Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı




Yüklə 1.52 Mb.
səhifə18/34
tarix22.02.2016
ölçüsü1.52 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
Gerçəkdən, Aysu Elbəyinin həyatının mənası idi. Tanrı ona tək bircə övlad vermişdi. Qönçə tez-tez xəstələndiyi üçün çox vaxt uşağa Elbəyi özü baxırdı. Balacalıqdan mehrini atasına salan Aysu xasiyyətcə də ona oxşayırdı. Qız anasından yalnız evdarlığı götürmüşdü. Aysu Qönçəni bir ana kimi istəyirdi, amma başqa qızlar kimi anası onun sirdaşı deyildi, onunla fikirlərini bölüşə bilmirdi.
Qönçə Elbəyi üçün də ürək sirdaşı ola bilmədi. Doğrudur, Qönçə Elbəyini çox sevirdi, indi də sevir. Amma xasiyyətcə onlar başqa-başqa adamlar idilər. Evlənməmişdən qabaq Qönçə Elbəyinin bir sözünü iki eləməzdi. Elbəyinin rəyi, fikri onun üçün qanun idi. Əslində çox təmiz, vəfalı olan Qönçə sadəlövh, çox dərin fikirləşməyən bir qız idi. O, Elbəyini dünyalar qədər istəyirdi. Elbəyi onun üçün birinci və axırıncı kişi idi. Ona görə də Elbəyini xaricdə işləmək üçün nazirliyə çağıranda, ondan evlənmək üçün nişanlısı olub-olmamasını soruşanda fikrində iki nəfəri tutub “var” demişdi. Onlardan biri Qönçə idi, Elbəyiyə vurulmuş, bütün varlığı ilə sevgisinə qovuşmağa çalışan Qönçə... Amma Elbəyinin heç ağlına gəlməzdi ki, ərə getdikdən, uşaq doğduqdan sonra Qönçə belə dəyişəcək, getdikcə daha çox bədxasiyyətli anasının təsirinə düşəcəkdir. Evləndikdən sonra Elbəyi peşman olmuşdu, tələsdiyinə, “anasına baxıb qızını al” xalq öyüdünə qulaq asmadığına görə...
Əslində o tələsməyə məcbur olmuşdu. Təhsilini başa vurduqdan sonra institutda laborant işləyirdi, özünü güclə dolandırırdı. Belə bir vaxtda ona Ərəbistanda işləmək təklif olunmuşdu. Qarşısında kasıblığın daşını atmaq imkanı açılırdı. Belə fürsəti əldən vermək olmazdı... Elbəyiyə uzaq ölkələrdə ona həyan ola biləcək, çətinliklərə dözəcək həlim xasiyyətli həyat yoldaşı gərək idi. Bunun üçün Qönçəni seçdi. Amma Qönçə ona arxa ola bilmədi. Uzaq ölkələrdə düşdükləri vəziyyətlə bağlı Elbəyiyə kömək əvəzinə, öz dedi-qodu söhbətləri, giley-güzarı ilə başağrısı yaradırdı... Elbəyi hər şeyi – keçmişini də, gələcəyini də yeni doğulmuş qızına qurban verməli oldu... Elə bil o, Qönçəsinin yarısını itirdi, əvəzində bütöv Aysunu tapdı. Sonralar Elbəyi Qönçəni bağışladı, doğuşdan sonra onda əmələ gəlmiş şəxsiyyət dəyişməsi, onu bir qədər xatircəmləşdirdi. Düşündü ki, bu, gendən gələn, zahılıq dövrünə xas keçəri bir sarpıntıdır. Buna baxmayaraq, ikinci uşağı dünyaya gətirməyə cürət etmədilər... Hərəsinin öz arqumenti vardı. Onun ilk sevgisi isə illərin arxasında qalmış əlçatmaz, uzaq bir xəyala çevrilirdi... Evlənməyə qərar verdikdən sonra Elbəyiyə elə gəlirdi ki, ilk sevgisini unudacaqdır. Belə olmadı, unutmağı bacarmadı. Bu sevgi ilə bağlı bütün məqamlar xırda təfərrüatları ilə onun yaddaşında elə həkk olunmuşdu ki, o xatirələri heç nə poza bilməmişdi...
Elbəyi ilk dəfə onu onuncu sinifdə oxuyarkən görmüşdü. Saracda toy idi. Adət üzrə, Qozludərənin bütün kəndlərinin camaatı toya dəvət edilmişdi. Böyük qardaşı evdə olmadığından Elbəyi birinci kərə kişilər cərgəsinə qoşulmuşdu. Gözəgəlimli olduğu üçün yeniyetmə qızlar gözlərini ondan çəkmirdilər. Elbəyininsə diqqətini çəkən – qızların ortasında şahzadə kimi oturmuş, nərmənazik, qoşa hörüklü, yanağı xallı, məğrur baxışlı qızın bir cüt qara gözü oldu. Bu gözlərdən süzülən gözəgörünməz ilahi bir axıntı Elbəyinin içinə axdı, bircə anda ruhuna yayılıb onu məst etdi. Yaxşı ki, qız baxışlarını tez çəkdi, yoxsa, Allah bilir, nə olacaqdı... O zaman ona elə gəlirdi... Bundan sonra toy məclisi, çalınan musiqi, edilən söhbətlər, ətrafındakı insanlar onun nəzərində dumanlaşdı. Ancaq onu görürdü. Özündən asılı olmayaraq necə otururdusa, kimlə söhbət edirdisə boynu o qız oturan tərəfə çönürdü. O isə rəfiqələrinin altdan-altdan süzdüyü oğlanı sehrə salmasından məmnun idi. Elbəyi bunu arabir qızın baxışları ilə ona xoş təbəssüm əta eləməsindən duyurdu... Həmin toyda Elbəyi qızla da, atası ilə də tanış oldu. Daha doğrusu, birinci kərə gördüyü qızın atası, hamının ehtiramla “Dəmir müəllim” adlandırdığı 45-50 yaşlı kişi onu yanına çağırıb soruşmuşdu:
– A bala, sən rəhmətlik Fərhadın oğlu deyilsən ki?
– Bəli, – deyə Elbəyi doluxsunmuş halda cavab vermiş, adını söyləmişdi.
Elbəyi atasını görməmişdi. 1941-ci ilin yayında atası İkinci Dünya Savaşına gedəndə, anası boyluymuş. Atasının adı çəkiləndə həmişə doluxsunurdu.
– Torpağın sanı yaşayasan, gör necə də oxşayırsan?! – deyə bu dəfə kişi kövrəldi. – Mənim adım Dəmirdir, atanla bu dağlarda qoyun-quzu otarmışıq, süpürləşmişik, sonra pedməktəbdə birgə oxuyub müəllim olduq. Eh, fani dünya!..
Atasının dostu ilə bərabər Elbəyi də bərk təsirləndi.
– Papa, evə nə zaman gedəjəyik?
Başını qovzayıb arxadan gələn səs sahibinə baxdıqda Elbəyinin dizləri titrədi, amma bilmədi bu həyəcandandır, yoxsa sevincdən... Elbəyini sehrə salmış qızın atası onun atasının dostu çıxmışdı.... Bayaq ona həddi-büluğa çatmış təsiri bağışlayan qız atasına sığınarkən uşağa çevrilmişdi.
– Necə bəyəm, qızım? Toy xoşuna gəlmir?
– Xoşuma gəlir. Elə-belə bilmək istəyirəm, görüm, nə vaxt geri dönəjəyik?
Lap sonralar onların ikisinin də saçları çallaşanda Elbəyi biləcəkdi ki, qızı nə vaxt evə dönəcəkləri yox, Elbəyinin kimliyi maraqlandırırmış...
– Sabah tezdən gedəjəyik, – deyə qızının saçını sığallayan Dəmir müəllim başı ilə Elbəyini göstərib səsi titrəyə-titrəyə demişdi: – Hə, tanış ol, qızım, mənim uşaqlıq və gənclik dostumun oğludur. Birinci kərədir görürəm. Gör rəhmətliyə nejə də oxşuyur... Elə bil Fərhaddır, durub qarşımda...
– Elnarə, – deyə sifətində sehrkar təbəssüm oynayan qız əlini ehtiyatla uzadıb, ona əl vermişdi. Elbəyinin barmaqlarını sanki elektrik məftilinə qoşmuşdular. Əvvəl-əvvəl onun səsi çıxmamışdı, sonra isə güc-bəla ilə “Elbəyi”, deyə bilmişdi.
Dəmir müəllim indi rayon mərkəzində yaşayırdı, şəhərdə ev-eşiyi vardı, kəndə xeyir-şərdə gələrdi. O, əvvəllər müəllimlik etmiş, sonralar müxtəlif rəhbər vəzifələrdə işləmişdi...
Elbəyi Elnarə ilə belə tanış olmuşdu. Həmin gündən sonra Elbəyinin fikri-zikri Elnarə idi. Yadındadır, Elnarənin kəndə növbəti gəlişindən xəbər tutan Elbəyi üç-dörd kilometrlikdəki Saraclı sinif yoldaşının yanına cummuşdu, Dəmir müəllimgilin dədə-baba evlərinin qarşısındakı meydanda voleybol oynamağa başlamışdılar. Onu görən Elnarə də qızlarla həyətə çıxmış, oyuna qatılmışdı. Bu xoşbəxtlik yarımca saat çəkmişdi. Anası Elnarəni çağırmışdı. Onun qızı danlamasını Elbəyi eşitmişdi: “Eliş, sən daha böyük qızsan, kənd yerində oğlan xeylağı ilə top oynamaq ayıb sayılır”... Sonralar o, Elnarə ilə rayon mərkəzində “təsadüfən”, “yol keçəndə” ani görüşüb hal-əhval tuturdu. Həmin ilin yazağzı o, tezdən təzə-təzə açılan bənövşələrdən dəstə bağlayıb avtobusla rayon mərkəzinə getmişdi. Yenə “təsadüfən” görüşmək üçün ürəyi döyünə-döyünə Elnarənin yolu üstə onun dərsdən çıxmasını gözləmişdi. Elnarə isə gəlməmişdi. Elbəyi gün batanadək onların evinin həndəvərində hərlənmişdi, müqəddəs ocaq kimi neçə dəfə evin başına dolanmışdı. Amma Elnarəni görə bilməmişdi...
Bəlkə də Dəmir müəllimlə görüşmək adı ilə onların evinə getsəydi, Elbəyini yaxşı qarşılayardılar, bu gəlişdən məmnun qalardılar. Amma o yaşında elə utancaq idi ki, bunu ağlına sığışdırmırdı.
Tələbəlik illərində ara-sıra görüşürdülər. Hər dəfə də Elbəyi özünə söz verirdi ki, ürəyini Elnarəyə açacaq. Lakin başqaları ilə bülbül kimi ötən Elbəyi onu görəndə ağzı bağlanır, dili topuq vururdu. Hətta bir dəfə özündə cürət tapıb onu şəhərə gəzməyə dəvət etmişdi. Elnarə isə dərsinin çox olmasını səbəb gətirmiş, bura gəzməyə yox, oxumağa gəldiyini söyləmişdi. Şəhərə gələndən sonra Elnarə onunla soyuq davranırdı... Bəzən yerli-yersiz sancırdı. Onu qrup yoldaşları ilə deyib gülən görən Elbəyi bu nəticəyə gəlmişdi ki, Elnarə şəhərdə daha maraqlı, zəngin ailədən olan gəncləri görəndən sonra ona münasibəti dəyişibdir. Bir dəfə Elbəyi rayonda Elnarə ilə bir sinifdə oxumuş, şəhərdə kölgətəki arxasınca sürünən Hüsəni küçədə onun yolunu kəsən gördü... Elnarənin Hüsənlə mehriban, təbəssümlə görüşməsi Elbəyiyə təsir elədi... Heç bilmədi yataqxanaya necə gəldi. Üzüquylu çarpayıya düşüb axşamadək ac-susuz qaldı... Sonra Elnarənin şəklini çıxardı, gözlərini kəsib həmişə döş cibində gəzdirdiyi pul kisəsinin kiçik cibinə qoydu. Xeyli müddət onu ürəyinin başında gəzdirsə də, özünə söz verdi ki, ilk sevdiyi ilə yox, onu sevənlə evlənəcək...” Onu sevməyən, naz-nemətlə böyümüş bu ərköyün qızla onunku tutmaz!...” Elbəyi sözünə əməl elədi, daha Elnarəni izləmədi. İki ildən sonra bir dəfə təsadüfən məclisdə görüşəndə Elnarə titrək səslə ona söz atmışdı ki, “daha gəlib dost-tanışa salam vermirsən”. Elbəyi isə onun pərişanlıq ifadə edən gözlərinə bircə anlığa nəzər salıb baxışlarını yayındırmışdı. Qorxmuşdu ki, baxsa yenidən əfsunlanacaq, sözünə naxələf çıxacaqdır. Elbəyi özündə güc toplayıb vaxtilə qızın dediyi sözləri təkrarlamışdı, “Dərslərim çoxdur, vaxt tapa bilmirəm”.
Bir də toyundan bir il sonra Elnarə ilə görüşmüşdü. Ona kiçik vəzifə tutduğu Şərqşünaslıq İnstitutundan yaxşı xasiyyətnamə vermişdilər, Misirə işləməyə göndərmişdilər. Orada hərbi tərcüməçi işləmiş tələbə yoldaşı müharibədə həlak olmuşdu. Elbəyi onu əvəz etməyə gedirdi. Amma bunu hamıdan gizlədirdi. Evə gəlmişdi ki, ailəsi ilə görüşsün, Qozludərədəki dost-tanışla vidalaşsın. Artıq rayon mərkəzində həkim işləyən Elnarə ilə də xudafizləşməyi qərara almışdı... Onun qəbuluna girəndə Elnarə həmişəkitək diksinən kimi olmuşdu, gülümsəsə də gözlərində bir pərişanlıq vardı:
– Ah, yenə sənsən...
– Mənəm...
– Niyə gəlmisən? Xəstəsən?
– İllər xəstəsiyəm, yaram qan verir. Amma o qan içimə axır, kimsə görmür.
– Allaha şükür, artıq dilin açılıb.
– Mən dilçiyəm. Açılan dilim yox, sənin əfsunundu.
– Noolsun, dilin də açıldı, əfsunun da. Amma əl-ayağın bağlandı.
– Qızlar üçün əsas dildir. Onlar komplimentləri, şirin, yağlı dil tökənləri xoşlayırlar. Mən əl-ayağımda, üstəlik boğazımda da zəncirli qandal qul kimi qarşında durdum. Sən istəmədin məni... saxlayasan...
– Yox, özün istəmədin. Sənin böyür-başında fırlananlar, sənə kəmənd atanlar çox idi...
– Sənsə mənə şans vermədin. Çox məğrur idin...
– Hara tələsirdin? Qız elə məğrur olar də!.. Mən heç vaxt bəziləri kimi oğlan arxasınca sürünməmişəm. Məni hələ heç kim sındıra bilməyib, bundan sonra da... Qızlar 16-18 yaşlarında ikən sevdiklərinə aldanmasalar, sonra çətin aldanarlar.
O, “... oğlan arxasınca sürünməmişəm”, deyəndə Qönçəyə eyham vururdu...
– Yaxşı, de görüm, niyə gəlmisən, xeyirdirmi?
– Tezliklə uzaqlara yola düşürəm, bəlkə də gedər-gəlməzə...
– Anlamadım.
– Misirə hərbi tərcüməçi göndərirlər. Orada döyüş mövqeyində tərcümə vaxtı İsrail təyyarəsindən atılan raket qəlpələrindən həlak olmuş tələbə yoldaşımı əvəz edəcəyəm. Gəlmişəm səninlə də xudafizləşim. Ölüm-itim dünyasıdır, bilmək olmur... Gəldim, neçə illərdir ürəyimdə gəzdirdiyim sözləri sənə açım, yüngülləşim.
Onlar hər şeyi unudub düz iki saat səkkiz illik tarixçələrindən danışmışdılar... Sonda gözləri dolmuş Elnarənin sözü bu olmuşdu:
– Özündən muğayat ol, yolunu gözləyirik...
Elbəyi Bakıya dörd ildən sonra qayıda bilmişdi. Elnarə ilə küçədə bu dəfə də təsadüfən qarşılaşmışdılar. Qız yenə özünü itirən kimi olmuşdu, Demə, Elbəyinin qayıtmağından xəbəri varımış. O zaman qarşılarına çıxan qadın Elnarəyə nişanlanması münasibəti ilə gözaydınlığı vermişdi. Elə oradaca Elbəyinin içindəki son ümidi də qırılmışdı. Daxilindəki duyğuları büruzə verməyib soruşmuşdu:
– Deyəsən ərə gedirsən...
– Ərə getmək xatirinə gedirəm. Artıq iyirmi doqquzun içindəyəm. Adamın adına söz qoşurlar. Eh, ən gözəl duyğular qaldı Qozludərədə, çinarın altında...
Keşkə, o zaman Elbəyi bu sözlərin cavabında Aşıq Ələsgərin könülsüz izdivaca xitabən yazdığı “alan da yazıq, gedən də yazıq!..” misrasını söyləyəydi. Elnarəni inandıraydı ki, bu könülsüz addımı atma, gecə-gündüz xəyalımda sənsən... Uzaq diyarda muzeyləri, supermarketləri, bazarları gəzəndə ən gözəl paltarları, bahalı ziynət əşyalarını görəndə, təmtəraqlı restoranlarda əyləşəndə həmişə səni düşünmüşəm... Demişəm, kaş burda olaydı, gəzdirəydim onu, alaydım könlündən keçənləri... Elbəyi illərlə ürəyində gəzdirdiyi bu sözləri ona desəydi, öz həyatında da, Elnarənin həyatında da dönüş etmiş olardı... (Bunu o çox sonralar biləcəkdi...) İstəmişdi desin, hətta ayaqlarına düşsün ki, bu könülsüz tikəni yemə... Ancaq deyə bilməmişdi... Sözlər boğazına tıxcanmışdı... Daha doğrusu, beyninin hansı nöqtəsindənsə göndərilən siqnal ürəyindən gələn sözlərin qarşısını kəsmişdi... Çünki o sözlərin arxasınca gərək deyəydi: bu gündən mən səninləyəm. Necə çalsan, eləcə də oynayacağam... Hər şeyi sənə, sevgimə qurban verirəm...
Ancaq deməmişdi... Ortada Aysu vardı... Elbəyinin böyük sevgisi sanki ikiyə bölünmüşdü... İlk məhəbbət və bala sevgisi... O, bunların arasında qalmışdı... Görünür, övlad sevgisi, atalıq duyğuları üstün gəlmişdi...
Qapının ehtiyatla açılması, çox maraqlı bir filmə baxırmış kimi onu öz dünyasından ayırdı, bu günə qaytardı... Növbətçi həkimlə içəri girən Toğrul salamlaşıb, çarpayıya yaxınlaşdı, onun əlini öpüb hal-əhval tutdu:
– Necəsən, ata?
– Babatam. Bir xəbər varmı?
– Var.
– Ay səni xeyir xəbər olasan, – deyən Elbəyi sevindiyindən xəstəliyini unudaraq qalxıb oturmaq istədi. Həkim cəld əlini onun sinəsinə qoyub amiranə səslə dedi:
– Yox, professor, biz axı belə danışmamışdıq? Qalxmaq hələ tezdir... Bir az da döz.
– Hə, di dillən görək!.. – deyə Elbəyi tələskənliklə soruşdu.
Həkim Toğrulun duruxmasından başa düşdü ki, bunların məxfi söhbəti var. Odur ki, üzr istəyib palatadan çıxdı.
Toğrul bu gün aldığı məlumatı təfsilatı ilə danışdı... Bu xəbər dərdlər dərmanı olan həb atmış kimi bircə anda xəstəyə öz təsirini göstərdi, onun əhval-ruhiyyəsini dəyişdirdi. Bu sözlər sanki möcüzəli bir cərəyana çevrilib, onun ürəyindən tutmuş ayağının ucunadək yayıldı, bütün bədən üzvlərindəki ağırlığı götürdü... Balası sağ idi... Özü də ermənilərin əlində deyildi...
Dərindən nəfəs alan Elbəyi dodaqlarının altında dua eləyib sakit səslə dedi:
– Allaha çox şükür... Yaxşı, indi planın nədir?
– O rus zabitinin kimliyini öyrənməkdən başlamaq lazımdır.
– Sonra?
– Onun kim olduğunu, ailəsinin harada yaşadığını bildikdən sonra sifariş göndərəcəyəm ki, qızın başından bir tük əskik olsa, burada ailən əlimizdə girovdur.
– Bəs bunları necə öyrənəcəksən? Moskvadakı köhnə tanış-tunuşlarınla əlaqən davam eləyirmi?
– Bəziləri ilə hərdən zəngləşirik. Belə şeydə çeçen dostlar pərgardılar.
– Hə, bu heç mənim ağlıma gəlməmişdi. Axı sənin orda dostların var...
– Dost deyəndə, onların içərilərində vətənpərvər, mərd oğlanlar çoxdur. Amma dələduzlar, ipə-sapa yatmayanlar da az deyil... Bu, mənim son variantımdır.
Qapını döyərək içəri girən totuq tibb bacısı salam verdi, əlindəki kiçik aparatı, dəmir qutunu stolun üstünə qoyaraq üzünü xəstəyə tutdu:
– Professor, Bakıdan yeni həkimlər gəlib, içərilərində kardioloq da var. Mənə tapşırdılar ki, sizi həkimin qəbuluna hazırlayım.
Elbəyi əlini Toğrula uzadıb xudafizləşdi:
– Yaxşı, sən get, vaxt itirmə. Məndən nigaran olmayın. Burada yaxşı baxırlar. Ayağa durmağa icazə verən kimi gələjəm. Təzə xəbər olsa, mənə də çatdırın.
Toğrul onun əlini sıxaraq dedi:
– Çox fikir eləmə, ata! Özündən muğayat ol, dərdimizin üstünə dərd gətirmə...
Toğrul çıxdıqdan sonra tibb bacısı Elbəyinin qan təzyiqini ölçdü, elektrokardioqrammasını çıxardı. Nəbzini tutub ürək döyüntülərini saymağa başladı. Bu zaman o, professorun qəmli gözlərinə baxsaydı, orada qəfil parlayaraq sifətini nura qərq eləyən bir işartının necə acı təbəssümə çevrilərək dodaqlarında söndüyünü sezərdi... Sezibən təəccüblənər, çox güman ki, onun ad-sanına uyuşmayan bu hərəkətini ürəyində qınayardı... Bu yerlərin qızları mehriban olduqları qədər də ciddidirlər. Kişilərlə danışanda, bir qayda olaraq, baxışlarını gizlədirlər. Burada nənələr, analar qızlarına belə öyüd verirlər: “Qız xeylağı kişilərin gözünə dik baxmaz!..” Təbii, xəstənin gözlərində parlayıb keçən bu işartının övladı yerində olan bu gənc qıza aidiyyatı yox idi. Sadəcə, bu nəbztutma əməliyyatı Elbəyiyə unudulmaz bir səhnəni xatırlatmışdı...
...Qozludərədə ilk tanışlıqdan sonra ikinci kərə Elnarənin əli Elbəyinin əlinə bir də ömrü yarı etdikdən sonra dəymişdi. Bu da aşiq-məşuq kimi yox, xəstə-həkim kimi... Ürəyini yoxlatdırmaq istəyən Elbəyi baş həkim işləyən tanışının yanına getmişdi. O da izafi hörmətini göstərmək üçün üç-dörd həkimi kabinetinə çağırmışdı. Elbəyi onların arasında Elnarəni gördükdə, özünü güclə ələ alıb hal-əhval tutmuşdu. Bunu görən baş həkim zarafatla: “Professor, özün Elnarə doktoru tanıyırdınsa, mənə niyə ağız açırdın?..” demişdi. Elbəyi də o tonda cavab vermişdi: “Bilsəydim ki, o, burada işləyir, heç sənin minnətini götürərdimmi?” Sonra Elnarənin kabinetinə getmişdilər. İlk əvvəl o, Elbəyinin nəbzini tutmuşdu... Sonra kardioqrammaya baxaraq, qaşlarını çatıb demişdi: “Bu necə ürəkdir? Kardioqramman normaldır, amma nəbzin vurur kəlləçarxa...” Məsələni anlayan Elbəyi otağın küncündə qurdalanan tibb bacısına işarə eləyərək pıçıldamışdı:
“Doktor, bu işi həvalə eləyin o qıza. Siz əlimdən tutanda nəbz bir yana, bütün bədənim uçunur...”
Sifəti allanan Elnarə: “Sən o duyğuları torpağa gömmədinmi?” deyərək köməkçisini çağırmışdı.
“Gömdüm. Çöl çiçəklərindən hördüyüm məhəbbət çələngini torpağa basdırdım... Amma o çələngdən yeni çiçəklər cücərib baş qaldırdı...”
Elbəyinin bu sözləri Elnarəni həm məst eləmişdi, həm də kövrəltmişdi. Sonra görüşdülər. Elbəyi bir müddət keçmişdə arzuladığı gələcəklə yaşadı... Bu qısa müddətdə ona qədər görmədiyi, ondan sonra görməyəcəyi sevgi meyvəsini daddı... Tale ilk sevgisinin dadını, neçə illərdən sonra olsa da, ona dadızdırdı... Amma dadızdırsa da umsuq qoydu... Qoymadı doyunca içsin o sevgini... Bilmirdi, buna görə taleyindən şikayətlənsin, yoxsa şükr-səna etsin ki, onu nakam qoymadı... Əslinə qalsa, o sevgidən çətin doymaq olardı.
Onlar ikisi də məst olaraq hər şeyi unutmuşdular. Onların qovuşması üçün Elnarə tərəfdən maneçilik yox idi... O, ərə getdikdən bir il keçməmiş ayrılmışdı, həyatını ürəkdən bağlandığı öz işinə, peşəsinə həsr eləmişdi. Elbəyi də hər şeyə hazır idi. Qohumların, dostların rəyi, qınağı, Qönçənin hay-küyü vecinə deyildi. Bu çəpəri adlamışdı... Yalnız Aysunu fikirləşəndə sustalır, qolları yanına düşürdü... Bəlkə də onun bu duyğuları çox həssas olan Elnarəni ayıltmış, “Gecdir. Çox ağıllı, gözəl, istedadlı qızın var. Biz bu addımı atsaq onun həyatı korlanacaq”, deyə o geri çəkilmişdi...
...Qapının açılması Elbəyini xəyaldan ayırdı. Tibb bacısı işini çoxdan qurtarmışdı. Dəhlizdə bir dəstə ağxalatlı həkim göründü.
– Buraya ancaq kardioloq gərəkdir. Elnarə xanım, siz palata həkimi ilə keçin içəri, bizsə o biri palataya gedək, – deyə baş həkim kardioloqu içəri dəvət etdi.
Düz otuz beş il idi Elbəyi hər dəfə bu adı eşidəndə bütün sinirləri tarımlanır, ürəyindən nakam bir sızıltı keçirdi. Bu söz ona həm sevinc, həm kədər gətirirdi... İndi də “Elnarə” sözünü eşidəndə diksindi... Başını qaldırıb ona sarı gələn həkimə baxdı. O idi, özü idi... Sustalan Elbəyinin başı yastığa düşdü...

Ana olacağına tam inandı...



Həmin müdhiş gecənin səhərisi günü Aysu yuxudan gec oyandı. Başı yüngülcə ağrısa da özünü pis hiss eləmirdi. Evdə, həyətdə çox qəribə bir sakitlik hökm sürürdü. Sanki o, heç əsir deyildi. İndicə durub gəzintiyə çıxacaq, qəsəbəni dolaşıb geri dönəcək. Heyhat, yalnız bir neçə anlığa elə düşünə bildi... Yavaş-yavaş özünə gəldikcə sifətindəki məmnunluq əriyib gedir, reallığa qayıdırdı... Mələfəni üstündən qaldırdıqda diksindi, öz-özündən utanıb qıpqırmızı oldu. “Bıy, mən niyə belə lüt-üryan olmuşam”, deyə dodağının altında mızıldandı. Mələfəni çırpıb liftçiyini axtarmağa başladı. Yastığını qaldırıb altına baxdı. Tiyəsi parıldayan qəməsini gördükdə çiynini çəkdi: “Bunu niyə qınından çıxarmışam?”. Axtardığını döşəmənin üstündə tapdıqda təəccübləndi: “Bu niyə bura düşüb?..” Gözü çarpayının baş tərəfində yerə atılmış zolaqlı əsgər maykasına sataşdıqda dəhşətə gəldi: “Bu nə gəzir burda?” Qapıya nəzər yetirdikdə gözlərinə qaranlıq çökdü... Sustalıb çarpayının üstünə düşdü... İçəridən qapının cəftəsi vurulmamışdı... Hər şey ona agah oldu... Axşamkı hadisəni xatırladı...
Aysunun hıçqırtılarını, arabir öyüməsini eşidən Aksananın ona yazığı gəlsə də çiyinlərini çəkib acıqlı-acıqlı öz-özünə donquldanırdı: “Sənin minnətin olsun ki, ermənilərin əlinə düşməyibsən. İvan sənə nə eləyibsə də, şükürlüdür. Səni ölümdən qurtarıb, hələ ailənə də qaytarmağa söz verib...” Aksana Aysunun bu anlarda keçirdiyi iztirabları duyub anlaya bilməsə də bir saatdan çox inildəyən qıza yazığı gəlirdi. Onun otağının qapısına yaxınlaşıb qulaq verir, amma içəri girib onu ovundurmağa cürəti çatmırdı. Qızın bu hala düşməsində az da olsa özünü günahkar sanırdı. “Axı, mən nə edə bilərdim? Mən nə ixtiyar sahibiyəm ki, İvanın iradəsi qarşısında durum?!.” deyə özü-özünə bəraət qazandırırdı.
Qızın səsi kəsildikdə mətbəxdə nahar tədarükü görən Aksana əlindəkiləri stolun üstünə atıb təlaş içində yenə onun otağına sarı cumdu. İçəri keçməzdən əvvəl qulağını qapının açar yerinə dirədi. Səs-səmir gəlmirdi. O, daha dözə bilməyib tələsik qapını açdı, özünü hövlnak gözləri alacalanıb tavana dirənmiş Aysunun üstünə atdı. Əli ilə ehmalca qızın donuq sifətini silkələdi, qrafindən su süzüb ona içirtməyə çalışdı. Ağzına tökülən bir-iki qurtum sudan çeçəyən Aysu özünə gəldi, Aksananı görüb kövrəldi, hıçqıra-hıçqıra soruşdu:
– Necə oldu o ayı?! Alçaq... Nahaq onu öldürmədim.
“Boje moy, insan da bir neçə saatda bu qədər dəyişərmiş... Yad kişi ilə bir gecə yatmaqdan ötəri bu qədər əzab və sarsıntı keçirməyin nə mənası varmış?...”
Bunu dünənki hadisədən xəbəri olmayıb, öz ürəyincə təxmin eləyən Aksana düşünürdü... Yarıbihuş halda yatağa sərilmiş Aysuya – dünən səhər ətirli çöl çiçəklərindən bağlanmış dəməti xatırladan, bu günsə o dəmətin tapdalanıb atılmış süpürgəsinə bənzəyən qıza baxaraq düşünürdü... Düşündükcə, istər-istəməz, özünü onun yerinə qoymağa çalışırdı. Yox, bir gecəlik təcavüzdən ötrü o, heç vaxt bu vəziyyətə düşə bilməzdi. O, Aysunun bu hərəkətini ürəyində sadəcə “axmaqlıq” kimi qiymətləndirdi və aram-aram öz fikrini qıza təlqin eləməyə başladı:
– Ağlını başına yığ. Unutma ki, əsirsən, girovsan. Səninlə nə istəsələr eləyə bilərlər. Bu gecəki iş labüd idi, qaçılmaz idi, gec-tez olmalıydı. Bir də axı, Allah qadını bu iş üçün yaradıb. Tək sənin başına gələn şey deyil ki?! Əvvələn, İvan inadkardır, istədiyinə nail olur. İkincisi, o səni çox istəyir, sənə xüsusi hörmət eləyir, hər cür şərait yaradır. Bütün bunları eləyən adamın mükafatı olmalıdır, ya yox?! Bundan başqa sən ona nəylə öz təşəkkürünü bildirə bilərsən? Onun yaxşılığının əvəzini necə verə bilərsən? Sən gərək bu həqiqəti anlayıb, özünü çoxdan hazırlayaydın...
Gözləri yarıyumulu Aysuya bu təsəlli kar eləmirdi. Onu yalnız bir şey ovuda bilərdi: ona təcavüz etmək istəmiş, düşdüyü vəziyyətdən istifadə eləyib özündən xəbərsiz onun çılpaq bədəniylə əylənmək arzusunda bulunmuş vəhşinin üstünə dişi aslan kimi atılıb, şah damarını dişləri ilə qırmaq!..
Qızın gözlərinin yenə dirəndiyini görən Aksana cəld hərəkətlə dəhlizin o başındakı aptek qutusundan korvalol, relanium gətirdi. Stəkana bir qurtum su süzdü, 25 damcı korvalol damızdırıb ona içirtdi. Sonra bir az özünə gəlmiş Aysuya dedi:
– Əzizim, sənə yaxşıca yatmaq gərəkdir. Bu həbi at, yuxuya get, beynin dincəlsin, sonra danışarıq.
Aysu xəstə uşaq kimi onun dediklərini elədi. O, gerçəkdən yatmaq istəyirdi, əzabverici duyğulardan qurtulmağın yolunu indi ancaq yuxuda görürdü... Elə yuxu istəyirdi ki, bir daha ayılmasın...
Çox keçmədi onu yuxu apardı. Mətbəxdə qurdalanan Aksana tez-tez ona baş çəkirdi. Qız gah hıçqırır, sifətini qorxu, təlaş bürüyür, gah da sakitləşib əvvəlki halına qayıdırdı... Bir dəfə sifəti elə işıqlandı ki, sanki o, adi insan yox, Mikelancelonun çəkdiyi mələk tablolarından biriydi, canlanıb çarpayıda uzanmışdı...
Aysunun üzündə əks olunan ifadələr gördüyü yuxunun təsirindən idi. Əsirliyinin ilk günlərində Müqəddəs Ana onun yuxusuna girmişdi. İndisə, sanki o möcüzənin davamını görürdü...
... Qarmaqtəhər şeytani quyruqları burun yerlərində bitmiş qəribə məxluqlar kəndləri, obaları, şəhərləri yerlə-yeksan etmiş, uşaq, qadın, qoca, cavan meyitləri yan-yana döşənmişdi. Sıralarındakı kömür kimi qapqara afrikalılar da, sapsarı avropalılar da bu şeytanabənzərlərin köməkçiləri idilər. Aysu bütün bu dəhşətlərin üstü ilə ağlaya-ağlaya uçurdu. O, yerə düşmək istəmir, bu dəhşətləri görməmək üçün lap yüksəklərə qalxmağa çalışırdı. Amma gücü çatmırdı. Allaha yalvarırdı ki, bu dünyadan uçub getməyə ona güc versin. Onun yalvarışlarını eşidibmiş kimi bu zaman məleykələrin qanadları üstündə Müqəddəs Ana yenə onun gözünə göründü.
1   ...   14   15   16   17   18   19   20   21   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə