GüNaz tv-nin 05. 06. 09 proqramı üzərinə Sual: GüNaz tv-nin dün gecəki proqramı haqqında nə düşünürsünüz?




Yüklə 19.38 Kb.
tarix20.04.2016
ölçüsü19.38 Kb.
Güntay Gəncalp
GüNaZ TV-nin 05.06.09 proqramı üzərinə
Sual: GüNaZ TV-nin dün gecəki proqramı haqqında nə düşünürsünüz?

Cavab: Son zamanlar klassik ədəbiyatımız və dəyərlərimiz üzərinə diqqətimi yönəltmişəm. Şəmsi-Təbrizin fikirləri üzərinə bir məqalə yazırdım. Təsadüfən GüNaZ TV-ni açdım və birinin estetik olmayan yüksək səslə bağırtılarını duydum. Səsi azaldıb dinləmək istədim. Gördüm “toydan sonrakı nağara”dır mövzu. Yəni rejimin susdurduğu Ələmi haqqında çox sayqısız, ədəbsiz sözlər tələffüz edir adam. Tez qələmi əlimə alıb bəzi notlar yazdım bu “stratejist” “alim”in sözlərindən. Sonra gördüm ki, ağzının dediyini qulağı duymur. Məsələn bir tərəfdən deyir ki, “Ələminin bir əli rejimin kasasındadır...”, “Ələminin sədaqəti varsa, çıxsın açıqlasın ki, onu kim namzəd olmağa vadar etmiş, ifşa etsin.” Sonra proqramın yönəticisi deyir ki, Ələmi haqqında dedikləriniz TV-nin fikri deyil. Dərhal adamın özünəgüvəni itir və “Mən Ələmi haqqında pis söz demədim”- deyir. Pis söz nəyə deyərlər? Ələmiyə TV də söyüşmü verəcəkdi? Ələmi bu rejimdə mafiyaya çevrilmiş adamları açıqca ifşa etdi. “Ölkəni 200 nəfərdən ibarət olan sərmayə tanrıları talan edir” dedi. Çox sözlər dedi və bu üzdən də onu cəzalandırdılar. Yıxılana hücum etmək belə nifrət və kin dolu adamlara xas bir rəftardır. Məncə belə adamlar, yəni Arif Kəskin kimi yeni-yetmələr bir az səbirli olub öncə gedib mədəniyətlərini artıracaq, kinlərini ortadan qaldıracaq kitablar oxumalıdırlar. Məslən Füzulini çox oxumalıdır ki, kənddən, dərədən, təpədən içinə dolmuş şiddət duyğuları arınsın. Adam nə qədər sayqısız olmalıdır ki, rejimin cəzalandırdığı bir fərdi və o fərdə sempatisi olanları belə ədəbsizcə anımsamalıdır?! “Ələmini rəhbər olaraq göstərənlər utanıb yerə girsinlər!”- deyir. Öncə bunu bəlli etmək lazımdır ki, Ələmi olayında kimsə onu “rəhbər” olaraq göstərmədi. Ələmini keçmişinə görə bu qaba səsli adam tənqid edir, tamam etsin. Tənqid etsin ancaq təhqir etməsin. Bir TV-də adam necə danışacağına diqqət etməlidir. Ələmini rejimin kasasında əli olmaqla suçlayır. Nədən? Çünkü keçmişində Ələmi pasdar olub! Bu adam özü keçmişində nə olub? Bu adam da özü keçmişdə Mücahid olmuş və bu üzdən də yaxalanıb zindana düşmüş. Necə olur keçmişində Mücahid olan gəlib milli hərəkətə qatılma haqqını özünə tanıyır, ancaq keçmişdə bir pasdar olan gəlib milli hərəkətə qatıla bilməzmiş! Bir haldakı milli hərəkətə pasdar Mücahiddən daha yaxındır. Yəni adam elə sayıqlayırdı ki, sözlərinin məntiqi axışını itirmişdi. Sadəcə bağırtı eşidilirdi. Ələminin tərəfindən cavab verəcək səlahiyətim yoxdur, çünkü Ələmi ilə heç bir mənəvi və siyasi yaxınlığım yoxdur. Lakin adamda bir az kültür olar, nəzakət olar. Adama sormazlarmı ki, “sən kimsən ki, adamlardan cəsarət tələb edirsin?” Ələmi cəsarətini neçə kərə göstərmişdir. Gəlib cəsarət konusunda sənin sınavındanmı keçməlidir?” Ələmi çox cəsur bir şəkildə xordad olaylarında Şəhriyarın şeirini rejimin yetkililərinin üzünə oxumuşdu.

Adam “Ələmini bu yola çəkənlər hərəkətin enrjisini fərqli fərqli yönə aparacaqları bəlli idi...”- deyir. Bunlar sayıqlamalar deyilmi? Hərəkət nədir ki? Bu adama hərəkətin təmsilçisi kimi danışmaq yetkisini kim vermiş? Ələmiyə heç olmasa minlərcə adam Urmuda, Sulduzda, Təbrizdə dəstək verdilər. Bu adama da o qədər insan dəstək verdimi? 5 adamla bir yerdə olmağı başarırmı bu adam. Mən hələlik bu konulara toxunmuram. Ancaq hər kəs bunu bilməlidir ki, türk dilində danışan, türk olan hər kəs milli hərəkətə mənsub ola bilər. Ələmi hərəkəti hansı yanlış yola çəkdi ki? Güya Ələminin yanında olan hamı ağılsızdır, tək bu “stratejist” ağıllıdır. Hərəkət hansı sevimsiz yola düşmüş ki, bu adamın belə bağırtıları göyün yeddi qatına çatır? Bu adamın dərdi hərəkətin sapması filan deyil. Dərdi başqadır. Onun dərdini mən bilirəm və yavaş-yavaş tərbiyə edib sakitləşdirərik. Hər halda ortada bir yardımlaşma kültürümüz də olmalı, bəzi sayqısızları müalicə etməliyik. Elə şey olurmu ki, bir adam çıxsın Ələmiyə daxildə dəstək verən çox hörmətli insanlarımızı anlaşılmaz bağırtıları ilə aşağılasın, “utansınlar!”- desin və bizlər də kanardan seyirci olaraq baxaq. Belə adamlar susdurulmazsa çox ziyan verə bilər.Ələmi olayında utanılacaq nə edildi ki? Kimin haqqını yedik? Kimə zülm edik? Kimin haqsız yerə zindana düşməsinə səbəb olduq? Bu sayqısız adama görə Ələminin yanında toplaşıb və “Mən türkəm”, “Türk dilində mədrəsə” söyləyənlər utanmalıymışlar! Zatən bu gün tutuqlananların bir neçəsi Ələminin toplantılarında eyni şüarı bağırırdılar. İndi bunlar utanmalıdırlarmı? Adam gərgin səsi ilə “İndi hardadır Ələminin yanında olanlar?”- deyir. Hardadır evlərində. Həyatlarında. Mübarizələrində. Harda olduqlarını gəlib bu “stratejist”əmi bildirməlidirlər?

Sual: Ələmi məsələsi ilə bağlı nədən zamanında danışmadı. İndi zamanıdırmı? Zatən ələmini rejim susdurdu.

Cavab: Yıxılmışı vurmaq zeif ruhlu adamlara xasdır. Ancaq mənə görə Ələmi bitmiş bir olay deyildir. Ələmi bir qeyrətli Azərbaycan oğludur. Onu belə aşağılayıb yerin diblərinə soxmaq insafsızlıqdır. Buna nə Ələminin özü izn verər, nə də başqaları. Bu adam hadisəyə bir milliyətçi kimi deyil, bir Mücahid kimi baxır. “ələmi rejimin adamıdır”- deyir. O zaman rejim niyə ona millət vəkili olmaq, prezidentliyə aday olmaq üçün səlahiyət vermədi. Heç olmasa səlahiyət verib prezident olmasını önləyə bilərdilər. Ayrıca bizim davamız rejim davası deyil. Rejimin başında duran xamənei bir tək fətva ilə bizim milli məsələni çözə bilər. Tutalım ki, şərtlər və olayların axışı Xaməneiyini bu fətvanı verməyə zorladı. O zaman “Xamənei rejimin adamıdır deyib milli problemlərimizin çözümündən vazmı keçməliyik?” Bu bir qanuna uyğunluq və dialektik bir olqudur ki, hər rejim öz antitezini öz içindən çıxarar. Bu gün Əhmədinəjad 30 ildə inqilabın usturəsi olan Rəfsəncaniləri ifşa edir. Bir-birlərini yeməyə başlamışlar. 30 illik güvən içindən sarsılmışdır. Zatən rejim çökmək üzrədir. Bu rejim çökəndə hər halda bu qaba səsli adam gedib içəridə bir işin qulpundan yapışmayacaq. Elə daxildəki adamlar bu sorunun çözümü ilə uğraşacaqlar. Bu qaba səsli adamın danışığının bir ucunda da mən dayandığım üçün cavab vermək zorundayam. Və sadəcə öz tərəfimdən deyil, Ələmiyə şərtli olaraq dəstək verən dostlarımın da tərəfindən cavab verməliyəm. Əgər bugünkü kandidlər qövmlər söyləmini sıx tələffüz edirlərsə, bunun bir səbəbkarı da Ələmi oldu. Yəni bu adam nə danışdığını bilmir. “Ələmi Azərbaycan məsələsini caydıra bilmədiyi üçün buraxdı!”- deyir. Buraxmışmı gerçəkdən? Kimin nə edəcəyini gələcək göstərər. Ələminin hesabına ilk dəfə camilərimizdə latın əlifbası ilə “türk dilində mədrəsə” plakardları yüksəltildi. Belə bir soru sormaq lazımdır bu adam 100 dəfə dünyaya gəlsə Ələmi kimi örnəyin on min adamı bir yerə toplaya bilərmi? Fars dilində o qəzetdən, bu dərgidən bilgiləri tərcümə edib Türkiyənin istixbarat orqanlarına vermək yaradıcılıqmı? Əlindən xeyir bir iş gəlmirsə susmağı başaracaqsan, başarmasan suduran tapılar.



Sual: “Ələmi milli hərəkətin əlehinə müadilələri dəyişdirdi.”- deyir. Bu nə deməkdir?

Cavab: Ələmi müadiləni dəyişdirib nəyi gətirdi bidət olaraq? Ələmi və ya hər hansı biri öz millətini sevməsi üçün gəlib bu adamdanmı izn almalıdır? Adam nə söylədiyini bilmir. Milli hərəkətin Ələmi öncəsi müadiləsi nə idi, sonrası nə oldu? Bunu anlatmır ki. Elə gəlişi kəndinə görə gözəl görünən və bir-biri ilə irtibatı olmayan sözləri sayqısıca fırladır ağzından dışarı. Oysa insanın ağlının itdiyi belə durumlarda ağızı qıfıllı olsa çox yaxşı olar. Yoxsa adam özünü gözdən salar. “Ələmi Azərbaycandan istifadei-əbzari eləmək istəyirdi.”- deyir. Tamam eləsin. Biz də Ələmidən istifadə edərik. Ayrıca Ələminin gerçək niyətini hələ bilmirik. Gələcək çox şeylər ortaya qoya bilər. Biz Ələmini əzəli və əbədi olaraq dəstəkləmədik. Onun milli oyanışa bir xeyiri olar deyə dəstəklədik və elə də oldu. Onun zərəri nə oldu ki, adam Ələmi gündəmdə olanda susmuş, sonra ağlına gəlib ki, Ələmiyə və ona dəstək verənlərə qarşı tərbiyəsizlik etsin! “İpucu bizim əlimizdə deyil”- deyə bağırır. Bağırmağa gərək yox ki, get ipin ucunu al əlində saxla başarırsansa və vermə Ələmiyə. Bir yerinə sox gizlət ki, kimsə tapa bilməsin. Bu adam bu mühasibəsi ilə əgər hətta Abbas Lisani kimi biri adaylığa adını açıqlasa idi, həmən deyəcəkdi ki, Lesani bəy rejimlə anlaşıb niyə aday oldu. Ona görə də bağırmaqla işlər yürüməz ki. “Niyə o adamı irəli gətirib yumuruq yeyəni irəli çəkmirik?”- deyir. Adama sorarlar: Önünü kəsənmi var? Sən də yumuruq yeyəni önə çək. Əgər başarırsansa. Ayrıca hər yumuruq yeyən gəlib tarixi şəxsiyət olmaz, toplumun güvənini qazana bilməz. İctimai hərəkətin öncülü olmaq başqa məziyətlər tələb edər. Tarix boyu belə olmuşdur. Bu yanlış fikrini də Xumeyniyə istinad edərək deyir. Güya Xumeyni demiş ki, “mənim rəhbərim belinə qumbara bağlayıb tankın altına girən çocuqmuş.” Bu bənzətmədə özünü Xumeyninin yerinə qoyur. Bir haldaki hər kəs bilir ki, Xumeyni yalan deyirdi. Xumeyni bir savaş zehniyətindən dolayı minlərcə yeni-yetməni bədbəxt etdi. Oysa bizim hədəfimiz toplumu bədbəxt etmək deyildir. Mən bütünü ilə bunun tərsinə düşünürəm. Mənim rəhbərim daxildə zindana düşən adam deyil. O, öz milli vicdanının əmrini yerinə yetirir. Milli rəhbər zamanında yetişəcək. O rəhbər elə bu zindana düşənləri də azad edib qalan işləri də görəcək. Səbirli olmaq lazımdır.



06.06.2009





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə