Güney Azərbaycan Türkləri son 100 ildə Bakı 2011 Giriş




Yüklə 0.85 Mb.
səhifə9/11
tarix22.02.2016
ölçüsü0.85 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

(S. C. Pişəvəri).
Fars şovinistlərinin “İran Mərkəzli Fars Düşüncə Sisteminin” ürünü olan “İran” adlandırdıqları məmləkət Türkiyə Cümhuriyyətindən sonra Türklərin sayca ən çox məskun olduğu ölkədir. 70 milyon əhalisi olan bu dövlətin 35-40 milyonu məhz Türklərdən ibarətdir. Burada Azərbaycan Türkləri ilə yanaşı Xalac, Qaşqay, Qazax və Türkmən Türkləri də yaşamaqdadır ki, bunların da əksəriyyətini Azərbaycan Türkləri təşkil edir. Bu günə qədər öz siyasi-iqtisadi və mədəni inkişaflarını “İranlılıq” kimliyi içərisində görən Azərbaycan Türkləri öz mübarizələrində sola, sağa, İslama bölünərək müxtəlif “izmlər”in arxasınca getmiş, öz səadətlərini “İranlılıq” içərisində axtarmışlar.

Bu vaxta qədər azadlıq, müstəqillik yolunda şəhid olan, dünyanın dörd bir yanına səpələnən, yüz ildir ki, üzü gülməyən millətimizin bu günə düşməsinin bir çox daxili və xarici səbəbləri olsa da günahın böyüyü özümüzdə-məndə, səndə, onda, bizdə-bir sözlə, qəflət yuxusuna dalmış bir millətin əksəriyyətindədir. Çünki bizlər İran İslam inqilabı dönəmində Xomeyninin aldadıcı xütbələrinə, “İran” adlandırılan bir məmləkətin iki dönəm prezidenti olmuş Xatəmi kimi yalançı bir “demokrat islahatçı”nın Azərbaycan Türklərinin dünya səviyyəli mədəniyyətini inkar edib “mədəniyyətlərin dialoqu”ndan danışmasına inanmış, fars şovinistlərinin fars dilini siyasət, bürokratiya və məzhəb dilinə, şiəliyi fars məzhəbinə və Fars Mərkəzli İranlılıq kimliyinin ideologiyasına çevirməsinə etinasız yanaşmış, İran İslam Cümhuriyyətinin Konstitusiyasında öz əksini tapmış 15, 19 və s. maddələrə əməl edəcəyini, “Azərbaycan dili bir sərmayədir. Bu sərmayəni daha da inkişaf etdirmək üçün elmi və əsaslı iş aparılmalıdır. Bu sərmayəni qorumaq üçün Universitet müəllimləri proqramlar hazırlamalı və bu dilin magistr və doktorluq səviyyəsində öyrənilməsinə şərait yaradılmalıdır. Azərbaycan fədəkarlıq, qeyrət və vətənpərvərlik yurdudur” söyləyən İran prezidenti Əhmədinicatın dilini tələb edən Azərbaycan Türklərinə qarşı insanlığa sığmayan işgəncələrə məruz qoyub onları “pantürkist” adlandırmasına bir millət olaraq ciddi reaksiya verməmiş, bu iyrənc, aldadıcı, faşist, fundamentalist bir rejimin “demokratiya”, “reforma” oyunlarına iştirakçı olmuşuq. Xalqımızın bir əsrlik mübarizəsi “İran” deyilən bu məmləkətdə reform və rejim dəyişikliyinə sərf olunub. Halbuki, iqtidar və rejim dəyişikliyi milli məsələni həll etməyib və bundan sonra da həll etməyəcək. Ona görə də Güney Azərbaycan Milli Hərəkatının əsas məqsədi müstəmləkə şəraitində yaşayan 40 milyonluq xalqımızı bu fars şovinizminin caynağından, “dünya terrorizminin sərkərdəsindən” (Böyük Rəsuloğlu) qurtarıb müstəqil yaşamasını təmin etməkdir. Bunun üçün ilk növbədə birlik lazımdır. Çünki “güc birlikdədir”. Bu birlik həm sözdə, həm də əməldə olmalıdır. Bu birliyi yaratmaq üçün yalançı təbliğat deyil, ağıllı siyasət aparmaq, millətə bu birliyin dəyərini aşılamaq lazımdır.

Bu gün artıq Güney Azərbaycan Türkləri yeni bir tarixi sürəcdən keçməkdədir. Güney Azərbaycan Türklərinin bu dövrə qədər yaşamadıqları bu tarixi sürəcin əsas mahiyyəti “İranlılıq”dan imtina edib “Azərbaycanlılıq” düşüncəsi ətrafında sıx birləşməkdir. Başqa bir deyimlə, Güney Azərbaycan Milli Hərəkatının əsas məqsədlərindən biri Milli Kimlik məsələsidir. Artıq bu günə qədər “İranlılıq” kimliyi uğrunda mücadilə aparan Azərbaycan Türkləri nəhayət solçuluq və sağçılıqdan imtina edərək öz milli kimliklərinə qayıtmış və Azərbaycan Türk kimliyi uğrunda mübarizəyə başlamışlar. Bunun nəticəsidir ki, “İranlılıq” kimliyi artıq dərin böhran keçirir. Çünki ona alternativ olaraq yaranan “Azərbaycanlılıq” kimliyi Azərbaycan Türklərini siyasi, iqtisadi, mədəni və milli cəhətdən öz ətrafında birləşdirib “Güney Azərbaycan Milli Hərəkatı” adlı müəzzən bir təşkilatla ona qarşı mücadilə etməkdədir. Bu Hərəkat artıq nə üçün mübarizə apardığını müəyyənləşdirmiş, özünün taktika və strategiyasını hazırlayaraq fəaliyyətə başlamışdır.

İslam inqilabı dönəmindən fəaliyyətdə olan Güney Azərbaycan Milli Hərəkatı Quzey Azərbaycanın öz müstəqilliyini əldə etməsi ilə yeni bir mərhələyə qədəm qoyub. Bu Hərəkat ilk dəfə olaraq “Milli müqəddəratın təyini” məsələsini gündəmə gətirmişdir. “Babək qalasına yürüş”lə başlayan, Məşrutə qəhrəmanı Səttərxanı anma törənləri, Araz kənarındakı aksiyalar, Ərdəbildəki Sərçeşmə Məscidindəki və Şəbüstərdəki hadisələrə qədər Güney Azərbaycan Milli Hərəkatı qısa müddətdə 22 May 2006-cı il mərhələsinə yüksəlmiş və Güney Azərbaycan məsələsini dünya gündəminə gətirməyə nail olmuşdur. 22 May 2006-cı il Güney Azərbaycan tarixinə “Türk Milli Günü” kimi öz möhürünü vurmaqla Hərəkatın gələcək yönünü müəyyənləşdirmiş, onun ana qayəsini ortaya qoymuşdur. Əslində 22 May hadisəsi imperiya tərəfdarı olan hər iki qanada-Mühafizəkarlara və saxta demokratiya donu geymiş İslahatçılara vurulan tutarlı sapalaq idi.

Artıq İran İslam Cümhuriyyətinin ana ideologiyası olan şiə məzhəbinə bürünmüş Fars Mərkəzli İranlılıq kimliyi də siyasi və ideoloji baxımdan iflasa uğrayıb. İran İslam Cümhuriyyəti dərin bir kriz içərisindədir. Bu kriz sadəcə ABŞ-İran, Reformist-Mühafizəkar münasibətləri və məşruiyyətlə bağlı deyil, həm də daha çox Güney Azərbaycanla bağlı münasibətlərdə də özünü göstərməkdədir. Bu proses həm də Güney Azərbaycan Türk kimiliyinin siyasiləşməsi, istər qlobal, sosial və siyasi, istərsə də mədəni və məhəlli anlamda özünü göstərməsi, dövlətin iqtisadi uğursuzluqları və xalqın kütləvi yoxsullaşması, toplumu mərkəzə bağlayan ideologiyaların çöküşü, Quzey Azərbaycan və Orta Asiya Türk Cümhuriyyətlərinin yaranması və bu bölgələrdə 1988-ci ildən sonra artmaqda olan Türkçülük Hərəkatları, Sovet İttifaqının çöküşü ilə neo-liberalizmin millətlərarası sistemdə güc qazanması və Qloballaşma prosesi ilə də bağlıdır.

Quzeydə Müstəqil Azərbaycan Respublikasının yaranması, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı, Güney Azərbaycan Aydınlar Birliyi, Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Bütöv Azərbaycan Birliyi, Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi, Güney Azərbaycan Milli Birlik Şurası və ən başlıcası Güney Azərbaycan Milli Hərəkatı kimi siyasi və ictimai təşkilatların yaranması və Güney Azərbaycanda etnosiyasi hərəkata yeni boyutlar qazandıran Babək qalasına düzənlənən yürüşlər, 22 May 2006-cı il hadisəsi, Güney Azərbaycanla bağlı nəşr olunan məqalə və kitablar, televiziya verilişləri Güney Azərbaycanın nüstəqilliyi və iki Azərbaycanın birləşməsi strategiyasını ortaya qoymuşdur. Artıq 11 etnik qrupu içində barındıran İran imperiyasını tək mərkəzdən idarə etmək qeyri-mümkündür. Fars şovinizminin ürünü olan “tək millət, tək dövlət, tək məmləkət, tək dil və tək mədəniyyət”lilik milli kimlikləri aşağıladığından ölkədə etnik qruplarla şovinist fars molla rejimi arasında qütbləşmə yaratmış, hətta bu qütbləşmə düşmənçiliyə çevrilmişdir. Bəzi ziyalılar rejimə açıqca mesaj göndərərək bildirirlər ki: “Şah etnik məsələlərə yetəri qədər ilgi göstərsəydi, bu gün də iqtidarda olardı” (Bax: Əli əl-Tai, Bohrani-hoviyyeti qovmi dər İran, Tehran 1378, səh. 253). Bütün bunlara baxmayaraq molla rejimi bu cür tələbləri “bölücülük” kimi dəyərləndirir. Bu durum “İran” deyilən məmləkətdə önümüzdəki illərdə etnosiyasi hərəkatların yeni bir mərhələyə daxil olacağından xəbər verir.

Rejim tərəfindən ayrıseçkilik iqtisadiyyatda da özünü göstərir. Belə ki, ölkənin ən böyük yatırımları fars bölgələrinə yönəldilir, digər bölgələr iqtisadi cəhətdən səfalətə sürüklənir. Mərkəzlə digər bölgələr arasındakı iqtisadi, siyasi, ekoloji və mədəni ayrıseçkilik siyasi rəqabəti daha da gücləndirməkdədir. Rejimin ölkədəki ayrı-ayrı xalqlara tətbiq etdiyi basqı və şiddətlər mövcud ziddiyyətləri daha da artırır, etnosiyasi hərəkatlar üçün gərəkli şərait hazırlayır. Artıq bundan sonra İran hakimiyyəti əsaslı liberal dəyişikliklər etmədən cəmiyyəti idarə edə bilməyəcək və əgər yenə də cəmiyyəti bu insanlıqdışı üsullarla zor gücünə idarə etmək istəsə, onda sözün həqiqi anlamında inqilabi şərait yaranacaq və İran molla rejimi bunun altından çıxa bilməyib tarixə mal olacaq. “İran” deyilən məmləkət də öz qlafı olan Persistana çəkilməyə məcbur olacaq. İran molla rejiminin aqibəti də öz sələfi şovinist pəhləvi rejiminin aqibəti kimi olacaq. Çünki bu rejim də 30 illik hakimiyyəti dönəmində pəhləvi rejimi kimi ölkənin digər xalqlarına, xüsusilə Güney Azərbaycan Türklərinə ögey münasibət bəsləyərək bu bölgələrdə ağır sosial-iqtisadi şərait yaratmış, bu da azmış kimi Güney Azərbaycan Türklərinə fars şovinizm prinsipləri ilə yanaşaraq onları aşağılamış, özlərinin yazdığı Anayasa qanunlarına əməl etməmişdir ki, bütün bunlar da fars olmayan digər xalqların, xüsusilə 40 milyonluq Güney Azərbaycan Türklərinin rejimə olan inamını ciddi sarsıtmış və onların ictimai fikrində Milli Kimlik davasını ön plana çıxarmışdır.

İdeoloji və siyasi baxımdan 30 illik məzhəbçi Fars Mərkəzli İranlılıq kimliyi ölkədəki digər etnik kimliklərin də siyasi müstəvidə ciddi güc qazanmasına vəsilə olmuşdur. Ona görə də gələcəkdə şovinist molla rejiminin çökməsi ilə İran parçalanmasa belə etnik kimlikləri nəzərə alan yeni bir yapı ortaya çıxacaqdır. Bu baxımdan İran molla rejiminin ömrünü uzadacaq hər cür xarici və daxili amil Güney Azərbaycanın zərərinədir. Ona görə də Güney Azərbaycan Türkləri öz milli hədəflərinə çatmaq üçün bu rejimin devrilməsində demokratik üsullardan maksimum istifadə etməlidir.

Siyasi analitiklərin fikrincə hər hansı bir siyasi düzən dörd böyük böhranla qarşılaşdıqda ortadan qalxmış olur. Bu böhranlardan biri xalqın rejimə və onun keçirdiyi seçkilərə inamının itməsi və seçkilərdə passiv iştirak etməsi ilə bağlıdır. İran İslam Respublikasının bütün xalqları bu rejimə və onun keçirdiyi seçkilərə artıq inamlarını itiriblər. Digər bir böhran rejimin iqtisadi və ictimai sorunlarını həll edə bilməməsi ilə bağlıdır. Mola rejimi ölkənin iqtisadi və sosial məsələlərini həll edə bilmədiyindən xalq kütləvi şəkildə yoxsullaşıb. Başqa bir böhran rejimin içəridən bölünməsi, rejimdaxili qütbləşmənin yaranması və rejimin öz müxaliflərinin təşkilatlanmalarının qarşısını ala bilməməsi ilə bağlıdır. Bugünkü İran molla rejimi iki əks qütbə ayrılıb. Bu əks qütbləşmə ölkə sərvətlərinə sahib olmaq uğrunda mübarizəyə əsaslandığından getdikcə daha kəskin xarakter alacaq. Digər və ən həlledici böhran isə məşrutiyyət böhranıdır. Yəni dövlətdə hakim olan etnik qrupun dünyagörüşü və ideologiyası dövlət tərkibində olan xalqların əksəriyyəti tərəfindən qəbul edilməməsi ilə bağlıdır. Bəlli olduğu kimi bugünkü İran İslam Respublikası 11 etnosdan ibarət yapıya sahibdir ki, bunlar içərisində Güney Azərbaycan Türkləri istər coğrafi ərazisi, istər əhalisi, istər tarixi keçmişi və istərsə də mədəniyyəti ilə digərlərindən üstün mövqedədirlər.

Bəllidir ki, milli dövlətlər milli ərazilərə görə qurulur. Güney Azərbaycanın tarixi əraziləri Güney Azərbaycan Türklərinin milli əraziləridir. Hələ tarixdə “İran” adı yox ikən “Azərbaycan ” adı var idi. Məhz bu coğrafi ərazinin əzəli adı olan Azərbaycanda Azərbaycan dövlətinin qurulması məntiqidir. Böyük Nadir Şah Əfşar buyurmuşdur ki: “Bir qadın, bir də dövlət paylaşıla bilməz”. Ona görə də artıq Güney Azərbaycan Türkləri Farslarla bir dövlət çatısı altında yaşaya və dövləti paylaşa bilməzlər.

Bütün millətlərin daxilində çağlayan bir enerji mövcuddur. Bu enerjini toplayıb bəlli bir hədəfə yönləndirəndə istənilən nəticə əldə edilir. 50 milyonluq Azərbaycan Türkünün başlıca vəzifəsi bu enerjisini toplayıb ilk öncə Güney Azərbaycan Milli dövlətini, daha sonra isə Bütöv Azərbaycan dövlətini yaratmaq olmalıdır. Bunun üçün Azərbaycan Türkləri ilk növbədə “İran Türkləri” tezisini müdafiə edərək farslarla birgə bir dövlət çatısı altında yaşamağı (əgər buna yaşamaq demək olarsa-A.M.) irəli sürən və: “Bizim (Türklərlə Farsları nəzərdə tuturlar-A.M.) ortaq keçmişimiz və tarixi xatirələrimiz (həqiqətən də millətimizin qanının su kimi axıdılması, dilini tələb edənlərin insanlıqdışı işgəncələrə məruz qalması tarixi və bugünkü xatirələrimizdir-A.M.) var, nə üçün İrandan ayrılaq” deyən tarixi yaddaşsız və çağdışı görüşlü bir qrup piylənmiş Türkəsillilərə əhəmiyyət vermədən millətimizin milli enerjisinin kəmiyyətini keyfiyyət çatısı altında ahəngdar bir biçimdə mərkəzləşdirib öz məqsədinə doğru mübarizəsini davam etdirməlidirlər. Bu piylənmişlər unudurlar ki, tarix “İran Türkləri” ideyasını müdafiə edən bəlli başlı bir tarixi şəxsiyyət tanımır. Halbuki “Azərbaycan Türkləri” məfkurəsinin çiləsini çəkən və yalnız Azərbaycana deyil, bütün Türk dünyasına örnək olan Səttərxan, Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Xiyabani, Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə, Pişəvəri, Səhənd, Sahir, Şəhriyar, Elçibəy və s. kimi düşüncə və dövlət adamları vardır ki, onlar təfəkkürü, mənəvi və mədəni, siyasi və ideoloji mirasları ilə Quzey Azərbaycan, Güney Azərbaycan və Bütöv Azərbaycan dövlətlərinin və Güney Azərbaycan Milli Hərəkatının hədəflərini müəyyənləşdirmiş, bununla da Azərbaycan Türklərinin qəlbində əbədi taxt qurmuşlar.

Ruhları şad olsun! Amin.


Xalqın hüququnu qəsb etmişlərə rəhm etmək xalqa xəyanətdir.

(S. C. Pişəvəri).
Siyasi analitiklərin fikrincə Güney Azərbaycan Türklərinin etinasızlığı və sadəlövhlüyü üzərində inşa edilən fars şovinizmini Güney Azərbaycan Türklərinin öz əzəli vətəni Azərbaycana və Türk Milli kimliyinə tam sahib çıxması, müasirlik və onun mahiyyətini əks etdirən demokratiya ilə aradan qaldırmaq olar.

Bu gün Türk Milli Kimliyini öz duyğu, düşüncə və əməlinin mərkəzi seçən Güney Azərbaycan Milli Hərəkatı öz siyasi enerjisini Milli qurtuluş yoluna yönəldərək fars şovinizminin qarşısında dura biləcək yeganə gücə çevrilmişdir. Güney Azərbaycan Milli Hərəkatı fars şovinizminin 1924-1979-cu illər pəhləvi və 1979-cu ildən bu günə qədərki İslam Cümhuriyyətinin Güney Azərbaycana və Güney Azərbaycan Türklərinə qarşı apardığı şovinist siyasətə - Azərbaycanın coğrafi ərazilərini müxtəlif əyalətlərə (ostanlara) bölməsinə, Azərbaycan ərazilərində müxtəlif etnik qrupları yerləşdirməsinə, Azərbaycan Türklərinin tarixini, dilini və mədəniyyətini saxtalaşdırmasına, “şiəlik və islamçılıq” pərdəsi altında farslaşdırmaq və İranlılaşdırmaq və s. kimi assimilyasiya siyasətlərinə-qarşı ortaya çıxan və Azərbaycan Türk kimliyini qoruyan milli bir siyasi Hərəkatdır.

1890-cı il “Tənbəki Hərəkatı”ndan başlayaraq 1906-1911-ci il “Məşrutə Hərəkatı”, 1920-ci il “Xiyabani Hərəkatı”, 1945-1946-cı il “Pişəvəri Hərəkatı” və sonrakı Hərəkatlardan günümüzə qədər formalaşma dövrü keçirən və özündən öncəki bütün bu Hərəkatların uğur və məğlubiyyətlərinin səbəblərini dərindən araşdıran Güney Azərbaycan Milli Hərəkatı indi artıq Güney Azərbaycan istiqlalçı qüvvələrinin dinamizminə çevrilmişdir. “Kimsə Güney Azərbaycanın müstəqilliyini bizlərə bəxş etməyəcək” fəlsəfəsini dərindən anlayan Milli Hərəkatçılar özləri üçün “İstiqlalı” təməl məfkurə olaraq seçmiş və həyatlarını bu yolda qurban verməyə söz vermişlər. Onlar böyük Şeyx Məhəmməd Xiyabaninin məşhur müraciətini özlərinin həyat fəlsəfəsinə çevirərək mübarizələrini davam etdirməkdədirlər. Xiyabani bu müraciətində göstərirdi ki: “Ey Azərbaycan xalqı! Sənin birinci yardımçın Sən Özünsən. Sən özün özünə nicat verəcəksən. Əgər keçmişinin cövhər və qanı damarlarından axırsa, Sən öz qüdrətinlə o parlaq səhərə çatacaqsan”.

Bu gün Güney Azərbaycan Türklərinin birinci müttəfiqi məhz müasirlik və onun mahiyyətini əks etdirən demokratiya və insan haqları məsələsidir. Böyük Rəsuloğlu haqlı olaraq göstərir ki: “Şovinizmin beynəlxalq səviyyədə əleyhimizə apardığı siyasi fəaliyyətə... qarşı ən dəyərli silah radikallıq, yıxıcılıq deyil, demokratiyadır. Güney Azərbaycan Milli Hərəkatı indiki anda yalnız beynəlxalq hüquq normalarından, milli müqəddəratımızı təyin hüququndan istifadə edərək fars şovinizmini diz çökdürə bilər...Bizim öz daxilimizdəki çatışmazlıqları gizlətmədən açıqlayıb, analiz edib çarə yolu tapmağımız Hərəkatımızın gələcəyinin təminatıdır” (Seçmələr bizimdir-A.M. Bax: Böyük Rəsuloğlu, Azərbaycan uğrunda bizim yol, Bakı 2009, səh. 90-91).

Bugünkü Güney Azərbaycan Milli Hərəkatı konkret bir siyasi təşkilat olmadığından, başqa sözlə, təşkilatsız bir təşkilat olduğundan (Təşkilatın nə konkret sədri, nə konkret məclisi, nə konkret idarə heyəti, nə konkret mətbu orqanı, nə də konkret ünvanı var-A.M.) şovinist molla rejimi çaşbaş qalıb. Artıq bu Hərəkat istiqlalçısından, federalistindən, Bütöv Azərbaycançısından asılı olmayaraq “Milli müqəddəratın təyin edilməsi” məsələsində birləşmə ərəfəsindədir. Milli Hərəkat artıq mövcud və yeni yaranmaqda olan Azərbaycan milli təşkilatlarını da öz ətrafında birləşdirmə gücünə və siyasi potensiala malikdir. Çünki bu Hərəkat Güney Azərbaycanın gələcəyini, qurtuluş və milli səadətini “İran coğrafiyası” içərisində deyil, “Azərbaycan coğrafiyası” çərçivəsində görür. Bu gün artıq istər daxildə, istərsə də xaricdə yaşayan milli qüvvələrin əksəriyyəti özünü “İranlı”deyil, “Azərbaycanlı” olaraq qəbul edirlər. “İran mərkəzli” siyasi meyllərin sayı getdikcə azalmaqdadır. “İranlılıq” kimliyinin çöküş mərhələsinə qədəm qoyması “Azərbaycanlılıq” kimliyinin güclənməsinə səbəb olmuşdur ki, bu da Güney Azərbaycan Milli Hərəkatının yüksəlişini təmin etmişdir. Bu gün Güney Azərbaycan Türklərinin siyasi xəritəsinə nəzər salsaq görərik ki, onların əksəriyyətini istiqlalçılar təşkil edir. Deməli, istiqlalçılıq siyasi və sosial bir zərurət kimi ortaya çıxıb. Artıq Güney Azərbaycan Türklərinin qalxışı təkcə Təbriz, Urmu, Ərdəbil, Zəncan və Həmədanda deyil, Qum, Savə, Tehran, Ərak və s. kimi ərazilərdə də görünməkdədir. Getdikcə artan bu oyanış və dirçəlişin qarşısını zindanlarla, işgəncələrlə almaq mümkün deyil. Özlərini şiə məzhəb adlandıran bu fars şovinistləri şiələrin imamı Əli həzrətlərinin “Hakimiyyət küfr ilə qalar, zülm ilə qalmaz” hədisini belə heçə sayaraq Güney Azərbaycan Türklərinə insanlıq tarixinin bütün zülmlərini tətbiq etsələr də “Heç bir fırtına qarşısında sarsılmayan Azərbaycan xalqı fars şovinizminə qalib gələcək, millətimiz qətiyyətlə öz müqəddəratını təyin edəcəkdir. Bunun başqa bir yolu yoxdur” (Böyük Rəsuloğlu).

Güney Azərbaycan Milli Hərəkatı Rza xan Pəhləvinin, Əbdülkərim Suruşunun, Tağı Əraninin, Mehdi Bazərqanın, İbarahim Yəzdinin, Əhməd Şamlunun, Mahmud Əfsaharinin, Əhməd Kəsrəvinin, Fərrux Nigahdarinin, Məsud Rəcəvinin, Məhəmməd Hənifnəjadinin, Bijən Cəzəninin, Əlirza Nabdəlinin, Əli Şəritinin, Məhəmməd Xatəminin, Rəfsancaninin, Pəhləvi hakimiyyətinin, İslam Cümhuriyyətinin, Xalqın Mücahidlərinin, Xalqın Fədailərinin, Nehzət Azadinin, Səltənət Tələblərinin və “İran” adlandırılan məmləkətdə mövcud digər siyasi axımları birləşdirən və bəzi fikri ixtilaflarına baxmayaraq bütün bu şəxslərin, təşkilatların və siyasi şovinist axımların birgə yaratdıqları “Fars Mərkəzli”, “İran Mərkəzli”, Düşüncə Sistemlərinə qarşı özünün “Türk Mərkəzli” və “Azərbaycan Mərkəzli” Düşüncə sistemini alternativ olaraq ortaya qoymuşdur.

Bu gün artıq Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sistemi ilə silahlanan Güney Azərbaycan Milli Hərəkatı xalqın istəklərinin, qorxularının, dost-düşmənlərinin, tarixinin, coğrafiyasının, dilinin, mədəniyyətinin, güvənliyinin və s. sərhədlərini müəyyənləşdirib hədəfə doğru mərhələ-mərhələ irəliləməkdədir. Bu Hərəkatın hədəfi Azərbaycan Türk kimliyini iyrənc şovinist fars assimilyasiya siyasətindən qorumaqdır. Bu Hərəkatın yeni dönəmdə “Biz Azərbaycanlıyıq, İranlı deyilik”, “Biz Türkük, Fars deyilik”, “Babək, Səfər Xan Qəhrəmani, Səttarxan İran milli qəhrəmanları deyil, Azərbaycan milli qəhrəmanlarıdır” kimi təməl çağırışları onun qayəsini göstərən çox önəmli siyasi və milli mübarizə hədəflərinin göstəricilərindəndir. Bütün bunlar “İranlılıqdan” “Azərbaycanlılığa” doğru gedən yolun başlanğıcı, “İranlılıqdan” ayrılaraq Azərbaycan Türk kimliyinə sahib çıxmaq deməkdir. Artıq uzun sürən tarixi təcrübənin və tarixi zərurətin məhsulu olan “Azərbaycan Türk kimliyi” Güney Azərbaycan Milli Hərəkatının təyinedici faktoruna çevrilmişdir. Beləliklə “Azərbaycanlılaşmaq, Türkləşmək və Çağdaşlaşmaq” düşüncəsini mənimsəyən Güney Azərbaycan Milli Hərəkatı İran Mərkəzli fars şovinizminin mahiyyətini tam anlayaraq Azərbaycan türk kimliyini qorumaq, gücləndirmək və inkişaf etdirməklə yeni bir mübarizə mərhələsinə daxil olmuşdur.

Güney Azərbaycan Milli Hərəkatının ideya qaynağı istiqlal və Bütövlük məfkurəsini də öz içində barındıran Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sistemidir. Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi Azərbaycan Türklərinin iqtisadi, siyasi, sosial və mədəni inkişafını qapsayan milli səadətini Azərbaycanlılıqda görən, Azərbaycan Türk kimliyini mərkəz qəbul edən, Azərbaycan Türklərinin dil, tarix, coğrafiya və mədəni düşüncəsini ortaya qoyan, istiqlal və Bütövlüyü Azərbaycanlılıq kimliyinin nəticəsi hesab edən, Güney Azərbaycan Türklərinin problemlərini İran mərkəzli arayışların içərisində həll olunmayacağını irəli sürən, Fars və İran Mərkəzli hər cür arayışların Azərbaycan və Azərbaycanlılıq varlığına təhdit və təhlükə olaraq görən və Azərbaycanı mərkəz qəbul edən və Azərbaycan Türk milliyyətçiliyndə milliyyətçilik və dövlətçiliyi birləşdirən bir dünyagörüşdür. Bu dünyagörüşün başlıca hədəfi Azərbaycan Türk kimliyini qorumaq və bu kimlik içərisində Azərbaycan Türklərini iqtisadi, siyasi və mədəni inkişafa erişdirməklə sonda Müstəqil, Demokratik Güney Azərbaycan Dövlətini yaratmaq, Azərbaycanın Bütövlüyünə nail olmaq və onu əbədi qoruyub saxlamaqdır. Bu anlamda Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sistemi bu ideyanın müəllifi Arif Kəskin Bəyin də qeyd etdiyi kimi: “İstiqlal və Bütövlük problemimiz həll olunduqdan sonra da Azərbaycan və Azərbaycanlılıq olqusu davam edəcək. Bu yöndən baxıldığında istiqlal və Bütövlük bir dönəmsəl problemdir. Ancaq Azərbaycan və Azərbaycanlılıq isə tarix boyu davam edən bir olqudur”.

Bu gün Güney Azərbaycan Milli Hərəkatı “İran” adlandırılan məmləkətdə mövcud rejimə qarşı duracaq yeganə güc mərkəzidir. İran İslam Cümhuriyyətində bu Hərəkatın heç bir alternativi yoxdur. Ona görə də ayrı-ayrı strateji araşdırmalar mərkəzlərinin gəldiyi son nəticə bundan ibarətdir ki, ABŞ İran siyasətini və bütövlükdə İran siyasi sistemini dəyişdirmək istiqamətində bir sıra siyasi planlar hazırlayıb ki, bunlardan biri də Güney Azərbaycan Milli Hərəkatı ilə yaxınlıq etmək planıdır. Bu plan tarixdə ilk dəfə 1906-cı il Məşrutə inqilabında gündəmə gətirilmişdi. 1906-1911-ci il Məşrutə inqilabında bəzi Amerikalılar Azərbaycanlılarla birlikdə iştirak etmiş, hətta Təbrizdə tarix müəllimi işləyən Huvart Baskervil adlı bir Amerikalı Azərbaycanlı Məşrutəçilərlə birgə həlak olmuşdu. Azərbaycan Demokrat Partiyasının dəvəti ilə İranda inzibati və siyasi islahatlar həyata keçirmək üçün gələn Morqan Suster adlı digər bir Amerikalı da Məşrutə inqilabı məğlubiyyətə uğradıqdan sonra ölkədən getməyə məcbur olmuşdu. Beləliklə, demək olar ki, Amerika 1906-1911-ci il Məşrutə inqilabının təməl dinamiti olan Güney Azərbaycanlıları bu və ya digər dərəcədə dəstəkləmişdir. Fəqət bəlli olduğu kimi Məşrutə Hərəkatı Milli Hərəkatdan daha çox istibdad əleyhinə bir hərəkat idi.

ABŞ-ın Güney Azərbaycana ikinci münasibəti 1945-1946-cı illərdə olmuşdur. Bu illərdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan Milli Hökumət SSRİ ilə yaxınlıq etdiyindən ABŞ Güney Azərbaycanda sosialist dövlət qurulmasından ehtiyat edərək bu hökuməti devirmək üçün ciddi fəaliyyətə başlayaraq Sovet ordusunun Azərbaycandan çıxarılmasına nail olmuş və ardınca da pəhləvi ordusu Amerikalı general Şvartskopfun komandanlığı altında Güney Azərbaycana hücum etmiş, beləliklə də bir illik Güney Azərbaycan Milli Hökuməti ABŞ-ın dəstəyi ilə pəhləvi şah rejimi tərəfindən devrilmişdi.

ABŞ-ın Güney Azərbaycana üçüncü münasibəti İran İslam Respublikasının siyasi sistemini dəyişməyə yönəlik siyasəti ilə başlamışdır. Bunun başlıca səbəbi Güney Azərbaycan Türklərinin İran əhalisi içərisində sayca çoxluğu, onların siyasi hadisələrə qarşı həssas və açıq olmaları, Məşrutə inqilabı dövründə və 1941-ci ildə Rza şahın, 1979-cu il İslam inqilabında da Məhəmməd Rza şahın tac-taxtdan məhrum edilməsində həlledici gücə malik olmaları, bugünkü gündə İranda Güney Azərbaycan Milli Hərəkatı gücündə heç bir siyasi hərəkatın olmamasıdır. Artıq ABŞ da anlayıb ki, “Təbriz istəməzsə, İranda heç bir dəyişiklik olmaz”.

Son dövrlərdə İranda mərkəzdənqaçma hərəkatları içərisində ciddi şəkildə öz ağırlığını ortaya qoymağı bacarmış ən güclü hərəkat da Güney Azərbaycan Milli Hərəkatıdır. Ona görə də bütün bunları nəzərə alan ABŞ yeni dövrdə İran siyasi sistemini öz xeyrinə dəyişdirmək və öz strateji maraqlarını təmin etmək üçün Güney Azərbaycan Milli Hərəkatının siyasi enerjisindən maksimum istifadəyə çalışır. ABŞ həmçinin gələcəkdə İrandakı etnik hərəkatları öz strateji mənafeyi çərçivəsində şəkilləndirmək və gələcək etnik formalaşmada söz sahibi olmaq niyyətindədir. Ona görə də Amerikanın siyasi gündəmində yer alan Güney Azərbaycan Milli Hərəkatı da öz siyasətini milli mənfəətləri əsasında müəyyənləşdirməlidir. Əks təqdirdə Güney Azərbaycan 1906-1911-ci il Məşrutə və 1945-1946-cı il Milli Hökumət təcrübələrini təkrar yaşaya bilər.

Güney Azərbaycan siyasi enerjisini İranı qorumaq üçün deyil, Güney Azərbaycanın müstəqilliyinə, öz müqəddəratını təyin etməyə sərf etməlidir. Güney Azərbaycan Milli Hərəkatı öz siyasətini region və dünya siyasəti və öz milli mənafeyi çərçivəsində formalaşdırmalı, nə beynəlxalq aləmdə söz sahibi olan dövlətlərə münasibətdə düşmən mövqedə olmalı və nə də hər hansı bir dövlətin müstəmləkəçiliyini qəbul etməlidir. Heç bir xarici dövlətin köməyi və dəstəyinə arxalanmamalı, öz gücünə inanmalıdır. Bu gün özünü daxildə və beynəlxalq aləmdə təsdiqlədən Güney Azərbaycan Milli Hərəkatı öz ali hədəfinə təkamül yolu ilə irəlilədikcə tarixi həqiqətləri ortaya çıxaracaq, Güney Azərbaycan Türklərinin enerjisini bir yerə toplayaraq müstəqil, demokratik Güney Azərbaycan dövlətini yaradacaq. Milli Hərəkat Bütöv Azərbaycan məsələsinə bir milli hədəf, milli strategiya və milli prinsip kimi yanaşır və inanır ki, bunu gələcəkdə Ümummilli Hərəkat gerçəkləşdirəcək.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə