Hacili azərbaycana qarşI




Yüklə 116.06 Kb.
tarix01.03.2016
ölçüsü116.06 Kb.
BİRİNCİ FƏSİL
HACILI AZƏRBAYCANA QARŞI
(Şikayət Nº 6984/06)
QƏRAR
STRASBURQ
10 yanvar 2012
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş şərtlərə əsasən yekun qərar olacaq. Qərar sadəcə redaktə xarakterli dəyişikliklərin subyekti ola bilər.

 

Hacılı Azərbaycana qarşı məhkəmə işində,


Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci bölmə) aşağıdakı hakimlərdən ibarət tərkibdə iştirak edib:
Nina Vajić, Prezident, 
Elizabet Steiner, 

Xanlar Hacıyev, 


Mirjana Lazarova Trajkovska, 
Julia Laffranque, 
Linos-Alexandre Sicilianos, 
Erik Møse, hakimlər, 
və Søren Nielsen, Bölmə Katibi,
6 dekabr 2011-ci il tarixdə qapalı müşavirə keçirərək,

həmin tarixdə qəbul olunmuş aşağıdakı qərarı elan edir:

PROSEDUR

1.  İş İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa İnsan Hüquqları Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan vətəndaşı Cənab Arif Mustafa oğlu Hacılı (“ərizəçi”) tərəfindən 1 fevral 2006-cı il tarixdə Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı şikayət (Nº 6984/06) əsasında başlanıb.

2.  Ərizəçini Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olan Cənab İ.Əliyev təmsil edib. Azərbaycan hökumətini (“Hökumət”) öz nümayəndəsi Cənab Ç.Əsgərov təmsil edib.

3.  Ərizəçi konkret olaraq iddia edib ki, onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində nəzərdə tutulmuş seçki hüququ pozulub.

4.  21 oktyabr 2008-ci ildə Birinci Seksiyanın sədri şikayət barədə Hökumətə məlumat verməyi qərara alıb. Eyni zamanda ərizəyə eyni zamanda həm qəbuledilənlik, həm də mahiyyət üzrə baxılması qərara alınıb (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR

I.  İŞİN HALLARI

5.  Ərizəçi 1962-ci ildə anadan olub və Bakı şəhərində yaşayır. O, 6 noyabr 2005-ci il tarixdə Milli Məclisə keçirilən seçkidə iştirak etmək üçün müxalifətin Azadlıq blokunun üzvü kimi namizədliyini irəli sürüb.

6.  Ərizəçi namizəd kimi Dairə Seçki Komissiyası (“DSK”) tərəfindən 110 saylı Zaqatala Seçki Dairəsinin bir mandatına qeydiyyata alınıb.

7.  Dairənin tərkibində cəmi 41 məntəqə olub. Seçki gününün sonunda ərizəçi səsvermənin nəticələrinə dair 41 Məntəqə Seçki Komissiyalarını (MnSK) əhatə edən rəsmi protokolun surətini əldə edib. Ərizəçinin əlində olan və məntəqələr üzrə seçkilərin nəticələrini əhatə edən həmin surətlərə görə dairə üzrə səs çoxluğunu o qazanıb.

8.  7 noyabr 2005-ci il tarixdə ərizəçi Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətlə müraciət edərək bildirib ki, bütün MnSK-ları üzrə nəticələrin əks olunduğu protokollar DSK-ya təqdim edildikdən sonra 23, 24 və 25 saylı məntəqələr üzrə MnSK nəticələri onun opponentlərindən birinin xeyrinə saxtalaşdırılıb.

9.  14 noyabr 2005-ci il tarixdə MSK ərizəçini onun şikayətini alması barədə xəbərdar edib və bildirib ki, 12 noyabr 2005-ci il tarixdə MSK bütün 110 saylı Zaqatala Seçki Dairəsinin nəticələrinin etibarsız élan edilməsi barədə qərar qəbul edib. Qərarım bütün tərkibi aşağıdakı kimidir:

“Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.22, 28.4, 100.12 və 170.2.2-ci maddələrinə və Seçki Məcəlləsinin təsdiqi və qüvvəyə minməsi barədə 27 May 2003-cü il tarixli qanunun 3.5 və 3.6-cı bölmələrinə müvafiq olaraq, Mərkəzi Seçki Komissiyası qərara alır:

1.  Sadalanan məntəqələr üzrə MnSK-nın protokollarına yolverilməz düzəlişlər edilməsi və seçicilərin iradəsini müəyyən etməyi imkansız edən qanun pozuntularına yol verilməsi səbəbindən 110 saylı Zaqatala Seçki Dairəsinin 1, 2, 6, 8, 10, 15, 17, 19, 20, 22, 24, 25, 26, 31, 33, 34, 36, 37 və 40 saylı məntəqələri üzrə seçkilərin nəticələrini etibarsız élan etmək.

2.  Seçkilərin nəticələrinin etibarsız élan edildiyi bir sıra məntəqələr həmin dairə üzrə bütün məntəqələrin beşdə iki hissəsini təşkil etdiyindən və həmin məntəqələr üzrə qeydiyyata alınmış seçicilərin ümumi sayının dairə üzrə bütün seçicilərin dörddə birini təşkil etməsi səbəbindən 110 saylı Zaqatala Seçki Dairəsində seçkilərin nəticələrini etibarsız élan etmək.”

10.  14 noyabr 2005-ci il tarixdə ərizəçi MSK-nın bu qərarına qarşı Apellyasiya Məhkəməsinə şikayət edərək bildirdi ki, MSK-nın qərarındakı bu arqumentlər əsassızdır. O, etiraz edərək bildirdi ki, MSK 19 MnSK-nın seçki protokollarına “yolverilməz düzəlişlər” edildiyini söyləyib, halbuki əslində bu düzəlişlər 19 deyil üç MnSK-nın protokollarına tətbiq edilib (23, 24 və 25 saylı Məntəqələrdə). MnSK-nın digər məntəqələrlə bağlı seçki protokollarına gəlincə, MnSK-nın həmin məntəqələrlə bağlı protokollarının ərizəçidə olan surətlərində hər hansı düzəlişlərə və ya dəyişikliklərə rast gəlinməyib. MnSK-nın həmin protokollarına görə (və 23, 24 və 25 saylı Məntəqələrin protokolları istisna olmaqla), ərizəçi dairə üzrə ən çox səs toplayan namizəd olub. Ərizəçi məhkəmədən DSK-nın 12 noyabr 2005-ci il tarixli qərarını ləğv etməyi və dairə üzrə onu seçkinin qalibi élan etməyi xahiş edib.

11.  14 noyabr 2005-ci il tarixli məhkəmə iclasında Apellyasiya Məhkəməsinin hakimləri müstəqil olaraq nə Məntəqə SK-nın protokollarının əslini və DSK-nın protokollarını yoxlayıblar nə də ərizəçi tərəfindən çağırılan şahidləri dindiriblər. Apellyasiya Məhkəməsi DSK-nın qərarında yazılanları təkrar qeyd edərək həmin qərarı qüvvədə saxlayıb və yekun olaraq bildirib ki, seçki nəticələrinin etibarsız élan olunması həmin qərardakı əsaslara söykənir və qanunidir.

12.  Ərizəçi kassasiya şikayəti verib. Apellyasiya Məhkəməsindəki arqumentlərinə əlavə olaraq o, inter alia şikayətlənib ki, Apellyasiya Məhkəməsi əsas sübutu müstəqil şəkildə araşdırmaqdan imtina edib və sadəcə olaraq DSK-nın əsaslarını fakt kimi qəbul edib. O həmçinin şikayətlənib ki, MSK Seçki Məcəlləsinin 108-ci maddəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq səslərin yenidən sayılmasını tələb etməyin mümkünlüyünü nəzərdən keçirməyib və onu Seçki Məcəlləsinin 112-ci maddəsinin 8-ci bəndinə əsasən, ziyana məruz qalan tərəf kimi dəvət edərək dinləməyib.

13.  23 noyabr 2005-ci il tarixdə Ali Məhkəmə ərizəçinin şikayətini rədd edərək Apellyasıya Məhkəməsinin qərarını qüvvədə saxlayaraq qanuni élan edib.

14.  1 dekabr 2005-ci il tarixdə Konstitusiya Məhkəməsi nəticələrin étibarsız élan edildiyi dairələrdə, həmçinin ərizəçinin dairəsində, təkrar seçkilərin 13 may 2006-cı il tarixdə keçirilməsi haqqında əmr verib.

II.  MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

A.  Seçki Məcəlləsi

15.  Seçki gününün sonunda məntəqədə səslər sayılıb qurtardıqdan sonra, MnSK məntəqə üzrə səsvermənin nəticələrini sənədləşdirərək (maddə 106.1-106.6) rəsmi protokol tərtib edir (üç nüsxədə). MnSK-nın protokollarının bir nüsxəsi digər müvafiq sənədlərlə birlikdə 24 saat ərzində aidiyyatı üzrə DSK-ya göndərilir (maddə 106.7). DSK MnSK-nın yekun sənədlərinin qanunvericiliyə uyğun olub olmadığını və ziddiyyətlər olub olmadığını yoxlayır (maddə 107.1). MnSK protokollarını DSK-ya təqdim etdikdən sonra seçki günündən sonrakı iki gün ərzində DSK müxtəlif məntəqələrə aid seçki nəticələrini hesablayaraq dairə üzrə seçkilərin nəticəsini əks etdirən protokol tərtib edir (maddə 107.2). DSK-nın hazırladığı protokolun bir nüsxəsi seçki günündən sonrakı iki gün ərzində MSK-ya təqdim edilir (maddə 107.4). MSK DSK-nın yekun sənədlərinin qanunvericiliyə uyğun olub olmadığını və ziddiyyətlər olub olmadığını yoxlayır (maddə 108.1) və nəticədə bütün dairələr üzrə səsvermələrin nəticələrini əks etdirən öz yekun sənədini tərtib edir (maddə 108.2).

16. MSK, DSK tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər (maddə 108.4).

17.  Qeydiyyata alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir (maddə 112.8).

18.  Seçilməyən namizədlərin seçilməsinə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, bu pozuntular seçkilərin yekunları barədə qərarın ləğv edilməsi üçün əsas ola bilməz (maddə 114.5).

19.  Birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə DSK və ya MSK birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız saya bilər (maddə 170.2.2).

20.  Əvvəlki Seçki Məcəlləsinin 106.3.6-cı maddəsində göstərilirdi ki, seçki gününün sonunda seçki məntəqələrində səslərin ilkin sayılması zamanı bülleten qutusundakı bülletenlərin hər hansı birinin zərfin içinə münasib şəkildə yerləşdirilmədiyi aşkar edildikdə həmin bülletendəki səs etibarsız élan edilirdi. 106.3.6-cı maddə 2 iyun 2008-ci ildə ləğv olundu.

B.  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büro (ATƏT/DTİHB), 6 noyabr 2005-ci il tarixli Parlament seçkilərinə dair Seçki Müşahidəsi Missiyasının Yekun Hesabatı (Varşava, 1 fevral 2006-cı il)

21.  Hesabatdan müvafiq çıxarışda deyilir:

“Dairələr üzrə ümumi nəticələrin qanunla nəzərdə tutulmuş müddət ərzində açıqlanmasına baxmayaraq, məntəqələr üzrə təfsilatlı nəticələr DSK-ların MSK ilə kompüter şəbəkəsi vasitəsilə əlaqəsi olmasına rəğmən yalnız seçkidən dörd gün sonra 10 noyabr tarixdə elan edildi. Bu, namizədlərin və müşahidəçilərin nəticələrin düzgün élan edilib edilməməsini yoxlamasına çətinlik törətdi. 9 və 42 saylı dairələrin protokolları ictimaiyyət üçün heç vaxt açıqlanmadı. ...

MSK Seçki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən dörd dairənin nəticələrini ləğv etdi (110 saylı Zaqatala Seçki Dairəsi də daxil olmaqla), bu maddəyə əsasən DSK və ya MSK seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu ləğv edərsə və həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydiyyata alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edərsə, bu zaman bütün dairə üzrə seçkinin nəticələri ləğv edilir. ...

Hər halda … İki DSK sədri [9 və 42 saylı DSKlar] seçkidən iki gün sonra seçki pozuntularına yol verdikləri üçün vəzifələrindən məhrum edildilər. İki DSK sədri seçki sənədlərini saxtalaşdırdıqlarına görə saxlanılaraq məsuliyyətə cəlb edildilər. 29 Məntəqə Seçki Komissiyasında baş verməsi ehtimal edilən cinayət xarakterli pozuntularla bağlı sənədlər MSK tərəfindən Baş Prokurorluğa göndərildi. ...

MSK tərəfindən dörd dairədə ümumi nəticələrin ləğvi prosesinin kifayət qədər əsası və ya dəlil mənbəyi yox idi və proses şəffaf deyildi. Bu dörd dairədə nəticələrin etibarsız élan edilməsi üzrə MSK qərarlarının nəticəsinə görə “protokollarda qəbuledilməz dəyişikliklər edilmişdi və qanun pozuntularına yol verilmişdi ki, bunun nəticəsində seçicilərin iradəsini müəyyən etmək mümkün deyildi”. Lakin bu nəticənin fakta söykənən hər hansı əsası göstərilməyib. ...

Bundan əlavə, MSK nəticələri etibarsız élan edərkən, ilkin faktlarla bağlı sorğu göndərmədi [Seçki Məcəlləsinin 170.2-ci maddənin tələblərinə uyğun olaraq] və Seçki Məcəlləsinin 108.4-cü maddəsinin tələblərinə əməl etmədi, həmin maddəyə əsasən, DSK tərəfindən təqdim olunmuş protokollarda “səhvlər, yolverilməz düzəlişlər və ziddiyyətlər” aşkar edilərsə MSK-nın həmin DSK-da səslərin yenidən sayılması barədə qərar qəbul etmək hüququ var. DSK və MnSK-ların protokolları MSK-nın iclaslarında araşdırılmayıb və ya nəzərdən keçirilməyiblər. Səsvermə məntəqələrində nəticələrin ləğv edilməsi və eləcə də protokolun etibarsız sayılması sadəcə hər hansı MSK üzvünün çıxardığı nəticə əsasında baş verirdi. Bir MSK üzvünün protokolda çatışmazlıq olması barədə yürütdüyü mühakimə, iddia edilən çatışmazlıq barədə izahat verilmədən və ya verilmiş səslərin identifikasiya edilməsi həyata keçirilmədən müəyyən edilmiş fakt kimi qəbul edilirdi. Beləliklə, dörd dairənin heç birində nəticələrin ləğvi üçün açıq şəkildə təqdim edilmiş faktiki əsas yox idi. Bu isə xüsusilə narahatlıq doğurur, belə ki, MSK bu dairədə iddi edilən pozuntular haqqında az sayda şikayət qeydə almışdı. ...

Seçkidən sonrakı mübahisələrə məhkəmə baxışı zamanı məhkəmələr geniş şəkildə hüquq pozuntusuna yol veriblər və beynəlxalq aləmdə qəbul olunmuş normaların tələblərinə cavab verməyiblər. .. Bir çox hallarda, aşağı və yuxarı instansiyalara şikayətlər ya işə mahiyyəti üzrə baxılmadan rədd edilib, ya da həm Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən əsassız hesab edilərək ləğv edilib.

Müxalifət MSK-nın 9, 42 və 110 saylı dairələrdəki nəticələrin ləğvi barədə qərardan şikayət verdi. Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan və ya MnSK-nın protokolları kimi əsas sənədləri və dəlilləri nəzərdən keçirmədən MSK-nın bu üç qərarını qüvvədə saxladı. 9 saylı dairədə, şikayətçi MSK tərəfindən Baş Prokurorluğa göndərilmiş protokolların yoxlanılması ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etdi. Bu müraciət təmin edilmədi. 42 saylı dairədə eynilə bu cür müraciət edildi və məhkəmə yenidən müraciəti təmin etmədi və qərar çıxardı ki, qanunla müəyyən edilmiş müddət ərzində protokolları Baş Prokurorluqdan almaq mümkün deyil. MSK etibarsız élan edilmiş protokollardakı konkret səhvlər barədə və ya protokolların etibarsız élan edilməsi üçün yetərli olan hansı səhvlərin baş verməsi barədə məlumat verə bilmədi.

Ali Məhkəmədəki proses zamanı yuxarıda sadalanan qüsurlar aradan qaldırılmadı. Ali Məhkəmə MSK-nın bütün qərarlarını qüvvədə saxladı.”

HÜQUQİ MƏSƏLƏLƏR

I. HÖKUMƏTİN KONVENSİYANIN 37-Cİ MADDƏSİNƏ ƏSASƏN ŞİKAYƏTİN SİYAHIDAN ÇIXARILMASI HAQQINDA MÜRACİƏTİ

22.  26 oktyabr 2010-cu il tarixdə Hökumət Məhkəməni Cənab Arif Hacılıya aid bu şikayət də daxil olmaqla səkkiz ayrı-ayrı şikayətlə bağlı problemin həlli barədə görüşlərini əks etdirən birtərəfli bəyannaməsi barədə məlumatlandırdı. Bəyannamədə deyilir:

Namət Əliyev Azərbaycana qarşı işdə Məhkəmənin qərarına istinad edərək (şikayət Nº 18705/06, 8 aprel 2010) Azərbaycan Hökuməti – birtərəfli bəyannamə yolu ilə etiraf edir ki, Yaqub Məmmədov (şikayət Nº 24506/06), Arif Hacılı (şikayət Nº 6984/06), Mirmahmud Fəttalyev (şikayət Nº 40318/06), Fuad Mustafayev (şikayət Nº 19552/06), Isa Qəmbər (şikayət Nº 4741/06), Elçin Rzayev (şikayət Nº 22457/06), Eldar Namazov (şikayət Nº 22564/06), Ilham Hüseyn (şikayət Nº 36105/06) Azərbaycana qarşı işlərdə ərizəçilərin Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində nəzərdə tutulmuş hüquqları pozulub.

Hökumət ayrı-ayrılıqda hər bir ərizəçiyə maddi ziyana görə və digər xərclər və məhkəmə məsrəflərinə görə 9.100 Avro (doqquz min yüz) məbləğində kompensasiya ödəməyə hazırdı. Bu məbləğlər tətbiq oluna biləcək bütün vergilərdən azaddır və Avropa İnsan Hüquqları Konvensiyasının 37-ci maddəsinə uyğun olaraq, Məhkəmənin siyahıdan çıxarma haqqında qərarı qəbul olunduqdan sonra üç ay müddətində ödəniləcək. Yuxarıda qeyd olunan vaxt ərzində icranın baş tutmadığı halda icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

Hökumət hesab edir ki, bu məbləğ əvəzin adekvat ödənilməsi və törədilmiş hüquq pozuntusunun aradan qaldırılması üçün yetərli kompensasiya olacaq və beləliklə də, hazırki işin yekun həlli olacaq.

Hökumət bildirir ki, seçki komissiyaları tərəfindən şikayətlərin araşdırılması prosedurunu yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələri əsasında, dəyişikliklər edilib. Hökumət həmçinin, müvafiq təlimatlar tətbiq edərək gələcəkdə seçki qanunsuzluqlarının yerli səviyyədə daha səmərəli ünvandırılmasını təmin etmək üçün vacib tədbirlər görmək öhdəliyi götürür. Bundan başqa, “Avropa Şurasının 2010-cu ildə Azərbaycnda keçiriləcək Parlament seçkilərinə dəstək üçün fəaliyyət planı” Azərbaycan hökuməti və Avropa Şurasının əməkdaşlığı ilə qəbul olunub və ölkədə seçki prosesinin dəstəklənməsi məqsədi daşıyır. Bu sənəddə müxtəlif tədbirlər (siyasi, qanunvericilik, təlim, mediya məsələləri, seçicilər arasında məlumatlandırma, və sair) nəzərdə tutulub. Xüsusilə, Məhkəmənin Namət Əliyev Azərbaycana qarşı işdəki qərarını və digər president hüququnu və Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi altında hazırda Məhkəməyə təqdim olunmuş Azərbaycana qarşı işləri nəzərə alaraq, yerli qanunvericiliklə nəzərdə tutulan seçki şikayətləri sistemini yaxşılaşdırmaq məqsədilə seçki administrasiyasının nümayəndələrinə, həmçinin hakimlərə müxtəlif təlim və seminarlar keçiriləcək. Prokurorlar üçün ayrıca olaraq seçki şikayətlərinin cinayət aspektləri haqqında təlim keçiriləcək. ...

Hökumət hesab edir ki, Azərbaycan Respublikasına dair bu və bənzər işlərlə bağlı Məhkəmə qərarlarının icrasına, Nazirlər Komitəsi tərəfindən rəhbərlik edilməsi bu istiqamətdə müsbət dəyişikliklərin baş verməsinə zəmanət verən uğurlu mexanizmdir. Beləliklə də, bu prosesə dair zəruri əməkdaşlıq davam etdiriləcək.

Beləliklə, Hökumət təklif edir ki, sözügedən işdə şərtlər Məhkəməyə imkan verir ki, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinə istinadən, bu işdə “hər hansı başqa bir səbəb” olub nəticəsinə gəlsin və bu əsasla şikayətin araşdırmasını dayandırsın və bununla da 37-ci maddənin 1-ci bəndində də qeyd olunduğu kimi, işin araşdırılmasının davam etdirilməsini tələb etsin. Beləliklə də, Hökumət təklif edir ki, Məhkəmə şikayəti işlərin siyahısından çıxarsın.”

23.  9 noyabr 2010-cu il tarixli qrup məktununda hazırki işdəki ərizəçi də daxil olmaqla, yuxarıda qeyd olunmuş şikayətlərdəki ərizəçilər etiraz edərək bildirdilər ki, birtərəfli bəyannamənin şərtləri qənaətbəxş deyil.

24.  Məhkəmə yuxarıdaki birtərəfli bəyannamədə adları qeyd olunmuş səkkiz işdən yeddisi ilə bağlı Hökumətin təktərəfli bəyannaməsinin şərtlərini qəbul etdi və qərara gəldi ki, həmin ərizəçilərin seçki hüquqlarının pozulmasına dair işləri siyahıdan çıxarsın (bax: Qəmbər və Başqaları (dec.), Nº 4741/06, 19552/06, 22457/06, 22654/06, 24506/06, 36105/06 və 40318/06, 9 dekabr 2010).

25.  Lakin buna baxmayaraq, hazırkı işlə bağlı Məhkəmə, aşağıdakı səbəblərə görə eyni qərara gələ bilmir.

26. Məhkəmə həmçinin xatırladır ki, hətta şikayətçi işə baxılmasının davam etdirilməsini istəsə də belə, müəyyən hallarda Konvensiyanın 37-ci maddənin 1-ci bəndinin (c) yarımbəndinə uyğun olaraq cavabdeh Hökumətin birtərəfli bəyanatı əsasında, şikayətin siyahıdan çıxarılması məqsədəuyğun ola bilər. Bu məqsədlə, Məhkəmə öz presedent hüququndan , konkret olaraq Təhsin Acarın işi üzrə qərardan irəli gələn prinsiplərin işığında bəyanatı diqqətlə öyrənəcək, həmin qərarda bu məsələ ilə bağlı qiymətləndirilməli olan bir sıra müvafiq amillər ətraflı araşdırılır (bax: Tahsin Akar Türkiyəyə qarşı (ilkin məsələlər [Böyük Palatanın qərarı, Nº 26307/95, §§ 74-77, AİHM 2003-VI). Həmin müvafiq amillərin siyahısı heç də tam deyil: bura cavabdeh Hökumətin birtərəfli bəyanatının Konvensiyanın iddia edilən pozuntusunu qəbul edib-etməməsi sualını, qəbul edəcəyi halda, onun əhatə dairəsini və ərizəçinin pozulan hüququnu bərpa etmə üsulunu araşdırmaq da daxildir (yuxarıda göstərilən qərar, 76-cı bənd).

 27.  Hazırkı işə gəlincə, Məhkəmə qeyd edir ki, Hökumət səkkiz işlə bağlı həmin işlərin Namət Əliyevin işilə (bax: Namət Əliyev Azərbaycana qarşı Nº 18705/06, 8 aprel 2010) ehtimal olunan oxşarlıqlarını nəzərə alaraq, ərizəçilərin (hazırkı işdəki ərizəçi də daxil olmaqla) 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozulduğunu etiraf edir. Bundan əlavə, bütün bu işlərə münasibətdə Hökumət Namət Əliyevin işilə bağlı qərarın icrası zamanı görülməsi planlaşdırılan ümumi tədbirləri eynən bu işdə də görəcəyi barədə öhdəlik götürür. Buna müvafiq olaraq, belə məlum olur ki, spesifik olaraq Namət Əliyevin işinə istinad edilməsi göstərir ki, Hökumət konkret olaraq 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusu ilə bağlı işlərin əhatə dairəsini azaltmaq istəyindədir.

28.  Buna baxmayaraq, Məhkəmə qeyd edir ki, digər yeddi işdə qaldırılan məsələlər doğrudan da Namət Əliyevin işindəki məsələlərə bənzəyirdi, lakin hazlrkı şikayətdə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsilə qorunan hüquqa fərqli müdaxilə olunub. Daha konkret olaraq, Namət Əliyevin işində və birtərəfli bəyannamədə nəzərdə tutulan digər yeddi işdə ərizəçilər, yerli qurumlarda seçkidən öncəki gün və seçki günü baş verən seçki qanunsuzluqları ilə bağlı seçki şikayətləri sisteminin səmərəsiz olduğundan şikayətlənirdilər, hazırkı işdə isə ərizəçi, onun seçki dairəsində səsvermə nəticələrinin qanunsuz olaraq etibarsız élan edilməsilə bağlı şikayət edib.

29.  Müvafiq olaraq, Hökumətin birtərəfli bəyannaməsinin əhatə dairəsinə, kontentinə və onun məzmununa nəzər salaraq Məhkəmə hesab edir ki, birtərəfli bəyannamə bu işlə bağlı kifayət qədər əsas göstərə bilməyib ki, həmin əsas Konvensiyada və onun Protokollarında nəzərdə tutulmuş qaydada insan hüquqlarına hörmət əsasında Məhkəmədən bu işin araşdırılmasını dayandırmağı tələb etsin.

30.  Buna görə də, Məhkəmə Hökumətin xahişilə Konvensiyanın 37-ci maddəsi altında bu şikayəti işlərin siyahısından çıxarmaqdan imtina edir və buna uyğun olaraq, şikayətə həm qəbuledilənlik, həm də mahiyyət üzrə baxılmasını davam etdirəcək.

II.  KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

31.  Ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi və Konvensiyanın 13-cü maddəsinə istinad edərək bildirdi ki, onun namizəd olduğu seçki dairəsində seçkilərin nəticələrinin etibarsız elan olunması qanunsuz olub və seçkinin həqiqi qalibi kimi onun seçki hüquqlarını pozub. O, etiraz edərək bildirdi ki, nəticələrin ləğv olunması prosesi qeyri-şəffaf olub və qanunsuzluğa qarşı yetərincə müdafiə vasitələri olmayıb, seçki komissiyalarının və yerli məhkəmələrin qərarları yetərli əsaslarla əsaslandırılmayıblar və yerli seçki qanunvericiliyinin bir sıra tələblərinə zidd olublar.

32.  Məhkəmə hesab edir ki, bu şikayət yalnız Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi altında araşdırılmalıdır və 13-cü maddə altında ayrıca araşdırmaya ehtiyac yoxdur. 1 saylı Protokolun 3-cü maddəsində deyilir:

“Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın öz iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, ağlabatan dövriliklə gizli səsvermə yolu ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.”

A.  Qəbuledilənlik

33.  Hökumət etiraz edərək bildirdi ki, ərizəçi “qurban” statusunu itirib çünki hakimiyyət orqanları seçki qanunvericiliyinin pozuntusu nəticəsində həm seçicilərin, həm də namizədlərin (ərizəsi də daxil olmaqla) seçki hüquqlarının pozulmasını etiraf edib və seçkilərin nəticələrinin etibarsız olunması və dairədə yenidən seçki keçirilməsi vasitəsilə həmin pozuntuları aradan qaldırılmağa çalışıb.

34.  Ərizəçi bu etiraza qarşı çıxıb.

35.  Məhkəmə hesab edir ki, Hökumətin etirazı yersizdir çünki bu etirazlar ərizəçinin Konvensiyada nəzərdə tutulan hüquqlarının MnSK və DSK səviyyəsində “seçki sənədlərinin saxtalaşdırılması” kimi qanunsuz hərəkətlər nəticəsində pozulması ehtimallarına əsaslanır. Halbuki, Məhkəmə qeyd edir ki, bu işdə ərizəçi, aşağı instansiyalarda baş verən qanunsuzluqlar və ya o qanunsuzluqları törədənlərdən deyil, onun dairəsində seçki nəticələrinin MSK tərəfindən qanunsuz olaraq etibarsız élan olunmasından şikayət edib. Beləliklə, Məhkəmə qeyd edir ki, hazırkı işdə seçki nəticələrinin élan edilməsi ərizəçini qurban statusundan azad etmir çünki bu etibarsız élan etmənin özü şikayətin birbaşa səbəbidir. Bundan əlavə, sadə bir fakt var ki, təkrar seçkilərin keçirilməsi əsas seçkilərdə baş vermiş hər hansı seçki hüququnun pozuntusunu aradan qaldırmış olmur. Odur ki, Məhkəmə Hökumətin etirazını rədd edir.

36.  Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. Məhkəmə daha sonra qeyd edir ki, şikayət hər hansı başqa səbəblərə görə qəbuledilməyən sayıla bilməz. Buna görə də o, qəbuledilən sayılmalıdır.

B.  Şikayətin mahiyyəti

1.  Tərəflərin arqumentləri

37.  Məhkəmə bildirdi ki, MSK-nın ərizəçinin namizəd olduğu dairədə seçki nəticələrini etibarsız élan etməsi ərizəçinin real sübutlara əsaslanan şikayətinə səbəb olub.

38.  MSK-nın səslərin yenidən sayılmasını tələb etməməsilə bağlı Ərizəçinin arqumentinə gəlincə, Hökumət buna etiraz edərək bildirdi ki, Seçki Məcəlləsinin 108-ci maddəsinin 4-cü bəndi MSK-nın üzərinə səslərin bütün hallarda yenidən sayılmasını tələb etmək vəzifəsi qoymur, sadəcə ayrı-ayrı hallarda səslərin yenidən sayılmasını tələb edib-etməmək barədə qərar vermək səlahiyyəti verir. Hökumət daha sonra etiraz edərək bildirdi ki, hazırkı işdə səslərin yenidən sayılması mümkün olmayıb, çünki, Seçki Məcəlləsinin o zaman üçün qüvvədə olan 106-cı maddəsinin 3-cü bəndinin 6-cı yarımbəndinə görə (bu maddə 2008-ci ildə ləğv olunub) zərflərdə olmayan bülletenlər etibarsız hesab edilib. MSK-ya təqdim olunmuş bütün bülletenlər müvafiq məntəqədə ilkin sayım samanı zərflərindən çıxarıldıqları və yenidən zərfə yerləşdirilmədikləri üçün bu bülletenlərin təkrar sayılması mümkün olmayıb.

39.  Hökumət etiraz edərək bildirdi ki, seçki protokollarının qarışıqlığı nəticəsində MSK həmin protokollar əsasında seçicilərin həqiqi iradəsini müəyyən edə bilməyib. Səslərin sayılmasının protokollaşdırılması ilə bağlı prosedura olan bu müdaxilə, insanların fikirlərini azad ifadə etmək hüququna müdaxilə olub və bu səbəbdən də DSK düzgün olaraq ərizəçinin dairəsində seçkilərin nəticəsini etibarsız elan edib, bu, namizədlərin seçicilərin iradəsinə uyğun olaraq seçilməsi və seçilmiş həmin namizədlərin seçiciləri parlamentdə təmsil etməsini təmin edən legitim məqsədə xidmət edir.

40.  Ərizəçi bildirdi ki, o, seçkini açıq-aydın böyük səs çoxluğu ilə udub. Ərizəçi iddia etdi ki, MnSK-nın seçkilərin nəticələrinə dair onda olan protokollarına görə o, həmin dairədə ən çox səs qazanan namizəd olub. Bundan əlavə, o qeyd etdi ki, onun dairə üzrə seçkinin qalibi olduğu seçkilərin nəticələrindən bəlli olduqdan dərhal sonra “müvəqqəti” seçki nəticələri mediyada dərc olunub.

41.  Ərizəçi etiraz edərək bildirdi ki, MSK-nın qərarı yetərli əsaslara söykənmir və o, namizəd kimi və təzyiqə məruz qalmış tərəf kimi, MSK-nın prosedurlarında özünün ən funamental prosedur hüquqlarını həyata keçirmək imkanından məhrum edilib. Onun MSK qərarına qarşı şikayətinə dair yerli məhkəmələrin araşdırmaları səmərəsiz olub.

42.  Ərizəçi daha sonra qeyd etdi ki, seçki protokollarına edilməsi ehtimal olunan yolverilməz düzəlişlərin hamısı onun deyil, məhz opponentlərinin xeyrinə edilib. Buna baxmayaraq, MSK Seçki Məcəlləsinin 114.5-ci maddəsini tətbiq etməyib, bu maddəyə görə, seçki prosesində aşkar edilmiş hər hansı qanunsuzluq seçkinin sonunda seçilməmiş və qalib gəlməmiş namizədlərə kömək etmək məqsədi daşıyırsa seçki nəticələrinin etibarsız elan edilməsinə yol verilmir. Hər bir halda, ehtimal olunan qanunsuz dəyişikliklərin əksəriyyəti səslərin bölgüsünün yükun sayına təsir etməyən “texniki xarakter” daşıyıb və buna görə də seçicilərin həqiqi iradəsini müəyyən etməyə mane olmayıb.

43.  Səslərin yenidən sayılmasının mümkünsülüyüylə bağlı Hökumətin arqumentinə gəlincə, ərizəçi qeyd etdi ki, Hökumətin Seçki məcəlləsinin keçmiş 106-.3.6-cı maddəsinə istinad etmısi yanlış olub, çünki həmin maddə yalnız seçki gününün sonunda seçki məntəqəsində bülletenlərin olduğu zərflərin bülleten qutusundan çıxarıldığı zaman səslərin ilkin sayılması ilə bağlıdır və səslərin sonradan MSK nümayəndələrinin iştirakı ilə yenidən sayılmasına aidiyyatı yoxdur. Ərizəçi hesab etdi ki, hər bir halda, işin hallarına görə səslərin yenidən sayılmasına belə ehtiyac yox idi, çünki mövcud sənədlər ərizəçinin seçkiləri qazanmasını heç bir şübhəsiz ortaya qoyurdu.

44.  Ərizəçi qeyd etdi ki, bütün seçki dairəsi üzrə seçkilərin nəticələrinin tamamilə etibarsız elan edilməsi üçün heç bir legitim əsas yox idi. Hazırkı işdə, bu qərar onu deməyə əsas verir ki, yerli seçki sistemi, bir və ya bir neçə şəxsə rəsmi seçki sənədlərinə sadə düzəlişlər etmək yolu ilə on minlərlə seçicinin seçimini alt-üst etmək imkanı verir. Bu da öz növbəsində, hazırkı Hökumətə imkan verir ki, müxalifətdən olan namizədləri parlamentin üzvü olmaqdan çəkindirsin, bu isə sadəcə seçki rəsmilərinin seçki protokollarını qarışdıraraq seçki nəticələrinin hüquqi qüvvəsinin itirilməsinə nail olmaq yolu ilə baş verir və nəticədə isə bu əməli törədən həmin şəxslər heç bir məsuliyyətə cəlb olunmur.

2.  Məhkəmənin qiymətləndirməsi

45.  1 saylı Protokolun 3-cü maddəsi ilk növbədə Konvensiyada və Protokollarda zəmanət verilən digər hüquqlardan onunla fərqlənirk ki, bu hüquq Razılığa gələn Yüksək Tərəfin üzərinə öhdəlik qoyur ki, insanların fikirlərini azad ifadə etməyinə imkan verən seçkilərin keçirilməsinə şərait yaratsın, nəinki konkret bir hüquq və ya azadlığı təmin etsin. Lakin buna baxmayaraq, Məhkəmə müəyyən edib ki, o, seçmək və seçilmək hüquqları da daxil olmaqla fərdi hüquqlara zəmanət verir (bax: Mathieu-Mohin və Klerfayt Belçikaya qarşı, 2 mart 1987, 46-51-ci bəndlər, Seriyalar A Nº 113). Məhkəmə Konvensiyanın interpritasiyasından və tətbiqindən danışarkən zaman-zaman demokratik prinsiplərin vacibliyini vurğulayıb və hüququn aliliyi ilə idarə olunan səmərəli və əhəmiyyətli demokratiyanın əsasını qurmaq və qoruya bilmək üçün 1 saylı Protokolun 3-cü maddəsində zəmanət verilən hüquqların vacibliyini xüsusi qeyd edib (əvvəlki 47-ci bənd; həmçinin bax: Hirst Birləşmiş Krallığa qarşı (Nº 2) [GC], Nº 74025/01, 58-ci bənd, AİHM 2005-IX).

46.  1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüquq mütləq hüquq deyil. Bu hüquqa “məhdudiyyət tətbiq oluna” bilər və Razılığa gələn Dövlətlər seçki məsələlərində geniş mülahizə sərbəstliyinə sahibdirlər (bax: Matieu-Mohin və Klerfayt, yuxarıda qeyd olunub, 52-ci bənd; Matthevs Birləşmiş Krallığa qarşı [GC], Nº 24833/94, 63-cü bənd, AİHM 1999-I; və Labita İtaliyaya qarşı [GC], Nº 26772/95, 201-ci bənd, AİHM 2000-IV). Lakin buna baxmayaraq, 1 saylı Protokolun 3-cü maddəsinin pozulub pozulmadığını müəyyən etmək səlahiyyəti son olaraq Məhkəməyə məxsusdur. Dövlətin qoyduğu şərtlər mübahisə mövzusu olan hüquqların mahiyyətinə ziyan vuracaq dərəcədə onları məhdudlaşdırmamalı və onların səmərəliliyini azaltmamalıdır; onlar legitim məqsədin müəyyən olunması üçün zəruridir; və istifadə olunan vasitələr qeyri-mütənasib və qanunsuz olmamalıdır (bax: Matieu-Mohin və Klerfayt, yuxarıda qeyd olunub, 52-ci bənd, və Gitonas və Başqaları Yunanıstana qarşı, 1 iyul 1997, 39-cu bənd, Hökmlərin və qərarların hesabatları 1997-IV). Belə şərtlər qanunvericinin seçimində insanların ifadə azadlığını məhdudlaşdırmamalıdır – başqa sözlə, onlar universal səsvermə yolu ilə insanların iradəsini ifadə etmək məqsədi daşıyan seçki sisteminin səmərəliliyinin və ya həqiqiliyinin qorunmasını əks etdirməli və ya bu məqsədə zidd olmamalıdırlar (bax: Hirst (Nº 2), yuxarıda qeyd olunub, 62-ci bənd).

47.  Bundan əlavə, insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyanın məqsədi tələb edir ki, onun maddələri nəzəri və ya xəyali deyil, praktik və səmərəli şəkildə interpretasiya və ya tətbiq olunsun (bax:, başqa çoxsaylı hakimiyyətlər arasında, Türkiyə Birləşmiş Kommunist Partiyası və Başqaları Türkiyəyə qarşı, 30 yanvar 1998, 33-cü bənd, Hesabatlar 1998-I; Cassagnou və Başqaları Fransaya qarşı [GC], Nº 25088/94, 28331/95 və 28443/95, 100-cü bənd, AİHM 1999-III; və Likourezos Yunanıstana qarşı, Nº 33554/03, 56-cı bənd, AİHM 2006-VIII). 1 saylı Protokolun 3-cü maddəsilə zəmanət verilən və demokratik rejimin ayrılmaz hissəsi olan seçkilərdə namizəd kimi iştirak etmək hüququ birisinin bu hüquqdan istənilən vaxt məhrum edildiyi andan sadəcə xəyali hüquqa çevrilir. Nəticədə, mücərrədlik içərisində uyğunluq şərtləri yaradan zaman Dövlət geniş mülahizə sərbəstliyinə sahibkən, həmin hüququn səmərəliliyi prinsipi tələb edir ki, uyğunluq prinsipi qanunsuz qərarların qarşısını almaq üçün yetərli müdafiə vasitələrinə malik olsun (bax: Podkolzina Latviyaya qarşı, Nº 46726/99, § 35, AİHM 2002-II). Baxmayaraq ki, seçkilərdə namizədlik kriteriyalarına uyğunluq məsələsi nəzərdə tutulub, qanunsuzluqdan çəkindirməyi nəzərdə tutan prinsip, fərdi seçki hüquqlarının səmərəliliyinin riskdə olduğu hallara da eyni şəkildə tətbiq olunur (bax: Namət Əliyev, yuxarıda qeyd olunub, § 72), bura həmçinin seçkilərin nəticələrinin nəzərdən keçirilməsi və seçki nəticələrinin etibarsız elan olunması halları da daxildir (bax: Kovaç Ukraynaya qarşı, Nº 39424/02, 55-ci bənd et seq., AİHM 2008-...).

48.  Məhkəmə vurğuladı ki, seçki administrasiyası üzrə səlahiyyəli hakimiyyət nümayəndələrinin şəffaf fəaliyyəti şərtdir və onlar qərəzsizliyi və müstəqilliyi seçki manipulyasiyasından qorumalıdırlar (bax: Gürcüstan Əmək Partiyası Gürcüstana qarşı, Nº 9103/04, 101-ci bənd, 8 iyul 2008), odur ki, onların icra etdikləri prosedurlar qanunsuzluqdan müdafiə ilə müşahidə olunmalı və qərarları yetərli qədər əsaslandırılmış olmalıdır (bax: müvafiq dəyişikliklər, Namət Əliyev, yuxarıda qeyd olunub, 81-90-cı bəndlər, və Kovaç, yuxarıda qeyd olunub, 59-60-cı bəndlər).

49.  Məhkəmə qeyd edir ki, əvvəl də Kərimovanın işində çox oxşar faktlara əsaslanan şikayəti araşdırıb (bax: Kərimova Azərbaycana qarşı, Nº 20799/06, 30 sentyabr 2010). Lakin buna baxmayaraq, o müşahidə edir ki, Kərimovanın işində faktlardan açıq-aşkar görünürdü ki, seçkilərin nəticələri etibarsız élan edilməsəydi, ərizəçi seçkiləri qazanacaqdı (yuxarıda qeyd olunan qərar, 9 və 47-ci bəndlər), bundan fəqrli olaraq, hazırkı işdə ərizəçinin öz dairəsində seçkiləri qazanacağını dəqiq müəyyən etmək mümkün deyil. Xüsusilə, ərizəçi iddia etdi ki, onda olan MnSK-nın protokollarının surətləri ən çox səsin onun tərəfindən topladığını təsdiq edir, lakin nə DSK-nın, nə də MSK-nın onun qalib olduğunu təsdiq edən hər hansı səs sayı yekununu əks etdirən sənədi var (Kərimovanın işindən fərqli olaraq). Bu baxımdan, Məhkəmə qeyd edir ki, işin hallarına görə qaçılmaz şərtlərin olduğu hallar istisna olmaqla, Məhkəmə, seçki məsələlərini həyata keçirən yerli hakimiyyət orqanlarını əvəz etmək və ya fakt üzrə birinci instansiya məhkəməsinin funksiyalarını icra edib aşağı seçki komissiyalarının protokolları əsasında səslərin dəqiq sayını müəyyən etməyə cəhd göstərmək və ya ərizəçinin dairəsində seçkiləri kimin qazandığını müəyyən etmək kimi vəzifə daşımır (bax: müvafiq dəyişikliklərlə, Namət Əliyev, yuxarıda qeyd olunub, 77-ci bənd). Buna baxmayaraq, işin hallarından kifayət qədər aydın olur ki, ərizəçi öz dairəsi üzrə digər namizədlər arasında liderlik edən namizədlərdən biri olub və hakimiyyətin seçki nəticələrinin ləğv olunması barədə olan qərarı onun Milli Məclisə seçilmək şansına mənfi təsir edib. Bununla bağlı Məhkəmə bir daha qeyd edir ki, 1 saylı Protokolun 3-cü maddəsi seçkidə per se qalib gəlmək hüququna deyil, ədalətli və demokratik şərtlər altında seçkidə namizəd kimi iştirak etmək hüququna zəmanət verir (yuxarıda göstərilən qərar, 75-ci bənd).

50.  Bundan əlavə, bu da doğrudur ki, hazırkı işdə MSK-nın seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı qərarına qədər ərizəçi, dairənin üç ayrı-ayrı məntəqəsində ona qarşı qanunsuzluqların baş verməsi haqqında MSK-ya şikayət etmişdi. Buna görə də, MSK-nın ərizəçinin müvafiq şikayəti nəticəsində qərar çıxarmış olması məsələsi mübahisələndirilə bilər. Lakin MSK-nın qərarı ərizəçinin şikayətindən tamamilə kənar idi və dairədəki daha çox məntəqədə seçki nəticələrini etibarsız élan edirdi ki, bu da nəticədə bütün dairə üzrə seçki nəticələrinin ləğvinə gətirib çıxardı.

51.  Yuxarıda qeyd olunan məsələlərə istinad edərək Məhkəmə hesab edir ki, MSK –nın seçkilərin nəticələrinin ləğv olunması barədə qərarı ərizəçinin namizəd kimi seçkidə səmərəli iştirak etmək hüququna müdaxilə edib. Bu zaman, həmin müdaxilənin Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin tələblərini pozub pozmadığını müəyyən etmək qalır.

52.  Hökumət israrla iddia etdi ki, seçkilərin nəticələrini etibarsız élan edən sözügedən qərar, seçicilərin fikirlərinin azad ifadəsinə edilən qanunsuz müdaxilənin qarşısını almaq və seçiciləri parlamentdə qanuna uyğun seçilən namizədin təmsil etməsini təmin etmək məqsədi daşıyıb. Lakin, Məhkəmə hesab edir ki, baxmayaraq ki, qanunsuzluq bir neçə məntəqədə baş vermişdi, bu qanunsuzluqların və onların dairə üzrə bütün seçkilərin nəticələrinə təsirinin başqa vasitələrlə aradan qaldırılmasına cəhd etmədən, bütün seçki dairəsi üzrə seçkilərin nəticələri etibarsız élan edilib və bu təcrübənin 1 saylı Protokolun 3-cü maddəsinin məqsədləri baxımından legitim məqsəd daşımasına Məhkəmə şübhə ilə yanaşır (müqayisə et, müvafiq dəyişikliklərlə, Kovaç, yuxarıda qeyd olunub, 52-ci bənd, və Kərimova, yuxarıda qeyd edilib, 46-cı bənd). Buna baxmayaraq, aşağıdakı halların işığında bu məsələyə yekun baxışı Məhkəmədən tələb olunmur.

53.  Hazırkı işdə MSK-nın və yerli məhkəmələrin qərarlarına istinad edərək Məhkəmə hesab edir ki, həmin qərarlar, eynən Kərimovanın işindəki səbəblərə görə, 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə uyğun olmayıblar. Xüsusilə Məhkəmə aşağıdakını qeyd edir.

54.  MSK-nın əizəçinin dairəsində seçkilərin nəticələrini etibarsız élan edən 12 noyabr 2005-ci il tarixli qərarına gəlincə (bax: yuxarıda 9-cu bənd), Məhkəmə qeyd edir ki, bu qərarda MnSK-nın protokollarına edilən “yolverilməz dəyişikliyin” və ya başqa “qanun pozuntularının” nədən ibarət olması bardə heç bir təsvir yoxdur, bu “düzəlişlərin” və “pozuntuların” xarakteri və ehtimal olunan pozuntuların müvafiq məntəqələrdə səsvermənin nəticələrinə necə təsir etdiyi və seçicilərin həqiqi iradəsini müəyyən etməyə necə mane olduğu izah edilmir. Belə halda, Məhkəmə, MSK-nın qərarının əsassız olduğunu qeyd etməyə bilmir.

55.  Bundan əlavə, Məhkəmə qeyd edir ki, Kərimovanın da işində olduğu kimi, MSK və yerli məhkəmələr yerli seçki qanunvericiliyinin bir sıra prosedurlarına əməl etməyiblər və bunun səbəbini də izah etməyiblər. Birincisi, MSK bütün dairə üzrə səsvermənin nəticələrini etibarsız etmədən öncə səslərin yenidən sayılması imkanlarını nəzərdən keçirməyib. Hətta Hökümətin Azərbaycanın seçki qanunveriliyinə əsasən səslərin yenidən sayılmasının məcburi deyil fakultətiv olduğunu (MSK-nın mülahizəsində olduğunu) qəbul etsə belə, Məhkəmə hesab edir ki, hazırkı işdə MSK səslərin yennidən sayılması imkanlarını nəzərdən keçiriə bilərdi və ya ən azından bütün dairə üzrə səsvermənin nəticələrini ləğv etmədən öncə bu imkandan nə üçün istifadə etmədiyini izah edə bilərdi. İkincisi, Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları Seçki Məcəlləsinin 114-cü maddəsinin 5-ci bəndinə etinasız yanaşıblar, həmin maddə seçkini uduzmuş nazmizədin xeyrinə qanunsuzluqların yol verildiyi hala əsaslanaraq səsvermənin bütün nəticələrinin hər hansı səviyyədə ləğv edilməsini qadağan edir. Beləliklə məlum olur ki, qeyd olunan maddəyə görə, səsvermənin nəticələrini ləğv etmədən öncə, səlahiyyətli hakimiyyət orqanları birinci bütün səslərin sayını, sonra isə iddia edilən qanunsuzluğun kimin xeyrinə baş verdiyini müəyyənləşdirməlidirlər. Lakin, hazırkı işdə bu baş verməyib. Məhkəməyə görə, səlahiyyətli hakimiyyət orqanlarının səsləri yenidən saymaq əmri verməməsi və ya Seçki Məcəlləsinin 114-cü maddəsinin 5-ci bəndini nəzərə almaması və bunu etməməyi heç bir əsasla əsaslandırmaması səsvermənin nəticələrinin ləğv olunması haqqında qərarın qanunsuzluğuna gətirib çıxarıb (Kərimovanın işi ilə müqayisə et, 49-51-ci bəndlər).

56.  Son olaraq, Məhkəmə qeyd edir ki, baxmayaraq ki, ərizəçi yuxarıda sadalanan halları dəfələrlə yerli məhkəmələrdə qaldırıb, yerli məhkəmələr bu məsələləri adekvat olaraq araşdırmayıb və MSK-nın qərarını təkrarlayıb. Onlar MnSK-nın protokollarının əslinə edilən düzəlişləri əks etdirən əsas sübutu araşdırmaqdan imtina ediblər və MSK-nın qərarının seçki qanunvericiliyinə uyğun olub olmamasını araşdırmaqdan imtina ediblər. Bu halda, seçkiylə bağlı ərizəçinin müraciətinin araşdırılma üsulu səmərəsiz olub.

57.  Yuxarıda qeyd olunan səbəblərə görə, Məhkəmə qeydlərini yekunlaşdıraraq bildirir ki, ərizəçinin namizə olduğu dairə üzrə səsvermənin nəticələrinin etibarsız elan olunması barədə qərar qanunsuz olub, çünki bu qərar üçün hər hansı müvafiq və yetərli səbəblər yox idi və qərar yerli seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduru açıq-açkar pozurdu (bax: yuxarıda 55-ci bənd). Bu qərar qanunsuz olaraq ərizəçini namizəd kimi seçkilərdə səmərəli iştirak etmək hüququndan çəkindirib və beləliklə də universal səsvermə yolu ilə insanların iradəsini müəyyən etmək məqsədi daşıyan seçki prosedurunun səmərəli və tam həyata keçirilməsinə mane olub.

58.  Beləliklə, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulub.

III.  KONVENSİYANIN İDDİA EDİLƏN 14-CÜ MADDƏSİNİN POZUNTUSU

59.  Yuxarıdakı şikayətə uyğun olaraq, ərizəçi şikayət etdi ki, o, siyasi müxalif olması səbəbindən Milli Məcllisdəki yerindən qanunsuz olaraq məhrum edilib. O, 14-cü maddəyə əsaslandı, həmin maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
60.  Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıdakı işlə əlaqəlidir və bu səbəbdən də qəbuledilən sayılmalıdır.

61.  Lakin buna baxmayaraq, Məhkəmə, yuxarıda araşdırdığı 1 saylı Protokolun 3-cü maddəsinə istinad edərək hesab edir ki, bu işdə 14-cü maddənin pozuntusunun plub-olmadıığını araşdırmağa ehtiyac yoxdur.

IV.  KONVENSİYANIN İDDİA EDİLƏN 6-CI MADDƏSİNİN POZUNTUSU

62.  Ərizəçi Konvensiyanın 6-cı maddəsi altında şikayət edərək bildirib ki, yerli məhkəmələrin məhkəmə prosesləri ədalətsiz və qanunsuz olub.

“Mülki hüquq və azadlıqların müəyyənləşdirilməsində… hər kəsin… məhkəmə tərəfindən… ədalətli… məhkəmə araşdırması hüququ var…”

63.  Məhkəmə qeyd edir ki, müzakirə olunan prosedurlar ərizəçinin parlament seçkilərində namizəd kimi iştirak etmək hüququnun müəyyənləşdirilməsini nəzərdə tutur. Buna görə də, bu məsələ üzrə mübahisə, ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş “mülki hüquq və vəzifələrilə” deyil, sırf siyasi hüquqları ilə əlaqədardır (bax: Pierre-Bloch Fransaya qarşı, 21 oktyabr 1997, § 50, Hesabatlar 1997-VI; Cherepkov Rusiyaya qarşı (dec.), Nº 51501/99, AİHM 2000-I; Ždanoka Lativuyaya qarşı (dec.), Nº 58278/00, 6 mart 2003; və Mütəllibov Azərbaycana qarşı (dec.), Nº  31799/03, 19 fevral 2004). Göründüyü kimi, Konvensiyanın bu maddəsi şikayət olunmuş prosedurlara tətbiq olunmur.

64.  Bu o deməkdir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinin tələblərinə ratione materiae uyğun deyil və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

V.  KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

65.  Konvensiyanın 41-ci maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.



A.  Ziyan

1.  Maddı ziyan

66.  Ərizəçi, onun namizəd olduğu dairə üzrə seçkilərin nəticələrinin etibarsız elan olunmaması və onun Milli Məclisə seçiləcəyi təqdirdə parlament üzvü kimi alacağı əldən çıxmış məvacib və seçki təbliğatı üçün xərclənmiş və istifadəsinin səmərəliliyini itirən fondlar da daxil olmaqla maddi ziyan olaraq 134,938 Azərbaycan manatı (AZN) tələb etdi.

67.  Hokumət ərizəçinin bu iddialarına qarşı çıxdı.

68.  Parlament üzvünün məvacibi ilə bağlı iddiaya gəlincə, Məhkəmə bird aha qeyd edir ki, yuxarıda 49-cu maddədə də qeyd olunduğu kimi, bu işdə (Kərimovanın işindən fərqli olaraq) əgər səsvermənin nəticələri ləğv olunmasaydı həmin dairə üzrə ərizəçinin qalib gələcəyini və parlamentə üzv olacağını tam dəqiqliklə müəyyən etmək mümkün deyil. Bu səbəbdən də Məhkəmə ərizəçinin parlament üzvünün məvacibini alacağı qənaətinə gələ bilmir.

69.  Seçki təbliğatı zamanı çəkilən xərclərə gəlincə, Məhkəmə bu məsələdə pozulan hüquqla maddi ziyan arasında səbəbli əlaqə görmür.

70.  Yuxarıdakı səbəblərə görə, Məhkəmə maddi ziyanla bağlı tələbi rədd edir.



2.  Mənəvi ziyan

71.  Ərizəçi mənəvi ziyana görə 50.000 avro tələb etdi.

72.  Hökumət etiraz edərək bildirdi ki, bu məbləğ həddən artıq çoxdur və hesab etdi ki, Konvensiyanın pozuntusunun tanınması özü-özlüyündə ziyanın ödənilməsi üçün yetərlidir.

73.  Məhkəmə hesab edir ki, ərizəçi maddi ziyandan əziyyət çəkib və bu sadəcə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozuntusunun tanınması ilə kompensasiya edilə bilməz. Məhkəmə ədalət prinsipi əsasında, mənəvi ziyana görə ərizəçiyə 7.500 avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.



B.  Məhkəmə xərcləri və digər məsrəflər

74.  Ərizəçi məhkəmə xərcləri və digrə məsrəflər üçün, həmçinin hüquqi xərclər, tərcsmə xərcləri və poçta çəkilmiş xərclər üçün 3.700 AZN tləb etdi.

75.  Həkumət bu iddiaya etiraz etdi.

76.  Məhkəmənin president hüququna uyğun olaraq, ərizəçiyə çəkdiyi məhkəmə xərcləri və digər məsrəflər o zaman geri ödənilə bilir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun. Hazırkı işdə əlindəki məlumatları və yuxarıda qeyd edilən meyarları nəzərə alaraq, Məhkəmə bu bənd üzrə bütün xərcləri əhatə etmək üçün 1.600 avro məbləğini təyin etməyi ağlabatan hesab edir, ərizəçidən tutula bilən hər hansı vergi məbləği də bu məbləğin üzərinə əlavə olunmalıdır.



C.  İcranın gecikdirilməsinə görə faiz

77.  Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.


BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ

1.  Şikayəti işlərin siyahısından çıxarmaq barədə Hökumətin xahişini rədd edir;

2.  Şikayəti Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi və Konvünsiyanın 14-cü maddəsi üzrə qəbuledilən və ərizədəki digər şikayətləri qabuledilməyən elan edir;

3.  Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozuntusunu qərara alır;

4.  Konvensiyanın 14-cü maddəsi üzrə şikayəti ayrıca araşdırmağa ehtiyac olmadığını qərara alır;

5.  Qərara alır ki

(a)  Cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində aşağıdakı məbləğləri ödəniş tarıxındə tətbiq edilən məzənnə üzrə yeni Azərbaycan manatına çevirərək ərizəçiyə ödəməlidir:

(i)  mənəvi ziyana görə 7.500 avro (yeddi min beş yüz avro), üstəgəl ərizəçidən tutula bilən hər hansı vergi məbləği;

(ii)  Məhkəmə xərcləri və digər məsrəflərə görə 1.600 avro (bir min üç yüz səksən beş avro), üstəgəl ərizəçidən tutula bilən hər hansı vergi məbləği;

(b)  yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;

6.  Kompensasiya ilə bağlı ərizəçinin tələbini rədd edir.

Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 10 yanvar 2012-ci ildə qərar barədə yazılı məlumat verilib.



Søren Nielsen Nina Vajić  
Sədr


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə