I beynəlxalq konfrans Azərbaycan Respublikasi Təhsil Nazirliyi




Yüklə 4.39 Mb.
səhifə12/31
tarix22.02.2016
ölçüsü4.39 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

II. Gözlənilən təhlükələr

Bəs elektron imza nə dərəcədə etibarlı olacaq?

Alimlərin fikrincə, elektron imza insanın müxtəlif informasiya sistemlərində autentifikasiyası- həqiqiliyinin, kimliyinin düzgün təyin edilməsi üçün istifadə edilir. Amma real praktikada müəllifi təyin etməklə yanaşı, başqa funksiyalara da ehtiyac var. Çünki burada da müəyyən təhlükələrin olması versiyaları nəzərdən keçirilir. Məsələn, elektron məktub kommunikasiya şəbəkəsində ötürülərkən ona icazəsiz dəyişikliklər edilə və ya məktub, müəllifin xəbəri olmadan onun adından göndərilə bilər. Belə təhlükələrin qarşısını almaq üçün elektron imzadan əlavə funksiyalar da tələb edilir. O, imzadan boyun qaçırmağın qeyri-mümkünlüyünə, göndərilən məktubun tamlığının təmin olunmasına, elektron məlumatın yalnız imzanın məxsus olduğu şəxs tərəfindən göndərilməsinə zəmanət verməlidir. Elektron imzanın daha geniş yayılmış növü isə riyazi alqaritmlərə əsaslanan rəqəmsal imzadır: "Bu imza bizim qanunvericilikdə gücləndirilmiş elektron imza adlanır. Rəqəmsal imzanı həyata keçirmək üçün iki açar tələb olunur-açıq açar, gizli açar". Gizli açarın məxfiliyi hər vasitə ilə qorunmalı, yalnız imzalayan şəxsə məlum və məxsus olmalıdır: "Çünki bu açar ələ keçirilsə, sahibinin adından imzadan istifadə edə bilərlər. Açıq açar isə qarşı tərəfin imzanı yoxlaması üçündür və o, imzanı yoxlayan şəxslərə əvvəlcədən məlum olmalıdır". Bunun üçün açıq açar adətən açıq mənbələrdə, kataloqlarda yerləşdirilir. Amma açıq açarı şəxsiyyəti saxtalaşdırmaqla, şəxsin adından başqası da yerləşdirə, saxta yolla imzalanmış məktubları üçüncü tərəfə göndərə bilər. Açıq kataloqdan bu açarı götürərək yoxlayan qarşı tərəf də onu düzgün qəbul edə bilər. Bu təhlükənin qarşısını almaq və açıq açarın şəxsə məxsus olduğuna zəmanət vermək üçün isə üçüncü etibarlı tərəfin - Sertifikat Xidmətləri Mərkəzinin (SXM) xidmətindən istifadə edilir: "SXM-lər həm adi vətəndaşlara, həm də dövlət təşkilatlarının əməkdaşlarına elektron imza sertifikatları verəcəklər. İstənilən adi vətəndaş bunu əldə edə bilər".

III. İmzanı necə yoxlamalı?

Müvafiq orqan tərəfindən SXM-nin də müəyyən tələblərə uyğunluğu yoxlanılmalı və akkreditasiya olunmalıdır: "Bizim onlara etibar etməyimiz üçün də mərkəzlər müəyyən tələbləri ödədiklərini sübut etməlidirlər. Qanunvericiliyimizdə nəzərdə tutulub ki, dövlət orqanları yalnız gücləndirilmiş elektron imzadan və akkreditasiya olunmuş SXM-dən istifadə edə bilərlər. Akkreditasiya zamanı SXM-nin sertifikat vermə, onlara xidmət göstərmə siyasəti, reqlamenti, proqram, texniki təchizatı, kadr potensialı və s. yoxlanılır". Dünyada həm dövlət, həm kommersiya təşkilatı kimi fəaliyyət göstərən bu mərkəzlər açıq açarlara sertifikat verir. Sertifikat açıq açarın müəyyən şəxsə malik olduğunu göstərir. Sertifikatın istifadə məqsədləri və funksiyaları isə müxtəlifdir. O, yalnız elektron yazışmalar, elektron kommersiyada alış-verişi həyata keçirmək və ya böyük miqdarda bank əməliyyatları aparmaq üçün istifadə oluna bilər, rəsmi fnksiyanı yerinə yetirmək məqsədilə müəyyən vəzifəlilər üçün nəzərdə tutula bilər. Sertifikatların bir növü də atribut sertifikatlarıdır. Bu sertifikatda onun məxsus olduğu şəxsin rolu, vəzifəsi və s. göstərilir: "Ümumiyyətlə, sertifikat müəyyən məlumat faylıdır. Orada şəxsin adı, familiyası, onun istifadə olunduğu sahələr, onun qüvvədə olma müddəti, sertifikatda istifadə edilən alqaritmlər və digər fərdi verilənlər əks olunur".

Sertifikatların təhlükəsizliyinə gəlincə, bu tələblər də müxtəlifdir. Sertifikatlar onu verən mərkəzlərin rəsmi şəxsi tərəfindən elektron qaydada imzalanır və mərkəzin reyestrinə-verilənlər bazasına daxil edilir. İmzanı yoxlayarkən mərkəzin reyestrinə daxil olub, sertifikatın vəziyyəti barədə-onun qüvvədə olub-olmaması, kimə məxsusluğu və s. məlumatla tanış ola bilərik. SXM bu suallarla bağlı məlumatı imzanı yoxlayan tərəfə verir: "İmzadan istifadə etmək üçün çətin riyazi hesablamalar tələb olunur. Bunu əllə etmək mümkün deyil, ona görə açıq və gizli açarı generasiya etmək, gizli açarı etibarlı şəkildə qorumaq, elektron imzanı yaratmaq, imza sertifikatını saxlamaq, imzanı yoxlamaq üçün xüsusi aparat proqram vasitələrindən istifadə olunur. Tutaq ki, aparat proqram vasitəsinin köməyi ilə açıq və gizli açar cütünü generasiya etmişik, məktubu yoxlamaq üçün gizli açarımızla imzalayırıq. İmzalanmış məktubu, şəxsiyyətimizi təsdiq edən sənədləri və açıq açarı SXM-ə təqdim edirik. Orada məlumatlar tutuşdurulur, gizli açar açıq açara məxsus olarsa, bizə müəyyən müddətə müvafiq ödəniş əsasında elektron sertifikat verilir". Sertifikatın müddəti onun istifadə olunduğu sahədən, gizli açarın uzunluğundan və müəyyən təhlükəsizlik mülahizələrindən asılıdır. Sertifikat adətən 1 il, 2 və 3 il müddətinə verilir. Bu müddət ərzində müxtəlif hadisələr baş verərsə, fləşyaddaşa oxşar qurğularda saxlanan gizli açar itibsə, məxfiliyi qorunmayıbsa və s. hallarda onun fəaliyyətinin dayandırılması üçün dərhal SXM-ə məlumat verilməlidir. SXM həm qüvvədə olan, həm də qüvvədən düşmüş sertifikatların bazasını aparır və reqlamentdən asılı olaraq qüvvədən düşmüş sertifikatların siyahısını vaxtaşırı internetdə yerləşdirir. Ümumiyyətlə, imza yoxlanarkən ilk növbədə sertifikatın qüvvədə olub-olmaması dəqiqləşdirilməlidir.

IV. Şəxsiyyət vəsiqəsinin analoqu elektron imza sertifikatları olacaq

AMEA nümayəndəsinin sözlərinə görə, elektron imzanın təhlükəsizliyi texnoloji tədbirlərdən də asılıdır. Məsələn, imzada istifadə olunan alqaritm güclü olsa da, aparat vasitəsilə zəif realizə oluna bilər. Elektron imza vasitələri müəyyən təhlükəsizlik tələblərinə cavab verməlidir: "İnformasiya texnologiyaları vasitələrinin təhlükəsizliyini ümumi şəkildə qiymətləndirmək üçün ölkələr ümumi meyarlardan - İSO 15408 saylı beynəlxalq standartdan istifadə edirlər. Hazırda bu standart bizim respublikada da qəbul olunmaqdadır. Ümumi meyarlar üzrə təhlükəsizliyi qiymətləndirmək üçün xüsusi laboratoriyalar var. Bu qiymətləndirmə 1-dən 7-yə qədərdir. Kommersiya təşkilatları, vətəndaşlar və s. üçün 1-dən 4-ə qədər qiymətdən istifadə olunur". Amma dövlət təşkilatlarına 4-dən yuxarı qiymətə malik olan informasiya texnologiyaları vasitələrindən istifadə tövsiyə edilir: "Ona görə də biz elektron imza vasitəsi əldə etdikdə mütləq həmin meyarlara uyğunluq qiymətlərinə fikir verməliyik. Bu da elektron imza vasitəsinin təhlükəsizliyinə bizi əmin edir. Burada təşkilati tədbirlər də mühüm yer tutur. Nə qədər güclü vasitələrdən istifadə etsək də, işi düzgün təşkil etməmişiksə, elektron imza vasitəsini nəzarətsiz qoyuruqsa, lazımi şəkildə qorumuruqsa, ondan müxtəlif məqsədlər üçün istifadə edə bilərlər".

Elektron imzanın əhatə dairəsinə gəlincə, bu proses servislərin elektronlaşdırılma səviyyəsindən asılıdır. Belə ki, vətəndaşlara müxtəlif elektron xidmətlər təklif olunduqca, elektron imzadan istifadə də sürətlənəcək: "Bu xidmətlərdən yaralanmaq üçün isə vətəndaşlar mütləq öz şəxsiyyətini təqdim etməlidir. Elektron mühitdə şəxsiyyət vəsiqəsinin analoqu yalnız elektron imza sertifikatları olacaq".

Bu sahə uzun müddət ölkə rəhbərliyinin ( xüsusən Parlamentin ) diqqətindən kənarda olub. Baxmayaraq ki, elktron biznes  çətinliklə də olsa ölkədə özünə yol açmaqdadır. Dövlət tərəfindən atılan hansısa stimullaşdırıcı addımlardan , investisiya cəlb edilməsi üçün önəmli rol oynayan hüquqi tənzimləmə məsələlərindən danışmaq hələlik mümkün deyil. Elektron ticarətin özəyini təşkil edən kommunikasiya kanalları və adi tetefon xətləri RN-nin monopoliyasında olduğundan hələlik ancaq RN ticarətindən danışmaq mümkündür.

    Qeyd etmək lazımdır ki, yalnız BMT-nin və Azərbaycan  hökümətinin birgə həyata keçirməyə başladığı «İKT-nin inkisafı üzrə Milli Strategiya» Layihəsi həyata keçirilməyə başladıqdan sonra bu sahədə bir canlanma yaranıb. Bir qədər öncə ölkə rəhbərliyi tərəfindən qeyd olunan Milli Strategiyanın təsdiq edilməsi kifayət qədər ciddi hadisə hesab edilə bilər.    

Elektron imza haqqında Qanun ABŞ -ın müxtəlif ştatlarında  1995-ci ildə, Almaniyada 1997-ci ildə, Estoniyada, Rusiyada və Ukraynada 2002-ci illərdə qəbul edilib. 1999-cü ildə Avropa Parlamenti tərəfindən «Elektron imzadan istifadə ilə bağlı  şərtlər» haqqında Direktiv qəbul edilib ki, bu sənəd problemi tənzimləyən əsas beynəlxalq norma hesab edilir.AP-nin tövsiyyəsinə görə elektron imzanın sertifikatlaşdırılması və bu prosesin lisenziyalaşdırılması könüllü olmalı, özünü tənzimləməyə üstünlük verilməli , elektron imzanın əl imzasına bərabər tutulması liberallaşmalı, imza yaratma texnologiyaları neytral olmalı ( şifrələmə vasitələri olmamalı ) və s. 2000-ci ildə MDB üzə Elektron imza ilə biğlı Model Qanun da  hazırlanıb.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanının 1.4-cü, 1.5-ci, 1.6-cı, 1.7-ci və 1.8-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişdir. Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin pozulması “Maddə 183-1.-də öz əksini tapır.
ƏDƏBİYYAT

1. Петров А.А Компьютерная безопасность. Криптографические методы защиты. ДМК Москва, 2000 г.

2. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu. 2004-cü il 26 may.

3. Д.Иртегов. Защита интеллектуальной собственности в Интернете, СПб, БХВ- Петербург, 2007г.

4. Ю.А. Солоницын, В.Холмогоров, Интернет. Энциклопедия, СПб, Питер, 2006г.

5. В.Е. Фигурнов Интернет для пользователя. Краткий курс. – М.: ИНФРА-М, 1999г.

6. Поисковая система. Википедия (ЭЦП).

Xudiyeva Sevinc
LERMONTOV NƏSRİNİN AZƏRBAYCAN DİLİNƏ

TƏRCÜMƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ

(“Zəmanəmizin qəhrəmanı” romanının materialları əsasında)
Poetik əsərlərindən fərqli olaraq, Lermontovun nəsri Azərbaycan di­linə xeyli gec tərcümə edilmişdir. Amma bunun səbəbi Azərbaycanda yazı­çının nəsrinin poe­tik əsərlərindən daha az maraq doğurması deyil. Dahi yazıçının dilimizə tər­cümə olunan ilk nəsr əsəri «Zəmanəmizin qəhrəmanı» romanıdır. Əsər ilk dəfə XIX əsrin sonunda dilimizə tərcümə edilmiş, son­rakı dövrlərdə çoxlu sayda tədqiqat işinin obyektinə çevrilmişdir. Bununla belə, «Zəmanəmizin qəhrə­manı»nın tərcüməsində psixologizmin verilməsi, obrazların xarakterinin olduğu kimi tərcümə əsərinin oxucusuna çatdırılması mə­sə­lələri nədənsə tədqiqatçıların diqqətini bir o qədər özünə cəlb etmə­mişdir.

Azərbaycanlı tədqiqatçılardan L.Səmədova «Xalqları birləşdirən bağ» (16), Ə. Ağayev «Lermontov və Azərbaycan» (1), M.Bağırov «M.Y.Ler­mon­tov» (6), Ş. Qurbanov «Lermontov və Azərbaycan ədəbiyyatı» (8) mono­q­ra­fiyalarında Ler­montov yaradıcılığının əsasən poetik xüsusiyyətlərini araşdırmışlar. Lermontov nəs­rinin Azərbaycan dilinə tərcümə olunması problemləri isə ən ətraflı şəkildə T.Cəfərovun «Azərbaycan ədəbiy­yatşünaslığında və tərcümələrdə M.Y.Ler­montov prozası» kitabında tədqiq olunmuşdur. Müəllif özü kitabın girişində bu­nunla bağlı qeyd edir: «Bu kitab M.Y.Ler­montov prozasının Azərbaycanda öyrə­nilməsi, başa düşülməsi və tərcümə olun­ması problemlərinə həsr edilib» (13, 4).

Doğrudur R.Novruzov, N.Murad­əli­ye­va, Y.Hüseynov, L.Mehdiyeva, Z.Qarabağlı, T.Cəfərov və bir çox başqa alim­lərin də araşdırmalarında bədii ədəbiyyatın tərcüməsi zamanı orijinalın milli özünəməxsusluğunun, təsviri ifadə vasitələrinin, müəllifin fərdi üslubunun və s. qorunub saxlanılması məsələlərinə kifayət qədər geniş yer ayrılmışdır. Bununla belə, müasir tərcüməşünaslıqda rus nəsrinin tərcüməsi zamanı orijinaldakı psixologizmin olduğu kimi verilməsi probleminin təd­qiqinə hələ də böyük ehtiyac var.

Hazırda Lermontovun demək olar ki, bütün iri həcmli nəsr əsərləri Azər­­baycan dilinə tərcümə olunmuşdur. «Zəmanəmizin qəhrəmanı» roma­nının isə hətta üç tərcümə variantı mövcuddur.

Əsər ilk dəfə 1906-cı ildə Binalıbəy Arif Əfəndizadə, ikinci dəfə isə 1929-cu ildə A.Qərib tərəfindən tərcümə edilmişdir. Təəssüf ki, Arif Əfəndizadənin tərcüməsinin çap variantı qorunmamış və günümüzə gəlib çatmamışdır. Ancaq tərcümənin əlyazması Əlyazmalar İnstitutunda aşkar edilmiş və Lermontov yaradıcılığının tədqiqatçıları Ş.D.Qurbanov («Bir əlyazması haqqında» (9) və L.Səmədova «İnqilabdan əvvəlki Azərbaycanda «Zəmanəmizin qəhrəmanı» romanının Azərbaycan dilinə tərcüməsi» (16)) tərəfindən ətraflı təhlil olunmuşdur.

İxtisasca jurnalist olan Ələkbər Qərib oğlu Abbasov sovet dövründə rus klassik ədəbiyyatına müraciət edən ilk tərcüməçilərimizdəndir. A.Qə­ribin tərcüməsi, əlbəttə ki, o dövrün, yəni keçən əsrin 20-30-cu illərinin bədii tərcüməyə olan tələblərinə uyğunlaşdırılmışdır. Buna baxmayaraq, sonralar tərcüməçi repressiya edildiyinə görə onun tərcümələrinin çapına qadağa qoyulmuşdur.

1937-ci ildə «Zəmanəmizin qəhrəmanı» romanını Cabbar Məcnun­bəyov Azərbaycan dilinə çevirmişdir. Əvvəlki iki tərcümə ilə müqayisədə bu tərcümə variantı özünə daha çox diqqət cəlb edir. Bu səbəbdən biz C.Məcnunbəyovun tərcüməsindən bəzi fraqmentləri orijinalla müqayisədə təhlil etməyə çalışacağıq.

C.Məcnunbəyov Azərbaycan ədəbiyyatında istedadlı dramaturq, yazıçı və tərcüməçi kimi tanınır. O, bir çox dahi rus klassiklərinin, o cüm­lədən L.N.Tolstoyun, İ.S.Turgenevin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. «Xalqları birləşdirən bağ» monoqrafiyasının müəllifi L.Səmədova A.Qəribin və C.Məcnunbəyovun tərcümələrini müqayisə edərək sonuncunun tərcüməsinə üstünlük verir, bununla belə yeni, daha mükəmməl tərcüməyə ehtiyac duyulduğunu da yazır (16, 144).

«Zəmanəmizin qəhrəmanı» əsərinin tərcüməsində psixologizmin verilməsi probleminin bəzi məsələləri barədə danışmazdan əvvəl bu romanın əsas süjet xətti və onun fərqli xüsusiyyətlərinə nəzər salaq.

Beş povestdən ibarət olan «Zəmanəmizin qəhrəmanı» 1840-cı ildə işıq üzü gördü. O, dərhal böyük uğur qazandı və ikinci dəfə hələ Lermontovun ölümündən əvvəl nəşr olundu» (17). Lermontovun nəqlinin sadəliyi, aydın və dəqiq ifadə vasitələri ilə seçilən bu romanının əsas süjet xəttini taleyin hökmüylə fəaliyyətsizliyə məhkum edilmiş güclü iradəyə sahib insan faciəsi təşkil edir. Bu səbəbdən onun hərəkətləri çox vaxt özünü - duelə çıxmaq, qız qaçırmaq, özgəsinin arvadını yoldan çıxarmaq kimi mənfi təzahürlərdə biruzə verir. Peçorin obrazında özünü təsdiq etdirə bilməyib cəmiyyətin tələsində çabalayan insan ruhunun dialektikası əks olunur. Romanın ən əsas fərqli xüsusiyyəti xarakterin tamamilə açılmamasıdır. Bununla bağlı Tomaşevski yazır: «Oxucu obrazların və süjet parçalarının hansısa bir niyyətə tabe etdirildiyini duyur…» (21, 514).

Peçorin müxtəlif situasiyalarda özünü fərqli aparır. Bu qəribə obrazın – «eqoist qəhrəmanın qəribə davranışının səbəbləri və motivləri oxucuya dərhal açılmır» (13, 47) Peçorinin davranışları və onun təhkiyəçi tərəfindən xarakterizəsi arasında da ziddiyyətli məqamlar var. Belə ziddiyyəti ətrafındakıların ona münasi­bətində də görmək mümkündür. Qəhrəmanın xarakterinin dəqiq çərçivə­lərini cızan Lermontov onun daxili aləmini bütünlüklə açmır. Bu baxımdan bəzi alimlər haqlı olaraq Peçorin sirrini əsrin sirri sayırlar.

Lermontov öz qəhrəmanını hər şeydən yuxarı tutur, amma buna baxmayaraq ilk plana onun xarici qəhrəmanlıqları yox, daxili dünyası çıxır. Yazıçı Peçorinin həyatından bir neçə dramatik məqamı xüsusi qabardır. Məhz bu məqamların seçilməsi heç də təsadüfi deyil. Romanda epizodlar bir-birinin ardınca psixoloji paralellərin aparılması və təzadların üzə çıxarılması prinsipinə əsaslanaraq əvəz­lənir. Lermontov oxucunun diqqətini ətraf aləmdə baş verənlərdən yayındırıb qəhrəmanının daxili aləminə yönəldir. O, süjet xəttini Qafqazda baş verən hadisə­lər təşkil edən romantik romanlardakı ənənələrə sadiq qalır. Onun qəhrəmanı Marlinski qəhrəmanlarıyla sanki qohumdur. O, nəyə görə, nədən ötrü bu cür risq etdiyini anlaya bilmir. Digər tərəfdən Peçorin Bayron qəhrə­manlarıtək kin-küdu­rətlidir, qisas almaq ehtirası ilə alışıb yanır. Bununla bərabər, Peçorinin bir özünə­məxsus xüsusiyyəti də var. O, şəxsi azadlığını hər şeydən üstün tutur: «…həyatımı, hətta namusumu belə iyirmi dəfə təhlükəyə qoyaram… Lakin azadlı­ğımı sat­ma­ram» (4, 495).

Lermontovun «Zəmanəmizin qəhrəmanı» romanı ümumilikdə müəllifin dünyagörüşü sisteminin bir növ bədii təcəssümüdür. Rus ədəbiyyatında bu roman ilk sosial-psixoloji və fəlsəfi roman sayılır. Bununla belə «məğzi etibarilə Ler­montovun romanı rus klassik ədəbiyyatının ən sirli əsəridir. Hələ bu günəcən bu kiçik əsər haqqında əsaslandırılmış bir fikir belə yoxdur. Bu suallar özünün birdəfəlik həllini tapmayıb: Peçorin obrazında rus həyatının müsbət və ya mənfi başlanğıcı əks olunub? O, milli tipdir, yoxsa qərbdən götürülmüş? Bu, romandır, yoxsa povestlər toplusu?» (22). Bu süalların hələ öz cavablarını tapmadığına baxma­yaraq bir fakt inkar­edilməzdir: Lermontov rus nəsrində özünün «Zəmanəmizin qəh­rə­manı» əsərilə yeni bir cığır açmışdır.

««Zəmanəmizin qəhrəmanı»nın ideyasının meydana gəlməsi tarixçəsi mə­lum deyil: Lermontovun nə məktublarında, nə xatiratlarında bu haqda məlumat var» (23, 125). Hər şeydən əvvəl, dərin psixoloji təhlillərlə özünə diqqət çəkən bu romanın baş qəhrəmanı xaraktercə Lermontova doğma olan bir obrazdır. Amma bu heç də Peçorinin Lermontovun avtoportreti, prototipi olması demək deyil. Belinskinin anlamaq üçün «sətirlərinin arasını» (12, 455) oxumağı məsləhət gördüyü «Peçorinin gündəliyi»nin girişində Lermontov bu cür düşünənlərə istehza edir. Lakin Peçorin obrazında təhlilə meyilli ictimai şüur bədii şəkildə öz əksini tapıb. Təsadüfi deyil ki, İ.P.Şeblıkin Peçorini «XIX əsrin 30-cu illərinin düşünən şəxsiyyətinin mahiyyəti və perspektivləri haqda fikirlərini özündə cəmləyən» (23, 196) obraz kimi xarakterizə edir. M.Arif isə Peçorinin həyatdan qopmuş, romantik qəhrəman olduğunu yazır (6, 43).

Bildiyimiz кими, Lermontovun rus ədəbiyyatında ən böyük xidməti ilk dəfə psixologizmi bədii təsvirin əsas predmetinə çevirməsi, diqqəti hadisələrdən, süjetin zahiri təsvirindən insan ruhunun dərinliklərinə, insan davranışının gizli motivlərinə yönəltməsi idi. M.Y.Ler­montov yaradıcılığının bu fərqli xüsusiyyətinə bələd olma­dan onun əsərlərini başqa dillərə tərcümə etmək qeyri-mümkündür. Belə olan halda tərcümə istər-istəməz orijinal mətndən uzaq düşəcək, təhriflərə yol veriləcək. Üstəlik, tərcüməçi Lermontovun əsərini tərcümə edərkən onun şəxsiyyətinə də laqeyid qalmamalıdır.

Psixoloji ovqatın dolayısı ilə, epik təsvir yoluyla təqdim olunduğu məqamlar tərcümədə daha uyğun ifadəsini tapmışdır. Məsələn, təbiət hadisələrindən, eyni bir detaldan - günəş detalından istifadə etməklə M.Y.Lermontov əsərdə qəhrəmanın fərqli psixoloji ovqatını əks etdirə bilir. Peçorin Qruşnitski ilə duelə yollandığı səhəri belə təsvir edir: «Я не помню утра более голубого и свежего! Солнце едва высказалось из-за зеленых вершин, и слияние первой теплоты его лучей с умирающей прохладой ночи наводило на все чувства какое-то сладкое томление; в ущелье не проникал еще радостный луч молодого дня…» (16, 697). Tərcümə: «Bundan daha mavi, daha saf bir səhər gördüyümü xatırlaya bilmirəm! Günəş yaşıl dağların arxasından yenicə çıxmaqda idi, onun ilk şüalarının istiliyi gecənin çəkilməkdə olan sərinliyi ilə qovuşaraq bütün hisslərə dadlı bir yorğunluq gətirirdi; təzə günün sevincli şüaları hələ dərəyə süzülə bilmirdi…» (3, 511-512). «Və səhərin gözəlliyini belə incəliklə duyan, təbii və azad həyatın təzahürlərinə ürəkdən sevinən bir insan ölməyə hazırlaşırdı!» (20, 272). Bununla belə onun əhval-ruhiyyəsində pessimizmdən heç bir əsər-əlamət yoxdur. Amma qəhrəmanın Qruşnitskini öldürdükdən sonrakı əhval-ruhiyyəsindəki pessimizm aydın hiss olunur: «Отвязав лошадь, я шагом пустился домой. У меня на сердце был камень. Солнце казалось мне тускло, тучи его меня не грели» (16, 704). Tərcümə: «Atımı açaraq yavaş addımlarla evə tərəf yollandım. Ürəyimdən sanki bir daş asılmışdı… Günəş mənə tutqun görünür, onun şüaları məni qızdırmırdı» (3, 524). «Hisslərə dadlı yorğunluq» gətirən günəş, dueldən sonra artıq ona tutqun görünür, onu qızdırmır.

Vaxtilə Belinski yazırdı: «Lermontovun povestlərində dramatik hərəkət çox güclüdür» (20, 290). Aydın məsələdir ki, qəhrəmanın dramatik yaşamlarla müşayiət olunan əhvalını tərcümədə vermək daha çətindir; burada dramatizm toqquşdurulan mühakimələr hesabına əldə olunur: «Mən tez-tez özümdən soruşu­ram: axı nə səbəbə mən bu qədər inadla gənc bir qızın məhəbbətini qazanmağa çalışıram? Halbuki, onu özümə məşuqə etmək istəmirəm və heç bir vaxt onunla evlənməyəcəyəm də! Bu qadın şivələri (oxu: işvələri) nəyə lazımdır? – Vera məni knyajna Merinin bir zaman sevə biləcəyindən daha çox sevir: o mənə məğlub edilə bilməyəcək bir gözlə görünsəydi, bəlkə də bu təşəbbüsün çətinliyindən şövqə gələ bilərdim» (3, 460).

Əslində epizodda düşüncələrdən çox, qəhrəmanın iç yaşantıları qarşı-qarşıya qoyulur; belə olmasaydı, tərcümədə diqqətimizi çəkən bir məntiqi səhvin izahını vermək çətinləşərdi. Ümumi situasiyadan bəllidir ki, Peçorin bütün epizod boyu gənc qız – knyajna Meri haqqında düşünür; «o mənə məğlub edilməyəcək…» deyəndə də məhz knyajna Merini nəzərdə tutur. Halbuki, cümlədəki məntiqi ardıcıllığı əsas götürsək, söhbətin Veradan getdiyini düşünməliyik. Dediklərimizin həqiqət olduğunu sübut etmək üçün orijinala nəzər salaq: «Я часто себя спрашиваю, зачем я так упорно добиваюсь любви молоденькой девочки, которую обольстить я не хочу и на которой никогда не женюсь? К чему это женское кокетсво? Вера меня любить больше, чем княжна Мери будет любит когда-нибудь; если б она мне казалась непобедимой красавицей, то, может быть, я бы завлекся трудностью предприятия…» (16, 668).

Məsələ burasındadır ki, tərcüməçi mətnin bu hissəsini hərfi tərcümə etmiş, bununla da sintaktik yanlışlığa yol vermişdir. O, psixoloji ovqatın iç dramatizminə lazımınca köklənə və daxili toqquşmanın adekvat tərcümə variantını tapa bilməmişdir. Burada tərcümə dilinin qəlizliyi də özünə diqqət çəkir. Məsələn, «onu özümə məşuqə etmək» əvəzinə, sadəcə «onu yoldan çıxarmaq» frazeologizmindən istifadə etmək olardı; həm də bu «dil» birbaşa qəhrəmanın Meriylə bağlı düşüncələrindən «gəlmir». Sonuncu cümlənin konstruksiyası «Yəni knyajna Meri məni haçansa Vera qədər sevə biləcəkmi…» şəklində qurulsaydı, orijinala daha uyğun olar və sonra gələn «o» əvəzliyi də knyajna Meriyə aid edilərdi.

Həmin parçadakı «məğlub edilə bilməyəcək bir gözlə» ifadəsindəki tərcüməçi səhvi səthi göründüyündən, onu sadəcə redaktə xətası hesab etmək olar. Amma əsərin 1929-cu ildə edilən tərcüməsində bu xəta yoxdur: «O mənə məğlub edilə bilməyəcək bir gözəl kimi görünsə idi, onda bəlkə də, mən bu təşəbbüsün çətinliyindən şövqə gələ bilərdim…» (5, 166).

Sonda qeyd etmək lazımdır ki, klassik rus nəsrinin, xüsusilə məqalədə sözü gedən Lermontov psixologizminin Azərbaycan dilinə tərcümələrdə əks etdirilməsi məsələsi hələ də öz ətraflı tədqiqatını gözləyən məsələlərdəndir.


ƏDƏBIYYAT


  1. Ağayev Ə. Lermontov və Azərbaycan. Bakı: Azərnəşr, 1941, 55 s.

  2. Arif M. Zəmanəmizin qəhrəmanı // İnqilab və mədəniyyət, 1929, №5, s. 43-44.

  3. Lermontov M.Y. Əsərləri. Bakı: Azərnəşr, 1929, 238 s.

  4. Lermontov M.Y. Əsərləri. 4 cilddə. IV cild. Bakı: Azərnəşr, 1967, 606 s.

  5. Əliyev R. Müasir dövrdə Azərbaycan dilinə tərcümənin nəzəri və praktik prinsipləri // Dissertasiya işi, Bakı: 2007, 153 s.

  6. Bağırov M. M.Y.Lermontov (həyat və yaradıcılığı). Bakı: Azərnəşr, 1964, 60 s.

  7. Cəfər M. XIX əsr rus ədəbiyyatı. I hissə. Bakı: Maarif, 1988, 201 s.

  8. Qurbanov Ş. Lermontov və Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1976, 66 s.

  9. Qurbanov Ş. Bir əlyazması haqqında // Ədəbiyyat və incəsənət, 1983, №9, 4 mart.

  10. Андреева Е.П. Толстой-художник в последний период деятельности. Воронеж: Изд-во. ВГУ, 1980, 270 стр.

  11. Аннинский Л. Лев Толстой и кинематограф. М.: Искусство, 1980, 288 стр.

  12. Белинский В.Г. Полное собрание сочинений. т. 5. Статьи и рецензии 1841-1844. М.: АН СССР, 1954, 863 стр.

  13. Бахтин М. Эпос и роман // Вопросы литературы. 1970, №1, стр. 110-119.

  14. Джафаров Т. М.Ю.Лермонтов. Очерк творчества. Баку: АГКП, 1997, 76 стр.

  15. Есин А. Б. Психологизм русской классической литературы. М.: Просвещение, 1988, 174 стр.

  16. Левый И. Искусство перевода. М.: «Прогресс», 1974, 397 стр.

  17. Мирский Д. Проза Лермонтова http://rodon.org/smdp/lpl.htm

  18. Михайлова Е.Н. Проза Лермонтова. М.: Гослитиздат, 1957, 382 стр.

  19. Самедова Л.Г. Народов связующая нить. Баку: Йазычы, 1980, 144 стр.

  20. Самедова Л.Г. Перевод романа «Герой нашего времени» на азербайджанский язык в дореволюционном Азербайджане // Сов. Тюркология АН Азерб. ССР. Баку: 1988, №3, стр. 41-49.

  21. Томашевский Б.В. Проза Лермонтова и западноевропейская литературная традиция // Литературное наследство. Т.43-44. М.: 1941, стр. 469-516.

  22. История изучения романа М.Ю Лермонтова «Герой нашего времени» (автореферат) http://www.lermontow.org.ru/lib/op/author/16

  23. Щеблыкин И.П. Лермонтов. Жизнь и творчество. Саратов: Приволжское книжное издательство, 1990, 261 стр.

1   ...   8   9   10   11   12   13   14   15   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə