HƏQİQƏTİ baki – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu naiLƏ SƏMƏdova insan, zaman və HƏyat




Yüklə 1.11 Mb.
səhifə10/11
tarix22.02.2016
ölçüsü1.11 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Bütün yazılarında olduğu kimi Anar bu əsərində də olay­lara, Rəsul Rza ilə qələm əhli arasındakı qarşılıqlı müna­si­bət­lərə obyektiv yanaşır, bir çox qaranlıq mətləbləri işıqlandırır. Əsərdə Rəsul Rzanın Nazim Hikmətlə şəxsi dostluq əlaqələri, yaradıcılıq yaxınlığı öz əksini tapmış, eləcə də Rəsul Rza ilə yaxın münasibətdə olan digər insanların, onun dostlarının ömür yollarının önəmli, yaddaqalan, sevincli və kədərli anları ya­zıya alınmışdır. Onu da qeyd etmək lazımdır ki, çox maraqla oxunan əsərdə bir qədər pərakəndəlik hiss olunur. Bu fikri özü də etiraf edən müəllif bunu belə əsaslandırır: «Üzərində du­ra­ca­ğım mətləbləri, məqamları müəyyən məntiqi ya xronoloji ar­dıcıllıqla, Rəsul Rza ömrünün və yaradıcılığının dövrləri, möv­zuları əsasında düzərək sistemləşdirməyə çalışsam da, ya­zım müəyyən qədər pərakəndəlik, dağınıqlıq, mozaika təsiri ba­ğışlaya bilər. Amma yazının müəyyən sərt qəliblərə tabe ol­mamasını həm də onun janrıyla  düşüncə - esse janrıyla bağ­lıdır: bu ədəbi tür çox vaxt yalnız anımların – assosiasiyaların ardıcıllığına əsaslanaraq sərbəst şəkildə mətləbdən mətləbə, mövzudan mövzuya, dövrdən dövrə keçməyə imkan yaradır» [25, s.8].

Əsərin janrının bir növ «Gecə düşüncələri»nin davamı ol­du­ğunu bildirən Fikrət Qoca qeyd edir ki, «burada düşüncələr faktlar ətrafındadır. Bu faktları bir-birinə bağlayan gərgin kon­flikt Rəsul Rza ömrüdür» [25, s.526]. Bu ömür dövrün olayları ilə əlaqədar canlandırılmışdır. Əsərdə Rəsul Rzanın ailəsi, ya­şa­dığı mühit, qarşısına çıxan çətinliklər və onları necə dəf et­məsi haqqında aydın təsəvvür almaqla yanaşı müxtəlif möv­zularda yazdığı əsərlərinin yaranma tarixi, müxtəlif dillərə edi­lən tərcümələri, dilin saflığı və yad təsirlərdən qorunması, 1945-1946-cı illərdə «Azərbaycan» jurnalının baş redaktoru kimi fəaliyyəti, kinomatoqrafiya sahəsində, Azərbaycan ensik­lo­pediyasında gördüyü işlər, ona həsr olunmuş kitablar haq­qında dəyərli məlumatlar almaq mümkündür. Rəsul Rzaya həsr olunmuş yazıların böyük bir hissəsi onun vəfatından son­ra qələmə alınmış xatirələrdir. Məhz bu xatirələri əsərinə daxil etməklə Anar bu böyük şəxsiyyətin dünyagörüşü, xasiyyəti, çev­rə­sində olan insanlara münasibəti haqqında bilgilər vermiş­dir.

Cəfər Cabbarlı haqqında yazılan xatirələrdə onun heç bir tənqidə cavab vermədiyi, cavabı yalnız qüvvətli əsərlər yaz­maq­dan ibarət olduğu qeyd edilirdi. Rəsul Rza da ötən əsrin 40-cı, 50-ci illərində şifahi və yazılı hücumlara məruz qal­mışdı. O, vaxtilə yaxın münasibətdə olmuş böyük dramaturq kimi «bu sayaq yazılara ciddi reaksiya vermirdi, çünki nə sə­bəbə və kimlər tərəfindən fitvalandığını bilirdi. Amma ara-sıra polemik şeirlər və ayrı-ayrı misralarla onların bəzilərini cavab­sız da qoymurdu» [25, s.212]. Anar Rəsul Rzaya qarşı olan qə­rəzli yazılardan ətraflı bəhs edir, yazı müəlliflərinin imzasını göstərməsə də, onlar haqqında aydın təsəvvür yaradır. Müəllif yazır: «Rəsul Rza sağlığında ömür boyu «ədəbi mığmığalar» ad­landırdığı nadan, cahil, paxıl və kinli adamcıqların hü­cum­larına məruz qalıb. Bu «ədəbi mığmığalar» şairin ölümündən sonra da onu sancmaqdan həzz alırlar. Yazıçılıq iddiasına düş­müş, amma bununçün nə istedadı, nə ağlı çatmayan bir qra­foman da uğursusluğunun səbəbini öz iqtidarsızlığında deyil  gah Yazıçılar Birliyində, gah da onun rəhbərliyində axtarır» [25, s.511].

Anar ədəbi mühiti ictimai-siyasi hadisələr kontekstində təh­lil edir, öz fikir və mülahizələrini bildirir. Əsərdə mühit, şair və insan obrazı uğurla canlandırılmış, həyat həqiqəti əha­təli və dolğun şəkildə əks olunmuşdur. Müəllif hələ 1981-1983-cü illərdə qələmə aldığı «Sizsiz» xatirə-romanında ata-anasının xəstəliyi, vəfatı ilə bağlı keçirdiyi mənəvi sarsıntıları, daxili dünyasının hiss və həyəcanlarını, iç dünyasının hər guşəsini, hər bu­cağını bütün incəlikləri ilə təsvir etmişdir.

Müasirləri haqqında yazılan xatirələr sırasında yazıçı, ədə­biyyatşünas-alim və pedaqoq Mir Cəlal Paşayevə (1908-1978) həsr olunmuş yazılar bu görkəmli şəxsiyyətin tanınmasında əhə­miyyətlidir. Ailə üzvlərinin, dostlarının, tələbələrinin xati­rə­lərində onun şəxsi keyfiyyətləri  xoş rəftarı, səmimiliyi, sa­də­liyi, təvazökarlığı, nəcibliyi, qayğıkeşliyi, həssaslığı, təm­kin­liyi, eyni zamanda işdə tələbkar və qanunpərəst olması, dərs demək manerası öz əksini tapmışdır. Qeyd edilməlidir ki, ya­zı­çının əsərlərinin özü həyatdan alınmışdır. Professor Qara Na­ma­zov çox haqlı olaraq yazır ki, «o, mövzunu yaşadığı mü­hi­tin özündən, gündəlik təmasda olduğu insanlardan, onların hə­yat və məişətindən almış, onların özlərinə məxsus sadə və ay­dın bir dildə yazmışdır» [264, s.44].

Mir Cəlal haqqında yazılan məqalələrdə də ara-sıra onunla bağlı xatirələrə toxunulur, o, bir şəxsiyyət, bir insan, bir mü­əl­lim kimi səciyyələndirilir. Akademik Ağamusa Axundovun «Za­ma­nın fövqündə» [264, s.241], akademik Fuad Qasımza-dənin «Mir Cəlal Paşayev şərqdə ədəbiyyat və fəlsəfənin, bədii təfəkkürlə fəlsəfi təfəkkürün vəhdəti haqqında» [264, s.299] məqalələri bu baxımdan daha çox diqqət çəkir.

Mir Cəlal Paşayev haqqında xatirələrdə memuar janrının və bu janra aid olan gündəliklərin əhəmiyyəti xüsusilə vur­ğu­la­nır. Professor Teymur Əhmədov diqqəti bu cəhətə yönəldərək bil­dirir: «Ömürdən illər keçib. İndi təəssüflənirəm ki, gündəlik yaz­mamışam. Gündəlik ömrün salnaməsidir. Keçmişi xatır­la­yan­da gündəlik insanın karına gəlir. Onun köməyi ilə hər şeyi yerli-yataqlı yada salırsan. Gündəlik xatirə yazan üçün əvəzsiz mənbədir» [164, s.55].

Görkəmli ədəbiyyatşünas, mətnşünas alim, tənqidçi, əmək­dar elm xadimi, professor Abbas Zamanov (1911-1993) haq­qında da yazılan xatirələrdə onun portret cizgiləri əks olun­muş­dur. O, çox cəsarətli, mərd, sözünü açıq deyən bir insan, hə­qiqətsevən vətənpərvər idi. Bir şəxsiyyət kimi prinsipial, mü­bariz, humanist, həmçinin həssas, qayğıkeş, özünə qarşı həd­dən artıq tələbkar, dostluqda möhkəm, etibarlı və sədaqətli, qə­tiyyətli, əsl ziyalı, vətəndaş alim Abbas Zamanov tələbələrin yanında gənc müəllimləri ucalda bilirdi, onlara arxa-dayaq olur­du. Tələbələrinə isə sadəlik, əsl insanlıq dərsi keçirdi. «Tə­mizlik, düzlük, həqiqəti müdafiə etmək, haqqın tərəfini sax­la­maq, ağır gündə dosta dayaq olmaq! Abbas müəllimin bu key­fiyyətləri ona bir insan kimi böyük nüfuz qazandırmışdı» [172, s.90].

Azərbaycan ziyalılarının ən gözəl keyfiyyətlərini özündə təcəssüm etdirən Abbas Zamanov dünyanın müxtəlif ölkələ­rin­də yaşayan soydaşlarımızla əlaqə saxlayıb İran, İraq, Tür­kiyə və başqa ölkələrin kitabxanalarını klassik və çağdaş ya­zar­larımızın əsərləri ilə, ədəbi jurnal və qəzetlərlə zəngin­ləş­di­rirdi. O, məktublaşma işinə çox ciddi önəm verirdi. Ona gələn məktubları səliqə ilə yığır, ayrı-ayrı adamlara göndərdiyi mək­tubların da üzünü köçürüb saxlayırdı. 23 aprel 1958-ci ildə yaz­dığı bir məktubunun surətini Respublika Əlyazmaları fon­duna (indiki Əlyazmalar İnstitutuna) göndərmişdi. Məktub Meh­di Hüseynə ünvanlanmışdı. Məktub bu sətirlərlə başlayır: «Hörmətli H.Mehdi! Səninlə son dəfə görüşərkən Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin martın 4 və 5-də ke­çi­rilən plenumunda etdiyin məruzənin bəzi yerlərilə razılaş­ma­dığımı və bu barədə mətbuatda yazacağımı demişdim. Bu müm­kün olmadı. Görünür, heç kəs səninlə baş-başa vermək is­təmir. Buna görə şəxsi məktubla cavab verməkdən başqa yo­lum qalmadı. Mən sənə nə şəkildə olursa-olsun cavab verməli idim. Bu cavabı vermədən sakitləşə bilməzdim, çünki mən qa­paz­landıqca başımı aşağı əyib, növbəti qapazı soyuqqanlıqla gözləyənlərdən deyiləm» [268].

Məktubda Abbas Zamanovun şəxsi keyfiyyətləri  mərd­liyi, bir şəxsiyyət və bir tənqidçı kimi daxili mədəniyyəti, heç nə­dən çəkinmədən həqiqəti deməsi açıq-aydın görünür. Öz ya­zılarında və mühazırələrində Mehdi Hüseyn haqqında nəsri­mi­zin görkəmli nümayəndələrindən biri kimi, əməksevən, öz ya­radıcılığına tələbkar yanaşan bir yazıçı kimi danışan məktub müəllifi onu xırda hisslərdən əl çəkməyə çağırır.

Abbas Zamanov haqqında xatirələr kitabına «Abbas Zama­nov və müasirləri» adlı müqəddimə yazan akademik İsa Həbibbəyli müasirlərinin konkret bir sə­nət­kar barəsində məqalələr və xatirələrin toplanıb nəşr olun­ma­masından gileylənir. Həqiqətən, Azərbaycan ədəbiyyatında bu möv­zuda əsərlər rus və Avropa ədəbiyyatı ilə müqayisədə ye­tərincə deyil. Lakin son illər bu sahədə xeyli işlər görül­müş­dür. Çox maraqlıdır ki, bədii-publisistik üslubda yazılan nü­mu­nələrdə də xatirələr əsas istinad mənbəyi olur. Bu mənada XX yüzil Azərbaycan mətbuatı və ictimai fikir tarixində gör­kəmli yer tutan, milli jurnalistikamızı idarəetmə və yaradıcılıq istiqamətlərində zənginləşdirən Nəsir İmanquliyevin həya­tın­dan, yaradıcı fəaliyyətindən bəhs edən kitab özəlliklə dəyər­ləndirilməlidir. Kitabın müəllifi «Nəsir müəllimin həyatının və əməllərinin əbədiyyətə qovuşan silinməz izlərini meydana qo­ya» [99, s.43] bilən ömür tarixçəsindən başlıca məqamları se­çıb yazının üslubuna uyğun tərzdə təqdim etməyə müvəffəq ol­muşdur. Peşəkar redaktoru yaxından tanıyan, onunla çalışan insanların  elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nü­mayəndələrinin xatirələri onu həm şəxsiyyət, insanlara qayğı və məhəbbətlə yanaşan sadə, təvazökar, səmimi insan, həm də lə­yaqətli ziyalı, ictimai xadim, gözəl tərcüməçi, böyük alim kimi səciyyələndirir. Eldar İskəndərzadənin, Rəşad Məcidin xa­tirələri öz səmimiliyi ilə diqqət şəkir. Bu xatirələrdə Nəsir İmanquliyevin şəxsi keyfiyyətləri daha aydın canlandırıl­mış­dır. Belə ki, xatirə müəllifləri onunla sıx təmasda olan insanlar olmuşdular. Xatirələrdə həmçinin Nəsir İmanquliyevin həyat və fəaliyyəti haqqında özünün söylədikləri də yer almışdır. Onun keçdiyi mənalı və şərəfli ömür yolu yeni nəsil jur­na­list­lər üçün əsl məktəbdir. «Nəsir İmanquliyevin davranışları, yük­sək ziyalı və pedaqoq mədəniyyəti böyük təsir gücünə ma­lik idi və yeni nəslin ləyaqətli inkişafı üçün sözlə ifadəsi çətin olan imkanlar açırdı» [99, s.133].

Nəsir İmanquliyevin 30 il ərzində rəhbərlik etdiyi «Bakı» və «Baku» axşam qəzetlərinin səhifələrində müxtəlif üslublu yazılarla yanaşı xatirələr də dərc edilirdi. İsmayıl Şıxlının, Mi­ka­yıl Abdullayevin Üzeyir Hacıbəyova həsr etdikləri «Dahi­yanə sadəlik», «Musiqidən başlanan tanışlıq» xatirələri bu qə­bildəndir. Müəllif bu xatirələri kitaba daxil etməklə sözügedən nümunələrin tarixin və şəxsiyyətlərin öyrənilməsində önəmini bir daha nəzərə çatdırmağa nail olmuşdur.

Xatirələr əksər hallarda şeirlə ifadə edilir. Sona Xəyalın xalq şairi Qabilin (1926-2007) ölümündən təsirlənərək qələmə aldığı şeirlərində şairin şəxsi keyfiyyətləri, əsərlərindəki ibrə­ta­miz fikirlərin əsas məğzi, eyni zamanda müəllifin şairə olan səmimi münasibəti incələnir. Bu şeirlər bir növ nekroloq sə­ciyyəlidir. Qabil yaradıcılığı onun mənəvi dünyası ilə sıx bağ­lı­dır. Onun saflığı, sadəliyi bütün yaradıcılığına hopmuşdur. «Qa­bil sənəti öz mövzüsunu həqiqətən canlı həyatdan, mü­şa­hi­dələrdən, konkret hadisələrdən alan poeziyadır. Xalqın tari­xinə, bugününə yaxından bələdlik, sadə adamlarla asanlıqla qay­nayıb-qarışmaq istedadı onun şeirinin səmimiyyət qay­nağı­dır» [130, s.19]. Ömrünün son illərində yazdığı şeirlərinin ək­sər hissəsi vəsiyyət idi. «Oğlum Mahirlə otuz ildən sonra söh­bət», «Çadırlara alışmayın», «Cümə axşamı», «İnanmaq az­dır» və digər bu kimi şeirlərində onun həyat, ölüm haqqında fi­kir və mülahizələri cəmlənmişdir.

Qabil haqqında yazılan xatirələrin əksəriyyəti məqalə şək­lin­dədir. Müəlliflər onunla birgə keçirdikləri günləri, saatları xa­tırlamaqla yanaşı yaradıcılığına toxunur, əsərlərindən bəhs edir, bir şair kimi ədəbiyyatımızda tutduğu mövqeyi səciyyə­lən­dirirlər. Xalq şairi B.Azəroğlunun, f.e.n. M.Sadıqovanın ya­zıları bu qəbildəndir. Qabilin lirik əsərlərində real həyatın ini­ka­sının əsas yer tutmasını bildirən Balaş Azəroğlu yazır: «Şa­irin həyatda gördüklərini, müşahidə etdiklərini bədii əsər sə­viy­yəsinə qaldırmaq hünəri onun 1946-cı ildə yazdığı «Qara tütün ləkəsi» adlı, bədii cəhətdən çox yetkin və təsirli şeirin­dən başlayıb sonralar yazdığı şeirlərində, xüsusilə «Səhv dü­şəndə yerimiz» kimi çox qiymətli və dillərə düşmüş əsərində özünü göstərməkdədir» [130, s.36]. Şairin «Mərsiyə»si isə 1990-cı ilin 20 yanvarında Sovet Ordusunun Bakıda törətdiyi qırğınlarda şəhid olan oğul və qızlarımıza həsr olunmuşdur.

Tutulub vahimədən nitq bu gün, dil bu səhər,

Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,

Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər,

Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.

Gecəni atəş ilə qırmızı qan eylədilər,

Xalqımı-millətimi gülləbaran eylədilər [130, s.126].

Yalnız «Mərsiyə» deyil, digər əsərləri də şairin həyat həqi­qə­tinə sadiqliyini əyani surətdə sübuta yetirir.

Qabil haqqında yazılan xatirələr sırasında şair İsa İsmayıl­za­dənin 1996-cı ildə qələmə aldığı təəssüratları əhatəliyi, ge­niş­liyi, dolğunluğu ilə diqqət çəkir. Xatirə müəllifi şairin həm za­hiri portretini, həm də daxili aləmini, mənəvi keyfiyyətlərini hərtərəfli işıqlandırmağa nail olmuşdur. Müəllif eyni zamanda Qabil yaradıcılığının incə məqamlarına toxunur, bir sıra şeirlə­rini incələyir. İsa İsmayılzadə 35 il ərzində tanıdığı, sevdiyi bir insanı öz xatirələri ilə oxuculara tanıtmağa çalışır və buna mü­vəffəq olur. Professor Tofiq Hacıyev Qabilin xislətindəki nəsimi­çi­liyi nəzərə çatdıraraq fikrini belə izah edir: «Qabilin mənliyini, və­təndaşlıq xislətini özlüyümdə təhlil edərkən həmişə düşün­mü­şəm ki, onun məhz Nəsimi haqqında poema yazması təsa­düfi deyil. Əgər yaradıcılığına bələdliyə qalsa, hələ poemanı yaz­mamışkən yəqin ki, Qabil Füzulini daha yaxşı bilərdi. He­sab edirəm ki, Qabili cəlb edən Nəsiminin tarixi iradəsi, məs­lək döyüşçüsü olması olub. Ölümlə üz-üzə durarkən də Nəsimi qayəsini dəyişmədi, Əli Kərim demişkən, qaşlarını bir vergül qədər çatmadı. Bu xasiyyət Qabilin yaradıcılıq tərcümeyi-ha­lı­na doğmadır... Qabil deməli olduğu sözü heç vaxt saxlamayıb» [130, s.172]. Xasiyyətindəki düzlük, sözü açıq deməsi, mərdi-mərdanəliyi, əliaçıqlığı, ürəyiyumşaqlığı şair Qabili bir insan kimi səciyyələndirən cəhətlərdir. Xatirə müəllifləri onu dostse­vən, qədirbilən, qayğıkeş, həssas, səmimi, sadə bir insan kimi yada salırlar. Ürəyi mərhəmətdən yoğrulmuş bu insan Fikrət Sadıqın sözləri ilə desək, «qılıqlı, mehriban, zarafatcıl, həyat aşiqi idi» [130, s.55]. Qabilin xasiyyətinin heç kəsə bəlli olma­yan xüsusiyyətləri Azər Abdullanın, əsl insan, əsl dost, əsl şair, həm də səxavət əhli olması Balasadıqın xatirələrində can­landırılır. Tələbə yoldaşı M.Qocayev Qabillə birgə oxuduğu ins­titut illərinə qiyabi ekskurs edir, tələbəlik illərinin şirin xa­tirələrini yada salır, onun hələ o dövrdə bilikli, bacarıqlı, iste­dadlı olduğunu vurğulayır. Oğlu Mahirin xatirələrində şairin yubileyləri ilə bağlı təəssüratları, ölüm və həyat haqqında dü­şüncələri öz əksini tapmışdır. Xatirələrdə Qabil ata, şəxsiyyət, şair, vətəndaş kimi xarakterizə olunur, həyatının Heydər Əli­yevlə bağlı xoş xatirələri işıqlandırılır. Qabil özü xatirələri çox gözəl dəyərləndirirdi.

Xatirələr ömrə bəzək,

İnci-inci, çiçək-çiçək.

Yellər əsər, can üşüyər,

Xatirəsiz qalsa ürək [130, s.146].

Xalq yazıçısı Yusif Səmədoğlu (1935-1998) xatirələr yaz­ma­sa da gündəlik qeydlərini edirdi. Onun haqqında tanınmış ədə­biyyat və incəsənət xadimlərinin xatirələri, məqalələri, nek­ro­loqları bu böyük insanın bir şəxsiyyət, bir yazıçı kimi xa­rak­terizə olunmasında müstəsna əhəmiyyətə malikdir. Anar, Va­qif Səmədoğlu, Nəriman Həsənzadə, Tofiq Abdin, Afaq Məsud, Azər Abdulla yazıçı haqqında yazdıqları nekroloqlarda xatirələr yada düşür, aristokrat və ziyalı, büllur kimi pak, qəlbi hər cür həsəddən, kin-küdurətdən xali olan, mərhəmətli, xeyir­xah, eyni zamanda cəsarətli, qorxmaz, mehriban, gülərüz, hə­yat­sevər insan göz önündə canlanır. O, öz alicənab təbiətinə, mənəvi zənginliyinə görə digərlərindən fərqlənirdi. Dosta çox etibarlı idi. Gözütoxluq, əsilzadəlik onun xarakterinin əsas cəhətləri idi. Yusif Səmədoğlu «ədəbiyyatda bir şeyi dəqiq­ləş­dirdi: cild-cild yazı yazıb yazıçı olmaq olmaz. Bu dünyada bir Yazıçı, bir Sənətkar kimi qalmaq üçün çox yazmaq şərt deyil, gözəl yazmaq şərtdir» [265, s.22]. Bu sətirlər Tofiq Abdinin Yusif Səmədoğlu haqqında nekroloqundan götürülmüşdür. Kamil Vəliyev isə «Qətl günü» romanının məziyyətlərindən bəhs edərək yazır: «Həyatın və insanın bədii idrakı baxımın­dan «Qətl günü» romanının ədəbiyyatımızda hadisə olması 60-cı illər nəsrinin yüksəlişini əks etdirən yeni bədii nailiyyət kimi oxucuları ürəkdən sevindirdi... Mifik zamanla, hardasa kon­kret və hardasa mücərrəd qədim zaman, yaxın tarixi keç­miş­lə müasir həyat üzvi şəkildə bağlanmışdır. Ayrı-ayrı za­man­ların dəyişməyən həqiqətlərini üzə çıxaran yazıçı insanın mənəvi dəyər meyarını: xeyir və şəri, işıq və zülməti, cəsarət və qorxaqlığı, ədalət və istismarı, gözəllik və eybəcərliyi, hə­yat və ölümü... canlı lövhələri unudulmaz insan xarakterləri ilə qarşı-qarşıya qoymuşdur. İşığın, xeyrin, cəsarətin tərəfində da­ya­nan yazıçı idealı həyatın gözəlliyini, ölümsüzlüyünü təsdiq edir. Bu təsdiq böyük etiraf və sənətkarın bədii obrazlarla təs­diq etdiyi fəlsəfi düşüncələrinin yekunu kimi ibrətamizdir» [265, s.106].

Yusif Səmədoğluna həsr olunmuş bəzi xatirələrdə əsərləri haqqında mülahizələrə, bəzi məqalələrdə isə yazıçı ilə bağlı xa­tirələrə toxunulur. Anarın məqalələri xatirə örnəklərinin zən­ginliyi ilə diqqət çəkir. Xatirələrin əksəriyyətində insan, hə­yat, ölüm haqqında fikirlər əks olunmuşdur. Yusif Sə­məd­oğ­lunu klassik ziyalı tipinin mükəmməl, nümunəvi təcəssümü kimi qiymətləndirən Arif Əmrahoğlu XX əsr Azərbaycan nəs­ri­­nin parlaq nümunələrindən olan «Qətl günü» romanını yazı­çı­nın əbədiliyi adlandırır. Çingiz Abdullayev onu xalqını və tor­pağını sevən prinsipial şəxsiyyət kimi dəyərləndirir. Yaqut Dilbazinin yaddaşında Yusif Səmədoğlu gözəl görkəmli, zövq­lə geyinən, nurani sifətli, yaşamaq-yaratmaq eşqi ilə yaşayan bir insan kimi qalmışdır. Xəlil Rza Ulutürkün tərtib etdiyi gün­dəlik qeydlərində Yusif Səmədoğlu, «Qətl günü» romanı, ro­ma­nın müzakirəsi ilə bağlı sətirlər, həmçinin memuaristin özü­nün yazıçıya, əsərlərinə münasibəti haqqında fikirlər vardır ki, bunlar da xatirələrdə canlandırılmışdır. Son dərəcə yüksək zi­yalı mədəniyyətinə və böyük vətənpərvərlik duyğusuna malik, gözəl, nəcib, xeyirxah və səmimi bir insan olması Yusif Sə­məd­oğlunu çoxlarının sevimlisinə çevirən xüsusiyyətlər ol­muş­dur.

Yazıçı bədii əsər yazarkən «ədəbiyyatın qanunlarına riayət etməli, faktları, hadisələri bədii təxəyyülün süzgəcindən keçir­mə­li, obrazın daxili aləminə sirayət etməli, canlı xarakterlər ya­ratmalıdır» [67, s.108]. Xatirə müəllifindən isə bunlar heç də tələb olunmur. O, yaşadığı həyatı olduğu kimi, gördüyü kimi, bəzən də arzuladığı kimi təsvir edir. Bədii əsərlərdə hə­yat həqiqətinin əks olunmasına böyük önəm verən yazıçı Meh­di Hüseyn İsmayıl Şıxlının (1919-1995) ilk əsərlərini oxuduq­dan sonra demişdi ki, özünü çətinliyə salma, cəbhə yoldaş­la­rını yadına sal, necə vuruşduğunu xatırla, təmtəraq axtar­ma­dan, gərgin süjet xətti qurmaq üçün süni yollar seçmədən yaz­mağa çalış. Belə etsən, yazdığın hekayələr xoşa gələcək. Əgər belə etməsən, bilmədiyin həyatdan yazsan, heç nəyə müvəffəq olmayacaqsan.

Bu sözlər bütün yaradıcılığı boyu İsmayıl Şıxlının devizi ol­muşdur. Onun «müharibə mövzusunda yazdığı əsərlərində güc­lü bir avtobioqrafizm vardır. Bunların hamısında yazıçının özü bu və ya digər dərəcədə bir obraz kimi iştirak edir. «Cəbhə yolları» povestinin süjetində isə müəllifin bioqrafiyası əsas yer tutur» [113]. Yazıçı özü «Cəbhə yolları» əsərində nəzərə çat­dır­mışdı ki, mən hər gün gördüyüm və başıma gələn işləri dəf­tərimə qeyd edirdim və çalışırdım ki, heç nəyi artırıb əskilt­mə­yim. Xatirələrində də gündəlik tərtib etdiyini qeyd edən müəl­lif müharibədən sonrakı dövrün ab-havasını təsvir edərək ya­zır: «O illərdə yazmağa mövzu çox idi. Amma yazmaq çətin idi. Mənim cəbhədə gördüklərimi qələmə alsan qurtaran deyil­di. Davaya gedəndən qayıdana qədər odun-alovun, palçığın-hi­sin içində gündəliklər yazmışdım. Onun hər səhifəsindən, hər epizodundan bir əsər yazmaq olardı» [232, s.89].

İsmayıl Şıxlının tərcümeyi-halı Nahid Hacızadənin onun haq­qında yazdığı xatirələrdə [103] özünə yer almışdır. Müəllif əsə­rinə İsmayıl Şıxlının özünün Səməd Vurğun, Mehdi Hü­seyn, Böyükağa Qasımzadə haqqında yazdığı xatirələri də da­xil etmişdir. Bunlardan bəziləri Nahid Hacızadənin özünün oxu­duğu, bəziləri isə yazıçının ona şifahi danışdığı xatirələr­dir. Xatirələrin əksəriyyəti müəllifin şahidi və iştirakçısı ol­du­ğu hadisələr əsasında qələmə alınmışdır. İsmayıl Şıxlı haq­qın­da söylənənləri daha əhatəli, daha dolğun təqdim etmək üçün Nahid Hacızadə yazıçı Afaq Məsudun İsmayıl Şıxlı haqqında mətbuatda dərc olunan xatirələrindən, Mehdi Hüseynin «Azər­baycan» jurnalında nəşr olunan açıq məktubundan da yarar­lan­mışdır. İsmayıl Şıxlının dünyagörüşü, şəxsi keyfiyyətləri, tanı­dığı, ünsiyyətdə olduğu insanlar haqqında fikir və düşüncələri xatirələrin əsas məğzini təşkil edir. Yazıçının bir sənətkar kimi, bir şəxsiyyət kimi təkrarsız olması, yaradıcılığı ilə şəx­siy­yətinin bir-birini tamamlaması onu tanıyanların yaddaşında həmişəlik həkk olunmuşdu. Qeyd olunmalıdır ki, yazıçılar, sə­nət adamları haqqında belə xatirələr tanınmış insanların görün­məyən tərəflərini, xarakterini, mənəvi keyfiyyətlərini aydın­laş­dırmaqda faydalı və önəmlidir.

Ədəbiyyatşünas Məsud Əlioğlu insan, mühit və həyat ha­di­sələrini şərh edərək çox haqlı olaraq belə nəticəyə gəlir ki, «ictimai həyatın keşməkeşləri və dövranın təzadlı halları aqil və arif insanın nəzərində bir ibrət səhnəsidir. Həyat hadisə­lə­rinə fəal müdaxilə etdikcə, insan məhkumluğun, çarəsizliyin və məhdudiyyətin doğurduğu əzablardan qurtuluş yolu tapır. Acizlik və miskinlik kimi ötəri-zəif hallar insan təbiətini tərk edir. Ağılla qəlbin vəhdətindən doğan hərarət naqis əməlləri, riyakar məqsədləri və murdar ehtirasları əridib yoxa çıxara­caq­dır. Yaxşılıq, doğruluq və ədalət kimi ülvi keyfiyyətlər bu dün­yaya insanla birlikdə, insan əməlində və insan arzularında gəl­mişdir. İnsan yaxşılıq sözündə daha qüvvətlidir. İnsan gözəllik sözündə daha cazibəlidir. İnsan məhəbbət sözündə daha mə­na­lı­dır. Yaxşılığı bacarmaq istəyi dünyanı çirkinlikdən xilas edə­cəkdir» [77, s.53].

İnsan yaşa dolduqca bir tərəfdən xatirələr ona daha əziz və şirin görünür, digər tərəfdən sevə-sevə oxunan əsərlərin mü­əl­liflərinin həyatı, xasiyyəti, arzuları ilə tanışlıq ədəbiyyat və mə­dəniyyətimizin tarixi ilə məşğul olan araşdırıcılar üçün dəyərli qaynaqdır. Xatirələrin əhəmiyyətini nəzərə çatdıran Mir Mehdi Seyidzadə qeyd edir ki, «son illər təbii bir hiss məni narahat edirdi. Bu hiss şahidi olduğum ədəbi hadisələr, mü­şahidə etdiyim görkəmli şəxsiyyətlərin həyatı haqqında xatirələrimi qələmə almağa məni həvəsləndirdi» [217, s.20]. Bu həvəs Hüseyn Cavid, Abdulla Şaiq, Yusif Vəzir Çəmən­zə­minli, Seyid Hüseyn, Nazim Hikmət, Səməd Vurğun, Mikayıl Müşfiq, Yusif Məmmədəliyev, Mehdi Hüseyn və başqaları haq­qında xatirələrin yazılmasına şərait yaratmışdır.

Xatirələr nəinki ənənəvi memuar hekayələrində, eləcə də son dərəcə müxtəlif digər uyğun yazılarda, həmçinin müəyyən dövr xatirələrinin real çoxluğunda mövcuddur. Elə insanlar ara­sında ikitərəfli əlaqələri həyata keçirən şəxsi yazışmalarda bun­lar çox vaxt məktub müəllifinin müasir dövrdə marağa sə­bəb ola bilən məlum keçmiş hadisələr haqqında hekayəsinə çev­rilir. Memuar mətnlərini xidməti təyinatlı rəsmi sənədlərdə, nekroloqlarda, tənqidi məqalələrdə, oçerklərdə, müsahibələrdə asanlıqla tapmaq olar. Jurnalist Tofiq Abdinin tanınmış sənət­kar­lar: Hökumə Qurbanova, Ələddin Abbasov, Azərbaycanda ilk caz ifaçılarından olan Pərviz Rüstəmbəyov, qırx beş il xor­da oxuyan müğənni Leyla Hüseynova, Azərbaycanda ilk or­qan­çalan qadın Zəhra Cəfərova və xarici sənətkarlar haqqında yaz­dığı oçerklərinin bir çoxunun əsasını müxtəlif xatirə nü­munələri təşkil edir. Məsələn, P.Rüstəmbəyov haqqında yazıda [3, s.37] («Hər şey yaxşı olacaq») müəllif onun yaxınlarının  anası Münəvvər xalanın, bacısı Fəridə xanımın, vaxtilə onunla əməkdaşlıq etmiş bəstəkarların, ifaçıların  Tofiq Quliyevin, İsmayıl Kələntərovun xatirələrindən istifadə etmişdir. «Cahan­dar ağa və Ələddin Abbasov» oçerkində [3, s.21] isə müəllifin ak­tyorla müsahibəsi verilir. Bu müsahibə əsnasında xatirələr çözələnir, aktyor Cahandar ağa roluna, eləcə də müxtəlif film­lərdə necə çəkilməyindən, sənət dostları haqqında xatirə­lərin­dən bəhs edir.

Nəzərə çatdırmaq lazımdır ki, aktyorlar, teatr xadimləri haq­qında yazılan əsərlərdə xatirələrə geniş yer verilir. Bu da sə­nədli nəsrin mütəxəssislər, eləcə də geniş oxucu kütləsi tərə­fin­dən maraqla qarşılanması ilə əlaqədardır. Görkəmli teatr və kino xadimi, xalq artisti Rafiq Əzimova həsr olunmuş kitab [205] belə nümunələrdəndir. Aktyorun keçdiyi sənət yolunu iz­ləyən müəllif kitabda xatirələrə geniş yer ayırmışdır. Tanın­mış mədəniyyət və incəsənət xadimlərinin  Mərahim Fərzə­li­bə­yov, Ağakişi Kazımov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Aq­şin Babayev və başqalarının xatirələrində Rafiq Əzimov sə­mimi, qayğıkeş və təmkinli insan, gözəl ailə başçısı, öz işinə ciddi və dəqiq yanaşan aktyor kimi səciyyələndirilir. Mətbuat səhifələrində dərc olunan nümunələr, müsahibələr aktyorun hə­yatına və səhnə fəaliyyətinə ayrıca rəng əlavə edir. Rafiq Əzi­movun «Yeddi oğul istərəm» filmi ilə bağlı xatirələri isə bu filmin ekran taleyi ilə əlaqədar bir çox maraqlı və yaddaqalan an­ları canlandırır.

Elə yaradıcı insanlar var ki, onların ömür yolu qısa olmuş və bu səbəbdən xatirələr yazmağa macal tapmamışlar. Lakin on­la­rın yaradıcılığına nəzər yetirdikdə memuar əlamətlərini sez­mək olar. Şair Əli Kərim (1931-1969) məhz bu sıradandır. Onun şeirlərində tərcümeyi-hal örnəkləri üstünlük təşkil edir. Şairin «Fraqmentlər», «Atamın xatirəsi», «Qış günündə», «Və­siyyət» və s. əsərləri bu qəbildəndir. Atasının xatirəsinə həsr etdiyi şeirdə avtobioqrafizm özünü daha qabarıq biruzə verir.

O, sərt idi. Səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını.

Bircə dəfə söz açmazdı qəlbindəkindən,

Söyləməzdi övlad üçün çox yandığını.


Gizli-gizli məni süzüb gülərdi bəzən,

Durub-durub güc gələrdi əyri qəlyana.

Övladına bircə dəfə «can» söyləməkdən

Övlad üçün can verməyi asandı ona.

Moskvada oxuyurdum,

Tərk etdi məni.

Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə. Gah deyib ki, mən

Qoy bilməyim.

O utanıb öz ölümündən.

Ah, o niyə belə etdi, bu nə qubardı?

Nə zamansa bu nişanda bir atam vardı [76, s.29].

Tərcümeyi-hal örnəkləri ilə yanaşı Əli Kərimin demək olar ki, bütün əsərlərində müəllif şəxsiyyəti ön plandadır. Əsər­lə­rində hiss və həyəcanları, həyata və insanlara baxışı, dünya­gö­rü­şü, bir sözlə mənəvi dünyası əks olunmuşdur. Yaradıcı in­san­­lar ölmürlər, onlar yalnız dünyasını dəyişir. Çünki onların ya­­ratdığı xalqa qalır. Xalq varsa, yaşayırsa, yaradıcı insanlar da yaşayır. Onlar haqqında yazılan xatirələrdə daxili dünyaları bütün incəlikləri ilə açıqlanır, oxuculara məlum olmayan şəxsi keyfiyyətləri bütün çalarları ilə təsvir olunur. Bu baxımdan pub­lisist Feyzi Mustafayevin Əli Kərim haqqında xatirələri xeyli maraq doğurur. Məzmun və formasına görə diqqət çəkən xatirələr müxtəlif illərdə qələmə alınmışdır. Müəllifin fikrincə, hər şeyi öyrənib bitirdikdən sonra əsəri yazmaq süniliyə gə­ti­rib çıxarardı. Xatirələrdə Əli Kərimin mənəvi keyfiyyətləri bü­tün çalarları ilə öz əksini tapmışdır. O, təvazökar, daxilən qü­rurlu, sadə, sakit təbiətli, saf bir insan idi. Sevdiyi şairlərin gö­zəl misralarını yadda saxlamağa çalışardı, hamının bu mis­ra­la­rı eşitməsini istərdi. Xatirələrdə memuaristin lirik düşüncələri, şairin yaradıcılığı haqqında fikirləri, uzun illər keçdikdən son­ra duyduqları və hiss etdikləri özünə yer almışdır. O, Əli Kə­rim şeirlərini təhlil edir, onlara bu günün nöqteyi-nəzəri ilə baxır, şairin əsərlərində həyat həqiqətinin əks olunduğunu vur­ğulayır.

Xatirə yazanın əsəblərinin möhkəm olmasını qeyd edən Fey­zi Mustafayev haqlı olaraq bildirir ki, «adam çox yerdə qə­ləmi yerə qoyub kədərə təslim olur. Adam çox yerdə öz-özünə deyir: «Yox, bacarmıram, danışa bilmirəm. Yaza bilmirəm» [171, s.11]. Bu, həqiqətən də belədir. Xatirə yazarların əksə­riy­yəti, xüsusilə haqqında danışılan şəxslə yaxın münasibətdə olanlar bu hissləri keçirirlər. Əli Kərim haqqında yazmağa mü­əllifə haqq verən, özünün qeyd etdiyi kimi, onunla yaxından ta­nışlığı yox, ona olan məhəbbətidir. Xatirələrin hər sətrində Əli Kərim şəxsiyyətinə, Əli Kərim poeziyasına məhəbbət du­yulur. Xatirələr əvvəldən sona qədər səmimiyyətdən yoğrul­muş­dur. Bu səmimiyyət, bu məhəbbət oxucunun da qəlbinə hakim kəsilir. Çox maraqlıdır ki, Feyzi Mustafayev Əli Kərim­lə tanış olduğu üç ildə həyatına aid hər bir məsələni bildiyini zənn edirdi. Lakin Əli Kərimin ömür-gün yoldaşı ilə etdiyi söh­bətlər zənnində yanıldığını göstərir. Bununla belə, müəl­li­fin söylədikləri Əli Kərimi müxtəlif yönlərdən tanımaqda çox dəyərli məlumatlar verir. Şairlə bağlı günlərinə, görüşlərinə görə həyatını qiymətli hesab edən müəllif onun danışıqlarını, sözlərini olduğu kimi xatirələrinə daxil etmişdir. Bu söhbətlər həm memuaristin özünün eşitdiyi, həm də Əli Kərimlə ünsiy­yət­də olan, onu müşahidə edən insanların dilindən alınmışdır. Onunla bağlı əhvalatlardan birini nəzərə çatdırmaq maraqlı olardı: «Bir dəfə Yazıçılar İttifaqının katiblərindən biri Əli Kə­rimi yanına çağırıb deyir:

 Əli, bala, sənə Montin qəsəbəsində ev vermək istəyirik. Oraya avtobus da işləyir, tramvay da, trolleybus da. Səninçün yaxşı olar, razısanmı?

Əli Kərim deyir:

 Ona qalsa, Moskvaya da təyyarə işləyir.

 Yaxşı, get, başa düşdüm» [171, s.46].

Müxtəlif illərdə qələmə alınmasının nəticəsi olaraq xati­rə­lər­də bir qədər pərakəndəlik hiss olunsa da əsərin məziy­yət­lə­ri­nə xələl gətirməmişdir.Müəllif vaxtilə Əli Kərimdən ayrılan kimi onunla görüşü barədə qeydlər aparırdı. Məhz bu qeydlər sonrakı illərdə xatirələrin yazılmasında əsas istinad mənbəyi ol­muşdur. Bununla belə, memuarist əsəri yazarkən əsasən yad­da­şına güvənmişdir. O çalışmışdır ki, Əli Kərimin söhbət­lə­rini, hərəkətlərini dəqiqliklə versin. Bu söhbətlər memuaristin həm şahidi olduqlarından, həm də Əli Kərimin yaxınlarından eşit­diklərindən qaynaqlanmışdı. Xatirə müəllifi əsərə şairin ya­xın qohumları, dostları ilə müsahibələrini daxil etmişdir ki, bun­lar da Əli Kərim həyatının yaddaqalan, önəmli, sevincli-kə­dərli məqamlarını işıqlandırmaqda önəmli mənbələrdir. Mü­sa­hibələr Əli Kərimi bir şəxsiyyət, bir insan, bir ata, bir həyat yoldaşı, bir qardaş kimi tanıtdırır. Şairin bacısına, həyat yol­da­şına yazdığı məktublar da bu cəhətdən diqqət çəkir. Yaxın dos­tu Altay Məmmədovun Rəsul Rzaya ünvanladığı məktub isə əvvəldən sona qədər Əli Kərim haqqındadır. Məktubda mü­əllifin Əli Kərimi xalqının oğlu kimi sevməsi və onun bir dost kimi qayğısına qalması göstərilmişdir.

Feyzi Mustafayev xatirələri yazarkən Əli Kərimin Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivindəki şəxsi fond sənədlərindən də yararlanmışdır. O, sənədlərin əksəriyyəti haq­qında məlumat vermiş, məktublardan, yarımçıq qalmış əsər­lərindən nümunələr gətirmiş, şairə verilən hədiyyə-kitab­lar­dakı avtoqrafları nəzərə çatdırmış, tanınmış insanların onun yaradıcılığı haqqında qiymətli fikirləri yazıya almışdır. Əli Kə­rimin əlyazmaları arasında nəşr olunmamış avtobioqrafik sə­ciyyəli əsərləri vardır. Feyzi Mustafayev yazır: «O, «Xati­rə­lər» adlı əsərini «Həyat səhifəsi» adlandırıb. Yazı doğrudan da həyat səhifəsidir. Bilmirəm o bilərəkdən hər şeyi açıq yazıb, ya­xud fikirləşib ki, adları dəyişməklə yazıya sünilik gətirər. Bu­rada Əli vaxtilə sevdiyi qızla yol getməyin sevincini, bu işdə dostlarının ona necə kömək göstərmələrini təsvir edir. Hər şeyi necə olubsa, elə də yazıb. Başqaları üçün bu hekayədir, am­ma Əlini tanıyanlar üçün isə onun özünün məhəbbət tər­cü­meyi-halı» [171, s.117].

Diqqətəlayiq haldır ki, Əli Kərim görkəmli adamların gün­də­liklərini, onların həyatına aid kitabları daha çox oxuyardı. Gö­rünür, şair həyat həqiqətini doğru-dürüst əks etdirən bu kimi əsərlərin önəmini dəyərləndirirdi. Əli Kərim haqqında ya­­zı­lan xatirələr də bu baxımdan çox qiymətlidir. Xatirələr həm Əli Kərimin mənəvi dünyasını, həm də yaradıcılığının ayrı-ayrı məqamlarını öyrənməkdə əvəzsiz mənbədir.

Yazıçı Hüseyn Abbaszadənin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndələri Səməd Vurğun, Rə­sul Rza, Məmməd Arif, Mikayıl Rəfili, Cəfər Cəfərov, Üzeyir Hacıbəyov, Qara Qarayev, Mehdi Məmmədov, Adil İsgən­də­rov, Səttar Bəhlulzadə və başqaları haqqında yazdığı xatirələr kitabı ilə bağlı akademik Bəkir Nəbiyev sözügedən insanların döv­rünü və mühitini, ictimai fəaliyyətini və yaradıcılığını, xarak­terini öyrənməkdə xatirələrin əvəzsiz vasitə olduğunu gös­tə­rə­rək yazır: «... həcmindən asılı olmayaraq, hər bir xatirə gör­kəm­li simaların həyat yoluna, maraq dairəsinə, psixolo­giya­sı­na, obrazlar aləminə məhz xatirə müəllifi tərəfindən açılan ki­çik bir pəncərədir. Bütün bu deyilənlər müəllifin həmin pən­cərədən baxdığı bucaq altında görünür. Bəlkə də elə buna görə hər bir xatirə yazandan sənəd-sübut tələb etməyə oxucunun mə­nəvi haqqı yoxdur. Lakin səmimi, bədii yazılmış ən yaxşı bir xatirə müəyyən məqamda həm də mətbuatda dərc olunmuş məktublaşmalarda öz əksini tapmış, yaxud rəsmi sənədlərdə təsbit olunmuş konkret faktlara da əsaslanırsa, bu həmin xati­rə­nin məna və əhəmiyyətini, ilk növbədə mötəbərlik dərə­cə­sini, şübhəsiz ki, xeyli artırır» [185].

Qeyd edildiyi kimi, xatirələrdə əsas yeri yaddaş tutur. Əgər hər hansı bir danışıq həmin dəqiqə kağıza köçürülmürsə, illər keç­dikcə onun hərfi konkretliyi tam dəqiqliyi ilə yadda qala bil­məz. Xarici aləmin heç bir hadisəsi memuaristə bütün də­qiq­liyi ilə məlum ola bilməz. O, həmin hadisələri yalnız duya bilər. Buna görə də bəzi müəlliflər özlərinin avtobioqrafik və me­muar əsərlərində bu təsir altına düşürlər. «Tarix kimi xatirə də həqiqətin işığıdır, buna görə xatirə müəllifi hadisələri müm­kün qədər dəqiqliyi və təfərrüatı ilə bərpa etməlidir» [101]. Bu mənada gündəliklərin əhəmiyyəti əvəzsizdir.

XX yüzil Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Xəlil Rza Ulutürk (1932-1994) 1962-ci ildən ömrünün sonuna­dək gündəlik tərtib etmişdir. O, bu işin əhəmiyyətini vurğu­la­yaraq yazırdı ki, «gündəlik  ürəyimin tərcümeyi-halıdır. Bu­na görə də hər kəsin, xüsusilə də, işi-peşəsi xalqın taleyi ilə bağ­lı olan adamların gündəlik yazması, zənnimcə, bir işdir. Am­ma düz yazasan. Düz də yazmaq həmişə olmur. Hər halda bu­na mümkün qədər səy etmək lazımdır» [79]. Xəlil Rza 300 cild­dən artıq gündəliyin müəllifidir. Bunlar onun elmi-tarixi me­muarları kimi dəyərləndirilir. «Elmi-tarixi memuar janrı XX əsr Azərbaycan ədəbi-ictimai fikrində Xəlil Rza Ulutürkün adı ilə bağlıdır. Onun memuarlarında XX əsrin 60-90-cı illər ədəbi prosesi, mübahisələr, müzakirələr və problemləri icti­mai-siyasi şəraitlə birlikdə yaşamaqdadır» [79].

Sənət adamları öz gündəlik, tərcümeyi-hal və xatirələrini çox zaman özünəməxsus şəkildə ifadə edirlər. Rəssam Səttar Bəh­lulzadənin (1909-1974) gündəlik qeydləri buna misal ola bi­lər. İlk öncə qeyd edək ki, gündəliyində özünün və başqaları haq­qında xatirələri vardır. Burada sənət və sənətkar haqqında maraqlı mülahizələr yürüdülür. Gündəlik rəngli qələmlərlə ya­zıl­mışdır. Səhifə qara qələmlə yazılmışdırsa, deməli rəssamın qanı qaradır. Qırmızı qələmlə yazılmışdırsa, deməli sənətkar yeni əsərlər meydana gətirmək əzmindədir. Yaşıl qələmlə ya­zıl­mışsa, demək o, təbiət təsvirləri yaratmaq eşqilə yaşayır. Gün­dəliyin əksər səhifəsində rənglər harmonik şəkildə qarşı­la­şır. Burada Səttar Bəhlulzadə gələcəkdə yaradacağı rəsmlərin eskizini də çəkmişdir.

Mədəniyyətimizin daha bir görkəmli nümayəndəsi, tarzən, əməkdar müəllim, əməkdar incəsənət xadimi Əhməd Bakı­xa­nov haqqında tanınmış ədəbiyyat və incəsənət xadimlərindən Mirzə İbrahimov, Əkrəm Cəfər, Arif Məlikov, İlyas Tapdıq, Əf­rasiyab Bədəlbəyli, Süleyman Ələsgərov, Zeynəb Xanla­ro­va və digərlərinin yazdıqları xatirələrdə bu görkəmli sənət­ka­rın xeyirxahlığı, ürəkaçıqlığı kimi şəxsi keyfiyyətləri ilə yanaşı Azərbaycan musiqi sənətinin inkişafında, muğamların, xalq havalarının təbliğ olunmasında, musiqi kadrlarının yetişdiril­mə­­sində göstərdiyi müstəsna xidmətləri işıqlandırılmışdır. «Na­dir istedada, gözəl yaddaşa, virtuoz ifaçılıq məharətinə malik olan Əhməd Bakıxanov Azərbaycan klassik musiqisinin çoxəsrli irsinə əsl yaradıcı münasibət bəsləmiş, ömrünün 60 ilindən çoxunu xalq sənətimizin şifahi ənənələrini yaşatmağa və öyrənilməsinə həsr etmişdir» [222, s.11]. Bütün bu cəhətlər haqqında yazılan xatirələrdə əhatəli şəkildə əks olunmuşdur.

Başqaları haqqında yazılan xatirələr silsiləsində görkəmli füzulişünas-alim, qəzəlxan-şair Hacı Mail haqqında [5] qələmə alınan ürək sözləri də öz səmimiliyinə, məzmun və dəyərinə görə diqqət çəkən nümunələrdən sayıla bilər. Azərbaycanın gör­kəmli ziyalılarının, şairlərinin, sənətçilərinin, din xa­dimlə­ri­nin, dostlarının, qohumlarının, tələbələrinin, iş yoldaşlarının xatirələrində bu gözəl insanın alimliyindən, şairliyindən, saf­lı­ğın­dan, nəcibliyindən, dostluğundan, xeyirxahlığından ürəkdo­lusu söhbət açılır. Kitabın tərtibçisinin hal-hazırda həyatda ol­mayan, lakin vaxtı ilə ayrı-ayrılıqda görüşdüyü tanınmış in­san­larla Hacı Mail haqqında etdiyi söhbətlər xoş və təkrarsız xa­tirələrin yaranmasına gətirib çıxarmışdır. Kitabın bir özəlliyi də ondan ibarətdir ki, müəllif Hacı Mailin dilindən çıxan kə­lam­ları və zarafatları, «Divan»ından bəzi nümunələri, söy­lə­di­yi rəvayət və hekayətləri, dostlarına etdiyi ithafları əsərə daxil et­mişdir. Xatirələrdə Hacı Mail bir şəxsiyyət kimi hərtərəfli canlandırılmışdır.

Görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərinin öyrənil­mə­sində müsahibələrin mühüm əhəmiyyətə malik olduğu daha öncə söylənilmişdir. Görkəmli ədəbiyyatşünas-alim Abbas Za­ma­novun müsahibəsində [266] onun ağrılı-acılı uşaqlıq illəri, Böyük Vətən müharibəsi cəbhələrində keçirdiyi illər, mühari­bədən sonra təhsili və yaradıcılıq fəaliyyəti, həyatının ən çətin dövrləri qələmə alınmışdır. Müsahibədə həmçinin bu böyük şəx­siyyətin bir insan, bir alim kimi dünyagörüşü, arzu və is­tək­ləri öz əksini tapmışdır. «Xalq qəzeti»nin müxbiri Əlipənah Bay­ramovun bu müsahibəsi qəzetin 1992-ci il 6 noyabr sayın­da dərc edilmişdir. Müsahibəni Abbas Zamanovun ömür yolu­nun yığcam xatirəsi adlandırsaq bəlkə də yanılmarıq.

Çox vaxt müsahibələrdə xatirələr yada düşür, görkəmli si­ma­ların həyat və fəaliyyətlərindəki maraqlı faktlar xatırlanır. Belə müsahibələrdən biri də Azər Turanın 2004-cü il yanvar ayının 9-da Turan Cavidlə apardığı söhbətdir. Bu «Son mü­sa­hi­bə»də [226, s.114] Hüseyn Cavid, Müşkinaz xanım, Ər­toğ­rul haqqında maraqlı məlumatlar verilir, dəyərli fikirlər söy­lə­nilir. Görkəmli müğənnilər haqqında bədii-publisistik yazıların müəllifi yazıçı Mustafa Çəmənlinin isə musiqişünas Vəli Məm­mədovla apardığı müsahibəsində [51, s.88] ustad xa­nən­də Xan Şuşinski yada düşür. Nəzərə çatdırmaq lazımdır ki, Mus­tafa Çəmənli «Nəğməli xatirələr» [52] kitabında xanəndə Əbülfət Əliyevin sənət və ömür yolundan bəhs edərkən də mü­sa­hibələrdən yararlanmışdır. Əbülfət Əliyev Şuşa torpağında dün­yaya göz açmışdır. Şuşanı daha dolğun təsvir etmək məq­sə­dilə yazıçı bu diyarın layiqli yetirməsi Yusif Vəzir Çəmən­zə­minlinin xatirələrindən nümunələr gətirmişdir. Əsərdə Qara­ba­ğın toy adətlərindən, Əbülfət Əliyevin on altı yaşından baş­la­yaraq Qarabağın toylarında çalıb-oxumasından, ölkədə və xaricdə verdiyi uğurlu konsertlərdən, bu səfərlərlə əlaqədar xa­tirələrindən, həmçinin dövrün gözəl ifaçılarından, böyük şəx­siy­yətlərindən  Xan Şuşinski, Bülbül, Seyid Şuşinski və baş­qalarından söhbət açılır. Müəllif əsərdə Əbülfət Əliyevin bacı­sı Məhbubə xanımın, bəstəkar Süleyman Ələsgərovun dedik­lə­rindən, dostların, tanışların, tanınmış musiqiçilərin, sənət dost­la­­rının söhbətlərindən, xanəndənin arxivindəki sənədlərdən, döv­ri mətbuatda dərc etdirdiyi məqalələrindən, lent yazısına ya­­zılmış, muğamatla, xanəndəlik sənətilə bağlı fikirlərindən, öm­rünün müxtəlif çağlarının qəzetlərdə əks olunan fraqment­lə­­rindən istifadə etmişdir. Qəzet səhifələrində, həmçinin bu mu­­ğam ustası haqqında xatirələr, onun ifaçılıq sənəti haqqında gözəl fikirlər özünə yer almışdır. Qarabağ musiqi məktəbinin yetirməsi olan Əbülfət Əliyevin şəxsi həyatı ilə bağlı sətirlər onun həyatının hamıya məlum olmayan tərəflərini aydın­laş­dı­rır, eyni zamanda naməlum olduğuna görə də maraq doğurur. Ömrünün son günlərində xanəndə ilə kitabın müəllifinin mü­sa­hibəsi onun sənətə baxışını, sənətkara münasibətini, muğam haqqında fikirlərini işıqlandırmaqda yardımçı olmuşdur.

Məhz müsahibələrinin birində xalq yazıçısı İlyas Əfən­di­yev (1914-1996) xatirə yazmağın faydası barədə bunları söylə­miş­dir: «... hər bir sənətkarın xatirələri bir tərəfdən yaradıcılıq la­boratoriyasına nüfuz etmək üçün tədqiqatçılar və sıravi oxu­culardan ötrü çox mühüm mənbədir. Digər tərəfdən də qələm sahibinin tərcümeyi-halının, konkret bir dövrün ədəbi-mədəni hə­yatının və mühitin naməhrəm diqqətindən kənarda qalan tə­rəf­lərinin bərpası və öyrənilməsi baxımından əvəzsiz sənəd­dir» [78, s.66].

İlyas Əfəndiyevin özünün iri həcmli memuar əsəri olmasa da ayrı-ayrı şəxsiyyətlər haqqında xatirələri vardır. Bu xati­rə­lər­də müəllifin haqqında danışdığı şəxslə şəxsi münasibət­lə­rin­dən savayı həmin insanın ədəbiyyata, elmə, incəsənətə olan mü­na­sibəti incə çalarlarla vurğulanır, onun sənət aləmində möv­qeyi, maraqlı fikirləri açıqlanır. Yazıçı Elçin yazır: «İlyas Əfən­diyev 80-ci illərin sonlarından etibarən mənim xahişimlə bir sıra xatirələr yazdı və elə bilirəm ki, o xatirə-esselərin onun yaradıcılığında xüsusi yeri var. Ona görə «mənim xahişimlə» deyirəm ki, İlyas Əfəndiyev ömrünün sonuncu günlərinə qədər daima yeni mövzular üzərində işləyirdi və onun xatirələr yaz­mağa, sadəcə olaraq, vaxtı yox idi. Bir də ki. xatirələr yaz­ma­ğa o, bir az «yaradıcılıq sonu» kimi baxırdı və onun daim işlə­yən bədii təfəkkürü, bədii fantaziyalar aləmi belə bir «yara­dı­cılıq sonu»nu heç vəcdlə yaxına buraxmırdı» [61, s.12].

Elçinin memuar janrında yazdığı əsərlərinə gəldikdə isə qeyd olunmalıdır ki, onun esseləri [62] xatirə örnəkləri ilə zən­gin­dir. Bunlar həm dünyasını dəyişmiş insanlar  Cəlil bəy Bağ­dadbəyov, Abbas Zamanov, Aydın Məmmədov, Araz Da­daşzadə, həm də həyatda olanlar  Anar, Əkrəm Əylisli, Polad Bülbüloğlu haqqında dost sözləridir. Memuarist Aydın Məm­mədov haqqında yazılarına başqalarının xatirələrini də daxil et­mişdir. Anarın 60 illik yubileyi ilə əlaqədar təbriklər müəl­li­fin özünün də gözləmədiyi halda və özünün sözlərinə görə xa­ti­rəvari olur. Lakin bütün bunlara rəğmən yazını qeyd-şərtsiz me­muar janrına aid etmək olar. Elçinin ədəbiyyatla bağlı bir çox yazıları, eləcə də gündəlik tipli ədəbi qeydləri isə özünün «Ədəbi düşüncələr»ində toplanmışdır. Fikir və mülahizələrdə bəzən yazıçının özünə qarşı tənqidi münasibətini görmək olur. («Ordubadi kimdir?»). Qeydlərin əksəriyyətində xatirələr çö­zə­lənir, dövrün tanınmış şəxsiyyətləri ilə görüşlər yada düşür. («Təəssüf»). «Mərdlik (Cəfər Cəfərovla son görüş)» adlan­dır­dı­ğı yazı isə görkəmli teatr tənqidçisi haqqında ağrılı-acılı xa­tirələrdir. Bütün hallarda qeydlərdə müəllif şəxsiyyəti ön plan­dadır, çünki bu qeydlər Elçinin özünün və çevrəsində olan in­san­ların yaşantılarıdır. Qeydlər müəllifin həyata, dünyaya ba­xı­şını, geniş dünyagörüşünü, maraq dairəsini öyrənmək baxı­mın­dan önəmlidir. «Ədəbi düşüncələr»ində Elçin yazır: «İnsan yaşlaşdıqca (hər halda, şəkk-şübhə yoxdur ki, məndə elə belə­dir) illər onu elə bil ki, qatara mindirib bədii ədəbiyyatdan sə­nədli ədəbiyyata doğru aparır» [62, s.527]. Elə «Ədəbi düşün­cələr» də bu ab-havanın təsiri ilə meydana gəlmişdir. Əsərdə ya­zıçının düşüncələri, rastlaşdığı olaylar, ona təsir edən epi­zod­lar, oxuduğu kitablar haqqında təəssüratlar öz əksini tap­mışdır.

Eyni fikirləri yazıçı Anarın «Gecə düşüncələri» haqqında da demək olar. Əsərdən bir-iki nümunə gətirməklə bunu əyani şəkildə aydınlaşdıra bilərik. Anar yazır: «Özümü ona görə güc­lü hiss edirəm ki, başımın üstündə iki böyük qüdrət var: Al­lah və Vaxt. Daha doğrusu, tək bir varlıq:  Allah, çünki Vaxt da elə Allahın səbridir. Allah:  Tələsik nəticələr çıxar­ma­yın, darıxmayın, səbriniz olsun,  deyir.  Zaman hər şeyi yer­bəyer edəcək. Hər şey vaxtında həqiqi və ədalətli qiymətini ala­caq. Vaxt  səbr deməkdir. Səbr  vaxtın ölçüsüdür. Tarix də Allahın səbridir» [24, s.579]. Digər bir fikir: «Qocalıqla gənc­liyin bir təfavütü də ondadır ki, gənclikdə dost qazanırsan, qocalıqda itirirsən. Bəzi dostlarımızı əlimizdən ölüm alır, bə­zi­lərini həyat» [24, s.655]. Ölümün ayırdığı insanlardan biri də ya­zıçı Ənvər Məmmədxanlı olmuşdur. Anarın «Həyatım ağrı­yır» povest-xatirəsi bu gözəl insana həsr olunmuşdur. «Hə­ya­tım ağrıyır» Ənvər Məmmədxanlının ifadəsidir. Anar yazı­çı­nın əsərləri ilə həyat yolunu müqayisəli şəkildə təhlil edir. Ən­vər Məmmədxanlı ilk gənclik illərindən ömrünün sonuna qə­dər mütəmadi olaraq gündəliklər aparırdı. «Qəlpələr» adlanan bu gündəliklər onun daxili aləminin, daxili həyatının mütaliə­sindən, müşahidələrindən, fikirlərindən doğan dəruni, gizlin öm­rünün aynası idi» [24, s.302]. Yazıçının yaradıcılığında av­tobioqrafik ünsürlər əksəriyyət təşkil edir.

Anarın «Anılar, ağrılar, ağılar» silsiləsində cəmləşdirdiyi, dostları, qohumları, sənət yoldaşları, yaxınları haqqında xati­rə­lərində müxtəlif dönəmlərin siyasi mənzərəsi, tanınmış insan­la­rın həyat yolu, ən əsası bu böyük yazıçının  Anarın insan­lara, həyata baxışı, ömür yolunun ayrı-ayrı məqamları göz önün­də canlanır. Sözügedən xatirələr Qara Qarayev, Mirzə İbra­himov, İlyas Əfəndiyev, Araz Dadaşzadə, dostlar, tanışlar haq­qında nekroloqlar, 20 yanvar şəhidlərinin, Tofiq İs­mayı­lo­vun, Vəli Məmmədovun və başqalarının xatirəsinə həsr olun­muş yazılardır. Bu yazılar arasında ümummilli lider Heydər Əli­yev haqqında xatirələr öz mündəricəsi, səmimiyyəti etibarı ilə daha çox diqqət çəkir. Anar yazır: «Saysız-hesabsız top­lan­tılarda, yubileylərdə onu dinləmişəm, yazıçılarla, sənət adam­la­rıyla görüşlərində iştirak etmişəm, iki-üç dəfə isə təkbətək çox ətraflı, mərhəm söhbətlərimiz olub. 1997-ci ilin payızında İtaliyadan qayıdarkən təyyarədə ta Romadan Bakıyacan üç saatdan artıq ikilikdə danışmışıq. Bu söhbətləri gündəliyimdə bütün ayrıntılarıyla və tam dəqiqliklə isti-isti qeyd etmişəm» [24, s.417].

Müəllif Heydər Əliyev fenomeni haqqında düşüncələrini, uzun illər müşahidə etdiklərini, hafizəsində və gündəliyində olan xatirələri mütləq geniş şəkildə yazıya almaq fikrindədir. Qə­ləmə almaq istədiklərini bu böyük insanın xatirəsi qar­şı­sın­da borc olduğunu bildirən Anar «Qalib gəldi, qalib getdi» ad­lan­dırdığı xatirələrini isə Heydər Əliyev itkisinin təsiri altında yaz­mışdı. «Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sar­sı­dan, sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Hey­dər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir desin, nə ya­zır yazsın, qalib gəldi, qalib getdi» [24, s.422].

Qeyd edildiyi kimi, müəlliflər xatirələrini yazarkən özlə­ri­nin gündəlik qeydlərindən, yazışmalardan istifadə edir, köhnə qə­zet kəsiklərinə, elmi ədəbiyyata, hətta bəzi hallarda müxtəlif mü­əssisələrin arxivlərinə müraciət edirlər. Lakin onların ver­di­yi məlumatın əsas və başlıca mənbəyi yaddaşdır. Memuar mən­­bələri yaddaş əsasında, xatirələr əsasında meydana gələn ör­nəklərdir. Bunlara təkcə oçerk, məqalə, qeydlər şəklində olan xatirələr deyil, öz xüsusiyyətinə görə memuar olmayan mən­bələrin mətnində olan xatirələr və hətta müəlliflərin şəx­sən tanıdıqları ədəbi simalar haqqında yazdıqları tarixi-ədəbi təd­qiqlər də daxildir ki, bunlara aid bəzi nümunələr nəzərə çat­dırıldı.

İndi xatirələr daha çox nəşr olunur. Çünki insanlar öz keç­mi­şini sevir və onu müxtəlif vasitələrlə bəzəyirlər. İnsanın ya­şan­tılarını, düşündüklərini, duyduqlarını oxuculara doğru-dü­rüst nəql etmək isə vacib və faydalıdır. Bu baxımdan başqaları haqqında yazılan xatirələr sırasında yazıçı Hüseyn Abbasza­də­nin xatirələrini özəlliklə nəzərə çatdırmaq lazımdır. Onun gör­kəmli ədəbiyyat və incəsənət xadimləri  Sidqi Ruhulla, Sə­məd Vurğun, Abdulla Şaiq, Əliağa Vahid, Bülbül, Mikayıl Rə­fili, Mehdi Hüseyn, Məmməd Səid Ordubadi, Əli Vəliyev, İl­yas Əfəndiyev, Səttar Bəhlulzadə, Süleyman Rüstəm, Rəşid Beh­budov, Məsud Əlioğlu, Qasım Qasımzadə və digərləri haq­qında xatirələri həmin şəxslərə böyük sevgi və ehtiramla qə­ləmə alınmışdır. Memuaristin Sabit Rəhmana həsr olunmuş xa­tirələrindən məlum olur ki, Əzim Əzimzadə haqqında xa­ti­rə­lərini qələmə alan Sabit Rəhman bu işə böyük önəm verirdi. O, «indiyə kimi yazdıqlarını və gələcəkdə yazacağı xatirələri bir kitab halında çap etdirmək fikrindədir. Hafizəsində yazıl­ma­lı çox ibrətamiz və maraqlı hadisələr vardır. Vaxtı olduqca on­ları kağıza köçürəcəkdir» [2, s.88]. Əfsus ki, qəfil ölüm ona bu nəcib və xeyirxah işi görməyə imkan vermədi.

Hüseyn Abbaszadənin Nəsən bəy Zərdabi haqqında yaz­dıq­­ları qızı Qəribsoltan xanımdan və əmisi nəvəsi Həmidulla ki­şidən eşitdikləri əsasında qələmə alınmışdır. Hüseyn Abbas­za­də onu da nəzərə çatdırır ki, Qəribsoltan xanımdan eşitdik­lə­rinin heç birisini «Elm» nəşriyyatının 1985-ci ildə rus dilində çap etdirdiyi «Müasirləri Zərdabi haqqında» kitabında gör­mə­mişdi. Salam Qədirzadə haqqında isə Hüseyn Abbaszadə bil­di­rir ki, «o, şahidi və bilavasitə iştirakçısı olduğu hadisələrdən yaz­mağı üstün tuturdu. Və yazıçı kimi bir çox uğurları da bun­dan doğurdu» [2, s.527].

Hüseyn Abbaszadənin xatirələri bədiiliklə yoğrulmuş hə­yat gerçəkliklərinin əksidir. Xatirələrdə tanınmış şair, nasir, bəs­təkar, müğənni, ədəbiyyatşünas, rəssam, rejissor, aktyor, dra­maturq və digər sənət adamlarının portret çizgiləri əks olun­muşdur. Müəllif hər bir şəxsiyyət haqqında söhbət açar­kən mühitin həmin şəxsiyyətə münasibətini, onun tutduğu yeri ay­dınlaşdırmağa çalışmışdır. Haqqında danışdığı şəxsiyyətlə ya­radıcılıq və şəxsi münasibətlərindən savayı Hüseyn Ab­bas­zadə həmin şəxsin sənətindən asılı olaraq elmi, ədəbi fəa­liy­yə­tin­dən də bəhs edir və yaradıcılığına öz münasibətini bildirir. Bu da xatirələrin dəyərini bir daha artırır və memuaristin hə­ya­ta, insanlara, dünyaya baxışını öyrənməyə imkan yaradır. Me­muarist haqqında danışdığı şəxsin həyat və fəaliyyətinin önəm­li məqamlarını işıqlandırır və oxucu hər bir şəxs haq­qın­da əhatəli və dolğun bilgilər əldə etməyə nail olur. Xatirələrin ək­səriyyəti hekayə təsiri bağışlayır. Ənvər Məmmədxanlı, Meh­di Seyidzadə, Süleyman Rüstəm, Süleyman Ələsgərov haq­qında yazılan xatirələr bu qəbildəndir. Ənvər Məmməd­xan­lıya həsr olunmuş xatirələrə memuarist qaynanası Tutu xa­nımdan Ənvər Məmmədxanlının atası, Musavat hökuməti döv­ründə Göyçayda pristav olmuş Qaffar kişi (Tutu xanımın doğ­ma əmisi idi) haqqında söylədiklərini daxil etmişdir.

S.Aranlı çox haqlı olaraq qeyd edir ki, illərin yel kimi ça­pa­­raq keçməsi ötəri xatirələri sozaldıb söndürdüyü kimi, içdən gələn xatirələri daha da közərdir [26]. Bu mənada H.Abbas­za­də­nin xatirələri içdən gəldiyindən olduqca səmimi və dəyər­li­dir.

Bir şəxsin başqası haqqında yazdığı xatirələrdə müəllif çox za­man istər-istəməz özü haqqında da danışır, özünün xasiy­yə­ti­nin, fəaliyyətinin önəmli cəhətlərini diqqətə çatdırır. Hüseyn Abbaszadənin xatirələrində isə bu belə deyil. Nəriman Qa­sımoğ­lu bu faktı belə səciyyələndirir: «Portretlərini yaratdığı bö­yük sənət xadimləri haqqında xatirələrində H.Abbaszadə özünü, kino dili ilə desək, əsasən epizodik rollarda nəzərə çarp­dırır. Memuar janrında yazılan bəzi əsərlərdən fərqli ola­raq bu xatirə qeydlərində özünüreklamdan əsər-əlamət belə yox­dur. Azərbaycan mədəniyyətinin uğurlarına aid faktları bə­zən xronoloji təfərrüatlarına qədər yada salan və bu üzdən mə­dəniyyət maarifçisi kimi də uğurla çıxış edən müəllif özünə vax­tilə ədəbi şöhrət gətirmiş mühüm faktların üstündən xasiy­yətinə xas bir təvazökarlıqla keçir. Görünür, bu keyfiyyətlərinə görə də Tanrı ona sağlığında uğurlu ədəbi tale bəxş eləmişdi» [2, s.7].

Bəllidir ki, Azərbaycan ədəbiyyatında məktub janrının for­ma­laşması və inkişafı Mirzə Fətəli Axundovun adı ilə bağlıdır. Onun epistolyar irsinin həyat və fəaliyyətinin öyrənilməsində əhə­miyyəti haqqında artıq danışılmışdır. Mirzə Fətəli Axun­dov­dan sonra «məktub ədəbi həyata daha geniş daxil olur, vətənin və xalqın taleyi üçün ürəkdən yanan sənətkarlarımızın arzularının tərcümanına çevrilir» [153, s.71]. Epistolyar irsin əhəmiyyətindən bəhs edən Hüseyn Abbaszadə çox haqlı olaraq bil­dirir ki, «peşəsindən asılı olmayaraq, görkəmli şəxslər dün­yalarını dəyişəndən sonra onların epistolyar irsinə  müxtəlif illərdə doğmalarına, dostlarına, həmkarlarına yazdıqları mək­tub­­lara maraq artır. Bu məktubların ya hamısı, ya da xüsusi əhə­miyyət kəsb edənlərinin müəyyən bir qismini seçib çap elə­yir­lər. Məktubların qiyməti bundadır ki, onlarda həmin şəxsin hə­yatının hamıya məlum olmayan cəhətləri  xarakteri, sev­gi­si, yaxınları, dostları ilə rəftarı, ətrafında baş verən hadisələrə mü­nasibəti, maraq dairəsi və s. aydın olur. Və bu məktublar sa­hiblərinin bioqrafiyasını dərindən öyrənməyə kömək edir» [2, s.182]. Bu baxımdan xalq yazıçısı Mirzə İbrahimovun (1911-1993) şəxsi arxivində saxlanılan məktublar onu bir şəx­siyyət, məhsuldar alim, gözəl yazıçı, qayğıkeş ailə başçısı kimi tanınmasında önəmlidir. Bu məktubları ilk dəfə toplu halında professor Teymur Əhmədov nəşr etdirmişdir. Məktublar əsasən ədəbiyyatşünas-alim Əziz Şərif və Cənubi Azərbaycan ədibləri ilə yazışmalardan ibarətdir. Məktublarda bu gün də aktual olan bir sıra vacib məqamlara toxunulmuşdur. Burada ədəbiyyatla, elmlə, incəsənətlə bağlı məsələlər üstünlük təşkil edir. Əziz Şərifin məktubları digər şəxslərə göndərdiyi məktublar kimi maraqlı və dəyərlidir. Qarşı tərəfə məsləhət verərkən atasının ona ünvanladığı məktublardan da misal gətirir. Qurbanəli Şərifov 8 sentyabr 1910-cu il tarixli məktubunda Naxçıvandan Tiflisdə olan oğluna yazmışdı: «Zəhərli ilanın təravətinə, xoş xətti-xalına, gözəlliyinə aludə olma. Axırda peşiman olarsan və peşimançılıq sənə heç bir fayda verməz. Sənin məşuqən elmdir, sənin məhbubən ədəbdir, sənin dostun qələmdir, sənin rəfiqin kamaldır, sənin müsahibin kitabdır. Qələmi əlindən qoyma, gözünü kitabdan götürmə, qəlbinin ayinəsini ləkkədar etmə, vicdanını saf saxla, insafını gözlə, adil ol, sadiq ol, mərd ol!» [116, s.55].

Atasının məktubları, nəsihətləri ilə tərbiyə olunmuş Əziz Şərif 27 yanvar 1974-cü ildə Mirzə İbrahimova yazdığı mək­tu­bun­da öz şəxsi keyfiyyətlərini də açıqlayır: «Mən ... insanları ədəb, namus, vəfa, həya, saflıq, sadəlik, doğruçuluq, sədaqət, qey­rət, mərdlik kimi sifətlərə görə qiymətləndirməyə adət et­mi­şəm. Bu sifətlərdən məhrum olanlarla dostluq etməmişəm, bu sifətlərə düşmən olanlara isə düşmən olmuşam. Yaşadığım 79 ildə mən peşiman olmamışam. Allah atama rəhmət eləsin, mənə düz yol göstərmişdir» [116, s.56].

Əziz Şəriflə Mirzə İbrahimovun yazışmaları iki dostun, iki ədəbiyyat fədaisinin, iki müdrik, iki səmimi, iki alicənab in­sa­nın yazışmalarıdır. Məktubları oxuduqca onların ömür və ya­ra­dıcılıq yolunun bəzi məqamları göz önündə canlanır. Bu mək­­tublar əsl dostluğun, insanpərvərliyin, səmimiliyin bariz nü­­munəsidir.

«Atam və mən» adlı xatirələr kitabının dəyərini Mirzə İb­ra­himov əsərin müəllifi Əziz Şərifə yazdığı məktubunda belə bil­dirir: «Sənin kimi dünyagörmüş Azərbaycan ədəbiyyatının şə­rəfi, şöhrəti olan böyük yazıçılarla dostluq etmiş, onların ətir­li gülüstanında ərsəyə çatmış, mürəkkəb, şərəfli yol keçmiş bir əməkdar, müdrik, ədəbiyyat, elm, mədəniyyət xadiminin xa­tirələri həm ədəbiyyatımızın tarixini yazanlar üçün çox fay­da­lı bir mənbədir, həm də gənclik üçün, xüsusən ədəbi gənclik üçün xalqa, böyük ədəbiyyata namuslu, sədaqətli, təmənnasız xidmət nümunəsidir» [116, s.101].

Məktubların onları yazanların şəxsi keyfiyyətlərinin açıl­ma­­sında müstəsna əhəmiyyəti vardır. Bu cəhətdən məktublar gündəliklərə daha yaxındır. Çünki burada uzaq keçmişin olay­ları deyil, çağdaş zamanın, bu günün hadisələri izlənilir.

Mirzə İbrahimovun İranda yaşayan dost və tanışları  Ca­vad Heyət, Rəhim Dəqiq, H.M.Sədiq və digərləri ilə yazış­ma­la­rı Cənubi Azərbaycan ədəbiyyatını inkişaf etdirmək yolun­da­kı səylər, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dilinin in­kişaf yollarını öyrənmək və gələcək nəsillərə ötürməkdə zi­yalı vətənpərvər şəxslərin təşəbbüsləri və gördükləri işlər, ki­tab mübadilələri baxımından dəyərlidir. Məktublarında Mirzə İb­rahimov həmçinin bəzi əsərlərinin yazılma səbəblərini, əsəri yazmağa onu nə vadar etdiyini də açıqlayır. O, Rəhim Dəqiqə 30 sentyabr 1981-ci ildə ünvanladığı məktubunda yazır: «Mən bu romanı («Gələcək gün» romanı nəzərdə tutulur – N.S.) üç-dörd il beynimdə, ürəyimdə qaynatmış, 1947-ci ildə, yəni 34 il bundan əvvəl yazıb çap etdirmişəm. Onu meydana gətirən sə­bəblər çox böyük və müqəddəsdir. 1945-ci ildə Pişəvərinin rəh­­bərliyi ilə başlanmış və qələbə çalmış demokrat hərəkat xal­qın ürəyində necə şirin ümidlər oyatmışdı! Hamı arzu edir­di və inanırdı ki, Pəhləvi istibdadı zəifləyəcək, aradan çıxacaq, Azərbaycanda və bütün İranda əbədi olaraq azadlıq günəşi par­layacaq, işıqlı, xoşbəxt həyat bərqərar olacaqdır. Təəssüf ki, belə olmadı. Qara, soyğunçu imperialist qüvvələr və yerli ir­­tica şahlığı, onun zülmünü daha da şiddətləndirdi. Lakin onu ölümdən qurtara bilmədi. Mən «Gələcək gün»də demək istə­mi­­­şəm ki, dünyada heç bir qüvvə zülmü, ədalətsizliyi əbədi ya­­şada bilməz. Bir də çalışmışam ki, xalqın Rza şah istibda­dın­­dan çəkdiyi əzabları, azadlıq arzularını və Rza şahın bəd­nam oğlu Məhəmməd Rzaya olan nifrətimi əks edim» [116, s.119].

Mirzə İbrahimova İrandan ünvanlanan məktublarda o, Azər­baycan xalqının fəxri və iftixarı, böyük ustad, İran xalq­la­rı­nın dostu kimi dəyərləndirilir.

Ədəbiyyatşünas Əflatun Məmmədov məktubların əhə­miy­yə­tini xüsusilə vurğulayaraq yazır ki, «görkəmli adamların bü­tün məktubları öz xarakterindən asılı olmayaraq, həmişə qiy­mə­tini saxlayır və saxlayacaq. Çünki bunlar ədəbiyyatı, incə­sə­nəti, həyatı, gözəlliyi yaradan adamların arzu və fikirləridir. Bu məktubların arxasında canlı adamlar dayanır, onların ürəyi döyünür, dövrün ictimai-siyasi, ədəbi-tarixi hadisələrindən, in­sa­ni münasibətlərdən böyük inam və arzu ilə, məhəbbət və eh­tirasla söhbət gedir. Bu mənada məktublar da bədii əsər qədər bədii təfəkkürün məhsuludur» [153, s.70].

Məktublarla yanaşı müasirlərinin xatirələri Mirzə İbra­hi­mo­vun ömür yolunu izləməkdə dəyərli mənbələrdir. Xatirə­lər­də o, böyük alim, görkəmli ədib, dramaturq, publisist, böyük si­yasi xadim, ağıllı diplomat, mərd, müdrik, incəqəlbli insan kimi səciyyələndirilir. Nəbi Xəzrinin, Qabilin, Nazim Riz­va­nın, Ağa Laçınlının, Nahid Hacızadənin xatirələri Mirzə İbra­hi­movun  bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin önəmli mə­qamlarının canlandırılmasında, mənəvi keyfiyyətlərinin öy­rə­nilməsində xeyli önəmlidir. Xatirələrə sənədli materialların da­xil edilməsi onların dəyərini daha da artırmışdır: Sevda İbra­hi­mova atasının övladlarına ünvanladığı sevgi dolu məktub­la­rını, Nazim Rizvan Mirzə İbrahimovun görkəmli şəxsiyyətlər  Üzeyir Hacıbəyov, Məmməd Səid Ordubadi və başqaları haq­qında yazılı və şifahi xatirələrini, Maarif Teymur gün­dəli­yində böyük yazıçı ilə bilavasitə əlaqədar sətirləri xatirələrinə daxil etmişlər.

Akademik Məmməd Arif 1948-ci ildə qələmə aldığı sətir­lər­də Mirzə İbrahimovun ağrılı-acılı uşaqlıq illərinə aydınlıq gə­tirsə də, yazı səciyyə etibarilə məqalə şəklindədir. Bəxtiyar Va­habzadənin, Qəzənfər Kazımovun yazdıqları da bu səp­ki­dədir. Bəxtiyar Vahabzadənin 1957-ci ildə yazdığı məqalə «Bö­yük dayaq» romanının təhlilinə həsr olunmuşdur. Mirzə İb­rahimovun yaradıcılıqla məşğul olduğu 60 il ərzində Azər­baycan dilinin inkişafı, yad təsir və təzyiqlərdən xilas olması, ci­lalanması, saflaşması uğrunda göstərdiyi xidmətlər Qəzənfər Ka­zımovun xatirələrində canlandırılmışdır. XX əsr Azər­bay­can ictimai fikir tarixində parlaq simalardan olan Mirzə İbra­hi­mov dövrun görkəmli şəxsiyyətləri ilə şəxsi və yaradıcılıq mü­na­sibətlərində olmuşdu. Onun Üzeyir Hacıbəyovla olan əla­qə­lə­rindən, münasibətlərindən, böyük bəstəkarın vəfatından son­ra ev muzeyinin təşkilində göstərdiyi dəstəkdən Ramazan Xə­li­lovun xatirələrində söhbət açılır.

Bir şəxsin başqası haqqında yazdığı xatirələr bir də ona görə önəmlidir ki, burada xatirəni qələmə alan şəxs, yəni me­mua­rist istər-istəməz özü haqqında da məlumat verir. Bu da di­gər tanınmış şəxsin həyat və fəaliyyətini öyrənməyə imkan ya­radır. Vaqif Vəliyevin, Şəmistan Nəzirlinin, Teymur Əhmə­do­vun, Əminə Dilbazinin xatirələri bu qəbildəndir. Vaxtilə Şə­mistan Nəzirli Mirzə İbrahimovun uşaqlıq illərindən bəhs edən hekayə yazaraq yazıçıya göndərmiş, o da hekayəni oxuyaraq öz fikirlərini məktub vasitəsilə bildirmişdir. 12 oktyabr 1973-cü ildə yazılmış məktubda Mirzə İbrahimovun sənədli janr ba­rə­də dəyərli fikirləri nəzərə çatdırılmışdır: «... hər hansı bədii əsərdə müəyyən konkret şəxsi təsvir edəndə gərək «sənədli» ya­xud «dokumental» adlandırdığımız janrın qaydalarına əməl olun­sun. Məsələn, şəxsin həyatına aid faktlar düz verilsin. Bu­nun üçün əsəri yazmamış gərək bir sıra şeyləri dəqiqləş­dirə­sən...

Siz bunları etmədiyiniz üçün səhvlərə yol verirsiniz. Mir­zə­nin anasının adı Gülsüm yox, Zəhra idi, atası Mirzəni gö­tü­rüb kənddən çıxan zaman Zəhra (sizdə Gülsüm) sağ deyildi, və­fat etmişdi. Əlbəttə, yazıçının «sənədli» əsərdə də uydurmaq ix­tiyarı var. Hətta adları da dəyişə bilər. Onda gərək heka­yə­də­ki əsas şəxsə də başqa ad verəydiniz. Beləliklə, siz həm kon­kret bir adamı nəzərdə tutmuş olardınız, həm də tam sərbəst hə­rəkət edərək istədiyiniz şəkildə əsər yaza bilərsiniz, heç kəs də sizə deyə bilməz ki, filan fakt elə yox, belə olub» [168, s.340].

Mirzə İbrahimovun ilk aspirantı olmuş Teymur Əhmədo­vun xatirələri öz məzmun və mündəricəsi etibarilə daha artıq diq­qət çəkir. Burada Mirzə İbrahimovun şəxsi xüsusiyyətləri ilə yanaşı XX əsr Azərbaycan ədəbiyyatında, elmi və ictimai aləmdə tutduğu mövqe işıqlandırılmışdır. Müəllifin özünün, Teymur Əhmədovun  bu gözəl, nəcib, xeyirxah insanın mə­nəvi keyfiyyətlərinin, elmi fəaliyyətinin öyrənilməsində xatirə­lə­rin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.

Bir çox bədii əsərlərin əsasını real faktlar təşkil edir. Əsl sə­nətkarın tərcümeyi-halı, fərdi taleyi onun əsərlərindədir. Ya­zı­çı Qılman İlkinin əsərləri buna əyani sübutdur. O yazır ki, «mən «Şimal küləyi»ni gözümlə gördüyüm, eşitdiyim və mü­şa­hidə etdiyim hadisələr və bir də tutarlı faktlar əsasında qə­lə­mə almışam» [143, s.189]. Professor Teymur Əhmədov 96 il ömür sürmüş Qılman İlkinə həsr olunmuş nekroloqda onun həyat və fəaliyyətindən, mənəvi keyfiyyətlərindən söhbət açır. Onun dav­ranışı, tələbkarlığı, səmimiyyəti hamı üçün tərbiyə məktəbi idi. «O, ən nəcib insani keyfiyyətlərə malik istedadlı qələm sahibi, əqidəli redaktor və ictimai xadim kimi tanınırdı. O, öz həmkarları arasında müqəddəsliyi, təmizliyi və sadəliyi ilə se­çi­lirdi... Qılman İlkin həmişə deyirdi ki, o, ömrü boyu bir prin­siplə işləmişdi: «Mənə olan pislikləri və başqalarına etdiyim yaxşılıqları dərhal unuduram» [74]. Məhz bu prinsip uzun ömür sürməyin sirlərini çoxlarına təlqin edə bilər.

Yenidən əvvəlki fikrimizə  yazıçıların əsərləri ilə həyat və fəaliyyətləri arasında əlaqəsi məsələlərinə qayıdaq. Müsa­hi­bə­lərinin birində dünyaşöhrətli detektiv romanlar müəllifi Çin­giz Abdullayev qeyd etmişdir ki, mənim yazdıqlarımın hamı­sını ya özüm yaşamışam, ya görmüşəm, ya da hadisənin real iş­tirakçısı mənə danışmışdır. Digər bir müsahibəsində yazıçı bunları söyləyir: «Doxsan faiz real faktlar, olacaq hadisələri qə­ləmə alıram. Siyasi detektivlərimin hamısını isə gerçəkliyə söykənmiş faktlar əsasında qələmə alıram. Digər əsərlərimdə ola bilsin ki, təxəyyülümün məhsulu daha qabarıq özünü biru­zə verir, lakin onların da əsasını real həyat, gerçək faktlar təş­kil edir» [4].

Çağdaş ədəbiyyatımızın daha bir tanınmış nümayəndəsi, poe­­ziyamızın ən ünlü təmsilçisi Zəlimxan Yaqub «Peyğəm­bər» poemasını yazma səbəbini incələyərkən həyatının ayrı-ayrı məqamlarına nəzər salır, ömür yolunu vərəqləyir. «Pey­ğəm­bər» əsərini yazmağa onu nə vadar etdiyini şair belə izah edir: «Ömrümün Borçalıda  Kəpənəkçidə keçən gənclik il­lə­ri, məni Əli Fəhmiyə qovuşduran tələbəlik çağları, taleyimin Hey­dər Əliyev mərhələsi, iki dəfə Məkkəni ziyarətim, qoca Şərqin gördüyüm və sevdiyim müqəddəs ziyarətgahları, qədim şəhərləri, oxuduğum elmi-bədii tarixi kitablar silsiləsi, ucalı­ğı­na heyran olduğum heyrət zirvələri, ömrümün 60-cı pilləsinə qə­dəm basmağa başlayanda öz barını-bəhrəsini verdi  «Pey­ğəmbər»i dünyaya gətirdi. Yaşadığım illərin təcrübəsi mənə de­yir: « Zəlimxan, elə mövzular var ki, onlara gəncliyində yox, ancaq ömrün 60-da, 70-də yaxınlaşa bilərsən». Mənim üçün «Peyğəmbər» də belə yazıldı, belə yarandı» [261, s.4].

Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun məqalə və çıxış­la­rın­da əks olunan yaradıcılıq hesabatlarında olduğu kimi, «Mən «Pey­ğəmbər»i niyə yazdım» məqaləsində müəllif tərcümeyi-halına başqa yöndən yanaşır. Tərcümeyi-halının bəzi mə­qam­la­rı, ən əsası müəllif şəxsiyyəti «Mənim şeir, sənət yolum» ad­lı şeirində açıq-aşkar sezilir:


Səsli-küylü gündüzlərdən,

Sakit gecələrdən keçdi.

Qələmləri mürəkkəbdən

Alnımdakı tərdən keçdi,

Mənim şeir, sənət yolum.
Zildən keçdi, bəmdən keçdi,

Çox sevincdən, qəmdən keçdi.

Neçə cəhənnəmdən keçdi,

Cənnət ruhum, cənnət yolum.


Kim yarıya, kim yarıda,

Balımı tapdım arıda.

Məni qoymadı yarıda,

Güvəndiyim zəhmət yolum.


Anan andı, qanan qandı,

Sevən sevdi, danan dandı.

Borçalıdan qanadlandı

Borçalıya həsrət yolum [260, s.43].

Əsərlərində xatirə örnəkləri açıq-aşkar sezilən Zəlimxan Ya­qubun ulu öndər Heydər Əliyevə həsr etdiyi «Böyük ömrün dastanı» poeması özünün sözlərinə görə, «lirik-epik romantik səpkidə isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirə əsə­ri­dir, elegiyadır» [262, s.371].

Zəlimxan Yaqubun məqalələrində də xatirə ədəbiyyatının əlamətlərini görmək olar. Hüseyn Arifə, Xəlil Rzaya həsr olun­muş «Ustadıma məhəbbətlə», «Azadlıq aşiqi»; «İsa Hü­sey­nova sevgi, Muğannaya inam», «Bizim Vilayətimiz» mə­qa­lələri bu qəbildəndir. Bütün bunlarla yanaşı Zəlimxan Ya­qub memuar janrında da qələmini sınamışdır. Onun Osman Sa­rıvəlli, Süleyman Rəhimov haqqında xatirələrində sözü­ge­dən ustad sənətkarların gənc şairə  Zəlimxan Yaquba olan mü­nasibətindən, xeyirxahlıqlarından bəhs olunur. Tofiq Bay­ram, Camal Mustafayev, Şamil Qurbanov haqqında xatirələr, nek­roloq-yazılar da öz səmimiyyəti, dəyəri ilə diqqət çəkir. Me­­muarist çox məharətlə Qulu Xəlilovun portret çizgilərini ya­­ratmışdır: «Onun sərt baxışı, ləngərli yerişi, gur səsi, ağır və təmkinli addımları, aydın və səlis nitqi, ötkəm danışığı, sənət və siyasət məsələlərinə özünəməxsus ciddi və kəskin müda­xi­ləsi və münasibəti, təbiətdən, torpaqdan, xalqdan gələn, geniş mü­taliə ilə daha da zənginləşən poetik və fəlsəfi təfəkkürü, sözün böyük mənasında, təbiətin özü qədər təbiiliyi və saflığı, kişi qətiyyəti, ciddi ədəbi mübahisələrdə qorxmazlığı, sağlam əqidəsi, böyük istedadı onu bizim gözümüzdə yeriyən torpağa, nərə çəkə-çəkə dağlardan düzlərə doğru baş alıb gedən dağ ça­yına döndərmişdi» [262, s.188].

Başqaları haqqında yazdığı xatirələrdə Zəlimxan Yaqub is­tər-istəməz özü haqqında da məlumat verir. Əhəd Hüseynova həsr etdiyi «Kövrək bir xatirə»si bu baxımdan diqqət çəkir. Müəllifin özü ilə bağlı fikir və düşüncələri «Özüm, sözüm, ta­le­yim» adlı xatirə qeydlərində əks olunmuşdur. Əsərdə Zəlim­xan Yaqubun əsli-nəsli, ailəsi, doğulduğu Kəpənəkçi kəndin­də, daha sonra Bakıda keçirdiyi illər, həyat yollarının yad­da­qa­lan anları yazıya alınmışdır. Müəllif etiraf edir ki, «əkdiyim ağac­lara, saldığım körpülərə, çəkdiyim yollara, yetirdiyim öv­lad­lara, yazdığım kitablara, yaşadığım ömrə görə cəfakeş qa­dın, bütün uğurlarımın danılmaz şəriki, əziyyətimi çəkib, zəh­mə­timə qatlaşanı, ömür-gün yoldaşım, uşaqlarımın anası Sa­hi­bə xanıma çox borcluyam» [262, s.381]. Xatirələrdə memua­ris­tin həyata, dünyaya baxışları, insanlara, mühitə münasibəti öz əksini tapmışdır. Zəlimxan Yaqub yazır:

Nə alim doğuldum, nə də ki, dahi,

Peşman da deyiləm gələn günümə.

Əliboş aparma məni ilahi,

Doğulan günümdən ölən günümə [262, s.383].

Çox vaxt müəlliflər xatirələrini olub-keçənləri etiraf etmək məqsədilə qələmə alırlar. Yazıçı Sabir Azəri də öz həyat ta­rix­çə­sini bu məqsədlə yazıya köçürmüşdür. O, özünün bioqrafik sə­nədli povestinin başlanğıcında bunları yazmışdır: «Bəri baş­dan məqsədimi bildirirəm: bu povest-etiraf vasitəsilə həyatı­mın, taleyimin, ailəmizin, yaşıdlarımın və bütövlükdə müasir­lə­rimin rast gəldiyi, indiyəcən qaranlıq qalan, qaranlıq qaldı­ğı­na görə də ürəyimizi daha çox sıxan sirləri hamıya açıqlamağı qə­rara almışam» [34, № 3, s.77]. «Heç olmasa ruhumuzun ra­hat­lığı və bizdən sonra qalanların əzab çəkməmələri naminə lə­yaqətlə yaşamalıyıq və çox günahlarımızı vaxtında etiraf et­məliyik. Etiraf həm də mərdlik və alicənablıq deməkdir» [34, № 3, s.80].

Müəllif xatirələrində olub-keçənləri necə varsa elə də qə­lə­mə aldığını qeyd etmişdir. Yaddaşın köməyi ilə yazıya köçü­rül­müş keçmiş günlərin olaylarını xatırladıqca müəllif bu gü­nün jurnalistikasından da söhbət açır. Xatirələrin sonunda Sa­bir Azəri 1988-ci il Meydan hadisələrindən, xalq hərəkatından, 1990-cı il olaylarından bəhs edir. Ağır ürək xəstəliyindən ya­tan müəllif xatirələrinin sonunda bildirir ki, «... indi mən ikinci öm­rümü yaşayıram. Bu ömür haqqında ayrıca söhbət aça­ca­ğam» [34, № 4, s.46].

Çox sevindirici haldır ki, çağdaş ədəbiyyatımızda bioqrafik əsərlərə maraq xeyli artmış və onların nəşri sahəsində xeyli işlər görülmüşdür. Ötən əsrin ikinci yarısında Azərbaycanda baş verən bir sıra olaylar bu dönəmdə yaşayıb fəaliyyət göstərmiş şəx­siyyətlərin xatirələrində əks olunmuşdur ki, bu xatirələrin də əksəriyyəti əsrimizin ilk illərində qələmə alınmışdır. Keç­miş müəllim, komsomol və partiya işçisi kimi şöhrət qazanmış Sahib Sailovun xatirələri də bunlara aiddir. Müəllif yazır: «Ürə­yimdə xatirələr çoxdur. Keçib gəldiyim həyatın dolay­la­rında, dolanbaclarında, enişlərində, yoxuşların-da elə məqamlar var ki, yadıma düşəndə gah sevinir, qanadlanıram, gah da ürə­yim göynəm-göynəm göynəyir. Ney-ləyəsən, həyatdır, onun bir üzü sevincdirsə, o biri üzü kədərdir. Bəlkə də belə olmasaydı, biz həyatı bu qədər sevməzdik» [216, s.39].

Həyatının ayrı-ayrı məqamlarını dərc etdirdiyi müxtəlif ki­tab­larda qələmə alan Sahib Sailov yaşadığı ömür yolundan «Ya­şadığım illər, keçdiyim yollar» memuarında geniş mə­lu­mat vermişdir. Memuar müəllifin əsli-nəsli, özü, ailəsi haq­qın­da həyat hekayəsidir. Xatirələr bədii dillə qələmə alınmış, bir bədii əsər kimi maraqla oxunur. Əsərdə böyük alim, əvəzsiz in­san, akademik İ.Mustafayev, sadə, mehriban V.Axundov, ya­zıçı-dramaturq H.Seyidbəyli, maestro Niyazi, yazıçı C.Əli­bə­yov, kosmonavt V.Komarov və digər görkəmli şəxsiyyətlər haq­qında xatirələr vardır. Belə ki, Sahib Sailov dövlət qul­lu­ğun­da işlərkən Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə, gör­kəm­li ziyalılarla tez-tez görüşməli olurdu. Bu görüşlərdən al­dığı təəssüratlar, həmçinin ayrı-ayrı məqamlar əsərdə öz əksini tap­mışdır. Bunlardan ən yaddaqalanı Heydər Əliyevlə bağlıdır. Mü­əllifin ulu öndərlə ilk görüşü 1966-cı ilə təsadüf edir. Son­ralar Sahib Sailov dövlət işlərində çalışarkən vaxtaşırı Heydər Əli­yevlə görüşər, onun tövsiyə və tapşırıqlarını yerinə yetirər­di.

Vətənə, torpağa bağlı bir insan olan Sahib Sailov Azərbay­ca­nın dilbər guşələrini böyük məhəbbətlə vəsf edir, təbiəti, əha­lisi, iqtisadi və siyasi durumu haqqında müfəssəl məlumat verir. Verilən məlumat elə dəqiqliklə qələmə alınmışdır ki, oxu­cu memuaristin səmimiliyinə şübhə etmir və keçən əsrin ikinci yarısında Azərbaycanda baş verən bir sıra olaylardan xə­bərdar olur.

Sahib Sailovun xatirələri gənclik dövründən tərtib etdiyi gün­dəlikləri əsasında qələmə alınmışdır. O, gündəliyinə oxu­du­ğu kitablardan aforizmləri, qiymətli sözləri köçürmüşdür. Mü­əllif yazır: «Gündəlik hər şeydən əvvəl yaddaşdır. Bu işi bü­tün həyatım boyu daha çox Goranboy, Şamaxı rayonlarında bi­rinci katib işlərkən, sonra isə həbsdə olduğum illərdə davam et­dirmişəm. İndi həmin gündəlikləri vərəqləyərkən həyatımın ayrı-ayrı günləri göz önündə canlanır. Xəyalımdan nə qədər hadisələr axıb gedir» [216, s.101]. Bununla belə çox hadisələr yaddaşın süzgəcindən keçərək qələmə alınmışdır. Bir sözlə, xa­ti­rələrdə gündəliklər əsasında yazıya köçürülən və yaddaşda həkk olunan bir çox acılı-şirinli olaylar təsvir olunmuşdur. Ki­ta­bın növbəti səhifələrinin birində memuarist gündəlik qeyd­lə­rin əhəmiyyətini bir daha vurğulayaraq yazır: «Bütün dövr­lər­də apardığım qeydlər, gündəliklər yaddaşımı təzələməkdə, keç­mişləri yada salmaqda mənə çox kömək edir. Olub-ke­çən­lər hafizəmdə canlanır. Son dövrdə yazdığım bütün kitabla­rı­mın («Saxta hökm», «Həyat davam edir», «Ömrün səhifələri», «Keçənləri xatırlayarkən», «Xatirə») əsasını təşkil edən həmin gündəliklərdəki qeydlərimdir» [216, s.182].

Yazıçı Yasif Nəzirli «Dünya» romanında Sahib Sailovun hə­yatı­nın bəzi məqamlarından söhbət açmışdır. Romanın sözü­ge­dən şəxsin həyatının ağır illərinə həsr olunmuş, ürəkağrısı ilə qələmə alınmış fəsli xatirələrə daxil edilmişdir. Bu, me­mua­ristin özü haqqında yazdıqlarını təsdiq edən daha bir mö­təbər mənbədir. Sahib Sailovun xatirələri ona görə dəyərlidir ki, bir tərəfdən daima dövlət işlərində çalışan bir insanın ömür yolunu izləyirsən, digər tərəfdən ünsiyyətdə olduğu, tanıdığı görkəmli şəxsiyyətlər haqqında məlumat əldə edirsən. Xati­rə­lər­də həmin şəxsiyyətlərin həm dövlət vəzifələrində necə çalış­maq­ları, həm də daxili aləmləri, insanlarla münasibətləri bütün aydınlığı ilə əks olunmuşdur.

Sahib Sailovun üç kitabdan ibarət olan «Muğanın övlad­la­rı» əsərində isə Muğanda boya-başa çatmış, özündən sonrakı nə­sillərə örnək olacaq insanlardan söhbət açılır. Bir növ təz­ki­rə mahiyyəti daşıyan bu kitablarda həmin insanların qısa tər­cü­meyi-halı verilmişdir.

Muğan torpağının yetirməsi, Neftçala rayonunun Qədim­kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, dövri mət­buat­da şeirləri dərc olunmuş, «Nişan üzüyü» şeirlər kitabı­nın müəllifi Əlisahib Bağırov (1933-2004) 1941-1945-ci illər­də Böyük Vətən müharibəsində alman faşistlərinə qarşı vuruş­muş Məmmədbağır Əliyevin (1923-2002) döyüş yolunu can­lan­dıran «Yaralı xatirələr» poemasında acılı-şirinli xatirələrin yad­daşlarda həkk olunduğunu qeyd edərək yazır:

Yaxşı ki, insanın hafizəsi var!

Ötənlər yaşayır xatirələrdə.

Sabaha səsləyən arzular kimi,

Yaşadır insanı xatirələr də.


İstər acı olsun, istərsə şirin

Ötənlər canlıdır xatirələrdə.

Keçib cəbhələrdən, oddan, alovdan

Yaşayır yaralı xatirələr də [263, s.56].

Daha öncə qeyd etdiyimiz kimi, orta əsrlərdə tanınmış şəx­siyyətlər  görkəmli ədəbiyyat və mədəniyyət nümayəndələri haq­qında bioqrafik məlumatlar təzkirələrdə verilirdi. Zaman keç­­dikcə bu nümunələr tərcümeyi-hal və xatirələrlə əvəz olu­nur­du, artıq memuar ədəbiyyatına aid olan əsərlər meydana gə­­lir­di. Bununla belə, təzkirəçilik ənənələri son dövrlərdə də da­­vam və inkişaf etdirilir. Keçən əsrin sonlarında bu özünü daha aydın biruzə vermişdi. Sahib Sailovun «Muğanın öv­lad­la­rı» [215], Teymur Əhmədovun «Azərbaycan sovet yazıçıları» [68], Əsgər Zeynalovun «İrəvan ziyalıları» [269] əsərləri bu ba­­xımdan diqqətəlayiqdir. Daha öncə qeyd etdiyimiz kimi, Sahib Sailovun üç kitabdan ibarət əsərində Muğanda boya-başa çatmış görkəmli elm, sənət xadimləri, rəhbər vəzifədə ça­lış­­mış, təsərrüfat fəaliyyəti ilə şöhrət qazanmış insanlar haq­qın­­da məlumat verilmişdir.

Teymur Əhmədovun müəllifi və tərtibçisi olduğu kitabda isə yazıçıların qısa tərcümeyi-halı ilə bərabər yaradıcılığının ən səciyyəvi xüsusiyyətləri, ictimai-ədəbi fəaliyyətləri haqqın­da bilgilər verilmişdir. Müəllif yazıçıların orijinal əsərlərinin və tərcümələrinin biblioqrafiyasını vermiş, hətta əlaqə nömrə­lə­rini də qeyd etməyi lazım bilmişdir. 300-dən artıq yazıçının həyat və yaradıcılığından bəhs edən kitab ensiklopedik səciy­yəli məlumat toplusudur. Alimin əsrimizin ilk illərində dərc olun­muş «XX əsr Azərbaycan yazıçıları» [71] adlı ensiklo­pe­dik məlumat kitabında isə «milli-mənəvi xəzinəmizi zəngin­ləş­dirən yazıçıların biblioqrafik oçerkləri verilmişdir. Sovet ha­kimiyyəti dövründə repressiyaya məruz qalan və mühaci­rət­də  Türkiyə, İran, İraq, İngiltərə və digər xarici ölkələrdə ya­şayıb-yaradan soydaşlarımızın, 90-cı il yanvarın 19-dan 20-nə ke­çən müdhiş gecə  sovet ordusunun Bakıya hücumu zamanı şəhid olan, həmçinin Qarabağ müharibəsi başlananda doğma yurd-yuvasından didərgin salınan qələm sahiblərinin tərcüme­yi-halı da kitaba daxil edilmişdir» [69, s.80].

«İrəvan ziyalıları» kitabı əvvəlkilərdən bir çox cəhətdən fərq­lənir. İlk öncə nəzərə çatdırmaq lazımdır ki, burada XIX və XX yüzilliklərdə İrəvan torpağının yetirməsi olan ziyalı­la­rın həyat və fəaliyyətlərindən, Azərbaycan elminin və mədə­niy­­yətinin inkişafında onların tutduğu mövqedən ətraflı söhbət açılır. Müəllif hər bir ziyalıdan bəhs edərkən onun haqqında yazılı və şifahi xatirələrə istinad etməklə yazının daha dəyərli və oxunaqlı alınmasına nail olmuşdur. Əsərin bir özəlliyi də on­dan ibarətdir ki, yazıların əksəriyyətində müəllifin olaylarda iştirakı görünür. Oçerklərə xas olan müəllif şəxsiyyəti bu nü­mu­nələrin əksəriyyətində ön planda olmasa da haqqında danı­şı­lan şəxsdən sonra açıq-aydın görünür. Müəllif haqqında da­nışdığı şəxsin həyat və fəaliyyətindəki önəmli məqamları da nə­zərə çatdırmışdır.

Şəxsiyyətin həyat və fəaliyyətindəki başlıca məqamları nə­zə­rə çatdırmaqda biblioqrafik göstəricilər xeyli önəmlidir. Bu mə­nada tanınmış tənqidçi və ədəbiyyatşünas Bəkir Nəbiyev haq­qında soraq kitabı [20] xüsusilə qeyd olunmalıdır. Lakin bu­rada bir məqamı nəzərə çatdırmaq lazımdır ki, digər biblioq­rafik gösrəricilərdən fərqli olaraq, akademikin 75 illik yubileyi ilə əlaqədar dərc olunmuş bu kitabda görkəmli alim, şair və ədib­lərin ürək sözləri toplanmışdır. Bu nümunələrdə ara-sıra xa­tirələr yada düşür, keçən günlər, keçən illər yad edilir. Elçi­nin, Cəmil Əlibəyovun, Yaşar Qarayevin, Ağamusa Axun­do­vun qələm məhsulları bu baxımdan diqqət çəkir. Sözügedən mü­əlliflərin yazıları xatirə örnəklərinin zənginliyi ilə fərqlənir. Digər yazılarda da az-çox xatirə çalarları görünməkdədir. Xey­rul­la Əliyevin, Mailə Muradxanlının, Əsgər Quliyevin, dün­yanın müxtəlif ölkələrində yaşayan alimlərin  Cavad Heyət, Əli Yavuz Akpınar, Ləziz Qəyyumov, Şakir İbrayev və baş­qa­larının, keçmiş tələbələrinin  Kamal Abdulla, Vəfa Quluzadə, Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu və digərlərinin müla­hizələri xüsusilə seçilir. Bu nümunələri Azərbaycan xatirə ədə­biyyatına daxil etsək, heç də yanılmarıq.

Xatirələr müasirlərimizin doğum günündə, yubileylərində onun yaxınları, onu tanıyanlar tərəfindən də söylənilir. De­yi­lən­lər kitab halında nəşr olunur və geniş oxucu kütləsi belə bir görkəmli ziyalının onun müasiri olduğu ilə fəxr edir. Professor Teymur Əhmədovun 70 illik yubileyinə həsr olunmuş ki­tabda [124] bu gözəl insan, tanınmış alim haqqında ziyalı həm­­karlarının, onu tanıyanların ürək sözləri, xatirələri toplan­mış­dır. Ədəbiyyatşünas, şair-publisist, f.e.d. İsmayıl Ömər oğ­lu Vəliyev haqqında kitab da [246] bu qəbildəndir. Onu da qeyd etmək lazımdır ki, İsmayıl Vəliyev 1988-ci ildən başla­ya­raq gündəlik tərtib etmişdir. Gündəliyin 1990-cı il yanvar ha­disələri ilə bağlı hissələri nəşr edilmişdir [252]. Burada xal­qı­mızın başına gətirilən faciələr əks olunmuşdur.

Nəzərə çatdırılmalıdır ki, XX yüzilliyin sonları və əsrimi­zin əvvəllərində tarixi hadisələri işıqlandıran və avtobioqrafik səciyyəli əsərlər daha çox meydana gəlmişdir. Müəlliflər bu növ əsərlərini yazıçı təxəyyülünün məhsulu olduğunu bildir­sə­lər də, bunları oxuyarkən cərəyan edən hadisələrin gerçək olay­lara söykəndiyi açıq-aşkar bəlli olur. Deyilənlərə Aqil Ab­basın «Dolu» və Gülşən Lətifxanın «Azər və Aida adası» əsər­lərini nümunə gətirmək olar. «Dolu» əsərinin başlanğıcında mü­əllifin «xahiş edirəm, bu əsərdə kim isə nə isə axtarmasın, bu, yazıçı təxəyyülündən başqa bir şey deyil» [1, s.56] sözləri verilsə də, roman həyat materialları ilə zəngindir. 1992-ci və 1993-cü illəri əhatə edən əsərdə könüllü batalyonların cəbhə xəttində göstərdikləri qəhrəmanlıqlar, Şuşa uğrunda gedən vu­ruş­larda mərdliklə həlak olmaları öz əksini tapmışdır. Hadi­sələr Dünyanın Ən Varlı Şəhərində cərəyan edir. İştirakçıların adları da şərtidir. Drakon, Pələng, At Belində olan adam, Ko­man­dir və s. «Dolu» düşmən tərəfdən yağan güllələr, qum­ba­ra­lardır. Əsərin sonu nikbin əhval-ruhiyyəlidir. Bu dəfə göy üzündən yağan Dolu camaatın sevincinə səbəb olur. Müəllif hə­yati faktları bədii təfəkkürünün süzgəcindən keçirərək də­yər­li sənət nümunəsi yaratmağa nail olmuşdur.

Eyni fikirləri Gülşən Lətifxanın «Azər və Aida adası» [146] əsərinə də şamil etmək olar. Romanda Qarabağ mühari­bə­si ərəfəsi və müharibə başlanandan sonra baş verən hadisə­lər qələmə alınmışdır. Əsər roman adlandırılsa da bir xatirə-me­muar təsiri bağışlayır. Ən əvvəl hadisələr birinci şəxsin  Aidanın dilindən nəql edilir. Digər tərəfdən əsərdəki olaylar ger­çək hadisələrə söykənir: keçən yüzilliyin 80-90-cı illərində Ba­kıda cərəyan edən ictimai-siyasi durumu əks etdirir. Bu ic­ti­mai-siyasi hadisələr fonunda Azər və Aidanın saf və ülvi mə­həb­bəti tərənnüm edilir. Əsərdə hər bir epizod, surətlərin da­nı­şığı, hərəkəti, eləcə də Azərbaycan xalqının qədim adət-ənənə­ləri ustalıqla, doğru-dürüst təsvir olunmuşdur.

Gündəliklərin, xatirələrin və digər sənədli əsərlərin əhə­miy­yəti onların təkcə real hadisələr və insanlar haqqında məlu­ma­tın olması ilə deyil, eləcə də ideya məzmunu: müəllifin və onun qəhrəmanlarının mənəvi zənginliyə, ictimai və estetik ideal­lara münasibəti ilə təyin olunur. Bunun üçün yalnız fakt­ları tapmaq və təsvir etmək, keçmişin gerçək olaylarını yarat­maq bacarığına malik olmaq azdır, həmçinin keçmişin real səh­nələrini təkrar yaratmaq, geniş dünyagörüşünə malik ol­maq, ideya məqsədinə doğru yönəldilmə, həyatı dərindən başa düş­mək lazımdır.

Çağdaş ədəbiyyatımızda memuar əsərləri kəmiyyətcə art­maq­la yanaşı keyfiyyətcə də yeniləşmişdir. Kamil xatirə nü­mu­­nələrinin yaranması ilə səciyyələnən XX yüzil eyni za­man­da klassik ənənələrin davam və inkişafı baxımından da də­yər­ləndirilməlidir. Keçən yüzilliyin ikinci yarısı və əsrimizin ilk illərində meydana gələn xatirələr Azərbaycan memuar ədə­biyyatını yeni nümunələrlə zənginləşdirmişdir. Bu dönəm mü­hi­tin yetirməsi olan şəxsiyyətin mənəvi özəlliklərini bütün ça­lar­ları ilə gələcək nəslə ötürülməsində xüsusilə önəmlidir.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə