FƏSİL 5: Əsas logiSTİk konsepsiyalar firmalarin logiSTİk konsepsiyasi




Yüklə 0.56 Mb.
səhifə4/6
tarix27.04.2016
ölçüsü0.56 Mb.
1   2   3   4   5   6

Logistik əməliyyatların təsnifatı


Təsnifat əlaməti

Logistik əməliyyatların növü

1 Mülkiyyət hüququnun dəyişilməsi

* birtərəfli

* ikitərəfli



2 Yük vahidinin xassələrinin dəyişilməsi

* dəyər əlavə etməklə

* dəyər əlavə etməməklə



3 Sistemə münasibətinə görə

* xarici əməliyyatlar

* daxili əməliyyatlar



4 Logistik əməliyyatların obyekti

* material axınları

* informasiya axınları

* maliyyə axınları


Qeyd olunan bu əməliyyatların həyata keçirilməsi üçün logistik proseslərin hər bir iştirakçısı müəyyən funksiyanı yerinə yetirirlər. Bu zaman «funksiya» anlayışı dedikdə məqsəd nöqteyi - nəzərindən ümumilik təşkil edən müəyyən fəaliyyət və ya hərəkətlər məcmusu başa düşülür. Hər bir funksiya özünün əvvəlcədən təyin olunmuş məqsədi və bu məqsədə çatmaq üçün icra etdiyi hərəkətlər və ya fəaliyyətlər toplusuna görə digərindən fərqlənir.

Logistik funksiya – logistik sistem qarşısında duran məqsədlərin reallaş­dırıl­masına istiqamətlənən iriləşdirilmiş logistik əməliyyatlar toplusudur.

Biznes fəaliyyətinin təşkili baxımından yerinə yetirilən logistik funksiyalar əsasən bazis, açar və təminedici logistik funksiyalara bölünür. Bazis kateqoriyasına aid edilən logistik funksiyalar adətən təchizat, istehsal və satış kimi təsnifləşdirilir. Konkret bazar və ya onun müvafiq seqmenti üçün məhsul hazırlayan hər bir istehsalçı istehsal olunacaq əmtəəlik məhsulun növü, təyinatı, istismar xüsusiyyətləri və digər parametrlərini nəzərə almalıdır. Bu parametrlər ilk növbədə istehsal yerlərinin müvafiq xammal, material və dəstləşdirici məmulatlarla təchiz edilməsi üçün əsas şərt hesab edilir. Mövcud material və istehsal resurslarının köməkliyilə konkret məhsul istehsalı, optimal satış kanallarınından istifadə etməklə onların fiziki bölüşdürülməsi və satışının təşkili kimi problemlərin həllində praktiki olaraq qeyd olunan bu üç logistik funksiyalardan geniş istifadə olunur. Ümumi formada logistik funksiyaların bazis kateqoriyası kimi təsnifləşdirilməsi biznesin logistik konsepsiyasının, onun marketinq və inteqral paradiqmasının mahiyyətinin aşkarlanmasına xidmət edir.



Təchizat satış fəaliyyətinin idarə edilməsi. Bazarın kompleks öyrənilməsi üçün məhsul satışı bazarında marketinq tədqiqatlarının aparılması, hazır məhsulların fiziki bölüşdürülməsinin təşkili, müxtəlif səviyyəli bölgü kanallarının yaradılması, məhsulların istehlakçılara çatdırılması üçün nəqliyyat növlərinin seçilməsilə əlaqədar müxtəlif xarakterli məsələlərin həlli, istehlakçılara göstərilən xidmətlər üzrə qrafiklərin yaradılması və beynəlxalq standartlara uyğun xidmətlərin göstərilməsinin təmin edilməsi, ilkin xammal və materialların, eləcə də bazar üçün nəzərdə tutulan hazır məhsulların keyfiyyətli formada istehlak yerlərinə çatdırılması məqsədilə anbarların seçilməsi və onların çevikliyinin artırılması, anbar əməliy­yatlarının avtomatlaşdırılması, məhsulların fiziki bölüşdürülməsi zamanı bölgü kanallarının iştirakçılarının stimullaşdırılmasının həyata keçiril­məsi mütləq mənada bu idarəetmənin obyektləri hesab olunurlar. Məhz hər bir təsərrüfat subyektinin iqtisadi baxımdan fəaliyyətinin ali məqsədi də təchizat – satış fəaliyyətini yaxşılaşdırmaqla məqsəd bazarında fəaliyyət dairəsini geniş­ləndir­mək, bazar seqmentlərini artırmaq, məhsul istehsalı və satışı üzrə bazar liderliyinə sahib olmaq kimi yüksək nəticələri əldə etməkdən ibarətdir.

Açar logistik funksiyalara aşağıdakılar aid edilir:



  • istehlakçılara göstərilən xidmətlərin standartlara uyğunluğuna riayət olunması;

  • tədarükatın idarə olunması;

  • xammal, material və dəstləşdirici məmulatların nəql edilməsi;

  • ehtiyatların idarə edilməsi;

  • sifariş prosedurlarının idarə edilməsi;

  • istehsalın material resursları ilə təminatı və istehsalın idarə edilməsi;

  • qiymətin əmələ gəlməsi;

  • məhsulların fiziki bölüşdürülməsi.

Müasir iqtisadi şəraitdə alıcı bazarında baş verən keyfiyyət dəyişilikləri məhsul istehsalçıları və ticarət vasitəçi strukturları qarşısında bütün digər iqti­sadi parametrlərlə yanaşı keyfiyyətli xidmət və onun beynəlxalq standartlara uy­ğun olması tələbini qoyur. Buna görə də istehlak­çılara göstərilən xidmətlərin stan­dartlara uyğunluğuna riayət olunması, məhsulların tələb olunan səviyyədə yük­sək keyfiyyətinin təmin edilməsi, məhsulların fiziki bölüşdürülməsi və satış­dan sonrakı servis xidmətinin təşkili istənilən təsərrüfat subyektinin logis­tik menecmentinin mühüm vəzifəsi hesab edilir. İqtisadi cəhətdən inkişaf etmiş qərb firmalarında keyfiyyətin idarə edilməsi üzrə son zamanlar geniş ya­yılmış standartlar mövcuddur. Belə standartlardan ən mühümü ideologiya və stan­dartlaşma üzrə beynəlxalq təşkilatların (International Standard Organizaton) ISO – 9000 seriyalı standartı hesab edilir. Bu standartlar istehsalçı firmalardan konkret olaraq rəqabətə davam gətirən, anoloжi məhsul istehsalçılarını üstələyən və logistik yanaşmalardan istifadə etmək baxımından mütəmadi olaraq yüksək keyfiyyətli məhsular və xidmətlər tələb edir. Logistik yanaşmalardan istifadə etməklə rəqabət üstünlüyünün əldə edilməsi istənilən səpkili logistik qərarların hazırlan­masına şərait yaradır. Bu növ logistik qərarlar isə tələb olunan məhsulların zəruri keyfiyyətdə lazımı vaxtda müvafiq yerlərə çatdırılması və istehlakçılara beynəlxalq standartların tələblərinə cavab verə bilən xidmətlərin göstərilməsi üzrə əməliyyatların yerinə yetrilməsində mühüm rol oynayır.

Logistik menecmentdə əsas diqqət istehsalın normal gedişinə təminat yara­dan material resurslarının tədarükatı (material resurslarına tələbatın plan­laşdırılması) və alınması məsələrinin düzgün və optimal həll edilməsinə yönəldilir. Firmalarda tədarükatın təşkili və idarə edilməsi özündə bilavasitə: material resurslarının göndərilməsini həyata keçirən bu və ya digər məhsul­göndərənlərin seçilməsi, resurslara tələbatın planlaşdı­rılması, məhsulgön­dərmələrin rasional göndərmə müddətlərinin və həcminin təyin edilməsi, kont­raktların (tədarükat müqavilələrinin) icra edilməsilə əlaqədar işlərin təşkili, istehsal yerlərinə material resurslarının çatdırılması üçün anbar və təchizat göndərmə formalarının və nəqletmə vasitələrinin seçilməsi kimi kompleks vəzifələri birləşdirir. Sadalanan kompleks vəzifələr, daha doğrusu tədarükat prose­durasının əhəmiyyəti hər şeydən əvvəl onunla şərtləşir ki, məhsul­göndərənlərin seçilib yerləşdiril­məsi və material resurslarının keyfiyyəti kimi amillər logistik xərclərin kəmiyyətinə əsaslı təsir göstərir.

İstehlakçı bazarının tələb etdiyi məhsulların istehsalı üçün zəruri hesab edilən xammal və materiallar üzrə sifariş paketləri hazırlandıqdan sonra bu sifarişlərin hansı tədarükat bazarı hesabına ödənilməsi və seçiləcək tədarükat bazarında yüksək keyfiyyətli məhsulgöndərmələri təmin edən intizamlı məhsulgöndərənlərin özlərinin də seçilməsi böyük əhəmiyyətə malikdir. Məhz istehsalçı firmaların rəqabət qabiliyyətinin yüksəldilməsi hər şeydən əvvəl istehlakçılar üçün əlverişli hesab edilən tədarükat bazarının, tədarükat forma­larının, məhsulgöndərmə üsullarının seçilməsi, məhsulgöndərənlərin qiymət­lən­dirilməsi və yüksək keyfiyyətli məhsulların tələb olunan müddətdə, zəruri həcmdə göndərilməsindən çox asılıdır. Odur ki, qoyulan bu məqsədlərə nail olunması tədarükat və məhsulgöndərmə proseslərinin mahiyyətini bilməklə yanaşı seçilmiş məqsəd - tədarükat bazarlarında məhsulların optimal həcmdə göndərilməsi proses­ləri­nin idarə edilməsinə tələb yaradır.

Logistik dövrədəki əhəmiyyətinə və yerinə yetirdiyi əməliyyatların xarak­terinə görə nəqletmə açar logistik funksiyalardan ən mühümü hesab olu­nur. Bu hər şeydən əvvəl onunla izah olunur ki, xammal və materialların əldə edilməsi, onların məqsəd bazarının çıxarılması və müxtəlif satış kanalları vasi­təsilə istehlakçılara çatdırılmasını nəqliyyatsız təsəvvür etmək qeyri- müm­kündür. Nəqliyyat xammal, material və dəstləşdirici materialların istehsal­çılardan istehlakçılara, müəssisədən anbara, anbardan anbara, eləcə də anbardan istehlakçılara çatdırılması üzrə maddi texniki bazanı və onun fəaliyyətini təmin edən infrastrukturu özündə birləşdir. Bu zaman nəqletmə prosesinə təkcə lo­kal mənada yüklərin daşınması kimi deyil, kompleks planda yükləmə boşaltma, ekspe­disiya və digər logistik əməliyyatların məcmusu kimi baxılır. Nəqliyyatın iqtisadi həyatda oynadığı rol və yerinə yetirdiyi vəzifələr bir daha onunla izah olunur ki, iqtisadiyyatın üstün hesab edilən bir sıra sahələrində ona çəkilən xərclər ümumi logistik xərclərin 2/3 – ə bərabərdir. Buna görə də nəqletmənin idarə edilməsi bilavasitə yük daşıyanların və ekspeditorların seçilməsi, nəqliyyat növlərinin seçilməsi, optimal nəqletmə marşurutlarının təyin edilməsi, konkret məhsul növlərinə uyğun nəqliyyat vasitələrinin müəyyənləşdirilməsi kimi vacib hesab olunan məsələlərin həll edilmə­sindən ibarət olur.

Hazır məhsulların bölgüsü prosesində iştirak edən nəqliyyat müəssisələri və ya nəqliyyat departamentləri məhsulların daşınmasını həyata keçirməklə bərabər onların daşınmasına çəkilən xərclərin azaldılmasını və istehlakçılara göstərilən servis xidmətinin səviyyəsinin yüksəldilməsini təmin etməlidir. Bütünlüklə servis xidməti hər şeydən əvvəl kommunikasiya və informasiya sahəsində yeni elmi nailiyyətlərdən geniş miqyasda istifadə etməklə istehlak­çılara ənənəvi olmayan əlavə xidmətlərin göstərilməsindən ibarətdir. Nəq­liyyat firmaları tərəfindən göstərilən əlavə xidmətlər xidmət göstərilən müştərilərin, yəni xidmət obyektlərinin sayını artırır, məhsul satışıdan əldə edilən mənfəətin həcmini artırır, yeni nəqliyyat texnologiyasının tətbiqini sürətləndirir, nəqliyyat xidməti bazarında əlaqələrin stabilliyi və sadəliyini təmin edir. Yüklərin tələb olunan vaxtda lazımı yerə çatdırılması etibarlığı, daşınmanın sürəti, ahəngdarlığı və dəyəri bu funksional bölmənin fəaliyyətini xarakterizə edən əsas göstəricilərdir. Material axınlarının nəqliyyat açar logistik funksiyası baxımından idarə­edilməsi yüklərin daşınması sahəsində yeni formaya və məzmuna malik sənəd dövriyyəsinin tətbiqinə şərait yaradır.

Material resursları və hazır məhsul ehtiyatlarının idarə edilməsi təchizat, istehsal və satış zamanı ayrı-ayrı məhsul növləri üzrə ehtiyatların yaranması, tənzimlənməsi və onların səviyyələrinə nəzarət edilməsi prosesini əks etdirir. Hazır məhsulun istehsal fazasının istehlak fazasından istər zaman, istərsə də məkanca, eləcə də istehsalın kəmiyyətcə istehlakdan fərqli olması ehtiyatların yaranmasını şərtləndirən ən mühüm amildir. Əgər məhsulların nəql edilməsi zamanı m ə k a n, daha doğrusu, onların hansı məntəqələrə çatdırılması amili əhəmiyyət kəsb edirsə, ehtiyatların idarəedilməsi açar logistik funksiyanın icrası vaxtı isə z a m a n amili mühüm rol oynayır. Ehtiyatlar adətən bir tərəfdən material resurslarını göndərənlərlə istehsal arasında, digər tərəfdən isə istehsalla hazır məhsul istehlakçıları arasında, yəni, nəqletmə, istehsal və satış arasında bufer rolunu oynamaqla bərabər bütün logistik sistemlərin məhsuldar fəaliyyəti üçün şərait yaradır. Logistik sistemin istənilən mərhələsində yaranan ehtiyatlar tələbin dəyişilməsinə çevik reaksiya verməklə bərabər həm istehsal yerlərində yarana biləcək fasilələri aradan qaldırır, həm də nəqliyyat vasitələrinin düzgün seçilməsinə, bu təsərrüfatın normal fəaliyyətinə zəmin yaradır. Ehtiyatlar hazır məhsul istehsalı prosesində istehsal üçün lazım olan material resurslarının çatışmaması və ya istehlakçıların hazır məhsul­lara olan tələbatının dolğun ödənilməməsi riskini azaldır. İstehsal ehtiyatlarının kəmiyyəti bütün sistemin optimal­lığını təmin etməlidir. Eyni zamanda ehtiyatların yaradılması böyük həcmidə əmtəə material qiymətlilərini təsərrüfat dövriyyəsindən müvəqqəti olaraq kənar-laşdırır və iqtisadiyyatda maliyyə resurslarının dondurulması kimi neqativ nəticələrin əmələ gəlməsinə səbəb olur. Buna görə də logistik menecmentin mühüm vəzifəsi beynəlxalq standartların tələbləri baxımından istehlakçılara xidmətlər göstərilən zaman logistik sistemlərdə və ya dövriyyədə ehtiyatların səviyyəsini optimallaş­dırmaqdan ibarətdir. Əgər nəzərə alsaq ki, ehtiyatların yaradıl­ması və saxlanılmasına çəkilən məsrəflər ümumi logistik xərclərin 20 % dən 60 % ə qədərini təşkil edir, onda bu onun açar logistik funksiyalar içərisində əhəmiyyətli çəkiyə malik olduğunu bir daha təsdiqləyir.



İstehlakçı sifarişlərinin idarə edilməsi. Nəqletmə və ehtiyatların idarə edilməsi açar funksiyaları kimi sifariş proseduralarının idarə edilməsi funksiyasının da yerinə yetrilməsinin çox böyük logistik xərclər hesabına başa gəlməsinə baxmayaraq onun logistik menecment və biznes işinin təşkilində yeri və oynadığı rol xüsusi əhəmiyyətə malikdir.

Bazar üçün məhsul istehsalına qərar verildikdən sonra hər bir istehsal sahələrində və ya yerlərində istehsal proqramının yerinə yetrilməsi üçün zəruri olan xammal, material və dəstləşdirici məmulatların əldə edilməsindən ötrü iri məhsulgöndərənlərə – topdansatış ticarətini həyata keçirən ayrı-ayrı vasitəçilərə və ya bu komponentlərin birbaşa istehsalçılarına müvafiq sifarişlər verilir.

Sifariş prosedurlarının idarə edilməsi funksiyası sifarişlərin verilməsi, qəbulu və emal edilməsi qaydalarını, məhsulgöndərənlərdən və ya istehlakçılardan hazır məhsulların alınması müddətini müəyyənləşdirir, eləcə də istehlakçılara hazır məhsulların satışı və çatdırılması ilə əlaqədar olaraq bölüşdürmə şəbəkələrinin və logistik vasitəçilərin həvəslən­dirilməsini həyata keçirir. İstehlakçı tələbının dolğun ödənilməsi və istehsal prosesinin fasiləsiz gedişinin təmin edilməsi hər şeydən əvvəl sifariş prosedurunun düzgün təşkili və idarə edilməsindən birbaşa asılıdır. Daha doğrusu, sifarişlərin idarə edilməsi ilk növbədə bu və ya digər istehsalçı və ya məhsulgöndərənlərə ünvanlanacaq sifariş paketinin düzgün hazırlanması (zəruri xammal və materialların nomenklaturasını tərtib etmək və bu nomenklatura üzrə ayrı- ayrı xammal və materiallara olan tələbatın ümumi həcmini təyin etmək), sifarişlərin nəzərdə tutulan müddətdə məqsəd bazarına ünvanlanması, sifariş partiyalarında tələb olunan məhsulların əldə edilməsi üsullarının müəyyənləşdirilməsi və seçilmiş məhsulgöndərənlərdən məhsulların əldə edilməsi ilə bağlı yerinə yetirilən əməliyyatların idarə olunmasını özündə birləşdirir.

İstehsalın material resursları ilə təminatı və istehsalın idarə edilməsi (qərb firmaları bu funksiyanı əməli menecment kimi adlandırırlar) məhsul istehsalı prosesində vacib logistik funksiyadır. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin normal fəaliyyətinin təmin edilməsi, rəqabət mühitinə tab gətirməsi və bu əsasda müəyyən üstünlüklərin əldə edilməsi yalnız və yalnız real istehsal proseslərinin texniki və texnoloжi, eləcə də təşkilatı – texniki cəhət­dən fasiləsiz olaraq yeniləşməsi şəraitində mümkündür. İstehsalın təşkilatı – texniki cəhətdən yeniləşməsi isə müəssisə­lərin dövlətin tənzimləmə metod­larına və qeyri sabit vergi siyasətinə uyğun olaraq fasiləsiz dəyişən bazara çevik adaptasiya olunmasını nəzərdə tutur. Bazarda sabit istehsal nailiyyət­lərinin əldə edilməsi üçün müəssisələrin yeniləşməsi prosesi bilavasitə mövcud fəaliyyət modellərinin ideal layihələrə yaxınlaşması yolu ilə həyata keçirilir. Belə bir şəraitdə istehsalın təşkilinin əsas prinsiplərinə əməl etmək şərtilə «itələmə» və ya «dartma» reжimlərinin tətbiqi, xüsusi istehsalla məhsulgön­dərənlərin xidməti arasında nisbətə nail olunması, istehsalın kəmiyyət və keyfiyyət çevikliyinin təmin edilməsi istehsal yerlərində material axınlarının idarə edilməsini obyektiv zəruriyyətə çevirir. Buna görə də bu gün istehsal sahələrində material axınlarının rasional təşkili və idarə edilməsi mütləq mənada axın proseslərinin çevikliyi, sinxronluğu, optimallığı, inteqrativliyi və eyniistiqamətliyi kimi logistik prinsiplərdən istifadəyə əsaslanır.

Logistik nöqteyi – nəzərdən əməli menecmentin əhəmiyyəti hazır məhsul buraxılışı üçün texnoloжi proseslərdə material axınlarının və bitməmiş istehsalın məhsulun keyfiyyətinin yüksəldilməsi və məsrəflərin azaldılması baxımından effektiv idarə edilməsindən ibarətdir. Bu zaman əsas təqvim planlaşdırması, bitməmiş istehsalın və material resursları üzrə ehtiyat­ların səviyyəsinin minimum­laşdırılması, material resurslarına tələbatın proqnozlaşdırıl­ması, istehsal dövrünün qısaldılması və s. logistik məsələlər böyük əhəmiyyət kəsb edir. Əməli menecmentin bu və ya digər məsələləri KANBAN, «optimal istehsal texnologiyaları», resurslara tələbatın planlaşdırılmasına şərait yaradan istehsal daxili mikrologistik sistemlər vasitəsilə həll edilir.

Açar logistik funksiyalardan biri də qiymətin əmələ gəlməsidir. Qiymətin əmələ gəlməsi strategiyası istehsalçı firmaların marketinq və logistik strategiyaları ilə sıx əlaqədardır. Hər şeydən əvvəl logistik strategiya hazır məhsulun baza qiymətini təşkil edən ümumi logistik xərclərin səviyyəsini müəy­yənləşdirirsə, marketinq strategiyası isə rentabelliyin planlaşdırılan səviyyəsini və bazar konyukturasını, rəqiblərin qiymət siyasətini və proq­nozlaşdırılan tələbə əsaslanan hazır məhsulların son satış qiymətlərini təyin edir.

Qiymətin əmələ gəlməsinin idarəedilməsi strategiyası digər faktorlarla birlikdə tələb və təklifin səviyyəsinə, həmçinin əldə edilən mənfəətin həcminə və istehsal – satış sistemlərinin effektiv fəaliyyət göstərməsinə həlledici təsir göstərir. Aydındır ki, istehsal edilən məhsullara yüksək qiymət qoyma strategiyasını seçən istehsalçılar bir tərəfdən ilk əvvəl yüksək mənfəət həcminə malik olsalar da, digər tərəfdən perspektiv dövr üçün özlərinin potensial istehlakçılarının yavaş – yavaş itirilməsi və bu əsasda mənfəət həcminin azaldılması halları ilə rastlaşacaqlar. Lakin qiymət strategiyasını tələb və təklif asılılığı əsasında planlaşdıran istehsalçılar proqnozlaşdırılan yüksək mənfəətə malik olmurlar. Odur ki, müvafiq marketinq konsepsiyası əsasında fəaliyyət göstərən istehsalçılar məhsul satışı siyasətində dəyişikliklər aparmaqla satışın həcmini artırır­lar. Nəticə etibarı ilə bu da mənfəətin artırılmasına, eləcə də bütün istehsal – satış fəaliyyətininn ümumi effektivliyinin yüksəldilməsinə səbəb olur. Bununla əlaqədar olaraq istehsalçı firmaların logistik menecmentləri qiymət staregiyasını işləyib hazırlayan zaman fəaliyyət göstəriləcək konkret hər bir bazarın tipi, növü, bu bazarda rəqabətin səviyyəsi və qiymətlərin material axınlarının hərəkəti istiqamətinin dəyişməsinə, onların həcminin artıb – azalmasına təsir dərəcəsini mütləq nəzərə almalıdırlar.

Təminedici logistik funksiyalara aşağıdakılar aid edilir:



  • məhsulların anbarlaşdırılması;

  • nəql ediləcək yüklərin emal olunması;

  • yüklərin ətraf mühitin təsirindən qorumaq üçün qablaş­dırılması;

  • artıq, yararsız və istifadə olunmayan məhsulların geri qaytarılmasının təmin edilməsi;

  • istehsal yerlərindəki texnoloжi avadanlıqların ehtiyat hissələri ilə təmin edilməsi;

  • servis xidmətinin göstərilməsi;

  • geri qaytarılan istehsal tullantılarının tədarükatı və qəbul edilməsi;

  • informasiya – kompyüter təminatı.

Anbar təsərrüfatının idaəredilməsi. Anbar tədarükat bazarından əldə edilən və nəqliyyat vasitələrinin köməkliyilə istehsal yerlərinə çatdırılan əmək məhsullarının müvəqqəti yerləşdirildiyi, saxlanıldığı və istehsal istehlakına hazırlanmasını həyata keçirən, başqa sözlə material ehtiyatlarını başqa formaya salan yer, bina, qurğu, tikinti və s. təsərrüfat sahəsidir.

Anbarlaşdırma xammal, material və hazır məhsul ehtiyatlarının idarə edilməsi məqsədilə materialların saxlanması üçün açıq meydançaların qurulması, məhsul nomenklaturaları üzrə ehtiyatların ixtisaslaşdırılmış anbar­larda yerləşdirilməsi və saxlanması işinin planlaşdırılması və təşkili, yükləmə və boşaltma, nəqletmə və sortlaşdırma zonalarının layihələşdirilməsi, yükləmə – boşaltma və digər anbar avdanlıqlarının seçilməsi kimi məsələlərin həll edilməsini nəzərdə tutan logistik funksiyaları özündə birləşdirir.

Logistik sistemin effektivliyi təkcə istehsal və nəqletmə proseslərinin təkmilləşdirilməsi və ya intensivliyinin artırılmasından deyil, eyni zamanda anbar təsərrüfatının bazar iqtisadiyyatının prinsipləri çərçivəsində təşkil edilməsindən də əhəmiyyətli dərəcədə asılıdır. Anbar təsərrüfatı hazır məhsulları, xammal və materialları tələb olunan keyfiyyətdə saxlayır, istehsal prosesinin normal gedişini təmin edir və ahəngdarlığını artırır, nəqliyyat vasitələrinin optimal yüklənməsini təmin edir, nəqliyyat vasitələrində boş dayanmaları aradan qaldırır və nəqliyyat xərclərini azaldır, əsas istehsal üçün lazım olan işçi heyətini qeyri - məhsuldar yükləmə – boşaltma işlərindən azad edir və müəsisənin yerləşdiyi ərazindən səmərəli istifadə olunmasına şərait yaradır. Qeyd etmək lazımdır ki, anbarlar yük axınlarını qəbul edilən məhsulların kəmiyyəti, tərkibi, fiziki xassələri və göndərilmə müddətlərinə uyğun olaraq dəyişdirilməsini həyata keçirir. Buna görə də ixtiyari istehsal – satış sferasına xidmət edən anbarlar məhsul partiyalarını bir parametrlə qəbul edib (ölçü, keyfiyyət və zaman) istehlakçılara lazım olan digər – emal və təkrar emal, tədarükat, sortlaşdırma və dəstləşdirmə kimi müəyyən parametrlərə uyğun anbar buraxılışını təmin edir. Daha doğrusu, müasir anbarlar material axınlarının daxil olması tempi ilə xarakteri arasında uyğunsuzluğun aradan qaldırılmasına xidmət edir.

Nəql ediləcək yüklərin emal edilməsi bir qayda olaraq anbarlaşdırma funksiyası ilə paralel olaraq həyata keçirilir və ehtiyatların yaradılması və onların səviyyəsinə nəzarət funksiyasının yerinə yetirilməsini təmin edir. Yüklərin emal edilməsini nəzərdə tutan sadə logistik əməliyyatlar material resursları və hazır məhsulların anbarlar üzrə paylaşdırılması və bu anbarlarda onların qəfəslərə yerləşdirilməsindən ibarətdir. Qeyd edilən kompleks logistik funksiya adətən anbarlar üzrə yüklərin yerləşdirilməsinin təşkili üçün zəruri olan texnoloжi avadanlıqların seçilməsi, sortlaşdırma prosedurunun təşkili, sifarişlərin yerinə yetrilməsi üçün yüklərin komplektləşdirilməsi və nəqli, anbar yük dövriyyəsinin optimal həcminin müəyyənləşdirilməsilə əlaqədardır. Adətən, bu təminedici funksiya məhsul­ların müxtəlif səviyyəli bölgü kanalları üzrə optimal bölüşdürülməsi və satış şəbəkələrinin təchizatı zamanı konsolidasiya mərkəzlərində yük vahidlərinin məhsul və nəqliyyatın uçot – müqavilə vahidlərinə (UMV) uyğunluğunu həyata keçirir.

Hazır məhsulların texniki – iqtisadi parametrlərində dəyişilik aparmadan müxtəlif nəqliyyat vasitələrinin köməkliyilə istehlakçılara tələb olunan səviyyədə çatdırılması və istehlakçı tələbinin dolğun ödənilməsi üçün bu məhsulların ətraf mühitin təsirindən mühafizə edən qablaşdırma mühüm əhəmiyyətə malikdir. Başqa sözlə, qablaşdırmaya marketinq aspektindən yanaşdıqda o, istehlakçı zövqünü oxşamaqla bərabər istehsal olunan hazır məhsulların əmtəəlik görkəmləri və cəlbediciliyi, daha doğrusu qablaşdırma forması bu məhsullara tələbat paketini formalaşdırır. Hazır məhsulların logistik dövrədə fiziki bölüşdürülməsi zamanı standart ölçülü qablaşdırıcı taralardan istifadə olunması seçilən nəqliyyat vasitələrinin yük tutumu və eyni ölçülü taraların təsərrüfat dövriyyəsinə təkrar cəlb edilməsi, eləcə də anbar sahələrinin texniki parametrləri və yük emal edən avadanlıqlar hesabına logistik xərclərin azaldılmasına imkan verir.

Yuxarıda qeyd edildiyi kimi müdafiə edici logistik funksiyalara hər hansı ixtiyarı səbəbə görə istehlakçıların tələbını ödəməyən və ya zəmanətli xidmət müddətini keçməyən məhsulların geri qaytarılması proseduru da aid edilir. Servis xidmətinin təşkili, avadanlıqların təmiri və istehlakçıların ehtiyat hissələrilə təmin edilməsi, məhsulların istehsalçı müəssisələrə geri qaytarılması proseduru satışdan sonrakı servis xidməti sistemini təşkil edir və əksər hallarda açar logistik funksiyalara aid edilir.

Hazır məhsulun istehsalı, satışı və istismarı zamanı təkrar material resurslarını təşkil edən istehsal (geri qaytarılan və qaytarılmayan) və istehlak (istehsal və şəxsi) tullantıları yaranır. Mövcud iqtisadi şəraitdə bəzi növ material resurslarının qıt olması və onların əldə edilməsinin makrosəviyyədə ölkə iqtisadiyyatına baha başa gəlməsi bütün təsərrüfat subyektlərini məcbur edir ki, təkrar material resursları spesifik növ material axınları yaratdıqlarından və onların təsərrüfat dövriyyəsinə cəlb edilməsi sosial iqtisadi və ekoloжi cəhətdən ümumbəşəri xarakter daşıdığından belə növ resursların da idarə edilməsini logistikanın tədqiqat obyektinə aid etsinlər. Daha doğrusu, logistik menecmentlər firma səviyyəsində xammal, material və hazır məhsul axınlarına necə logistik yanaşırlarsa məhz, material resurslarının ayrılmaz tərkib hissəsi hesab olunan böyük həcmli təkrar material resurslarına və onların idarə edilməsinə də logistik konsepsiyalar nöqteyi - nəzərindən baxmalıdırlar.

Müasir və mürəkkəb logistik sistemlər informasiya – kompyüter texnolo-giyasının tətbiqi olmadan fəaliyyət göstərə bilməz. İstənilən logistik sistem informasiyalar əsasında idarə edilir. İnformasiya logistik sistem daxilində baş verən logistik əməliyyatlar üzərində idarəetmə və nəzarət funksiyalarını yerinə yetirməklə logistik sistemin daxili və xarici mühiti arasında əlaqələri təşkil edir.Material və informasiya axınları haqqında informasi­yaların elektron işlənməsi, məhsulların hərəkətinin təşkili zamanı sənəd dövriyyəsinin avtomatlaşdırılması, təchizat, istehsal və satış zamanı material axınlarının kompyüter vasitəsilə planlaşdırılması, təşkili, tənzimlənməsi, uçotu, nəzarət və təhlili və s. logistikanın müasir inteqrativ konsepsiyasının reallaşdırılmasına şərait yaradır. Material resurslarının logistik dövrənin istənilən vəsiləsində normal axınını təşkil və idarə edən informasiya – kompyüter texnologiyası praktiki olaraq həm makro, həm də mikro səviyyədə bütün logistik fəaliyyət zamanı geniş istifadə olunur.

Qeyd edilən logistik funksiyalar baxımından müasir biznesdə material və xidmət axınları, hebelə onlarla əlaqədar olan informasiya və maliyyə axınları üzərində mümkün əməliyyatların aparılması baxımından əsas hesab olunur­lar (nəzərə almaq lazımdır ki, perspektiv planda çoxçeşidli və geniş spektrli digər logistik funksiyalar da mövcuddur).


Logistik əməliyyatların və funksiyaların təsnifat sxemı aşağıdakı şəkildə verilmişdir.

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə