Hidrotexnikanın əsasları fənnindən mühazirə mövzuları




Yüklə 0.58 Mb.
səhifə1/10
tarix20.04.2016
ölçüsü0.58 Mb.
  1   2   3   4   5   6   7   8   9   10
Hidrotexnikanın əsasları fənni

Hidrotexnikanın əsasları fənnindən mühazirə mövzuları

1. Giriş. Hidrotexnikanın əsasları fənninin məzmunu, məqsəd və vəzifələri. Hidrotexniki qurğular haqqında ümumi məlumat və onların təsnifatı

2. Hidrotexniki qurğulara suyun təsiri. Hidrotexniki qurğuların layihələndirmə üsulları. Mühəndis kəşfiyyat və tədqiqat işləri. Hidrotexniki qurğuların əsasını təşkil edən qruntların xassələri

3. Hidrotexnikada tikinti materialları və görülən işlər

4. Bəndlər

5. Torpaq və tökmə daş bəndlər

6.Yuma torpaq bəndləri. Bəndin yamaclarının bərkidilməsi. Elektrohidrodinamik analogiya (EHDA) üsulu

7. Su keçirməyən əsasda bircinsli torpaq bəndlərin sızma hesabatı. Su keçirməyən əsasda bircinsli və drenajlı torpaq bəndlərin sızma hesabatı

8. Nüvəli və ekranlı bəndlərin sızma hesabatı. Əsası su keçirən ponursuz və ponurlu bəndlərin sızma hesabatı

9. Bəndin yamacının və ekranın dayanıqlığa hesabatı. Bəndin çökmə hesabatı

10. Tökmə daş bəndlər. Tökmə daş bəndlərin konstruksiyası

11. Kanallar üzərindəki hidrotexniki qurğular

12. Səviyyə əlaqələndirici qurğular. Sudüşürənlər. Konsollu sudüşürənlər

13. Akveduklar. Akvedukların hidravlik hesabatı

14. Cəld suaxıdanlar. Leysanburaxan qurğular

15. Boruşəkilli leysanburaxanın hidravlik hesabatı

16. Novlar

17. Dükerlər

18. Hidrotexniki tunellər

19. Sugötürücü (suburaxıcı ) vəzifələri və konstruksiyaları

20. Durulducular. Durulducuların vəzifələri və onların təsnifatı. Suvarma sistemlərindəki durulducular

21. Balıqçılıq təsərrüfatı və onun hidrotexniki qurğuları

22. Yuma sisteminin hidrotexniki qurğuları. Örtülü-basqılı suvarma şəbəkəsindəki hidrotexniki qurğular

23. Tikinti suyunu buraxan qurğular. Arakəsmə üsulu. İnşaat suyunu məcradan kənara yönəltmə üsulları

24. Sutullayıcı qurğular. Şaxtavari sutullayıcı qurğular

25. Meyilli şaxtavari sutullayıcı qurğular. Çanaxvari sutullayıcı qurğular. Sifonlu sutullayıcı qurğular

26. Körpülər

27. Su enerjisindən istifadənin hidrotexniki qurğuları Hidroenergetika

28. SES-in gücü və enerji hasilatı

29. Su təchizatı və onun hidrotexniki qurğuları. Su təchizatı sistemi və sxemləri

30. Hidrotexnikada iqtisadi hesablamalar. Hidrotexniki qurğuların istismarı və təmiri
1. Giriş. Hidrotexnikanın əsasları fənninin məzmunu,

məqsəd və vəzifələri.

Su insanın həyatında və onun təsərrüfat fəaliyyətində mühüm rol oynayır. Dünyanın bitki və heyvanat aləminin mövcud olması məhz sudan asılıdır. Susuz heç bir təsərrüfat sahəsi fəaliyyət göstərmir, su olmadıqda canlılar məhv olur.

Bununla yanaşı su həddən artıq olduqda yer səthində bataqlıqlar əmələ gəlir, yararlı torpaqlardan istifadə etmək çətinləşir. İntensiv yağıntı düşən ərazilərdə isə göllərdə su səviyyəsi qalxır, əkin üçün yararlı olan torpaqlar su altında qalır, çaylar daşır, şəhərlər, kəndlər və yaşayış məntəqələri dağılır. Hətta insan tələfatı da baş verir.

Yer səthinə düşən yağıntılar dağ yamacları ilə axaraq məhsuldar torpaqları yuyur və kənd təsərrüfatına böyük ziyan dəyir. Yarğan və qobular yaranır, torpaqlardan istifadə olunması çətinləşir və əkin sahələri azalır. Buna görə də insanlar bir tərəfdən sudan öz təsərrüfat fəaliyyətində müxtəlif məqsədlər üçün istifadə edir, digər tərəfdən isə suyun yaratdığı fəlakətlərlə mübarizə aparır, onun zərərli təsirlərdən özünü qoruyur.

Çaylar, göllər və digər su mənbələrinin suyundan səmərəli istifadə etmək və suyun zərərli təsirlərini aradan qaldırmaq üçün inşa olunan mühəndis tipli tikintilər hidrotexniki qurğular adlanır.

Hidrotexnika iki yunan sözündən (hyudor-su və texne-ustalıq, incəsənət) əmələ gəlmişdir. Hidrotexnika sudan istifadə etmə bacarığı və yaxud su incəsənətidir. Hidrotexnikanın səsas məsələsi su ehtiyatlarından ayrı-ayrı təsərrüfat sahələrində səmərəli istifadə olunmasını təmin edən, onun zərərli təsirlərini aradan qaldıran və asan idarə olunan qurğular yaratmaqdan ibarətdir.

Bununla əlaqədar olaraq hidrotexnikanı şərti olaraq dəniz və çay hidrotexnikasına ayırırlar. Dəniz hidrotexnikasında dəniz və okean sularından,çay hidrotexnikasında isə su obyektlərindən ayrı-ayrı təsərrüfat sahələrində istifadə olunmasının texniki məsələləri cəmlənmişdir.

Burada su enerjisindən istifadə, su nəqliyyatı, taxta-şalban axıdılması, suvarma, tullantı və çirkab suların atılması, daşqın və sel hadisəsinə qarşı mübarizə və s. məsələlər geniş yer tutur.

Hidrotexnikada su təsərrüfatı sahəsindəki tədbirlərin müəyyən edilməsi və əsaslandırılması, layihələndirilməsi, inşa olunması, istismarı və hidrotexniki qurğuların tədqiqatı məsələlərinə də geniş yer verilir. Ona görə də hidrotexnika elmi digər elm sahələri: hidrologiya, hidravlika, geodeziya, geologiya və hidrogeologiya,materiallar müqaviməti və inşaat mexanikası, mühəndis konstruksiyaları, inşaat materialları, iqtisadiyyat və s. ilə sıx ələqədardır.

Su təsərrüfatının müxtəlif sahələrində hidrotexnika ilə bağlı tədbirlərin həyata keçirilməsində başlıca məsələlərdən biri su mənbəyi axtarmaq, onun ehtiyatını müəyyən etməkdir. Burada nəzərdə tutulan layihələndiriləcək qurğu üçün uyğun məsələlər həll edilir və bir sıra su təsərrüfatı, hidravliki, statistik və s. hesabatlar aparılır, inşaat işlərinin təşkili, texnologiyası, bir sıra istehsalat məsələləri və axırda isə layihələndiriləcək qurğunun iqtisadi cəhətdən əlverişli olması məsələləri həll edilir.

Bu baxımdan hidrologiyada su obyektlərinin rejimi və əsas xarakteristikalarının təyin edilməsi üsullarına; hidravlikada mayelərin hərəkət qanunları və qurğuların ölçülərinin düzgün müəyyən edilməsi; geodeziyada qurğuların yerləşdirilməsi üçün plan və xəritə, en kəsiklərin əldə edilməsi; geologiya və hidrogeologiyada hidrotexniki qurğuların əsası, qrunt sularının hərəkət istiqaməti, onların qurğulara təsiri və filtrasiya müəyyən edilir. Materiallar müqaviməti və inşaat mexanikasında hidrotexniki qurğuların möhkəmliyi və dayanıqlı olması müxtəlif üsullarla hesablanır; mühəndis konstruksiyalarında müxtəlif tikinti materiallardan ibarət əlverişli və səmərəli konstruksiya seçilir; inşaat texnikasında tikintinin təşkili və işlərin mexanikləşdirilməsi məsələlərinə baxılır; iqtisadiyyatda isə iqtisadi cəhətdən ən əlverişli qurğular seçilir və onun iqtisadi səmərəliliyi təyin edilir.
Hidrotexniki qurğular haqqında ümumi məlumat

və onların təsnifatı

Su obyektlərindən və təbii su mənbələrindən ayrı-ayrı təsərrüfat sahələrində geniş və səmərəli istifadə etmək üçün yerinə yetirilən texniki və iqtisadi məsələlərin məqsədəuyğun şəkildə həlli və həyata keçirilməsi su təsərrüfatında öz əksini tapmışdır. Su təsərrüfatında qarşıda duran məsələlərin seçilib əsaslandırılması, hidrotexniki qurğuların yerlərinin təyin edilib müəyyənləşdirilməsi, layihələndirilməsi, tikilməsi, istismarı və onların tədqiqi məsələləri ilə hidrotexnika elmi məşğul olur.

Su təsərrüfatının müxtəlif sahələrində layihələndirilən hidrotexniki qurğular bir-birindən formasına, konstruktiv və başqa əlamətlərinə görə xeyli fərqlənir. Bunları nəzərə alaraq hidrotexniki qurğuları aşağıdakı prinsipial əlamətlərinə görə siniflərə ayırmaq olar.

Hidrotexniki qurğular su təsərrüfatı sahəsində xidmətinə görə aşağıdakı növlərə ayrılır:

1. Suvarma və meliorasiya sistemində yaradılan qurğular. Bu qurğulara torpaqların suvarılmasında, şoran torpaqların yaxşılaşdırılmasında, otlaqlara su çıxarılmasında, bataqlıqların qurudulmasında təsadüf olunur.

2. Hidroenergetika sistemində yaradılan qurğular. Bu qurğular su enerjisindən istifadəyə xidmət edir, bunlara su elektrik stansiyasının, basqı hovuzu, basqılı və basqısız derivasiya kanalları və s. hidroenergetika sistemi qurğulara aiddir.

3. Su nəqliyyatında yaradılan qurğular. Bu qurğulardan gəmi hərəkəti yollarında və şlüzlərdə, gəmiçilik limanlarında, taxta-şalban və meşə materialları ötürücülərdə və s. bu kimi su nəqliyyatı sistemində istifadə olunur.

4. Su təchizatı və kanalizasiya sistemində yaradılan qurğular. Buraya suqəbuledici, nasos stansiyası, basqılı su qülləsi, tənzimləyici çən, kapitaj qurğusu, suyun təmizlənməsi və keyfiyyətinin yaxşılaşdırılması üçün olan qurğular aiddir.

5. Balıqçılıq təsərrüfatı sistemində yaradılan qurğular. Bu qurğulara balıqkeçirənlər, balıq qaldırıcılar, balıq yetişdirmək üçün nohurlar və s. daxildir.

Hidrotexniki qurğuları, vəzifələrinin yerinə yetirilmə xarakterinə və hansı məqsədlər üçün tikilməsinə görə aşağıdakı növlərə ayırmaq olar; basqı yaradan, məcra nizamlayan, su qəbuledən, su nəqliyyatı və suburaxan qurğular və s.

Hidrotexniki qurğular materiallarına görə torpaqdan, daşdan, betondan, dəmir-betondan, metaldan və s. polimer materiallardan ola bilər. Tikilmə üsullarına görə qurğular tökmə, yuma, monolit, yerində quraşdırılan və s. konstruksiyalarda olur.

İstifadə-istismar şərtinə görə suvarma və meliorasiya sistemində, su elekirik stansiyası və şay nəqliyyatında tikilən hidrotexniki qurgular inşaat normaları və qaydalarına əsasən daimi və müvəqqəti olur. Daimi hidrotexniki qurğular obyektin daimi istismarında, müvəqqəti qurğularedan isə onun təmirində, ya da onun inşaası dövründə istifadə olunur.

Daimi hidrotexniki qurğuları inşaat obyektində texniki əhəmiyyətlərindən asılı olaraq iki qrupa ayırmaq olar: əsas və ikinci dərəcəli qurğular.

Daimi əsas hidrotexniki qurğuların hər hansı səbəbdən ( qəza baş verdikdə və ya təmir zamanı ) işləməməsi, suvarma və digər sistemlərin işini pozur və ya onları tamamilə sıradan çıxarır.

İkinci dərəcəli hidrotexniki qurğuların hər hansı səbəbdən işləməməsi, su təsərrüfatı sistemində yaradılan ayrı-ayrı hidrotexniki qurğu elementlərinin (bağlayıcı körpü və s.) istifadə edilməsini mürəkkəbləşdirir, lakin əsas qurğu üçün çox zərər dəyməsinə səbəb olmur.

Bütün daimi hidrotexniki qurğular kapital qoyuluşuna görə dörd sinfə bölünür; I, II, III və IV müvəqqəti qurğular isə V sinfə aiddir. Daimi hidotexniki qurğuların sinfi, qurğunun ayrı-ayrı təsərrüfat sahəsində əhəmiyyətinə və səmərələliyinə görə müəyyən edilir.

Suvarma sistemi üşün yaradılan, çay suqovşaqları və magistral kanalların sinfi suvarılan torpaq sahəsinin ölçüsündən asılı olaraq aşağıdakı cədvəldəki kimi götürülür ( Cədvəl 1.1 )

Cədvəl I.I



Suvarılan sahə, min hektarla

Qruntun sinfi

əsas

ikinci dərəcəli

400-dən çox

50-dən 400-ə qədər

50-yə qədər


II

III


IV

III

IV

IV


Su səviyyəsini qaldıran qurğuların sinfi onların əsasındakı qruntun növünə və basqının qiymətinə görə müəyyən edilir.

Daimi hidrotexniki qurğuların sinfini cədvəl I.I və texniki normaları nəzərə almaqla verilən qiymətdən artırmaq və azaltmaq olar. (IV sinif qurğulardan başqa). Bu halda obyektin təsərrüfat əhəmiyyəti, onun işləmə müddəti, istismar şəraiti, baş verə biləcək qəazanın nəticələri və s.nəzərə alınmalıdır.

Hidotexniki qurğular tikilmə və işləmə şəraitinə və yerləşmələrinə görə (çay, dəniz, göl, süni göl, daxili sistem və yeraltı) qurğulara bölünür.

Sistem daxilində tikilən əsas irriqasiya qurğuları vəzifələrinə görə üç qrupa bölünür: nizamlayıcılar, səviyyə əlaqələndiricilər və sukeçiricilər.

Su təsərrüfatı məsələlərinin kompleks həllində çay qurğularına aşağıdakılar daxil ola bilər: bəndlər, sutullayıcılar və suburaxıcılar, suqəbuledici qurğular və tikintilər, suelektirik stansiyası qurğuları, gəmi keçirən şlüzlər və taxta-şalban ötürücülər, balıq ötürücülər və balıq qaldıranlar; sudakı çöküntülərlə mübarizə üçün olan qurğu və tikintilər; çay məcra nizmalayıcı qurğuları və s. daxil ola bilər.


2. Hidrotexniki qurğulara suyun təsiri

Mülki və sənaye tikintilərindən fərqli olaraq, hidrotexniki qurğular daima su ilə əlaqədar olduğundan onlara yüksək minerallaşmış, duzlu və duzsuz sular və yaxud durğun sular müxtəlif mexaniki, fiziki, kimyəvi və bioloji təsir göstərir. Su qurğuya mexaniki, statiki və həm də hidrodinamiki təsir edə bilər. Statiki təsirə aşağıdakılar aiddir: suyun hidrostatik təzyiqi, buz qatının termik təzyiqi, istinad divarları və qurğunun sahil dayaqları arasında yerləşən qruntun təzyiqi, qurğuların qarşısında çökmüş lillərin təsiri və s. Bu qüvvələr qurğunu əsas üzrə sürüşdürməyə çalışır.

Hidrodinamiki təsirdə isə böyük sürətlə hərəkət edən buz parçaları və üzən cisimlərin zərbəsi, hidravliki zərbə və hidrotexniki qurğuların altında əmələ gələn sızma axının təzyiqi nəzərə alınır. Bunlardan əlavə zəlzələyə məruz qalan rayonlarda seysmik qüvvələrin təsiri nəticəsində hidrotexniki tikintilərə daimi qüvvələr təsir edir.

Suyun fiziki-kimyəvi təsirinə aşağıdakılar aid ola bilər: su axının qurğunun səthində sürüşməsində suyun tərkibində lillər olduqda, səthin yeyilməsi, metal konstruksiyaların korroziyaya uğraması, aqressiv suların təsirindən betonun aşınıb-dağılması. Qurğu altında qruntun mexaniki və ya kimyəvi suffoziyaya uğraması və kavitasiya hadisəsi nəticəsində beton səthinin zədələnməsi və s.

Suyun bioloji təsiri, onun tərkibində olan canlı orqanizmlərin qurğunun materialına təsiri nəticəsində əmələ gəlir və nəticədə qurğunun ağac hissələri çürüyür.

Suyun hidrotexniki qurğulara olan təsiri məcbur edir ki, onların materiallarının mühafizəsi üçün həm də qurğunun əsası və sahil birləşmələri üzrə dağılmasının qarşısı alınması tədbirləri görünsün.

Hidrotexniki qurğuların inşası yerli təbii şəraitlə sıx əlaqədardır. Bu əlaqə olduqca müxtəlifdir. Həm də onun ölçülərinin, konstruksiyasının, növünün, sxeminin seçilməsinə həlledici təsir göstərir.

Su səviyyəsini qaldıran və axını tənzimləyən qurğular vasitəsilə çoxlu miqdarda su ehtiyatı toplanır. Əgər qurğuda qəza baş verərsə su anbarı qovşağının aşağı biyefində böyük dağıdıcı qüvvəyə malik olan dalğa əmələ gəlir. Su məcradan çıxır. Müxtəlif təsərrüfat sahələrinin dağılmasına səbəb olur. Odur ki, hidrotexniki qurğular üzrə aparılan tədqiqat-axtarış işləri, layihələndirmə, onun tikilməsi və istismarı elə təşkil edilməlidir ki, heç bir təhlükəli qəza hadisəsi baş verməsin.



Hidrotexniki qurğuların layihələndirmə üsulları

Müxtəlif təsərrüfat məqsədləri üçün hidrotexniki qurğuların layihələndirilməsində nəzəri, eksperimental (laboratoriya və natura) oxşarlıq, variant və s. üsullardan istifadə olunur.

Nəzəri üsul əsas üsul olub, hidrotexniki qurğuların layihələndirilməsinin əksər məsələlərinin həllində istifadə olunur. Burada nəzəri tədqiqatlarının təlimatlarına və onlara əsasən alınan asılılıq və qanunauyğunluqlar qurğuların hesablanmasına imkan verir. Qurğuların ölçüləri, formaları, möhkəmliyi, dayanıqlılığı və gələcəkdə işləmə şəraitləri müəyyən edilir.

Laboratoriya tədqiqatlarında nəzəri cəhətdən kifayət qədər öyrənilməmiş məsələlər və təklif olunan riyazi asılılıqlar dəqiq nəticə vermirsə, xüsusi təcrübələr, qurğunun və konstruksiyanın laboratoriya şəraitində modelləşdirilməsi aparılır.

Laboratoriya tədqiqatından alınan nəticələr konkret qurğunun layihələndirilməsinin əsaslandırılmasına imkan verməklə yanaşı, həm də nəzəriyyənin inkişaf etdirilməsinə səbəb olur.

Natura tədqiqatları tikilmiş və tikiləcək qurğular üzrə aparılır, laboratoriya tədqiqatlarında olduğu kimi burada da qurğunun statik və hidravlik iş şəraiti öyrənilir ki, bu da qurğuya nəzarət etməyə, istismarını yaxşılaşdırmağa, təhlükəli hadisələrin qarşısını almağa imkan verir.

Oxşarlıq və həllin təkrarı metodu ayrıca konkret hallarda yaxşı və etibarlı nəticə verə bilər. Daxili sistem qurğularında eyni vəzifəli sayca çox olan eyni variantlı qurğuların layihələndirilməsində çox tətbiq edilir.

Hidrotexniki qurğuların tipik olaraq layihələndirilməsində oxşarlıq üsulundan,qurğunun təbii və istismar şəraitini nəzərə almaqla geniş istifadə etmək olar.

Variant layihələndirilmə üsulu texniki iqtisadi əsaslandırılma ilə ayrı-ayrı variantların müqayisə olunmasına əsaslanır. Suvarma sistemlərinin, hidroqovşaqların, həm də ayrı-ayrı qurğuların layihələndirilməsində geniş tətbiq olunur.

Müasir dövrdə kompüterlə hesablama maşınlarının köməyi ilə bu məsələlər sadə və qısa müddətdə həll olunur.Bununla əlaqədar olaraq su təsərrüfatının mürəkkəb məsələlərinin həllində variantlar üsulundan geniş istifadə olunur və ən mühüm yerlərdən birini tutur.

Hazırda hidrotexniki qurğuların layihələndirilməsi üç mərhələdə aparılır:

1. Texniki-iqtisadi;

2. Texniki layihə;

3. Texniki-işçi layihə;

4. I və II sinfə məxsus olan daha məsul hidroqovşaqlarda işçi layihə

Mühəndis kəşfiyyat və tədqiqat işləri

Hidrotexniki qurğuların düzgün layihələndirilməsi və tikilməsi üçün mühəndis axtarış və tədqiqat işləri aparılır. Ərazinin relyef-topoqrafik, geoloji və hidrogeoloji, meteoroloji, hidroloji-hidrometrik, suvarma rejimi və inşaat-istehsalat məlumatları əsasında qurğular layihələndirilir.

Relyef-topoqrafik məlumatlar əsasında hidrotexniki qurğuların tikildiyi yerin horizontallı planı tərtib edilir. Bu plana müvafiq olaraq qurğuların yeri və növü seçilir

Geoloji məlumatlara əsasən hidrotexniki qurğu tikiləcək yerin geoloji şəraiti öyrənilir və buna əsasən maşın və mexanizmlərin növləri, çəkiləcək yollar və s.müəyyən edilir. Qurğunun əsasındakı qruntun fiziki və mexaniki xassələri verilir.

Hidrogeoloji məlumatlarda yeraltı suların vəziyyəti (dərinliyi, səviyyəsinin dəyişməsi, kimyəvi tərkibi, debiti və s.) öyrənilir. Bu məlumatlara əsasən həm də qurğunun tikilmə şəraiti və əsasının qoyulması səviyyəsi və s. müəyyən edilir.

Hidroloji-hidrometrik məlumatlarla qurğuların hesabi sərfi, illik və maksimal, minimal sərflər, dib çöküntüləri və onun mexaniki tərkibi, bulanıqlılıq və s. müəyyən edilir.

Suvarma rejiminə dair məlumatlarda çay axımından suvarmada istifadə olunması, su tələbat qrafikinə uyğun olaraq suvarma rejimi, nizamlanmış hidromodul qrafikinə əsasən suvarılacaq sahə haqqında məlumatlar əldə edilir.

İnşaat-istehsalat məlumatlarına görə tikintidə istifadə olunacaq materiallar, elektrik enerjisi, su təchizatı, yanacaq haqqında lazımi məlumatlar verilir.



Hidrotexniki qurğuların əsasını təşkil edən

qruntların xassələri.

Hidrotexniki qurğuların təbii əsasını təşkil edən qruntların fiziki-kimyəvi, mexaniki və s. xassələri elə öyrənilməlidir ki, onların üzərində tikilən qurğular möhkəm və dayanıqlı olsun.

Təbii əsas qruntunun qeyri-bircinsliliyi çox olarsa orada qurğuların tikilməsi üçün müvafiq mühəndis tədbirlərinin görülməsi nəzərdə tutulmalıdır. Bununla qurğunun möhkəmliyini, dayanıqlığını, istismarını, iqtisadi cəhətdən əlverişliliyini təmin etmək olar.

Adətən hidrotexniki qurğular qaya, yarımqaya və adi əsas üzərində tikilir.



Qaya əsaslar. Belə əsaslar möhkəm və bərk qaya süxurlarından ibarətdir. Bunların xüsusi çəkisi, məsaməliliyi 1%-dən artıq olmur. Sıxılmada, dartılmada müqaviməti tikinti üçün nəzərdə tutulan həddə olmalıdır. Qaya üzərində inşa edilən hidrotexniki qurğuların əsası bir çox əlamətlərinə görə xarakterizə olunur.

Yarımqaya əsaslar. Belə əsaslar qaya əsasa nisbətən az möhkəmliyə malikdir. Burada onun suya davamlı olması nəzərə alınmalıdır. Bu əsaslar suda şişən, həll olan, zəif həll olan və həll olmayan süxurlardan ibarət olur. Qaya əsaslarından fərqli olaraq yarımqaya əsaslarda deformasiya dərəcəsi güclü və zəif olmaqla nəzərə alınmalıdır. Güclü deformasiyaya uğrayan əsaslarda səviyyə qaldıran hidrotexniki qurğular tikmək lazım gəldikdə layihədə əsasın deformasiyası nəzərə alınmalı və müvafiq konstruktiv tədbirlər nəzərdə tutulmalıdır.

Adi əsaslar. Belə əsaslar hidrotexniki qurğularda ən geniş yayılmış əsaslardan hesab edilir. Onlar öz əmələgəlmə xüsusiyyətlərinə görə çox qatılı, qıranulometrik tərkibinin qeyri-bircinsli və anizotropluq xüsusiyyətlərinin müxtəlif olması əlamətlərinə görə fərqlənir. Hissəciklərinin iriliyinə görə qurğunun əsasının aktiv zonasında aşağıdakı qruntlar olur:

1) İri qırıntılı qrunt;

2) Qum-gil;

3) Qumluca-gillicə;

Tərkibi iri qırıntılı olan qruntlarda hissəciklərin diametri 2 mm-dən böyük olur. İri qırıntılı, dənəli və qumlu qruntlar əlaqəsiz, gil və gillicə qruntlar isə əlaqəli qruntlar növünə daxildir. İri qırıntılı və qumluca qruntlar nəmlik dərəcəsinə görə az nəmli, nəmli və su ilə doymuş halda olur.

3. Hidrotexnikada tikinti materialları və görülən işlər.

Müasir hidrotexniki qurğular su obyektlərindən kompleks məqsədlər üçün istifadə olunmasını özündə cəmləşdirmişdir. Bununla əlaqədar olaraq ayrı-ayrı təsərrüfat sahələrinin suya olan tələbatını ödəmək məqsədi ilə müxtəlif su təsərrüfatı tədbirləri aparılır,nəhəng qurğular yaradılır.Bu qurğuların tikilib istifadəyə verilməsində müxtəlif tikinti materiallarindan istifadə olunur və müəyyən işlər görülür. Tikinti materialları bilavasitə qurğunun yaradılmasında və köməkşi əks doldurma işlərin aparılmasında lazım olur.

Hidrotexniki qurğuların tikilməsində çoxlu miqdarda tikinti materialları sərf olunduğundan əsasən yerli materiallardan istifadə olunur. Müasir dövrdə mürəkkəb konstruksiyalı hidrotexniki qurğuların tikilməsində uzaq məsafələrdən daşınan tikinti materiallarlndan da geniş istifadə edilir.

Hidrotexniki qurğuların tikintisində istifadə olunan tikinti materialları mexaniki tərkibinə, fiziki xassəsinə və su keşirmə qabiliyyətinə görə tələbata cavab verməlidir. Ən çox istifadə olunan tikinti materiallarına torpaq-qrunt, daş, qum, çınqıl, ağac, beton, dəmir, müxtəlif kimyavi maddələr və s. aiddir.

Yerli materiallar geoloji-kəşfiyyat işləri aparmaqla karxanalardan müxtəlif üsullarla qazma, partlaylş yolu ilə əldə edilir. Tikintidə istifadə olunan materiallara uyğun da işlər görülür. Məsələn torpaq-qrunt, ağac, beton və s. işlər.

Torpaq-qrunt materialları. Hidrotexnikada bənd, damba, kanal, su anbarı yolların salınmasında istifadə olunur. Torpağın qazılması, daşınması və tökülməsi əməliyyatından ibarət torpaq işləri adlanır. Faydalı qazıntı yataqlarının üst torpaq təbəqəsinin götürülməsinə də təsadüf olunur. Açıq üsulla çıxarılır. Yer səthində və yeraltında, suyun altında və s.də aparıla bilir. Müasir tikintilərdə torpaq işi demək olar ki, tamamilə mexanikləşdirilmişdir. Yer səthinin aşınma zonasında torpaq-qrunt əmələ gəlir. İri qırıntılı qum, gil və s. şəklində olur. Hidrotexnikada işlədilən torpaq-qrunt materialları möhkəmlik şərtlərinə, dayanıqlığa cavab verməlidir. Qruntun əsas deformasiya növü onun sıxılması nəticəsində strukturunun pozulmasıdır. Torpaq-qrunt materialları mühəndis geologiyasında daha ətraflı öyrənilir. Müxtəlif üsullarla onun tərkibi, strukturu və s. nəzəri və eksperimental yollarla müəyyən edilir.

Torpaq –qrunt materialları bircinsli olmalı, mexaniki tərkibinə, fiziki xassəsinə görə texniki normalaraı təmin etməlidir. Təbii halda o müəyyən rütubətliyə malik olur. Tikinti meydançasında qurğu öz konstruksiya formasına çatana qədər bəzən onu süni yolla rütubətləndirmək də tələb olunur. Torpaq –qrunt işlərind müxtəlif mexanizmlərdən də istifadə olunur.



Daş və daş işləri. Hidrotexniki qurğuların tikintisində yerli material kimi işlədilir. Əsas və köməkçi işlərin aparılmasında işlədilir. Daş işlərinə kərpic hörgüsü, keramik çəkilmiş daş hörgü, divar hörgüsündə tətbiq edilir. Mişar daşı (tuf, balıqqulağı, əhəngdaşı və s.) hörgüsü, iri beton, dəmir-beton və ya kərpic bloklardan divar hörgüsü, bina və tikililərin yeraltı hissəsi, kələkötürlü but daşından hazırlanır. Mişar daşı hörgüsü daha çox yayılmışdır. Mişar daşdan hörülən divarları xüsusi kəsilmiş daş tavaları ilə də üzləyirlər. Daşlardan üxtəlif konstruksiyalar hazırlanmasında geniş istifadə olunur. Daş hörgüsündə sement, əhəng və s. tərkibli inşaat məhlullarından istifadə edilir. Daş konstruksiyaları uzunömürlü, oda və atmosferə davamlılığı ilə fərqlənir. Mənfi cəhəti isə həcm çəkisinin və qiymətinin baha olmasıdır. Yük saxlama qabiliyyətini polad armaturlar qoymaqla və dəmir-beton çərçivəyə almaqla artırırlar.
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə