HÜseyn (huseyn) VƏ başqalari azərbaycana qarşI məhkəmə işi




Yüklə 492.91 Kb.
səhifə2/8
tarix10.04.2016
ölçüsü492.91 Kb.
1   2   3   4   5   6   7   8

b) Müdafiə tərəfinin şahidləri
64. Ağır cinayətlərə dair işlər üzrə məhkəmə ərizəçilərin onların lehinə ifadə verməyə hazır olan şahidlərin məhkəmədə iştirakı barədə vəsatətlərini təmin etdi. Hökmdən belə görünür ki, iyirmidən artıq bu cür şahid dindirilib. Bu şahidlərin çoxu ərizəçilərin siyasi həmkarları və ya onların siyasi partiyalarına aidiyyəti olan digər şəxslər idi.

65. Çıxardığı hökmdə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə bu şəxslərin hamısının ifadələrini qısaca ümumiləşdirərək qeyd etdi ki, onların hamısı ərizəçilərin adlarına yazılan hərəkətlərin, məsələn, zorakılıq aktlarının qabaqcadan planlaşdırılmasının, kütləni zorakılığa təhrik edən çağırışlar edilməsinin, yaxud nümayişçilərə dəyənəklər və ya daş parçaları paylanmasının təşkil edilməsinin ərizəçilər tərəfindən həyata keçirildiyini inkar etdilər. Məhkəmə daha sonra qeyd etdi ki, şahidlər israrla bildirdilər ki, əksinə, polislər nümayişçilərə qarşı həddən artıq güc tətbiq ediblər, ərizəçilər isə çıxışlarında nümayişçiləri polislərə hücum etməkdən və istənilən təxribata cavab verməkdən çəkindiriblər.

66. Bundan sonra Ağır cinayətlərə dair işlər üzrə məhkəmə aşağıdakıları əsas gətirməklə bu ifadələri etibarsız sayaraq rədd etdi:

“[Müttəhimlərin] vəsatəti əsasında dinlənilmiş bu şahidlərin ifadələrini araşdırdıqdan sonra məhkəmə müəyyən etdi ki, yuxarıda qeyd edildiyi kimi, bu şəxslər müttəhimlərin başçılıq etdikləri [siyasi] partiyaların üzvləri və ya işçiləridir və [müttəhimlərlə] birlikdə işlədiklərinə görə [müttəhimlərdən] asılı olan və onlarla əlaqəli olan şəxslərdir. Hətta onların ifadələrinin bəziləri ziddiyyətlidir. Konkret olaraq, suallara cavab verərkən [N.H.] bir tərəfdən bildirdi ki, tribunada çıxış edən şəxslər insanları zorakılığa təhrik etməyiblər, digər tərəfdən isə bildirdi ki, çıxışları eşitmirdi, çünki tribunadan 70-100 metr kənarda dayanmışdı və hətta danışanın kim olduğunu görə bilmirdi. [N.Y.] bildirdi ki, meydanda tək olub, amma [E.P.] bildirdi ki, [N.Y.] orada onunla olub.

Bundan başqa, zərərçəkənlərin və şahidlərin ifadələrindən, videoyazılardan, maddi dəlillərdən ibarət olan yuxarıdakı hərtərəfli, etirablı və qarşılıqlı surətdə üst-üstə düşən sübutlar və qüvvədə olan məhkəmə hökmləri onların təsvir etdiyi halları təkzib edir. Buna görə də məhkəmə [müdafiə tərəfinin şahidlərinin] ifadələrini əsassız hesab edir”.
c) Digər sübutlar
67. Bunlardan əlavə, məhkəmə iclasları zamanı 16 oktyabr 2003-cü il hadisələrini əks etdirən bir sıra videoyazılara baxıldı.

68. İttiham tərəfinin təqdim etdiyi videoyazılar nümayişçilərin iddia edilən zorakılıq aktlarını sübut etmək məqsədini daşıyırdı. Videoyazılardakı bəzi təsvirlər ittiham tərəfinin müəyyən şahidlərinin ifadələri ilə ziddiyyət təşkil edirdi. Müttəhimlərin vəkillərinin bəziləri (məsələn, cənab Hadi) iddia etdilər ki, sübut qismində təqdim edilmiş bu videoyazıları məhkəmə iclaslarında ilk dəfədir ki, görürlər, çünki ittiham tərəfi məhkəmə araşdırmasına qədər videoyazıları onlara göstərməyib və buna görə də onlar bu sübutların araşdırılmasına hazırlaşmayıblar.

69. Belə görünür ki, müdafiə tərəfinin vəsatəti sonra Ağır cinayətlərə dair işlər üzrə məhkəmə müdafiə tərəfinin sübut qismində təqdim etdiyi əlavə videoyazıları qəbul etdi, həmin videoyazıların təqdim edilməsində məqsəd nümayişi yatırarkən polis və hərbçilər tərəfindən həddən artıq güc tətbiq edildiyi barədə iddianı sübut etmək idi.

70. Ağır cinayətlərə dair işlər üzrə məhkəmə sübut qismində təqdim edilmiş videoyazıları qiymətləndirərək qeyd etdi ki, videoyazılarda nümayişçilərin zorakılıq aktları, habelə onlara mütəşəkkil surətdə dəyənəklərin, daş parçalarının və digər “silahların” paylanması əks olunub.


3. Tərəflərin yekun çıxışları
71. 29 sentyabr 2004-cü ildə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə elan etdi ki, sübutların təqdim edilməsi başa çatıb və o, tərəflərin şifahi arqumentlərini dinləyəcək, məhkəmə ittiham tərəfini birinci çıxış etməyə dəvət etdi. İttiham tərəfi çıxışı hazırlamaq üçün iclasın 1 oktyabr 2004-cü ilədək təxirə salınmasını xahiş etdi. Oktyabrın 1-də ittiham tərəfi iclasın bir daha, bu dəfə 11 oktyabr 2004-cü ilədək təxirə salınmasını xahiş etdi. İttiham tərəfi yekin nitqlə iki məhkəmə iclası ərzində – 11 və 12 oktyabr 2004-cü ildə çıxış etdi.

72. 12 oktyabr 2004-cü ildə ittiham tərəfinin çıxışından sonra məhkəmə müttəhimləri müvafiq yekun çıxışlarını etməyə dəvət etdi. Lakin bu dəvətə cavab olaraq ərizəçilərin vəkillərinin, demək olar ki, hamısı bir-birinin ardınca söz alaraq şifahi arqumentlərin təqdim edilməsində iştirakdan və müdafiə tərəfinin yekun nitqini söyləməkdən imtina etdilər və məhkəməyə bu imtinaya dair aşağıdakı izahatları verdilər.

73. Birinci ərizəçinin vəkili cənab Hadi birinci danışaraq qeyd etdi ki, bütün proses ərzində müştərisinin müdafiəsini hazırlaması üçün ona yetərli vaxt və imkan verilməyib. Məhkəmə araşdırmasından əvvəl onun istintaq materiallarını tam öyrənmə icazə verilməyib və müdafiə taktikasını lazımi qaydada planlaşdıra bilməsi üçün ittiham tərəfinin bəzi dəlilləri ilə, məsələn, videoyazılarla tanış olmasına imkan yaradılmayıb. O, daha sonra qeyd etdi ki, məhkəmə prosesi zamanı müdafiəçilər müxtəlif formalarda təzyiqə və hətta hazırlıq iclaslarından birinə gələrkən fiziki hücuma məruz qalıblar. O, iddia etdi ki, vəkillər ərizəçiləri lazımi qaydada müdafiə etmələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq naməlum şəxslər tərəfindən təhdid ediliblər. Vəkillər bu məsələni dəfələrlə Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin diqqətinə çatdırsalar da və hətta onlara qarşı fiziki hücumun baş verdiyi insident barədə konkret şikayət versələr də, məhkəmə heç bir tədbir görməyib və onların üzləşdikləri çətinliklərə məhəl qoymayıb. O, daha sonra iddia etdi ki, əslində məhkəmə araşdırmasının nəticəsi öncədən məlum idi və bu nəticə siyasi motivli idi, məhkəmə araşdırmasının özü yalnız görüntü xatirinə keçirilmişdi, belə ki, hətta o yekunlaşmamış prezident açıq şəkildə bəyan etmişdi ki, ərizəçilər cinayətkardırlar və cəzalandırılacaqlar. O, bildirdi ki, belə olan halda vəkillər özlərini əlverişsiz və qorxudulmuş vəziyyətdə hiss ediblər. O, həmçinin bildirdi ki, bu səbəblərə görə müştərisini lazımi qaydada müdafiə edə bilməyib və buna görə də şifahi arqument təqdim edə bilmir. O, müştərilərindən – birinci ərizəçidən və cənab İbrahimovdan üzr istədi və qeyd etdi ki, şifahi arqumentlərin müttəhimlərin özləri tərəfindən hazırlanmasına və təqdim edilməsinə icazə verilməsi daha yaxşı olar.

74. Birinci və ikinci ərizəçilərin vəkili cənab Pənahov da oxşar izahat verdi. O da qeyd etdi ki, müştərilərini səmərəli müdafiə ilə təmin edə bilməyib, ona görə ki, digər məsələlərlə yanaşı, istintaq materialları ilə tanış olmasına imkan verilməyib. O, iddia etdi ki, məhkəməyəqədər araşdırma yekunlaşdıqdan sonra vəkillərə təzyiq göstərilib ki, işin məhkəməyə tez göndərilə bilməsi üçün işin materialları ilə tanış olduqları barədə protokolları imzalasınlar. O, hazırlıq iclaslarında bu barədə konkret şikayət etsə də, Ağır cinayətlərə dair işlər üzrə məhkəmə bu məsələyə əhəmiyyət verməyib. Cənab Hadi kimi cənab Pənahov da qeyd etdi ki, vəkillər şəxsi təhlükəsizliklərinə görə narahatlıq keçiriblər və bu, onların öz müştərilərini adekvat müdafiə ilə təmin etmək imkanlarına təsir göstərib.

75. Digər vəkillər həmkarlarının dediklərinin hamısına qoşuldular və yekun nitqindən imtina etmələrinə dair oxşar izahatlar verdilər.

76. Bunun ardınca birinci ərizəçi məhkəmədə özünün və digər müttəhimlərin adından çıxış edərək öz müdafiə çıxışlarını özlərinin etməsi üçün icazə verilməsini xahiş etdi. O, qeyd etdi ki, vəkilləri şifahi çıxışlarda iştirakdan imtina etdikdən sonra onlar mahiyyət etibarı ilə hüquqi yardımsız qalıblar. O, yekun çıxışlarının hazırlanması üçün onlara kifayət qədər vaxt verilməsini məhkəmədən xahiş etdi.

77. Bunun cavabında hakim İbayev bildirdi ki, müttəhimlərin replika (cavab) hüququndan istifadə etməsinə icazə veriləcək. Hakim Ələsgərov qeyd etdi ki, prosessual qanunvericilik müttəhimin şəxsən yekun nitqi söyləməsinə yalnız onun vəkillə təmsil olunmadığı halda icazə verir. Hakim Cüməliyev şərhində bildirdi ki, vəkil özünün müdafiə öhdəliyini müştərilərinin üzərinə qoya bilməz.

78. Növbəti məhkəmə iclasında, 13 oktyabr 2004-cü ildə birinci ərizəçi özünün və digər müttəhimlərin adından yazılı rəsmi vəsatət verərək məhkəmədən xahiş etdi ki, onların müdafiə nitqlərini özlərinin söyləməsinə icazə verilsin.

79. Məhkəmə vəsatəti əsassız sayaraq rədd etdi. O, qeyd etdi ki, müştərilərinə səmərəli və adekvat hüquqi yardım göstəriblər. O, daha sonra qeyd etdi ki, vəkillərə istintaq materialları ilə tanış olmaları üçün yetərincə imkan yaradılıb, amma özləri bunu etməyiblər, şifahi arqumentlərin bildirilməsində iştirak etmək vəkillərin vəzifəsidir, onlar icraatın bu mərhələsində müştərilərinə yardım etməkdən imtina edə bilməzlər və vəzifələrindən yayınmaları üçün əsaslı səbəbləri yoxdur.

80. Belə görünür ki, yalnız dördüncü ərizəçinin vəkilləri müştərilərinin adından yekun nitqlə çıxış ediblər, baxmayaraq ki, dördüncü ərizəçi yekun nitqini şəxsən özlərinin söyləməsinə icazə verilməsi barədə birinci ərizəçinin vəsatətinə qoşulmuşdu.

81. Ağır cinayətlərə dair işlər üzrə məhkəmə işi davam etdirərək tərəfləri replika hüququndan istifadə etməyə dəvət etdi. İttiham tərəfi bu hüquqdan imtina etdi.

82. Müttəhimlərin replika ilə çıxış etməsindən əvvəl üçüncü ərizəçi məhkəmədən xahiş etdi ki, şifahi arqumentlər təqdim edilərkən onların adından yekun nitqinin söylənilmədiyini nəzərə alaraq, onlara hər hansı vaxt məhdudiyyəti qoymasın. Sədrlik edən hakim qeyd etdi ki, bu, nəzərə alınacaq.

83. Birinci ərizəçi replika hüququndan istifadə edərək iki saata yaxın danışdı. Sədrlik edən hakim üç dəfə onun sözünü kəsərək xatırlatdı ki, replika qısa olmalıdır (3-15 dəqiqədən artıq olmamalıdır) və sonda ərizəçinin etirazlarına baxmayaraq onun çıxışını dayandırdı.

84. Eynilə, digər ərizəçilər də hamısı replika hüququndan istifadə edərək uzun nitqlə çıxış etməyə cəhd etdilər, amma sədrlik edən hakim arada onların sözünü kəsdi və sonda təxminən bir saatdan sonra çıxışlarını dayandırdı və belə əsas gətirdi ki, replika qısa olmalıdır.

85. Bunun ardınca son sözlərini söyləmələri üçün hər bir müttəhimin bir dəfə də danışmasına icazə verildikdən sonra məhkəmə iclasları başa çatdı.
4. Məhkum edilmə və cəzalar
86. 22 oktyabr 2004-cü ildə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə ərizəçiləri kütləvi iğtişaşların təşkilinə (Cinayət Məcəlləsinin 32.3 və 220.1-ci maddələri) və dövlət qulluqçularına qarşı zorakılıq aktlarında iştiraka görə (Cinayət Məcəlləsinin 32.2 və 315.2-ci maddələri) məhkum etdi.

87. Birinci ərizəçi ilə dördüncü ərizəçinin hər biri dörd il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. İkinci ərizəçi ilə üçüncü ərizəçinin hər biri isə beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu.


D. Sonrakı şikayətlər və əfv edilmə
88. 2004-cü ilin oktyabrında və noyabrında ərizəçilər Apellyasiya Məhkəməsinə ittiham hökmündən apellyasiya şikayəti verdilər. Konkret olaraq, bu şikayətdə birinci ərizəçi, digər məsələlərlə yanaşı, işinə qərəzsiz məhkəmə tərəfindən baxılması hüququnun, müdafiəsini hazırlaması üçün yetərincə vaxta və imkana malik olmaq hüququnun, vəkillə səmərəli şəkildə təmsil olunmaq hüququnun, tərəflərin bərabərliyi hüququnun və təqsirsizlik prezumpsiyası hüququnun pozulmasından şikayət etdi. O, həmçinin birinci instansiya məhkəməsinin sübutların qəbulu və qiymətləndirilməsi prosedurunda yol verdiyi səhvlərdən şikayət etdi. Birinci və ikinci ərizəçilər də apellyasiya ərizələrində oxşar şikayətləri bildirdilər.

89. Üçüncü ərizəçinin apellyasiya şikayəti digər ərizəçilərinkindən qısa idi və daha ümumi şəkildə ifadə edilmişdi. Digər məsələlərlə yanaşı, o, aşağıdakılar barədə şikayət etmişdi:

“ İttiham hökmü qanunsuz, əsassız və ədalətsiz hökm kimi ləğv olunmalı və mənə bəraət verilməlidir. Konkret olaraq:

1. Məhkəmə araşdırması təqsirləndirilən şəxs qismində mənim hüquqlarım pozulmaqla həyata keçirilib.

2. Məhkəmə araşdırması vəkillərimin hüquqları pozulmaqla həyata keçirilib.

3. Məhkəmə araşdırması mənim yekun nitqi söyləmək hüququm və vəkilimin yekun nitqi söyləmək hüququ pozulmaqla həyata keçirilib.

4. Məhkəmə araşdırması müəyyən nəticələrə gəlmək üçün zəruri olan bütün faktları araşdırmayıb.

5. Hökmdə əks olunmuş faktlar sübut edilməyib. ...

İttiham hökmünün qanunsuz, əsassız və ədalətsiz olması ilə bağlı iddialarım üçün əsaslar [apellyasiya] iclaslarında mənim tərəfimdən təqdim ediləcək”.

90. Apellyasiya şikayətlərinin hamısı ərizəçilərin özləri tərəfindən əllə yazılmış formada tərtib edildi.

91. Hazırlıq iclasından sonra çıxardığı 8 noyabr 2004-cü il tarixli qərarla Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətlərinə mahiyyəti üzrə baxılması barədə ərizəçilərin vəsatətini təmin etdi, amma şahidlərin və müttəhimlərin çarpaz dindirilməsinin yenidən keçirilməsi və yeni sübutların qəbulu vasitəsilə işlərinə dair “yeni məhkəmə baxışı” keçirilməsi barədə vəsatətlərini rədd etdi. O, həmçinin ərizəçilərin birinci instansiya məhkəməsində onları təmsil etmiş dövlət tərəfindən təyin olunan vəkillərlə apellyasiya icraatında təmin edilmələrini qərara aldı. Apellyasiya icraatı zamanı bu vəkillərin nə dərəcədə real yardım göstərdikləri aydın deyil.

92. 19 noyabr 2004-cü il tarixli qərarla Apellyasiya Məhkəməsi Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmünü qüvvədə saxladı. O, aşağı məhkəmənin gəldiyi nəticələri təkrar etdi və ərizəçilərin apellyasiya ərizələrindəki şikayətlərini əsassız şikayət kimi bir cümlə ilə rədd etdi.

93. Birinci ərizəçi bu qərardan kassasiya şikayəti verdi. Kassasiya şikayəti 206 səhifədən ibarət idi və ərizəçinin özü tərəfindən əllə tərtib olunmuşdu. Şikayətdə Ağır cinayətlərə dair işlər üzrə məhkəmədəki və Apellyasiya Məhkəməsindəki icraatların iddia edilən bütün qüsurları ilə bağlı geniş təfsilatlar yer almışdı. Digər ərizəçilər də kassasiya şikayəti verdilər, şikayətlər onların özü tərəfindən əllə tərtib olunmuşdu.

94. 29 mart 2005-ci ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.

95. 2005-ci ilin martında prezidentin əfv fərmanından sonra bütün ərizəçilər cəzalarının qalan hissəsini çəkməkdən azad edildilər.
E. İcraat dövründə müxtəlif vaxtlarda dövlət qulluqçularının və orqanlarının ərizəçilərlə bağlı açıqlamaları
96. Ərizəçilər yüksək vəzifəli dövlət məmurlarının və dövlət orqanlarının açıqlamalarının yer aldığı bir sıra nəşrləri təqdim edərək iddia etdilər ki, bunlar ərizəçilərin təqsirsizlik prezumpsiyasını pozub. Bu açıqlamaların bəziləri aşağıda qısaca ümumiləşdirilmiş şəkildə verilir:

97. 17 oktyabr 2003-cü ildə Milli Məclis (Parlament) “Müsavat, Ümid və Azərbaycan Demokrat Partiyalarının və müəyyən siyasi müxalifət qruplarının konstitusiyaya zidd aksiyaları haqqında” qərar qəbul edərək yuxarıda adı çəkilən partiyaları ittiham etdi və mülki şəxslərin və hüquq-mühafizə orqanları əməkdaşlarının həyatlarını itirməsinə və xəsarət almasına səbəb olmuş “qanunsuz aksiyalara” və kütləvi iğtişaşlara, habelə dövlət və özəl mülkiyyətə vurulmuş ziyana görə məsuliyyət daşıdıqlarını bildirdi. Digərləri ilə yanaşı, qərarda yuxarıdakı iğtişaşların təşkilatçıları kimi İsa Qəmbər (Müsavatın lideri), İqbal Ağazadə (ərizəçilərlə birlikdə məhkəməyə cəlb olunmuş müttəhimlərdən biri) və “bir qrup digər müxalifət üzvləri və tərəfdarları” göstərildi. Qərar rəsmi qəzetlərdə dərc olundu.

98. 23 oktyabr 2003-cü ildə rəsmi “Xalq qəzeti” dövlət informasiya agentliyi “AzərTAC”ın Daxili İşlər Nazirliyi tərəfindən 22 oktyabr 2003-cü ildə keçirilmiş mətbuat konfransına dair məlumatını dərc etdi. Bu mətbuat konfransında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri nazirliyin 15 və 16 oktyabr 2003-cü il hadisələri ilə bağlı rəsmi mövqeyini çatdırdı və mətbuata məlumat verdi ki, bu məsələ ilə bağlı cinayət işi açılıb və bir sıra şəxslər həbs edilib. O, digər məsələlərlə yanaşı aşağıdakıları bildirdi:

“...15 və 16 oktyabr 2003-cü ildə destruktiv müxalifət, Müsavat, Ümid və Azərbaycan Demokrat Partiyalarının lideri İsa Qəmbər, Rəsul Quliyev, Sərdar Cəlaloğlu [Məmmədov], İqbal Ağazadə və digərləri qabaqcadan planlaşdırılmış və kütləvi iğtişaşlarla nəticələnən qanunsuz aksiyaların həyata keçirilməsinə başladılar”.

99. Qəzetin eyni nömrəsində Səbail rayon polis idarəsinin rəisinin müxalifəti ittiham edən bəyanatı yer almışdı. Orada aşağıdakılar deyilirdi:

“15 və 16 oktyabr 2003-cü ildə müəyyən qiyamçı və ifrat mürtəce qruplar İsa Qəmbər, İqbal Ağazadə və Sərdar Cəlaloğlunun [Məmmədov] birbaşa göstərişlərindən sonra Bakıda dəhşətli cinayət hərəkətləri törətdilər. ...

... biz əminik ki, ... cinayətləri törətmiş və bu ifrat irticaçı hərəkətlərə nəzarət etmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq və layiqli cəzalarını alacaqlar. Bundan başqa, biz əminik ki, bu cinayətkar aksiyaları təşkil etmiş Müsavat, Ümid və Azərbaycan Demokrat Partiyaları qadağan olunacaq və bu siyasi qurumların liderləri (İ. Qəmbər, R. Quliyev, S. Cəlaloğlu, İ. Ağazadə) cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

100. 25 oktyabr 2003-cü ildə “Xalq qəzeti” Ombudsmanın bəyanatını dərc etdi, o, bəyanatda müxalifəti və 15 və 16 oktyabr 2003-cü il hadisələri zamanı nümayişçilərin etdikləri hərəkətləri tənqid edir və bütün həmvətənlərini vətəndaş birliyinə sadiq qalmağa və dinc davranışa çağırırdı. Bəyanatda 25 oktyabr 2003-cü il hadisələri zamanı və onların nəticəsində hüquq mühafizə orqanları tərəfindən həddən artıq və repressiv güc tətbiqi barədə heç nə deyilmirdi.

101. 27 oktyabr 2003-cü ildə “Xalq qəzeti” təxminən bütöv bir səhifə həcmində “Oktyabrın 15-də və 16-da Bakıda baş vermiş hadisələrə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun mətbuata bəyanatı”nı dərc etdi. Bəyanat son illər cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanlarının uğurunun və Hökumətin qanunun aliliyi ilə idarə olunan demokratik dövlət quruculuğunda nail olduğu tərəqqinin alqışlanması ilə başlayırdı. Sonra bəyanat “müsbət irəliləyişləri və mövcud reallıqları qəbul etmək istəməyən” və Hökumətin uğurlarına “kölgə salmağa” və ölkədə sabitliyi pozmağa çalışan “radikal müxalifət” kimi ittihamedici sözlərlə davam edirdi. Daha sonra bəyanatda deyilirdi:

“Müxalifətin ekstremist dairələri azad və ədalətli seçkilərdə məğlub olacaqlarını qabaqcadan dərk etdiklərinə görə və demokratik və şəffaf şəkildə keçirilən səsvermənin gedişində buna tam əmin olduqdan sonda bir daha destruktiv aksiyalara əl atdılar. Müsavat və Ümid Partiyalarının liderləri İsa Qəmbər və İqbal Ağazadə və onların tərəfdarları və törətdiyi cinayətlərə görə beynəlxalq axtarışda olan Rəsul Quliyev və Sərdar Cəlaloğlu [Məmmədov] da daxil olmaqla ADP liderləri, habelə həmin partiyanın üzləri bu məsələdə xüsusilə fərqləndilər.

Qeyd etmək lazımdır ki, oktyabrın 1-dən başlayaraq [yuxarıda adları çəkilən] şəxslər tərəfindən planlaşdırılmış kütləvi aksiyalarda iştirak etmək məqsədi ilə həmin partiyaların üzvləri, habelə cinayətkarlığa meylli olan şəxslər [Bakıya] gətirilmiş və [aksiyalarda iştiraklarının] müqabilində onların bəzilərinə pul paylanmışdı.

[Mətn müxalifətin 15 oktyabr 2003-cü ildə keçirdiyi və seçkidəki qanun pozuntularının və ədalətsizliyin ilk dəfə səsləndirildiyi nümayişin təsviri ilə davam edir.]

Seçkidən sonra yuxarıda adı çəkilən partiya liderləri tərəfindən bilərəkdən yayılmış saxta ittihamlar və yalanlar, habelə onların [nümayişçiləri] qanunsuz hərəkətlər etməyə çağırması paytaxtda ictimai qaydanın kobudcasına pozulması ilə nəticələnən gələcək aksiyalar üçün stimul oldu...”.

102. Bəyanat 15 və 16 oktyabr hadisələrinin ətraflı təsviri ilə və nümayişin dağıdılması zamanı polis tərəfindən həddən artıq və repressiv güc tətbiqi barədə hər hansı iddiaların, habelə tutulmuş şəxslərin işgəncəyə və pis rəftara məruz qalması barədə iddiaların qəti inkarı ilə davam etdirilirdi. Orada həmçinin deyilirdi ki, nəticə etibarı ilə tutulanlar arasında yalnız sözügedən qanunsuz aksiyaların əsas təşkilatçılarından və hüquq pozucularından ibarət az sayda şəxslər barəsində cinayət işi açılıb.

103. 30 oktyabr 2003-cü ildə “Xalq qəzeti” daxili işlər nazirinin müavininin “Azərbaycanda sabitlik və əmin-amanlıq qorunacaq, qanunun aliliyinə tam hörmət ediləcək” başlıqlı məqaləsini dərc etdi. Məqalə, demək olar ki, bütünlüklə 15 və 16 oktyabr hadisələri zamanı siyasi müxalifətin aksiyalarının pislənməsindən və sərt tənqidindən ibarət idi. Müəllif bütövlükdə müxalifət barəsində, xüsusən də Müsavat Partiyası və onun lideri İ. Qəmbər barəsində “cinayətkar”, “mürtəce”, “destruktiv”, “radikal” və “zorakı” kimi ifadələrdən dəfələrlə ifadə etmişdi. Müəllif açıq şəkildə bildirirdi ki, Müsavat Partiyası, onun liderləri və onları dəstəkləyən digər müxalifət qüvvələri “cinayət xarakterli aksiyalarda” iştirak ediblər, qanunsuz yolla dövlət hakimiyyətini ələ keçirmək niyyətlərini açıq bəyan ediblər, tərəfdarlarına dəyənəklər paylayıblar və onlara zorakılıq və vandalizm aktlarında iştirak etmək və ölkədə sabitliyi pozmaq göstərişi veriblər. Yuxarıdakı qiymətləndirmələr çərçivəsində məqalədə aşağıdakı açıqlamalar yer almışdı:

“... Pənah Hüseyn[ov] ... qan töküləcəyi barədə təhdidlər səsləndirdi və kütləvi psixoz vəziyyəti yaratmağa cəhd etdi. Bu cür təxribatçı hərəkətlər edən təkcə Pənah Hüseyn[ov] ... deyildi. “İnqilabi vəziyyətin yetişdiyi” barədə İsa Qəmbərin və Rəsul Quliyevin sərsəm ideyaları Sərdar Cəlaloğlu [Məmmədov], İqbal Ağazadə, İbrahim İbrahimli, Arif Hacı[lı], Rauf Arifoğlu [Abbasov] və Flora Kərimova kimi şəxslər tərəfindən cəmiyyətə çatdırılıb”.

104. Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin ərizəçilərin işi üzrə hökmü çıxarılmazdan əvvəl, 5 oktyabr 2004-ü ildə rəsmi “Azərbaycan” qəzeti Prezidentin “Röyters” (Reuters) agentliyinə verdiyi uzun müsahibəni dərc etdi. Müzakirə zamanı müzakirə olunmuş müxtəlif məsələlər arasında Prezident həmçinin aşağıdakı açıqlamanı verdi:

“Müxalifətin zorakılıq yolu ilə seçkinin nəticələrini dəyişmək cəhdi cinayət aktı idi. Mən bir daha vurğulayıram ki, müxalifətçi olduqları deyilən həbsə alınmış şəxslər müxalifət üzvü olduqlarına görə deyil, qanunsuz hərəkətlər törətdiklərinə görə məhkəməyə cəlb olunublar”.


II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
105. 2000-ci il tarixli Cinayət Prosessual Məcəlləsinin (“CPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdu:
Maddə 107. Etiraz və öz-özünə etirazın ümumi müddəaları
“107.2. Hakimin, andlı iclasçının, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 110, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər”.
Maddə 109. Hakimə etiraz
“109.1. Hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun:

...


109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda;

...


109.2. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü-özünə etiraz etməlidir”.
Maddə 339. Məhkəmə çıxışlarının başlanması
“339.1. Məhkəmə istintaqı qurtardıqdan sonra məhkəmə iclasında sədrlik edən məhkəmə çıxışlarına başladığını elan edir.

339.2. Məhkəmə çıxışlarında iştirak edən şəxslərdən hər hansı biri məhkəmə çıxışlarına hazırlaşmaq üçün vaxt verilməsi haqqında vəsatət qaldırdıqda, məhkəmə iclasında sədrlik edən müddətini göstərməklə məhkəmə iclasında tənəffüs elan edir”.

1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə