Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı




Yüklə 1.52 Mb.
səhifə4/34
tarix22.02.2016
ölçüsü1.52 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   34

...Və birdən yer-göy elə guruldadı ki, qara zurnanın, nağaranın səsini eşidilməz etdi... Ağacdakı quşlar perikərək üzüaşağı uçdular... İtlər zingildəyərək gizlənməyə yer axtardılar... Çəmənlikdə sakitcə otlayan çidarlanmış atlar kişnəyərək şahə qalxdılar. Körpə uşaqlar qorxularından analarının qoynuna sığındılar... Mağaradakıların sifətlərindəki xoşbəxtliyi təlaş, həyəcan əvəz elədi... Qulağı ağır eşidən Durna nənə də diksindi... Sanki dağ-daş yerindən qopurdu, dünya indicə dağılacaqdı... Pompeyin son günü idi...

İblisin toy qurğusu



Pompeyin son gününün hökmünü yerlər, göylər vermişdi...
Dəyirmanlıda isə bütün canlıları vəlvələyə salan nə vulkan idi, nə göy gurultusu, nə də zəlzələ...
Bir neçə an ərzində insanların üzündəki sevinc və gülüşü silənlər insan cildinə girib od yağdıran kabuslar idilər...
Ermənilər Hadrut tərəfdən kəndi tanklardan, BTR-lərdən top və pulemyot atəşinə tutmağa başlamışdılar. Toya çaxnaşma düşdü. Azərbaycan əsgərləri kəndin yuxarısındakı mövqelərində yerləşdirilmiş üç BTR-dən cavab atəşi açdılar.
Kəndin başbiləni sayılan kolxoz sədri Qasım kişi ortalığa çıxıb qışqırdı:
– Ə, qorxmayın, çalın. Həmişəki təki bir az atıb duracaqlar. Odur ey, bizimkilər atalarını yandırırlar, – deyib nə baş verdiyini anlamayan Durna nənənin qolundan tutaraq oynamağa başladı. Yenidən havalanan qara zurnanın səsi güllə səslərinə qarışaraq qəribə bir ahəng yaradırdı: bilmək olmurdu, bu atəşfəşanlıqdı, döyüş cəngi çalınırdı, yoxsa qu quşunun ölümdən qabaqkı nəğməsi səslənirdi...
Atəş səsləri getdikcə şiddətlənirdi. Kəndin özünümüdafiə dəstəsinin üzvləri döyüş mövqelərindəki əsgərlərin köməyinə tələsdilər.
Əslində kənd camaatı son 4-5 ildə belə atəş səslərinə, yüksəklikləri tutmaq üçün ermənilərin mövqe hücumlarına öyrəşmişdilər və həmişə də cavablarını vermişdilər. Amma bilmirdilər ki, erməni komandanlığı rus muzdluları ilə birgə yenidən Azərbaycan torpaqlarını tutmaq üçün geniş hücum planı hazırlayıblar. Onu da bilmirdilər ki, bu bölgədə erməni komandanlığının yerləşdiyi Hadrut qəsəbəsinin qənşərində əlverişli strateji bir mövqedə salınmış Dəyirmanlı kəndi bu hücumun birinci qurbanı olacaqdı.
Qara zurna çalır, kolxoz sədri tək oynayırdı. Elbəyi müəllim ortaya girib çalğıçılara dayanmaq işarəsi verdi, Qasım kişiyə yaxınlaşıb dedi:
– Vəziyyət ağırdır. Ermənilər hücuma keçiblər, toyu dayandırmaq lazımdır.
Qasım kişi şalvarının cibindən çıxardığı dəsmal ilə tərini silib sakit səslə Elbəyi müəllimə təskinlik verdi:
– Əşi, narahat olma, onların qarnının ağrısı bir-iki yüksəkliyi tutmaqdır. Bizimkilər də orda möhkəm oturublar. Gəncədən göndərilmiş döyüşçülərlə mövqelərimizi daha da möhkəmlətmişik.
Elbəyi müəllim bir az arxayınlaşsa da bəylə gəlinin, Aysunun oturduğu stola yaxınlaşdı, onlara evə keçməyi məsləhət gördü. İçəridə heç olmasa, naqafil güllədən qorunmaq olardı.
Ərtur, Narçiçək və Aysu ilə bərabər onları dövrələmiş qızlar da gəlin otağına keçdilər. Ərtur qızları qapıdan içəri ötürüb bayıra çıxdı, kəndin müdafiəçilərinə qoşuldu.
Bayaqdan bəri xəyalı göylərdə uçan, özü ilə Toğrulu bəylə gəlinin yerində təsəvvür edən Aysunu təlaş bürüdü, bu səhər onunla olmuş söhbətlərini xatırladı...
– ... Durumumuz çox ağırdır... Dövləti idarə edə bilmirik. Bunun bir səbəbi daxili və xarici düşmənlərin təsiridirsə, digər səbəbi səriştəsizliyimiz və vəzifə-hakimiyyət eyforiyasına qapılmağımızdır. Şimaldan, cənubdan olan düşmənlərimizin, onların içərimizdəki əlaltılarının əməlləri bizim üçün sirr deyildi, bunu gözləyirdik. Evimizi yıxan hakimiyyətin, vəzifənin dadını gördükdən sonra bircə ilin içində çoxlarının harınlaşmasıdır. Bütün xalq öz istiqlaliyyəti, torpağı naminə imperiya ilə üz-üzə durdu, qurbanlar verdi, indikiləri taxtda oturtdu. Bu günsə durum tamam dəyişmişdir. Xalq özü hakimiyyətə gətirdiklərinə inamını itirmişdir, – deyən Toğrul qəhvəni birbaşa su kimi içmişdi.
– Doğru deyirsən. Mən də görürəm ki, xalqımızı biganəlik, laqeydlik sarmışdır. Vaxt var idi ki, AXC-nin çağırışı ilə bircə saat içində yüz minlərlə adam Azadlıq meydanına yığışırdı, əliyalın rus tanklarının qabağına çıxırdı. İndi Vətənin başının üstünü təhlükə alıb, çağırışlar qulaqardına vurulur. Çünki xalq biganələşibdir. Müsavat partiyası təşəbbüsü ələ alıb xalqın inamını qaytara bilməzmi?
– Müsavat 70 illik fasilədən sonra hələ təzə bərpa olubdur, indi-indi özünə gəlir, sıralarına vəzifəyə, mövqeyə görə qoşulanlar da az deyil. Siyasi hava dəyişən kimi o sıralar seyrələcək, təmizlənəcək, kabab iyinə gələnlərin hərəsi bir tərəfə qaçacaq. İndi camaatın bir qismi üzünü Naxçıvana, bir qismi Gəncəyə tutubdur.
– Gəncəyə niyə? Bəyəm bilmirlər ki, gəncədəkilərin arxasında kimlər durur?
– Xalq məlumatsızdır... Bu uzun söhbətdir.
– Orduya ümid bağlamaq olarmı?
Baxışlarını məchul bir nöqtəyə dikən Toğrul qırıq-qırıq sözünə davam etmişdi:
– Ordu... Məsələ burasındadır ki, yenidən geriyə qayıtmaq üçün buradan çıxmış rus ordusu planlarını reallaşdırmaq üzrədir. İçimizə böyük qarışıqlıq, qırğın salmağı planlaşdıran Rusiya öz ordusunu buraya indi də “xilaskar” kimi göndərmək istəyir. Bizdə Milli Ordu yox dərəcəsindədir. Cənubda Lənkəran-Cəlilabad tərəfdə olan hərbi hissələr əldəqayırma bir polkovnikin tabeliyindədir. Qərbdə – Gəncədən o tərəfdə yerləşən bölgələrdəki qoşunlar da digər əldəqayırma polkovnikin əlindədir. Onların ikisi də açıq-aşkar xaricdən idarə olunurlar. Ordunun hökumət əlində olan hissəsinə də Rusiya ciddi nəzarət edir. Onun bütün ölkəni bürümüş güclü casusluq şəbəkəsi var. Təsəvvür elə, əgər iki ay öncəyə qədər bizim müdafiə nazirimiz Rusiyanın müəyyən dairələrinə qulluq edirdisə, o ordunun durumu necə olar? Millətin faciəsinə bax ki, heç serjant rütbəsi olmayan riyaziyyat müəllimini bizə nazir qoymuşdular.
– Axı o, Xalq Cəbhəsinin fəallarından idi. Xalq onu deputat seçmişdi... Bəs niyə belə oldu?
-Bilirsən, Moskvada siyasi dustaqların saxlandığı Lefortovoya düşən adamlarda “beyin təmizləmə əməliyyatı” aparılır, güclü olmayan, yolayaxın insanların şəxsiyyətini dəyişdirirlər. Elə adamlardan birini bizə müdafiə naziri qoydurdular.
-Bəs, cəbhəçilər niyə buna yol verdilər? Hakimiyyətə gələn kimi niyə onu xəyanətkar kimi cəzalandırmadılar? Yalnız on aydan sonra, nazir vəzifəsindən çıxarsalar da gözün üstə qaşın var demədilər?
-Bunun cavabını mətbuat konfransında humanist prezidentimizdən soruş, – deyə Toğrul eyhamla cavab verdi. Lakin, Aysunun alındığını görüb, sol əli ilə onun başını sinəsinə sıxdı, saçından öpərək dedi:
– Əzizim, atanın da, sənin də prezidentə münasibətini bilirəm. Mən də Əbülfəz Elçibəyə dərin hörmət edənlərdən biriyəm. O, mələk kimi təmiz, gözütox, dünya malında nəfsi olmayan bir insandır. Prezident seçilənə qədər yataqxanada qeydiyyatda idi. Heç indi də şəxsi mənzili yoxdur. Yeganə amalı millətin, vətənin, bütün türk xalqlarının azadlığıdır... Azərbaycanın bütövləşməsidir. Hələ 70-ci illərdən xalqın milli-azadlıq ideyalarının carçısı kimi bütün vətənsevərlər onun xidmətlərini yüksək dəyərləndirirlər. Amma dövlətə başçılıq etmək, ali baş komandan olmaq tamam başqa şeydir. Ətrafındakı bəzi işbilməzləri, vəzifəpərəst fırıldaqçıları uzaqlaşdırmaqda, casusluq edən, təxribatlar törədən, neçə şəhər və kəndlərimizi ermənilərə təslim edən baiskarları susdurmaqda onun qətiyyətsizliyini bağışlaya bilmirəm. Sənə bircə misal deyim: zabitlər hər bir ulduzu almaq, polkovnik rütbəsinə çatmaq üçün uzun, çətin yol keçir, qabiliyyət və bacarıqlarını göstərirlər. Bütün ordularda belədir. Bizdə isə avtobazada, yun zavodunda işləmiş, institutu bitirəndə iki ulduz almış, hərbi bilikdən, hərbi işdən uzaq olan adamlar bir-iki ilin içində polkovnik ulduzlarını taxırlar çiyinlərinə. Bu rütbələri onlara kim, hansı xidmətlərinə görə, nə məqsədlə verdi? Gərək dövlətə rəhbərlik edənlər belə məsələlərə çox həssaslıqla yanaşsınlar. Dövlətin dayaqları olan güc nazirliklərində vəziyyət belə olanda, gör başqa sahələrdə vəziyyət necədir... O satqınlar Azərbaycanın parçalanması, Rusiyanın öz ordusunu buraya yeritməsi üçün çalışırlar.
– Axı necə?
– Necə deyim... Heç beş-altı əsgərə belə komandirlik etməmiş təsadüfi adamlara polkovnik rütbəsi verilir. Onların, guya öz pulları ilə Azərbaycan ordusunu silahlandırması haqda xalq arasında apardıqları təbliğatın qarşısı alınmır. İndi hakimiyyətdəkilərin səriştəsizliyindən, acizliyindən ümidsizləşən geniş xalq kütlələri “xilaskar” axtarırlar. Belə bir məqamda həmin əldəqayırma polkovniklər “xalqın xilaskar oğlu” kimi qələmə verilir. Təəssüflər olsun ki, çoxları buna inanır. Və heç fikirləşmirlər ki, onların bu qədər tank, BTR, təyyarə, top, tüfəng və s. texnika almağa pulu çatmaz. İkincisi, onlardan hansınınsa bu qədər pulu olsa da aparıb onu silaha verməz. Əksinə, bu oyundan, silah alverindən pul qazanmaq istəyirlər. Məsələ burasındadır ki, Rusiyanın Gəncədəki desant alayı silahlarını aldadılmış yerli dəstələrə verib yenidən gəlmək üçün getdi. Təsəvvür elə ki, xəyanətkarlar olmasaydı biz indi Xankəndini ermənilərdən azad etmişdik.
– Necə?
-Bizim hissələr 1992-ci ilin payızında Ağdərəni düşməndən təmizləyib şimaldan Xankəndinə yaxınlaşırdı. Ortada kiçicik bir çay vardı. Ağdam tərəfdən də hücum olmalıydı. Azərbaycan ordusunun döyüş əzmi yüksək idi. Uşaqlar aslan kimi vuruşurdular. Onların qarşısında nə ermənilər, nə də Rusiya muzdluları duruş gətirə bilmirdilər. Lakin son məqamda əldəqayırma bir polkovnik nəyisə bəhanə edərək ona sadiq hərbi hissələri cəbhə xəttindən çıxarıb Gəncəyə apardı, orada möhkəmləndi. Təbii, bu, düşmən dəyirmanına su tökmək idi. Bizim qüvvələrin zəifləməsindən istifadə edən ermənilər əks-hücuma keçdilər, azad edilmiş yerləri yenidən zəbt etdilər, üstəlik Kəlbəcəri də tutdular, – deyə Toğrul dərindən köks ötürdü, azacıq susduqdan sonra qolunu Aysunun belinə dolayıb sözünə davam elədi:
-Bu günlər vəziyyət lap ağırlaşıbdır. Gəncə separatçıları mərkəzi hakimiyyəti tanımır. Oraya ezam olunan zabitlər həbs edilmişdir. Hesab elə ki, Gəncə ilə Lənkəran əlimizdən çıxıbdır. Rusiyanın əlində növbəti kart ləzgilərin “Sadval” təşkilatıdır. İndi bizi bu burulğandan çıxarmaq üçün güclü ələ, soyuq başa, isti ürəyə malik bir lider lazımdır. O lider ki, xalqın ağıllı, vətənpərvər, təmiz, bacarıqlı oğullarını başına toplayıb ölkənin istiqlaliyyətini qoruyub saxlasın.
Aysu sehrlənmiş kimi Toğrula qulaq asmışdı. Əksəriyyət kimi onun da daxili, siyasi, hərbi vəziyyətdən dəqiq məlumatı yox idi.
– Millət sanki fil qulağında yatıb. Bəs nə əcəb radio, televiziya vasitəsilə əsl vəziyyəti əhaliyə izah etmirlər? – deyə o, Toğruldan soruşmuşdu.
– Sözümdən incimə, bunu siz jurnalistlərdən xəbər almalıyıq. İstəyirsən deyim: onlar diletantlıq edirlər. Sovet dövründə olduğu kimi mövcud durumu xalqdan gizlədirlər. Guya əhali arasında başıpozuqluq yaranar, nüfuzdan düşərlər. Halbuki, rəhbərlik mərkəzə tabe olmayan hərbi hissəni tərksilah edə bilməyəcəyini anlayan kimi, hələ Ağdərə əməliyyatı zamanı gərək onları ifşa edəydi. Mətbuat, televiziya, radio vasitəsilə bu xəyanətin arxasında dayananları xalqa nişan verəydi. Səni inandırıram ki, belə edilsəydi, indi Gəncədə möhkəmlənmiş korpusda qulluq edən əsgər və zabitlərin çoxu qaçıb dağılacaqdı, valideynləri və yaxınları onları oradan çıxarıb aparacaqdılar. Diletantlar bunu eləmirlər. Qorxurlar ki, xalq onları qınaya ki, dünən milli qəhrəman adı verdiyinizi bu gün niyə düşmən adlandırırsınız? Eyni şeyi Lənkərandakı separatçılara da aid etmək olar. Onlara açıq demək gərəkdir ki, burada xaricdən uzanan, ölkəni parçalamaq istəyən, xalqı bir-birinə qırdırmaq istəyən qüvvələrin əli var. Özünüzə gəlin, cavanların başına ağıl qoyun.
– Yaxşı, əgər Rusiya yenidən nə bəhanə ilə olursa-olsun qoşunlarını Azərbaycana yeritsə, bəs ABŞ, Avropa, dünya birliyi buna mane olmayacaqmı?...
... Kəndin yaxınlığına düşən top mərmisi Aysunun fikrini qırdı. Artıq bir saata yaxın davam edən atəş səsləri mağarın səs-küyündən kənarda daha aydın eşidilirdi. Tərəflər bir-birinin mövqelərinə tank və BTR-lərdən atəş açırdılar. Əsas atəş hədəfi Günəşli dağındakı istehkam idi. Dağın həndəvərinə, kəndin kənarına düşən top güllələrinin səsindən bilmək olurdu ki, ermənilər ara vermədən atəş açırlar, gücləri bizimkilərinkindən bir neçə dəfə çoxdur. Bənizi qaçmış Aysu təlaşla qızlara baxdı. Onların təmkinliyi Aysunu sakitləşdirdi. Qızlardan biri pəncərədən toy mağarına baxdı, dağılışmamış camaata xitabla dedi:
– Biz öyrəncəliyik. Belə atışmaları çox görmüşük. Nə bizimkilər Hadrutun, nə də onlar bizim kəndin içinə atəş açmayıblar.
Amma bu dəfə atışma həm çox uzanır, həm də düşmən tərəfdən çox atırdılar... Qız sözünü qurtarar-qurtarmaz bir güllə pəncərənin şüşəsini dəlib divara pərçim oldu.
Aysu üzünü qızlara tutub, “Yerə yatın!” – deyə qışqırdı, özü ilə bərabər Narçiçəyi də yerə uzandırdı. Bayırda eşidilən avtomat atəşləri, qışqırıq, söyüş və qarğış sədaları qızları vahiməyə salmışdı. Vaxt ölçüsünü unutmuş Aysu atəş səngiyəndən sonra pəncərəyə tərəf süründü, ehmalca başını qaldırıb aşağıya baxdıqda damarlarında qanı dondu, içində nə isə qırılıb düşdü. Erməni silahlıları mağarı mühasirəyə almışdılar. Bayaq rəqs etdikləri meydançada bir neçə nəfər qanına qəltan olmuşdu. Ermənilər qadınları mağardan buraxmırdılar. Aysu sonradan biləcəkdi ki, ön mövqeləri atəşə tutan düşmən manevr edərək qalın Qozludərə bağları ilə otuz nəfərlik dəstəni gizlicə kəndə yeridə bilmişdi. Bu dəstənin məqsədi toydakı qadınları tutub girov saxlamaq idi...
Havaya atəş açaraq qadınlara yerə uzanmağı əmr edən erməni əsgəri azəri türkcəsi ilə bağırıb soruşurdu:
– Gəlin hardadır?
Ermənilərdən biri əli ilə evi göstərib nəsə dedi. Bir neçə əsgər evə sarı cumdu. “Vay, indi buraya gələcəklər” – deyə pıçıldayan Aysu hər ehtimala qarşı cəld qalxıb qapının cəftəsini vurdu, hamıya susmağı işarə etdi. Bilmirdi neynəsin. Hamısı silahsız idi...
Və qız birdən diksindi, əl çantası yanında yoxudu. Bayaq onu qonşu otaqda soyunarkən çamadanın içinə qoyub ağzını bağlamışdı. Aysu əl çantasının dibindəki gizlinc yerdə saxladığı qəməni həmişə özü ilə gəzdirirdi. Təbrizdə düzəldilmiş bu nəfis əl işini ona Durna nənəsi verib demişdi: “Qədimdə evdən-eşikdən çıxıb, başqa yerə gedəndə qızlar özləriylə belə kiçik qəmə götürərdilər, namuslarını qorumaq üçün... Neçə illər bu qəmə mənim sirdaşım olub... İndi onu sənə verirəm. Allah sənə elə gün göstərməsin, bunu işə salasan. Amma ehtiyat igidin yaraşığıdır. Silahlı adam özünü inamlı hiss eləyir...”
Aysu istədi ki, yan otağa keçib əl çantasını götürsün... Artıq gec idi, ikinci mərtəbəyə qalxmış ermənilərin ayaq səsləri eşidilirdi. Onlar yan otaqları ələk-vələk eləyib gəlin otağına yaxınlaşdılar. Qapının arxadan bağlandığını görüb cəftə tərəfdən güclü zərbə ilə vurdular. Qapı taybatay açıldı.
Qızları görən üzütüklü erməni əsgərinin sevincdən ağzı qulağının dibinə getdi. O, göyə bir neçə güllə atdı, rusca, azəri türkcəsiylə “Tərpənməyin” deyib öz dilində nəsə qışqırdı. Belə başa düşmək olardı ki, o, yoldaşlarına gəlini tapdığını xəbər verirdi. Onun səsinə daha iki əsgər gəldi. Onlardan biri Bakı ləhcəsi ilə qızlara: “Qalxın, əllərüvüzü boynuvuzun arxasında belənçik tutun” deyib necə etmək lazım olduğunu göstərdi.
Onlardan biri qabağa düşdü, ikisi isə qızların arxasınca gəlməyə başladı.
“Əclaflar, silahsız qızlardan da ehtiyat edirlər. Kaş, əlimdə bir avtomat olaydı” – deyə düşünən Aysu pilləkənlərlə düşə-düşə yan-yörəsinə baxmağa başladı. Qısa bir vaxtda burda əlbəyaxa döyüş getmişdi. O, hələ qanı axan meyitlərin içərisində saqqallı erməni leşinin yanında tapançası əlində üzüüstə düşmüş, bayaq ona kefcil təsiri bağışlamış Qasım kişini tanıdı. Dodaqaltı pıçıldadı: “Məni bağışla, Qasım kişi, Allah sənə rəhmət eləsin.”
Onları meydançanın ortasında saxladılar. Bayaq Bakı ləhcəsi ilə azəri türkcəsincə təmiz danışan erməni başqa bir əsgərin gətirdiyi qara rəngli boş keysi açdı, bayaq çalğıçıların şabaş yığdığı mizin üstünə qoyub elan etdi:
– Hamıvız qulağıvızdakı sırğaları, boynuvuzdakı, barmağıvızdakı qızılları xoşaxoşluqla açın, bir-bir bax, buraya atın. Bunu öz xoşuvuzla eləməsəniz, əsgərlər barmağıvızı kəsib, qulağıvızı cırıb onları götürəcək. Kim salamat qalmaq istəyirsə, bizim əmrlərimizi yerinə yetirsin. Hə, birinci gəlindən başlayaq.
Əsgərlərdən biri Narçiçəyə sarı cumdu, onun biləyindən tutub irəli çəkmək istədi. Narçiçək erməni əlinin ona toxunmaması üçün özü irəli yeridi, sırğalarını, üzüklərini, qızıl zəncir və boyunbağılarını çıxarıb göstərilən yerə atdı, “it aparan olsun”, dedi.

– Ha, bax belə, ay malades, indi burda dur, – deyə Bakı ermənisi ondan göstərilən yerdə dayanmağı tələb etdi. Sonra bu minvalla gəlin otağında olan qızların üst-başını təmizlədilər. Növbə Aysuya çatdıqda, o, qızıl zəncirini, mirvari boyunbağısını, brilyant sırğalarını çıxarıb keysə tulladı, xahiş etdi ki, nişan üzüyünə toxunmasınlar.


– Baciqızı, o üzük daha sənə lazım olmayacaq, – deyə Bakı ermənisi müəmmalı şəkildə irişib, üzüyü onun barmağından çıxartdı.
Sonra mağardakı qocalı-cavanlı digər qadınları sıraya düzdülər, bir-bir üst-başlarını axtarıb qızıllarını götürməyə başladılar. Bu zaman onlar cavan, gözəgəlimliləri Aysugilin dəstəsinə qatır, yaşlıları, yaraşıqlı olmayanları isə başqa tərəfə yönəldirdilər. Aysu gözü ilə anasını axtardı. Qönçə xanım qadınların arasında yox idi... “Görünür, atam onu xilas edə bilib”, – deyə düşünən Aysu bir az yüngülləşdi.
Növbə Durna nənəyə çatdı. Bayaq oynayarkən sanki əlli il cavanlaşmış qarı indi yarım saatın içində yumağa dönmüşdü. O, başındakı soğanı rəngli, qırağı ağ yelənli kəlağayısını açdı, ulu Qafqaz adətilə bir kənarda dayanmış, baş verənləri izləyən çalsaçlı erməni zabitinin ayaqları altına atıb bir bayatı dedi:

– Odlamayın talamı,


Uçurmayın qalamı.
Aparıb məni satın,
Aparmayın balamı.

Sonra əllərini göyə qaldırıb yalvardı:


– Səni and verirəm o tək Yaradana, səni and verirəm sizin və bizim camaatın xeyir-şərdə kəsdikləri duz-çörəyə, qız-gəlini buraxın getsin.
Bu and Qafqaz xalqlarının ən qədim, müqəddəs adətlərindən biri idi. Ən qanlı döyüşlərdə ortaya qadın və ana ismətinin rəmzi sayılan baş örtüyü atılardısa, igidlər xəncərlərini qaytarıb qınına qoyar, savaşı saxlayardılar. Lap son vaxtlarda 1988-ci ildə Qarabağda münaqişənin başlanğıcında ilk qan axıdılarkən, Ağdamda iki yeniyetməni ermənilər öldürdükdən sonra Azərbaycanın hər tərəfindən gəlmiş dəstələr ermənilərin üstünə yeriməyə başlamışdılar. O vaxt ortaya atılmış qadın yaylığı gözü qızmış insan selinin qarşısını almış, böyük qırğınla bitəcək xalq hücumunu dayandırmışdı...
Durna nənənin bu hərəkəti zabitdə istehza doğurdu. Çünki “hay” adlanan bu ermənilər köklü qafqazlılar deyildilər, bu torpaqlara sonradan gəlmə idilər.
Əslində Durna nənə erməni zabitindən imdad gözləməyin əbəs olduğunu dərk edirdi və heç vaxt düşmən ayağına getməzdi, əgər qızlar olmasaydı...
Zabit dodaqlarının altında nəsə mırıldadı və onun əmrinə müntəzir dayanmış əsgərə nəsə göstəriş verdi. Əmri yerinə yetirən əsgər irəli yeriyib yaylığı tapdaladı, əl atıb Durna nənənin qızıl papağını başından götürdü, gümüş toqqasını dartıb belindən açdı. Səndələyib yıxılan Durna nənə ayağa qalxdı, zabitə sarı bir neçə addım atmağa özündə güc tapıb ona tərəf tüpürdü:
– Tfu, sənin murdar üzünə, gorbagor olmuş əcdadlarının it ...
Əsgərin avtomatdan açdığı atəş Durna nənənin qarğışını yarımçıq qoydu, onu quru ağac kimi yerə sərdi. Qadınlar şivən qopardılar. Aysu “Nənə, nənəcan!..” deyərək ona sarı yüyürmək istədikdə, silahlı əsgər qarşısını kəsdi. Aysu hıçqıra-hıçqıra ümid dolu baxışlarını kəndin yuxarısına çevirdi, lakin oradan gələn atəş səsləri getdikcə uzaqlaşırdı. Ermənilər güc gəlirdilər, kəndin müdafiəçiləri geri çəkilirdilər. Aysu bu zaman ağacların arasında gizlənə-gizlənə onlara tərəf gələn əli silahlı Ərturu gördü.
Aysu heç bilməyəcəkdi ki, hərbi ixtisası topçu olan Ərtur evlərindən bir neçə yüz metr aralıda yerləşən topçuların mövqeyinə getmiş, ermənilərin dəqiq zərbələri ilə topların ikisinin də vurulduğunu gördükdən sonra geri qayıtmış, əsir qızlara kömək üçün fürsət axtarmışdı. Amma o vaxt özünü yetirmişdi ki, mağarı mühasirəyə alan ermənilərlə silahsız əhali arasında əlbəyaxa döyüş gedir. Mağara girən birinci ermənini tapança ilə vuran Qasım kişi üzünü camaata tutub, “Qozludərə bağlarına qaçın!” deyir. Bu, onun son sözü olur. Böyürdən çıxan erməni əsgəri onu vurur. Qaça bilən qaçır. Ermənilər onları təqib etmirlər, xüsusi tapşırıqla toydakı qadınları mühasirəyə alırlar...
Qəzəbi soyumamış zabit yenə əsgərlərə nəsə dedi. Onlar əllərində tutduqları avtomatları çiyinlərinə aşırıb seçmə qızların içərisinə cumdular, hərəsi bir qızın biləyindən yapışdı. Gəlin paltarında olan Narçiçəyi isə dartıb zabitin qarşısına gətirdilər.
Zabit sözlərin qol-qabırğasını sındıra-sındıra azəri türkcəsincə dedi:
– Qarabağ qızı, sənin toyunu mən başa vuracam, – sonra onun belindən tutub irişə-irişə sözünə davam elədi: – Bu gecə bəy mən olacam. Sənə elə toy tutacam ki, ömrün boyu pamyatında qalacaq.
Narçiçək onu öpmək istəyən zabitə tərs bir sillə tutuzdurdu. Bundan hiddətlənən zabit ermənicə söyərək qızı kobudcasına özünə tərəf çəkdi, gəlin paltarının yaxasını cırdı, Narçiçəyin acizanə qışqırıb çırpınmasına baxmayaraq, onun hələ heç kəsin dodağı dəyməmiş sinəsini öpməyə başladı.
Bu dəm ağacların arxasından peyda olan Ərtur Narçiçəyə dəyməsindən qorxaraq atəş açmadı, sevgilisini onun caynağından qopardı, belindəki xəncəri yağının qarnına soxdu, onu cəhənnəmə birdəfəlik vasil eləmək üçün xəncəri bir neçə kərə burub çıxardı. Xəncər hələ gərək ola bilərdi. Zabit anqırıb çul təki yerə sərildi. Başları qız seçməyə qarışmış əsgərlər özlərinə gəlincə Ərtur Narçiçəyin əlindən tutdu, yaxınlıqdakı Qozludərə bağlarına tərəf yüyürdülər. Çətini özlərini meşə kimi qalın bağa vurmaq idi. Lakin bədbəxtlikdən yolun yarısında haradansa peyda olan BTR onların qarşısına çıxdı. Ərtur Narçiçəyin əlini buraxıb qışqırdı:
-Sən qaç, özünü ağaclığa vur, camaatımız oradadır. Mən bunların başını qatacağam, – deyib atəş aça-aça BTR-in üstünə yeridi.
Bu dəm Ərturun başında yalnız bir fikir hakim idi: namusunu, şərəfini xilas etmək!
Biçarə Narçiçək bir neçə addım ata bildi. Güllə səsləri onu çönüb geriyə baxmağa məcbur elədi və o, dəhşətli bir mənzərənin şahidi oldu. BTR-dən yağdırılan güllə yağışı arxasını ağaca söykəmiş Ərturu yıxa bilmirdi. Baxışları ilə Narçiçəyi izləyən Ərtur o, ağacların arasında itənədək, nə qədər mümkünsə dik dayanmaq, sevgilisinin qaçıb namusunu qorumasına öz qanı bahasına şərait yaratmaq istəyirdi... Narçiçək onu başa düşürdü. Cəngəllik beş addımlıqda idi. Lakin ayaqları yerə mıxlandı. Ərtura olan böyük, təmiz sevgisi ölüm qorxusuna qalib gəldi. O, Ərtursuz həyatı ölümdən betər hesab edirdi. Onu belə qoyub öz canını qurtarmasını ömrü boyu özünə bağışlaya bilməzdi. Kimin üçün qurtaracaqdı həyatını?
Narçiçək geriyə döndü, artıq yerə sərilmiş Ərtura tərəf yüyürdü. Özünü bədəni güllədən şanı-şanı olmuş sevgilisinin üstünə atdı. Ağ gəlinlik paltarı al qana boyandı...
Bu, sevənlər, dünyadan nakam gedənlər üçün İblisin yer üzündə törətdiyi ən dəhşətli fəlakət idi...
Sevgilisinin hələ soyumamış cəsədini qucaqlamış Narçiçək pıçıldayırdı:
– Ulu Tanrı, İblisin, onun yer üzündəki qullarının cəzasını özün ver. Mənim ruhumu Ərturdan ayırma.
Narçiçək Ərturun əlindən düşmüş xəncəri götürdü, bir anlığa duruxdu, sonra alt köynəyindən bir parça cırdı, polad tiyənin üstündəki qan ləkələrini silib nifrətlə tulladı. Ərturdan başqa kimsənin əli dəymədiyi bu bakirə qız istəmirdi ki, murdar, yad qan xəncərlə bərabər onun bədəninə yerisin. Onun qanı sağlığında Ərturun qanı ilə qovuşub bu dünyaya övlad gətirə bilmədi. Qoy ölüm ayağında onların qanı torpaqda qovuşsun, yazda burada al çiçəklər bitsin.
Narçiçək BTR-dən düşən əsgərlərin ona tərəf gəldiyini gördükdə tiyəsi parıldayan xəncərin dəstəyini yerə, ucunu isə ürəyinin başına dayadı. Boynunu qovzayıb aralarındakı məsafəni müəyyən eləmək üçün ona sarı gələnlərə baxdı. Ölümqabağı qıza elə gəldi ki, ona sarı tələsən hərbi qiyafə geymiş İblisdir, bir neçə saniyə geciksə İblis ona yetişəcək, Ərturun ruhuna qovuşmağa qoymayacaq. Çünki İblis ruhları aldada bilmir, öz əməllərini yalnız yer üzərində insanlar arasında həyata keçirə bilir...
Narçiçək tələsik nənəsinin öyrətdiyi Kəlmeyi-şəhadəti deməyə başladı:

Əşhədu ən ləiləhə illəllah,


Əşhədu ənnə Muhammədən rəsulullah.
1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə