HÜseyn (huseyn) VƏ başqalari azərbaycana qarşI məhkəmə işi




Yüklə 492.91 Kb.
səhifə8/8
tarix10.04.2016
ölçüsü492.91 Kb.
1   2   3   4   5   6   7   8

A. Ziyan
1. Maddi ziyan
253. Birinci ərizəçi tibbi müalicəyə və həbsdə olduğu müddətdə ailəsinin ona gətirdiyi yemək bağlamalarına çəkilmiş xərclər də daxil olmaqla maddi ziyana görə, habelə “dövlət sisteminin bütün səviyyələrində” mövcud olan korrupsiyanın ona vurduğu ziyana görə ümumilikdə 670.000 avro məbləğini tələb etdi.

254. İkinci ərizəçi həbsdə olduğu müddətdə ailə üzvlərinin ona gətirdiyi yemək və dərmanlara çəkilmiş xərclər də daxil olmaqla məruz qaldığı ziyana görə, habelə həbsdə saxlanıldığı müddətdə gəlirlərini itirdiyinə görə 45.000 avro tələb etdi.

255. Üçüncü ərizəçi həbsdə olduğu müddətdə ailəsinin ona gətirdiyi yemək bağlamalarına çəkilmiş xərclərlə əlaqədar məruz qaldığı maddi ziyana görə 17.000 avro tələb etdi

256. Dördüncü ərizəçi tibbi müalicəyə və həbsdə olduğu müddətdə ailəsinin ona gətirdiyi yemək bağlamalarına çəkilmiş xərclər də daxil olmaqla maddi ziyana görə, habelə “dövlət sisteminin bütün səviyyələrində” mövcud olan korrupsiyanın ona vurduğu ziyana görə ümumilikdə 620.000 avro məbləğini tələb etdi.

257. Hökumət iddia etdi ki, ərizəçilərin tələbləri əsassızdır və hər hansı sübutedici sənədlə təsdiqlənmir.

258. Məhkəmə aşkar edilmiş pozuntularla hər bir ərizəçinin iddia etdiyi maddi ziyan arasında hər hansı səbəbiyyət əlaqəsi görmür. İstənilən halda, yuxarıdakı tələblərin heç biri hər hansı sübutla təsdiqlənməyib. Buna görə Məhkəmə ərizəçilərin maddi ziyanla bağlı tələblərini rədd edir.


1. Mənəvi ziyan
259. Ərizəçilərin hamısı Konvensiyada nəzərdə tutulmuş hüquqlarının pozulması nəticəsində məruz qaldıqları mənəvi ziyanla bağlı iddia tələblərini bildirdilər. Birinci ərizəçi 70.000 avro, ikinci ərizəçi 250.000 avro, üçüncü ərizəçi 50.000 avro, dördüncü ərizəçi isə 400.000 avro tələb etdi.

260. Hökumət bildirdi ki, tələb olunan məbləğlər əsassız və həddən artıqdır və iddia etdi ki, pozuntuların müəyyən edilməsinin özü ərizəçilərin məruz qaldıqları hər hansı mənəvi ziyana görə yetərli kompensasiya təşkil etmiş olardı.

261. Məhkəmə hesab edir ki, ərizəçilər, yəqin ki, mənəvi ziyana məruz qalıblar və bu ziyan yalnız pozuntuların müəyyən edilməsi ilə kompensasiya oluna bilməz. Konvensiyanın 41-ci bəndinin tələb etdiyi kimi qiymətləndirməni ədalət prinsipi əsasında həyata keçirərək, Məhkəmə hər bir ərizəçiyə bu bənd üzrə 10.000 avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir.

262. Məhkəmə bir daha xatırladır ki, ərizəçi Konvensiyanın 6-cı maddəsi ilə təmin olunan hüquqlarının pozulması ehtimalına baxmayaraq məhkum edilibsə, öncədən həmin maddənin tələblərinə əməl edilmiş olduğu təqdirdə ərizəçi hansı durumda olacaqdısa, vəziyyət mümkün qədər həmin duruma gətirilməlidir (bax: Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, 12-ci bənd, A seriyaları, № 85). Yuxarıda müəyyən edildiyi kimi, hazırkı işdə məhkəmə icraatı ədalətlilik tələblərinə cavab verməyib. Belə olan halda, məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etmək üçün ən münasib kompensasiya forması prinsipcə məhkəmə icraatının təzələnməsi olardı (bax (müvafiq dəyişikliklərlə): Somogi İtaliyaya qarşı, ərizə № 67972/01, 86-cı bənd, ECHR 2004-IV; Şulepov Rusiyaaya qarşı, ərizə № 15435/03, 46-cı bənd, 26 iyun 2008-ci il; Məhsimov Azərbaycana qarşı, ərizə № 38228/05, 46-cı bənd 8 oktyabr 2009-cu il; və Abbasov Azərbaycana qarşı, ərizə № 24271/05, 41-42-ci bəndlər, 17 yanvar 2008-ci il). Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 455-ci və 456-cı maddələrində nəzərdə tutulur ki, Avropa Məhkəməsi Konvensiyanın pozulduğunu aşkar edərsə, cinayət işi üzrə icraat Ali Məhkəmənin Plenumu tərəfindən təzələnə bilər.


B. Məhkəmə xərcləri və digər məsrəflər
263. Birinci ərizəçi məhkəmə xərclərinə və digər məsrəflərə görə 12.500 avro tələb etdi, bu məbləğə aşağıdakılar daxildir: daxili məhkəmələrdə vəkil qonorarlarına çəkilmiş xərclərə və digər məsrəflərə görə 7.000 avro və bu Məhkəmədəki icraat üçün çəkilmiş xərclərə görə 5.500 avro (bu məbləğ aşağıdakılardan ibarətdir: məhkəmə xərclərinə görə 4.500 avro və poçt xərclərinə görə 1.000 avro). Bu Məhkəmədəki icraat üçün vəkil qonorarlarına çəkilmiş məhkəmə xərcləri ilə bağlı tələbinin təsdiqi olaraq o, hüquqi xidmətlər üçün cənab F. Ağayevlə bağladığı müqaviləni təqdim etdi.

264. İkinci ərizəçi daxili məhkəmələrdə və bu Məhkəmədəki icraatda vəkil qonorarlarına çəkilmiş xərclərə görə təxminən 6.500 avro tələb etdi, Məhkəmədəki icraatla bağlı göstərilmiş hüquqi xidmətlərə görə onun cənab R. Hacılıya ödədiyi “təxminən” 1.500 avro məbləği də bu məbləğə daxildir. Tələbin sonuncu hissəsinin təsdiqi olaraq o, bu vəkilə ödədiyi 2.000 yeni Azərbaycan manatı məbləğində fakturanı təqdim etdi.

265. Üçüncü ərizəçi məhkəmə xərclərinə və digər məsrəflərə görə 7.500 avro tələb etdi, bu məbləğə aşağıdakılar daxildir: daxili məhkəmə icraatlarında vəkil qonorarlarına çəkilmiş xərclərə görə 3.000 avro və bu Məhkəmədəki icraat üçün vəkil qonorarlarına çəkilmiş xərclərə görə 4.500 avro. O, həmçinin tərcümə xərclərinə görə 2.592 avro və poçt xərclərinə görə 1.000 avro tələb etdi. O, Məhkəmədəki icraatla bağlı göstərilmiş hüquqi xidmətlər üçün cənab İ. Əliyevlə bağladığı müqaviləni, tərcümə xərcləri üçün müqaviləni və əlavə tərcümə xərclərinin ödənildiyini təsdiq edən fakturanı təqdim etdi.

266. Dördüncü ərizəçi məhkəmə xərclərinə və digər məsrəflərə görə 15.500 avro tələb etdi, bu məbləğə aşağıdakılar daxildir: daxili məhkəmələrdə vəkil qonorarlarına çəkilmiş xərclərə və digər məsrəflərə görə 10.000 avro və bu Məhkəmədəki icraat üçün çəkilmiş xərclərə görə 5.500 avro (bu məbləğ aşağıdakılardan ibarətdir: məhkəmə xərclərinə görə 4.500 avro və poçt xərclərinə görə 1.000 avro). Bu Məhkəmədəki icraat üçün vəkil qonorarlarına çəkilmiş məhkəmə xərcləri ilə bağlı tələbinin təsdiqi olaraq o, hüquqi xidmətlər üçün cənab F. Ağayevlə bağladığı müqaviləni təqdim etdi.

267. Hökumət bildirdi ki, tələb olunan məbləğlər həddən artıq yüksək və əsassızdır və bu xərclər faktiki olaraq çəkilməyib. O, qeyd etdi ki, ərizəçilər ya tələblərini təsdiq edən müvafiq sübutları təqdim etməyiblər, ya da təqdim etdikləri sübutlar yetərli deyil.

268. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi yalnız o halda çəkdiyi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna malik olur ki, həmin xərclərin faktiki və zəruri olaraq çəkildiyi sübut edilsin və onlar miqdarca ağlabatan olsun.

269. Daxili məhkəmə icraatlarında vəkil qonorarlarına çəkilmiş xərclərə və poçt xərclərinə aid tələblərə gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçilərin heç biri bu tələblərini təsdiq edən hər hansı sənəd təqdim etməyib və ya sənəd təqdim etməməsinin səbəbləri barədə inandırıcı izahat verməyib. Buna görə də Məhkəmə ərizəçilərin poçt xərclərinə və daxili məhkəmələrdə çəkdikləri məhkəmə xərclərinə və digər məsrəflərə aid tələblərini rədd edir.

270. Tələblərin qalan hissəsinə gəldikdə, sərəncamında olan sənədləri və yuxarıda 268-ci bənddə qeyd edilmiş meyarları nəzərə alaraq, Məhkəmə aşağıdakıları qərar alır:

i) Məhkəmə qeyd edir ki, birinci və dördüncü ərizəçi Məhkəmədəki icraatda eyni vəkillə (cənab F. Ağayev) təmsil olunublar və onun xidmətlərinə görə hər biri 4.500 avro tələb ediblər. Ərizəçilərlə cənab F. Ağayev arasındakı müvafiq müqavilələrdə şərtləşdirilmiş və faktiki olaraq göstərilmiş xidmətləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, tələb olunan bu məbləğlər faktiki olaraq göstərilmiş hüquqi yardıma uyğun gəlmir və hazırkı işdə bu xərclər zəruri deyildi. Daha sonra Məhkəmə hər iki halda təqdim edilən şikayətlərin və hüquqi arqumentlərin oxşarlığını nəzərə alır və qeyd edir ki, hər iki halda vəkilin arqumentlərinin xeyli hissəsi ya eyni, ya da çox oxşar idi. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə cənab F. Ağayevin göstərdiyi hüquqi xidmətlərə görə birinci və dördüncü ərizəçiyə birlikdə cəmi 3.200 avro məbləğini təyin edir.

ii) Məhkəmə ikinci ərizəçinin Məhkəmədəki icraat üçün vəkil qonorarlarına çəkdiyi xərclərlə bağlı tələbini qəbul edir və ona 1.500 avro məbləğini təyin edir.

iii) Üçüncü ərizəçi ilə onun vəkili cənab İ. Əliyev arasında bağlanmış müvafiq müqavilələrdə şərtləşdirilmiş və faktiki olaraq göstərilmiş xidmətləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, tələb olunan bu məbləğlər faktiki olaraq göstərilmiş hüquqi yardıma uyğun gəlmir və hazırkı işdə bu xərclər zəruri deyildi. Bundan başqa, hazırkı işdə faktiki olaraq tərcümə edilmiş sənədlərin ümumi həcmini nəzərə alaraq, Məhkəmə hesab edir ki, tərcümə xərcləri ilə bağlı tələb olunan məbləğ həddən artıqdır və buna görə də bu bənd üzrə kompensasiya yalnız qismən təyin oluna bilər. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə üçüncü ərizəçiyə Məhkəmədəki icraat üçün çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 3.000 avro məbləğini təyin edir.


C. İcranın gecikdirilməsinə görə faiz
271. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Ərizələri bir icraatda birləşdirməyi qərara alır;

2. Ərizəçilərin Konvensiyanın 6-cı maddəsinin 1-ci, 2-ci bəndləri və 3-cü bəndinin “b”, “c” və “d” yarımbəndləri üzrə şikayətlərini və birinci, ikinci və üçüncü ərizəçilərin Konvensiyanın 11-ci maddəsi üzrə şikayətlərini qəbul olunan, qalan şikayətləri qəbul olunmayan elan edir;

3. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “b”, “c” və “d” yarımbəndləri ilə birgə götürülməklə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;

4. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi pozulub;

5. Qərara alır ki, Konvensiyanın 11-ci maddəsi üzrə şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur;

6. Qərara alır ki:

a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçilərə aşağıdakı məbləğləri ödəməli, həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə yeni Azərbaycan manatına çevrilməlidir:

i) mənəvi ziyana görə hər bir ərizəçiyə 10.000 (on min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;

ii) cənab F. Ağayevin göstərdiyi hüquqi yardımla bağlı birinci və dördüncü ərizəçilərə – cənab Hüseynə və cənab Məmmədova birlikdə 3.200 (üç min iki yüz) avro, üstəgəl bu məbləğə görə ərizəçilərdən tutula bilən hər hansı vergi məbləği;

iii) Avropa Məhkəməsindəki icraata çəkilmiş məhkəmə xərclərinə görə ikinci ərizəçi cənab Abbasova 1.500 (min beş yüz) avro, üstəgəl bu məbləğə görə ərizəçidən tutula bilən hər hansı vergi məbləği;

iv) Avropa Məhkəməsindəki icraata çəkilmiş məhkəmə xərclərinə görə üçüncü ərizəçi cənab Hacılıya 3.000 (üç min) avro, üstəgəl bu məbləğə görə ərizəçidən tutula bilən hər hansı vergi məbləği;

b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;

7. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçilərin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 26 iyul 2011-ci ildə qərar barədə yazılı məlumat verilmişdir.
Nina Vayiç (Nina Vajić)

Sədr
Sören Nilsen (Søren Nielsen)



Katib


1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə