Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı




Yüklə 1.52 Mb.
səhifə2/34
tarix22.02.2016
ölçüsü1.52 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   34
– Elə isə getdik! – deyə Toğrul Aysunun əlindən tutdu, onlar üzüaşağı, dəniz kənarına enməyə başladılar. Xəzərin suyu qalxdığı üçün bulvarı su basmışdı. Vaxtilə çəmənlikdə qoyulmuş, sevgililərin söhbət yerləri olan oturacaqların ətrafı pis qoxulu gölməçələrə çevrilmişdi. Onlar dondurma alıb, salamat bir oturacaq tapdılar. Dondurmanı yeməyə macal tapmamış başlarının üstünü bir neçə qaraçı kəsdi. 30-35 yaşlı, üst-başından çirk yağan qadın kürəyinə bir uşaq şəlləmişdi. Yanındakı yeniyetmə qız qoltuqağacı ilə gəzirdi. Qaraçılar ağzını açmamış Toğrul onlara pul verib, buradan getmələrini tələb elədi.
– Onlara niyə pul verirsən? Bu dilənçilər bizi biabır edirlər. Şəhərə gələn qonaqların çoxu bilmir ki, bunlar qaraçıdırlar.
-Mənim xasiyyətimdir, kim əl açırsa yazığım gəlir, bir şey verməliyəm.
Birdən Aysunun sifətindən buludlar dağıldı, şaqqanaq çəkərək uzaqlaşan qaraçılara işarə edərək dedi:
-Bir ora bax!
Toğrul onun göstərdiyi səmtə baxdı. Qarşıdan gələn polisləri görən qaraçılar götürüldülər. Bayaq məharətlə özünü axsaqlığa vuran qız qoltuqağacını çiyninə alaraq qaçırdı... Toğrul da özünü saxlaya bilməyərək qəhqəhə çəkdi. Onların bu qəhqəhəsi ötüb keçənlərin, yaxınlıqda oturub hava alanların diqqətini cəlb etdi. Dönüb onlara baxdılar. Bəziləri başlarını buladılar... Torpaqların getdiyi, hər gün neçə-neçə gəncin meyiti gəldiyi bir vaxtda iki sevgilinin ağac altda oturub sevişməsi, üstəlik qəhqəhə çəkməsi dərd-qəm içində üzülüb gedən insanları qıcıqlandırırdı...
“Xalq Qarabağda vuruşur, bunlarınsa eşqi donbalıb”.
Tum satan qadının, yan-yörədəkilərin də eşidəcəyi tərzdə, ucadan dediyi atmacadan ikisi də pərt oldu... Aysu ayağa qalxdı:
-Dur burdan gedək.
– Hara?
Aysu həmişəkitək yarızarafat, yarıciddi ahənglə ona mənsur şerlə cavab verdi:

“Ey mənim arzularımın ən şirini!


Ey mənim günlərimin ən qiymətlisi!
Al məni ağuşuna, al!
Bu mövcudiyyətdən uzaqlara apar.
Uzaq, lap uzaq...
O yerə ki, orda bir sən, bir mən olaq!...”

-Bəlkə gedək sizə? Mənə yeni yazılarını oxuyarsan, musiqiyə qulaq asarıq.


– Olar, – deyə Aysu nazlı tərəddüdlə razılıq verdi.
Onlar Neftçilər prospektinə çıxıb taksi saxladılar. İyirmi dəqiqədən sonra Aysugildə idilər. Onların üçotaqlı mənzili zəngin olmasa da təmiz, səliqə-sahmanlı idi. İki gün əvvəl ata-anasına kəndə onlarla gedə bilməməsini işlə bağlasa da, digər səbəb Toğrulla bu günə təyin etdikləri görüş idi.
Aysu soyuducudan mer-meyvə, göy-göyərti, pendir, qatıq çıxarıb, kiçik mizin üstünə düzdü, onu əl-üzünü yuyub sərinləmiş, divanda oturmuş Toğrulun qarşısına çəkdi. Yeni yazdığı esselərini ona uzadıb:
– Ağzın işləsin, gözün oxusun. Mən də təzə kənd yumurtasından sənə qayğanaq bişirim, – deyib mətbəxə keçdi.
Toğrul qatıq dolu kiçik kasanı başına çəkdi. Sonra makinadan çıxmış kiçik esseləri vərəqlədi. Onlardan əlinə birinci gələni oxumağa başladı:

Ulu Tanrı! Keç babalarımızın günahından!


Ərgənlər evlənəndə ona al qırmızı ipəkdən toy gərdəyi qurublar nənələrimiz... Ərgənlər bu dünyadan nakam gedəndə, üstünə al qırmızı ipək gərdək salıblar analarımız...
Bu bağda nə qədər toy gərdəyi var, İlahi!... Hər ağacın altında bir gərdək... Arxasında isə ərgənlərimizin bu dünyada qoyub getdiyi alovlu, nisgilli baxışları...
Ulu Tanrı! Qadınlarımız dərd-kədərini göz yaşları ilə yuyurlar ... İçin – için ağlamaqdan içi yandı millətimin kişilərinin ... Keç babalarımızın, atalarımızın günahından. Çörəyini öz ağzından kəsib yağılara çörək vermiş, torpağından kəsib düşmənə torpaq vermiş, onu kirvə eləyib süfrəsinin başında oturtmuş beynəlmiləl, kommunist, kosmopolit atalarımızı bağışla!..
Ulu Tanrı! Yad qadınların hiyləgər işvəsindən xumarlanıb qanımızı qanına qatmış kişilərimizə görə bizi imtahana çəkmə! Düşmən gizlincə qılıncını itiləyərkən mürgü vurmuş xalqımızın başbilənlərinin günahını, yükünü bu gün biz çiynimizə götürmüşük, İlahi! Gələcək nəsillərin, nəvə-nəticələrimizin əmin-amanlığı üçün bu gün biz qan axıdırıq. Onları yaşatmaq üçün biz ölürük...
İlahi, keç babalarımızın, atalarımızın günahından. Bugünkü nəvə-nəticələrin qanlarının axıdılmasında təqsiri olmuş, aldanmış babalarımızın, atalarımızın səhvlərini biz bağışlayırıq, sən də bağışla, Ulu Tanrı!... Bu xalqı unutqanlığı üçün əfv et, ona düşmənə qarşı qəzəb, kin ver!
Ulu Tanrı!... Bizi imtahana çəkməyin bəs deyilmi?! Məgər ağlımız başımıza gəlməyibmi?!..”

Yeməyi yaddan çıxarmış Toğrul bir siqaret yandırdı. O, yazıdan çox təsirlənmişdi. Aysunun millət, Vətən sevgisi ilə döyünən ürəyinin çırpıntıları sanki bu sətirlərə çökmüşdü.


Aysu qayğanağı elə tavadaca ortaya qoydu. Toğrulun boşqabını doldurdu. Sonra soyuq meyvə şərbətindən bir fincan süzüb ona verdi:
– Hamısı təptəzədir, ekoloji baxımdan təmizdir. Yaxşı bişirmişəm?
– Sənin əlin dəyən hər şey bal dadır.
– Kompliment demə.
– Bəyəm qayğanaq bişirmək asan işdir? Qabaqlar təzə gəlinin qabiliyyətini qayğanaq bişirməklə yoxlarmışlar. De görüm, qayğanağa duz atdın?
Aysunun gözləri tavana dirəndi, duz atıb-atmadığını xatırlamaq istədi.
– Çekist! Hardan bilirsən, atmışam ya yox? Axı heç dadına da baxmadan təriflədin!
– Mən bilirəm ki, sən xörəyə duz atsan da, atmasan da dadlı olar.
Aysu qaqqıldayıb güldü:
– Tərifləmə, məni çaşdırdın...
Qayğanağı bəh-bəhlə yeyən Toğrul üstündən şərbət içə-içə:
– İstəyirsən, sənə bir Kərkük mahnısı oxuyum,-dedi.
– Oxu!
Toğrul bayatını avazla söylədi:

– İçməyə su istərəm


Əsmər gözlərin göstərir.
Yatmağa yer istərəm,
Qoynun-qucağın göstərir.

Aysunun yanaqları allandı, süfrədəkilərə işarə ilə dedi:


– Mən səni Qarabağ torpağının Allah verən nemətlərinə qonaq eləyirəm. Sən isə...
Toğrul fincanı yerə qoyub ayağa qalxdı, Aysunun incə belini qolları arasına aldı:
– Mənim üçün Qarabağın ən şirin, ən dadlı neməti, ən ecazkar ətirli çiçəyi sənsən. Mən səni qoxulamaq istəyirəm, – deyib onu ehmalca ağuşuna basdı.
Adətən belə hallarda Aysu sivişib onun qolları arasından çıxardı. Bu gün isə o, kirimişcə sevgilisinə qısıldı. Xasiyyətcə azdanışan olan Toğrul Aysu haqqında düşünəndə, onunla görüşəndə dəyişib şairanə bir oğlana çevrilirdi. İndi onun gur saçlarını ətirli çöl çiçəkləri kimi qoxulayaraq pıçıltıyla dedi:
– Hər səni xatırlayanda bədənimi xoş, ilıq bir istilik sarır. Görüşəndə bu istilik yanğıya çevrilir. O yanğını sənin verdiyin buzlu şərbət söndürə bilməz. Ümman kimi dərin, əsmər gözlərindən su içmək istəyirəm, bəlkə yanğım sönə. Lakin o gözlərdən saçılan odlu baxışların yanğımı söndürmək əvəzinə, onu daha da alovlandırır. Üstü şehli, ətirli qızılgül ləçəklərinə bənzər bu al dodaqlardan öpürəm, bəlkə yanğım sönə. Dodaqların o qədər şirindir ki, sanki susuz yolçuya bal verirsən. Alışıb yanıram, sənsə görmürsən...
– Sənə isti deyil?! – Aysu onun qalstukunu boynundan çıxartdı, köynəyinin düymələrini açdı, – hə, indi bir az sərinləşərsən, – deyə başını qaldırıb Toğrulun məst olmuş gözlərinə baxdı, ürkək-ürkək dedi: – Nə istəyirsən?
– Mən sənin baxışlarını içirəm, xoş rayihəni uduram. Səndən mənə axan gözəgörünməz cərəyan məni sehrə salıb, bütün varlığımı sarmışdır.
Aysu məst olmuş Toğrulu, elə özünü də ayıltmaq üçün söhbəti dəyişdi, boşalmış qayğanaq nimçəsini onun qarşısından götürdü.
– Doydun? Gəl, indi sənə mənəvi qida verim, lap son yazımı oxuyum.
– Sənin dodaqlarından çıxan sözlər mənim üçün ən gözəl musiqidir.
– Elə isə dinlə, – deyə səsinə xüsusi ahəng verən Aysu yenicə bitirdiyi essesini pıçıltılı səslə oxumağa başladı:

Bu döyüş uzun döyüşdür

Bu döyüş uzun döyüşdür, qardaş...
Bu döyüş ölüm-qalım döyüşüdür, bacım...
Bu döyüş hələ çox qanlar axıdacaq, anam...
Bu döyüşdən güclülər, ağıllılar, dözümlülər qalib çıxacaq, atam...
Bu döyüş yüz illərin döyüşüdür, gah gizli gedib, gah aşkar. Bu döyüş Vətən döyüşüdür, Torpaq döyüşüdür, gah qarış-qarış qoparıblar, gah lum-lum udublar, vətəndaş...
Bu döyüş uzun döyüşdür, anam!... Döyüşə gedən oğluna gəlin gətir, sonra yola sal, atam!... Bu döyüş ölüm-dirim döyüşüdür, qoy övladının izi qalsın, əvəzi qalsın, anam...
Özünə döyüşçü seç, ərə get, bacım!... Cehizli-cehizsiz, toylu-toysuz, fərqinə varma bu gün... Vətən torpağını qanla suvarmağa gedən seçmə, ər igidlərin əvəzi qalmalıdır, bacım!... Yoxsa cılızlaşıb tükənərik, simasızlaşarıq... Gələcək nəslimizin taleyini, artımını künc-bucaqda, yaxında-uzaqda, vəzifə, pul kölgəsində, piştaxta arxasında gizlənənlərin ümidinə qoyarıq...
Qızının xoşbəxtliyindən öncə Vətənin xoşbəxtliyini düşün. Vətəni bədbəxt olanın övladı xoşbəxt ola bilməz, anam!...

Aysu yazının son cümləsini səsi titrəyə-titrəyə oxudu. Sanki o, bütün nişanlı qızların, oğlanların, istəklisi olanların valideynlərinə üz tutaraq yalvarırdı... Onun öz yazısı özünü həyəcanlandırdı... Bir az kövrəldi, bir az utandı, başını aşağı dikdi.


Mütəəssir olmuş Toğrul Aysunun al yanaqlarını ehmalca əlləri arasına alıb dodaqlarından öpdü:
– Əhsən, bunu bizəmi ithaf etmisən?
– Bəyəm biz təkikmi? Nə qədər gənc igidlərimiz düşmənlə döyüşlərdə mərdliklə həlak oldu, izi itdi. Nə qədər qızlarımız nakam qaldı... Elə qonşulara, qohumlara bax. Qızların bir qismi göz qabağında qarıyır, alan yoxdur. Ərgən oğlanların çoxu ölkədən baş götürüb, qazanc dalınca Rusiyaya gedir, orada yad qızlara ilişib evlənməyi unudurlar. Mən neçə valideyn tanıyıram ki, qızlarının əsgərə gedən, orduda qulluq edən nişanlıları ilə nikahını təxirə saldırıbdır. Söz-sözə gələndə “Qoy əsgərliyini çəkib gəlsin. Allah eləməmiş, başına bir iş gəlsə, qızım dul, uşağı atasız qalar” – deyirlər. Bəyəm, o qarıyan qızların qucağında cəbhədən dönməmiş, Vətən yolunda həlak olmuş istəklisindən bir nişanə qalsaydı pismi olardı?!
Toğrul həmişə Aysunun orijinal düşüncə və fikirlərindən heyrətlənir, bundan qürur duyurdu. İndi o, qızın bu fikirlərini zamanın gərdişinin bu dönəmində azəri türkünün öz həyat tərzini dəyişməyə çağırış kimi dəyərləndirdi, sevgilisini bərk– bərk qucaraq dedi:
– Qürurlanıram ki, mənim belə duyğulu sevgilim var. Sənə olan sevgim günbəgün, saatbasaat dərinləşir, sonsuz ümmana çevrilir.
İstəklisinin sözlərindən xoşhallanan Aysu nazlandı:
– Necə sevirsən axı məni?
Bax torpaq suyu, günəşi sevən kimi. Hər dəfə gözüm gözünə baxanda, əlim əlinə toxunanda, hər səni qucanda elə duyğular keçirirəm ki, sanki birinci dəfədir əlim əlinə dəyir, qolum belinə dolanır... Sən mənim üçün dünyanın bütün naz-nemətisən. Səndə təbiətin bütün rənglərini görürəm. Sənin baxışlarını içəndə, saçlarını qoxulayanda, dodaqlarını öpəndə təbiətin ən gözəl ətirlərini, ən dadlı nemətlərini duyuram... Sənin iradən olmasaydı bizim sevgi ağacımız artıq qurumuşdu... Sənin böyük ürəyin məni bağışladı, ziyanın yarısından qaytardı, ömrümün sonunadək çəkəcəyim əzabdan qurtardı...
Bu sözlər Aysunu sehrlədi... Bu sözlər sanki sehrli bir maqnit dalğasına çevrilib onun içərisinə axdı. O, qızlar bulağından su içdikdən sonra nə qədər gözləmişdi Toğruldan belə sözləri... Qız söz aşiqi idi, belə şairanə sözlərdən zövq alırdı, məst olurdu... Odur ki, Toğrulun eyham vurduğu o qara səhifələri vərəqləmədi. Aysu onun səhvlərini bağışlamışdı...
– Toğrul! – deyib oğlana bərk sığındı.
– Can!
– Sənin sözlərinlə bərabər ruhun bütün bədənimə yayılır.
Onu ehmalca qucaqlayan Toğrul titrək səslə pıçıldadı:
– Sən elə zərif çiçəksən, əzməyə qorxuram, mənim sarı çiçəyim...
Özünü unutmuş Toğrul onun boyun-boğazını incə öpüşlərə qərq etdi.
-İlahi, mənə necə də xoşdur...
-Biz ruhən çoxdan qovuşmuşuq, cismənsə yox... – deyə Toğrul boynunu qucaqlamış qızı qolları arasına alıb yataq otağına apardı, sol əli ilə çarpayının üstündəki ipək örtüyü kənara yığdı, qızla birlikdə çarpayıya uzandı.
-Toğrul!
– Can!
-Biz bir bədənmişik, illərlə ayrı gəzirmişik, – deyə Aysu onun öpüşlərinə cavab verməyə başladı.
– Sən mənim yarımsan, cismimin yarısısan, bir parçasısan. Mən səni o qədər sevirəm, o qədər sevirəm ki, əlacım olsa ürəyinə girərəm, səninlə bir bədən olaram.
– Of!.. Mən də... Yox!.. Yox!.. Toğrul, sən nə edirsən? Dəli olmayıbsan, ha!..
– Cismimizin bir-birinə qovuşmasına bunlar mane olur, – deyə Toğrul qızın koftasının düymələrini açdı, onun süd kimi ağ sinəsindən başlayaraq incə belinə qədər hər yeri saysız-hesabsız öpüşlərə qərq etdi. Sanki bağban illərlə becərdiyi ağacların heyvasını, narını dərib nübar edirdi...
Beləliklə, onlar da bütün Adəm və Həvva övladlarının etdiklərini etdilər. İkisi də yeri, göyü, hər şeyi unudub laməkan oldular...
Bir-birinə sarmaşaraq uyumuş sevgililər məst halda xeyli müddət sakitcə uzandılar. Sanki göy gurultusu, ildırım çaxması ilə müşayiət olunan yaz yağışı dayanmış, təbiətdə sakitlik hökm sürməyə başlamışdı... Zaman və məkan ölçülərinin mövcud olmadığı əzəli, ali və əbədi duyğuların hakim olduğu sirli aləmdən yerlərə enən Aysu gözünü açdı, baxışları otağı dolandı. Özünün, Toğrulun necə gəldi döşəməyə tullanmış paltarlarını görüb diksindi, nə baş verdiyini sanki indi anladı. Gözləri yumulu Toğrulun qımıldanmadığını görən Aysu onun yatdığını zənn etdi. Ağrılarına baxmayaraq ehmalca ayağa qalxdı, barmaqları üstə paltar dolabına sarı getdi, xalatını götürüb geyindi, yerə atılmış paltarları yığışdırıb kürsünün üstünə qoydu. Sanki bununla indicə elədiyi xətanın izini itirəcəkdi.
Aysu qalxarkən gözünü açmış Toğrulun baxışları qızın ardınca süründü. O, birinci dəfə çılpaq gördüyü sevgilisini acgözlüklə süzdü. Aysunu yenicə kəşf etmiş kimi, bədəninin gözəlliyi ağlını başından aldı, onu yenidən cuşa gətirdi. Alt paltarını tələsik əyninə keçirib, yerindən sıçrayan Toğrul Aysunu qucaqladı. O, dünyanın ən gözəl bir qızına hakim olmaqdan kişi eqoistliyi ilə sonsuz bir qürur duydu, sevgilisini daha bərk-bərk köksünə sıxdı. qızın səssiz ağladığını görən Toğrul şaşırdı:
– Aysu sənə nə oldu? Bu göz yaşları nə üçündür.
– Bizim zifaf gecəmiz belə olmamalıydı... Mən evdən atamın xeyir-duası ilə çıxmalıydım...
– Fikir etmə, əzizim müharibədir. Gündüzün faciəsi hamımızı elə sarsıtdı ki!.. Amma unutma ki, biz yarım ildir qanuni ər-arvadıq. Sən qayıdan kimi yer-göy dağılsa da toyumuzu eləməliyik.
Bu zaman gözü bədənnüma güzgüdəki surətlərinə sataşdıqda söhbəti dəyişdi:
– Bir bax! Görürsən, mən sənə necə yaraşıram?
Toğrulun sözlərindən təskinlik tapan Aysunun da güzgüdəki mənzərədən xoşu gəldi, sevgilisinin enli sinəsinə sıxıldı. Toğrul qızın boyun-boğazını, allanmış yanaqlarını incə öpüşlərə qərq etdi. Öpüşlərinə ara-sıra cavab alması onun ehtirasını birə-beş artırdı. O, qızı yenidən qolları arasına aldı, öpə-öpə yatağa yönəldi... Qızın utandığını başa düşən Toğrul gülə-gülə bir bayatı dedi:

– Əzizim ocağına,


Qısıldım bucağına.
Məni tifil sangınan,
Basıynan qucağına.

Yavaş-yavaş utancaqlığı keçən Aysu borclu qalmadı, qızara-qızara yadına düşən bayatını söylədi:

– Alçanın kal vaxtında,
Gilasın bal vaxtında.
Açdın yaxam düyməsin,
Dilimin lal vaxtında.

Hər ikisi qəşş edib güldü. Toğrul əlüstü cavab verdi:

– Əziziyəm yarı sən,
Yarı mənəm, yarı sən.
Qoy sarılım boynuna,
Saçlarınla sarı sən.

Toğrul Aysunun cavabını gözləməyib arxada bağladığı saçını açdı. Çöhrəsini bir qucaq saç selinə qərq etdi, dodaqlarını qızın alışıb yanan dodaqlarına yapışdırdı, qızın belindən tutdu. Onların ikisi də qurşaqdan yuxarı Aysunun gur saçları altında görünməz oldular. Aysu daha əvvəlkitək çox utanmırdı. İstək və ehtiras yüngülcə duyduğu ağrını da, utancaqlığı da unutdurmuşdu ona... Özünü qızmış pələngə dönmüş Toğrulun ixtiyarına verdi. O, yenidən sirli, şirin aləmə – cənnətə uçmaq, laməkan olmaq istəyirdi. Toğrul isə illərin ac-susuzu kimi qızdan doymaq bilmirdi.


– Sən mənə əsl cənnəti göstərirsən, mənim sarı çiçəyim!.. Ruhi ləzzətlə cismani ləzzət birləşəndə nə qədər gözəl, dadlı olurmuş... Yazıq Leyli ilə Məcnun, Əsli ilə Kərəm bir-birlərinə hələ sağikən ruhən qovuşmuşdular, cismən yox. Sevgililər ruhən və cismən qovuşanda təsviri mümkün olmayan ən ali, şirin duyğuları yaşayıb xoşbəxt olurlar, əzizim... Bu, bəşər övladının çoxuna qismət olmur... Biz, nəhayət, istəyimizə çatdıq.
Həmişə olduğu kimi yenə Toğrulun sözləri qızı sehrlədi... Halsızlığını unutdurdu ona. İki sevgili bayaq “sevgi vüsalı” adlı həyat meyvəsinin dadına baxmışdılar, indi isə onu doyunca, ləzzətlə yeməyə başladılar... Bir-birindən doymaq bilmirdilər. Sanki dünyanın sonu idi... Onlar bir günlüyə özlərini bir-birinin ixtiyarına vermişdilər və bir daha görüşməyəcəkdilər... Aysu daha saata baxmırdı, vaxt ölçüsünü unutmuşdu. Beləcə, onlar dan yeri sökülənə qədər yatmadılar. Səhər saat 6 radələrində özlərinə gəldilər. Yadlarına düşdü ki, Toğrul səhər saat 9-da iş yerində, Aysu isə avtobus vağzalında olmalıdır.
Toğrul duş qəbul edənədək Aysu yatağı yığışdırdı, qaz plitəsini yandırıb, çay qoydu, kənddən göndərilmiş yağ-pendiri, süzməni, nazik yuxanı süfrəyə düzdü. Toğrul hamamdan çıxan kimi o, çayı dəmlədi. Onlar süfrə arxasına keçdilər. Hər ikisi indi hiss etdi ki, möhkəm acıblar.
Toğrul yuxalardan birini götürüb arasına yağla süzmə yaxdı, dürmək düzəldib sevgilisinə uzatdı:
– Yola çıxacaqsan, yaxşıca yeməlisən. Hələ özünlə bir şey də götürməlisən.
– Bəs sən özün?
– Məndən arxayın ol. Biz hərbçilər yeməyə oturanda süfrədə nə varsa aşırırıq. Çünki birdən elə vəziyyət yaranır ki, yemək yada düşmür, düşəndəsə bir şey tapmaq olmur.
Onlar doyunca yedilər. Sonra Toğrul Aysunun yolu üçün buterbrod düzəldib dedi:
– Kiçik termosda çay, bir şüşə də su götür.
– Hələ vaxta var.
– Yox, əzizim. Yola çıxarkən aparılacaq şeyləri yaddan çıxarmamaq üçün qabaqcadan arxayıncasına qablaşdırmaq gərəkdir.
– Oldu, cənab kapitan, – deyə Aysu əsgər kimi farağat vəziyyətində durub təzim etdi.
Hər ikisi gülüb, Allah bilir, neçənci dəfə bir-birilərinə sarmaşdılar. Sonra Aysu Toğrulun da, özünün də çox sevdiyi türk qəhvəsi dəmlədi. Mis qəhvədanı mizin üstünə qoydu. Bağlı qutudan bir cüt qəşəng Çin fincanı, qızıl suyuna çəkilib, mina ilə işlənmiş iki gümüş qaşıq çıxardı.
-Birinci dəfə cehizimi açıb işlədirəm, – deyib qəhvəni süzdü, üzü qaymaqlısını Toğrulun qarşısına qoydu. Toğrul tünd qəhvədən bir qurtum içib vəcdə gəldi:
– Həyat necə də gözəldir! Keşkə savaş bitmiş olaydı, – deyib dərindən köks ötürdü. Savaşı xatırlayan Toğrul göylərdən yerə endi, təlaşlı baxışlarını Aysudan gizlətməyə çalışaraq dedi:
– Amma dəhşətli döyüşlər hələ qabaqdadır. Başımızın üstündə qara buludlar toplaşır.
Bu sözlərə bənd imiş kimi Aysu onu sual atəşinə tutdu. Toğrul bütün suallara aydın cavab verdi, ölkədəki ağır durumu ətraflı izah etdi. Sonra saatına baxıb nişanlısının son sualını cavabsız qoydu:
– Avtobusun yola düşməsinə yarım saat qalır. Gedək, bu sualın cavabını yolda verərəm.
Onlar aşağı düşən kimi taksi rast gəldi. Yerlərini rahatladıqdan sonra Toğrul bir qədər səsini alçaldıb pıçıltı ilə dedi:
– Hə, soruşursan ki, əgər Rusiya yenidən bizə təcavüz etsə Amerika, Qərbi Avropa bizə kömək edəcəkmi? Təbii, onlar Azərbaycanı müstəqil dövlət görmək istəyirlər, Rusiyanı regiondan sıxışdırmağın tərəfdarlarıdırlar. Lakin, necə deyərlər, ilanı Seyid Əhməd əli ilə tutmaq istəyirlər. Rusiya ilə birbaşa üz-üzə gəlməkdən çəkinirlər.
-Bacı oğlu, biz özümüz özümüzə kömək etməsək, kim bizə kömək edəcək? Biz özümüz özümüzə hörmət etməsək, kim bizə hörmət edəcək? – deyə qulağı darı dələn sürücü yanıqlı-yanıqlı söhbətə qarışdı.
Toğrul etika xatirinə dilləndi:
– Düz sözə nə deyəsən?
Daha avtovağzala qədər danışmadılar. On dəqiqədən sonra mənzil başına çatdılar. Aysu avtobusun salonuna qalxdı, yol çantasını oturacağın üstünə qoyub aşağı endi. Toğrul onu kənara çəkib son məsləhətini verdi:
– Vəziyyət ağırlaşa bilər, sabah toy qurtaran kimi geriyə dönün, özündən muğayat ol. Yazmaq istədiyin məqalədən ötrü daha başqa kəndlərə getmə. Elə Dəyirmanlının müdafiəsindən yazsan, bəs edər. Məqam o məqam deyil.
Sürücü sərnişinləri yerlərini tutmağa dəvət etdi. Onlar son dəfə bir-birilərinə baxdılar. Ətrafdakıları nəzərə almayıb bir-birilərinə sarmaşdılar. Elə bil iki günlüyə yox, həmişəlik ayrılırdılar...
Avtobus döngəni burulana qədər Toğrul yerindən tərpənmədi.

Dağılan tifaq



İyun ayının ilk günləri idi. Qarabağın güney bölgəsində, Dəyirmanlı adlı kənddə iri toy mağarı qurulmuşdu. Ətrafdakı dağlarda əks-səda verən qara zurnanın zil səsi çayın şırıltısına qarışıb məstedici, hələ nota salınmamış xoş ahəng yaradırdı. Və bu, kənd camaatının son günlərdəki əhvalını dəyişmişdi. Bəlkə də elə buna görə Tapdıq kişi təmtəraqlı toy eləmək fikrinə düşmüşdü.
Bu yerlərin toylarında, adətən, gündüzlər qara zurna, gecələr balaban, tar, kamança çalınardı. Qədimlərdə toy üç gün, üç gecə davam edərdi, gəlini üçüncü gün gətirərdilər. Toy mağarında bir tərəfdə qadınlar, digər tərəfdə kişilər oturardılar. İslamın qadın-kişi münasibətlərindəki sərt tələbləri bu yerlərin toy, evlənmə mərasimlərinə tam sirayət edə bilməmişdi. Çünki bu ənənələr daha qədim idi, xalqın içindən gəlirdi. Qadınlar, qız-gəlinlər toya üzü açıq gələrdilər. Qızlar uzun naz-qəmzədən sonra onları dəvət edən oğlanlarla rəqs də edərdilər. Daha doğrusu, oğlanlar öz gözaltılarını bacıları, əmi, dayı qızları vasitəsilə oynamağa çağırardılar... Bununla da çoxlarının sirri açılır, kimin kimi istədiyi bəyan olurdu. Yemək-içmək üçünsə ayrı yer düzəldilirdi. Qonaqlar səhərdən-axşamadək dəstə-dəstə yeməyə dəvət olunurdular. Kişilərlə qadınlar yeməyə bir yerdə oturmazdılar. Kişilərin məclisində tamada seçilir, süfrəyə içki verilirdi.
50-ci illərdən başlayaraq üçgünlük toyun bir günü ixtisara salındı. İki gün, iki gecə çalıb oynadılar. 70-ci illərdən sonra isə mərasim bir gün çəkdi. Bu ixtisarlar vüsala tələsən bəylə gəlinin səbirsizliyinə görə yox, vaxt və imkana görə idi. Tapdıq kişinin öz sonbeşiyinə elədiyi toy da bircə gün çəkəcəkdi.
Həmin gün səhər Bakıdan çıxmış avtobus bu toya gözəl bir qız gətirirdi. Və o qızı toyda səbirsizliklə gözləyirdilər. Yox, o bu toyun gəlini deyildi. Gözlənilən qız bəyin yaxın qohumu idi. O, gəlinin sol yanında oturacaqdı.
Tarix boyu neçə-neçə toyun şahidi olmuş Qozluçay isə öz işində idi. Mənbəyini bulaq sularından götürən bu kiçicik çay böyük çaylara – Araza, Kürə qovuşmadan onca kilometrdən sonra ömrünü başa vururdu. Kiçikliyinə baxmayaraq neçə dəyirmanı işlədən bu dağ çayı sağ və solundakı kəndlər üçün həyat mənbəyi idi. Qozluçayın əvvəli vardı, axırı yox... Qozluçay hətta suyu yetişməyən aşağı obalar, dağın o üzündəki güney kəndləri üçün də böyük əhəmiyyət kəsb eləyirdi. Onun suyu ilə becərilmiş meyvə-tərəvəz camaatın dadına çatırdı. Bu kəndlərin buğdası Qozluçayın işlətdiyi dəyirmanlarda üyüdülürdü. Çay boyu düzülmüş dəyirmanların çoxu Dəyirmanlı kəndində idi.
Kiçik Qafqaz dağları çayın sularının qurtardığı yerlərdə sona yetir, xırdalaşıb kiçik təpələrə çevrilirdi. Kəndin dibinə qısıldığı, xəritədə adı çəkilməyən üç qardaş dağlar – Günəşli, Balyat, Quşçular dağlarına qalxdıqda Şuşanı dövrələyən Kirs, Ziyarət silsiləsi bütün əzəməti ilə görünürdü. Kənddən şimal-qərbə baxdıqda göz önündə gözəl bir mənzərə açılırdı – yaşıl bağlarla çevrələnmiş, böyük amfiteatrı xatırladan Hadrut vadisi şahbaz dağların sinəbəndi təsiri buraxırdı. Dəyirmanlı kəndi bu vadinin girəcəyində idi və oraya gedən yol onun yanından keçirdi. Bu yaşıl vahənin tən ortasında çox da böyük olmayan bir qəsəbə vardı. Ruslar onu Qadrut, ermənilər isə Hadrut adlandırırdılar. Əslində onun əzəli adı başqa idi: Hadrat. Deyilənə görə, bu adlar ərəb sözü olan “Hadrat” kəlməsinin rusca və ermənicə variantı idi. Sözün ortasındakı “d” səsi yalnız ərəb dilində mövcuddur və bizim “z” ilə “d” səslərinin ortasında bir səs kimi tələffüz olunur. “Hadrat”, eyni kökdən olan “Hadarat” sözləri bizim dildə “həzrət”, “sivillik” mənalarını verir. Görünür ki, hələ min il qabaqlardan islamı Azərbaycana gətirən ərəblər bu adı buraya nahaqdan verməmişlər. Bura bölgədə abad, mədəni bir yer, Alban mədəniyyət ocaqlarından biri olmuşdur. Alban kilsəsinə itaət edən xristianlar əsrlər boyu müsəlmanlarla dinc yanaşı yaşamışdılar. Lakin ötən yüzillikdə Rusiya imperiyası Azərbaycanı işğal etdikdən və 1813-cü ildə Gülüstan müqaviləsi bağlandıqdan sonra Hadrut vadisinin yuxarısındakı müsəlman kəndləri boşaldıldı, Hadrut qəsəbəsində hərbi qarnizon yerləşdirildi. Əhalisi çıxarılmış kəndlərin sakinləri olan müsəlman türkləri aşağılara, suyu az olan çöllərə qovuldu. Bunun dalınca rus iqtidarı İrandan köçürülən ermənilərin bir qismini boşaldılmış kəndlərdə yerləşdirdi. Hadrutdan cənub-qərbə Zəngəzura qədər dağ silsilələrində erməni kəndləri salındı. Beləliklə, Qarabağın şimalından – Ağdərə bölgəsindən başlayaraq, Şuşadan keçərək Xocavənd və Hadrut səmtindəki bağlı-bağatlı, saf bulaqlı münbit torpaqlar, azəri türklərinin əcdadlarının – albanların məbədlərinin qalıqları qalmış qədim məskənlər yerli əhalidən alınıb gəlmə ermənilərə verildi. Həmin tarixdən başlayaraq, Azərbaycan əhalisinin əzəli dədə-baba torpaqlarından müxtəlif bəhanələrlə sıxışdırılıb çıxarılması başlandı. Məbədlər də qriqorianlaşdırıldı.
1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə