Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı




Yüklə 1.52 Mb.
səhifə5/34
tarix22.02.2016
ölçüsü1.52 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   34
Əşhədu...

Sonra o, başını qaldırıb son dəfə doğma yerlərə baxdı, ona sarı tələsən hərbçiləri qabaqladı, bütün ağırlığı ilə xəncərin üstünə yıxıldı və son gücünü toplayaraq sevgilisini qucaqladı. Narçiçəyin nar çiçəyinə bənzər isti al qanı Ərturun üstünə axıb onun qanına qarışdı... O, İblisə qalib gəldi... Sübut etdi ki, iblislər Bu Dünyada mənən və ruhən güclü olanlarla bacarmırlar, bacara da bilməzlər...


Buraya yetişən kürən hərbçi xəncərin ucu kürəyindən çıxmış, sevgilisini qucaqlamış Narçiçəyə baxdıqda diksindi:
– Bu xalq deyilmiş kimi varmış. Qadınlarının gözəlliyi də, vəfalılığı da bir qaynaqdan su içib, – dedi.
Qanlı mənzərəyə yetişən erməni əsgəri isə əli boşa çıxdığından biədəb söyüş söyüb hikkəsindən avtomat darağını Narçiçəklə Ərturun bir-birinə qovuşmuş nəşinə boşaltdı. Kürən hərbçi onun üstünə qışqırdı:
– Bu vəhşilikdir, ölüdən intiqam almaq... goreşən xislətidir. Qoy sakitcə ölsünlər.
Erməni hərbçisinin qana susamış gözlərindəki vəhşi parıltı ilə üzündəki iblisanə təbəssüm birləşdi:
-Əksinə, mən humanistlik elədim, onların uzun-uzadı can verib əzab çəkməsini rəva bilmədim, – dedi və hırıldadı.
Başqa millətdən olan kürən hərbçi görünür, cinayətdə erməni dəst-xəttinin necə olmasını bilmirdi. Bilmirdi ki, hər millətin canilərinin öz öldürmək üsulu var. Ruslarda bu iş üçün balta dəbdir. Azərbaycanlılar bıçaqla işləyirlər. Hər ikisi öldürücü zərbə vurduqdan sonra qurbanlarını tərk edirlər. Erməni canilərində isə bu əksinədir. Onlar can verən, ölmüş qurbanlarına qarşı vəhşilikdən həzz alırlar.
Ərturla Narçiçək – iki sevgili vüsala belə çatdı. Onların qanları bu dünyada, ruhları o dünyada qovuşdu. Bu şərəfli ölüm artıq əsirə çevrilmiş qızların gözləri qarşısında bir neçə dəqiqə ərzində baş verdi. Onlardan qəşş edib özündən gedənlər də oldu. Aysu şok içində idi. Bu faciə ona qorxulu yuxu kimi gəlirdi.
Lakin bütün bunlar böyük dəhşətlərin başlanğıcı idi...
Hərəkətindən zabit olduğu bilinən saqqallı, pəzəvəng bir erməni hərbçisi ratsiya ilə kimləsə danışdıqdan sonra xeyli qızıl, cavahirat yığılmış keysi bağladı, avtomatlı cavan bir əsgəri çağırıb qənimətin keşiyini çəkməyi tapşırdı. Çalğıçıların stolunun üstündəki yaşıl süfrəni götürüb Ərturun öldürdüyü hərbçinin üstünü örtdü. Bütün bunları müşahidə edən Aysu belə bir nəticəyə gəldi ki, erməni hərbçilərindən saqqal buraxmış, çox gənc olmayanlar xüsusi imtiyaza malikdirlər. Onlar gənc əsgərlərə nisbətən özlərini çox sərbəst, daha kobud aparırdılar. Ermənicə bilməyən Aysu pəzəvəngin hündürdən dediyi “Qızıllar komandirlərin, qızlar bizim. İstədiyiniz qızı seçin, qalanlarını postlara paylayacağıq” sözlərini anlamadı. Baş vermiş hadisədən qorxub keyləşmiş saqqallılar yenidən qızların üstünə cumdular. Pəzəvəng gözaltı elədiyi Aysuya tərəf getdi. Acgözlüklə qızı süzdü, sonra öz dilində xırıltılı səslə dedi:
– Sirun axçi, are, – Aysunun yerindən tərpənmədiyini görüb pozuq azəri türkcəsi ilə təkrarladı: – Gözəl qız, bəri gəl, sən mənim olacaqsan.
Aysu erməni hərbçilərinin məqsədini başa düşdükdə, onu soyuq tər basdı. Deməli, orta əsrlərdəki qul bazarında olduğu kimi hərə istədiyi qızı seçəcək, öz qulu, kənizi kimi onunla necə istəyir, elə də davranacaqdır. Aysu bir anlığa indi ruhu Ərturla qovuşmuş Narçiçəyə qibtə etdi... Ürəyi tez-tez döyünməyə, beyni kompüter kimi işləməyə başladı. Neyləməli? Qayalıq deyildi ki, Kəlbəcər qızları kimi özünü uçuruma atsın. Əlində heç bir kəsici alət yox idi ki, damarını kəssin, özünə qəsd eləsin.
Pəzəvəng Aysunun yerindən tərpənmədiyini görüb, ona sarı bir neçə addım atdı, sonra biləyindən tutdu, özünə sarı çəkib:
– Gəl səni bir öpüm, görüm dadın necədir, – dedi, sallaq dodaqlarını qızın sifətinə yaxınlaşdırdı.
Sarımsaq, araq qarışıq üfunət qoxuyan nəfəsin onu yaladığını hiss edən Aysunun ödü ağzına gəldi. O, sivişib pəzəvəngin əlindən çıxdı. Ağzının suyu öz əlinə axan pəzəvəng donquldanıb qızı yenidən tutub qucaqladı. Aysu idman dərslərində öyrəndiyi, qızların özlərini müdafiə üçün olan fəndlərdən birini işlətdi, pəzəvəngə qurşaqdan aşağı bir təpik ilişdirdi, eyni vaxtda ona uzanmış əlini burub özündən kənarlaşdırdı. Gözlənilməz zərbədən ufuldayan pəzəvəng sağ əllə ona bir yumruq atdı. Aysu yumruğun qarşısını alsa da zərbə çox güclü olduğu üçün bir balaca sifətini tutdu. Sol əli ilə qızın paltarının yaxasını cıran pəzəvəng sağ əliylə qızın belindən tutub yenə özünə tərəf çəkdi. Aysu sanki bütün nifrətini tüpürcəyinə yığıb lomba ilə onun gözünün içinə tuşladı. Həm ağrımış, həm də pərt olmuş pəzəvəng kəmərindən asılmış bıçağı çıxartdı.
– Vur, alçaq, murdar, vəhşi heyvan! – deyə Aysu özünü bıçağın altına atdı.
– Yox!.. Öldürmərəm. Belə ölüm sənin üçün humanist bir şey olardı. Mən hər gün səni bir az dişimlə yeyib yavaş-yavaş öldürəcəyəm, – deyən pəzəvəng bu dəfə Aysunu möhkəm qucaqlayıb yuxarı qaldırdı. Onun güclü qolları arasından çıxa bilməyən Aysu elə qışqırdı ki, pəzəvəng özünü itirdi. Qız bundan istifadə edib sağ qolunu azad elədi və onun üzünü möhkəm cırmaqladı. Bu dəfə həqiqətən əsəbiləşmiş pəzəvəng bıçaq tutmuş yekə yumruğunu yuxarı qaldırdı.
– Otstavit! – deyə rusca arxadan amiranə bir səs eşidildi. – Slışite, otstavit!..
Pəzəvəngin qollarının boşalmasından istifadə edən Aysu yerə hoppandı, qeyri-ixtiyari olaraq, “xilaskarına” sarı yüyürdü, ona sığındı. Kürən hərbçi ona minnətdarlıq ifadə edən qapqara gözlərə baxdıqda soyuq gözlərinin sanki donu açıldı, acgözlüklə qızın baxışlarını içməyə başladı. O, ömründə belə baxış, belə gözlər görməmişdi.
Aysu imdad diləyən baxışlarını insanpərvər hesab edərək sığındığı bu adamın haram nəzərindən çəkib yerə baxdı. Kürən hərbçi onun hərəkətlərini izləyən ermənilərə, “O mənimdir, işiniz olmasın”, – dedi, taqətsizlikdən dizləri əsən, bərk qorxub həyəcanlanmış Aysunun qolundan tutub yaxındakı oturacaqda əyləşdirdi. Sonra o, çoxlu cibləri olan uniformasının yan cibindən metal bankada “Kola” çıxardı, qapağını açıb ona uzatdı, nəzakətlə “buyurun”– dedi... Bir neçə qurtum içən Aysu özünə gəldi, bir az sakitləşdi. Qızın bayaq avazıyıb saralmış yanaqlarının rəngi azacıq da olsa üstünə gəldi. Ona dərin heyranlıqla baxan kürən hərbçi toxtaqlıq verib dedi:
– Qorxmayın, daha onlar sizə heç nə edə bilməzlər. Artıq mənim himayəmdəsiniz, sizi onlara vermərəm.
Aysu kim və nəçiliyini bilmədiyi, rus millətinə mənsub olan bu insana necə təşəkkür etməyə söz tapmadı. O, bu sözlərdən sonra baxışlarını qaldırıb xilaskarına yenə elə minnətdarlıqla baxdı ki, kürən hərbçinin yaşımtıl gözləri yaşardı. Amma bilinmirdi, bu, tutduğu əməlin fərəhindənmi, yoxsa sirayətedici füsunkar baxışlara dözə bilmədiyindənmi belə oldu? Bir həqiqət aydın idi ki, bu hərbi mundirli insan ömründə belə gözəlliklə qarşılaşmamışdı... Bayaq ağ gəlin paltarında Narçiçəyin gözəlliyindən, qəhrəmanlıqla ölməyindən təsirlənmiş bu rus zabiti anlayırdı ki, çəhrayı paltarda yenicə açmış qızılgülü xatırladan bu ilahə də “uf” demədən öz həyatı ilə vidalaşa bilər... Əgər ona təcavüz edilsə və onun intihar etmək imkanı olsa... Kürən hərbçi Kəlbəcər kəndləri tutulanda qızların özlərini qayadan atıb necə parça-parça olduqlarını görmüşdü.
Pəzəvənglə rusca təmiz danışmasından onun şəhərli olduğunu anlayan kürən zabit soruşdu:
– Bakıdan nə zaman çıxıbsınız?
– Bu gün.
– Toya qonaqmı gəlmişdiniz?
– Qonaq niyə? Əmim oğlunun toyu idi.
– Peşəniz nədir?
– Jurnalist.
– Aha, bu çox gözəl oldu, – deyən kürən zabitin sifətindən qənimət tapmış kimi qəribə bir ifadə keçdi.
Şərq tərəfdən, kəndin kənarından gələn atəş səsləri artıq səngimişdi. Erməni hərbçiləri kəndin müdafiəçilərini sıxışdırıb mövqelərindən çıxarmış, Günəşlini tutmuşdular.
Bu zaman başqa bir BTR də gəldi, onun içərisindən ortayaşlı, qısa saqqallı, çevik hərəkətli bir hərbçi çıxdı. Qızları təhqir edib alçaldan hərbçilərin özlərini yığışdırmalarından, oturanların ayağa qalxmasından Aysu anladı ki, gələn yüksək rütbəli zabitdir. Onların çoxu hərbi geyimlərinin üstündən xüsusi zirehli jilet geydikləri üçün çiyinlərindəki fərqlənmə nişanları görünmürdü. Buna görə də Aysu onların rütbəsini təyin edə bilmirdi.
Yüksək rütbəli zabit kürən hərbçiyə yaxınlaşdı, əl verib görüşərək dedi:
– Ha, qospodin podpolkovnik, kəndi də, Hadrutu atəş altda saxlayan yüksəkliyi də aldıq. İstəsək lap Araza qədər gedə bilərik.
– Təbrik edirəm, qospodin polkovnik. Məncə hücumu dayandırmaq, mövqeləri möhkəmləndirmək, bir neçə istiqamətə kəşfiyyatçı göndərmək gərəkdir. Onların gətirəcəkləri xəbəri Moskvadan gələn kəşfiyyat məlumatları ilə tutuşdurub, yeni hücum əməliyyatı planını işləmək lazımdır, – dedi.
Aysu gözaltı xilaskarına baxdı, onun üzünün bayaqkı mehriban ifadəsi dəyişmişdi, erməni hərbçilərinin sifətindən fərqlənmirdi.
– Moskvadan yox, Yerevandan. Bakıdan da, Moskvadan da göndərilən bütün məlumatlar Yerevana gəlir, – deyə polkovnik təkəbbürlə ona irad tutdu.
Kürən zabit polkovnikin iradını uddu. Aysunun imkanı olsaydı deyərdi: kül sizin başınıza, Moskvanın dəstəyi olmasa heç nə edə bilməzsiniz. Çaqqal yatıb qaya kölgəsində, elə bilir ki, öz kölgəsidir.
Polkovnik erməni hərbçilərindən bir neçəsini yanına çağırdı, xüsusi keşikçinin əldə silah qarovulunu çəkdiyi keysi gətirib açmağı əmr etdi. Ağzınacan dolu keysdə qızıl, brilyant və digər qiymətli daşlardan düzəldilmiş zinət əşyalarını görüb razılıqla gülümsədi:
– Aha, kəndin bütün qızılları burdadır! Mən sizə deyirdim axı, bu türklərin qadınları nə zinətləri var taxıb, toya gələcəklər. Əgər mən hücumun vaxtını dəyişib toy gününə salmasaydım, bu qızılları qazana bilməyəcəkdik, – deyən polkovnik keysi öz əli ilə bağlayıb yanına qoydu. Və qısa təlimat verdi: – Kəndin məhlələrini bizimkilər arasında bölün. Qoy qiymətli şeyləri götürsünlər. Yalnız bundan sonra ətraf kəndin camaatını talana buraxarsınız. Ölənlərin dəfnini qənimətlər hesabına edəcəyik.
– Bəs bunları nə edək? – deyə erməni zabitlərindən biri əli ilə iki dəstəyə bölünmüş kənd qadınlarını göstərdi.
– Seçmələrini maşına yığıb mərkəzə aparın. O birilərini qıra da bilərik. Amma buraxın rədd olsunlar, qoy görsünlər ki, biz necə humanist adamlarıq.
Aysunun “xilaskarı” polkovnikə yaxınlaşdı, əli ilə onu göstərib nəsə dedi. Polkovnik gülərək əlini kürən zabitin çiyninə vurub rusca cavab verdi:
– Pojaluysta, qruppovoy seks üçün istəyirsənsə bir-ikisini də yanına qat. Sən mənim köhnə dostumsan.
Bütün bunları eşidən Aysunun başına elə bil qaynar su tökdülər. O, “xilaskarının” kimliyini bildi...
Sonra, adətən, əsgərləri daşıyan üstü çadırlı bir yük maşını gəldi. Əsgərlər qızları itələyə-itələyə maşına mindirdilər. Qızlarının aparıldığını görən analar, xalalar saçlarını yolub şivən qopardılar. “Ana!..”, “Qızım!..” deyərək bir-birinə sarı yüyürənləri əsgərlər avtomat qundaqları ilə geriyə qaytarırdılar...
Bütün bunları görən Aysunun gözləri axdı, üzü üstə yerə yıxıldı...

Naməlum sonluğun başlanğıcı



Aysu gözünü açanda başının üstündə kürən zabiti gördü. Yaxınlıqda BTR və UAZ markalı maşından başqa heç nə yox idi. Bayaqkı qələbəlikdən, hay-küydən əsər-əlamət qalmamışdı. Qızları aparmış, Qozludərə bağları ilə qonşu kəndə tərəf qaçan qadınlara məhəl qoymamışdılar... Çox qəribə, öldürücü bir sakitlik vardı. Aysu ömründə duymadığı dəhşətli bir yalqızlıq, tənhalıq hiss etdi. O, öz doğma torpağında, ata yurdunda olsa da, sanki yad bir elə, başqa bir planetdə əcaib, barbar məxluqların içərisinə düşmüşdü.
“Yox, mən sizə asanlıqla can verməyəcəyəm”, – deyə düşünən Aysu Allaha yalvardı ki, sonadək mərdliklə dayanmaq üçün ona güc və səbir versin.
Kürən zabit isə öz dilində sevincək: “Allaha şükür, gedə bilərik”, – deyib ayağa durmaq üçün əlini qıza uzatdı. Aysu onun yardımından imtina edərək özü qalxdı və heç nə soruşmadı. Təxmin edirdi ki, onu Hadruta aparacaqlar.
– Mənim adım İvan, familim Bulqanindir. Buyurun, – deyə o, UAZ-ın qapısını açdı, özü sükan arxasına keçdi. Maşın tərpənib yola çıxdı. Arxalarınca gələrək onları müşayiət edən BTR-i gördükdə Aysu məyus oldu... Qozludərə bağlarından keçərkən qapını açıb, özünü maşından ataraq, qaçmaq fikrinin sadəlövhlük olduğunu anladı. Ancaq maşında erməni hərbçilərinin olmaması onu bir az sakitləşdirdi. İvan nəvazişlə qıza baxıb soruşdu:
– Bəs, sizin adınız nədir?
– Aysu.
– Bunun mənası necədir? Bilirəm, su “voda” deməkdir. Bəs “ay” nədir? Bu sözü də bilirəm, amma qarışıq salıram.
– Ay “luna” deməkdir.
Qızla danışa bilməsindən sevinən İvan ağızdolusu onun adını təkrarlamaq istədi:
– Aha, yadıma düşdü... Aysu... Ayısu.
– ”Ayısu” yox, Aysu. Ayı rusca “medved” deməkdir.
– Ax, ayı, rus ayısı. Mən rus ayısıyam, sənsə Ay suyusan. Axı Ayda su yoxdur.
Aysu istədi izah etsin ki, azəri türklərinin ay işığında əkdiyi ağac bərəkət, aylı gecədə bulaqdan gətirilən su şəfa verər. Və onun adı da bununla bağlıdır. Həm də istərdi onun sözünü təsdiqləsin ki, düz deyirsən, sən bu yerlərin ayısı olubsan. Aslanlar olmayanda ayılar, böyür-başındasa çaqqallar meydan sulayır... Amma susmağı üstün tutdu.
Onlar çayı keçmək üçün ağacların, böyürtkən kollarının sıxlaşdığı dərəyə endikdə, qəribə mənzərə ilə rastlaşdılar: ermənilərin bir BTR-i yolun kənarında böyrü üstə aşıb tüstülənirdi. Torpaqda laxtalanmış qan gölməçələri vardı. İki zirehli maşınla köməyə gəlmiş erməni əsgərləri tüstülənən BTR-i çəkib çıxarmaq üçün əlləşirdilər. Yolun qırağında bir neçə hərbi geyimli meyit uzadılmışdı.
İvan əyləci basıb başını kabinədən çıxardı:
– Burada nə baş vermişdir?
Bir erməni zabiti UAZ-a yaxınlaşdı, yarım saat öncə baş vermiş hadisəni rusca İvana danışdı:
– Azərbaycanlılar burada pusqu qurublarmış. Onlar hiylə işlədərək, polkovnikin BTR-ni, ardınca əsgərlər olan maşını sağ-salamat buraxıb hamını arxayın salmışlar. Beş dəqiqəlik intervalla qızları aparan maşın, arxasınca ikinci BTR gedirmiş. Maşın yavaş sürətlə çayın üstündəki körpüdən keçib, dərədən çıxan zaman bir nəfər hərbi geyimli, əli avtomatlı yola çıxır, işarə ilə maşını saxlamağı tələb edir. Onu erməni əsgəri hesab edən sürücü əyləci basır. Maşının dayanmağı ilə həmin əsgərin avtomatdan kabinəyə atəş açmağı bir olur. Kabinədəki sürücü də, onun yanındakı zabit də yerindəcə ölürlər. Maşının üstəki əsgərlərdən birinin açdığı atəş həmin Azərbaycan əsgərini yerə yıxır, o birisi isə cəld aşağı enir ki, maşını sürüb aradan çıxartsın. Lakin artıq gec olub. Kolluqda pusquda dayananlar qranatamyotla arxadan gələn BTR-i vurub aşırmışdılar. Aşağı enib kabinəyə cuman əsgəri də yerə səriblər. Yuxarıda maşının kuzasında olan bizim əsgərin üstünə cuman qızlar onu daha atəş açmağa qoymayıblar, avtomatını əlindən alıblar. Bizim əsgər güclə özünü maşından yerə ata bilib. Yoxsa onu girov götürəcəklərmiş. Maşını ələ keçirən azərbaycanlılar onu bağın içindəki bu yolla aparıblar, – deyə erməni zabiti əli ilə ortasını ot basmış yolda maşın təkərlərinin açdığı qoşa cığırı göstərdi.
– Ölən və yaralananların sayı nə qədərdir?
Bizdən beş nəfər ölən, üç yaralanan var. Onlardan isə bir nəfər ölüb. Bu “Qızlar əməliyyatı” bizə baha başa gəldi. Axırı da boşa çıxdı. Azərbaycanlılarda adət bir az başqa cürdür: qadınlarını özlərinin namusu sayırlar, namusları uğrunda ölümə gedirlər, bax bu əsgər kimi, – deyə sözünə yekun vuran zabit kənarda ayrıca uzadılmış meyiti göstərdi.
Ona diqqətlə qulaq asan İvan “namus” sözünün rusca nə demək olduğunu soruşdu. Zabit çiyinlərini çəkdi:
– Rusca tərcüməsini bilmirəm. Qadını yad gözdən, yad əldən qorumaq kimi başa düşmək olar. Bu söz bizim dilə də türklərdən keçib.
Bayaqdan bəri bu söhbətin hər kəlməsini yaddaşına yazan Aysunun sevincdən gözləri yaşardı, ürəyində dua etməyə başladı: “Ey böyük Allah, ey Ulu Tanrı! Sənin mərhəmətinə şükür edirəm. Qızları ölümdən qat-qat dəhşətli olan rüsvayçılıqdan qorumaq üçün özünü qurban vermiş əsgərin ruhunu cənnətlik elə!”.
Maşın yerindən tərpəndikdə o, yarıyumulu gözlərini açdı, UAZ-ın Hadrut tərəfə yön aldığını gördükdə, bədəninə üşütmə çökdü. “Qarşıda onu nələr gözləyirdi? Namusunu qoruya biləcəkdimi? Əgər namusuna toxunulsa... İndi bu namus tək bir ərin namusu deyildi, Vətənin namusuydu... Ata-anası indi haradadır?” – deyə fikirləşən Aysu bayaqdan bəri yığılaraq boğazında tıxaclanıb qalmış hıçqırtısını saxlaya bilmədi. Ümidsizliyə qapılan biçarə qız acı-acı ağlamağa başladı. “Əgər mən də qızların arasında olsaydım, qurtulmuşdum”, deyə hönkürərək onu dəstədən ayırmış İvana için-için qarğış tökdü. İvan maşını kənara çəkib saxladı, qıza su verdi. Bir neçə qurtum sərin sudan içən Aysu sakitləşdi, özünü ələ alıb, İvana yalvarmağa başladı:
– Əgər anan-bacın, qızın varsa, and verirəm onların xatirinə, məni burax, gedim. Qohumlarım nə qədər istəsən, tapıb sənə pul verərlər.
Gözlərinə soyuq, laqeyd bir ifadə çökmüş İvan üzünü bozardıb qəti şəkildə bildirdi:
– Bu indi mümkünsüzdür və təkcə məndən asılı deyil.
Aysu ümidsizcəsinə başını söykənəcəyə dirəyib gözlərini yumdu. Maşın yenidən enli yola çıxdı. Təhlükəli sayılan yerlərdən keçib qəsəbəyə yaxınlaşanda BTR aralandı. UAZ baş küçə ilə irəliləməyə başladı, qəsəbənin ortasındakı qocaman çinarın yanından ötüb sağa buruldu, yoxuşu çıxdı.
Bu yerlər Aysuya tanış idi. O, bir neçə dəfə Hadrutda olmuşdu. Axırıncı dəfə səkkiz il öncə atası ilə buraya gəzməyə gəlmişdilər. Onlar bu dikdirlə qalxmış, atasının dostu – raykomun təbliğat şöbəsində işləyən Mədət müəllimlə görüşmüşdülər. Azəri türkcəsincə səlis danışan Mədət İkinci Dünya Savaşından sonra ətraf kəndlərdəki türk məktəblərində müəllimlik etmiş, rus dilindən dərs demişdi.
Mədət müəllim onları qəsəbənin kənarında təmiz ab-havalı, gözəl seyrangahlı bir yerdə tikilmiş kafeyə aparmışdı. Onlara xoş niyyətlə baxmayan bəzi ermənilərin gözündən uzaq bir guşədə – ağacların altında stol açdıran Mədət müəllimin yüz qram tut arağından sonra dili açılmışdı. O, köhnə tanışları bir-bir soruşub, demişdi: “Oğlum diş həkimliyini qurtarıb gəlmişdi. Bizim paxıllar bu boyda rayonda ona iş vermədilər. Yenə sağ olsun köhnə dostlar. Sizin rayonun Minbaşılı kəndində ona məntəqə açdılar”.
Sonra o, səsini alçaldıb pıçıltı ilə söyləmişdi: “Bu köpək uşağı yerevanlılar buraya gəlib, aranı yaman qızışdırırlar. Onlarla bizimki heç tutmur. Nə xasiyyətimiz, nə də dilimiz uyğun gəlir”. Atası isə gülərək yarızarafat, yarıciddi demişdi: “Ona görə ki, siz əldəqayırma ermənisiniz. Sizin kökünüz erməni olmayıbdır. Xristian Alban dövlətində türklərlə yanaşı digər Qafqaz tayfaları da olublar. Ərəblər gələndə türklərin əksəriyyəti islamı qəbul etdilər. Yüksək, çətin keçilən dağlı-meşəli yerlərdə məskunlaşanlara əl çatmadı. Vaxtilə bizim əcdadlarımızın da ibadət elədiyi xristian Alban məbədləri sonralar erməni kilsəsinin təsiri altına düşdü. Rusiya Qafqazı tutduqdan sonra Alban kilsəsi ləğv olunub ermənilərin ixtiyarına verildi. Ermənilər başladılar Alban kilsələrinin xaçlarını dəyişdirib özlərininki ilə əvəz etməyə. Doğum, ölüm, nikah, təhsil qeydiyyatlarını aparan kilsə sizin əcdadlarınızın familinin sonuna “yan” əlavə etdi və hamınız oldunuz erməni”.
O zaman 10-cu sinifdə oxuyan Aysuya bu söhbət tam aydın olmamışdı. Mədət müəllimdən ayrıldıqdan sonra geriyə dönərkən atası ona izah etmişdi ki, Qarabağda indi “erməni” adlananları iki yerə bölmək olar: özlərini “hay” deyə əsl adlarıyla çağıran ermənilər və sonradan erməniləşmişlər. Hayların çoxu Rusiya Qafqazı işğal etdikdən sonra XIX yüzilliyin əvvəllərində İrandan, Türkiyədən Azərbaycana köçürülənlərdir. Sonradan zorla qriqoryan məzhəbi qəbul etdirilmiş yerli xristian sakinlər isə, bayaq dediyim kimi, Alban kilsəsinə itaət etmiş bizimkilərdi, yavaş-yavaş erməniləşdirildilər.
Qızının sual dolu baxışlarını sezən Elbəyi bir neçə cümlə ilə hələ eramızdan bir neçə yüz il əvvəl Azərbaycanın şimalında qurulmuş, on üç– on dörd əsr yaşamış güclü Alban dövləti haqqında məlumat da vermişdi: onun sərhədləri şimalda Dəmirqapı Dərbənddən tutmuş cənubda Araz çayınadək uzanırdı.Sonra atası “alban” sözünün kökündən danışmışdı.
Bir gün məktəbdən qayıdan Aysu tarix dərsində Alban tarixi ilə bağlı mübahisələri zəminində atasından onun üçün qaranlıq qalmış bir məsələ haqqında soruşmuşdu:
– Alban dili, alban əlifbası niyə indiyədək öyrənilməyib ?
– Qızım, mən də sənə bir sual vermək istəyirəm: niyə bizim böyük Turan tarixinə, türk mənşəyimizə məxsus olduğumuzu yaza, danışa bilməmişik? Cavabını deyim: əvvələn, ona görə ki, tarixi saxtalaşdırmaqda səriştəli olan ermənilər, sonralarsa ruslar qəsdən bunu aşkarlamağa imkan verməyiblər. Bizə dolayısıyla belə qadağa qoyublar: mənşəyimizi hara istəyirik, yoza bilərik, lap afrikalılar olsun, fərqi yoxdur... Təki özümüzə türk deməyək... Adını çəkməsək də, türklük hər yerdə, hətta qonşularımızın da məişətində mövcud olmuşdur. Uzağa getməyək, Mədət müəllimdən soruşaq, görək, öz adının mənasını bilirmi? Bilməyəcək. Ona görə ki, valideynləri bu adı elə-belə, kor-koranə qoymayıblar ona. Mədət ərəb dilindən gəlmə, türkləşmiş sözdür: kömək, yardım mənasında işlənir. Görünür, azəri türklərinə minnətdarlıq mənasında bu adı qoyublar. Mədət müəllim də bu ənənəni azərbaycanlılara münasib istiqanlıqla yaşadır. Alban dili ilə bağlı isə, inşallah, axtarışlarımı çap etdirəndən sonra oxuyub, görərsən. Hələlik onu deyə bilərəm ki, alban tayfalarının çoxu türkdilli olmuşdur. Moiseyin Eçmiədzində gizlədilən “Aqvan tarixi”nin əlyazması ələ keçsə, orada alban həqiqətləri axıracan açılar. Bununla sizin nəsil məşğul olmalıdır. Birinci də ondan başlamalısınız ki, alban kilsələri qriqoryanların inhisarından alınsın, tarix səhifələrində öz adı ilə səslənsin. Bu işə beynəlxalq təşkilatları da cəlb etmək lazım gələcək.
UAZ-ın cır səsli siqnalı Aysunu xəyaldan ayırdı. “Qaçıb qurtarmaq haqda fikirləşmək əvəzinə mən də tarixi– Nadir kitabı açmışam”, – deyə fikirləşən Aysu özünü danladı. Maşın ikimərtəbəli şəxsi bir evin qapısına yaxınlaşan kimi darvaza açıldı, onun arxasında dayanmış iri sifətli gənc əsgər hərbi təzim etdi.
– Salam, Saşa, – deyə İvan sağ əlini qaldırıb onun salamını aldı, maşını çardağın altında saxladı, aşağı düşüb Aysu oturan tərəfin qapısını açdı.
– Buyurun, xanum, – deyə onun aşağı enməsinə kömək üçün əlini uzatdı. Aysu özü aşağı düşdü. Əli havada qalmış İvan pərtliyini büruzə vermədi.
– Xoş gəlibsiniz. Bura bizim villadır. Bu xanumsa bizim təsərrüfatı idarə edən Aksana Aleksandrovadır, – deyə İvan içəridən çıxan dolubədənli, ortayaşlı rus qadınını təqdim etdi. – Bu gözəl qızsa Aysu xanumdur, bizimlə yaşayacaqdır. Xahiş edirəm, onu ailəyə qəbul edəsiniz.
Aysu yaşı əllini haqlamış bu qadına imdad dolu nəzərlərlə baxdı. Pis adama oxşamayan Aksana əlini ona uzadıb azəri türkcəsincə “Xoş gəlib, səfa gətiribsiniz” – deyə salamlaşdı, sonra onları içəri dəvət edib, ikinci mərtəbəyə qaldırdı. Palıddan zövqlə düzəldilmiş qapını cibindən çıxardığı topa açarların ikisi ilə açıb, onları geniş aynabəndə buraxdı.
Aysu gözünün ucu ilə aynabəndə nəzər saldı. Ortada kürsüləri ilə bərabər böyük yemək stolu qoyulmuş, küncdə divar boyu yumşaq mebel düzülmüşdü. Yuxarı başda isə köhnə dəbli bir servant və ağzıbağlı dolablar vardı. Divarlara asma kitab rəfləri vurulmuşdu.
Bu aynabənd ona Qozluçaydakı qohumlarının evlərini xatırlatdı. Orada da aynabənd əsas oturaq yeri idi. O, sonradan biləcəkdi ki, bu ev yaxın kəndlərdən olan, Hadrut rayon ticarət idarəsində işləmiş Həmdalı adlı bir nəfərin imiş. Əsas işi Bakı anbarlarından bölgüyə əsasən bu rayon üçün ayrılmış malları gətirmək olan Həmdalının bacarığına görə qəsəbədə böyük hörməti varımış. Xüsusilə, yerli ermənilər onun xətrini çox istəyirmişlər, ona burada torpaq ayırmış, ev tikməsinə kömək etmişdilər. Ara qarışanda daşnaklar onu qəsəbədən qovmuşdular.
Çox yorulduq, – deyə İvan divana sarı yönəldi, özünü çul kimi onun üstünə yıxdı. Aysunun ayaq üstə dayandığını gördükdə təəccüblə soruşdu:
– Niyə oturmursunuz, xanum?
– Mən hüquqsuz bir əsirəm, özbaşına heç nə edə bilmərəm, – deyə Aysu tam ciddiliklə cavab verdi.
Bu sözlərdən təsirlənən İvan ayağa qalxdı, ədəb-ərkanla “buyurun!” deyib ona yanında yer göstərdi, dalınca da əlavə etdi:
-Siz özünüzü bu evin tam hüquqlu xanumu kimi hiss edin.
Sifətindən acı bir təbəssüm keçən Aysu divanı yox, kreslonu seçib oturdu.
– Yeməkdən başlayacaqsınız, yoxsa içməkdən? – deyə Aksana üzünü İvana tutdu.
İvan eyni sualla Aysuya müraciət etdi. Susaraq çiyinlərini çəkən qızın donuq baxışlarında biganəlik ifadəsini görən İvan Aksananı mətbəxə göndərərək “hamısını birdən gətir”, – dedi, ürəyində isə Aysuya acıyaraq düşündü:
1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə