məktəb müəllimi Telman İsmayılov bələdiyyə seçkilərində təzyiqlərdən söhbət açaraq, təzyiqlərin bir mərkəzdən idarə olunduğunu bildirib. Göyçay Bələdiyyəsinin üzvü Əlimövsüm Rəhimov bələdiyyələrlə bağlı qanunların işləməməsindən narahat olduğunu qeyd edib. AXCP nümayəndəsi Səmid Məmmədov seçki prosesində qanun pozuntularından söhbət açaraq, seçkilərə namizədlərin icra hakimiyyəti tərəfindən əvvəlcədən təyin edildiklərini və bunun nəticə etibarı ilə əhalidə seçkilərə marağın azalmasına təsir etdiyini vurğulayıb. Göyçayda keçirilən Forumda siyasi partiya nümayəndələri, bələdiyyəyə namizədlər və bələdiyyə üzvləri olmaqla 24 nəfər iştirak edib.

27 noyabrda, 19 nəfərdən ibarət olmaqla SMDT-nin Cəlilabad bölgə koordinatorluğu Cəlilabad şəhərində İctimai Forum təşkil edib. SMDT-nin Cəlilabad bölgə koordinatoru Səməd Ağayev mövcud problemlər, seçkilərdə olan təzyiqlər barədə söz aç;b və bölgə təlimçilərinə təlim keçibdir.

Vətəndaş Forumları Kanada səfirliyinin maliyyə və texniki dəstəyi ilə həyata keçirilir.







Vətəndaş Həmrəyliyi Partiyası partiya namizədlərin irəli sürülməsi prosesindəki təzyiqləri pislədi

23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində VHP namizədlərin qeydə alınması prosesi psixoloji və siyasi təzyiqlərlə müşayiət olunub. Müxtəlif seçki dairələri üzrə namizədliyi irəli sürülən partiya üzvlərinə qarşı həm imzatoplma kampaniyası zamanı, həm də namizədlərin qeydə alınmasında bu vaxta qədər müşahidə olunmamış şəkildə və səviyyədə təzyiqlər baş verib.

VHP bəyanatında vurğulayıb ki, imza verən vətəndaşlar icra nümayəndələri tərəfindən öz imzasından imtinaya məcbur edilib və nəticədə bir sıra DSK-larda namizədlər qeydə alınmayıb. Namizədliyi qeydə alınan VHP-çılar şantaj, hədə-qorxu və yaxınlarının işdən kənarlaşdırılacağı ilə namizədlikdən imtinaya məcbur edilib. DSK-larda namizədliyin qeydə alınması üçün toplanan imzaların guya saxta olduğu bildirilərək qeydiyyatdan imtina edilib, yalnız MSK-a edilən müraciətlərdən sonra müəyyən qisminin haqqı bərpa edilib. Nəticədə, bir çox VHP üzvləri bu təzyiqlərə görə seçkidən kənarlaşdırıb.



Bulletenin redaktoru: Ruslan İsmayıl-zadə



SMDT Media və İctimaiyyətlə Əlaqələr üzrə Meneceri
Əlaqə: electronbulleten@yahoo.com



Bu Bülleten Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi tərəfindən Kanada Səfirliyinin dəstəyi ilə həyata keçirilən proqram “2009 Bələdiyyə Seçkilərində seçki təcrübəsinin təkmilləşdirilməsinə yardım”çərçivəsində hazırlanır.
SMDT ilə əlaqə

Azərbaycan, Bakı, AZ 1007, Vaqif prospekti 3/156

Faks: (994 12) 596 22 94;

Tel: (994 12) 596 22 94;

E-mail: emc.az2001@gmail.com ; aspyo@yahoo.com







SMDT seçki sisteminin inkişafı və demokratik dəyərlərin müdafiəsi yönündə çalışan milli qeyri-hökumət təşkilatıdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə