Hacı Soltan Əlizadə Qafqaz Müsəlmanları İdarəsinin qazisi




Yüklə 53.66 Kb.
tarix20.04.2016
ölçüsü53.66 Kb.





Hacı Soltan Əlizadə

Qafqaz Müsəlmanları İdarəsinin qazisi,

Buzovna dini icmasının başçısı


Vəhdət haqqında qəzəl
Ey müsəlman, yetişib vaxt gəlin əlbir olaq,

Tutaraq düşmən önündə əl-ələ zəncir olaq.

Belə əyyamidə məzhəb və təriqət nə gərək,

Birləşıb əzm ilə kafər başına şəmşir olaq.

Bizi dərdli eliyən İslamara fərdlərdir,

Mustafa ümmətiyik bəs nə üçün qəmgir olaq.

İndi biz vəhdəti dərk eyləməsək vay olsun,

Gələcək nəslin önündə niyə ba təqsir olaq?

Atılaq qol-qola meydana deyək təkbiri,

Çeşmi Zəhradə qiyamət günü xoşxatir olaq.

Allahın əmrinə iqdam eliyək alnı-açiq,

Əgər olsaq da şəhid hamımıza şakir olaq.

Bizə birlik yaraşır düşmənə güc gəlmək üçün,

Bari Allaha görə vəhdətə biz qail olaq.

Soltanam birliyimiz səbt olunub Quranda,

Biz də Allah buyuran hökmlərə hazır olaq.

ИСЛАМИ БИРЛИК



"Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrilmayin! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam) ilə birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz."1

"Əgər camaat Əli ibn Əbu Talibin məhəbbəti ilə onun başına toplaşsaydı, Allah-təala cəhənnəm odunu yaratmazdı."2

İslam dünyada ən çox tanınan müqəddəs bir dindir. Bu din öz ətrafında milyonlarla insanı birləşdirir. Məhəbbət və əxlaq dini olan İslam hamını birliyə çağırır. Quran insanları birliyə, sülhə, əmin-amanlığa doğru istiqamətləndirir. Buna mi­sal Quranda onlarla surə və ayələrdə tövsiyələr vardır. Bu ilahi idealogiya Rəsuli Əkrəmin dili ilə insanlara belə öyrədilir:



Əgər gün batanda bir müsəlmanın başı ağrayırsa, gün çıxanda bir müsəlman bu ağrını duymalı, bu dərdə şərik olmalıdır. Çünki İslam dünyası bir bədəni xatırladır. Bədənin hər hansı bir əzası ağrayırsa, bütün bədən o əzanın ağrısını duyur.

Həzrət Əli (ə) son vəsiyyətində İmam Həsən (ə) və İmam Hüseynə (ə) belə buyurur: Hamınız birlikdə Allahın ipindən yapışın. İman və Allahşünaslıq əsasında müttəfiq olun və bir-birinizdən ayrılmayın. Peyğəmbər (s) buyurub: Xalqın arasını düzəltmək, daimi namaz və orucdan üstündür. Dini məhv edən amil fəsad və ixtilafdır.

Nə böyük söz, nə böyük qüvvə! Amma heyhat, biz nə görürük? İslam dünyası parçalanmışdır. Tarix boyu müsəlmanlar əzab çəkmiş, əzilmiş, düşmənlərin tapdağına məruz qalmış, min bir əziyyətə düçar olmuşlar. Nədir buna səbəb? Nədən bir əzanın ağrısını o biri əzalar duymur?

Allah Hud surəsi 112-ci ayədə buyurur: Ya Məhəmməd! Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gələnlər) də düz (yolda) olsunlar. Allahın əmrlərini pozub həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görəndir.

Təfsir alimlərimiz yuxarıda göstərdiyimiz ayəni şərh edərək bir çox mətləbləri bəyan edirlər.

Buyurublar ki, insanın doğru, düzgün, müstəqil olması üçün 10 istiqamət vardır ki, biri Allah ilə bəndənin öz arasında olan düzgünlükdür. Digərləri ağıl, bədən, nəbatat, qohum-əqraba, qonşular, ailə, möminlər və bütün müsəlmanlar ilə öz arasında bərpa etdiyi düzgünlüklər. Yəni yuxarıda sadaladıqlarımızlarla bahəm, insan gərək özü ilə bütün müsəlmanlar arasında düzgün ola. Bütün məzhəb ixtilaflarını bir kənara qoyub bütün müsəlmanlar ilə mehriban olmalı, məzhəblər arasında birlik yaratmalıdır. Bütün bu müsbət tövsiyələr Həzrət Əli (ə)-ın ömür yolunda öz əksini tapmışdır. Belə ki, Həzrət Əli (ə) 25 il öz haqlı hakimiyyətindən kənarda qalmasına baxmayaraq İslamda birliyi və vəhdəti qorumaqdan ötəri 3 xəlifənin dövründə İslamın çətin və müşkül işlərini həll etmiş, bir çox məsələlərdə onlara yardımçı olmuşdur. Bu barədə qədərincə geniş və sanballı əsərlərimiz mövcuddur.

Şərq ədəbiyyatının görkəmli nümayəndələri də vəhdət, birlik haqqında qiymətli sənət əsərləri yazmışlar. Belələrinə misal olaraq, dahi söz ustadlarından sayılan S.Ə.Şirvani bu sahədə öz nəsihətli kəlamları ilə tələbələrinə, övladlarına dəyərli və hikmətli tövsiyələr etmişdir. Şair öz oğlu Mir Cəfərə nəsihətində özünün şiə olduğunu bildirmiş və başqa təriqətlərə pis baxmağı, onları təhqiri qadağan etmişdir. Hər bir təriqətə hörmətlə yanaşmağı təbliğ edən şair İslamın əzəmət və qüdrətini məhz birlikdə görmüşdür.

Mən özüm şiəyəm, budur sifətim,

Leyk əshabə yox müxalifətim,

Gər Əbubəkr ilə Ömər, Osman,

Zülm ediblərsə, həqq edər divan.

Dilini saxla lənət etməkdən,

Qeyri şəxsə şəmatət etməkdən.

Bölünmə, parçalanma budur İslam dünyasını zəiflədən, gücdən salıb düşmənlərin qarşısında aciz göstərən. Şiə və sünni! Uzun illər bu ad altında İslam dünyası parçalanmış, içinə nifaq salınmış və bundan əlavə, məzhəblər içində yüzlərlə ayrılmalar bu faciəni son nöqtəyə qaldırmışdır. İndi İslam dünyasna hava və su kimi lazım olan məsələ, birlik, qardaşlıqdır. Bir olmaq, bütün umu-küsüləri kənara qoyaraq, İslamın çıçəklənməsi uğrunda birgə çalışmaq lazımdır. Qədimdən ulu babalarımız bu vəhdət üçün möhkəm təməl qoymuşlar.

Şah İsmayılın ana babası Uzun Həsən də bu birliyin tərəfdarı idi. Uzun Həsənin din sahəsindəki siyasəti ölkənin möhkəmləndirilməsinə xidmət edirdi. Onun dövründə Ağqoyunlu dövlətində sünnilik geniş yayılmışdı. Bu məzhəb rəsmən qəbul olunmuşdu. Ancaq şıələr sıxışdırılmırdı. Əksinə Uzun Həsən hər iki məzhəbə qulluq edənləri birləşdirməyə çalışırdı. O, öz qızı Martanı şiəliyi təbliğ edən Səfəvilərin başçısı Şeyx Heydərə vermişdi. Şərqdə Aləmşahbəyim kimi tanınan bu qadın XVI yüzillikdə qüdrətli Azərbaycan dövlətini yaratmış şah İsmail Xətainin anası idi.

Uzun Həsən müsəlman olmayanlara da yaxşı münasibət bəsləyirdi. Bunu Venetsiya elçisi Katerino Zeno da yazmışdı: "Bu ölkədə (Ağqoyunlu dövlətində) çoxlu erməni var. Onlar xristiandırlar. Hökmdar onlara yeni məbəd (ibadətgah) tikməyə icazə verib."

Yazıçı Vəli Həbiboğlu "A. A. Bakıxanov" adlı əsərində bir çox maraqlı məlumatlar verir. Həmin məlumatları birdə yada salmağı faydalı bilirik:

"Abbasqulu ağa Fətəli xan barədə Bestujev-Marlinskiyə çox söhbət etmişdi. Odur ki, indi o, Fətəli xanın adını çəkəndə Marlinski heç də təəccüblənmədi.

-Saşa, bəs rusların çarı yalnız Avropaya meyl edir? Onun Şərq siyasəti barədə hansı təklıfləri mövcuddur?

-Darıxma Abbasqulu ağa, Böyük Pyotr Şərqi yaddan çıxarmayıb, öz vəsiyyətnaməsində ona daha çox yer ayırıb. O vəsiyyətin 9-cu bəndində bu haqda gör nə deyir: Rusiya dövlətini o vaxt dövlət adlandırmaq olar ki, onun paytaxtı bütün Asiya və Avropa xəzinələrinin açarı olan İstanbulda qərar tapmış ola. İndi mümkün qədər əla məkan sayılan İstanbul cəvahirinə sahib olmalı. Əlbəttə, İstanbula sahib olan padşah aləmdə padşahlar padşahı olacaq. Bu məqsədə çatmaq üçün, həmişə Türkiyə ilə İran arasında fitnə törədib, dava-dalaş salınmalıdır. Sünni və şiə məzhəb ixtilafı böyük ordu və kəskin silah işini görüb Asiyada Rusiyanın nüfuzunu yürütmək üçün ən birinci vasitədir. Hər kəs daim hər vasitə ilə onların arasında nifaq və düşmənçilik səbəblərini toplayıb bir-birinə yadlıq və ədavət bəsləməyi təbliğ etmişlər. Onları dostluq məqamına gəlməyə qoymayın. Bizi ən çox xoşhal edən şeylərdən biri də sünni-şiə və sairənin arasındakı müsəlman din xadimlərinin işlərinə müdaxilə ixtiyarı olmasıdır.

Həqiqətən, İslam dünyasına qarşı hiylələr quran düçmənlər az müvəffəqiyyətlər qazanmayıblar. Amma İslam rəhbərləri arasında da bu hiylələri duyanlar, onlara qarşı tədbir görənlər az olmayıblar. Belə insanlardan biri Nadir şah olub. O, şiə və sünni alimlərini birləşdirmək, İslam xalqlarını bir araya gətirib, ağ günə çıxartmaq üçün çox cəhdlər etdi və bu yolda həyatını da qurban verdi. Köhnəpərəst, rəyasətpərəst yarasalar onun yandırdığı bu işığa tab gətirə bilməyəcəklərini görüb, sui-qəsd hazırlayaraq, xaincəsinə Nadir şahı qətlə yetirdilər. Bu barədə Ə. Nicatın "Dünya sərkərdələri" əsərin­dən bir epizoda nəzər salaq: "O, İranla Türkiyə və başqa ölkələrdəki türk xalqları arasında mövcud olan ziddiyyətləri görüb, onları aradan qaldırmaq istədi. Bunun üçün Cəfəri təriqətini yaymaq əmrini verib, şiələrlə sünniləri qardaş edəcəyinə söz verdi. Lakin onu başa düşmürdülər. Belələrin­dən biri olan Sistan vilayətinə vali təyin etdiyi Fətəli xan idi. O, yüz min qoşun toplayıb, Nadir şaha qiyam qaldırdı. Fətəli xan öz gücünə o qədər inanırdı ki, adına pul zərb etdirdi. Nadir şah ermənilərin qiyamçılarla gizli əlaqəsinə görə qraf Arutyun Şarilyanı tonqalda yandırtdı. Onun dörd tərəfi satqınlarla dolu idi. Çünki Nadir şah rüşvətin, özbaşınalığın kökünü kəsmək istəyirdi. Buna görə öz qardaşı Əliqulu xan da ona qarşı qiyam qaldırdı. Lakin düşmənlər açıq mübarizənin mənasız olduğunu görüb, niyyətlərini gizli həyata keçirməyə başladılar. Bunun üçün satqın da tapıldı. Şahın şəxsi qvardiyasının başçısını, Azərbaycan türkü Saleh bəy Əfşarı ələ aldılar.

Nadir şah Sistana qiyamı yatırmağa gedərkən 1747-ci il iyunun 20-dəXorasanın Xabuşan vilayətinin Xoşab kəndində yataqda yuxuda ikən namərdcəsinə öldürüldü. Və bununla İranın gələcək fəlakətlərinin əsası qoyuldu."

Böyük Sabirimiz çox az şəxsə mədhiyyə qələmə alıb və ölümünə təəssüf edərək Nadir şah üçün belə yazıb:

"Nadir bu iki xəstəliyi tutdu nəzərdə,

İstərdi əlac eyləyə bu qorxulu dərdə,

Bu niyyət ilə əzm edərək girdi nəbərdə,

Məqtulən onun nəşını qoyduq quru yerdə,

Bir şeyi əcibiz, nə bilim, bir tüfəhiz biz,

Öz qövmümüzün başına əngəl kələfiz biz. "

Şəhabəddin Eloğlu "Zəngəzur hadisələri" adlı kitabında Bəhlul Bəhcət adlı bir alim haqda məlumat verir:

"Qazi Bəhlul Behcət Zəngəzurda yaşamışdı. O, Erməni daşnaklarının Azərbaycanlılara qarşı başladıqları soyqırımı vaxtında duymuş, əhali arasında böyük idialoji iş apararaq şiə və sünnə məzhəblərini birləşdirə bilmişdi. Əhali arasında hörmətlə Bəhlul əfəndi kimi tanınan Bəhlul Behcət Zəngəzur əhalisindən ordu yaradıb ermənilərə qarşı böyük əzmlə vuruşmuş və böyük qələbələrə nail olmuşdu. Aprel çevrilişin­dən sonra Bəhlul Behcət bir müddət Zəngəzurda yaşamış, Bağırov hakimiyyətə gəldikdən sonra isə xalqımızın bir çox ləyaqətli oğulları kimi o da həbs olunmuşdur. Bəhlul Behcət 10 il Bayıl həbsxanasında qaldıqdan sonra ermənilərin fitvası ilə Bağırov tərəfindən gizli şəkildə öldürülmüşdür.

Azərbaycan tarixinin səhifələri böyük şəxsiyyətlər, dahi insanlar, qəhrəmanlıq, azadlıq mübarizləri ilə zəngindir. Tariximiz Cavanşir, Uzun Həsən, Xətai, Nadir Şah, Cavad xan, Hüseynqulu xan, Abbas Mirzə, Fətəli xan və s. cahangirlərimizin qələbələrinə sevinib, qəhrəmanlıqları ilə fəxr edib. Torpağımız Səttar xan, Şeyx Məhəmməd Xiyabani, M.Ə.Bəhlulzadə və s. azadlıq mücahid­lə­ri­nin qanı ilə suva­rılıb, zəhmətləri ilə dirçəlib. Bu böyük şəxsiyyətlər xalqı millət kimi formalaşdırıb insan kimi tərbiyələndiriblər. Onların həyatının məqsədi azadlıq və birlik idi. Bu şəxsiyyətlərin qələbəsinə birlik, məğlubiyyətinə isə parçalanma səbəb olub.

Əsrimizin sonunda şiə və sünni məzhəblərini birləşdirmək üçün böyük cəhdlər göstərənlərdən biri də Ayətullah Uzma İmam Xomeyni olmuşdur. Məlumdur ki, Rəsuli-Əkrəmin doğum gününü müsəlman aləmində böyük təntənə ilə qeyd edirlər. Lakin burada da şiə və sünnilər arasında ixtilaf var. Sünnilər bu böyük bayramı hicri-qəməri tarixi ilə rəbiül-əvvəl ayının 12-si, şiələr isə həmin ayın 17-si keçirirlər. İmam Xomeyni həmin ixtilafı aradan qaldırmaq üçün İranda 12-dən 17-nə kimi bayram elan etdi və bu həftə İran təqvimində Vəhdət həftəsi adı ilə qeyd olundu. Siyahını uzatmaq da olardı, lakin məqsədimiz bu ayrılıqların bütün müsəlmanlara zərbə olmasını göstərməkdir. Hal-hazırda da bu bölünmələr öz acı nəticələrini göstərməkdədir. Hal-hazırda bu bölümlər öz acı nəticələrini göstərir. Hərdən böyük alim Seyyid Cəmaləddinin bu fikrini böyük kədər və təəssüflə xatırlayıram: "Müsəlmanlar yalnız bir məsələdə həm əqidə olublar ki, heç vaxt birləşməsinlər." Halbuki, dinimizin nicatı birlikdədir. Hərə öz inam və əqidəsinə görə qalmaq şərtilə "La ilahə illəllah" bayrağı altında birləşməli və İslama xidmət etməlidirlər. Bu gün hər bir həqiqi müsəlman belə düşünməli və hərəkət etməlidir. Artıq tökülən qardaş qanları kifayətdir.

Əşhədü billahi -əliyyül əzim,

Sahibi imanəm, a şirvanlılar!

Yox yeni bir dinə yəqinim mənim,

Köhnə müsəlmanam, a şirvanlılar!

Şiəyəm əmma nə bu əşkaldən,

Sünniyəm, əmma nə bu əmsaldən,

Sufiyəm əmma nə bu əbdaldan,

Həqq sevən insanəm, a şirvanlılar!

Qaili-Quranəm, a şirvanlılar!

Mətləb odur ki, Mirzə Ələkbər Sabir kimi xalqın başqa gözü açıq oğulları da həmişə bu ayrılığa mənfi münasibət bəsləyiblər. Düşmən isə bu ayrılıqdan məharətlə istifadə edib.

Tarixdən məlumdur ki, Bəni Üməyyə və Bəni Abbasilərin xilafəti dövründə Həzrət Əli (ə) və onun övladlarına düşmən olan bir çox xəlifələr onu nəyin bahasına olursa-olsun xalqın gözündən salmağa çalışırdılar. Bunun üçün minbərlərdən yalançı alimlər Əli (ə)-a Allah deyir və bununla da böyük günaha batırdılar.

Ş.İ.Xətai ilk dəfə olaraq, rəsmi surətdə bu gün Azərbaycan və İran ərazisində azanda Əliyyən-vəliyyullah deyilməsini əmr verdi. Bu kəlmə ilə o, həm düşmən iftiralarına son qoydu, həm də Əli (ə)-a Allah deyənlərin günahkar olduğunu sübut etdi. Şah İsmayılın bu baxımdan bütün iş və fikirləri tarixdə öz əksini tapıb. Bütün bunlar şair və yazıçılarmızın əsərlərində dəfələrlə istifadə olunub. Şeyx Səfiəddin də sünni-şiəliyə fərq qoymur və öz təriqətində hamısını (Şafei, Hənəfi, Hənbəli, Maliki) birləşdirirdi. Tarixi araşdırmalar göstərir ki, dünyanın hər bir yerindən müxtəlif məzhəblərdən olan dəstə-dəstə adamlar Ərdəbilə gəlib Şeyx Səfiəddinin təriqətində birləşirdilər. Çünki onun təriqətində heç bir dini ayrı-seçkilik yox idi. O cümlədən, Şah İsmail Xətai də müxtəlif məzhəbləri öz təriqətində birləşdirib bədii yaradıcılığında onları tərənnüm edirdi.

Məsələn batiniyyə, hurufilik, bəktaşılər, mövləvilər, abdallar, axilər, məvalilər, qələndərlər və s. buna misal göstərmək olar. Bu da Səfaviyyə təriqətində Şeyx Şəfinin və Xətainin təbliğ etdikləri "Vəhdəti-vücud" və "vəhdəti-üqudu" (yəni əqidələrin birliyini) təşkil edirdi.

İslamın böyük nümayəndələrinin bir qisminin vəhdət haqqında da buyurduğu fikirləri oxuculara təqdim edirəm.



Sah İsmayıl Xətai

"Mən sünni və şiə təriqətlərini birləşdirirəm. Mən vətən torpaqlarını birləşdirirəm. Gələcəkdə hamı bir əqidədə olanda qalan şeylər yaddan çıxacaq. Nifaq da aradan götürüləcək. "


Şəhid Ayətullah Sədr

"Mən bütün ömrümü şıə ilə sünninin vəhdəti və qardaşlığı yolunda sərf etmişəm. Onların birliyinə səbəb olan hər pəyamı, hər əqidəni müdafiə və himayə etmişəm. Mən şiənin qardaşı və övladı olduğu kimi, əhli-sünnətin də qardaşı və övladıyam. "


Əllamə Seyyid Şərafuddin Amuli

"Sünni ilə şiə arasında anlaşma və birlik yaratmaq fikri, sıxılmış bulud topalarından qopan ildırım kimi sinəmda parlayır, bir qeyrət kimi qanımda qaynayırdı. Həmişə müsəlmanları anlaşma sərhədinə yetirib, düşmənçılıyı aradan qaldıran bir yol axtarışında idim. "


Əllamə Təbatəbai

"Bu gün müsəlmanlar müqəddəs İslamın üsul məsələlərində həmrəyliklərini nəzərə almalı, əcnəbi qüvvə­lərdən çəkdikləri sıxıntı və narahatlıqlardan özlərinə gəlməli, ayrı-seçkiliyi kənara qoyaraq, bir sırada birləşməlidirlər. "


Əllamə Əbdülhüseyn Əmini

"Elmi və kəlami mübahisələr ən son qızışma nöqtəsinə çatsa belə, məzhəblərin hər hansı birinə etiqad bəsləmək azaddır. Bu Qurandakı "bütün müsəlmanlar qardaşdırlar" əmri ilə zidd deyil və heç də İslami qardaşlıq iplərini qırmır. "


Şeyx Məhəmməd Şəltut

"Ayətullah Meşkini Şeyx Şəltut və onun tarixi fətvası barədə buyurmuşdur: Misrin baş müftisi Şeyx Şəltutun əhli-sünnə camaatının öz ənənəvi dörd imamı ilə yanaşı, Cəfəri məzhəbli alimlərə də təqlid etməsinin caizliyi barədə verdiyi fətva o böyük müftinin əzəmətli ruhundan və şücaətindən xəbər verir. Bu qiymətli fətva ixtilaf qərəzli və sadəlövh cahil qüvvələrin ağzına bir yumruq kimi dəydi. "


Şəhid Ayətullah Mütəhhəri

"Müsəlmanların əzəmətini qıran, onları qeyri-müsəlman millətlərin qapazaltısına çevirən amil məzhəbi ixtilaflardır. Şübhəsiz müsəlmanların birlik və ittifaqa olan ehtiyacları qaçılmaz zərurətdir. İslam dünyasının əsas dərdi müsəlmanlar arasında kök salmış kin-kidurətdir və düşmənlər həmişə bundan istifadə edirlər. "







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə