HÜseyn (huseyn) VƏ başqalari azərbaycana qarşI məhkəmə işi




Yüklə 492.91 Kb.
səhifə1/8
tarix10.04.2016
ölçüsü492.91 Kb.
  1   2   3   4   5   6   7   8



Avropa İnsan Hüquqları Məhkəməsi
BİRİNCİ SEKSİYA

HÜSEYN (HUSEYN) VƏ BAŞQALARI AZƏRBAYCANA QARŞI məhkəmə işi

(Ərizələr 35485/05, 45553/05, 35680/05 36085/05)

QƏRAR

Strasburq



26 iyul 2011-ci il

Qəti qərara çevrilmə tarixi:
26.10.2011

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. O, redaktə xarakterli dəyişikliklərə məruz qala bilər.
Hüseyn və başqaları Azərbaycana qarşı məhkəmə işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Seksiya),

hakimlər:

Nina Vayiç (Nina Vajić), sədr,

Elizabet Ştayner (Elisabeth Steiner),

Xanlar Hacıyev (Khanlar Hajiyev),

George Nikolau (George Nicolaou),

Miryana Lazarova-Traykovska (Mirjana Lazarova Trajkovska),

Culiya Lafranke (Julia Laffranque),

Linos-Aleksandre Sisilianos (Linos-Alexandre Sicilianos),

habelə Seksiyanın katibi Sören Nilsendən (Søren Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək,

5 iyul 2011-ci ildə qapalı müşavirə keçirərək,

həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən dörd Azərbaycan vətəndaşı – cənab Pənah Çodar oğlu Hüseyn (“birinci ərizəçi”), cənab Rauf Arif oğlu Abbasov (“ikinci ərizəçi”), cənab Arif Mustafa oğlu Hacılı (“üçüncü ərizəçi”) və cənab Sərdar Cəlal oğlu Məmmədov (“dördüncü ərizəçi”) tərəfindən (bundan sonra hamısı birlikdə “ərizəçilər” adlandırılacaq) 2005-ci ilin sentyabrında Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı ərizələr (№ 35485/05, 45553/05, 35680/05 və 36085/05) əsasında başlanıb.

2. Birinci və dördüncü ərizəçini cənab F. Ağayev təmsil edib. İkinci ərizəçini cənab R. Hacılı təmsil edib. Üçüncü ərizəçini cənab İ. Əliyev təmsil edib. Bütün nümayəndələr Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünaslardır. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.

3. Ərizəçilər konkret olaraq iddia etdilər ki, onlara qarşı cinayət icraatında çoxsaylı nöqsanlar olub ki, bu da onların ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə nəticələnib və onların təqsirsizlik prezumpsiyası hüququ pozulub.

4. Birinci Seksiyanın sədri ərizələr barəsində Hökumətə 12 iyul 2007-ci ildə (35485/05, 35680/05 və 36085/05 saylı ərizələr barəsində) və 9 oktyabr 2007-ci ildə (45553/05 saylı ərizə barəsində) məlumat verməyi qərara aldı. Həmçinin qərara alındı ki, ərizəyə mahiyyəti üzrə baxılması onun qəbuledilənliyinə baxılması ilə eyni vaxtda həyata keçirilsin (29-cu maddənin 1-ci bəndi).


FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçilər müvafiq olaraq 1957, 1966, 1962 və 1957-ci ildə anadan olublar və Bakıda yaşayırlar.

6. Birinci ərizəçi cənab Pənah Hüseyn (bəzən onu Pənah Hüseynov da adlandırırlar) Azərbaycan Xalq Cəbhəsi Partiyasının tanınmış üzvü olub. İkinci ərizəçi cənab Rauf Abbasov (adətən Rauf Arifoğlu kimi tanınır) Müsavat Partiyasının tanınmış üzvü və müxalif yönümlü “Yeni Müsavat” qəzetinin baş redaktoru olub. Üçüncü ərizəçi cənab Arif Hacılı Müsavat Partiyasının sədr müavini olub. Dördüncü ərizəçi cənab Sərdar Məmmədov (adətən Sərdar Cəlaloğlu kimi tanınır) Demokrat Partiyasının sədr müavini olub.

7. Ərizəçilərin də daxil olduğu müvafiq siyasi qüvvələr 15 oktyabr 2003-cü il prezident seçkilərində əsas müxalifət namizədi, Müsavat Partiyasının sədri cənab İsa Qəmbəri dəstəkləmək məqsədi ilə yaradılmış “Bizim Azərbaycan” seçki koalisiyasının təsisçiləri idi.
A. 15 və 16 oktyabr 2003-cü il hadisələri
8. Cənab Qəmbər 15 oktyabr 2003-cü il seçkilərini uduzdu.

9. Seçki günü axşam bir qrup müxalifət tərəfdarı Bakının mərkəzində Müsavat Partiyasının qərargahının qarşısına toplaşaraq seçkidə namizədlərinin qələbə qazandığını iddia etdilər. Həmin vaxt müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında bəzi şiddətli mübahisələr oldu.

10. Oktyabrın 16-da saat 14 radələrində bir sıra müxalifət tərəfdarları seçkinin nəticələrinə etiraz etmək üçün Bakının mərkəzində Dövlət Xalça Muzeyinin yaxınlığında toplaşmağa başladılar. Sonra kütlə şəhərin əsas meydanı olan Azadlıq Meydanına doğru hərəkət etməyə başladı. Məlumatlara görə, yolda kütlənin içərisindəki bəzi adamlar maşınlara, binalara, skamyalara və digər şəhər tikililərinə ziyan yetirməyə başladılar. Həmçinin iddia edildiyinə görə, bu icazəsiz nümayişin təşkilatçıları və müxalifət partiyalarının müəyyən liderləri öz tərəfdarlarını zorakılığa təhrik edirdilər.

11. İddia edildiyinə görə, nümayişçilərin bəziləri Azadlıq Meydanına cəlb olunmuş bəzi polis əməkdaşlarına hücum etdilər. Bundan az sonra dəbilqə, qalxan və dəyənəklərlə təchiz olunmuş çoxlu sayda asayiş polisi və hərbi personal nümayişi dağıtmaq məqsədi ilə meydana gəldi. Vəziyyət sürətlə gərginləşərək ictimai iğtişaşa keçdi və kütlə ilə polis arasında zorakı toqquşmalar oldu. Bir çox məlumatlara görə, hakimiyyət nümayəndələri fərq qoymadan sözügedən ərazidə qarşılarına çıxan hər kəsə qarşı həddən artıq dərəcədə güc tətbiq etdilər.

12. Digər şəxslərlə yanaşı ərizəçilər də dövlət orqanları tərəfindən nümayişin təşkilatçıları hesab edildilər. Saat 14.30 radələrində cənab Məmmədov istisna olmaqla ərizəçilərin hamısı Azadlıq Meydanındakı tribunada göründülər. Cənab Hacılı meydana toplaşmış xalq qarşısında çıxış etdi, digər iki ərizəçi isə çıxış etmədi. Cənab Məmmədov özünün ifadəsinə görə həmin vaxt öz siyasi partiyasının qərargahında idi və Azadlıq Meydanına gələ bilmirdi (baxmayaraq ki, bunu istəyirdi), çünki məlumatlara görə qərargahın çıxışlarının qarşısı dövlət təhlükəsizlik qüvvələri tərəfindən kəsilmişdi.

13. Saat 18 radələrində nümayiş tamamilə dağıdıldı. 16 oktyabr hadisələri zamanı və onların nəticəsində bir neçə yüz insan tutuldu.


B. Cinayət icraatına başlanılması və ibtidai istintaq
1. Ərizəçilərin həbsi
14. 16 oktyabr 2003-cü ildə Baş prokurorluq 15 və 16 oktyabr 2003-cü il hadisələri ilə bağlı cinayət icraatına (iş № 80308) başladı. Həmin hadisələrlə bağlı tutulmuş yüzdən artıq adam son nəticədə bu icraat kontekstində cinayət təqibinə məruz qaldı. İcraat yalnız nümayiş təşkilatçılarının və nümayişdə iştirak edənlərin hərəkətləri ilə bağlı idi və belə görünür ki, nümayiş dağıdılan zaman polis və hərbi bölmələr tərəfindən həddən artıq güc edildiyi barədə iddialarla bağlı heç bir cinayət istintaqı və ya hər hansı digər formada araşdırma aparılmayıb (bax: Muradova Azərbaycana qarşı, ərizə № 22684/05, 23-cü və 114-cü bəndlər, 2 aprel 2009-cu il).

15. Yuxarıda qeyd edilən cinayət icraatı kontekstində aşağıda göstərilmiş tarixlərdə bütün ərizəçilər həbs olundular və cinayət əməllərində ittiham edildilər.

16. Birinci ərizəçi cənab Pənah Hüseyn 18 oktyabr 2003-cü ildə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“MCMİ”) bir neçə polis əməkdaşı tərəfindən öz evində həbs edildi. O, MCMİ-nin təcridxanasına aparıldı.

17. İkinci ərizəçi cənab Rauf Abbasovun sözlərinə görə, 17 oktyabr 2003-cü ildə mülki geyimli bir neçə polis əməkdaşı onu həbs etməyə uğursuz cəhd etdi. Bundan sonra ərizəçi həbs edilməkdən yaxa qurtarmaq üçün 21 oktyabr 2003-cü ilədək Norveç Səfirliyinə sığındı. O, polislərdən həbs edilməyəcəyi barədə zəmanətlər aldıqdan sonra Səfirliyi tərk etdi. Lakin 24 oktyabr 2003-cü ildə o, həbs edildi və 1 saylı saxlama müəssisəsinə aparıldı.

18. Üçüncü ərizəçi cənab Arif Hacılıya gəldikdə, 21 oktyabr 2003-cü ildə Nəsimi rayon məhkəməsi Baş prokurorluğun vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçdi. Ərizəçi məhkəmə iclasında şəxsən iştirak etmədi və nümayəndə ilə təmsil olunmadı. 24 oktyabr 2003-cü ildə o, həbs qərarına uyğun olaraq həbsə alındı.

19. Dördüncü ərizəçi cənab Sərdar Məmmədov 18 oktyabr 2003-cü ildə evində həbs olundu və MCMİ-yə aparıldı (dördüncü ərizəçinin tutularaq həbsə alınmasının hallarının ətraflı təsviri üçün bax: Məmmədov Azərbaycana qarşı, ərizə № 34445/04, 6-14-cü bəndlər, 11 yanvar 2007-ci il).

20. Həbs edildikdən sonra birinci, üçüncü və dördüncü ərizəçilərin vəkillə dərhal görüşməsinə imkan verilmədi (aşağıda B.4 bölməsinə bax).

21. Ərizəçilərin hamısı Cinayət Məcəlləsinin 32.2, 220.1 və 315.2-ci maddələrinə əsasən rəsmən “kütləvi iğtişaşların təşkilində” və “dövlət nümayəndələrinə qarşı zor tətbiqində” ittiham olundular. Baş prokurorluğun müvafiq vəsatətləri əsasında onların hamısının barəsində məhkəmə qərarına uyğun olaraq həbs qətimkan tədbiri seçildi və daha sonra onların həbsdə saxlanma müddəti məhkəmə araşdırmasına qədər uzadıldı.


2. Birinci, ikinci və dördüncü ərizəçilərə qarşı törədildiyi iddia edilən pis rəftar
22. Birinci ərizəçi 22 oktyabr 2003-cü ilədək MCMİ-nin təcridxanasında saxlanıldı. Daha sonra o, digər saxlanma müəssisəsinə köçürüldü. Onun sözlərinə görə, MCMİ-nin təcridxanasında saxlanıldığı beş gün ərzində dəfələrlə pis rəftara məruz qalıb. Həmçinin ona məlumat verilib ki, qardaşı da daxil olmaqla bir neçə qohumu həbs edilib. 23 oktyabr 2003-cü ilədək onun vəkillə görüşməsinə icazə verilməyib (aşağıya bax). Digər saxlanma müəssisəsinə köçürüldükdən sonra o, dəqiq göstərilməyən müddət ərzində təkadamlıq kamerada saxlanılıb və onun yazı ləvazimatlarına, kitablara, radio və ya qəzetlərə malik olmasına icazə verilməyib.

23. 2004-cü ilin fevralında birinci ərizəçi həbsdə saxlanılan bir neçə şəxslə birlikdə (onların heç biri bu işdəki ərizəçilər deyildi) Baş prokurorluğa şikayət verərək həbsdə saxlanıldıqları ilk bir neçə gündə onlarla pis rəftar edildiyini iddia etdi və hüquq pozucularına qarşı cinayət işi açılmasını istədi. 14 fevral 2004-cü ildə onların şikayəti əsassız sayılaraq rədd edildi. Konkret olaraq, birinci ərizəçi barəsində qeyd edilmişdi ki, o, ilkin dindirmədən dərhal sonra pis rəftar barədə heç bir məlumat verməyib, müxtəlif vaxtlarda onun verdiyi müxtəlif məlumatlar ziddiyyətli olub və məhkəmə eksperti tərəfindən müayinə olunmasına imkan yaradıldıqda, o, bundan imtina edərək bildirib ki, onun üzərində heç bir xəsarət yoxdur. Nəticədə bu qənaətə gəlinib ki, pis rəftar barədə heç bir sübut təqdim edilməyib.

24. Məhkəmə prosesi zamanı (məhkəmə prosesi aşağıda C bəndində təsvir edilib) birinci ərizəçi birinci instansiya məhkəməsinə şikayət etdi ki, MCMİ-də işgəncəyə məruz qalıb. İddiaları ilə bağlı ona verilmiş bir sıra konkret suallara cavab verərkən o, qeyd etdi ki, qolları qandallanıb və sinəsinə və böyrəklərinə yumruq zərbələri endirilib, ona işarə edilib ki, oğluna qarşı pis rəftar ediləcək, amma o, iddia edilən pis rəftar barədə hər hansı əlavə təfsilatları təqdim etməkdən açıq-aydın imtina edərək ümumi şəkildə bildirdi ki, “heç vaxt belə qəddarlıq görməmişdi”. O, həmçinin iddia edilən hüquq pozucularının adlarını çəkməkdən imtina etdi, çünki “onlar önəmli şəxslər deyildi”, bunun əvəzinə o, Prezidenti, Daxili İşlər Nazirini və Prezident Administrasiyasının rəhbərini ona qarşı pis rəftar edilməsi barədə “göstərişlər verməkdə” ittiham etdi. O, həmçinin qeyd etdi ki, eşitdiyinə görə, bir çox başqa adamlar da pis rəftara məruz qalıblar. Belə görünür ki, birinci instansiya məhkəməsi onun pis rəftar barədə şikayətlərini əsassız sayaraq rədd edib.

25. İkinci ərizəçinin sözlərinə görə, 1 saylı saxlama müəssisəndə həbsdə saxlanıldığı ilk otuz altı gündə təkadamlıq kamerada saxlanılıb və onun yazı materialları, kitablar, qəzetlər və ya radio əldə etməsinə imkan verilməyib.

26. Dördüncü ərizəçinin məruz qaldığı pis rəftar öncə Məhkəmə tərəfindən baxılmış işin predmeti olub (yuxarıda adı çəkilən Məmmədovun işinə bax).
3. İbtidai istintaq, ərizəçilərin işi üzrə icraatın 80308 saylı cinayət işindən ayrılması və ibtidai istintaqın yekunlaşması
27. Cinayət icraatının başlanğıcından 1 mart 2004-cü ilədək olan dövrdə 80308 saylı cinayət işi çərçivəsində ərizəçilərə, eləcə də digər təqsirləndirilən şəxslərə qarşı ittihamlar üzrə istintaq aparıldı.

28. 1 mart 2004-cü ildə istintaq qrupunun rəhbəri 80308 saylı cinayət işindən yeni (80365 saylı) cinayət işinin icraatını ayırmağı qərara aldı. Yeni iş ümumilikdə yeddi nəfər təqsirləndirilən şəxs barəsində idi, buraya dörd ərizəçi və cənab İ. Ağazadə, cənab İ. İbrahimov və cənab E. Əsədov daxil idilər.

“İstintaq adı çəkilən şəxslərin ittiham edildikləri cinayətlərin törədilməsində təqsirkar olduqlarını sübut etmək üçün kifayət qədər dəlil topladı. Digər təqsirləndirilən şəxslər barəsində cinayət təqibi davam edir...

İşin materiallarının xüsusilə böyük həcmli olması, işdə çoxlu sayda insidentlərin yer alması ibtidai istintaq və ibtidai həbs müddətinin uzadılmasını zəruri edir. Bu, barələrində kifayət qədər sübutlar toplanmış təqsirləndirilən şəxslərin hüquqlarının və qanuni maraqlarının təmin olunmasında çətinliklər yarada və eyni zamanda işin birinci instansiya məhkəməsinə göndərilməsində qəbuledilməz gecikmə ilə nəticələnə bilər.

Müvafiq olaraq, ... 80308 saylı cinayət işindən yeni cinayət işinin icraatını ayırmaq, ayrılmış iş üzrə ibtidai istintaqı yekunlaşdırmaq və həmin işi birinci instansiya məhkəməsinə göndərmək məqsədəuyğundur”.

29. Belə görünür ki, 80365 saylı cinayət işinin ibtidai istintaqı rəsmən həmin gün – 1 mart 2004-cü ildə yekunlaşmış elan olunub.


4. İcraatın gedişində ərizəçilərin hüquqi təmsilçiliyi və ibtidai istintaq yekunlaşdıqdan sonra onların vəkillərinin istintaq materialları ilə tanışlığa buraxılması
30. Bu işin əldə edilmiş materialları əsasında müəyyən edildiyi kimi, aşağıdakılar ərizəçilərin aldığı hüquqi yardım, onları təmsil etmiş vəkillər, ibtidai istintaq yekunlaşdıqdan sonra və məhkəmə prosesindən əvvəl onların istintaq materialları ilə tanışlığa buraxılması barədə məlumatlardır.
a) Birinci ərizəçi
31. 18 oktyabr 2003-cü ildə həbs edildikdən sonra birinci ərizəçi cənab Hüseynin vəkillə görüşməsinə 23 oktyabr 2003-cü ilədək icazə verilmədi. Həmin tarixdən başlayaraq onu cənab M. Hadi təmsil etdi.

32. 1 mart 2004-cü ildə ibtidai istintaq yekunlaşdıqdan sonra ərizəçi və onun vəkili cənab Hadi istintaq materialları ilə tanışlığa buraxıldılar və müvafiq olaraq, 6 aprel və 15 aprel 2004-cü ildə işin materialları ilə tanış olduqları barədə protokolu imzaladılar. Ərizəçinin sözlərinə görə, onun vəkilinin işin bütün materialları ilə yalnız bir iş günü ərzində tanış olmasına icazə verilmişdi.

33. Daha sonra, məhkəmə araşdırması zamanı naməlum tarixdən başlayaraq cənab Hüseyni digər bir vəkil – cənab S. Pənahov da təmsil etməyə başladı.
b) İkinci ərizəçi
34. Həbs edildikdən sonra ikinci ərizəçi cənab Abbasov dövlət tərəfindən təyin olunmuş vəkillə təmsil olundu. Sonradan bu vəkil 2003-cü ilin oktyabrında və noyabrında ərizəçinin cəlb etdiyi üç başqa vəkillə əvəz olundu. Bu vəkillərdən biri cənab T. Kərim idi.

35. Belə görünür ki, ibtidai istintaqa xitam verildikdən sonra cənab Kərimin işin materialları ilə tanış olmasına icazə verilib və o, işin materialları ilə tanış olduğu barədə 15 aprel 2004-cü il tarixli protokolu imzalayıb. Cənab Abbasovun özünün də işin materialları ilə tanış olmasına icazə verildi. Onun sözlərinə görə, ona materialları öyrənməsi üçün 100 saatdan da az vaxt verilmişdi, bu isə iyirmi iki cildlik sənədlərdən (onlar 6200-dən artıq səhifə təşkil edirdi) və iyirmi iki videokassetdən (onların hər birində iki saat yarımlıq videomaterial vardı) ibarət olan bütün sübutlarla tam tanış olmaq üçün yetərli deyildi.

36. 7 may 2004-cü ildə Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə başlanmış (aşağıda 44-cü bəndə bax) hazırlıq iclaslarından birində, 27 may 2004-cü ildə cənab Abbasov onu təmsil edən hər üç vəkilin xidmətlərindən imtina etdiyi barədə vəsatət qaldırdı və belə əsas gətirdi ki, bu vəkillər onu lazımi qaydada müdafiə edə bilmirlər. O, özü-özünü şəxsən müdafiə etməsi üçün icazə istədi, amma Hökumətin bildirdiyinə görə, sonradan yeni vəkilin təyin edilməsi üçün vəsatət verdi. 4 iyun 2004-cü ildə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə vəsatəti qəbul etdi və qərara aldı ki, ərizəçi dövlət tərəfindən təyin edilən vəkillə təmin olunmalıdır. Vəkil cənab S. Pənahov təxminən 8 iyun 2004-cü ildə onun vəkili təyin olundu. Məhkəmə araşdırması zamanı digər vəkil cənab E. Quliyev ərizəçi tərəfindən işə cəlb olundu.
c) Üçüncü ərizəçi
37. 24 oktyabr 2003-cü ildə həbs edildikdən sonra üçüncü ərizəçi cənab Hacılının 27 oktyabr 2003-cü ilədək vəkillə görüşməsinə icazə verilmədi. Həmin tarixdən başlayaraq məhkəmə icraatında onu bir neçə vəkil təmsil etdi.

38. 1 mart 2004-cü ildə ibtidai istintaq başa çatdıqdan sonra ərizəçinin və onun bir neçə vəkilinin (cənab M. Şahmarov, cənab N. Səfərov, cənab M. Hadi, və cənab O. Kazımov) istintaq materialları ilə tanış olmalarına icazə verildi. Aprelin 6-da ərizəçi, 15, 16 və 17-də isə vəkillərin hər biri işin materialları ilə tanış olduqları barədə ayrı-ayrıca protokollar imzaladılar.


d) Dördüncü ərizəçi
39. 18 oktyabr 2003-cü ildə cənab V. Xasayev cənab Məmmədovun vəkili təyin edildi.

40. 21 oktyabr 2003-cü ildə cənab Xasayev baş prokurorluğa teleqram vasitəsilə şikayət etdi ki, ərizəçi ilə görüşməsinə icazə verilmir. Sonda o, ərizəçi ilə ilk dəfə 22 oktyabr 2003-cü ildə görüşə bildi.

41. İşin materialları arasında ibtidai istintaq başa çatdıqdan sonra cənab Xasayevin və ya ərizəçinin istintaq materialları ilə tanış olmalarına icazə verilib-verilmədiyi barədə məlumat yoxdur.
C. Məhkəmə araşdırması
42. Yuxarıda qeyd edildiyi kimi, 15 və 16 oktyabr 2003-cü il hadisələrində iştiraklarına görə 80308 saylı cinayət işi çərçivəsində yüzdən artıq şəxs barəsində cinayət təqibi başlandı. Sonradan təqsirləndirilən şəxslər ayrı-ayrı on beş qrupa bölünməklə bu işin icraatı bir neçə hissəyə bölündü (qruplardan biri icraatı yuxarıdakı cinayət işindən ayrılmış yeni 80365 saylı cinayət işi üzrə təqsirləndirilənlərdən, o cümlədən ərizəçilərdən ibarət idi) və hər bir qrupun məhkəməsi ayrıca keçirildi. Birinci on dörd məhkəmə araşdırması kütləvi iğtişaşlarda iştirak etməkdə və dövlət qulluqçularına qarşı zor tətbiq etməkdə təqsirləndirilən şəxslərin işlərinə aid idi. Bu məhkəmə araşdırmalarının hamısı ya Ağır cinayətlərə dair işlər üzrə məhkəmə tərəfindən, ya da Səbail rayon məhkəməsi tərəfindən həyata keçirildi və 2004-cü ilin martında və aprelində başa çatdı. Həmin məhkəmə araşdırmalarında müttəhimlərin hamısı təqsirli bilindi ya azadlıqdan məhrumetmə, ya cəzanın çəkilməsi təxirə salınmaqla azadlıqdan məhrumetmə, ya da azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edildilər.

43. On beşinci və sonuncu məhkəmə araşdırması 80365 saylı cinayət işi üzrə kütləvi iğtişaşların təşkilində təqsirləndirilən şəxslərə, o cümlədən bu işdəki dörd ərizəçiyə aid idi. Bu məhkəmə araşdırması birinci on dörd məhkəmə araşdırmasından sonra həyata keçirildi.

44. Məhkəmə araşdırması Ağır cinayətlərə dair işlər üzrə məhkəmə tərəfindən həyata keçirildi. O, bir neçə hazırlıq iclası keçirdi, onlardan birincisi 7 may 2004-cü ildə baş keçirildi. İşə baxılması üçün üç hakimdən təşkil olunmuş məhkəmə tərkibi hakimlər M. İbayevdən (sədrlik edən), S. Ələsgərovdan və C. Cüməliyevdən ibarət idi.
1. Hazırlıq və məhkəmə iclasları zamanı müdafiə tərəfinin vəsatətləri
45. 12 may 2004-cü ildə hazırlıq iclası zamanı ərizəçilərin vəkilləri şəxsi təhlükəsizliklərinə qarşı təhlükə olduğunu iddia edərək Ağır cinayətlərə dair işlər üzrə məhkəməyə şikayət etdilər və 7 may 2004-cü ildə hazırlıq iclasından sonra baş vermiş insident barədə məhkəməyə məlumat verdilər. Vəkillərin sözlərinə görə, onlardan altısı televiziya jurnalistinə müsahibə verərkən məhkəmə zalından kənarda bir neçə polis əməkdaşı tərəfindən təzyiqə və hücuma məruz qalmışdılar. Bu iddianı sübut etmək üçün vəkillərdən ikisi mübahisə zamanı cırılmış paltarlarının bəzi hissələrini və insidenti əks etdirən fotoşəkilləri təqdim etdilər. Onlar iddia edilən insidenti dövlət orqanları tərəfindən onlara qarşı qanunsuz təzyiq forması kimi xarakterizə etdilər və məhkəmədən şəxsi təhlükəsizliklərinin təmin edilməsi üçün tədbirlər görməsini xahiş etdilər. Sədrlik edən hakim cavab verdi ki, məhkəmə zalından kənarda baş verən insidentlərlə məşğul olmaq məhkəmənin işi deyil və vəkillər məhkəmə zalından kənarda baş verdiyi iddia edilən hər hansı təzyiq barədə şikayət etmək istəyirlərsə müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edə bilərlər. Bununla belə, məhkəmə vəkillərin bu iddiası barədə “müvafiq orqanları” məlumatlandırmağı qərara aldı. Lakin işdəki materiallardan aydın deyil ki, bu məsələ ilə bağlı məhkəmə tərəfindən hansı konkret addımlar atılıb.

46. Bundan başqa, birinci ərizəçi cənab Hüseyn vəsatət verərək Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hakimlərindən birinin – hakim İbayevin məhkəmə araşdırmasında iştirakına etiraz etdi və qeyd etdi ki, hakimin oğlu baş prokurorluqda işləyir və bu işə baxmış istintaq qrupunun rəhbərliyinin tabeliyindədir. Digər müttəhimlər də vəsatətə qoşuldular. 24 iyun 2004-cü ildə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə vəsatəti rədd edərək müəyyən etdi ki, hakim İbayevin oğlu həqiqətən baş prokurorluqda işləsə də, ərizəçilərin işinin icraatında şəxsən heç vaxt iştirak etməyib.

47. Sonradan birinci ərizəçi məhkəmə araşdırmasında hakim Ələsgərovun iştirakına da etiraz etdi və digər müttəhimlər də ona qoşuldular. Onlar qeyd etdilər ki, hakim Ələsgərov 19 oktyabr 2003-cü ildən 26 yanvar 2006-cı ilədək ərizəçilərin işini aparan istintaq qrupunun üzvü olmuş baş prokurorluğun müstəntiqi cənab N. Ələsgərovun qardaşıdır. Birinci ərizəçi iddia etdi ki, hakim Ələsgərovun qardaşı işdə birbaşa iştirak etdiyinə görə, o, işə qərəzsiz hakim kimi baxa bilməz. 28 iyun 2004-cü ildə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə vəsatəti rədd edərək qeyd etdi ki, cənab Ələsgərov həqiqətən 80308 saylı cinayət işini araşdırmış istintaq qrupunun qırx üç üzvündən biri olub. Lakin 26 yanvar 2004-cü ildə o, qrupun tərkibindən çıxarılıb. Bunun ardınca yeni 80365 saylı iş (ərizəçilərə aid iş) 80308 saylı işin icraatından ayrıldıqdan sonra həmin yeni işi araşdıran istintaq qrupunun tərkibinə daxil edilməyib. Bu səbəblərə görə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə bu qənaətə gəldi ki, hakim Ələsgərovun qərəzsizliyinə dair iddiaların obyektiv əsası yoxdur.

48. Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə aparılmış məhkəmə araşdırması müddətində ərizəçilər bir sıra vəsatətlər verdilər. Onların sözlərinə görə, məhkəmənin həmin vəsatətləri rədd edən qərarları ya onlara verilmirdi, ya da əhəmiyyətli gecikdirmələrdən sonra verilirdi. Bundan başqa, ərizəçilər hər bir iclasdan sonra məhkəmə iclaslarının protokollarının yoxlanılması üçün icazə istədilər ki, orada yer alan uyğunsuzluqlar və “saxtalaşdırmalar” barədə qeydlərini bildirmək imkanına malik olsunlar. Lakin yalnız məhkəmə araşdırmasının sonunda onların protokollarla tanış olmalarına icazə verildi.


2. Məhkəmə araşdırması zamanı yoxlanılmış sübutlar
49. Məhkəmə araşdırmasının gedişində Ağır cinayətlərə dair işlər üzrə məhkəmə çoxlu sayda şahid ifadələrini dinlədi, habelə videoyazılara və digər materiallara baxdı. Dinlənilmiş ifadələrin qısa xülasəsi və onların Ağır cinayətlərə dair işlər üzrə məhkəmə tərəfindən necə qiymətləndirilməsi aşağıda verilir.
a) İttiham tərəfinin şahidləri
50. İttiham tərəfinin şahidlərinin çoxu 16 oktyabr 2003-cü ildə Azadlıq meydanına cəlb olunmuş polis əməkdaşları idi. Məhkəməyəqədər araşdırma zamanı dindirilmiş, 15 və 16 oktyabr 2003-cü il hadisələri ilə əlaqədar əvvəlki məhkəmə araşdırmalarında məhkum edilmiş bir neçə şəxsin və bir neçə digər mülki şahidlərin ifadələrinin lent yazısı da təqdim edildi.
i) 15 və 16 oktyabr 2003-cü il hadisələri ilə bağlı verilmiş, ərizəçilərə birbaşa aidiyyəti olmayan ümumi ifadələr
51. Belə görünür ki, ittiham tərəfinin şahidlərinin mütləq çoxluğu ictimai iğtişaş faktının sübut edilməsi məqsədi ilə sadəcə 15 və 16 oktyabr 2003-cü il hadisələrinin ümumi təsvirini vermək üçün çağırılmışdılar. Onların ifadələrinin məqsədi bunu göstərməkdən ibarət idi ki, nümayişçilər Müsavat Partiyasının və digər müxalif partiyaların qərargahından dəyənəklər, daş parçaları və digər əşyalar toplamış, bu əşyalardan polisə və hərbi qüvvələrə qarşı silah kimi istifadə etmiş və müxtəlif dövlət və özəl mülkiyyətlərə ziyan vurmuşdular. Bu şahid ifadələrində həmin zorakılıq aksiyalarında təşkilatçı və ya iştirakçı qismində ərizəçilərin adları birbaşa çəkilmirdi. Bundan əlavə, ittiham tərəfi dövlət və özəl mülkiyyətlərə müxtəlif formalarda yetirilmiş ziyanla bağlı bir neçə ekspert rəyi təqdim etdi.
ii) Polis əməkdaşlarının ərizəçilərə birbaşa aidiyyəti olan ifadələri
52. Ərizəçilərin 16 oktyabr hadisələrindəki konkret roluna gəldikdə, ittiham tərəfi onların nümayişçilərin zorakı hərəkətlərinə rəhbərlik və təhrikçilik etdiklərini sübuta yetirmək üçün bir neçə polis əməkdaşının məhkəməyəqədər araşdırma zamanı verdikləri ifadəni təqdim etdi, onlar digər məsələlərlə yanaşı 16 oktyabr 2003-cü ildə ərizəçilərin Azadlıq meydanına necə gəldiklərini, seçkidə İsa Qəmbərin qalib gəldiyini açıq bəyan etdiklərini və nümayişçiləri meydandakı tribunadan zorakılığa təhrik etdiklərini gördüklərini qeyd etmişdilər.

53. Bu şahidlərin məhkəmədə dindirilməsi üçün təyin olunmuş tarixdən əvvəl 5 avqust 2004-cü ildə birinci ərizəçi bu şahidlərdən bir neçəsinin ifadələrinin sözbəsöz eyni olmasına etiraz etdi və bu ifadələrin qəbul edilməməsini xahiş etdi, digər müttəhimlər də ona qoşuldular. Birinci ərizəçi qeyd etdi ki, müvafiq protokollara əsasən, bu ifadələrin bəziləri eyni müstəntiq tərəfindən eyni gündə və eyni saatda alınıb. O, iddia etdi ki, bu həm fiziki cəhətdən mümkün deyildi, həm də şahidlərin ayrı-ayrılıqda dindirilməsini tələb edən Cinayət Prosessual Məcəlləsinin 230-cu maddəsinin pozuntusu idi, hər iki halda bu ifadələr qəbul edilə bilməzdi. Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin bu etirazla bağlı hər hansı qərar qəbul edib-etmədiyi aydın deyil, amma o, müvafiq ifadələri sübut qismində qəbul etdi.

54. Məhkəmə iclaslarında müvafiq polis əməkdaşlarının hər biri ayrı-ayrılıqda ifadə verdilər və ərizəçilərlə onların vəkilləri tərəfindən çarpaz dindirildilər. Konkret olaraq polis əməkdaşı V.N. digər məsələlərlə yanaşı bildirdi ki, Azadlıq meydanında ictimai iğtişaşlar başlayanda müttəhimlərin bəziləri, o cümlədən birinci və ikinci ərizəçilər kütləni zorakılığa təhrik etdilər və “İsa [Qəmbər] prezident seçilib, indi biz hakimiyyətdəyik, heç nədən qorxmayın, tezliklə biz bütün şəhəri ələ keçirəcəyik, sizə qarşı çıxan hər kəsə müqavimət göstərin...” kimi bəyanatlar səsləndirdilər.

55. Məhkəmə iclaslarının protokollarından belə görünür ki, çarpaz dindirmə zamanı müdafiə tərəfi V.N.-in məhkəmə iclasında və məhkəməyəqədər araşdırma zamanı verdiyi ifadələr arasında bir sıra uyğunsuzluqları (ifadələrindəki konkret detallarla, məsələn, müttəhimlərdən hər hansı birinin tribunada peyda olmasını həqiqətən görüb-görməməsi ilə, yaxud müttəhimlərdən hər hansı birinin “polisləri vurun!” kimi ifadələr işlədib-işlətməməsi ilə bağlı uyğunsuzluqları) aşkara çıxara bilib. Müdafiə tərəfi iddia edilən bu uyğunsuzluqları göstərmək üçün V.N.-in məhkəməyəqədər araşdırmada verdiyi ifadəni məhkəmə iclasında oxudu. Eynilə, müdafiə tərəfinin bildirdiyinə görə, bu tip digər şahidlərin çoxunun çarpaz dindirilməsi onların məhkəmə iclasında və məhkəməyəqədər araşdırma zamanı verdikləri ifadələr arasında iddia edilən uyğunsuzluqları aşkara çıxardı. Məhkəmə iclaslarının protokollarından belə görünür ki, iddia edilən bu uyğunsuzluqlarla rastlaşdıqda şahidlərin bəziləri məhkəməyəqədər araşdırmadakı ifadələrinin düzgün qeydə alınmadığını bildiriblər, digərləri isə məhkəməyəqədər araşdırmada verdikləri ifadələrə yenidən qayıdaraq onlara uyğun gəlməyən, məhkəmə iclasında çarpaz dindirməyə qədər verdikləri ifadələrini geri götürüblər.

56. Məhkəmə iclaslarının protokollarından belə görünür ki, ondan artıq bu tip şahid dinlənilib. 22 oktyabr 2004-cü il tarixli hökmündə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə bu şahidlərin altısının ifadələrini ayıraraq qısaca ümumiləşdirdi və ərizəçilərin təqsirini sübut etmək üçün onlara istinad etdi. Hökmdə nə ərizəçilərin bu şahidlərin ifadələrinin sübut qismində qəbuluna etirazları, nə də müdafiə tərəfinin apardığı çarpaz dindirmə zamanı onların ifadələrində aşkar olunduğu iddia edilən uyğunsuzluqlarla bağlı hər hansı digər etirazlar nəzərə alındı.
iii) Öncə məhkum olunmuş nümayiş iştirakçılarının ərizəçilərə birbaşa aidiyyəti olan ifadələri
57. İttiham tərəfi 15 və 16 oktyabr hadisələri ilə əlaqədar məhkum olunmuş bir neçə şəxsdən məhkəməyəqədər araşdırmada dindirmə zamanı alınmış ifadələrə də istinad etdi. Bu şəxslər 2005-ci ilin martında birinci instansiya məhkəməsi qismində onların işinə baxmış Ağır cinayətlərə dair işlər üzrə məhkəmə tərəfindən artıq məhkum olunmuşdular. Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin ərizəçilərin işi üzrə 22 oktyabr 2004-cü il tarixli hökmündən göründüyü kimi, məhkəmə bu tip beş şahidin ifadələrinə istinad etdi.

58. İttiham tərəfinin təqdim etdiyi protokollara əsasən, 80308 saylı cinayət işi çərçivəsində məhkəməyəqədər araşdırma mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən bu şəxslər müxtəlif dərəcəli təfsilatlarla qeyd etdilər ki, 16 oktyabr 2003-cü il hadisələri zamanı ərizəçilərin Azadlıq meydanında nümayişçiləri zorakı müqavimətə təhrik etdiklərinin şahidi olublar.

59. Məhkəmə iclasları zamanı bu şahidlər məhkəməyəqədər araşdırmada verdikləri ifadələrlə bağlı dindirilməyə çağırıldılar. Müvafiq məhkəmə protokollarına və Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin 22 oktyabr 2004-cü il tarixli hökmünə əsasən, şifahi məhkəmə iclaslarında şahid qismində ifadələri alınarkən bu şahidlərdən dördü məhkəməyəqədər araşdırmada verdikləri ifadələri açıq şəkildə geri götürərək qeyd etdilər ki, məhkəməyəqədər həbs müddətində onlara tətbiq edilmiş işgəncə, pis rəftar və digər formada təzyiqlər altında bu ifadələri verməyə məcbur olublar.

60. Bu iddialara cavab olaraq Ağır cinayətlərə dair işlər üzrə məhkəmə qeyd etdi ki, şahidlərin pis rəftara dair şikayətlərinə onların barəsindəki müvafiq məhkəmə araşdırmalarında baxılıb və onlar əsassız sayılıb. Məhkəmə bu qənaətə gəldi ki, bu şahidlərin ifadələrinə artıq həmin məhkəmə araşdırmalarında etibarlı sübutlar kimi istinad edildiyinə görə bu sübutların təkrarən qiymətləndirilməsi “res judicata” (artıq həll edilmiş işə təkrarən baxılması) anlamına gələrdi. Belə olan halda məhkəmə bu şahidlərin məhkəməyəqədər araşdırmadakı ifadələrini etibarlı sübut kimi qəbul etməyi qərara aldı və şahidlərin sonradan öz məhkəmə araşdırmalarında və ərizəçilərin məhkəmə araşdırmasında onları geri götürmələri faktına əhəmiyyət vermədi.


iv) Digər şahidlərin ərizəçilərə birbaşa aidiyyəti olan ifadələri
61. İttiham tərəfi 16 oktyabr 2003-cü il hadisələri ilə bağlı məhkum edilmiş bir neçə mülki şahidin ifadələrini də təqdim etdi. İttiham tərəfinin təqdim etdiyi protokollara əsasən, məhkəməyəqədər araşdırma zamanı bu şahidlər yuxarıda qeyd edilən şahidlərin ifadələrinə bənzər ifadələr vermişdilər. Lakin yenə də açıq məhkəmə iclasında dindirmə zamanı bu şahidlərdən ən azı üçü əvvəlki ifadələrini geri götürdülər və iddia etdilər ki, onları pis rəftar təhdidləri altında və ya faktiki pis rəftar yolu ilə həmin ifadələri verməyə məcbur ediblər.

62. Məhkəmə iclası protokoluna əsasən, şahid N.N. qeyd etdi ki, 16 oktyabr 2003-cü il hadisələrindən sonra bir neçə günlüyə həbs edilib və həmin müddətdə müttəhimlərə (əsasən ikinci ərizəçiyə) qarşı yalan ifadə verməyə məcbur edilib. O, qeyd etdi ki, 16 oktyabr 2003-cü il hadisələrində iştirakına görə onu cinayət təqibi və azadlıqdan məhrumetmə ilə təhdid ediblər, dindirildiyi müddətdə ona su verməkdən imtina ediblər və müstəntiq tərəfindən öncədən çap olunaraq hazırlanmış şahid ifadəsini imzalamağa məcbur etmək məqsədi ilə digər formalarda hədə-qorxu gəliblər.

63. Bu şahidlərin pis rəftar barədə iddialarını qiymətləndirmək üçün Ağır cinayətlərə dair işlər üzrə məhkəmə onları dindirmiş müstəntiqlərin və polis əməkdaşlarının ifadələrini dinlədi. Onlar bildirdilər ki, məhkəməyəqədər dindirmə zamanı bu şahidlərlə pis rəftar etməyiblər. Bundan başqa, məhkəmə qeyd etdi ki, şahidlərin məhkəməyəqədər araşdırmada verdikləri ifadələr digər ifadələrlə üst-üstə düşürdü. Bunun əsasında məhkəmə bu qənaətə gəldi ki, pis rəftar barədə iddialar əsassızdır və buna görə də bu şahidlərin məhkəməyəqədər araşdırmada verdikləri ifadələr qəbul edilməli və ərizəçilərə qarşı ittihamedici sübut qismində onlara istinad edilməlidir.

  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə