HÜquqi ŞƏxsləRƏ VƏ FƏRDİ sahibkarlara məxsus əmlakin siğortasi qaydalari baki 2012




Yüklə 182.8 Kb.
səhifə2/3
tarix25.04.2016
ölçüsü182.8 Kb.
1   2   3

6.7. MÜHARİBƏ

Bilavasitə və ya dolayı olaraq müharibə (elan edilib-edilməməsindən asılı olmayaraq), istila, üsyan, inqilab, işğal, düşmənçilik aktları, xarici düşmənlərin aksiyaları, vətəndaş müharibəsi, çevriliş, hərbi əməliyyatlar, silahlı yolla hakimiyyətin qəsb edilməsi, dövlət və yerli özünü idarə orqanlarının qərarı ilə müsadirə və bu kimi digər hallar və onların nəticəsidə əmlakın məhv olunması və ya zədələnməsi.



6.8. YERALTI SULARIN SƏVİYYƏSİ

Yeraltı suların səviyyəsinin dəyişməsi nəticəsində sığortalanmış əmlakın məhv olması və ya zədələnməsi.


6.9. DÖVLƏT SƏLAHİYYƏTLİ ORQANLARİ TƏRƏFİNDƏN SIĞORTA OLUNMUŞ ƏMLAKDAN İSTİFADƏ

Dövlət səlahiyyətli orqanları tərəfindən sığorta olunmuş əmlakdan istifadə olunması nəticəsində meydana çıxan zərərlər.



6.10. SIĞORTA MÜDDƏTİNDƏN ƏVVƏL BAŞ VERMİŞ HADİSƏLƏR

Sığortaçı sığorta müddətindən əvvəl baş vermiş hadisələr nəticəsində yaranan zərərləri ödəmir.



6.11. ƏMLAKIN TƏYİNATINA GÖRƏ İSTİFADƏ OLUNMAMASI

Sığorta olunmuş əmlak təyinatına görə istifadə olunmadığı halda baş vermiş hadisələr üzrə sığortaçı heç bir məsuliyyət daşımır.



6.12. SIĞORTALANMIŞ ƏMLAK DAXİLİNDƏ OLAN CANLILAR

Hadisə zamanı sığortalanmış əmlak daxilində olan (maddi dəyərindən və ömürlülüyündən asılı olmayaraq) heyvanlara və bitkilərə dəyən zərərlər.



7. SIĞORTA ÖDƏNİŞİNDƏN İMTİNANIN ƏSASLARI.
7.1. Sığortaçı sığorta ödənişindən tam və ya qismən imtina edə bilər, əgər sığortalı:

(a) Sığorta müqaviləsi bağlandıqda sığorta riskinin qiymətləndirilməsi üçün sığortaçıya qeyri dəqiq məlumat vermişsə və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə riskin dərəcəsində olan dəyişikliklər barədə sığortaçıya məlumat verməmişsə (sığorta hadisəsi ilə səbəb əlaqəsində olan), sığorta müqaviləsi bağlanarkən sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün sığortalı sığortalanan  zəruri və ona məlum  olan bütün halları və məlumatları sığortaçıya bildirməmişsə;  

(b) Hazırkı Qaydalarla nəzərdə tutulmuş vəzifələri yerinə yetirmirsə;

(c) Sığorta hadisəsinin baş verməsi üçün qəsdən qərəzli hərəkətlər etmişsə;

(ç) Sığorta hadisəsi ilə səbəb-nəticə əlaqəsində olan qərəzli cinayət törətmişsə.

(d) Əgər bu Azərbaycan Respublikasının qanunvericiliyinə zidd deyilsə, sığorta müqaviləsi ilə sığorta ödənişinin ödənilməsindən imtina edilməsi üçün digər hallar da nəzərdə tutula bilər.

(e) Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

C. XÜSUSİ ŞƏRTLƏR

8. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA DƏYƏRİ

8.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

Sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmayıbsa, sığorta məbləği əmlakın sığorta dəyərinə bərabər olmalıdır. Sığorta dəyərinin müəyyənləşdirilməsi zamanı tərəflər qüvvədə olan qanunvericiliyə və aşağıdakı müddəalara əsaslanmalıdırlar.

8.2. Sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmayıbsa, əmlakın dəyərləndirilməsi zamanı tədbiq edilən metodlardan, əmlakın təyinatı və vəziyyətindən asılı olaraq, sığortalı tərəfindən təqdim edilmiş məlumat və sənədlər (muhasibat balansları, hesablar, qəbzlər və s.) əsasında, müstəqil qiymətləndirici və/və ya sığortaçı tərəfindən müəyyən olunan sığorta müqaviləsinin bağlanması zamanı əmlakın həqiqi dəyəri (Sığorta Dəyəri) onun BAZAR dəyəri hesab olunur.

Müqavilədə əks olunması şərti ilə, sığorta dəyərinin aşağıda göstərilmiş variantları sığorta müqaviləsi ilə müəyyən edilə bilər:

(a) tam bərpa olunma dəyəri əsasında təminat - memarın xidmətlərinin ödənilməsi, konstruksiya, planlaşdırma və tikinti üzrə xərclər daxil olmaqla həmin yerdə yeni binanın tikilməsi üçün qəbul edilmiş (tələb olunan) məbləğ və ya sığortalanmış əmlakla eyni növ və keyfiyyətdə əmlakın hazırlanmasına və ya alınmasına xərclənmiş məbləğ tam bərpa olunma dəyəri sayılır;

(b) razılaşdırılmış dəyər əsasında təminat - sığorta obyektinin dəyəri sığorta müqaviləsi bağlanarkən razılaşdırılır və sığorta məbləği bu dəyərə müvafiq müəyyən olunur. Sığorta müqaviləsi yenidən bağlanarkən razılaşdırılmış dəyər yenidən razılaşdırılır. Sığorta hadisəsi baş verdikdə isə bu razılaşdırılmış dəyərin bazar dəyərinə uyğun olması müəyyənləşdirilmir.

Sığorta obyektinin tam məhvi baş verərsə, sığorta ödənişi razılaşdırılmış dəyər həcmində, şərtsiz azadolmanın məbləği çıxılmaqla, ödənilir. Lakin sığorta obyektinə qismən zərər dəyərsə, sığorta ödənişinin məbləği adi qaydada, yəni bazar dəyəri əsasında müəyyən edilir. Bu zaman qismən sığorta tətbiq olunmur.

8.3. məhsullar, xammal və bu kimi digər əmlakın sığorta dəyəri.

(a) sığortalı tərəfindən istehsal edilən və istehsalatı hələ də davam edən məhsullar üzrə,

(b) satış üçün nəzərdə tutulmuş mal ehtiyatları və ya hazır məhsullar üzrə,

(c) xammal üzrə,

sığorta dəyəri yenidən istehsal edilməsinə və ya sığortalanmış əmlak ilə eyni növ və keyfiyyətdə olan əmlakın alınmasına xərclənmiş məbləğ (malların alış dəyərinin, daşınma xərclərinin, müvafiq hallarda gömrük xərclərinin və bu kimi digər xərclərin cəminə bərabərdir) sayılır. Hər-halda daha kiçik (az) olan məbləğ əsas sayılır.

8.4. Sığortalı sığorta müddəti ərzində əmlakın tərkibində dəyişikliklərin baş verməsi nəticəsində sığortalanmış əmlakın dəyərinin artması haqqında sığortaçıya dərhal xəbər verməlidir. Bu halda, sığorta haqqı və sığorta məbləği üzrə sığorta müqaviləsində dəyişiliklər edilir və sığortaçıya müvafiq bildirişin daxil olması tarixindən sığorta haqqı yenidən hesablanır. Əmlakın dəyərinin artması haqda bildirişin verilməməsi halında bu Qaydalar ilə müəyyən edilmiş qismən sığorta haqqında müddəalar tətbiq edilir.

8.5. Sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir.

8.6. Müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa, əmlakın müstəqil qiymətləndirilməsi üzrə xərclər onun aparılmasını tələb etmiş tərəf ilə ödənilir.

8.7. Sığortalıya sığorta ödənişinin verilməsi halında, müvafiq sığorta məbləği sığorta ödənişinin həcmində azalmış hesab edilir. Sığorta məbləği sığorta hadisəsinin baş verməsi günündən azalmış hesab edilir.

Zədələnmiş obyektin bərpasından sonra sığortalı əlavə sığorta haqqı ödəyərək sığorta məbləğini tam bərpa edə bilər.

Əlavə sığorta haqqı aşağıdakı düsturla hesablanır:

A = (B1 – B2)*n / 12

A - əlavə sığorta haqqı;

B1 - Sığorta müqaviləsi bağlanan zaman sığorta məbləğinə uyğun hesablanmış illik sığorta haqqı;

B2 - Sığorta müqaviləsinə dəyişikliyin edilməsi zamanı (sığorta məbləğinin bərpası) azalmış sığorta məbləğinə uyğun hesablanmış illik sığorta haqqı;

n – müqavilənin müddətinin bitməsinə qədər qalan tam ayların sayı;

Əlavə sığorta haqqının hesablanması zamanı cari ay tam ay kimi qəbul olunur.



9. ŞƏRTSİZ AZADOLMA

9.1. Şərtsiz azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta ödənişi məbləğindən çıxılır.

9.2. Azadolma sığortalının və sığortaçının razılığı əsasında təyin edilir, Sığorta Səhadətnaməsində və/və ya hazırkı Qaydalarda və/və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir, hər bir sığorta hadisəsi üzrə «Qismən sığorta haqqında şərtin» tətbiq olunmasından sonra tətbiq edilir.

9.3. Bir neçə sığorta hadisələrinin baş verdiyi halda və müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa, azadolma məbləği hər sığorta hadisəsi üzrə tutulur.

9.4. Yalnız pəncərələrə, aynalara, vitrinlərə və şüşədən istehsal olunmuş digər əşyalara dəymiş zərərlər üzrə şərtsiz azadolma zədələnmiş əşyanın dəyərinin 30 faizi məbləğində və ya sığorta Müqaviləsində göstərinlən şərtsiz azadolma tətbiq olunur. Hər halda daha böyük məbləğ tətbiq olunur.

10. SIĞORTA HAQQI

10.1. Sığorta haqqı sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında sığortaçı tərəfindən hesablanır və Sığorta Müqaviləsində və ya sığorta müqaviləsinə Əlavələrdə göstərilir.

10.2. Müqavilədə müəyyən edilmədiyi halda, sığorta haqqı və ya onun birinci hissəsi sığorta müqaviləsinin bağlanmasından dərhal sonra ödənilməli, və sonrakı ödəmələr sığorta müqaviləsində göstərilmiş müddətlər və dövrülük əsasında edilməlidir. Vəsaitlərin sığortaçının bank hesabına keçirildiyi andan sığorta haqqı ödənilmiş hesab olunur. Əgər ödəmə nağd pul ilə həyata keçirilirsə, sığorta haqqı sığortaçının müvəkkil nümayəndəsinə verildiyi andan ödənilmiş hesab olunur.

10.3. Müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa, sığortalı sığorta haqqını (və ya hissəli ödənişdə - birinci hissəni) sığortaçı tərəfindən təqdim edilmiş sığorta haqqının (və ya onun hissəsinin) ödənilməsi üçün hesabın şərtlərinə uyğun ödəməlidir.

10.4. Sığorta haqqı və ya onun birinci hissəsi sığorta müqaviləsində göstərilən ödəmə müddəti ərzində ödənilmədikdə, sığortaçı sığorta haqqının ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq əlavə ödəmə müddəti müəyyən edə bilər. Müəyyən edilmiş əlavə müddət ərzində sığorta haqqı ödənilmədikdə sığortaçı sığorta müqaviləsinə xitam vermək hüququna malikdir.

10.5. Sığortalı hissə-hissə ödənilən sığorta haqqının növbəti hissəsi üzrə ödənişin vaxtını gecikdirdikdə və bu zamanda sığorta hadisəsi baş veribsə, sığortaçı sığorta haqqının ödənilməmiş hissəsinin ödənilməsini tələb edə bilər.

Eyni zamanda, sığorta ödənişinin həyata keçirilməsi zamanı sığortaçı sığorta haqqının ödənilməmiş hissəsini sığorta ödənişindən tuta bilər.

10.6. Sığorta haqqı və ya onun birinci hissəsi sığorta müqaviləsində göstərilən ödəmə müddəti ərzində ödənilmədikdə, sığortaçı sığorta haqqının ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq əlavə ödəmə müddəti müəyyən edə bilər. Müəyyən edilmiş müddət ərzində də  sığorta haqqı ödənilmədikdə, Sığortaçı sığorta hadisəsi baş verdikdə sığorta ödənişindən imtina edir.

10.7. Sığortalının sığorta haqqının ödənilməməsi səbəbindən sığortaçı tərəfindən sığorta müqaviləsinin ləğv edilməsi, sığortalını sığortaçıya, onun öz öhdəliklərini yerinə yetirilmə müddəti üzrə, sığorta haqqının ödənilməli olan hissəsinin ödəməsindən azad etmir.

10.8. Qısa müddətə bağlanılan sığorta müqavilələri (1 ildən az) üzrə sığorta haqları hazırkı qaydaların tərkib hissəsi olan cədvələ əsasən hesablanır (Cədvəl 1).



11. SIĞORTANIN ƏHATƏ ƏRAZİSİ VƏ SIĞORTA TƏMİNATININ QÜVVƏDƏ OLDUĞU YER

11.1.Sığortanın əhatə ərazisi

11.1.1. Sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmayıbsa, sığorta təminatı yalnız Azərbaycan

Respublikasının ərazisində qüvvədədir.

11.1.2. Sığorta müqaviləsinin qüvvədə olduğu zaman hər hansı inzibati-ərazi vahidinin və ya rayonların ərazisində (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq) hərbi əməliyyatların mövcudluğunda sığorta təminatı heç bir şərtlə qüvvədə olmuş hesab edilə bilməz.



11.2. Sığorta təminatının qüvvədə olduğu yer

Sığorta təminatı yalnız sığorta təminatın qüvvədə olduğu yerin ərazisində tətbiq edilir.

Sığortalanmış əmlak - Bina və tikililər, binaların daxilində otaqlar və torpaq sahələri sığorta təminatının qüvvədə olduğu yer sayıla bilərlər. Sığorta təminatının qüvvədə olduğu yerin ünvanı sığorta müqaviləsində göstərilir.

12. SIĞORTA MÜDDƏTİ

Sığorta təminatının qüvvədə olma müddəti tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyənləşdirilir və «sığorta müddəti» adlandırılır. Sığorta müqaviləsi Sığorta Müqaviləsində göstərilmiş sığortanın qüvvəyə minmə tarixində Bakı vaxtı ilə saat 24.00-da qüvvəyə minmiş hesab edilir və həmin Müqavilədə göstərilmiş sığortanın qüvvədən düşmə tarixində Bakı vaxtı ilə saat 24.00-da qüvvədən düşmüş hesab edilir.



13. BİR NEÇƏ SIĞORTA

Sığortalı, sığortalanmış əmlakı digər sığorta şirkətlərində də sığortalayıbsa və ya gələcəkdə sığortaladıqda, o zaman bu haqda sığortaçıya dərhal məlumat verməlidir.



D. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ

14. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ

14.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

14.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;

14.1.2. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:

14.1.3. Sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən, sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə;
14.1.4. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;

14.1.5. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;

14.1.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

14.1.7. Sığorta marağı artıq mövcud olmadıqda. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə, sığorta müqaviləsinə xitam verilməlidir.

14.1.8. Qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.

15. SIĞORTA MÜQAVİLƏSINƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏ İLƏ BAĞLI XƏBƏRDAR ETMƏ

Sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.



16. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ QAYTARILMASI

16.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.

16.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.

16.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.

16.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydanın 16.1-ci və 16.2-ci müddəalarında nəzərdə tutulmuş qaydada həyata keçirilir.

16.5. Sığorta müqaviləsi bu Qaydanın 14.1.4.-cü müddəasında müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydanın 16.3-cü və 16.4-cü müddəaların tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.



E. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ VƏ MƏSULİYYƏTİ. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ.

SIĞORTA ÖDƏNİŞİ. QİSMƏN SIĞORTA. ƏMLAKIN DƏYƏRİNDƏN ÇOX MƏBLƏĞDƏ OLAN SIĞORTA
17. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

17.1. Sığortaçının vəzifələri:

17.1.1. Sığortalıya sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsini vermək və sığortalını sığortanın şərtləri ilə tanış etmək;

17.1.2. Sığorta hadisəsinin baş verdiyi halda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və sığorta məbləği çərçivəsində zərərləri ödəmək;

17.1.3. Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş halları istisna etməklə, sığortalı və onun maddi durumu haqda məlumatı yaymamaq;

17.1.4. Sığortalı tələb etdikdə, sığorta Müqaviləsini və sığortanı təstiqləyən digər sənədlərin surətini təqdim etmək.

17.2. Sığortaçının hüquqları:

17.2.1. Sığortalı tərəfindən ona təqdim edilmiş məlumatların doğruluğunu yoxlamaq. Sığorta məbləğinə və riskin dərəcəsinin ölçülməsinə və dəyə biləcək zərərin miqdarına təsir göstərə biləcək məlumatın sığortalı tərəfindən təhrif edilməsi və ya gizlədilməsi zamanı, sığorta müqaviləsinin ləğv edilməsini və ya onun qüvvəsini itirmiş sayılması;

17.2.2. Qanunvericilikdə və sığorta müqaviləsində göstərilmiş şərtlərə əsasən sığorta ödənişindən imtina etmək;

17.2.3. Sığortalanmış riskin dərəcəsinin artması zamanı sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının ödənilməsini tələb etmək.



17.3. Sığortalının vəzifələri:

17.3.1. Sığorta Ərizəsində, digər yazılı formada və sığorta müqaviləsinin bağlanması zamanı sığorta riskinin qiymətləndirilməsi üçün bildiyi bütün məlumatları, bu sahədə digər qüvvədə olan sığorta müqavilələri və sığorta olunmuş əmlakla əlaqədar olan hər hansı bir dəyişikliklər barədə sığortaçıya məlumat vermək. Sığortalı sığortaçıdan hər hansı bir məlumatı gizlədibsə və ya yanlış məlumat veribsə, belə halda həmin müqavilə etibarsız hesab edilir və iddia üzrə heç bir ödəniş verilmir.

17.3.2. Sığorta hadisəsinin baş verməməsi üçün bütün mümkün olan və məqsədə uyğun tədbirləri görmək və sığortaçının sığorta riskinin azalmasına yönəldilmiş bütün tövsiyə və məsləhətlərini yerinə yetirmək;

17.3.3. Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada sığorta haqqını ödəmək.

17.3.4. Sığortalıya aid olan öhdəliklərin faydalanan şəxs tərəfindən yerinə yetirilməsi və ya müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa, Sığorta müqaviləsinin faydalanan şəxsin xeyrinə bağlanması sığortalını həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.

17.4. Sığortalının hüquqları:

17.4.1. Sığorta hadisəsinin baş verməsinin qarşısını almaq və hadisənin həcmini və nəticələrini azaltmaq üçün lazımi olan məlumatı və məsləhəti sığortaçıdan almaq;

17.4.2. Sığorta səhadətnaməsini itirdiyi halda onun dublikatını almaq. Sığortalı sığorta səhadətnaməsini itirdiyi halda, sığortaçı Müqavilənin çap edilməsi üzrə xərcləri sığortalının üzərinə keçirə bilər.

17.4.3. Sığorta müqaviləsində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər öhdəlikləridə müəyyən edilə bilər.



18. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ

18.1. Sığortalı və ya xeyrinə müqavilə bağlanan və sığorta ödənişinin alınmasına hüququ olan digər şəxs (faydalanan) sığorta hadisəsi baş verdikdə aşağıdakı öhdəlikləri yerinə yetirməlidir:

(a) müqavilədə göstərilmiş qaydada dəymiş zərər haqqında sığortaçıya təcili surətdə məlumat verməlidir. Müqavilədə digər şərtin müəyyən edildiyi hallar istisna olmaqla, həmin məlumat sığortaçıya hadisənin baş verməsi günündən 3 gün müddəti ərzində çatdırılıbsa, sığortaçı bu məlumatın təcili olaraq çatdırılmasını hesab edir;

Əgər dəymiş zərər sındırmaqla oğurluğun, soyğunçuluğun və ya quldurluğun nəticəsidirsə - bu haqda polis orqanlarına məlumat verməlidir.

(b) sığortaçının məsləhətlərinə riayət edərək dəyə biləcək zərərin qarşısını almaq və ya onu azaltmaq və sığortalanmış əmlakın xilas etmək məqsədi ilə bütün mümkün olan tədbirləri həyata keçirməlidir.

(c) sığortaçının tələbi ilə zərər və itkilərin səbəblərinin və miqdarının öyrənməsi və ödəniləcək məbləğin müəyyən edilməsi üçün şərait yaratmalı və bunun üçün lazım olan məlumatları (zəruri hallarda yazılı məlumatlar daxil olmaqla) və sənədləri təqdim etməlidir;

(ç) sığortaçının razılığı olmadan sığorta hadisəsinin baş verdiyi yerdə hər hansı bir dəyişikliyin edilməsinə yol verməməlidir. Bu qayda istehsalın fasiləsiz davam etməsi üçün hadisə yerinin təmizlənməsi və bərpa işlərinin başlanması tələb olunan hallarda tətbiq edilmir. Sığortalının dəymiş zərərin sübut edilməsi üzrə öhdəlikləri qüvvədə qalır və bu məqsəd ilə sığortalı zədələnmiş əmlakı və ya onun hissəsini sığortaçıya təqdim edilməsinə qədər onları saxlamalıdır;

(d) sığortaçının tələbi ilə sığorta hadisəsi nəticəsində zədələnmiş əmlakın siyahısını imzalayaraq 10 iş günü ərzində sığortaçıya təqdim etməlidir.

18.2. Hazırkı maddənin 18.1.(a) bəndində göstərilmiş öhdəliklərin sığortalı və ya faydalanan şəxs tərəfindən yerinə yetirilmədiyi halda, sığortaçı sığorta ödənişindən imtina etmək hüququna malikdir. Əgər sığortaçı sığorta hadisəsi haqqında məlumatı vaxtında alıbsa və ya həmin məlumatın yoxluğu sığorta ödənişinin verilməsinə təsir göstərə bilməzdirsə, həmin qayda tətbiq edilə bilməz.

18.3. Əgər sığortalı və ya onun nümayəndələri sığortalanmış əmlaka sığorta hadisəsi nəticəsində dəyə biləcək zərərin qarşısı alınması və ya azaldılması üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri qəsdən görməyiblərsə, sığortaçı dəymiş zərər üzrə ödənişin verilməsindən imtina etmək hüququna malikdir. Bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı zərərin miqdarı həmin həcmdə azalmış olardı.

18.4. Sığortalı hadisə zamanı müvafiq dövlət səlahiyyətli orqanlara məlumat verməlidir.

19. SIĞORTA RİSKİNƏ TƏSİR EDƏN AMİLLƏR. SIĞORTA OLUNMUŞ ƏMLAKLA ƏLAQƏDAR VƏ SIĞORTA OBYEKTİNDƏ BAŞ VERMİŞ DƏYİŞİKLİKLƏR HAQQINDA MƏLUMAT VERMƏ VƏZİFƏSİ

19.1. Sığorta müqaviləsinin bağlanmasında sığortalı ona məlum olan və sığorta hadisəsinin baş vermə ehtimalına təsir göstərə biləcək və onun baş verməsindən dəyə biləcək zərərlər (sığorta riski) barədə sığortaçıya xəbər verməli və sığortaçı tərəfindən verilmiş sualları cavablandırmalıdır. Bu qayda sığortalanan obyektin baxılması zamanı da tətbiq edilir.

19.2. Əgər müqavilənin bağlanmasından sonra sığorta olunmuş əmlakla əlaqədar və ya sığorta obyektində hər hansı bir dəyişiklik barəsində sığortalı tərəfindən sığortaçıya yanlış məlumatların bildirilməsi və/və ya məlumatın gizlədilməsi sübut edilərsə, sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.

19.3. Sığortalı müqavilənin bağlanması zamanı sığortaçıya bildirdiyi məlumat və faktlarda baş vermiş dəyişikliklər haqqında sığorta müqaviləsinin müddəti ərzində sığortaçıya məlumat verməlidir.

19.4. Sığorta riskinin artmasına səbəb ola biləcək faktlar (yeni istehsalatın başlaması, mövcüd olan istehsalatın dəyişməsi, istehsalat və kommersiya fəaliyyətində istifadə etdiyi əmlakı icarəyə verməsi, sığorta təminatının qüvvədə olduğu yerdə yerləşən binaların və tikililərin sökülməsi, yenidən tikilməsi və yeni avadanlıqla təchiz edilməsi və s.) haqqında məlumatlandırılmış sığortaçı sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər.
Əlavə sığorta haqqı aşağıdakı düsturla hesablanır:

A = (B2 – B1)*n / 12

A - əlavə sığorta haqqı;

1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə