Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı




Yüklə 1.52 Mb.
səhifə31/34
tarix22.02.2016
ölçüsü1.52 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   34
– Ulu Tanrı, nəydi mənim günahım? Niyə məni belə lal-kar yaratdın? Atamı sürgünlərdə öldürdülər... Bəs anamı niyə tez aparıb məni kimsəsiz qoydun? Nəydi onların günahı?!. Əgər günahları vardısa niyə bağışlamadın onları? Axı Sən Bağışlayansan, Böyük Yaradansan, Adilsən...
Dolmuş ürəyini səssiz, hıçqırıqsız göz yaşlarıyla boşaltdı Lal qız... Qardaşı dünyasını dəyişəndən heç belə ağlamamışdı. Azacıq özünə gəlib bir əlində yarımçıq kisə, digərində ağzıaçıq araq şüşəsi evinə tərəf addımladı. Ayaqlarını güclə sürüyürdü. Sanki hərəsindən bir pudluq kündə asılmışdı... Amma getmək lazımıydı, özünü evə çatdırmalıydı... Yeriyə-dura həyətin doqqazınacan gedə bildi. Bircə addım da atıb küçədən dədə-baba yurduna keçdi, daha yeriyə bilmədiyi üçün aşağı çökdü. Elə bil ayaqları onun deyildi. Əliylə onları ovxalasa da heç nə hiss eləmədi. “Bəlkə don vurub?” – deyə fikirləşdi. Yox... Heç üşümürdü, araq onu qızışdırmışdı. Əvvəl ağlının təhrikiylə istədi sürünə-sürünə evə sarı getsin, özünü içəri salsın. Amma hissiyyatı pıçıldadı ki, nə fərqi var, elə yerində qal, onsuz da soyuq-zad hiss eləmirsən...
Lal qız yerini rahlayıb, arxasını yalnız ucu qarın içindən dikələn qayaya söykədi, qarşıdakı Allahverdi dağına, sağda böyük güneyin Turafxanuçan zirvəsinə baxdı...
Rusiyadan qayıdıb gələndən sonra uşaqlıqdakı kimi onların düz təpəsinə çıxmaq, sonra aşağı enib Gəlinevciyinə, Navincirə getmək istəmişdi...Aşağıda, gədiyin ortasında daş-qayanın arasında bitmiş, yaşı bilinməyən, uzaqdan böyük kolu xatırladan nəhəng əncir ağaclarının gövdələrinin içi putlayıb ovularaq su novuna oxşadığı üçün camaat bu adı vermişdi... Əfsuslar olsun, o zaman Səkinə özündən çox yaşlı həmkəndliləri kimi o dağlara dırmaşa bilməmişdi... Yadırğamışdı...Yalnız baxışları ilə dolanmışdı o yerləri... Kiprikləri qapanırdı Səkinənin... Gözlərini yumaraq xəyalən uşaqlıq illərinə uçdu... Və anasını, qardaşını dağın yamacında real həyatdakı kimi gördükdə təəccübləndi... Anası dağa çıxmasına görə daha onu hədələmirdi, əksinə gülə-gülə arxasınca gəlməsini işarə edirdi, onu dağların üstündən o yana aparmaq istəyirdi...
“Birdən bu anam olmaz... Axı o, çoxdan ölmüşdür... Bəlkə məni aldadıb O Dünyaya aparmaq istəyirlər? Bəlkə getsin? Bu dünyada ona xoşbəxtlik qismət olmadı. Görəsən, O Dünyada necə? Orada nə var? Bəlkə onu xoşbəxtlik gözləyir orada?” – deyə huşu başına gələn Səkinə gözlərini açmaq, evinə sarı getmək istədi... Ona elə gəldi ki, gözlərini açdı. Amma hər yer qaranlıq idi.
“Bu Günəş hara getdi? Axı, indicə o parlayırdı? Bəlkə kipriklərim qalxmayıb, gözümü açmamışam?” deyə fikirləşən Lal qız əliylə göz qapaqlarını qaldırmaq istədi. Əlləri qalxmadı, sözünə baxmadı... Gözlərini açmaq cəhdindən vaz keçərək fikrən də onları yumdu... Qəribəydi, gözlərini yuman kimi ətraf işıqlandı, ata-anası, qardaşı yenidən peyda oldular. Hamısının üzü gülürdü.
– “Qızım, qorxma, bizim arxamızca gəl, gedək evimizə...” deyə anası əl elədi.
– “Axı, yeriyə bilmirəm... Gəl məni qaldır...”
– “Yox, sən özün öz xoşunla gəlməlisən. Daha sənə ayaq lazım deyil, uçmalısan...”
– “Necə uça bilərəm? Mənim qanadlarım yoxdur, axı...”
– “Sözlə deynən uçuram, uçacaqsan.”
– “Axı dilim yoxdur mənim. Bilmirsən ki, lalam?..”
– “Sənə dil də lazım deyil. Biz səninlə sözsüz də, işarəsiz də danışa bilərik. Hə, fikirləş ki, uçmaq istəyirsən...”
Cəkinənin əl-ayağı, bütün bədəni soyuğu, ağrını duymasa da özünü quş kimi yüngül hiss edirdi. Görməyə adət etdiyi sarı işıqdan fərqli olaraq azacıq maviyə çalan ağ işığa bürünmüş anasının sözünə əməl edən Səkinə “Gəlirəm, ana!” pıçıldayaraq özünü onun ağuşuna atdı... Bu dünya ilə birdəfəlik üzülüşdü...
İnnə Lillah, va innə ileyhi raciuun...

Sınaq ərəfəsi



Yaxşı ki, işi ağırmış, yoxsa Toğrulun bağrı çatlardı. İş başını qatmasaydı Aysu həsrəti, onu qurtarmağa əli çatmadığı üçün içəridən varlığını didən hikkə və bütün bunlardan doğan ürək ağrıları birtəhər edərdi onu. Dözüləsi dərd deyildi. Onun üçün ən dəhşətli və ən şirin ovqat axşamlar öz-özüylə tək qalmasıydı. Əslində o, heç tək olmurdu. Aysunun xəyalı həmişə onunlaydı. Yatağına uzanıb gözünü yuman kimi Aysu gəlib dururdu qarşısında. Gah yarıyuxulu, gah yuxuda, hərdən oyaqkən də onunla söhbət edirdi, zarafatlaşırdı, hətta sevişirdi. Yaxşı ki, kimsə eşitmirdi. Ona ayrıca otaq vermişdilər: bura onun həm iş, həm də yataq otağıydı . Dəmirçioğlu ləqəbli briqada komandiri general Dəmirov onu yaxşı qarşılamışdı. İşləyib yaşaması üçün lazımi şərait yaratmışdı. Toğrul elə birinci söhbətdə anlamışdı ki, nazir müavini generala zəng vurub onu tapşırmışdır.
Əfqanıstan savaşında oddan-alovdan çıxmış Dəmirov ha çalışsa da sovet ordusunda polkovnikdən o yana keçə bilməmişdi. Müstəqillik elan olunan kimi vətənə dönmüş, çox keçməmiş general rütbəsi almışdı. Tunc səsli, qarşısındakı müsahibinə nüfuz edib inam doğuran general demişdi:
– Sənə böyük ehtiyacımız var. Birinci tələbim təmizlik məsələləridir. Sıralarımız çox zibillənibdir. Başqa dövlətlərə işləyən hərbi qulluqçular aşkar olunub, ən azı burdan uzaqlaşdırılmalıdırlar. Əsgərlər arasında, kiçik zabit və komandirlər arasında çox olmaq gərəkdir. Sənə bir neçə ad verəcəyəm. Dosyelərindən başqa onların mənəviyyatını, doğulduqları yerdən nəsil-nəcabətini öyrənmək gərəkdir. Atalar deyiblər: el gözü tərəzidir. Bəzi zabitlərdənsə əliəyriliklərinə görə narazıyam. Əsgərlərin payını kəsirlər, onlara qayğı göstərmirlər. Bunun bir səbəbi ehtiyacdırsa, digər səbəbi vətənpərvərlik duyğularının zəifliyi, bəzilərində isə onun heç olmamasıdır. Belələrini də nəzarətə götürmək gərəkdir. Orduya yeridilmiş casuslar onları tez ələ alırlar. Nəticədə, ruh yüksəkliyi aşağı düşür, xoşagəlməz söz-söhbətlər yaranır.
General altdan-altdan Toğrula baxa-baxa qəlyanını dolduraraq, dərin bir qullab vurub sözünə davam eləmişdi:
– Gözlərindən oxuyuram, soruşmaq istəyirsən ki, necə olub belələri orduya soxulublar? Niyə onları vaxtında yoxlamayıb qəbul eləmişlər? Yadına sal müstəqilliyimizin ilk aylarını, birinci ilini. Rusiyada, digər keçmiş sovet məkanında xidmət eləmiş həmyerlilərimiz vətənə dönürdülər, torpaqlarımızı qorumaq üçün ərizə ilə yeni yaradılan nazirliyə müraciət eləyirdilər. Hücuma keçmiş ermənilərlə savaş üçün zabitlərə ehtiyac olduğu vaxtda, di gəl, seç görək, onlardan kim casusdur, kim vətənpərvər. Digər tərəfdən, 91-92-ci illərdə ordunun keçmiş rəhbərliyi bilərəkdən sıralarımızı zibillədi. İndi onları tapıb təmizləmək gərəkdir.
– Oldu, cənab general.
– Hələ dayan, sözümü bitirməmişəm. İkinci tələbim ermənicə bilənlər, işğal olunmuş kəndlərdən olub, bu yerləri yaxşı tanıyanlar arasından ən bacarıqlılarını seçmək, onlardan xüsusi kəşfiyyat dəstəsi yaratmaqdır. Mənim otağımın qapısı həmişə sənin üzünə açıqdır. Biz hər şeyə yenidən başlayırıq. Döyüşlər hələ irəlidədir.
– Səmimi və açıq söhbətə görə sizə minnətdaram, cənab general. Gecə-gündüz işləməyə hazıram. Xahiş edirəm, mənim ilk günlər qeyri-aktivliyim sizi çaşdırmasın. Gələn kimi yersiz hay-küy yaratmaq, axtardıqlarımızı hürkütmək istəmirəm.
– Kapitan, sənin haqqında az-çox mənə danışıblar. İndi səni görüb gözlərinə baxdıqdan, səsini eşitdikdən sonra deyilənlərin düz olduğuna tam əmin oldum. Biz bir-birimizi başa düşdük, birgə işləyəcəyik.
Rus qoşunlarının köməyi ilə düşmənin yenə hücuma keçib İran sərhədinə çıxması, Horadiz qəsəbəsindən şərqə doğru Böyük Bəhmənliyədək bir neçə kəndi də işğal etməsi Toğrulun sinirlərini əməlli-başlı pozmuşdu. O bu dərdi ikiqat ağrı ilə keçirirdi. Məsafəcən Aysudan uzaqlaşırdı. Düşmənin hücumu birtəhər dayandırılsa da, onun yenidən başlanmayacağına təminat yox idi. Burada onun yeganə həmdəmi general idi. Təkcə hərbi rəis kimi yox, bir insan kimi, ağsaqqal kimi böyüklük eləməyi bacaran, palıd kötüyü kimi möhkəm olan yaşı altmışı haqlamış generalla tez-tez görüşürdülər. Bu məğlubiyyətlər zamanı özünü zahirən təmkinli apararaq, panikaya düşənlərə nümunə olan Toğrul generalın otağına girərkən özünü saxlaya bilməmiş, gözləri dolmuş halda çılğınlıqla demişdi:
– Cənab general! Biz adamların üzünə necə çıxacağıq? Ölmək ölməkdir, xırıldamaq nə deməkdir? Nə vaxtacan düşmən qabağından geri çəkiləcəyik? Onlara bir-iki zərbə vurmaq kifayət edər ki, dayansınlar. Erməni qan görməsə, dayanmayıb soxulacaq. Mən hazıram, zabitlərdən, seçmə əsgərlərdən yaradılmış zərbə qüvvəsinin önündə döyüşə getməyə.
General bu günlər heç ayrı düşmədiyi qəlyanını masanın üstünə qoyub boğuq səslə ona “Otur!” söyləmiş, iki stəkana soyuq bulaq suyundan süzüb birini ona vermiş, birinisə özü başına çəkmişdi. Sonra dərindən nəfəs alıb həmişəki təmkinli səsiylə demişdi:
Özünü ələ al, oğul! Bilirəm, bu çətin vaxtlarda özünü çox ləyaqətli, əzmkar aparıbsan, səbirli olubsan. Bu çılğınlığını mənə ərk kimi başa düşürəm. Yaxşı eləyib, ürəyini elə mənim otağımda boşaldırsan. Bizim soyuqqanlı və təmkinli olmağımız əsas heyəti panikaya düşməkdən saxlayır. Durumumuza gəldikdə, sənə məlumdur ki, döyüşə-döyüşə müasir tələblərə cavab verən yeni ordu qururuq. Qubadlıdan Ağdamadək beş rayonun əldən getməsində kimlərin günahkar olduğunu da yaxşı bilirsən. İyunda çevriliş etmiş, mobil hərbi gücləri olan yaxşı silahlanmış həmin qüvvələr hələ də orduda fironluq eləyirlər. Mənim komandanlığım altında olan bölüklərdən bir neçəsinin komandirləri də onların gizli göstərişiylə hərəkət eləyirlər, əsgərlərini döyüşə girmədən geri çəkirlər. Təsəvvür elə, bir tabur əla döyüşür, onun sağ cinahındakı bölüksə mövqeyindən geri çəkilmək əmri alır. Mənəsə əvvəl yox, iş-işdən keçəndən sonra raport verirlər. Mövqelərini düşmənə vermiş iki zabiti cəzalandırmaq qərarına gəlmişəm. Onları yanıma çağırtdırmışam. Gələn kimi ikisi də həbs ediləcək. Birinin xəyanətinə şübhəm yoxdur, – deyə general onların adlarını çəkdi.
– İkisini də tanıyıram.
– Lap yaxşı. Bu işi öz nəzarətinə götür. Müstəntiq dindirmələrinin surətini al saxla. Yanlarına heç kəsi buraxmamağı əmr etmişəm. Onlar icraçılardır. Briqadamızda bu zatı – qırıqları idarə eləyən yuxarı çinli birisi var. Hələ hürkütmək istəmirəm.
– Oldu, cənab general! Düşmənin son hücumundan qabaq mən o zabitlərin bölüklərinə getmişdim. Gördüklərimdən çox məyus olmuşdum. Komandalar başqa dildə verilirdi. Mənəvi tərbiyə işləri bir yana, nizamnamənin ən adi tələbləri də yerinə yetirilmirdi. Əsgərlər çirk-pas içindəydilər, onları ətalət, mənəvi düşkünlük basmışdı.
Toğrulun sözləri generalın yaralı yerinə toxunmuşdu:
– Əsgərə özgə dildə komanda verilirsə, hansı vətənpərvərlikdən danışmaq olar? Təəssüf ki, yuxarı çinli zabitlərimizin çoxu bu gerçəkliyi anlamır. Yaxşı, bu gecə işimiz çox olacaq. Bizə yaxşı təlim görmüş, etibarlı zabit və döyüşçülərdən təşkil olunmuş taburlar gələcək. Mövqelərimizi möhkəmləndirmək, düşmənin sonrakı hücumlarını dayandırmaq üçün əks-hücuma keçib, iki-üç kəndi geri qaytarmalıyıq. Kəşfiyyat bölüyünün komandiri ilə görüş, lazım gəlsə öz adamlarından ona ver. Qoy bir az düşmənin arxasına, Horadiz qovşağına qədər getsinlər. Məni maraqlandıran rus hərbçilərinin hərəkətidir. Onlar ermənilərə hücumu davam etdirməkdə kömək edəcəklər, ya yox?.. Sənin o “Araz” əməliyyat variantın bu məqsəd üçün çox əlverişlidir.
– Sizi anladım, cənab general. İcazə versəydiniz, hərbi kəşfiyyatçılara özüm başçılıq edərdim.
– Sən burada hər saat lazım ola bilərsən. Bir də bu çox riskli tapşırıqdır, səni hara gəldi göndərmək istəmirəm.
– Başa düşürəm, əks-hücumun uğur qazanması üçün həmin kəşfiyyat çox önəmlidir. Mənim əməliyyat variantıma görə bu çox vaxt aparmayacaq. Biz gecə yol gedirik, gündüz işləyirik, o biri gecə geriyə dönürük, özümüzlə “dil” gətiririk. Kəşfiyyatı düşmənin heç güman etmədiyi yerdə aparacağıq. Özümün getməyi vacibdir. Çünki uşaqların arasında farsca bilən yoxdur. Bu əməliyyat mənim üçün bir növ məşq, sınaq olacaqdır.
– Etiraz eləmirəm. O iki zabitin dindirilməsində iştirak etdikdən sonra gedə bilərsən.
Toğrul generalın yanından ruh yüksəkliyi ilə çıxmışdı. Həmin günlər həm briqada, həm də onun özü üçün çox həlledici məqam olmuşdu.
Ertəsi gün axşam Toğrul yeddi nəfərlə Arazdan İran tərəfə keçmişdi. Yenicə əlaqə qurduğu Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı üzvlərinin köməyi ilə Arazboyu üzüyuxarı getmişdilər. Qazaxlar kəndi yaxınlığında çayın təhlükəsiz yerindən adlamışdılar. Gecə qaranlığında 4-5 kilometr irəliləyib Horadiz qəsəbəsinin qərbində üç yol ayrıcına yaxın çökəkdə mövqe seçib gizlənə bilmişdilər. Payızın ikinci ayının başa çatmasına az qalmasına baxmayaraq üzüm tənəklərinin yarpağı hələ tökülməmişdi. Ay işığında yan-yörəyə nəzər salaraq gecə durbini ilə magistral yola baxan Toğrul “Əla görünür. Burası bizim qərargahımız,” deyərək dəstəni iki yerə bölmüşdü. Horadizi yaxşı tanıyan üç nəfər qəsəbəyə getməli, “dil” tutub gətirməliydi. Bunun üçün o, maşın təmiri emalatxanasını, ehtiyat variant isə neftbazanı seçmişdi. Güman edirdi ki, bütün şəraiti ilə hazır vəziyyətdə düşmən əlinə keçmiş bu obyektlərdən indi də istifadə olunur. Onunla qalan ikinci dəstə magistral yolu müşahidə etməliydi. Uşaqlardan biri Cəbrayıl-Zəngilana gedən magistralı, digəri Füzuli-Hadruta ayrılan yolu müşahidəyə götürüb, hərəkət eləyən texnikanın növünü, sayını, istiqamətini yazmalıydı. Özüsə Beyləqan-Bakı tərəfə gedənləri müşahidə etməliydi.
Arazın qırağı ilə uzanan hərbi əhəmiyyətli bu yol 70-ci illərdə Bakını Naxçıvan və İrəvanla birləşdirməliydi. Bakı və Naxçıvandan çəkilən yol Ermənistan sərhədində ilişmişdi. Sovet hökuməti “uzaqgörən”, daha doğrusu, bu günləri “görən” ermənilərlə bacarmamışdı, yol yarımçıq qalmışdı.
Kəşfiyyatçılardan Ayaz adlı əsgər əslən horadizli idi. Bu yerləri beş barmağı kimi tanıyırdı. Toğrul onu qəsəbəyə gedən dəstənin başçısı təyin etmişdi. Onlar hava işıqlaşmamış üzümlüyün arasıyla düz qəsəbəyədək uzanan qurumuş su arxının içiylə getmiş, təmir emalatxanasının yanındakı yarıuçuq evin damına çıxa bilmişdilər. Alaqaranlıqda emalatxananın həyətində təmirə gətirilmiş UAZ və Niva markalı maşınları, bir neçə BMP-ni görüb burda bənd almışdılar. Onlar damda yerlərini rahatlayıb müşahidəyə başlamışdılar. Toğrulun təlimatına əsasən növbəylə onlardan biri müşahidə aparmalı, ikincisi əldə silah keşik çəkməli, üçüncüsü mürgüləyib dincəlməliydi. Beləliklə, kəşfiyyatçılar işin sonunu gözləməli, seçdikləri “ovu” yalnız nahardan sonra axşamüstü tutmalıydılar ki, onların yoxluğu tez bilinməsin. Əgər düşmən xəbər tutub onları izləsəydi, “qərargaha” yox, üzü Araza tərəf getməliydilər.
Xoşbəxtlikdən hər şey yaxşı olmuşdu. Emalatxanada iki nəfər rusiyalı muzdlu usta işləyirmiş. Günortaya yaxın ermənilər təmir olunmuş BMP-ləri aparmışdılar. Nahar yeməyində möhkəm vurmuş ustalar şənbə olduğu üçün işi tez dayandırmışdılar. İş paltarlarını dəyişərək araq və “zakuska” götürmüş, benzin və sürtkü yağı qoxusundan uzaq təbiətin qoynunda vurmaq istəmişdilər. Buna görə də özlərini yaxınlıqdakı üzümlüyə vermiş, yaşıl çayırlıqda qəzetdən süfrə açıb yeyib içməyə başlamışdılar. Onları izləyən kəşfiyyatçılar elə buradaca əllərində araq stəkanları başlarının üstünü ala bilmişdilər. İkisi də dəm olduğundan müqavimət göstərə bilməmişdilər. Yeganə xahişləri bu olmuşdu ki, araqlarını özləri ilə götürməyə icazə versinlər. Qaça bilməmələri üçün kəşfiyyatçılar onların kəmərlərini açmış, şalvarlarının düymələrini kəsib tullamışdılar. Ətrafda kimsə olmadığı üçün şər qarışmağını gözləmiş, onları getdikləri yolla “qərargaha” gətirmişdilər.
Magistral yolu indi də gecə durbiniylə müşahidə eləyən Toğrul əsgərlərdən birini öz yerinə qoymuş, dikdirdən çökəyə enərək şalvarlarından ikiəlli yapışmış girovlara demişdi:
– Uşaqlar, gəlin söz verək ki, özümüzü yaxşı aparacağıq, söhbətimiz qarşılıqlı anlaşma şəraitində keçəcək. Aranızda Əfqanıstanda döyüşən varmı?
– Mən üç il vuruşmuşam, – deyə artıq özünə gəlmiş girovlardan biri dillənmişdi.
– Lap yaxşı, onda bir-birimizi tez anlayarıq. İndi cəbhənin əks tərəflərində dayansaq da ikimiz də vaxtilə bir dövlətin əfqan döyüşçüləri cəmiyyətinin üzvü olmuşuq. Yəqin anlayırsınız ki, siz Azərbaycan kəşfiyyatçılarının əlindəsiniz. Bizimlə zarafat baha başa gələr. Axı sizi evdə gözləyənlər var. Odur ki, özünüzü sakit, sözəbaxan aparın, suallarımıza düzgün cavab verin. Sizin taleyiniz, elə bizimki də bu əməliyyatın uğurundan asılıdır. Bizə bir şey olsa, birinci sizi aradan götürəcəyik. Hə, başlayın, əvvəlcə öz şəxsiyyətiniz, işiniz, bura necə gəlib çıxmağınız haqqında danışın...
Onlardan ilkin məlumat alan Toğrul öyrənmişdi ki, hər ikisi muzdla qulluq edir. Rus tankları artıq geriyə, öz bazalarına çəkilmişdir. İndi ön cəbhədə ermənilərin yanında muzdlular və hərbi məsləhətçilər qalmışlar. Ruslar ermənilərin Araz– Kür qovşağına qədər planlaşdırdıqları hücumlarını dəstəkləməyiblər.
Onun “niyə?” sualını girovlar belə cavablandırmışdılar:
– Bu, siyasətçilərin işidir. Biz eşidəni Əliyev artıq SNQ-yə giribdir, Moskva ilə dil tapacaq.
– Axı, Azərbaycan SNQ-yə son hücumdan qabaq girmişdir? Onda niyə ermənilərin sonrakı hücumu dəstəkləndi?
– Çünki burdan çıxarılmış, Krasnodarda gözləyən rus sərhədçi dəstələrinin geriyə qayıdıb İranla Azərbaycan arasında durmasına icazə vermədiniz. Buna görə Moskva sizi xəbərdarlıq edib cəzalandırdı.
Qaranlıq tamam düşüb əl-ayaq çəkiləndən sonra Toğrul onlara demişdi:
– Uşaqlar, müharibə qanunlarını yaxşı bilirsiniz: ya sizi sakitcə öldürüb bu üzümlüklərdə basdırmalıyıq, ya da özümüzlə aparmalıyıq.
Etiraz eləmirik, aparın, amma icazə verin emalatxanaya dəyək, şey-şüyümüzü götürək,– deyə onlardan ikincisi xahiş eləmişdi.
Toğrul özünü gülməkdən saxlaya bilməmişdi:
– Yaman zarafatcılsınız, ha!.. Yaxşı, indi sizin şalvarların düymələrini tikmək üçün iynə-sapı hardan tapaq? – Sonra üzünü bozartmışdı: – Zarafat bitdi. Ya hə, ya da yox!..
– Cəhənnəm olsun hər şey!.. Bizə canımızı qurtarmaq gərəkdir, – deyə keçmiş əfqan döyüşçüsü yoldaşının üstünə çəmkirmiş, üzünü Toğrula tutub demişdi: – Mən razıyam, taleyimi sizə tapşırıram. Uşaqlarım yolumu gözləyir.
Həmkarına baxan ikinci girov da razılaşmışdı. Əməliyyat başa çatmış, bir kəsin burnu da qanamadan geriyə dönmüşdülər.
General Toğrulun bu əməliyyatından çox razı qalmışdı. Girovların verdiyi məlumatların çox faydası olmuşdu. Qarşıda ancaq ermənilərin durduğunu bilən general daha cürətli olmuş, əks-hücumu uğurla başa vurmuşdu. Hücumu Kür– Araz qovuşan yerlərədək davam etdirmək xülyasında olan ermənilər Azərbaycan ordusunun geniş hücum əməliyyatı aparmaq imkanının olmadığını ehtimal edirdilər. Əks-hücum əməliyyatına göstərişlər birbaşa baş komandandan gəlirdi. Hücumu bir az da davam etdirmək, bir neçə kəndi də azad etmək olardı. Lakin erməniləri pərən-pərən salan əks-hücum dayandırılmışdı.
Böyük Bəhmənli və ətraf torpaqların geri alınmasından sonra vəziyyət nisbətən sabitləşdi. Ordu quruculuğu üçün vaxt lazım idi. Ölkə daxilində vəziyyət çox ağır idi. Bir neçə silahlı dəstə açıqdan-açığa hakimiyyəti ələ almağa cəhd edirdi. Onların hər birinin arxasında müəyyən xarici dövlət dururdu.
Kəşfiyyatçılar bu son əməliyyatdan çox ruhlanmış, özlərinə inamları xeyli artmışdı. Onlar Toğrulu böyük qardaşları kimi sevib hörmət edirdilər. Toğrul yaratdığı dəstəyə, əsasən, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında, Qərbi Azərbaycanda, Zəngəzurda doğulmuş əsgərlər arasından seçdiklərini götürürdü. Qarabağlı əsgərlər işğal altındakı bölgələri yaxşı tanıyırdılar. Qərbi azərbaycanlıların üstünlükləri ermənicə bilmələriydi. Toğrul kəşfiyyatçılarını əlbəyaxa döyüş fəndləri ilə təkmilləşdirməklə yanaşı, ermənicə bilənləri düşmən radiosunun verilişlərini dinləyib xülasə hazırlamağa cəlb etmişdi; onları xəritə üzərində işlədirdi, düşmən tapdağı altındakı hər kəndi, təpəni, dərəni, bulağı öyrənib yadda saxlamağı tələb edirdi. Ermənilərdən kimin bu müharibəni istəməməsi, azərbaycanlılara loyal münasibət bəsləməsi haqqında məlumatlar topladırdı.
– Erməni xalqı arasında da qırğın, savaş istəməyənlər var. Belələrini tanıyıb bilmək bizə vacib lazımdır. Bu bədbəxt xalq öz siyasətçiləri tərəfindən aldadılmışdır. Faşistlər Almaniyada on il tüğyan elədilər, bu müddətdə almanlar kimi mədəni xalqı müsibətlərə düçar qoydular. Ermənilərinsə arasında yüz ildir faşist kabusu dolaşır, – deyirdi Toğrul.
Uşaqların bəzisi onunla razılaşmayıb belə cavab verirdi:
– Yoldaş kapitan, iki yüz il biz onlara yaxşı qonşuluq eləmişik: torpağı yoxdur torpaq vermişik, işi yoxdur iş vermişik, çörək vermişik. Öz qənimimizi özümüz bəsləmişik. Kin saxlamamışıq, unutmuşuq. Onlarsa əqrəb kimi həmişə sancmağa hazır olublar. Daha bəsdir. İlanın ağına da lənət, qarasına da.
Toğrul görürdü ki, indiki gəncliyin içində ermənilərə qarşı güclü bir kin, onların arxasında duran dövlətlərə qarşı bir nifrət formalaşır.
– Bu duyğuların qarşısı alınmasa, biz də hamilə qadınların qarnını deşən, körpələri süngüyə keçirən, XX əsrin sonunda insanların diri-diri başının dərisini soyan erməni faşistlərinə, terrorçularına tay ola bilərik. Zorakılıq zorakılıq gətirir, ölüm ölümlə cavablandırılır. Dünyada xalqların, millətlərin, dövlətlərin, bütöv sivilizasiyaların dialoqa ehtiyacı olduğu bir vaxtda gör bizi nələrə vadar edirlər... – deyərək düşüncələrini əsgərləriylə bölüşürdü. Digər tərəfdən, bunu da anlayırdı ki, bu əsgərlərdə düşmənə nifrət olmasa necə vuruşmaq, torpaqları necə qaytarmaq olar?..
Bir gün dəstəyə təzə götürdüyü, əslən Göyçədən olan Rauf adlı əsgər ona yaxınlaşdı, təzim eləyib dedi:
– Yoldaş kapitan, sizin tapşırığınızla bağlı bir hadisəni diqqətinizə çatdırmaq istəyirəm. Bəlkə bir şey çıxdı.
– Buyur, buyur.
– Bizim qonşuluğumuzdakı mənzili müvəqqəti daldalanacaq üçün Xocalı qaçqınlarına vermişdilər. Onların arasında anası öldürülmüş, atasıyla qardaşı itkin düşmüş on beş yaşlı qız vardı. Danışırdılar ki, onu əsirlikdən atasının dostu olmuş bir erməni kişisi xilas eləyib.
– Çox maraqlı məlumatdır. Eviniz şəhərin harasındadır?
– Əhmədlidədir.
– Sən şəxsən özün onun söhbətini eşitmişdinmi?
– Yox. Qız xeylağına yaxınlaşıb soruşmağa utanmışdım. Çox qəşəng idi, başıaşağı gəlib gedirdi, üz-gözündən dərd-qəm yağırdı. Söz soruşmağa adam cürət eləmirdi. Deyirdin bəs, dindirsən ağlayacaq.
– İndi onlar harada yaşayırlar?
– Düzü, bilmirəm. Amma eşitmişdim ki, xocalıları hardasa bir yerə yığıblar.
– Qızın adı necə, yadındadırmı?
– Ya Gülçöhrəydi, ya da Gülyanaq.
– Yaxşı, biz onu taparıq. Hər ehtimala qarşı, gərək olsa, sənin valideynlərinlə görüşüb bəzi şeyləri dəqiqləşdirmək olarmı?
– O nə sözdür, cənab kapitan. Çox şad olarlar. Qapımız həmişə üzünüzə açıqdır.
Toğrul əsgərin ev ünvanını, telefonunu, atasının adını cib dəftərçəsinə yazdı. Gün pis başlamamışdı.
Nahar fasiləsində otağına çəkilən Toğrul çarpayısının üstündə uzandı. Yenə də sevgilisini qurtarmaq üçün xırdalıqlarınadək düşünüb-daşındığı əməliyyat planını xəyalında dolandırdı. Hadruta gedib onu xilas eləmək üçün dörd maneənin həllini tapmalıydı.
Birincisi, əməliyyatın gərəkliyini əsaslandırmalıydı. Bunun üçün o, təkcə Aysunu xilas etmək yox, düşmən arxasında gerçək vəziyyəti müəyyən eləməliydi.
İkincisi, minalanmış cəbhə xəttini necə keçmək, Hadrutadək 75-80 kilometri qət edə bilmək idi. Oraya çatmaq üçün saatda 6 kilometr hesabıyla on neçə saat yol getmək gərək idi. Dəstə dayanmadan bu qədər yolu gedə bilməzdi. Bunun geri qayıtmağı, ola bilsin ki, hələ əlbəyaxa döyüşməyi vardı. Çölləmə getsəydilər belə məsafə qısalmayacaqdı. Çünki bəzi yerlərdə kəsə yolla hərəkətdə qazansaydılar da, düşmən postlarından yan ötüşmək üçün dolaylama getmək zorunda da qalıb vaxt itirəcəkdilər. Ordu rəhbərliyi bir nəfərin xilası naminə vertolyotla desant göndərib, on – on beş nəfərin həyatını riskə məruz qoymağa razı olmayacaqdı. Bir sözlə, əməliyyatın baş tutması üçün məsafəni qısaltmaq məsələsi həll olunmalıydı. Bunun üçün o, İran sərhədini keçməyi, Arazboyu yuxarı getməyi, Hadruta yaxın məsafədən bu taya adlamağı planlaşdırırdı. Artıq sərhəd qoşunlarındakı zabit dostları vasitəsilə o taydakı vətənpərvərlərlə görüşmüşdü. Onlar Arazı keçmiş kəşfiyyatçıları öz nəqliyyatları ilə çayyuxarı istənilən yerədək ötürüb, sonra da qarşılamağı boyunlarına götürmüşdülər. Və son Horadiz əməliyyatı zamanı bu detal sınaqdan uğurla çıxmışdı.
Üçüncü məsələ əməliyyat dəstəsi hazırlamaq idi. Bu dəstənin üzvləri əməliyyata könüllü getməli, tapşırığın təhlükəliliyini tam dərk etməli, fiziki cəhətdən möhkəm olmalı, gedilən marşrutu əl içi kimi bilməliydilər. Toğrul bunun da öhdəsindən gəlmişdi, dəstəsinə lazımi qədər adam seçib yığa bilmişdi.
1   ...   26   27   28   29   30   31   32   33   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə