HƏQİQƏTİ baki – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu naiLƏ SƏMƏdova insan, zaman və HƏyat




Yüklə 1.11 Mb.
səhifə4/11
tarix22.02.2016
ölçüsü1.11 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

XATİRƏLƏR VƏ MÜƏLLİF

ŞƏXSİYYƏTİ
Müəllif şəxsiyyəti xatirə, gündəlik və səyahətnamələrdə önəm­li mövqeyə malikdir. Müəllif hadisələrə real qəhrəmanın gözü ilə deyil, bilavasitə özü baxır, müşahidə aparır, çox vaxt hadisələrin iştirakçısı olur, müəyyən məsələlərlə bağlı hiss və həyəcanlarını, fikir və düşüncələrini bildirir. Şübhəsiz, şüur qəbul olunan məlumatın hamısını işləyə bilməz. Onun bir his­səsi şüurda qalır, müəyyən vaxt keçdikdən sonra insan həmin olayları dərk edir və onları öz həqiqi halında görür. Belə ki, müa­sirlərin görmədikləri zaman keçdikcə açılır, əvvəlki mə­lumatların təhlili qarşılıqlı əlaqələrin assosiasiyasını yaradır.

Hər bir yazıçını, şairi bir sənətkar kimi onun əsərlərindən ta­nımaq olar. Lakin bir insan kimi, bir şəxsiyyət kimi haqqında ya­zılan xatirələrdən öyrənmək mümkündür. Bu cəhətdən xa­ti­rələrin xüsusi önəmi vardır. Xatirələrdə uydurma olmayanda və onlarda həqiqət ifadə olunanda əvəzsiz mənbəyə çevrilir. Ey­ni zamanda «sənətkarı (və ya böyük adamı) yetişdirən mad­di və mənəvi çevrə içində araşdıran, özünü və əsərlərini bir toplu nəticələrə bağlayan bioqrafiya əsərləri tarixin, ədəbiyyat tarixinin və tənqidin önəmli yardımçılarıdır. Bundan başqa gör­kəmli simaların həyatlarının hamı tərəfindən oxunması di­gər ibrətlərlə doludur» [272, s.528].

Artıq XX yüzilliyin əvvəllərində xatirələrə maraq artır, cə­miyyətdə, ədəbiyyatda mövqeyi olan bir çox insanlar ya öz ömür yolları və ya tanınmış, görkəmli şəxsiyyətlər haqqında xa­tirələr yazırlar. Bu qəbildən Mirzə Ələkbər Sabir (1868-1911) haqqında yazılan xatirələri xüsusi qeyd etmək lazımdır. Bö­yük şair haqqında C.Məmmədquluzadə, Ə.Nəzmi, H.Nə­zər­li, S.Mümtaz, H.Məmmədquluzadə, S.Hüseyn, Ə.Müznib, S.M.Qə­nizadə, C.Cəbrayılbəyli, H.İ.Qasımov, A.Səhhət, Ə.Ra­zi, Q.Qantemir, Ə.Şərif, M.Ə.Sidqi, M.Mərdanov və başqaları xatirələr yazmışlar. S.Hüseynin xatirəsi onun hekayələri kimi son dərəcə maraqlıdır. Burada Sabirin babasından, atasından və özünün həyatından söhbət gedir. S.M.Qənizadənin də M.Ə.Sabir [141, s.259] haqqında, eləcə də aktyor H.Ərəblinski [141, s.253] haqqında xatirələri vardır. Bu əsərlərdə sözügedən şəxslərin xarakteri və fəaliyyətlərinin bəzi məqamları işıqlan­dı­rılır. Qənizadə və Sabir məktəbdə bir yerdə oxuyurdular. Sa­bir az danışardı, yoldaşlarından ayrı gəzərdi. Xırda vərəqlərdə nə isə yazar və yazdıqlarını heç kəsə göstərməzdi. Yazdıqları isə kiçik şeirlər idi.

H.Nəzərli Şamaxıda təsis edilmiş «Ümid» adlı üsuli-cədid məktəbində oxuyarkən M.Ə.Sabir ona dərs demişdi. Xatirə mü­əllifi bu böyük şəxsiyyətin həm zahiri görünüşünü, həm də daxili aləmini işıqlandırmağa çalışmışdır: «Sabir bir az arıq, uzunsifətli, dərin, oynaq və parlaqgözlü, ortaboylu, qaraxətli mü­səlman kişisi idi. Əvvəllər ayağına topdaban başmaq, əy­ninə qara mahuddan büzməli Şirvan çuxası, altından bir az uzun ikidöşlü arxalıq geyərdi. Başına isə qışda dəridən, yayda mahuddan əmiri papaq qoyardı. O, sinfə girərkən çox qaş­qa­baqlı görünürdü. Əvvəllər onun qaşqabağı nə mənim, nə də yol­daşlarımın xoşuna gələrdi. Biz köhnə üsul məktəbində fa­laq­qa və çubuq görmüşdük. Bir qüsur etdikdə bu cəza adət­lə­rini bir qanun olaraq qəbul edirdik. Sabirdə isə falaqqa və çu­buqlardan azad olduq, fəqət sevinmədik. Səbəb? Çünki Sabir bizi təsirli sözlərlə danlayırdı...O, bir şeydən mütəəssir olduq­da gözləri alov saçır və geniş alnında göy damarlar zahir olur­du» [214, s.23].

Ə.Müznib xatirələrində «Hophop» imzası ilə əlaqədar bun­ları bildirir: «Hophop» imzası məni çox maraqlandırırdı. Nə mü­nasibətlə böylə bir imzanı qəbul etməsini bilmək istə­yir­dim. Bir gün Sabir haqqında Mirzə Cəlil ilə etdiyim söhbət əs­nasında Hophopun qəribə bir imza olduğunu heyrətlə söy­lə­dim, Mirzə Cəlil isə:

 «Hophop» imzasını Sabir özü qəbul etməmiş, o imzanı biz ona vermişik. Sabir idarəmizə gətirdiyi mənzuməyə imza qoy­mazdı. Birinci nəzmini gətirib verdikdə heç özünü gör­mə­dik, ikinci nəzmini idarəyə verib getdikdə arxasınca baxdıq, gör­dük çox yeyin və hoppana-hoppana gedir, o münasibətlə də biz ona «Hophop» imzasını verdik və özünü də sonralar «Molla Nəs­rəddin»ə «Qızdırmalı» imzası ilə nəzmlər yazan Həbib Zey­nalovun mağazasında tanıdıq» [214, s.62]. Ə.Müznib xa­tirə­lərində M.Ə.Sabirin «Təzə həyat», «Bəhlul», «Zənbur», «Həqiqət», «Səda» və s. qəzet, məcmuələrdəki fəaliyyətindən, burada nəşr etdirdiyi şeirlərdən, həmçinin «Hophopnamə»nin ilk nəşrindən söhbət açır.

Aktyor H.Abasov bir müddət Balaxanıda «Nəşri-maarif» cə­miyyətinin məktəbində M.Ə.Sabirlə birlikdə müəllimlik et­mişdir. Həyatında baş verən hadisələrin çoxu yadında qalmasa da, Sabiri, onunla birlikdə müəllimlik etdiyi günlərini, yarım əsrdən artıq vaxt keçməsinə baxmayaraq, yaxşı xatırladığını bil­dirir və onu cəsarətli bir şəxs kimi xarakterizə edir: «Böyük şair olan Sabir cəsarətli bir şəxs idi. O zaman kənddə Sabir haq­qında ağzını büzənlər, onu sevməyənlər də var idi. Ay­dın­dır ki, onlar Sabirin satira hədəfləri olan mürtəcelər idi. Sabirin kənd camaatı arasında böyük hörməti olduğuna görə mürtə­celər zahirdə çəkinir, gizli hədə-qorxulara əl atırdılar. Belə bir əh­valat yadıma gəlir. 1910-cu il oktyabrın axırlarında mür­tə­celər Sabirə imzasız bir məktub yazmışdılar. Onlar Sabiri hə­dələyirdilər ki, ayın axırına kimi öz xoşu ilə kənddən çıxıb getsin, əks təqdirdə ailəsi başsız qalacaqdır.

Düzü ki, o zaman biz müəllimlər bu məktubdan sonra təş­vişə düşdük. Sabir isə məktubu soyuqqanlılıqla qarşıladı və köhnə qayda ilə öz işlərini davam etdirdi. O zaman biz Sabirlə ikimiz bir otaqda yaşayırdıq. Ay başa çatanda bir gün axşam o mənə belə dedi:

 Hacağa, ay qurtardı, ancaq həriflərdən bir xəbər çıx­madı» [214, s.130].

H.Abasov xatirələrində Sabirin bir şeiri ilə əlaqədar bun­ları bildirir: Bakı varlılarından Hacı Hacağanın bir gözünə ağ ləkə düşmüşdü. O, Bayılda yaşayan göz həkiminin yanına ge­dir. Həkim onun gözünü iki aya qədər sağaltmağı söz verir. Bunun üçün 150 manat zəhmət haqqı istəyir. Hacı bu sözü eşit­dikdə hirslənib deyir:

 Siz dəli olubsunuz, nədir? Bir göz üçün də 150 manat vermək olar? Mən razıyam 150 manat siz mənə verin, o biri gözümə də ağ ləkə salın.

H.Abasov bu əhvalatı Sabirə danışır. O isə gülümsəyərək deyir:

 Hacağa, şair evi yıxılmış özündən uydurmayıb:

Nuri-çeşmanımmısan, ey pul,

ya canımmısan?

Qismətim, namusum, irzim, qeyrətim,

qanımmısan?

Hörmətim, fəxrim, cəlalım, şövkətim,

şanımmısan?

Müshəfim, Məkkəm, Mədinəm, qibləm,

ərkanımmısan?

Məzhəbim, dinimmi, ayinimmi,

imanımmısan?

Ədəbiyyatşünas A.Bayramoğlu M.Ə.Sabirin elmi tərcü­meyi-halını tərtib edərkən A.Səhhət, S.M.Qənizadə, S.Hüseyn tərəfindən yazılan məqalə və xatirələrdən, şairin avtobioqrafik əsərlərindən, Qafqaz həyatına və Şamaxının ümumi vəziy­yə­tinə dair mövcüd yazılardan yararlanmışdı. Bunlarla yanaşı araş­dırıcı 1903-1911-ci illərdə nəşr olunan dövri mətbuatdan, A.Şaiq, C.Cəbrayılbəyli, M.Mərdanov və digər ədəbiyyat və mədəniyyət xadimlərinin xatirələrindən istifadə edərək böyük şairin həyat və yaradıcılıq yolunu elmi əsaslarla izləmişdir. M.Ə.Sa­birin ömür yolunun işıqlandırılmasında avtobioqrafik sə­ciyyəli şeirlərinin də müəyyən əhəmiyyəti olmuşdur. Sabir­şü­naslığın və Səhhətşünaslığın bəzi qaranlıq və mübahisəli mə­sələlərini işıqlandırmaqda tədqiqatçı-ədəbiyyatşünas Sal­man Mümtazın bu şəxslər haqqında xatirələri daha çox diqqət çəkir. Sabir və Səhhətlə dostluq əlaqələrində olan Mümtaz bu şəxslər haqqında yazdığı xatirələrində Sabirin qeyri-mətbu şeirlərinin aqibəti haqqında bunları bildirir: «Tiflisdə Səhhətlə etdiyimiz söhbətlərdən biri, həm də ən ümdəsi Sabirin Səhhətə vermiş olduğu qeyri-mətbu şeirlərinin divana salınmaq məsə­ləsi idi. Sabir vəfatına bir gün qalmış Səhhətə ağzı bağlı bir pa­ket içində bir neçə şeir verərək, lakin vəfatından yalnız on il sonra açılıb nəşr edilməsini tapşırmışdı və ona qəliz andlar verərək vəsiyyətinə əməl edəcəyinə söz almışdı. Mən nə qədər səy etdimsə Səhhət sözündən dönmədi, «bu mənim tərəfimdən Sabirə qarşı xəyanət olar»  dedi. 1913-cü ildən sonra daha Səhhət ilə görüşə bilmədim. O şeirlər Səhhətdə qaldı. Səhhətin qeyri-mətbu əsərləri «Səyavuş», «Volqa səyahətnaməsi», «Əli və Aişə» romanı, «Demon» tərcüməsi və s. ibarətdir. Güman edirəm ki, bu əsərlər Səhhətin Şamaxıdakı evində və yainki Qalabazardakı qohumlarında qalmışdı. Xülasə, Səhhətin əsər­ləri harada isə Sabirin qeyri-mətbu şeiri də orada olmalıdır. Bunları axtarmaq və axtarmaq lazımdır» [173, s.441].

Araşdırıcılar M.Ə.Sabirin həyatından bəhs edərkən əsasən A.Səhhətin böyük şairə həsr etdiyi «Tərcümeyi-hal» kita­bın­dan [221] yararlanmışlar. Ə.Mirəhmədovun «Sabir» monoq­ra­fiyası da [167] bu qəbildəndir.

Əksər hallarda tərcümeyi-hallar da xatirələr kimi sifarişlə yazılır. Məsələn, XİX əsrin sonları  XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında və ictimai-siyasi fikir tarixində önəm­li yer tutan Mirzə Əbdürrəhim Talıbov (1834-1911) tər­cümeyi-halını Firidun bəy Köçərlinin sifarişi ilə yazmış və «mək­tubunda bildirmişdir ki, Firidun bəy onun yazdığını ar­tırıb-əskiltmədən öz məcmuəsində dərc etdirsin. Firidun bəy məqaləsində Talıbovun yazdığı məktubu olduğu kimi vermiş, yalnız ədibin harada və nə vaxt anadan olduğunu, hazırda ha­rada və nə işlə məşğul olması, habelə yazdığı əsərlərin adlarını göstərmişdir» [160, s.52]. «Səda» qəzetinin redaktoru Haşım bəy Vəzirov M.Ə.Talıbov haqqında qəzetin 1911-ci il 6 mart tarixli sayında dərc etdirdiyi məqaləsində ədəbin tərcümeyi-ha­lını şərh etmişdir. Hələ qəzetin 28 fevral 1911-ci il tarixli 48-ci sayında nəşr olunmuş məqalədə «Vəzirov ədibə yüksək qiymət vermişdir. O, Talıbov haqqında bəzi xatirələr nəql edir, iki il əvvəl onun evində gördüyü misilsiz qonaqpərvərlikdən da­nışır» [160, s.23].

Daha öncə qeyd etdiyimiz kimi, orta əsr müəllifləri xati­rə­lər, tərcümeyi-hallar, həyat və yaradıcılıqlarını tam əks etdirən əsərlər yazmamışlar. Onların həyat və fəaliyyətləri haqqında müasirlərinin əsərlərinə, müxtəlif qaynaqlara, təzkirələrə isti­na­dən, ən əsası da müəlliflərin bilavasitə öz əsərlərinin elmi şəkildə tədqiqi əsasında fikir söylənilmişdir. Bu ənənə sonralar da davam və inkişaf etdirilmişdir. Belə ki, tərcümeyi-halına dair bir sıra faktların əsərlərinə əsasən açılmasına mol­lanəs­rəd­dinçi şair Bayraməli Abbaszadənin də (1869-1926) yaradıcılı­ğın­da müşahidə etmək olar. Belə ki, tədqiqatçı Asif Rüstəmli B.Abbaszadəyə həsr etdiyi monoqrafiyasında şairin ömür yo­lu­nu əsasən əsərlərinə istinad edərək canlandırır. A.Rüstəmli haqlı olaraq yazır: «Çox zaman onun düçar olduğu məh­ru­miy­yətlər şeir və məqalələrinin mövzusuna çevrilir, həyat həqiqət­lərini realist qələmlə təsvir edirdi. Həyatının son illərinin bir anını qələmə almış şairin güzəranını olduğu kimi təsəvvür et­mək üçün onun «Rövzə» adlı xatirəsi fikrimizcə kifayət qədər maraqlı material verir» [209, s.26]. «Hambal» imzası ilə «Mol­la Nəsrəddin» jurnalının 1925-ci il, 17 yanvar (№ 3) sa­yında dərc olunmuş xatirədə sovet dövründə sadə zəhmət ada­mının acınacaqlı durumu bütün çılpaqlığı ilə əks olunmuşdur. B.Ab­baszadənin hazırcavab şair olması, bədahətən satirik şeir­lər deməsi, Bakının o zamanki ədəbi-ictimai həyatı ilə qayna­yıb-qarışması Süleyman Rüstəmin xatirələrinə əsasən təsdiq­lənir. Araşdırıcı bu mənbədən də istifadə etməklə şairin tər­cü­meyi-halının daha dolğun təsvir olunmasına müvəffəq olmuş­dur.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun saxlancın­da Abbas Səhhət (1874-1918) və Məhəmməd Hadi (1879-1920) haqqında xatirələr mühafizə olunur. Xatirələrin müəllifi ərəb və fars dillərini mükəmməl bilən savadlı müəllimlərdən olan Əbülqasım Əminzadədir. Əlyazması şəklində olan bu av­toqraf nüsxələr transfoneliterasiya edilib 2008-ci ildə nəşr edil­mişdir. A.Səhhət haqqında yazılan tədqiqatlarda sözügedən xa­tirələrdən bəhs olunmamışdır. Halbuki A.Səhhətin və onun­la yaxın münasibətdə olan müasirlərinin həyatının bəzi mə­qam­larının aydınlaşmasında bu xatirələr xeyli önəmlidir.

A.Səhhət irsinin araşdırıcıları onun gəncliyi və təhsil illəri haqqında məlumatın azlığından gileylənirlər. «A.Səhhətin gənc­liyi və təhsil illəri haqda əldə olan məlumat çox az və du­manlıdır. O zamankı Şamaxı mühitində şairin mənəvi inkişafı, təhsili, ilk yaradıcılığı kimi məsələlərlə maraqlanan olmadı­ğın­dan bunlar haqqında heç bir iz qalmamışdır. Şairin İranda ke­çirdiyi illər onun tərcümeyi-halının ən dumanlı dövrüdür. Bu haqda əldə yazılı bir mənbə olmadığı kimi xatirələr də çox az məlumat verir» [239, s.9]. Əminzadənin xatirələri Səhhətin İranda keçirdiyi illərə aydınlıq gətirən ən səhih qaynaq sayıla bilər. Əsərə əsasən məlum olur ki, Xorasanda mədrəsədə təhsil alan şair digər tələbələrdən öz çalışqanlığı ilə seçilirdi. Bir il­dən sonra Səhhət Xorasandan Tehrana gəlir. Burada atasının Hacı Əli adlı dostunu axtarıb tapır. Bu şəxs vaxtilə Şamaxıdan Tehrana ticarət məqsədilə gedib varlı və nüfuzlu bir şəxs kimi tanınmışdır. Səhhət onun vasitəsilə həkim Əbdülbaqi ilə tanış olur. Həkim Əbdülbaqi də onu oğlu Xəlil ilə görüşdürür. İste­dadlı bir həkim olan Xəlil «Nasiriyyə» məktəbində müəllim kimi çalışırdı. O, Səhhətə məsləhət görür ki, əvvəlcə fransız di­lini öyrənsin, çünki bu dili öyrənmədən həmin məktəbdə tibb təhsili almaq mümkün deyil. Araşdırmalarda Səhhətin fransız dilini öyrənməsi onun Şamaxı realni məktəbinin direktoruna göndərdiyi ərizə əsasında təsdiqlənir [239, s.9]. Əminzadənin xatirələrində isə bu barədə daha geniş məlumatlar vardır. A.Səh­hət təhsili ilə bağlı dostu Əminzadəyə bunları deyirdi: doktor Xəlil «məni aparıb firəng missionerlərinə tapşırdı. Ora­da mən 10 ay fransızca oxudum. Mən fransızcanı tələbələrin cümləsindən yaxşı bilirdim. Hətta bir gün tələbələr məndən çox sual etdilər. Cümləsinə cavab verdim... Nə isə missioner mək­təbində fransızca öyrənib tibb məktəbinə daxil oldum. Bu­ranı da əla dərəcədə bitirdim» [117, s.39].

A.Səhhət doktor Xəlilin məsləhəti ilə Şirazdan gəlmiş xa­nın həkimi olur və onunla birlikdə Şiraza gedir. Orada olduğu müddətdə xeyli şöhrətlənir. Akademik K.Talıbzadə yazır ki, «Bir ilə yaxın xanın sarayında həkimlik edən Səhhət xanla onun ara­sında baş verən bir tibbi mübahisə nəticəsində döydürülür. Nadan və cahil xandan öz xidmətinin «mükafatını» alan, təhqir olunmuş gənc həkim artıq orada qala bilməyib, 1901-ci ildə və­təni Şamaxıya qayıtmalı olur» [239, s.11].

Ə.Əminzadənin xatirələrində məsələ tamamilə başqa şəkil­də izah edilir. Səhhət dostuna bunları söyləyir: «...bağda gül­lə­rə tamaşa edə-edə gəzirdim. Bir neçə qız da bir tərəfdə gəz­ir­di­lər. Bunlardan birisi əlində böyük bir gül gətirib yaxama sanc­dı və Sədinin şeirin oxudu...Xan isə nökərlərin çağırıb mənim ayaq­larımı falaqqaya saldırdı və ayaqlarıma bir neçə çubuq vur­durdu. Xanı belə görəndən sonra Şirazdan çıxıb Şamaxıya gəlməyi qət etdim» [117, s.41].

A.Səhhət özünü böyük tutub başqalarına yuxarıdan baxan­lara, əlini, ayağını öpdürən axund və şeyxlərə nifrət etsə də mil­ləti elmə, maarifə çağıran, xalqın qeydinə qalan ağıllı, mə­lumatlı, axund və mollaları dəyərləndirirdi. O, dövlətə, sərvətə de­yil, dövlətli olub pulunu elm və maarif yolunda sərf etmə­yən­lərə, bütün fikri və düşüncəsini var-dövlətini artırmağa ça­lışanlara, fəqir və məzlumlara kömək etməyənlərə nifrət edir­di. Səhhət həmişə xalqının ziyalı, mədəni və varlı olmasını is­təyirdi. Dostu Sabir də millətin xoşbəxt olmasına çalışırdı. Lakin o, varlıların insafa gəlib məzlumları bir insan hesab et­məyə, varlı ilə mədəni bir cəmiyyət qurulmağına qətiyyən inan­mırdı. Səhhət və Sabirin yolları bu cəhətdən bir-birindən ayrılırdı və Əminzadənin xatirələrinə əsasən, «seyrdə və yı­ğın­cağımızda mübahisələri olardı, mübahisəsiz keçməzdi... Am­ma heç vaxt belə mübahisə könül pozğunluğuna və ziddiyyətə səbəb olmazdı» [117, s.57].

A.Səhhətlə M.Ə.Sabir səmimi dost idilər. Bir-birini çox se­vər, bir-birinin qayğısına qalardılar. Əksər hallarda onların yaradıcılığı qarşılıqlı şəkildə öyrənilmişdir. Akademik A.Zama­no­vun «Səhhət və Sabir» [267] məqaləsində də Səhhətin Sabirlə dostluğu, Sabir irsinin nəşri və öyrənilməsində Səhhətin mü­hüm xidmətləri işıqlandırılmışdır. Sabir əsərlərinin ilk naşiri və ilk tədqiqatçısı da A.Səhhət olmuşdur. Müxtəlif elmi və mo­noqrafik əsərlərdə Ağali bəy Nasehin, Məhəmməd Tər­rə­hın, ən əsası isə Sabirin Səhhətlə dostluq münasibətlərindən danışılsa da, bəzi xatirələrdən istifadə edilsə də, bunların sı­ra­sında Ə.Əminzadənin Səhhət haqqında xatirələrindən bəhs edil­mir. Halbuki, A.Səhhətin şəxsi həyatının bir çox məqam­la­rının öyrənilməsində bu xatirələr önəmli qaynaqlardan sayıla bi­lər. Bu fikirlər Məhəmməd Hadiyə də şamil edilə bilər. Onun həyat və yaradıcılığı haqqında yazılan tədqiqat əsərlə­rində əsaslı şəkildə öyrənilmişdir. Bu araşdırmalarda müxtəlif xatirələrdən, eləcə də Hadinin özünün xatirələrindən istifadə edilsə də Ə.Əminzadənin Hadi haqqında yazdığı xatirələrinin adı çəkilməmişdir. İlk öncə qeyd ediməlidir ki, Hadinin tərcü­meyi-halının öyrənilməsində öz xatirələrinin, həmçinin mək­tub­larının mühüm əhəmiyyəti vardır. Bu xatirələrdə o, uşaqlıq illərindən, valideyn və müəllimlərindən söhbət açır. «Tələbəlik xatiratından», «Dəftəri-həyatımdan bir vərəq yaxud xatirati-sə­bavət», «Əsri-təcəddüd və iki qüvvə» əsərləri bunlara misaldır. «Təsviri-məhəbbət yaxud vərəqi-eşqü məvəddət», «Səadəti-zailə», «Məsləkim, nədir o?» əsərlərində Hadi öz uğursuz mə­həbbətindən danışmışdır. 1908-ci ildə M.Hadi «Beşikdən mə­zara qədər bəşərin əhvalı» adlı fəlsəfi poemasını yazmışdı. «Əsərin bir çox parçaları avtobioqrafik mahiyyətdə olub, poe­ma müəllifinin uşaqlıq və gənclik illərini canlandırırdı (maddi sıxıntı içində böyümə, yardım üçün daşürəkli bir dövlətliyə mü­raciət, təhsilin yarımçıq qalması və h.b.). Lakin qüvvətli bə­dii və fəlsəfi ümumiləşdirmə yolu ilə yazılmış bu poema ya­rımçıq qalmış olsa da avtobioqrafik əsər çərçivəsindən xeyli kə­nara çıxmışdır» [166, s.94]. Ədəbiyyatşünas Məsud Əlioğlu çox haqlı olaraq qeyd etmişdir ki, «M.Hadinin şəxsi həyatı ilə birgə yaradıcılıq taleyi  istedadı da aramsız faciələrə məruz qalmışdır. Mənəvi sıxıntı və ruhi məhrumiyyətlər, həyata atıl­dığı ilk günündən şairin şəxsiyyətini əzib incidən amillər kimi, onun şeirlərinin ruhuna, yaradıcılıq həyatının fikir-məna qay­naq­larına da, bədbinliyin ağır və boğucu havasını gətirmişdir» [77, s.155].

Diqqəti Ə.Əminzadənin M.Hadi haqqında xatirələrinə yö­nəldərək nəzərə çatdırmaq lazımdır ki, bu böyük şairdən bəhs edən araşdırmalarda A.Şaiqin, Ə.Nəzminin, C.Cəbrayılbəy­li­nin xatirələri əsas götürülsə də, Əminzadənin sözügedən əsə­rin­dən istifadə edilməmişdir. Halbuki burada M.Hadinin həya­tında baş verən bir çox maraqlı olaylar təsvir edilmişdir. Xa­tirələrdə M.Hadinin uşaqlıq illəri, mühərrirlik fəaliyyəti, «Hə­yat», «Bürhani-tərəqqi» qəzetlərində mənzum və mənsur əsər­lər, məqalələrlə çıxış etməsi, Tiflisə ilk səfəri, 1903-cü ildə Kür­dəmirdə məktəb açması, Kürdəmir məscidi hücrələrinin bi­rində həm yaşayıb, həm də dərs deməsi, A.Səhhət, M.Ə.Sabir, S.Ə.Şirvani ilə əlaqəsi və bir çox məsələlər öz əksini tap­mışdır. Bunlardan əlavə xatirələrdə M.Hadinin İstanbula sə­fəri, qadın azadlığı mövzusunda qəzetlərin birində çıxış etdiyi üçün Salonikiyə sürgün edilməsi, orada vəziyyətinin ağırlığı, hətta hamballıq etməsi, yunan polisinin onu türk casusu hesab edərək həbs etməsi, azad olduqdan sonra Odessadan keçərək Bakıya gəlməsi təsvir olunmuşdur. Hadinin İstanbul həyatı, tə­qib və sürgün olunması, Bakıya qayıtması haqqında A.Şaiqin, Ə.Nəzminin xatirələrində məlumat verilmişdir. Odessada ke­çirdiyi günlər isə heç bir mənbədə qeyd olunmasa da Ə.Əmin­zadənin xatirələrində hərtərəfli işıqlandırılmışdır.

Məhəmməd Hadinin həyat və yaradıcılığının tədqiqində xatirələrin əhəmiyyəti özəlliklə vurğulanmalıdır. Belə ki, araşdırıcı İslam Qəribli şairin «İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah» poemasının tədqiqinə həsr olunmuş monoqrafiyasında «XX əs­rin ikinci ongünlüyünün dövri nəşrlərinə, rəsmi sənədlərinə, şairin əhatəsində olduğu adamların məktub və xatirələrinə is­tinad etməklə «Əlvahi-intibah»ın öyrənilməsinin səviyyəsi və də­rəcəsi haqqında fikirləri ümumiləşdirir. Bütün bunlar mü­əl­lifə Hadi həyatının Birinci Dünya müharibəsi illəri ilə bağlı bir sıra qaranlıq nöqtələrini, xüsusilə poemanın ithaf olunduğu həkimin  Qara bəy Qarabəylinin şəxsiyyəti ilə əlaqədar mə­sələni aydınlaşdırmağa imkan vermişdir» [142, s.II].

XX əsr Azərbaycan ədəbiyyatının maraqlı şəxsiyyət­lərin­dən biri də Əlabbas Müznibdir (1883-1938). Onun AMEA M.Fü­zuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi fondunda müxtəlif sənədlər  qəzəllər, qitələr, mənzumələr, mən­zum felyetonlar, satirik şeirlər, müxtəlif şəxslərin ona yaz­dığı məktublar, tarixi materiallar və s. ilə yanaşı tərcümeyi-hal və xatirələri də saxlanılır. Ədibin memuar irsi onun uşaqlığı, ata-anası, yaradıcılığı, həyatında baş verən bəzi məqamlar haq­qında dəyərli bilgilər verir. Bu cəhətdən xatirələrin üstünlüyü və digər sənət növlərindən fərqi odur ki, burada müəllif şəx­siy­yəti özünün hiss və həyəcanları, arzu və istəkləri ilə ön plan­da verilir.

Əlabbas Müznibin arxivində bir neçə kiçik həcmli tər­cü­meyi-hal materialları vardır. Azərbaycan dilində ərəb əlifbası ilə yazılmış, avtoqraf olan bir səhifəlik tərcümeyi-halın əvvəli naqisdir. Azərbaycan dilində ərəb əlifbası ilə yazılmış digər av­toqraf tərcümeyi-hal iki vərəqdən ibarətdir. Sadə qələmlə yazılmış və üzərində təshihlər aparılmış bu nüsxənin sonunda 3.XII.30-cu il tarixi qoyulmuşdur. Bir səhifəlik başqa bir tər­cü­meyi-hal rus dilindədir. Şəxsi arxiv fondunda yuxarıda gös­tərilən qısa tərcümeyi-hal sənədləri ilə bərabər nisbətən iri həcm­li, səkkiz vərəqdən ibarət «Türkcə yazılan tərcümeyi-halımın müxtəsər tərcüməsi» adlı yazı da vardır. Yazının sonu naqis olsa da memuaristin həyatı və yaradıcılığı haqqında ma­raqlı məlumatlar əldə etməyə imkan yaradır. Müznib burada özü­nün mətbuat sahəsindəki fəaliyyətindən, bu yolda qarşısına çıxan maneələrdən, həbs edilməsindən bəhs edir. Adları çəki­lən və əlyazması halında olan bu nüsxələr «Xatirələr» kitabın­da [117] nəşr olunmuşdur.

Müznib «hələ iyirminci illərin əvvəllərində qələmə aldığı «Bakıda millət müharibəsi» və «Qarabağ xatiratı» memuar­la­rını yazmaq üçün materiallar toplayır. Azərbaycan Dövlət nəş­riy­yatı ilə səkkiz müəllif vərəqi həcmində olacaq «Ədəbi xati­rə­lər» adlı kitab yazacağı barədə müqavilə bağlayır» [9, s.414]. Yazıçının şəxsi arxivində öz həyat və fəaliyyətini, memuar­la­rını yazmaq üçün tərtib etdiyi plan qeydləri [177] vardır. Altı və­rəqdən ibarət olan qeydlərin birinci vərəqi yoxdur. Qeydlər Azərbaycan dilində ərəb əlifbası ilə yazılmışdır. Üzərində dü­zəlişlər aparılmış, bəzi sözlər pozulmuşdur. Qeydlərdən aydın olur ki, memuarist əsərini iyirmi iki hissə və hər bir hissəni də bir neçə bölmədən ibarət qələmə almağı planlaşdırmışdır. Gö­rünür, Müznib memuar yazmağa ciddi yanaşmış hətta plan tər­tib etmişdir. Lakin xatirələr günümüzə tam şəkildə çatma­mış­dır. Əsərin əldə olan hissəsi də öz növbəsində parçalanmış və fraqmentləri Müznibin şəxsi fondunda saxlanılır. Müəyyən sujetə malik olan xatiratın [117, s.93] birinci hissəsi «Ailəm», ikinci hissəsi «Çocuqluk və təhsilim», üçüncü hissəsi «Gənclik yaşlarım. Araba qayırarkən» adlanır. Xatirələr Azərbaycan di­lində ərəb əlifbası ilə, sadə qələmlə yazılmışdır. Əlyazmanın və­rəqləri müəllifin özü tərəfindən səliqə ilə nömrələnmişdir. Xatirədə bəzi sözlər pozulmuş, üzərində bənövşəyi mürək­kəb­lə düzəlişlər edilmişdir. Xatirə üzərində aparılan bu avtoqraf düzəlişlər əsərin müəllif tərəfindən çapa təqdim etmək üçün hazırlanması ehtimalını yaradır. Ümumiyyətlə, xatirənin məz­munu onun böyük həcmli əsərin bir hissəsi olduğunu göstərir. Müznib özü etiraf etmişdi ki, onun xatirə dəftəri olmuşdur. Bu barədə o yazır: «Bilxassə böyük türk millətinin kəmali-iftixar ilə mənə həddindən pək böyük olsa da bəxş etdikləri ali bir lə­qə­bindən, yəni «Müznib şairimizdir» dediklərindən dolayı daha xoşbəxt olduğuma əminəm və özümdən sonra gələn ailə əfradına birər xatirə dəftəri buraxmağı dəxi yersiz ədd etmi­rəm» [176, s.2].

Ə.Müznibin xatirələri yalnız müəllifin həyat və fəaliyyətini deyil, XX yüzilliyin əvvəllərində xalqın ağır şəraitini, bu şə­rait­də azərbaycanlıların öz təmiz və nəcib zəhmətinin bəhrəsi ilə yaşamalarını, Azərbaycan mədrəsələrində tədris üsulunu, mol­laxanaların vəziyyətini, həmçinin ictimai və tarixi hadisə­lə­rini əks etdirir. Xatirələrlə yanaşı Müznib dövrün tanınmış şəx­siyyətləri haqqında dəyərli məqalələr yazmışdır. Haşım bəy Vəzirov, Əli bəy Hüseynzadə, Əliağa Vahid, Hüseyn Ərəb­linski, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir haqqında ya­zı­lan məqalələrdə onların həyat və fəaliyyətləri, tərcümeyi-halı haqqında dəyərli məlumatlar verilir, xatirələr qələmə alınır. Müz­nib M.Ə.Sabiri «Kaspi» mətbəəsi ilə necə tanış etməyi ba­rədə bunları yazır: «Bir gün «Kaspi» mətbəəsini (o vaxt Sabir bağ­çasının yerində idi) görməyi arzu etdi. Axşam saat sək­kiz­dən sonra onu məzkur mətbəəyə apardım. Mətbəədəki tipoq­rafiya, litoqrafiya, kəsən, tikən makinaları və mətbəənin hər bir ləvazimatını ona göstərdim. Hamıdan çox «Kaspi»ni təb edən rotatsiyonu ilə litoqrafiya makinalarına heyrət etdi. Ro­tatsiyonun kağızı lenta kimi aparıb, çap eləyib, kəsib bükmə­si­nə, eyni zamanda da neçə nüsxə çap elədiyini saymasına, li­toq­rafiyanın isə düz daşda birinci rəngdən sonra ikinci rəngin istənilən yerə verilməsinə və rəngdən başqa yerə əsla toxun­mamasına çox təəccüb eylədi. «Dəmirin də canı olarmış», - deyə əllərini bir-birinə qovuşdurdu. Mətbəədən çıxdıq» [10, s.261].

Haşım bəy Vəzirovun erməni-azərbaycanlı iğtişaşında gös­tərdiyi xidmətləri qiymətləndirən Ə.Müznib bu xüsusda yaz­mışdı: Haşım bəy «Şuşa bələdiyyə idarəsində qlasnı olub və­tən­daşlarının mənafeyini həmişə müdafiə edirdi. Müsəlman-er­məni iğtişaşında göstərdiyi xidmətləri daha böyükdür. Qara­bağda vaqe olan iğtişaş əsnasında müsəlmanları daima höku­mət yanında və əfkari-ümumiyyə nəzərində müdafiə etmiş və dil­siz cahil milləti əğyarın töhmət və təcavüzündən dili və qə­ləmi ilə müdafiə və mühafizə erməkdən bir an geri durma­mış­dır. O vaxtlarda Qarabağdakı müsəlman və erməni münasi­bə­tini islahı bir yola qoymaq üçün Qafqaz hökuməti-aliyəsi tə­rə­findən təyin olunan general Tağayaşvilinin hüzurunda böyük bir izdiham içərisində müsəlmanları müdafiə etmək yolunda mə­nidar və kəskin bir nitq söyləmiş, o nitqi sayəsində qara­bağ­lıların hökumət nəzərində asayiş sevici bir camaat olduq­ları bilinmişdir» [10, s.217].

Müznibin «Qarabağ səyahəti» əsəri 1920-ci ilin mayında hö­kumət nümayəndələri  D.Bünyadzadə, H.Sultanov, Ç.İldı­rım ilə birlikdə Qarabağa edilən səfərin təəssüratları əsasında qələmə alınmışdır. Əsərdə əsasən Şuşa şəhərinin quruluşun­dan, əhalisindən, məhəllələrindən, su çeşmələrindən, məktəb­lə­rindən və s. bəhs olunur ki, bu da şəhərin XX yüzilin əvvəl­lə­rindəki durumunu anladır. Müəllif yazır: «Şuşada sabiq xa­nın qızı Gövhər ağa tərəfindən tikdirilmiş iki böyük came və nəhrin ətrafında mədrəsələri, kənddən, ərazidən, bağdan, zi­raət­dən ibarət qayət zəngin mövqufatı vardır. Bundan əlavə, hər məhəllədə məhəllə əhli tərəfindən yapılmış «Hüseyniyyə» təsmiyyə edilən birər məscidləri mövcuddur. Fəqət bunların möv­qufatı yoxdur. Məhəllə əhalisi tərəfindən idarə olunur. 71 ha­mamı və 8 xan karxanası vardır» [178, s.169]. Müznibin «Qar­yagində» adlı yazısı da «Qarabağ səyahəti» əsəri səpki­sindədir. «Ağdamın vəchi-təsmiyəsi» və «Tərtər» yazılarında isə müəllif sözügedən ərazilərin adlarının mənalarını açıqla­mış­dır.

Ə.Müznibin qardaşı, ədəbiyyatşünas Əmin Abid isə «Yol­daş yolunda» əsərində uşaqlıq xatirələrindən bəhs edir. «Unu­dulmaz günlər» adlı yazıda Abid öz yaşantılarını xatirə şək­lin­də söyləyir və qardaşı Müznibin bir beytini verir [175, s.6]. Bu nümunələr Müznibin Əlyazmalar İnstitutundakı şəxsi arxivin­də saxlanılır.

XIX əsrin sonu  XX əsrin əvvəllərində yaşayıb-yaratmış şair­lərdən biri də Mirzə Əli Möcüzdür (1873-1934). «Cənubi Azər­baycan ədəbiyyatında maarifçi-satirik şeiri XX əsrdə yeni mərhələyə qaldırmış, onun məzmununu inqilabiləşdirmiş, de­mok­ratikləşdirmiş, cümhuriyyət quruluşunu tam üstün tutmuş, M.Ə.Sabir satirasını yeni şəraitdə davam və inkişaf etdirmiş» [155, s.99] Möcüz 1933-cü ildə Təbrizdə olduğu zaman qısa tərcümeyi-halını yazaraq öz həyat yolunu təsvir etmişdir: «Tə­xəl­lüsüm Möcüz, adım Əlidir. Atam Şəbüstərin tacirlərindən imiş. Mən on altı yaşında ikən o vəfat etmişdir. Həmin ildən İstanbula getdim, orada on altı il qaldıqdan sonra qayıtdım və vətənimin ağlar halını görüb növhəxanlığa başladım. Mənim bu növhəxanlığım axudların xoşuna gəlmədi, mənə müharibə elan etdilər. 26 il bir-birimizlə vuruşduq. Xeyrat verdilər  məni çağırmadılar, toy oldu  mən iştirak etmədim. Bununla belə axıradək vuruşdum, yəni yazdım, özü də ana dilində yaz­dım. Yazılarımı saxlamamışam, yoldaşlara və dostlara vermi­şəm, onlardan bəziləri yığıb saxlayıblar. Fars dilini çox da yax­­şı bilmirəm və bu dildə çox az yazmışam. Həm də mən belə mülahizə etdim ki, azərbaycanlılar fars dilindən bir o qə­dər də xoşlanmazlar. Bir də məqsədim o idi ki, kişilər və qa­dın­­­lar oxuyub mətləbi anlasınlar. Şeirlərimin çoxu müzahi tərz­­də yazılıbdır. Buna görə də sevilir, yoxsa bir o qədər də qa­bil deyildir» [169, s.6].

Memuar mənbələri şəxsi mənşəli olduğu üçün əsasən şəxsi fonlarda mühafizə edilir. Buna görə də onları üzə çıxarmaq üçün arxivlərə müraciət etmək lazımdır. AMEA M.Füzuli adı­na Əlyazmalar İnstitutunda mühafizə edilən şəxsi fondlar bu ba­xımdan diqqət çəkir. XIX – XX əsr Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin şəxsi fondlarındakı gündəlik, tər­cümeyi-hal və xatirələr həm bu dönəmin ictimai-siyasi, tarixi durumunu canlandırmaq, həm də tanınmış şəxsiyyətlərin ömür yolunu izləmək baxımından önəmlidir. Digər tərəfdən memuar mənbələrini nəşr edərkən memuaristin şəxsi arxivini (təbii ki, əgər varsa) öyrənmək daha məqsədəuyğundur. Onun gündəlik­lə­rindən, qeyd dəftərçələrindən, yazışmalarından müəlliflə əla­qədar dəyərli məlumatlar əldə etmək mümkündür. Əlyazmalar İnstitutunun arxivlərində Əbdürrəhim bəy Haqverdiyevin, Zül­füqar Hacıbəyovun, Nəriman Nərimanovun, Gülsüm xanım Nə­rimanovanın, Azər Buzovnalının, Süleyman Sani Axun­do­vun, Səməd Vurğunun, Əli Nəzminin və başqalarının tərcü­meyi-halı vardır. Sözügedən müəliflərin həyat və fəaliy­yət­lə­ri­nin öyrənilməsində bu nümunələrin əhəmiyyəti danılmazdır. Belə ki, tərcümeyi-hal və xatirələri təyinetmə vəhdəti şəxsiy­yətin müasirləri və nəsil üçün tarixi varlıqda özünün iştirakını təcəssüm etdirmək, orada özünü və öz yerini dərk etməkdən ibarətdir. Şəxsi fondların müəlliflərin həyat və fəaliyyətlərinin öyrənilməsində əhəmiyyətini Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) timsalında göstərmək maraqlı olardı.

1927-ci ildə Tiflisdə Ə.Haqverdiyevin ədəbi fəaliyyətinin 35 illik yubileyinə hazırlıq işləri gedirdi. Əziz Şərif də onun haqqında məqalələr yazıb «Yeni fikir» qəzetində dərc etdirirdi. Ədibin həyat yolunu düzgün işıqlandırmaq üçün redaksiya onun özündən material istəmişdi, o da öz müxtəsər tərcümeyi-ha­lını yazıb göndərmişdi [83, s.217]. Həmin tərcümeyi-halı Əziz Şərif olduğu kimi xatirələrinə daxil etmiş və bildirmişdir ki, yazıçının həyatına aid əldə olan bütün məlumat bu sənəd əsasında yoxlanılmalı və düzəldilməlidir. Eyni zamanda onun öz tərcümeyi-halına aid yazdığı və arxivində saxlanılan o biri əlyazmaları da bu əlyazması ilə tutuşdurulmalı, dəqiqləşdiril­məli və təkmilləşdirilməlidir [83, s.220]. Məhz həmin tərcü­meyi-hal əsasında Ə.Şərif Ə.Haqverdiyevin həyat və fəaliy­yə­tinin əsas məqamlarını işıqlandırmışdır, gündəliyindəki sətirlər və ədibin ona göndərdiyi məktublar bu işdə ona yardımçı ol­muşdur.

Əziz Şərifin tövsiyəsi ilə Ə.Haqverdiyevin Əlyazmalar İns­titutundakı şəxsi arxivi bir daha nəzərdən keçirildi və mü­əyyənləşdirildi ki, arxivdə yazıçının üç variantda, əlyazması şəklində tərcümeyi-halı vardır. 19 aprel 1933-cü ildə qələmə alınmış tərcümeyi-halın iki variantı dolğun və əhatəlidir. Üçün­cü variant isə həcm etibarı ilə kiçikdir. İlk iki sənədin 1933-cü ildə, yəni həyatının son ilində qələmə alınmasını nə­zərə alaraq, bu tərcümeyi-halın daha geniş olması tamamilə tə­biidir.

İlk öncə qeyd edilməlidir ki, Haqverdiyevin arxivindəki tər­cümeyi-halda uşaqlıq illəri haqqında məlumat daha əha­tə­li­dir. Ədib yazır: «...Üç yaşında ikən atamı qeyb edib yetim qal­mışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam köhnə çinovnik Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın işkəncələr verirdilər. Əmimə şikayət etməkdən qorxurdum. Çün­ki şikayətdən sonra ikiqat əzaba mübtəla olacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın ya­nına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sə­nədə Tiflisdə realnı məktəbi bitirib ali təhsil üçün Peterburqa get­dim» [107].

Atalığını xoş xatirələrlə yada salan Ə.Haqverdiyev tər­cümeyi-halının ikinci variantında ondan daha ətraflı bəhs edir və onunla keçirdiyi günləri həyatının yaddaqalan anları kimi xa­tırlayır. O yazır: «Atalığım Həsənəli bəy Sadıqov birinci Ni­ko­lay vaxtının çinovniklərindən idi. Bu adam çox polis ida­rə­lə­rində xidmət etmiş və qədim vaxtın vəzifələrindən murov və­­zifəsi daşımış, dünyagörmüş, Bakı, Gəncə, Şirvan, Şəki dai­rə­­lərində ömür keçirmiş bir kişi idi. Çox vədə səfərə çıxar, qış zamanında isə buxarının kənarında əyləşib keçmiş günlərindən söhbət edirdi. Onun çox söhbətləri qədim zamanın məşhur qa­çaq­ları Qaçaq Əbdürrəhimdən, Qaçaq Aslandan, Qaraçuxu oğ­lundan və sairlərindən olardı. Bu söhbətlərə mən və onun əv­və­linci arvadından olan iki oğlanları böyük bir maraqla qulaq asar­dıq. Bu hekayətlər mənim gələcək ədəbi işlərimə böyük təsir bağışladı. 1906-cı sənədə yazdığım «Ayın şahidliyi» he­ka­yətim Sadıqov nəql edən hekayətlərdən biri idi. Söz yox ki, sadə söylənmiş bir əhvalat ədəbi surətə salınmışdı. Onun öz oğluna isə hekayətləri əks-təsir bağışladı. Üçüncü, dördüncü sinifdə ikən başladı tüfəng, xəncər ilə oynayıb igidlik məşqinə düşməyə və bir azdan sonra məktəbi boşlayıb gedib kənddə yaşadı. Axırda həvəskar surətində qaçaqçılıq, yolkəsməkliklə məşğul oldu və bu yolda şöhrət qazandı. Belə idi ki, hər bir mü­hüm cinayətdə onun adı çəkilirdi və o da buna fəxr edirdi. Bu oğlanın haqqında böyük bir hekayət yazmaq mümkündür. Ancaq əhvalatın mövzuya dəxli olmadığından buna kifayət edib ancaq bunu deməliyəm ki, oğlan ən axırda şəhərin kə­na­rın­da seyrdə içki məclisində özünün əziz dostunu güllə ilə öl­dürüb axırda Sibirə göndərildi» [107].

Ə.Haqverdiyevin uşaqlıq illərindən nümunə gətirdiyimiz sətirlər Əziz Şərifin Ə.Haqverdiyev haqqında yazdığı xatirə­lə­rinə daxil etdiyi tərcümeyi-halda özünə yer almamışdır. Eyni fi­kirləri müəllim Yusif bəy Məlik Haqnəzərov haqqındakı mə­lu­matlara da şamil etmək olar. Ə.Haqverdiyevin şəxsi arxivin­dəki tərcümeyi-halda Yusif bəydən daha ətraflı söhbət açılır. Mü­əllif yazır: «...Yusif bəy Məlik Haqnəzərov ilə tanış ol­mam. Şuşa şəhər məktəbinə girdikdən qabaq mən Yusif bəyin yanında bir neçə ay hazırlaşdım. Yusif bəy müəllim idi. O vaxt müəllimlər yay fəslində Şuşada teatr verirdilər. Mən birinci dəfə teatr sözünü Yusif bəyin dilindən eşitdimsə, amma istər­dim teatra gedim. Balaca olduğumdan dolayı atalığım məni bu­raxmayırdı. Atalığım özü də teatr nə olduğunu bilməzdi. Ancaq 1884-cü ildə birinci dəfə teatra gedib həman Yusif bəyi səhnədə görüb teatrın nə olduğunu anladım və sonra Mirzə Fə­təlinin komediyalarını alıb həvəs ilə oxumağa başladım. Hətta on altı yaşında ikən bir komediya da yazdım: «Hacı Daş­də­mir» və yazıb da aparıb Yusif bəyə verdim. Yusif bəy kome­di­ya­nı çox diqqətlə oxuyub qırmızı karandaşla lazımi yerləri dü­zəlt­mişdi və sonra isə komediyanın bir şeyə yaramadığını mənə bir oylə pedaqoji dil ilə söylədi ki, mən əsla ondan inci­mə­dim. Bundan sonra teatr nə olduğunu və teatra dair əsərləri necə yazmaq üsulunu mükəmməl surətdə mənə göstərdi. O idi ki, həman gündən teatr yolunda işləməyi özümə bir müqəddəs məqsəd sandım» [107].

Ə.Haqverdiyevin Peterburq şəhərində olarkən teatrla bağlı fikirləri şəxsi fondda saxlanılan tərcümeyi-hal nüsxəsində daha mükəmməldir. Əsərləri haqqında məlumata gəldikdə isə qeyd olunmalıdır ki, Əziz Şərifin təqdim etdiyi nüsxədə, 1927-ci ildə yazıldığına görə, təbii ki, Ə.Haqverdiyevin 1927-ci ilə qədər yazdığı əsərləri özünə yer almışdır. Şəxsi arxivdəki nüs­xə 1933-cü il qələminin məhsulu olduğu üçün burada əsərləri haqqında məlumat daha genişdir. Eyni fikirləri yazıçının icti­mai və digər sahələrdə fəaliyyəti haqqında da söyləmək olar. Şəxsi arxivindəki kiçik həcmli tərcümeyi-halda isə Ə.Haq­ver­diyevin birinci Dövlət Duması (Dumaya Gəncə quberniyası tə­rəfindən nümayəndə göndərilmişdi) dağıldıqdan sonra «Nadej­da» sığorta nəqliyyat cəmiyyətinin müfəttişi kimi Qafqaza qa­yıdıb Gəncədə yaşaması, 1908-ci ildə cəmiyyətin iflasa uğra­ma­sı və onu Hacı Zeynalabdin gəmiçiliyinə müfəttiş vəzifə­si­nə təklif etmələri göstərilmişdir. Bu vəzifələr ona Qafqazın və İranın bir çox yerlərini səyahət edib qiymətli məlumatlar əldə etməsinə şərait yaratmışdır. Ədibin həyatının bu məqamları nə Əziz Şərifin xatirələrindəki tərcümeyi-halda, nə də Abbas Za­ma­novun Ə.Haqverdiyev haqqında məqaləsində [106] veril­miş­­dir. Bütün bunlar bir daha sübut edir ki, tanınmış şəxsiy­yət­lərin həyat və fəaliyyətlərini öyrənərkən onların şəxsi ar­xiv­lərini araşdırmaq xeyli vacib və önəmlidir. Ədalət naminə de­məliyik ki, Əziz Şərifin təqdim etdiyi tərcümeyi-halda da elə mə­qamlar vardır ki, bunlar şəxsi arxivdəki sənədlərdə öz əksi­ni tapmamışdır.

Əlyazmalar İnstitutunda Süleyman Sani Axundovun (1875-1939) şəxsi arxiv fondunda beş variantda tərcümeyi-hal sənədləri saxlanılır. Bunlardan ikisi [279, 280] rus dilində, iki­si [17, 18] Azərbaycan dilində ərəb əlifbası ilə, biri [19] latın əlifbası ilə yazılmış avtoqraf nüsxələrdir. Tərcümeyi-hal ilk də­fə «İnqilab və mədəniyyət» məcmuəsinin 1939-cu il dördün­cü sayında dərc olunmuşdur. Yazıçı 1938-ci ildə «Uşaqlıq hə­yatından xatirələr»ini [16, s.427] qələmə almışdır. Onun uşaq­lıq illəri Ağdamın bir hissəsi olan Seyidli kəndində keçmişdir. Daima təbiətin qoynunda olardı. Təbiət vurğunu Süleyman Sani əsərlərində təbiəti məftunluqla təsvir etmişdir. Gördüyü olay­lar hekayələrində öz bədii əksini tapmışdır. S.S.Axun­do­vun tərcümeyi-hal və xatirələrinə söykənərək tədqiqatçı Nadir Vəlixanov onun elmi bioqrafiyasını [250] tərtib etmişdir. Bu­ra­da ədibin həyatı, mühiti, ömür yolu, şəxsiyyəti, dünya­görü­şü, müasirləri ilə əlaqələri zəngin sənədlər, faktlar, xatirələr əsa­sında işıqlandırılmışdır. Yazıçının həyat və yaradıcılığını tədqiq edən Məsud Əlioğlu da əsasən onun «Uşaqlıq həyatın­dan xatirələr»indən yararlanmış, Axundovun uşaqlıq dövrünü öz yazdıqları əsasında qələmə almışdır.

Hər bir yazıçının, şairin tərcümeyi-halının bəzi məqamları məktublarda da əks olunur. Nəriman Nərimanov 1925-ci ilin 28 yanvarında Moskvadan oğlu Nəcəfə yazdığı məktubda hə­yat və yaradıcılıq bioqrafiyasından bəhs etmişdir. O, yazmış­dır: «Mənim həyatım, ömrüm qayğılarla dolu olub. Qarda­şı­mın və bacılarımın ailələri 20 yaşımdan mənim boynumda olub. Bu 30 ildə 11 adam böyüdüb boya-başa çatdırmışam. On­­lardan 8 qız uşağını ərə vermişəm, yerdə qalan üçünü cüzi mə­vacibimlə böyütmüşəm. Bütün bu işləri sahmana salandan son­ra yenidən oxumağa başladım, 30 yaşımda universitetə da­xil oldum. Universiteti qurtardıqdan sonra var qüvvəmi Sal­man qardaşımın balalarının tərbiyəsinə sərf etdim. Bütün bun­lardan yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verəndən sonra azad olmuşam. Bu məktubu isə aradan bir il keçəndən sonra, məhz 1925-ci ildə yazıram. Bütün bun­ları sənə ona görə yazıram ki, məni bəşəriyyət üçün az iş gör­mə­­yim üstündə qınamayasan. Bu mənada ümidvaram ki, sən gör­düyüm işləri davam etdirib başa çatdıracaqsan» [188, s.135].

Məktubda Nərimanov oğluna məsləhətlər verərək vəzifə-mənsəb arxasınca qaçmamağa, şəxsiyyət və idarələrdən müm­kün qədər az asılı olan peşə və ya sənət seçməyi tövsiyə edir. Özünün də tibb sahəsini seçməsini kənar şəxslərdən az asılı ol­maq və daha çox ruhi məmnunluq alması üçün etdiyini bil­di­rir. Məktubda həmçinin Nərimanovun dünyaya, həyata baxışı, mühit, insanlar, hakimiyyət haqqında fikirləri öz əksini tap­mış­dır.

XX əsrin «birinci yarısında yaşayıb yaratmış mədəniyyət xa­dimləri arasında memuar ədəbiyyatının və xatirələrin geniş şöhrət tapması Azərbaycan mədəniyyəti tarixinin bugünkü təd­qiqatçısına qiymətli informasiya verir, bu tarixin bəzi ağ səhi­fə­lərinin yazılmasına köməklik göstərir. ...XIX əsrin sonların­dan əlyazma mədəniyyətinin süqutu ilə hələ nəşr işinə kifayət qədər geniş və müfəssəl faktların yol tapmaması, bir sıra mə­sələlərin dövrün inqilabi ab-havası fonunda arxa plana keçərək nəzərdən yayınması müşahidə olunurdu. Dövrün kütləvi in­for­masiya vasitələrinin «hər şeyi» əhatə etməyə gücü çatmırdı və belə bir vəziyyətdə Azərbaycan mədəniyyət xadimlərinin şəxsi təşəbbüsü, xatirə yazmaq cəhdləri olduqca gərəkli idi» [7, s.21]. Belə xatirələrdən biri də Cəlil bəy Bağdadbəyova aiddir. Şuşa şəhərində dünyaya göz açan Cəlil bəy xatirələrində [36] Şuşanın məşhur və həvəskar xanəndələri, aşıqları haqqında mə­lumat vermiş, eləcə də Azərbaycan musiqisinin inkişafında Mir Möhsün Nəvvabın həqiqi rolunu qeyd etmişdir. Xatirə­lər­də Şuşanın adət-ənənələrindən (nişan, paltarbiçmə, toy), Nov­ruz bayramının keçirilməsindən, kənd toylarından, Məhərrəm ayında baş verən olaylardan, mərsiyəxanlardan, seyidlərdən söh­bət açılır və bunlar haqqında müfəssəl məlumat verilir. Bağ­dadbəyovun xatirələri xalqımızın tarixi keçmişini, ən əsası Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın zəngin adət-ənənələrini, Azərbaycan musiqi tarixini və etnoqrafiyasını öy­rən­mək baxımından əvəzsiz mənbədir. Yalnız Azərbaycanda de­yil, həmçinin Orta Asiyada teatr sənətinin inkişafında böyük xidmətləri olan Cəlil bəy Bağdadbəyov və bu dövrdə səhnəyə gələn yeni aktyor nəslinin ayrı-ayrı nümayəndələrinin tərcü­me­yi-hal və xatirələri Azərbaycan mədəniyyətinin inkişaf tari­xi­ni öyrənməkdə önəmlidir. Hüseynqulu Sarabskinin (1879-1945), Əhməd Qəmərlinin (1850-1952), Mirmahmud Kazı­movskinin (1882-1940), Mirzağa Əliyevin (1883-1954), Sidqi Ru­hullanın (1886-1959), Hacağa Abasovun (1888-1975), Əh­məd Anatollunun (1894-?), Səməd Mövləvinin (1900-1962) tər­cümeyi-hal və xatirələri teatr sənətinin ümumi mənzərəsini tə­səvvür etməyə imkan verir, aktyorların səhnədə atdıqları ilk ad­dımları, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq yolun­dakı fəaliyyətlərini əks etdirirdi.

Hər bir sənətkarın həyat və yaradıcılığını öyrənməkdə, de­yil­diyi kimi, tərcümeyi-halların böyük önəmi vardır, «çünki tər­cümeyi-halı öyrənilməmiş bir şair və ədibin yaradıcılığını da düzgün anlamaq, təhlil etmək və qiymətləndirmək xeyli çə­tin olur» [47, s.9]. Zəngin elmi irsə malik türkoloq alim Bəkir Çobanzadə (1893-1938) «Yardımçı elmlər»ə daxil etdiyi tər­cü­meyi-halların ədəbiyyat tarixçisi üçün önəmini vurğulayaraq yazmışdır: «Ədəbiyyat tarixçisinə tədqiq etdiyi müəllifin necə bir adam olduğunu bilmək də lazımdır. Müəllifin həyatını öy­rən­mək sayəsində, onun mühiti və ədəbi zövq və idealı haq­qında da fikir edilmək mümkündür. Bununla bərabər... bioqra­fidən – tərcümeyi-haldan özümüzə lazım olan materialı seçib faydalanmasını bilmək də şərtdir» [60, c.3, s.247]. Alim «Xə­tai­nin dili və ədəbi yaradıcılığı haqqında» əsərində Xətainin tərcümeyi-halı ilə məşğul olan bəzi tarixçilərin Səfəvilər nəsli­nin yeddinci imam Musa Kazimə çatdığını göstərməklərini «Şah İsmayılın özü tərəfindən və yaxud tərəfdarları vasitəsilə tərtib edilib siyasi və dini məqsədlərlə xalq arasına yayılmış olan əfsanələrdən başqa bir şey» [60, c.1, s.263] olmadığını bil­dirir və «bütün tarixçilər tərəfindən Səfəvi xanədanının Ağ­qo­yunlu sülaləsi ilə, xüsusən Uzun Həsən ailəsi ilə olan əla­qəsi» [60, c.1, s.264] fikrini təsdiqləyir, bu məlumatın həqiqətə daha uyğun olmasını qeyd edir.

Azərbaycan yazıçıları haqqında əhatəli ədəbi irs qoyub ge­dən ədəbiyyat tənqidçisi Firidun bəy Köçərlinin özünün həyat və fəaliyyətindən bəhs edən əsəri olmasa da yüz otuzdan artıq Azərbaycan yazıçısının ömür və yaradıcılıq yolunu əks etdirən əsəri tərcümeyi-hal materialları ilə zəngindir. F.Köçərli «hər hansı bir yazıçının tərcümeyi-halına dair məlumat toplamaq üçün ilk növbədə onun öz kitablarına, divanlarına müraciət edi­rdi. Lakin əksər hallarda o, istədiyinə nail ola bilmirdi... Odur ki, tərcümeyi-halların tərtibi üçün başqa məxəzlərə mü­raciət etmək lazım gəlir. Alim təzkirələrdə, mətbu və qeyri-mətbu elmi kitablarda, mətbuat orqanlarında klassik ədə­biy­ya­tın ayrı-ayrı nümayəndələri haqqında verilən bioqrafik və bib­lioqrafik məlumatlardan ilk məxəz kimi istifadə edir» [126, s.13]. Əsərdə Ə.Gəncəvi, N.Gəncəvi, X.Şirvani, M.P.Vaqif, M.V.Vidadi, A.Bakıxanov, Aşıq Pəri, Q.Zakir, X.Natəvan, F.Kəminə, H.Fəqir, M.B.Xalxali və başqaları haqqında bioq­ra­fik məlumatlar verilmişdir. M.F.Axundov haqqında onun özü­nün yazdığı tərcümeyi-halı, A.Bakıxanovun həyat və fəaliyyəti isə onun «Gülüstani-İrəm» əsərində verilmiş tərcümeyi-halı əsasında izah edilmişdir. Ədəbiyyat tənqidçimiz «Gülüstani-İrəm»in sonunda Bakıxanovun özü haqqında yazdığı parçanı bütövlükdə «Azərbaycan ədəbiyyatı»na daxil etmişdir.

Azərbaycan ədəbiyyatının tanınmış simalarının tərcümeyi-halını tərtib edən F.Köçərli qeyd etdiyimiz kimi öz bioqrafiya­sını qələmə almamışdır. Bu işi onun tələbəsi olmuş Fərhad Ağa­zadə (Şərqli) çox məharətlə yerinə yetirmişdir. Belə ki, tər­cümeyi-hal elə geniş və əhatəli yazılmışdır ki, sanki Köçər­linin öz qələmindən çıxmışdır. Əsər 1930-cu ilin aprelində ya­zıl­mışdır. Bioqrafiyanı yazarkən F.Ağazadə ilkin «arxiv ma­teriallarından istifadə etmiş, daha zəngin epistolyar irsdən fay­dalanmışdır. Biz bu gün Firidun bəyin şəxsiyyəti və ilkin ar­xivi haqqında daha geniş təsəvvür əldə etdiyimiz üçün Fərhad Ağazadəyə minnətdar olmalıyıq. Belə ki, dövrünün tanınmış ziyalısı və alimi olan bu şəxs arxivin ilkin variantını araş­dı­rarkən ağlagəlməz bir uzaqgörənlik nümayiş etdirmiş və Firi­dun bə­yin bütün arxiv materiallarının siyahısını çıxarmışdır» [6, s.6].

Fərhad Ağazadə Firidun bəy Köçərlinin təhsil illərini, pe­daqoji və tərcüməçilik fəaliyyətini hərtərəfli işıqlandırmışdır. 35 il müəllimlik edən Firidun bəyin nəzərində müəllimlik ən müqəddəs bir iş idi. Öz peşəsini ürəkdən sevdiyi, həmçinin mü­əllimlərə, məktəblərə dəyər verdiyi üçün müəllimlərin və şagirdlərin də Firidun bəyə böyük hörməti var idi. Bunu daha ay­dın şəkildə göstərmək üşün F.Ağazadə Firidun bəyə gələn mək­tublardan nümunələr göstərir. Əsərdə Firidun bəyin şəxsi key­fiyyətlərindən də söhbət açılır. «Firidun bəy çoxlarının tədbirçisi, məsləhətçisi, yolgöstəricisi olduğundan, hər kəsin ürə­yində bir dərdi olsaydı, qabaqca Firidun bəyə yazardı» [90, s.32]. Ona yazılmış məktublar bunu bir daha sübut edir.

Firidun bəyin ömür-gün yoldaşı Badisəba xanıma yazdığı məktublar onun mənəvi aləmini daha aydın nəzərə çatdırır. Bu məktublar onun həyat yoldaşına olan məhəbbət və diqqətini, eləcə də Badisəba xanımın ətrafında olan insanları da nəzər-diqqətində saxladığını göstərir.

F.Köçərli xalqın qayğısını çəkən bir insan olmuşdur. Bu barədə tərcümeyi-hal müəllifi yazır: «Firidun bəy camaat qay­ğı­sına ürəkdən yanan bir sadiq inteligent idi. Bunun bu sə­da­qə­ti yalnız şagirdlərinə deyil, hətta başqa inteligentlərə də bö­yük təsiri olmuşdu. Demək olar ki, Firidun bəyin təsiri ilə tər­biyələnmiş bir çox kimsələr ortalığa çıxdı. Bunların bəziləri hələ bizimlə bərabər yaşayırlar. Bunlardan elələri var ki, Fi­ri­dun bəyin dəlaləti ilə mahir yazıçılar olmuş və bəziləri də onun göstərdiyi cığırı tutub, onu özlərinə məslək qərar vermiş­lər» [90, s.24]. Müəllif həmin şəxslərdən bir neçəsini nümunə də göstərir.

Fərhad Ağazadə Firidun bəyin dəyərli bir qələm sahibi ol­du­ğunu bildirərək yazır: «Onun qələminə yalnız türklər deyil, ruslar, gürcülər belə, böyük hörmətlər göstərirdilər, çünki rus­ca­da onun çox dəyərli məqalələri çap edilirdi. Odur ki, Qafqaz mühərrirləri arasında məşhur olduğu kimi, Moskva, Peterburq (indiki Leninqrad) şəhərlərində də məşhur idi» [90, s.27]. Mü­əl­lif Firidun bəyin nəşr olunmuş məqalələri siyahıya alınsa, hə­min siyahının 15-20 səhifə yer tutacağını bildirir. Bir çox mə­qalələrindən nümunələr gətirən F.Ağazadə onların mahiy­yə­tini, məzmununu və harada nəşr olunduğunu nəzərə çatdırır.

Firidun bəy ana dilinə böyük önəm verirdi və bildirirdi ki, «bir milləti yaşadan dildir və o dili yaşatdıran şairlər, ədib­lər­dir» [90, s.34]. Dostlarına yazdığı məktublarında o, ana dilinin önəmi barədə öz fikirlərini bildirirdi. Dilin zənginliyini sübut etmək üçün el ədəbiyyatı toplamağın zəruri olduğunu bilən Köçərli bu xüsusda xeyli işlər görmüş, «qalın bir kitab dol­du­rası qədər yalnız el ədəbiyyatı toplamışdır» [90, s.35]. O, ma­terial toplamağa şagirdlərini də həvəsləndirirdi. Onlar da bu iş­lə həvəslə məşğul olurdular.

F.Ağazadənin sözügedən əsərində Firidun bəy Köçərlinin  bu görkəmli şəxsiyyətin tərcümeyi-halı, həyatının ən önəmli məqamları təsvir olunmaqla yanaşı, dövrün, mühitin ab-hava­sı, çevrəsində olan insanların fəaliyyəti də canlandırılmışdır.

Xatirə müəllifləri təsvir olunan olayları öz mövqelərindən qiymətləndirir və bəzən də keçmişə bu günün prizmasından ba­xırlar. Xatirələrdə hətta adi bir hadisə belə xatırlansa fay­da­lıdır. O hadisə ki, hamı görə bilərdi, lakin nəzərdən yayınıbdır. Firidun bəy Köçərli haqqında Abdulla Şaiqin, Mehdixan Vəki­lovun, Əli Səbrinin qələmə aldıqları xatirələrdə [90] də adi olay­lar xatırlanır.

Məlumdur ki, gündəlik, tərcümeyi-hal və xatirələr kimi sə­ya­hətnamələr də müəlliflərin özləri haqqında, gördükləri, şa­hi­di olduqları hadisələr haqqında yazılarıdır. XX əsrin tanınmış rəs­samlarından olan Əzim Əzimzadənin (1880-1943) Əlyaz­ma­lar İnstitutundakı şəxsi arxivində mühafizə olunan «Mənim səfərim» xatirəsi də səyahətlərdən alınan təəssürat əsasında qə­ləmə alınmışdır. Əsərin əlyazmasından məlum olur ki, müəllif xatirələrini ilk öncə «Mənim həyatım» adlandırmış, sonra isə bu yazını karandaşla pozub «Mənim səfərim» etmişdir. Ə.Əzim­­zadənin xatirələri uşaqlıq illərinin təsviri, hələ uşaq yaş­larından rəsm çəkməyə həvəsli olduğunu bildirməklə baş­layır. Lakin bu həvəs ona çox baha başa gəlir, mollaxanadan, iş yerindən qovulur. Xatirələrin əsas məğzini isə memuaristin Kərbəla səfəri təşkil edir. 1910-cu ildə o, Kərbəla ziyarətinə gedən bibisinə qoşulur və səfər zamanı keçdiyi şəhərləri  Rəşti, Həmədanı, Sədabadı, Kirmanşahı; Bisütun dağını, Qəsri-Şirini təsvir edir, hər bir şəhərin əhalisi, təbiəti, adət-ənənələri, tarixi abidələri haqqında məlumat verir. Ə.Əzim­za­də özünü zəvvardan daha çox səyahətçi kimi hiss edir. Bu­nun­la əlaqədar xatirə müəllifi yazır: «Yaşayışımı zəvvarlıqdan çe­virdim səyahətçi yaşayışına. Hər gün şəhərin bir yerinə gedib səyahət edirdim. Çox vaxt bazarda və meydanda ərəblərin, mü­hacirlərin həyatlarını öyrənirdim» [82, s.63].

Daha öncə qeyd edildiyi kimi, memuar janrında müxtəlif sənət sahibləri öz qələmlərini sınamışlar. Bu mənada görkəmli bəstəkarımız Müslim Maqomayevin də (1885-1937) adını çək­mək yerinə düşərdi. Onun Əlyazmalar İnstitutundakı şəxsi ar­xi­vində gündəlik, tərcümeyi-hal və xatirələri mühafizə olunur. Gün­dəlik qeydlər əsasında tərtib etdiyi xatirələri [284] iki iri həcmli ümumi dəftərə rus dilində qələmə alınmış avtoqrafdır. Bəzi səhifə və cümlələrin üzərindən qırmızı karandaşla xətt çə­kilmişdir. Xatirələrdə «Nərgiz» operasının yaranma və inki­şaf tarixi haqqında ətraflı məlumatlar verilmişdir. Opera yaz­maq fikrini Məmməd Səid Ordubadiyə bildirən Maqomayev on­dan libretto yazmasını xahiş edir. Ordubadi bu təklifi qəbul edir və «Çobanlar» adlı libretto yazır. Süjet Maqomayevə zəif tə­sir bağışladığı üçün libretto üzərində işi öz öhdəsinə götürür. Əsər üzərində işləyərək operanı «Nərgiz» adlandırmaq qəra­rı­na gəlir. Artıq 1932-ci ilin 25 noyabrında librettonun ilk va­rian­tı hazır idi. Libretto ilə bağlı M.Maqomayev ilə M.S.Or­dubadi arasında yaranan soyuqluq operanın yazılmasının lən­gi­mə­sinə səbəb olmuşdur. Bir müddətdən sonra soyuqluq ara­dan götürülmüş və sonrakı işlər müştərək yerinə yetirilmişdir. Müəllif Leninqradda, Kislovodskidə olarkən opera üzərində işləməyini, əsasən iş rejimini təsvir edir. 1934-cü ilin payızın­da tamamlanmış opera uğurla dinlənilmişdir. Dövrün görkəmli adamları «Nərgiz» haqqında öz fikirlərini bildirmişlər ki, bun­lar da xatirələrdə özünə yer almışdır.

M.Maqomayevin gündəliyi memuar nümunəsi olsa da bu­ra­da onun nəzəri görüşləri, opera ilə bağlı mütəxəssis rəyi öz əksini tapmışdır. Gündəliyin ikinci dəftərində müəllif «Nər­giz» operasında iştirak edən aktyorlar  Aliyə Terequlova (Nər­giz), Hüseynağa Hacıbababəyov (Əlyar) və başqaları haqqında öz fikirlərini qeyd etmişdir. Dəftərdə Maqomayevin səhhəti ilə bağlı səhifələr üstünlük təşkil edir.

Tarın xüsusi tembrə malik olduğunu bildirən Maqomayev onun simfonik orkestrdə əsas yer tutduğunu və operada xalq mu­siqisinin gözəl nümunələrindən istifadə etdiyini nəzərə çat­dı­rır. «Şah İsmayıl» operasında çoxsəsli xorun olduğunu qeyd edən bəstəkar bu operada da xorun əsas yer tutduğunu bildirir. O, teatrlaşdırılmış dəbli əyalət rəqslərini operaya daxil etmiş və bu rəqslərin Azərbaycan baletində yeni dəbin yaranmasında önəmli olacağını göstərmişdir. Gündəlikdə 1932-1936-cı illə­rin ədəbi, ictimai mühiti, müəllifin çevrəsində olan insanların fəaliyyəti canlandırılmışdır. Bülbül, Şövkət Məmmədova, Ru­hulla Axundov, Əhməd Triniç və başqaları haqqında məlu-matlar verilmişdir. Əhməd Triniç haqqında M.Maqomayev bun­ları bildirir: Triniç Bakıya ilk dəfə 1918-ci ildə türklərin gə­li­şindən əvvəl gəlmişdi. O, mənşəcə albandır. Sonralar, 1920-ci ildən sonra Triniç müxtəlif idarələrdə rəhbər vəzifələrdə işlə­mişdir. O, ya qəzet redaktoru, ya konservatoriyanın direktoru, ya türk teatrının direktoru olmuşdur. Lakin heç bir vəzifədə bir ildən artıq qərar tutmamışdır [284, s.31].

Müslim Maqomayevin «Nərgiz» operasının yaranma və in­kişaf tarixini əks etdirən gündəliyində tərcümeyi-halı haq­qın­da məlumat yetərincə deyil. Bəstəkarın Əlyazmalar İnsti­tu­tunda mühafizə olunan sənədləri arasında ayrıca tərcümeyi-halı [283] vardır. Rus dilində yazılmış tərcümeyi-hal pərakən­də haldadır. Bununla belə burada bəstəkarın həyat və fəaliy­yə­tinin əsas məqamları lazımi qədər işıqlandırılmışdır.

Memuar nümunələri müxtəlif quruluşda, müxtəlif üslubda meydana çıxsa da, bəziləri elmi və bədii cəhətdən sənətkarlıqla yazılmasa da xatirə müəllifinin dövrünün müəyyən cəhətlərini səciyyələndirməkdə, keçmişi çağdaş oxuculara tanıtmaqda bu janrın önəmi böyükdür. Bir sıra felyetonların, yumorlu-satirik hekayələrin müəllifi olan böyük pedaqoji təcrübəyə malik dil­şü­nas müəllim Əlməmməd Mustafayevin xatirələri XIX əsrin sonundan XX əsrin 60-cı illərinə qədərki dövrün mədəni hə­ya­tını, xalqımızın adət-ənənələrini, tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərinin bəzi məqamlarını işıqlandırmaq, eləcə də memuaristin həyatını öyrənmək baxımından maraq doğurur. Əsər­də dövrün müəllimləri, aktyorları, yazıçı və şairləri ilə əla­qədar məlumatlar, xatirələr oxucuların nəzərinə çatdırıl­mış­dır. Ə.Mustafayevin M.Hadi, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, Ə.Vahid, C.Cabbarlı kimi tanınmış şair və yazıçılar, S.Ru­hulla, Z.Hacıbəyov kimi incəsənət xadimləri haqqında maraqlı xatirələri vardır. Cəfər Cabbarlı haqqında yazdıqları həm gələ­cək dramaturqun çalışqanlığını, həm də Ə.Mustafayevin bir mü­əllim kimi qayğıkeşliyini aydınlaşdırır. «Süleyman bəyin mək­təbində mənim şagirdlərimdən birisi də Cəfər Cabbarlıdır. O, dörd il mənim təlim-tərbiyəmi götürüb birinci buraxılışda bi­rinci yeri tutanlardan olur» [170, s.71]. Daha sonra müəllif Cəfər Cabbarlının üçüncü sinifdə oxuyarkən xəstələnməyin­dən yazır: «Mən hər gün onu həkimə göndərmək istəyirəm, ancaq o getmir. Burada başqa səbəb yoxdur, bu uşaq dərsdən qalmaq istəmir. Mən də ondan əl çəkə bilmirəm, çünki o mənim sin­fim­də birinci şagirddir. Bir gün dərsdən sonra Süleyman bəyə blank yazdırıram və Cəfəri qabağıma qatıb ikinci xəstəxanaya aparıram. Burada ona dərman yazırlar. Axırda Cəfər sağalır və əvvəlki şəklinə düşdükdə mən də rahat yatıram» [170, s.71].

Ə.Mustafayevin xatirələrinin Azərbaycanda məktəb və ma­arif işinin öyrənilməsində önəmli rolu vardır. Xatirələrdə Ba­kıda azərbaycanlılar üçün fəaliyyət göstərən rus-Azər­bay­can məktəbləri, onların əsas baniləri olan Həsən bəy Zərdabi, Hə­bib bəy Mahmudbəyov, Sultanməcid Qənizadə, təcrübəli pe­daqoqlardan Bədəl bəy Bədəlbəyov, Baba bəy Səfərəli­bə­yov, Əlisgəndər Cəfərov, eləcə də Mahmud bəy Mahmud­bə­yovun «Əlifba», Davisin «Rus dili», Moskva müəllimləri tərə­fin­dən yazılmış «Razvitiye reçi uçaşixsya» dərslikləri, müəl­lim­lər üçün fəaliyyət göstərən «Dəbistan» məcmuəsi və məc­muə qapandıqdan sonra yaranan «Məktəb» məcmuəsi haq­qın­da məlumatlar verilmişdir. Xatirələrin sonunda «Müəllimlərə sö­züm var», «Tələbələrə sözüm var» və «Müəllimin məslə­hə­ti» hissələri məqalə səciyyəlidir. Ümumiyyətlə, iyirmi üç kiçik hissədən ibarət olan xatirələrini memuarist 1966-cı ildə ta­mam­lamışdır. Xatirələrin yazılma tarixinə gəldikdə isə qeyd et­mək lazımdır ki, bizcə onlar müxtəlif illərdə qələmə alınmış­dır. Bunu əsərdəki təkrar fikirlər təsdiqləyir. Xatirələrdə keç­mişdə baş verən olaylar indiki zamanda nəql olunur. Bu nəqlet­mə hadisə baş verən vaxt və ya gündəlik şəklində qələ­mə alınsa idi, məqsədə daha müvafiq olardı. Bir haldaki həmin vaxt deyil, illər keçdikdən sonra yazıya köçürülüb, müəllif uşaqlıq və gənclik dövründən keçmiş zamanda danışmalı idi. Bununla belə. Əlməmməd Mustafayevin xatirələri dövrün tari­xi, ictimai-siyasi və ədəbi-mədəni mühitini öyrənməkdə ma­raq­lı qaynaqlardan sayıla bilər.

İnsanlar öz xatirələrini, əsasən, yaşlı vaxtlarında qələmə alır­lar. Bunun da bir neçə səbəbi olur. Bəziləri öz arzusu ilə bu işə girişir, keçdiyi ömür yolunu xatırlayır, sanki bu illəri yenidən yaşayaraq xüsusi zövq alırlar. Digər qisim yazı­çılar öz xatirələtini və ya başqası haqqında xatirələrini sifarişlə yazırlar. Nəhayət, bir çoxlarını xatirə yazmağa kimsə təhrik edir: bəziləri bununla asanlıqla razılaşır, bəziləri isə müəyyən müddət keçdikdən sonra yazmağı qərara alır. Qısa yaradıcılıq yolunda şeir, hekayə, məqalələrlə yanaşı ölməz dram əsərləri ilə Azərbaycan ədəbiyyatında əzəmətli mövqe tutan böyük sə­nətkar Cəfər Cabbarlı (1899-1934) iri həcmli memuar əsəri yaz­mamışdır. Yəqin ki, bu onun dünyasını erkən dəyişməsi ilə əlaqədar olmuşdur. Bununla belə, ədib bəzi çıxış və məqalə­lə­rində az-çox özü haqqında, gördüyü işlər haqqında məlumat ver­mişdir. Müəyyən əsər haqqında fikri, yaradıcılıq hesabatı onun özü tərəfindən söylənilmişdir. Yazıçı «1905-ci ildə» ta­maşası haqqında çıxışında əsəri nə məqsədlə qələmə aldığını, hansı təəssüratın onu bu işə sövq etdiyini göstərir: «1905-ci ildə» əsərini yazarkən mən öz qarşımda 1905-ci ildə Bakıda olan bütün inqilabi hadisələri əhatə etmək vəzifəsini qoy­ma­mı­şam. Bu tema öz bədii həllini gözləməkdədir. Bu məsələ ətra­fın­da hələ tam bir əsər yazılmamışdır. 1930-cu ildə Zaqaf­qazi­yanı gəzərkən aldığım təəssürat məni bu pyesi yazmağa sövq et­mişdir» [43, s.290]. Beləliklə, Cəfər Cabbarlı hər iki xalqın tarixini dərindən öyrənməyə başlayır və bunları bir-biri üzəri­nə salışdıran rus çarizminin müstəmləkə siyasətini göstərən pyes üzərində işləmək qərarına gəlir. Bu milli vuruşma üçün 1905-ci ili bir fon seçərək «1905-ci ildə» əsərini yazır. Qeyd edil­məlidir ki, Cəfər Cabbarlının «Mən «Almaz» ssenarisini nə üçün yazdım», «Əfqanıstan» pyesi üzərində işləyirəm», «Bö­yük vəzifələr uğrunda» və digər bu kimi məqalələrində mü­əllif «mən»i açıq-aşkar sezilir. Yazıçı «Almaz» ssenarisini tər­tib etməyə onu vadar edən mülahizələri və qızların qəzalara getməmələrinin səbəblərini açıqlayır. Bəzi qızlar isə «xalq və dövlət qarşısında öz borcunu necə olursa-olsun ödəmək istəyə­rək, ata evindən qaçıb gedir və öz böyüklərini göz yaşı ilə inan­dırmağa müvəffəq olmadıqda qohumları ilə əlaqəni büs­bü­tün kəsirlər. Bütün belə halların baş verməsi ailənin xasiy­yətindən asılıdır. Bəzi qızlar rayona gəlib müəllimlik edərkən öz vəzifələrini yalnız şagirdlərin dəftərlərini düzəltməkdən ibarət bilir və heç bir ictimai iş aparmırlar...

...İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onla­rın mübarizə iradəsini və cürətini artıraq. Hamı Almazı sevə­cək və onunla ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti, möh­kəm­liyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mən­bəyi olacaqdır» [44, s.414].

«Əfqanıstan» pyesi üzərində işləyirəm» məqaləsində Cəfər Cabbarlı iyirminci illərdə Azərbaycan teatrının durumundan bəhs edərək yazır: «Az tanış olan obrazlar, az tanış olan vəziy­yət işçi auditoriyası tərəfindən çətinliklə qəbul edilir və çox za­man ona çatmırdı, nəticədə teatr tamaşaçılar qarşısında mü­vəffəqiyyət qazanmırdı. Tamaşalara az adam gəlirdi. Pyesi tez repertuardan çıxarmaq və yenisi ilə əvəz etmək lazım gəlirdi. Quruluşların çoxluğu tamaşaların bədii dəyərini aşağı salır və tamaşaçı teatrdan üz döndərirdi. Bu, bir siqnal oldu. Teatr başa düşdü ki, düz-doğru yol ilə getmir və öz istiqamətini dəyişdi» [44, s.416]. Belə bir şəraitdə Cəfər Cabbarlı «Əfqanıstan» adlı yeni pyes üzərində işləyir. Dramaturqun yazdığına görə pyesin adı şərtidir və onun məqsədi Avropa imperialistlərinin Şərqdə gizli hiylələrinin üstünü açmaqdır. Cabbarlı teatr üçün ədəbi işlə yanaşı əməli fəaliyyətə də qoşulur. Çünki hər bir drama­turq rejissor olmalı və teatrın qanunlarını təcrübi öyrənməlidir. Ona görə də dramaturq teatrın əsas problemini yalnız teatrla sıx əlaqədə həll edə bilər.

Cəfər Cabbarlı 1930-cu ilin may ayında Azərbaycan Dram Teatrı heyətinin tərkibində Ümumittifaq olimpiadasında iştirak etmək üçün Leninqrada (indiki Sankt-Peterburqa) getmişdir. Bu görüşdən aldığı təəssüratı özünün «Leninqrad xatirələri»ndə qələmə almışdır. Həmin xatirələrdə yazıçı səfər zamanı gör­dük­­lərini və müşahidə etdiklərini yazıya köçürmüşdür. Azər­baycan aktyorlarının təntənə ilə qarşılanmasını müəllif belə təsvir edir: «Böyük Dövlət Dram Teatrında idik. Türk (Azər­baycan  N.S.) teatrının əməkdaşları üçün yanaşı üç loja ay­rıl­mışdı. Səhnədə oyun getdiyi yerdə birdən ... xalq aktyoru Mo­nomaxov tamaşaçılara müraciətlə:

 Yoldaşlar, bu gün Azərbaycan Türk Teatrının aktyorları bizə qonaq gəlmişlər. Türk səhnəsinə alqış!  dedi.

Salondan alqış qopdu. Teatrın hər tərəfindən projektorlar oturduğumuz lojalara tərəf çevrildi. Dopdolu salon bir ağızdan «ura» qışqırır, türk aktyorlarını alqışlayırdılar. Bu alqış çox sürdü və sonra türk milli teatrı şərəfinə gurultulu bir nümayiş şəklini aldı...

Böyük Opera Teatrında da, Dövlət Komediya Teatrında da və başqa teatrlarda da bu mənzərə eynilə təkrar edildi. Hər yerdə oyunun ortasında aktyorlar sözlərini saxlayır və tamaşa­çı­larla bir yerdə türk aktyorlarını alqışlayırdılar» [44, s.389]. «Leninqrad xatirələri» Cəfər Cabbarlının qələmə aldığı yeganə xatirədir. Onun haqqında isə kifayət qədər irili-xırdalı xatirələr yazılmışdır. Ədibin həyat yoldaşı Sona xanımın xatirələrində öz qısa ömür yolunda daima çarpışmalarda olan, bir dəqiqə də dinclik, istirahət bilməyən, öz ailəsini böyük məhəbbətlə se­vən, özünü tamamilə sənətə, yaradıcılığa həsr edən bir insan təs­vir olunur. Görkəmli teatr xadimlərinin, söz, qələm sahib­lə­rinin Cəfər Cabbarlı haqqında yazdıqları xatirələrdə də onunla bağ­lı hər gün, hər saat, hər an şirin duyğularla yad edilmişdir. Böyük dramaturqun əsərlərində qadın rollarının mahir ifaçısı Mər­ziyə Davudova bir aktyor kimi püxtələşməsində «Oqtay Eloğlu», «Aydın», «Sevil», «Od gəlini», «Almaz», «1905-ci ildə» və başqa əsərlərdə oynadığı rolların ona böyük təsiri ol­du­ğunu vurğulamışdır. «Sevil» əsərinin rol bölgüsü ilə bağlı xa­tirə müəllifi bunları yada salır: «Yaxşı yadımdadır. Bir dəfə Cabbarlı, Azərbaycan SSR xalq artisti Abbas Mirzə Şərifzadə və mən bir yerdə idik. C.Cabbarlı bizim üçün yeni yazmış ol­du­ğu «Sevil» əsərini oxuyurdu. Cəfər oxuduqca mənim qəlbim Sevil obrazını yaratmaq eşqi ilə döyünürdü.

Cəfər Cabbarlının bir adəti var idi. O, yazdığı hər yeni əsə­rini artistlər üçün oxuyar, onların fikrini öyrənər, hansı rolu hansı artist üçün yazdığını söylərdi. Bu dəfə mən Cəfərdən so­ruşdum:

 Cəfər qardaş, (biz həmişə ona belə müraciət edirdik) mən hansı rolu oynayacağam?

Mən elə bilirdim ki, Cəfər Cabbarlı indi mənə deyəcəkdir:  Sevili. Amma əksinə oldu. C.Cabbarlı özünəməxsus təva­zö­karlıqla dedi:

 Mərziyə xanım, mən Gülüş obrazını yazarkən sizi nə­zər­də tutmuşam. Bu rolu siz yaxşı oynayarsınız.

Mən inciyən kimi oldum. İndi olduğu kimi o vaxt da hər bir artist əsərdə baş rolu oynamaq istəyirdi. Cəfər Cabbarlıya yalvarmağa başladım:

 Cəfər qardaş,  dedim,  çox xahiş edirəm, əgər müm­künsə, icazə verin Sevili oynayım.

Cəfər gülə-gülə dedi:

 Yox, Mərziyə xanım, siz yaxşı bilirsiniz ki, mən rol böl­güsündə çox qəddaram.

Mən dedim ki, hazırlaşaram, heç olmazsa, bir dəfə oyna­ya­ram, əgər xoşunuz gəlməzsə...

Cəfər Cabbarlı ayağa qalxdı, əllərimi sıxdı:

 Neyləyim, mən Gülüşü də sevirəm, Sevili də, sizi də. Qoy siz deyən olsun, Sevili oynayın.

Bir neçə gündən sonra Sevilin oxunuşu, sonra rolların böl­gü­sü, nəhayət ilk məşqləri başlandı. Cəfər Cabbarlı «Sevil»in oxunuşundan ta ilk tamaşasına kimi bizdən ayrılmadı. Onu da qeyd edim ki, bizim bir məşqimiz belə onsuz keçməzdi. Nə­ha­yət, tamaşa hazır oldu. İlk tamaşa misilsiz müvəffəqiyyət qa­zandı...

«Sevil»in birinci pərdəsindən sonrakı əhvalatı mən heç bir zaman yaddan çıxarmayacağam.

C.Cabbarlı səhnəyə çıxdı, əllərimi dönə-dönə sıxdı.

 Sağ ol, Mərziyə xanım,  dedi,  sən Sevili sevərək yaratdın. Çox sağ ol, yaşa!» [46, s.33].

Cəfər Cabbarlı dostluqda çox möhkəm, vəfalı idi. O, özün­dən kiçik, hələ ədəbiyyatda yeni tanınmağa başlayan cavan şair­lərlə dostluq edərdi. Bu da onun sadəliyindən irəli gəlirdi. Xatirə müəllifləri Cəfər Cabbarlını həm sədaqətli, vəfalı bir dost, sadə, xeyirxah bir insan, həm də böyük sənətkar kimi xa­tırlayırlar. Dramaturqun əsərlərinin tamaşalarından böyük hə­yəcanla danışan memuaristlər onların tamaşaçılara göstərdiyi böyük təsir qüvvəsini qeyd edirdilər. Cabbarlının əsərləri oxu­cu və tamaşaçılara yalnız «ruhi qida» verməklə deyil, eləcə də onları öyrətmək, tamamilə dəyişmək iqtidarına malik idi.

Azərbaycan opera sənətinin banisi bəstəkar Üzeyir Hacı­bə­yov da (1885-1948) məqalə və məktublarında, məruzə və çı­xış­larında özü barədə, yaradıcılıq fəaliyyəti, həyatının bəzi mə­qamları haqqında məlumat vermişdir. O, «Azərbaycan xalq musiqisinin əsasları» əsərini yazarkən bu mövzuya dair heç bir elmi əsər olmadığı üçün yalnız öz şəxsi müşahidələrinə, apar­dığı tədqidatın nəticələrinə, Azərbaycan xalq musiqisinin bü­tün nümunə və formalarının dərin təhlilinə əsaslandığını bil­dir­mişdir. O, qeyd etmişdir ki, «Azərbaycan xalq musiqisinin əsas­larını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq mə­nim üçün əməli fəaliyyəti o oldu ki, mən «Koroğlu» ope­rasını yazdım» [100, s.30]. Üzeyir bəyin «Mən nə yaradıram», «Aprel mənə imkan və şərait yaratdı» və digər bu kimi məqa­lələrində müəllif şəxsiyyəti ön plandadır. Məktublarında isə bö­yük bəstəkarın həyatının bəzi məqamları, sevincli və kədərli günləri öz əksini tapmışdır.

Üzeyir Hacıbəyovla ünsiyyətdə olan müxtəlif sənət adam­la­rının  bəstəkar, müğənni, rəssam, aktyor, yazıçı, musi­qişü­nas, tənqidçi, teatrşünas, dirijor, həkim, əmək qəhrəmanı, filo­sof və başqalarının xatirələri çox canlı, oxunaqlı və əhatəlidir. Xa­tirələr səmimi, qayğıkeş, alicənab və xeyirxah insan, dahi bəs­təkar, böyük alim və pedaqoq Üzeyir Hacıbəyov haqqında dolğun təsəvvür yaradır. Xatirə müəllifləri onunla eyni dövrdə yaşadıqları üçün fəxr edir, yaradıcılıq fəaliyyətlərində onun ro­lunu göstərir, onunla ünsiyyətdə olmağı sözün həqiqi məna­sın­da əsl xoşbəxtlik kimi dəyərləndirirlər.

«Elə ki, ömrün qürub çağı başlayır, bir az sakitlik axtarır­san, bir az dinclik. Elə ki, yorulduğun günlərin acısını çıxmaq üçün əlini başının altında çarpazlayırsan, rahat nəfəs alırsan, yada düşür ötənlər, yada düşür itirdiyin adamlar... yaxşılı-ya­man­lı günlər. Arxaya çevriləndə görürsən ki, bir az özün haq­qında xatirələrin var, bir az səninlə birgə işləyən yaxşı adamlar haqqında. Bir nəfər tapıb ürəyini boşaltmaq istəyirsən. Qorxur­san ki, bu xatirələri özünlə aparasan. Elə şeylər var ki, səndən başqa heç kəs bilmir. Ancaq bunu bilsələr daha xeyirdir. Bu xa­tirələr özgələri üçün daha gərəklidir» [247, s.74]. Xatirələrin əhəmiyyətini qeyd edən memar Qəzənfər Əlizadə böyük bəstə­kar haqqında yazdığı «Üç, dörd ilin xatirəsi»ndə maraqlı və önəmli məqamlara toxunur. Rəsul Rza xatirələrində göstərir ki, mehribanlıq, sadəlik, qayğı Üzeyir bəyin sözündə, hərəkə­tində özünəməxsus şəkildə görünür və duyulurdu. Ramazan Xəlilovun xatirələrində Səməd Vurğunla Üzeyir Hacıbəyovun dostluğu, birgə yaradıcılıq fəaliyyətləri canlandırılır. Məmməd Səid Ordubadi isə «Koroğlu» operasının yazılışı vaxtı Üzeyir Ha­cıbəyovla birgə işlədiyi günləri yada salaraq bəstəkarın iş prosesinin əsas xüsusiyyətlərini, yaradıcılıq mövqeyini nəzərə çatdırır. Üzeyir Hacıbəyov musiqisi və şəxsiyyəti onun haq­qın­da xatirə yazan bütün müəlliflər üçün çox önəmli idi.

Bəstəkarın həyat və yaradıcılığını müxtəlif aspektlərdən tədqiq edən E.Abasova «Üzeyir Hacıbəyov: həyat və ya­radı­cı­lıq yolu» [276] monoqrafiyasında bəstəkarın elmi tərcümeyi-halını faktik materiallar əsasında tərtib etmişdir. Əsərdə Üze­yir Hacıbəyov bəstəkar, publisist, ictimai xadim kimi əsaslı şə­kildə araşdırılmışdır. Bəstəkarın qələmə aldığı məqalələrdə, ya­radıcılıq hesabatlarında, məruzələrində özü haqqında dediyi fikirlərə, arxiv sənədlərinə söykənərək onun həyat və yaradı­cı­lıq yolu elmi əsaslarla izlənilmişdir.

Üzeyir Hacıbəyovun xidmətlərini XIX əsrin sonu  XX əsrin əvvəllərində yaşayıb-yaratmış istedadlı şair Səməd Mən­sur ilk dəfə «Tuti» məcmuəsinin 9 may 1915-ci il tarixli 20-ci sayında dərc etdirdiyi «Səhneyi-qeyrətlərinə» şeirində məha­rət­lə təsvir etmişdir:

Min təşəkkür bu Üzeyrin xidmətlərinə,

Xalqa göstərdiyi ol səhneyi-qeyrətlərinə.
«Ər və arvad» ilə «Arşın mal alan» ayinədir,

Ta baxa xalq görə, ondakı əxlaq nədir.

.......................................................................

«Drijor» olmuş idi həmmal ilə Məşədi İbad,

Muzıkantlar hamısı salmış idi dad-bidad,

Qəbr evindən baxıban Fətəli də olsun şad

Ki, Üzeyir etdi bizim səhnəni yeksər abad.

Verdi çox yaxşı əvəz çəkdiyi zəhmətlərinə,

Min təşəkkür bu Üzeyrin bizə xidmətlərinə.
Görə Zərdabi Həsən bəy Üzeyrin hünərin,

Qırx sənə zəhmətinin gör,ey Nəcəf bəy səmərin.

Durun alqışlayın indi bu günün bəxtəvərin,

Sındırıb çün «Operetta»yla cəhalət kəmərin.

Mən də təzim edirəm səhneyi-qeyrətlərinə,

Min təşəkkür bu Üzeyrin bizə xidmətlərinə [162, s.37].

Daha öncə qeyd edildiyi kimi xatirələrin demək olar ki, ək­sə­riyyəti müəlliflərin həyatlarının son dövrlərində yazıya alı­nır. Bu cəhətdən general-leytenant Əliağa Şıxlinski (1863-1943) də istisna təşkil etmir. Rus ordusu «artilleriyasının alla­hı» sayılan Şıxlinski həqiqətən Azərbaycan xalqının fəxridir. O, 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il I Dünya müha­ri­bəsində, 1918-ci ildə daşnaq Ermənistana qarşı döyüşlərdə iş­­tirak etmişdir. Onun «Xatirələrim» əsəri «Azərbaycan hərb ta­rixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və in­qilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, bir qiymətli mən­bə kimi ondan istifadə etməsin» [193, s.159].

Akademik Heydər Hüseynov generalla söhbətlərində onu xati­rə­lərini yazmağa sövq etmiş və həvəsləndirmişdi. Gözü nurdan dü­şən, qulaqları ağır eşidən yaşlı general güclü hafizəyə, yad­daşa malik idi. Məhz yaddaşına əsaslanaraq xatirələrini diqtə et­mişdi. Ş.Nəzirli yazır ki, «Xatirələrim»i yenidən çapa hazır­layanda düzü şübhələndim: axı ola bilməz ki, bu yaşda adam bu qədər faktı yadında saxlaya, rəqəmləri, tarixi hadisələri də­qiq deyə bilsin. Ona görə də kitabda adı çəkilən adamların fa­miliya və rütbəsini, ayrı-ayrı hadisələri bir daha hərbi ensik­lo­pediya ilə yoxlayıb tutuşdurdum. Zərrəcə səhv tapa bilmədim» [192, s.102].

General-mayor, hərb elmləri doktoru, professor Yevgeni Bar­sukov 1943-cü ilin noyabrında qələmə aldığı yazısında Ə.Şıx­linski və onun «Xatirələrim» əsəri haqqında maraqlı fi­kir­lər söyləmişdir. Məhz bu yazı Şıxlinskinin 1984-cü ildə nəşr olunmuş əsərində müqəddimə kimi verilmişdir. Ə.Şıx­linski ilə şəxsən tanış olan Barsukov onu «çox tələbkar və za­bitəli bir komandir olmaqla bərabər, həm də ədalətli, xeyirxah, özünə tabe olanların qeydinə qalan bir adam» [233, s.7], şəxsi həyatında isə qadınını sonsuz məhəbbətlə sevən sədaqətli bir ər, mehriban və qonaqpərvər bir insan kimi qiymətləndirmişdi.

Xatirələr tarixi şəxsiyyətin xarakteristikasını vermək, onun mənəvi aləmini aydınlaşdırmaq üçün əvəzsiz mənbədir. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycanda fəaliyyət göstərən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa olmuşdur. Çətin və əzablı hərbçi ömrü yaşamış Nuru paşa iyirmi doqquz yaşında general-leytenant rütbəsinə layiq görülmüşdür. 1918-ci ilin mayında elan edilmiş Azərbaycan Xalq Cümhuriy­yəti­nin ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqının er­məni-daşnaq qırğınından xilas edilməsində türk qoşun­ları­nın, Azərbaycanda fəaliyyət göstərən Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın böyük xidmətləri olmuşdur. Bakı qır­ğınlarından sonra bolşevik-daşnaq qoşunlarının sürətlə Gən­cə­yə doğru irəliləməsinin qarşısını türk qoşunlarının köməyi ol­madan almaq mümkün olmazdı. Daşnaqların işğalı altına dü­şən hər bir yaşayış məntəqəsində isə minlərlə günahsız insan­lar vəhşicəsinə qətlə yetirilirdi. Ona görə də Nuru paşa və onun rəhbərliyi altında olan türk qoşunları qardaş Azərbaycan xal­qının köməyinə yetişdi. «Türk qoşunları Azərbaycana ilk dəfə iki qrup halında gəlmişdir. General Nuru paşanın təşkil et­diyi birinci qrup 1918-ci il iyunun 7-də, ikinci qrup isə bir gün sonra Qazaxa və iyunun 9-da Gəncəyə çatmışdır. Hər iki qrup üçüncü türk ordusunun beşinci Qafqaz diviziyasından se­çil­mişdir» [194, s.75]. Akademik T.Köçərli «1920-ci il üçün Azərbaycan Cümhuriyyətinin ünvan təqvimi» kitabına əsas­la­na­raq yazır ki, «Nuru paşa dərhal Gəncədə hərcmərcliyə son qoyur, qayda-qanun yaradır və vədd edir ki, Bakı məsələsini şəhərin əzəli sahibləri olan azərbaycanlıların xeyrinə həmişəlik həll edəcəkdir» [127, s.382]. Bu belə də oldu. Nuru paşa və onun komandanlığı altında türk qoşunları Azərbaycan əsgər­lə­ri ilə birlikdə sentyabrın 15-də Bakını düşmənlərdən azad etdi­lər. Nuru paşanın Azərbaycandakı fəaliyyəti kifayət qədər mən­bənin olmaması səbəbindən öyrənilməmişdir. Lakin onun Azərbaycanda göstərdiyi xidmətlərlə bağlı yazdığı «Qafqaz İslam Ordusu hərəkatı» adlı xatirələri bu fəaliyyəti öyrənmək üçün ən səhih qaynaqdır. Xatirələr Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Əsgəri Tarix və Strateji Etüd başqanlığının ar­xivində saxlanılır. Həcm etibarilə bir o qədər böyük olmayan xatirələrdə Nuru paşanın Azərbaycana gəlişindən, Qafqaz İs­lam Ordusunun təşkilatlandırılmasından, bolşevik-daşnaq qo­şun­larına qarşı mübarizənin təşkilindən danışılır. Nuru paşa xa­tirələrində təkcə Bakıya doğru irəliləməsindən deyil, eyni za­manda Gəncə və Şəki ətrafında, eləcə də Qarabağda ermə­ni­lərin tərksilah edilməsi haqqında da maraqlı faktları açıq­la­mış­dır. Nuru paşa Azərbaycanı tərk etdikdən sonra ingilislər onu tu­tub Batumda həbsxanaya salmışlar və edam etməyə hazır­la­şırdılar. Azərbaycanlılar Nuru paşanı həbsxanadan qaçırmış və onu ölümdən xilas etmişlər. Bütün bunlar barədə də xatirələrdə məlumat verilmişdir.

Nuru paşanın Azərbaycanda fəaliyyəti haqqında Azərbay­can Demokratik Respublikasının siyasi xadimlərindən olan Nağı bəy Keykurunun (Şeyxzamanlının) (1883-1967) xatirələ­rin­də də ətraflı bilgilər vardır. Cümhuriyyətin təşkili ilə əlaqə­dar Nağı bəy İstanbulda olduğu müddət ərzində hər gün Ənvər paşa ilə görüşürdü. Məhz Şeyxzamanlının xahişi ilə Ənvər pa­şanın qardaşı Nuru paşa Qafqaz İslam Ordusunun komandiri təyin olunur. Azərbaycanın istiqlalında özünün xidmətlərini qeyd edərkən isə Nağı bəy bunları bildirir: «Mən Azərbaycan istiqlalının əvəzsiz aşiqiyəm. Məni istiqlalçı edən Nəsib bəy ol­muşdur. O qüvvəni, eşqi mənə Tanrım vermişdir. Və bu sə­bəb­dəndir ki, Azərbaycan istiqlal hazırlığı dövründə ən mü­hüm, ən çətin, ən şərəfli hadisələr ilə məni birlikdə yaşatmış­dır. Heç kəs inkar etməz ki, Azərbaycanın istiqlalının təməlinə bütün ömrüm boyu əmək sərf etmişəm» [230, s.126].

XX yüzil Azərbaycan memuar ədəbiyyatının formalaşdığı dönəmdir. Bu dövrdə ədəbiyyatımızın tanınmış nümayəndələri dündəlik, tərcümeyi-hal və xatirələr yazmışlar. Klassik me­muar nümunələrinin yazılması, gündəliklərin tərtibi məhz ke­çən əsrin birinci yarısına təsadüf edir. Bunlar haqqında irəlidə söhbət açılacaqdır. İlk öncə isə gündəlik və xatirələrin spesifik xüsusiyyətlərini səciyyələndirmək yerinə düşərdi. Belə ki, araş­dırmalarda gündəliklər memuar ədəbiyyatının ilk forması kimi qiymətlənən vaxtda onların eyni məqsəd və vəzifə da­şı­dığı irəli sürülərək, dəfələrlə gündəlik və xatirələr arasında mü­hüm fərqləri aradan götürməyə çalışmışlar. Həqiqətən, xati­rələr və gündəliklər şəxsi yaranma mənbəyi baxımından biri di­gərinə yaxındır. O halda ki, bunlar həyatdan, tanınmış insan­larla görüşlərdən, dövrün nəzərə çarpan olaylarından təəssüratı möhkəmləndirərək xatirələr üçün tədarük kimi və ya gələcək nəslə çatdırmaq məqsədi ilə yazılır, deməli, xatirələr və gün­də­liklər öz aralarında nəinki mənşə, həm də funksional baxımdan əlaqədardır. Bəzi müəlliflərin avtobioqrafik yazıları qələmə al­maq və öz dövrünün tarixi üçün material kimi istifadə etmək məqsədi ilə yazılmış gündəlikləri bu səpkidə olur. Bu növ gün­dəliklərdə müəllifin öz şəxsi təcrübəsi və özünün çevrəsinin gələcək üçün dərk edilməsi, dəyəri hiss olunur. Burada müəl­lifin özünü dərk etməsinin bəzi tarixi cəhətləri təmsil olunur ki, bunlar da xatirələrin özünə nisbətən ölçüyəgəlməz dərəcədə az və müntəzəm dərk edilmişdir. Bu planda onlar arasında fərq (bu da prinsipial dərəcədə vacibdir) oradan nəşət edir ki, xati­rə­lərin tarixilik dərinliyi onların tarixə çevrilmiş keçmişlə əla­qəsində ölçüldüyü halda, gündəliyin tarixilik dairəsi müasir­li­yin səviyyəsi ilə məhdudlaşır. Lakin gündəliyin sadə forma­sın­da belə ona tarixilik xüsusiyyəti xas deyil. Hər halda onlar müa­sir, keçmişin geniş aşkarlığı ilə az-çox əlaqədar olmayan adi həyatı, dərin şəxsi məqsədləri izləyə bilər. Gündəliklər ək­sər hallarda bu günün mənafeyi dairəsində öz təəssüratını və özü­nün əxlaqi təkmilləşdirilməsi hökmü ilə məqsədləri təmin etməklə yaranır. Predmeti müasir varlıq olan və onu şəxsi nöq­teyi-nəzərdən qiymətləndirən gündəliklərdə retrospektivlik möv­qeyi yoxdur. Buna baxmayaraq, bugünki olayları əks et­di­rən gündəliklərdə «bu və ya başqa dərəcədə keçmişə çevrilmiş xatirələrin olması» fikri mübahisəlidir. Vaxt etibarı ilə hadisə­lər və gündəliyin yazılması ilə ona xronoloji yaxınlıq arasın­da­kı uyğunsuzluqlar tarixi mənada, bir qayda olaraq önəmli de­yil. Çünki hətta gündəlikdə yazılmış, təsbit olunmuşla bir neçə gün intervalda olanlar müəllif tərəfindən bir qayda olaraq keç­miş kimi deyil, onun gözünün önündə baş vermiş hadisə kimi qəbul edilir. Buna müvafik olaraq gündəlikdə memuarlarda ol­du­ğu kimi varlığın yeniləşməsinin xarakterik vasitəsi hafizə de­yil, həmin dəqiqəlik, əhatə olunmuş həyatın isti-isti təəssü­rat­larıdır.

Gündəliyin önəmli struktur xüsusiyyətləri az deyil. Həya­tın anlayişlı şəkildə canlandırılmasından başqa bir şey olma­yan kompozisiya və bəzən süjet cəhətdən təşkil olunmuş mətn­də verilən xatirələrdən fərqli olaraq gündəliklər xırda, dağınıq və bərabəri olmayan nəticələrin axarı ilə, hadisələrin təbii cə­rə­yanı ardınca gedir. Gündəliklərə xüsusi idraki keyfiyyətlər, varlığı əksetdirmənin xüsusi sistemi məxsusdur ki, bu da xati­rələri onlarla eyniləşdirmək imkanını kənar edir və onları müs­təqil qaynaq növü kimi ayırır. Lakin bunlar xatirə-gündəlik ya­zılarında bir sıra qarışıq formaların olması məsələsini qətiyyən aradan götürmür. Çünki xatirələr öz tarixi durumunda heç bir mənbə növü ilə (yalnız yenə məktublarla ola bilər) gün­dəlik­lərdə olduğu kimi bir-biri ilə əlaqəsi yoxdur. Bu mənbələr dai­ma «biri digərinə keçir, biri digərinin şəklini alır». Bunun ən çox yayılmış təzahürü  xatirələrin tərtibində, əvvəl aparılmış gündəliyin istifadəsi və keçmiş obrazların memuaristin yad­da­şın­da canlanmasında kömək etməsi, memuar hekayələrinə gün­­dəlikdəki yazıların daxil edilməsidir. Bununla belə, gündə­lik üzərində sonrakı işlər həmişə memuar yaranmasına gətirib çıxarmır.

Əksər hallarda xatirələr keçmişi təsvir edən məzmununu bitirərək, bugünün hadisələrinin gözdən keçirilməsi ilə və ya gün­dəliyin mətnləri ilə əvəz edilərək gündəliyə çevrilir. Bu­nun­la bərabər sonuncunun tərtib edilməsi prosesində gündəlik yazı tez-tez qırılır və müəllif düşüncəsində gözlənilmədən ya­ran­mış və ya müasirlikdən uzaq olaylar, keçmiş həyatın insan­ları haqqında başqasından eşitdikləri ümumi şəkildə təsvir olu­nur. Gündəlikdə memuar əlamətlərinin varlığı gündəlik qeyd­lərin ardıcıllığından da asılıdır. Əgər onlar müntəzəm apa­rılır­sa, o vaxt sinxron mətnlər üstünlük təşkil edir və gündəlik öz janr «təmizliyini» saxlayır. Əgər gündəliklər arabir, təsadüf­dən-təsadüfə, böyük fasilələrlə aparılırsa, o zaman müəllif hər bir yeni yazıya başlayarkən yaranmış boşluğu doldurmaq üçün gündəlik qeydlərinin sonuncu günündən həyatının müəyyən dövr hadisələrinin cərəyanını gözdən keçirməklə xatirələrində on­ları şərh etməyə çalışır və gündəliyin xarakteri, onun tərtib­çisi il ərzində baş verənləri yekunlaşdırarkən, hər dəfə dəyi­şi­lir, memuar kimi səslənir. Belə mətnlər müəyyən dövr gün­də­lik və memuarların ümumi çoxluğunda say etibarı ilə əhəmiy­yətsiz hissəni təşkil edir. Gündəliklərin janr sərhəddinin gur­lu­ğu haqqında mülahizə onların mahiyyətcə «özü-özüylə» olma­sının dərk edilməsi ilə mütləqləşir. Retrospektiv şəkildə işlən­miş gündəlik ya davamiyyəti memuar yazıları ilə əvəz edilər­kən, ya ümumiyyətlə əhatəli memuar əsərində əriyərkən, ya da tarixi nəqletmənin ayrıca növünə düşərkən yaranmışdır. Be­lə­liklə, memuarlar əlaqəli janrlarda qarşılıqlı münasibətdə izləni­lən zaman onların yuxarıda qeyd edilmiş əlamətləri hədd qoy­maq üçün əsas meyar ola bilər. Bu əlamətlərdən hansı birinin ya şəxsi başlanğıc, ya bəzi funksional oxşarlıq əsasında süni şəkildə seçilməsi memuarların daxili təbiətini tutqunlaşdırır və onları bir-birinə yaxın növ nəqletmə mənbələrindən ayıran fər­qi aradan qaldırır.




1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə