Hibelunqlar haqqında nəğmələr




Yüklə 36.2 Kb.
tarix26.04.2016
ölçüsü36.2 Kb.
www.kitab.tk

Xorxe Luis Borxes


Şekspir yaddaşı (hekayə)
Çevirəni: Mehparə Kərimli
Kimi Höteyə, Eddama, ya "Hibelunqlar haqqında nəğmələr"ə heyran; mənim taleyim Şekspir idi. O, mənim taleyim olub və bu günə qədər də var. Tamam ayrı mənada. Bu günə kimi bu barədə heç kəs heç nə bilmirdi. Bircə nəfərdən - təzəlikcə Pretoriyada dünyasını dəyişmiş Deniel Torpdan başqa. Bu sirrin bir yiyəsi də var. Amma mən onu heç vaxt görməmişəm.

Mənim adım German Zörgeldi. Hər şeylə maraqlanan oxucu mənim öz dövründə Şekspir mətnlərinə dalmaq üçün mütləq vəsait hesab olunan və ispan dilini də daxil etməklə bir neçə xarici dilə çevrilmiş "Şekspirin xronologiyası" kitabımı vərəqləyə bilər. yəqin o, Teobaldın, 1734-cü il tənqidi nəşrinə əlavə edib, o andan ədəbi kanona çevrilmiş düzəlişi və bunun ətrafında uzun-uzadı polemikanı da xatırlayır. Bu gün az qala daha mənimki saymadığım o səhifələrin nəzakətsiz tonuna heyrətlənirəm. 1914-cü ildə mən Homeri tərcümə zamanı Corc Çapmenin ixtirası olan və bununla da ingilis dilini alt-üst çevirmiş mürəkkəb sözlərin tədqiqini hazırladım (Lakin nəşr etdirmədim). Bu ellinist və dramaturq həmin sözlərin anqlo-sakson mənşəyini (Ursrrung) nəzərdən qaçırmışdı. Heç vaxt ağlıma gəlməzdi ki, Çapmenin bu gün heç cür xatırlaya bilmədiyim səsi mənimçün belə adiləşərmiş. Adımın yalnız baş hərfləri ilə imzalanmış daha bir məqalənin ayrıca nüsxəsi və deyəsən, mənim biblioqrafiyam bununla da bitir. 1917-ci ildə Qərb cəbhəsində həlak olmuş qardaşım Otto Yuliusun ölümünü fikrimdən çıxarmaq üçün tərcüməsinə girişdiyim, lakin bu günə qədər də nəşr olunmamış "Maqbet"imi də bura əlavə eləyə bilərəmmi? - bilmirəm. Tərcümə başa çatdırılmayıb. Mən başa düşdüm ki, ingilis dili iki registrə malikdir - german və latın. Halbuki bizim alman dili daha oynaq olsa da, bunların biri ilə keçinmək zorundadır.

Mən Deniel Torpu sizə xatırlatdım. Şekspirə həsr olunmuş konfransların birində onunla məni mayor Barkli tanış etmişdi. Bu konfransın vaxtını və yerini deməyəcəyəm, bunun təqribiliyinin nə demək olduğunu yaxşı bilirəm.

Vacibi Torpun sifəti deyildi, aşkarca hüzn yağan bədbəxt görkəmiydi. Zəif gördüyümdən üzünün bütün cizgiləri dərhal da yaddaşımdan silindi. İllər keçdikcə insan sifətinə hər cür ifadə verməyi öyrənir, sevincdən savayı. Deniel Torpun baxışından, duruşundan qüssə yağırdı.

Uzun iclas gününün gecəsini kiçik bir meyxanada qarşılamalı olduq. Özümüzü İngiltərədə hiss etməkdən ötəri (hadisələr məhz burda cərəyan edirdi) ritual qaydasında qalay qablarda ilıq-tünd pivə içirdik.

- Bir dəfə Pencabda, - mayor əhvalat danışırdı, - mənə bir dilənçi göstərdilər. İslam dini rəvayət edir ki, Süleyman peyğəmbər quşların dilini üzüyünün köməyilə anlarmış. Ondan sonra, deyirlər ki, həmin üzük əldən-ələ keçib, axırda həmin bu dilənçiyə gəlib çatmış. Xəzinənin qiyməti yox idi - deyin, yeni sahibi onu sata bilməzdi. Dilənçi Lahorda Vazil-Xan Məscidinin balaca həyətində can verir.

Çoserdə də möcüzəli üzük hekayəsi olduğunu düşündümsə də, Barklinin nağılına pəl qatmaq istəməyib:

- Bəs üzük necə oldu? - soruşdum.

- Sehrli əşyaların sonu necə olur? Onu da tapmadılar. Bəlkə də üzük Vazil-Xan Məscidinin həyətində, hansısa lağımdadır. Bəlkə də elə bir yer adamının barmağındadır ki, orda heç quş yoxdur.

- Ya bəlkə o qədər quş var ki, hansının hansı dilin sahibi olduğunu ayırd etmək heç mümkün deyil, - bunu mən dedim, - Danışdığınız əhvalat pritçaya bənzəyir.

Deniel Torp söhbətə bu yerdə qoşuldu. Elə bil heç bizimlə deyil, bizə baxmadan danışırdı. Torpun ingiliscəsində nə isə özəllik var idi. Mən bunu onun Şərqdə uzun müddət yaşaması ilə bağladım.

- Bu, pritça deyil, - Torp dedi: - pritçadırsa əgər, həqiqəti deyir. Qiymətəgəlməz şeylər var ki, onları satmaq qeyri-mümkündür.

O sözləri ki, burda dilə gətirirəm, o an onlar mənə təsir eləmişdi. Bunu söyləyən Torp idi, inamlı səsi qəlbimə sirayət etmişdi. Elə bil hələ nələrsə, çox şeylər danışmaq istəyirdi. Amma başladığına peşman olub söhbəti oradaca kəsdi. Barkli bizdən ayrılıb getdi. Mehmanxanaya onunla ikilikdə qayıtdıq. Çox gec idisə də, Torp otağında söhbəti davam etdirməyi təklif etdi. Bir neçə sınıq cümlədən sonra mətləbə keçdi.

- Sizə mən Peyğəmbər üzüyü təklif edirəm. Bu metaforadır, əlbəttə. Gəl möcüzəsi şah üzüyündən geri qalmaz. Sizə mən Şekspirin yaddaşını bəxş edə bilərəm - lap uşaq yaşlarından ta 1616-cı ilin aprel ayının əvvəlinəcən. Götürürsüzmü?

Mən cavab vermədim. Təsəvvür edin ki, sizə dərya təklif edirlər.

Torp sözünə davam etdi:

- Mən nə yalançıyam, nə də dəli. Rica edirəm əvvəlcə məni axıra qədər dinləyin, sonra qərar verin. Mayor təsdiq edə bilərdi, mən hərbi həkiməm. Daha doğrusu, həkim idim. Başıma gələn əhvalat da iki-üç cümləyə sığır. Bu, Şərqdə oldu, səhər çağı, lazaretdə. Hə zaman baş verməsi önəmli deyil. Bədənində iki güllə gəzdirən sıravi əsgər Adam Kley ölüm qabağı güclə eşidiləcək bir səslə bu əvəzsiz yaddaşı mənə təklif etdi. Qızdırma və can çəkişməsi nəyə desən inandırar: elə bir güvənim olmasa da, təklifi qəbul etdim. Müharibə ilə müqayisədə heç nəyə təəccüblənmirsən. Kley bəxşişin şərtini mənə güclə başa saldı: bəxşiş verən onu sözlə, dilə gətirib verməli, alan da "aldım" deyə cavablamalıydı. Bununla birinci adam verdiyini həmişəlik itirirdi.

Əsgərin adında da, bu patetik səhnədə də, sözün pis mənasında, bir kitabdangəlməlik vardı. Bir qədər xofla soruşdum:

- Demək indi siz Şekspir yaddaşına sahibsiz?

Torp cavab verdi:

- Mən ikiqat yaddaş sahibiyəm. Biri - özümünkü, o biri qismən məndə olan Şekspir yaddaşı. Bu ikiqat yaddaşdır mənim sahibim - desəm, bəlkə daha düz olar. Elə sahələr var ki, yaddaşlar üst-üstə düşürlər. Bax, məsələn, bir qadın siması var, hansı əsrə aiddir - müəyyənləşdirə bilmirəm.

Mən maraqlandım:

- Bəs siz Şekspir yaddaşından necə istifadə etdiz?

Torp susdu, sonra dilləndi:

- Romanlaşdırılmış bioqrafiya yazdım. Tənqidçilərin tam nifrətinə səbəb oldusa da, Amerikada, müstəmləkə ölkələrində bəzi kommersiya uğurları qazandı. Bütün elədiyim elə budur. Sizi xəbərdar edirəm, mənim töhfəm yaxşı maaş vəd edən asan vəzifə deyil. Cavabınızı gözləyirəm.

Mən fikrə getdim. Bütün boş, mənə yad gələn həyatımı Şekspir axtarışında keçirməmişəmmi? yolun sonu onu mənə verirsə, bu məgər mənim qanuni haqqım deyildimi?

Kəlmələri ağzımdan bir-bir buraxıb:

- Mən Şekspir yaddaşını götürürəm, - dedim.

Həmin anda aşkarca nə isə baş verdi, amma nə olduğunu mən əməlli duymadım. Bəlkə yüngülcə yorğundum, ya mənə belə gəlirdi.

O yadımdadır ki, Torp dedi:

- Yaddaş artıq sizin şüurunuzda, sizinkidir. Zaman gərəkir - yuxudamı, ya günün günorta çağı, kitab oxuyarkən, yoxsa tini döndünmü - özünü göstərəcək. Məxsusi hazırlaşmaq, xatirəyə dalmaq gərəkməz. Təsadüf özü sizə ya yar olacaq, ya da əksinə, əngəl. Onun sirri də elə bundadır. Mən unutduqca siz xatırlayacaqsız. Dəqiq heç nə deyə bilmərəm.

Gecənin qalan hissəsini Şeylokun xasiyyəti barəsində mübahisələrə sərf etdik. "Şekspir həyatda necə, yəhudiləri tanıyırdımı?" sualını verməkdən özümü saxlayır, istəmirdim buna dəlil gözlədiyimi düşünsün.

Hər ikimizin eynən şərti, sırf akademik dəlillərdən bəhrələndiyimizi görəndə, yüngüllükmü duydum, ya narahatmı oldum - demək çətindir. Sonrakı gecəni də belə, yatdım - yatmadım. Artıq neçənci kərədir, bəlli olur: ağciyərəm, vəssalam. yenə aldanılmaq qorxusu; ümidlərin səxavətinə inanmağım gəlmirdi. Öz-özümə deyirdim ki, Torpun bu cür peyda olması bir aldanış, yuxudur. Son halda qarşısıalınmaz ümidlər güc gəldi. Axı Şekspir mənim olacaq. Sevgisi, dostluğu, nifrətində belə, başqa birisinin olmadığı qədər. Müəyyən mənada mən özüm Şekspir olacam. Faciə və baş-ayaq sonetlər yazmayacam, yox; amma ki, ifritə, həm tale mələklərinin gözümə göründüyü anı yada salası, mənə hədd-hüdudu görünməyən misralar bəxş edəni də ana biləsiyəm.

"And shake the yoke of inauspisious stars From this worldwearu flesh"

(Burda əbədi dincələr, qurnaz ulduzların usandırıcı boyunduruğunu çiyinlərimdən tullaram- "Romeo və Cülyetta", V, 3).

Enn Xetueyi xatırlayacam, bu gün artıq ahıl yaşlarında olan, məni illər öncə Lübekin mebelli otaqlarından birində eşqlə tanışdıran həmin o qadını xatırladığım tək. (Onun üzünü yadıma salmağa çalışır, amma təkcə divarların saralmış kağızını, pəncərədən sızan işığı görürəm). Sonrakıların da zəmini həmin ilk uğursuzluq olmadımı? Düşünürdüm ki, mənim qeyri-adi yaddaşım hər şeydən əzəl göz yaddaşı olmalıdır. Lakin yanılmışdım. Bir neçə gündən sonra üzümü qırxarkən güzgünün qabağında özümün də təəccübləndiyim bir neçə söz dedim. Və conradan həmkarım mənə bunun Çoserin "Əlifba"sında olduğunu söylədi. Bir axşam çağı isə Britaniya muzeyindən çıxhaçıxda heç vaxt eşitmədiyim sadə bir motivi fitlə çaldığımın fərqinə vardım. yəqin oxucu artıq ilk möcüzlərindən yaddaşımın başlıca cəhətini tuta bildi. Ayrı-ayrı parlaq metaforalar öz yerində, mənim yaddaşım göz yaddaşı yox, qulaq yaddaşıydı.

De Kuinsi deyir ki, insanın ağlı palimpsest timsallıdır. Hər gələn qat əvvəlkini örtüb, sonrakının altında qalır. Amma lazımi stimul versən, hər şeyə qadir yaddaşın hər hansı, ən ötəri təəssüratı belə dərinlərdən dartıb çıxara bilər.

Deyək, Şekspirin evində kitab, Bibliya belə olmayıb. Bunu bizə onun vəsiyyətnaməsi deyir. Amma hansı kitabları oxuduğu yaxşı məlumdur. Çoser, Qauer, Spenser, Kristofer Marlo. Xolinşedin "Xronika"sı, Florionun çevirməsində Monten və bir də "Plutarx" - Hortun tərcüməsində. Hə olsun ki, zahirən nəzərə çarpmır, mən Şekspir yaddaşına malikəm. Oxumaq, daha düzü, bu qədim cildlərə təkrarən qayıtmaqla lazımi stimul əldə edə bilməzdimmi?

Bundan başqa, Şekspirin poeziyasında ən açıq-saçıq, birbaşa olduğu sonetlərini təkrarən oxudum. Bir neçə kərə şərhə, növbənöv şərhlərə müraciət etdim. yaxşı şerləri vamla söyləmək gərək. Və bir neçə günə artıq mən XVI əsrin açıq saitlərini və sərt "R"-nı bilirdim.

"Zeitsrift fur germanische rhilologie" ("Alman filologiyası jurnalı"nda - tərc.) yazırdım ki, Şekspirin 127-ci soneti əlamətdar hadisəyə - Məğlubedilməz Armadanın darmadağın olunmasına bir ithafdır. Bu tezisin hələ 1899-cu ildə Sammuel Batler tərəfindən irəli sürüldüyünü unutmuşdum.

Stratford-on-Eyvona səfər də, gözlədiyim kimi, tam mənasız oldu.

Sonra röyalarım tədricən dəyişməyə başladı. Mən yuxuda De Kuinsidən fərqli olaraq əsrarəngiz dəhşətlər, ya onun müəllimi Jan Pol kimi ibrətli alleqorik səhnələr görmürdüm, yox, mən gecələr tanış olmayan üzlər və evlər görürdüm. İlk tanıya bildiyim adam Çapmen oldu. Sonra Ben Consonu və onun qonşusunu gördüm. İkincinin bioqrafiyalarda adı yoxsa da, yəqin Şekspir bu adamı hər gün görürmüş.

Ensiklopediya sahibi olmaq heç də o demək deyil ki, guya onun hər sətri, hər bölməsi, səhifə və şəkillərinə də bələdsən. Sadəcə məqam gəldimi, bunların hər birini tanıya bilirsən.

Və əgər bu, konkret, xeyli də sadə, üstəlik əlifba sırası ilə düzülmüş məqalələr qismində bir materiya üçün keçərlidirsə, bu dərəcədə mücərrəd və ələdüşməz, dəyişkən və rəngarəng materiya - çoxdan dünyasını dəyişmiş bir adamın möcüzə yaddaşına münasibətdə niyə gərək başqa cür olaydı...

Heç kəs həyatını bütün dolğunluğuyla bir ana sığdırmaq iqtidarında deyil. Bu istedad nə mənə az-çox tanış Şekspirdə, nə də onun sadə xələflərindən biri olan mənim özümdə var. İnsan yaddaşı yaşanmışların sadəcə üst-üstə qalanması deyil, bir xaosdur, böyük imkanlar gizləyir. yanılmıramsa, Avqustin, yaddaşın göyləri və yeraltı gizlənclərindən söz açır. İkinci metafora dəqiqdir, dümdürüstdür. Mən məhz bu qata varmışdım.

Hər birimiz kimi, Şekspirin də yaddaşında qəsdən unutduğu qaranlıq məqamlar var, həm də az deyil. Bir qədər sarsılsam da, yadıma gəlirdi, necə Ben Conson latın və yunan hekzametrlərində şer deyir və fəhm, o misilsiz Şekspir fəhmi ki, elə hey qısa və uzun hecaları dəyişik salır, bununla həmkarlarını əyləndirirdi.

Sevinc və qüssəni daddım mən. Hər birimizin asılı olduğu uzun və səbrli tənhalıq altdan-altdan mənə möcüzəni daha kəskin duymağı öyrətdi.

Cəmi bir ay sonra yaddaşın vəcdindən qanad taxmağımın nəticəsiydi; görünməmiş səadət!- düz bir həftə özümü az qala Şekspir sandım. Onun misraları hər dəfə yeni, gözlənilməz tərəflərdən açılırdı. Mən başa düşdüm ki, ay Şekspir üçün ay olmazdan əvvəl, ilahə Dianadır. Və Dianadan da çox, bir qədər qaranlıq, heç cür ağla gəlməyən "moon" sözüdür. Məni daha bir kəşf gözləyirdi. Aşkarca görünən Şekspir xətaları, o "absense dans I` infine" halları ki, Hüqonu vəcdə gətirirdi, heç də təsadüf deyilmiş. Şekspir xətaları düzəltmir, əksinə, yeri gəldikcə artırırdı - ona görə ki, səhnə üçün nəzərdə tutulmuş nitq gərək azad ola, həddən-ziyadə cilalı, süni (Nicht allzu glatt und dekunstelt) səslənməyəydi. Bundan ötəriydi ki, metaforaları lay-lay, üst-üstə döşəyirdi.


my way of life

Is fall'n into the sear,

the yellow leaf.

(Öz zamanımda yaşadım mən, öz ömrümü yaşadım, payızı, xəzanı gördüm - "Maqbet", V, 3)

Günlərin birində yaddaşın gizlədiyi günaha çıxdım. Onu müəyyən etməyə çalışmadım; bu bilmərrə Şekspirin işiydi. Bircə onu deyim ki, günahın pozğunluğa heç bir aidiyyatı yoxdu. Mən anladım ki, insan qəlbinin üç başarıya - yaddaş, ağıl və iradəyə ayrılması sxolastların uydurması deyilmiş. Şekspir yaddaşı yalnız bir şeyi edə bilərdi. Onun həyat şərt-şəraitini mənə aça bilərdi. Amma şairin təkrarsızlığı, əlbəttə, bunda yox, başlıcası bu kövrək materialı şerə çevirmək bacarığındaydı.

Sadəlövhlük edib Torp kimi mən də bioqrafiya yazmağa başladım. Amma tezliklə inandım ki, bu janr yazıçı bacarığı istəyir. O da ki, məndə yoxdu. Təhkiyə etmək bacarmırdım. Öz tarixçəmi belə. Halbuki bu, Şekspirinkinə nisbətdə daha qəribə idi. Həm də bu kitab lazımsız ola bilərdi. Özlüyündə hər kəs bilir ki, bəxt və tale əcaib və müdhiş nə varsa, Şekspirə bol-bol, bəs qədər bəxş eləmişdi. O, bütün bundan elə süjetlər, qəhrəmanlar yapa bilmişdi ki, burda həyat - onu düşünmüş, ağsaçlı Allah bəndəsinin öz canında olandan qat-qat çoxdu. O adamın ki, nəsillərin yaddaşına sözün musiqisini həkk eləmiş şerlərin müəllifidir. Elə isə hər şeyi dolaşdırmaq, qurulu sarayın altına təzədən lağım atmaq - Maqbet tufanı, gurultu və qəzəbini adi sənədli bioqrafiya, ya realist roman hüdudlarına sığışdırmaq nəyə gərək idi?

Məlumdur ki, bizim Almaniyada Höte rəsmi kult mənbəyidir. Amma Şekspir kultu ürəyimizə daha yaxındır, ona bir qədər nostalji də qatırıq. (İngilislərdən hədsiz qədər uzaq olan Şekspir İngiltərədə rəsmi kult mənbəyidir; amma burda əsas kitab, əlbəttə ki, Bibliyadır).

Əgər ilk zamanlarda Şekspirin taleyi mənim hədsiz sevinc-səadətim idisə, sonrakı mərhələ zülm və dəhşət mücəssəmi oldu. Əvvəlcə hər kəsin yaddaşı öz axarında axırdı. Zaman keçdikcə qüdrətli Şekspir nəhri mənim balaca arxımı basıb- keçdi. Mən dəhşət içində anladım ki, öz dilimi unuduram. Şəxsiyyətin mayası - onun yaddaşıdır və mən ağlımdan yana, təşviş duymağa başladım.

Dostlarım əvvəlki kimi gəlib-gedir və mən mat qalırdım; heç birisi də fərqinə varmırdı, necə mən cəhənnəm əzabı çəkirəm. yavaş-yavaş ən adi şeyləri (die alltagliche Umwelt) başa düşə bilmirdim. Bir səhər dəmir, taxta və şüşədən ibarət iri bir nəhəngin qarşısında özümü itirdim. Fit və qışqırıq qulaqlarımı batırdı. yalnız bir an, mənə sonsuz görünən an keçdikdən sonra Bremen vağzalının parovoz və vaqonlarını tanıya bildim.

Bizim hər birimiz illərlə yığdığımız yaddaş yükünü çəkməli oluruq. Mən ikisini çəkirdim (Hərdən də birləşirdilər): öz yaddaşım və digər, mənə əlçatmaz olanı.

Spinoza yazıb ki, həyatda hər şey özü olaraq qalmaq istəyir. Daş - daş olaraq, pələng - pələng kimi. Mən təzədən German Zörgel olmaq istəyirdim. Azadlığımı qaytarmaq fikrinə nə zaman düşdüyümü dəqiq xatırlamıram. Ən sadə üsul seçmişdim. Ağlıma gələn telefon nömrəsini yığır, dəstəyi qadınlar və uşaqlar qaldırırsa, vaz keçirdim - incitməmək qərarlıydım. Həhayət ki, açıq-aşkar savadlı olduğu görünən kişi səsinə düşə bildim. Mən dedim:

- Şekspir yaddaşına sahib olmaq istəyirsinizmi? Tamam ciddi deyirəm. Fikirləşin.

Səs şübhə ilə cavab verdi:

- Mən razı, risk edə bilərəm. Şekspir yaddaşını qəbul edirəm.

Mən şərtimi başa saldım. Qəribə idi ki, bu an yazmalı olub yazmadığım kitaba görə qüssələnir, eyni zamanda kabusun məni heç zaman tərk etməyəcəyi qorxusuyla təşviş duyurdum. Sonra dəstəyi asıb ümidlə itaətkar sözləri təkrarladım.

Simrly the thing I am shall make me live

(Mənə olduğum kimi də zaval yoxdur - "Hər şeyin axırı - yaxşı qurtarır", IV, 3)

Bir vaxtlar köhnə yaddaşımı canlandırmaq üçün üsullar kəşf edən mən indi onu silmək üsullarını arayırdım. Bu üsullardan birisi - Svedenborqun üsyankar şagirdi Uilyam Bleykin mifologiya araşdırmaları idi. Mən bunun çətin olmaqdan çox, çətinləşdirilmiş olduğuna inandım.

İstər bu, istərsə də digər yollar, faydasız idi; hər yol Şekspirə qaytarırdı məni.

Yalnız musiqi, ciddi və tükənməyən musiqi hələ ki ümid verə bilirdi. Bu, Bax idi.



1924-cü ilin P.S. - postskriptiumu. Mən ən adi adamam. Gündüzlər istefada olan professor German Zörgeləm, başı kartotekasına qarışmış, erudisiyasına dayanıb, qırıq-parça şeylər yazır. Amma bəzən, o da səhərlər anlayıram ki, axı bir an qabaqkı yuxuları görən bir başqasıydı. Axşamdan axşama məni ani yaddaş işartıları təqib qılır. Və deyəsən gerçəkdən. Uydurub-eləmədən.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə