Fəqih Mən Ayətullah Xameneini tanıyan bir adam kimi deyirəm ki, o, ictihada çatmış bir alimdir. Otuz il bundan qabaq Məşhəddə Gövhərşad məscidində onunla görüşmüşəm. Onda o, Məşhədin hörmətli müəllimlərindən idi




Yüklə 429.17 Kb.
səhifə1/7
tarix21.04.2016
ölçüsü429.17 Kb.
  1   2   3   4   5   6   7
Bismillahir-rəhmanir-rəhim

BÖYÜK RƏHBƏR AYƏTULLAH XAMENEİNİN HƏYATINDAN ƏHVALATLAR


Toplayan Əli Şirazi
Fəqih

Mən Ayətullah Xameneini tanıyan bir adam kimi deyirəm ki, o, ictihada çatmış bir alimdir.

Otuz il bundan qabaq Məşhəddə Gövhərşad məscidində onunla görüşmüşəm. Onda o, Məşhədin hörmətli müəllimlərindən idi. Mən soruşdum ki, nə tədris edirsiniz? Dedi ki, Məkasib kitabını. Məkasib ən mühüm və çətin elmi kitablardandır. Məncə o, fəqih və müctəhiddir.

Ayətullah Fazil Lənkərani


İnqilabın böyük səmərəsi

Ayətullah Xamenei prezidentlik dövründə Birləşmiş Millətlər Təşkilatının iqamətgahında çox gözəl, mühüm və səmərəli çıxış etdi. Əgər inqilabdan ötrü çəkdiyimiz zəhmətlərin, məşəqqətlərin səmərəsi Böyük Rəhbərin təkcə bu çıxışı olsaydı, yenə dəyəri vardı.

Şah dövründə əgər bir alim haradasa etdiyi çıxışda İslamın bəzi həqiqətlərinə də toxunsaydı, biz hər yerdə ondan danışar və deyərdik: “İslam elə bir dindir ki, filan alim onun barəsində filan sözü deyib, yaxud yazıb”.

Bu gün İslam İnqilabının bərəkətindən, bir ruhani BMT-də, küfrün içində beləcə İslamı tanıtdırır. Bu, çox böyük səmərədir, biz bunu təbliğ etməliyik.

Ayətullah Məkarim Şirazi
Cavanlıqda ictihad

Böyük Rəhbərin qeyri-adi istedadı və bacarığı hələ uşaqlıq çağından dillər əzbəri idi. Həyatının ilk günlərindən, müxtəlif təhsil pillələrində onun bir sıra üstünlükləri vardı. Onun təsirlərini bu gün Rəhbərin qərarlarında və addımlarında görürük.

Həmin günlərdən onun təhsilə böyük marağı var idi. Belə ki, qısa bir zamanda müəllimlərinin yanında xüsusi mövqe qazandı, onların diqqətini çəkdi.

Onun Qum Elmi Hövzəsindəki ustadlarından biri Ayətullah Hairi Yəzdi idi. Onun Böyük Rəhbərə olan qayğı və məhəbbəti hamıya bəlli idi.

Bəzən Ayətullah Hairi özünün saatlarla vaxtını Böyük Rəhbərin suallarına cavab verməyə və onunla elmi söhbətə sərf edirdi. Bəzən ustadın ümumi dərsindən qabaq məhdud çevrədə başlayan elmi söhbətlər o qədər uzanırdı ki, dərsin vaxtından keçirdi. Ayətullah Hairi Yəzdi onun qeyri-adi istedadını dərsi gecikdirmək üçün üzürlü səbəb hesab edirdi.

Bütün bunlar Böyük Rəhbərin elmi və fikri cəhətdən üstünlüyünü ortaya qoyan amillərdir. O, iyirmi yaşından öncə elm və fəqihliyin yuxarı dərəcələrinə çatdı və cavanlığının əvvəlində ictihad məqamına yiyələndi.

Ayətullah Misbah Yəzdi

Elmi fəzilətlər

Ayətullah Xamenei böyük fəqih və alim dərəcəli müctəhiddir. O, fiqhi araşdırmalarda rolu olan elmləri mükəmməl surətdə bilir. O, ərəb dili və qrammatikası, Quran təfsiri, hədisşünaslıq və Üsul elmlərindən əlavə, fətva verməkdə böyük rolu olan rical və dirayə elmlərində də ustaddır. Fiqhi araşdırmalarda güclü əsasları var, müsəlman cəmiyyətlərinin ehtiyacı olan yeni məsələlərdə geniş məlumatlarla və dəqiq fikirlərlə çıxış edib, cəlbedici fətvalar verir.

Bu və digər elmi və əxlaqi xüsusiyyətlərinə görədir ki, möhtərəm fəqihlər və xibrəqan məclisinin üzvləri tərəfindən seçilmişdir.

Ayətullah Məhəmməd Yəzdi


Ədalətli müctəhid

Həzrət İmam Xomeyninin vəfatından sonra xibrəqan məclisi İslam İnqilabının rəhbərini seçərkən Ayətullah Xameneinin rəhbərliyi səsə qoyuldu. O zaman Ayətullah Xameneinin müctəhidliyi şəri dəlillər əsasında mənə məlum idi. Ondan sonra dəfələrlə Ayətullah Xameneinin də iştirak etdiyi fiqhi müzakirələrdə olmuşam. Mən həmin məclislərdə onun ictihad məqamını görmüşəm və indi şəhadət verirəm ki, o, təqlid şərtlərinə malik olan ədalətli müctəhiddir.

Ayətullah Məhəmməd Mömin
Kamil müctəhid

İnqilabın böyük rəhbəri kamil müctəhiddir. Mən bir şahid kimi deyə bilərəm ki, təxminən 1949 ya 1950-ci ildən onunla münasibətim var, dəsrlərdə iştirak etmişik, elmi mübahisələrdə olmuşuq.

Bu gün çoxları bizim aramızda ayətullah kimi tanınır, heç kim onların müctəhidliyində şəkk etmir. O zaman Ayətullah Xamenei onlardan üstün deyildisə də, zəif də deyildi. O, həm dərsləri yaxşı başa düşürdü və həm də yaxşı tədqiqat aparırdı. Bu yaxınlara qədər o, siyasi mübarizəylə yanaşı, dərsi, mütaliəni və elmi işləri də unutmurdu. Mənim fikrimcə, o, müctəhiddir və ictimai, iqtisadi, mədəni və diplomatik sahələrdə, eləcə də quruluşumuzun əsaslı məsələlərində dərin biliyə malikdir.

Ayətullah Haşimi Rəfsəncani


Elmi xüsusiyyətlər

Ayətullah Xamenei hər bir fəqih və müctəhidin ehtiyacı olduğu ictihad əsaslarına mükəmməl yiyələnməklə yanaşı, özünəməxsus elmi və fiqhi xüsusiyyətlərə malikdir. Mən onların bir-ikisinə toxunmaq istəyirəm.

Ayətulllah Xamenei rical elmində çox yaxşı məlumatlara malikdir. O, bu elmdə doğrudan da zəhmət çəkib və rical elminə əhəmiyyət verən müctəhidlərdəndir. Eləcə də o, bu elmin bəzi məsələlərini qəbul etmiş və iradları cavablandırmış, uyğun sahədə gözəçarpacaq üstünlük qazanmışdır. Bunun özü bir fəqihin daha elmli (ələm) olmasının göstəricilərindəndir.

Ayətullah Xameneinin digər bir xüsusiyyəti ayə və hədislərin başa düşülməsindəki düzgün anlam tərzidir. Fiqhi araşdırmalarda zahiri əxzetmə və sözlü dəlillərdən istifadə məsələsi çox böyük əhəmiyyət kəsb edir, hətta fəqihliyin əsasıdır. (Bəzi fəqihlərə, xüsusən də ərəb elmi hövzələrilə əlaqəsi az olan fəqihlərlə olunan iradlardan biri budur ki, onların bəzi zahiri əxzetmələri dəqiq və düzgün deyil). Mən bu müddətdə görmüşəm ki, o, ayə və hədislərin zahiri ifadəsini çox düzgün anlayır.

Onun digər bir xüsusiyyəti, zehninin məntiqli və dəqiq nizamıdır. Bu, adətən mürəkkəb elmi məsələlərin tərtibatında olduqca mühümdür.

Ayətullah Seyid Mahmud Haşimi Şahrudi


Beynəlxalq məsələlərə diqqət

Böyük Rəhbər özünün prezidentlik dövründən beynəlxalq məsələləri diqqətlə izləyirdi. O, ölkə xaricində baş verən, xüsusən də İrana və İslam dünyasına aid olan məsələlərə çox diqqətlə yanaşırdı, dünyada nə baş verdiyindən kamil surətdə məlumatlı idi. Çünki xarici məsələləri bilmək İran kimi böyük bir ölkəni, həmçinin İslam inqilabını idarə etməkdən ötrü çox böyük əhəmiyyət daşıyır. Dünyadan və xarici siyasətdən xəbərsizlik isə çoxlu ziyanlara səbəb ola bilər.

Allahın lütfü ilə Böyük Rəhbər özünün istedadına və işlərində ciddi olmasına görə beynəlxalq məsələləri diqqətlə izləyir və onları düzgün istiqamətləndirir. O, hadisələri ciddi nəzarət altında saxlayır və xarici siyasətin hərəkətinə çox böyük önəm verir. Xarici siyasətə təsir qoya biləcək ən kiçik hərəkət belə Böyük Rəhbərin diqqətindən yayınmır.

Doktor Əliəkbər Vilayəti


İndiyədək belə bir şəxsiyyət...

Birləşmiş Millətlər Təşkilatının 598 nömrəli qətnaməsindən sonra, onu qəbul etdirmək məqsədilə dünyanın qüdrətli ölkələri tərəfindən bizə çoxlu təziqlər göstərilirdi. O zaman BMT-nin baş katibi Havyer Peres de Kuelyar bəzi müzakirələr üçün İrana gəldi. Onun proqramlarından biri, ozamankı prezident Ayətullah Xamenei ilə görüşmək idi. Görüşdən sonra Havyer mənə dedi: "Sizin prezidentiniz hansı politologiya universitetinda təhsil alıb? Mən dünyanın bir neçə mötəbər universitetlərinin məzunuyam, politoloğiya doktoru statusunu almışam, otuz ildən artıqdır ki, siyasi işlərlə məşğulam və on ildir BMT-nin baş katibi vəzifəsində çalışıram. Bu vaxta qədər görüşmədiyim və danışmadığım prezidentlər və siyasi şəxsiyyətlər çox azdır, lakin eyni zamanda sizin prezidentiniz kimi siyasətçi və istedadlı şəxsiyyət görməmişəm".

Əli Məhəmməd Bəşarəti:
Elmi böyüklük

Böyük Rəhbərin prezidentlik dövründə o, həzrət Əli ibn Musa Rza (ə) konfransında çox geniş və kompleks bir çıxış etdi. Ayətullah Məkarim Şirazi də orada idi. Konfransdan sonra Ayətullah Məkarim müqəddəs Məşhəddən Quma gəldi və özünün xaric (ali ixtisas) dərsində sözügedən məclisin əhəmiyyəti haqqında danışaraq, buyurdu: "Bu konfransda çıxış edənlərdən biri də Ayətullah Xamenei idi. Onun çıxışı iki saat çəkdi. Onu dinləyənlər belə düşünürdülər ki, bütün işlərinə baxmayaraq, bu çıxışı hazırlamaq üçün o, sanki iki ay heç bir işlə məşğul olmamışdır".

Höccətül-İslam Əliəkbər Səmədi
Fəlsəfi məsələlər haqda dərin məlumat

Ayətullah Xamenei, prezidentlik dövrünün sonlarında (təqribən 1987-ci ildə) tələbələrin dərs vəziyyəti və maarif kitabları haqda çox nigaran idi. Ona görə də, yaxşı və münasib dərs vəsaitlərinin hazırlanması üçün Mədəni İnqilabın Ali Şurasının sədri olaraq, bu məsələ ilə məşğul olmaq üçün bir komissiya yaratdı. O, hər iki həftədə bir dəfə bu komissiya ilə iclas keçirirdi. O zaman işlərinin çox ağır olmasının baxmayaraq və başının əsasən, müharibə və müdafiə məsələləri ilə qarışmasına rəğmən, o, çox ciddi şəkildə həmin məclislərdə iştirak edirdi. O zaman o, elmi müzakirələr apararkən elə bil elmi və fikri işlərdən başqa heç bir işlə məşğul deyildi. Bir gün müzakirə zamanı söhbət bir fəlsəfi məsələyə yönəldi. İclasda bir neçə fəlsəfə mütəxəssisi var idi. Onların fəlsəfi baxışları biri-birilə fərqli idi. O mövzü barəsində çox ciddi müzakirə baş verdi. Böyük Rəhbər heç bir müqəddimə və mütaliəsiz müzakirəyə qoşuldu və çox mahir bir mütəxəssis kimi məsələni aydınlaşdırdı. Onun bu istedadı mənim təəccübümə səbəb oldu. Çünki bizə məlum idi ki, Məşhəd elmi hövzəsində İslam fəlsəfəsi ilə məşğul olmurlar. Amma həmin gün şahid olduq ki, Böyük Rəhbər nəinki belə məsələlərə diqqətlə yanaşır, hətta çox kamil surətdə fəlsəfi məsələlər haqda məlumatlıdır və onları çox dəqiq şəkildə anlayır. Bu hadisənin baş verdiyi zamana və onun tutduğu mövqeyə diqqət edərkən, bizim üçün çox böyük əhəmiyyət daşıdığının şahidi oluruq. Çünki ölkənin siyasi problemlərinin və müharibə məsələlərinin çox qızğın bir dövründə, təbii ki, Prezident qeyri-elmi və qeyri-fəlsəfi məsələlərlə məşğuldur. Lakin Böyük Rəhbər zərurət olduğu təqdirdə bir ciddi fəlsəfi məsələyə yanaşıb araşdırır və bu araşdırmanı çox gözəl şəkildə yerinə yetirir.

Doktor Qulaməli Həddad Adil
Qəzetlərin mütaliəsi

Böyük Rəhbər bütün məsələlərdən və bütün hadisələrdən xəbərdardır. Öz məsuliyyətinə müvafiq olaraq o, baş verən hadisələr haqda bəlkə də ən birinci məlumat əldə edən şəxslərdəndir. O, mətbuata və qəzetlərə diqqətlə yanaşır, onları diqqətlə nəzərdən keçirir. Onun üçün mətbuat və nəşrlərdən bir toplu hazırlanır və gündəlik bülleten şəklində təqdim olunur. Amma o, bunlarla kifayətlənmir, çıxan gündəlik qəzetlər vaxtı-vaxtında Böyük Rəhbərin stolu üstündə yerləşir və o, çox maraqla onları oxuyur. Xüsusən də məqalələrin başlıqlarını diqqətlə nəzərdən keçirir. Bu məsələ təkcə qəzetlərə aid deyil. O, jurnalları da eyni şəkildə mütaliə edir.

Ayətullah Xamenei çox işgüzar insandır. O, bir neçə dəfə mənə belə deyib: "İyirmi dörd saatlıq sutka mənə bəs etmir".

Höccətül-İslam Məhəmmədi Gülpayiqani



Roman oxumaq

Böyük Rəhbər öd kisəsini cərrahiyyə əməliyyatı elətdirmək üçün xəstəxanada yatırdı. Mən Höccətül-İslam Məhəmmədi Əli Zəm və digər bir neçə qələm əhli olan dostlarla onun görüşünə getdik. O görüşdə Ayətullah Xamenei bir neçə roman kitabının adını çəkdi. Onların hamısını xəstəxanda müalicə olunan vaxt oxumuşdu. O kitablar bizim üçün yeni idi. Biz utandığımızdan başımızı aşağı salmışdıq. Amma eyni zamanda Böyük Rəhbərin istedadına, diqqətinə və mütaliəyə olan həvəsinə afərin deyirdik. Mütaliəyə olan həvəsdən əlavə, vaxtdan səmərəli istifadə, özü də xəstəlik vaxtı xəstəxanada belə bir istifadə çox tərifəlayiqdir və bizim hamımız üçün dərsdir.

Rza Rəhqozər
Kitab mütaliəsi

Həzrət Ayətullah Xamenei kitab mütaliəsində çox müstəsna şəxslərdəndir. O, bazara çıxan, daxildə və yaxud da xaricdə çap olunan kitabları alır, mütaliə edir və araşdırır. Böyük Rəhbər Tehranın beynəlxalq kitab sərgisinə baxış keçirərkən tərcümə olunmuş xarici kitabları nəşr edən iranlı naşirlərin otaqlarına baxırdı. O, tərcümə olunmuş kitablar haqqında elə fikir bildirirdi və xarici müəlliflərin tərcümə olunmamış əsərlərini naşirlərdən soruşurdu ki, bütün naşirlər Böyük Rəhbərin bu dərin məlumatından, kitabşünaslıq sahəsindəki məlumatından vəcdə gəlmişdilər. Kitab aləminə belə bir baxış mənim üçün də çox gözəl və bəlkə də misilsiz idi.

Höccətül-İslam Seyid Cavad Haşimi
Birgə mütaliə

İslami Təbliğat Komitəsinin Ədəbiyyat bölməsinin təsis olunduğu zamandan bir-iki il keçməsinə baxmayaraq, müqəddəs müdafiə barəsində altmış üç kitab çap etdirmişdi. Bir gün mən bu altmış üç kitabı Böyük Rəhbərin yanına apardım. O, onlara bir-bir baxdıqdan sonra üçünü götürüb qalanını geri verdi və buyurdu: "Bu üç cild yenidir, mən onları görməmişəm. Amma digərlərini həm görmüşəm və həm oxumuşam. Təkcə özüm yox, onların bəzisini evdə uşaqlarla birgə oxumuşuq".

Ayətullah Xameneinin mütaliəyə diqqəti o qədər yüksəkdir ki, bəzən kitabların haşiyəsinə çox zərif və maraqlı nöqtələr qeyd edir, hərdən bu qeydləri bizə verir və biz öz bölməmizdə onlardan istifadə edirik.

Höccətül-İslam Məhəmməd Əli Zəm


Yeni sözlər

Müharibə zamanı bir gün Böyük Rəhbər İmam qarnizonuna – Şirazın Fəcr diviziyasının yerləşdiyi yerə gəldi. Ağanın söhbətindən sonra onunla birgə ordunun komandanlığının iqamətgahına getdik. Cəhrumun cümə imamı Cənab Ayətullahi də orada idi. Ayətullah Xamenei onun əhvalını soruşdu və sonra buyurdu: "Sizin Ayətullahi Larla qohumluğunuz varmı?" O dedi: “O, mənim babam olub”. Ağa buyurdu: "Cənab Ayətullahi Lar elmi hövzənin yüksək dərəcəli alimlərindən idi və çoxlu işlər görmüşdü. O, Rza xanın quldurluğu zamanı məşhur müctəhidlərdən idi və Rza xanın qarşısında bir hökümət yaratmışdı". Sonra O, Ayətullahi Ların həyatından maraqlı xatirələr danışmağa başladı və onu çox təriflədi. Cəhrumun cümə imamı o gün mənə dedi: “Ağanın buyurduğu bu sözlərin bəzisini biz bilmirdik”. Mənim üçün çox maraqlı idi ki, Böyük Rəhbər bu qədər diqqət və dərin məlumatı ilə böyüklərin həyatı və tarixi haqqında danışırdı, elə sözlər deyirdi ki, onun nəvələrindən olan Cənab Ayətullahi üçün də təzə idi.

General Cəfər Əsədi

İkinci fəsil: Layiqlik

Vilayətin şərtləri mərcəi-təqlid şərtlərindən olduqca artıq və ağırdır. Rəhbər fəqih olmaqdan əlavə müdiriyyətli, şücaətli, dünyanın və müsəlmanların vəziyyətindən məlumatlı və zamanı tanıyan olmalıdır. Böyük Rəhbər bütün bu şərtlərə malikdir.

Ayətullah Hüseyn Nuri Həmədani
Nümunə rəhbər

Böyük İran İslam Respublikasının əzəmətli rəhbəri həzrət Ayətullah Böyük Xamenei ağa rəhbər, hakim, vəfalı, bayraqdar, siyasətçi və Quran ayəsinin real nümunəsidir. Zamanın bu ideal rəhbərinin izzət və əzəmətinin günbəgün artmasını daim həqiqətlər həqiqətindən istəyirəm və ümidvaram ki, aləm və adəmin sahibi həmişə bu rəhbər və sərvərimi sağ və şad saxlayacaq.

Ayətullah Həsən Həsənzadə Amuli
Rəhbərin xüsusiyyətləri

Mən əgər onun barəsində, Allah–taalanın ona bəxş etdiyi xüsusiyyətlər və ona lütf etdiyi səciyyələr barəsində danışmaq istəsəm, lazimi surətdə danışa bilmərəm. Amma bir neçə qısa cümlə ilə demək istəyirəm ki, o, fəqihliyi təqva ilə, qeyri-adi istedad və zirəngliyi səbir və dözümlə, idarəçiliyi bəndəliklə, İslami əsaslara və prinsiplərə tabe olmaqla, daxilinin aydın və parlaq fikrini uzaqgörənliklə və İslamın strateji mənafelərini təyin etməklə, ehtiyatı şücaətlə, müxtəlif İslam elmlərindən faydalanmağı əsl məharət meyilləri ilə, özünə etimadı Allah–taalaya təvəkkül etməklə, səy, ciddilik, nizam-intizam və proqramlı hərəkəti İmam Mehdiyə (əc.) və digər pak imamlara təvəssül etməklə və bir sözlə, idarəçiliyin bütün şərtlərini və məziyyətlərini ibadət və ixlasla toplamışdır.

Ayətullah Misbah Yəzdi

ِ

Dini ekspertlərin seçimi

ِDini ekspertlər məclisi səfa və səmimiyyətli bir fəzada səs çoxluğu ilə və dəlil əsasında parlaq elmi, fiqhi, siyasi və inqilabi keçmişə malik olan bir şəxsi İslam İnqilabinın Rəhbəri vəzifəsinə seçdi. Bu məsələ İslam və İnqilabın qatı düşmənlərinin və bədxahlarının üzünə möhkəm bir sillə idi. Müctəhid, alim və dini ekspertlər məclisinin parlaq üzvlərindən bir qrupu, həzrət Əlinin (ə) rəhbər haqqında dediyi xüsusiyyətlərə əsasən, Ayətullah Xameneini ən münasib namizəd bildilər. Mən onda bu ləyaqəti görürəm. O, bu məqama layiqdir.

Ayətullah Cənnəti


Nurani sima

Ayətullah Xameneinin rəhbər seçilməsindən sonra bir gün onun görüşünə getdim. Böyük rəhbərin üzündə qeyri-adi nuranilik gördüm. Görüşdən sonra Höccətül-İslam Musəvi Kaşaniya dedim: “Əgər mümkünsə, icazə verin mən ağanı bir də görüm”. Cənab Musəvi bunun səbəbini soruşduqda belə cavab verdim: “Bu ağa mənim, Məşhədin Nəvvab mədrəsəsində birgə dərs oxuduğum ağa deyil. Mən onda, təsəvvürolunmaz dərəcədə böyük dəyişiklik hiss edirəm”.

Məncə Ayətullah Xamenei bu inqilaba və İranın müsəlman xalqına rəhbərlik etmək üçün Allah tərəfindən məmur olunmuşdur. Bu əzəmət həmin gün Böyük Rəhbərin simasında aydın görünürdü.

Ayətullah Məhəmmədi Gilani


Ağayə səs

Allah-taalanın İran xalqına lütf etdiyi işlərdən biri o idi ki, İmam Xomeyninin vəfatından dərhal sonra İslam ümmətinin rəhbəri məlum oldu. Allahın digər lütflərindən biri də bu idi ki, Ayətullah Xamenei kimi bir şəxs bu məqama seçildi. Mən ilk məclisdə cənab Müntəziriyə səs vermədim. Amma cənab Xameneinin seçilməsində arxayınlıqla və könül xoşluğu ilə ona səs verdim.

Ayətullah Əhmədi Miyanəci
Onu görməyə ehtiyacım var

Mən Qumda mərhum Ayətullah Damadın dərsinə gedirdim. Bu dərsdə iştirak edənlərin hamısı yaşca məndən böyük idilər. O illərdə Əzəmətli Rəhbər Məşhəddən Quma gəldi və həmin dərsdə iştirak etdi. O, yaşca məndən cavan idi. Mən orada Böyük Rəhbərlə tanış oldum və o mənə çox yaxşı təsir bağışladı. Sonra birgə Kərbəlayə səfər etdik, bizim dostluğumuz daha da dərinləşdi və sonra mübarizə dövründə bir-birimizə qardaş və dayaq olduq. Qırx ildən artıqdır ki, mən onunla səmimi dostam. İndi də əgər bir həftə Böyük Rəhbəri görməsəm, çatışmazlıq hiss edirəm. Hiss edirəm ki, mənim onu görməyə ehtiyacım var. Böyük Rəhbərdən yaşca böyük olmağıma baxmayaraq, mən həmişə ondan bəhrələnirəm.

Ayətullah Haşimi Rəfsəncani

Cənab Xamenei!

İmam Xomeyninin vəfatından sonra dini ekspertlər məclisinin üzvləri dərhal bir yerə toplaşıb gələcək rəhbəri müəyyən etdilər.

Öncə mərhum İmamın vəsiyyətnaməsi oxundu. İmam öz vəsiyyətində bu mühüm məqam üçün heç kimi təyin etməmişdi. Vəsiyyətnamə oxunduqdan sonra dini ekspertlər məclisi Rəhbər seçmək üçün müzakirəyə başladı. Müzakirə əsasən bundan ibarət idi ki, rəhbər bir nəfər olsun, yoxsa rəhbərlik şurası yaradılsın. Üzvlərin əksəriyyəti rəhbərlik şurasının tərəfdarı idilər və sonra şura üzvlərinin sayında - üç nəfər, beş nəfər, yaxud yeddi nəfər olmasında müzakirələr başlandı.

Dini ekspertlər məclisinin sədri Ayətullah Meşkini idi. Lakin iclasları çox vaxt onun müavini olan cənab Haşimi Rəfsəncani idarə edirdi. Rəhbərlik şurası haqqında müzakirələrdən sonra cənab Haşimi dedi: "Müzakirələr kifayətdir. İndi səsə qoyaq. Görək ölkənin bir rəhbəri olsun, yoxsa rəhbərlik şurası onu idarə etsin". Qeyd etdiyim kimi, müzakirələr artıq rəhbərlik şurası ətrafında, onun üzvlərinin sayı və kimliyi barəsində idi. Buna görə də, üzvlərin rəhbərlik şurasına səs vermələri gözlənilirdi. Lakin bütün bunlara rəğmən, vahid rəhbərliyin olması səs çoxluğu ilə qəbul olundu. Sonra kimin rəhbər olması məsələsi müzakirə olunmağa başladı. Bu məsələnin müzakirəsi ilə, məclisin sağ və solundan səslər ucaldı ki, bu məsələnin müzakirəyə ehtiyacı yoxdur, məlumdur ki, cənab Xamenei! Sonra məclisdə təkbir sədaları ucaldı...

Həmin gün dini ekspertlər məclisinin bütün üzvləri hiss etdilər ki, bu, Allahın işi idi. Sonra səsvermə başlandı və Böyük Rəhbər dini ekspertlər məclisinin üzvlərinin böyük səs çoxluğu ilə seçildi.

Ayətullah Məhəmmədəli Müvəhhidi Kermani


Xomeyninin qardaşı

İmam Xomeyni ilə mənim aram çox açıq idi. Mən problemləri heç bir müqəddiməsiz onunla müzakirə edirdim. Bir gün xüsusi olaraq onun yanına getdim və yenə də birbaşa rəhbərliyin namizədi və bəzi problemlər haqqında söhbət etdim. Həzrət İmam orada mənə buyurdu: "Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Cənab Xamenei sizin aranızdadır. Niyə özünüz bilmirsiniz?".

Bu söhbət həzrət İmamın ömrünün sonlarına aiddir. O günlər İmam Əzəmətli Rəhbər üçün qardaş sözünü işlədirdi. Qətiyyətlə deyə bilərəm ki, bu təbir əbəs deyildi. Biz o günlər bu təbirlərdən Ayətullah Xameneinin rəhbərlik məsələsini başa düşürdük. İmam Xomeyninin sözləri göstərirdi ki, o, Böyük Rəhbəri bu işə layiq bilir. Necə ki, Hacı Əhmədağaya da buyurmuşdu: "Doğrudan da o, rəhbərliyə layiqdir”.

Ayətullah Haşimi Rəfsəncani


İmamın yerində

İmamın vəfatından sonra rəhbər təyin edilməsi çox əsaslı və həlledici məsələlərdən idi. Bu məsələ Allah-taalanın xüsusi lütfu ilə çox gözəl şəkildə həyata keçdi. Dini ekspertlər məclisi çox diqqətlə şəraitin həssas olduğunu nəzərə alıb, düşmənlərə möhlət vermədi və çox tez bir zamanda bu barədə qərar qəbul etdi. Bu məclis Ayətullah Xameneiyə - İmamın mənəvi övladı və o Böyük Rəhbərin bütün təfəkkür tərzinə və düşüncələrinə kamil surətdə bələd olan bir şəxsə səs verdi, İslam və İnqilabın düşmənlərini məyus etdi.

İnsafla deməliyik ki, dini ekspertlər məclisi tərəfindən çox yerində və münasib bir qərar qəbul olundu. Böyük Rəhbər, İnqilabın rəhbərliyi kürsüsünə oturduğu zamandan bu günə qədər İmamın qoyduğu yolu çox böyük şücaət və rəşadətlə davam etdirir. Allahın fəzli ilə o, ağır rəhbərlik məsuliyyətinin öhdəsindən gəldi və İran millətinin qəlbini İmamın dövründəki kimi arxayın etdi.

Höccətül-İslam Məhəmmədtəqi Fəlsəfi


Mələklərin mesajı

Gözlənilmədən bir tərəfdən səs ucaldı ki, İmam rəhbərlik haqqında xüsusi bir şəxsə diqqət yetirib. Düzdü o, özünə canişin təyin etməyib, amma rəhbərliyin namizədi məsələsinə aid hadisələrdə, rəhbərliyin boşluğunda yaranan problemlər zamanı və məlum təəssüfedici hadisədə İmamla danışıldı. İmam belə buyurdu: "Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Cənab Xamenei rəhbərlik üçün yaxşıdır".

İmamın bu buyuruğuna əsasən, iki-üç ədalətli şahid şəhadət verirlər. Məsələ bitmişdir. Sanki İmam dini ekspertlər məclisindədir və deyir: "Nə oturmusunuz? Nə gözləyirsiniz? Cənab Xameneini seçin”. Amma ... yox ... bu mələklər idilər. Onlar İmamın mesajını mələkut aləmindən dini ekspertlərin qulağına çatdırırdılar...

Höccətül-İslam Məhəmmədcavad Höccəti Kermani


Günəş bir neçə dəqiqə bura saçdı və getdi

Böyük Rəhbərin Qum şəhərinə etdiyi səfərlərin birində, o, Ayətullah Bəhauddininin evinə gəldi və onunla görüşdü. Ertəsi gün mən bir neçə dostumla birgə o pak arifin yanına getdim və ondan soruşdum: “Dünən Əzəmətli Rəhbər bura gəlmişdi?” Həzrət Ayətullah Bəhauddini cavabda buyurdu: "Bəli, Günəş bir neçə dəqiqə bura saçdı və getdi. O, günəş kimi xeyir və bərəkətlər sahibidir".

Bu, o parlaq arif və abidin Əzəmətli Rəhbərə baxışı idi. O, bir məclisdə belə buyurmuşdu: "Cənab Xameneiyə kömək etmək lazımdır. Ona kömək edin. Bizim baxışmız və sözümüz budur".

Höccətül-İslam Hüseyn Heydəri Kaşani


Hikmət röyası

Həzrət İmamın vəfatından sonra dini ekspertlər məclisi Ayətullah Xameneini rəhbər seçdi. Bu məsələ mənim üçün çox ağır idi. O gecə yuxuda gördüm ki, Cəmarana oxşar bir yerdəyəm, bütün alimlər və ölkənin adlı-sanlı şəxsləri camaat namazına düzülüblər və İmamın gəlişini gözləyirlər. Həzrət İmam içəri daxil oldu və Böyük Rəhbərə çatdıqda əlini onun kürəyinə vurub buyurdu: "Siz dayanın və namaz qılın”. Sonra üzünü topluma çevirib dedi: “Bundan sonra mən və digərləri ona iqtida etməliyik".

Bu yuxu ilə mənə aydın oldu ki, dini ekspertlər məclisinin işi çox mühüm idi və ağa təsdiq olunur. Növbəti dəfə yuxuya getdim və eyni yuxunu yenə də gördüm. Ayıldıqda tövbə etdim və sevindim ki, bu məsələ mənim üçün aydınlaşdı. Üçüncü dəfə yatdım. Yenə də həmin yuxunu gördüm. Gözlərimi açdıqda gözlərimdən yaş axdı, yanaqlarım islandı, göz yaşımın yağış suyu ilə yuyuldu.

Höccətül-İslam Mirhüseyni


Layiq Rəhbər

Ayətullah Xameneinin prezidentlik dövründə o, Şimali Koreyaya səfər etdi. Bu səfər çox əhəmiyyətli səfər idi. Həzrət İmam bu səfərin təfərrüatını televiziyadan izləyirdi. Koreya xalqının prezidentmizi qarşılaması, onun çıxışları və Şimali Koreya böyükləri ilə söhbətləri Həzrət İmam üçün çox maraqlı idi. Belə ki, o, bu səfərin televiziya görüntülərini izləyərkən buyurdu: "Doğrudan da o, (Ayətullah Xamenei) rəhbərliyə layiqdir”.

Ümmət imamının bu sözü Allah-taalanın İlahi və qeybi ilhamlarından qaynaqlanırdı. Bu gün o doğrudan da ləyaqətli rəhbərdir.

Höccətül-İslam Hacı Seyid Əhməd Xomeyni

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə