I beynəlxalq konfrans Azərbaycan Respublikasi Təhsil Nazirliyi




Yüklə 4.39 Mb.
səhifə13/31
tarix22.02.2016
ölçüsü4.39 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

РЕЗЮМЕ

В данной статье рассматривается некоторые вопросы перевода прозоческих произведений М.Ю.Лермонтова на азербайджанский язык на материале его романа «Герой нашего времени». Автор статьи выявляет недостатки и упущения переводчиков при воссоздании психологического портрета главного героя произведения Печорина.


SUMMARY

The article is considered to analyze the specific translations of the novel by M.Yu.Lermontov “The Hero of Our Era”and the lacks and omissions of the translators recreating the psychological portrait of the main character of the novel – Pechorin.



İsgəndərova Nüşabə
MÜASİR UŞAQ POEZİYASINDA VOKATİV VƏ TƏQLİDİ SÖZLƏR
Azərbaycan xalqının zəngin mədəni-mənəvi dəyərlər sistemində uşaq poeziyasının müstəsna yeri var. Bu zəngin ədəbi irsin uşaqların təlim-tərbiyə­sində, təhsilində, milli və ümumbəşəri dəyərlərə yiyələnməsindəki rolu əvəzsizdir.

Şifahi xalq ədəbiyyatından qaynaqlanan müasir uşaq poeziyasında vokativ və təqlidi sözlərdən geniş istifadə olunması təbiidir. Vokativ sözlər daha çox uşaq şeirləri üçün səciyyəvi olan dil vahidləridir. “Müəyyən obyektə müraciət məqsədilə işlənən və əsasən oxşama, nəvaziş, əzizləmə məzmunu daşıyan bu bədii vasitələr dilimizdə xüsusi bir leksik-qrammatik kateqoriya təşkil edir” [1, s.39].

Vokativ sözlər laylaların bədii təsvir gücünü, emosionallığını artırır:

Laylay, beşiyim, laylay,

Evim, eşiyim, laylay...

Bu misralardakı səmimiyyəti, emosionallığı ifadə etmək baxımından vokativ sözlər əvəzolunmaz dil faktı kimi çıxış edir. Həssaslıq və emosionallıq böyüklərə nisbətən uşaqlarda daha güclü olur. Uşaqlar ətraf mühitə, hadisələrə daha çox emosiyalarla münasibət bildirirlər. Həyata təzə qədəm qoyan körpələr həzin, ahəngdar deyim tərzini duyur və bunu mehribanlıqla qarşılayırlar. Laylalardakı bu xüsusiyyətlər, yəni “həzinlik, emosionallıq körpə böyüdükcə başqa şəkil alır, yeni əxlaq normaları ilə, nəsihətlətlə qovuşaraq dəyişir, emosional zənginlik kəsb edir, uşaqların danışıq tərzinə, leksikonuna daxil olur”. [4, s.22]

Uşaqlar dilə qarşı çox həssas olduqları üçün sözləri ünsiyyət prosesində mənimsəyirlər. Əzizləmə, nəvaziş bildirən sözlər onların nitqinə tez yol tapır və işlək mövqe tutur. Uşaq nitqinin vokativ sözlərlə zənginləşməsi mühüm tərbiyəvi əhəmiyyət daşıyır ki, bu da uşaq şeirlərinə verilən başlıca tələblərdən biridir.

Şifahi xalq ədəbiyyatı ilə yanaşı, klassik uşaq poeziyasında da vokativ sözlərin işlənməsinə aid gözəl nümunələrə rast gəlinir:

Göyərin, göy çəmənlərim, göyərin.

Sünbülüm, yasəmənlərim, göyərin.

Açılın, iyli güllərim, açılın,

Allı-əlvanlı güllərim, açılın. (A.Səhhət)

Layla dedim, yat, ciyərimin parası,

Ağlama çox, ey gözümün qarası.

Olma yemək-içməyin avarası,

Layla quzum, layla gözüm, yatgilən,

Rahat olub bir azca boy atgilən. (A.Şaiq)

Nümunələrdən göründüyü kimi, vokativ sözlər nəvaziş, oxşama, əzizləmə bil­dirir və cümlədə sintaktik xüsusiyyətinə görə xitab kimi işlənir. Sözlərin vokativ xü­su­­siyyət daşıması üçün mətnin və intonasiyanın əsas rolunu da qeyd etmək vacibdir.

Müasir uşaq poeziyası nümunələrində ənənəyə uyğun olaraq həm “Laylay” mövzulu şeirlərdə, həm də digər uşaq şeirləri nümunələrindəki müraciət, əzizləmə məqamında işlənən vokativ sözlərə tez-tez rast gəlmək olar. Vokativ sözlər “... poeziyada, ən çox da uşaq şeirlərində poetik obrazlılıq yaratmaqda misilsiz vasitə kimi işlənir”. [2, s.101]

Uşaq şeirlərindəki vokativ sözlər təkcə insana yox, digər canlılar, eləcə də cansız əşyalara müraciətlə işlənə bilir. Belə vokativ sözlər həm də canlandırma, şəxsləndirmə bildirən xitablar kimi diqqəti cəlb edir:



  1. İnəyim, can inəyim,

Adı – Mərcan inəyim. (M. Dilbazi)

Xoşbəxtdir ömrüm, günüm,

Yaşa, ay gözüm, canım!

Yaşa, günəşli yurdum,

Yaşa, Azərbaycanım! (Ş.Aslan)

Vokativ sözlər yiyəlik halda olan şəxs əvəzliyinə qoşulduqda məna daha da qüvvətlənir, şəxs əvəzliyi müraciətdəki nəvazişi, səmimiliyi daha da artırır:



  • Yuxu getmir gözümə.

  • Niyə, ay mənim gülüm?

  • Günəş düşür gözümə. (M. Quluzadə)

Sözün apelyativ funksiyasını (müraciət, çağırış məqsədilə işlənməsi) əks etdirən vokativ sözlər uşaq şeirlərinin əsas elementlərindən biri kimi obrazlılıq yaradan üslubi vasitə kimi mühüm əhəmiyyət daşıyır.

Obyektiv aləmdəki canlı varlıqların, cansız əşya və hadisələrin səslərini, hərəkət və obrazlarını eşitmə və görmə təsəvvürlərinin köməyi ilə təqlid edilib yamsılanmasından əmələ gələn sözlər təqlidi sözlərdir. Təqlidi sözlər daha çox azyaşlı uşaqlar üçün yazılmış şeirlərdə işlənir. Bu sözlər ətraf mühit haqqında təsəvvürlərin formalaşmasında, əyaniliyə və obrazlılığa xidmət etməkdə əvəzsiz rol oynayır. Bu baxımdan yanaşsaq, uşaq şeirlərini təqlidi sözlərsiz təsəvvür etmək düzgün olmazdı. Məktəbəqədər yaşlı uşaqların leksikonunda təqlidi sözlərin tez-tez işlənməsi təbiidir. Çünki onlar bir çox əşyaların, hadisələrin, təbii proseslərin adlarını deyə bilmədikdəsəs təqlidi sözlərdən istifadə etməli olurlar. Buna görə də uşaq şeirlərində təqlidi sözlərdən istifadə həm təbii, inandırıcı görünür, həm də mühüm üslubi vasitə kimi bir sıra üslubi çalarlar ifadə edir.

Təqlidi sözlər, hər şeydən əvvəl, uşaq nitqini zənginləşdirən, uşaq psixologiyasına daha yaxın olan leksik anlayış kimi diqqəti cəlb edir.

Uşaq şeirlərində işlənən təqlidi sözlər görmə və eşitmə duyğuları əsasında yaranmaqla daha çox əyaniliyə və obrazlılığa xidmət edir. Təqlidi sözlər zəngin məna çalarlarına və güclü təsir qüvvəsinə malikdir.

Səs təqlidi əsasında yaranan sözlər uşaq nitqinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Uşaqlar təsvir olunan hadisəni səs təqlidi vasitəsi ilə daha yaxşı, əyani şəkildə qavrayırlar. Bu məqamda istifadə olunan səs təqlidi sözlər əşya və hərəkətlə bilavasitə bağlı olduğu üçün uşaqların diqqətini cəlb edir:


1. Dəyir ağaca

Balta


Tap, tap!

Əyir ağacı

Balta

Ta-aa-rap! (T.Elçin)



2. Yağış yağır şır-şır,

Sellər axıb-daşır (T.Elçin)

3. Baxıb sevindi

Şır-şır bulağa.

Dedi: - A şır-şır!

Dörd yanın yarpız (M.Dilbazi)



Bu şeir nümunələrindəki təqlidi sözlər məna tutumuna, üslubi fəallığına görə diqqəti cəlb edir. İlk nümunədə təqlidi sözlərdən istifadə zamanı məntiqi ardıcıllıq əsas götürülməklə müəllif təsvir etmək istədiyi mənzərəni – ağacın kəsilməsinin sanki canlı, əyani təsvir etmişdir.

İkinci nümunədəki şır-şır – səs təqlidi də əyaniliyə, obraz yaradılmasına xidmət etməklə həm də qafiyə məqamında işlədilib və şeirə oynaqlıq, ritm gətirib, uşaqların xoşladığı ahəngdarlığa xidmət edib.

Üçüncü şeir nümunəsində isə M.Dilbazi «şır-şır» sözünü bulaq sözünün atributu kimi mətnə daxil etmiş və növbəti misrada həmin sözü substantivləşdirməklə xitab vəzifəsində işlətmişdir.

Uşaq psixologiyasına yaxşı bələd olan şairlər azyaşlı oxucunun diqqətini daha yaxşı cəlb etmək, əyanilik yaratmaq, canlı obrazlar sistemini çox yığcam şəkildə təsvir etmək məqsədilə sücetli şeirlərdə səs təqlidi sözlərdən geniş istifadə edirlər. Əslində həmin sözlər şeirin məzmununu bir-başa, həm də əyani, anlaşıqlı şəkildə çatdırmağa imkan yaradır. Bu səbəbdən də uşaq şeiri yazan şairlərin səs təqlidi sözlərə tez-tez müraciət etmələri təbii görünür. Belə şairlərdən T.Elçin, M.Dilbazi, İ.Tapdıq və başqalarının yaradıcılığı xüsusilə seçilir.

Təqlidi sözlər uşaq şeirlərində ritmik səslənmənin, həm də emosionallığın qüvvətli olması üçün gözəl vasitə rolu daşıyır və uşaq şeirlərinin səciyyəvi xüsusiyyəti kimi özünü göstərir. Uşaq şeirlərində bəzi səs təqlidi sözlərin müxtəlif variantlarda verilməsi həmin sözlərin səs tərkibinin tam sabitləşməməsi ilə bağlıdır. «Bununla belə, hadisə, səs nə qədər müxtəlif və yayğın variantlarda ifadə edilsə də, yenə də müəyyən əhatədən, dairədən kənara çıxa bilməz: bu müxtəliflik hərc-mərclik deyildir». [3, s.488]

Təqlidi sözlər uşaq şeirlərində gözəllik yaradır. Hər bir dilin estetik məsə­lələri həmin dilin gözəlliyinə aid olur, ümumi estetika kateqoriyaları və prinsiplə­ri ilə təyin edilir.Bu sözlər uşaq aləminə daha yaxın olan varlıqlarla bağlı olduğuna, uşaq təfəkkürünə, psixologiyasına uyğunluğuna, həm də obrazlılığına görə uşaq şeirləri üçün olduqca işləkdir.


ƏDƏBİYYAT

  1. Adilov M., Mərdanov V. Uşaq və şeir. Bakı, 1983,s.39

  2. Cabbarov X. Bədii ədəbiyyatda obrazlılıq. Bakı, 1986, s.101

  3. Müasir Azərbaycan dili. II hissə. Bakı, «Elm», 1980, s.488

  4. Veysəlova V. Uşaq dilinin formalaşması və inkişafı problemləri. Nam. diss., Bakı, 2002, s.22



РЕЗЮМЕ

В статье указывается что, вокативные и подражательные слова больше всего используются в детской поэзии. Вокативные слова означают ласку и увеличивают силу действия художественного представления и эмоциональность. Вокативные слова в детских стихах могут использоваться в обращении и к людям и также другим живым и невоодушевленным объектам.

Подражательные слова, прежде всего, привлекает внимание как понятие, которое обогащает детскую речь и более приближен к детской психологии. Указывается его важная роль в формировании представления об окружающей среде, и усиления наглядности и образности.
SUMMARY

In article it is underlined that, vocative and imitative words are most used in children's poetry. Vocative words mean caress and increase force of action of art representation and an emotionality. Vocative words in children's verses can be used in circulation and to people and also other live and not inspired objects.

Imitative words the attention as concept which enriches children's speech, first of all, draws and it is more approached to children's psychology. Important role in representation formation about environment, and presentation and figurativeness strengthening’s underlined.
İsmayılova Əzizə

KİTABİ DƏDƏ QORQUD” DASTANINDAKI SƏTİRALTI MƏNALARIN RUS TƏRCÜMƏLƏRİNDƏ SAXLANMASI PROBLEMİ


Hər hansı bir bədii əsəri digər dilə çevirmək üçün tərcüməçi ilk növbədə həmin dilin özəlliklərini əks etdirən və xalqın psixologiyasında yer alan milli adət-ənənələrə dərindən bələd olmalı, bu özəllikləri və ənənələri özündə birləşdirən sözlərin mənalarını, onların daşıdığı informativ yükü hiss etməlidir. “Obrazda yerli rəngarənglik, milli adətlər, milli düşüncə, milli xarakter yoxdursa, demək reallıq da yoxdur. Bunun üçün də «milli mənsubiyyətlə bağlı olan hərəkətlər, adətlər tərcümə zamanı mütləq saxlanılmalıdır, çünki onlar əsərə bədii çalar verir». [13,35]

Bu bir həqiqətdir ki, tərcümə zamanı əsərdə ən çox itkiyə məruz qalan, ixtisara düşən məhz milli xüsusiyyətlərlə zəngin hissələr olur. Milli özünəməxsusluq, bədii əsərin strukturuna daxil olur və yüksək bədiiliyin əvəzedilməz amilinə çevrilir.

Bəzi tərcüməçilər hesab edirlər ki, tərcümə zamanı orijinaldakı ekzotizmlər və realiyalar nə qədər çox saxlanılsa, əsərin milliliyi və ruhu da bir o qədər qorunmuş olar. Bu fikirlə razılaşmaq çətindir. Çünki, belə olan halda əsərin ruhunu qorumaq məqsədi ilə tərcümədə heç bir açıqlama verilmədən olduğu kimi saxlanılan (transkripsiya edilməklə) və yaxud hərfi şəkildə tərcümə olunan həmin söz və ifadələr mətnə aydınlıq deyil, əksinə, ağırlıq gətirir və oxucunu cavabsız suallarla üz-üzə qoyur. Qeyd edək ki, bu cür hallar daha çox milli-mədəni köklərlə bağlı olan əsərlərin tərcüməsi zamanı meydana çıxır. Ümumiyyətlə, tərcümə prosesində tərcüməçinin hərfiliyə varması, artıq tərcümənin uğurlu alınacaqıını şübhə altına alır.

Tanınmış tərcüməçi, ədəbiyyatçı və şair İ.A.Kaşkin yazır: “... hərfi tərcümə bədii əsərin digər dildə tam anlaşıqlı şəkildə tərcüməsini təmin edə bilməz. Cünki, bədii əsərin tərcüməsi zamanı orijinaldakı hər hansı bir söz, təcrid olunmuş sadə bir işarə və həmin dildəki qrammatik forma kimi deyil, daşıdığı məna yükü baxımından, obrazlılıq baxımından, emosionallıq baxımından – bir sözlə, onun kontekst daxilində daşıya biləcəyi bütün çalarları nəzərə alınmaqla tərcümə olunmalıdır. Cünki bəzən bir sözün arxasında bütöv bir kontekst və hətta əsərin ideya-bədii bütövlüyü gizlənir...” [2,74]

«Kitabi dədə Qorqud» dastanının tərcümələrinə diqqət etsək, fikrimiz daha aydın olar. Məsələn, aşağıdakı misala nəzər salsaq, görərik ki, dastanın Müqəddimə hissəsində İslam mədəniyyəti ilə bağlı bir epizodun tərcümələrdə düzgün verilməməsi orijinaldakı fikirlərin cılızlaşmasına, hətta təhrifinə səbəb olmuşdur ki, bu da tərcümə işində yolverilməz hesab olunmalıdır.

Müqayisə edək:



Orijinalda:

Dədə Qorqud genə soylamış, görəlim, xanım, nə soylamiş:

Ağız açub ökәr olsam, üstimizdә tәnri görkli!
Tәnri dostı, din sәrvәri Mәһәmmәd körkli!
Mәһәmmәdin sağ yanında namaz qılan Әbubәkr siddiq görkli!


Axır separә başıdır, әmmә görkli.
һecәsinlәyin düz oqınsa, yasin görkli.
Qılıc çaldı, din açdı şa
һi-mərdan Әli görkli.
Әlinin oğulları — peyğəmbәr nәvalәlәri —
K
әrbәla yazısında yәzidilәr әlindә şәһid oldı — Hәsәnlә Hüseyn iki qardaş bilә, — görkli.
Yazılıb-düzilib kökd
әn endi tәn1ri elmi Quran görkli” [1,32]

V.Bartoldun tərcüməsində:

Ещё говорил дед Коркуд – посмотрим, хан мой, что он говорил. Если раскрыв уста, стану славить, богу над нами слава. Другу бога, главе веры, Мухаммеду слава! Творящему молитву по правую руку Мухаммеда, Абу Бекру правдивому, слава! Начинающему последнюю часть Корана, славу амма, слава. Если по складам разбирая, правильно прочитать её суре ясин слава! Ударами меча проложившему (путь) вере; царю мужей Алию слава! Сыновьям Алия, внукам пророка, в степи Кербеля погибшим от руки приверженцев Иезида, Хасану и Хусейну, обоим братьям вместе слава! Написанным, расположенным в порядке спустившемуся с неба, познанию божьему – Корану слава!” [2,11]



A.Axundovanın tərcüməsində:

И ещё сказывал отец наш Коркут, а посмотрим, хан мой, что он сказывал:



Если, уста раскрыв, стану славить, бог над нами славен!

Бога друг, веры глава, Мухаммед славен!

Молитву творящий по правую руку Мухаммеда Абу-Бекр-Праведный славен!

Первое слово последней части Корана, слово «амма» славно!

Если она по слогам хорошо прочтена, сура «ясин» славна!

Ударом меча проложивший вере дорогу Али-Царь Мужей славен!

И сыновья его, внуки пророка, погибшие в степях Кербелы от рук

Приверженцев Йезида, два брата Хасан и Хусейн, два мученика славны!

Писаный строго, с небес опустившийся, учение бога, Коран славен!” [3,20]

V. Aslanov və A.Ələkbərovun birgə tərcüməsində:

Ещё говорил Дэдэ Коркуд, - посмотрим, хан мой, что он говорил:

Если, раскрыв уста, стану славить-

боги над нами слава!

Другу богу, главе веры – Мухаммеду слава!

Совершающему намаз по правую руку Мухаммеда

Абу-Бекру правдивому слава!

Начальному слову последней суры Корана

«амма» слава!

Если правильно прочесть по складам,

суре «ясин» слава!

Ударами меча проложившему (путь) вере –

царю мужей Али слава!

Сыновьям Али, внукам пророка,

погибшим в пустыне Кербела

от рук сторонников Йезида,-

Хасану и Хусейну-

Обоим братьям вместе слава!

Предначертанному, упорядоченному и

ниспосланному с неба познанию божьему –

Корану слава!” [4,20]

Gətirdiyimiz misalı təhlil etmək üçün ona müxtəlif aspektdən yanaşaq:

Birincisi – görundüyü kimi bu epizod özü-özlüyündə çox böyük məna yükünə malikdir. Hətta desək ki, orijinal oxucusu ücün bu kiçik epizodun içində hərəsi bir dastana bərabər bir neçə mətn birləşməsi yerləşdirilib, fikrimizcə yanılmarıq. Bəs tərcümə oxucusu üçün necə? Tərcümə oxucusu bu əsər içində əsər gizlədən epizodun daşıdığı mətnaltı mətni görə bilirmi?...

Əvvəlcə onu diqqətə çatdıraq ki, görkəmli alim V.V.Bartold bu epizodun tərcüməsində yalnız 4 sözün, tanınmış tərcüməçi A.Axundova 7 sözün mənasını açmağa çalışmışlar. Buna nə dərəcədə nail olmaları haqqında az sonra. Əsərin digər tərcüməçiləri V.Aslanov və A. Ələkbərov isə bu epizodda, ümumiyyətlə, heç bir sözə aydınlıq gətirməyi vacib saymayıblar.

Fikrimizcə, bu hissədə bir neçə xüsusi isim var ki, - (Məhəmmədi istisna etmək olar) Əbu-Bəkr, Həsən, Hüseyn, Yəzid, Kərbəla - onların mənalarına mütləq aydınlıq gətirilməli idi. Yəni tərcüməçilər leksik-qrammatik transformasiyanın əsas növlərindən olan eksplikasiyadan (təsviri tərcümədən) istifadə etməli idilər. Çünki, həmin sadaladığımız obrazların kimliyindən xəbərsiz tərcümə oxucusu Mәhәmmәdin “sağ yanında namaz qılan Әbubәkr Siddiq”in kim olduğunu, niyə onun məhz Məhəmmədin sağ yanında namaz qıldığını və ən əsası sağ və ya solda namaz qılmağın nə məna kəsb etdiyini bilə bilməz. Demək, orijinalda bütöv bir mətni əvəzləyən Əbu Bəkr Siddiq (əsl adı Abdullah ibn Osman, künyəsi – yəni ad və ləqəbdən başqa hər hansı bir şəxsə verilən xüsusi əlamət - Əbu Bəkr, ləqəbi əs-Siddiq (sadiq deməkdir). Niyə Siddiq? Çünki, Əbu Bəkr İsra və Merac səfərini təsdiqlədiyi üçün bu ləqəbi ona Peyğəmbər (s.a.s.) vermişdir. Kimdir Əbu Bəkr Siddiq? Peyğəmbərin dostu, qaynatası, I xəlifə, Məhəmmədə (s.a.s) peyğəmbərlik verilən zaman Məkkə əhlini İslama dəvət edən və kişilər arasında İslamı ilk qəbul edən şəxs, Peyğəmbərin (s.a.s.) vəfatından sonra mürtədlərə qarşı vuruşan və onları məğlub edən sərkərdə və s.,) – tərcümədə, hansı səbəbdənsə, Məhəmmədin sağ yanında namaz qılan adi bir şəxs adına çevrilir. Əgər nəzərə alsaq ki, onun adına dastanda bir daha rast gəlinmir və onun haqqında heç bir məlumat verilmir, o zaman Əbu Bəkr tərcümə oxucusu üçün “çaşdırıcı boşluqdan” başqa bir şey deyil. Digər tərcüməçi A.Axundova Əbu Bəkrin kim olduğunu açmağı vacib saysa da, onun sadəcə I xəlifə və Peyğəmbərin qaynatası olmasını vurğulamışdır. Baxaq:

Абу-Бекр - первый халиф, отец любимой жены Мухаммеда, Айши. [3,218]

Yezid” sözünə isə həm V.Bartold, həm də A.Axundova açıqlama gətirməyə çalışıblar, amma yanılmırıqsa, bu açıqlama da oxucuya heç bir informasiya vermir. Baxaq:



Халиф Йезид 1 (680-683), при котором произошла битва при Кербеля. [2,12]

Йезид – омейядский халиф, правил с 680 по 683 год.[3,218]

V. Bartolddan fərqli olaraq A.Axundova Həsən – Hüseyn (сыновья Али, наиболее почитаемые имамы у шиитов) və Əliyə (четвёртый халиф, двоюродный брат Мухаммеда, муж его дочери Фатимы) açıqlama versə də, bu açıqlamaları da uğurlu saymaq çətindir.

Kərbəla çölündə Yəzid əlində öldürülən iki qardaşa – Həsənlə Hüseynə əhsən!” – təkcə bu cümlənin informativliyini oxucuya çatdırmaq üçün tərcüməçi Kərbəla döyüşünün nə olduğunu, Yəzidin kim olduğunu və bu kontekstdə nə rol oynadığını, Həsənlə Hüseynin kimliyini, onların niyə məhz Kərbəla çölündə öldürüldüklərini oxucuya çatdirmağı bacarmalı idi. (Əslində orijinaldan gətirdiyimiz bu misal onu deməyə əsas verir ki, Dastanın İslam dini ilə heç bir bağlılığı olmayıb. İslam dini ilə bağlı olan Müqəddimə sonralar “Kitab”a əlavə edilib. Bəlkə də bu səbəbdən “Kitabi Dədə Qorqud”u yazıya alan katib ya bilməməzlikdən, ya da diqqətsizlikdən yanlışlığa yol vermişdir. Çünki, Həsən Kərbəlada öldürülməyib. O, xəstəlikdən ölüb.) “Nəhayət, Şeyx Müfidin yazdığına görə, h. 61-ci il məhərrəm ayının 10-u (m.680, 10 oktyabr) Hz.Hüseyn və əshabı şəhadət şərbətini içdilər. Bədənində 33 nizə və 33 qılınc zərbəsi vardı. Hz.Hüseynin (ə.s.) şəhid edildiyi gün Ümmü Sələmə (r.a.) verilən qırmızı torpaq qan halına gəlib. Bunu görən Ümmü Sələmə “Vay Hüseynim, vay Rəsulullahın reyhanı” deyərək ağlamağa başlayıb və Hüseynin şəhadət xəbərini hər kəsə verib. Bu xəbəri eşidən Mədinə xalqı matəmə büründü. Ertəsi gün şəhidlər Qədriyyə kəndliləri tərəfindən dəfn edildi. Hz.Hüseynin (ə.s.) nəsli Əli Zeynalabdin (ə.s.) vasitəsilə davam edib. Onun nəslindən gələnlərə Seyyid deyilir. [11]

Əlbəttə ki, bu kontekstin çox qısa bir şərhidir. Bu qədər dərin kontekstə malik bir cümlənin mahiyyətinə varılmaması əsərdəki semantik mənanın tamami ilə itməsinə səbəb olub. Digər cümləyə nəzər salaq:



Axır separə başıdır, əmmə görkli.

Начинающему последнюю часть Корана, славу амма, слава.(В.Б)

Первое слово последней части Корана, слово «амма» славно! (А.А)

Начальному слову последней суры Корана

«амма» слава! (В.А.и А.Алекперов)

Göründüyü kimi, hər üç tərcümədə hərfilik prinsipi əsas götürülmüşdür. Hər üç tərcüməçini çaşdıran «axır» sözüdür. Bu sözün hərfi tərcüməsi əsərə səthi yanaşmanı sübut edən tutarlı dəlillərdəndir. Əlimizdə olan bu dəlil onu deməyə əsas verir ki, tərcüməçilərin diqqətindən yayınan bu sözün yanlış tərcüməsi nəticədə ciddi məna təhrifləri meydana çıxmışdıır. Orijinaldakı «axır» sözü Quranın axırına deyil, («Первое слово последней части Корана) dünyanın axırına işarədir. Tərcüməçilər üçün bir qədər diqqətli olmaq kifayət idi ki, Quranın 78 surədən yox, 114 surədən ibarət olduğunu nəzərdən qaçırmasınlar. Onu da qeyd edək ki, «separə» fars sözüdür (əslində «si parə»dir) «Si» otuz, «parə» hissə deməkdir. Məntiqə uyğun olaraq «Axır separə başıdır, əmmə görklü» ifadəsi belə anlaşılır: «Axır- yəni hər şeyin axırı, sonu, Quranda son 30 surədən birinin əvvəli olan (Əmmə surəsi) Qiyamət günüdür». Niyə son 30? Çünki, Quran 114 surədən ibarətdir, «Əmmə surəsi» isə 78-ci surədir. Adi riyazi üsulla 114-dən 78-i çıxırıq və 36 alınır. Demək, son 30 surənin birinin əvvəli.

Məlumdur ki, tərcümə prosesində orijinalda olan və digər dildə ekvivalenti olmayan istənilən söz və ifadələrin sətiraltı mənalarının oxucuya çatdırılması üçün leksik-qrammatik transformasiyadan istifadə olunur. Gətirdiyimiz misalda tərcüməçilər leksik-qrammatik transormasiyanın əsas növlərindən olan eksplikasiya (təsviri tərcümə) və ya kompensasiyadan istifadə etməklə göstərdiyimiz ifadənin mənasını tam olaraq oxucuya aça bilərdilər. Tərcüməçilərin «Əmmə surəsi» birləşməsinə verdikləri açıqlamalara nəzər salsaq fikrimizi əsaslandırmış olarıq.

V.Bartoldun açıqlaması:

(амма, с которой начинается последняя, 30-я часть Корана, по первому слову этой суры носящая название амма (о чём) – начало фразы – о чём расспрашивают они друг друга))

Göründüyü kimi Bartoldun açıqlaması ilə razılaşmaq çətindir. Tərcüməçi sadəcə, sözün Quranın 30-cu fəslində (və ya hissəsində) olduğunu vurğulayıb, hansı ki, əslində Quran fəsillərə (və ya hissələrə) bölünmür. Bartoldun I ayəni düzgün açmaması və I ayənin açarı olan II ayəyə toxunmaması dastanın tərcümə variantında böyük məna itkisinə səbəb olub. Əgər həmin ayələrin rus dilinə olan müxtəlif tərcümələrinə baxsaq, demək istədiklərimiz aydın olar.

İ.Y.Kraçkovskinin Qurani Kərimin rus dilinə tərcüməsində:

«1. (1) О чём они расспрашивают друг-друга?

2.(2) О вести великой….» [7,485]

V.Poroxovanın tərcüməsində isə Surətun Nəbə Великая весть Ан НАБА kimi verilib:

«1. о чём они друг друга вопрошают?

2. О превеликой вести» [8,603]

A.Axundovanın açıqlamasına nəzər salaq :

«Амма» - «о чём» первое слово 78-ой суры Корана.

Сура – стих Корана [3,218]

Əlbəttə ki, bu cür açıqlama da oxucunu qane etmir, əksinə daha bir zidd fikrin yaranmasına əsas verir.

Birincisi – «Əmmə surəsi»nin tərcüməsi «о чём» deyil. Quranın 40 ayədən ibarət olan 78-ci surəsi «Surətun Nəbə» adlanır. Surənin adı onun 2-ci ayəsindən irəli gəlir. I ayədə deyilir: «əmmə yətəsa – əl un» - İnsanlar bir birindən hansı [mühüm xəbər] haqqında soruşub danışırlar? II ayədə I ayə açıqlanır: «Ənin – nəbə – il - əzim» - Qiyamətin böyük xəbərindən. [9,515]

İkincisi – surəyə «стих» kimi açıqlama vermək tamami ilə yanlışdır. Çünki, «стих» sözünün mənası “surə” yox, “ayə”dir. [10,605]

Bundan əlavə, Qurani-Kərimin rus dilinə olan tərcmələrinin hər birində surə “сура”, “ayə” “аят” kimi verilib.

V.Aslanov və A.Ələkbərov isə “Əmmə surəsinə” heç bir açıqlama gətirməyiblər və nə səbəbdənsə, 114 surədən ibarət olan Quranın 78-ci surəsi olan “Əmmə surəsini” Quranda sonuncu surə kimi göstəriblər. “Начальному слову последней суры Корана”.

Göründüyü kimi tərcümə mətnində kiçik bir epizodun yanlış anlaşılması böyük məna itkisinə gətirib çıxarır. Fikrimizcə, tərcüməçilər “Əmmə görklü” birləşməsindəki “Əmmə” sözünə bu cür açıqlama gətirsəydilər oxucu üçün daha aydın və səlist informasiya çstdırmış olardılar: ««ен Небе» - 78 сура Корана. Названа так, потому что начинается повествования о вести о Судном Дне. Была ниспослана в Мекке. Состоит из 40 аятов».

Tərcümə zamanı mənanın pozulduğu digər bir misala nəzər salaq:



«…. Yazılıb-düzilib gögdən endi, tənri elmi Quran görkli» [1,32]

V.Bartoldun tərcüməsində:

«Написанным, расположенным в порядке спустившемуся с неба, познания божьему – Корану слава!» [2,12]

A.Axundovanın tərcüməsində:

«Писаный строго, с небес опустившийся, учение бога, Коран славен!» [3,20]

Bu tərcümələrlə də razılaşmaq çətindir. Fikrimizcə, Qurani Kərim Allah tərəfindən əta edildiyi üçün «gögdən endi» birləşməsini «с небес опустившийся» (A.A.), « спустившемуся с неба» (V.B.) kimi yox, «ниспосланное с неба» kimi verilməsi məna baxımından daha münasib olardı. Ümumilikdə ifadənin tərcüməsinə gəldikdə isə, biz, belə bir variant təklif edərdik: «Писаному строго, ниспосланному с неба слову божьему, Корану слава!»

Tərcümənin orijinalla uyğunlaşmadığı daha bir misala nəzər salaq.

Aydır: «Amənna və Səddəqna! Məqsudımız həq təala dərgahında hasil oldı», deyüb arı sudan abdəst aldı. Ağ alnını yerə qodı, eki rükət namaz qıldı, atını bindi. Adı görklü Məhəmmədə Salavat gətürdi. Qara tonlu kafərə at saldı» [1,91]

A.Axundovanın tərcüməsində:



Сказал: «Всем по вере, всем по мере! То, о чём я просил, сбылось! То, о чём я молил, удалось! – так сказал и, чистой водой совершив омовение, в два поклона, челом приложившись к земле совершил богослужение. Сел на коня. Мухаммеда, чьё имя бессмертно, восславил и на гяуров в чёрных сутанах коня направил» [3,137]

V.Bartoldun tərcüməsində:



«Говорит: «Мы прониклись верой, признали правдивым, (слова пророка), исполнилось в чертогах бога всевышнего наше желание». Чистой водой он совершил омовение, приложил к земле свое белое чело, пустил коня на гяуров в черной одежде...» [2,100]

V.Aslanov və A.Ələkbərovun tərcüməsində:

«-Мы прониклись верой, признали истинным (слово пророка)! Испольнилось в чертогах всевышнего бога наше желание.

Сказав так, он чистой водой совершил омовение, приложил к земле своё белое чело, совершил намаз в два поклона. Сел на своего коня. Воздал хвалу Мухаммеду, чье имя славно. Пустил коня на гяуров в чёрной одежде, пойдя им на встречу» [4,171].

Bu misalda da tərcüməçilər orijinalı ya adekvat başa düşməyiblər, ya da ona səthi yanaşıblar. Belə ki, peyğəmbərin kəlamı olan «Amənna və Səddəqna» («inandıq və doğru hesab etdik») cümləsində fikir Allaha yönəldiyi halda, tərcümədə nə üçünsə, «hər kəsə» ünvanlanıb («Hər kəsə inamına, hər kəsə ölçüsünə görə»). Fikrimizcə, «Поверили и посчитали верным» və ya «Поверили и приняли за истину» daha məqsədəuyğun variant olardı. II cümlədə – «Məqsudımız həq təala dərgahında hasil oldı» - cəmi bəndələr (III şəxsin cəmi) nəzərdə tutulduğu halda, A.Axundova tərcümə zamanı III şəxsin cəmini I şəxsin təki ilə əvəzləyib. Tərcümə nəzəriyyəsinə əsasən bu hal transformasiyanın bir növü olan qrammatik əvəzetmələrin tərcümə zamanı pozulması halı adlanır.

Həmin misaldakı «Ağ alnını yerə qodı» və «Qara tonlu kafərə at saldı» cümlələrinin tərcüməsinə nəzər salaq və yeri gəlmişkən qeyd edək ki, Dastanın tərcüməsində «ağ» və «qara» sözlərinin malik olduğu semantik çalarlar tərcüməçilərin gözündən yayınıb və nəticədə məna itgisi baş verib. Orijinaldakı «ağ alın» birləşməsi alının ağ rəngdə olmasına deyil, başıucalığa işarədir. Onun «белое чело» (V.B.),(V.A,A.A.) yaxud da «чело» (A.A.) kimi verilməsi sözün sətiraltı mənasının itməsinə səbəb olub. «Qara tonlu kafər» ifadəsinə gəlincə isə, fikrimizcə, burada paltarın rənginin qabardılması tamamilə yanlışdır. Orijinalda «qara ton» «qara niyyət», «bəd niyyət» kimi anlaşılır. Bu birləşmənin paltar rəngi kimi anlaşılması absurd olardı. Dastanın semantik məna çalarları ilə zəngin olduğunu və açar ifadələrin bəzən bütöv bir konteksti əvəz etdiklərini nəzərə alsaq, burada hansısa bir paltarın rəngindən söhbət getmədiyini əminliklə qeyd edə bilərik.

Qısa haşiyə çıxaraq deyək ki, ağ rəng təkcə türklərdə deyil, dünyanın əksər xalqlarında uğur, paklıq, düzlük, ehtiram, ucalıq, böyüklük və s. bildirir. Qara rəng isə semantik çalarına görə daha zəngindir. O, həm bədlik, xainlik, həm ucalıq, əyilməzlik ifadə edə bilir. Bu çalarların seçilməsi üçün isə tərcüməçilər rənglərin malik olduğu semantik əhatə dairəsini diqqətdən kənarda qoymamalı idilər.

Bundan əlavə qeyd etmək istərdik ki, gətirdiyimiz misaldakı “eki rükət namaz qıldı” cümləsi V.Aslanov və A.Ələkbərovun tərcüməsində, «совершил намаз в два поклона», daha uğurlu alınmışdır.

K.Abdulla “Sirr içində dastan və ya Gizli Dədə Qorqud-2” kitabında yazır:

“İfadə planı və mahiyyət planı. Dastan bu iki planın, bu xəttin, istiqamətin, nəhayət, bu iki dünyanın üzvi şəkildə birləşməsindən ibarətdir. Mahiyyət planına nüfuz etmədən ifadə planını araşdırmaq birtərəfli, bəsit və üzdən gedən nəticələrə gətirib çıxarır. Əksinə, mahiyyət planında “gizlənmiş”, bəlkə də “gizlədilmiş” səbəblərin, motivlərin açılması ifadə planının da məntiqsizliklərini anlamağa kömək edir. Şübhəsiz ki, bu gizlində qalmış motivlər üzdə olan süjet xəttinin, hər hansı bir məqamın bütöv və dərin qavranılmasına böyük köməkdir”.[6; 32]

Tərcümə nəzəriyyəsinin əsas tələblərindən biri ondan ibarətdir ki, tərcüməçi orijinaldakı canlı həyatı mətndəki sözlər vasitəsi ilə görməyi bacarsın. Tərcüməçi əsərdə nədən söhbət getdiyi ilə - yəni məzmunla - yanaşı, onun necə deyildiyini – yəni formanı - eyni anda qavramağı bacarmalıdır. Əlbəttə, orijinaldakı fikri çatdırmaq məqsədi ilə başqa dilin leksik elementlərindən istifadə edən tərcüməçi bəzi hallarda müəyyən fikirləri öz dünya görüşü prizmasından, K.Abdullanın dili ilə desək əsərin ifadə planına uyğun verə bilər, amma heç bir halda əsərdəki məna, yəni mahiyyət planı təhrif edilməməlidir.

1   ...   9   10   11   12   13   14   15   16   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə