HƏQİQƏTİ baki – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu naiLƏ SƏMƏdova insan, zaman və HƏyat




Yüklə 1.11 Mb.
səhifə9/11
tarix22.02.2016
ölçüsü1.11 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Əsrimizdə meydana gələn xatirələr keçən yüzilliyin olay­la­rı­nı, tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərini əks etdir­mək baxımından səciyyəvidir. Belə ki, II Dünya müharibəsi cəb­hələrində odlu-alovlu yol keçmiş Sovet İttifaqı qəhrəmanı, millət vəkili, Azərbaycan MEA-nın vitse-prezidenti, akademik Ziya Musa oğlu Bünyadovun (1923-1997) ömür və yaradıcılıq yolu həyat yoldaşı Tahirə Bünyadovanın xatirələrində öz real təcəssümünü tapmışdır. Müəllif əsərdə ən əvvəl özünün uşaq­lıq və gənclik dövründən bəhs edir, II Dünya müharibəsinin ağır günlərində çətin tələbəlik həyatından söhbət açır. Oxucu Tahirə xanımın simasında müharibə dövrü gəncliyinin xa­rak­te­rik xüsusiyyətlərini dərindən öyrənir. Əsərdə bu dövrün və müharibədən sonrakı illərin ab-havası real boyalarla əks olun­muşdur. Kitaba Ziya Bünyadovun uşaqlıq və gənclik, müha­ri­bə­də keçirdiyi ağır, dəhşətli günlərin və illərin, çətin döyüş yol­larının xatirələri daxil edilmişdir. O xatirələr ki, müəllif bunları ilk dəfə Ziya Bünyadovla birgə keçirdiyi tələbəlik illə­rində onun öz dilindən eşitmişdir. Tahirə xanım bu xatirələrin həqiqiliyini təsdiq etmək üçün o dövrün mətbuatından da nü­mu­nələr gətirir. «Bu əsərin hər sətrindən xalqı üçün çırpınan, həm elm cəbhəsinin, həm müharibə cəbhəsinin fədakarı olan ulu şəxsiyyətin nakam ruhu boylanır. Böyük bir dövrün sal­na­məsi olan bu əsərdə hər şey olduğu kimi, realistcəsinə veril­mişdir. Əsərdə Azərbaycan xalqının taleyi, elmimizin yük­sə­lişi əks olunmuşdur. Nəhayət, bu əsərdə həyat yoldaşı ilə bir­likdə bütün çətinliklərə sinə gərən sədaqətli, vəfalı xanımın kövrək qəlbinin çırpıntıları duyulmaqdadır» [289, s.5].

Xatirələrdə Tahirə xanımın anası Vəzirova Əzət Mirbaba qızının, onun valideynləri, bacı və qardaşları haqqında dəyərli məlumatlar verilmişdir. Dayısı Yusif Vəzir Çəmənzəminlinin ya­radıcılıq yolundan qısa da olsa bəhs edən müəllif bəzən tarixləri qarışdırır. Belə ki, Çəmənzəminlinin xalq düşməni kimi həbs edilərək sürgün edilməsi tarixi 1937-ci il göstərilir. Əslində «1940-cı il yanvar ayının 25-də Yusif Vəzirin həbs edilməsi barədə Azərbaycan Daxili İşlər Komissarlığının döv­lət təhlükəsizliyi idarəsinin ikinci şöbə rəisi kapitan Qriqorya­nın razılığı ilə qərar çıxarılır» [255, s.166]. O, həmin ilin yan­var ayının 27-də Özbəkistanın Urgənc şəhərində həbs edilib Bakıya gətirilir, iyul ayının 3-də isə Keşlə həbs düşərgəsindən Qorki vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşər­gə­sinə göndərilir. Tahirə xanımın xatirələrində repressiyanın tö­rətdiyi acı nəticələr, sərt rejim, ötən əsrin 40-cı və 50-ci illərinin olayları əks olunmuşdur.

Ziya Bünyadovun xatirələrə daxil edilmiş məqalələri, mək­tub­ları bu böyük şəxsiyyətin yenilməz, bütövsözlü, cəsur, tü­kən­­məz erudisiyaya malik olduğunu göstərməklə yanaşı Azər­baycanın XX yüzilliyin 80-ci və 90-cı illərindəki siyasi du­ru­mu­nu daha aydın, daha qabarıq canlandırır. Ümumiyyətlə, xa­tirələrdə bu illərin qızğın hadisələri və Ziya Bünyadovun bu dövrdəki fəaliyyəti ətraflı şərh edilmişdir.

Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan ta­nın­mış elm, ədəbiyyat, sənət adamlarının, siyasi xadimlərin mü­haribə və elm qəhrəmanı Ziya Bünyadov haqqında yaz­dıq­la­rı xatirələrdə bu böyük şəxsiyyət mərd, cəsarətli, həmişə təz­yiqlərə məruz qalsa da öz əqidəsindən dönməyən, vətənpərvər, ədalətsizliyə meydan oxuyan, eyni zamanda həssas, diqqətli, alicənab və xeyirxah insan kimi xarakterizə olunur. Dostluğu, həqiqəti hər şeydən üstün tutan bu şəxsiyyət kimsə dar ayaqda olsa, ona həmişə kömək etməyə hazır idi. Tələbə yoldaşı Yu­lian Semyonov ilə əlaqədar hadisələr bunu bir daha təsdiqləyir. Xatirələrə Ziya Bünyadovun cəbhə yoldaşlarının, müəllim­ləri­nin, müxtəlif ixtisaslı alimlərin məktubları da daxil edilmişdir ki, bunlar da bu böyük şəxsiyyətin mənəvi dünyasının daha əhatəli təsvirinə yardım edir.

Bəzən müəllif bir şəxs haqqında yazdığı xatirədə həmin şəxs haqqında başqa bir müəllifin xatirəsindən istifadə edərək fikirlərini daha dolğun çatdırmağa nail olur. Hikmət Ziya Sabit Rəhman haqqında yazısında İlyaz Əfəndiyevin xatirəsindən nümunələr gətirmişdir. Bəzən isə memuarist haqqında xatirə yaz­dığı müəllifin öz əsərlərindən nümunələr gətirir. Xalq ya­zıçısı Əli Vəliyev Mehdi Hüseyn haqqındakı yazısında sözü­ge­dən müəllifin «Bir ay və bir gün» xatirəsindən, tənqidi mə­qalələrindən sitatlar gətirir, əlli il qabaq nəşr olunmuş kitab­ça­sına yazdığı müqəddiməni müəyyən ixtisarla verir. Əli Vəli­yev unudulmaz şəxsiyyət olan Mehdi Hüseyni «bütün varlığı ilə ədəbiyyata bağlı olan həqiqi istedadların fəal müdafiəçisi, ədə­biyyata təsadüflər nəticəsində gələn, bacarıqsız, istedadsız, yaltaqların isə amansız qənimi» [251, s.128] kimi qiymətləndi-rir. Əli Vəliyev özü haqqında xatirələr yazmasa da «Zəngəzur qartalları»nı tərcümeyi-hallar, xatirələr, şəxsi söhbətlər əsasında qələmə al­mışdır. «Ötən günlər» və «Budağın xatirələri» isə bioqrafik planda yazılmışdır. Əli Vəliyev özü etiraf edirdi ki, yazanda heç nə uydurmur, başına gələnləri kağıza köçürür. Belə ki, onun bir çox əsərlərinin mövzusunu özünün xatirələri təşkil edir. «Budağın xatirələri», «Qohumlar» və bir çox əsərlərində mü­əllif tərcümeyi-hal səciyyəli nümunələrə bədii forma ver­mişdir və bunları avtobioqrafik əsərlər kimi dəyərləndirmək olar.

Əli Vəliyevdən fərqli olaraq tənqidçi-ədəbiyyatşünas, yazı­çı Qulu Xəlilov (1930-1995) gündəlik tərtib edirdi. Bu gün­də­liklər əsasında o «Yaşamaq istəyirəm» əsərini yazmışdı. Müəl­lif etiraf edir ki, bu əsər «ilk növbədə Ə.Vəliyevin xeyir-duası ilə işıq üzünə çıxıb oxucular arasında yayılmışdır» [259, s.109]. Qulu Xəlilovun «Atam və mən», «Yaşamaq istəyirəm» əsərləri yazıçının həyat yolunun müxtəsər tarixçəsidir. Sözü­ge­dən əsərlər avtobioqrafik povestlərdir. Müəllif özü ilə əlaqədar olayları Azər surətində vermişdir. «Atam və mən» yaddaş əsa­sında, «Yaşamaq istəyirəm» yazıçının qeydləri, xatirələri əsa­sında qələmə alınmışdır. İkinci əsərdə bəzi hissələr məktub şək­lində verilmişdir. Yeddi dəfə cərrahiyyə əməliyyatı keçir­miş müəllifin bu avtobioqrafik əsərlərində həyat həqiqəti ilə bədii həqiqət üzvi şəkildə birləşərək dəyərli sənət nümunəsi alınmışdır. Qulu Xəlilov haqqında yazılan xatirələrdə [244] onun zahiri sərtliyi ilə nəcib, kövrək qəlbi göz önündə can­la­nır. Bu tənqidçi alim, məhsuldar yazıçı, əvəzolunmaz müəllim haqqında onun dostları, tələbələri, ailə üzvləri və qohumları, tanınmış elm və sənət adamları öz ürək sözlərini yazmışlar. Xatirələrdə Qulu Xəlilov dönməz, əyilməz, tələbkar, eyni za­man­da mehriban, qayğıkeş, təvazökar, xeyirxah, mərd, qorx­maz, dəyanətli, cəsur bir insan kimi səciyyələndirilir.

Səyavuş Sərxanlı çox haqlı olaraq yazır ki, «xatirə  kül altında qalan qordur. Onu tapan, üzə çıxaran gərəkdir. Hər adam xatirəyə çevrilə bilmir və hər adam da xatirəni dərk edib yaşada bilmir. Bu mənada həmişə xatirəyə çevrilən ömür, xa­tirəni yaşada bilən adam, üstəgəl qələm sahibinin zəhməti bə­rabər olur oxucunun xalis mənəvi qazancına» [196, s.5]. Bu ba­xımdan yazıçı-publisist Şəmistan Nəzirlinin xalq şairi Sə­məd Vurğun (1906-1956) haqqında yazdığı sənədli povesti oxu­cunu mənəvi cəhətdən qidalandıran, onu böyük bir şəx­siy­yətin ömür yolunu izləməyə imkan verən maraqlı sənət nü­mu­nəsidir. Əsər şairin müasirlərinin şifahi və yazılı xatirələri, eşit­dikləri, şahidi olduqları əhvalatlar əsasında qələmə alın­mış­dır. Əsəri həyat həqiqətlərinə əsaslanan bədii əsər kimi dəyər­lən­dirsək heç də yanılmarıq.

Azərbaycan ədəbiyyatında Səməd Vurğun haqqında xatirə­lər daha çoxdur. Kələntər Kələntərlinin «Mənim Səməd Vur­ğu­num» kitabı Azərbaycanda xalq şairi fəxri adına layiq gö­rü­lən birinci şair olan Səməd Vurğun haqqında xatirələrdir. Mü­əl­lif yazır: «Allahıma hər gün dua edirəm ki, mənə güclü yad­daş verib. Qırx il, əlli il bundan qabaq olmuş hadisələri, eşit­diyim söhbətləri olduğu kimi xatırlaya bilirəm» [121, s.134].

Cavid Məmmədbəyovun tərtib etdiyi kitabda [132] Səməd Vurğunun qırxdan artıq müasirinin: şair və yazıçıların, mədə­niyyət xadimlərinin, əmək adamlarının xatirələri toplanmışdır. Digər bir topluda [65] Səməd Vurğunun şair və yazıçı dostlarının, qızı Aybəniz Vəkilovanın, qardaşı Mehdixan Vəkilovun və baş­­qalarının onun haqqında xatirələri vardır. Bu xatirələrdə Sə­məd Vurğun həm böyük şəxsiyyət, böyük dövlət xadimi, həm də gözəl şair, gözəl ailə başçısı kimi göz önündə canlanır. Xa­tirələrdə bu ellər şairinin daxili aləmi, dostluqda möhkəm­li­yi, hazırcavablığı, sadəliyi, xeyirxahlığı, həssaslığı, qonaq­pər­vər­liyi, xalqın ona olan məhəbbəti və bir çox məsələlər təsvir olun­muşdur. Mehdixan Vəkilov xatirələrində Səməd Vurğu­nun uşaqlıq və gənclik illərindən, xasiyyət və vərdişlərindən da­­nışmaqla yanaşı, həm də böyük şairin yetişdiyi ədəbi mühiti, onun zəngin yaradıcılığının çoxlarına naməlum qalan, yalnız ən yaxın adamlarına bəlli cəhətlərini bir tədqiqatçı-ədəbiy­yat­şü­nas səriştəsilə açıb göstərə bilmişdir. Bu səbəbdən də xatirə­lərdə Səməd Vurğun yaradıcılığının bir sıra sənətkarlıq sirlə­ri­nin öyrənilməsinə, bizə az bəlli olan məqamların üzə çıxarıl­ma­sına, konkret əsərlərin yaranma və nəşr tarixini dürüst­ləş­dir­məyə kömək edən elmi məlumatlara, şairin ədəbi-estetik gö­rüşlərinə, yaşayıb-yaratdığı mühitə, müasirlərinə münasi­bə­ti­nə dair inandırıcı faktlara, maraqlı mülahizələrə bol-bol rast gə­lirik [249, s.15].

Süleyman Rəhimov Səməd Vurğun haqqında deyərdi: «Sə­məd Allah vergisiydi. Onu heç kəslə müqayisə etmək olmaz. Allah ona elə nüfuz vermişdi ki, ən qəddar düşmən, bədxah niy­yətli bir adam onun qaynar baxışlarına tuş gəlsəydi, silahı əlin­dən yerə düşərdi. Onun varlığı başdan-başa səmimiy­yət­dən, səxavətdən, ilhamdan yoğrulmuşdu!» [262, s.118]. Bu sə­tir­lər Zəlimxan Yaqubun Süleyman Rəhimov haqqında xatirə­lə­rindən alınmışdır. Onu da qeyd edək ki, Səməd Vurğunun oğlu Vaqif Səmədoğlu hal-hazırda xatirələr yazmaqla məşğul­dur. Televiziya verilişlərinin birində dediyi kimi, indi o, bütün fikrini bu işə sərf edir. Həyatdan möhlət istəyir ki, xatirələri bi­tirsin. Əsərdə heç kəsə məlum olmayan, heç yerdə yazıl­ma­yan olaylardan bəhs ediləcək. Bunlar ən əsası atası, anası, ya­xınları haqqında xatirələrdir.

Diqqətəlayiq haldır ki, professor Teymur Əhmədov Səməd Vur­ğunun çıxış və məqalələrindən özü haqqında dediyi sözləri seçib tərcümeyi-hal [73] tərtib etmişdir. O, Səməd Vurğunun üs­lubuna toxunmamış, onun sözlərini olduğu kimi ardıcıllıqla vermişdir. Tərcümeyi-halda şairin həyat və yaradıcılığının əsas məqamları nəzərə çatdırılmışdır.

Səməd Vurğunun «Mən necə yazıram», «Mənim «Vaqif» dra­mım haqqında», «Fərhad və Şirin» barədə», «Kamal və sə­nət», «Taqanroq qəhrəmanlarına eşq olsun», «Gələcək kitab­lar» və digər məqalə, məruzə, çıxış və oçerklərində müəllif şəx­siyyəti ön plandadır. Bu nümunələrdə əsasən ədəbiyyat, mu­siqi, sənət, sənətkar, dövrün aktual problemləri və digər mə­­sələlərdən danışılmış, müəllif onlara öz münasibətini bildir­miş və onun həyata, dünyaya baxışı canlandırılmışdır. Şair 1937-ci ildə yazdığı «Azərbaycan» epopeyası» kiçik həcmli yazısında özünün tərcümeyi-halının bəzi anlarından bəhs edir. Səməd Vurğun yazır: «Mən Azərbaycan düzlərində dünyaya gəl­dim. Mənim atam və anam yoxsul kəndli idilər. Mənim otuz bir yaşım var. İnqilab məni savadlı etmiş və məndə təhsil al­mağa coşqun bir həvəs oyatmışdı. Mən məktəbi bitirib pe­da­qoji fəaliyyətlə məşğul olmuşam. 1926-cı ildən yazmağa baş­la­mışam. Şeir mənim idealımdır. Poeziya mənim ikinci həya­tım oldu. Mənim birinci şeirlər kitabım  «Şairin andı» Bakıda 1930-cu ildə nəşr olunmuşdur... Son zamanlar mən «Azər­bay­can» adlı böyük bir epopeya yazmışam... Bu epopeya bir-biri ilə bağlı olan otuz poemadan ibarətdir...» [258, c.5, s.20].

Səməd Vurğun 1942-ci ildə qələmə aldığı «Bir səhər» oçer­kində isə Moskvada olarkən Qərb cəbhəsindən gəlmiş dö­yüşçü İdris Vəliyevlə görüşündən bəhs etməklə canlı insan ob­razı yaratmışdır. Görkəmli yazıçı və tənqidçi Elçin müharibə döv­ründə yazılan oçerklərin bədii cəhətdən zəif olduğunu bil­di­rərək qeyd edirdi: «Müharibə dövründə ön və arxa cəbhədə döyüşən, çalışan sovet adamlarının şücaətindən çox yazılırdı, bu yazılarda əsas məqsəd həmin adamları xalqa tanıtmaq, xal­qı ruhlandırmaq, hamını səfərbərliyə almaq idi. Bu zaman çox vaxt bədiilik unudulur, doldurulan planın faizi, öldürülən fa­şistlərin, məhv edilən tankların, təyyarələrin sayı üstünlük təş­kil edirdi və bu quru faktlar son dərəcə gərginləşmiş əsəblərin nə­ticəsində öz işini görürdü; bu faktların emosiyası bir növ bədiiliyi əvəz edirdi» [63, s.203].

Səməd Vurğunun oçerki isə müharibə dövründə yaranan bir çox nümunələrdən fərqli olaraq həm faktiki, həm də bə­diilik baxımından seçilirdi. Əsərdə şairin gənclik, qəhrəmanlıq haqqında dəyərli fikirləri öz əksini tapmışdır. Nəzərə çatdırıl­malıdır ki, sənədin ərəb əlifbası ilə yazılmış avtoqraf nüs­xəsi M.Ə.Sidqinin şəxsi arxivində saxlanılır [256]. Əlyaz­ma ilə nəşr variantının müqayisəsi nəticəsində aydınlaşdırıldı ki, oçerk nəşr edilərkən bəzi sözlər dəyişdirilmiş, bəzi cüm­lə­lər ixtisar edilmişdir. Bütün bunlarla yanaşı sənəd Səməd Vur­ğunun avtoqrafı olmaq baxımından da dəyərlidir.

Məqalə, məruzə, çıxış və oçerklərindən savayı Səməd Vur­ğun şeirlərində də həyat yollarından bəhs etmişdir. O, uşaq­lı­ğının ağır maddi şəraitdə keçməsini, uşaq vaxtı gördüyü haq­sız­lıqları aşağıdakı misralarda canlandırmışdır:

Çatandan bəridir on beş yaşıma

Çox bəlalar gəlib qanlı başıma,

Baltalar vurulub ömür daşıma,

Bu eşqin yolunda yaman olmuşam [257, s.1].

Şair özünün ağrılı-acılı uşaqlıq illərini 1935-ci ildə yazdığı «Acı xatirələr» poemasında daha ətraflı qələmə almışdır. Uşaq­lığın qayğısız günləri ilə yanaşı ehtiyac, maddi sıxıntı için­də yaşamaq xatirələrin əsas məğzini təşkil edir. Bir dəstə uşaq­la Kürün sahilində balıq tutmaqları, Novruz bayramında qapılara papaq atıb yığdıqları yer-yemişi sevinə-sevinə evə apar­maqları təsəlli olan yaşananlardır. Lakin bəzən quşlara hə­səd aparıb evdən baş götürüb qaçmaq istədiyi anlar da olurdu. Qurban bayramında qonşu bir xınalı erkək kəssə də o, evlə­rin­də sadəcə isti bir ocaq görmək istərdi. Lakin gördüyü anasının göz yaşları, atasının miskin baxışları olmuşdu. Həmin gün qü­ru­ru uşaq yaşına sığmayan qonşu oğlu başına buxara papaq qoy­muşdu. Əynindəki yamaqlı köynəyə baxıb  dünyanın və­fası budurmu?  deyə düşünən balaca Səməd bəlkə də bu sualı özünə sonralar da verəcəkdi. Oğlunu belə görməyə ana ürəyi dözməmişdi.

«Uşaq əziz gündə sınmasın» - deyə

Anam cehizliyi yorğan üzündən

Mənə üst köynəyi tikdi hədiyyə.

Mən də iki dəfə öpdüm üzündən.

Ah, mehriban ana! Ah, əziz ana!

O gündən bəridir həsrətəm sana!.. [258, c.3, s.102].

Xatirələrdə bir uşaq qəlbinin təlatümləri, on üç yaşlı Sə­mə­din körpə quşcuğaza meyl salması, çörəyi ovaraq onu yem­lə­məsi və günlərin birində quşun yoxa çıxması təsvir olunmuş­dur. Şair yazır:

Üç gecə yatmadım, üç gün ağladım,

Gəzib dəymədiyim qapı qalmadı.

Dolaşdım bir kəndi mən addım-addım;

Neyləyim? Mən deyən yenə olmadı [258, c.3, s.103].

Günlərin bir günü quş tapılır. Lakin uşaq qəlbinin sevinci uzun sürmür. Qonşu Niyaz yanında üç nökərlə gələrək dola­şa­nı almaq istəyir.

Qızışdı, get-gedə qarışdı ara.

Artıq itirmişdi döyən döyəni,

Burnumun üstündən aldığım yara

Çul kimi torpağa sərmişdi məni.


Birdən bir vığıltı eşitdim, ah, mən,

Gördüm çapalayır yazıq quşcuğaz...

Ara qarışanda yönəlib birdən

Quşcuğun başını qoparmış Niyaz [258, c.3, s.104].

Bu olaylardan uşaq xəyalı dumanlanır, həyəcandan gözləri qaralır. Həftələr, aylar keçsə də qəlbinin kini sönmür. Günün bi­rində o «lovğa düşmən»dən hayıfını çıxır:

Belinə, başına çaldım çomaqla,

Dedim: qüdrətimi yadında saxla! [258, c.3, s.105]

O vaxtdan illər keçir, əsərin qəhrəmanı ölkələr dolanır, şə­hər­lər görür, ağlı-qaralı dövranlar sürür, artıq onun maraq dai­rə­si bambaşqadır.

Vuruldum o gün ki, şeirə, sənətə,

Unutdum sevdiyim əyləncələri.

Aşiqəm insana və təbiətə

Əlim qələm tutub yazandan bəri [258, c.3, s.105].

Lakin keçmiş unudulmur. Şair həyatının ən əziz günlərində belə uşaqlıq dövrünün acılı-şirinli anlarının yada düşdüyünü xa­tır­layır:

Ömrümün bu əziz günlərində mən

Düz otuz yaşıma girirəm bu yaz...

Fəqət xəyalımın önünə bəzən

Gəlir yazıq anam, bir də quşcuğaz [258, c.3, s.106].

Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Süleyman Rüstəmin də müasiri Səməd Vurğun kimi geniş memuarları yoxdur. Bununla belə onun görkəmli ədəbiyyat və mədəniyyət xadimləri  S.S.Axundov, C.Məmmədquluzadə, Ə.Əzimzadə, R.Əfəndiyev, S.Hüseyn, C.Cabbarlı, M.Müşfiq, H.Sarabski, N.Hik­mət, İ.Hidayətzadə, M.Əliyev və başqaları haqqında xa­ti­rələri vardır. Memuaristin C.Məmmədquluzadə, S.Hüseyn, M.Rə­fili, M.Əliyev, V.Mayakovski haqqında xatirələri məz­mu­nu və əhatəliyi baxımından fərqlənir. Digər xatirələrin əksə­riy­yəti məqalə səciyyəlidir. İ.Hidayətzadə haqqında xati­rə­lərdə İ.Hidayətzadənin xatırə müəllifinə ünvanlanan məktub­larından da istifadə edilmişdir.

Süleyman Rüstəmin «Yaxşı yoldaş» necə yazıldı» və «Qə­ribə də olsa» yazıları onun memuar qeydləridir. 1966-cı ilin 15 de­kabrında qələmə alınmış birinci yazıda göstərilir ki, 1933-cü ilin yayında bir qrup alim  Leninqraddan gəlmiş akademik Meş­şaninov, alimlərdən Poxomov, Əzizbəyov, Vəli Xuluflu və başqaları Mil düzündəki qədim «Örən qala» şəhərinin qa­lıq­larını axtarmaq üçün ora gedirlər. S.Rüstəm və R.Rza da bu dəstəyə qoşulur. Bu səfər S.Rüstəmə «Yaxşı yoldaş» poema­sı­nı yazmaq üçün material verir. Müəllif yazır: «Mil düzündən Bakıya alimlər öz saxsı qablarıyla, pas atmış pullarıyla, mən isə bir əsərin mövzusu ilə qayıtdım. Fikrimdə dolaşan hadi­sə­lər, sətirlər məni yazı masamın arxasına səslədi. «Yaxşı yol­daş» poemasını on günün müddətində demək olar ki, bir otu­ruma yazdım» [211, s.320].

Memuar janrı ilə maraqlanan, xatirələri diqqətlə oxuyan Sü­leyman Rüstəm həyat gerçəkliklərinə söykənən əsər yazmaq fikrində idi. Yazıçı Hüseyn Abbaszadənin sözlərinə görə «xa­ti­­rə­ləri üzərində müntəzəm işləyirdi. Xeyli yazmışdı. Hələ bir xeyli də yazacaqdı. Fikri vardı iyun-iyul, avqust aylarında kö­çüb otursun Şüvəlandakı bağında, əldən-ayaqdan uzaq bir yer­də, fasiləsiz, rahatca işləsin. Bundan ötrü qabaqcadan əməllicə hazırlıq görmüşdü. Xatirələrdəki günləri, ayları, illəri dəqiq yaz­maq üçün lazım olan materialları, rəsmi sənədləri, əlyaz­ma­larını, fotoşəkilləri, dostlarının məktublarını, özünün, özgə­si­nin çoxdan çap olunmuş bəzi məqalələrini axtarıb tapmış, neçə qutuya yığmışdı. Zarafarla deyirdi: «Qutu-qutu, daşdan ke­çən materialım var. Bir çoxlarının yalan-palanlarını alt-üst elə­yəcəyəm» [2, s.356]. Heyf ki, ölüm onun bu işlərini yarıda qoydu və Süleyman Rüstəm xatirələr yazmaq arzusunu həyata keçirə bilmədi. Xatirələrə böyük önəm verən şair bir çoxla­rı­nın yalanlarını alt-üst etmək deyəndə həyat gerçəkliklərini təh­rif edərək xatirələr yazan bəzi müəllifləri nəzərdə tuturdu.

Sənətkarın şəxsiyyətinin öyrənilməsində müasirlərinin xa­ti­rə­ləri dəyərli mənbə kimi qiymətləndirilə bilər. Tanınmış şəxs­lər haqqında xatirələrin tərtibində həmin şəxsin həyat və fəa­liyyətini tam və hərtərəfli əks etdirmək üçün onunla müx­təlif vaxtlarda görüşmüş memuaristlərin xatirələri əsas götü­rülür. Bəzi hallarda hər hansı faktı dəqiqləşdirmək üçün hadi­sə­ləri kənardan müşahidə edən şəxslərin də xatirələrindən də istifadə etmək faydalıdır. Gələcək xatirə müəllifinin şəxsiy­yə­tindən, dünyagörüşündən, ədəbi imkanlarından, təsvir edilən ha­disələrdə rolundan asılı olaraq tərtibçi onunla işbirliyinin hansı formada olmasını təyin edir. Müəllif ya xatirənin mətnini təqdim edə bilər, ya da onu şifahi şəkildə söyləyər. Şifahi xa­ti­rələr stenoqrafiya, maqnitofon və ədəbi qeydlər yolu ilə həyata keçirilir. Əgər memuaristə xatirələrin yazılması sifariş edilirsə, həmin halda onun qarşısına əsas hadisə və faktları işıqlandır­maq məsələsini qoymaq daha məqsədəuyğundur. Ən əsası odur ki, hadisələr memuaristin yaddaşında necə qalıbsa, o cür də əks etdirsin. Məsələyə digər tərəfdən yanaşdıqda qeyd olun­malıdır ki, görkəmli şəxslər haqqında yalnız tanınmış insan­la­rın deyil, onunla ünsiyyətdə olan və ya onu müşahidə edən sa­də adamların da xatirələri dəyərlidir. Lakin hər bir xatirənin nəş­rində orada verilən məlumatın həqiqiliyini yoxlamaq la­zımdır. Hadisələrin təhrifi yaddaşın yayındığı, qarışdırıldığı hal­da, bəzən də bilərəkdən baş verən hadisələrdə öz rolunu ar­tırmaq və ya üstüörtülü şəkildə göstərmək məqsədilə ola bilər.

Memuarların həqiqiliyinin yoxlanılması memuaristin şəx­siy­yətinin öyrənilməsi ilə başlayır. Təsvir olunan hadisələrə qədər onun həyat yolu ilə tanışlıq, hadisələrdə onun mövqeyi və digər məsələlər bura daxildir. Mənbənin həqiqiliyinin yox­la­nılması digər mənbələrin öyrənilməsi əsasında, hadisələrin digər iştirakçılarının xatirələrinin müqayisəsi əsasında da baş tutur. Memuaristin digər sənədli mənbələrə müraciət etməsi mən­bənin dəqiqliyini artırır, müəllifin yaddaşının fəallığını tə­min edir.

Çağdaş ədəbiyyatımızda tanınmış şəxsiyyətlər haqqında də­yərli xatirələr yazılmışdır. Rəsul Rza, Mir Cəlal Paşayev, Qabil, Yusif Səmədoğlu, Abbas Zamanov haqqında yazılan xa­ti­rələr bu qəbildəndir. Xalq şairi Rəsul Rza (1910-1981) haq­qında xatirələrdə böyük şairin şəxsi keyfiyyətləri, sözü bü­töv olan, düşündüyünü açıq deyən bir insan olması, ensik­lope­di­ya yaratmaq sahəsində gördüyü gərgin işlər, dövlət xadimi, ictimai xadim kimi fəaliyyəti təsvir olunmuşdur. Xatirə müəl­lif­lərinin hər biri onun xarakterinin müxtəlif cəhətlərindən bəhs etmişlər. Xatirələr müxtəlif formada qələmə alınmışdır. Vaqif İbrahim xatirələrində («Rəsul Rza və Əli Kərim doğ­ma­lığı») gündəlik qeydlərindən istifadə etmişdir. Hamlet Qoca xa­tirələrini «Rəsul Rzaya məktublar» şəklində vermişdir. Məm­məd Əlilinin xatirələrini yazıya Rafael Hüseynov almış­dır. («Mən Rəsula ömrüm boyu borcluyam»). R.Hüseynov «Qı­zılgüllü, yasəmənli, nərgizli nəğmələr» yazısında isə Ana­rın, bəstəkar Ədilə Hüseynzadənin, Tofiq Quliyevin, Şövkət Ələk­bərovanın xatirələrindən yararlanmışdır. Müəllif yaşlı in­sanların gözəl yaddaşa malik olduğunu bildirərək qeyd edir ki, «ədəbiyyat-söz araşdırıcıları Əbülqasım Hüseynzadəylə, Ək­rəm Cəfərlə, Cəfər Rəmziylə, teatr tariximizin bilicisi Qulam Məmmədliylə, elə Məmməd Əliliylə  yaşı səksəni ötmüş bu adamlarla söhbət eləyəndə, onların xatirələrinə qulaq asanda hər dəfə heyrətlənməyə bilmirəm. Əsrin başlanğıcındakı ha­di­sə­lərdən, adamlardan elə dəqiq təəssüratlarla, elə xırda ciz­gi­lərlə danışırlar ki, sanki bütün bunlar 60, 65, 70 il bundan irə­linin yox, lap yaxın günlərin hadisəsiymiş. Yaddaşları etibar­lı­dır  buna sözüm yox. Ancaq bu dəqiqliyin məncə ayrı bir sə­bəbi də var. İllər boyu bu hadisələri o qədər danışıblar ki, ha­fizələrində hər söhbət üçün müəyyən bir süjet xətti, konkret bir deyim şəkli yaranıb» [206, s.329].

Rəsul Rza haqqında maraqlı xatirələrin müəlliflərindən biri də görkəmli ədəbiyyatşünas Abbas Zamanovdur. Alimin söz­lərinə görə, xatirələrin yazılmasında «adda-budda yazılmış xa­ti­rə dəftəri, o zamankı mətbuat» [266, s.6] onun dadına çat­mış­dır. Əsərdə əsasən cəbhə xatirələri üstünlük təşkil edir. Abbas Za­manov Rəsul Rzanın həyatı, şəxsiyyəti haqqındakı təsəv­vür­ləri genişləndirən bir çox mətləbləri işıqlandırmışdır. Xatirə­lər­də memuaristin də həyat və fəaliyyətinə aydınlıq gətirən mə­qamlar vardır. Bunlar əsasən müharibə dövründə Kerçdə baş verən olay və əhvalatlardır.

Yazıçı Nahid Hacızadənin Rəsul Rza haqqında yazdığı xa­ti­rələrdə [104] bir maraqlı məqamı nəzərə çatdırmaq lazımdır. Belə ki, xatirələrin sonunda müəllif şair dostu Oqtay Rza ilə görüşünü təsvir edir. Oqtay Rza bildirir ki, onun da Rəsul Rza haq­qında xatirələri vardır və onların bir neçəsini Nahid Ha­cı­zadəyə danışır. Bu danışılan xatirələr Nahid Hacızadə tərəfin­dən öz xatirələri fonunda verilir. Beləliklə, Oqtay Rzanın di­lin­dən çıxan xatirələr artıq şəxsən özünün olmur və artıq Nahid Hacızadə tərəfindən qələmə alınır. Yəni ilk dəfə olaraq onu oxuculara Nahid Hacızadə çatdırır. Memuar ədəbiyyatı ta­rixində belə hallara tez-tez təsadüf olunur.

«Xatirələr yolu ilə ötən günlərə, illərə qayıtmaq, olmuşları bir daha yaşamaq qəlb incidir. Hadisələr, mənzərələr, sözlər, ba­xışlar, gülüşlər yenidən canlanıb insanı heç bir qüvvə, heç bir möcüzə ilə geri dönməyəcək aləmə aparır. Xatirələr yolu­nun sevincli anları keçib-getdiyi, geri dönməz olduğu üçün tə­əssüf doğurur, acılı-ağrılı olanları bir daha qəlbimizi göynədir. Xatirələrimiz həmişə bizdən gənc olur. Onlar keçmiş günlər­dən dinlədiyimiz tanış səslərdir» [24, s.8]. Bu sətirlərin müəl­lifi Rəsul Rzadır və bunlar Anarın xatirələrindən götürül­müş­dür. Məhz Rəsul Rza haqqında xatirələrin ən dəyərlisi oğlu Anar tərəfindən qələmə alınmışdır. Müəllif Rəsul Rza ilə əla­qə­dar xatirələri faktlara, sənədlərə, olanlara, mətnlərə əsasla­naraq yazmışdır. Rəsul Rza yaradıcılığına və şəxsiyyətinə ve­ri­lən qiyməti isə «müasirlərinin, onu bir insan kimi yaxından ta­nıyan, yaxud yaradıcılığını dərindən bilən, duyan adamların fi­kirləri vasitəsiylə» [25, s.8] etmişdir. Əsərdə Rəsul Rzanın av­tobioqrafiyasından, Cəfər Cabbarlıya həsr olunmuş xatirələ­rin­dən, şair haqqında Tofiq Quliyevin, İsa İsmayılzadənin, Ənvər Məmmədxanlının, Abbas Zamanovun, Niyazinin, Ya­qub Mahmudovun və başqalarının xatirələrindən, Rəsul Rza­nın müxtəlif şəxslərə göndərdiyi məktublardan, tanınmış şəxs­lərin ona ünvanlanan məktublarından, eləcə də müsa­hibələr­dən, məqalələrdən, arxiv sənədlərindən istifadə edilmişdir. Anar bir çox olaylardan bəhs edərkən atasının, anasının, yaxın qohumlarının söhbətlərinə istinad edərək onların danışıqlarını xatirələrinə daxil etmişdir. 30-cu illərin hadisələri, repressiya qurbanları haqqında söhbətlər müəllifin eşitdikləri əsasında ya­zıya alınmışdır. Anar yazır: «...yeddi-səkkiz yaşlarımdan evi­mizdə 37-ci il faciəsi haqqında qısılmış səslərlə edilən söh­bətləri dinləmişdim və heç vaxt eşitməmişdim ki, gedənlər doğrudan da düşmən olublar. Əksinə, Cavidin, Cavadın, Seyid Hüseynin, Yusif Vəzir Çəmənzəminlinin, Qafur əfəndi Qan­tə­mirin, Salman Mümtazın, Bəkir Çobanzadənin, məsul işçilər­dən S.M.Əfəndiyevin, Ruhulla Axundovun, Həbib Cəbiyevin, Mustafa Quliyevin, Hüseyn Rəhmanovun adları həmişə hör­mət­lə və talelərinə təəssüf hissiylə çəkilərdi. Hələ Mikayıl Müş­fiqi demirəm, onun haqqında evimizin ən yaxın adamı, ai­ləmizin üzvü kimi danışılardı. Müşfiqin adı çəkiləndə kiçik bi­bilərimin gözləri yaşardığı da yadımdadir» [25, s.65].

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə