Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı




Yüklə 1.52 Mb.
səhifə25/34
tarix22.02.2016
ölçüsü1.52 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   34
Polad yarımçıq qədəhləri doldurub sözünə davam etdi:
– Qardaş, başına gələn başmaqçı olar, deyiblər. Mən başqa millətlə evlənənlərin durumunu yaxçı bilirəm. Valideynlərdən hər birisi, illah da qadın çalışır ki, övladları onun yolunu tutsun, ana xətti ilə getsin... Məni başa düşürsənmi?
– Əlbəttə, təbiətin bu qanunu çox mürəkkəbdir. Kiçik mikroblardan tutmuş şüurlu insanadək hər bir canlı çalışır ki, həyat mübarizəsindən qalib çıxıb hakim olsun. Valideynlərdən də kimin geni daha güclüysə qalib gəlir, körpə doğulduqdan sonra onlardan hansının ictimai, iqtisadi, siyasi, fiziki durumu daha möhkəmsə, uşağın gələcək təşəkkül və təkamülündə onun yolu seçilir.
– Qarışıq izdivaclar, kommunistlər dövründə gərək ki, burada da çox olmuşdu.
– Elədir. Rusa, erməniyə, yəhudiyə evlənənlərin çoxu mənsəbə görə bu addımı atırdı. Elələri vəzifə nərdivanında çox tez qalxırdılar. Onlardan doğulan uşaqlar da rus, erməni başlı olurdular.
– Onlar elə indi də var. Mən neçə idarəyə getmişəm, çox adam görmüşəm ki, özünün, ata-babasının adı türk-müsəlman ismidir. Rusca, ingiliscə bülbül kimi ötürlər, amma öz dillərini bilmirlər. Üstəlik, mənim azərbaycanlı olduğumu bilib, başlayırlar yuxarıdan aşağı baxmağa. Əvvəl-əvvəl təəccüb eləyirdim. Sonra məni başa saldılar ki, bunlar qarışıq ailələrdəndirlər. Hələ sovet dönəmində anaları bunları azəri türklərinə sayğısız ruhda böyüdüblər.
– Səni düz başa salıblar. Onların çoxu mikrob kimi giriblər millətin cisminə. Fürsət düşdükcə Rusiyanın və ermənilərin agenturaları onlardan istifadə eləyirlər.
– Bir dəfə onlardan birinə dedim ki, nəyə görə anana atandan çox sayğı göstərirsən, hörmət bəsləyirsən?!. Cavab verdi ki, düz demirsən, yanılırsan...Soruşdum ki, onda niyə atanın dilində danışmırsan? Nə desə yaxşıdır?! Heç atam da öz dilini bilmir...
– Bu problem dövlətimiz gücləndikcə, dilimiz rəsmi dövlət dili kimi işləndikcə aradan götürüləcəkdir.
Hərəyə bir stəkan çay süzdükdən sonra Polad dedi:
– Dost, heç soruşmursan, burda nə qayıracağam, neyniyəcəğam, hansı işin qulpundan yapışacağam.
Elbəyi gülümsədi:
– Söhbətə təzə başlamışıq. Bilirəm ki, buraya boş-bekar oturmağa gəlməyibsən.
Polad çaydan bir-iki qurtum içib soruşdu:
– Yaxçı çaydır, eləmi? Amma siz onu burda içmax üçün Avropadan gətirirsiz. Əvvələn, sizin özünüzdə çay bitir. İkincisi, Hindistan da, Seylon da sizə Londradan yaxındır... Demax istəyirəm ki, belənçik işlərlə sizdə məşğul olan yoxdur. Mən istəyirəm burda bizneslə məşğul olam. Eyni vaxtda da vətənimizin ictimai, mədəni, hətta hərbi işlərində yaxından köməklik eliyəm. Planlarım çoxdur. Dünyada çox şirkətlər var ki, bura gəlmax, sərmayə qoymax istərlər. Amma qorxurlar, qaranti istərlər. Gördüz, ingilislərin BP– si, amerikanların Amokosu, Penzoylu bura gəlmağa az qalmış Rusiya neynədi? Surət kimilərini silahlandırıb saldı ortalığa, özü durdu qıraxda. Amma planları boşa çıxdı. Bir məsəl var, ayı qocalıb əldən düşəndə tülkü-çaqqal yığışar başına. İndi o satqın çaqqalların hamısını kişi basacax içəri.
– Öz hakimiyyətini möhkəmlətmək üçün, yoxsa...
– Mən səni gözəl anlayıram. Ölkəyə sərmayələrin gəlməsi, biznesin çiçəklənməsi üçün Azərbaycana dəyirmanın boğazından keçib sağ-salamat qurtulmaq gərəkdir, – deyə Polad dostunun sözünü ağzında qoydu. – Təbii, hər kəsin öz şəxsi marağı var. O, mütləq hakim olmax istəyir, öz adamlarını başına yığmax istəyir. Bu bizə fərq eləməməlidir. Təki dövləti çətin yollardan keçirib asfalta çıxartsın. Bizə azad Azərbaycan gərəkdir. Bunu hazırkı şəraitdə ondan başqa eliyəcax başqa birisini mən görmürəm. Əgər varsa, de, biz də bilax.
Bir az duruxan Elbəyi onun sözlərini təsdiqlədi:
– Doğru deyirsən, səninlə tam şərikəm.
-Məni qınama, elə bil şəhərin adamları getdikcə dəyişirlər.
– Necə yəni dəyişirlər?.. Təbii, həyatda hər şey dəyişir,– deyə Elbəyi gülümsədi.
– Yox, mən elə dəyişməyi demədim. Qabaxlar adamlar daha mehriban, bir-birinə qayğıkeş, səxavətli idilər. Getdikcə qaraqabax, laqeyd, əsəbi olurlar...
– Hə, doğrudur. Əhali getdikcə yoxsullaşır, iş yerləri bağlanır. Adamlar qara gün üçün yığdıqlarını xərcləyirlər, çoxu ev əşyalarını satıb dolanır. Cəbhədəki uğursuzluqlar, torpaqların işğalı... Adamlarımız gələcəklərini qaranlıq görürlər. Dünən meydanlara çıxıb müstəqillik deyənlər indi tərəddüd içində qalıblar, onları keçmiş sovet dövrünə nostalji bürüyübdür... Bizimkilər gen-bol yaşamağa öyrəncəlidirlər.
– Anlayıram. Bütün bunlar təbiidir.Siz indi keçid dövründəsiniz. Bir müddət ağır olacax, sonra hər şey yoluna düşəcax. Gərək bu çətinliyə tez son qoyax, bura çox sərmayə gətirax... Əşi, hara hərləyib fırlayırıx, yenə gəlirux siyasətin, iqtisadiyyatın üstünə...-deyə Polad əlini yellədi.
– Yaxşı, danış görək, gününü necə keçirirsən, darıxmırsan ki?
– Yox canım, nə olmasa da, darıxmaq yoxdur. Hələ görmədiyim çox şeylər qalıbdı. Gərək bütün teatrolara gedəm, eşidib bildiyim müğənnilərin, artistlərin hamısını görəm, səslərini üzbəsurət dinləyəm... Canım sənə desin, muzeyləri, tarixi abidələri gəzəm, görəm.
– Yaxşı, onda niyə oturmuşuq? Bəlkə çıxaq şəhəri gəzək?-deyə Elbəyi təklif elədi.
– Ağıllı fikirdir. Bakını gəzmaxdan doymuram.
Sonra çıxıb bir az mərkəzi küçələri, İçərişəhəri gəzib dolandılar, Karvansarayda nahar elədilər. Gününü yaxşı keçirmiş Polad vəcdə gələrək heyranlıqla dedi:
– Məndə yaranmış ətalət, durğunluq Bakıya gəldikdən sonra çəkilib getdi. Qəribədir, hər kərə şəhərə çıxıb gəzəndə, onun küçələrinə, binalarına baxanda özümçün təzə bir şey kəşf eləyirəm.
Elbəyi gülümsədi:
– Düz tutubsan. Mən özüm qırx ildir Bakıdayam, amma o mənim üçün həmişə yenidir, şuxdur, gözəldir. Onu dünyanın heç bir şəhərinə dəyişmərəm.
Ayrılanda Polad dostuna bir daha təskinlik verdi:
– Qardaş, biz hər gün görüşməliyux. Qoy işlərimi sahmana salım, özümə ofis düzəldim, dostları yığacam başıma... Sən fikirləşməlisən ki, Azərbaycan ağır müharibə aparır, həm də təkcə cəbhədə yox, digər meydanlarda da açıq, gizlin savaşlar gedir. Özün məndən yaxçı bilərsən, müharibədə adamların başına çox pislıxlar, müsibətlər gəlir. Gərax, kişi oğlu bunlara dözə bilsin, əl-qolunu boşaltmasın, çabanı, döyüşü səngitməsin. Yoxsa düşmənə fürsət verib savaşı uduzarux.
Poladla keçirdiyi saatlar, onun nikbinliyi Elbəyiyə çox yaxşı təsir eləyib ümidlər verdi: onlar tək deyillər. Türkiyədən, İrandan tutmuş Avropaya, Amerikayadək dünyaya səpələnmiş vətən övladları da Azərbaycan haqqında düşünürlər. İntəhası, onları bir yerə toplamaq gərəkdir... Bir bayraq altda yığmaq gərəkdir... İndiyəcən o bayraq gizlincə evlərdə saxlanırdı. Artıq iki ildir o bayraq dövlətin rəmzi kimi təkcə ölkədə yox, dünya bayraqlarının cərgəsində dalğalanır...
Poladla qucaqlaşıb ayrılan Elbəyi evə tələsdi. O öz təəssüratını, xoş əhval-ruhiyyəsini Toğrulla bölüşmək istəyirdi. İndi onun yeganə həmdəmi Toğrul idi, qızının iyini aldığı Toğrul...

Kişilər ağı demir...



Əfqanıstandan qayıtdıqdan sonra Toğrula elə gəlmişdi ki, həyatının ən dəhşətli anlarını artıq yaşamışdır və belə yaşamlar insan həyatında bir-iki dəfə baş verir... O, kitablarda oxuduğu, ekranlarda baxdığı, insan cildinə girmiş şeytanın törədə biləcəyi vəhşilikləri real həyatda öz gözü ilə görmüşdü...
Qəlpənin bıçaq kimi kəsdiyi əsgər başının diyirlənə-diyirlənə bu dünyanı söydüyünün şahidi olmuşdu...
İçalatı qarın boşluğundan çölə tökülmüş, ölmək istəməyən gənc zabitin son nəfəsdə “Ana!” kəlməsini eşitmişdi...
Dəfələrlə öz ölümü ilə üzləşmişdi. Qorxmuşdu, əlini bu dünyadan üzmüşdü... Yerin altını üstünə çevirən bombardmandan huşunu itirmişdi, özünə gəlib yan-yörəsindəki meyitləri gördükdə sevincindən bilaixtiyar dəli qəhqəhə çəkmişdi... Sağ qaldığı, ölümün pəncəsindən qurtulduğu üçün... Dostlarının tanınmaz olmuş cəsədləri sink tabuta qoyulub mıxlanarkən hıçqırıb ağlamışdı da...
Sonra burda, Qarabağ savaşında gördüklərindən isə yüzqat artıq dəhşətlənmişdi. Əfqanıstanda insanları gülləbaran, top mərmiləri, bombalar, minalar vasitəsilə qətlə yetirirdilər.Burda isə, əksər hallarda soyuq silahla, işgəncələrlə öldürürdülər...
Təhlükəsizlik zabiti kimi onun və həmkarlarının görüb bildiklərindən mülki insanların çoxunun xəbəri yox idi. İlk əvvəllər bir məsələ onu çox təəccübləndirirdi: erməni əsgərləri, son illərədək pioner, komsomol nişanları taxmış, azəbaycanlılarla təmasda olmuş bu insanlar adamın qanını damarlarında donduran öldürmə üsullarını haradan mənimsəmişlər? Sonralar ona məlum olmuşdu ki, bu üsulları düşünüb tapmaq bütöv bir məktəbin, insan öldürməyin qəribə formalarını icad eləyən bütöv bir “işgəncələr institutunun” işidir. Və bunu ermənilərin xüsusi dəstələri həyata keçirirlər. Məqsəd Qarabağda etnik təmizləmə aparmaqdır, yerli əhalinin gözünü qırıb ev-eşiyindən, kənd-kəsəyindən qaçırmaqdır. Çünki adi ölümlə bu insanları qorxutmaq olmurdu.
Yadındadır, Ağdamda oğlunu ermənilər qəddarlıqla qətlə yetirdikdən sonra ağlını itirmiş bir qadın səlahiyyət sahiblərinə yalvarırdı ki, qatili tapıb ona versinlər, qanını içib balasının intiqamını alsın... Onun oğlunun meyidini Toğrul görmüşdü. Dırnaqları altına iynə soxulmuş, barmaqları sındırılmış, əti dağlanmış, ayıb yerləri kəsilmiş, başı bədənindən ayrılmış ciyərparasının cəsədini görmüş ana havalanmışdı... Səhərdən axşamadək o, qərargahın qabağından əl çəkmirdi, erməni əsiri istəyirdi... Arvad birdən yoxa çıxmışdı. Toğrul maraqlanıb öyrənmişdi ki, yerli müdafiə dəstələri çoxdan izlədikləri qatili tutub anaya vermişlər ki, oğlunun intiqamını alsın. Qadın qorxudan insani sifətdən çıxmış əl-ayağı bağlı qatilin başını kəsmiş, qanını ovuclayıb dəli qəhqəhə ilə “Oxqay!” deyərək içmiş, sonra isə hönkür-hönkür ağlamış, ürəyi tab gətirməyərək huşunu itirib yıxılmış, bir daha özünə gəlməyib ölmüşdü.
Toğrul Dovşanlı kəndində gənc ər-arvadın cəsədlərini görmüşdü. Ərinin gözü qabağında qadının başına pis oyun açıldıqdan sonra hər ikisi işgəncə ilə öldürülmüşdü...
Erməni əsirliyindən buraxılmış bir ailə başçısı özünü asmışdı. Hadisə yerinə getmiş Toğrul öyrənmişdi ki, ermənilər ata ilə qızı zorla soyundurmuş, onlara bir-biri ilə cinsi əlaqəyə girməyi əmr eləmişdilər. Qızını üryan görməmək üçün ata əlləri ilə gözlərini qapadıqda qollarını arxadan bağlamış, kiprikləri arasına kiçicik iynələr taxmışdılar ki, əsgərlər qızı zorlayarkən baxsın, gözlərini yuma bilməsin... Sonra onları buraxaraq demişlər: gedin bütün Qarabağ əhlinə xəbər verin ki, burda qalanların aqibəti belə olacaq...
Bütün bunlar etnik təmizləmə üçün edilirdi və göstərişlər bir mərkəzdən, bütün erməniləri idarə eləyən “beyindən” gəlirdi...
Toğrul Əfqanıstanda da, Qarabağda da gördüklərini müharibənin nəticələri kimi qəbul eləyə bilmişdi, belə şeylər onun üçün artıq adiləşmişdi... hər gün xəstə üzərində əməliyyat aparan cərrah kimi alışmışdı bu işlərə... Amma Aysunun girov düşməsindən sonra gecə-gündüz ona əzab verən ağrını heç cürə səngidə bilmirdi. Bu ağrı artıq onun iliyinə, qanına yerimişdi. O, ömrü boyu bir neçə dəfə fiziki ağrılar keçirmişdi: uşaq vaxtı qışda qıçı dəmir sobaya yapışmışdı... Ayağı burxulub şişdiyi üçün iki gün yataqda çevrikə bilməmişdi... İki dəfə cəbhədə yaralanmışdı... Həmişə də ilaca başladıqdan sonra ağrıları getdikcə səngimişdi. İndiki ağrılarını isə heç nə ilə sakitləşdirə bilmirdi. Düşündükcə içəridən alovlanırdı. Onun sevgilisini, namusunu, günahsız bir qızı qultəki sürüb aparmışdılar, orta əsr səlibçiləri kimi...
Yadına girovluqdan xilas edilmiş Xocalı qızının sözləri düşdü...
Əsir düşmüş erməni döyüşçüləri ilə bir dəstə Xocalı qız-qadınını, uşaq və qocanı dəyişdirirdilər. Girovların içində 18 yaşlı bir qız ona sarı yüyürüb qucaqlamaq istəyən, sevinc yaşları gözündə donmuş gənc oğlanı yaxına buraxmamışdı, hıçqıra-hıçqıra demişdi:
-Mənə əl vurma... Nəyimi alacaqsan? Bizdə nə qaldı ki? Namussuzlar bizim də namusumuzu tapdaladılar...
“Kim bilir başına nələr gətirmişlər biçarə Aysunun... Nə olur-olsun, qəbulumdur. Təki salamat olsun. Onun ruhi yaralarını öz sevgimlə sağaldacam, o dəhşətləri unutdurmağa çalışacam...” deyə pıçıldayan Toğrul sevgilisini qolubağlı, paltarı cırılmış halda ayaqlar altında təsəvvürünə gətirdikdə hovlandı, ürəyinin başı gizildədi... Nəbzi sürətlə vurduqca o gizilti bütün bədəninə yayılmağa başladı... Belə hallarda ürək damcısı-zadı kömək eləmirdi ona... Yox, bu sadəcə ürək ağrıları deyildi. Onun ruhunu, bütün vücudunu, varlığını sarmışdı bu ağrı... Bu giziltiləri kəsməyin yeganə dərmanı Aysu haqqında xoş xəbərlər ola bilərdi. O, Aysusuz yaşaya bilməzdi. Birgə keçirdikləri son gün, bütün ömrə bərabər olan həmin gün duyduqlarını Toğrul heç zaman yaşamamışdı, başqa kimsə ilə o ilahi duyğuları yaşayammazdı... Bəzən özü özünə təəccüblənirdi... Özünü günahlandırırdı: Yalan deyirsən!... Yeyib-içməyindən, gəzib-dolaşmağından qalmırsan, televizora baxırsan, səhər-axşam, həmişəki kimi, idmanını eləyirsən... Heç nə olmamış kimi yaşayıb işləyirsən...
Bəlkə də KQB məktəbi keçməsəydi, zabit kimi iradəsini möhkəmlətməsəydi dözə bilməzdi bu dərdə... Lakin dözmək gərək idi. Aysunu xilas eləmək üçün, gələcək çarpışmalardan qalib çıxmaq, böyük intiqamı almaq üçün dözümlü olmaq gərək idi. Bu müqəddəs amal naminə özünü şəhid kimi hazırlamalı idi.Adi döyüşçülərdən fərqli olaraq qələbəyədək çox şeyi qurban verməliydi. Hətta, hissə qapılıb doyunca ağlamağı da... Qoy göz yaşları içində qalsın... Yoxsa düşmənə qəzəbi, nifrəti azacıq da olsa o damcılarla çıxar, qəlbi yumşala bilər... Ürəkdən ağlamağı da, gülüb-şənlənməyi də qələbədən sonraya saxlamışdı. İnnən belə onun bir vəzifəsi, peşəsi vardı: Qisasçı!... Vətən fədaisi!... Onun duyğularında Vətən anlamı ilə Aysunun surəti birləşib bir vəhdət– Ana Vətən obrazı yaradırdı. Ana!... Bu sözdə nə böyük hikmət vardı... Aysu ana... Bəlkə, gerçəkdən o, ana olmağa hazırlaşır?... Ola bilməzdi ki, illər boyu həsrətdən sonra bir ömrə bərabər həmin gündə onların cismən qovuşması bəhrəsiz qalsın...
Bu fikir onu yerindən sıçratdı...”Necə olub ki, bu, indiyəcən ağlıma gəlməyib? Gərək, Elbəyi müəllimin qarşısında and içəm, Aysunun xilası üçün son damla qanıma qədər vuruşub çarpışacağımı deyəm. Qoy, heç olmasa qocanın xəbəri olsun mənim iç dünyamdan. Bu həm də ona ürək-dirək verər...” deyə pıçıldadı.
Telefon zəng çaldı. Toğrul dəstəyi götürdü. Qayınatası idi.
– Oğul, biz tərəfə gəl, sənə sözüm var, – deyən professorun səsində azacıq gümrahlıq hiss elədi Toğrul.
-Baş üstə, bu dəqiqə çıxıram,-deyib cəld geyindi.
Qapını qayınatası özü açdı. Kişidə bir canlanma vardı. Çay süfrəsinin arxasında o, Polad Pərvizi ilə görüşünü təfsilatıyla danışdı, bu görüşün ona çox yaxşı təsir elədiyini söyləyib dedi:
– Mənə çox təkidlə pul təklif elədi, götürmədim. Amma söz verdim ki, Aysunu azad eləməyə pulumuz çatmasa, yanına gələcəyəm. Onun planları çox böyükdü...
Polad Pərvizinin kimliyi, onların tanışlığının tarixçəsi haqqında məlumat alan Toğrulun da kefi açıldı:
– Ata, buna çox şadam. Dar ayaqda ağız aça biləcəyimiz adamlardan biri də artdı. Biz dözümlüyümüzü, mübarizəmizi birə-yüz artırmalıyıq. Ancaq belə olduqda Aysunu tezliklə qurtara bilərik. İndisə bir xahişim var, mənim şəhidlik andıma şahidlik eləyəsən,-deyən Toğrul ayağa qalxdı.
Elbəyigildə böyük otağın baş tərəfində çox evlərdə olmayan müqəddəs bir guşə düzəldilmişdi: üzərinə kiçik xalça sərilmiş balaca mizin üstünə nəfis şəkildə işlənmiş Qur’ani– Kərim, Kəbə evinin qızıl suyuna çəkilmiş maketi, Kərbəladan gətirilmiş möhür daşı qoyulmuşdu. Toğrul servantın üstündən ay-ulduzlu üçrəngli bayrağı, Aysunun divardan asılmış şəklini götürdü, onları da ustufca mizin üstündə yerləşdirdi. Elbəyidən bu müqəddəs guşənin yanında durmağı xahiş elədi. Sonra onların qarşısında diz çökərək andına başladı:
-Bismillahi-r-rəhmani-r-rəhim! Ey Uca Tanrı! Ey müqəddəs kitab, müqəddəs ziyarətgahımız! Ey Vətənimin bayrağı! Ey şəkildən mənə baxan həyat yoldaşım! Uşaqlıqdan ikinci ata bildiyim Elbəyi müəllim! Sizin hamınızın qarşısında and içirəm ki, son damla qanımadək namusum, Vətənim uğrunda vuruşub çarpışacağam! Xalqımın böyük intiqamı uğrunda şəhid olmağa hazıram!... Bu yolda – öz namusumu xilas eləmək yolunda canımı əsirgəməyəcəm!... Ulu Tanrı, andımı yerinə yetirmək üçün mənə səbir, güc və iradə ver!...
Həmişə ciddi görməyə adət elədiyi Toğruldan belə çılğınlığı gözləməyən Elbəyi əvvəlcə şaşırdı.Sonra bu səhnədən təsirlənib gözləri yaşarmış halda cocuqlaşaraq sentimental bir gəncə dönmüş Toğrulun qolundan tutub qaldırdı, uşaq kimi bağrına basdı. Amma özünü ələ almış Toğrulun gözlərindəki sərt qətiyyətlilik ifadələrini gördükdə yanıldığını anladı. Qarşısında romantik bir aşiq yox, divlərlə döyüşə hazır Ağatlı oğlan, Nigarını azad eləməyə yollanan Koroğlu, çətin döyüşlərə atılan yapon samurayı, fransız legioneri, alman cəngavəri dayanmışdı.
Şam yeməyindən sonra Toğrul başqası eşitməsin deyə ara otağın qapısını örtüb asta səslə dedi:
– Mən yenidən cəbhə bölgəsinə gedəcəyəm. Bunu həm özüm istəyirəm, həm də məni mərkəzdən uzaqlaşdırmaq arzusunda bulunanlar. Bizim nazirlikdə rəhbərliyə şübhəli adamlar, Moskva ilə əlaqəli olanlar gəliblər. Mənim Moskvaya getməyimdən dolayısı ilə xəbər tutublar. Elə bilirlər ki, mənim də ora ilə əlaqəm var. Cəbhə bölgəsinə getməyimin faydası budur ki, Aysu haqqında məlumat toplamağım asanlaşacaq, onu xilas eləmək üçün imkanlarım genişlənəcək. Mən Moskvadakı dostuma sizin telefonu da vermişəm. O, zəng vuranda şərti ad deyəcək: Fərid. Əgər o, Hadrutdakı rus zabitinin kimliyini, ev ünvanını öyrənibsə deyəcək:”Alikə çatdırın ki, dostumuzdan xəbər var. Onlara aparmaq üçün özüylə meyvə götürməyi unutmasın.” Alik mənim təxəllüsümdür... Məlumatı alan kimi mənə telefon açıb deyərsiniz: “Yaponski ürək dərmanım qurtarıb, onu hardan almışdın?” Vəssalam. Aydındırmı?
– Hər şey aydındır. Amma qoy yenə özümçün yazım,– deyə Elbəyi telefon kitabçasına ərəb hərfləriylə qeydlərini etdikdən sonra Toğrula çoxdan ürəyində dolandırdığı məsləhətini verməyə başladı:
– Oğul, indi zəmanə çox qarışıqdır. Qaydadır, hakimiyyət dəyişəndə dövlət idarələrində vəzifə sahibləri də dəyişdirilir. Elə böyük vəzifən olmasa da təşkilatınızın adı böyükdür. Çalış səni vurmasınlar, bir bəhanə ilə sıxışdırıb ləkələməsinlər. O nazirlik heç kimin dədəsinin malı deyildir, bütövlükdə dövlətindir, sənsə Azərbaycan dövlətinə xidmət eləyirsən.
– Başa düşürəm. Təxminən eyni sözləri dünən mənə birinci müavinimiz general Abasquluzadə də demişdi.
– Tanıyıram, millətini sevən adamdır.
Saatına baxan Toğrul ayağa qalxdı:
– Yaxşı, icazənizlə mən gedim, bir az yazı-pozum var. Gecəniz xeyrə qalsın.
– Allah amanında...
Evə qayıdan Toğrul açarını çıxarmağa macal tapmamış anası qapını açdı.
– Ay ana, özün bilirsən ki, zabitəm, bizim peşə üçün gecəylə gündüzün fərqi yoxdur, həmişə iş başında olmağa öyrəşmişik. Dəfələrlə demişəm, məni gözləmə, yıxıl yat,– deyə Toğrul anasının boynunu qucaqladı.
– Səni gözləmirdim, ay bala. Saat indicə on bir oldu. Özün bilirsən ki, mən belə tez yatmıram,– deyə anası həmişəki kimi özünü doğrultmağa çalışdı. – Çay-çörəyin hazırdır.
– Elbəyi müəllimgildə yemişəm. Sabah ertədən durmalıyam. Sənə dediyim kimi, Beyləqana ezamiyyətə gedirəm. Bir müddət orada qalacam.
– Ay oğul, burda oturmuşdun, dayna. Mən də təkəm. Gərək deyəydin ki, anam təkdir, qoy indi də başqası getsin.
– Eh, ay ana, birini bilirsən, birini yox. Deməli, belə məsləhətdir.Bir də axı, Beyləqan Əfqanıstan-zad deyil ki!.. Bir ayağım burda olacaq,-deyən Toğrul otağına çəkilib yerinə girdi. “Bircə Alfred o rus zabitinin kimliyini, ünvanını tez öyrənib xəbər versəydi...” deyə pıçıldadı.
* * *
Alfred Naqmatulin onunla Moskvada ikiillik əks-kəşfiyyat kursunda oxumuşdu. Keçən ay bir həftəlik Moskva səfəri zamanı Toğrul indi həssas nöqtələrdə işləyən kurs yoldaşlarından bir vaxt onunla yaxın olmuşlarla görüşmüşdü. Yeyib-içmişdilər. Hamısını yumurta kimi dişinə vurub bərk-boşluğunu yoxlamışdı. Amma Alfreddən başqa ürəyi heç birinə qızmamışdı... Kazanlı balası isə səmimiliyini itirməmişdi. Dostuna ürəkdən acıyan,Toğrulun, adətən, Fərid çağırdığı Alfred əlindən gələni edəcəyinə söz vermişdi...
Toğrul bununla kifayətlənməmişdi, ikinci ehtiyat variant axtarmışdı. Gümanı gəlib etibar elədiklərindən biri Lena idi. Dövlət əhəmiyyətli qapalı xəstəxanada işləyən Lenanın əlaqələri güclü idi. Köhnə dost kimi ona da zəng vurmuşdu...
– Salam!.. Tanıdınmı?
– Ah, bu sənsən... Marsdan gəlmiş adam.
– Məni çox uzaqlaşdırıbsan, uzaq, soyuq planetdə gömübsən, hə?
– Yox, mən səni Yer kürəsinə yaxın planetə, sadəcə, sürgün etmişəm.Marsın yerinə Yupiter olsaydı, inciməyə haqqın vardı. Neyləməli, yaxın Azərbaycan indi bizə uzaq bir dövlət olmuşdur.
-Deyəsən, siyasətçi olubsan. Bir vaxtlar sənin zəhlən gedirdi siyasətdən...
– Allah eləməsin siyasətçi olam. Mən öz ideallarıma sadiqəm.
– Artıq başqa dövlətin vətəndaşı olsam da Moskvanı yad şəhər hecab edə bilmirəm... O mənim üçün doğmadır. Çünki burada sənin kimi dostlar yaşayır.
– Yaxşı, hansı külək səni gətirdi bura?..
– Şəxsi işimlə bağlı gəlmişəm. Əvvəlki kimi xəstə-zad olanda birinci bura qaçırıq.
– Bizim xəstəxanaya olmaz. Amma başqalarına kömək edə bilərəm...
– Görüşə bilərikmi?
– Mən həmişə hazıram. Amma bir şərtlə, cəbhə yoldaşı kimi görüşəcəyik. Köhnə yaralarımı qanatmayacaqsan...
– Əlbəttə, necə deyirsən, elə də olacaq.
Görüş yerini Lena təyin eləmişdi, həmişəki kimi Arbat restoranını seçmişdi...
Üç illik ayrılıqdan sonra Arbatın foyesində çox səmimi görüşdülər.O, bir dost kimi qızı qucaqlamışdı da, yanağından öpmüşdü də. Toğrul özünü təmkinli aparmağa çalışan Lenanın onun qolları arasında necə titrədiyini hiss etmişdi. Lena sonuncu dəfə oturduqları stolu sifariş vermişdi. O, vaza gətirtdirib Toğrulun verdiyi qızılgül buketini özünə yaxın qoydurmuşdu.
– İlahi, necə də gözəl güllərdir, bihuşedici qoxusu var. Sən belə ətirli gülləri Bakıdanmı gətirdin?
– Güllər Bakıdan gəlib, amma mən gətirməmişəm. Bazarda həmyerlilərimizdən məxsusi sifarişlə tapmışam.
Lena çiçəklərdən əl çəkmək bilmirdi. Əfqanıstanda da güllər belə ətirli olurdu. Əslində o, bu ətirlərdən Toğrulla keçirdiyi günlərin iyisini alırdı... Toğrul həmişə ona belə çiçəklər bağışlamışdı... Əfqanıstanda da, Moskvada da... Hər ikisinin ətirsiz çiçəklərdən xoşu gəlmirdi..
Birinci badəni görüşləri şərəfinə qaldırmışdılar, sonrasa birgə yaşanmış şirin xatirələrin...
Lena islamı qəbul etsə də hərdən içməyi tərgitməmişdi. “Yeganə günahım varsa, o da budur”, deyirdi. Tək Lena yox, Moskvada islamı qəbul edənlərin bir çoxu yüngülcə içməyi tərgitməmişdilər. Söz-sözə gələndə “Biz yeni Avropa müsəlmanlarıyıq. Soyuq iqlimdə yaşayanlar içməsələr olmur”, deyə özlərinə haqq qazandırırdılar.
İkinci badə belə hallarda olduğu kimi ikisinin də dilini açmışdı.
– Yaxşı, danış görüm, gətirdiyin xəstə kimdir? – deyə Lena, nəhayət özünü ələ alıb soruşmuşdu.
– Məni bağışla, Yelena Petrovna. Telefonda artıq-əskik danışmamaq üçün elə dedim. Bilirəm ki, sizin iş telefonlarına, bəlkə ev telefonunuza da qulaq asılır...
– Ax, belə de... Doğru fikirləşirsən, amma mən heç cürə bu nəzarətlərə alışa bilmirəm... Yaxşı, keçək mətləbə.
– Lenacan, mən həyatımın ən ağır çağlarını yaşayıram...
– Nə baş vermişdir? Axı səni həyəcanlandırmaq, təmkinini pozmaq asan deyil, – deyə Lena həyəcanla soruşmuşdu.
– Ermənilər Aysunu əmisi oğlunun toyunda girov götürmüşlər... Toyu dağıtmış, bəylə gəlini isə hamının gözü qabağında qətlə yetirmişlər, – deyə Toğrul bütün təfsilatı ilə ermənilərin törətdiyi dəhşətli səhnəni danışmışdı.
– İlahi, insanlar getdikcə vəhşiləşirlər. İyirminci əsrin sonudur, hələ orta əsr barbarlığından əl çəkməyiblər,-deyə Lena ürəkdən acıyaraq canıyananlıqla soruşmuşdu:– Bəs indi onu harada saxlayırlar?
– Elə bunu öyrənmək üçün Moskvaya gəlmişəm.
Stul-kresloya yayxanmış Lena diksinib dikəlmişdi:
– Necə, necə?.. Moskvanın bura nə dəxli?
– Bütün yollar indi Romaya yox, Moskvaya aparır,-deyə Toğrul qədim bir deyimi dəyişərək kinayə ilə cavab vermişdi.– Qeyri-rəsmi kanallarla aldığım məlumata görə Aysu o rayonda bir rus zabitinin əlindədir.
– Bizim zabitlər indi də girov götürüb saxlayırlar? Ölmədik, bunu da gördük.
– Yox, rus zabiti onu girov götürməyib. Əksinə, onu ermənilərin caynağından xilas eləyib özü ilə aparıbdır. Bu, ziyanın yarısı deməkdir. Yəni güman edirik ki, Aysuya elə çox xətər toxunmayıbdır.
1   ...   21   22   23   24   25   26   27   28   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə