Güney Azərbaycan Türkləri son 100 ildə Bakı 2011 Giriş




Yüklə 0.85 Mb.
səhifə7/11
tarix22.02.2016
ölçüsü0.85 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

IV FƏSİL
Güney Azərbaycan Milli Hərəkatlarının anatomiyası

Qoy bütün dünya bilsin ki, Azərbaycan xalqı bu cinayətkar İran dövlətinin mənhus siyasəti nəticə­sində nə bəlalar çəkmiş və nə səbəbə özünü idarə etmək üçün çarə axtarmağa başlamışdır.

(S. C. Pişəvəri)
Millətin əksəriyyətinin şüurunda, təfəkküründə formalaşmayan istiqlal və müstəqillik əslində istiqlal və müstəqillik deyil, illuziyadır. XIX-XX əsrlərdə Güney Azərbaycanda bir sıra dini, demokratik və milli xarakterli hərəkatlar olmuşdu ki, bunlardan da ən məşhuru 1848-1852-ci illərdə baş vermiş “Babilər Hərəkatı”, 1890-cı il “Tənbəki üsyanı”, 1905-1911-ci illərdə “Məşrutə”, 1920-ci ildə “Xiyabani”, 1945-1946-cı illərdə “21 Azər”, 1979-cu ildə baş vermiş “İslam” və bu gün Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Güney Azərbaycan Milli Hərəkatlarıdır. Bu Hərəkatlar ictimai-siyasi məzmununa görə ayrı-ayrı məqsəd daşısalar da onların əksəriyyəti Qacarlar, ikisi (“21 Azər Hərəkatı” və “İslam inqilabı”) Pəhləvilər dönəmində baş vermiş, biri isə (Güney Azərbaycan Milli Hərəkatı) bu gün Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaqdadır.

Bizim mövzumuz Milli Hərəkatlar olduğundan əsasən “Məşrutə”, “Xiyabani”, “21 Azər” və xüsusilə “Güney Azərbaycan Milli Hərəkatı”ndan bəhs edəcəyik.

Türk boylarına dayanaraq hakimiyyətə gələn Qacarlar savaşlardakı hərbi başarıları və çevik diplomatik manevrləri sayəsində qısa bir zamanda mərkəzləşmiş bir dövlət yaratmağa müvəffəq olmuşdular. Qacarlar dönəminin mərkəzləşmiş dövlət sistemi və bəlirlənmiş dövlət sərhədləri “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə Quzey Azərbaycan çar Rusiyasının tərkibinə daxil edilmiş və bu dövrdən başlayaraq “Güney və Quzey Azərbaycan” terminləri siyasi məna kəsb etməyə başlamışdı - A.M.) ilə yanaşı Abbas Mirzə və Əmir Kəbirlə başlayan modernləşmə hərəkatı özü ilə mədəni və iqtisadi yeniliklərlə bərabər siyasi dəyişimlər də gətirmişdi ki, bunlardan biri də etnik qrupların bəlli bölgələrdə təmərküzləşdirilməsi və dövlətin etnik bölgələrə dayalı “Məmaliki-Məhrusə” adlı federativ yapıya sahib olması idi. Bu bölgələr içərisində Güney Azərbaycan xüsusi mövqeyə malik idi. Coğrafi mövqeyi, iqtisadi gücü və zənginliyi və əhalisinin çoxluğu ilə seçilən Azərbaycan bütün ölkəni bəsləməklə yanaşı dövlət xəzinəsinin böyük hissəsi də buradan toplanmış, savaş dövrlərində ordu üçün gərəkli qaynaqlar əsas etibarı ilə bu bölgədən əldə edilmiş, bir sözlə, dövlətin bütün ağırlığını Azərbaycan öz çiyinlərində daşımışdı. Ölkənin idarə olunmasında “ümmətçilik” hakim mövqedə olmuşdu. Ölkənin o dövrdəki 9 milyon əhalisinin əksəriyyəti Türklərdən ibarət idi. Təməl etnik qrup Türklərdən ibarət olduğu üçün dövlət işləri, bölgə rəhbərliyi və hərbidə Türklər aktiv iştirak etmişdilər. Ölkə əhalisinin əksəriyyətini təşkil etməsinə, dövlətin bütün sorumluluqlarını çiyinlərində daşımasına, ölkənin və dövlətin taleyinə yön verməsinə baxmayaraq İslamın “ümmət” anlayışına tam əməl edən 130 illik Qacarlar xanədanı 54 illik şovinist fars pəhləvi və 30 illik fars molla rejimlərindən fərqli olaraq mənsub olduğu Türklərə heç bir özəl haqq və imtiyaz verməmişdilər.

Qacarlar dönəminin ən keşməkeşli və ən zəif dövrü 1905-1925-ci illərlə bağlıdır. Belə ki, bu dövrdə Qacarlar dövlətinin əraziləri çar Rusiyası və Böyük Britaniya imperatorluqları arasında iki nüfuz dairəsinə-şimalda Qəsri-Şirindən İsfahan və Yəzd boyunca Rus-Əfqan sərhəddinin Qacar dövlətinin sərhəddi ilə kəsişdiyi nöqtəyə qədər 790 min km-lik bir sahəni qapsayan ərazilər Rusiyanın, cənubda isə Əfqanıstan hüdudundan Bircand və Kirmana, oradan da Bəndər-Abbasa qədər olan 335 min km-lik ərazilər isə İngiltərənin nüfuz dairəsinə-bölünmüş, ölkənin iqtisadi, siyasi və hərbi sahələri onların əlinə keçmiş, ölkə daxilində bir xaos yaratmışdı. Bu durum xalqı xaosdan qurtarma yollarını aramağa, ölkəni xarici imperialist güclərin işğalından qorumağa sövq etdirmişdi. Beləliklə də ölkənin müstəqilliyini qorumağa yönəlik anti-imperialist və anti-monarxist xarakterli demokratik hərəkatlar başlamışdı.

Ümumiyyətlə, XX əsr bütün dünya xalqlarının siyasi həyatında olduğu kimi Azərbaycan Türklərinin də siyasi həyatında mühüm rol oynamışdı. Belə ki, bu əsrdə imperialist dövlətlər “Dünya ağalığı” iddiasına düşərək iki dünya müharibəsi törətmiş, dünya xalqlarını “izmlər” dəyirmanında üyütməklə milyonlarla insanın qanını su yerinə axıtmışlar. Neft qoxusu onları sərməst edərək qan qoxuna qarışdırmış və bununla da başqalarının torpaqlarına göz dikdirmişdi. Tarixin dəhşətlərlə dolu, dəhşətli olduğu qədər də utancverici əsri olan XX əsrdə imperialist dövlətlər bütün insanlıq və ədalət anlayışlarını ortadan qaldıraraq “zülmü ərşə dayatmış”, insanı insan qanına susatmışdılar. Əsrin bu dəhşət və vəhşətlərindən ən çox zərər çəkən dünyaya min illərlə İlahi Əxlaqı yaymaq və ədaləti bərpa etmək missiyasını öz üzərinə götürən Türklər olmuşdur.

Əsrlər boyunca xaçla silahı birləşdirib Türk-Müsəlman dünyasını yox etməyə çalışan irili-xırdalı bütün Xristian dünyası nəhayət XX əsrin birinci yarısında iki böyük Türk dövlətini -Osmanlı İmperatorluğu və Qacarlar dövlətini tarix səhnəsindən silərək tarixi istəklərinə tam nail oldular. Bu imperialist qüvvələr yüz illərlə marıtda dayanan Türk düşməni yerli “şeytanlarla” da ittifaqa girərək Türkiyə Türklərini zəif, Azərbaycan və Türküstan Türklərini isə məhkum duruma düşürdülər.

Türkiyə Türkləri böyük Atatürkün dühası və səyi sayəsində müstəqil bir Türkiyə Cümhuriyyəti yaratmağa müvəffəq oldular. Azərbaycanda isə vəziyyət tamam başqa şəkildə cərəyan etdi. Belə ki, ikiyə bölünmüş Azərbaycanın quzeyində Məmmədəmin Rəsulzadənin öndərliyi və Qafqaz İslam Ordusunun köməyi ilə Müstəqil Azərbaycan Cümhuriyyəti yaradılmış, o da bolşevik istilası nəticəsində öz müstəqilliyini itirərək bu dəfə də yenidən Sovet Rusiyasının müstəmləkəsinə çevrilmiş, nəhayət, 70 ildən sonra, 1991-ci ildə Elçibəyin öndərliyində yenidən öz müstəqilliyini qazanmışdı.

Azərbaycanın güney bölgəsində isə öz çirkin niyyətlərini həyata keçirməyə çalışan Türk düşməni imperialist dövlətlər yerli Türk düşmənləri ilə əlbir olub zəifləməkdə olan Qacarlar dövlətini devirərək “İran” deyilən məmləkətdə min illik Türk hakimiyyətinə son qoymuş və öz məqsədlərini həyata keçirmək üçün əllərində yetişdirib mehtərbaşılıqdan generallığa qədər yüksəltdirdikləri şovinist və qəddar Rzanı dövlətin başına gətirmişdilər. Çox təəssüflər olsun ki, dövlət və dövlətçiliyin mahiyyətini tam dərk etməyən bəzi Azərbaycanlılar da bu işə rəvac vermişlər. Qacar Türk xanədanının devrilməsi və min illik Türk hakimiyyətinin yerinə şovinist fars Pəhləvi xanədanının gətirilməsi ilə “İran” deyilən məmləkətdə yeni bir dönəm başlamışdı.

“İran” deyilən bir məmləkətin XX əsr siyasi tarixinin önəmli bir hissəsini Güney Azərbaycan Türklərinin demokratiya və milli azadlıq uğrunda mübarizələri təşkil edir. Bu hərəkatların ilk başlanğıcı 1906-1911-ci illər “Məşrutə inqilabı” ilə bağlıdır. Bədii ədəbiyyatda “Sərdari-Milli” adlandırılan Səttərxanın öndərliyi və Azərbaycan Türklərinin səyi yürürlüyə girən “Məşrutiyyət fərmanı” nəticəsində Təbrizdə “Milli Əncümən” (“Milli Məclis” - A.M.) yaradılmış, məzhəb çatışmalarına son verilmiş, Azərbaycan Türkcəsində məktəblər açılmış, milli tədrisə nail olunmuş, Türkcə mətbuat inkişaf etmiş, yeni siyasi təşkilatlar yaranmağa başlamışdı. Ümumiyyətlə, “Milli Əncümən” Güney Azərbaycanın idarə edilməsində önəmli yer qazanmış, fars kimliyi ilə yanaşı Azərbaycan Türk siyasi kimliyi də ortaya çıxmış, Bakı ilə Güney Azərbaycan Türklərinin siyasi, mədəni və ideoloji mərkəzi olan Təbriz arasında canlı əlaqə yaranmışdı. Lakin imperialist dövlətlər daxili irtica qüvvələri ilə birləşib Təbrizə və Güney Azərbaycanın digər bölgə və şəhərlərinə qoşun yeridərək inqilab başçıları və mücahidlərə şiddətli divan tutmuş, çar zabitləri Təbrizdə hərbi məhkəmələr quraraq minlərlə Məşrutəçini dar ağacından asmış, zindanlara salaraq işgəncələr vermiş, sürgünə göndərmiş və bununla da Məşrutə hərəkatına son qoymuşdular.

“Məşrutə Hərəkatı”nın məğlub olmasının başlıca səbəbi ölkənin imperialist dövlətlərin, xüsusilə çar Rusiyası və İngiltərənin nüfuz dairəsindən çıxma qorxusu olmuşdu. Xüsusilə İngiltərə bu Hərəkatın Hindistana da yayılmasından ehtiyat edərək hətta rəqibi olan rus hərbi birliklərinin inqilabın qalası olan Təbrizə qarşı savaş açmasına razılıq vermiş, özü də İngiltərədən gətirdiyi toplarla oyuncaq şah rejiminə yardım edərək Məclis binasını mühasirəyə almışdı ki, bununla da üç böyük gücün qarşısında aciz qalan Məşrutəçilər məğlub olmuşdular. (“Məşrutə inqilabı” haqqında daha geniş məlumat üçün bax: M.Afiyət, Sərdari-milli Səttərxan, yersiz, 1968; N. Həsənov, Oyanmış Təbriz və Səttərxan, Bakı 1986: Ə. Həbibov, Cənubi Azərbaycanda azadlıq hərəkatı, Bakı 1988; Cənubi Azərbaycan tarixi məsələləri, Bakı 1989: Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917), Bakı 1985; Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı 2000 və s.).

“Məşrutə inqilabı”nın məğlubiyyətindən sonra da Güney Azərbaycan da daxil olmaqla Qacarlar dövlətində uzun müddətli bir anarxiya dönəmi başlamış və bu dönəm imperialist qüvvələrin rəqabətləri sonucunda daha da şiddətlənmiş, məmləkətdə bir avtoritet boşluğu yaratmışdı.

Bütün bunlara baxmayaraq Azərbaycan Türklərinin mübarizə əzmi qırılmamış və “Məşrutə inqilabı”nın məğlubiyyətindən doqquz il keçdikdən sonra 1920-ci ildə Güney Azərbaycan Türkləri Şeyx Məhəmməd Xiyabaninin öndərliyi ilə yeni və daha güclü bir Milli-demokratik Hərəkata başlayaraq “Azadıstan” adlı bir Muxtar dövlət qurmağa nail olmuşdular. Cəmi altı ay yaşamasına baxmayaraq bu Milli Hökumət maarif, səhiyyə, ədliyyə, kənd təsərrüfatı, maliyyə, vəqf, hərbi işlər və s. sahələrdə islahatlar həyata keçirməyə başlamış, bu sahələr üzrə nazirliklər və müvafiq idarələr yaratmış, Güney Azərbaycanda “Azərbaycanlılıq” ideyasını ön plana çıxarmış, gələcək nəsillərdə Güney Azərbaycanın müstəqilliynə bir inam yaratmışdı. “Məşrutə Hərəkatı” kimi “Xiyabani Hərəkatı”nı da xarici qüvvələrlə mərkəzi hökumətin birləşmiş silahlı qüvvələri 11 sentyabr 1920-ci ildə qan içində boğmuş, Hökumətin başçısı Xiyabanini şəhid etmiş, Güney Azərbaycan Milli Hökumətinə son qoymuşdular.

“Xiyabani Hərəkatı”nın məğlubiyyəti bir sıra siyasi və ideoloji amillərlə bağlı olsa da bizcə əsas səbəblər aşağıdakılardır:

- Ölkədə milli burjuaziyanın zəifliyi;

- Ölkə iqtisadiyyatının Rusiya və İngiltərənin nəzarətində olması;

- Siyasi iqtidarın imperialist qüvvələrlə işbirliyi;

- Hərəkat daxilində ideoloji və siyasi birliyin olmaması, Hərəkatın “radikallara”, “reformistlərə” və “yarı radikal, yarı reformistlərə” (Xiyabani bu qrupa daxildir-A.M.) bölünməsi;

- “Reformistlər”in gizlicə Müxbir üs-Səltənə ilə anlaşması və onun Təbrizə gəlişinə müsaidə edilməsi (Müxbir üs-Səltənə Azərbaycandakı rolunu o qədər yaxşı oynamışdı ki, Xiyabani ondan heç şübhələnməmişdi. Xiyabaniyə görə: “Müxbir üs-Səltənə savadlı, Avropa görmüş və dünya tarixini bilən bir insandır. Müxbir üs-Səltənə millətin istəklərinə dəyər verməsini bilən və xalqın arzularına qarşı çıxan bir insan deyildir. Onu Səməd Xan kimi millət üzərinə qurşun yağdıran insanlara bənzətmək doğru deyildir”);

- Torpaq məsələsinin həll edilməməsi ilə ölkənin 90 faizini təşkil edən kəndlilərin Hərəkatdan çəkilməsi;

- Rus kazak hərbiçilərinin Vüsuq üd-Dövlə və vəliəhd Məhəmməd Həsən Mirzə tərəfindən dəstəklənməsi;

- Hərəkatın rəhbəri Xiyabaninin “Demokratik hakimiyyət əxlaqi yolla da idarə oluna bilər” anlayışına inanaraq güclü bir ordu yaratmağa etinasız yanaşaraq 400 nəfərlik jandarma gücü və Milli Mühafizə dəstəsi ilə yetinməsi;

- Xiyabaninin xalqı hər zaman səbirli olmağa dəvət edərək vuruşmadan da hədəflərinə ulaşacaqlarına inanması, başqa sözlə, mədəniyyəti silaha tərcih etməklə milli aktivliyi passivləşdirməsi;

- O dövrdə ölkənin quzeyində hakimiyyəti ələ alan Mirzə Kiçik Xan, güneyində isə Çankutailər və Tenqistanilər Hərəkatları ilə davamlı əlaqə və işbirliyinin olmaması və Hərəkatın Təbrizlə sınırlandırılması;

- Hərəkatın təbliğat və təşviqat gücünün zəif olması;

- Xiyabaninin bolşevik Rusiyasının ölkədə İngiltərə və Amerika ilə rəqabətdən çəkilməsini dəyərləndirməməsi;

- İngiltərə və Amerikanın milli Hərəkatları ortadan qaldıraraq kukla şahı hakimiyyətə gətirmək üçün bir-biri ilə anlaşma yapdıqlarına Hərəkat yetkililərinin ciddi əhəmiyyət verməmələri olmuşdur. Bütün bunlar sonucda “Xiyabani Hərəkatı”ndakı radikal qanadın strateji baxımdan haqlı olduqlarını göstərir. (“Xiyabani Hərəkatı” haqqında daha geniş məlumat üçün bax: Qulam Məmmədli, Xiyabani, Bakı 1949; V. Mustafayev, Cənubi Azərbaycan, Milli şüur (20-ci əsrin 1-ci yarısı), Bakı 1998; Şövkət Tağıyeva, 1920-ci il Təbriz üsyanı, Bakı 1990; Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı 2000; Güney Azərbaycan, Sosyal kültür, siyasi araştırmalar dosyası, Şeyh Muhammet Hiyabani ve Azadistan devleti (1920), Ankara 2005;).

İstər “Məşrutə”, istərsə də “Xiyabani” Hərəkatları sonda məğlubiyyətlə nəticələnsə də hər iki Hərəkat Güney Azərbaycan Türklərinin bütün zümrələrini bir araya gətirmiş, Güney Azərbaycan Türkləri ilə Quzey Azərbaycan və Türkiyə Türkləri arasında ideoloji-siyasi birlik yaratmışdı. Hər iki Hərəkat göstərdi ki, “kül altında qalan köz sönmür, zaman və tarixi şərait imkan verən kimi bu köz közərir və sonda məşələ dönür”. Bu “məşəl” 25 il sonra, 12 dekabr 1945-ci ildə “21 Azər” Hərəkatı ilə yenidən şölələndi.

İmperialist güclərin hər yönlü dəstəyi ilə 1925-ci ildə Qacar Türklərinin hakimiyyətinə son qoyaraq hakimiyyətə gətirilən mehtərbaşı Rzanın 16 illik (1925-1941) və oğlu Məhəmməd Rzanın 38 illik (1941-1979) hakimiyyətləri dövrü Güney Azərbaycan Türklərinin ən dəhşətli illəri kimi tarixə düşmüşdür. Belə ki, şovinist fars Pəhləvi rejimi hakimiyyətə gətirildikdən sonra öncə “Məmaliki-Məhruseyi-Qacar” olaraq adlandırılan ölkənin adı dəyişdirilərək “Məmaliki-Məhruseyi-İran”, 1935-ci ildə isə “Dövləti-Şahənşahi-İran” adlandırılaraq “İran” adı həm coğrafi, həm siyasi və həm də etnik anlamda farsların siyasi və ideoloji dövlətçiliyinin simvoluna çevrilmişdir. Ümumiyyətlə, “İran”, “İranlı” və “İranlılaşma” tezisi “Pəhləvizm”in ürünüdür. Özlərini “ari”, “İran” adlandırdıqları məmləkəti də “Arilər ölkəsi” adlandıran bu əbləh pəhləvilər “Paniranizm” ilə “Panfarsizm”i çulğalaşdıraraq bunları Kəsrəvi kimi “sapı özümüzdən olan baltalar”ın da köməyi ilə Pəhləvi rejiminin ana ideologiyasına və əllərində güclü bir silaha çevirməyə müvəffəq olmuşlar. Bütün bunlar da azmış kimi bu iyrənc şovinistlər İmperiya tərkibində yaşayan xalqları, xüsusilə farslara alternativ olan Azərbaycan Türklərini də “tək ölkə, tək millət, tək dövlət və tək dil” siyasətləri ilə farslaşdırmağa, “İranlılıq” üst kimliyi ilə milli fərqlilikləri yox etməyə çalışmışlar. Bu məqsədlə pəhləvilər ilk öncə Azərbaycan məktəblərini bağlatdırmış, Türk dilində olan kitabları və qədim əlyazmaları toplayaraq yandırtmış, fars dilindən başqa milli dillərdə kitab, qəzet və dərgilərin basınını yasaqlatmış, məktəblərdə və hətta küçədə ana dilində danışanları təqib etdirmiş, mili ziyalıları həbs və edam etdirərək onların mənsub olduqları xalqları “başsızlaşdırmış”, “başsız” qalan bu xalqları zorla “farslaşdırmağa” çalışmış və qismən də olsa bu məqsədlərinə ulaşmışdılarsa da bütün bu təsirlər əks təsir də yaratmış, “etnik kimliklərin billurlaşma sürəcini də başlatmış, etnik kimliklərin rejimdən narazılığını və İmperiyadan ayrılma duyğularını yüksəltmişdi”.

Belə bir vəziyyətdə rejimin zorakılıq və özbaşınalıqları milli regionlarla mərkəz arasında ziddiyyətləri kəskinləşdirmişdi. Həmçinin özü də faşist olan Rza şahın sayəsində ölkədə fəallaşan faşistlərdən ehtiyat edən müttəfiq dövlətlərin, öncə 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı maddəsinə əsaslanaraq Sovet İttifaqının, daha sonra isə İngiltərə və ABŞ hərbi qüvvələrinin İrana daxil olmaları ilə nəhayət 16 sentyabr 1941-ci ildə Rza oğlu Məhəmməd Rzanın xeyrinə istefa verməyə məcbur edilmişdi. Bu durumdan yararlanan Güney Azərbaycan Türkləri 1941-ci ildən başlayaraq müxtəlif təşkilat və cəmiyyətlər yaratmış, bir sıra qəzet və jurnal dərc etməyə başlamışdılar. Bu cəmiyyət və təşkilatlar içərisində ən önəmlisi 1941-ci ildə yaradılan “Azərbaycan Cəmiyyəti” və 1945-ci ildə Seyid Cəfər Pişəvərinin öndərliyində yaradılan Azərbaycan Demokratik Partiyası idi. Bütün bunların sonucu olaraq 21 noyabr 1945-ci ildə Güney Azərbaycanın bütün bölgələrini təmsil edən 744 nümayəndənin iştirakı ilə Azərbaycan Xalq Qurultayı keçirilmiş, dekabrın 5-də Azərbaycan Milli Məclisinə seçkilər tamamlanmış 12 dekabr (21 Azər) 1945-ci ildə Təbrizdə Milli Məclis açılmış və Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökumət yaradılmış, Milli Məclis Güney Azərbaycanın Muxtariyyətini bütün dünyaya elan etmişdi. Azərbaycan Milli Məclisi həmçinin Pişəvərinin təqdim etdiyi Milli Hökumətin tərkibini aşağıdakı heyətdə təsdiq etmişdi:

1) Baş nazir-Seyid Cəfər Pişəvəri;

2) Daxili İşlər naziri-Salamullah Cavid;

3) Xalq qoşunları naziri-Cəfər Kaviyan;

4) Kənd təsərrüfatı naziri-doktor Mehtaş;

5) Maarif naziri-Məhəmməd Biriya;

6) Səhiyyə naziri- doktor Urəngi;

7) Maliyyə naziri- Qulamrza İlhami;

8) Ədliyyə naziri-Yusif Əzima;

9) Poçt-teleqraf naziri-Mirzə Rəbi Kəbiri;

10) Ticarət və İqtisad naziri-Rza Rəsuli.

Zeynalabdin Qiyami Ali Məhkəmənin sədri, Firudin İbrahimi isə Baş prokuror vəzifələrinə təyin olunmuşdular.

Azərbaycan Milli Məclisi həmçinin 13 dekabr 1945-ci il iclasında Milli Hökumətin 20 maddədən ibarət fəaliyyət proqramını təsdiq etmişdi. Bu proqramda nəzərdə tutulan məsələlərin əksəriyyəti Pişəvərinin başçılıq etdiyi Milli Hökumət tərəfindən bir il müddətində yerinə yetirilmişdi.

Azərbaycan Milli Hökuməti Sovet hökumətinin təzyiqi ilə Mərkəzi Hökumətlə 13 iyun 1946-cı ildə Təbrizdə 15 maddədən ibarət razılıq protokolu imzalamağa məcbur olmuşdu. Bu müqaviləyə əsasən Milli Hökumət Zəncan, Qəzvin, Həmədan, Sunqur, Savə, Ərak kimi tarixi Azərbaycan ərazilərini Mərkəzi Hökumətə güzəştə getməyə məcbur olsa da Azərbaycan ərazisində Türk dilini rəsmi dil elan edilməsinə, Türk dilində təhsilin aparılmasına, Azərbaycan Milli Hökumətinin nəzarətində olan ərazilərdəki torpaqların kəndlilərə paylanmasına, seçki qanunlarının dəyişdirilərək xalqa dayalı parlamentin yaradılmasına, Milli Hökumətin nəzarətində olan Azərbaycan xəzinəsinin 75 faizinin Azərbaycanda qalmasına nail olmuşdu. Milli Hökumət dönəmində Təbriz Dövlət Universiteti fəaliyyətə başlamış, teatr və filarmoniya, Yazıçılar Birliyi, Memarlar və Bəstəkarlar Cəmiyyəti, Azərbaycan Milli Hökumətinə bağlı könüllü Fədai və Qızılbaş dəstələri yaradılmış, milli dildə qəzet, jurnal və kitablar çap edilmiş, ziyalılar tərəfindən milli ideologiya geniş xalq kütlələri arasında yayılmağa başlamış, Azərbaycan Türklərinin bir çox istəkləri gerçəkləşmişdi.

21 Azər Hərəkatı özündən əvvəlki Tənbəki, Məşrutə və Xiyabani Hərəkatlarından fərqli olaraq daha milli və siyasi hədəflərə ulaşmış, Muxtariyyət hədəfini qısa sürəli olsa da gerçəkləşdirməyə nail olmuş, etnosiyasi bir Hərəkat kimi tarixə öz möhürünü vurmuşdur. Bütün bunları nəzərə alan tədqiqatçılar göstərirlər ki: “Pişəvəri Milli Hökumətinin XX əsr İran tarixində ən yaxşı siyasi orqanizasiyaya sahib etnosiyasi Hərəkat olduğunu söyləyə bilərik” (Dr. Gülara Yenisey, İranda etnosiyasi hərəkatlar (1922-2004), Bakı 2009, səh. 142).

Milli hakimiyyətin bir illik funksiyasının ilk yarım ilini Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumət, Mərkəzi Hökumətlə bağlanan müqavilədən sonra isə Milli Hökuməti əvəz etmiş Şura həyata keçirmişdi. İlk əvvəl Güney Azərbaycanı da özünə birləşdirməyə çalışan Sovet İmperiyası sonradan başda Türk düşmənləri olan Stalin, Mikoyan və mərkəz Kremli ələ keçirən erməni və gürcü siyasi mafiyası Azərbaycanın birləşərək Qafqazda söz sahibi olacağına heç cür razı olmamış və nəticədə Sovetlər öz siyasətini dəyişərək şah hökuməti ilə danışıqlar aparmış və o dövrün İran baş naziri Qəvamül-səltənəni Moskvaya rəsmi görüşə dəvət etmiş, danışıqlar nəticəsində Qəvamül-səltənə Sovet ordusunun İrandan çıxarılması, Sovetlərin Azərbaycan Milli Hökumətinə təzyiq göstərərək Mərkəzi Hökumətə böyük güzəştlər etməsi, Sovetlər isə İranın şimalındakı neft yataqlarından uzun müddətli istifadə etməsi və İranın nəqliyyat və sərnişin təyyarə uçuşlarının konsesiyası haqqında razılıq əldə edilmişdi ki, bütün bunlar da Sovetlərin Azərbaycan Milli Hökumətinə xəyanəti, arxadan vurulan zərbəsi idi. Bütün bunlar azmış kimi Hərəkatın rəhbəri, Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvəri Sovet nümayəndələri ilə danışıqlar aparmaq adı altında Sovet kəşfiyyatı tərəfindən aldadılaraq Təbrizdən çıxarılmış, əvvəl Culfaya, sonra Naxçıvana oradan da Bakıya gətirilmişdi. Hərəkatın rəhbəri Pişəvərinin Təbrizdən çıxarılması bütün Hərəkatçılarda çaşqınlığa, ümidsizliyə və məyusluğa səbəb olmuş, Milli Hökumətin süqutunu sürətləndirmişdi. Pişəvəri bir müddətdən sonra DTK-nın əli ilə erməni sürücü Qarnik Melikyan tərəfindən 11 iyun 1947-ci ildə Gəncə Yevlax yolunda avtomobil qəzasına salınaraq öldürülmüşdü.

Ruhu şad olsun! Amin.

Beləliklə Sovetlərin xəyanəti, ABŞ və İngiltərənin öz xeyirlərinə şah rejiminə hərbi və maliyyə yardımları göstərməsi və bir sıra obyektiv və subyektiv səbəblər sonda Güney Azərbaycan Milli Hökumətini süquta uğratdı. Xarici güclərin həryönlü dəstəyi ilə 50 bambardumançı təyyarə, 65 zirehli tank, 174 top, 3 min pulemyot, xeyli miqdarda qumbara və mina kimi dövrün ən müasir silahları ilə təchiz edilmiş 50 min nəfərlik şah ordusu sanki böyük bir dövlətlə müharibə edirmiş kimi 4 dekabr 1946-cı ildə Azərbaycana hücum edərək Güney Azərbaycanı qan dənizində boğdu. Bu hücum nəticəsində 25 mindən çox Azərbaycan Türkü edam edilmiş, 100 mini sürgünə göndərilmiş, 20 mini xarici ölkələrə mühacirət etmək məcburiyyətində qalmışdılar.

Güney Azərbaycan Milli Hərəkatının məğlub olmasının obyektiv və subyektiv səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:

- Milli Hərəkat rəhbərlərinin Sovet yetkililərinə inanması və başda Stalinlə Mikoyan olmaqla Sovet rəhbərliyinin məkrli və xəyanətkar əməlləri- Sovet-İran razılaşması;

- Milli Hərəkatın susdurulmasında SSRİ, ABŞ və İngiltərənin öz maraqlarını həyata keçirmələri;

- Milli Hökumətin Sovetlərə yaxınlığından şübhələnən ABŞ və İngiltərə dövlətlərinin şaha hərbi və maliyyə yardımı göstərməsi və hətta bu işin başarı ilə sonuclanması üçün çoxsaylı hərbi təlimatçı və müşavir göndərməsi;

- Sovetlərin təzyiqi ilə Milli Hökumətin Mərkəzi Hökumətlə əvvəl Tehranda danışıqlar aparması, sonra isə 13 iyun 1946-cı ildə Təbrizdə 15 maddədən ibarət müqavilə imzalaması və bu müqaviləyə əsasən Zəncanın tərkisilah edilərək şah hərbi qüvvələrinin ixtiyarına verilməsi;

- Milli Hökumətin Azərbaycanın tarixi torpaqları olan Qəzvin, Həmədan, Sunqur, Savə, Ərak və s. kimi ərazilərini öz hakimiyyəti altına ala bilməməsi;

- Milli Hərəkatın şah hökumətinə qarşı olan digər xalq Hərəkatları və rejimdən narazı qüvvələri vahid cəbhədə birləşdirə bilməməsi və bunun da nəticəsində Mərkəzi Hökumətin bütün gücünü Azərbaycana yönəltməsi;

- Milli Hərəkatda əsas rol oynayan Azərbaycan Demokratik Firqəsi ilə İran Xalq Partiyası proqramlarının kəskin şəkildə bir-birindən fərqlənməsindən dolayı Tehran və digər əyalət mərkəzlərindəki İran Xalq Partiyası rəhbərlərinin Azərbaycan Muxtariyyəti və Milli Hökumətinə qısqanclıqla yanaşması;

- Zülfüqari və Teymur Bəxtiyari kimilərin Milli Hökumətdən narazı qüvvələri öz ətraflarında toplayaraq təxribatlar törətmələri;

- Sovet kəşfiyyatı tərəfindən Milli Hərəkatın rəhbəri və Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvərini aldadaraq Sovet nümayəndələri ilə danışıqlar aparmaq bəhanəsilə Təbrizdən uzaqlaşdırmaqla Fədai dəstələri və xalqda ümidsizlik yaradılması və s. (Güney Azərbaycan Milli Hökuməti haqqında daha geniş məlumat üçün bax: Ə. Quliyev, Cənubi Azərbaycan milli-azadlıq və demokratik hərəkat tarixindən (1941-1945), Tarix və Fəlsəfə İnstitutunun əsərləri, 1-ci buraxılış, Bakı 1961; M. Dəvəli, Cənubi Azərbaycanda Milli Hökumətin təşkili və fəaliyyəti (1945-1946-cı illər), Namizədlik dissertasiyası, Bakı 1967; S. Mirzəzadə, İran Azərbaycanının Milli Məclisi və onun qanunvericilik fəaliyyəti (1945-1946-cı illər), Namizədlik dissertasiyası, Bakı 1971; M. Abdullayev, İran Azərbaycanında milli-azadlıq hərəkatında demokratik mətbuatın rolu (1941-1946), Namizədlik dissertasiyası, Bakı 1975; Cəmil Həsənli, Güney Azərbaycan Tehran-Bakı-Moskva arasında (1939-1945), Bakı 1998; Cəmil Həsənli, Soyuq müharibənin başlandığı yer Güney Azərbaycan 1945-1946, Bakı 1999; Seyid Cəfər Pişəvəri, 21 Azər, Bakı 1961; Seyid Cəfər Pişəvəri, Seçilmiş əsərləri, Bakı 1965; Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı 2000; Miyanalı Əlirza, Lütfəli Ərdəbili (Fələki), Milli Hökumətin Fədai və Qızılbaş Xalq Qoşunları, yersiz və tarixsiz; Əkrəm Rəhimli, Güney Azərbaycanda Milli Demokratik Hərəkat, Bakı 2003; Dr. Gülara Yenisey, İranda etnosiyasi hərəkatlar (1922-2004), Bakı 2009; Əkrəm Rəhimli (Bije), Seyid Cəfər Pişəvəri (Həyatı və ictimai-siyasi fəlaiyyəti), Bakı 2009 və s.).

Göründüyü kimi hər üç Hərəkat sonda xarici və daxili faktorların təsiri, xarici qüvvələrin irticaya yardımı və millətlərarası konjüktür ilə məğlub edilmişdir. Hərəkatların rəhbərlərindən Səttarxan Tehrana dəvət edilərək xaincəsinə “Atabəy Bağı”nda güllələnərək yaralanmış və sonda 9 noyabr 1914-cü ildə bu güllə yarasından da dünyasını dəyişmiş, Şeyx Məhəmməd Xiyabani rus kazak birləşmələri tərəfindən 14 sentyabr 1920-ci ildə öldürülmüş, Seyid Cəfər Pişəvəri də Sovet DTK-sı tərəfindən 11 iyun 1947-ci ildə avtomobil qəzasına salınaraq məhv edilmişdi.

Bütün bunlara baxmayaraq Güney Azərbaycan Türklərinin azadlıq ruhunu heç bir qüvvə qıra bilməmişdir.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə