«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə




Yüklə 1.08 Mb.
səhifə1/12
tarix22.02.2016
ölçüsü1.08 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12
«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:



 1. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).

 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV



 Bakı şəhəri, 3 oktyabr 1997-ci il

                № 377-IQ

 

 Azərbaycan Respublikasının



1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 «Hərbi xidmətkeçmə haqqında»



ƏSASNAMƏ

 

I fəsil



ÜMUMİ MÜDDƏALAR

 1. Bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

 2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra  Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəisləri və onların müavinləri üçün nəzərdə tutulmuş hüquqlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş Əsasnamələrlə  müəyyən edilir.

 Müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün özlərinin razılığı ilə icra və ya qanunvericilik hakimiyyəti orqanlarına (Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına və yaxud Azərbaycan Respublikasının Milli Məclisinə) ezam edilmiş hərbi  qulluqçular həqiqi hərbi xidmətdə saxlanılmaqla bu Əsasnaməyə müvafiq olaraq həqiqi xidmət keçirlər və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hüquq, güzəşt və imtiyazlardan istifadə edirlər.

 3. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və  ehtiyatda xidmətdən ibarətdir.

 Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar.

 Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit  kimi hərbi xidmət keçirlər.

 «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir:

 əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidməti;

 əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidməti;

 hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti;

 gizirlərin və miçmanların həqiqi hərbi xidməti;

 zabitlərin həqiqi hərbi xidməti.

 Ehtiyatda xidmət toplanışları keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.

 4. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş  müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.

 5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər.

 6. Kursantlara hərbi təhsil  müəssisələrində təhsil alan hərbi qulluqçular (zabitlərdən başqa) aiddir. Onlara müddətli həqiqi hərbi xidmət  keçən hərbi qulluqçular üçün müəyyən olunmuş vəzifələr şamil edilir.[1]

 7. Gizir və miçmanlara könüllü həqiqi hərbi xidmət keçən «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş  hərbi rütbələr verilən aşağıdakı hərbi qulluqçular aiddir:

 qoşunlarda, hərbi-dəniz qüvvələrinin sahil hissələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda — kiçik gizir, gizir, baş gizir;

  hərbi-dəniz qüvvələrinin gəmilərində, döyüş təminatı üzrə sahil hissələrində və sərhəd qoşunlarının dəniz hissələrində — kiçik miçman,  miçman, baş miçman.

 8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan  Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin  göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi  qulluqçular aiddirlər.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür:

 kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər);

  baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər);

  ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər);

  hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər  daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.

 9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi  hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür.

 Zabit heyətindən ehtiyatda olan şəxslər, Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq zabit vəzifələrində  istifadə olunmaq üçün dinc dövrdə həqiqi hərbi xidmətə qəbul oluna bilərlər:

 Könüllü qaydada və ya çağırış üzrə — 1 il 6 ay müddətinə;

 yaşı 35-dən çox olmayan şəxslər — Azərbaycan Respublikasının müvafiq icra  hakimiyyəti orqanının müəyyən etdiyi sayda və hərbi uçot ixtisası üzrə. Dinc dövrdə həqiqi hərbi xidmətə çağırılan, bu maddəyə uyğun  olaraq, bu Əsasnamənin digər maddələrində — ehtiyatdan çağırılan zabitlər adlandırılacaq şəxslər — həqiqi hərbi xidmət keçərkən bütün  vəzifələri yerinə yetirirlər və bu Əsasnamənin nəzərdə tutduğu xüsusiyyətlərin uçotu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri kadr  zabiti heyətindən olan şəxslərlə bərabər bütün hüquqlardan, imtiyazlardan və təminat növlərindən istifadə edirlər.

 Ehtiyatdan çağırılan zabitlər çağırış müddəti bitdikdən sonra onların arzusuna görə kadr zabitləri heyətinə keçirilə bilərlər.

 Dinc dövrdə zabit heyətindən olan şəxslərin həqiqi hərbi xidmətə qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının  əmrləri ilə fərdi qaydada aparılır.

 10. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən  edilmiş aşağıdakı hərbi rütbələr verilir:





Qeyd:           1. Hərbi baytarlıq xidmətinin zabit heyətindən olan şəxslərə tibb xidməti hərbi rütbələri verilir. Mühəndis — aviasiya hazırlığı olan  aviasiyanın mühəndis heyətinə aviasiyanın zabit heyəti üçün müəyyən edilmiş hərbi rütbələr verilir.  2. Ehtiyatda olan şəxslərin hərbi rütbələrinə «ehtiyatda olan» sözləri, istefada olanların hərbi rütbələrinə isə «istefada olan» sözləri əlavə  edilir.

 11. Hərbi qulluqçular və toplanışda olan hərbi vəzifəlilər hərbi rütbə və qoşun (xidmət) növü üzrə fərqlənmə nişanları olan hərbi geyim  forması geyinirlər.

 12. Həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir:

 a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün:

 ali təhsili olanlar — 1 il;

 (çıxarılıb) [2]

 qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay. [3]

Müvəffəqiyyətsizliyinə, oxumaq istəmədiklərinə (18 yaşı tamam olmayan xəstəliyə və ya ailə vəziyyətinə görə hərbi təhsil müəssisələrindən xaric edilən şəxslər istisna olmaqla), yaxud intizamsızlığa görə hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi təhsil müəssisəsinə daxil olana  qədər müddətli həqiqi hərbi xidmətə çağırılmayan və yaxud çağırılan, ancaq müddətli həqiqi hərbi xidmətin müəyyən edilmiş müddətini  keçməyən kursantlar müəyyən edilmiş müddətə müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Hərbi hissədə 6  aydan az olmayan müddətdə qüsursuz xidmət etdikdə hərbi hissə komandirlərinin vəsatəti üzrə korpus komandirinin və ona bərabər  şəxslərin qərarı ilə həmin hərbi qulluqçuların hərbi təhsil müəssisəsində təhsil aldığı müddət həqiqi hərbi xidmət müddətinə daxil edilir. [4]

 Hərbi həkim komissiyaları tərəfindən səhhətinə görə hərbi təhsil müəssisələrində təhsil almağa yararsız sayılan (peşə yararsızlığı), lakin hərbi  xidmətə yararlı olan kursantlar Azərbaycan Respublikası Silahlı Qüvvələrində müəyyən edilmiş müddətə müddətli həqiqi hərbi xidmət  keçmək üçün hazırlıq profilinə görə Silahlı Qüvvələrin növünə (qoşun növünə) yaxın olan hərbi hissələrə göndərilirlər;

 əgər onlar hərbi  tədris müəssisəsinə daxil olana qədər müddətli həqiqi hərbi xidmətə çağırılmamışlarsa, yaxud çağırılıb ancaq müddətli həqiqi hərbi xidmətin  müəyyən edilmiş müddətini keçməyiblərsə, o zaman hərbi təhsil müəssisəsində təhsil aldıqları müddət bu hərbi qulluqçuların həqiqi hərbi  xidmət müddətinə daxil edilir.

 Xəstəliyinə və ya ailə vəziyyətinə görə vaxtından əvvəl ehtiyata buraxılmış və yenidən səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılana qədər hərbi xidmətdə olduqları dövr həqiqi hərbi xidmət dövrünə  daxil edilir.

Məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır. [5]

b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün:

 müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar — 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi  hərbi xidmət hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 3 və ya 5 il, yaxud daha az müddətə uzadıla bilər;

 v) kursantlar üçün — hərbi təhsil müəssisəsində təhsil müddətindən asılı olaraq;

 q) gizirlər və miçmanlar üçün — 5 il. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az  müddətə uzadıla bilər;

 d) zabitlər üçün: ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olanlar — 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi  xidmətə könüllü daxil olanlar — 3 ilə qədər.

 13. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər:

  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş; [6]

  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş;

        kiçik zabitlər üçün - 48 yaş;

            baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş;

        polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş;

        ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş. [7]

 Ordu generalı üçün son yaş həddi müəyyən edilməmişdir.

 14. Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar "(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). [8] Hərbi  xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın  son yaş həddindən artıq olmamaqla, bu Əsasnaməyə 3 saylı əlavədə göstərilən şərtlərə uyğun olaraq aşağıdakı qaydada hərbi xidmətdə saxlanıla bilərlər:[9]

 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları — korpus (diviziya) komandirinin, ona bərabər və ondan yuxarı komandirin  qərarı ilə;

  gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara bərabər və onlardan yuxarı olanların qərarı ilə:  zabitlər:  kiçik zabitlər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara  bərabər və onlardan yuxarı olanların qərarı ilə;

  baş zabitlər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə;

  ali zabitlər — müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının  qərarı ilə.

 Onlardan hər hansı birinin həqiqi hərbi xidmətdə saxlanılması həmin ixtisaslı hərbi qulluqçulara ehtiyac olduqda həll edilir.

 Ayrı-ayrı hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanılması haqqında vəsatət  adbaad siyahıları (1, 2 və 3 saylı əlavələr) təqdim etməklə hərbi qulluqçunun şəxsi raportu əsasında alay (briqada) komandiri, ona bərabər  və ondan yuxarı olan birbaşa rəis tərəfindən ildə bir dəfə oktyabr ayının 1-nə kimi komanda üzrə qaldırılır və hərbi qulluqçuları həqiqi hərbi  xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlamağa hüququ olan rəislərin təsdiqinə verilir.

 Hərbi qulluqçunun həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanılması hər dəfə müvafiq müvafiq əmrlərəsmiləşdirilir.[10]

 Hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılması barədə qəbul edilmiş qərar hərbi  hissə komandirləri tərəfindən onlara şəxsən elan edilir. Bu hərbi qulluqçuların şəxsi işində onların kimin qərarı ilə və həqiqi hərbi xidmətdə  olmağın son yaş həddindən artıq hansı müddətə hərbi xidmətdə saxlandıqları barədə qeyd edilir (yazılır).

 Həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılan hərbi qulluqçular həmin müddət qurtaranadək tərxis  oluna bilərlər.

 15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına  aşağıdakı hallarda yol verilir:

 xidmət müddəti başa çatdıqda (hərbi təhsil müəssisələrinin kursantlarından və kadr zabitlərindən başqa);

  xəstəliyə görə — hərbi-həkim komissiyasının rəyinə əsasən;

  ştatların ixtisarına görə — ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda  (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

  ailə vəziyyətinə görə — qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları;

  xidməti uyğunsuzluğa görə — müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa;

  hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

  öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş zabitlər;

  törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə.

 16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır:

 a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: [11]

 çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə,  müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün;

  intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil  müəssisələrindən xaric edilən kursantlar üçün —  hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün;

 b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində:

 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin  olunma haqqında əmr imza edilən gün;

  hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

 v) kursantların həqiqi hərbi xidmətində:

 çağırışçılar, hərbi vəzifəlilər (zabitlərdən başqa) və qadınlar üçün — hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün;

 q) gizirlərin və miçmanların həqiqi hərbi xidmətində:

 müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — gizir və ya miçman hərbi rütbələrinin verilməsi  haqqında əmr imza edilən gün;

  ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə  getmək günündən tez olmayaraq, gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün;

  ehtiyatda olan gizirlər və miçmanlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

 d) zabitlərin həqiqi hərbi xidmətində:

 hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün;

  zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün;

  ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, hərbi vəzifəlilər və hərbi uçotda olmayan  qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

  ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri  üçün hərbi komissarlıq tərəfindən göstərilmiş məzuniyyətə gedilən gün.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı  onların vəzifəyə təyin olunması günü hesab olunur.

 17. Hərbi uçotda olmayan qadınlar üçün hərbi xidmətin başlanğıcı hərbi komissarlığın sərəncamında göstərilmiş yerə getmə günündən tez  olmayaraq hərbi rütbə verilməsi haqqında əmr imza edilən gün sayılır.

 18. Müddətli həqiqi hərbi xidmətə çağırılmış Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə göndərilməsi hərbi komissarlıq  tərəfindən Respublika toplanış məntəqəsi (muxtar respublikanın toplanış məntəqəsi) vasitəsi ilə həyata keçirilir.

 Həqiqi hərbi xidmətə çağırılmış şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl rayon (şəhər) hərbi komissarlıqları müəyyən edilmiş qaydada  onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər.

 19. Hərbi xidmətə ilk dəfə çağırılmış və ya daxil olmuş Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına  sadiq olacaqları barədə hərbi and içirlər.

 Əvvəllər hərbi and içməmiş, toplanışlara çağırılmış hərbi vəzifəlilər də hərbi and içirlər.

 Hərbi qulluqçuların hərbi andiçmə qaydası Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi ilə müəyyən edilmişdir.

 Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə  daxil olarkən hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunvericilik aktlarına əməl edəcəkləri barədə  öhdəlik götürürlər (4 saylı əlavə).

 Bağlaşma üç il müddətinədək və bu müddət bitdikdən sonra yenidən bağlana bilər.

 20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır:

 bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə  komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün;

  hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət idarələrində, müəssisələrində və təşkilatlarında  işləmiş hərbi qulluqçular üçün — həqiqi hərbi xidmətdən buraxılmasına dair əmrin imzalandığı gün.

 21. Səfərbərlik elan olunarkən hərbi xidmətdə olan bütün şəxslər onlar üçün müəyyən edilmiş normada pul və natural təminat saxlanılmaqla  xüsusi sərəncam verilənədək hərbi xidmətdə saxlanılırlar.

 22. Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə),  vəzifəyə təyin edilmək və ya həqiqi hərbi xidmətdən buraxılmaq üçün təqdim olunan hərbi qulluqçulara (müddətli, müddətdən artıq həqiqi  hərbi xidmət hərbi qulluqçularından, kursant və bağlaşma üzrə hərbi xidmət keçənlərdən başqa) hərbi hissələrdə alay (briqada), əlahiddə  tabor komandiri, onlara bərabər və onlardan yuxarı birbaşa rəislər tərəfindən (5 və 6 saylı əlavələr) imzalanan təqdimatlar tərtib edilir və  vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq qurumların vasitəsilə qərar qəbul edilməsi üçün komanda üzrə müvafiq rəislərə  göndərilir. Qeyd olunan məsələlər üzrə təqdimatları imzalamaq hüququ olmayan hərbi hissə bölmələrinin komandirləri və digər birbaşa  rəislər komanda üzrə raport verməklə bu barədə vəsatət qaldırırlar.

 23. Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə),  vəzifəyə təyin olunmaq və ya həqiqi hərbi xidmətdən (kursantlar üçün — kursantların həqiqi hərbi xidmətindən) buraxılmaq üçün təqdim  olunan müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və kursantlara hərbi hissələrdə (hərbi təhsil müəssisələrində) bu  barədə bilavasitə və yuxarı birbaşa rəislər (komandirlər) tərəfindən imzalanan vəsatət qaldırılır və raport verməklə komanda üzrə müvafiq  qurumların vasitəsilə vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq rəislərə göndərilir.

 24. Müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, eləcə də hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar gizir  (miçman) heyətinin hərbi rütbələri verilməklə, gizirlər (miçmanlar) tutan vəzifələrə təyin olunmağa təqdim edildikdə, hərbi hissələrdə onlara  təqdimatlar bu Əsasnamənin 22-ci maddəsinin tələblərinə müvafiq olaraq tərtib edilir.

 25. Bu Əsasnamənin tələblərinin hərbi qulluqçulara tətbiqi Əsasnamə ilə hüquq verilmiş birbaşa rəislərin qərarı, Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və direktivləri ilə həyata keçirilir. Müəyyən edilmiş hallarda bu qərar şəxsi heyət  və ya nizami hissə üzrə əmrlərlə tərtib edilir.

 Rəis müvəqqəti olaraq yerində olmadıqda hərbi xidmətin keçilməsi məsələləri üzrə qərarlar rəisin vəzifəsini icra edən şəxs (əgər vəzifənin  müvəqqəti icra edilməsi haqqında əmr verilibsə) tərəfindən qəbul edilir.

25-1. Hərbi qulluqçuların fiziki hazırlığı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. [12]

II fəsil


HƏRBİ XİDMƏTƏ QƏBUL (DAXİLOLMA)

 26. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hərbi xidmətin müəyyən edilmiş tələblərinə  cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:

 a) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə — qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi  xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19  yaşından 40 yaşınadək qadınlar;

 b) hərbi məktəb kursantlarının həqiqi hərbi xidmətinə — 17 yaşından 21 yaşınadək, habelə zabit hərbi rütbəsi olmayan, hərbi  məktəblərdə oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; [13]

 v) gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə — azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi  vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

 q) zabitlərin həqiqi hərbi xidmətinə — hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi  rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

 27. Könüllü həqiqi hərbi xidmətə daxil olduqda (bu Əsasnamənin 9-cu maddəsi) həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş  Azərbaycan Respublikasının vətəndaşları (kursantların hərbi təhsil müəssisələrinə və zabitlərin hərbi xidmətinə daxil olan vətəndaşlardan  başqa) «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə ilə tanış olduqdan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi  xidmət keçmək barədə yazılı öhdəlik götürürlər (7 saylı əlavə).

 Dövlət və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə könüllü daxil olmaq istəyən digər dövlətin vətəndaşı arasında  tərəflərin qarşılıqlı vəzifələri, məsuliyyəti və bağlaşmanın ləğv edilməsi əks olunan bağlaşma bağlanır (4 saylı əlavə).

 Hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi  qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş  formada vəsiqələr verilir. Kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına hərbi bilet verilir.

 Hərbi qulluqçuların bu Əsasnamənin 12-ci maddəsinin «b», «q», «d» bəndləri ilə müəyyən edilmiş müddətlərə həqiqi hərbi xidmət  müddətinin uzadılması barədə öhdəlikləri hərbi hissənin müvafiq qurumları və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir  (7 saylı əlavə). Öhdəliklər hərbi qulluqçuların əvvəllər götürdüyü öhdəliklər üzrə xidmət müddətinin qurtarmasına üç ay qalandan gec  olmayaraq tərtib edilməlidir.

 Hərbi qulluqçuların şəxsi işi və digər uçot sənədləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin uçotu üzrə təlimata  uyğun aparılır.

 28. Hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar arasından həqiqi hərbi xidmətə qəbul üçün namizədlərin seçilməsi hərbi hissə  komandirlərinin tələbnamələri və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuların heyəti üzrə  sərəncamları əsasında rayon (şəhər) hərbi komissarlıqları tərəfindən fərdi qaydada aparılır. Hərbi hissə komandirlərinin tələbnamələrində və  ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sərəncamlarında həqiqi hərbi xidmətə qəbul üçün hərbi vəzifəlilərin və  hərbi uçotda olmayan qadınların seçilməli olduqları hərbi hissələr, onların yerləşmə məntəqəsi, hərbi-uçot ixtisasları, vəzifələri və həmin  vəzifələr üzrə pul təminatı haqqında məlumatlar verilir.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında həqiqi hərbi xidmətə daxil olmaq istəyən həqiqi hərbi xidmət  qulluqçularının, hərbi vəzifəlilərin və hərbi uçotda olmayan qadınların seçilməsini və sənədlərinin tərtib edilməsini həmin orqanların müvafiq  qurumları həyata keçirir. 29. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxslər (hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar) həqiqi  hərbi xidmət keçdikləri hərbi hissəyə (yaşayış yeri üzrə hərbi komissarlığa) aşağıdakı sənədləri təqdim edirlər:

 komanda üzrə raport (hərbi komissarın adına ərizə);

  həqiqi hərbi xidmətə daxil olmağa könüllü razılığı barədə yazılı öhdəlik (kursantların və zabitlərin hərbi xidmətinə daxil olan  Azərbaycan Respublikasının vətəndaşlarından başqa);

  şəxsən yazılmış tərcümeyi-hal;

  qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş aşağıdakı sənədlər;

  təhsil haqqında sənədin surəti;

  doğum haqqında şəhadətnamənin surəti;

  nikah haqqında şəhadətnamənin surəti;

  uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

  xidmət (iş və ya təhsil) yerindən xidməti xasiyyətnamə;

  hərbi hissədən (evlər idarəsindən, müvafiq icra hakimiyyəti orqanlarından) ailə tərkibi və yaşayış yeri haqqında arayış;

  səhhətinə görə müvafiq qoşun növündə (xidmətdə, lazım gəldikdə, həm də müvafiq ərazidə) hərbi xidmətə yararlı olması barədə  hərbi-həkim komissiyasının qərarı;

  2 ədəd fotoşəkil (başıaçıq, anfas) 3 x 4 sm ölçüdə və 2 ədəd 9 x 12 sm ölçüdə (kursantların həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5  x 6 sm ölçüdə);

  rejim obyektlərində isə buraxılışı rəsmiləşdirmək üçün sənədlər.

 Könüllü həqiqi hərbi xidmətə daxil olmağa arzusunu bildirən və bu Əsasnamənin 26-cı və 27-ci maddələrinin tələblərinə cavab verən bütün  şəxslərə hərbi hissə qərargahları və rayon (şəhər) hərbi komissarlıqları iki nüsxədə şəxsi iş tərtib edirlər.

 Həqiqi hərbi xidmətə namizəd olan şəxslərin adına tərtib edilmiş şəxsi işlər göndərilir (təqdim edilir):

 Könüllü həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçular üçün — müvafiq hərbi hissə komandirlərinin adına və ya bu  hərbi hissələrin daxil olduğu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müvafiq qurumlarına;

 Hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün alınan naryadlara (tələbnamələrə) uyğun olaraq müvafiq hərbi hissə  komandirlərinin adına hərbi vəzifəlilərin və qadınların hərbi hissələrə göndərilməsi onların həqiqi hərbi xidmətə rəsmiləşdirildikləri yer üzrə  hərbi komissarlıqlar tərəfindən aparılır. Hərbi hissəyə göndərməzdən əvvəl rayon (şəhər) hərbi komissarlıqları həqiqi hərbi xidmətə çağırılan  şəxslər üçün müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və onlara şəxsiyyət vəsiqələrinin alınması barədə qəbz və hərbi  komissarlığın sərəncamını verir.

 Həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilmiş hərbi vəzifəlilər və qadınlar hərbi hissəyə çatanadək müəyyən edilmiş normalar  üzrə ərzaq-yol pulu ilə təmin edilirlər. Yaşayış yerindən hərbi hissənin yerləşdiyi yerə ailənin və ev əşyalarının aparılmasının xərcini hərbi  hissə ödəyir.

 30. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından və onların qoşunlarından, habelə Azərbaycan Respublikasının  qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən hərbi qulluqçuların həqiqi hərbi xidmətə qəbul olunması Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

III fəsil

  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə