Güney Azərbaycan Türkləri son 100 ildə Bakı 2011 Giriş




Yüklə 0.85 Mb.
səhifə2/11
tarix22.02.2016
ölçüsü0.85 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

I Fəsil
Güney Azərbaycan 1900-1925-ci illərdə

Türklər indiki "İran" deyilən məmləkətin həm ən qədim etnosu, həm də tarixən təbii və qanuni hakimləri olmuşlar. Dövlətlərin, hökmdarların və hərbi heyətin əksəriyyəti və ümumiyyətlə ordu tarixən Türklərin əlində olmuşdur. 130 illik (1796-1925) ən son Türk hakimləri olan Qacar sülaləsinə mənsub şahzadələr də "İran" deyilən məmləkətin əksər vilayətlərinin sahibi olmuşlar.

İrana qərb mədəniyyətini gətirənlər də Türklər olmuşlar. Bunların içərisində Qacar sülaləsinə mənsub olan Fətəli şahın oğlu şahzadə Abbas Mirzə birincilik qazananlardandır. Belə ki, Osmanlı Sultanı III Sultan Səlimin islahatlarından nümunə götürən Abbas Mirzə "Nizami Cədid" adlı 6 minlik bir yeni ordu yaratmış, bu Azərbaycan türklərindən ibarət ordunu avropalı zabitlər tərəfindən yetişdirmiş, bu ordunu yeni top və odlu silahlarla təchiz etmiş, bu ordu mənsublarına əsgərlər də daxil düzənli bir maaş bağlamışdı. Abbas Mirzə bu ordunu silahla təmin etmək üçün Təbrizdə top və digər yeni silah istehsal edən zavod tikdirmiş, hərbə dair dəyərli kitablar tərcümə etdirmək üçün tərcümə mərkəzi yaratmış, London, Paris və digər yerlərdə daimi təmsilçiliklər açdırmış, gəncləri Avropada təhsil almağa göndərmişdi ki, bu gənclər sonradan Vətənə qayıdaraq İranda yeniliyi təmsil edən bir güc oluşdurmuşdular. Bu Avropa təhsilli aydınlar məmləkətdə liberalizmi, milliyyətçiliyi və sosializmi təbliğ etmiş, özgürlük, bərabərlik və qardaşlıq kimi anlayışları ön plana çıxarmışdılar.

Abbas Mirzənin sayəsində Təbrizdə və ümumən İranda ilk dəfə olaraq mətbəə təsis olunmuş, ilk qurğuşun basması ilə kitablar və "Vakayi İttifakiyə" adlı qəzet nəşr edilmişdi. Əgər Rusiya ilə müharibədə məğlub olmasaydı onun sayəsində İran indiki vəziyyətdə olmaz, daha müasir bir dövlət olardı. Təbrizi səltənət vəliəhdi və Naibisəltənə ünvanı ilə idarə edən Abbas Mirzə özünün islahatpərəstliyi ilə Təbrizi önə çıxarmış və sonrakı bütün Qacar şahlarının Təbrizdə böyüyüb boya-başa çatması və türk mühitində tərbiyə almasına nail olmuş və bununla da Azərbaycanın digər İran ərazilərindən daha da inkişaf etməsində xüsusi rol oynamışdı. Abbas Mirzədən sonrakı Qacar şahları Azərbaycanda böyüdüklərindən özlərini azərbaycanlı saymış və Azərbaycanın mənafeyini üstün tutmuşdular.

Bütün bunların nəticəsi idi ki, sonralar İranda ilk "Məşrutiyyət"i elan etməklə əhali arasında böyük məhəbbət qazanan Müzəffərəddin şah da Təbrizdən Tehrana gələrkən yerli Türk şahzadələrini də özü ilə bərabər mərkəzə, saraya gətirmiş və Türk şahzadələrindən olan Eynidövləni özünün vəziri təyin etmiş, bir sözlə, şah sarayını Şah İsmayıl Xətayi kimi Türkləşdirməyə müvəffəq olmuşdu. Müzəffərədin şahın dövründə İranın xarici işlər nazirliyi, səfirləri və konsullarının da əksəriyyəti Azərbaycan Türklərindən olmuşdur. Təəssüflər olsun ki, Müzəffərəddin Şahın oğlu Məhəmmədəli Şah atasının əksinə olaraq Azərbaycana ədavət bəsləmiş və sonda özü də bu ədavətin qurbanı olmuş, tarixdə lənətlənmişdir. Bu, özünü "Məşrutiyyət" dönəmində də göstərmişdir.

Güney Azərbaycan Türkləri tarixən farslara nisbətən daha mətin, daha səbatlı olmuşlar. Belə ki, Azərbaycan Türkləri "Məşrutiyyət" dönəmində Təbriz mühasirədə olmasına baxmayaraq, 11 ay ac-susuz qalmış, çörək əvəzinə başaq yemiş, yenə də istibdad əskərinə təslim olmamış, Məsrutəni qoruyub saxlamışdılar. Bütün bunların nəticəsidir ki, tarixən "İran" deyilən məmləkətin ən böyük qəhrəmanları, inqilabların meydana çıxardığı ən böyük simaları məhz Güney Azərbaycan Türkləri olmuşlar.

Mani, Məzdək, Babək, Səttarxan, Bağırxan, Seyx Məhəmməd Xiyabani kimi şəhid qəhrəmanlar, Abbas Ağa kimi fədailər, Səid Səlması kimi hürriyyət şəhidləri, Seyid Cəfər Pişəvəri, Şəriətmədari kimi siyasi xadimlər və s. bu qəbildəndirlər. Min illik bir dönəmdə "İran" deyilən məmləkətdə bu səviyyələrdə bir dənə də olsun fars qəhrəmanı göstərmək mümkün deyil və yoxdur. "İran" deyilən məmləkətin min illik siyasi həyatı, siyasi tarixi də məhz Azərbaycan Türklərinin adı ilə bağlıdır. İranın birinci və ikinci məclislərinin də əsas nüfuzlu millət vəkilləri məhz Azərbaycan Türkləri olmuşlar.

"İran" deyilən bir məmləkətin XX əsr siyasi tarixinin önəmli bir hissəsini Güney Azərbaycan Türklərinin Milli azadlıq hərəkatı və demokratiya uğrunda mübarizəsi təşkil edir. Bu hərəkatın ilk başlanğıcı 1906-cı ildə "Məşrutə inqilabı" ilə bağlıdır. "Məşrutə" fərmanı imzalayan, Məclisin hazırladığı Konstitusiyanı - Əsas Qanunu təsdiq edən Müzəffərəddin Şah öldükdən sonra hakimiyyətə gələn Məmmədəli Şah atasının fərmanlarını ləğv edib 23 iyun 1908-ci ildə rus kazak briqadasının komandiri polkovnik İlaxovun vasitəsilə Tehranda məclisi top atəşinə tutmuş, bir növ dövlət çevrilişi etmişdi. Məmmədəli Şahın bu hərəkətlərindən sonra Güney Azərbaycan Sətarxan və Batırxanın başçılığı ilə yenidən ayağa qalxıb 11 aylıq döyüşdən sonra Məşrutiyyəti qoruyub saxlamış, onu yenidən "İran" deyilən məmləkətə qaytarmışdı. Dünya ictimai fikrində sensasiya kimi səslənən və tarixə "Sətarxan hərəkatı" kimi daxil olan bu tarixi qələbə Azərbaycanı İran Məşrutə inqilabının həqiqi anlamda mərkəzinə çevirmişdi. Bu hərəkat nəticəsində Tehran azad edilmiş, Konstitusiya bərpa edilmiş, Məmmədəli şah ölkəni tərk edərək qaçmış, bununla da gələcək İran şahlarının qaçmaq, ölkəni tərk etmək ənənəsinin əsası qoyulmuşdu.

Güney Azərbaycan Türkləri "Məşrutiyyət"in ilk dönəmində əsasən çağdaşlaşma və qanuna dayalı bir siyasi sistem uğrunda mücadilə etmişlər. "Məşrutiyyət"ə qədər Azərbaycan Türk kimliyi İran kimliyinin tərkib hissəsi kimi özünü göstərmişdi. Məşrutə inqilabına qədər "İran" adlanan məmləkət əsasən Türk aristokratiyası və Qacar hökumət adamları tərəfindən idarə olunmuş, Azərbaycanın varlı təbəqələrinin nümayəndələri Qacar şahları və vəliəhdlərlə sıx əməkdaşlıq etmiş, Azərbaycan Türklərindən ibarət olan hərbi hissə səltənətin əsas bazasını təşkil etmişdi.

Məşrutə hərəkatı və ondan sonrakı dönəmdə həm yerli, həm mərkəzi və həm də mövcud feodal sistemdə baş verən dəyişikliklər Mərkəzi hökumətdə, Məclis və hökumət kabinetində qeyri-türk xalqların nüfuzunun artmasına, saylarının çoxalmasına yol açmışdı. "Məşrutiyyət"in gerçəkləşməsi bir çox siyasi amillərlə bağlı olsa da, bizcə ən mühüm amil öz çirkin niyyətlərini həyata keçirməyə çalışan qüzeydən Rusiya, güneydən isə Britaniya İmperatorluqları tərəfindən Qacar Türk xanədanının (1779-1925) sıxışdırılması və sonda "İran" deyilən məmləkətdə Türk hakimiyyətinə son qoymaq olmuşdu. Çox təəssüflər olsun ki, bu işdə dövlət və dövlətçiliyin mahiyyətini tam anlamayan bir çox Azərbaycan ziyalıları da bu işə rəvac vermiş, "Məşrutiyyət"i və Məşrutiyyət qəhrəmanları Səttarxan və Bağırxanı alqışlamış və sonda "İran" deyilən məmləkətin 1000 illik Türk hakimiyyəti xarici Türk düşmənlərinin səyi ilə farsların əlinə keçməsi ilə nəticələnmişdir. Bütün bunlarla yanaşı, Məşrutə hərəkatı Güney Azərbaycan Türklərinin bütün zümrələrini bir araya gətirmiş, Güney Azərbaycan Türkləri siyasi təşkilata, milli mətbuata, milli tədrisə nail olmuş və Güney Azərbaycan Türkləri ilə Qüzey Azərbaycan və Türkiyə Türkləri arasında ideoloji-siyasi birlik yaratmışdı. "Məşrutiyyət"ə qədər kənd, qəsəbə, şəhər və hətta qəbilə, tayfa kimliyinə dayanan İran cəmiyyəti "Məşrutiyyət" dövründə milli kimlik məsələsini surətlə ön plana çıxarmış, ümətçilik öz yerini milliyyətçiliyə tərk etməyə üz tutmuş, fars kimliyi ilə yanaşı Azərbaycan Türk siyasi kimliyi də ortaya çıxmışdı. Belə ki, Güney Azərbaycanda Azərbaycan Türklərinin səyi ilə yürürlüyə girən "Məşrutiyyət fərmanı" nəticəsində Təbrizdə "Əncüməni-Milli Təbriz" qurulmuşdu ki, bu əncumən Məşrutiyyət dövründə qurulan ilk "Əncümən” olaraq tarixə düşmüşdür. Bu "Əncümən"in vəzifəsi seçkilər üçün hazırlıq yapmaq idi. Bu Əncümən sayəsində 20 Azərbaycan Türkü Əncümənə üzv seçilmiş, Güney Azərbaycanda milli təfəkkür surətlə inkişaf etməyə başlamış, məzhəb çatışmalarına son verilmiş, Türkcə tədris yapan məktəblər yaranmış, Türkcə mətbuat inkişaf etmiş, yeni siyasi təşkilatlar yaranmağa başlamış, ümumiyyətlə "Əncüməni Milli Təbriz" Güney Azərbaycanın idarə edilməsində önəmli yer qazanmışdı. "Əncüməni Milli Təbriz"in siyasi beynini "Mərkəzi-Qeybi" adlı təşkilat təşkil edirdi ki, bu gizli təşkilat tədqiqatçıların fikrincə, Nəriman Nərimanovun dəstəklədiyi Güney Azərbaycan Türkləri tərəfindən Bakıda yaradılan Sosial Demokrat Partiyasının kod adı olan "İctimaiyyun Amiyun" Partiyası idi. Bu partiya Rusiya Sosial Demokrat Partiyasının nizamnaməsini öz nizamnaməsi kimi qəbul etmişdi.

Bəllidir ki, bu dövrdə Bakı ilə Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz arasında canlı əlaqə var idi. Ümumiyyətlə, o dövrdə Arazın o tayı ilə bu tayı arasında bütün maneələrə baxmayaraq, müntəzəm əlaqə var idi. Qabaqcıl, açıq fikirli insanlar bir-biri ilə tez-tez görüşür, yazışırdılar.

"İctimaiyyun Amiyun" Partiyası Kəlbəlayi Əli (Əli Müsyö), Hacı Rutsal Sedginov, Əli Davaçı başda olmaqla 11 nəfərlik bir siyasi qrupp tərəfindən idarə olunurdu. Partiyanın lideri Əli Müsyö idi. Bu partiya Azərbaycan toplumunun bütün zümrələrini bir araya gətirmiş, silahlı mübarizəni əsas götürmüş, Rusiya Sosial Demokratları tərəfindən silahla təmin edilmiş "Mücahid" adlı silahlı bir dəstə yaratmışdı ki, bu silahlı dəstə Məsrutiyyətin qoruyucusu halına gətirilmişdi. Azərbaycan Türkləri bu mücahid dəstəsinə könüllü qoşulmuşdular. Ümumiyyətlə, Məşrutiyyəti qorumaq üçün Quzey Azərbaycan milliyyətçiləri ilə Güney Azərbaycan mücahidləri bu dövrdə bərabər çalışmış və "Qafqaz mücahidləri" kimi tanınmışdılar.

"Məşrutə hərəkatı"nın iştirakçısı olmuş tədqiqatçılar yazmışlar ki: "Təbrizdəki hərəkat mütləqiyyətin qələbə ümidlərini puç etdi". "1799-cu il Fransa inqilabında Yakobinlər böyük fəaliyyət göstərdikləri kimi, azərbaycanlılar da Məşrutə inqilabının genişlənməsində, dinc mübarizənin döyüşlərə çevrilməsində böyük fəaliyyət göstərmişlər. Fəqət imperialist dövlətlər daxili irtica qüvvələri ilə birləşib Təbrizə və Güney Azərbaycanın digər bölgə və şəhərlərinə qoşun yeritmiş, inqilab başçıları və mücahidlərə şiddətli divan tutmuş, çar zabitləri Təbrizdə hərbi məhkəmələr quraraq minlərlə ata-babalarımızı dar ağacından asmış, zindanlara salmış, sürgünə göndərmiş, bir sözlə imperialist qüvvələrin yardımı ilə Azərbaycan Türklərini qan içində boğaraq Məşrutə hərəkatına son qoymuş, Məmmədəli şahın oğlu Əhməd Mirzəni taxtda oturtmuşdular. Lakin az bir zamandan sonra Azərbaycan Türkləri Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə dini və daha güclü inqilabi hərəkata başlamışdılar.

Məşrutə inqilabı istər Güney Azərbaycan, istərsə də İran deyilən məmləkətin siyasi həyatına Səttarxan, Bağırxan, Əli Müsyo (Kərbəlayi Əli – A.M.) ilə yanaşı Şeyx Məhəmməd Xiyabani kimi böyük bir mücahid də bəxş etmişdir.

Şeyx Məhəmməd Xiyabani (Xiyabaninin həyat və fəaliyyəti haqqında geniş məlumat üçün bax: Əli Azəri, Xiyabani, Türkcəyə çevirən Seyfəddin Altaylı, Ankara 1996; Əhməd Kəsrəvi, Azərbaycanın on səkkiz illik tarixi (farsca), Tehran 1938; Şeyx Məhəmməd Xiyabani və Azadıstan dövləti (1920), Məqalələr toplusu, Ankara 2005, Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı 2000). 1879-cu ildə Güney Azərbaycanın Xamənə şəhərində anadan olmuş, dini və dünyəvi təhsil almış, fransızca və rusca öyrənmiş, Məşrutə inqilabından öncə Təbrizdə iki camidə imamlıq yapmışdır.

Xiyabaninin siyasi həyatı Məşrutə inqilabı ilə başlamışdır. O, inqilab dövründə silahlanaraq sipərlərdə dolaşmış, mücahidləri istiqamətləndirmə vəzifəsini icra etmiş, Təbriz Milli Əncüməninə (Məclisinə) üzv seçilmiş, 1909-cu il 2-ci dönəm seçkilərində də Məclisə millət vəkili seçilmişdi. İkinci Məclis rus hərbiçiləri tərəfindən dağıdıldıqdan sonra Demokrat Partiyasının bəzi üzvləri həbs edilmiş, bəziləri sürgünə göndərilmiş, Tehran polis rəisi, milliyyətcə erməni olan daşnak Yefrem Xiyabanini də həbs etmək əmri vermiş, lakin Xiyabani öz məsləkdaşları ilə bərabər Tehrandan ayrılmış, öncə Xorasana, sonra isə Rusiyaya getmiş, Qüzey Azərşaycanda yaşayan Güney Azərbaycanlıların durumu ilə yaxından maraqlanmış, Bakıda rus Sosial Demokratları ilə əlaqə yaratmış, nəhayət 1914-cü ildə yenidən Təbrizə gəlmişdir. Belə bir dövrdə Məşrutiyyətə isti münasibət bildirən Əhməd Şah Qacar Məclisin açılması üçün fərman imzalamış, lakin rusların hərbi gücünə arxalanan Təbriz valisi “Şücaüddövlə” ünvanı daşıyan Səməd Xan seçkilərdə Azərbaycan Demokrat Partiyasının qalib gələcəyini bildiyi üçün Güney Azərbaycanda seçkilərin keçirilməsinə icazə verməmiş, ona görə də Məclisdə Azərbaycan milləti vəkilsiz qalmışdır. Belə bir vəziyyətdə I Dünya müharibəsi başlamışdı.

Birinci dünya müharibəsində Qacarlar dövləti rəsmi şəkildə iştirak etməsə də onun əraziləri müharibə aparan Antanta (İngiltərə, Fransa və Rusiya İttifaqı) və Almaniyanın başçılıq etdiyi “Üçlər İttifaqı” dövlətlərinin mənafelərinin toqquşduğu bir məkan olmuşdu. Bu dövlətlərin hər birinin Qacarlar dövləti haqqında öz planları var idi. Hər iki bloka daxil olan dövlətlər çalışırdı ki, Qacarlar dövləti onlardan birinin müttəfiqi kimi müharibəyə qoşulsun. Lakin Qacarlar bu müharibədə özünü bitərəf elan etməsinə baxmayaraq onun əraziləri müharibə aparan dövlətlərin işğalı altına düşmüş, onsuz da geri qalan ölkə iqtisadiyyatı daha da geriləmiş, ölkədə ərzaq qıtlığı yaranmışdı. Müharibə ərəfəsində Güney Azərbaycana soxulan rus qoşunları buradakı ərzağı daşıyıb aparmış, yerlərdə silah gücünə öz mövqe və hökmranlığını möhkəmləndirmişdi. Bu vəziyyət “Üçlər İttifaqı” na daxil olan Osmanlı dövlətini narahat etməyə başlamış vəTürk qoşunları 1914-cü ilan dekabrında Güney Azərbaycana daxil olaraq əslində Qafqaz cəbhəsinin davamı olan yeni cəbhənin açılmasına nail olmuşdular.

Rusların çağırışı ilə köməyə gələn Şücaüddövlənin təşkil etdiyi əksəriyyəti Azərbaycanlılardan ibarət alay Türklərlə vuruşmaqdan imtina etdiyindən ruslar Türklərə məğlub olmuş, Şücaüddövlə əsir düşməkdən güclə xilas olub qaçmış, Azərbaycan valisi Sərdar Rəşid başda olmaqla xalq Türk ordusunu təntənə ilə qarşılamışdı. Rusiya və İngiltərə tərəfdarı bəzi kürd və Azərbaycanlı tayfa başçıları satqınlıq və xəyanət etdiklərinə görə Türk komandanlığı tərəfindən cəzalandırılmış, ərazidə ciddi nizam – intizam yaradılmışdı. Yerli əhaliyə böyük inamı olan Türk komandanları bir çox ciddi vəzifələrin icrasını yerli Azərbaycan Türklərinə tapşırmışdı.

1915-ci il yanvar ayının ikinci yarısında Antanta qüvvələri tərəfindən Türk ordusunun Sarıqamışda ağır məğlubiyyətə uğraması müharibənin gedişində Antanta İttifaqının xeyrinə əhəmiyyətli dönüş yaratmış, bütün qüvvələri ön cəbhəyə səfərbər edən Türkiyənin Güney Azərbaycanda da hərbi gücünü zəiflətmişdi. Bundan istifadə edən Rusiya öz müttəfiqlərinin köməyi ilə yenidən Güney Azərbaycana soxularaq 17 yanvar 1915-ci ildə yenidən Təbrizi işğal etmiş və rus hərbi hissələri 1918-ci ilin əvvəlinədək burada qalaraq ölkə iqtisadiyyatına ağır zərbə vurmuşdular. Əslində I Dünya müharibəsi imperialist qüvvələrin Güney Azərbaycan və ümumən Yaxın Şərqdə müstəmləkəçilik hökmranlığını möhkəmlətmək üçün əlverişli vasitə olmuşdu.

Təbiidir ki, ölkənin və xalqın düşdüyü bu ağır vəziyyətlə xalqın mənafeyini düşünən qüvvələr razılaşa bilməzdilər və razılaşmadılar da. Hələ müharibə başlandığı dövrlərdə fəaliyyətə başlayan 3-cü Məclis deputatlarının əksəriyyəti və Məşrutə dönəmində yaradılmış İran Demokrat Partiyası ingilis və rus müstəmləkəçiliyindənsə Alman–Türk blokuna tərfdar çıxmış, Partiyanın Güney Azərbaycan təşkilatı isə konstruktiv bir mövqe tutaraq bütün xarici qoşunların ölkədən çıxarılmasını, istiqlaliyyət və suverenliyin tam bərpa olunmasını tələb etmiş və bunun əleyhinə çıxan bütün daxili və xarici qüvvələrə qarşı qətiyyətli və barışmaz mübarizəyə aparacağını elan etmişdi. İran Demokrat Partiyasının gizli fəaliyyət göstərən Güney Azərbaycan təşkilatı və onun Təbriz Komitəsinə Mirzə Əli Çayçı, Mirzə Əli Xan Postxana, Hacı Məhəmmədəli Badamçı başçılıq edirdilər. Məşrutə inqilabı yatırıldıqdan sonra irtica qüvvələrinin əlinə düşməmək üçün ölkəni tərk edən Şeyx Məhəmməd Xiyabaninin vətənə qayıtması və azadlıq hərəkatı rəhbərliyində ciddi fəaliyyətə başlaması Güney Azərbaycandakı xalq hərəkatına yeni nəfəs vermişdi (Seçmələr bizimdir – A.M. Bax: Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı 2000, səh. 179 -183).

Fevral 1917-ci ildə çarizmin devrilməsi Rusiyanın xaricdəki, o cümlədən də İran və Güney Azərbaycandakı qüvvələrini geri çağırması ilə Güney Azərbaycanın bir sıra vilayət mərkəzlərində İran Demokrat Partiyasının yerli partiya komitələri açıq fəaliyyətə keçmiş, təşkilatın mətbuat orqanı “Təcəddüd” (“Yeniləşmə”) qəzeti nəşrə başlamış, 24 avqust 1917-ci ildə Təbrizdə Güney Azərbaycanın müxtəlif vilayətlərindən olan 480 nümayəndənin iştirakı ilə Partiyanın yerli komitəsinin konfransı keçirilmiş və Konfrans Azərbaycan Demokrat Partiyasını (ADR) müstəqil elan etmişdi. Konfrans Şeyx Məhəmməd Xiyabani başda olmaqla Partiyanın Mərkəzi Komitəsini seçmişdi. Bu dövrdən etibarən Güney Azərbaycanın Demokrat Partiyasının fəaliyyət dairəsi xeyli genişlənmiş, partiyanın ayrı –ayrı yerlərdə, o cümlədən hətta Bakıda da yeni təşkilatları yaranmışdı. Bu dövrdə Xiyabani rəsmən iqtidarda olmasa da bir ilə yaxın sürən bu dönəmdə Güney Azərbaycanın bütün işləri Xiyabaninin rəhbərlik etdiyi Azərbaycanın Demokrat Partiyası tərəfindən yönətilmişdi.

Tarixi faktlar göstərir ki, rus ordusu Güney Azərbaycandan geri çəkilərkən bir qismi bölgədə qalaraq böyük faciələr törətmiş, Urmiyada ağır bir yanğın çıxarmış, erməni və aysori xristian birlikləri ilə birləşərək yerli xalqa və Osmanlı Türk Ordusuna qarşı savaşa qoşulmuşdular. Bu dövrdə Osmanlı İmperatotluğundan köç edən aysori və ermənilərdən, həmçinin Yerevan, Van və Naxçıvandan gələn ermənilərdən ibarət 20 minlik bir ordu qurulmuş və bu orduya 800 rus və 72 fransız komandiri komandanlıq etmiş, Amerika konsulu və xüsusilə Urmiyada yerləşən Amerika Xristian Missiyası və Fransız xəstəxanasının müdiri bunlara “ xaç atalığı” etmişdilər. Bütün bu birləşmiş birliklər 1917-ci ildə Güney Azərbaycanın Urmiya və ətrafındakı şəhərləri ələ keçirmiş, xeyli sayda insan ölümünə səbəb olmuşdular.

Bütün bunlar yalnız Osmanlı Türk Ordusunun Güneyli Quzeyli Azərbaycana səfəri ilə sona çatmışdı. İki istiqamətdən – Qars və Aleksandrapoldan çıxaraq Qarakilsə - Dilican – Qazax və Akstafadan Gəncəyə və Güney Azərbaycan istiqamətində Mosuldan çıxaraq Rəvanduz–Soyuqbulaq-Təbriz yolu ilə Zəngəzur mahalına varmış Nuru Paşanın başçılığı ilə Osmanlı ordusu Salması aysorilərdən geri alaraq Xoya yönəlmiş, Ermənistanda rus ordusunun komandir müavini General Adranikin (Məşhur “qulağı kəsik” Adranik Paşa) birliklərini məğlub etmiş, bir il erməni və aysori birləşmiş qoşunlarının işğalı altında qalan Urmiyanı azad etmişdi. Bu zəfərdən sonra xalqın böyük coşqusu ilə qarşılanan Osmanlı Türk Ordusu Təbrizə daxil olmuş, Təbriz valisi Hacı Möhtəşəm üs-Səltənəni vəzifəsindən kənarlaşdıraraq yerinə erməni və aysori birliklərini Miyanabad yaxınlığında məğlub edən Məcid üs-Səltənəni vali təyin etmişdi. Osmanlı ordusunda Azərbaycan Türkləri də erməni və aysori birləşmiş qoşunlarına qarşı vuruşmuş və bu Azərbaycanlılar Osmanlı nüfuzu altında Təbrizdə də Bəybaşı Yusif Ziyanın başçılığı ilə “İttihadi İslam” Partiyasının yerli təşkilatını yaratmışdı. Bu partiyanın orqanı olan “Azerbadeqan” qəzetinə Trabzonda təhsil almış gənc Azərbaycanlı şair Mirzə Rəfat redaktor təyin edilmişdi. Bu dönəmdə İttihadi-İslam Partiyasinin bəzi üzvləri, xüsusilə Təbrizin mücahid liderlərindən olan və Osmanlı ordusunda savaşan Hacı Ağa Bulun Xiyabanini özünə rəqib gördüyündən onu ruspərəstlikdə suçlamış, ona görə də Təbrizdəki Osmanlı yetkililəri Azərbaycanın Demokrat Partiyasını qapadaraq Xiyabani və Nubərini həbs edərək öncə Qarsda həbsdə saxlamış, sonra isə Fars bölgəsinə sürgün etmişdilər.

Tədqiqatçılar qeyd edirlər ki, Osmanlı dövlətinin əsas məqsədi Rusiya ilə Türkiyə arasında tampon dövlət olaraq Bütöv Azərbaycan dövləti yaratmaq idi. Bu məqsədlə savaş əsnasında İttihad və Tərəqqi Komitəsinin Qafqaz məsələləri üzrə baş sözcüsü Ömər Naci Bəy Güney Azərbaycanda Qüzey Azərbaycanın birləşərək Birləşmiş Azərbaycan dövlətinin yaradılması fikrini irəli sürmüşdü.

Birinci Dünya müharibəsində məğlub olan Osmanlı ordusu 1918-ci ilin noyabr ayında Güney Azərbaycanı da tərk etdiyindən Xiyabani Azərbaycana geri dönmüş, Azərbaycanın Demokrat Partiyasını yenidən bərpa etmiş, partiyanın orqanı “Təcəddüd” yenidən nəşrə başlamışdı. Bu dövrdə partiya içində parçalanma olmuş, partiya Xiyabani və doktor Zeynəlabdin Xanın öndərliyində iki qrupa ayrılmışdı. “Təcəddüdçülər” qrupuna başçılıq edən Xiyabaniyə qarşı “Tənqidçilər” partiyanın sadəcə Azərbaycan partiyası olmasına və Osmanlı ordusu Azərbaycanda olduğu dövrdə “Azerbadeqan” qəzetini yayınlayan, ilk dəfə Güneydə “Güney Azərbaycan Türklüyü” məsələsi ilə bağlı məqalə yazan gənc şair Mirzə Tağı Rəfatın Türklərlə iş birliyində olduğu üçün partiyaya alınmamasına qarşı tələblər irəli sürmüş, lakin Xiyabani bu tələbləri qəbul etməmiş, Mirzə Tağı Rəfatı yenidən partiyanın orqanı olan Türkcə -Farsca “Təcəddüd” qəzetinin redaktoru təyin etmiş, partiyada yeini dəyişikliklər apararaq sonralar Rza şah dövründə panfarsizmin ideoloqlarından əslən Azərbaycan Türkü olan Əhməd Kəsrəvinin də daxil olduğu “Tənqidçilər” fraksiyasını partiyadan kənarlaşdırmışdı.

1919-cu ildə Güney Azərbaycanda gərgin vəziyyət yarandığı bir şəraitdə ADP çox fəal siyasi iş aparmış, ölkəni siyasi və iqtisadi cəhətdən İngiltərədən tam asılı vəziyyətə salan Vüsuquddövlə hökümətinə qarşı mübarizəni daha da şiddətləndirmiş, xalqı ayağa qaldıraraq silahlı üsyana hazırlamış, nəhayət 7 aprel 1920–ci ildə Güney Azərbaycanda silahlı üsyan başlamışdı. Silahlı üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) təşkil olunmuş, bu təşkilata Şeyx Məhəmməd Xiyabani başçılıq etmiş, üsyançılar bu təşkilatın rəhbərliyi altında iki gün müddətində yerli dövlət idarələrini demək olar ki, ələ keçirmiş, şəhər polisi və ingilis hərbi qüvvələrini əyaləti tərk etməyə məcbur etmiş, silahlı üsyançılar qan tökülmədən qələbə çalmış, Müstəqil Azərbaycan Höküməti yaranmış, Güney Azərbaycanın rəsmi dövlət adı kimi “Azadıstan məmləkəti” elan edilmiş və bu adın rəsmən tanınması mərkəzi hökümətdən tələb olunmuşdu.

İctimai İdarə Heyəti mərkəzdən təyin edilmiş dövlət məmurları və hərbi qulluqçuları Təbrizdən qovmuş, yerlərinə ADP-nin tanınmış üzvlərini təyin etmişdi. Təbrizdə başlanmış üsyan tədricən Güney Azərbaycanın digər mahal və şəhərlərini də əhatə etmiş, İran Konstitusiyasına uyğun olaraq Demokratik islahat, torpaq reformu, mərkəzdə Milli Məclisin yenidən seçilməsi və Əyalət Əncümənlərinin yaradılması haqqında müraciətə cavab verilmədiyindən İctimai İdarə Heyəti Milli Höküməti yaratmış, Şeyx Məhəmməd Xiyabani Milli Hökümətin rəhbəri seçilmişdi. Mərkəzi Hökümətin tərkibinə ADP-nin 20 nəfər üzvü daxil edilmiş, Milli Hökümətin mərkəzi orqanı olan “Təcəddüd” qəzetinin redaksiyası vəliəhdin iqamətgahı olan Ala Qapıya köçürülmüş, beləliklə Təbrizdə mərkəzdən təyin edilmiş heç bir məmur qalmamışdı.

İlk əvvəllər hərəkat rəhbərləri Azərbaycana muxtariyyət verilməsi, Konstitusiyasının təkmilləşdirilməsi və konstitusiyalı monarxiya tərəfdarı kimi çıxış edirdilərsə, Milli Hökümət yaradıldıqdan sonra artıq İranda monarxiya rejiminin ləğvi və Respublika yaradılması fikrini irəli sürməyə başlamışdılar. Cəmi 5 ay yaşamasına baxmayaraq Milli Hökümət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. sahələrdə islahatlar həyata keçirməyə başlamış, bu sahələr üzrə müvafiq idarə və nazirliklər yaratmışdı. Çox təəssüflər olsun ki, mərkəzi hökümət İngiltərə nümayəndələri ilə birgə hazırladıqları silahlı hücum nəticəsində 11 sentyabr 1920-ci ildə Təbriz üzərinə qəfil hücuma keçmiş, sentyabrın 14-də Xiyabanini şəhid etmiş, üsyançılara amansız divan tutmuş, onların evlərini yandırmış, yüzlərlə üsyançı edam edilmiş, Azərbaycan Milli Hökümətinə son qoymuşdular.

1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Güney Azərbaycan Türklərinin yaratdığı bu Mili Hökümət Azərbaycan xalqının milli- azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxmış, Xiyabaninin şah əsəri olan “Azərbaycan və Azərbaycan demokratiyası ” adlı məqalə - essesi bu gün də Azərbaycan Türklərinə milli qürur, vətənpərvərlik, dəyanət, öz qüvvəsinə inam aşılayır, hazırkı Milli Hərəkatçılarda Güney Azərbaycanın müstəqilliyinə bir inam yaradır. Çünki Xiyabani ilk dəfə olaraq Güney Azərbaycanda Azərbaycanlılığı ön plana çıxarmış və Azərbaycançılıqdan bir hökümət ideologiyası oluşdurmuşdu.

Şeyx Məhəmməd Xiyabaninin : “Ey əziz Azərbaycan! Sən bir iti gözsən ki, İran səninlə çağdaş mədəniyyətə baxır”, “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur”, “Ey Azərbaycan! Ey Azərbaycan demokratiyası! Sən təcəddüd və təkamülün geniş meydanının tənha yolçususan! Sən təcrübə keçmisən, imtahandan çıxmısan və indi Sənin qarşında yeni bir dövr açılır. İstibdad əleyhinə üsyan, əcnəbi istilasına qarşı müqavimət, pozucu ünsürlərlə mübarizə, şücaət, qeyrət və mətanət tələb edir. Bunların hamısı pak övladların ruhunda vardır. Keçmişin xarabaları üzərində gələcəyin sarayları yüksəlməlidir. Ey ölməz Azərbaycan! Bu ümidləri doğrult, başını uca tut, yaşa, həmişə yaşa!” və s. kimi söyləmləri bu gün belə Güney Azərbaycan Türklərinin Milli Hərəkatına yön verməkdə, onu yeni – yeni qələbələrə ruhlandırmaqdadır.

Bu hər iki hərəkat – Məşrutə inqilabı və Xiyabani hərəkatı hətta Əhməd Şah Qacara da öz təsirini göstərmiş və onda xarici istismarçılara qarşı yüksək ruh yaratmışdı. Belə ki, hələ 1919-cu ildə İngiltərənin nökəri olan Vüsuquddövlənin təklif etdiyi təhqiramiz müqaviləni Əhməd Şah Qacar müxtəlif təzyiqlərə baxmayaraq rədd etmişdi ki, bu da onun qərb müstəmləkəçilərinə qarşı mövqeyini göstərirdi. Ona görə də Əhməd Şah Qacarın fikir, demokratiya və müasirlik planlarından imperialist qüvvələr və istismarçılara bağlı olan təbəqələr, xüsusilə Qacarlar dövlətində xaricilərin əli ilə yüksək ali hərbi rütbələrə yiyələnən məmurlar qorxuya düşmüş və Qacarlar dövlətini 1925-ci ildə devirib 1000 illik Türk hakimiyyətinə son qoymuş, mehtərbaşı Rzanı hakimiyyətə gətirmişdilər.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə