HƏQİQƏTİ baki – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu naiLƏ SƏMƏdova insan, zaman və HƏyat




Yüklə 1.11 Mb.
səhifə8/11
tarix22.02.2016
ölçüsü1.11 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Almas İldırım haqqında yazılan elmi və publisistik məqa­lə­lərdə müxtəlif növ xatirə nümunələrindən istifadə edilmişdir. Şair Abbas Abdulla yazısında Süleyman Rüstəmin ona danış­dı­ğı şifahi xatirəsinə istinad edirsə, f.e.n. Maarif Teymur mə­qaləsinə arxiv sənədlərinə əsasən şairin özü haqqında söy­lə­dik­lərini, həmçinin Aşqabadda çıxan «Zəhmət» qəzetinin 10 av­qust 1932-ci il sayından A.İldırım haqqında yazılan fikirləri daxil etmişdir. Telman Oruc isə mərhum şairin doğmaları ilə tez-tez görüşdüyünü qeyd edir, dostu H.Almaszadə ilə Mər­də­kanda vaxtaşırı həmsöhbət olduğunu bildirir. Almas İldırımın qardaşı oğlu olan H.Almaszadə babası Əbdülməmmədin, nə­nə­si Nisə xanımın ömür boyu övladlarının nisgilini qəlblərində gəzdirmələrini, iztirab çəkmələrini və qovuşa bilməmələrini söyləyərək deyir: «İndi bu yurdda Almaszadələr nəslinin çıra­ğını yandırmaq mənə nəsib olub. Bu küçə də əmimin adını da­şı­yır. Səhər-axşam bu küçədən keçərkən mənə elə gəlir ki, əmim mənimlə yanaşı addımlayır. Sanki ayaq səslərini eşidir, ilıq nəfəsini duyuram» [22, s.182].

Doktor Ənvər Aras da Almas İldırım haqqında yazdığı kitabda [270] şairin qardaşı oğlu Hacıağa Almaszadənin, həyat yoldaşı Zivər xanımın, Süleyman Rüstəmin və digərlərinin xa­tirələrindən yararlanaraq maraqlı mülahizələr irəli sürmüş, Al­mas İldırımın həyat və fəaliyyətini hərtərəfli və əhatəli şəkildə tədqiq etmişdir.

Daha öncə Almas İldırımın əsərlərində bioqrafik əlamətlər haqqında məlumat verilmişdi. Mühacirət ədəbiyyatının gör­kəm­­li nümayəndəsi, Böyük Britaniyanın Edinburq Univer­site­tinin professoru, Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, şair-ədəbiyyatşünas Qulamrza Səbri Təbrizinin şeir­lərin­də də bu xüsusiyyət  avtobioqrafik məzmun vardır. «Əbədi sual», «Düşkünlük», «Bir tanışım vardı», «Ayrılıqlar», «Anla­şıl­maz qadağa», «Ucuz təbliğat», «Fikirləşirəm», «Silinməz xa­tirələr», «Atam», «Qayıtmaz günlər», «Məktəbdən dönən gün­lərim», «Sinif yoldaşıma», «Heç unutmuram» və digər bu kimi şeirləri tərcümeyi-hal səciyyəlidir. Müəllif şəxsiyyəti ön planda olan bu nümunələrdə Vətən həsrəti, Vətənə məhəbbət daha qabarıq verilmişdir.

Bu gün bir tanış sordu məndən:

-Təbrizə gedirsən, getmirsən,

Necə yaşayırsan Təbrizsiz?

Cavabım bu oldu:

- Təbriz yaşayır içimdə, ruhumda,

Yuxularımda.

«Mən Təbrizdən çıxdım,

Amma Təbriz məndən çıxmadı» -

dedim [241, s.81].

«Yaralı sorğu» adlı bu şeirdəki nisgil, həsrət digər şeir nü­mu­nələrində də açıq-aydın görünür. Bu da çox vaxt uşaqlıq xa­tirələrinin çözələnməsinə gətirib çıxarır. «Həsrət» şeirində olduğu kimi:

Təbrizdə axır çərşənbə görməlidi,

Küçəni, bazarı bürüyür

Uşaqların sevincləri.

Bazarlar çilçıraqla bəzənir,

Çərşənbə yemişləri teştlərdə qalanır.

Kişmişi, cevizi, fındığı

Yan-yana qoyurlar

paxlavayla, halvayla.

Xatırlaram təzə başmaq geyməyimi,

Bir kasıb uşağın həsrətlə

Mənə baxmağını

Yadımdadı, utandım özümdən,

Bu uşağın həsrətlə mənə baxmağına [241, s.66].

Uşaqlıq xatirələri «Təbrizdəki günlərim», «Sevirəm uşaq­ları», «Xatırlayıram» və s. şeirlərdə də yada düşür. Övlad­la­rı­na, həyat yoldaşına, valideynlərinə, yaxın qohumlarına, dost və tanışlarına həsr etdiyi şeirlərində Qulamrza Təbrizinin hə­ya­tının ən önəmli, yaddaqalan, unudulmaz məqamları can­lan­dı­rılır ki, bu da onun ata, ailə başçısı, övlad, dost və şəxsiyyət kimi xarakterizə olunmasında əhəmiyyət kəsb edir. Məhz bu xü­susiyyətlərə görə prof. Kamil Vəli Nərimanoğlu Qulamrza bəyi «şeiri gündəlik kimi yazan şair» adlandırır. «O, gördük­lə­ri­ni, duyduqlarını misra-misra şeirə çevirir, onun hər şeiri ömür tarixindən bir səhifədir» [242, s.144]. Şeirlərinin möv­zu­su­nu həyat hadisələri təşkil edən Q.Səbrinin on il ərzində yaz­dığı «İran: bir çocuğun hekayəsi, bir kişinin təcrübəsi» əsəri də avtobioqrafik səpkidə qələmə alınmışdır. Müsahibələrinin bi­rin­­də müəllif qeyd etmişdi ki, «əsərdə folklorla bioqrafiyam, Azərbaycan həyatı ilə xatirələrim qaynayıb-qarışıb. İngilis mət­­buatı yazmışdı ki, mən tarixin əlindən tutub küçələri gəz­di­rirəm» [242, s.77]. Onun haqqında ilk sistemli tədqiqat əsə­rin­də [161] həyatı, mühiti, fəaliyyəti əsasən «Mənim iki dünyam» və «Baxışlar, düşüncələr, arzular» adlı xatirələrinə istinad edil­mişdir. Mühacirət ədəbiyyatının digər nümayəndələrinin xati­rə­lərində olduğu kimi, Q.S.Təbrizinin xatirələrində də çətin və məhrumiyyətlə dolu mühacir həyatı təsvir olunmuşdur. Şair Balaş Azəroğlunun ona ünvanladığı açıq məktubunun təsirilə Qulamrza bəy Vətəndən uzaqda yaşamağın acısını belə bil­dir­mişdir: «Mən kiçik yaşlarımda eşidəndə ki, filan yazarı, yaxud siyasi xadimi filan şəhərə sürgün ediblər, ya vətənindən dişarı­ya salıblar, bu hadisənin əsl mənasını anlamırdım. Elə bilirdim ki, insan haraya sürgün olunsa, özünü birtəhər dolandıracaq və burada faciəvi bir şey yoxdur. Ancaq elə ki, qürbətin zəhərli şərbətini içdim, onda məsələnin mahiyyəti bütün çilpaqlığı ilə mənə aydın oldu... Nə yazıqlar ki, Vətəndə, anamın-atamın, dostlarımın, qohum-əqrəbamın, millətimin əhatəsində yaşa­maq mənə nəsib olmadı. Bir ömür qürbətin ağrıları içərisində qovruldum və indi də bu əzabın içərisindəyəm» [241, s.8].

Qulamrza Səbri Təbrizinin məqalə, müsahibə və çıxış­la­rın­da müəllif şəxsiyyəti ön plandadır. Bu nümunələrdə də alimin həyat və fəaliyyəti demək olar ki, hərtərəfli təsvir edilir. Onun professor Vaqif Sultanlı ilə, professor Nizami Cəfərovla və jurnalistlərlə müsahi­bələri mənalı ömrün, yaşanan dövrün, əhatəsində olan mühitin tərcümeyi-halıdır. Müsahibələrdə bu böyük şəxsiyyətin dünya­gö­rüşü, həyata və insanlara baxışı, arzu və istəkləri haqqında bilgilər almaq mümkündür. O, özünün həyat yolu haqqında bun­ları söyləyir: «Təzadlı həyat yaşamışam. Bir tərəfdən döv­lət­li bir kişinin övladı olmuşam, digər tərəfdən anamın südü ol­madığından məni kasıb bir ailəyə veriblər. Mənə süd verən Humay ananı çox sevmişəm. Böyüdükcə millətimə qarşı haq­sız­­lıqlar məndə bir etiraz yaratdı. Təbriz Universitetini bitir­dik­dən sonra qərara gəldim ki, İrandan çıxım. Atamın məslə­həti ilə İngiltərəyə 2-3 ay müddətinə getsəm də, başa düşdüm ki, təhsilimi davam etdirmək üçün burda qalmalıyam. Dok­tor­luq işini müdafiə edəndən sonra universitetdə dərs deməyə baş­ladım» [242, s.155].

Göründüyü kimi, Qulamrza Səbri Təbrizinin özü haqqında söylədiyi fikirlər məqalə şəklində yazılmış xatirələrdə əks olun­muşdur. Onun məqalələri öz mündəricəsi etibarilə xatirə ma­hiyyətlidir. «Böyük uşaq» yazısı isə yazıçı Əziz Nesin haq­qın­da yazılmış dəyərli və səmimi xatirələrdir. Əziz Nesinlə 1970-ci illərdən dostluq münasibətlərində olan xatirə müəllifi bu böyük şəxsiyyətin həyata baxışını, insanlara münasibətini in­cələməyə nail olmuşdur.



Qulamrza Səbri Təbrizi 22 fevral 2000-ci ildə «Respub­li­ka» qəzetinə müsahibəsində mühacir həyatının çətinliklərini an­­ladaraq bildirmişdir ki, «mühacirət sözünün məna yükü çox ağır­dır. Bu həyatı yaşamayanlar onu çətin anlar. Mühacir ol­maq həyata ikinci dəfə doğulmaqdır. Necə ki, insan məhbəsdə olan­da onun psixologiyası, beyni, şüuru daha da itiləşir, hər çə­­tinliyə, əzaba, iztiraba hazır olur. Eləcə də mühacir hər cür mə­şəqqət üçün özünü mübariz ruhda kökləyir. O zaman vətən, xalq, millət anlamları insan üçün daha böyük mənalar daşıyır. Mühacirət təkcə vətəndən xaricdə yaşamaqla bitmir. Mühacir gərək vətəninin maraqlarını, dərdini-sərini, acısını, şirinini ya­şa­dığı ölkəyə çatdırmağı bacarsın» [242, s.163].

Nəzərə çatdırılmalıdır ki, son illərdə sənədli əsərlərə maraq xeyli artmışdır. Yazıçı-publisist Şəmistan Nəzirlinin bu sahə­də­ki fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Onun «Qoridən gələn qa­tar» [195] sənədli povesti arxiv materialları, Qori semina­ri­ya­sını bitirən ziyalıların xatirələri əsasında qələmə alınmışdır. Əsərdə M.F.Axundov, S.S.Axundov, R.Əfəndizadə, A.O.Çer­nya­yevski, M.H.Qayıbzadə, F.Köçərli və digərlərinin həyat və fəaliyyətlərindəki önəmli faktlar bədii dillə təsvir olunmuşdur. Yazıçının tarixi sənədlər, xatirələr, məktublar əsasında yazıl­mış «Azərbaycan generalları» [192] əsərində general Naxçı­vanskilər, general Bakıxanovlar, general Talışxanovlar və bir çox Azərbaycan generallarının ömür və qəhrəmanlıq yolu yük­sək bədiiliklə əks olunmuşdur. Müəllif generalların ilk gənclik illərini əsasən yazıçı təxəyyülü ilə qələmə alırsa, döyüş fəaliy­yətlərini tarixi fakt və sənədlər əsasında canlandırır. «Xalqı­mı­zın yetirdiyi elə şəxsiyyətlər var ki, onların adına ancaq müx­təlif mənbələrdə, arxiv sənədlərində rast gəlmək olar. Yaşadığı dövrdə illərlə bunların fəaliyyəti geniş işıqlandırılıbsa da, za­man keçdikcə onlar məlum səbəbdən unudulub. Xalqımız üçün gördükləri əvəzsiz işlər ört-basdır edilib. Totalitar reji­min «musavat generalı» damğası vurduğu onlarca belə qeyrətli sərkərdəmiz yaddaşlardan qeyb olub. Böyüməkdə olan gənc nəslin demək olar ki, bu ara-sıra adı çəkilən şəxsiyyətlərdən xə­bəri yoxdur. Halbuki onların keçirdiyi mübariz həyat yolu bu gün bizim üçün böyük məktəbdir» [193, s.79]. Şəmistan Nə­zirlinin 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbay­can Demokratik Respublikasının sərkərdələri haqqında yazdığı hər bir sənədli hekayə və oçerkin arxasına bir görkəmli şəx­siy­yətin ömür yolu söykənir. Müəllifin əsas istinad mənbəyi əsa­sən arxiv sənədləri, qohumların, yaxın adamların xatirələri, mək­tublar olmuşdur. Maraqlı burasıdır ki, əsərdə generalların taleyi ilə yanaşı müəllif şəxsiyyəti də ön plandadır. Yəni müəl­lif hər bir oçerk üzərində necə işlədiyini, hansı mənbələri araş­dırdığını nəzərə çatdırmağı lazım bilmişdir. Sənədliliklə bə­diili­yin sintez təşkil etdiyi «Cümhuriyyət generalları» əsərində general Daniyal bəy İlisulunun, admiral İbrahim bəy Aslanbə­yovun, general-mayor Süleyman bəy Əfəndiyevin, general Ca-vad bəy Şıxlinskinin, general Səməd bəy Mehmandarovun, general Əliağa Şıxlinskinin və digərlərinin ömür yolları faktiki sənədlər əsasında canlandırılmışdır. Müəllif hər bir məlumatın həqiqiliyini təsdiq etmək üçün təkcə bir mənbəyə deyil, müx­tə­lif mənbələrə əsaslanır, onları qarşılıqlı surətdə əlaqələndirir. Məsələn, İbrahim ağa Vəkilov haqqında yazıda müxtəlif eti­barlı sənədlərlə yanaşı Həmidə xanımın «Mirzə Cəlil haqqında xatirələrim» əsərinə, Səməd bəy Mehmandarov haqqında ya­zı­da Əliağa Şıxlinskinin «Xatirələrim» memuarına istinad edil­mişdir. «Çox təəssüf ki, Səməd bəy Mehmandarov Əliağa Şıx­linski kimi hərbi memuar yazmayıb. Buna otuzuncu illərin sərt ab-havası səbəb olub. Onda Heydər Hüseynov kimi məşhur, xe­yirxah alim ədəbi ictimaiyyətə təzə gəlmişdi. Bizə əziz mi­ras kimi qalan «Xatirələrim»in bəxti onda kəsdi ki, müharibə başlananda milli Azərbaycan diviziyasının yaradılması ilə bağlı məsləhətə gələn Heydər Hüseynov generalın xatirələ­ri­nin dəyərini qiymətləndirərək onu qələmə aldı. Ömrünün son günlərini yaşayan Şıxlinski də qürbətdə, səngərlərdə, palçıq və qanqarışıq cəbhə meydanlarında Səməd bəy Mehmandarovla keçirdiyi günlərini unutmayıb ona diktə etdi» [193, s.118].

Əliağa Şıxlinski ilə Səməd bəy Mehmandarovun ömür yolları «Cümhuriyyət generalları» kitabında paralel izlənilir, hər iki sərkərdənin taleləri Üzeyir Hacıbəyov və Müslim Ma­qo­mayev kimi məşhur musiqi xadimləri ilə müqayisə edilir.

Şəmistan Nəzirlinin arxiv materiallarına istinadən yazdığı «Qarxunlu Əşrəf bəy» sənədli povestində isə 1918-1920-ci il­lərdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlament üzvü, Ərəş mahalının bəylərbəyi Əşrəf bəy Həsən bəy oğlu Tağıyevin (1867-1930) taleyindən söhbət açılır. Müəllif digər əsərlərində olduğu kimi, bu əsərində də «hər məsələni, mübahisəni yalnız tarixi faktlarla əsaslandırmağa, təkzibedilmız dəlillərlə sübuta yetirməyə çalışır» [194, s.173].

Xatirələri bədii ədəbiyyatdan ayıran sərhəd getgikcə incəlir və onları öyrənmək bir çox cəhətdən çətinləşir, eyni zamanda onları həyati vacib edir. Memuar yaradıcılığı öz varlığı etiba­ri­lə mənəvi fəaliyyətin spesifik nümunəsi kimi, mənəvi mədə­niy­yətin nisbətən yayılmış hadisəsi kimi onu müstəqil janr və yaxud mənbə şəklində formalaşdıran renessans dövrünün törə­mə­sidir. Bununla belə XX yüzillik gündəlik, tərcümeyi-hal və xatirələrin ədəbiyyatımızda daha geniş vüsət aldığı bir dönəm­dir. XX əsrin 30-cu illərində Azərbaycan ədəbiyyatının seçilən nümayəndələrindən olan Abdulla Faruqun (1907-1943) «Gün­dəliklər»i [85] bu baxımdan diqqət çəkir. Burada müəllif özü­nün həyatı, yaradıcılığı, ədəbi mühiti haqqında məlumatlar ve­rir. Əlyazması S.Mümtaz adına Ədəbiyyat və İncəsənət arxi­vin­də saxlanılan gündəliklər 1936-cı ilin yanvarından 1942-ci ilin aprelinə qədər fasilələrlə davam edir. Abdulla Faruqun tər­cümeyi-halının, xatirat dəftərinin avtoqrafları isə Nizami Gən­cəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin nadir əlyaz­ma­la­rı fondunda mühafizə olunur. Xatirat dəftərində gündəlik mə­sələlər, M.P.Vaqifin mürəbbelərini oxuyarkən rübai tərzin­də şeir yazması, Y.V.Çəmənzəminli və Ə.Vahid ilə Şamaxıya getmələri haqqında məlumatlar vardır [128, s.30]. Fondda həm­çinin Faruqun atasına məktubları və müxtəlif şəxslərdən  S.Rəhmandan, H.Əlizadədən, S.Rüstəmdən, R.Rzadan və di­gər­lərindən ünvanlanan məktublar da mühafizə olunur ki, bun­lar da A.Faruqun həyat və yaradıcılığının bəzi məqamlarının aydınlaşmasında müəyyən əhəmiyyətə malikdir.

Qeyd edək ki, xalq şairi Mirvarid Dilbazinin xatirələrini əsə­rinə daxil edən yazıçı Anar latın əlifbasının kirillə əvəz edil­məsi ilə bağlı Abdulla Faruq haqqında bunları bildirir. La­tın əlifbasının kiril əlifbası ilə əvəz edilməsi haqqında «səs Ba­kıya çatanda Stalin adını eşidib qorxuya düşənlər bu əlifbanı tə­rifləməyə söz tapdılar, əleyhinə olanlar isə öz cəzalarına çat­dılar. Bu etirazın ilk qurbanı çox istedadlı gənc şair Abdulla Faruq oldu. Onu Yazıçılar İttifaqından xaric etdilər, heç yerdə iş vermədilər, müharibə başlananda ön sıraya döyüşə göndər­di­lər, orada məhv oldu. Abdulla Faruq Rəsul Rzanın qohumu olduğu üçün dərhal Rəsul Rzanı da Yazıçılar İttifaqının sədr­li­yindən çıxartdılar. Abdulla Faruqun bu faciəsi çoxlarına görk oldu» [24, s.266].

İyirmi bir yaşında cəbhəyə getmiş yazıçı-döyüşçü Məm­məd Aranlı da (1920-1950) öz gündəliyində Böyük Vətən mü­ha­ribəsində keçdiyi həyat yolunu təsvir etmişdir. O, «doğma yurdundan ayrılıb çöllərə, meşələrə düşən anaların, körpə uşaq­ların, qocaların çəkdiyi əzabı, faşist cəlladlarının etdiyi vəhşilikləri öz gözü ilə görmüş və dəftərçələrinə köçürmüşdür. «Cəbhə gündəliyi» hərbi təlimlərdə, səngərlərdə, qazmalarda, ön xəttə sursat aparan maşınlarda, arabalarda, qarda, şaxtada yaranmış, qələbə günlərində tamamlanmışdır» [238, s.8]. Gün­dəlikdə müəllifin özü, cəbhə və qələm dostları haqqında ma­raq­lı məlumatlar verilmişdir. Yazıçı Əli Vəliyevin isə cəbhədə yaz­dı­ğı gündəliyi üç ümumi dəftər həcmində idi. Gündəlikdə təsvir olunan olaylar onun «Yarım il Krım cəbhəsində» adlı xatirə­lə­rində əks olunmuşdur. Müharibədən sonra bu mövzuda daha çox xatirələr yazılmışdır. «Lakin o illərin özündə baş vermiş hadisələrlə müvazi yazılan, bir sıra hallarda cəbhənin bağrın­dan doğub meydana çıxan gündəliklər, xatirələr, yol qeydləri və oçerklər orada hər gün, hər saat özünü göstərmiş yenilməz xalq ruhunu gələcək nəsillərə çatdırmaq üçün qiymətli sənəd­lər kimi öz əhəmiyyətini saxlayacaqdır» [183, s.98].

Qeyd edildiyi kimi, Böyük Vətən müharibəsi səngərlərində əsgərlərlə yanaşı yazıçı və jurnalistlərimiz də qələbə uğrunda vuruşmuşlar. Onlar ağır döyüşlərdə bir əlində silah, bir əlində qələm tutmuşlar. Müharibənin od-alovu içərisində neçə-neçə sənət əsəri yaranmışdı. Böyük Vətən müharibəsinin «ilk mər­hə­ləsində çap edilən nəsr əsərlərində janrın şəkli tələblərinə o qədər də riayət olunmurdu. Məsələn, gündəliklər bəzən bir neçə müstəqil xırda hekayə təsiri bağışlayır, xatirələrdə oçerk­çilik, yol qeydlərində xatirə ünsürləri müşahidə edilir, bunların hamısında isə publisistik ricətə güclü meyl hiss olunurdu. La­kin bu əsərləri birləşdirən əsas cəhət onlarda yazıçı müşahi­də­sinin nəticəsi olan həyat materialının zənginliyidir» [183, s.94]. Yazıçı və jurnalistlər əsərlərində döyüşçülərimizi ruh­lan­­dır­mış, faşizmə kəskin nifrət oyatmışlar. Müharibədə bila­va­sitə iştirak edən Ə.Ələkbərzadə, İ.Şıxlı, S.Qədirzadə, H.Ab­baszadə, Z.Cabbarzadə, M.Mürsəlov və başqalarının xatirə­lə­rin­də [45] mübarizə və qələbə ruhu öz əksini tapmış, həyat həqiqəti bütün dolğunluğu ilə təsvir olunmuşdur. A.Zama­no­vun cəbhə oçerkləri «döyüşləri kənardan görən, yalnız eşit­dik­ləri əsasında yazan bir nabələdin yox, cəbhənin sınaqlarını, səngər həyatının üzüntülərini, hücum döyüşünün oyatdığı yük­sək əhval-ruhiyyəni, güllə yarasının ağrısını, dost itkisinin acı­sını şəxsən yaşamış bir zabitin, siyasi işçinin canlı şəhadətidir» [186, s.7].

Xatirələr həyatın ətraflı düşünülərək canlandırılması, gün­də­lik isə həyatın bilavasitə qalığıdır. Gündəliklərdə xırda məi­şət gerçəkliklərindən tutmuş dövrün aktual məsələlərinə qədər qeydlər öz əksini tapır. Gündəlik tərtib edən hər bir şəxs bunu hər şeydən əvvəl özü üçün edir və burada hiss və düşüncələrini daha açıq ifadə edir. Gündəlikdə insan fəaliyyətinin tarixi də­qiqələri əks olunur. Böyük Vətən müharibəsində həlak olmuş şair və yazıçılardan H.Natiq, M.Əlizadə, S.Nazim və başqa­la­rı­­nın, faşizmə qarşı vuruşub müharibədən sonra da yara­dı­cı­lıqla məşğul olmuş Ə.Abasov, B.Qasımzadə, Ə.Əlibəyli, M.Aran­lı, Z.Cabbarzadə, İ.Səfərli və başqalarının həm müha­ri­bə­də göstərdikləri xidmətlər, həm də həyat və fəaliyyətləri ədə­biyyatşünas Rasim Tağıyevin «Xatirələrdə yaşayanlar» [237] kitabında işıqlandırılmışdır. Burada həmçinin tanınmış qələm əhlinin  S.Vəliyev, Q.İlkin, İ.Şıxlı, H.Abbaszadə, B.Bayramov, İ.Tretyakov, S.Qədirzadə, H.Arif, C.Bərgüşad və başqalarının yaradıcılıq yolundan bəhs edilmişdir. Şair və ya­zıçıların öz xatirələri də P.Tağıyevin istinad yeri olmuşdur.



Alman faşistləri qonşu ölkələrdə  İranda fitnə-fəsad ya­rat­­masınlar deyə 1941-ci ildə sovet hərbi qüvvələri İran əra­zi­sinə daxil olmuşdu. Azərbaycandan Təbrizə gedən nümayəndə heyətinin tərkibində bir şox şair və yazıçılarla yanaşı Süley­man Rüstəm də vardı. O, Cənubi Azərbaycandan qayıtdıqdan bir müddət sonra gəzdiyi yerlər, ünsiyyətdə olduğu insanlar haqqında öz xatirələrini yazmış və bu xatirələri şəxsən professor Teymur Əhmədova təqdim etmişdir. Teymur Əhmədov həmin xatirələrin bir neçəsini «Azərbaycan» jurnalında [210, s.164] dərc etdirmişdir. Xatirələrdə Təbrizin gözəlliyi, əhalinin məş­ğu­liyyəti, yoxsulluğu, çəkdiyi əzab və müsibətlər, xatirə müəl­lifinin digər yoldaşlarla birgə fəaliyyəti, bəzi hallarda imkan daxilində xalqın zəif təbəqəsinə etdikləri kömək və digər mə­sələlər öz əksini tapmışdır.

Cənub xatirələri Əli Tudə yaradıcılığında da özünə iz sal­mış­dır. Bu xatirələrdən danışmazdan öncə Əli Tudənin zahiri və daxili aləminin bəzi xarakterik xüsusiyyətlərini əks etdirən yazılara müraciət edək. Çağdaş poeziyamızın ən ünlü təm­sil­çisi Zəlimxan Yaqub xatirələrində Əli Tudə haqqında yaz­mış­dı: «Tədbirlərdə, ədəbi-bədii gecələrdə az-az görünər, belə yer­lərə seyrək gələrdi. Ancaq bizim hər görüşümüz bir aləm olardı. O, Bakının bağlarını, xiyabanlarını çox sevər, ... Bakı­nın Təbrizi xatırladan, ona bənzəyən yerlərində tez-tez görü­nər, söhbətləşər, dərdləşərdik. Təbriz ləhcəsi onsuz da şirindi, ancaq Əli müəllimin şirin, isti, yanğılı danışığı bu ləhcəni bir az da şirinləşdirər, gözəlləşdirərdi. Hərdənbir Bakı küləyi öz işini görüb, onun dümağ, qar kimi yumşaq saçlarını dağıdanda əllərini başına çəkib saçına daraq edərdi. Yumşaq və həlim, sərt və ötkəm danışığı, göyçək, nurani çöhrəsi, abırlı və həyalı təbiəti vardı» [262, s.173]. İndi isə Əli Tudənin özünün xa­tirələrindən bəhs edək. Məlumdur ki, 1946-cı ilin baharında Azərbaycan milli hökuməti İran tarixində ilk dəfə Təbrizdə Döv­lət filarmoniyası açmışdı. İyirmi iki yaşlı Əli Tudə filar­mo­niyaya müdir təyin edilmişdi. Sonralar bu sənət ocağının qısa ömründən kimə söhbət açırdısa, onu bu barədə yazmağa sövq edirdilər. Yaddaşının möhkəm olmağı Əli Tudəni bu işə daha da ruhlandırırdı. Bu haqda müəllif yazır: «Az adam tapı­lar ki, ana təbiət ona xüsusi bir məziyyət bəxş etməsin. Mənə isə möhkəm yaddaş vermişdir. Beş yaşımdan bəri istər həya­tımda, istərsə də ətrafımda cərəyan etmiş mühüm hadisələrin, demək olar ki, əksəriyyəti yadımdadır. Sanki bu hadisələr dü­nən deyil, bu gün baş vermişdir. Bu hadisələrin, əhvalatların, xatirələrin uzun illərdən bəri zehnimdə iz salmış əlvan naxış­ları pozulmamışdır. Bu naxışlar sakit otaqda yalnız qalanda, tək-tənha uzaq yol gedəndə, ömür haqqında düşünəndə dil açıb mənimlə danışmağa başlayır...» [245, s.152]. 1983-cü ildə qə­lə­mə alınmış bu xatirələrdə memuarist o dövrün bir sıra mü­hüm ictimai-siyasi, ədəbi hadisələrindən, özünün ömrü  ta­leyi, eləcə də milli hökumətin mübarizələrlə dolu bir illik hə­yatından bəhs etmişdir. Xalq möhtəşəm bir sənət sarayı olan filarmoniyanın geniş səhnəsində özünün yaratmış olduğu qə­dim və zəngin mədəniyyət nümunələrinə dönə-dönə baxırdı. Lakin şah sərbazları sarayı uçurub dağıtdılar. Sarayı ucal­dan­la­rın bəziləri zindana salındılar, bəziləri sürgün edildilər, bə­zi­ləri də vətəndən didərgin düşdülər. Dörd ay yaşayan Təbriz fi­larmoniyasının ömrü bələkdə boğulmuş və bu sənət ocağının alovunun bugünkü nəslə çatması, gələcək nəsillərə yadigar qal­ması üçün Əli Tudə «Bələkdə boğulmuş səadət» adlı xati­rə­lərini qələmə almışdır. Bu xatirələr daha geniş şəkildə kitab halında dərc olunmuşdur. Kitabda Cənubi Azərbaycanda məş­hur inqilabçı, ictimai dövlət xadimi Seyid Cəfər Pişəvərinin (1892-1947) başçılığı ilə 1946-cı ildə Azərbaycan milli höku­mətinin yaradılmasından, xalqın böyük ruh yüksəkliyi ilə yeni həyata qədəm qoymasından, mədəniyyət ocaqlarının açılma­sın­­dan və onların geniş fəaliyyətindən bəhs edilir. Qeyd olun­malıdır ki, Seyid Cəfər Pişəvərinin özünün xatirələrində Azər­baycanda başlanan azadlıq mübarizəsinin geniş vüsət alma­sın­dan və bu mübarizəyə qarşı çıxan dövlət məmurlarının törət­dikləri cinayətlərdən ətraflı bəhs edilmişdir. Azərbaycanda baş verən milli-azadlıq hərəkatı, xalqın bu hərəkatı müdafiə etməsi və bu yolda çoxlu qurbanlar verməsi xatirələrin əsas məğzini təşkil edir. Azərbaycan xalqının azadlıq mübarizəsinin əksi olan bu əsər tarixi baxımdan çox əhəmiyyətlidir. Lakin bir mə­qamı qeyd etmək lazımdır ki, memuar nümunələrinə xas olan cəhətlər burada açıq-aydın nəzərə çarpmır. Müəllifin hiss və düşüncələrinə, şəxsi həyatına, ömür yoluna bu əsərdə az yer verilmişdir. Yalnız həyatının 1941-1945-ci illəri əhatə edən döv­­rü tarixi, siyasi hadisələr fonunda təsvir edilmiş, me­mua­ristin müxtəlif təşkilatlara münasibəti, ən əsası ictimai-siyasi fəaliyyəti işıqlandırılmışdır. Seyid Cəfər Pişəvərinin bir şəx­siy­yət, bir inqilabçı kimi xarakterik xüsusiyyətlərini şair Haşım Tərlan «21 Azər – Pişəvəri» poemasında məharətlə can­landırmışdır.

Sən anadan olan gündən,

İnqilabçı yarandın sən.

Üsyan etdin qaranlığa,

Düşmən oldun fironluğa.

Hər tərəfdə sitəm gördün,

Zülm əlindən matəm gördün.

Getdin xalqın köməyinə,

Çarə etdin diləyinə.

Qələm çaldın sola-sağa,

Şahlar düşdü əl-ayağa.

Süngü oldun dar gözlərə

Salam dedin gündüzlərə.

Ellər gəldi sorağına

Göz dikdilər bayrağına [204, s.378].

Yalnız Azərbaycanın və İranın deyil, Şərqin böyük şairi olan Məhəmmədhüseyn Şəhriyar isə memuar yazmasa da «Heydərbabaya salam» və «Gecənin əfsanəsi» poemalarını uşaqlıq və gənclik xatirələrinin təsiri ilə qələmə almışdır. «Şəhriyarın həyatının, gənclik illərinin necə keçdiyini dərin­dən öyrənməkdə bu iki əsərin xüsusi əhəmiyyəti vardır. O, bu poemalarda uşaqlıq, gənclik dövründə görüb duyduğu təbii mən­zərələr və lövhələrdən söz açır, uşaqlıq xatirələrini açıq və do­layısı ilə əks etdirir. Hər iki poemada şairin təsvir etdiyi kənd həyatı, adət və ənənələr, deyimlər, təbiət mənzərələri, toy-düyün, bayram mərasimləri, hamısı şairin uşaqlıq döv­rün­dən zehnində qalmış, onun yenidən canlandırdığı lövhələr və mənzərələrdir» [42, s.20].

Heydərbaba, qarlı dağlar aşanda

Gecə karvan yolun azıb, çaşanda,

Mən hardasam, Tehranda, ya Kaşanda,

Uzaqlardan gözüm seçər onları

Xəyal gəlib, aşıb keçər onları [231, s.18].
Bu məktəbdə şeirin şəhdin dadmışam,

Axundun ağzından qapıb udmuşam,

Gahdan da bir axundu allatmışam,

-Başım ağrır, - deyib, qaçıb getmişəm,

Baxçalarda gedib gözdən itmişəm [231, s.23].

Şəhriyarın qələmə aldığı digər şeirlərdə də həyatının müx­tə­lif anları əks olunmuş, duyğu və düşüncələri təsvir edil­miş­dir. Şairin yaradıcılığını tədqiq edən Hökumə Bülluri onun hər bir şeirinin özünün tərcümeyi-halı ilə bağlı bir həyat hadisəsi kimi dəyərləndirir. Maddi cəhətdən sıxıntı çəkdiyini əks etdirən «Yata bilməyirəm» şeiri, «insan həyatının, bir şair öm­rünün real tablosunu» canlandıran «Ömrün bölünməsi» şeiri bu baxımdan əhəmiyyətlidir. Şəhriyarın şəxsi keyfiy­yət­lə­rini qızı Şəhrizad xatirələrində işıqlandırmışdır. O yazır ki, «Şəh­riyar övladlarını çox sevər, əzizlər, onlarla məşğul ol­maq­dan və yaşlarına uyğun söhbətləşmələrdən böyük zövq alardı. Həssas və mehriban, səxavətli, dərdəqalan bir insan olan atam kiçik bacım Məryəmə «Heydərbaba» vəznində bir şeir qoş­muş­du» [235, s.36].

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə