Gəncə şəhər Kəpəz bələdiyyəsinin 2012-ci ildə gördüyü işlər haqqında hesaba t




Yüklə 20.09 Kb.
tarix10.04.2016
ölçüsü20.09 Kb.
Gəncə şəhər Kəpəz bələdiyyəsinin 2012-ci ildə gördüyü işlər haqqında

H E S A B A T

Gəncə şəhərinin Kəpəz rayonunda (Hacıkənd qəsəbəsi istisna olmaqla) yerli özünüidarəni həyata keçirən Kəpəz bələdiyyəsi öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununa, digər normativ - hüquqi aktlara əsasən qurur və işini Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına, həmin kursu bu gün qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tələblərinə, seçicilərin arzu və təkliflərinə, bələdiyyə iclaslarında qəbul edilmiş yerli proqramlara müvafiq müəyyənləşdirərək həyata keçirməkdədir.

Hesabat dövründə bələdiyyə ərazisində Şəhər və Rayon İcra Hakimiyyətlərinin təşəbbüsü ilə aparılan geniş yenidənqurma, abadlıq-təmizlik, bərpa-təmir və yaşıllaşdırma tədbirlərinin aparılması, sakinlərə göstərilən sosial və kommunal xidmətlərin yaxşılaşdırılması, onların həyat ehtiyaclarını tam və keyfiyyətli ödənilməsi Kəpəz bələdiyyəsinin ən öndə duran vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.

Həmin vəzifələrin həyata keçirilməsi ilə əlaqədar yerli büdcənin möhkəmləndirilməsi üçün bir sıra təşkilati tədbirlər görülmüş, yerli vergilərin toplanmasının təkmilləşdirilməsi məqsədilə vergi ödəyiciləri kodlaşdırılaraq onların kompüterdə bazası yaradılmış, nəqliyyat vasitələrinin müvəqqəti dayanacaqlarının sayı artırılacaq dislokasiyası təsdiq edilmiş, qəsəbə statusu verilmiş Cavadxan, Natəvan və Məhsəti yaşayış massivlərində fərdi və bağ evlərinin inventarizasiyası aparılmışdır.

Ötən ildə aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması, bələdiyyəyə müraciət etmiş vətəndaşlara maddi yardım, dəfn və mərasim xidmətlərinin təşkilinə köməklik göstərilməsi, milli bayramların qeyd edilməsi, idman-sağlamlıq və mədəni-xeyriyyə tədbirlərinin keçirilməsi Kəpəz bələdiyyəsi yanında fəaliyyət göstərən Yerli Sosial məsələləri daimi komissiyasının gündəlik işində başlıca yer tutmuşdur.

«Novruz bayramı» ərəfəsində Uşaq Fondunun reabilitasiya mərkəzinə cəlb olunan qüsurlu uşaqlara, 8 saylı internat evindəki kimsəsiz ahıllara bayram süfrələri təşkil edilmiş, sovqatlar paylanmışdır, sakinlər üçün məhəllə klublarında el şənlikləri təşkil edilmişdir. «Xocalı faciəsi»nin ildönümü günü Hacıkənd qəsəbəsində məskunlaşmış məcburi köçkün ailələrinə ehsan süfrələri açılmış, «9 May-Qələbə gününün» 67-ci ildönümü münasibəti ilə bir qrup müharibə veteranına maddi köməklik göstərilmişdir.

Yay tətili günlərində məktəbli uşaqların asudə vaxtlarını səmərəli təşkili, idmanın kütləvi inkişafı məqsədilə bələdiyyə ərazisində məhəllələrarası uşaq futbol yarışları keçirilmiş, Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsindəki bağda, «Fikrət Əmirov» bağında müxtəlif atraksion və əyləncə qurğuları, stolüstü oyunlar üçün inventarlar quraşdırılmış, mövsümü ticarət və iaşə xidmətləri təşkil edilmişdir.

Ümumilikdə, 2012-ci ildə Kəpəz bələdiyyəsinin büdcəsindən maddi yardım məqsədilə 6562-36 manat, dəfn və mərasim xidmətlərinin təşkilinə 2300-00 manat, sosial-mədəni, idman və xeyriyyə tədbirlərinin keçirilməsi üçün 7947-74 manat xərclənmişdir.

Kəpəz bələdiyyəsi işini günün tələblərinə uyğun qurmaq üçün öz sakinləri ilə yerlərdə məhəllə komitələri vasitəsilə sıx ünsiyyət saxlayır.

Bələdiyyə ərazisində fəaliyyət göstərən 23 məhəllə komitəsi ərazidə yaşayan hər bir sakinin arzu və ehtiyacının öyrənilməsində, onların problemlərinin yaxından həllində bələdiyyənin köməkçisidir.

Belə ki, məhəllə komitələrinin bilavasitə təşəbbüsü ilə Nizami prospektində ikitərəfli magistral yolun arasındakı yaşıllıq zolağında piyadalar üçün 20 ədəd keçid düzəldilmiş, N.Nərmanov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsindəki “Dədə Qorqud” bulağı yenidən qurulmuş, bulağın su və kanalizasiya xətləri bərpa edilmişdir.

Kəpəz bələdiyyəsi, onun icra aparatı məhəllə komitələrinin, ayrı - ayrı vətəndaşların ərizə və şikayətlərinə qayğı və həssaslıqla yanaşmaqla bu müraciətlərin vaxtında və müsbət həll olunması üçün yüksək tələbkarlıq göstərir.

Hesabat dövründə Kəpəz bələdiyyəsinə 469 ərizə daxil olmuş, məzmununa görə fərdi yaşayış və bağ evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, vergidən tam və ya qismən azad edilməsi, maddi yardım göstərilməsi və sair xarakterli ərizələrə baxılaraq ərizəçilərə müvafiq cavab və izahatlar verilmişdir.

Yerli proqramların həyata keçirilməsində və bələdiyyə fəaliyyətinin daha da genişləndirilməsində bələdiyyənin maliyyə əsasları mühüm rol oynayır .

2012-ci ildə 43880-65 manat fiziki şəxslərdən torpaq vergisi, 20437-27 manat fiziki şəxslərdən əmlak vergisi, 1010-00 manat nəqliyyat vasitələrinin müvəqqəti dayanacaqları üçün ödəniş, 92784-76 manat icarəyə verilmiş torpaqdan icarə haqqı toplanaraq bələdiyyə büdcəsinə ödənilmiş, 50000-00 manat dövlət tərəfindən verilən dotasiya, 291176-00 manat bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlir təşkil etmişdir.

Yerli büdcənin möhkəmləndirilməsi üçün Məhsəti, Cavadxan və Natəvan qəsəbələrində vergiyə cəlb edilməyən həyətyanı sahələr uçota alınaraq əmlak-torpaq vergisinə cəlb edilmiş, vergi borclarını ödəməyən fiziki şəxslərə qarşı borcların məcburi alınması üçün qanunvericiliyə əsasən müvafiq tədbirlər görülmüşdür.

Ümumilikdə, 2012-ci ildə Gəncə şəhər Kəpəz bələdiyyəsinin təsdiq edilmiş büdcə gəlirləri 499288-68 manat, büdcə xərcləri isə 498684-35 manat olmuşdur.

Kəpəz bələdiyyəsinin əldə etdiyi gəlir əsasən rayon ərazisində aparılan yenidənqurma, abadlıq-təmizlik, bərpa-təmir və yaşıllaşdırma işlərinə yönəldilmişdir.

Ötən ildə Heydər Əliyev, Nizami, Ş.İ.Xətai, M.Bağırov, T.Arani, İ.İsmayılzadə, Ə.Əliyev, E.Allahverdiyev, M.Xələfov və digər mərkəzi prospekt və küçələrdə, Alüminiumçular yaşayış massivindəki 2-ci və 7-ci məhəllələrdə, ümumşəhər iməcliklərində abadlıq-təmizlik tədbirləri aparılmış, “Nizami” Məqbərəsinin yanında Kəpəz bələdiyyəsinin xidmət etdiyi 0.5 ha əraziyə 1000 ədəd dekorativ ağac və 500 ədəd gül kolları əkilərək onlara qulluq göstərilmişdir.

Məhsəti, Sadıllı və Natəvan qəsəbələrində mərkəzi yolun genişləndirilməsi və təmiri ilə əlaqədar sakinlərin qeyri-qanuni tikililəri sökülmüş, ərazilərdə səliqə-səhman yaradılmışdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin qədim memarlıq nümunələrinin qoruyub saxlanılması məqsədilə bələdiyyə ərazisindəki H.Əliyev, N.Nərimanov, Ş.İ.Xətai, M.A.Abbaszadə, A.İsgəndərov və Z.Hacıyev küçələrində kərpiclə tikilmiş evlərin fasad divarlarının xarici səthində bərpa-təmir işləri aparılaraq binaların keçmiş görkəmi özlərinə qaytarılmaqdadır.

Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişdiyi əraziyə, Kəpəz bələdiyyəsinin yerləşdiyi inzibati binanın qarşısına Kəpəz bələdiyyəsi tərəfindən 3800,00 kv.metr dekorativ daşlar döşənmişdir.

Bələdiyyə qulluqçularının iş şəraitinin yaxşılaşdırılması üçün bələdiyyənin yerləşdiyi inzibati binadakı iş otaqlarının istilik sisteminin qazlaşdırılmasına layihə-smeta sənədlərinin tərtibatı məqsədilə Kəpəz bələdiyyəsi tərəfindən 2764-81 manat vəsait ödənilmişdir.

Bələdiyyə ərazisində lokal ekoloji və kommunal problemlərin həllinə beynəlxalq təşkilatların cəlb edilməsi üçün Kəpəz bələdiyyəsi tərəfindən bir sıra layihələr hazırlanaraq internet şəbəkəsinə verilmişdir.

Hesabat dövründə Kəpəz bələdiyyəsi beynəlxalq əməkdaşlıq və bələdiyyələrarası əlaqələr sahəsində də müəyyən işlər görmüşdür.

Kəpəz bələdiyyəsi onunla qardaşlaşmış Türkiyənin Keçiören bələdiyyəsi və Gürcüstanın Kutaisi bələdiyyəsi ilə dostluq və qonşuluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə əlaqələrini genişləndirmişdir.



Ölkədə, o cümlədən Gəncə şəhərində aparılan çoxsahəli, geniş quruculuq və abadlıq işlərində sosial-iqtisadi, ekoloji, mədəni və digər tədbirlərin həyata keçirilməsində Kəpəz bələdiyyəsi bundan sonra da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa, əhalinin, seçici tapşırıqlarının yerinə yetirilməsində özünüidarəni layiqincə təşkil edilməsinə çalışacaqdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə