Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş kitabxana Sisteminin Metodika şöbəsi




Yüklə 112.91 Kb.
tarix22.02.2016
ölçüsü112.91 Kb.
Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş kitabxana Sisteminin

Metodika şöbəsi


«Milli və bəşəri sənətkar»

/Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyi /

(metodik vəsait)

Gəncə - 2012
Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi

haqqında Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı



2012 ci ilin oktyabr ayında XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün (Xəlil Rza oğlu Xəlilovun) anadan olmasının 80 ili tamam olur.

Xəlil Rza Ulutürkün vətənpərvərlik duyğuları ilə zəngin ictimai-siyasi mövzulu yaradıcılığı xalqımızın bədii poetik fikir səlnaməsinin parlaq səhifələrini təşkil edir. Şair dünya ədəbiyyatı xəzinəsinin incilərini dilimizə uğurla çevirmişdir.

Müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xəlil Rza Ulutürkün 80 illik yubileyini layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Kontitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm

Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xəlil Rza Ulutürkün 80 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu

sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 4 iyun 2012-ci il.



X. R. Xəlilbəylinin (Xəlil Rza Ulutürkün)

«İstiqlal» ordeni ilə

Təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin

Fərmanı

Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə Xəlil Rza Ulutürk «İstiqlal » ordeni ilə təltif edilsin. (ölümündən sonra)

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev

Bakı şəhəri, 15 aprel 1995-ci il


Biz Türkləriz...Vətənimiz başdan-başa yer kürəsi

Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi.
Xəlil Rza Ulutürk






Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş, körpəyə babası Xəlil öz adını vermişdir. Körpə qayğı və nəvazişlə böyüdü. Yeddi yaşı olanda onu məktəbə göndərdilər.

İki saylı Salyan rayon orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərinin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanası-

nın ədəbiyyat dərnəyinin fəal üzvü idi. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini müta-

liə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdır. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı.

Onun ilk mətbu şeri 1948 ci ildə“Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur.

1949 cu ildəXəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühüti onun yaradıcılıq imkanlarına geniş yol açdı: Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü”məşğələlərin-

də fəal iştirak etmək Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərirdi.

1954 cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlamışdır. O, burada ədəbi işçi vəzifəsində çalışdığı ilk ildə dövrü mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.

1954 cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şeirlər toplusu – “Bahar gəlir”kitabı (1957)

nəşr olunur . 1957 ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M. Qorki adına Dünya Ədəbiyyat

İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı olması idi.

Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olmuşdur. Moskvada təhsil aldığı illərdə rus şairi Samuel Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması,Leninqrada “Ermitaj” xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.

1959 cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.

1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət

“Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azər-

baycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olmuşdur. Şairin ən böyük vəzifəsini yazıb-yaratmaqda görən Xəlil Rza yorulmadan, var qüvvəsi ilə çalışır, yeni şeirləri, elmi araşdırmaları ilə təsəlli tapırdı.

İstedadlı şair Xəlil Rza 1985 ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

1986 ci ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar İncəsənət Xadimi” adı verilir.

80 ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edir, lə-

nətləndirirdi.

Biz türküstan elləriyik

Qeyrət, qüdrət yelləriyik.

Daşnakları qovan bizik,

Dar gözləri ovan bizik.

Yetər meydan suladılar,

Yurdumuzu taladılar.

Bakımızı əzizləyək ,

Əqrəblərdən təmizləyək!

Şölə versin bu ləl, mərcan-

Ermənisiz Azərbaycan.
Azərbaycan ziyalıları zaman-zaman öz yaradıcılıqlarında

azərbaycançılıq ideyasına müraciət etmişlər.

Bu sahədə mərhum şairimiz Xəlil Rza Ulutürkü xüsusi ilə qeyd etmək vacibdir. Öz idealı uğrunda mübarizə aparan ziyalılar ordusu içərisində Xəlil Rza Ulutürk istiqlal şairləri

Məhəmməd Hadi, Əhməd Cavad, Məhəmməd Biriya kimi tarixi önəm kəsb etmişdir. Xəlil Rzanın milli idealında azərbaycançı-

lıq – Azərbaycanın taleyi və ideyaları ilə möhkəm bağlıdır. Sənətkarın poeziyasında Vətənin, xalqın ümumiləşmiş

obrazı zəngin mənbələrlə, qaynaqlarla müşayiət olunmuşdur.

Xəlil Rza azadlıq idealı ilə poeziyasına bəşəri məzmun gətirmişdir. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai-siyasi xadim, milli-

demokratik hərəkatımızın mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi simadır.

Onun poeziyasının kökü, mayası Vətən eşqi torpaq və dünya ilə bağlıdır. Şair yazırdı:

“Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şeksprin yaratdığı poeziya kəhkəşanlarını, İbn – Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur... Biz öz qüdrətli əllərimizi

sərhədlər, okeanlar üzərindən uzadıb bir – birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik. Yaşasın xalqların azadlıq idealı”.
İlk allahım, son allahım mübarizə ! Mənə bənzə!

Doğransam da xıncım – xıncım, zərrə-zərrə, rizə-rizə,

Məramımdır mübarizə! Mənə bənzə!
Xəlil Rza “şübhəli şəxs” kimi təqib olunmuş, 1990 ci il yanvarın 26 da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo

həbsxanasına göndərilmişdir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi” ni, 200 dən çox şer, poema və məktubunu qələmə alır.

“Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsü-

nün vəsiqəsidir.

Xəlil Rza 1990 cı ilin yanvarın 26 dək 40 illik ədəbi yaradı-

cılığı dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” təxəllüsü ilə çap etdirmişdir. “Xəlil Rza Ulutürk” təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair, ömrünün son illərində, dörd il beş ay 22 gün, dünyasını dəyişənə qədər yazdığı şeirlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra onun ömür-gün yoldaşı, vəfadarı Firəngiz xanım XX ci əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salaraq Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – “işıq üzü görməyən” əsərlərini nəşr etdirməklə onu yaşadır, əbədiyyətə, ölməzliyə qovuşdurur.


Mən bilirəm dünyaya elə bir gün gələcək:

Dağlara səs salacaq yalnız ovçu gülləsi.

* * * * *



Lakin o zaman belə qəlbimdə dillənəcək

Bakıda yerə hopmuş qanların şəlaləsi.
Moskva, Lefortovo zindanı,

10 fevral 1990.

Şəkər xəstəliyi olan şairin səhhəti həbsxanada daha da pozulmuşdur. 1990 cı il oktyabrın 9-da yatab qatarında Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı. Çox zəifləmiş, bənizi saralmış şair fiziki halsızlığına, xəstəliyinə baxmayaraq bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə atılmışdır.

1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülmüşdür. Bir ildən sonra ona Azərbarcan Respublikasının Xalq şairi fəxri adı verilmişdir.

Ən ağır,ən çətin fəth olunan bir zirvədən boylanmaq səadəti hələm- hələm kişiyə nəsib olmur. Belə ucalıqlardan biri də şəhidlik zirvəsidir. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil,

qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.

Təbriz 1991 ci ilin oktyabından 1992 ci ilin yanvar ayının 31-i nə kimi Qarabağın naxçivanik civarında gedən döyüşlərdə qəhrəman hökmüylə döyüşüb şəhid oldu. Olum ilə ölüm arasındakı treni həyat körpüsünə, ölümsüzlüyə çevirə bildi.

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin

8 oktyabr 1992 ci il tarixli fərmanı ilə Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ən böyük sevincsən, ən müqəddəs qəm,

Məni od içinə atan Təbrizim.

Üzünə baxanda balam deyirəm,

Adını çəkəndə atam Təbrizim!
Bir səhər, bir günəş var mənzilimdə,

Qoy dünyalar bilsin nəçisən kimsən.

Kiçik mənzilimdə, dar mənzilimdə,

Sən ucsuz-bucaqsız məmləkətimsən.
Bu misraları oxuyarkən şairin doğma balasına və vətəninə olan böyük, sonsuz məhəbbətini görürük.

Vətənini, millətini canından artıq sevən Xəlil Rza Ulutürk 1994 cü il iyunun 22-də vəfat etmiş və fəxri xiyabanda dəfn olunmuşdur.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlə-

rinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilmişdir.



*******

Xəlil Rza Ulutürkün həyat yolunun əsas

tarixləri


  1. - Oktyabrda Salyan qəzasının Pirəbbə

kəndində anadan olmuşdur (indi həmin kənd

Neftçala rayonu ərazisindədir.

1948 - İlk mətbu şeri «Kitab»«Azərbaycan pioneri»

qəzetində dərc edilmişdir.

1949-1954 - ADU-nun filologiya fakültəsinin jurnalistlik

şöbəsində təhsil almışdır.



  1. - SSRİ Yazıçılar Birliyinin üzvü olmuşdur.

«Azərbaycan qadını» dərgisi redaksiyasında

əməkdaşlıq etmişdir

1957-1959- Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı

İnstitutu nəzdində yazıçılar üçün açılmış ikiillik Ali Ədəbiyyat kursunun dinləyicisi olmuşdur.



  1. Filologiya elmləri namizədi adını almışdır.

Həmin ildə N. Tusi adına Pedaqoji universitetdə dosent vəzifəsində çalışmışdır.

  1. Azərbaycan yazıçıları sırasında Türkiyədə

olmuşdur.

    1. Azərbaycan Elmlər Akademiyası Nizami

adına Ədəbiyyat İnstitutunda çalışmışdır.

  1. Filologiya elmləri doktoru (alimlik dərəcəsi)

adını almışdır.

  1. Azərbaycan Əməkdar İncəsənət Xadimi

adını almışdır.

1990 «Davam edir-37» şerinə görə M.F.

Axundov mükafatı laureatı adına layiq

görülmüşdür.

1990- 26 Yanvarda Çağdaş Azərbaycan milli hərə-

katının fəal xadimi olduğuna görə Bakını

işğal etmiş rus hərbiçiləri tərəfindən həbsə

alınmış, Bakı, Moskva, Rostov, Voronej

zindanlarında 8 ay 13 gün yatmışdır.

1991- Azərbaycan Ali Sovetinə seçkilərdə iştirak

etmiş, öncə 79, sonra 87 faiz səs çoxluğu ilə

millət vəkili seçilsə də o vaxtkı hakimiyyət

«kvorum yoxdur» bəhanəsi ilə deputatlıqdan

məhrum etmişdir

1991- «Türk milləti» mükafatı laureatı fəxri adına

layiq görülmüşdür.

1992- Azərbaycan Respublikasının «Xalq şairi»

fəxri adına layiq görülmüşdür.

1994- İyun ayının 22-də vəfat etmişdir.

1995- «İstiqlal» ordeni ilə (ölümündən sonra)

təltif edilmişdir.

1995- Türkiyə Respublikasının Milli şairi adına

layiq görülmüşdür.

2002- (14 noyabr )– xatirəsinin əbədiləşdirilməsi

haqda Respublika Prezidenti Sərəncam

vermişdir.

2004- Respublika sarayında 70 illik yubileyi

keçirilmişdir.



*********

Görkəmli şəxsiyyətlərin Xəlil Rza

haqqında fikirləri.
Xəlil Rza dünyanın oğlu idi. Mən türk dünyasının böyük oğlu Xəlil bəylə mübarizə dolu ömür yolu keçdiyim üçün xoşbəxtəm.

Xəlil ömürlərdə yaşayır, mübarizə aparır. Mübarizədə keçən ömürsə əbədiyyətə qovuşan ömürdür


Firəngiz Ulutürk,

Araz” ədəbi məclisinin və Xəlil Rza



Ulutürk mükafatı laureatı.

Şairin ömür-gün yoldaşı.
Xəlil Rza Ana dili, onun saflığı, təhsil və tərbiyə sistemində

özünəlayiq yeri uğrunda ardıcıl fədakar, mübariz idi.


Bəkir Nəbiyev,

Akademik.
Xəlil Rza fəal həyat mövqeyinə malik vətəndaşdır, xalqın tələbləri səviyyəsində şair-elm xadimidir. Türküstanla əlaqələrimizi möhkəmləndirmək vacibdir. Məncə, Xəlil Rza elə bir yol götürüb ki, türkmən, qırğız, qazax, özbək dünyasına da varacaq, bütünTürk kainatını mənimsəyə biləcəkdir.

Kamal Talıbzadə,

ədəbiyyatşünas, akademik.
Mən hər dəfə onunla rastlaşanda “məndə sığar iki cahan, mən bu cahana sığmazam” misralarını xatırlayırdım. Şair Xəlil,

müəllim Xəlil bu məhdud, qapalı cahana sığmırdı.


İsmayıl Şıxlı,

Xalq yazıçısı.
Müasir Azərbaycan poeziyasının yaradıcılarından biri olan Xəlil Rza Ulutürk zəngin ədəbi irs yaratmışdır. Onun ədəbi yaradıcılığı və ictimai fəaliyyəti çoxcəhətlidir: şair, ədəbiyyatşünas, tərcüməçi , səlnaməçi , müəllim.
Teymur Əhmədov,

Filologiya elmləri doktoru,professor.
Xəlil Rza Ulutürk ensiklopedik zəkalı alim, təfəkkürlü ürək sahibidir. Alimlik, şairlik, vətəndaşlıq, qeyrət və hünər onun şəxsiyyətində birləşmişdir, amma hansı tərəfdən baxsan, o qüdrətli, coşğun, Prometey hünərli şairdir.

Qulu Xəlilov,

professor.

Əsl alim, ədəbiyyatşünas, filologiya elmləri doktoru,

alimliyi heç yadına düşməyən Xəlil Rza! Vətəndaş şair!

Qabil,

Xalq şairi.

Xəlil Rza böyük söz ustasıdır, poeziya quludur, sənət fədaisidir. Xəlil həm də cəngavərliyi, səbri, dözümü ilə həqiqətən ulu Türkdür, türk oğludur.



Məmməd Araz,

Xalq şairi.
Xalqımızın müstəqilliyi yolunda kəfənini çoxdan geyinmiş

Xəlil Rza Ulutürk şəhid oldu. Ona “öldü” demək günahdır, məhz şəhid oldu!

Yüzilliyimizin böyük vətəndaşlarından biri olan xalq şairi Xəlil Rza Ulutürk təkcə böyük şair, görkəmli alim, əvəzsiz tərcüməçi deyildi. O, həm də azadlığı “qram-qram” istəməyən,

milli mənliyimiz yolunda qələmini qılınca çevirən Babəkimiz idi.



Şahmar Ələkbərzadə.
Biz Xəlil Rza şairliyindən nəyi öyrənə bilərik? Yurdsevənliyi, elmi xidmətin, bədiiliyin mərhələsini, məslək qəhrəmanlığını.

“Gözümün içinə mil salsalar da,

Yenə də dönmərəm öz məsləkimdəm”.

Zəlimxan Yaqub,

Xaıq şairi

***********

Xəlil Rza Ulutürkün Ədəbi irsinin

kitabxanalarda təbliği
Bu il görkəmli şairimiz Xəlil Rza Ulutürkün anadan olmasının 80 ili tamam olur. Bu münasibətlə bir çox mədəni-maarif ocaqlarında, o cümlədən kitabxanalarda bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Xəlil Rzanın zəngin ədəbi irsinin və haqqında yazılmış materialların ,çoxsaylı oxuculara çatdırılması üçün MKS-nin şöbə və filiallarında əyani və şifahi təbliğatın rəngarəng formalarından: kitab sərgilərindən, oxucu konfranslarından, söhbətlərdən, məruzələrdən, sual-cavab gecələrindən, biblioqrafik xülasələrdən, ədəbi-bədii gecələr və şer gecələrin-

dən məqsədəuyğun şəkildə istifadə edilməlidir.
Sərgi tərtib edilərkən verilən sitatlar

Xəlil Rza bizim çox istedadlı şairlərimizdən biri idi.

Onun vətənpərvərlik ruhunda yazdığı şeirlər xalqımız arasında çox populyardır, gənclərin sevə-sevə oxuduğu əsərlərdir.
Anar,

Yazıçılar İttifaqının sədri.
Xalqımızın müstəqilliyi yolunda kəfənini çoxdan geyinmiş

Xəlil Rza Ulutürk şəhid oldu. Ona “öldü” demək günahdır, məhz şəhid oldu!

Yüzilliyimizin böyük vətəndaşlarından biri olan xalq şairi Xəlil Rza Ulutürk təkcə böyük şair, görkəmli alim, əvəzsiz tərcüməçi deyildi. O, həm də azadlığı “qram-qram” istəməyən, milli mənliyimiz yolunda qələmini qılınca çevirən Babəkimiz idi. Şahmar Ələkbərzadə.

Xəlil Rza ana dili, onun saflığı, təhsil və tərbiyə sistemində özünəlayiq yeri uğrunda ardıcıl, fədakar mübariz idi.


Bəkir Nəbiyev.
“Milli və bəşəri sənətkar” (Xəlil Rza Ulutürkün anadan olmsının 80 illiyi münasibətilə keçiriləcək ədəbi-bədii gecənin ssenarisi)

Tədbirin keçirildiyi zalda şairin həyat və yaradıcılığını əks etdirən sərgi tərtib olunmuşdur.

Kitabxanaçı tədbiri açıq elan edir: Əziz qonaqlar və tədbir iştirakçıları hər birinizi xoş gördük. Xalq şairi Xəlil Rza Ulutürkün 80 illiyi ilə əlaqədar olaraq keçirdiyimiz tədbiri açıq elan edirik.

Sonra tədbir musiqisi Faiq Sücəddinova sözləri Xəlil Rzaya aid olan “Eşqim, vəfadarım” mahnısının sədaları altında başlayır.



Aparıcı səhnəyə daxil olur:

Əziz tədbir iştirakçıları bu gün əsl poeziya bayramıdır, ona görə ki, bu gün xalq şairimiz Xəlil Rza Ulutürkün anadan olmasının ildönümünü qeyd edirik.

Azərbaycanın azadlıq, istiqlal şairi Xəlil Rza Ulutürk bu gün aramızda olmasa da ötən bu illər əslində onun ölümsüz olduğunu sübut etdi. Çünki ömrünü millət yolunda şam kimi əridənlər heç vaxt yaddaşlardan silinmir, nəsil-nəsil yaşayır, yaşamağı və mübarizə aparmağı öyrədir.

Azadlığımızın, istiqlalımızın böyük nəğməkarının ruhu vətən göylərində, müqəddəs yurdumuzun başı üzərində dolaşmaqdadır.

Vətənin və şairin taleyi ayrı heç yerdə, heç kəsdə Xəlil Rza-

da olduğu qədər bir-birinə bənzəmədi. Yalnız həqiqətən xalis fitri şairlər həyatın, şəhidliyin sınağına, həm də poeziyanın imtahanına bu səviyyədə, bu zirvədə hazır olurlar.

İndi sözü qonaqlardan birinə verək:

Aparıcı:

Poeziyada başlıca iş lirik qəhrəmanın xarakterini kəşf etməkdir. Xəlil Rza bunu bacarır və üstəlik başqa şairlərdən əsaslı surətdə fərqlənir. Fərq bundadır ki, bəzi qələm sahibləri az qala barmağına çıxan bircə çibanı da ah-nalə obyektinə çevirir, Xəlil Rza və onun lirik qəhrəmanı bunun əleyhinədir.

Onun varlığında yalnız və yalnız böyük ictimai münasibətlərin alovu yanır, onun qəhrəman ürəyinə yalnız böyük dərdlərin, qəmlərin odu soxula bilər, o da asanlıqla deyil çox böyük çətinliklə.

I Oxucu:

Sənətkar meh sanar qasırğaları,

Gurşadı, leysanı bəzən şeh bilər.

Qış fəsli köksündə bəslər baharı,

Acsa da, özünü ulu şah bilər.
Ocağa kömür at!

Atəş tez sönər,

Gözünü yelləyib közü eşməsən.

Şerin qanad çalmaz, sözün sürünər,

Sən hər gün sözünü ötüb keçməsən.

Aparıcı:

Xəlil Rza keçən əsrin 50-ci illərində yaradıcılığa başlamış, 60-70-ci illərdə bir sənətkar kimi püxtələşmiş, 80-90-cı illərdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəni yaradıcılıq və mübarizlik amalına çevirmiş görkəmli xalq şairidir. Millilik, vətənpərvərlik onun yaradıcılığının əsası olmuşdur.

Tədbirin bu yerində bir musiqiyə qulaq asaq.

II Oxucu:

Bir qartala bənzətsək Azərbaycan şerini,

Onun çarpan ürəyi şair Xəlil Rzadı.

Şerimiz bir el, elat, odur ilk ağsaqqalı,

Göylərin şöləsidir ağ çil-çıraq saqqalı.

Vətənimin keçmişi, bu günü, istiqbalı,

Təxti, bəxti, iqbalı – şair Xəlil Rzadı.

Daim ön cəbhədədir cəsur bayraqdarımız,

Əlvan laləzarımız, türkümüz, şüarımız.

Ondan örnək götürür cavan, qoca, oğul, qız.

Zindanlara düşdümü?... Bu da bir növ qəzadı.

Zindanları dağıdan qeyrət Xəlil Rzadı.

Aparıcı:

Xəlil Rza ömrünü vətəninə, xalqına həsr etmişdir. Qorxu onun yaradıcılığının düşmənidir.Şairin vətənpərvəırliyinin baş qəhrəmanı Azərbaycandır. Vətənpərvərlik - şərəf, namus və

qəhrəmanlıqdır. Bu ali hissə biganəli isə çirkinlik, nadanlıq və bədbəxtlikdir.

Xəlil Rza Vətən-Xalq-Azərbaycan bütövlüyünü bütün məqamlarda və məramlarda gözləmişdir. Şairin hümanizminin mənbə və axarları bu ülvi qüdrətdən başlanğıc götürmüşdür.

Xəlil Rza Ulu türkün azadlıq mübarizəsi yalnız milli hadısə olmayıb, dünya azadlıq hərəkatının tərkib hissəsidir, dünya inqilab bahadırlarına məxsus yolun tarixi davamıdır.

I Oxucu:

Yalnız vətənimdir atam, qardaşım,

Qarışıb dönmüşəm yurd havasına.

Dünyada heç kəsə əyilməz başım,

Baş əyir adicə quş yuvasına!

II

Mənim azadlığım yalnız onundur,

Ölsəm də yenidən gələrəm cana.

Dirilik suyutək qovuşa bilsəm,

Dodaqları yanıq Azərbaycana.

II Oxucu:

Vətən məgər bir gülüstan, çiçək deməkdir?

Bəzən zindan zülmətinə dözmək deməkdir.

Vətən- Xəlil Rza boyda ürək deməkdir.

Məhbəslərdə sarsılmayan qüdrətimizsən,

Bu cürətdən, bu qüdrətdən başlanır Vətən.

II

Ölüm-dirim çağındayıq... Yalnız irəli.

Satqınları nişan versin sözün məşəli.

Qılınclaşsın qələm tutan sənətkar əli.

Qartal kimi ucal, qıy vur dağ zirvəsindən,

Bir də hayqır:- Səndən, “Məndən başlanır Vətən”!

Aparıcı:

Qonaqlardan birinə söz verək.



Aparıcı:

Xəlil Rza onlarla irili-xırdalı poemaların müəllifidir. O, poemanı yaradıcılığının seçmə tərəfi hesab etmişdir.

Səhnəyə iki məktəbli daxil olur:

I məktəbli:

İnsan kimi yaşamaqdır ən çətini

Qırmaq mümkün olmayacaq

Azərbaycan qeyrətini.

Boğmaq mümkün olmayacaq

Azərbaycan qeyrətini.

II məktəbli:

Mən bilirəm Azərbaycan kəlməsinin

Düşməni var

Qıracağıq dişlərini gəbərəcək qart canavar,

Qırmaq mümkün olmayacaq

Azərbaycan inadını.

I məktəbli:

Biləklərim Koroğlunun qılıncıdır,

Başım babam Xətainin şah tacıdır.

Xəlil Rza – bir ağ saçlı bahardır,

Elbrusdan, Savalandan ucadır.

Azad edin hürr yaşasın sənətkar,

Bağrı- atəş,daşı gövhər, özü dür,

Azərbaycan - planetin özüdür.

Aparıcı:

Sevimli şairimizin bütün yaradıcılığı Vətəninə sevgi, xalqına sonsuz məhəbbətlə doludur. Xəlil Rza doğma yurdu Azərbaycanın bütövlüyü, bölünməzliyi uğrunda canından çox sevdiyi bircə balasını şəhid vermiş sənətkardır. Azərbaycan var olduqca, ürəyi vətən, azadlıq eşqi ilə alışıb yanan xalq şairi Xəlil Rza nə qədər Azərbaycan var xalqının üəyində hər zaman var olacaqdır.



Azadlığı istəmirəm zərrə-zərrə qram-qram,

Qolumdakı zənzirləri qıram gərək, Qıram, Qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi.

İstəyirəm Səma kimi,

Günəş kimi,

Cahan kimi!.

Çəkil, çəkil, ey qəsibkar mən bu əsrin gur səsiyəm.

Gərək deyil sısqa bulaq, mən ümmanlar təşnəsiyəm!

***** SON *****

Əsərləri

1. «Bahar gəlir», Bakı, Uşaqgəncnəşr, 1957

2. «Bəhrəli gün», Moskva, Molodaya qvardiya,1959

3. «Sevən gözlər», Bakı, Azərnəşr,1959

4. «Məhəbbət dastanı» , Bakı, Uşaqgəncnəşr,1961

5. «Poema o lyubvi», Moskva, Sovetskiy pisatel,1961

6. «Mənim günəşim», Bakı, Azərnəşr, 1963

7. «Qollarını geniş aç»,Bakı, Azərnəşr, 1965

8. «Krasnodon qartalları»,Bakı, Gənclik, 1967

9. «Yeni zirvələrə» , Bakı, Azərnəşr, 1971

10.«Ucalıq» , Bakı, Gənclik, «Yeni zirvələrə», Bakı, 1973

11. «Doğmalıq», Bakı, Azərnəşr, 1977

12. «Taparam səni», Bakı, Yazıçı, 1980

13. «Marallar da duz yeyərmiş», Bakı, Gənclik, 1981

14 «Ömürdən uzun gecələr», Bakı, Gənclik, 1982

15. «Hara gedir bu dünya», Bakı, Yazıçı, 1983

16. «Daşdan çıxan bulaq», Bakı, Gənclik, 1986

17. «Məndən başlanır vətən», Bakı, Yazıçı, 1988

18. «Davam edir-37»,Bakı, Gənclik, 1992

19. «Ayla günəş arasında», Bakı, Yazıçı,1992

20. «Uzun sürən gənclik», Bakı, Azərnəşr, 1994

21. «Mən şərqəm, Bakı», Elm nəşriyyatı, 1994

22. «Bağışla ey vətən», Bakı, 1995

23. «Xəlil Rza Ulutürk», Azadlıq, Ankara,1998

24. «Uzun sürən gənclik», Kitab cəmiyyəti, 1998

25. «Türkün dastanı», Bakı, Gənclik, 2000

26. «Seçilmiş əsərləri», I-ci cild, Bakı, Gənclik, 2001

27. «Mən onsuz da əbədiyəm», Bakı, Gənclik, 2003
Tərcümə kitabları
1. A.Laptev. «Balacalar», B, Gənclik, 1972

2. İlya Selvinski. «Babək», B. Gənclik,1975

3. Musa Cəlil. «Moabit dəftəri», B, yazıçı,1979

4. «Qardaşlıq çələngi», B, Maarif, 1982

5. «Dünyaya pəncərə», B, Maarif, 1984

6. Robert Rojdestvenski. «Otuzuncu əsrə məktub», B,

Gənclik, 1984

7. «Turan çələngi», B, Elm nəşriyyatı, 1993

8. Yusif Balasaqunlu. «Qutadqu-bilik», B, Gənclik, 1994

9. N. Gəncəvi. «Sirlər Xəzinəsi»,- Lirikası, B, Yazıçı, 1988

10. N. Gəncəvi. «Yeddi gözəl», Ensiklopediya, 2000

11. N. Gəncəvi. «İsgəndərnamə», Bakı, Gənclik, 2002.



Dissertasiya və elmi

əsərləri
1. Müharibədən sonrakı Azərbaycan Sovet

Ədəbiyyatında poema janrı (1945-1950). Namizədlik əsəri

(Əlyazmaları Azərbaycan Pedaqoji Universtetinin kitabxana-

sında saxlanılır).

2. M. Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan – özbək

ədəbi əlaqələrinin aktual problemləri (Əlyazmaları

Azərbaycan MEA Nizani adına Ədəbiyyat İnstitutunun

kitabxanasında saxlanılır).

3. Maqsud Şeyxzadə. B, Elm, 1978

4. Maqsud Şeyxzadənin bədii yaradıcılığı, B, Elm, 1982

5. Dramaturgiyada ədəbi əlaqələr, B, Elm, 1987

6. Sabir Rüstəmxanlı haqqında. B, Mütərcim, 1998

7. Ustad Bəxyiyar Vahabzadə haqqında. B, Azərbaycan 1999

8.Rauf Zəka Xəndan haqqında.B, Mütərcim, 1999

9 Rəsul Rza həsrəti. B, Elm, 2000

10. Mənə bənzə. B, Gənclik, 2000

11. Ədəbi tənqid. B, Mütərcim, 2003
Haqqında yazılanlar.
1.İlk allahım, son allahım mübarizə B, Gənclik 1999

2. Mail Dəmirli, Xəlil Rza Ulutürkün poeziyası (monoqrafiya), B,

Təfəkkür Universiteti nəşriyyatı, 1996

3. Bəkir Nəbiyev, İstiqlal şairi (monoqrafiya), B, Elm, 2001

4. Teymur Əhmədov, Xəlil Rza Ulutürk (kitab albom), B,

Ensiklopediya, 2000

5. Müasirləri Xəlil rza Ulutürk haqqında

6. Yavuz Axundlu, İstiqlalın əzablı yolu (kitabında), B, 1999


Elmi-Tarixi Memuarları
1. Lefortovo zindanı, B, Azərnəşr, 1998
Şeirlərinə bəstələnmiş mahnılar
1.Ramiz Mustafayev,

«Saçları şəlaləsən», oxuyan müğənni Elmira Rəhimova

2. Ramiz Mustafayev,

«Naxçıvanım», Müğənni Yaşar Səfərov

3. Hökumə Nəcəfova,

«Tələsin subaylar», müğənni Məmmədbağır Bağırzadə

4. Hökumə Nəcəfova,

«Mükafatım», müğənni Elxan Əhədzadə


5. Faiq Sücəddinov,

«Qurban olduğum», müğənni İslam Rzayev

6. Faiq Sücəddinov,

«Eşqim, vəfadarım», müğənni Samirə


7. Cavanşir Qliyev,

«Sən eşq üçün yaranmısan», müğənni Nüşabə Ələsgərli

8. Hacıbaba Həsənov,

«Səadət işıqları», müğənni Təhmuraz Şirinov

9. Emin Sabitoğlu,

«Sahibkarlar marşı», müğənni İlqar Xəyal

10. Hökumə Nəcəfova, «Sağıcıdır mənim nənəm»,(uşaq xoru)
İstifadə olunmuş ədəbiyyat
1Xəlil Rza Ulutürk.

Məndən başlanır vətənim. B, “Yazıçı”, 1988,

338 səh, 30.000 nüs.

2.Xəlil Rza Ulutürk.

Davam edir 37. B, “Gənclik”, 1992,

528 səh, 15.000 nüs.

3.Xəlil Rza Ulutürk.

Türkün dastanı, (şerlər) B, “Gənclik”,2000,

800 səh, 500 nüs.
4.Xəlil Rza Ulutürk.

Seçilmiş əsərləri, B, “Gənclik”, 2001,623 səh, 500 nüs.

5. Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları

(Ensklopedik məlumat kitabı)

“Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi

Bakı-2004.

6. Firəngiz xanım Ulutürk. (“Araz” ali ədəbi,

Xəlil RzaUlutürk və Y. Məmmədəliyev adına

Mükafatın laureatı) Müasirləri Xəlil Rza haqqında.

B, “Çinar-Çap” nəşriyyatı,

2004, 625 səh

Dövrü mətbuatda

1.Zümrüd


Yaddaşlardan silinməyəcək şair: Xəlil Rza Ulutürk haqqında

// Səs.-2011.-21 oktyabr.- № 194.- S.12


  1. Zümrüd

Müstəqilliyimiz tarixində səsi olan şair: // Səs.- 2010.-

25 dekabr.- № 241.-S. 14




  1. Mirzəyeva Lətifə

Təbrizin yolu duman: [Xəlil Rza Ulutürkün yaradıcılığında cənub mövzusu] // Azərbaycan.-2008.-№ 8.-

10 sentyabr- S.165-171




  1. Cavadov Seyran

İstiqlal şairi: {Xəlil Rza Ulutürk} // Azərbaycan.- 2008.-

№ 234.- 21 Oktyabr.- S.6




  1. Əlizadə Ə

Azadlıq ruhunun hüdudsuzluğu: {Xalq şairi Xəlil Rza Ulutürk haqqında} // Ədəbiyyat qəz.- 2008.- 17 Oktyabr.-№ 39.- S.
*****************


Tərtib edən: Əhmədova Şahnaz

MKS-nin Metodiki İşlərin

Təşkili şöbəsinin böyük

Metodisti.
Redaktor: Qədimova Fəridə

MKS-nin direktor müavini.
Kompyüterdə yığan: Əhmədova Şahnaz.

***********


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə