HÜseyn (huseyn) VƏ başqalari azərbaycana qarşI məhkəmə işi




Yüklə 492.91 Kb.
səhifə3/8
tarix10.04.2016
ölçüsü492.91 Kb.
1   2   3   4   5   6   7   8

Maddə 340. Tərəflərin çıxışları
“340.1. Məhkəmə çıxışları dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və ya onun nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi, təqsirləndirilən şəxs (yalnız müdafiəçi işdə iştirak etmədiyi halda) və ya onun müdafiəçisi, mülki cavabdeh və ya onun nümayəndəsi tərəfindən növbə ilə söylənilən nitqlərdən ibarətdir.

...


340.3. Cinayət prosesinin tərəfləri öz çıxışlarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməzlər. Özünün gəldiyi nəticənin əsaslandırılması üçün yeni sübutlardan istifadə etmək zərurəti yarandıqda cinayət prosesinin tərəfi hansı halların və hansı sübutlar əsasında əlavə tədqiqat tələb edildiyini göstərməklə məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırır. ...

340.4. Məhkəmə, məhkəmə çıxışlarını müəyyən vaxtla məhdudlaşdıra bilməz, lakin məhkəmə çıxışlarında iştirak edən şəxslər məhkəmədə baxılan ittihama aid olmayan hallara toxunduqda, məhkəmə iclasında sədrlik edən onların çıxışlarını dayandırmaq hüququna malikdir”.


Maddə 341. Replikalar
“Məhkəmə baxışının bütün iştirakçılarının məhkəmə çıxışları səsləndikdən sonra dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesi tərəfləri nümayəndələrinin çıxışlarında deyilənlərə dair qısa etiraz və qeydlərlə bir dəfə də çıxış etmək hüququna malikdirlər”.
Maddə 342. Təqsirləndirilən şəxsin son sözü
“342.1. Məhkəmə çıxışları və replikalar qurtardıqdan sonra təqsirləndirilən şəxsə son söz verilir. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən ona suallar verilməsinə yol verilmir.

342.2. Məhkəmə təqsirləndirilən şəxsin son sözünün müddətini müəyyən edə bilməz. Təqsirləndirilən şəxs məhkəmədə baxılan ittihama açıq surətdə aid olmayan hallara toxunduqda, məhkəmə iclasında sədrlik edən onun sözünü kəsmək hüququna malikdir.

342.3. Təqsirləndirilən şəxs son sözündə elan edilmiş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik olan yeni halları barədə məlumat verdikdə, məhkəmə, məhkəmə istintaqını təzələyir”.
106. CPM-in 455-ci maddəsinə əsasən, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunun Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən müəyyən edilməsi işin icraatının təzələnməsi üçün əsasdır. 456-cı maddəyə əsasən, bu halda Ali Məhkəmənin Plenumu yalnız işin hüquqi məsələlərə aid aspektinə baxır. İşə baxdıqdan sonra Ali Məhkəmənin Plenumu aşağı məhkəmələrin qərarlarını ləğv etməyi və işi müvafiq aşağı məhkəməyə göndərməyi qərara ala, yaxud kassasiya instansiyası məhkəmələrinin və ya digər məhkəmələrin qərarlarını dəyişə və ləğv edə və yeni qərar qəbul edə bilər (CPM-in 459-cu maddəsi).
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
107. Aşağıdakılar Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) Azərbaycanda 2003-2004-cü illərin məhkəmə araşdırmalarının monitorinqi layihəsinin hesabatından (“ATƏT/DTİHB-nin hesabatı”) müvafiq çıxarışlardır.
2. Seçkilərdən sonrakı hadisələrin qısa xülasəsi
Seçkilərdən sonrakı zorakılıqlar
... Seçkilərdən dərhal sonra oktyabrın 15 və 16-da Bakıda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalarla nəticələnmiş nümayişlər keçirildi.

Oktyabrın 15-də axşam Müsavat Partiyasının qərargahı qarşısında ATƏT/DTİHB-nin seçkiləri müşahidə missiyasının üzvləri polislərin dinc müxalifət tərəfdarlarına hücum etdiklərinin şahidi oldular. Oktyabrın 16-da bir neçə min nümayişçi və müxalifət tərəfdarı “oğurlanmış” hesab etdikləri seçkiyə etiraz etmək üçün Bakının mərkəzində Azadlıq meydanına toplaşdılar. Meydana doğru yolda nümayişçilərin binalara və nəqliyyat vasitələrinə ziyan yetirdikləri və metal parçaları və daşlarla polis qüvvələrinə hücum etdikləri müşahidə edildi. Meydanda polis və təhlükəsizlik qüvvələri nümayişçiləri sürətlə mühasirəyə aldılar və kütləni dağıtmaq üçün həddən artıq güc tətbiq etdilər. Nümayişçilər həbs edildikdən və daha hər hansı təhlükə yaratmadıqdan sonra, yaxud ərazini tərk etdikdən sonra təhlükəsizlik qüvvələrinin onları dəyənəklərlə vurduqları müşahidə edildi. Videoyazılar hökumət qüvvələrinin nümayişçiləri dağıtmaq üçün həddən səviyyədə güc tətbiq etdiklərini və qəddar göstərdiklərini sübut edir.

Zorakılığın ardınca həbslər dalğası başladı. Rəsmi şəxslərin məlumatlarına görə, tutulanlar zorakı hərəkətlərdə iştirak etmiş və ya zorakılığın təşkilinə görə məsuliyyət daşıyan şəxslər idi. Lakin həbslər ölkənin hər yerində aparıldı və zorakılıqla açıq-aydın əlaqəsi olmayan bir çox şəxsləri əhatə etdi. Daxili işlər naziri məlumat verdi ki, zorakı toqquşmalardan sonra 600-dən çox şəxs həbsə alınıb.
İnzibati və cinayət ittihamları
Seçkilərlə bağlı tutulmuş şəxslərin çoxu sonradan ittiham irəli sürülmədən azad edildilər. Seçkilərdən sonrakı toqquşmalarla bağlı cəmi 129 nəfər cinayət əməllərində ittiham olundular, bu hesabat hazırlanarkən onlardan 125-inin işi məhkəmə verilmişdi.

...


Cinayət əməllərində ittiham olunan şəxslər arasında, [digərləri ilə yanaşı, cənab Hüseyn, cənab Abbasov, cənab Hacılı və cənab Məmmədov] da daxil olmaqla müxalifətin bir neçə tanınmış üzvü vardı...

Bu hesabat yazıldığı vaxt nümayişçilərə qarşı qəddarlığa və ya həddən artıq güc tətbiqinə görə polis əməkdaşlarına və ya digər dövlət qulluqçularına qarşı ittihamlar irəli sürülməsi halları barədə ATƏT/DTİHB-də məlumat yox idi.


3. Məqsəd və metodologiya
Seçkilərdən sonrakı zorakılıqlarla bağlı 125 nəfərin hamısının işi ATƏT-in “Məhkəmə araşdırmalarının monitorinq proqramı” çərçivəsində monitorinq edildi. ...

ATƏT-in təlim keçdiyi məhkəmə monitorinqçiləri birinci instansiyada bütün məhkəmə iclaslarını və iki apellyasiya iclasını monitorinq etdilər. ATƏT-in təlim keçdiyi məhkəmə monitorinqçiləri 2003-cü ilin dekabrında və 2004-cü ilin mayında ədalətli məhkəmə araşdırmasına dair milli və beynəlxalq standartlara və məhkəmə araşdırmalarının monitorinqinin aparılması üsullarına aid iki təlim sessiyasında iştirak etmişdilər. Bundan əlavə, Britaniya Krallığının hüquq məsləhətçisi, hakim və beynəlxalq ekspert Pol Qarlik (Paul Garlick) mayın 7-dən başlamış məhkəmə araşdırmalarının yekun iclaslarını müşahidə etdi. Bu hesabatda yer alan məlumatlar əsasən məhkəmə monitorinqçilərinin və beynəlxalq ekspertin birbaşa müşahidələrinin nəticəsidir. Lakin həbsə alma və məhkəməyəqədər araşdırma dövrünə aid məlumatlar müttəhimlərin və müdafiəçilərin məhkəmədə təqdim etdikləri məlumatlara, habelə müttəhimlərlə və müdafiəçilərlə müsahibələrə əsaslanır. Məhkəməyə cəlb olunmuş 15-ci qrupun işi ilə bağlı beynəlxalq ekspert tərəfindən təfsilatlı sorğu anketi hazırlandı və müdafiəçi tərəfindən dolduruldu.

...
4. Seçkilərdən sonrakı işlərə aid əsas məlumatlar
...

Məhkəməyə cəlb olunmuş 125 nəfərin işinə 15 qrupda baxıldı. Bu hesabatın məqsədi üçün onlar 1-15-ci müttəhimlər qrupu adlandırılacaq. ...


16 oktyabr hadisələrinə dair məhkəmə araşdırmaları
Digər müttəhim qruplarının məhkəmə araşdırmalarının hamısı oktyabrın 16-da Azadlıq meydanında baş vermiş hadisələrlə bağlı idi və onların hamısının məhkəmə araşdırmaları Ağır cinayətlərə dair işlər üzrə məhkəmə tərəfindən həyata keçirildi. 1-6 və 8-14-cü qruplardakı müttəhimlər kütləvi iğtişaşlarda iştirak etməkdə, ictimai qaydanın pozulmasına səbəb olmuş hərəkətlərin təşkilində və ya belə hərəkətlərdə iştirak etməkdə və dövlət nümayəndəsinə müqavimət göstərməkdə və ya ona qarşı zorakılıq etməkdə ittiham olundular.

Sonuncu, 15-ci qrupdakı müttəhimlər sırasına seçkilərdən sonrakı zorakılıqlarla bağlı məhkəməyə cəlb olunmuş müxalifət partiyalarının tanınmış üzvləri daxil idi. Bütün digər qruplardakı müttəhimlər kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham olunduqları halda, 15-ci qrupdakı müttəhimlər kütləvi iğtişaşların təşkilində ittiham olunurdular. Bundan əlavə, onlar həmçinin dövlət nümayəndəsinə müqavimət göstərməkdə və ya ona qarşı zorakılıq etməkdə ittiham olundular. ...


5. Qənaətlər və təhlil
...

C. Məhkəmə araşdırmasında hüquqi yardımla təmin olunmaq hüququ
... Konkret nümunələr vardır ki, müttəhimlər ittiham irəli sürülməyənə qədər və ya həbs qətimkan tədbiri seçilməyənə qədər vəkillə görüşmələrinə icazə verilmədiyini iddia ediblər. ... 15-ci müttəhimlər qrupunda Pənah Hüseynov [Hüseynov] yazılı ifadə verdi ki, həbsə alındığı 18 oktyabr 2003-cü ildən 23 oktyabr 2003-cü ilədək vəkillə görüşməsinə icazə verilməyib. O, şikayət etdi ki, hüquqi yardımla təmin olunmaq hüququndan imtina etməyə məcbur edilib. Bu iş çərçivəsində bir müttəhim məhkəmədə bildirdi ki, Qazax polis bölməsində həbsdə saxlanılarkən vəkilin xidmətlərindən imtina etdiyi barədə və polis əməkdaşlarına qarşı güc tətbiq etdiyini etiraf etdiyi barədə sənədi imzalamağa məcbur edilib.

15-ci müttəhimlər qrupunda bəzi müttəhimlər həbsə alındıqdan sonra qısa müddətə vəkillə görüşə bilmədikləri halda, bəzi hallarda ilk görüşdən sonra vəkillə görüşə icazə verilməyib.

...
Öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq hüququ
...

15-ci müttəhimlər qrupunda işə aid dəlillər 22 cildlik cinayət işi materiallarından, şahid ifadələrindən, ziyan yetirilməsi barədə məlumatlardan, zərərçəkənlərin ifadələrindən və 22 videokassetdən ibarət idi. Materiallar 2004-cü ilin martınadək müdafiəçilərə verilmədi. Hətta ondan sonra materiallar müttəhimlərə cəmi bir nüsxədə verildi, bununla da onların öz müdafiələrini hazırlamaq imkanları məhdudlaşdırılmış oldu (xüsusən məhkəmə araşdırması müddətində müttəhimlərin ayrı-ayrı kameralardan saxlanıldıqları dövrdə). Bir neçə dəfə 15-ci müttəhimlər qrupunun məhkəmə iclasında müttəhimlər təcrid halında saxlanılmaları nəticəsində şahidlərin çarpaz dindirilməsinə hazırlaşarkən çətinliklərlə üzləşmələrindən və işin materiallarının yeganə nüsxəsini bir-biri ilə paylaşmaq məcburiyyətində qalmalarından şikayət etdilər.

Müttəhimlərə işin materiallarının yalnız bir nüsxədə verilməsinin yaratdığı çətinliklərdən əlavə, müdafiəçilər məhkəmə araşdırmasının hazırlıq mərhələsində məhkəmənin qəbul etdiyi qərarları onlara verməkdən imtina etməsindən şikayət etdilər. Müdafiəçi vəkillər məlumat verdilər ki, müdafiə tərəfi 31 vəsatət verib, amma onlara məhkəmənin yalnız 8 qərarının surətləri verilib.
İşgəncəyə məruz qalmamaq hüququ, özünə qarşı ifadə verməyə və ya təqsiri boynuna almağa məcbur edilməmək hüququ
...
Müttəhimlərin işgəncə və pis rəftar barədə iddiaları
15-ci müttəhimlər qrupunda iki nəfər istisna olmaqla bütün müttəhimlər işgəncəyə və pis rəftara məruz qaldıqlarını iddia etdilər. 1-14-cü qruplarda bu iddialar əsasən müvəqqəti saxlanma yerlərinin hüquq-mühafizə əməkdaşlarına qarşı irəli sürüldü, hərçənd ki, məhkəməyəqədər həbsdə saxlanma zamanı da pis rəftar barədə məlumatlar verildi. Məhkəmədə və ya bilavasitə DTPHB-nin məhkəmə monitorinqçilərinə təsvir edilmiş pis rəftar növlərinə bunlar daxil idi: məhbusları yaxın qohumlarına ziyan yetirməklə hədələmə, yemək və su verməmə, stullara bağlama, məhbusları çılpaq soyunduraraq dindirmə və videolentə alma, odlu silahla hədələmə, döymə, yumruq və təpiklə vurma, dəyənəklərlə, butulka ilə və taxta çubuqlarla vurma, saatlarla bayırda yağış altında dayanmağa məcbur etmə, bədənlərini siqaretlə yandırma, iynə ilə naməlum maddələr yeritmə və zorlama ilə hədələmə...
Şahidlərin işgəncə və pis rəftar barədə iddiaları
Müttəhimlərin işgəncə və pis rəftar barədə məlumatlarından əlavə, şahidlərin işgəncəyə və pis rəftara məruz qaldığı barədə çoxsaylı iddialar vardı: [mətndə bunun ardınca pis rəftara məruz qaldıqlarını iddia edən şahidlərin məlumatları gəlir]. ...

Pis rəftara məruz qalmaları nəticəsində bir neçə şahid məhkəmə araşdırmasında iddia etdilər ki, onların ifadələri etibarsız sayılmalıdır. ...


İşgəncə və ya digər pis rəftar növü vasitəsilə əldə edilmiş sübutlardan istifadənin qadağan olunması
... 11-ci və 12-ci müttəhimlər qrupu istisna olmaqla bütün qruplarda işgəncə və pis rəftar barədə iddialar irəli sürüldü. Hər bir halda hökmlərdə bildirildi ki, iddialar sübuta yetirilməyib. Yeganə istisna 5-ci müttəhimlər qrupu oldu, burada hökmdə işgəncə barədə iddialar haqqında heç nə deyilmədi.

Bundan əlavə, 2, 3, 4, 7, 8, 10, 13 və 15-ci qruplarda təzyiq altında verildiyi iddia edilən ifadələrə sübut qismində açıq-aydın istinad edildi. Ümumiyyətlə, müvəqqəti saxlanma yerlərində verilmiş ifadələrin işgəncə və ya pis rəftar vasitəsilə alındığı barədə müdafiə tərəfinin çoxsaylı vəsatətlərinə məhkəmələrin reaksiyası tibbi ekspertiza keçirilməsi barədə qərarlar çıxarılmasından və hüquq-mühafizə əməkdaşlarının şahid qismində çağırılmasından ibarət oldu.

...
Şahidlər
... 15-ci müttəhimlər qrupunda işgəncəyə məruz qaldıqlarını iddia edən şahidlərin ifadələrinin sübut qismində qəbul edilib-edilməməsi məsələsinin həllinə məhkəmənin yanaşması qüsurlu idi. Bu şahidlərin məhkəməyə verdikləri ifadələrdən sonra məntiqə görə heç bir məhkəmə əsaslı şübhə yeri qalmadan əminliklə bu qənaətinə gələ bilməzdi ki, işgəncə baş verməyib. Məhkəmə ... işgəncələr barədə iddialarla bağlı hər hansı lazımi araşdırma aparmadı və əvvəlki məhkəmə araşdırmalarında digər məhkəmələrin gədiyi nəticələrə həddən artıq güvəndi. Faktiki olaraq məhkəmə digər qərarların kökündə duran səbəbləri şübhə altına almadan və ya işdəki məsələləri həll edərkən digər məhkəmələrin ixtiyarında olan bütün dəlilləri araşdırmadan və həmin dəlilləri 15-ci müttəhimlər qrupunun işində öz ixtiyarında olan dəlillərlə müqayisə etmədən digər məhkəmələrin gədiyi nəticələri özü üçün məcburi hesab etmiş oldu.
J. Açıq məhkəmə araşdırması hüququ
... Seçkidən sonrakı məsələlərə aid işlərlə bağlı bütün məhkəmə iclasları birmənalı olaraq açıq keçirildi. Lakin açıq məhkəmə araşdırması hüququna müəyyən məhdudiyyətlər və maneələr tətbiq edildi.

Məsələn, 15-ci müttəhimlər qrupunda məhkəmə zalına giriş məhkəmənin təhlükəsizlik əməkdaşları tərəfindən ciddi şəkildə yoxlanılırdı və məhdudlaşdırılmışdı. Bir çox hallarda məhkəmə araşdırması zamanı müttəhimlər və onların vəkilləri məhkəməyə etiraz etdilər ki, məhkəmə zalında açıq-aşkar biş yerlərin olmasına baxmayaraq, ictimaiyyətin məhkəmə zalına daxil olmasının qarşısı alınır.

...

Məhkəmə araşdırmaları açıq keçirilsə də, bur sıra amillər ictimaiyyətin məhkəmə araşdırmalarında iştirakına xələl gətirdi:



  • Məhkəmə zalları iclasları müşahidə etmək istəyənlərin yerləşməsi üçün çox kiçik idi və müttəhimlərin qohumları bir sıra məhkəmə araşdırmalarında zala daxil ola bilmədilər. 7-10 nəfərlik müttəhimlər qrupunun məhkəmə araşdırmalarının birlikdə keçirilməsi problemi daha da qəlizləşdirdi.

  • Adətən insanlar Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin zalına yalnız məhkəmə məmurlarına şəxsiyyət vəsiqələrini təqdim etdikdən və onların şəxsiyyəti barədə məlumatlar məhkəmə məmurları tərəfindən yazıldıqdan sonra buraxılırdılar.

  • Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə iclasların qrafiki barədə məlumat asılmamışdı və ya ictimaiyyət hər hansı digər formada məlumatlandırılmırdı. Nəticədə DTİHB qarşıdakı iclasların günü və saatı barədə məlumat almaq üçün məhkəmə ilə telefon vasitəsilə əlaqə saxlamalı olurdu. İki halda məhkəmə katibləri bildirdilər ki, belə məlumatı vermək səlahiyyətinə malik deyillər.

  • Bəzi hallarda məhkəmə məmurları müxalifət qəzetlərinin, o cümlədən “Yeni Müsavat” və “Bakı Xəbər” qəzetlərinin nümayəndələrini məhkəmə zalına buraxmadılar. Bəzi hallarda səbəb göstərilmədən jurnalistlərin girişinə icazə verilmədi, digər hallarda isə səbəb kimi zalda yerlərin çatışmaması göstərildi.


K. İşə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququ
... 15-ci müttəhimlər qrupunun məhkəmə araşdırmasında məhkəmənin iki üzvü hüquq pozuntuları ilə bağlı istintaqda və ya cinayət təqibində iştirak edən və ya iştirak etmiş şəxslərlə əlaqələri olduğunu açıqlamadılar. Bu əlaqələrin nəticəsində hakimlərin qərəzli olduğuna dair sübutlar təqdim edilməsə də, müvafiq hakimlərin istintaqda və cinayət təqibində iştirakı olan şəxslərlə əlaqələri olduğunu açıqlamaması qaneedici hal deyildi. Müttəhimlər və onların vəkilləri bu məsələni məhkəmənin diqqətinə çatdırmayana qədər həmin açıqlamaların verilməməsi hakimlərin qərəzsizliyinə inam yaratmır.

...


15-ci müttəhimlər qrupunun məhkəmə araşdırmasında hakimlər iclasın təxirə salınması barədə prokurorun vəsatətini nadir hallarda rədd edirdilər, bəzən bu vəsatətlərin təmin edilməsi üçün heç bir əsas olmurdu. Konkret olaraq, prokurorun yekun nitqini hazırlaması üçün məhkəmə işə baxılmasının on gün müddətinə təxirə salınması barədə prokurorun vəsatətini təmin etdi və müddətin belə uzun olmasının səbəblərini prokurordan soruşmadı. Müttəhimlər iclasın belə uzun müddətə təxirə salınmasına ciddi etiraz etdilər, amma belə görünür ki, məhkəmə müttəhimlərin narahatlıqlarına və ya belə uzun müddətə təxirə salınmanın onların maraqlarına hər hansı ziyan yetirəcəyinə əhəmiyyət vermədi.

Həmçinin 15-ci müttəhimlər qrupunun məhkəmə araşdırmasında bir çox hallarda məhkəmə müttəhimlərin və ya onların vəkillərinin vəsatətləri ilə bağlı qərar çıxarmaqdan imtina edərək bunun əvəzinə həmin vəsatətlərin nəzərdən keçirilməsini onlara işin gedişində sonradan baxılana qədər təxirə salmağı qərara aldı.

Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən çağırılmasına icazə veriləcək şahidlərin sayı kimi mühüm məsələlərə baxılmasını hakimlərin təxirə salmaları xüsusi narahatlıq doğuran hal idi. Bu, özlərini müdafiə etmək üçün hansı şahid ifadələrindən istifadə edəcəklərinə icazə veriləcəyi məsələsində müttəhimləri qeyri-müəyyən vəziyyətdə qoyurdu. Bu, müttəhimlərin özlərini müdafiə etmək imkanlarına birbaşa mənfi təsir göstərə bilərdi. Üstəlik, məhkəmə müdafiə tərəfinin çağıracağı şahidlərin sayına məhdudiyyət qoymuşdu. ...
L. Ədalətli məhkəmə araşdırması hüququ
... 15-ci müttəhimlər qrupunun məhkəmə araşdırmasında müttəhimlər tez-tez məhkəməyə şikayət edirdilər ki, məhkəmə iclasının sonunda həbsxanaya qaytarıldıqdan sonra ayrı-ayrılıqda saxlanılırlar və onlara verilən məhkəmə materialları cəmi bir nüsxə ilə məhdudlaşır ki, bu da öz müdafiələrini hazırlamalarını, xüsusən də şahidləri çarpaz dindirmələrini çətinləşdirir. Müdafiəçilərin doldurduqları sorğu anketlərində məhkəmənin müttəhimlərə və vəkillərə sənədlərin surətlərini və videoyazıları lentləri verməkdən imtina etməsindən çoxlu şikayətlər yer almışdı. Vəkillər həm də şikayət edirdilər ki, videoyazılara müştəriləri ilə baxılmasına imkan yaradılmır.
Təqsirsizlik prezumpsiyası
... Seçkisonrası zorakılıqlardan sonra növbəti günlərdə yeni seçilmiş Prezident, habelə Daxili İşlər Nazirliyinin, Bakı Baş Polis İdarəsinin, Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri mətbuata açıqlamalar verərək qanunsuz hərəkətlərin Müsavat, ADP və Ümid partiyalarının liderləri və üzvləri tərəfindən törədildiyini iddia etdilər. ...
İttiham tərəfinin maddi dəlil təşkil edən informasiyaları açıqlaması
... 15-ci müttəhimlər qrupunun məhkəmə araşdırmasında bir çox hallarda müdafiəçilər məhkəməyə şikayət etdilər ki, ittiham tərəfi 16 oktyabr hadisələrinə aid olan, müdafiə tərəfinə kömək edə biləcək videoyazıları məhkəmədən gizlədib. Konkret olaraq, iddia edildi ki, ittiham tərəfi bəzi müttəhimlərin tribunada nitq söyləmədiklərini və nümayişçilərin təhrik edilməsinə və ya qızışdırılmasına görə məsuliyyət daşımadıqlarını göstərən videoyazıları açıqlamayıb. Bu məsələ ilə bağlı məhkəmə tərəfindən lazımi araşdırma aparılmadı. Məhkəmə ittiham tərəfini müdafiə tərəfinin iddiasını təkzib etməsi üçün sübut təqdim etməyə dəvət etmədi. Məsələ məhkəmə tərəfindən hərtərəfli araşdırılmalı və ittiham tərəfindən tələb edilməli idi ki, məhkəməni qane edəcək materialların hamısını bütünlüklə təqdim etsin.

...
Şahidləri çağırmaq və dindirmək hüququ


... Müşahidə edilmiş məhkəmə araşdırmalarının çoxunda hakimlər yalnız ittiham tərəfinin təqdim etdiyi dəlilləri, o cümlədən on şahidin (əsasən əsgərlərin və hüquq-mühafizə əməkdaşlarının) ifadəsini, bir qrup şəxsin pəncərələri sındırmalarının, avtomobillərə ziyan yetirmələrinin və hüquq-mühafizə əməkdaşlarını vurmalarının videoyazılarını və fotoşəkillərini nəzərdən keçirdilər. Eyni zamanda, tərəflərin bərabərliyi prinsipi və məhkəmənin çəkişmə xarakteri pozularaq, müdafiəçilərin cinayət ittihamlarını təkzib etmələri, müttəhimləri cinayət məsuliyyətindən azad edən və ya məsuliyyəti yüngülləşdirən halları məhkəmənin diqqətinə çatdırmaları üçün bərabər imkan yaradılmadı. Məhkəmə əlavə sübutların nəzərdən keçirilməsi üçün müttəhimlərin adından verilmiş vəsatətlərin, demək olar ki, hamısını rədd etdi. ...

15-ci müttəhimlər qrupunun məhkəmə araşdırmasında məhkəmə müdafiə tərəfinin polis və digər hökumət qüvvələri tərəfindən nümayişçilərə qarşı tətbiq edilmiş zorakılığı göstərən videoyazıları təqdim etməsinə icazə verdi. Lakin məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında çağırılan şahidlərin sayını ciddi şəkildə məhdudlaşdırdı. Müttəhimlər məhkəməyə bildirdilər ki, digər məsələlərlə yanaşı, nümayişçilər tərəfindən silah kimi istifadə edilmiş əşyaların onlara verilməsinə görə müttəhimlərin məsuliyyət daşımadıqlarını, zorakılıqdan istifadə etməmək və polislərin təxribatına cavab verməmək barədə çıxışları istisna olmaqla Azadlıq meydanında kütlə qarşısında çıxış etmədiklərini və ümumiyyətlə, oktyabrın 16-da baş vermiş vətəndaş iğtişaşlarının müttəhimlər tərəfindən planlaşdırılmadığını və ya idarə edilmədiyini sübut etməkdən ötrü ifadə vermək üçün 600-ə yaxın şahidin çağırılmasını istəyirlər. Bundan əlavə, müttəhimlər məhkəməyə vəsatət verdilər ki, polis və digər dövlət orqanlarının, o cümlədən Bakı şəhər icra hakimiyyətinin və Daxili İşlər Nazirliyinin bir sıra yüksək vəzifəli məmurları məhkəməyə çağırılsın. Müttəhimlər bildirdilər ki, bu şahidlər məhkəmə tərəfindən dindirilməlidir ki, zorakılığa polis və digər dövlət orqanlarının başladığı və faktiki olaraq onların nümayişçiləri zorakılığa cavab verməyə təhrik etdikləri sübuta yetirilin. Məhkəmə bu yüksək vəzifəli məmurları çağırmaqdan imtina etdi. ...


M. Məhkəmə qərarının açıq şəkildə elan edilməsi və əsaslandırılması hüququ
...
Məhkəmə qərarının əsaslandırılması hüququ
... 15-ci müttəhimlər qrupunun məhkəmə araşdırmasında ATƏT-in müşahidəçilərinin qiymətləndirməsi bundan ibarət oldu ki, 16 oktyabr 2003-cü ildə baş vermiş iğtişaşların müttəhimlər tərəfindən təşkil edildiyi, idarə olunduğu və ya iğtişaşlarda onların iştirak etdiyi barədə məhkəmənin əsaslandırılmış nəticə çıxarması üçün kifayət qədər sübut yox idi. Kütlənin zorakılığa və digər konkret hərəkətlərə təhrik edilməsində müxtəlif müttəhimlərin iştirak etdiyini iddia edən şahidlərin ifadələri o qədər zəif və qeyri-inandırıcı idi ki, məntiqlə düşünən heç bir məhkəmə onlara istinad edə bilməzdi. Daha konkret desək, müttəhimlərin iğtişaşlarda iştirakını və kütləni iğtişaşa təhrik etmək üçün konkret hərəkətlər etdiyini gördüklərini iddia edən ittiham tərəfinin şahidlərinin ifadələri çarpaz dindirmə zamanı o qədər etibarsız görünürdü ki, hətta ittiham hökmünün çıxarılmasında onlara istinad edilməsi mümkün deyildi. Hökmü çıxararkən məhkəmə ittiham tərəfinin şahidlərinin çoxunun ibtidai istintaqın gedişində verdikləri əvvəlki ifadələrdəki çoxsaylı uyğunsuzluqları nəzərə almadı. İttiham tərəfinin şahidləri arasında əvvəl verdikləri ifadələrə tamamilə zidd olan ifadə verənlər o qədər çox idi ki, müttəhimlərin iğtişaşlarda iştirakını nəzərdə tutan şahid ifadələrinə etibarlı ifadələr kimi baxmaq mümkün deyildi. Məhkəmə müttəhimlərin adından çağırılmış şahidlərin ifadələrinə isə, əksinə, əhəmiyyət vermədi, müdafiə tərəfinin şahidlərinin çoxunun ifadələrini qondarma və qeyri-adekvat əsaslara görə rədd etdi.

Müdafiə tərəfinin şahidlərinin ifadələrinə məhkəmənin yanaşması qüsurlu idi və məhkəmənin onlara qarşı qərəzli və əks mövqedə olduğunu nümayiş etdirirdi. Müdafiə tərəfinin şahidlərinin verdiyi ifadələr müttəhimlərin müdafiəsi üçün önəmli idi, amma məhkəmə öz hökmündə bu ifadələrə ötəri toxundu və hər bir şahidin ifadəsini rədd etməsinin səbəblərini göstərən hər hansı ayrıca və ətraflı təhlil ortaya qoymadan bu şahidlərin hamısının ifadələrini rədd etdi...”.

108. ATƏT-in hesabatına 4 saylı Əlavə yalnız 15-ci müttəhimlər qrupu ilə bağlı konkret müşahidələrə aid idi. Əlavənin əvvəlində məhkəmə araşdırması zamanı müttəhimlərin və şahidlərin, o cümlədən birinci ərizəçi cənab Hüseynin işgəncə və pis rəftar barədə iddiaları təkrarən təqdim edilib (yuxarıda 24-cü bəndə bax). Daha sonra Əlavədə məhkəmə araşdırması ilə bağlı müşahidəçilərin birbaşa müşahidələri və qeydləri əks olunub:

“...15-ci müttəhimlər qrupunun məhkəmə araşdırmasında ATƏT-in müşahidəçilərinin qiymətləndirməsi bundan ibarət oldu ki, 16 oktyabr 2003-cü ildə baş vermiş iğtişaşların müttəhimlər tərəfindən təşkil edildiyi, idarə olunduğu və ya iğtişaşlarda onların iştirak etdiyi barədə məhkəmənin əsaslandırılmış nəticə çıxarması üçün kifayət qədər sübut yox idi. Məhkəmə araşdırmasında ittiham tərəfinin şahidlərinin ifadələri o qədər zəif və qeyri-inandırıcı idi ki, məntiqlə düşünən heç bir məhkəmə onlara istinad edə bilməzdi. Hökmü çıxararkən məhkəmə ittiham tərəfinin şahidlərinin çoxunun ibtidai istintaqın gedişində verdikləri əvvəlki ifadələrdə yer alan və müttəhimlərə qarşı ifadələrinə etibarlı ifadə kimi baxılmasını mümkünsüz edən çoxsaylı uyğunsuzluqları nəzərə almadı.

Məsələn, məhkəmənin həll etməli olduğu mühüm məsələlərdən biri ondan ibarət idi ki, İqbal Ağazadə oktyabrın 16-da Azadlıq meydanındakı tribunada nitqlə çıxış etmişdimi? Məhkəmə bu məsələ barədə ittiham tərəfinin dəlillərinin həqiqiliyi və dürüstlüyü ilə razılaşmasaydı, bu müttəhimə qarşı ittihamlar əsassız olacaqdı və bu halda məntiqlə düşünən heç bir məhkəmə onu məhkum etməzdi. İqbal Ağazadənin tribunada nitq söylədiyini sübut etmək üçün ittiham tərəfinin istinad etdiyi şahidlərdən biri məhkəməyə ifadəsində bildirdi ki, Ağazadə meydana liman tərəfdən ağ avtomobildə gəlib. Amma məhkəməyə göstərilmiş videoyazıdan aydın oldu ki, müttəhimlər Ağazadə və Pənah Hüseynov meydana liman tərəfdən deyil, “İnturist” mehmanxanası tərəfdən qara “Mersedes” avtomobilində gəliblər. Məhkəmə bu məsələyə lazımi əhəmiyyət vermədi və bu ifadənin sübut qismində əhəmiyyətini (əgər bu şahidin ifadəsi ümumiyyətlə sübutedici dəyərə malik idisə) qiymətləndirərkən bu halı nəzərə almadı. Ümumiyyətlə, işdəki dəlillər məntiqlə düşünən heç bir məhkəməni müttəhimlər Ağazadə və Hüseynovun ittiham tərəfinin qeyd etdiyi şəkildə hərəkət etdiklərinə inandıra bilməzdi.

...


İttiham tərəfinin istinad etdiyi şahidlərin çoxunun məhkəməyəqədər araşdırmada müstəntiqlərə verdikləri ifadələr eyni sözlərdən ibarət idi və onlardakı durğu işarələri və tipoqrafik səhvlər də eyni idi. Bu məsələ belə bir ciddi narahatlıq doğurur ki, müstəntiqlər şahid ifadəsini düzgün qeydə almaq əvəzinə ifadələri özləri hazırlayıblar. Narahatlıq doğuran digər məsələ ondan ibarət idi ki, dindirmə protokollarına əsasən, belə görünür ki, müstəntiqlər eyni gündə və eyni saatda birdən artıq şahid dindiriblər. Müvafiq olaraq, bu o demək idi ki: 1) dindirmə protokolları düzgün deyildi və saxtalaşdırılmışdı; yaxud 2) protokollar düzgün idi və şahidlər birlikdə dindirilmişdilər, bu isə Cinayət Prosessual Məcəlləsinə ziddi idi. Bu məsələyə dair qaneedici izahat verilməsə də, məhkəmə məsələ ilə bağlı hər hansı adekvat araşdırma aparmadı və bu ifadələrin sübut qismində əhəmiyyətini qiymətləndirərkən bu məsələyə diqqət yetirmədi.

Müttəhimlərin vəsatəti əsasında məhkəmə çoxlu sayda şahidlər çağırdı və onların hamısı elə ifadələr verdilər ki, həmin ifadələrin qəbulu müttəhimlərə real surətdə kömək edə və ittiham tərəfinin mövqeyini həqiqi şübhə altına ala bilərdi. Lakin hökmdə məhkəmə müdafiə tərəfinin şahidlərinin ifadələrini tamamilə qeyri-adekvat şəkildə qısaca ümumiləşdirərək bu ifadələri bütünlüklə rədd etdi və aşağıdakıları bildirdi: [mətnin bu yerində yuxarıda 66-cı bənddə verilmiş sitat gəlir].

Bu qısa qiymətləndirmədə müttəhimlərin lehinə verilmiş ifadələrə kifayət qədər əhəmiyyət verilmədi və onlar qondarma və qeyri-adekvat əsaslara görə rədd edildi. Müdafiə tərəfinin şahidlərinin ifadələrinə məhkəmənin yanaşması qüsurlu idi və məhkəmənin onlara qarşı qərəzli və əks mövqedə olduğunu nümayiş etdirirdi. Müdafiə tərəfinin şahidlərinin verdiyi ifadələr müttəhimlərin müdafiəsi üçün önəmli idi, amma məhkəmə öz hökmündə bu ifadələrə ötəri toxundu və hər bir şahidin ifadəsini rədd etməsinin səbəblərini göstərən hər hansı ayrıca və ətraflı təhlil ortaya qoymadan bu şahidlərin hamısının ifadələrini rədd etdi”.

109. 15 və 16 oktyabr 2003-cü il hadisələri zamanı nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş vermiş zorakı toqquşmaları təsvir edən beynəlxalq qurumların və insan hüquqları üzrə qeyri-hökumət təşkilatlarının bir sıra hesabatlarından çıxarışlar əvvəllər baxılmış Muradovanın işi üzrə qərarda verilib (yuxarıda istinad edilmiş həmin iş üzrə qərarın 71-77-ci bəndləri).

110. Beynəlxalq QHT-lərin digər analoji hesabatları arasında “Human Rayts Votç” (Human Rights Watch) təşkilatının “Fərqli düşüncənin əzilməsi: Repressiya, zorakılıq və Azərbaycan seçkiləri” başlıqlı hesabatında (yanvar 2004-cü il, 16-cı cild, № 1(D)) 15 və 16 oktyabr 2003-cü il hadisələri il əlaqədar həbs edilmiş şəxslərin həbsdə olarkən məruz qaldıqlarını iddia etdikləri işgəncə aktlarına və pis rəftara dair bilavasitə verdikləri çoxsaylı məlumatların geniş xülasəsi yer alıb. “Human Rayts Votç” təşkilatının 2003-cü ilin sentyabrından noyabrınadək iki missiyası çərçivəsində Azərbaycana etdiyi səfərlər zamanı iddia edilən qurbanlar təşkilatın araşdırıcıları tərəfindən şəxsən aparılmış müsahibələrin gedişində müvafiq açıqlamalar veriblər.

1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə