«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə




Yüklə 1.08 Mb.
səhifə2/12
tarix22.02.2016
ölçüsü1.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

HƏRBİ QULLUQÇULAR TƏRƏFİNDƏN TUTULMALI OLAN VƏZİFƏLƏRİN KOMPLEKTLƏŞDİRİLMƏSİ

 31. Hərbi vəzifələr (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, müəssisələrin, hərbi təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur. [14]

 32. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:

 a) gənc əsgərlər üçün müəyyən edilmiş proqram üzrə həm tədris hissələrində (çavuşlar və mütəxəssislər — əsgərlər və matroslar  hazırlayan tədris birləşmələrində, hissələrində, mərkəzlərində, dəstə və məktəblərində), həm də bilavasitə hərbi hissələrdə və gəmilərdə  hazırlıq qurtaran, Azərbaycan Respublikasına və öz xalqına sadiqliyə hərbi and içən çağırışçılarla;

 b) tədris hissələrində müəyyən edilmiş proqram həcmində hazırlıq qurtarmış və imtahan vermiş çavuşlarla və mütəxəssis əsgər və  matroslarla;

 v) müvəffəqiyyətsizliyə, intizamsızlığa və oxumaq istəmədiyinə, həmçinin səhhətinə görə hərbi təhsil müəssisələrindən, gizir, miçman  məktəblərindən və tədris hissələrindən xaric edilmiş kursantlarla;

 q) hərbi rütbələrindən məhrum edildikləri halda müddətli həqiqi hərbi xidmətin müəyyən edilmiş müddətini keçməmiş gizirlər və  miçmanlarla.

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları tərəfindən tutulmalı olan vəzifələrin komplektləşdirilməsi çağırış üzrə «Azərbaycan  Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında» Qanuna əsasən aparılır. Çavuşların, eləcə də mütəxəssis əsgər və matrosların  hazırlanması tədris hissələrində aparılır. Müvafiq mülki ixtisasa və zəruri təhsilə malik olan hərbi qulluqçulardan mütəxəssis əsgər və  matrosların, eləcə də çavuşların hazırlanması bilavasitə hərbi hissə və gəmilərdə praktiki işdə aparıla bilər.

 Tədris hissələrində çavuşların və mütəxəssis əsgər və matrosların hazırlanması üzrə ixtisasların siyahısı və təlim müddəti Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə müəyyən edilir.

 Təlim Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müvafiq silahlı qüvvə növləri komandanlarının, qoşun növləri  komandanlarının (rəislərinin), idarə (şöbə, xidmət) rəislərinin işləyib hazırladığı proqramlar üzrə aparılır.

 Tədris hissələrində təlim keçən əsgər və matroslar kursantlar adlandırılırlar.

 Kursantların müvəffəqiyyətsizliyə, intizamsızlığa, oxumaq istəmədiyinə, həmçinin səhhətinə görə hərbi təhsil müəssisələrindən, gizir, miçman məktəblərindən (tədris hissələrindən) xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi  qaydada hərbi məktəb, gizir, miçman məktəbləri (hərbi hissə komandirləri) rəislərinin təqdimatı üzrə aparılır.

 33. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:

 a) müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;

 b) ehtiyatda olan əsgər, matros və çavuşlarla, eləcə də hərbi uçotda olmayan qadınlarla.

 Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçular, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar 8  sinifdən aşağı olmayan təhsilə malik olmaqla hərbi ixtisası yaxşı bilməli, Silahlı Qüvvələrin müvafiq növlərində, qoşun növlərində və  orqanlarda xidmət etmək üçün zəruri tələblərə cavab verməlidirlər, eləcə də xidmət və ya iş (təhsil) yerindən müsbət xarakterizə edilməlidirlər.

 Hərbi qulluqçuları və hərbi vəzifəliləri, eləcə də qadınları müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etmək və onların xidmət müddətini  uzatmaq hüququna korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yüksək hüquqlara malik olan rəislər malikdirlər.

 34. Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata  buraxılmazdan üç ay əvvəl müddətdən artıq həqiqi hərbi xidmət keçmək istədikləri hərbi hissəni (korpusu, Silahlı Qüvvələrin növünü)  göstərməklə yazılı öhdəlik götürürlər.

 Hərbi hissələrin qərargahları bu Əsasnamənin 29-cu maddəsinə müvafiq olaraq həmin hərbi qulluqçulara dair tərtib edilmiş sənədləri hərbi  hissə komandirinin rəyi ilə müvafiq hərbi hissəyə (korpusa, Silahlı Qüvvələrin növünə) göndərirlər.

 Hərbi hissədən (korpusdan, Silahlı Qüvvələrin növündən) haqqında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməsinə razılıq daxil  olmuş hərbi qulluqçular onların öz yaşıdlarının həmin hərbi hissədən buraxılması başlanan kimi hərbi hissə komandirinin əmri ilə yeni  xidmət yerinə ezam edilirlər (əgər hərbi qulluqçular öz hərbi hissəsində xidmət etməyi arzulamışsa, hərbi hissədə saxlanılırlar). Əgər yeni  xidmət yeri üzrə hərbi hissədə (gəmidə) müddətli həqiqi hərbi xidmət müddəti 2 il müəyyən edilibsə və hərbi qulluqçu müddətli həqiqi hərbi  xidməti müddəti 1 il 6 ay olan hərbi hissədə keçmişsə onda o, müddətli həqiqi hərbi xidmət müddəti uzadılmadan müddətdən artıq xidmətə  qəbul edilir.

 35. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, ehtiyatda olan əsgər, matros və çavuşların, hərbi uçotda olmayan qadınların  tutmalı olduqları vəzifələrin komplektləşdirilməsi bu Əsasnamənin 33-cü maddəsinə və 26-cı maddəsinin «a» bəndinə müvafiq olaraq  aparılır.

 Qadın hərbi qulluqçuların müvafiq hərbi ixtisaslar üzrə hazırlanması bilavasitə bölmələrdə aparılır.

 36. Hərbi təhsil müəssisələri kursantlarının tutmalı olduqları vəzifələr bu Əsasnamənin 26-cı maddəsinin «b» bəndində göstərilən şəxslərlə komplektləşdirilir.

 37. Hərbi təhsil müəssisələrinin kursantlarla komplektləşdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının  hərbi-tədris müəssisələrinə müvafiq Qəbul qaydalarına əsasən aparılır.

 Ali hərbi təhsilli zabit kadrları hazırlayan hərbi təhsil müəssisələrinə (Hərbi Akademiyalara) Azərbaycan Respublikasının və digər  dövlətlərin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən ali xüsusi-hərbi və ya mülki ali təhsili olan və ali hərbi təhsil müəssisələrinin aid  olduqları Silahlı Qüvvələrin qoşun (xidmət) növlərində, orqanlarında xidmət edən zabitlər qəbul edilirlər. Bu hərbi tədris müəssisələrində  təhsil alan zabitlər dinləyicilər adlandırılırlar.

 Hərbi təhsil müəssisəsinə daxil olmaq arzusunu bildirən Azərbaycan Respublikasının və digər dövlətlərin hərbi vəzifəliləri, Azərbaycan  Respublikasının və digər dövlətlərin silahlı qüvvələrinin hərbi qulluqçuları qəbul ilinin mart ayının 15-ə kimi komanda üzrə hərbi hissə  komandirinin (yaşayış yeri üzrə hərbi komissarın) adına raport yazırlar (bağlaşma imzalayırlar) və bu Əsasnamənin 29-cu maddəsinə  müvafiq olaraq zəruri sənədləri tərtib edirlər.

 38. Gizirlərin və miçmanların tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:

 a) müvafiq hərbi ixtisas hazırlığının profilinə yaxın olan ali və ya orta ixtisas təhsilli müddətli (müddətli həqiqi hərbi xidmətdə bir ildən  az olmayaraq xidmət etmiş) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;

 b) orta ixtisas təhsilli təhsil müəssisəsinin proqramı üzrə texniklər məktəbini bitirmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə; [15]

 v) gizir və miçman məktəblərini bitirmiş müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;

 q) müvafiq hərbi ixtisas hazırlığının profilinə yaxın olan ali və ya orta ixtisas təhsilli ehtiyatda olan əsgər, matros və çavuşlarla;

 d) ehtiyatda olan gizirlərlə və miçmanlarla;

 e) müvafiq xüsusi hazırlıqlı hərbi uçotda olmayan, ali və ya tam orta təhsilli qadınlarla.[16]

 Qadınların tuta biləcəyi gizir və miçman vəzifələrinin siyahısı, eləcə də bu vəzifələrin digər şəxslər tərəfindən tutulmaq qaydası Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə müəyyən edilir.

 39. Gizir və miçmanların tutmalı olduqları vəzifələrin komplektləşdirilməsi bu Əsasnamənin 38-ci maddəsi və 26-cı maddəsinin «v» bəndinin  tələblərinə müvafiq olaraq aparılır.

 Hərbi qulluqçuların, hərbi vəzifəlilərin və qadınların gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbulu və onların xidmət müddətini  uzatmaq hüququna Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı səlahiyyəti olan rəislər malikdirlər.

 Gizir və miçman məktəblərinə qəbul edilmiş şəxslər bu məktəblərdə təhsil aldıqları müddətdə hərbi məktəb kursantları vəziyyətində olurlar.

 Gizir və miçman məktəblərində hazırlığın qaydası və müddəti, hərbi qulluqçuların müddətli həqiqi hərbi xidmət dövründə (çağırışdan sonra  bir ildən tez olmayaraq) bu məktəblərə oxumağa göndərilməsi, eləcə də gizir və miçmanların yenidən hazırlanmasının və ixtisas artırmasının  qaydası və müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə müəyyən edilir.

 Texniklər məktəblərində gizirlərin və miçmanların hazırlığının tədris planları, proqramları və müddətləri Azərbaycan Respublikasının  müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 40. Zabitlərin tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:

 a) hərbi təhsil müəssisələrini bitirmiş və zabit rütbəsi almış hərbi qulluqçularla;

 b) «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin «q» bəndinə müvafiq olaraq 1 il 6 ay müddətə  həqiqi hərbi xidmətə çağırılmış ehtiyatda olan zabitlərlə;

 v) bu maddənin «b» bəndində göstərilən və zabit heyəti vəzifələrində bir il xidmət etdikdən sonra öz arzuları ilə zabit kadr heyətinə  daxil edilən zabitlərlə;

 q) könüllü olaraq həqiqi hərbi xidmətə qəbul edilən ehtiyatda olan zabitlərlə;

 d) ali təhsilli və orta hərbi təhsil müəssisələrinin proqramları üzrə ekstern imtahanlar vermiş gizir və miçmanlarla;

 e) müvafiq hərbi ixtisas hazırlığı profilinə yaxın, əsasən ali mülki təhsilli, öz razılıqları ilə müddətli və müddətdən artıq həqiqi hərbi  xidmət əsgərləri, matrosları və çavuşları, gizirləri və miçmanları zabit heyəti vəzifələrinə təyin edilmiş və zabit rütbəsi almış hərbi  qulluqçularla;

 j) müvafiq hərbi ixtisas hazırlığı profilinə yaxın, əsasən ali mülki təhsilli zabit rütbəsi verilməklə könüllü qaydada həqiqi xidmətə təyin  edilən hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlarla.

 Zabitlərin həqiqi hərbi xidmətinə daxil olmaq arzusunu bildirən, bu Əsasnamənin 26-cı maddəsinin «q» bəndinin tələblərinə cavab verən, bu  maddədə sadalanan hərbi qulluqçular, hərbi vəzifəlilər və qadınlar bu Əsasnamənin 29-cu maddəsinə müvafiq olaraq sənədlər tərtib edirlər.

 Hərbi qulluqçuları, hərbi vəzifəliləri və qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul etmək hüququna Azərbaycan Respublikası müvafiq  icra hakimiyyəti orqanı malikdir.

IV Fəsil


HƏRBİ RÜTBƏLƏRİN VERİLMƏSİ

 41. Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma  müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə  nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir.

 Hərbi rütbə verilməsi haqqında əmrlər təntənəli şəraitdə sıra qarşısında (hərbi hissənin təntənəli yığıncağında) müəyyən edilmiş fərqlənmə  nişanları ilə birgə paqonlar verilməklə elan edilir.

 42. Hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin  hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikasının  müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq  komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti  hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilməsi xidməti mənafedən irəli gələn  müstəsna hallarda yol verilir.[17]

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, idarə və müəssisələrə ezam edilmiş hərbi qulluqçulara növbəti hərbi  rütbələr bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq orqanların, idarə və müəssisələrin təqdimatı ilə verilir:

 kiçik zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

  baş zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

  ali zabitlərə — Müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı  tərəfindən.

 Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə yetirən zabitlərə  həvəsləndirmə qaydasında vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddətinin, bir qayda olaraq, ən azı yarısı keçdikdə (müharibə dövründə xidmət müddətindən asılı olmayaraq) və ya əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət  müddəti bitdikdə onların tutduqları vəzifə müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər.

 Zabitlərə həvəsləndirmə qaydasında, polkovnik hərbi rütbəsi də daxil olmaqla vaxtından əvvəl və ya onların tutduqları ştat vəzifələri üçün  nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə bütün xidmət dövründə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti  orqanı tərəfindən bir dəfə verilə bilər.

 43. Hərbi qulluqçular hərbi rütbə verilməsinə bu Əsasnaməyə müvafiq olaraq təqdim edilirlər.

 Növbəti hərbi rütbələrin verilməsi hərbi xidmətə stimul yaradılması, bölmələrdə, hissələrdə və gəmilərdə hərbi qulluqçuların döyüş  hazırlığının, döyüş və ictimai-siyasi hazırlıq keyfiyyətinin artırılması, intizamın möhkəmləndirilməsi, yüksək məsuliyyət hissinin, hərbi  rütbəyə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətə görə qürur hissinin tərbiyə edilməsi üçün tam şəkildə istifadə  edilməlidir.

 Müvafiq ştat vəzifələri tutan və müsbət attestasiya olunan hərbi qulluqçulara növbəti hərbi rütbələrin vaxtında verilməsi məqsədilə, təqdimatlar qabaqcadan elə hesabla (qoşunların dislokasiyasının uçotu ilə) göndərilir ki, hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddəti,  müvafiq hərbi rütbəni vermək hüququna malik olan rəisin təqdimata baxdığı gün tamam olsun.

 44. İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin  digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası  götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması haqqında qərarı əlahiddə tabor komandiri, ona  bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi  söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Müvafiq quruma  qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilir.

 Törətdikləri cinayətə görə şərti və ya barələrində hökmün icrası təxirə yaxud hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya, məhkum edilmiş və bu Əsasnamənin 158-ci maddəsinin «b» bəndi ilə nəzərdə tutulmuş qaydada həqiqi hərbi xidmətdə saxlanılan hərbi  qulluqçular məhkəmənin müəyyən etdiyi sınaq və ya hökmün icrasının təxirə salınma müddəti qurtarmayanadək növbəti hərbi rütbə  verilməyə təqdim edilmirlər. [18]

 45. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olması müddəti aşağıdakı kimi müəyyən edilir: [19]

 

 

 



 

 

 



 

 

 



 

Hərbi rütbələrin adları

Aviasiyanın uçun heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün

Digər hərbi qulluqçular üçün

Kiçik çavuş

6 ay

6 ay

Çavuş

6 ay

6 ay

Kiçik gizir (kiçik miçman)

2 il

2 il

Gizir (miçman)

3 il

5 il

Kiçik leytenant

1 il

1 il

Leytenant

2 il

3 il

Baş leytenant, kapitan (kapitan-leytenant)

3 il

4 il

Mayor (3-cü dərəcəli kapitan)

4 il

5 il

Polkovnik-leytenant

(2-ci dərəcəli kapitan)



5 il

6 il

 

Əsgər, matros, baş əsgər, baş matros, baş çavuş, baş gizir, baş miçman, polkovnik (1-ci dərəcəli kapitan) və ali zabit hərbi rütbələri üçün  xidmət müddəti müəyyən edilmir.

 Ali hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün "leytenant" hərbi rütbəsində olma müddəti aşağıdakı kimi müəyyən edilir: aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün - 1il; digər hərbi qulluqçular üçün - 2il.[20]

 Hərbi qulluqçuya verilmiş hərbi rütbədə olma müddəti həmin rütbənin verilməsi haqqında əmr imzalanan gündən hesablanır. Hərbi  qulluqçunun aşağı salınmış hərbi rütbədə olma müddəti bərpa edilmiş hərbi rütbənin xidmət müddətinə daxil edilmir. Şərti məhkum  olunduqda məhkəmə tərəfindən müəyyən edilmiş sınaq və ya hökmün icrasının təxirə salınma müddəti hərbi rütbədə xidmət müddətinə  daxil edilmir. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum edilmiş hərbi qulluqçuların hərbi rütbəsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 132-ci maddəsi ilə müəyyən edilmiş qaydada həll olunur. [21]

Xidmət üzrə yerini dəyişən hərbi qulluqçuya növbəti hərbi rütbə verilmək üçün xidmət illərinin müddətini təyin etdikdə, bu maddə ilə bu  Əsasnamənin 190-cı maddəsi ilə müəyyən edilən hərbi qulluqçunun növbəti hərbi rütbəyə təqdim olunduğu gün onun tutduğu vəzifəyə  uyğun olan xidmət müddəti tətbiq edilir.

 Ehtiyatdan könüllü qaydada və ya çağırış üzrə həqiqi hərbi xidmətə qəbul edilmiş və vəzifəyə təyin edilmiş hərbi qulluqçuların hərbi rütbədə  olma müddətinə bu maddə və bu Əsasnamənin 190-cı maddəsi ilə müəyyən edilmiş xidmət müddəti nəzərə alınmaqla onların ehtiyatda  həmin hərbi rütbədə olduqları müddət daxil edilir.

 46. Bərabər hərbi rütbəyə yenidən attestasiya edilmiş hərbi qulluqçulara hərbi rütbədə olma müddəti onun yeni attestasiyaya qədər olduğu  hərbi rütbənin verilməsi haqqında əmr imzalandığı gündən hesablanır.

 Zabit heyəti vəzifələrini tutmaq üçün xüsusi rütbəyə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının orta və  böyük rəislər heyətindən olan şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən, onlara yenidən attestasiya edilmə qaydasında, lakin tutduğu  vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin zabit heyəti rütbəsi verilir.

 47. «Əsgər» və «matros» hərbi rütbələri verilir:

 a) müddətli həqiqi hərbi xidmətə çağırılanlara — hərbi hissə siyahısına daxil edilmələri ilə eyni vaxtda;

 b) hərbi qulluqçu qadınlara — vəzifəyə təyin edilmə və hərbi hissə siyahısına daxil edilmələri ilə eyni vaxtda;

 v) vətəndaşlara, eləcə də C.C.Naxçıvanski adına ibtidai hərbi məktəb məzunlarına — hərbi təhsil müəssisəsinə təhsilə daxil edilmələri  ilə eyni vaxtda.

 48. «Baş əsgər» və «baş matros» hərbi rütbələri xidməti vəzifələrini nümunəvi yerinə yetirən, təhsildə yaxşı və əla göstəriciləri olan və  intizamlı müddətli hərbi xidmət əsgərlərinə və matroslarına «əsgər» və «matros» rütbəli qadın hərbi qulluqçulara, «baş əsgər» və «baş  matros» hərbi rütbələr nəzərdə tutulmuş vəzifələrə təyin olunanda, eləcə də ən yaxşı əsgər və matroslara ehtiyata buraxılanda verilir.

 49. «Kiçik çavuş» hərbi rütbəsi verilir:

 a) çavuş hazırlığı proqramı üzrə tədris hissəsini bitirmiş və müəyyən edilmiş imtahan vermiş kursantlara — tədris hissəsindən  buraxılanda;

 b) «əsgər», «matros», «baş əsgər» və ya «baş matros» hərbi rütbələrində olan hərbi təhsil müəssisəsi kursantlarına «kiçik çavuş», «çavuş» hərbi rütbələri nəzərdə tutulmuş vəzifəyə təyin olunanda (hərbi təhsil müəssisəsinə daxil olana qədər çavuş rütbəsi verilmiş  kursantlar üçün həmin rütbələr saxlanılır);

 v) çavuş vəzifəsini icra edən, xidməti vəzifələrini nümunəvi yerinə yetirən, təhsildə və intizamda yaxşı və əla göstəriciləri olan «əsgər»,  «matros», «baş əsgər» və ya «baş matros» rütbəli müddətli həqiqi hərbi xidmət əsgər və matroslarına — müəyyən edilmiş proqram üzrə  imtahan verdikdən sonra, lakin müddətli həqiqi hərbi xidmətə daxil ediləndən ən azı 6 ay keçdikdən sonra;

 q) çavuş vəzifəsini icra edən, xidməti vəzifələrini nümunəvi yerinə yetirən, təhsildə və intizamda yaxşı və əla göstəriciləri olan  müddətdən artıq həqiqi hərbi xidmət əsgər və matroslarına, qadın hərbi qulluqçulara — müəyyən edilmiş proqram üzrə imtahan  verdikdən sonra, lakin müddətdən artıq həqiqi hərbi xidmətə daxil ediləndən ən azı 6 ay keçdikdən sonra;

 «Kiçik çavuş» hərbi rütbəsinin verilməsi üçün imtahanların keçirilməsi məqsədilə hərbi hissə komandirinin əmri ilə xüsusi komissiya təyin  edilir. İmtahanın nəticələri barədə «kiçik çavuş» və «çavuş» rütbələri vermək hüququna malik olan komandirlərə (rəislərə) məlumat verilir.

 d) əsgərlərə, matroslara, hərbi vəzifəlilərə və hərbi uçotda olmayan qadınlara — müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla eyni  vaxtda çavuş vəzifəsinə təyin edildikdə.

 50. «Çavuş» hərbi rütbəsi verilir:

 a) çavuş hazırlığı proqramı üzrə tədris hissəsini əla qiymətlə bitirmiş kursantlara — tədris hissəsindən buraxılanda;

 b) «kiçik çavuş» hərbi rütbələrində olan hərbi təhsil müəssisələri kursantlarına — «çavuş», «baş çavuş» hərbi rütbələri nəzərdə  tutulmuş vəzifələrə təyin olunanda;

 v) «çavuş», «baş çavuş» rütbələri nəzərdə tutulmuş vəzifələrə təyin olunmuş, növbəti hərbi rütbə verilməsinə layiq olan və ya ehtiyata  buraxılan «kiçik çavuş» hərbi rütbəsində olan müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına.

 51. «Baş çavuş» hərbi rütbəsi verilir:

 a) «baş çavuş» hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə təyin olunduqda — «çavuş» rütbəsində olan hərbi təhsil müəssisələrinin  kursantlarına;

 b) «baş çavuş» hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə təyin olunan, növbəti hərbi rütbə verilməsinə layiq olan və ya ehtiyata  buraxılan «çavuş» rütbəsində olan müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, qadın hərbi qulluqçulara.

 52. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgər, matros və çavuşlar heyəti hərbi rütbələrini vermək hüququna aşağıda göstərilən  şəxslər malikdirlər:

 a) «baş əsgər» və «baş matros» hərbi rütbələrini — tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam səlahiyyətindən istifadə edən, əmr  vermək hüququna malik olan əlahiddə hissələrin komandirləri (rəisləri), onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar;

 b) «kiçik çavuş» və «çavuş» hərbi rütbələrini — hərbi hissə komandirləri, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar;

 v) «baş çavuş» hərbi rütbəsini — korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar.

 53. «Kiçik gizir» və «kiçik miçman» hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin «a» - «q» və «e» bəndlərinə müvafiq olaraq orta ixtisas  təhsilli gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən şəxslərə verilir.

 54. «Gizir» və «miçman» hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin «a» - «q» və «e» bəndlərinə müvafiq olaraq gizir və miçmanların  həqiqi hərbi xidmətinə qəbul edilən ali təhsilli şəxslərə «gizir», «miçman», «baş gizir», «baş miçman» rütbələri nəzərdə tutulmuş vəzifələrə  təyin olunmuş, növbəti hərbi rütbə verilməsinə layiq olan kiçik gizir və kiçik miçmanlara verilir.

 55. «Baş gizir» və «baş miçman» hərbi rütbələri verilir:

 a) növbəti hərbi rütbə verilməsinə layiq olan, ştatlarda «baş gizir», «baş miçman» hərbi rütbələri nəzərdə tutulan vəzifələrə təyin edilən  əvvəlki hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddəti bitdikdə onun ən azı bir ili müddətində baş gizir, baş miçman və ya zabitlərlə  komplektləşdirilməli olan vəzifələrdə qulluq edənlərə;

 b) tutduğu vəzifədən asılı olmayaraq 15 il fasiləsiz gizir və miçmanların həqiqi hərbi xidmətində qüsursuz xidmət edənlərə;

 v) tutduğu vəzifədən asılı olmayaraq, əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə, 10 il ərzində fasiləsiz ildə 70  sutkadan az olmayaraq döyüş növbəsi (döyüş xidməti) çəkənlərə.

 56. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir və miçman heyəti hərbi rütbələrini vermək hüququna Azərbaycan Respublikası  Silahlı Qüvvələri növlərinin komandanları, onlara bərabər olanlar və onlardan yuxarı olan rəislər malikdirlər.

 57. «Kiçik leytenant» hərbi rütbəsi verilir:

 a) müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş  hərbi qulluqçulara;

 b) mülki orta ixtisas təhsilli, müddətli həqiqi hərbi xidməti keçmiş, zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə  çağırılan hərbi vəzifəlilərə;

 v) müvafiq hərbi ixtisas hazırlığına yaxın mülki orta ixtisas təhsilli müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilərə — ehtiyat zabit  heyətinə attestasiya olunduqda;

 q) müddətli həqiqi hərbi xidmət keçmiş orta təhsilli hərbi vəzifəlilərə — ehtiyat zabitləri hazırlanması üzrə tədris toplanışlarını  keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra;

 d) hərbi ixtisas hazırlığına yaxın mülki orta ixtisas təhsilli müharibə dövründə zabit heyəti vəzifələrinə təyin edilmiş və vəzifəsini  müvəffəqiyyətlə yerinə yetirmiş gizir və miçmanlara;

 e) gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir  və miçmanlara — hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra;

 j) müvafiq hərbi ixtisasa yaxın mülki orta ixtisas təhsilli, zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə və ya əsgər,  matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və bir ildən az olmayaraq bu vəzifələri müvəffəqiyyətlə  yerinə yetirən qadınlara.

 58. «Leytenant» hərbi rütbəsi verilir:

 a) hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçulara;

 bu halda ehtiyatda olan «leytenant» hərbi rütbəsi bilavasitə hərbi-tədris  müəssisəsini bitirdikdən sonra hərbi xidmətdən ehtiyata buraxılan aşağıdakı hərbi qulluqçulara verilir:

 qadın-məzunlara ailə vəziyyətinə görə;

  dinc dövrdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan alınan şikəstlik nəticəsində səhhətinə görə hərbi xidmətə yararsız  sayılan məzunlara (müharibə dövründə 6 və ya 12 aydan sonra yenidən müayinə olunmaqla);

 b) hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddətini bitirən, habelə orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahan  verən və ya hərbi rütbədə xidmət müddətindən asılı olmayaraq müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsil almış kiçik  leytenantlara;

 v) müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş  ali təhsilli hərbi qulluqçulara;

 q) tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin  məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi  hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında «ehtiyatda olan leytenant»  hərbi rütbəsi verilir;

 d) müvafiq hərbi ixtisas hazırlığına yaxın ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilərə — ehtiyatda olan zabit  heyətinə attestasiya edildikdə;

 e) ehtiyatda olan zabit hazırlığı proqramı üzrə müəyyən edilən imtahanları vermiş ali təhsilli əsgər, matros və çavuşlara — müddətli  həqiqi hərbi xidməti bitirdikdə;

 ə) ali təhsilli və orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, eləcə də ali hərbi tədris müəssisəsinin  fakültəsini (şöbəsini) qiyabi bitirmiş və ya müvafiq hərbi ixtisas hazırlıq profilinə yaxın mülki ali təhsil almış, zabit heyəti vəzifələrinə  təyin edilmiş və bu vəzifələri bir ildən az olmayaraq müvəffəqiyyətlə icra edən (onların yaşının və bu ixtisas üzrə zabitlərə ehtiyacın  olmasının uçotu ilə) — gizirlərə və miçmanlara;

 j) ehtiyat zabitlərinin hazırlığı üzrə təlim toplanışlarını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra — müddətli həqiqi  hərbi xidmət keçmiş ali təhsilli hərbi vəzifəlilərə;

 z) zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman  vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq  hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara;

 i) mülki ali tədris müəssisələrini bitirmiş, müddətli həqiqi hərbi xidməti keçmiş həqiqi hərbi xidmətə — zabit heyəti vəzifələrinə təyin  edilən hərbi vəzifəlilərə.

 59. Hərbi qulluqçulara ilk zabit rütbəsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir.

 60. İlk zabit rütbəsi verilməsinə təqdim edilən hərbi qulluqçulara bu Əsasnamənin 57-ci maddəsinin «a», «d», «e» bəndlərinə, 58-ci  maddəsinin «a», «v», «q», «ə», «z» bəndlərinə müvafiq olaraq bu Əsasnamənin 89-cu və 94-cü maddələrində nəzərdə tutulmuş qaydada  attestasiya tərtib edilir və ilk zabit rütbəsi verilməsi üçün komanda üzrə göndərilir.

 61. Bu Əsasnamənin 57-ci maddəsinin «v», «q», «d» bəndlərinə (dinc dövrdə), «j» bəndinə (müharibə dövründə) və 58-ci maddəsinin «a»  bəndinə (hərbi təhsil müəssisəsini bitirməklə bilavasitə ehtiyata buraxılarkən), «q», «d», «e», «ə», «j» bəndlərinə müvafiq olaraq ehtiyatda  olan ilk zabit rütbəsi verilir.

 «Ehtiyatda olan zabit proqramı» üzrə hərbi hazırlıq keçmiş mülki ali tədris müəssisəsinin məzunları ali təhsil haqqında diplom aldıqdan  sonra 60 günlük toplanışa çağırılır və toplanışın sonunda hərbi hazırlıq üzrə imtahan verirlər. Həmin şəxslər toplanışın keçirildiyi hərbi hissə  (gəmi) komandirləri tərəfindən «ehtiyatda olan leytenant» hərbi rütbəsi almaq üçün attestasiyadan keçirilirlər.

 62. İlk zabit rütbəsi zabit vəzifələrinə təyin edilmiş və bu vəzifələri müvəffəqiyyətlə icra edən dinc dövrdə əsasən ali hərbi təhsil müəssisəsinin  fakültəsini (şöbəsini) qiyabi bitirmiş, yaxud hərbi ixtisas hazırlığı profilinə yaxın mülki ali təhsil almış və ya hərbi ixtisas hazırlığı profilinə  yaxın olmayan ali təhsil almış, lakin ali hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, bir qayda olaraq, yaşı 35-dən çox  olmayan və belə ixtisaslı zabitlərə ehtiyac olduqda gizirlərə və miçmanlara verilir (bu Əsasnamənin 57-ci maddəsinin «d» və «e» bəndləri,  58-ci maddəsinin «ə» bəndi).

 63. Bu Əsasnamənin 57-ci maddəsinin «j» və 58-ci maddəsinin «z» bəndinə müvafiq olaraq ilk zabit rütbəsi qadınlara dinc dövrdə 35  yaşınadək verilə bilər.

 Könüllü qaydada zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş zabit qadınların təyin oluna biləcəkləri zabit heyəti vəzifələrinin siyahısı  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmri ilə müəyyən edilir.

 64. Hərbi qulluqçulara növbəti zabit rütbələrini verirlər:

 «mayor» hərbi rütbəsi də daxil olmaqla — Silahlı Qüvvələr növləri komandanları, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik  olan rəislər;

  «polkovnik» hərbi rütbəsi də daxil olmaqla — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.

 65. Polkovnik, general-mayor, general-leytenant növbəti hərbi rütbələrinin verilməsinə dair təqdimatlara Azərbaycan Respublikasının  müvafiq icra hakimiyyəti orqanında baxılır.

 Ali hərbi təhsil müəssisələrinin dinləyicisi olan (o cümlədən xaricdə oxuyan) zabitlərə və adyunktlara növbəti hərbi rütbələr bu Əsasnamənin  42-ci maddəsinin tələbləri nəzərə alınmaqla zabit təhsilə qəbul olduqdan sonra həmin vəzifə üzrə hərbi rütbə ştatında baş verən dəyişikliklər  (artma və ya azalma) nəzərə alınmamaqla növbəti hərbi rütbə zabitin təhsilə qəbul olmazdan əvvəl tutduğu vəzifə üzrə hərbi rütbəyə uyğun  olduqda — təhsil dövründə verilir.

 Hərbi rütbədə müəyyən edilmiş xidmət müddətini keçmiş ali hərbi təhsil müəssisələrinin dinləyiciləri olan zabitlərə və adyunktlara təhsildəki uğurlarına görə müstəsna hallarda, həvəsləndirmə qaydasında ikinci kursu (adyunkturada ikinci tədris ilini) qurtardıqdan sonra əvvəlki  təhsil dövrü üzrə tədris planının bütün fənlərindən yaxşı və əla qiymətlər almış (adyunkt hazırlığının təsdiq edilmiş planını müvəffəqiyyətlə  yerinə yetirən) təhsilə qəbul olmazdan əvvəl dinləyicinin (adyunktun) tutduğu vəzifəyə uyğun hərbi rütbədən bir pillə yuxarı növbəti hərbi  rütbəni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir.

 Ehtiyatdan çağırılmış zabitlərə növbəti hərbi rütbə onların hərbi xidmət keçdikləri dövrdə və ya hərbi rütbədə olma müddəti başa çatdıqda  ehtiyata buraxılan zaman (ehtiyatda olduğu zaman bu hərbi rütbədə olma müddəti də daxil edilməklə) verilir.

 66. Ali zabitlər tərəfindən tutulmalı olan vəzifələrə təyin olunan hərbi qulluqçulara «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası  Qanununun 9-cu maddəsinə müvafiq olaraq ali zabit hərbi rütbələrini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir.

(Çıxarılıb) [22]

V fəsil

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə