I beynəlxalq konfrans Azərbaycan Respublikasi Təhsil Nazirliyi




Yüklə 4.39 Mb.
səhifə19/31
tarix22.02.2016
ölçüsü4.39 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

РЕЗЮМЕ


Данная статья посвящена фоносемантическому развитию корневых мор­фем. Aвтор доказы­вает что для того, чтобы проследить лексико-семантическое развитие корневых морфем в тюркских языках необходимо изучить формирование их фонетической структуры.
Məlikova Zümrüd
AVROPA İTTİFAQI VƏ AZƏRBAYCAN:

ƏMƏKDAŞLIĞIN YENİ MƏRHƏLƏSİ
XX əsrin son onilliklərində baş verən qlobal proseslər,soyuq müharibənin başa çat­ması fonunda sosializm düşərgəsi və SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühi­tin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında meydana çıxan yeni müstəqillik əldə etmiş dövlətlər beynəlxalq müna­sibətlər sisteminə qatılmaqla öz xarici siyasət kursuna uyğun xarici siyasət həyata keçirməyə başladılar.

Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikası müstəqilliyini bərpa edərək 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etdi və milli dövlətçilik prinsiplərinə uyğun xarici siyasət kursunu formalaşdırıb həyata keçirməyə başladı.Qısa zaman ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası nüfuzlu təşkilatlar olan BMT,ATƏT,İKT,Avropa Şurası və digər təşkilatlara üzv qəbul edildi.Həmçinin Avropa Birliyi,NATO kimi təşkilatlarla sıx əlaqələr yaratmağa nail oldu.

Mühüm hərbi-siyasi və iqtisadi güc mərkəzlərindən biri olan Avropa Birliyi ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən olmuşdur.[1,s.217] Digər beynəlxalq təşkilatlar kimi Avropa Birliyi də Sovet İttifaqı dağıldıqdan sonra postsovet ölkələri ilə əməkdaşlıq etməyə tələsdi.Avropa Birliyi üçün Azərbaycan Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən və Avropa İttifaqının Qafqazda gələcək regional müttəfiqi olmaq üçün böyük potensiala malik bir ölkə oldu.Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətlərin inkişafı üç ardıcıl mərhələlərə bölünə bilər:


  • 1991-ci ildən 1999-cu ilədək (yardım mərhələsi)

  • 1999-cu ildən 2006-cı ilədək (əməkdaşlıq mərhələsi)

  • 2006-cı ildən bu günə qədər (sıx əməkdaşlıq və tərəfdaşlıq mərhələsi)

Avropa İttifaqı Azərbaycan üçün texniki yardım proqramının həyata keçirilməsi prosesinə 1991-ci ildə başlamışdır.1992-ci ildə Azərbaycan Hökuməti bu proqramın milli səviyyədə icra edilməsini təkmilləşdirmək məqsədilə Avropa İttifaqının Texniki Yardım Proqramı(TACİS) üzrə Milli Koordinasiya Bürosunu(MKB),yəni əlaqələndirmə və inzibati məqsədlər üçün milli səlahiyyətli orqan təsis etmişdir.Milli Koordinator müttəfiq ölkədə Aİ-nin əsas tərəfdaşıdır və Azərbaycanda O, Prezident Fərmanı ilə təyin olunur.Hal-hazırda İqtisadi İnkişaf Naziri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı Milli Koordinatorudur. MDB üzvləri,o cümlədən Azərbaycan üçün hazırlanmış TACİS proqramının əsas məqsədi Avropa Birliyi və Azərbaycan arasında iqtisadi və siyasi əlaqələrin təkmilləşdirilməsidir. [2,s.13-14]

Zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan Avropa İttifaqının üzvləri 1996-cı il aprelin 22-də Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi(TƏS) imzaladılar.1999-cu ilin 22 iyun tarixində qüvvəyə minən bu Saziş Azərbaycan üçün Avropa İttifaqı ilə daha sıx əməkdaşlığın yeni mərhələsi demək idi. [9] TƏS-nin imzalanmasından sonra Sazişin icrasını asanlaşdırmaq məqsədilə Avropa İttifaqı texniki yardımı təmin etməyə davam etdi.Fərdi olaraq,Avropa İttifaqı “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında TƏS-in icrasına dəstək”Layihəsini(TƏS Layihəsi)maliyyələşdirdi.Bu layihənin birinci mərhələsi 2002-ci ildə həyata keçirilmişdir.31 ay davam edən ikinci mərhələ isə 2004-cü ilin yanvar ayında başlanmış,üçüncü mərhələ 2006-cı ilin avqust ayında başlanmış və 13 ay davam etmişdir.

Əlli ilə yaxın müddət ərzində inkişaf edərək yeniləşən, eninə və dərininə genişlənən Avropa İttifaqı öz tarixində ən böyük genişlənməni 2004-cü ildə həyata keçirdi.Nəticədə on ölkə Aİ-na eyni zamanda üzv qəbul edildi.2007-ci ildə həyata keçirilən növbəti genişləmə ilə(Rumıniya və Bolqarıstan)Aİ-nın sərhədləri şərqə və Qara dəniz sahillərinə qədər uzandı.Aİ-nın son genişlənmələri təşkilatı yeni qonşularla münasibətlərinə yenidən baxmağa vadar etdi.Avropa Komissiyası yeni qonşu ölkələr ilə bağlı Avropa Qonşuluq Siyasəti(AQS)adlanan yeni strategiya tərtib etmişdir.2007-ci ildə TACİS proqramı Avropa Qonşuluq və Əməkdaşlıq Mexanizmi (AQƏM) adlanan yeganə mexanizm ilə əvəz olundu.Azərbaycan AQƏM kontekstində texniki yardımın yeni formaları ilə təmin olunmağa başladı.Avropa Qonşuluq Siyasətinin əsas məqsədi müttəfiq ölkələrin Avropa İttifaqına üzv olması deyil.AQS Avropa İttifaqı və müttəfiq ölkələr arasındakı münasibətləri möhkəmləndirən bir vastədir.AQƏM qonşu ölkələr-əməkdaşlar arasında əməkdaşlıq imkanlarını genişləndirdi.Bu isə müttəfiq ölkələrin Avropa İttifaqının bazarlarına azad şəkildə daxil olması daxil olmaqla inteqrasiyanın yeni mərhələsində əməkdaşlıq üçün perspektivlər yaratdı.Bu həmçinin qonşu ölkələrdə stabilliyin, təhlükəsizliyin və rifahın təmin olunmasına zəmanət yaratmış oldu.Avropa İttifaqı üçün qonşu ölkələrlə əməkdaşlıq xüsusi önəm daşıyır.Avropa İttifaqının xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdner “Avropa Birliyinin təhlükəsizliyi və sabitliyi Şərqi Avropa və Cənubi Qafqazdan asılıdır”.-fikrini söyləməklə Cənubi Qafqaz regionunun mühüm əhəmiyyət daşıdığını, Azərbaycanın isə bu təşkilat üçün önəmli tərəfdaş olduğunu vurğulamışdır.[8]

Aİ AQS-ni 2007-ci ildən etibarən TACİS alətini əvəz edən yeni maliyyə aləti olan “Avropa Qonşuluq Siyasəti Aləti” (AQSA) vasitəsi ilə tətbiq edir. Demək olar ki, müstəsna olaraq texniki yardım təmin edən TACİS-dən fərqli olaraq bu AQSA məsələn sektorlara büdcə yardımı kimi puldan istifadə olunmasına imkan verir və hətta bunu təşviq edir.AQSA-nın illik büdcəsi 1,6 milyard avrodur və bu 17 ölkə üzrə paylanır. 2007-2010-cu illər üçün Azərbaycan Respublikasına 92 milyon avro ayrılmışdır ki, onun 19 milyon avro məbləğində hissəsi 2007-ci ildə və 22 milyonu 2008-ci ildə təqdim olunmuşdur.[10] 14 milyon avro məbləğində qrant 2007-ci il büdcəsinin bir hissəsidir. Bu enerjinin səmərəliliyinin artırılması və Azərbaycanda alternativ enerji mənbələrindən istifadəyə sərf olunacaq.[4, s.55]

Avropa Qonşuluq Siyasəti Avropa İttifaqına torpaq və ya dəniz vasitəsilə birbaşa qonşu olan ölkələrə tətbiq olunur: Azərbaycan, Belarus, Əlcəzair, Ermənistan, Gürcüstan, İsrail, İordaniya, Livan, Liviya, Misir, Moldova, Mərakeş, Fələstin Muxtariyyəti, Suriya, Tunis və Ukrayna. Rusiya ilə birbaşa qonşu olan Avropa İttifaqı bu ölkə ilə fərdi münasibətlər qurmuşdur. Qeyd edilməlidir ki, Avropa İttifaqının şərqə doğru genişlənməsi Rusiya tərəfindən müsbət qarşılanmır və Rusiya rəsmiləri dəfələrlə Avropa İttifaqının genişlənməsinə öz təhlükəsizlikləri üçün təhdid kimi baxdıqlarını bəyan etmışlər.

Azərbaycan, eləcə də digər iki Cənubi Qafqaz ölkələri üçün tədbirlər planları beş illik müddətə imzalanıb və onlar, icra edilməli normalar, standartlar və öhdəliklərlə bağlı milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasını və ticarət qaydalarının qəbul edilməsini dəstəkləyir. Azərbaycanın Avropaya inteqrasiya olmaq arzusu 1 iyun 2005-ci il tarixində Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyasını təsis edən Azərbaycan Respublikasının Prezidentinin 834 saylı Sərəncamı ilə ifadə edilmişdir.

Azərbaycana dair tədbirlər planında 4.2-ci maddəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi haqqında müddəa da daxildir. Bu müddəa BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və ATƏT-in sənədlərinə müvafiq olaraq ATƏT-in Minsk Qrupu tərəfindən təmin olunan siyasi yardımı dəstəkləyir. Lakin bu sənədin mənfi tərəfi odur ki, Moldova və Gürcüstanla imzalanmış tədbirlər planından fərqli olaraq Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyü və suverenliyinə dair heç bir istinad edilmir. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmaqla sülh yolu ilə həll edilməsi müddəasının olmaması Moldovaya və Gürcüstana dair tədbirlər planının daxili münaqişələrin həll edilməsinə dair müddəaları ilə ziddiyyət yaradır.[3,s.17]

Qeyd etmək lazımdır ki,enerji sektorunda əməkdaşlıq Azərbaycana dair tədbirlər planının əsas hissəsidir:Avropa İttifaqı vəAzərbaycan arasında Strateji Əməkdaşlığın yaradılmasına dair Anlaşma Memorandumu 6 noyabr 2006-cı ildə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmışdır.Bu memorandum daşıyıcı sistemlərin və enerji təchizatının təhlükəsizliyini, enerji sektorunda struktur islahatlarını, enerji şəbəkələrinin bərpa edilməsini və sərmayə qoyuluşunun asanlaşdırılmasını və Avropa İttifaqı bazarlarına ixracı sürətləndirmək üçün Azərbaycanın enerji sərvətlərinin daşınması imkanlarının artırılmasını nəzərdə tutur. [3, s.18] Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin müddəalarına əsaslanan Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasətinə dair Fəaliyyət Planı(AQS FP) 2006-ci ilin noyabrında 5 il müddətinə qəbul edilmişdir.[4, s.50] Azərbaycan Respublikasının enerji sektoruna Aİ-nin 14 milyon avro məbləğində qrant ayırmaqla yardım edəcəyini irəli sürən bu ‘Maliyyələşdirmə Sazişi’ 7 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa Şurasının Prezidenti Vanhanen və Avropa İttifaqı Komissiyasının Prezidenti Barrozo arasında “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının davamıdır.[ 4, s.55]

2008-ci il mayın 26-da Polşa və İsveç Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinə şərq qonşuları ilə viza rejiminin sadələşdirilməsi üçün vahid forumun - “Şərq tərəfdaşlığı”nın yaradılmasını təklif etdi. Aİ-nin Şərq siyasətini genişləndirmək məqsədilə həmin ilin iyun ayında Avropa Komissiyasına (AK) “Şərq tərəfdaşlığı” barədə təkliflərini hazırlamaq tapşırıldı. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana müdaxiləsi Şərqlə bağlı dərhal siyasi münasibət bildirməyin vacib olduğunu bir daha sübut etdikdə isə Avropa Fövqəladə Şurası AK-dan işini sürətləndirməyi tələb etdi. Həmin il dekabrın 3-də AK hazırladığı kommunike layihəsində nəzərdə tutulan ölkələrlə - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusla assosiasiya haqqında saziş imzalamağı təklif etdi. Sənəddə deyilirdi ki, bu sazişlər Polşa və Litva ilə 2004-cü ildə imzalanmış sənədlərə bənzəyəcək, lakin “Şərq tərəfdaşlığı” ölkələrinə gələcəkdə Avropa Birliyinə qoşulacaqlarına dair vəd verməyəcək. Layihədə qeyd olunurdu ki, “Şərq tərəfdaşlığı” Aİ ilə dəqiq və uzunmüddətli həmrəyliyə yönəlmiş tədbirləri və tərəfdaş ölkələrin vətəndaşları üçün nəzərdə tutulan imtiyazları əks etdirir. Bu tədbirlər öncə azad ticarət zonalarının yaradılmasını nəzərdə tutur. Həmin zonalar ümumdaxili bazarın inkişafı üçün baza olmalı və Aİ-nin İslandiya, Norveç və Lixtenşteynlə mövcud Avropa iqtisadi zonasına bənzəməlidir. Belə zonanın yaradılması isə öz növbəsində “Şərq tərəfdaşlığı” ölkələrindən Aİ qanunvericiliyinin implementasiyasını tələb edəcək. “Şərq tərəfdaşlığı” viza almaq üçün müraciətlərin baxılması üzrə ümumi mərkəzlərin yaradıl­masını və viza verilmə müddətinin tədricən azaldılmasını, uzunmüddətli perspektivdə isə vizasız rejimin tətbiqini nəzərdə tutur. [12] “Şərq tərəfdaşlığı” Azərbaycanın Avropa Birliyi ilə əlaqələrini daha da inkişaf etdirmək üçün münasib vasitədir. Bu, Azərbaycana ikitərəfli münasibətlərdə öz maraq dairəsini müəyyən etmək üçün əlverişli imkan yaradır. Qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində təcrübə mübadiləsi üçün birgə hazırlanmış bir neçə uğurlu proqram və layihələr mövcuddur ki, bu da Aİ ilə iqtisadi əlaqələrin inkişafında açar rolunu oynaya bilər. [7]Sənəddə Aİ-nin enerji təhlükəsizliyinin təminatı üçün qarşılıqlı anlaşmalar imzalamaq təklif olunurdu. Belə əməkdaşlıq enerji hasilatçısı, tranzit və istehlakçı ölkələrin birgə boru kəmərləri kampaniyalarının yaradılmasını nəzərdə tuturdu. Eyni zamanda kommunike layihəsində Ermənistandakı “Metsamor” AES-in bağlanması arzusu da ifadə edilirdi. [11]

Bu proqra­mın icrasına 2009-cu ilin may ayının 7-də 33 dövlətin prezidentləri, baş nazirləri və onların nümayəndələrinin iştirakı ilə Praqada keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” zirvə görüşündə start verildi.[10] Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantının əhəmiyyətini qeyd edərək, bu proqramın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da yaxınlaş­masına və genişlənməsinə təkan verəcəyini bildirdi. Ölkəmizdə aparılan demokratik islahatların Azərbaycanın Avropa ailəsinə daha da yaxınlaşmasına kömək edəcəyini söyləyən dövlət başçısı Azərbaycanın Avropa üçün çox önəmli tərəfdaş olduğunu vurğuladı. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oyna­dığını diqqətə çatdıran Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu, Azərbaycanın Avropa İttifaqı ilə qeyri-enerji sahələrində də əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirdi. Zirvə görüşündə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı qəbul edildi. Proqrama görə Aİ-nin hər bir ölkə ilə münasibətlərinin inkişafı (Aİ-na üzvlük də daxil olmaqla) həmin ölkədə aparılacaq islahatlarla birbaşa əlaqədar olacaq. Yəni Aİ hər bir ölkəyə individual yanaşacaq. Tərəfdaşlıq eyni zamanda, ticarət razılaşmalarını, ölkələrin inzibati idarəedilməsinin yaxşılaşdırılmasını, əmək miqrantlarının sərbəst hərəkəti üçün bazarların açılması imkanlarının öyrənilməsini, enerji təhlükəsizliyinin möhkəmləndirilməsini, ətraf mühitin mühafizəsi istiqamətində əməkdaşlığın genişləndirilməsini özündə ehtiva edir. Cənubi Qafqaz bölgəsi, xüsusən də Azərbaycan Avropa İttifaqı tərəfindən şərq və qərb arasında əhəmiyyətli körpü kimi qiymətləndirilir. Bundan başqa, Xəzər hövzəsi Avropa bazarı üçün alternativ enerji mənbəyi rolunu oynayır. Azərbaycanın Avropa İttifaqı üçün strateji tərəfdaş olması və sözügedən qurumun Cənubi Qafqaz siyasətində mühüm əhəmiyyət daşıması bu təşkilatın özündə də ən yüksək səviyyədə etiraf edilməkdədir. Azərbaycanın Avropa İttifaqının mühüm tərəfdaşına çevrilməsi Avropa Komissiyasının sədri Joze Manuel Barrozu tərəfindən də xüsusi olaraq vurğulanır: “Azərbaycan Cənubi Qafqaz regionunda olduqca mühüm tərəfdaşdır. Artıq on ildir ki, həyata keçirilən “Tərəfdaşlıq və Əməkdaşlıq” sazişi möhkəm bünövrədir. Biz etiraf edirik ki, münasi­bətlərimizi irəliyə doğru aparmaq istəyirik və bunu edə bilərik. Biz Avropa ilə daha sıx əməkdaşlığın aparılması məqsədilə Azərbaycan tərəfindən atılmış bütün addımları alqışlayırıq. Hesab edirəm ki, bu, həm Azərbaycanın, həm də bütövlükdə Avropa İttifaqının marağındadır”.[8] Barrozo 2009-cu ilin dekabrında keçirdiyi mətbuat konfransında “Şərq Tərəfdaşlığı proqramının qarşılıqlı siyasi əlaqələrin səviyyəsini, Av­ropa Birliyi ölkələrinin iqtisadiyyatına geniş inteqrasiyanı,enerji təhlükəsizliyini gücləndi­ril­məsini və maliyyə yardımlarının artırılmasını nəzərdə tutduğunu ”bildirmişdir.[6]

2009-cu il dekabrın 2-də Şərq Tərəfdaşlığı proqramı iştirakçısı olan ölkələrin nümayəndələri ilə görüşündə Komissar Valdner “Proqram ilə nəzərdə tutulmuş 600 mln avrodan çox vəsaitin Şərqi Avropa deyil, Avropa Birliyinin özünə qoyulan sərmayə olduğunu” vurğulamışdır.

Böyuk Britaniyanın xarici işlər naziri Devid Millibend Londondakı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda çıxışında bildirmişdir: “Şərq Tərəfdaşlığı proqramı Avropa Birliyinə mümkün üzvlüklə bağlı tramplin olmaqla yanaşı, iştirakçı ölkələrin sabitliyi üçün də əsas alətlərdən biri ola bilər.Əgər şərq qonşularımız ümumi enerji məkanına qoşularsa,bu həm onların, həm də bizim enerji təhlükəsizliyimizi gücləndirər”.[5]

Hazırda Avropanın enerji məsələlərində Azərbaycanla həyata keçirmək istədiyi ən böyük layihələrdən biri “Nabucco”dur. Azərbaycan bu layihə ilə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib.. Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi fonunda Azərbaycanın diqqət yetirdiyi ən mühüm məqamlardan biri isə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə 2010-cu ilin əvvəlində Bakıda keçirdiyi görüşündə Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsi nəticəsində yaranmış “status qvo”nun davam etdirilməsinin qəbuledilməz vəziyyət kimi qiymətləndirmiş və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü bir daha vurğulamışdır. [6] Düzdür, “Şərq tərəfdaşlığı” proqramı ilkin olaraq münaqişələrin həlli məqsədilə düşünülməyib, ancaq Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini gücləndirmək və bu problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə çalışmaq­dadır. Bunun nəticəsidir ki, Piter Semnebi də Dağlıq Qarabağ məsələsinin Avropa İttifaqı üçün mühüm məsələ olduğunu bildirib. Onun sözlərinə görə Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın vaxtlarda ciddi irəliləyiş gözləyir: “Bu, bir həqiqətdir ki, proses aktivləşir və hazırda bu vacibdir, hətta qanu­nauyğundur. Bu, elə bir vaxtda baş verir ki, digər proseslər davam edir və Avropa İttifaqı regiona daha da yaxınlaşır”.

Məhz belə bir vaxtda Avropa İttifaqının ən aparıcı üzvlərindən biri olan Almaniyanın ali orqanı - Bundestaq Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edən qətnamə qəbul edib. Qətnamədə Bundestaq Almaniya hökumətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələrin, eləcə də Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin yerinə yetirilməsi üçün bütün səylərini səfərbər etməyə çağırır. Sənəddə bildirilir ki, həll olunmamış münaqişələr hər zaman gərginliyin artmasına və silahlı qarşıdurmalara gətirib çıxara bilər. Bu da həm bölgənin özü, həm də qonşuluqda yerləşən dövlətlər, o cümlədən Avropa üçün arzuolunmazdır.Bütün bunlar Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişaf etdirilməsinin təkcə iqtisadi yox, həm də mühüm siyasi əhəmiyyətə malik olduğunu göstərir. Həmçinin münasibətlərin inkişafı fonunda Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunun bu təşkilatın da təhlükəsizliyinə hədə olduğunu daha aydın müşahidə etmiş olur.

Ümumiy­­yətlə, “Şərq tərəfdaşlığı” Avropa Qonşuluq Siyasəti əsasında aparılan danışıqların nəticəsidir ki, bu da yalnız Şərq qonşularını və regionun konkret prob­lemlərini həll etməyi nəzərdə tutduğundan irəli atılmış bir addım kimi qiymət­ləndirilir.


ƏDƏBİYYAT


  1. Ə.Həsənov.Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti.- Bakı, 2005.-752 s.

  2. Əməkdaşlıq və Tərəfdaşlıq jurnalı.Nömrə1.-Bakı, 2006

  3. Əməkdaşlıq və Tərəfdaşlıq jurnalı.Nömrə 2.-Bakı, 2007

  4. Əməkdaşlıq və Tərəfdaşlıq jurnalı.Nömrə 4.-Bakı, 2009

  5. Şərq Tərəfdaşlığı proqramı Avropaya inteqrasiyaya təkan verəcək.

www.voanews.com/azerbaijani/21.09.2009

  1. Elmar Məmmədyarov Piter Semnebini qəbul edib.

www.sia.az/view.php?lang=az

  1. Milli Məclis jurnalı http://meclis.gov.az/?/az/map

  2. Azərbaycan Avropanın enerji təhlükəsizliyində ən yaxın tərəfdaşıdır.

www.aztv.az/xbdx/x-1 asp?id=138538=2010 www.pca.az

  1. Eeastern Partnership.

http://ec.europa.eu/external relations/eastern/index.eu.htm

  1. Tailoring support to the EU’s eastern neighbours.

  2. http:/ec.europe.eu/europeaid/where/neighbourhood/regional-cooperation/index.eu.htm

  3. Joint Declaration of the Prague Eeastern Partnership Summit,Prague 7 May 2009

http://www.consilium.europa.eu/applications
РЕЗЮМЕ

Статья “Европейский Союз и Азербайджан : Новый этап сотрудничества” посвящена вопросу анализа роли и места Азербайджана в Европейском Союзе. Автор в своей статье рассматривает установление отношений Азербайджана с ЕС, а также значение и перспективы участия Азербайджана в программах ЕС.


SUMMARY

The article “European Union and Azerbaijan: As a new stage of partnership” deals with European Union and Azerbaijan relations.The European Neighbourhood Action Plans are tailored on a regional approach.It talks about growing relations,investigating improving dynamics and perspectives between European Union and Azerbaijan.



Məmmədov Sadir
AZƏRBAYCANDA NARKOTİKLƏRLƏ MÜBARİZƏNİN STRATEJİ MAHİYYƏTİ
Biz narkotiklərə qarşı qətiyyətlə mübarizə aparacağıq

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bəşəriyyət əsrdən-əsrə keçdikcə özü ilə yeni dövrə zaman-zaman topladığı elmi nailiyyətlər, ixtiralar, minilliklərin çətin sınaqlarından çıxmış adət-ənənələr, qiymətli sənət abidələri ilə yanaşı, strateji əhəmiyyət kəsb edən həlli vacib olan neçə-neçə qlobal problemlər də gətirməkdədir. Cəmiyyət və insanlıq üçün çox önəmli olan həmin problemlərin araşdırılmasına sanki gələcək nəsillər məhkum ediliblər.

Məhz həmin qəbildən olan, get-gedə mühümləşən problemlərdən biri də narkotizm, onun cəmiyyətdəki təzahürləri, yəni dünyada baş alıb gedən narkotik cinayətləri törədən səbəblər və onlara qarşı mübarizə cəmiyyəti dərindən düşünməyə vadar edən ən zəruri məsələlərdəndir. Çünki problemin mahiyyəti o qədər mürəkkəbdir ki, onu sadə bir yolla həll etmək çətin və müşkül məsələ olduğundan istər-istəməz müxtəlif yolların, üsulların yaranması, yeni mübarizə metodlarının tapılıb təqib olunması zərurətini daha da aktuallaşdırır. Narkotizm cəmiyyətin bəzi həyat fəaliyyəti sahələrini-maddi istehsaldan başlamış sosial-siyasi fəaliyyətə, ailə-məişətdən, mədəni-mənəvi həyatdan başlamış fərdi fəaliyyət dairələrinin müəyyən istiqamətlərini əhatə edir. Ona görə də müasir dövrün hər hansı hadisə və prosesləri təhlil olunarkən düzgün elmi-nəzəri və praktik nəticələrə gəlmək üçün əvvəlcə həmin hadisə və prosesin ictimai münasibətlər sistemində yeri, həmin münasibətlərlə qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi hökmən ön plana çəkilməli, buradakı qarşılıqlı əlaqələrin xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.

Qeyd etmək lazımdır ki, narkotizm və narkotik cinayətkarlıqla bağlı indiyə kimi çoxsaylı araşdırmalar aparılmış, bu tipli cinayətlərin genezisi, mahiyyətinin öyrənilməsi yönümündə hüquq elmində xeyli müvəffəqiyyət əldə edilmişdir. Lakin bunlara baxmayaraq, narkotizmin cəmiyyətdə yeni təzahürləri meydana çıxır, mahiyyətcə və məzmunca oxşar olan narkotik cinayətkarlıqlar forma cəhətdən fərqli şəkildə özünü büruzə verir. Görünür, bu elə bir qlobal problemdir ki, onu yalnız vahid xətt üzrə araşdırmaqla məqsədə nail olmaq mümkün deyil. Yəni, narkotizmin cəmiyyətdəki təzahürləri gah xəstəliklərin təbiətinə görə narkotik maddələrin qəbulu, yaxud onun əsirinə çevrilmiş fərdlərin narkomaniyaya tutulmuş formasında, gah da narkobiznes, narkotik vasitələrin, psixotop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dünya ölkələrinin bəzilərində həmin vasitələrin narkotik maddə sayılmayaraq əkilib-biçilməsinə, istehsalına qadağa qoyulmaması, digərlərindəsə onların qadağan olunması və s. hallarda zühur etməsi məsələlərin araşdırılmasının mürəkkəbliyini aydın göstərir. Məhz həmin baxımdan narkotizmin cəmiyyətdəki təzahürlərinin səbəblərinin tam şəkildə öyrənilməsi və onlara qarşı mübarizənin effektliyinə nail olmaqdan ötrü kompleks dövlət strategiyasının hazırlanması onun həyata keçirilməsi zərurəti yaranır.

Sadalananlar içərisində bu amili, yəni narkotiklərlə mübavrizənin strateji mahiyyətini nəzərə alan Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra, narkotik vasitələrin, psixotop maddələrin və prekusorların qanunsuz dövriyyəsinə, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutan bir çox konvensiyalara qoşulmuş, qanunvericilik aktları qəbul etmiş və bütün bunların sayəsində müəyyən nailiyyətlər əldə etmişdir.

1996-cı ildə Ümummilli liderimiz Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə ölkəmizdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Ölkə başçısının 2000-ci il iyunun 15-də imzaladığı fərmanla isə «Narkotik vasitələrin, psixiator maddələrin və prekusorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram» təsdiq olunmuşdur.

Bu mühüm sənəd mükəmməl qanunvericilik bazasının hazırlanmasına və bəşəri bəlaya qarşı mübarizə tədbirlərinin stimullaşmasına xidmət etmişdir. 2001-ci ildə isə Milli Məclis tərəfindən «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanunda narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin qarşısını almaq məqsədilə narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirlər müəyyən edilmişdir. Hazırda narkoloji sağlamlığın, insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilən tibbi, inzibati, sosial və xəbərdaredici tədbirlərin məcmusu olan narkoloji nəzarətin tənzimlənməsi sahəsində xeyli önəmli işlər görülməkdədir.

Məhz sadalanan amillərin strateji mahiyyəti Azərbaycan prezidenti İlham Əliyevin «Narkotiklərə nəzarət üzrə regional əməkdaşlığa dair anlaşma Memorandumu»nun üzv Tərəflərinin Beşinci görüşünün iştirakçılarına göndərdiyi müraciətdə də aydın görünür.

Həmin müraciətdə deyilir: «Narkotik vasitələrinin qanunsuz dövriyyəsinin bəşəriyyət üçün təhlükəliliyi milli, eləcə də beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiq edilməsini zəruri edir.

Lakin dünyanın bəzi bölgələrində hələ də davam edən hərbi münaqişələr və onların nəticəsində formalaşmış işğalçı rejimlər hakimiyyət oqranlarının və beynəlxalq təşkilatların nəzarət edə bilmədiyi ərazilərdə narkotik bitkilərin əkilib-becərilməsinə, narkotiklərin istehsalına, onların qanunsuz dövriyyəsinə və digər cinayətkarlıq yuvalarının yaranmasına gətirib çıxarmış və fəaliyyətdən əldə edilən milyardlarla gəlir beynəlxalq terrorçuluğun maliyyələşdirilməsinə yönəldilir».

Daha sonra cənab İlham Əliyev haqlı olaraq qeyd edir ki, «İşğalçı rejimlər beynəlxalq hüququn prinsip və normalarını, demokratik dəyərləri və insan hüquqlarını kobudcasına pozaraq yalnız öz əhalisi üçün deyil, həm də beynəlxalq sülhə və əmin-amanlığa real təhlükə yaratmaqdadırlar. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəmizin Dağlıq Qarabağ bölgəsində yaradılmış terrorçu rejim buna əyani sübutdur».

Zənnimizcə cənab prezident bu məsələləri əsaslı şəkildə diqqətə çatdırır. Çünki, hazırda nəzarətsiz zona kimi erməni narkobaronlarını əlində olan Qarabağda onlar narkotiklərin əkilib-becərilməsi ilə yanaşı, tranzitindən də istifadə edərək milyonlara sahib olurlar. Mən özüm də vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayəti DİN-in rəis müavini, Ağdərə və Şuşa rayon DİŞ-in rəisi işləyərkən keçirdiyim əməliyyatlar zamanı bunların şahidi olmuşam. Təəssüf ki, mənim bu barədə xəbərdarlığıma nə AXC, nə də ondan əvvəlki hakimiyyət heç bir tədbir görmədi.

Həqiqətən də bu gün dünyanın elə bir ölkəsi tapılmaz ki, o, narkotiklərin qanunsuz dövriyyəsi və onun törətdiyi bəlalarla rastlaşmasın. Həqiqətən də narkotik cinayətkarlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bütün bunları nəzərə alan və bəşəriyyətin gələcəyini düşünən bəzi dünya dövlətləri XX yüzilliyin əvvəllərindən başlayaraq bu müdhiş bəlya qarşı mübarizənin getdikcə qloballaşacağını hiss edərək bir sıra regional birliklər yaratmaqla ağ ölüm təhlükəsini səngitməyə çalışmışlar. Lakin belə cəhdlər də həmin prosesin qarşısını ala bilməmişdir. Narkotizmin sərhədləri genişləndikcə ona qarşı mübarizə bir qrup dövlətin problemi çərçivəsindən beynəlxalq səviyyəyə qalxmışdır. Vəziyyətin belə bir kritik həddə çatması bəşəri problem kimi nəhayət Birləşmiş Millətlər Təşkilatının pritoritet məsələlərindən biri kimi gündəmə gəlmişdir. Nəticədə BMT «Narkotik vasitələr haqqında 1967-ci il Konvensiyası»nı, «Psixiator maddələr haqqında 1971-ci il Konvensiyası»nı və 1988-ci ildə isə «Narkotik vasitələrin və psixiator maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Konvensiya» qəbul etdi. Təbii olaraq bu konvesiyaların müddəaları dünyanın hər bir sivill dövlətinin qanunvericiliyində prioritet təşkil etməli idi. Yəni qanunvericiliyə əsasən narkotik cinayətkarlıqla, narkomaniya ilə mübarizə aparmaq, bu işlərin səmərəli təşkili və mütəşəkkil qaydada həyata keçirilməsi dövlət orqanlarının ümdə vəzifəsi olmalıdır. Problemlə bağlı qəbul olunan qərarların hər birində cəmiyyətin əsasını təşkil edən insanların sağlamlığının qorunması strateji məsələ kimi öz əksini tapmalıydı.

Müstəqil Azərbaycan dövləti də düyanın ümumbəşəri dəyərlərinə daima hörmət bəsləyən sivill bir dövlət kimi BMT-nin narkotiklər haqqında konvensiyalarının tələblərinə uyğun olaraq bu məsələləri milli qanunvericiliyə uyğun şəkildə özünün cinayət-prosessual qanunvericiliyində təsbit etmişdir.

Göründüyü kimi Azərbaycan Respublikası narkotiklərlə mübarizənin strateji mahiyyət daşımasının məsuliyyətini lazımınca qiymətləndirir və bütün dünyada qlobal təhlükə mənbəyi sayılan bu problemin müsbət həllini beynəlxalq hüquq normalarına uyğun həyata keçirir. İnanırıq ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da həmin problem özünün müvəffəqiyyətli həllini tapacaq.

1   ...   15   16   17   18   19   20   21   22   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə