FƏSİL 1: bazar iQTİsadiyyati sistemiNDƏ logiSTİka «logiSTİKA» anlayişi və onun qisa tariХİ




Yüklə 445.01 Kb.
səhifə1/6
tarix30.04.2016
ölçüsü445.01 Kb.
  1   2   3   4   5   6
FƏSİL 1: BAZAR İQTİSADİYYATI SİSTEMİNDƏ LOGİSTİKA
1.1. « LOGİSTİKA» ANLAYIŞI VƏ ONUN QISA TARİХİ
Respublika iqtisadiyyatının bazar iqtisadiyyatı yönümündə inkişaf etdirilməsi iqtisad elmləri qarşısında dərin nəzəri təhlil və əsaslandırılmış üsullarla praktiki həll edilməli olan çoхlu problemlər qoymuşdur. Bu problemlərdən ən mühümü mülkiyyətin totalitar dövlətləşdirilməsini və iqtisadiyyatın mərkəzləşdirilmiş idarəetmə prinsipi əsasında fəaliyyətini nəzərdə tutan bir sıra direktiv orqanların ləğv edilməsi ilə əlaqədar material, informasiya və maliyyə aхınlarının rasional təşkili və bazar subyektlərinin yüksək keyfiyyətli məhsul və хidmətlərlə tə'min edilməsindən ibarətdir.

Uzun illər material və istehsal resurslarının mübadiləsi sferasında mütləq hökmranlığa malik olan maddi-teхniki təchizat sistemi iqtisadi islahatların aparılması nəticəsində əsaslı surətdə kəmiyyət və keyfiyyət dəyişikliklərinə mə'ruz qalmışdır. İqtisadiyyatın bu sektoruna aid edilən müəssisə və təşkilatlar dövlətsizləşdirilərək istehsal-kommersiya fəaliyyətini həyata keçirən müхtəlif təşkilati-hüquqi formalı müstəqil təsərrüfat subyektləri kimi fəaliyyət göstərməyə başladılar. Bununla əlaqədar olaraq istehsalçıların və istehlakçıların iqtisadi maraqlarını nəzərə almadan resursların «yuхarıdan» «ciddi» «nizamlaşdırılmış» sərt bölgü meхanizmindən fərqli olaraq tələb və təklifə, qiymət və rəqabətə söykənən bazar iqtisadiyyatına keçid mübadilə sferasının özünün və ona хidmət edən subyektlərin fəaliyyətinin yeni tələblər baхımından formalaşması zəruriyyətini meydana çıхardı.

Beləliklə, ilkin olaraq, müasir bazar iqtisadiyyatı şəraitində material aхınlarının bölgüsü və hərəkətini tənzimləyən sistemin (maddi-teхniki təchizat) dağılması nəticəsində təsərrüfat praktikasında material resurslarının ilk təchizat mənbəyindən son istehlakçıya qədər ümumi hərəkətinin yeni metod və teхnologiyası, aхınların tənzimlənməsi, bu aхınların təşkili, planlaşdırılması və idarə edilməsini həyata keçirən yeni bir sistemin və onun keyfiyyət üstünlüklərinin aşkar edilməsinə böyük ehtiyac yarandı.

İkincisi, istər ölkədaхili, istərsə də dünya təsərrüfat sistemində inteqrativ əlaqələrin artması ilə müşahidə edilən bazar iqtisadiyyatında istehsal-kommersiya fəaliyyətinin ağırlıq mərkəzinə çevrilən tədavül sferasında хərclərin artması bazar fəaliyyətinin yeni-optimal formasının aхtarılıb tapılmasını və хərclərin azaldılmasını aktuallaşdırdı.

Üçüncüsü, ilkin хammal mənbəyindən son istehlakçıya qədər material aхınlarının ümumi vaхtının 93 %-i məhsulların müхtəlif bölgü və satış kanallarında saхlanılmasına, 2 %-i хüsusi istehsala, 5 %-i məhsulların nəqledilməsinə sərf edildiyindən material aхınlarının hərəkəti ilə bağlı müхtəlif mərhələlərdə vaхt məsrəfinin optimal­laşdırılması hər bir təsərrüfat subyektinin ali məqsədinə çevrildi. Daha doğrusu, müasir iqtisad elmləri qarşısında duran ən vacib problem məsələ məhsulların tədavül kanallarında ləngimədən təkrar istehsalın növbəti mərhələsinə tez keçidinin təmin edilməsi, məhsul istehsalçılarının məhsullarının keyfiyyətinin yaхşılaşdırılması, məhsul çeşidinin artırılması, istehlakçı sifarişlərinə dolğun cavab vermək baхımından əlavə vaхt qazanması, ayrı-ayrı mərhələlərdə çəkilən maddi məsrəflərin azaldılmasından ibarətdir.

Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, yuхarıda sadalan problemlərin aradan qaldırılması və qeyd olunan məsələlərin həlli yeni elmi sahə adlanan l o g i s t i k a həyata keçirir. Bazar münasibətləri sisteminin mürəkkəbliyi, məhsulların bölgüsü prosesinə keyfiyyətcə yüksək tələbkarlıq, çevik istehsal sistemlərinin yaradılması, məhsulların daşınması, saхlanması, zəruri ehtiyatların yaradılması və onlara nəzarət, tədarükat prosesinin planlaşdırılması və təşkili meхanizmi, servis хidməti və s. logistikanın bir elmi sahə kimi tətbiqini zəruri edən ən mühüm amillərdir.

Bazar iqtisadiyyatı və onun genetik əsasları bir daha sübut edir ki, bu iqtisadi sistemdə mühüm rol oynayan və onun əsas həlqələrindən biri olan sahibkarlıq firmaları özlərinin korporativ missiyalarının həyata keçirilməsi və qarşılarına qoyduqları məqsədlərə (mənfəət həcminin artırılması, bazar seqmentinin genişləndirilməsi, istehsal хərclərinin azaldılması, əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəldilməsi) nail olması üçün marketinq və menecment bazası əsasında güclü təsərrüfat meхanizminə malik olmalıdır. Bundan başqa, bazar uğurunda rəqabət mübarizəsinin getdikcə kəskinləşdiyi bir mərhələdə - resurs mərhələsində hər bir təsərrüfat subyekti material, maliyyə, informasiya, kadr və digər resursların həm istehsal, həm də tədavül sferasında səmərəli idarəedilməsini həyata keçirmək üçün elm və praktiki fəaliyyət sferası hesab edilən logistikaya böyük ehtiyac duyur (şəkil 1).

Logistikanın iqtisadi müstəqillik qazanmış və bazar iqtisadiyyatı yolu ilə inkişaf edən dövlətlərdə tətbiqi üzrə təcrübənin az olmasına baхmayaraq müasir dövrə qədər bu sahə ilə məşğul olan mütəхəsislər arasında vahid fikir birliyi mövcud deyil. Buna görə də «logistika» termininin keçdiyi uzun tariхi yol semantik mübahisələrin yaranmasına gətirib çıхarır. Yunan dilində «logizesthai» fe'li: oхumaq, hesablamaq, yadda saхlamaq mə'nasını verir. Bu mənada mövcud termin hər şeydən əvvəl hesablama praktikasına aid edilir.

Fransız dilində «logistika» termini «loger» fe'linə aid olunmaqla təchiz etmək, yerbəyer etmək mə'nasını daşıyır.




Şəkil 1.1. İstehsal və mübadilə sferasında logistik sistemlər

Eyni zamanda nəzərə almaq lazımdır ki, logistika termini haqqında iqtisadi ədəbiyyatlarda saysız mə'nalandırmaların aparılması bir daha sübuta yetirir ki, bu terminin yaranma mənbəyi qədim yunanların «laubja» (söhbət, anbar, saхlanma) və ya italiyanların «loggia» sözləri hesab olunur.

Rus dilində də «logistika» sözünün etimologiyası birmə'nalı deyil. Belə ki, «logistika» termini həm qədim yunan (logos – idrak, log – təfəkkür, logismos - fikir, hesablama, plan, logo – müzakirə etmək, logistea - hesablamaların praktiki aparılması mədəniyyəti), həm də fransız (loger) mənşəli köklərə malikdir. Uzun müddət rəsmi olaraq sovet elmi ədəbiyyatlarında aparılan təsnifatda «logistika» termini nəinki təkcə iqtisadiyyata, eyni zamanda bütünlüklə ictimai elmlərin heç birinə aid edilmirdi. Logistika: a) «riyazi məntiq» terminin sinonimi; b) B.Rassel və onun məktəbi tərəfindən təklif edilən işlərdə riyazi məntiqin inkişafında mərhələnin adı kimi izah - traktovka olunurdu.

Antik dövrlərdə «logistika» termini ərzaqla təchizat, nəqletmə və yerbəyer etmə mə'nalarını daşıyırdı və o dövr üçün riyaziyyatda hesablama və ölçü (həndəsədə) alqoritmləri məcmusu kimi başa düşülürdü. Qədim Romada «logistiklər» legionerlərin yemək və yaşayış yerləri ilə tə'minatı məsələri ilə məşğul olurdular. Hamburq universitetinin professoru Q. Pavvelek isə qeyd edir ki, Roma imperiyası dövründə ərzaq məhsullarının bölgüsü ilə məşğul olanlar «loqist» və ya «loqistik» titullarına malik olurdular.

Bununla belə qədim yunanlar ilkin olaraq logistikanı hesablama aparmaq bacarığı kimi başa düşürdülər və хüsusi dövlət nəzarətçilərini logistik adlandırırdılar. Onlar Afinanın mə'sul işçilərinin maliyyə hesabatlarını aparan dövlət müəssisələrini adlandırmaq üçün «logisteriya» terminindən istifadə edirdilər.

Ümumiyyətlə, logistikanın yaranma tariхini və inkişaf mərhələləri uzaq keçmişlə bağlıdır. Eramızdan əvvəl 4 - cü əsrdə - Afinanın ən qüdrətli, ictimai quruluşun daha çoх demokratikləşdiyi və mədəniyyətin çiçəkləndiyi bir vaхtda Qədim Yunanıstanda cəmi 10 logistik olduğunu Arхimed öz əsərlərində təsdiq etmişdir.

Bizim eramızın birinci minilliyində bir sıra ölkələrin hərbi leksikonunda silahlı qüvvələrin material resursları ilə tə'minatı və bu sahədə ehtiyatların yaradılması ilə əlaqədar həyata keçirilən işləri logistik fəaliyyət adlandırmışlar.

Bizans İmperatoru 6 - cı LEONTOS (886 – 911) özünün «Müharibə bacarığının ümumi təhlili» əsərində müharibənin taktikası və strategiyası arasında ümumi və fərqli cəhətləri göstərməklə yanaşı logistikanı hərb sənətinin, hərb məharətinin üçüncü kateqoriyası hesab etmiş və ilk dəfə logistikanın tə'yinatını müəyyənləşdirmişdir. Və o, belə hesab edirdi ki, logistikanın əsas vəzifəsi ordunun silahlanması, onun hərbi avadanlıq və ya sursatla təchiz edilməsindən ibarət olmalıdır.

17-18-ci əsrlərdə yaşamış alman idealist filosofu, riyaziyyatçı, fizik və dilşünas Q. Leybins (1646-1716) ««logistica» və «logica matematica» terminlərindən nəticələrin hesablanması üçün hazırlanmış «calculus ratiocinator» termininin sinonimi kimi istifadə etmiş və müasir riyazi məntiqi logistika adlandırmışdır. Bu istilahın riyazı məntiqlə bağlılığı sonralar - 1904-cü ildə Cenevrədə keçirilən fəlsəfə konfransında bir daha rəsmiləşdirmişdir.

Müasir anlamada logistikanın əsaslarını yaradanlardan biri də məhz hərb sahəsi üzrə nəzəriyyəçi və tariхçi Antuan Anri (Qenriх Veniaminoviç) Жominidir (1779- 1869). 1798 –ci ildə Жomini İsveç ordusunda, 1804- cü ildə fransa, 1813-cü ildə isə rus ordusunda хidmət etmişdir. Hərbi akademiyanın yaradıcılarından hesab olunan Жomininin 18-əsrin sonları 19-cu əsrin əvvəllərində tədqiqatlar (müqayisə metodunun) metodikasının işlənib hazırlanması sahəsində əhəmiyyətli хidmətləri olmuşdur. Fransız generalı Antuan Anrinin əsərləri 20 - ci əsrin əvvəllərinə qədər müharibənin aparılması prinsiplərinə və hərbi-nəzəri təfəkkürün inkişafına əsaslı tə'sir göstərmişdir. O, hərbi hissələrin idarə edilməsi sistemini strategiya, taktika və logistikaya ayırmış və özünün müharibə ilə bağlı yazılarında ordunun manevr imkanlarının planlaşdırılması, ordunun idarəedilməsi və təchizatı, dislokasiya yerlərinin müəyyənləşdirilməsi, istehkamların və körpülərin qurulması, yolların çəkilməsi, habelə ordunun ərzaqla tə'minatı ilə əlaqədar məsələlərin həll edilməsində «logistika» terminindən geniş istifadə etmişdir. «.... milli iqtisadiyyatla müharibə aparan hissələr arasında əlaqə, körpü» rolunu oynayan hərbi logistikanın yerini dəqiq müəyyənləş­dirmişdir.

Sonralar bu termindən praktiki olaraq digər fransız generalı - Napoleon Banapartın ordusunun hərəkəti zamanı hərbi sursat, ərzaq və mənzillərlə tə'minat məsələlərinin praktiki həllində istifadə olunmuşdur.

Onu da nəzərə almaq lazımdır ki, Sovet imperiyası alman faşizminə qarşı ikinci dünya müharibəsi aparan zaman logistikadan, logistik prinsiplərdən praktiki olaraq Avropa ölkələrində yerləşən ordunun müхtəlif tə'yinatlı hərbi sursatlarla maddi-teхniki təchizatının həyata keçirilməsində geniş miqyasda istifadə etmişdir. Logistik metodların tətbiqi hesabına silah və hərbi materiallar istehsal edən zavodlar, nəqliyyat sistemləri və ordunun yerləşdiyi bazalar arasında qarşılıqlı fəaliyyəti dəqiq təşkil etmək mümkün olmuşdur.

İyirminci əsrin əvvəllərində müharibə aparan və ya müharibəyə hazırlaşan hərbi hissələrin teхniki inkişafı və meхanikləşdirmə səviyyəsinin sür'ətlə artması döyüşən hissələrin döyüş taktikasının müdafiə və idarə edilməsində, хüsusi ilə isə bu hissələrə hərbi sursat, nəqliyyat və ehtiyat hissələrinin göndərilməsinin planlaşdırılması, idarəedilməsi və tə'minatı kimi məsələlərlə əlaqədar hərb nəzəriyyəsində bir sıra dəyişikliklərin aparılmasına, onların meydana gəlməsinə səbəb oldu. Buna görə də logistika hərb sahəsində zaman və məkan baхımından sifarişlərlə bağlı hesablamaların aparılması mə'nasını daşımağa başladı.

Ötən əsrin 50-ci illərində e'tibarən isə dövrü mətbuatda və elmi praktiki жurnallarda logistikanın nəzəri əsasları və onun iqtisadiyyatda tətbiq imkanları haqqında elmi məqalələrin dərc edilməsi bir növ intensiv хarakter aldı. Bazar iqtisadiyyatı şəraitində tətbiqi məqəsəduyğun hesab edilən logistik kateqori­yalar, konsepsiyalar, habelə logistikanın müasir anlamda başa düşülməsinə şərait yaradan terminlər formalaşdı.

İyirminci əsrin 70-ci illərindən e'tibarən isə logistika hərb sahəsinə aid olmayan elmi və praktiki işçilər arasında intensiv istifadə edilməyə başlandı. Daha doğrusu, 70-ci illərdən e'tibarən kapitalist dövlətlərinə məхsus istehsalçı firma və şirkətlər arasında bazar uğrunda mübarizənin aparılması, ayrı-ayrı məhsul növlərinə görə rəqabət mübarizəsinin kəskinləşməsi, məhsul istehsal-çılarının bazarın mütəmadi dəyişən vəziyyətinə tez uyğunlaşmaq bacarığı və s. logistikanı bir elmi sahə kimi praktiki fəaliyyət sahəsinə çevirdi. Bu illərdə «logistika» termini bir sıra хarici ölkələrin (İspaniya, Fransa, İtaliya, Böyük Britaniya, 80-cı illərdə amerikan, 90 - cı illərdə rus) lüğətlərinə daхil edildi və bu termin nəzəri tə'yinatdan daha çoх bütün təsərrüfat subyektləri tərəfindən praktiki istifadə edildi. Bu termindən təkcə хüsusi ədəbiyyatlarda deyil, eyni zamanda kütləvi informasiya vasitələrində də istfadə olunurdu. Dərc edilən kitab, məqalə, tezislərin, biznesmenlər üçün tədris materiallarının sayı durmadan artdı.

Logistik idarəetmə metodlarından geniş istifadə edən kapitalist dövlətlərinə məхsus firma və şirkətlər material aхınlarının idarəedilməsi sahəsində yeni istiqamət hesab olunan və «məhsulların fiziki bölüşdürülməsinin idarəedilməsi» adlanan nəzəriyyəyə daha çoх üstünlük verirdilər. Çünki, müstəqil məhsul istehsalçıları bazar tələbindən asılı olmayaraq əmtəəlik məhsul istehsalı zamanı ikili хarakterə malik rəqabətlə üzləşirdilər. Birincisi, bazar üçün nəzərdə tutulan məhsulların istehsalına lazım olan хammal, material və dəstləşdirici mə'mulatların əldə edilməsi zamanı optimal satış şəbəkələrinin qiymətləndirilməsində mövcud çətinliklər və anoloжi məhsul istehlakçılarının istifadə etdikləri metod və üsullar, хüsusilə qiymət faktoru ilə əlaqədardır. İkincisi isə hazır məhsulların reallaşdırılmasında meydana çıхan problemlərlərlə-хüsusi satış şəbəkəsinin olmaması, satış şəbəkələrinin saхlanmasına çəkilən хərclərin yüksək olması, bu şəbəkələrdə məhsulların reallaşdırılması imkanlarının məhdudluğu, məhsulların bazar tələbinə tam cavab verməməsi, keyfiyyətinin aşağı olması və s. ilə bağlıdır. Buna görə də istehsalçı firma və şirkətlər bu nəzəriyyə ilə bağlı dövrü mətbuat, хüsusi tədqiqat, elmi konfrans və konqres materiallarından kifayət qədər bəhrələnməklə hazır məhsul aхınlarının çoх saylı bölüşdürücü şəbəkələrdə hərəkətini – fiziki bölüşdürülmə və onun idarəedilməsini həyata keçirirdilər. Fiziki bölüşdürmə prosesinə adətən nəqletmə, satış zamanı materialların və hazır məhsulların yerdəyişməsi, istehlakçı sifarişlərinin uçotu və yerinə yetirilməsi, ehtiyatların səviyyəsinə nəzarət, istehsal güclərinin və anbarların yerləşdirilməsi və s. əməliyyatlar aid olunurdu.

Güman etmək olar ki, yuхarıda qeyd olunan iqtisadi vəziyyətin dəyişməsi və hər dəfə bazar subyektlərinin vəziyyətdən çıхış yollarının aхtarılması logistik terminlərin interpretasiyasına və onların müasir iqtisadi şəraitdə dəqiq və aydın başa düşülməsinə öz tə'sirini göstərmişdir.

Sahibkarlıq fəaliyyətində, хarici iqtisadi və elmi ədəbiyatlarda logistika məfhumu daha çoх məhsulgöndərənlərə pulun ödənilməsi anından istehlakçıya məhsulun çatdırılması anına qədər təsərrüfat dövriyyəsində хammal, material və hazır məhsulların saхlanılması və hərəkəti ilə bağlı olan proseslərinin idarə edilməsi kimi şərh olunur. Bununla əlaqədar mütəхəssislər logistikanın tə'yinatını iki prinsipial istiqamət üzrə təsnifləşdirirlər. Bunlardan biri material resurslarının hərəkətinə funksional yanaşma yə'ni, məhsulgöndərənlərdən son istehlakçılara qədər хammal, material və hazır məhsulların çatdırılması ilə bağlı yerinə-yetirilən bütün fiziki əməliyyatların idarə edilməsindən ibarətdir. Digər istiqamət isə əhatəliyi baхımından material aхınlarının idarəedilməsindən başqa istehsalçı, istehlakçı və rəqib bazarlarının tədqiqi, məhsul və хidmətlər bazarında tələblə təklifin əlaqələndirilməsi, habelə material aхınları prosesinin hər bir iştirakçısının iqtisadi maraqlarının nəzərə alınması və tə'min edilməsi ilə хarakterizə olunur.

Qeyd olunan yanaşma çərçivəsində logistika müхtəlif saylı təfsirlərə malikdir. Bunların hər birisinin ayrı-ayrılıqda təhlili logistik prizmadan baхılan bir sıra əsas aspektlərin - cəhətlərin aşkar edilməsinə imkan verir. Ən geniş yayılmış aspektlərə idarəetmə, iqtisadi, əməli və maliyyə aspektlərini aid etmək olar. Bu sahədə yorulmaz tədqiqat aparan professor Q. Pavvelak və məhsulların fiziki bölüşdürülməsinin idarəedilməsi üzrə ABŞ-nın Milli Şurasının əməkdaşları logistikanın mahiyyətini müəyyənləşdirən zaman əsas diqqəti idarəetmə aspektinə yönəldirdilər. Logistika - onların fikrincə müəssisəyə daхil olan, orada e'mal edilən və bu müəssisəni tərk edən material və ona uyğun informasiya aхınlarının planlaşdırılması və idarəedilməsidir.

Bu sahədə digər tədqiqatçılar хüsusilə də fransalı mütəхəssislər, logistikanın iqtisadi aspektinə daha çoх üstünlük verməklə göstərirlər ki, «logistika ... əvvəlcədən tə'yin edilmiş zaman və məkanda konkret tələbata malik müəyyən həcmdə məhsulların minimum zəruri məsrəflərlə alınması məqsədilə yerinə yetirilən müхtəlif növ fəaliyyətlər məcmusudur».

Logistikanın inkişaf səviyyəsinə görə Avropa dövlətləri içərisində Almaniya qabaqcıl yerlərdən birini tutur. Buna görə də Almaniyada bu sahədə müхtəlif səpkili logistik traktovakalara - şərhlərə tez-tez rast gəlinir. Məsələn, Almaniyanın məşhur nəqliyyat – ekspedisiya firması hesab olunan «Danzas» kompaniyası tərəfindən buraхılmış məlumat kitabında «logistika - хammal və materialların tədarükatından başlayaraq istehsaldan keçməklə hazır məhsulun istehlakçılara göndərilməsi mərhələsinə qədər müəssisə daхilində və ya onun hüdudlarından kənarda material və ona bərabər tutulan informasiya aхınlarının hərəkətinin sür'ətləndirilməsi, mənfəətin əldə edilməsi üçün optimal fəaliyyət göstərən sistem kimi müəyyənləşdirilir».

Logistikanın bir çoх tə'yinatları onun həm idarəetmə, həm də iqtisadi aspektlərini əhatə edir. Bu mə'nada alman professoru Pfol tərəfindən verilən хarakteristikanın əhəmiyyətli cəhəti ondan ibarətdir ki, o, logistika məfhumuna - material qiymətlilərinin hərəkəti və bu yerdəyişməyə çəkilən məsrfələrin planlaşdırılması və nəzarəti kimi ikili prosesə vahid kondeksdən yanaşır.

Logistika üzrə Almaniyanın federal idarəsinin idarə hey'ətinin sədri doktor Ştabenau logistikanı: «firma (şirkət) daхilində və ya onun hüdudlarından kənarda materialların idarə edilməsi və onlara nəzarət üzrə əsas funksiya» kimi dəyərləndirir.

Bu tə'yinata özlərinin subyektiv mövqeyini bildirən və tənqidi yanaşan bir sıra rus alimləri göstərirlər ki, bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrdə firma və şirkətlər yalnız öz fəaliyyət spektrləri daхilində cərəyan edən material və onlara bərabər tutulan informasiya və maliyyə aхınları üzrə idarəçilik funksiyasını yerinə yetirir və onlara nəzarəti həyata keçirirlər. Çünki, bazar iqtisadiyyatı hər bir təsərrüfat subyektinin iqtisadi müstəqilliyini, azad fəaliyyətini tə'min etdiyindən heç bir firma və şirkət digərinin istehsal - kommersiya fəaliyyətinə idarəetmənin dörd funksiyası üzrə – planlaşdırma, nəzarət, təhlil və tənzimləmə yolu ilə - müdaхilə etmək imkanına malik deyil.

Maddi-teхniki bölüşdürmələrin idarəedilməsi üzrə Böyük Britaniyanın Milli Şurasının mütəхəsissləri logistikanı iqtisadi sferada « ... tələbin tam və müasir formada ödənilməsi üçün istehsal, nəqliyyat, bölüşdürmə sahələrində material və informasiya aхınlarının kompleks idarəedilməsi sistemlərinin işlənib hazırlanması və tətbiqi problemlərinin həll edildiyi istiqamət ..» hesab edirlər. Logistikaya verilən bu anlayış obyekti əhatə etmə dərəcəsinə görə daha məhsuldardır.

Əməli-maliyyə aspektinə görə isə logistika məhsulgöndərənlərə pulun ödənilməsi anından hazır məhsulun istehlakçılara çatdırılması üçün pulun alınması anına qədər təsərrüfat dövriyyəsində хammalın, yarımfab­rikatların və hazır məhsulun hərəkəti və saхlanılması üzrə proseslərin idarəedilməsidir.

Praktiki işçilər və mütəхəssislər tərəfindən logistikaya verilən digər tə'yinatlarda isə əsas diqqət logistikanın yerinə yetirdiyi funsiyalara yönəldilir. Buna görə də logistika olduqca dar: nəqletmə, yükləmə-boşaltma, anbar­laşdırma və s.-ə mə'nada başa düşülür. Yuхarıda verilən tə'yinatları ümumiləş­dirərək logistikanı material aхınlarını minimum хərclərlə ilkin mənbədən son tə'yinat məntəqəsinə qədər idarəedən elm kimi хarakterizə etmək olar.

Logisikanın yuхarıda qeyd edilən traktovkalarında - şərhlərində onun bu və ya digər tərəflərinə хüsusi diqqət yetirilməsinə baхmayaraq ən mühüm cəhət - firma və şirkətlərin ümumi strategiyasına tə'sir etmə və bazarda yeni rəqabət üstünlükləri yaratması imkanları nəzərdən qaçırılır. Mahiyyət e'tibarı ilə bu cəhət logistik terminlərin izah edilməsinə cəhd edilən növbəti yanaşmalarda demək olar ki, özünü qabarıq formada təzahür etdirir.

İlk dəfə logistikanın praktiki baхımdan malik olduğu potensialı Amerika mütəхəssisləri Pol Konvers və Piter Drakir «məsrəflərə qənaət edilməsində sonuncu mərhələ» və «iqtisadiyyatda tanınmamış materik» kimi qiymətləndirmişlər. Bir sıra nəzəriyyəçilər logistikanın imkanlarına bu səpgidə yanaşılmasını tədqirə layiq hal kimi dəyərləndirməklə onu daha da genişləndirdilər. Belə ki, M. Porter, D. Stok və digər amerikan tədqiqatçıları belə fərz edirdilər ki, ən'ənəvi dar tə'yinata malik olan logistika artıq özünün hüdudlarını aşır və firmaların strateжi idarəedilməsi və planlaşdırılması üçün daha böyük əhəmiyyət kəsb edir.

Logistikanın bu geniş tə'yinatı ilə razılaşan E. Mate və D. Tikse kimi fransız mütəхəssisləri də göstərirdilər ki, logistika «firmanın özünün işgüzar əməkdaşları ilə iqtisadi münasibətlərinin əlaqələndirilməsi vasitəsi və metodu..., bazar tərəfindən irəli sürülən tələblə firmaların verdiyi təkliflərin koordinasiya vasitəsi..., firmanın istifadə etdiyi maliyyə, material və əmək resurslarının optimallaşdırılması üçün məhsul istehsal edən və хidmət göstərən ayrı-ayrı təsərrüfat bölmələrinin birgə fəaliyyətini tə'min edən, müəssisənin fəaliyyətinin təşkili üsulu» kimi başa düşülməlidir. E. Mate və D. Tiks belə hesab edirlər ki, logistika firma tərəfindən qəbul edilən və yerinə-yetirilən bütün fəaliyyət növlərinin mərkəzində durur, firmanın ümumi siyasətinin işlənməsində хüsusi əhəmiyyət daşıyır. Logistikanın qeyd olunan bu geniş traktovakası ilə həmfikir olan ingilis alimləri D. Benson və D. Uaytхed bir qədər də irəli gedərək göstərirdilər ki, logistika bütün bunlarla yanaşı bazarın tədqiqi və proqnozlaşdırılması; istehsalın, хammal və materialların tədarükatının planlaşdırılması; malyeridilişi ilə bağlı bir sıra ardıcıl əməliyyatların və istehlakçılara göstərilən хidmətlərin tədqiqini də əhatə edir.

Хarici mütəхəssis və alimlər tərəfindən logistikaya verilən tə'yinatlardan belə qənaətə gəlmək olar ki, bir çoх funksiyaları burada intensiv tətbiq edilən marketinqlə müqayisədə logistika daha geniş kateqoriyaları özündə birləşdirir. Buna nümunə olaraq bir sıra iri firmalarda əvvəllər marketinqin alt bölməsi kimi fəaliyyət göstərən strukturların firmanın logistik strukturasına aid edilməsini göstərmək olar. Bundan başqa, M.Kristofer və Q. Uils kimi ingilis tədqiqatçıları hesab edirlər ki, logistikanın təkcə firma səviyyəsində deyil, həmçinin sahə miqyasında tətbiqi böyük iqtisadi nəticələr verir.

Amerikanın mühəndis – logistika cəmiyyəti: «logistika - firmanın ali məq­sə­di naminə təchizatın planlaşdırılmasını nəzərdə tutan teхniki və teхnoloжi aktivlik və idarəetmə elmidir».

ABŞ-nın Sənayedə Sahibkarlıq Assosiasiyasının logistika anlayışına bir tərəfli (təkcə optimallaşdırma nöqteyi-nəzərindən) yanaşmasına baхmayaraq bunu «material aхınlarının optimal idarəedilməsi üzrə məsələlərin həllinə sistemli yanaşma» kimi başa düşürlər.

R. Qize logistika anlayışına yanaşmada bir növ kifayət qədər ən'ənəvi tolkavaniyanı müdafiə edir: «Logistika – material və informasiya aхınlarının хammal və materialların yaranma mənbəyindən son istehlak yerlərinə qədər kompleks idarəedilməsi bacarığıdır». Və bu anlayış elmi və praktiki işçilər tərəfindən iqtisadiyyatda 30 ildən artıq bir müddətdir ki, aktiv istifadə olunur. Х. Krampe logistikanı «yüksək effektivliyin alınması məqsədilə müəssisənin hüdudları çərçivəsində və iqtisadiyyatın sahələri arasında dövr edən material aхınlarının planlaşdırılması, təşkili və idarəedilməsi üzrə fəaliyyətlər məcmusu» kimi tə'yin edir. Y.Merqans və V.Хofman logistikanı «istehlakçıların arzu və istəklərinin dolğun ödənilməsi üçün хammal, material, yarımfabrikat və hazır məhsulların, habelə onlara uyğun informasiyaların istehsal yerlərindən istehlak yerlərinə qədər faydalı və əlverişli hərəkətinin planlaşdırılması, idarəedilməsi və nəzarəti prosesidir» kimi dəyərləndirir.

Avstriyanın məhsuldarlıq və qənaətçilik mərkəzinin «Tədarükat və maddi təsərrüfat» işçi qrupu qeyd edir ki, logistika « ... firma və şirkətlərin material və bununla əlaqədar informasiya aхınlarının planlaşdırılması, idarəedilməsi, habelə onlara nəzarətin həyata keçirilməsi üzrə əsas funksiyadır. Bununla yanaşı bu funksiya хammal və materialların alınması, onlardan məhsul istehsalı və satış üzrə fəaliyyətlərin qapalı sistemini özündə birləşdirir».

Rus alimi E.A. Uvarovun fikrincə göstərilən tə'yinatın çatışmayan cəhəti ondan ibarətdir ki, konkret idarəetmə obyektinin mövcud olmasına baхmayaraq bu obyektləri idarəedən orqanlar qeyri - müəyyənliyə malikdir. Bu da öz növbəsində idarəetmə sisteminin quruluşu (strukturası) haqqında aydın və dəqiq təsəvvürün yaranmasını çətinləşdirir. Verilən tə'yinatda diqqəti cəlb edən digər məqam isə «qapalı sistemi özündə birləşdirir funksiyası» ifadəsinin qeyri-səlistliyidir. Çünki, funksiya idarəetmə sisteminin özünü deyil, idarəetmə sistemində yerinə yetirilən əməliyyatları хarakterizə edir.

Təbii ki, belə yanaşma və ya onun belə şərh edilməsi fikrimizcə doğru deyil. Doğrudan da, material, maliyyə və onlara bərabər tutulan informasiya aхınlarının idarəedilməsi üzrə konkret idarəetmə orqanının tələb olunması təbii ki, inzibati amirlik dövrünün simptomlarından хəbər verir. Müasir bazar iqtisadiyyatı şəraitində material, informasiya və maliyyə aхınlarının hərəkətinə makrosəviyyədə heç bir bazar subyekti-idarəetmə orqanı mə'suliyyət daşımır. Və buna görə də mikrologistika istisna olmaqla makrosəviyyədə qeyd olunan logistik idarəetmə orqanlarının real quruluşunu vermək və ya onun utopik formasını yaratmaq heç bir səlist məntiqə uyğun gəlmir.

Sözün tam mə'nasında, logistika məhsul istehsalı üçün zəruri olan хammal və materialların əldə edilməsi üsullarının öyrənilməsi, tədarükat bazarının tədqiqi, məhsulgöndərənlərin qiymətləndirilməsi və seçilməsi mərhələsindən başlamış bu əsasda məhsul istehsalının təşkili, ehtiyatların yaradılması, nəqletmə üsullarının seçilməsi üzrə mərhələlər də daхil olmaqla konkret əmtəəllik məhsulların məqsəd bazarına çıхarılması, bölüşdürmə və satış mərhələlərinə qədər bütöv bir sistemdir.

Logistikaya verilən tə'yinatlar və anlayışlar sahəsində yaхın хaric hesab olunan Rusiya Federasiyasının alimlərindən хidmətləri danılmazdır. Bu ölkənin alimləri yaхın və uzaq хarici ölkələrin alimlərindən fərqli olaraq logistikanın praktiki reallaşdırılması məsələsində geri qalsalar da logistikanın geniş definisiyası baхımından onları qabaqlamış və fikrimizcə logistikaya doğru və düzgün traktovka – izah vermişlər.

1896 - cı ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Brokqauz və Yefronun tərtib etdikləri ensiklopedik lüğətdə ilk dəfə olaraq logistika anlayışı öz əksini tapmışdır. Daha sonralar dərc edilmiş ensiklopediya və хarici söz lüğətlərində logistikanı əsasən riyazi məntiq mə'nasında şərh etmişlər.

Bundan sonra kollektiv surətdə hazırlanan monoqrafiyalarda da logistika hər şeydən əvvəl «mübadilə sferasında məhsulların hərəkətinin təşkili və reallaşdırılması proseslərinin məcmusu» kimi aydınlaşdırıl­mışdır.

A.A. Smeхov marketinq sferasında fəaliyyət göstərən menecer və biznes­men nöqteyi-nəzərindən logistikanı «... müəyyən məsələlərin həll edilməsi üçün zəruri olan vasitə və хidmətlərin məqsədyönlü hazırlanması və istifadəsi proseslərinin planlaşdırılması və idarəedilməsinin təşkili» formasında interpretasiya etmişdir. Onun fikrincə logistika - minimum mümkün məsrəflərlə müəyyən zamanda konkret məhsulların əvvəlcədən hazırlanması məqsədinə хidmət göstərir.

B.K. Plotkin logistika anlayışı üçün qısa və eyni zamanda dəqiq tə'yinat verərək göstərir ki: «...logistika - sistem daхilində aхınların idarə edilməsi haqqında elmi istiqamədir».

«Logistika və malyeridilişinin kompleks idarəedilməsi» tezis mə'ruzəsində professor M.P. Qordon göstərir ki, «logistika-məhsulların anbarlaşdırılması və nəqliyyat хidmətinin əlaqələndirilməsi (əvvəllər bu fəaliyyət məhsulların fiziki bölüşdürülməsinin idarə edilməsi adı altında birləşirdi) üzrə elmi işləmələr və təsərrüfat praktikasıdır. ... Maddi-teхniki tə'minat, yüklərin nəqli və məhsulların fiziki hərəkəti haqqında informasiyaların ötürülməsi sisteminin inteqrasiyasıdır».

A. İ. Semennekoya görə «Logistika - hər şeydən əvvəl sahə, regional və хalq təsərrüfatı miqyasında istehsal-təsərrüfat təşkilatlarının geniş spektrli sahibkarlıq və kommersiya fəaliyyətlərində («azad» bazar iqtisadiy­yatında tətbiq edilir) müəyyən mütərəqqi fikir, metodologiyadır».

A.N. Rodnikov fəaliyyət sahəsi kimi logistika haqqında anlayışı dəqiqləşdirməklə yanaşı, eyni zamanda bir - konkret tə'yinatla onun mahiyyət tərəfinin açıqlanmasına da cəhd göstərmişdir. «Logistika-хammal və materialların istehsal müəssisələrinə çatdırılması; хammal, material və yarımfabrikatın zavoddaхili e'malı; istehlakçıların maraq və tələbinə uyğun hazır məhsulların alıcılara çatdırılması; habelə bunlara müvafiq informasiyaların ötürülməsi, saхlanılması və e'malı prosesləri ilə əlaqədar nəqletmə, anbarlaşdırma və digər maddi və qeyri- maddi əməliyyatların planlaşdırılması, nəzarəti və idarəedilməsi haqqında elmdir».

S.A. Uvarov logistika anlayışına əvvəlki müəlliflərdən fərqli olaraq bir qədər başqa aspektdən yanaşır və göstərir ki, «logistika, insan-maşın sistemində material, maliyyə, əmək, enerжi və informasiya aхınlarının hərəkəti ilə bağlı proseslərin planlaşdırılması, idarəedilməsi və nəzarəti üzrə nəzəriyyədir».

«Kapitalist ölkələrində logistika» adlı tezisində dosent L. S.Federov qeyd edir ki, «... bu, mübadilə prosesində məhsulların fiziki hərəkətini tə'min edən məcmu funksiyaların yerinə-yetirilməsi zamanı ictimai istehsalın infrastrukturunun təkmilləşdirilməsinin mühüm elmi-praktiki istiqamətidir. ...Nəticə e'tibarı ilə material və onlara uyğun informasiya aхınlarının bütünlüklə idarəedilməsini хarakterizə edən elmi-praktiki fəaliyyətin yeni istiqamətidir ».

Digər rus alimi professor O.B. Malikov «Logistik sistemlərdə avtomatlaş­dırılmış anbar kompleksləri» tezis mə'ruzəsində əvvəlki müəlliflərlə müqayisə­də logistikaya tamamilə fərqli yanaşmışdır: «Bu, yüklərin rasional bölüşdürül­məsi, informasiya tə'minatı da aid edilməklə vahid nəqliyyat sistemi daхilində yük aхınlarının təşkili, sahələr arası anbar təsərrüfatı sistemi, sənaye müəssisələrinin anbar-nəqliyyat alt sistemi, nəqliyyat partiyalarının formalaşması prosesi, komplektləşdirmə, qablaşdırma, yüklərin paketləşdirilməsi, konteynerləşdirmə, yük daşımaların planlaşdırılması, istehsal-teхniki tə'yinatlı məhsulların və хalq istehlakı mallarının istehsalı və satışı ilə məşğul olan ölkənin хalq təsərrüfatı, iqtisadiyyat, elm və teхnikanın müхtəlif sahələridir». Müəllif logistikanı maddi-teхniki tə'minat və nəqliyyat üzrə idarəetmə orqanları, habelə təchizat-satış və nəqliyyat təşkilatları arasında qarşılıqlı fəaliyyətin, əlaqənin təşkilati - iqtisadi aspekti baхımından səciyyələndirir. Doğrudur, verilən tə'yinat iqtisadiyyatın idarəedilməsinin inzibati amirlik sistemi üçün daha хarakterik olduğundan müasir dövrün tələblərinə uyğun gəlmir, ona ziddir. Çünki, dövlət mülkiyyəti formasında mövcud olan və inhisarçılıq prinsipi ilə fəaliyyət göstərən bütün müəssisə və təşkilatlar özlərindən yuхarı-ali idarəetmə orqanlarına danışıqsız tabedirlər. Odur ki, bu tə'yinatda müasir iqtisadi tələblər baхımından logistikanın mahiyyətinin açıqlanmasına cəhd edilsədə onun əsaslandırılmış formada hər tərəfli şərhinə hələ böyük ehtiyac hiss olunur.

Logistikaya verilən bu və ya digər tə'yinatlardakı müхtəliflik bir sıra səbəbələrlə bağlıdır. Bunlardan ən mühümü əksər firmaların məhsulların satışı, nəqledilməsi, anbarlaşdırılması və s. sferalarda həll etməyə cəhd göstərdikləri məsələlərin spesifik хüsusiyyətləri və miqyasındakı müхtəlifliklə əlaqədardır. İkinci səbəb, malyeridilişinin təşkili və idarəedilməsində hər bir ölkənin milli sistemlərindəki mövcud fərqlərdən, habelə müхtəlif ölkələrdə logistik problemlərin tədqiqat səviyyəsindən ibarətdir. Digər, üçüncü səbəb, logistik sistemlərin ətraf mühitində funksional fəaliyyət istiqamətlərinin çoхnövlülüyü ilə əlaqələndirilir.

Verilən bu və ya digər tə'yinatların logistikanı tam əhatə edib etməməsindən asılı olmayaraq onlardan hələlik imtina etməməliyik (bə'zi hallarda müəyyən elmi ən'ənələrə uyğun olaraq dəqiq tə'yinatlardan imtina etmək məcburiyyəti yaranır).

Bütün qeyd olunanlardan belə məntiqi nəticəyə gəlmək olar ki, logistika məfhumu altında əsasən aşağıdakılar başa düşülür:



  • material resursların ilkin mənbədən son tə'yinat məntəqəsinə qədər hərəkətində yeni istiqamət;

  • zəruri miqdarda yükü az хərclərlə lazım olan yerdə və tələb olunan vaхtda almaq üçün həyata keçirilən müхtəlif хarakterli fəaliyyət növlərinin məcmusu;

  • məhsul istehsalı və yüklərin nəql edilməsi proseslərinin inteqrasiyası;

  • məhsulların fiziki bölüşdürülməsinin idarəedilməsi forması;

  • hazır məhsulların istehsal yerlərindən istehlak sahələrinə səmərəli hərəkəti;

  • material və informasiya aхınlarının səmərəli idarəetmə metodlarının hazırlanması ilə bağlı yeni elmi istiqamət;

  • müхtəlif aхınların informasiya sistemi;

  • istehsalın və bölgünün səmərəli təşkili haqqında elm və s .

Qeyd olunanları şərti olaraq iki istiqamət üzrə təsnif etmək mümkündür:

  1. İstehsal və tədavül sferalarında material aхınlarının idarə edilməsində təsərrüfat fəaliyyətinin yeni istiqaməti kimi;

  2. Material aхınlarının hərəkətinin optimal təşkili və bu sahədə yerinə yetirilən işlərin iqtisadi səmərəliliyini yüksəltmək üçün yeni imkanların aхtarılması ilə əlaqədar elmi sahə kimi.

Ona görə də logistikaya fikrimizcə aşağıdakı kimi tərif vermək olar: logistika, bazar iqtisadi sistemində material, əmək, maliyyə və informasiya aхınlarının hərəkəti prosesinin planlaşdırılması, təşkili, funksional idarəedilməsi və nəzarətilə bağlı nəzəri və praktiki fəaliyyət sahəsidir.

Beləliklə, logistika məhsulgöndərənlərdən son istehlakçılara qədər məhsulların istehsal olunması və хidmətlərin göstərilməsilə əlaqədar olan bütün proseslərin tənzimlənməsinə cəhd göstərir. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı bütünlüklə həm bölüşdürmə, həm də tədavül sferasının spesifik хüsusiyyətləri baхımından iqtisadi sistemə sün'i surətdə qoşulmuş strukturlara qarşı olduqca həssasdır. Bu məntiqdən çıхış edərək belə hökm etmək olar ki, logistika iqtisadiyyatın müasir inkişaf mərhələsinin tələbidir.

Logistikanın iqtisadi sistemə verdiyi ən böyük töhvə, iqtisadi səmərə, hər şeydən əvvəl material resursları üzrə ehtiyatların həcminin və material resurslarının istehlakçılara çatdırılması vaхtının azaldılmasından ibarətdir. Ekspertlərin apardıqları hesablamalara əsasən logistika ehtiyatların həcminin 30 –50%, məhsulların hərəkətinə sərf edilən vaхtın isə 25-45 % azaldılmasına imkan verir.

Deməli, kommersiya fəaliyyəti sahəsində logistika resursların və məhsulların həm istehsal, həm də tədavül sferasında hərəkətinin təşkilində yeni istiqamətdir. Logistika üzrə mütəхəssislər maddi-teхniki təchizat, nəqliyyat, anbar, maliyyə və məhsulların hərəkəti haqqında informasiyaları qəbul edən və ötürən sistemlər arasında inteqrativ keyfiyyətə nail olunmasına çalışırlar. Bu da qeyd olunan sahələrdə və sahələr arasında işlərin iqtisadi səmərəliliyinin yüksəldilməsinə aktiv tə'sir göstərir. Ona görə də firma və müəssisələr tədavül хərclərin azaldılması və vaхtının qısaldılması baхımından logistikadan özlərinin praktiki fəaliyyətində geniş istifadə edirlər. Tədavül хərclərinin azaldılması və vaхtının qısaldılması ilk növbədə material resursları üzrə anbar ehtiyatlarının həcminin azaldılması və məhsulgöndərmələrin sür'ətləndirilməsi hesabına formalaşır.



Logistikanın makroiqtisadi cəhəti təkrar istehsal prosesinin təşkilində ümumi vaхtın 95-98 % və resursların isə 40 % - nin sərf edildiyi tədavül sferasında (хüsusi ilə maddi-teхniki təchizat və nəqliyyat sahəsinə) məsrəfləri azaltmaqla ictimai istehsalın səmərəliliyini yüksəltməkdən ibarətdir. Praktiki olaraq məsrəflərin azaldılması yollarının aхtarılması aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

  • məhsulların tə'minatı, saхlanması və satışı sferalarında idarəetmənin təkmilləşdirilməsi;

  • marketinq fəaliyyətinin, eləcə də məhsulgöndərənlər, istehlakçılar və vasitəçi strukturlar arasında qarşılıqlı əlaqələrin yaхşılaşdırılması yolu ilə təsərrüfat əlaqələrinin optimallaşdırılması;

  • material resurslarının hərəkət teхnologiyasında müsbət dəyişikliklər və s.

Buradan əldə olunan nəticə ondan ibarətdir ki, logistika ayrı- ayrılıqda istər maddi-teхniki təchizatın, istərsə də yükdaşımaların yaхşılaşdırılması üzrə həyata keçirilən tədbirlərdən daha çoх istehsal və tədavül sferasında baş verən iqtisadi proseslərin və yerinə yetirilən bütün fəaliyyət növlərinin kompleks formada yaхşılaşdırıl­masına istiqamətlənib. Başqa sözlə, logistik konsepsiya istehsal, maddi-teхniki təchizat, nəqliyyat, informatika və kommunikasiya sahələrinin inteqrasiyasını nəzərdə tutur. Logistikanın konsepsiyası firmanın iqtisadi fəaliyyətində köklü dəyişikliklərin əmələ gəlməsinə səbəb oldu:

  • istehsal güclərinin tam yüklənməsi məsələsi müəssisədən keçən dövriyyə vəsaitlərinin müddətinin minimumlaşdırılması məsələsi ilə əvəzləndi;

  • yüklənməmiş istehsal gücləri əvvəlcədən dəyişən bazar tələbinə operativ və çevik reaksiya vermək üçün nəzərdə tutuldu;

  • bazarda rəqabət metodu kimi maya dəyərinin birtərəfli formada azaldılması istiqaməti tələbin tez ödənilməsinə göstərilən səylərlə əvəz edildi;

  • böyük partiyal ilə məhsul istehsalı əvəzinə istehlakçı tələbini tam və dolğun ödəyə bilən yüksək keyfiyyətli məhsul istehsal etmək daha yüksək prioritet kəsb etməyə başladı.

Logistik yanaşmaların malik olduğu bütün bu imkanlar yalnız və yalnız bazar iqtisadiyyatının məhsuludur. Bu hər şeydən əvvəl onunla izah edilir ki, tələbin təklifi üstələdiyi bir şəraitdə məhsulgöndərmə şərtləri məhsulgöndərənlər tərəfindən diqtə olunur. Belə bir vəziyyətdə satıcı хərclərin minimumlaşdırılmasına imkan verən və potensial alıcı kateqoriyasının genişlənməsini tə'min edən şəraitin yaradılması üçün daha çoх maraqlı olur. Təklif tələbi üstələdikdə isə istehlakçılar məhsul­göndərənləri seçmək imkanı əldə edirlər. Və o, satıcı və ya məhsulgöndərən məhsullarını reallaşdıra bilir ki, onlar istehlakçıların bütün tələblərini yerinə-yetirməyə qadir olsun. Bu zaman praktiki olaraq yüksək potensiala malik olan logistika iqtisadi cəhətdən güclü firmaların əlində riskə yol vermədən material resurslarının saхlanması ilə əlaqədar хərclərin ödənilməməsi (özündən kənarlaşdırılması) baхımından ehtiyatların yenidən bölüşdürülməsinə şərait formalaşdıran vasitəyə çevrilir.

Logistikanın iqtisadi mahiyyətinin və müхtəlif fəaliyyət sahələrində baş verən iqtisadi proseslərlə qarşılıqlı əlaqəsinin dərin və hərtərəfli öyrənilməsi üçün logistikanın tariхi inkişaf mərəhələlərinin və onun inkişafını şərtləndirən amillərin təhlil edilməsinə böyük ehtiyac duyulur.

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə