Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı




Yüklə 1.52 Mb.
səhifə33/34
tarix22.02.2016
ölçüsü1.52 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   34
Çayxanada qonşu stolda oturmuş dörd əsgərin söhbətinə qulaq asan Toğrul da onların diqqətini çəkmişdi. Əsgərlərdən biri puştu ləhcəsində asta səslə yoldaşlarına Toğrulun şurəvilərə oxşadığını demişdi. Onların xüsusi patrul dəstəsi olduğunu anlayan Toğrul başa düşmüşdü ki, əfqanlar kimi geyinib, başına çalma bağlasa da, yemək-içmək tərzi, manerası, sifətindəki ziyalılıq onu “satmışdı”. Çavuş ona sarı çönüb soruşmuşdu:
– Haralısan?
Toğrul çavuşun üzünü görən kimi onun ya əfşar, ya da xəzərilərdən olduğunu müəyyən etmişdi. Odur ki, təmkinini pozmadan soyuqqanlılıqla əlüstü “Sizinkilərdənəm” demişdi.
– Mən xəzəriyəm...
– Mənsə əfşaram. İkisi də bir kökdən, bir yerdəndir. İntəhası sizlər bizdən çox-çox əvvəl bu yerlərə köç eləyibsiniz.
Çavuş sınayıcı nəzərlərlə ona baxıb yarıfarsca, yarıtürkcə demişdi:
– Onda bizə bir segah oxuyarsanmı?
– Hansını oxuyum? Yetim segahı, Zabul segahı, yoxsa Mirzə Hüseyni?
Sifəti işıqlanmış çavuş ona mənalı-mənalı baxmışdı. Toğrul başa düşmüşdü ki, çavuş onu tanıyıb. Onu tutub apara bilərlər.
– Hə, inandım ki, əsl əfşarsan,– deyib o, yoldaşlarına sarı çevrilmiş, farsca hündürdən demişdi: – Maşallah, həmyerlilərim hər yerə yayılıblar.
Toğrul qərara almışdı ki, əsgərlər getdikdən sonra çayxanadan çıxsın.Ucuz şirniyyatlarla qəlyanaltı etmiş əsgərlər ciblərini qurdalayıb, haqq-hesab çəkmək istədikdə Toğrul hündürdən farsca demişdi:
– Qonağımsınız. Siz əsgərsiniz, bizi kafirlərdən qoruyursunuz. Mənsə tacir adamam, həmyerlimin də, dostlarının da xərcini çəkməyə borcluyam,– deyərək üzünü çavuşa tutub əlavə etmişdi:– Qoy əsgərlərin görsünlər ki, sənin həmyerlilərin necə səxavət sahibidirlər.
Çavuş bir anlığa ayaq saxlamış, onu bağrına basmış, farsca pıçıldamışdı: (Taleyin bura atdığı xəzərlər türkdilli olsalar da farsca danışırdılar).
– Kimsən, haralısan, bilmirəm, amma millətimdənsən. Ehtiyatlı ol, qardaş!..
– Sağ ol, Allah amanında...
Qapının döyülməsi Toğrulu o cəbhədən bu cəbhəyə gətirdi. Gələn köməkçisi idi. Təzim edib dəstənin yola düşməyə hazır olması haqqında məlumat verdi.
Toğrul qapını bağlayıb çıxdı. Alatoranlıqda düşərgədən yola düşən dəstə iyirmi dəqiqədən sonra hündür divarları olan bir həyətin darvazası qarşısında dayandı. Bayıra çıxan əsgər Toğrulu tanıyıb darvazanı açdı. Həyətdə birmərtəbəli üç bina vardı. Briqadanın bu qonaq evində yüksək rütbəli zabitlər, xüsusi müsafirlər gecələyib dincəlirdilər. Onlara yaxınlaşan mülki geyimli kişi qabağa düşüb dəstəni qıraqdakı binaya apardı. İki kiçik yataq otağı, bir böyük salonu, mətbəxi, hamamı olan evdə hər şey yerbəyerindəydi.
– Bizə gec dedilər. Amma belə hallara öyrəncəliyik, hər şeyimiz var. Siz şorbanı, qəlyanaltıları yeyənəcən o biriləri də hazır olacaq.
Ortaya isti lobya şorbası gəldikdə Toğrul dedi:
– Uşaqlar, qarnınızı qızdırın, kababa yol açılsın.
Şorbadan sonra dolma, dalınca da kabab gətirdilər.
– Kabab qanlı, igid canlı... Uşaqlar, möhkəm yeyin, üç gün dilinizə isti yemək dəyməyəcək.
Yoldaş kapitan, araqsız getmir axı... – deyə Qoşqar adlı döyüşçü aralığa yarızarafat, yarıciddi söz atdı. – Altı aydır dilimizə kabab dəymir.
– Bunu tək öz adından deyirsən, yoxsa hamının?
– Əlbəttə, hamının... Ə, niyə dinmirsiniz? Məni qabağa verib səsinizi içinizə çəkibsiniz, – deyə o, yoldaşlarının üzünə bozardı.
Uşaqlar pıqqıldaşdılar.
– Dinməmək razılıq əlamətidir. Hərənizə yüz qram olar. Möhkəmliyinizi, yeməyin güclü olmağını nəzərə alıb əlli də artırıram, – deyə Toğrul gülümsədi.
Döyüşçülər yeyib doyandan sonra yola da ərzaq götürdülər. Duz və istiotdan, çay və kofedən tutmuş soyutma toğlu budunadək, nə lazımdısa... Hər döyüşçüyə tapança, avtomat, bıçaq, bir cüt əl qumbarası verildi. Əlavə olaraq səsboğucusu olan bir neçə tapança, gecə durbini, baş gicəlləndirən qaz balonları ilə də yaraqlandılar. İsti alt və üst paltarları paylanmış kəşfiyyatçıların hamısına bronjiletlər, çayı keçmək üçün boğazı qurşağadək uzanan xüsusi rezin çəkmələr də verildi. Bunların hamısı Türkiyə istehsalı idi.
Şam yeməyindən sonra bir saat dincəlmiş döyüşçülərə “Qalx!” əmri verildi... Sıraya düzülmüş kəşfiyyatçılar mikroavtobusa mindilər. Kiçik faralarını yandırmış avtobus yaxınlıqdakı Şahsevənli kəndi səmtində Araza doğru irəlilədi. Gecə saat 11-də avtobus çayın bir neçə yüz metrliyində dayandı. Onları gözləyən sərhədçilərin komandiri ilə görüşən Toğrul soruşdu:
– Dəyişiklik-zad yoxdur ki?
– Hər şey öz qaydasındadır. Əlavə heç bir xəbər almamışıq. Üç nəfər sizi o taya ötürüb geri dönəcək. Biri sizdən qabaq o taya adlayacaq, bir ucu burda bağlanmış kəndirin o biri ucunu bərkidib, işarə verəcək, sonra siz kəndirdən tuta-tuta çayı keçməyə başlayacaqsınız. Bələdçilərdən biri öndə, digəri arxanızca gedəcək. Qoy uşaqlar elə burdaca rezin çəkmələrini geyinsinlər. Çay burda sakit axsa da, ehtiyat igidin yaraşığıdır, – deyən sərhədçilərin komandiri Toğrulla qucaqlaşdı. – İnşallah, şənbə günü obaşdan həmin üç nəfər sizi çayın o tayında gözləyəcək. Allah amanında!..
Uzun çəkmələri geyinmiş, su keçirməyən brezent çantalarını kürəklərinə almış kəşfiyyatçılar Arazın qırağına ayaqla getdilər. Çayı rahat keçdilər, yarım saatdan sonra o tayda kolluqlar arasında oturub, maşının gəlməsini gözləməyə başladılar... Saat 12-ni keçməsinə baxmayaraq maşın görünmürdü... Toğrulu həyəcan götürdü. “Birdən maşın gəlməsə neynəsin? Hava işıqlaşanadək əlli-altmış kilometri ayaqla getməkmi olar? Tutaq ki, dayanmadan saatda 5-6 kilometr yox, bir az çox getdik. Bəs sonra? Oradan yorğun halda üzüyoxuşa, həm də günün günorta çağı Hadruta qalxmaqmı olardı? Bu vəziyyətdə, gözlənilməz hadisələr baş verə bilməsi istisna deyildi. Əməliyyatı uğurla həyata keçirmək mümkün olmazdı. Yox, maşın gəlməsə, bu işi təxirə salmaq gərəkdir.”
Döngəni burulan maşının işıqlarını gördükdə Toğrulun ürəyi yerinə gəldi, dərindən nəfəs aldı. “Yox, sevinmək tezdir. Bəlkə bu başqa maşındır?” – deyə şübhə yenidən onu sardı.
Maşın onların tuşuna çatanda şərtləşdikləri kimi dayandı, sürücü mühərriki söndürmədən aşağı enib təkərləri yoxladı, sonra maşının kapotunu qaldırıb, mühərrikin necə işləməsinə baxdı. Bu, Toğrulgil üçün işarə idi. Döyüşçülər bir göz qırpımında arxadan üstü çadırlı yük yerinə qalxdılar. Toğrul özüsə kabinəyə mindi. Heç nəyi görmürmüş kimi sürücü “yoxlama işlərini” bitirib kabinəyə keçdi, yalnız maşını hərəkətə gətirdikdən sonra Toğrulla salamlaşdı:
– Xoş gördük, qardaş. Bir az gecikdim, hımı? Xahiş edirəm, bağışla.
– Allah bağışlasın, on-on beş dəqiqə bir şey deyil, amma belə yerdə adamın ürəyinə yüz fikir gəlir.
Sürücü sürəti bir az artırdı. Yolu yarı etmişdilər ki, hardansa peyda olan əliavtomatlı əsgər maşını saxlatdı. Toğrul tərəfdən yaxınlaşaraq ondan siqaret istədi. “Mən çəkən deyiləm, amma rəfiqimdə olmalıdır”,– deyə farsca sürücüdən əsgərə siqaret verməyi xahiş etdi. Sarısını udmuş sürücü yarımçıq qutunu ona uzadaraq “Qoy qalsın” dedi. Əsgər “təşəkkor mikonəm”, deyərək yolçulara uğurlu yol arzuladı. Tər basmış Toğrul rahat nəfəs aldı...
Bir saatdan sonra kəşfiyyatçılardan bu yerləri beş barmağı kimi tanıyan Azər kabinənin üstünü taqqıldatdı. Sürücü əyləci basdı. Toğrul minnətdarlıq eləyib sağollaşdı, şənbə günü gecə elə bu vaxt qayıdacaqlarını xatırlatdı.
– İşdi-şayətdi, geciksəniz, işıqları söndürüb yolun qırağında gözləyəcəm. Xudavəndi-aləm işinizi avand eləsin.
Maşından düşən döyüşçülər tez yolun aşağısına endilər. Beş dəqiqə gözlədikdən sonra Arazın qırağına üz tutdular. Qabaqda Azər gedirdi. Çaya əlli – altmış metr qalmış planlaşdırdıqları kimi, Azər özü ilə bir nəfər döyüşçü götürüb çayı keçdi. Pusqu olmadığına əminlikdən sonra o, əlverişli müdafiə mövqeyi seçib döyüşçünü sahildə qoydu, özü ilə götürdüyü kəndiri çayın qırağındakı ağaca bağlayıb, bütün dəstəni çaydan adlatmaq üçün geri qayıtdı.
Yarım saatdan sonra kəşfiyyatçılar Mərcanlı və Maraylan kəndləri arasından çayı uğurla keçdilər. Ermənilərin onları görmədiklərini yəqin etdikdən sonra dəstə çölləmə Mərcanlıya tərəf irəlilədi.
Toğrul Azəri burada qoyacaqdı. O, trasda düşmən texnikasının hərəkətini müşahidə edəcəkdi, bir təhlükə-zad olsa, dərhal xəbər çatdıracaqdı. Azər hələ məşq zamanı müşahidə məntəqəsi üçün qiyabi bir neçə ev seçmişdi.
Kəndə bitişik üzümlüklərin arasıyla gedib Azərin seçdiyi evlərin yanında dayandılar. Bir vaxtlar çalıb çağıran, çilçıraqlı kənd indi qəbiristanlığı xatırladırdı... Heç bir ins-cins yoxudu. Qəribədir, məşhur mərcanlı itləri də yoxa çıxmışdı.. Etnik təmizləmə aparmış erməni hərbçiləri görünür, evləri talan eləməyə buraxmayan itlərin də axırına çıxmışdılar.
Onlar yanmış evlərdən taxtapuşunun yarısı salamat qalmış birini seçdilər. Azər taxtapuşa qalxıb ətrafı, xüsusilə Bakı-Zəngilan yolunu müşahidə etməli idi.
– Sizin eviniz bura yaxındırmı? – deyə Toğrul soruşduqda həyəcanını gizlətməyə çalışan Azər soyuqqanlılıqla dedi:
– Yoldaş kapitan, Mərcanlı çox böyük kənddir. Bizim ev kəndin ortasında, vağzal tərəfdədir. Güman ki, ermənilər qərargahlarını orada yerləşdiriblər. Burdan ora getmək mümkünsüzdür.
Döyüşçülər çayı keçmək üçün işlətdikləri şeyləri kisəyə yığdılar, götürdükləri ərzağın bir hissəsini burda saxlamaq üçün Azərə verdilər. Toğrul başqa bir döyüşçü ilə Azərin seçdiyi evin darvazasından içəri keçdi, daş pilləkənlə ikinci mərtəbəyə qalxdı. On günlük ay işığında ətraf aydın görünürdü. Toğrul qayğıkeşliklə son məsləhətini verdi:
– bax ha, isti bir bucaq tapıb mürgüləməyəsən. Ayıq-sayıq ol. Kəşfiyyatda kiçik bir səhv baha başa gəlir.
Bir azdan dəstə ehtiyatla Bakı yolunu keçib, Quycaq, Şəybəy kəndləri səmtinə üz tutdu. Qabaqda bu yerləri əla tanıyan şəybəyli Qoçəli gedirdi. O, dəstəni kəndarası asfalt yoldan xeyli aralı, dərə-təpə ilə aparırdı. Onlar Şəybəy və Quycaq kəndlərinin yanından ötüb çölləmə Alaöküz dərəsinə çıxmalıydılar. Burdan o yana balyatlı Qoşqar qabağa düşəcəkdi. Onlar yenə kövşənlərlə getməli, Korca bağını ötdükdən sonra kəndə çatmağa az qalmış sağa dönməli, cənub-şərq tərəfdən Füzuli-Cəbrayıl asfalt yolunu keçməli idilər.
Qoçəliylə Qoşqar xəritəsiz-zadsız bütün bunları əzbər bilirdilər. Xüsusi xəritədə bu marşrutu qırmızı qələmlə Toğrul üçün çəkmişdilər. Onlar hər yerdə çölləmə getdikləri üçün, hələlik heç bir erməni postuna rast gəlməmişdilər. Qoşqarla Qoçəli on addım qabaqda, qalan kəşfiyyatçılarsa bir-birilərindən beş-altı addım məsafə ilə gedirdilər. Ay işığında bir-birinin siluetini görürdülər. Yalnız asfalt yolu adlayanda xüsusi ehtiyat tədbirlərinə əl atdılar. Şəybəyə yaxınlaşanda isə minadan ehtiyatlanmağa başladılar. Çünki avqustun axırından oktyabrın sonlarınadək – iki aylığa cəbhə xətti bu yerlərdən keçmişdi. Toğrulun aldığı məlumata görə, ancaq həmin zolaqda mina təhlükəsi vardı. Xəritədə o yerlər nişanlamışdı. Üstəlik, Qoçəli kəndin altından keçən xatalı zolağın konturlarını bilirdi.
Qəflətən dayanan Qoçəli aşağı çöküb, dəstəyə də yerə yatmaq işarəsi verdi, əyilə-əyilə onun yanına gəlmiş Toğrula yavaşca dedi:
– Komandir, fikir verin, dikdirin o üzündən səs gəlir.
Toğrul nəfəsini içinə çəkib qulaq verdi.
– Güman ki, eşitdiyimiz səs heyvan fınxırtısıdır. Qoy baxım görüm, o nə heyvandır, yanında adam var, ya yox,– deyə Qoçəli sola burxulub kiçik təpəciyin üstünə sarı süründü. Aşağı baxdıqdan sonra Toğrula işarə elədi. Onun yanına sürünən komandirinə pıçıltıyla dedi:
– Baxın, qaraltılar ya atdır, ya da eşşək.
Gecəgörmə cihazıyla Qoçəlinin göstərdiyi yeri və bütün ətrafı da diqqətlə müşahidə eləyən Toğrul arxayın nəfəs alıb dedi:
– Düz tapıbsan, elə eşşək olar. Atı qoyub getməzlər.
– Camaat var-yoxunu qoyub qaçanda, kimə lazımdı bu yazıq heyvanlar. Amma indi bizə lazım ola bilər. İcazənizlə, gedək, bir-ikisini tutub gətirək.
Qoşqar dilini farağat qoymayıb söz atdı.
– Neynirsən, ə, onları? Yorulubsan? Minəcəksən?
– Noolar, minərəm, baxtım açılar. Eşitməyibsən, eşşəyə minərlər “Jiquli”yə çatana qədər.
Toğrulun dodağı qaçdı. Qoçəli çoxbilmiş oğlandır. Görünür, eşşək məsələsində nəsə ayrı fikri var.
Qoçəliylə Qoşqar qaranlıqda itdilər. Anqırtı səsi eşidən kəşfiyyatçılar xısın-xısın gülüşdülər. Bir azdan Qoşqarla Qoçəli kəndir keçirib buruntaq vurduqları iki uzunqulağı yedəkləyib gətirdilər.
– Əyə, gecə vaxtı bunları necə tutdunuz?– deyə uşaqlardan kimsə asta səslə soruşdu.
– Əşi, Qoçəlini dərhal tanıdılar, – deyə Qoşqar zarafatından qalmadı. – Biçarə heyvanlar adamdan ötəri qəribsəyiblər, “toqquş” deyən kimi dayandılar, hətta anqırıb bizi salamladılar da.
Toğrul sözkəsənlik elədi:
– Zarafatı qurtarın!
Uzunqulağın ipini arxada gələnlərə verən Qoçəli qabağa keçdi. Dəstə irəliləməyə başladı. Bir qədər getdikdən sonra yenidən dayanmaq işarəsi verən Qoçəli geriyə qayıdıb asta səslə dedi:
– Yoldaş kapitan, minalanmış sahəyə çatmışıq.
– Qəti əminsən?
– Əlbəttə! Bu cır armud nişangahdır,– deyə o, əlli addımlıqda ay işığında qaralan ağacı göstərdi, – iki ay qabaq qonşu kənddəki tanışım gecə buralarda minaya düşüb parça-parça oldu.
– Onun burda nə işi vardı?
– Dığalar kəndə hücum edəndə o, evdə yoxumuş, arvad isə zirzəmidə basdırdıqları qızılları çıxarmağa majal tapmayıb. Sonra sığındıqları aşağı kənddən kişini göndərib ki, yatırı gətirsin... Bir sözlə, kişi arvad tamahının güdazına getdi və...
Toğrul onun səsini kəsib amiranə səslə :
– Yaxşı, sən salamat cığır axtar, biz burda gözləyirik, – deyib kəşfiyyatçılara oturmaq göstərişi verdi.
Qoçəli çiynindən asdığı minaaxtaranı əlinə götürüb dəstədən aralandı. On dəqiqədən sonra geri döndü, onu səbirsizliklə gözləyən Toğrula məlumat verdi:
– Yoldaş kapitan, o zolağın xeyli hissəsini yoxladım. Cihaz üçünü göstərdi. Qabaqda neçə mina var, bir Allah bilir, bir də onu basdırmış əjlaflar.
– Təklifin nədir? Dördayaqlıları qabağa verək?
– Başqa çarəmiz yoxdur. İcazənizlə, biz Qoşqarla işə başlayardıq.
– Yaxşı, başlayın.
Onların hərəsi bir eşşəyin noxtasından tutdu.
– Odur ey, o biriləri də arxamızca gəlir, – deyə Qoşqar bir az aralıda dayanmış üç qaraltını göstərdi.
– Gəl bunları bir az qormutlayaq ki, sözümüzə baxsınlar. Köpəkoğlunun verimi elə şeydir ki, hamının xoşu gəlir, – deyə Qoçəli çantasından çıxardığı bir əlcə çörəyi uzunqulağa sarı uzatdı.
– Bir eşşəklərimiz qalmışdı, onları da rüşvətə sən öyrət görək, axırımız hara çıxajaq.
– Ə, filosofluq eləmə, istəyirsənsə işin düzəlsin, ver keç. Dünya verim dünyasıdır. Bax, çörəyi yeyəndən sonra “toş!” deyən kimi gör nə həvəslə irəli cumur?– deyə Qoçəli xısın-xısın güldü.
– Bir az yavaş danış, boğazın gavahınla deşilməyib ki!.. Gejələr səs gedən olur.
– Ə, arxayın ol, canınçün, bu ətrafda bir dənə də erməni yoxdur. Qorxularından gejənin bu vaxtı çöl-biyabanı çətin ki, gəzələr. Dur! – deyə Qoçəli arxasınca gələn Qoşqarı saxladı. – Çatmışıq. Qoy o biriləri də yaxınlaşsın. Çörəyin iyi burunlarına dəyib, gələjəklər. Mən indi bayaq seçdiyim yeri bir də yoxluyajam. Bəri tərəfdən mina olmuyan yerdən bunları buraxarıq irəli. Allaha pənah, görək nə olur.
Qoçəli eşşəyin noxtasını Qoşqara verib minaaxtaran cihazı çiynindən endirərək irəli yeridi, beş-altı kvadratmetrlik yeri yoxladı, sonra geri qayıdıb eşşəklərin noxtasını çıxardı. Heyvanlar onun əlini iylədilər. Qoçəli onların hərəsinə bir parça çörək verdi, yanlarına çubuqla yüngülcə vurub sərt səslə “toş-toş” dedi. Çörəkdən kəsib, bir-iki parça da irəli – minalanmış zolağın ortasına tərəf atdı. Noxtaları açılmış eşşəklər tərpəndilər.
Adını “işlək” sözündən alaraq eşşək olmuş bu sözəbaxan heyvanlar itaətcəsinə yavaş-yavaş irəli yeridilər. Eşşəklər tərpənən kimi Qoşqarla Qoçəli geriyə dönüb bir neçə addımlıqdakı top mərmisinin açdığı çalada daldalandılar.
Eşşəklərdən biri quyruğunu oynadıb anqırdıqda Qoşqar yenə dostuna sataşdı:
– Qoçəli, o nə deyir? Bağışla, mən sizin kəndin eşşəklərinin dilini anlaşdıra bilmirəm.
– Heç, bizimlə xudafizləşir. Və deyir ki, qoy dostun elə bilməsin, eşşəyəm qanmıram. Torpaq uğrunda könüllü gedirəm ölümə.
Qoşqar ürəkdən güldü. Bu zaman aralıda dayanmış erkək sıpalar tappıltıyla yanlarından keçib dişi eşşəklərin yanına qaçdılar. Biçarə heyvanların hərəkətini diqqətlə izləyən Qoçəli Qoşqarı dümsüklədi:
– Sənin gözlərin pişiyinki kimi qaranlıqda da iti görür. Yaxşı bax, onların keçdikləri yeri yadında saxla...
Sıpaların yaxınlaşıb iyləşməsindən sonra dişilər soncuqlayıb irəli cumdular, erkəklər də arxalarınca... Bu zaman bir-birinin dalınca iki partlayış oldu... Cəld hərəkətlə Qoşqarın başını qucaqlayıb çalanın dibinə çökən Qoçəli:
– Ən azı ikisi canını sənə tapşırdı,– deyə Qoşqara sataşdı.
Qoşqar borclu qalmadı:
– Ə, başın sağ olsun, fikir eləmə. Söz düşəndə deyərsən, müharibədə ikisini də mən öldürmüşəm. Kimdi səndən soruşan, erməni öldürübsən, yoxsa uzunqulaq.
– Əla! Get komandiri çağır,– deyən Qoçəli bir daha partlayış olan səmtə zəndlə baxdı. Bu anda Toğrul gəldi. O, komandirinə raport verdi:
– Yoldaş kapitan, tapşırığın birinci hissəsi yerinə yetirildi. Eşşəklərdən ikisi sağ-salamat minalanmış sahəni keçdi. Gecə durbiniylə onların keçdiyi yeri dəqiqləşdirdim. Buyurun, özünüz də baxın.
Qoçəlinin göstərdiyi səmtə baxdıqdan sonra Toğrul soruşdu:
– Kənddən bura maşınla neçə dəqiqəlik yoldur?
– Ən çoxu on dəqiqə.
– İyirmi dəqiqə gözləyək. Partlayışa ermənilər məhəl qoymasalar, düşürük yola. Sən elə burda gözlə, yaxşı mövqe seçibsən.
Deyilən müddət keçdikdən sonra dəstə tərpəndi. Qoçəli minaaxtaranla qabaqda gedirdi. Sıraya düzülmüş kəşfiyyatçılar ayaqlarını Qoçəlinin ləpirlərinə qoyurdular...
Təhlükəli sahəni keçdikdən sonra Toğrul Qoçəlinin əlini sıxdı. Döyüş yoldaşları onu qucaqladılar.
– Ə, sizə noolub belə? Neyləmişəm ki!..
– Dilinə görə dilçəyin də varmış,– dedilər.
Bayaqkı partlayışlar Qoçəlini uşaqların gözündə böyütmüşdü...
Dəstə nikbinliklə yoluna davam etdi. Minalı sahədən sağ-salamat keçmək onlarda özlərinə inamı artırmışdı. Alaöküz dərəsinə çatdıqda Qoçəli dayandı.
– Yoldaş kapitan, burdan o yanı mən yaxşı tanımıram. Ona görə vəzifəmi müvəqqəti dondururam, buraya qayıdanadək.
Uşaqlar pıqqıldaşdılar. Balyatlı Qoşqar qabağa keçdi.
Rayonun dağlıq hissəsini, xüsusilə Güney kəndlərini – Füzuli rayonu ilə sərhəddə yerləşmiş Balyat, Qaracallı, yuxarıdakı Doşulu, Süleymanlı, Qışlaq kəndlərini ermənilər satqınlıq nəticəsində döyüşsüz tuta bilmiş, Şəybəy– Nüzgar kəndləri istiqamətlərinədək irəliləmişdilər... Ona görə də bu kövşənləri minalamağa ehtiyac qalmamışdı.
Dəstə Cəbrayıl-Füzuli yolunu keçdikdən sonra dərənin dibi ilə irəlilədi. Arazğırağı kəndlərdən fərqli olaraq buralar çox sərin idi. Yuxarı qalxdıqca hava soyuyurdu. Güney kəndlərinə ilk qar düşsə də torpaq soyumadığı və gündüzlər ara-sıra gün döydüyü üçün əriyib getmiş, yalnız dağların zirvələrində qalmışdı... Toğrul yaxın on günün hava məlumatını almışdı. Beş-altı gündən sonra qar yağacaqdı. Bu gədikləri, dərələri qar basandan sonra əməliyyatı keçirmək mümkünsüz olacaqdı, həm gediş-gəliş, həm də ayaq izləri buraxmaq sarıdan...
Balyat kəndinin aşağısındakı Maşadılar bağına girdikdə Toğrul dayanmaq işarəsi verdi. Qarşıdakı dağa qalxmalıydılar. Kəndin yarısı dağın yamacında yerləşirdi. Bir az dincəlmək gərək idi. Ortada bir az fasilə eləsələr də dayanmadan üzüyoxuşa birnəfəsə yol gəlirdilər. Hava işıqlaşmamış kəndə çatmalı, münasib yerdə evlərdən birini seçib bütün günü axşamadək orada daldalanmalıydılar.
Dinclərini alandan sonra “İrəli” əmri verilən kimi kəşfiyyatçılar ayağa qalxdılar, qabaqda gedən Qoşqarın arxasınca dağa dırmaşmağa başladılar. Zirvəyə çatmamış “İbadəkən” deyilən yerin altında Qoşqar dayandı. Nəfəslərini dərdikdən sonra sola dönüb, köndələninə kəndə doğru getdilər. Qoşqar onları kəndin hər tərəfi, həm də Füzuli-Cəbrayıl yolunun bir hissəsi görünən təpənin üstünə gətirdi. Toğrul nisbətən salamat qalmış, zahirən nəzərə çarpmayan birmərtəbəli ikiotaqlı evi seçdi. Burada hayı gedib vayı qalmış iki köhnə dəmir çarpayıdan, əldəqayırma miz və kətillərdən başqa heç nə yox idi.
– Bundan yaxşısını çətin tapaq. Uzanın dincəlin. Hərəniz saat yarımlığa keşik çəkməlisiniz. Birinci könüllüdür, – deyə Toğrul yorğun səslə dilləndi
O, saatına baxdı. Yeddiyə iyirmi dəqiqə işləyirdi. Arazı adladıqdan sonra beş saatdan çox yol gəlmişdilər. On altı kilometrlik məsafəyə bu qədər vaxt sərf olunmuşdu. Bunun yarım saatını Mərcanlıda itirmişdilər. Balyat dağına çıxıb, dolanbac yolla bu evə gəlmək də yarım saatdan çox vaxt aparmışdı. Üzüyoxuşa, bu kəndlərin arasında salınmış min illərin kəsə yol-irizi ilə deyil, dərə-təpə ilə hərəkət eləmişdilər. Bütün bunları düşünüb təhlil edən Toğrul divar boyu oturmuş, üz-gözlərindən yuxu tökülən kəşfiyyatçılara dedi:
– Uşaqlar, yaxşı gəlmişik. Qayıdanda, inşallah, üzüaşağı asan gedəcəyik. İndi dincəlin. Birinci növbəni özüm çəkəcəm.
– O nə sözdür, yoldaş kapitan, biz dura-dura...
Toğrul köməkçisi Mustafanın sözünü kəsdi:
– Mən bunu könüllü edirəm, gizir. Yuxum gəlmir. Siz yatın. Nə vaxt özümü saxlaya bilməsəm, səni durğuzacam. Aclığı olan buyursun, yemək yesin.
– Dünən çox möhkəm yeyib içmişik, sağ olun, – deyə döyüşçülərdən bir neçəsi eyni vaxtda dilləndi.
Uşaqların yuxusu elə bil ovuclarındaymış, əlüstü mürgülədilər. Toğrul, gecəgörmə aparatını götürüb bayıra çıxdı. Dan yeri ağarırdı. Magistraldan kəndə ayrılan yola, kolxoz və kənd soveti binalarına baxdı. Heç yerdən işıq gəlmirdi.Üç tərəfdən dağlarla dövrələnmiş, amfiteatra bənzəyən, evləri dağların ortasınadək “dırmaşmış” bu kənd gecələr aralıdan kəhkəşanı xatırladardı. Həmişə çıraqbanlı, səsli-küylü beş yüz evlik kənd indi məzar sükutuna qərq olmuşdu. Ölmüşdü sanki...
Toğrul müəyyənləşdirmək istəyirdi: kənddə erməni var, ya yox. Ermənilərin bu tezliklə kənddə yerləşdirilməsini istisna edirdi. Heç burda post qoyulmasına da gümanı yoxudu. Çünki Qarabağın işğal olunmuş minə yaxın yaşayış məskəninin hamısını məskunlaşdırmağa, nə də onlarda post qoymağa ermənilərin adamı yoxudu. Əsir götürülmüş erməni hərbçilərinin dediklərinə görə, postlar ancaq yol ayrıclarında qoyulubdur, hərbi hissələrin qərargahları rayon mərkəzlərində, strateji əhəmiyyətə malik kəndlərdə yerləşdirilibdir.
Toğrul geri qayıdanda Mərcanlı yaxınlığındakı postların birindən “dil” götürməyi planlaşdırmışdı. Aysunu azad etdikdən sonra kəşfiyyatçılar yuxarıya – Günəşli dağına tərəf qalxıb, Gorazıllının üstü ilə Balyat dağlarına sarı üz tutacaq, dolanbac yollarla kəndə qayıdacaqdılar. Hər şey qaydasında olsa gündüzü burada keçirib dincələcəkdilər. Yox, əgər onların izinə düşsələr, kəndə girdiklərindən şübhələnsələr, birbaşa üzüaşağı sallanıb Korca bağında daldalanacaq, hava qaralan kimi Toğrulgil Mərcanlıya üz tutacaq, qalan kəşfiyyatçılar isə onun köməkçisinin başçılığı ilə başqa marşrutla hərəkət edəcəkdilər. Onlar Füzuli-Cəbrayıl magistralı boyunca üzümlüklərlə getməli, Daşkəsən təpəsini keçib, Papı-Çərəkənə çatmamış bağların içi ilə sola burularaq Horovlunun yanından üzü-aşağı enməliydilər. Bu dəfə Quycaq və Şəybəy kəndlərinin sağ tərəfi ilə Mərcanlıya gəlməli, burda “Azərin müşahidə məntəqəsi”ndə onları gözləyən Toğrulgilə qoşulmalıydılar. Axşama yaxın yenidən qısa müddətə ayrılacaqdılar. Toğrulgil Arazın qırağına tərəf gedib, ya bu tayda, ya da geciksələr, o tayda gözləyəcəkdilər. İkinci dəstədəkilərsə Azərin müəyyənləşdirdiyi postdan bir erməni hərbçisini girov götürüb dəstəyə qoşulacaqdılar. Lakin “Azərin müşahidə məntəqəsi”nə yaxınlaşdıqda üç dəfə xüsusi səs işarəsindən sonra onları qapıda qarşılayan olmasa, müstəqil hərəkət edib özləri çayı keçməliydilər. Hələlik plan beləydi.
Amma atalar belə yerdə demişlər: sən saydığını say, gör fələk nə sayır. Bütün bəni insanlar kimi onlar da bilə bilməzdilər. Bu gecə, ertəsi gün, birisigün, tay birisigün başlarına nə gələcək? Nələr olacaq, nələr gözləyir onları?..
Toğrul gecə əməliyyatı zamanı soyuq başla, komandir kimi düşünüb daşınmaq, dəstəni uğurla aparıb gətirmək üçün şəxsi, romantik duyğuları özündən kənarlaşdırırdı, bütün diqqətini əməliyyatın ən kiçik təfərrüatlarınadək dəqiq yerinə yetirilməsinə verirdi. Lakin nə qədər çalışsa da Aysunun xəyalını özündən uzaqlaşdıra bilmirdi. Hər addımı atanda, hər kilometri arxada qoyanda Aysuya yaxınlaşdığını düşündükcə ürəyi atlanırdı, sanki ona güc gəlirdi, hardansa cisminə enerji axırdı.
Artıq səhər açılmışdı. Hava buludlu idi. Toğrul durbinini götürüb Hadruta gedəcəkləri səmtə, aşacaqları dağ gədiklərinə baxmağa başladı. Zirvələr dumana bürünmüşdü. Durbini əks istiqamətə – cənuba döndərdi, kəndə gələn torpaq yollara “düşüb” iki rayon mərkəzini birləşdirən asfalt yola “çıxdı”. Bomboş idi bu gəlişli, gedişli yollar. Durbini kəndə tərəf çevirdi, xaraba qalmış evlərə, həyətlərə bir-bir baxmağa başladı. Qohumlarına qalmış ata yurdu kəndin ortasında, çökəkdə olduğu üçün burdan görünmürdü. Hay-küylü kənd bomboş idi, səs-səmir yox idi. Elə bil başqa bir planetdə idi, çəkisizlik, əbədi səssizlik hökm sürən planetdə.
1   ...   26   27   28   29   30   31   32   33   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə