Fərdi yaşayış evinin tikintisi ilə əlaqədar həyata keçirilməsi zəruri olan prosedurlar




Yüklə 27.63 Kb.
tarix22.04.2016
ölçüsü27.63 Kb.
Fərdi yaşayış evinin tikintisi ilə əlaqədar həyata

keçirilməsi zəruri olan prosedurlar.



1-ci addım: Torpaq sahəsinin əldə edilməsi

Fərdi yaşayış evi tikmək istəyən şəxs əvvəlcə torpaq sahəsinə malik olmalıdır. Bunun üçün vətəndaş ya torpaq sahəsini digər şəxsdən pulla alır, ya da torpaq sahəsinin alınması üçün bələdiyyəyə müraciət edir. Torpaq qanunvericiliyinə əsasən, bələdiyyə ərazilərindən torpaq sahələri hərracların keçirilməsi qaydası ilə alınır.

Bu üsulla torpaq sahəsi əldə edən şəxs həmin sahə üzərində mülkiyyət hüququnu təsdiqləmək üçün sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə təqdim etməlidir.

Sənədlərə ərizə, torpağın əldə edilmə əsası - bələdiyyənin qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiqlənmiş alqı-satqı aktı (01 dekabr 2007-ci il tarixindən sonra hərrac protokolu və ya alqı-satqı müqaviləsi), bələdiyyə tərəfindən tərtib edilmiş və təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat planından çıxarış, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz daxildir. Daşınmaz əmlak (burda torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan-ölçü) verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu tutulur.

2-ci addım: Fərdi yaşayış evinin layihəsinin çəkilib təsdiqlənməsi

Fərdi yaşayış evinin tikintisi üçün ikinci iş fərdi yaşayış evinin layihəsinin çəkilməsidir. Layihəni bu sahədə lisenziyası olan təşkilat yaxud memar çəkə bilər. Vətəndaş layihəni onlara sifariş verir. Fərdi yaşayış evinin layihəsində onun tikiləcəyi torpaq sahəsinin ümumi planı, harda yerləşdiyi, yaşayış sahəsinin layihəsi, planı, ikinci dərəcəli tikintilər, həyətin quruluşu və s. göstərilir. Layihənin çəkilməsi adətən 200-300 manata başa gəlir. Bu məbləğ obyektin quruluşuna görə dəyişir - layihə mürəkkəbləşdikcə qiymət də artır.



Növbəti mərhələdə layihənin sifarişçisi tikinti aparılacaq ərazinin yerləşdiyi icra hakimiyyəti orqanına müraciət etməklə layihəni həmin qurumun memarı ilə razılaşdırmalı və təsdiq etdirməlidir. Bu, icra hakimiyyətinin fərdi yaşayış evinin necə tikildiyini bilməsi və onun ətrafındakı infrastruktur uyğunluğuna baxması üçün lazımdır. Məsələn, əgər fərdi yaşayış evi magistral yolun kənarındadırsa onun memarlıq görünüşü olmalıdır. Amma bu kənar ərazilərə aid deyil. Beləliklə, layihə rayon icra hakimiyyətinin memarı ilə razılaşdırılır, bundan sonra icra hakimiyyəti layihəni təsdiqləyir.

3-cü addım: Fərdi yaşayış evinin layihəsinin ekspertizası

Fərdi yaşayış evinin layihəsi icra hakimiyyətində təsdiq edildikdən sonra onun ekspertizası aparılır. Qeyd edək ki, bütün tikililər öz əhəmiyyətinə və mürəkkəbliyinə görə məsuliyyət səviyyələrinə bölünürlər. “I, II və III məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən bunlar 1-ci, 2-ci və 3-cü məsuliyyət səviyyəli binalar adlanır. Həmin qərara əsasən, III məsuliyyət səviyyəli bina və qurğuların təsnifatına aid olan - 12 metr hündürlüyədək - fərdi yaşayış evləri, parniklər, istixanalar, yay pavilyonları, kiçik anbarlar və buna oxşar tikililər istisna olmaqla yerdə qalan bütin bina və qurğular I və II məsuliyyət səviyyəli tikililərə aid edilib. 3-cü məsuliyyət kateqoriyasına aid tikililər müvafiq rayon icra hakimiyyəti orqanlarında nəzarət qurumları tərəfindən sadələşdirilmiş formada ekspertiza olunur.

Bunun üçün əvvəla layihənin ətrafa nə qədər uyğun gəlməsi araşdırılır və memar buna rəy verir. İkinci məsələ – layihəyə əsasən tikiləcək fərdi yaşayış evinin konstruktiv quruluşu, möhkəmliyi - bünövrəsi, tikinti hissəsi və s. seysmik davamlılığı ilə bağlıdır. 3-cü məsələ su, işıq və qazın çəkilməsiylə bağlı müəyyən tələblərin qoyulma ehtimalıdır.

4-cü addım: Tikintiyə icazənin alınması

Növbəti mərhələ tikintiyə icazə sənədinin alınmasıdır. “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”na əsasən tikintiyə icazə Bakı şəhər icra hakimiyyəti Memarlıq və şəhərsalma idarəsindən alınmalıdır. Bu idarə ərizəçiyə ya icazə verir, ya da səbəbi göstərilməklə icazə verməkdən imtina edir. Ərizəçi burdakı iradları aradan qaldırıb yenidən müraciət edə bilər. İcazə üçün müraciətə baxan idarə müxtəlif məsələləri, o cümlədən həmin ərazinin altından magistral kəmərlərin keçməsini və s. nəzərə alır. Tikinti üçün icazəni alandan sonra maneəsiz şəkildə fərdi yaşayış evinin tikintisinə başlamaq olar. Qeyd edək ki, fərdi yaşayış evinin hündürlüyü 12 metrdən çox olsa onun tikintisinə Fövqaladə Hallar Nazirliyi nəzarət edir.

5-ci addım: Kommunikasiya xətlərinin çəkilməsi və istismara hazırlıq

Fərdi yaşayış evinin tikildikdən sonra rayon icra hakimiyyətinin memarlıq şöbəsinin iştirakı ilə texniki şərtlər alınır. Bura qaz istismar idarəsi, “Bakıelektrikşəbəkə”, su və kanalizasiya idarələrindən alınan texniki şərtlər daxildir. Texniki şərtlərin alınması üçün müvafiq rüsum tələb olunur.

Texniki şərtlər alındıqdan sonra vətəndaş rayon icra hakimiyyətinə müraciət edib istismar haqqı alır. İstismar haqqı - tikinti zamanı memarla ilkin razılaşdırılmış plandan kənara çıxılmaması ilə bağlı zəmanətdir.

6-cı addım: Fərdi yaşayış evinin ünvanının alınması

Fərdi yaşayış evindən istifadə hüququnun alınmasından sonra növbəti addım ünvan alınmasıdır. Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları” ilə tənzimlənir. Ünvanların verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi Reyestri Xidməti tərəfindən aparılır. Əmlaka ünvan verilməsi üçün vətəndaş Reyestr Xidmətinin əmlakın yerləşdiyi ərazidəki yerli idarələrinə müraciət edir. Daşınmaz Əmlak obyektlərinə ünvanlar daşınmaz əmlakın növündən asılı olmayaraq eyni qaydada verilir. Ünvan alınması prosesi 3 iş günü çəkir. Daşınmaz əmlak obyektinin ünvanının təyin edilməsi ilə bağlı 20 manat, əmlakın ünvanı barədə məlumatların verilməsi ilə bağlı 10 manat xidmət haqqı tələb olunur.

7-ci addım: Fərdi yaşayış evinin mülkiyyət hüququnun təsdiqlənməsi

Sonuncu mərhələ fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı və çıxarışın alınmasıdır. Bunun üçün torpaqayırma sənədləri ilə birlikdə ərizə; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu; eskiz-planı; tikilinin yerli icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsi, tikilinin istismara qəbul aktı və ya tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı; dövlət rüsumunun ödənilməsi barədə qəbz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə təqdim edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış 20 gün ərzində tərtib olunur. Bu çıxarış mülkiyyət hüququnun təminatı deməkdir. Yəni vətəndaş bu sənədi əldə etməklə fərdi yaşayış evinin tamhüquqlu sahibinə çevrilir.

Əlavə olaraq qeyd etməyi vacib hesab edirik ki, 01.01.2013-cü il tarixindən etibarən tikintiyə icazənin verilməsi ilə bağlı yuxarıda qeyd edilən qaydalar deyil 29 iyun 2012-ci il tarixli Şəhərsalma və Tikinti Məcəlləsi tətbiq olunacaq.

Həmin Məcəlləyə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanları) ərizə ilə müraciət edir.

Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 5 iş günü ərzində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir.

Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya 1 ay müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) iradların olmaması prezumpsiyasından çıxış edir.

Sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir.

Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 3 ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə