[flora] KƏRİmova (kerimova) azərbaycana qarşI




Yüklə 146.28 Kb.
tarix10.04.2016
ölçüsü146.28 Kb.
[FLORA] KƏRİMOVA (KERIMOVA) AZƏRBAYCANA QARŞI
(Şikayət № 20799/06)
QƏRAR
30 sentyabr 2010-cu il

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcək. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Kərimova Azərbaycana qarşı işdə,
Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə),

hakimlər:

Kristos Rozakis (Christos Rozakis), Sədr,

NinaVajiç (Nina Vajic),

Xanlar Hacıyev (Khanlar Hajiyev),

Din Spilmann (Dean Spielmann),

Sverre Erik Cebens (Sverre Erik Jebens),

Corcio Malinverni (Giorgio Malinverni),

George Nikolau {George Nicolaou)

Bölmə Katibi Sören Nilsendən (Soren Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək,

09 sentyabr 2010-cu ildə qapalı müşavirə keçirərək, həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:



PROSEDUR

  1. İş İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın ("Konvensiya") 34-cü maddəsinə əsasən Azərbaycan vətəndaşı Xanım Flora Ələkbər qızı Kərimovanın (“Şikayətçi”) 23 may 2006-cı ildə təqdim etdiyi Azərbaycan Respublikasına qarşı şikayət (№ 20799/06) əsasında başlanıb.

  2. Şikayətçini Bakıda fəaliyyət göstərən hüquqşünas, Cənab F. Ağayev1 təmsil edib. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi Cənab Ç.Əsgərov təmsil edib.

  3. Şikayətçi iddia edir ki, namizədliyinin irəli sürüldüyü seçki dairəsində parlament seçkilərinin nəticələrinin etibarsız sayılması onun Konvensiyaya əlavə 1 saylı Protokolun 3-cü maddəsi ilə təminat verilən seçki hüququnu pozub.

  4. 3 sentyabr 2008-ci ildə Məhkəmənin Birinci Bölməsinin Sədri şikayət barədə Hökumətə məlumat verməyi qərara alıb.

FAKTLAR
I. İŞİN HALLARI


A. Şikayətçinin dairəsində seçkinin nəticələri

  1. Seçki gününün sonunda şikayətçi otuz yeddi Məntəqə Seçki Komissiyasının (MtSK) hər biri tərəfindən tərtib edilmiş seçki protokollarının surətlərini alıb. Şikayətçinin əlində olan Məntəqə Seçki Komissiyasının (MtSK) protokollarının surətləri-nə əsasən, o, dairədə ən çox səs toplayıb. Konkret olaraq, o, ümumilikdə 5.566 səs yığıb. Ondan sonra ən çox səs (cəmi 3.922 səs) əldə edən ikinci şəxs hakim Yeni Azərbaycan Partiyasından olan namizəd (H.) idi. Şikayətçi otuz seçki məntəqəsində səslərin çoxunu qazandığı halda H. yeddi seçki məntəqəsində ən çox səs qazanıb.

  2. DSK-nın 7 noyabr 2005-ci ildə tərtib edilmiş protokoluna əsasən, məntəqələrdən alınmış nəticələr rəsmi protokollarda əks etdirildikdən sonra şikayətçi dairədə verilmiş səslərin çoxunu qazanıb. Konkret olaraq, DSK-nın protokoluna əsasən, şikayətçi 5.350 səs, H. 4.091 səs, üçüncü namizəd isə 1.532 səs qazanmışdı. Qalan namizədlərin hər birinə verilən səslərin ümumi sayı xeyli az idi. DSK-nın protokolunda şikayətçi “seçilmiş namizəd” kimi göstərilib.


B. Seçkinin nəticələrinin etibarsız sayılması və şikayətçinin şikayətləri

10. 8 noyabr 2005-ci ildə Mərkəzi Seçki Komissiyası (MSK) 42 saylı Sumqayıt 2-ci


Seçki Dairəsində seçkinin nəticələrini etibarsız elan edən qərar çıxarıb. Qərarın tam
mətnində deyilir:

"Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.22, 28.4, 100.12 və 170.2.2-ci maddələrinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında 27 may 2003-cü il tarixli Qanunun 3.5 və 3.6-cı maddələrinə uyğun ola­raq, Mərkəzi Seçki Komissiyası qərara alır:

  1. Bu seçki məntəqələrində MtSK protokollarına edilmiş yolverilməz düzəlişlər, habelə seçicilərin iradəsini müəyyən etməyi mümkünsüz edən qanun pozuntuları səbəbindən 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsinin 1, 3, 4, 5, 8, 11, 16, 17, 18, 19, 20, 21, 23, 24, 32 və 36 saylı seçki məntəqələrində seçkinin nəticələri etibarsız elan edilsin.

  2. Seçkinin nəticələrinin etibarsız elan olunduğu seçki məntəqələrinin sayının dairədəki seçki məntəqələrinin ümumi sayının beşdə ikisindən artıq olması və həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayının dairədəki seçicilərin ümumi sayının dörddə birindən çox olması səbəbindən 42 saylı Sumqayıt 2-ci Seçki Dairə-sində seçkinin nəticələri etibarsız elan edilsin.

  3. Bu seçki dairəsi ilə bağlı müvafiq materiallar araşdırma üçün Baş Prokurorluğa göndərilsin ".

II. 11 noyabr 2005-ci ildə şikayətçi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət
verərək iddia edib ki, DSK-nın qərarında çıxarılmış nəticələr yanlışdır. DSK-nın qərarında on altı MtSK-da protokollarda "yolverilməz düzəlişlər"' edildiyi qeyd edilsə də, əslində, belə düzəlişlər beş MtSK-nın protokollarında (8, 10, 11, 21 və 24 saylı məntəqələrində) edilib. Şikayətçi qeyd etdi ki, sadəcə, DSK protokolunu onun əlində olan MtSK protokolları ilə müqayisə etməklə bu nəticəyə gəlmək olar. 0, daha sonra qeyd edib ki, hər bir halda, düzəlişlər onun xeyrinə verilmiş səslərin sayını azaltmaq və H.-nın aldığı səslərin sayını artırmaq üçün edilib. Hətta baxmayaraq ki, bu saxtalaşdırmalar şikayətçiyə qarşı yönəlib, DSK-nın elan etdiyi saxtalaşdırılmış nəticələr əsasında da, о, yenə qalib gəlib.

  1. Qalan on bir MtSK protokolunda edilmiş düzəlişlərə gəldikdə, şikayətçi iddia edib ki, onlar texniki xarakterli olub və hər bir namizədə verilmiş səslərin sayına təsir göstərməyib. Buna görə də, həmin düzəlişlər seçicilərin iradəsinin müəyyən edilməsinə mane ola bilməzdi.

  2. Şikayətçi daha sonra şikayət edib ki, MSK Seçki Məcəlləsinin 108.4-cü maddəsinin tələbinə uyğun olaraq səslərin təkrar hesablanması barədə qərar çıxarmaq imkanını və Seçki Məcəlləsinin 112.8-ci maddəsinin tələbinə uyğun olaraq onu namizəd qismində MSK-ya çağırmaq və izahatını dinləmək imkanını nəzərdən keçirməyib.

  3. Nəhayət, Şikayətçi qeyd etdi ki, DSK protokolu DSK-ya 2005-ci il noyabrın 7-dən 8-nə keçən gecə təqdim edilib və seçkinin nəticələrinin etibarsız sayılması məsələsi dərhal noyabrın 8-də DSK-nın gündəliyinə salınıb. Nəticədə, vaxt çatışmazlığı ucbatından DSK-nın bəzi üzvləri məsələ barədə natamam və ya azdırıcı məlumatlar alıb və beləliklə, məlumatsız qərar çıxarıblar.

  4. 14 noyabr 2005-ci ildə keçirilən məhkəmə iclasında Apellyasiya Məhkəməsinin hakimləri MtSK və DSK protokollarının əsillərini müstəqil surətdə araşdırmaqdan imtina ediblər. Apellyasiya Məhkəməsi DSK-nın qərarını qüvvədə saxlayaraq orada çıxarılmış nəticələri təkrarladı və bu qənaətə gəldi ki, həmin qərarda çıxarılmış nəticələr əsasında seçkinin nəticələrinin etibarsız sayılması qanuni olub.

  5. Şikayətçi kassasiya şikayəti verib. Apellyasiya Məhkəməsinə şikayətində irəli sürdüyü arqumentlərdən əlavə, həmçinin şikayət edib ki, Apellyasiya Məhkəməsi əsas sübutu (müvafiq seçki protokollarının əsillərini) müstəqil surətdə araşdırmaqdan imtina edib və sadəcə olaraq MSK-nın çıxardığı nəticələri fakt kimi qəbul edib.

  6. 25 noyabr 2005-ci ildə Ali Məhkəmə şikayətçinin şikayətini rədd edib və Apellya­siya Məhkəməsinin qərarını qanuni qərar kimi qüvvədə saxlayıb.

  7. Bundan sonra seçkinin nəticələrinin etibarsız elan edildiyi bütün dairələrdə təkrar seçkilər keçirilməsi barədə qərar çıxarılıb. Cəmi on belə dairə vardı. Belə görünür ki, müəyyən müxalif qüvvələrin təkrar seçkiləri boykot etmək qərarına gəlməsi səbəbindən şikayətçi 13 may 2006-cı ildə keçirilmiş təkrar seçkilərdə namizədliyini verməyib.

C. İşlə bağlı digər məhkəmə prosesləri

19. Bu arada ümumilikdə doqquz müxtəlif seçki məntəqəsində (1, 5, 8, 11, 17, 19, 20, 21 və 24 saylı seçki məntəqələrində) MtSK-nın rəsmi protokollarına müdaxilə etdiklərinə görə DSK Sədrinə və 17 saylı Seçki Məntəqəsinin MtSK-nın sədrinə qarşı cinayət işi başlandı.



  1. 19 yanvar 2006-cı ildə Sumqayıt Şəhər Məhkəməsi hər iki təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 161.1 (seçki sənədlərini saxtalaşdırma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri əsasında məhkum etdi. Birinci təqsirləndirilən şəxs 110 Yeni Azərbaycan manatı (təxminən 100 AVRO) məbləğində cərimə olundu və seçki administrasiyasında vəzifə tutması qadağan edildi. İkinci təqsirləndirilən şəxs qazancının 15%-i dövlətin xeyrinə tutulmaqla bir il iyirmi səkkiz gün müddətinə islah işlərinə məhkum olundu.

  2. Sumqayıt Şəhər Məhkəməsinin qərarında təqsirləndirilən şəxsin öz etirafları və bir neçə şahid ifadələri əsasında faktlara dair çıxarılmış nəticələr əsasında müəyyən edildi ki, MtSK protokollarındakı saxtalaşdırmaların çoxu həmin protokollar DSK-ya təqdim edildikdən sonra DSK səviyyəsində onun sədri tərəfindən edilib. Bu saxtalaşdırmalar şikayətçinin deyil, ya H.-nin, ya da digər namizədlərin xeyrinə edilib.

  3. Konkret olaraq, məhkəmə iclaslarında birinci təqsirləndirilən şəxs - DSK-nın sədri etiraf etdi ki, səkkiz seçki məntəqəsində MtSK protokollarına müdaxilə edib. Konk­ret olaraq, о, əlavə rəqəmlər daxil etməklə və ya mövcud rəqəmləri dəyişdirməklə hər bir seçki məntəqəsində müxtəlif namizədlərin lehinə hesablanmış səslərin ümumi saymı göstərən rəqəmləri dəyişdirib. Bu yolla o, şikayətçi istisna olmaqla azı digər beş namizədin (H. də daxil olmaqla) aldığı səslərin saymı artırıb (H.-nin səslərinə 100 "səs" əlavə olunmuşdu), şikayətçinin aldığı səslərin sayını isə azaldıb (onun səsləri 100 "səs" azaldılmışdı).

  4. İkinci təqsirləndirilən şəxs - MtSK-nın sədri etiraf etdi ki, şikayətçinin rəqibi olan üç namizədin lehinə hesablanmış ümumi səslərin sayını artırmaq məqsədilə öz seçki məntəqəsində MtSK protokoluna eyni qaydada müdaxilə edib.


II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ BEYNƏLXALQ HESABATLAR

A. Seçki Məcəlləsi

24. Seçki gününün sonunda səsvermə məntəqəsində səslər hesablandıqdan sonra MtSK seçki məntəqəsində səsvermənin nəticələrini rəsmiləşdirən seçki protokolu (əsli üç nüsxədə olmaqla) tərtib edir (maddə 106.1-106.6). Bundan sonra MtSK-nın protokolunun bir nüsxəsi, müvafiq sənədlərlə birlikdə, iyirmi dörd saat ərzində müvafiq DSK-ya təqdim edilir (maddə 106.7). DSK MtSK-ların hər bir protokolunun və ona əlavə olunmuş sənədlərin qanuna uyğunluğunu və onlarda hər hansı uyğunsuzluqların olub-olmadığını yoxlayır (maddə 107.1). Bütün MtSK-ların protokolları təqdim edildikdən sonra DSK seçki günündən iki gün keçənədək müxtəlif seçki məntəqələrindən daxil olmuş nəticələri ümumiləşdirərək dairədə seçkilərin ümumi nəticələrini əks etdirən protokol tərtib edir (maddə 107.2). Bundan sonra DSK-nın protokolunun bir nüsxəsi, müvafiq sənədlərlə birlikdə, seçki günündən sonra iki gündən gec olmayaraq MSK-ya təqdim edilir (maddə 107.4). MSK DSK-ların protokollarının qanuna uyğunluğunu və onlarda hər hansı uyğunsuzluqların olub-olmadığını yoxlayır (maddə 108.1) və bütün dairələrdə seçkilərin nəticələrini əks etdirən yekun protokolu tərtib edir (maddə 108.2).



  1. MSK dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilmiş digər sədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci dörd gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər (maddə 108.4).

  2. Konkret namizədin seçilməsinin etibarsız elan olunması barədə müraciətə baxarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatlarını dinləmək, eləcə də zəruri sənədləri və materialları almaq hüququna malikdir (maddə 112.8).

  3. Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə bağlı baş verən pozuntular aşkar edildikdə, onlar seçkilərin yekunları barədə qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz (maddə 114.5).

  4. Birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının beşdə iki hissəsindən çoxunu təşkil etdikdə DSK və ya MSK həmin dairədə seçkinin nəticələrini etibarsız sayır (maddə 170.2.2).

  5. Seçki Məcəlləsinin həmin vaxt qüvvədə olmuş keçmiş 106.3.6-cı maddəsinə əsasən, səsvermə gününün sonunda seçki məntəqəsində səslərin ilkin hesablanması zamanı seçki qutusunda zərfə qoyulmayan seçki bülleteni aşkar edildikdə, həmin bülletendəki səs etibarsız sayılır. Sonradan 2 iyun 2008-ci ildə 106.3.6-cı maddə ləğv olundu.


B. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) Seçkiləri Müşahidə Missiyasının 6 noyabr 2005-ci il parlament seçkilərinə dair yekun hesabatı (Varşava, 1 fevral 2006-cı il)

30. Hesabatdan müvafiq çıxarışlarda deyilir:



"Dairələr üzrə yekun nəticələr qanunla müəyyən edilmiş müddətdə açıqlansa da, seçki məntəqələri üzrə təfsilatlı nəticələr yalnız noyabrın 10-da seçkidən dörd gün sonra açıqlandı, halbuki bütün DSK-ların MSK ilə kompüter şəbəkəsi vasitəsilə əlaqəsi vardı. Bu, nəticələr barədə düzgün məlumat verildiyinin namizədlər və müşahidəçilər tərəfindən yoxlanılmasını çətinləşdirdi. İki dairənin - 9 və 42 saylı dairələrin protokolları heç vaxt ictimaiyyətə təqdim edilmədi. ...

MSK Seçki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən dörd dairədəki [42 saylı Sum-qayıt 2-ci Seçki Dairəsi də daxil olmaqla] nəticələri etibarsız elan etdi, orada deyi­lir ki, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı dairədəki seçki məntəqələrinin ümumi sayının beşdə iki hissəsindən çoxunu təşkil etdikdə və həmin seçki məntəqələrindəki seçicilərin sayı dairədəki seçicilərin ümumi sayının dörddə birindən çoxunu təşkil etdikdə DSK və ya MSK həmin dairə üzrə seçkinin nəticələrini bütünlüklə etibarsız sayır.

Ən azı ... iki DSK-nın [9 və 42 saylı DSK-ların] sədrləri seçki pozuntularına görə seçki günündən sonra vəzifələrindən azad edildilər. İki DSK-nın sədrləri həbs edildilər və seçki sənədlərini saxtalaşdırmaqda ittiham olundular. ... MSK 29 MtSK ilə əlaqədar mümkün cinayət pozuntuları ilə bağlı materialları Baş Prokurorluğa gön-dərdi. ...

Dörd dairədə seçkinin ümumi nəticələrinin MSK tərəfindən etibarsız sayılması prosesi kifayət qədər hüquqi əsaslara və ya sübutedici bazaya söykənmirdi, həmçinin bu proses şəffaf deyildi. Dörd dairədə seçkinin ümumi nəticələrinin etibarsız sayılması barədə qərarında MSK bu qənaətə gəlmişdi ki, "protokollarda edilmiş yolverilməz düzəlişlər " edilib və "seçicilərin iradəsini müəyyən etməyi mümkünsüz edən qanun pozuntuları" olub, amma bu qənaəti təsdiqləyən hər hansı hüquqi əsas gətirilməmişdi. ...

Bundan başqa, nəticələri etibarsız elan edərkən MSK faktlarla bağlı [Seçki Məcəlləsinin 170.2-ci maddəsi ilə tələb olunan] ilkin araşdırma aparmamış və Seçki Мəcəlləsinin 108.4-cü maddəsinə əhəmiyyət verməmişdi, həmin maddə MSK-ya səlahiyyət verirdi ki, DSK tərəfindən təqdim edilmiş protokollarda və sənədlərdə "səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar" aşkar etdikdə, dairədə səslərin yenidən hesablanması haqqında qərar qəbul etsin. MSK-nın iclaslarında DSK və MtSK-ların protokolları araşdırılmadı və ya yenidən nəzərdən keçirilmədi. Seçki məntəqə-sində seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar yalnız hər hansı MSK üzvünün protokolu etibarsız elan edib-etməmək barədə gəldiyi qənaətə əsaslanırdı. Hər hansı MSK üzvünün protokolda nöqsanlar olduğu barədə rəyi sübut edilmiş fakt kimi qəbul edilir, iddia edilən qüsur barəsində hər hansı izahat verilmir və ya etibarsız sayılmış səslərin sayı göstərilmirdi. Beləliklə, dörd dairədən hər hansı birində nəticələrin etibarsız sayılması üçün heç bir faktoloji əsas ictimaiyyətə təqdim edilmədi, bu isə xüsusi narahatlıq doğuran haldır, ona görə ki, MSK bu dairələrdə pozuntuların olduğu barədə az şikayət qeydə almışdı. ...

Seçkisonrası mübahisələr məhkəmələrdə həll olunarkən hüquqi bazaya əsas etibarilə əhəmiyyət verilmirdi və onların həlli beynəlxalq səviyyədə qəbul edilmiş normalara cavab vermirdi. ... Bir çox hallarda müraciətlər və şikayətlər həm Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən ya mahiyyəti üzrə baxılmadan rədd edilir, ya da əsassız sayılaraq təmin olunmurdu.

Müxalifətin namizədləri 9, 42 və 110 saylı dairələrdə seçkinin nəticələrinin etibarsız sayılması barədə MSK-nın qərarından şikayət verdilər. Apellyasiya Məhkəməsi hər hansı araşdırma aparmadan və ya əsas sənədləri və sübutları, məsələn, MtSK protokollarını yenidən nəzərdən keçirmədən MSK-nın üç qərarını qüvvədə saxladı. 9 saylı dairədə şikayətçi Apellyasiya Məhkəməsinə protokolların araşdırılması barədə vəsatətlə müraciət etdi, MSK həmin vəsatəti Baş Prokurorluğa göndərdi. Bu vəsatət rədd edildi. 42 saylı dairədə şikayətçi eyni vəsatət təqdim etdi və yenə də məhkəmə vəsatəti rədd edərək bildirdi ki, qanunla müəyyən edilən müddətdə Baş Prokurorluqdan protokolları almaq mümkün deyil. MSK etibarsız sayılmış protokolda hər hansı konkret qüsur barədə izahat və ya hər hansı məlumat verməyib, yaxud protokolun etibarsız sayılması üçün ona hansı dəyişikliyin edilməsinin yetərli olduğu barədə izahat təqdim etməyib. ...

Ali Məhkəmədəki icraat yuxarıda qeyd edilən çatışmazlıqları düzəltməyib. Ali Məhkəmədə MSK-nın hər bir qərarını qüvvədə saxlayıb ".
HÜQUQ MƏSƏLƏLƏRİ

I. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

  1. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinə və Konvensiyanın 13-cü maddəsinə istinadən şikayətçi bildirdi ki, onun dairəsində seçkinin nəticələrinin etibarsız sayılması əsassız və qanunsuz olub və seçkinin qanuni qalibi qismində onun seçki hüquqlarını pozub. O, iddia etdi ki, nəticələrin etibarsız sayılması prosesi şəffaf olmayıb və qanunsuzluqlara qarşı yetərli təminatlar olmayıb, seçki komissiyalarının və daxili məhkəmələrin qərarlarının hər hansı faktoloji əsası olmayıb və onlar ölkədaxili seçki qanunvericiliyinin bir sıra tələblərinə zidd olub.

  2. Мəhkəmə hesab edir ki, bu şikayət yalnız Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi üzrə araşdırılmalıdır və 13-cü maddə üzrə ayrıca araşdırmaya ehtiyac yoxdur. 1 saylı Protokolun 3-cü maddəsində deyilir:

"Yüksək Müqavilə Tərəfləri qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdələrinə götürürlər ".

A. Şikayətin qəbuledilənliyi

33. Мəhkəmə bildirir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində


nəzərdə tutulan mənada aşkar əsassız deyil. Daha sonra qeyd edir ki, şikayət hər hansı
başqa səbəblərə görə qəbulolunmayan sayıla bilməz. Buna görə də, o, qəbulolunan
elan edilməlidir.
B. Şikayətin mahiyyəti

1. Tərəflərin arqumentləri

  1. Hökumət bildirdi ki, şikayətçinin seçki dairəsində seçkinin nəticələrinin etibarsız sayılması barədə MSK-nın qərarı etibarlı faktoloji nəticələrə əsaslanıb. Sonradan iki vəzifəli şəxsə - 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsi üzrə DSK rəsmisinə və 17 saylı seçki məntəqəsi üzrə MtSK rəsmisinə qarşı cinayət prosesinin yekunu həmin nəticələrin düzgünlüyünü təsdiqləyib. Həmin vəzifəli şəxslərin hər ikisi seçki protokollarına müdaxilə etdiklərini etiraf ediblər.

MSK-nın səslərin yenidən hesablanmasına dair qərar çıxarmadığı barədə şikayətçinin arqumentinə gəldikdə, Hökumət iddia etdi ki, Seçki Məcəlləsinin 108.4-cü maddəsi MSK-nın bütün hallarda səsləri yenidən hesablamasını tələb etmir, ona hər bir konkret halda səslərin yenidən hesablanmasına dair qərar çıxarıb-çıxarmamaq səlahiyyəti verir. Hökumət daha sonra iddia etdi ki, bu işdə səslərin yenidən hesablanması mümkün deyildi, çünki Seçki Məcəlləsinin həmin vaxt qüvvədə olan 106.3.6-cı maddəsinə uyğun olaraq (bu maddə sonradan ləğv olundu), zərfin içində olmayan bülletenlər etibarsız sayılırdı. MSK-ya təqdim edilmiş bütün bülletenlər müvafiq seçki məntəqələrində ilkin hesablama zamanı artıq zərfdən çıxarıldığına və sonra zərfə qoyulmadığına görə bu bülletenlərin yenidən hesablanması mümkün deyildi.

  1. Hökumət iddia etdi ki, seçki protokollarına müdaxilənin baş verdiyinin müəyyən edildiyi hallar bu protokolların əsasında MSK tərəfindən seçicilərin həqiqi iradəsinin müəyyənləşdirilməsini mümkünsüz edib. Səslərin hesablanmasının rəsmiləşdirilməsi proseduruna bu cür müdaxilə xalqın öz rəyini azad ifadə etməsinə müdaxilə idi və bu­na görə də, MSK düzgün olaraq dairədə seçkinin nəticələrini etibarsız elan edib, çünki o, yalnız seçicilərin iradəsinin ifadəsinə uyğun olaraq seçilmiş namizədlərin parlamentdə həmin seçiciləri təmsil etməsini təmin etməkdən ibarət qanuni məqsədi rəhbər tutub.

  2. Şikayətçi bildirdi ki, seçkidə yüksək səs çoxluğu ilə inamlı qələbə qazanıb. İstər müdaxilədən qabaq, istərsə də müdaxilədən sonra müvafiq nəticələrə dair protokollarda o, qalib kimi göstərilib. Seçki protokollarına müdaxilə ona verilmiş səslərin ümumi sayının əhəmiyyətli dərəcədə azalması və uyğun olaraq onun əsas rəqibinə verilmiş səslərin sayının artması ilə nəticələnsə də, hətta müdaxilə edilmiş protokollarda əks olunan nəticələrə əsasən o, seçkinin aşkar qalibi olub. Beləliklə, hətta müdaxilədən sonra belə, müvafiq protokollar göstərir ki, şikayətçi 1.259 səs çoxluğu ilə qalib gəlib.

  3. Şikayətçi qeyd etdi ki, seçki protokollarına edilmiş bütün yolverilməz dəyişikliklər onun deyil, rəqiblərinin xeyrinə edilib. Buna baxmayaraq, MSK Seçki Məcəlləsinin 114.5-ci maddəsinə riayət etməyib; həmin maddə seçki prosesində yekunda seçilməyən və seçkidə qalib gəlməyən namizədlərə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, seçkinin nəticələrinin etibarsız sayılmasına icazə vermir.

  4. Şikayətçi qeyd etdi ki, müdaxiləyə məruz qaldığı iddia edilən on altı protokoldan yalnız beşində namizədlərə verilmiş səslərin ümumi sayında yolverilməz düzəlişlər edilmişdi. Qalan protokollarda yalnız "texniki xarakterli" düzəlişlər vardı ki, onlar da verilmiş səslərin ümumi sayını göstərən rəqəmlərə təsir göstərmirdi və buna görə də, seçicilərin həqiqi iradəsinin müəyyən edilməsinə mane olmurdu.

  5. Səslərin yenidən sayılmasının mümkünsüzlüyü barədə Hökumətin arqumentinə gəldikdə, şikayətçi qeyd etdi ki, Hökumətin Seçki Məcəlləsinin 106.3.6-cı maddəsinə istinad etməsi yanlış idi, çünki həmin maddə yalnız seçki gününün sonunda içərisində bülletenlər olan zərflər seçki qutularından ilk dəfə çıxarılan zaman səslərin seçki məntəqələrində ilkin hesablanmasına aid idi və səslərin MSK üzvlərinin yanında hər hansı sonrakı hesablanmasına aid deyildi. İstənilən halda, şikayətçi hesab etdi ki, işin faktları baxımından səslərin yenidən hesablanmasına belə bir sadə səbəbə görə ehtiyac yox idi, hətta rəqiblərinin xeyrinə müdaxiləyə məruz qalmış protokollar əsasında da onun seçkidə qələbəsi hər hansı şübhə yeri qalmadan müəyyən edilə bilərdi.

41. Şikayətçi bildirdi ki, seçkinin nəticələrinin etibarsız sayılması üçün heç bir qanuni
əsas yox idi. Bu işdə çıxarılmış qərar mahiyyətcə о demək idi ki, daxili seçki sistemi
təsadüfi bir şəxsin seçki protokollarına kiçik düzəlişlər etməklə on minlərlə seçicinin
səsini faydasız etməsinə imkan verir. Bu isə, öz növbəsində, Hökumətə imkanı verib
ki, seçkinin nəticələrini etibarsız hala gətirmək üçün sadəcə seçki rəsmisinin seçki
protokoluna müdaxilə etməsi və sonradan buna görə çox yumşaq cəza alması vasitəsilə müxalif namizədlərin parlament üzvü olmasının qarşısını alsın. Bununla bağlı şikayətçi qeyd etdi ki, seçkinin nəticələrini korlamaqda təqsirli bilinən DSK-nın Sədri kiçik cərimə formasında çox yüngül cəza aldı və məhkum olunmasına baxmayaraq, 2008-ci ildə dövlət qulluğunda işə bərpa olundu.
2. Məhkəmənin qiymətləndirməsi

  1. İlk baxışdan 1 saylı Protokolun 3-cü maddəsi Konvensiya və onun Protokolları ilə qorunan digər hüquqlardan fərqlənir, çünki orada konkret hüquq və ya azadlıqdan daha çox, Yüksək Müqavilə Tərəfinin xalqın öz rəyini sərbəst ifadə etməsini təmin edən seçkilər keçirmək öhdəliyi əks olunub. Lakin Məhkəmə müəyyən edib ki, o, fərdi hüquqları, о cümlədən səsvermə hüququnu və seçkidə namizəd qismində iştirak hüququnu təmin edir (bax: Matye-Moen və Klerfayt (Mathieu-Mohin and Clerfayt) Belçikaya qarşı, 2 mart 1987-ci il, 46-51-ci bəndlər, A Seriyaları, № 113). Məhkəmə Konvensiyanın şərhinin və tətbiqinin kökündə duran demokratik prinsiplərin mühümlüyünü ardıcıl olaraq önə çəkərək vurğulayıb ki, 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin edilən hüquqlar qanunun aliliyi ilə idarə olunan səmərəli və əhəmiyyətli demokratiyanın təməlinin bərqərar edilməsi və mühafizəsi üçün önəmlidir (yenə orada, 47-ci bənd; həmçinin bax: Hörst (Hirst) Birləşmiş Krallığa qarşı (№ 2), [Böyük Palatanın qərarı], № 74025/01, 58-ci bənd, AİHM 2005-IX).

  2. 1 saylı Protokolun 3-cü maddəsinin verdiyi hüquqlar mütləq hüquqlar deyil. Burada "dolayı məhdudiyyətlər" mümkündür və Razılığa gələn Dövlətlərin seçkilər sahəsində geniş qiymətləndirmə sərbəstliyi var (bax: Matye-Moenin və Klerfaytın (Mathi-eu-Mohin and Clerfayt) işi üzrə yuxarıda adı çəkilən qərar, 52-ci bənd; Methyus (Matthews) Birləşmiş Krallığa qarşı, [Böyük Palatanın qərarı], № 24833/94, 63-cü bənd, AİHM 1999-I; və Labita (Labita) İtaliyaya qarşı, [Böyük Palatanın qərarı], № 26772/95, 201-ci bənd, AİHM 2000-IV). Bununla belə, 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə riayət edilib-edilmədiyi barədə son instansiya qismində qərar vermək Məhkəmənin işidir. Konkret olaraq, o, əmin olmalıdır ki, həmin məhdudiyyətlər sözügedən hüquqları onların mahiyyətinə xələl gətirəcək dərəcədə məhdudlaşdırmır və səmərəlilikdən məhrum etmir; onların təyin olunması qanuni məqsəd daşıyır; və tətbiq edilən vasitələr qeyri-mütənasib deyil (bax: Matye-Moenin və Klerfaytın (Mat-hieu-Mohin and Clerfayt) işi üzrə yuxarıda adı çəkilən qərar, 52-ci bənd; və Gitonas və Başqaları (Gitonas and Others) Yunanıstana qarşı, 1 iyul 1997-ci il, 39-cu bənd, Qərar və Qərardadlar Toplusu, 1997-IV). Belə məhdudiyyətlər xalqın qanunverici hakimiyyət orqanını seçərkən öz seçimini azad ifadə etməsinə mane olmamalıdır - başqa sözlə, onlar xalqın iradəsinin ümumi səsvermə vasitəsilə müəyyən edilməsinə yönələn seçki prosedurunun düzgünlüyünü və səmərəliliyini mühafizə etmək marağını əks etdirməli və ya ona zidd olmamalıdır (bax: Hörstün (Hirst) işi (№ 2) üzrə yuxarıda adı çəkilən qərar, 62-ci bənd).

44. Bundan başqa, insan hüquqlarının müdafiəsinə dair sənəd olan Konvensiyanın
predmeti və məqsədi tələb edir ki, onun müddəaları elə şərh və tətbiq edilsin ki, orada
nəzərdə tutulan hüquqlar nəzəri və ya xəyali deyil, praktiki və səmərəli olsun (bir çox
digər qərarlar arasında bax: Türkiyə Birləşmiş Kommunist Partiyası və Başqaları
(United Communist Party of Turkey and Others) Türkiyəyə qarşı,
30 yanvar 1998-ci
il, Qərar və Qərardadlar Toplusu, 1998-I; Çasanyu və Başqaları (Chassagnou and
Others) Fransaya qarşı,
[Böyük Palatanın qərarı], şikayətlər № 25088/94, 28331/95
və 28443/95, 100-cü bənd, AİHM 1999-III; və Likurezos (Lykourezos) Yunanıstana
qarşı,
№ 33554/03, 56-cı bənd, AİHM 2006-VIII).

1 saylı Protokolun 3-cü maddəsi ilə təmin edilən və həqiqi demokratik rejim konsepsiyasından irəli gələn seçkidə namizəd qismində iştirak etmək hüququ, həmin hüquqdan məhrum etmə istənilən vaxt mümkün olacağı halda, yalnız xəyali hüquq olardı. Uyğun olaraq, namizədliyə uyğunluq şərtlərini nəzəri olaraq müəyyən etməkdə dövlətlərin geniş qiymətləndirmə sərbəstliyinə malik olmaları həqiqət olsa da, hüquqların səmərəli olmasına dair prinsip tələb edir ki, əsassız qərarların qarşısını almaq üçün uyğunluq proseduru kifayət qədər təminatları ehtiva etsin (bax: Podkolzina (Podkolzina) Latviyaya qarşı, № 46726/99, 35-ci bənd, АİHМ 2002-II). Əsassız qərarların qarşısının alınmasını tələb edən prinsip öncə seçkidə namizəd olmağa uyğunluq şərtləri ilə əlaqədar olaraq bəyan edilsə də, Eynilə fərdi seçki hüquqlarının səmərəliliyinin təhlükə altında olduğu digər hallarda (bax: Namət Əliyev (Namat Aliyev) Azərbaycana qarşı, № 18705/06, 72-ci bənd, 8 aprel 2010-cu il), о cümlədən seçkilərin yekunun yenidən nəzərdən keçirildiyi və seçkinin nəticələrinin etibarsız sayıldığı hallarda da aktuallıq kəsb edir (bax: Kovaç (Kovach) Ukraynaya qarşı, № 39424/02, 55-ci və sonrakı bəndlər, AİHM 2008-...).



  1. Məhkəmə vurğulayıb ki, seçki idarəçiliyinə görə cavabdeh olan dövlət orqanlarının şəffaf qaydada fəaliyyət göstərməsi, habelə qərəzsiz və siyasi manipulyasiyadan azad olması vacibdir (bax: Gürcüstan Əməkçi Partiyası Gürcüstana (The Georgian Labour Party) qarşı, № 9103/04, 101-ci bənd, 8 iyul 2008-ci il), onların həyata keçirdiyi prosedurlar minimum təminatlarla müşayiət olunmalı və onların qərarları kifayət qədər əsaslandırılmış olmalıdır (bax: mutatis mutandis, Namət Əliyevin (Namat Aliyev) işi üzrə yuxarıda adı çəkilən qərar, 81-90-cı bəndlər; və Kovaçın (Kovach) işi üzrə yuxarıda adı çəkilən qərar, 59-60-cı bəndlər).

  2. Hökumət iddia etdi ki, seçkinin nəticələrinin etibarsız sayılması barədə mübahisəli qərar seçicilərin öz rəylərini sərbəst ifadə etmələrinin qanunsuz müdaxilədən müdafiə edilməsinə və yalnız qanuni seçilmiş namizədlərin parlamentdə seçiciləri təmsil etmələrinin təmin edilməsinə yönəlmişdi. Lakin Məhkəmə buna şübhə ilə yanaşır ki, pozuntuların dərəcəsindən və bütövlükdə dairədə seçkinin nəticəsinə göstərdiyi təsirdən asılı olmayaraq sadəcə olaraq bəzi seçki məntəqələrində pozuntuların baş verməsi ucbatından bütövlükdə seçki dairəsində verilmiş səslərin nəzərə alınmaması praktikasına 1 saylı Protokolun 3-cü maddəsinin məqsədləri üçün qanuni məqsəd daşıyan praktika kimi baxmaq olarmı? (müqayisə et: mutatis mutandis, Kovaçın (Kovach) işi üzrə yuxanda adı çəkilən qərar, 52-ci bənd). Lakin aşağıdakı çıxarılan nəticələrin işığında Məhkəmənin bu məsələyə dair yekun rəy bildirməsi tələb olunmur.

  1. İşdəki materiallardan kifayət qədər aydın olur ki, seçki gününün sonunda (protokollara müdaxilə insidentləri baş verməzdən əvvəl) şikayətçinin hər bir seçki məntəqəsindən əldə etdiyi MtSK protokollarının surətlərinə əsasən, şikayətçi H.-ın 3.992 səsinə qarşı ümumilikdə 5.566 səs qazanıb. Həmin MtSK protokolları əsasında tərtib edilmiş DSK protokoluna əsasən, həmin protokolların bəzilərinə müdaxilə edildikdən sonra şikayətçi H.-ın 4.091 səsinə qarşı 5.350 səs qazandı. Beləliklə, aydın idi ki, protokollara qanunsuz düzəlişləri ehtiva edən pozuntulardan əvvəl və sonra seçkinin nəticələri şikayətçinin seçkilərdə aşkar qalib olduğunu göstərir. Üstəlik, nə MSK, nə onun qərarına qarşı şikayətə baxmış daxili məhkəmələr, nə də sözügedən pozuntularla bağlı cinayət işinə baxmış Sumqayıt Şəhər Məhkəməsi hər hansı qanunsuz düzəlişlərin şikayətçinin seçilməsinə kömək üçün edildiyini müəyyən etməyib. Əksinə, Sumqayıt Şəhər Məhkəməsi müəyyən etmişdi ki, düzəlişlər yalnız onun rəqiblərinin xeyrinə edilib. Hökumət də öz izahatlarında iddia etməyib ki, pozuntular şikayətçinin xeyrinə nəsə etmək məqsədi daşıyıb. Uyğun olaraq, hətta bu pozuntuların şikayətçinin rəqiblərinin səslərinin sayını şişirtmək və onun səslərinin sayını azaltmaq cəhdi olduğuna baxmayaraq, seçkinin nəticələri şikayətçinin aşkar qalib olduğunu göstərdi. Belə olan halda, Məhkəmə bu pozuntuların bütövlükdə dairədə "seçicilərin iradəsini müəyyən etməyi mümkünsüz" etdiyi barədə seçki orqanlarının və Hökumətin mövqeyini başa düşməyi çətin hesab edir. Əksinə, Məhkəmə hesab edir ki, işin faktları belə bir vəziyyəti üzə çıxarır ki, pozuntular necə ağır olursa-olsun, seçkinin yekun nəticəsinə təsir göstərməyib və dairədə seçicilərin çoxluğunun seçiminə dair hər hansı şübhə yaratmayıb.

  2. Bundan başqa, şikayətçinin dairəsində seçkinin nəticələrini etibarsız elan etmiş MSK-nın 8 noyabr 2005-ci il tarixli qərarına gəldikdə, Məhkəmə qeyd edir ki, orada nə MtSK protokollarına daxil edildiyi iddia edilən "yolverilməz düzəlişlərin" və ya digər "qanun pozuntularının" hər hansı konkret təsviri, nə bu "düzəlişlərin" və "po­zuntuların" xarakteri ilə bağlı təfsilatlar var idi, nə də iddia edilən pozuntuların müvafiq seçki məntəqələrində səsvermənin nəticəsinə nəyə görə xələl gətirdiyini və seçicilərin həqiqi rəyini müəyyənləşdirməyi mümkünsüz etdiyini izah edən səbəblər var idi. Belə olan halda, Məhkəməyə yalnız onu qeyd etmək qalır ki, MSK-nın qərarı tamamilə əsassız idi.

  3. Səslərin yenidən hesablanması ilə bağlı tərəflərin arqumentlərinə gəldikdə, Məhkəmə şikayətçi ilə razılaşır ki, bu cür yenidən hesablama əhəmiyyətsiz olacaqdı, çünki hətta pozuntulara baxmayaraq kimin qalib namizəd olduğunu müəyyən etmək mümkün idi. Bununla belə, Məhkəmə MSK-nın seçkinin nəticələrini etibarsız elan etməzdən əvvəl yenidən hesablamanın hətta mümkünlüyünü belə nəzərdən keçirməməsini narahatlıq doğuran hal hesab edir. Məhkəmə hesab edir ki, səslərin hesablanmasına və ya seçki sənədlərinə edilmiş qanunsuz müdaxilələr seçkilərin nəticəsinin müəyyən edilməsinə təsir göstərə bilərsə, yenidən hesablama mümkün olduğu hallarda səslərin yenidən hesablanması üzrə ədalətli prosedur bütövlükdə seçki prosesinin ədalətliliyinin və uğurluluğunun mühüm təminatıdır. Hətta Hökumətin belə bir arqumentini qə­bul etsək ki, Azərbaycan qanunvericiliyinə əsasən seçkidə səslərin yenidən hesablanması məcburi deyil, fakultativ aktdır (MSK-nın səlahiyyətinə aiddir), Məhkəmə hesab edir ki, bu işdə MSK seçkinin nəticələrini bütünlüklə etibarsız elan etməzdən əvvəl yenidən hesablamanın mümkünlüyünü nəzərdən keçirə və ən azından bu imkandan vaz keçməsinin səbəblərini izah edə bilərdi. Məhkəmənin fikrincə, MSK-nın bunu etməməsi onun qərarının əsassız görünməsinə şərait yaradıb.

50. Seçki Məcəlləsinin keçmiş 106.3.6-cı maddəsinin ziddiyyətli tələbləri ucbatından yenidən hesablamanın mümkün olmadığı barədə Hökumətin arqumentinə gəldikdə, Məhkəmə bu arqumenti yersiz hesab edir. Birincisi, yuxanda qeyd edildiyi kimi, yenidən hesablama barədə qərar çıxarmamasının səbəblərini izah etmək MSK-nın üzərinə düşürdü, о isə belə izahatları verməmişdi. İkincisi, belə görünür ki, Seçki Məcəlləsinin keçmiş 106.3.6-cı maddəsi (yuxanda 29-cu bəndə bax) ilkin hesablama üçün bülletenlər seçki qutularından çıxarıldığı andan bülletenlərin etibarlığının müəyyən edilməsinə aid idi. Bülleten zərfin içindən çıxarılmışdısa, onun etibarlığı müəyyən edilmişdisə və o, ilkin hesablama zamanı hesablanmışdısa, seçkidə səslərin hər hansı sonrakı hesablanması zamanı həmin bülletendən istifadənin qarşısını heç nə ala bilməzdi. Üçüncüsü, Məhkəmə ümumiyyətlə seçki prosesinin düzgünlüyünə dair qanunla nəzərdə tutulmuş təminatlara riayət etməməyi əsaslandırmaq üçün yalnız bu cür namünasib və xırda rəsmiyyətlərə əsaslanmağı qəbulolunmayan sayır.

51. Bundan başqa, MSK-nın 8 noyabr 2005-ci il tarixli qərarını nəzərə alaraq, Məhkəmə qeyd edir ki, iddia edilən pozuntular səbəbindən MSK öncə on altı seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, sonra isə bütövlükdə dairədə seçkinin nəticələrini etibarsız elan etmək üçün Seçki Məcəlləsinin 170.2.2-ci maddəsinə istinad edərək, dairədəki seçicilərin sayının dörddə birini təşkil edən seçki məntəqələrinin ümumi sayının beşdə ikisində seçkilərin nəticələrinin ləğv olunmasına əsaslanıb. Lakin Məhkəmə bunu narahatlıq doğuran hal hesab edir ki, həm müvafiq seçki məntəqələrində, həm də bütövlükdə dairədə seçkilərin nəticələrini etibarsız elan etdikdən sonra MSK Seçki Məcəlləsinin 114.5-ci maddəsinin tələblərinə əhəmiyyət verməyib; həmin maddə seçkini uduzmuş namizədlərin xeyrinə törədilən pozuntuların aşkar edilməsi əsasında istənilən səviyyədə seçkilərin nəticələrinin ləğvini qadağan edir (yuxanda 27-ci bəndə bax). Bu norma seçicilərin rəyini müdafiə edir, habelə səslərin çoxunu qazanan və hər hansı pozuntulara görə cavabdeh olmayan namizədin maraqlarını həmin namizədə qarşı yol verilə bilən hər hansı qanunsuz hərəkətlərdən qoruyur. Bu halda, həmin norma uduzan rəqiblərinin xeyrinə qanunsuz hərəkətlərə görə qalib namizədin seçkidəki qələbəsindən məhrum edilərək haqsız cəzalandırılmasının qarşısını almağa yönəlib. Bununla bağlı Məhkəmə qeyd edir ki, Seçki Məcəlləsinin 114.5-ci maddəsində nəzərdə tutulan hallar, pozuntuların "qalib" namizədin xeyrinə törədilməsinin müəyyən edildiyi halların tam əksidir (əks qərar üçün bax: Namət Əliyevin (Namat Aliyev) işi üzrə yuxanda adı çəkilən qərar, 9-18, 64, 67 və 74-cü bəndlər). Lakin Məhkəmə qeyd edir ki, Seçki Məcəlləsinin 114.5-ci maddəsinin aydın ifadə edilmiş tələbinə baxmayaraq, nə seçkinin nəticələrinin ləğvi barədə qərar çıxarmış MSK, nə də bu qərardan şikayətə baxan daxili məhkəmələr iddia edilən pozuntuların kimin xeyrinə törədildiyini müəyyən etməyə cəhd göstəriblər. İstənilən halda, Sumqayıt Şəhər Məhkəməsindəki sonrakı cinayət prosesi müəyyən edib ki, MtSK-nın protokollarına qanun­suz düzəlişlər yalnız şikayətçinin rəqiblərinin xeyrinə edilib. Nəhayət, yuxanda qeyd edildiyi kimi, həmin düzəlişlərə baxmayaraq, şikayətçinin уеnə də ən çox səs toplamış namizəd olduğu üzə çıxıb və dövlət orqanlarının heç biri heç zaman onun sözügedən pozuntulara görə məsuliyyət daşıdığını hesab etməyiblər. Bu halda, tamamilə aydındır ki, şikayətçinin dairəsində seçkinin nəticələrini etibarsız elan etmək və bununla da onu parlamentdəki yerindən məhrum etmək barədə qərar nəinki müvafiq şəkildə əsaslandırılıb, həm də Seçki Məcəlləsinin 114.5-ci maddəsinin tələbi pozulmaqla qəbul edilib. Nəhayət, bu tələbin nəzərə alınmaması və bununla bağlı hər hansı izahat verilməməsi seçkinin nəticələrinin ləğvinin əsassız olması qənaətini yaradıb.



  1. Sonda Məhkəmə qeyd edir ki, şikayətçinin daxili məhkəmələrə şikayətlərində yuxarıdakı məsələləri təkrar-təkrar qaldırdığına baxmayaraq, məhkəmələr bu məsələlərə lazımi qaydada baxmayıblar və sadəcə, MSK-nın gəldiyi nəticələri təkrarlayıblar. Onlar hər hansı mühüm sübutları, ilk növbədə, MtSK protokollarının əsillərinə qanunsuz düzəlişlər edilməsindən ibarət olan sübutları araşdırmaqdan imtina ediblər və MSK-nın qərarının seçki qanunvericiliyinin tələblərinə uyğunluğınu yoxlamayıblar. Bu halda, şikayətçinin seçki ilə bağlı şikayətlərinin araşdırılması üsulu səmərəli olmayıb.

  2. Dövlət orqanlarının bu məsələyə lazımi qaydada yanaşmaması elə bir vəziyyət doğurub ki, bu zaman bütövlükdə seçki dairəsində bütün seçki prosesi mahiyyətcə iki nəfər yüksək vəzifəli seçki rəsmisinin əli ilə təxribata məruz qalıb, onlar əllərində olan bir sıra seçki protokollarında düzəlişlər etmək üçün vəzifələrindən sui-istifadə ediblər. Dövlətin vəzifəli şəxslərinin hərəkətləri ucbatından seçkinin nəticələrini əsassız olaraq etibarsız elan etməklə dövlət orqanları mahiyyətcə seçkini pozmaqda onlara kömək ediblər və şərait yaradıblar. Seçki administrasiyası daxilində seçki prosesinin düzgünlüyünə marağın olmaması Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin ruhuna uyğun hal sayıla bilməz.

  3. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, seçkinin nəticələrini etibarsız elan etmək barədə dövlət orqanlarının qərarını açıq-aydın "zəruri" etmiş pozuntuları törədənlər, belə görünür ki, seçkilərin yekun nəticəsinə təsir göstərmək məqsədinə çatmayıblar və nəticələrin etibarsız elan edilməsi barədə qərarın özü onları "məqsədlərinə çatdırıb". Şikayətçinin dairəsində seçkilərin nəticələrinin ləğvi üçün hər hansı müvafiq əsaslar göstərilməyib və bu ləğvetmə ölkədaxili seçki qanunvericiliyi ilə müəyyən edilmiş proseduru açıq-aydın pozub (yuxanda 51-ci bəndə bax). Bu qərar şikayətçini parlamentə seçilməsindən yararlanmaq imkanından məhrum etməklə onun seçki hüquqlarını əsassız olaraq pozub və ümumi səsvermə yolu ilə xalqın iradəsinin müəyyən edilməsinə yönələn seçki prosedurunun düzgünlüyünün və səmərəliliyinin qorunması marağına özlüyündə zidd olub.

  4. Uyğun olaraq, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozuntusu baş verib.


II. KONVENSİYANIN 14-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU


  1. Yuxarıdakı şikayətlə birlikdə şikayətçi seçkidə açıq-aydın qalib gəldiyinə baxmayaraq, müxalif partiyanın üzvü olmaqla siyasi mənsubiyyəti səbəbindən əsassız olaraq parlamentdəki yerindən məhrum edilməsindən şikayətləndi. O, 14-cü maddəyə istinad etdi; orada aşağıdakılar nəzərdə tutulur:

"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır".

  1. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda araşdırılmış şikayətlə əlaqəlidir və bu­na görə də, eynilə qəbulolunan elan edilməlidir.

  2. Lakin Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə bağlı yuxanda gəldiyi nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu işdə 14-cü maddənin pozulub-pozulmadığını araşdırmağa ehtiyac yoxdur.


III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ

59. Konvensiyanın 41-ci maddəsində deyilir:



"Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir".
A. Ziyan

1. Maddi ziyan

  1. Şikayətçi onun dairəsində seçkilərin nəticələri etibarsız elan edilməsəydi Milli Məclisə seçiləcəyi halda, parlament üzvünün məvacibi formasında ala biləcəyi əmək haqlarını itirdiyinə görə 83.185,83 AVRO tələb etdi. Qeyd etdi ki, pensiyaçı müğənni və dövlət yardımı alan şəxs qismində müvafiq dövrdə onun digər gəlirləri ayda yalnız 125 Yeni Azərbaycan manatı (AZN) olub (təxminən 120 AVRO).

  2. Hökumət şikayətçinin tələbinə etiraz etdi və iddia etdi ki, onun digər gəlirləri ayda 125 AZN-dən xeyli çox olmalıdır.

Məhkəmə oxşar tələblə bağlı olan Kovaçın (Kovach) işi üzrə qərarda (66-cı bənd; yuxarıda bu qərara istinad edilib) apardığı təhlili bir daha xatırladır: "Bu həqiqətdir ki, şikayətçi seçildiyi halda parlament üzvü qismində məvacib alacaqdı. Lakin bu, tələb etdiyi məbləğləri ona təyin etmək üçün yetərli deyil, çünki tələb olunan məbləğlər onun ala biləcəyi digər gəlirlərlə tutuşdurulmalıdır; belə ki, Likurezos Yunanıstana qarşı məhkəmə işində ([şikayət № 33554/03, 64-cü bənd, AİHM 2006-VIII], həmin işdə şikayətçinin mandatını həyata keçirməkdə davam etməsinin qarşısı alınmışdı) olduğu kimi, o, seçildiyi halda həmin gəlirlərdən imtina etməli olacaqdı. Şikayətçi parlament üzvü qismində ala biləcəyi məvacibi təfsilatları ilə göstərib, amma xalis itkilərinin miqdarını göstərməyib ".

63. Həmin işdən qabaq çıxarılmış Likurezosun işi üzrə qərarda (64-cü bənd; yuxarıda


bu qərara istinad edilib) Məhkəmə bu məsələyə aşağıdakı kimi yanaşıb:

"Məhkəmə qeyd edir ki, bu məsələ mübahisə doğurmur ki, şikayətçi parlamentdəki yerini itirməyə məcbur edilməsəydi, etiraz doğuran tədbirin baş verdiyi tarixlə onun seçildiyi qanunvericilik orqanının səlahiyyət müddətinin bitdiyi tarix arasındakı dövrdə o, iddia etdiyi məbləği alacaqdı. Lakin Məhkəmə onu da qeyd edir ki, :şikayətçi bu dövrdə fəaliyyətsiz qalmayıb; əksinə, o, peşə fəaliyyətlərini davam etdirə və bunun müqabilində zəhmət haqqı ala bilib. Bundan əlavə, şikayətçi sübut etməyib ki, həmin zəhmət haqlarının ümumi məbləği onun sözügedən dövrdə parlament üzvü kimi ala biləcəyi vəsaitlərdən həqiqətən az olub... Şikayətçinin məruz qaldığı real itkilərin hesablanması üzrə hər hansı cəhdə xas olan qeyri-müəyyənliyi nəzərə alaraq və qiymətləndirməni ədalət prinsipi əsasında həyata keçirərək, Məhkəmə bu bənd üzrə ona 20.000 AVRO, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin etməyi qərara alır".

64. Məhkəmə qeyd edir ki, yuxarıdakı işdən fərqli olaraq, şikayətçi parlament üzvü qismində ala biləcəyi məvaciblərlə müvafiq dövrdə əldə etdiyi digər gəlirlər arasındakı fərq barədə təfsilatlı informasiya təqdim edib, həmin informasiya prinsipcə onun "xalis itkisini" hesablamaq üçün yetərlidir. Məhkəmə hesab edir ki, şikayətçi parlament üzvü olsaydı, qulluq müddətinin azı bir hissəsi ərzində qulluqda olacağını və qulluğa görə müəyyən gəlir əldə edəcəyini gözləmək olardı. Uyğun olaraq, o, müəyyən maddi itkiyə məruz qalıb; hərçənd ki, parlament üzvü qismində bütün qulluq müddəti ərzində texniki cəhətdən bu ziyanı aylıq məvaciblərin kəmiyyəti baxımından göstərmək olmaz. Buna görə də, şikayətçinin məruz qaldığı real itkilərin hesablanması üzrə hər hansı cəhdə xas olan qeyri-müəyyənliyi nəzərə alaraq və qiymətləndirməni ədalət prinsipi əsasında həyata keçirərək, Məhkəmə bu bənd üzrə ona 50.000 AVRO təyin etməyi qərara alır.



2. Mənəvi ziyan

  1. Şikayətçi seçki hüquqlarının pozulmasının ona yetirdiyi əzaba və iztiraba görə kompensasiya qismində 100.000 AVRO tələb edib.

  2. Hökumət iddia edib ki, tələb olunan məbləğ əsassızdır və həddən yüksəkdir.

  3. Məhkəmə hesab edir ki, mənəvi ziyana məruz qalıb və bu ziyan təkcə 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusunu müəyyən etməklə kompensasiya oluna bilməz. Məhkəmə ədalət prinsipi əsasında qərar çıxararaq mənəvi ziyana görə ona 7.500 AVRO, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir.

B. Məhkəmə xərcləri və digər məsrəflər

  1. Şikayətçi həmçinin Məhkəmədəki icraatla bağlı çəkdiyi məhkəmə xərclərinə və
    digər məsrəflərə görə 4.800 AVRO tələb edib; bura hüquq yardımı haqlarına görə
    4.500 AVRO və poçt xərclərinə görə 300 AVRO daxildir.

  1. Hökumət iddia edib ki, hüquq yardımı haqları ilə bağlı tələb olunan məbləğ həddən yüksəkdir, poçt xərcləri ilə bağlı tələb isə hər hansı sənədlərlə təsdiqlənməyib.

  2. Məhkəmənin presedent hüququna əsasən, şikayətçi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna yalnız о halda malik olur ki, həmin xərclərin həqiqətən və zəruri olaraq çəkildiyi sübut edilsin və onlar miqdarca ağlabatan olsun. Bu işdə hüquqi xidmətlərin həqiqətən göstərildiyini və şikayətçi ilə vəkili arasında bağlanmış müvafiq müqavilədə həmin xidmətlərin əks olunduğunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, tələb olunan məbləğ bu işdə faktiki olaraq göstərilmiş hüquq yardımına uyğun deyil. Buna görə də, bu məsələdə tələb olunan məbləğ yalnız qismən təyin oluna bilər. Bundan başqa, Məhkəmə qeyd edir ki, şikayətçi poçt xərcləri ilə bağlı tələbini hər hansı sübutedici sənədlərlə təsdiq etməyib, buna görə də, həmin xərclərlə bağlı heç bir məbləğ təyin oluna bilməz.

  3. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, Məhkəmədəki icraata görə 1.600 AVRO məbləğini üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini şikayətçiyə təyin etmək ağlabatan olar.


C. İcranın gecikdirilməsinə görə faiz

72. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa


Mərkəzi Bankındakı borc dərəcəsinin yuxan həddinə əsaslanmalıdır və onun üzərinə
daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ:


  1. Şikayəti qəbulolunan elan edir;

  2. Qərara alır ki, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulub;

  3. Qərara alır ki, Konvensiyanın 14-cü maddəsi üzrə şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur;

  4. Qərara alır ki:

a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu
qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində şikayətçiyə aşağıdakı məbləğləri ödəməli və həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə yeni
Azərbaycan manatına çevrilməlidir:

i) maddi ziyana görə - 50.000 (əlli min) AVRO;

ii) mənəvi ziyana görə - 7.500 (yeddi min beş yüz) AVRO, bu məbləğdən tutula bilən
hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır;

iii) məhkəmə xərclərinə və digər məsrəflərə görə - 1.600 (min altı yüz) AVRO, şikayətçidən tutula bilən hər hansı vergi məbləği bu məbləğin üzərinə əlavə olunmalıdır;

b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər
yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı
borc dərəcəsinin yuxan həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun
da üzərinə daha üç faiz əlavə olunmalıdır;

5. Əvəzin ədalətli ödənilməsi haqqında şikayətçinin qalan tələblərini rədd edir.



Qərar ingilis dilində çıxarılıb və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 30 sentyabr 2010-cu ildə qərar barədə yazılı məlumat verilib.
Sören Nilsen Kristos Rozakis

Katib Sədr


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə