FİZİKİ TƏRBİYƏ VƏ onun aktual problemləRİ




Yüklə 177.54 Kb.
tarix24.04.2016
ölçüsü177.54 Kb.



FİZİKİ TƏRBİYƏ VƏ ONUN AKTUAL PROBLEMLƏRİ

Bizə sağlam millət, sağlam xalq lazımdır,

idmana vəsait qoyulma millətin gələcəyinə

sərmayə qoyulması deməkdir.

İlham Əliyev
İnsanın özünü, öz maddi və mənəvi potensialını maksimum real­laşdıra bilməsi üçün ona ilk növbədə fiziki sağlamlıq lazımdır. Məş­hur «sağlam ruh, sağlam bədəndə olar» kə­lamı da təsadüfən ya­ran­mamışdır. Doğrudur, bu fikir mütləqləşdirilə bilməz; belə ki, fiziki sağ­lamlıq mənəvi sağlamlıq üçün hələ kifayət de­yil. Lakin bu şərt kafi şərt olmasa da zəruri şərtdir. Hər bir adam müəyyən mənəvi zənginlik əl­də edə bilmək üçün, əxlaqi cəhətdən saf olmaq, yüksək estetik zövqə ma­lik ola bilmək üçün ilk növbədə fiziki cəhətdən mövcud olmalıdır, həm də kəsirlərlə yox, kifayət qədər sağ­lam şəkildə mövcud olmalıdır ki, həmin keyfiyyətləri əldə etmək, ya­şat­maq və təkmilləşdirmək üçün mübarizə edə bilsin.

Sağlam bədənin sağlam ruh üçün şərt olması haqqında çox de­yil­mişdir. Lakin nə üçünsə sağlam ruhun da öz növbəsində bədən sağ­lamlığı üçün şərt olduğu yaddan çıxarılır. Halbuki, bu tezis fəlsəfi fikir tarixində daha qədim köklərə malikdir. Təsadüfi deyildir ki, Şərq tə­babəti ruhu bədən vasitəsilə deyil, bədəni ruh vasitəsilə müalicə et­mə­yə çalışır. Bədənin fiziki enerji ehtiyatları məhdud olduğu halda, mənəvi enerji potensialı çox böyükdür. İnsan təbiətlə ahəngdar əla­qə­yə girə bilsə, mənəvi enerjini idarə etmək və istədiyi istiqamətdə yö­nəlt­mək sayəsində qeyri-adi güc əldə edə bilər. Laotszı təlimində de­yilir ki, mənəvi kamillik, dao səviyyəsi əldə edildikdə, «zəif və yumşaq olan, güclü və möhkəm olana qalib gələ bilər».1 Daosizm kimi Yoqa təlimi və digər ənənəvi Şərq təlimləri də ruh və bədənin ahəngdarlığı, vəhdəti prin­sipinə əsas­lanır.2

Platon deyirdi: «Mən belə hesab etmirəm ki, insanın bə­dəni qay­dasında olduqda o öz-özünə könül xoşluğu yaradır; məncə əksinə, könül xoşluğu bədənin daha yaxşı vəziyyəti üçün şərtdir».3 Ən müa­sir texnoloji-eksperimental fazaya əsaslanan psixologiyanın və psi­xo­tera­piyanın daosizmə, dizen-buddizmə müraciət etməsi də əsla tə­sadüfi de­­yil. İnsan ruhunun kosmik enerji ilə əlaqəyə girməsi bə­dən­də rü­şeym halında kodlaşdırılmış strukturun realizasiyası üçün əlavə im­kan­lar açır. Əksinə, mənəvi səbatsızlıq, ruhun heyvani nəfs sə­viy­yə­si­­­nə enməsi, mənfi emosiyalar bədəni gücsüzləşdirir, onu kosmik ahəng­­­­­dən ayırır, özünüqoruma instinktini və immuniteti, kənar təsir­lə­rə müqa­vimət qüvvəsini aşağı salır.

Yaradıcılıq planlarını həyata keçirmək üçün insanlar həm mə­nə­vi, həm də fiziki imkanlarını səfərbər etməlidirlər. Lakin fiziki ka­mil­liyə nail olmaq heç də yalnız bundan əməli fəaliyyətdə istifadə et­mək üçün deyil. Şəxsiyyətin özünü xoşbəxt hiss edə bilməsi üçün, əldə olun­muş nailiyyətlərdən yüksək dərəcədə faydalana bilməsi, gözəlliyə, ümumi ahəngə qovuşa bilməsi, dünyaya estetik münasibət bəsləyə bil­məsi üçün də fiziki sağlamlıq, yüksək fiziki inkişaf səviyyəsi lazımdır.

Fiziki kamilliyə nail olmaq heç də asan məsələ deyil; onun əldə olun­ması bir sıra ciddi şərtlərin ödənilməsini tələb edir. Böyük Sovet En­siklopediyasında bu şərtlər belə səciyyələndirilir: «İnsanın fiziki in­ki­şafı, bioloji (varislik, funksional və struktur əqaləri, bədəndə kə­miy­yət və keyfiyyət dəyişmələrinin ardıcıllığı və s.) və sosial (həyatın mad­di və mədəni səviyyələri, maddi və mənəvi sərvətlərin bölgüsü və isti­fa­dəsi, tərbiyə, əmək fəaliyyəti məişət və s.) amillərlə şərtlənir. Fiziki in­kişaf səviyyəsi əhalinin sosial sağlamlığının əsas göstəricilərindən bi­ridir».4

İnsanın fiziki aspektdə inkişafını öyrənərkən belə bir cəhətə xü­su­si fikir vermək lazımdır ki, fiziki kamillik yalnız dar mənada fiziki tər­biyə vasitəsi ilə əldə edilə bilməz. Fiziki tərbiyə bilavasitə bu məq­sə­də xidmət edən, istiqamətlənmiş, məqsədyönlü fəaliyyətdir və müəy­yən fiziki hərəkətlərin icra olunmasını, gimnastika, idman oyunları və s.-i əhatə edir.

Fiziki tərbiyə, şübhəsiz ki, ümumi fiziki inkişafın təmin olun­ma­sında, fiziki kamilliyin əldə edilməsi prosesində mühüm rol oy­na­yır. Lakin fiziki inkişafa bundan başqa və ilk növbədə fiziki sağ­lam­lı­ğın təmin olunmasında mühüm yer tutan gigiyena, müxtəlif profi­lak­tik tədbirlər, iş və məişət şəraitinin sağlamlıq üçün təhlükəli ola bi­lə­cək cəhətləri və s. bu kimi sosial hadisələr daxildir.

Bəzən fiziki inkişaf anlayışı altında bir sıra zahiri əlamətlərin, gös­­təricilərin kəmiyyətcə artımı nəzərdə tutulur ki, bu da həmin an­la­yı­­şın əsl mahiyyətini kölgədə qoyur.

Fiziki sağlamlığın adamın özü ilə, mövcud ictimai-iqtisadi şə­rait­lə bağlı olan cəhətlərindən başqa, elə qlobal aspektləri də vardır ki, bun­lar yalnız ümumbəşəri tərəqqi, cəmiyyət-təbiət münasibətləri miq­ya­sında həll oluna bilər. Bu miqyasda elmi-texniki tərəqqinin də bir qlo­bal hadisə kimi təsir dairəsi genişdir və ona görə də, bu prob­lem üzə­rində ətraflı dayanmağa ehtiyac vardır.

İnsanın hərtərəfli inkişafı prosesində fiziki tərbiyə istiqaməti ilə əlaqədar olan ən mühüm məsələlərdən biri müasir texnikanın və səna­ye­nin təsirilə ətraf mühitin, insanla həmahəng olan təbiətin dəyiş­di­ril­məsi və bunun nəticəsində insan sağlamlığına dəyən zərərdir.

Elm və texnikanın inkişafı, bir tərəfdən, fiziki sağlamlığın qo­run­ması və bərpası üçün geniş imkanlar açırsa, təbabətin və əc­za­çı­lı­ğın sürətli inkişafına səbəb olursa, digər tərəfdən də, əgər xüsusi pro­fi­lak­tik tədbirlər görülməzsə, bir sıra istiqamətlərdə sağlamlıq üçün təh­lü­­kələr törədir. Bu problem ilk növbədə ekoloji aspektdə təzahür edir. Belə ki, elmi-texniki nailiyyətlər əvvəllər təbiətdə olmayan (hə­min şə­kildə olmayan) elə hadisələr yaranmasına gətirir ki, bunlar daha insan ilə təbiət arasında əsrlər boyu formalaşmış ümumi ahəngə uyğun gəlmir və yeni şəraitin insan sağlımlığı üçün nə dərəcədə əl­verişli olması şübhə altına alınır. Lakin ətraf mühitin insan sağlam­lı­ğı üçün təhlükəli istiqamətdə dəyişilməsi elmi-texniki tərəqqinin labüd nə­ti­cəsi sayıla bilməz. Hər şey mümkün ekoloji böhranın irəlicədən nə­zərə alınıb-alınmamasından, dəyişdiricilik fəaliyyətinə hansı möv­qe­dən ya­naş­maqdan asılıdır. Müasir dövrdə təbiətə təsir edə biləcək is­tə­nilən iri miqyaslı quruculuq fəaliyyəti əvvəlcə ekoloji eksper­ti­za­dan keç­mə­li, mühiti korlaya bilən, insan sağlamlığına ziyan verə bilən amil­lər layi­hədən çıxarılmalı və ya konpensasiya edilməlidir. Lakin əgər sifa­riş­çi, sahibkar ekoloji amili nəzərə almırsa, bunun ziyanı ət­raf­da ya­şa­yan əhaliyə dəydiyindən insanların öz hüquqlarını müdafiə et­mək üçün heç olmazsa elementar ekoloji bilikləri mənimsəmələri la­zım­dır. An­caq ekoloji maarifləndirmə işi sayəsində əhali ətraf mühitin qo­run­ma­sının əsas təminatçısına çevrilə bilər.

İkincisi, bu təhlükə istehsalatın yüksək səviyyədə mexanikləş­di­ril­məsi, avtomatlaşdırılması və texniki inteqrasiya sayəsində dar ix­ti­sas­laşmanın sürətlənməsi ilə əlaqədar olaraq psixoloji-emosional səp­­gidə təzahür edir. Q.İ.Sareqorodsevin yazdığı kimi, həddindən ar­tıq ix­tisaslaşmış əmək bədənin müəyyən orqanlarının və müəyyən əzə­lə­lərin ifrat yüklənməsinə, digər hissələrin isə fəaliyyətsiz qalmaına sə­bəb olur ki, bu da orqanizmin daxili orqanının nizamını pozur. «Eyni hə­­rəkətlərin yeknəsək təkrarı yorğunluq yaradır. Əzələlərin əsəb hü­cey­­lərinin ancaq bir qismi fəaliyyətdə olur ki, belə vəziyyət son nə­ti­cə­də əsəb gərginliyinə gətirir».1 Dar ixtisaslaşma və yeni texnikanın tət­bi­qi zamanı insanın fiziki inkişafı üçün zəruri olan şərtlərin nəzərdən qaçırılması nəticə etibarilə istehsalatın özünə də ziyan vurmuş olur, çünki insan nə qədər sağlam və gümrah olarsa, onun bir məhsuldar qüvvə kimi səmərəsi də o qədər yüksək olar. İş zamanı müəssisələrdə fəaliyyətin spesifikasına uyğun olaraq müəyyən fiziki hərəkətlərin icra edilməsi, gimnastika üçün fasilə verilməsi çox vacibdir. Bu həm yek­nə­sək fiziki işlə məşğul olan adamlara, həm də oturaq işlə məşğul olan­lara aiddir. Bu baxımdan müəssisələrdə idman salonlarının və ya məşq avadanlıqlarının olması vacibdir.

Müasir texniki inkişaf şəraitində, vaxtında lazımi tədbirlər gö­rül­mədikdə, insanın fiziki inkişafı üçün mənfi nəticələr verə biləcək ha­­disələrdən biri də zehni əməyin nisbi payının getdikcə daha çox də­rə­cə­də artmasıdır. Zehni və fiziki əmək arasındakı ziddiyyətin həll edil­mə­si, məlum olduğu kimi, ağır fiziki əməyin aradan götürülməsi və fəh­lələrin kor-təbii mexaniki hərəkətlərinin düşünülmüş, dərk olun­muş hərəkətlərlə əvəz olunmasını nəzərdə tutur. Lakin müasir tex­ni­ka­­nın tətbiqi – avtomatlaşma sayəsində ağır fiziki əməyin azaldılması üçün mürəkkəb texniki qurğuları idarə etmək vərdişləri qa­za­nıl­ma­lı­dır ki, bu da yalnız müvafiq aspektdə zehni fəaliyyətin artırılması sa­yə­sində mümkündür. Digər tərəfdən də, mürəkkəb qurğulardan isti­fa­də olunması diqqət və məsuliyyətin artırılmasına, əsəblərin gərginlik al­tında olmasına səbəb olur.

Fiziki əməyin zehni əmək tərəfindən sıxışdırılması ağır fiziki əmə­yi aradan qaldırmaqla zəhmətkeşlərin fiziki inkişafı üçün əsasən müs­bət amil kimi çıxış edir. Həm də bununla yanaşı, optimal nisbət göz­lənilmədikdə bu hadisə fiziki inkişaf üçün zərərli də ola bilər. Psi­xo­loji-emosional gərginliyin artması ilə əlaqədar olaraq əsəb xəs­tə­lik­lə­rinin yaranması üçün şərait yaranır. Bununla yanaşı, oturaq əmək tər­zinin üstünlük təşkil etməsi də, sağlamlığa mənfi təsir göstərir.

Elmi-texniki nailiyyətlərindən düzgün istifadə etmək və insanın fi­ziki inkişafı üçün təhlükəli ola biləcək nəticələri istisna edə bilmək üçün yeni texnikanın tətbiqi zamanı təkcə iqtisadi səmərəni deyil, həm də insanın sağlamlığını şərtləndirən amilləri nəzərə almaq lazımdır. Bu baxımdan, hər bir yeni texniki qurğunu, yeni istehsal şəraitini sınaq­dan keçirərkən təkcə texnik, mühəndis və iqtisadçıların deyil, həm də həkimlərin, sosial gigiyena üzrə mütəxəssislərin mülahizələrinin nəzərə alınması haqqında təklif, bizcə, tamamilə haqlı təklifdir. Digər tərəf­dən, dar ixtisaslaşma, əqli əməyin nisbi payının artması, oturaq əmək tərzinə keçid, məsuliyyət hissinin, diqqətin, psixoloji-emos­sional gər­gin­liyin artması, əmək prosesindəki monotonluq və s.-in təsirini kom­pen­sə etmək üçün fiziki tərbiyənin imkanlarından geniş isti­fadə edilir.

İnsanın fiziki aspektdə inkişafına həsr olunmuş əsərlərin çoxun­da məhz fiziki tərbiyənin rolundan, idmanın kütləviləşdirilməsi və s.-dən bəhs edilir. Ona görə də, biz bu məsələ üzərində ətraflı dayan­ma­yıb, yalnız ədəbiyyatda az diqqət verilən bir cəhəti qeyd etməklə kifa­yət­lənəcəyik. Bu cəhət ixtisas və əmək şəraitindən asılı olmayaraq ha­mı üçün ümumi olan fiziki tərbiyə üsulları ilə yanaşı, haradasa əmək fəa­liyyətini tamamlayan, əməyin spesifik xüsusiyyətlərini nəzərə alan ix­ti­saslaşmış fiziki tərbiyə üsullarından işlənib hazırlanması və həyata keçirilmə­sin­dən ibarətdir. İlk növbədə nəzərə alınmalıdır ki, müasir elmi-texniki inqilab şəraitində elmi işçilərin, ancaq zehni əməklə məş­ğul olan adamların sayı getdikdcə artır. Belə adamların fiziki inki­şa­fının normal gedişi üçün fiziki tərbiyə üsulları kompleks şəkildə tətbiq olunmalı, ən müxtəlif idman növlərindən istifadə edilməlidir. Peşə fəaliyyətində fiziki komponent sıfıra yaxın olduqda bu sahədə bütün boşluq fiziki tərbiyə (və qismən məişət fəaliyyəti) hesabına dol­du­rulur. İstehsalatda, xüsusən kənd təsərrüfatında çalışan zəh­mət­keş­lə­rin peşə fəaliyyətində fiziki komponent üstünlük təşkil etdiyindən on­ların ahəngdar surətdə inkişaf etməsi üçün istər asudə vaxtda, istər­sə də iş vaxtında zehni-mənəvi komponentin payını artırmaq üçün xü­su­si tədbirlər görülür. Bununla yanaşı həmin adamların iş zamanı et­dik­ləri fiziki hərəkətlər bircəhətlidir və bütün bədən əzələlərinin, or­qan­­larının intensiv fəaliyyəti mümkün deyil. Əksinə, bəzi üzvlərə gər­gin­­lik düş­düyü halda, başqaları fəaliyyətsiz qalır. Fiziki in­kişafın ahəng­darlığını təmin etmək üçün peşə fəaliyyətinin ixtisas­laş­mış fiziki tərbiyə ilə bir­ləş­dirilməsi mühüm tələb kimi qarşıya qoyulur.

Peşə fəaliyyətinin spesifikasından asılı olaraq asudə vaxtda fiziki tər­bi­yə­nin yerini və formasını da elmi təhlil əsasında müəy­yən­ləş­dir­mə­yə ehtiyac vardır. Bu işdə sosioloji və tibbi-gigiyenik tədqiqatların xü­susi əhəmiyyəti vardır.

Fiziki kamillik dərəcəsi hansı meyarla ölçülür? İnsanın hansı fiziki halının yaxşı, hansının pis olmasını müəyyənləşdirmək üçün elə bir xüsusi etalon – ideal model yoxdur. Antik dövrdə və intibah mər­hə­ləsində qismən hələ bu günə qədər rəssamlar və heykəltəraşlar nü­mu­nəvi insan bədəninin obrazını yaratmağa çalışıblar. Lakin bu əsər­lər­dən hər hansı birini ideal nümunə kimi götürmək mümkün deyil. Qə­dim Spartalılar fiziki cəhətdən möhkəm, dözümlü, güclü adamlar ye­tişdirmək üçün ən müxtəlif fiziki tərbiyə vasitələrindən istifadə edir­di­lər. Lakin Afinalılarla görüşdə bu üstünlük özünü real şəkildə gös­tə­rə bilmədi. Çünki onlar da başqa üstünlüyə – hərtərəfli inkişafa, ahəng­darlığa malik idilər.

İnsanın istər xarici, istərsə də daxili fiziki göstəriciləri üçün əsas meyar onun fəaliyyəti, ictimai funksiyasıdır. Elə fiziki vəziyyət üstün sa­yıla bilər ki, o, insanın öz ictimai funksiyasını icra etməyə daha çox im­kan vermiş olsun. Başqa sözlə, fiziki inkişafın dəyəri onun əməli fəaliyyətində bir vasitə kimi təzahüründə aşkara çıxır. Fiziki inkişaf o zaman insanın əməli fəaliyyətində mühüm rol oynaya bilir ki, o, digər aspektlərdəki inkişafla paralel, həmahəng şəkildə həyata keçsin. Sağ­lam həyat tərzi, bədənin fiziki inkişafı sağlam emosional psixoloji du­rum­la tamamlanmış olsun.

Müasir şəraitdə insanların fiziki sağlamlığı üçün ən böük təh­lü­kə əsəb gərginliyi, streslərdir. Bütün başqa xəstəliklər də çox vaxt mən­­fi emosiyaların təsiri ilə yaranır. Son dövrlərdə Qərb alimləri bu vəziy­yət­dən çıxış yolu axtararkən belə qənaətə gəliblər ki, sağlamlığın bər­pa olunması üçün insan öz mənəvi enerji ehtiyatlarından istifadə et­mə­yi öyrənməlidir. Bütün dərdlərin əlacı insanın özündədir. Biz çox vaxt kənardakı hadisələri öyrənir və hətta onları idarə edirik. Bədəndə ge­dən poseslər isə kortəbii cərəyan edir. Halbuki, bədənin əsas tən­zim­ləyicisi nəfsdir. Bu qənaət əslində Şərqdə min illər bundan əvvəl in­ti­şar tapmış tərbiyə sisteminin necə də səmərəli olduğunu göstərir. İn­di məlum olur ki, daosizmin və buddizmin bazasında yaranmış müx­təlif fiziki-mənəvi təlimlər məhz insanın öz ruhuna sahib olması və onun köməyi ilə öz bədənini idarə etməsinə əsaslanmışdır. Bu baxım­dan, indi Qərb­də yoqa təliminin geniş yayılması heç də təsadüfi de­yildir.

Bizcə, müasir dövrdə fiziki tərbiyədən daha çox sağlamlığın qo­run­masından söhbət getməlidir. Yəni bədən özü genetik olaraq sağ­lam inkişaf proqramına malikdir. Bizim məqsədimiz bu sağlamlığı po­zan amilləri aşkar etmək və aradan qaldırmaqdan ibarətdir. Bədənin mühitlə optimal qarşılıqlı əlaqə normalarının müəyyənləşdirilməsi, onun əlavə yüklənmədən qorunması üçün şərtdir. İnsanın nə ilə nəfəs al­ması, nə ilə qidalanması və hansı lokal iqlim şəraitində olması, ha­belə orqanizmin müxtəlif hissələrinin hərəkət dinamikasının hüdudları da genetik səviyyədə kodlaşdırılmışdır. Necə ki, biliklərin öyrədilməsi insanın genetik əqli potensialına uyğun surətdə həyata keçirilməlidir, eləcə də fiziki tərbiyə hər bir konkret orqanizmin xüsusiyyətlərinə və po­tensialına uyğun aparılmalıdır. Bir sözlə fiziki tərbiyə əslində cis­ma­­­­ni potensialın realizasiyasından ibarət olmalıdır. Bu problemi opti­mal surətdə həll etmək üçün isə sağlam həyat tərzinin əsasları öyrə­nil­mə­­lidir. Valeologiya elmi məhz bu ehtiyacdan yaranmışdır. Valeo­lo­gi­ya­nın mərkəzi problemi şəxsin fərdi inkişafı prosesində sağlamlıq mədəniyyətinin təlqini, tərbiyəsidir. Burada məqsəd insanın sağlamlıq ehtiyatlarının inkişaf etdirilməsi və bunun üçün sağlam həyat tərzinin hüdudlarını müəyyənləşdiril­məsin­dən ibarətdir. Sağlamlıq ehtiyatı müx­təlif adamlarda müxtəlif olur. Bədənin müxtəlif orqanlarının və əzə­lələrinin yüklənmə imkanları da müxtəlifdir. Ona görə, müəyyən bir idman növü ilə məşğul olarkən də əvvəlcə bədənin genetik poten­sia­lı üzə çıxarılmalı və həkətlər bu potensiala uyğun olaraq hüdud­lan­ma­lıdır. Artıq ət dərd gətirdiyi kimi, artıq hərəkət də dərd gətirər. Bu­ra­da böyük Nizaminin
Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verər o da.
– beytini yada salmamaq mümkün deyil. «Hərə ayağını öz yor­ğa­nına gö­rə uzatmalıdır» hikmətini də nəzərə alsaq fiziki tərbiyənin də or­qanizmin təbii imkanları hüdudunda aparılmalı olduğunu fəhm et­mək çətin olmaz.

Ona görə də, peşəkar idmanla kütləvi bədən tərbiyəsi qarışıq sa­lın­­mamalıdır. Təsadüfi deyildir ki, Heydər Əliyev məhz idmana da əha­­­linin fiziki sağlamlığı, bədən tərbiyəsi konteksində baxırdı; Gəncə Olimpiya İdman Kompleksinin açılış mərasimindəki çıxışında bu mə­sələni vurğulayaraq demişdir: «Bizim məq­sədimiz bütün Azərbaycan xalqının sağlamlığını – həm fiziki, həm mə­nəvi, əqli sağlamlığını təmin etməkdir… Biz çalışırıq ki, gənclərimiz üçün, onların sağlamlığını tə­min etmək üçün müxtəlif idman komp­leks­ləri yaransın. Bədən tər­bi­yə­si ilə kütləvi məşğul olmaq üçün im­kan­lar yaransın».



Məktəblərdə fiziki sağlamlığın təmin olunması istiqamətində gö­rülən işlər heç də yalnız idman dərslərinin keçilməsi ilə məhdud­laşdırı­la bilməz. Bu məsələdə məktəb və ailə bir-birini tamamlamalı, uşaq­ların hər gün evdə də zəruri hərəkət minimumuna əməl etmələri nor­maya, vərdişə çevrilməlidir. Digər tərəfdən, fiziki sağlamlıq ruh və bə­də­nin harmoniyasını tələb etdi­yinə görə, şagirdlərin və tələbələrin psi­xikasını, əsəb sistemini poza biləcək hər hansı kənar təsirin qarşısı alın­malı, ailə də, təhsil müəssisələri də, idman kompleksləri də mənəvi ra­hatlıq və ahəngdar in­kişaf üçün optimal mühit rolunu oyna­malı­dırlar.

1 Лаоцзы. Обрести себя в дао. М., 1999. стр. 158.

2 Bax, məs.: С.Вивекананда. Философия йоги. М., 2003. – 400 с.; Ан­то­логия даосской философии. М., 1994. – 447 с.; Байнфилд Г. Корнголд Е. Между небом и землей. Справочник по китайской медицине. М., 1997. – 448 с.

3 Платон. Аристотель. Пайделя: Восхождение к доблести. М., 2003, стр.157.

4 Большая Советская Энциклопедия. т. 27, М., 1980, стр. 378

1 Г.И.Царегородцев. Научно-технический прогресс и здоровье. М., «Знание», 1970, с.19.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə