Güney Azərbaycan Türkləri son 100 ildə Bakı 2011 Giriş




Yüklə 0.85 Mb.
səhifə8/11
tarix22.02.2016
ölçüsü0.85 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Qorxu millət, azadlıq və bəşəriyyətin əsaslarını pozursa, əksinə igidlik həmin əsasları möhkəmləndirir, sarsılmaz edir, qoruyur və mühafizə edir.

(Ş. M. Xiyabani).
Xalqın təzyiqi ilə ölkəni tərk edən atası Rzadan şahlığı təhvil alan Məhəmməd Rzanın 38 illik (1941-1979) hakimiyyət dövrünün ilk 6 ili (1941-1947) demokratik və xüsusilə milli cəbhələrlə mübarizədə, nəhayət öncə də qeyd etdiyimiz kimi xarici imperialist güclərin həryönlü dəstəyi ilə bu Hərəkatları, xüsusilə şah rejiminin fəaliyyətini iflic edən Güney Azərbaycan Türklərinin tarixdə məşhur 21 Azər Hərəkatının bəhrəsi olan Güney Azərbaycan Milli Hökumətini qan dənizində boğdurtmaqla keçmişdi. Bundan sonra şah hökuməti ABŞ-la hərbi müqavilə bağlamış, xarici imperialist qüvvələrin məsləhəti və köməyi ilə bütün ölkədə, xüsusilə Güney Azərbaycanda öz mövqelərini möhkəmləndirmək məqsədilə bir sıra xalqa zidd tədbirlər həyata keçirməyə başlamışdı. Belə ki, şah hökuməti ABŞ Xarici İşlər Nazirliyinin məsləhəti ilə xüsusi “Proqram” hazırlamış, bu proqramı şah tərəfindən təşkil edilən Təhlükəsizlik Şurasında təsdiq etdirmiş və bu proqramda nəzərdə tutulan məsələləri həyata keçirmək üçün xüsusi komissiyalar yaratmışdı. Bu proqramda nəzərdə tutulan əsas məsələlərdən biri də demokratik və milli qüvvələrin fəaliyyətinin qarşısını almaq idi. Bu məqsədlə rejim tərəfindən Gilan, Mazandaran, Xorasan və Azərbaycan ostanlarından (vilayətlərindən - A.M.) 99,99 faizi Azərbaycan Türklərindən ibarət 6 min, Tehrandan 3 min demokrat həbs edilərək ölkənin cənub bölgələrinə sürgün edilmişdi ki, bunların arasında 900 nəfər universitet müəllimi və dövlət məmurları var idi. Şah rejimi tərəfindən təkcə 1947-ci ilin sonuna kimi Güney Azərbaycanda 20 minə yaxın adam dövlət üçün təhlükəli hesab edilərək həbs olunmuş və icbari iş cəzasına məhkum edilərək ölkənin cənubuna sürgünə göndərilmişdi. Məmməd Rza və onun başçılıq etdiyi şovinist rejim Azərbaycana məğlub bir ölkə kimi baxmış, Azərbaycan Türkləri ilə məğlub bir millət kimi rəftar etmiş, Pişəvəri tərəfdarlarının bir qismini güllələtmiş, bir qismini dar ağacından asdırmış, bir qismini ev-eşiyindən, var dövlətindən məhrum etmiş, bir qismini ölkədən didərgin salmış, bir qismini də sürgünə göndərmişdi. O dövrdəki bir çox xarici və yerli mətbuat orqanları Azərbaycanı qəbristanlığa bənzətmək, Təbrizi isə düşmən mühasirəsində olan bir şəhər kimi təsvir etməklə fars şovinisti Məhəmməd Rza iqtidarının iç üzünü açıb dünyaya göstərmişdilər.

Bütün bu dəhşət və vəhşətlərə baxmayaraq öz qürur və vüqarını itirməyən Güney Azərbaycan Türklərinin azadlıq eşqi bir an belə sönməmiş, şovinist və qəddar şah rejiminə, onun qoruyucu ağaları olan imperialist qüvvələrə qarşı öz mübarizələrini davam etdirmişlər. Bu dövrdə ilk güclü çıxış 16-cı Məclisə seçkilərin gedişi zamanı baş vermişdi. Daha sonra bir sıra siyasi xarakterli çıxışlar olmuş, bu çıxışlar nəticəsində bir neçə dəfə hökumət kabinəsi dəyişdirilmiş, şah rejimi xalqın artan narazılıqlarının qarşısını terror və güc tətbiqi ilə də ala bilmədiyini görüb yaranmış təhlükələri önləmək üçün yuxarıdan islahatlar keçirmək qərarına gəlmişdi. Zor tətbiq etmədən ABŞ-ın məsləhəti ilə həyata keçirilən bu islahatlar “Ağ inqilab” adı ilə tarixə düşmüşdür. Sonralar bu “Ağ inqilab” “Şah və xalq inqilabı” adlandırılaraq onun icrası Güney Azərbaycandan başlanmışdı. 1962-ci ilin mart ayından 1978-ci ilin əvvəllərinə qədər həyata keçirilən bu “Ağ inqilab” nəticəsində aparılan istər aqrar, istər mədəni-maarif və istərsə də sənaye islahatları Güney Azərbaycanda əvvəlki dövrlərə nisbətən müəyyən nəticələr versə də sonradan bunun qarşısı alınmış və nəticədə hiss ediləcək inkişafa gətirib çıxarmamış, torpaqdan ayrılan torpaqsız kəndlilərin iş dalınca doğma Azərbaycanı tərk edərək mərkəzi şəhərlərə axını başlamış, mərkəzi hökumət şovinist siyasət yeritdiyindən Azərbaycan Türkcəsində mətbuata, bir çox mədəni tədbirlərin keçirilməsinə, radio-televiziya verilişlərinə qadağa qoyulmuş, Azərbaycan Türkcəsində məktəbdə və küçədə danışmaq yasaqlanmış, bir sözlə, Azərbaycan Türkcəsinə qarşı bir “səlib yürüşü” başlanılmış, SAVAK milli və demokratik ruhlu ziyalılara qarşı amansız cəza tədbirləri həyata keçirmişdi.

Bölgənin tarix boyu mövcud olmuş bütün mədəniyyətini “İran mədəniyyəti” adı altında “Fars mədəniyyəti” kimi təqdim edən bu şovinist fars rejimi sonda məntiqi və tarixi əsası olmayan “Fars Mərkəzli bir İranlılıq kimliyi” formalaşdırmağa çalışmış, bu yolda imkanı olan bütün vasitələrdən maksimum istifadə etmişdir. Belə bir vəziyyətdə sosial və milli ziddiyyətlər kəskinləşmiş və şah idarəçiliyinə qarşı siyasi mübarizə başlanmışdı. 1970-ci illərin əvvəllərindən başlayaraq şahlıq quruluşunun milli və sosial zülmünə daha çox məruz qalan Azərbaycan Türkləri olmuşdur. Ona görə də şovinist fars Pəhləvi rejiminin demokratik, milli və anti-imperialist qüvvələrə qarşı ardı-arası kəsilməyən hücümlarına, şah hakimiyyətinin cəza tədbirlərinin artmasına, tələbə gənclərin həbs edilməsinə baxmayaraq 1977-ci ilin sonlarından başlayan siyasi hadisələr və xüsusilə 18 fevral və 30 dekabr 1978-ci il Təbriz üsyanları nəhayət, 16 fevral 1979-cu ildə 54 illik bu iyrənc fars rejiminə son qoymuşdu. İnqilabçıların təzyiqi qarşısında davam gətirə bilməyən Məhəmməd Rza şah 16 yanvar 1979-cu ildə ölkədən qaçmışdı.

Azərbaycan demokratik fikirli ziyalıları bu dövrdə öz ifrat solçuluq meyllərindən tədricən uzaqlaşaraq milli və dini məsələlərə daha çox fikir verməyə başlamış, nəhayət 1970-ci illərin sonuna doğru yenə də İran daxilində Azərbaycan məsələsinin həllinə çalışmış, lakin ölkədəki mövcud şəraitə uyğun konkret bir platforma işləyib hazırlaya bilməmişdilər. Onlar belə qərara gəlmişdilər ki, milli məsələ demokratik mübarizə nəticəsində şahlıq rejiminin devrilməsi və Amerika təsirinin ləğvindən sonra həll edilə bilər. Doğrudan da inqilab ilk mərhələdə şaha və onun himayədarı, ölkənin iqtisadi, hərbi və siyasi həyatına hakim olmuş ABŞ başda olmaqla imperialist qüvvələrə qarşı çevrilmişdi. İnqilaba rəhbərlikdə isə qeyri-müəyyənlik var idi. Bunun da nəticəsində hərəkatın sonuna doğru inqilaba rəhbərlik ölkədəki fanatik qüvvələrə arxalanan və bu durumdan maksimum yararlanan İslam şiə təməlçilərinin əlinə keçmiş, onlar da ölkədəki geniş xalq kütlələrinin dindarlığı və siyasi savadsızlığından istifadə edərək inqilaba tədricən “İslam” donu geyindirməyə müvəffəq olmuşdular. Ölkədəki nüfuzlu dini xadimlərinin də Azərbaycan Türklərindən ibarət olduğunu bilən fars şovinist qüvvələri uzun müddət xaricdə mühacirətdə olan fars əsilli Xomeynidən istifadə edərək “Allahu Əkbər, Xomeyni rəhbər” şüarını gündəmə gətirmiş, Xomeynini İslam inqilabının rəhbəri kimi təqdim edərək bu fikri geniş xalq kütlələrinə aşılamış və bununla da hakimiyyət sükanını əllərinə almağa nail olmuşdular. Beləliklə, hakimiyyət sükanını əllərinə alan Ayətullah Xomeyni tərəfdarları Xomeyni Parisdən dönüb ölkəyə qayıtdıqdan sonra hərəkatda aparıcı rol oynayan sosial-siyasi və digər dini qüvvələrin tələb və təkliflərinə məhəl qoymayaraq 1 aprel 1979-cu ildə “İran İslam Respublikası” adlı teokratik bir dövlət elan etməyə müvəffəq olmuşdular.

Güney Azərbaycan Türkləri hələ inqilabın gedişi və inqilabın ilk illərində bir sıra siyasi təşkilat və cəmiyyətlər yaratmış, milli dildə bir çox qəzet, jurnal və kitablar nəşr etməyə başlamışdılar. Bu siyasi təşkilatlar içərisində 1979-cu ilin fevral ayında yaradılan “Müsəlman Xalq Partiyası”nın xüsusi yeri var idi. Bu partiya ölkədə ən böyük din başçılarından biri olan və Azərbaycan Türkləri arasında çox nüfuzlu din xadimi sayılan Qumdakı Seyid Məhəmməd Kazım Şəriətmədarinin tərəfdarları tərəfindən yaradılmış ən nüfuzlu müxalifət partiyası idi.

Şəriətmədarinin rəhbərlik etdiyi bu partiya ruhanilərin siyasi hakimiyyətdə təmsil olunmasına və ölkənin “İran İslam Respublikası” adlanmasına qarşı olmuş, referenduma çıxarılacaq sualın Xomeyninin təklif etdiyi “Siz monarxiya əvəzinə İslam Respublikası istəyirsinizmi?” formasının əvəzinə “Siz İran üçün hansı dövlət quruluşunu istərdiniz” formasında olmasını təklif etmişdi. Yuxarıda da qeyd edildiyi kimi Xomeyni tərəfdarları heç bir tələb və təklifə məhəl qoymayaraq martın 31-də keçirilmiş referenduma Xomeyninin təklifini çıxarmış və beləliklə də aprelin 1-də ölkə “İran İslam Respublikası” elan edilmişdi.

Müsəlman Xalq Partiyası və onun lideri Şəriətmədari bu ilk məğlubiyyətə baxmayaraq bütün gücünü yeni qəbul ediləcək Anayasanın demokratik əsaslarda hazırlanmasına sərf etmiş, bir sıra maddələrin, xüsusilə Azərbaycan Türkcəsinin Azərbaycan daxilində rəsmi dil kimi tanınması, Azərbaycanda tədrisin ana dilində aparılması, milyonlarla Azərbaycan Türkünün yaşadığı Tehranda ikidilli, Fars və Türk dilli, məktəblərin yaradılması, ilk mərhələ kimi Güney Azərbaycana əyalət və vilayət əncümənlərinin fəaliyyətinə, sonra isə İran İslam Respublikasının yetərincə bərkidikdən sonra mərkəzi hökumətlə razılaşdırılaraq Güney Azərbaycanın İranın tərkibində Muxtar Respublika olması kimi məsələlərin Konstitusiyada öz əksini tapmasına çalışmışdı. Lakin 5 dekabr 1979-cu ildə referendumun nəticələrinin təhrif edilmiş şəkildə elan edilməsi və Şəriətmədariyə qarşı bəzi fiziki və mənəvi təzyiq göstərilməsi ilə bağlı Müsəlman Xalq Partiyasının Azərbaycan təşkilatı Azərbaycanlıları Təbrizdə etiraz mitinqi və nümayişə çağırmış, bununla əlaqədar olaraq 6 dekabr 1979-cu ildə Təbrizdə yeni iqtidara qarşı ilk böyük üsyan baş vermişdi. Bu üsyanda Müsəlman Xalq Partiyasının Azərbaycan Təşkilatı ilə yanaşı Azərbaycan Demokrat Partiyasının, Fədailərin və Mücahidlərin yerli təşkilatları da iştirak etmişdilər.

Təbriz üsyançıları demokratik tələblərlə yanaşı milli tələblər də irəli sürərək ölkədə yaşayan bütün xalqlara “Öz müqəddəratını təyin hüququ” verilməsi və İranın Federativ İslam Respublikasına çevrilməsi tələblərini də irəli sürmüş, Təbrizdəki dövlət idarələrini, radio və televiziya stansiyalarını, təyyarə meydanını ələ keçirərək “Azərbaycan İslam Cümhuriyyəti”ni elan etmişdilər. Onlar partiyanın lideri Şəriətmədarini Təbrizə dəvət etmiş, lakin radikal mübarizəni qəbul etməyən, bütün çıxışlarında barışdırıcı mövqedən çıxış edən Şəriətmədari Təbrizə gəlməkdən imtina etmişdi. Üsyanın ikinci günü Xomeyni iqtidarının muzdlu silahlı qüvvələri olan “pasdarlar” üsyanı yatırmışdılar. Həmin gün Xomeyninin Şəriətmədari ilə görüşü olmuş və bu görüşdə Xomeyni Konstitusiyada dəyişiklik edilməsi və Azərbaycan məsələlərinin həllinə söz vermişdi. Lakin bəlli olduğu kimi Xomeyni iqtidarı da pəhləvilər kimi öz hakimiyyətini möhkəmləndirən kimi ilk zərbəni Azərbaycan Türklərinə, onların siyasi təşkilat, cəmiyyət və mətbuatına vurmuş, Ayətullah əl-üzma Seyid Məhəmməd Kazım Şəriətmədarinin başçılıq etdiyi 3 milyon üzvü olan “Müsəlman Xalq Partiyası”nın fəaliyyətini qadağan etmiş, üzvlərinin bir qismi məhv edilmiş, bir qismi həbs edilmiş, böyük əksəriyyəti isə xaricə mühacirət etmək məcburiyyətində qalmışlar.

İslam inqilabının ilk illərində Təbriz başda olmaqla Güney Azərbaycanın bir çox şəhərlərində İran və Güney Azərbaycan xalqlarının sosial-iqtisadi problemləri ilə yanaşı Azərbaycan Türklərinin dili, tarixi, ədəbiyyatı və mədəniyyətini özündə əks etdirən xeyli miqdarda gündəlik və həftəlik qəzetlər, aylıq və rüblük jurnallar çap olunub yayılmışdı. Lakin sonradan “Varlıq” dərgisi istisna olmaqla Türkcə bütün mətbu orqanlar qapadılmışdı. Sonda Şəriətmədari də qarayaxmalara və mənəvi basqılara uğradılaraq əmmamə və əbası soyundurulmuş, Ayətullah-əl-üzma dini rütbəsindən məhrum edilmişdi. Bütün bunlardan sonra onu təhdid edərək kürsüyə çıxarmış və Xomeynini rəhbər kimi tanımasını dedirdərək onu milli və demokratik qüvvələrin gözündən salmış, sonda 3 mart 1986-cı ildə Xomeyni tərəfdarları tərəfindən məhv edilmişdi.

Ümumiyyətlə, 1978-1979-cu il inqilabı dövründə Azərbaycan Türkləri 25 minə yaxın qurban vermiş, 1979-cu ildən bu günə qədər də qurban verməkdədir.

Digər Milli Hərəkatlar kimi bu Hərəkatın da uğur qazana bilməməsinin obyektiv və subyektiv səbəbləri vardır. Bizcə bunlar aşağıdakılardır:

- Hərəkatın ölkədəki mövcud şəraitə uyğun konkret bir proqramının olmaması;

- Azərbaycanın Muxtariyyəti məsələsində Müsəlman Xalq Partiyasının Azərbaycan Təşkilatı ilə başda Şəriətmədari olmaqla Qum ruhani liderləri arasında kəskin fərqin olması;

- Hərəkatın sosial və siyasi-ideoloji tərkibinin müxtəlifliyi-Hərəkatın sol, sağ və liberallara bölünməsi;

- Milli-inqilabi təşkilatın zəif durumda olması;

- Hərəkat başçısının Xomeyni iqtidarı ilə kompromisə getməsi;

- Azərbaycanlıları təmsil edən başlıca siyasi qüvvələrin dinc mübarizə üsuluna üstünlük vermələri;

- Güney Azərbaycan Türklərinin “İstiqlal məsələsi”ni açıq şəkildə ortaya qoymamaları və s.

(Bu dövrlə bağlı daha geniş məlumat üçün bax: Əkrəm Mişovdağlı, Güney Azərbaycan Türklərinin 20-ci yüzildə taleyi, “Düşüncə” jurnalı №1, Bakı 1998; Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı 2000; Şövkət Tağıyeva, İran inqilabının lideri-Şəriətmədari, “Dünya Azərbaycanlıları” dərgisi, 2002 №1; Almaz Əliqızı, Cənubi Azərbaycan “Ağ inqilab” dönəmində, “Araz” dərgisi, 1997 №1 və s.).

Göründüyü kimi istər 1905-1911-ci il Məşrutə Hərəkatı, istər 1920-ci il Xiyabani Hərəkatı, istər 1945-ci il Pişəvəri Hərəkatı, istərsə də 6 dekabr 1979-cu il Təbriz Hərəkatında “İstiqlal məsələsi” açıq şəkildə ortaya qoyulmamışdı. Bunun da əsas səbəbi “Demokratik İran” ideyası olmuşdur.


Biz nəyin bahasına olursa olsun tarixi hadisələrin verdiyi imkandan istifadə edib azadlığımızı təmin edəcəyik.

(S. C. Pişəvəri).
“Demokratik İran” məfkurəsi hər dörd Hərəkatda Güney Azərbaycan məsələsini İran içində həll etmək ümidi yaratmış, lakin göründüyü kimi əsaslı bir nəticə əldə edilməmişdir. Çünki, özünü “demokrat” adlandıran farsların “Demokratik İran” anlayışı ilə demokrat Güney Azərbaycan Türklərinin “Demokratik İran” anlayışı bir-birindən kəskin şəkildə fərqlənirdi. Belə ki, Fars milliyyətçi demokratları öz proqram və fəaliyyətlərini məmləkətdəki etnik kimlikləri inkar edən “Fars Mərkəzli” dar bir məfkurə əsasında qurduqları və yürütdükləri halda demokrat Güney Azərbaycan Türklərinin demokratik proqramı və fəaliyyətləri hər cür mərkəziyyətçiliyə qarşı olub Məşrutə dönəmində öncə “Əyalət Əncüməni” sonra isə “Milli Əncümən”, Xiyabani dönəmində “Muxtar Azadıstan Hökuməti”, Pişəvəri dönəmində isə “Milli Məclis” və “Milli Hökumət” formasında fəaliyyət göstərmişdi. Doğrudur, Xiyabani və Pişəvəri “Demokratik bir İran” arzusunda olsalar da Məşrutə təcrübəsindən aldıqları dərslərdən dolayı fars demokratlarına o qədər də etibar etməmiş, Azərbaycanın siyasi enerjisini İranın demokratikləşməsindən daha çox Güney Azərbaycanın Muxtariyyətinə sərf etmişlər.

“İran” deyilən məmləkətdəki demokratikləşmə tarixinə nəzər saldıqda görürük ki, “İrançı” qüvvələr heç bir zaman farslardan başqa bu imperiyacıqdakı digər xalqların taleyinə və istəklərinə ciddi yanaşmamışlar. Belə ki, istər Məşrutiyyət, istər 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani ilə başlayan və “Azadıstan” adlı Muxtar dövlətlə nəticələnən Güney Azərbaycan siyasi Hərəkatı, istər 1945-1946-cı ildə Seyid Cəfər Pişəvərinin öndərliyində “21 Azər Hərəkatı” ilə başlayıb “Milli Hökumət”lə nəticələnən və istərsə də “İslam inqilabı” dönəmlərində baş verən siyasi Hərəkatlar farsların xeyrinə olduğu zamana qədər “İrançı” qüvvələr tərəfindən dəstəklənmiş, sonra da onlar tərəfindən məğlubiyyətə uğradılmışlar. “İrançı” demokratik qüvvələr adlanan cərəyanlar nə Məşrutə, nə Xiyabani, nə Pişəvəri və nə də Şəriətmədari dönəmlərində Azərbaycanın tələblərinə müsbət cavab verməmişlər. “Fars Mərkəzli” demokratiya anlayışı içərisində olan bu məhdud demokratikləşmə təmsilçiləri və liderləri əsas etibarı ilə “İranlılıq” məfkurəsinə sahib olduqlarından onlar zaman-zaman bu Milli Hərəkatların enerjisini öz xeyirlərinə istiqamətləndirməyə çalışmış və qismən də olsa buna nail olmuşlar.

Siyasi həyat iqtisadi və normal həyatdan qat-qat mürəkkəbdir. Siyasət, insanı daha çox düşünməyə, siyasi təşkilatları “yüz ölçüb bir biçməyə” məcbur edir. Çünki siyasət meydanında ayaqda qalmaq, imkan və qaynaqlara sahib olmaq, yeni imkanlar əldə etmək o qədər də asan məsələ deyil. Siyasət dünyanın ən mürəkkəb işi olduğundan hər zaman müharibə, inqilab, ölüm, işgəncə, zindan, məhrumiyyət, təzyiq və s. kimi olaylara hazır olmaq gərəkir. Bu anlamda siyasi və ictimai hadisələr hər zaman çox tərəfli düşünməyə və təhlilə ehtiyacı olan hadisələrdir.

XX əsrdə Güney Azərbaycanda baş vermiş hər dörd Hərəkat əsasən İranın demokratikləşməsi və “Sosial ədalət” prinsipinə əsaslandığından “Milli Kimlik” məsələsi ikinci plana atılmış və bu yanlışlıq millətimizə çox baha başa gəlmişdir. Farsların isə istər mühafizəkarları, istərsə də dırnaq arası demokratları nəinki Fars milli kimliyini önə çəkmiş, hətta nəyin bahasına olursa olsun bütün etnik kimlikləri yox edib “farsçılığa” dayanan “Tək millət, tək ölkə, tək dövlət və tək dil” anlayışını həyata keçirməyə çalışmışlar. Halbuki ayrı-ayrı dövrləri çıxmaq şərtilə 2000 illik bir tarixi dönəmdə Asiya qitəsində dominant və super etnos olan Türklər İslamı qəbul etdikdən sonra da İslam-Şərq mədəniyyəti və sivilizasiyasının qurucusu və hamisi missiyasını yerinə yetirmiş, bu uzun müddətli tarixdə müxtəlif İmperatorluqlar quraraq bütün imkanlara sahib olsalar da tabeliyində olan heç bir xalqa, o cümlədən də min il idarə etdikləri farslara qarşı heç bir sahədə assimilyasiya siyasəti yürütməmiş, əksinə fars dili və fars dilli ədəbiyyatın çiçəklənməsinə hər yönlü yardım etmişlər, “Aləmi bəzəyib, özləri lüt gəzmişlər”. Əgər bu min illik uzun bir dövrdə Türklər farsların son 85 ildə yürütdüyü assimilyasiya siyasətini həyata keçirsəydilər indi nəinki farslar, hətta yer kürəsinin üçdə biri Türkcə danışar, Türkcə yazar, Türk adlanardı. Hətta 130 illik son Türk dövləti olan Qacarlar belə federativ monarxiya yapısına sahib olub hər hansı bir etnik qrupun hegemoniyasına əsaslanmamışdı.

Güney Azərbaycan Türklərinin min il boyu izlədiyi və uyquladığı “ümmətçilik” ideyasından istifadə edən farslar millətimizin sadəlövhlüyü üzündən mərhələ-mərhələ Şüubiyyədən başlamış Rafiziliyə, Firdovsidən tutmuş, Türk hökmdarlarının xəyanətkar fars vəzirlərinə qədər fars şovinizmini inşa edərək hakimiyyəti xarici güclərin əli ilə qamarladıqdan sonra onu dövlət siyasətlərinin ideyasına çevirmiş və artıq 85 ildir ki, həyata keçirməkdədirlər.

Quldarlıq dövründən başlayaraq tarixin sınağından çıxmış bir məntiq var. İmperiya və monarxiyalar gec-tez məhvə məhkumdurlar. Tarix onlarla imperiyanın və diktatorun acı sonluğuna şahidlik edib. Fəqət bu sonluğun qaçılmaz olduğundan ibrət dərsi almayanlar bu gün də mövcuddur. Sanki onlar bu son dövrə qədər yer kürəsinin üçdə birinə nəzarət edən Sovet İmperiyasının nədən süquta uğramasını anlamaq istəmirlər. Artıq növbə 85 il şərəfsiz və ləyaqətsiz hakimiyyətləri ilə tarixə ləkə gətirən fars şovinizminin nəzarətində olan “İran” adlandırılan mini imperiyanındır. Fars şovinizmi bu mini imperiyanı gec-tez çökdürəcək. Çünkü dünyadakı sayları cəmi 30 milyon olan farsların əbləh ideoloqları imperiya əhalisinin əksəriyyətini təşkil edən “Şiəlik” məzhəbinin əbasına bürünərək sələfləri pəhləvilərin “Farslaşdırma” siyasətini davam etdirir, milyard yarımlıq İslam dünyasında yığma fars dilini İslamın ikinci, şiə məzhəblilərin isə birinci dili elan edərək Türk və İslam dünyasına qarşı yeni bir cəbhə açmışlar. Bu əbləh şovinistlər indi belə saxtalaşdırdıqları pars siyasi Zərdüştlüyündən əl çəkməmişlər. Bugünkü farsların “məzhəbçi İslamı” belə pars Zərdüştlüyünün rəmzlərinə bürünərək İlahi İslamı məzhəbçiliklə eybəcərləşdirmək üçün əllərindən gələni əsirgəmirlər. Onlar bu əməllərini artıq 1300 ildir ki davam etdirirlər. Çünkü 642-ci ildə Sasani pars imperatorluğunu tarix səhnəsindən silən məhz müqəddəs İslam imanı olmuşdur. O dövrdən başlayaraq parslar İslamı yox etməyi bir vəzifə olaraq qarşılarına qoymuş, zaman-zaman onu həyata keçirməyə çalışmışlar. Pəhləvi rejiminin 1925-1979-cu illərdə həyata keçirdiyi şovinist “Fars Mərkəzli İranlılıq” kimliyi əski İran ehtişamını inşa etməyi və “İran” adlandırdıqları məmləkətin əsil sahibinin farslar olduğunu hədəf alan və İslamı dışlayan “Ulus dövlət” anlayışını 1979-cu ildə qurulan İslam Cümhuriyyəti sözdə rədd edərək İslamın “Şiə” məzhəbini hədəf alan, Qərbi dışlayan və şiəliyi özəlləşdirərək Fars məzhəbi kimi əsas götürən yeni bir “Fars Mərkəzli İranlılıq” kimliyi formalaşdırmağa çalışırlar. Bugünkü 30 illik fars molla rejimi faktiki olaraq İslam dünyasının müqəddəs ziyarətgahları sayılan Məkkə və Mədinəyə alternativ olaraq yaratdıqları Məşhəd, Nəcəf və Qum şəhərlərinə ziyarətlər təşkil etməklə küllü miqdarda para qazanmaqla yanaşı, həm də İslama zərbə vurmağı qarşılarına məqsəd qoymuşlar. Ticarəti ziyarətdən üstün tutan bu “əmmaməli şeytanlar” (Hüseyn Cavid) unudurlar ki, “Tanrı hər şeyi bilən və görəndir”.

Bəlli olduğu kimi İslam dini “ümmətçiliyə” dayanan bir dindir. Bu din hər hansı bir millət üçün özəl üstünlükləri və hər hansı bir milləti İslam adına assimilyasiyaya uğratmağı, onların Tanrı tərəfindən bəxş edilən dillərini yox etməyi, insanlara işgəncə verməyi qəbul etmir. Halbuki İslam dövləti kimi özünü tanıtdıran şovinist fars molla rejimi öz sələfi pəhləvilər kimi Azərbaycan Türklərini bir millət kimi assimilyasiyaya uğratmağa, hər cür iyrəncliyə əl ataraq milyardlarla para xərcləyərək “Türk” adını Güney Azərbaycan Türklərinin adından silməyə çalışırlar. Çünkü bu şovinistlər gözəl bilirlər ki, Türkləri əritmək, onun adını və dilini yox etməkdən başlayır. Ona görə də bu rejim ana dili uğrunda mübarizə aparan minlərlə Azərbaycan Türkünü həbs edərək zindanlarda çürüdür, onları insanlığa sığmayan işgəncələrə məruz qoyurlar. Bu gün belə İran İslam Cümhuriyyətinin təhlükəsizlik orqanları, başda ETTELAT olmaqla Güney Azərbaycan Türklərinə qarşı təcridxanalarda, polis idarələrində, həbsxanalarda, hətta insanların gözü qarşısında daşqalaq, şallaqlama, bədən əzalarını kəsmə, daxili orqanları çıxarma, qol, qıç, bel və boyun sındırma, isti alətlərlə dağlama, göz çıxarma, zorlama, ayaqdan asma, soyundurularaq şaxtalı havada qolu bağlı saxlama, dəmir seyfdə, havasız kanteynerdə saxlama, məhbusun gözü qarşısında ailə üzvlərini döyüb təhqir etmə və s.kimi insanlığa yaraşmayan müxtəlif işgəncə və edam cəzaları tətbiq edirlər (Bu işgəncələr haqqında daha geniş məlumat üçün bax: Əlirza Amanbəyli, İran adlanan ölkədə işgəncə və cəza üsulları, “Dünya Azərbaycanlıları” dərgisi, 2008, №2 (5), səh. 65-68). Fars molla rejimi ölkə iqtisadiyyatının böyük bir hissəsini idarə edən oliqarx təbəqədən, İran dini institutlarında xidmət edən din xadimləri sayılan ayətullah və müctəhidlərdən, İran hakimiyyət dairələrində təmsil olunan hökumət və dövlət məmurlarından ibarət “sapı özümüzdən olan imtiyazlı baltalardan” olan böyük bir Türkəsilli təbəqəni də öz ətraflarında cəmləşdirərək şovinist pəhləvi rejimindən miras qalan bu iyrənc siyasəti davam etdirməkdədirlər.

Fars şovinizminə dayanan “Fars Mərkəzli Düşüncə Sistemi” zaman-zaman öz donunu dəyişərək yeni-yeni “Demokratik Hərəkat”larla ömrünü uzatmağa çalışmışdır. Bu “Fars Mərkəzli Düşüncə Sistemi”nə dayanan hərəkatlardan biri də “İslahatçılar Hərəkatı”dır. 1979-cu il İslam Cümhuriyyətinin yaranması ilə ortaya çıxan “İslahatçılar” (“Reformistlər”) anlayışı sistemin içində olan və İran siyasi sistemində dəyişiklik etmək istəyənlərə verilən ümumi addır.

“İslahatçılar Hərəkatı” 23 may 1997-ci ildə prezident seçkiləri dövründə açıq şəkildə ortaya çıxmış və xalqın geniş dəstəyini qazanaraq iqtidara gəlmişdi. Həm xalqdan, həm də xaricdən dəstək alan “İslahatçılar” bütün seçkiləri qazanaraq həm qanunverici, həm icraedici və həm də yerli orqanları ələ keçirməyə müvəffəq olmuşdular. 1997-ci ildə Hatəmi ilə ortaya çıxan bu dırnaqarası “İslahatçı Hərəkat” “siyasi gəlişmə” nəzəriyyəsinə dayanaraq İran siyasi həyatında “demokratiya” illuziyası yaratsa da bu illuziya tezliklə buxarlanıb yox oldu və sonda onların da xalq arasında nüfuzlarının itməsi ilə nəticələndi. “İslahatçılar” İranda gözlənlən islahatları həyata keçirə bilməyib iflasa uğradılar. Bu özünü fevral 2003-cü il Bələdiyyə seçkilərində daha aydın göstərdi. Ölkə prezidenti seçilən və Mücadiləçi Mollalar Birliyi təşkilatının üzvü olan Hatəminin qərarsız siyasəti həm xalqı, həm də müxalifəti yalnızlıq psixologiyasına sürüklədi, “Tələbə Hərəkatı”nı bu yalançı “İslahatçılar”dan ayırdı və Mühafizəkarların tam və qəti qələbəsini təmin etdi. İlk öncə “İslahatçılar”a ümid bəsləyən xaricilərin də ümidləri boşa çıxdı.

“İslam, şiə və islahat” ideyaları ilə İranın bölünməzliyini qoruyub saxlayan fars şovinizmi bu gün artıq yeni bir don geyinməyə başlayıb. “Qərb, İslam və İran” ünsürlərini özündə birləşdirməyə çalışan bu ideyanın müəllifləri “İran” deyilən məmləkətdəki digər etnik qrupların (Bu əbləhlər hələ də 40 milyonluq Güney Azərbaycan Türklərini millət kimi qəbul etmək istəmirlər - A.M.) varlığını qəbul edir və bu fərqli etnik kimlikləri “İranlı kimliyi” adı altında birləşdirməyə çalışırlar. “Çağdaşlıq, Müsəlmanlıq və İranlılıq” kimi ideoloji sistemə dayanan bu nəzəriyyə Fars şovinizminin gəldiyi son ideyadır. Bu ideyanın yaradıcılarının fikrincə bu üç ünsür İranın çağdaş siyasi həyatının təməl sorunlarını çözə biləcək. Bu ideyanın tərəfdarları təkcə İranda deyil, xaricdə də fəallıq göstərərək Qərbin dəstəyini qazanmağa çalışırlar. Ancaq onlar da anlamaq istəmirlər ki, İranda həqiqi demokratiyanın ən böyük əngəli “istər tac, istər əba, istərsə də kostyum və qalstuk” qlafından asılı olmayaraq “farsçılıq siyasəti” və fars şovinizmidir.

Bu gün artıq dırnaqarası reformist və mühafizəkar çatışması mühafizəkarların qələbəsi ilə nəticələnmiş, mübarizə molla rejimi ilə dışlanmış xalq arasında başlamışdır. İran artıq çox fərqli, çox çeşidli böhran və problemlərlə qarşı-qarşıyadır. Bu böhran və problemləri adi reformlarla həll etmək mümkün deyil. Mühafizəkarlar hələlik hərbi, idari və siyasi-ideoloji gücü öz əllərində saxlasalar da ölkə daxilində məzhəbçi siyasi İslam iflasa uğrayıb, iqtidarın iqtisadi başarısızlığı xalqın kütləvi yoxsullaşmasına nədən olub, toplumu mərkəzə bağlayan ideologiya öz mahiyyətini itirib, “İranlı kimliyi”ni müdafiə edən faktorlar ciddi şəkildə zərbə alıb, yeni-yeni Milli Təşkilatlar yaranıb, etnik Hərəkatlar siyasiləşib ki, bunlardan da ən güclüsü 40 milyonluq Azərbaycan Türklərinin qarantı olan Güney Azərbaycan Milli Hərəkatıdır.
Qoy millət dünyaya bildirsin ki, bir nəfər qalanadək öz azadlıq və istiqlaliyyətini müdafiə edəcəkdir”.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə